Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Stalinin ölümü
STALININ ÖLÜMÜ


    Sonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi Iosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR Ittifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. Ivanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya Idarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu:
    «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi:
    «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR Ittifaqı Nazirlər Soveti bu gündən etibarən Iosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR Ittifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:
    «–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet Ittifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR Ittifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. Indi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.
    * * *
    Fatma arvad bu dünyada daha elə bir xəbər gözləmirdi ki, həmin xəbərin ağırlığına dözə bilməsin, həmin xəbər bütün içini təzədən yesin – başına gələn o müsibətlərə ki, dözmüşdü və indi də oturub evdə bu cürə çay-çörək yeyirdi, deməli, dözümlüydü, hələ dözümlüdən də o tərəfəydi, pisiydi, pis – hər halda, Fatma arvad özü bu barədə belə fikirləşirdi və belə bir aqibətinin ki, müqabilində hələ yaşayırdı, nəfəs alırdı, acırdı, susuzlayırdı, bu, Fatma arvadın özünün xoşuna gəlmirdi, özü beləcə yaşamağından utanırdı; amma çəkməçi Ağagül ki, Allah onun valideynlərinə rəhmət eləsin, özü də gül kimi bir oğlandı, deyəndə ki, Stalin xəstələnib, elə bil, Fatma arvadın bütün içindən bir titrəmə keçdi, ağzını açıb bir kəlmə də söz deyə bilmədi və çəkməçi Ağagül qapını ardınca örtüb çıxıb gedəndən sonra arvad bir müddət elə-eləcə bağlı qapıya baxdı, birdən-birə ürəyini elə sıxdılar ki, imdad yeri qalmadı, arvada elə gəldi ki, bu qapılar bir də heç vaxt acılmayacaq, həmişə beləcə bağlı qalacaq. Fitma arvadın əri Əşrəf papaqçı idi və 1939-cu ilin bir yaz gecəsi papaqçı Əşrəfi gəlib, bax, bu evdən aparmışdılar və o gedən olmuşdu, getmişdi, papaqçı Əşrəf bir daha bu evə, bu həyətə, bu məhəlləyə, Içəri Şəhərin Qoşa Qala Qapısı yanındakı papaqçı dükanına qayıtmamışdı. Papaqçı Əşrəfin ittihamı bu olmuşdu ki, guya, kimlərsə onun papaqçı dükanında oturub yoldaş Stalinin əleyhinə danışıb və o «kimlərin» kim olduğu da məlum olmadı, bu xəbəri enkevediyə kimin verdiyi də məlum olmadı (onda Pravadnik Əbdülkərim hələ bu məhəllədə yaşamırdı, yəni ki, xəbər verən o deyildi) və papaqçı Əşrəfi də bundan sonra gördüm deyən olmadı, söz çıxdı ki, kişini Bulla adasında güllələyiblər, kimi də dedi ki, guya, papaqçı Əşrəfi Fatma arvadın (və yəqin ki, o rəhmətlik kişinin özünün!) ömründə eşitmədiyi Tomsk vilayətinin Kolpaşevo deyilən bir yerində görüblər, orada yatalaqdan ölüb... Fatma arvad iki oğluyla – böyüyü Ağaniyaz, kiçiyi Balaniyaz – bu evdə tək qaldı, sonra müharibə başlandı, Ağaniyaz müharibəyə getdi (Balaniyazın yaşı çatmadı) və 1943-cü ilin bir bəlalı fevral günü poçtalyon Müzəffər əlindəki qara kağızda Fatma arvadın da qapısını döydü və o qara kağızda yazmışdılar ki, Ağaniyaz Fatma arvadın ömründə eşitmədiyi Beketovka deyilən bir yerdə (Stalinqradın yaxınlığında) Stalin uğrunda hücuma keçəndə qəhrəmancasına həlak olub. Məhəllənin baxdığı Mənzil Istismar Idarəsinin rəisi Upravdom Qəribli müharibədən sonra idarəsinin qabağında «STALIN UĞRUNDA» adlı böyük bir şərəf lövhəsi düzəltdirmişdi və xalq düşməninin oğlu olduğuna baxmayaraq, Ağaniyazın da şəklini o şərəf lövhəsinə vurdurmuşdu. O şəkili oradan iki il bundan qabaq – 1951-ci ilin sentyabrında çıxartdılar, çünki həmin sentyabrda Balaniyazı gəlib günün günorta çağı elə çəkməçi köşkündən götürüb aparmışdılar: bu dəfə də, guya, kimlərsə gəlib bu balaca köşkdə oturub yoldaş Stalinin əleyhinə danışıb (və bu dəfə məhəllədə belə bir gizli şayiə gəzirdi ki, həmin xəbəri enkevediyə Pravadnik Əbdülkərim çatdırıb!), xalq düşməninin oğlu da atasının yolu ilə gedib və düz iki il idi ki, Balaniyazdan da bir xəbər yox idi, məhəllədə kimi deyirdi ki, Balaniyaz Sibirdədi, kimi deyirdi ki, Qazaxıstandadı, kimi də Fatma arvadın qulağına çatmasın deyə, lap gizli bir sirr kimi, deyirdi ki, Balaniyazı güllələyiblər. Fatma arvad bilmirdi ki, kimin qapısına getsin, kimdən soruşsun oğlunun aqibətini, Balaniyazı Allaha tapşırıb saatlarla həyətdəki taxta pilləkənin üstündə otururdu, səsini çıxartmırdı ki, daha nə ağlaya bilirdi, nə də qarğış eləyirdi (kimə qarğış eləyəydi?) və Upravdom Qəribli də, əlbəttə, belə bir hadisədən sonra, lap gözünün işığı da olsaydı, Ağaniyazın şəklini şərəf lövhəsində saxlaya bilməzdi və saxlamadı da, Fatma arvad ki, o cümə axşamı səhər-səhər Ağagülün ardınca o bağlı qapıya baxırdı, elə bil, indicə eşitdiyi bu dəhşətli xəbərdən sonra (« – Stalin xəstələnib!... Qəzetdə yazıblar!..»), təkcə özü, yəni Fatma arvad yox, bütün dünya bu cürə bağlı qapı arxasında idi.
    * * *
    O soyuq mart səhəri poçtalyon Müzəffər belində içi dolu poçt çantası Bakının dağlıq məhəllələrindəki küçələri dolaşdıqca, illərdən bəri tanış qapıları açdıqca, qəzetjurnalları, məktubları payladıqca, elə bil, Sarı hamamın qabağında oxuduğu o qara məlumatın sözlərini, hərflərini həmin qəzet-jurnalları, həmin məktubları verdiyi adamların – kişilərin və qadınların, qocaların, cavanların və uşaqların sifətində, baxışlarında hər dəfə təzədən oxuyurdu. Asfalt səkilərlə, qənbər döşənmiş küçələrlə addımladıqca poçtalyon Müzəffərə qəribə gəlirdi ki, belə bir xəbərdən sonra, həyat yenə əvvəlki kimi davam edir; düzdü, hər tərəfi dərd basıb, dərd divarlara, daşlara hopub, amma həyat yenə əvvəlki kimi davam edir, yəni o yenə əvvəlki kimi qəzetjurnal paylayır, məktub paylayır, yoldan maşınlar keçir, kimsə dükandan nəsə alır, kimsə hara gedir. Bayaqkı o «Kommunist» qəzetində o qara məlumatdan sonra, bülleten çap eləmişdilər: «1953-cü il martın 4-də saat 2-də I.V. STALININ səhhəti haqqında bülleten. 1953-cü il martın 2-sinə keçən gecə I. V. STALININ beyninə birdən-birə qan sızmış, qan beynin həyat üçün mühüm sahələrini bürümüş, nəticədə sağ qıçı və sol qolu iflic olmuş, huşunu itirmiş və dili tutulmuşdur. Pozulmuş tənəffüsü və qan dövranını yaxşılaşdırmaq məqsədilə martın 2-də və 3-də müvafiq müalicə tədbirləri görülmüş, lakin bu tədbirlər xəstəliyin gedişində hələ mühüm dönüş əmələ gətirməmişdir. Martın 4-də gecə saat 2-dək I. V. STALININ səhhəti ağır vəziyyətdə qalmaqda davam etmişdir. Tənəffüsün xeyli pozulduğu müşahidə edilir: tənəffüs tezliyi dəqiqədə 36-ya çatır, xəstə düzgün nəfəs almır və arabir uzun fasilələr olur. Nəbzi tez-tez, dəqiqədə 120-yə qədər vurur və müntəzəm işləmir; qan təzyiqi maksimum 220 və minimum 120-dir. Temperaturu 38,2 dərəcədir. Tənəffüsün və qan dövranının pozulması ilə əlaqədar oksigen çatışmazlığı müşahidə edilir. Beyin funksiyalarının pozulması dərəcəsi bir qədər artmışdır. Orqanizmin həyat üçün mühüm funksiyalarını bərpa etmək məqsədilə hazırda bir sıra terapevtik tədbirlər görülür». Aşağıda da o böyük həkimlərin hamısının bir-bir adını yazmışdılar, nazirin adını yazmışdılar və poçtalyon Müzəffər bu bülletendəki bir çox sözləri, ifadələri başa düşmürdü, amma buradakı «beyninə qan sızmışdı», «qıçı, qolu iflic olmuşdu», «huşunu itirmişdi», «dili tutulmuşdu», «nəbzi tez-tez vururdu» kimi sözlər poçtalyon Müzəffərin öz ev-eşiyini yadına salırdı, özünün, arvadının, uşaqlarının xəstələnməsini, xəstəliklərdən ölüb getmiş məhəllə adamlarının – hər gün rastlaşdığı, dərdləşdiyi, xeyirdə-şərdə oturub bir qismət çörək yediyi, bir stəkan çay içdiyi o rəhmətliklərin yas məclislərindəki söhbətləri yadına salırdı və poçtalyon Müzəffər bu sözləri heç cürə Stalinə uyğunlaşdıra bilmirdi, bu – adamın ağlına sığmayan bir iş idi. Bülletendəki o «xəstə» sözü... O söz dünyanın yazıqlığından, acizliyindən, köməksizliyindən, əlacsızlığından xəbər verirdi, o sözün özündə bir zəiflik var idi və o söz indi Stalini əvəz edirdi? Elə həmin «Kommunist» qəzetində Bolqarıstan Elmlər Akademiyasının Moskva universitetinə hədiyyəsi barədə, Imişli rayonundakı L. M. Kaqanoviç adına kolxozun üzvlərinin kənd təsərrüfatı məhsullarının tədarükü planlarını 1 May bayramınadək yerinə yetirməyə söz vermələri, Azərbaycan neft sənayesi işçilərinin orden və medallarla təltif olunması, Çan Kayşinin Birmadakı quldur dəstələrinə Birma qoşunlarının hücumu, Iranda Müsəddiq hökumətinə etimad məsələsinin səsə qoyulacağı barədə yazılar var idi və elə bil ki, bütün bu əhvalatlar yer kürəsində yox, hardasa başqa bir aləmdə, başqa bir dünyada Ayda, Marsda, başqa bir ulduzda baş verirdi, çünki... Çünki bu dünyada Stalin xəstələnmişdi və bu dünyada ki, Stalin xəstələnmişdi, daha başqa nə ola bilərdi? Dünyada nə vardısa, Stalinin xəstələnməyi bunun son həddi idi, başqa nə ola bilərdi? Və birdən-birə poçtalyon Müzəffərin ağlına gəldi ki, bundan sonra yaxşı bir iş ola bilər, misal üçün, amnistiya ola bilər, gözü yollarda qalan qaragünlərin bir az bəxti açılar və poçtalyon Müzəffər bu fikirlərin gözlənilməzliyindən özünü itirdi, çünki bu o demək idi ki, bu xəstəlik Stalini... Poçtalyon Müzəffər daha dalını fikirləşmədi, təkcə ürəyindən bu keçdi ki, Allah mənim ömrümdən kəsib (nə qalıbsa, bundan sonra – ondan kəssin!) Stalinin ömrünə calasın, o böyük insanın ömrünü uzatsın və poçtalyon Müzəffər qalan bütün bəd fikirləri başından çıxarmaq üçün belinə şəllədiyi poçt çantasının yerini rahatladı və sürətini artırdı ki, yükünü tez boşaldıb qurtarsın, amma o mart səhəri poçtalyon Müzəffərin yükü, əslində, belinə şəllədiyi o içi dolu poçt çantasının ağırlığı deyildi, rəhbərin xəstələnməyi xəbəri ilə soyuq xəncər kimi ürəyinin içinə girmiş dərd idi.
    * * *
    Elə ki, 1951-ci ilin sentyabrında Balaniyazı gəlib bu köşkdən götürüb apardılar, Balaniyaza şagirdlik eləyən Ağagül qoymadı ki, köşkün qapısı bağlı qalsın, Balaniyazın yerində oturdu, Balaniyazın çəkicini-bıçağını əlinə aldı, göy ətəkliyini əyninə taxdı və səhərdən-axşamacan burada çəkmə yamadı, hər gün Fatma arvada baş çəkdi; yeməyə-içməyə öz evlərinə nə aldısa, Fatma arvadçun da aldı, nə qazandısa, yarısını bir qırağa qoydu ki, Balaniyaz qayıtsa, versin ona, bu köşkdən ötrü hökumətin qoyduğu və adamın belini sındıran verginin hamısını öz payından çıxdı, hərçənd Balaniyazın qayıtmağı, əlbəttə, çətin bir məsələ idi və məhəllədə də elə savadlı bir adam yox idi ki, qanunları bilə, gedib o yazığın başına gələni öyrənə – Ağagülü kim idi enkevedidə adam hesab eləyən və yaxına buraxan? Bir həftə getmişdi, Balaniyazın təzə tutulan vaxtları idi, bulvarın yanında böyük bir binaya girmişdi, soruşdular ki, sən kimsən? Dostusan? Bəlkə elə o köşkdəki söhbətlərdə iştirak edənlərdən birisən. Bundan sonra Ağagül nə qədər özünü məcbur elədisə də, qorxusundan bir daha o həndəvərlərdə dolanmadı və əlbəttə, Ağagül özü öz qorxaqlığının xəcalətini çəkirdi, amma başını aşağı salıb çəkmə yamamaqdan savayı əlacı yox idi, çünki Sarı hamamın yanındakı, o qoşa tut ağacının arxasındakı evlərində hər axşam Ağagülün yolunu özündən kiçik altı bacısı gözləyirdi...Ağagül yüz faiz bilirdi ki, Balaniyaza şər atıblar, çünki Balaniyazın yanında heç kim Stalinin əleyhinə danışmaz. Çünki Balaniyaz hələ müharibə vaxtı iynəylə sinəsinə, ürəyinin üstünə Stalinin şəklini döydürmüşdü və Stalinin bu cürə tuşla döymə şəkilləri, məhəllənin bütün cavanlarının qolunda, sinəsində var idi, çünki dünyada Stalindən böyük heç bir adam olmamışdı. Balaniyazı satmışdılar, gözü götürməyənlər satmışdılar, çünki Balaniyazın hörməti var idi, yaraşığı var idi, mərifəti var idi, ömründə dilinə nəşə vurmamışdı, bir adamı nahaq yerə incitməmişdi və Ağagül də məhəllənin başqa adamları kimi, bu işdə Pravadnik Əbdülkərimdən şübhələnirdi. Pravadnik Əbdülkərim bu məhəlləyə gəlmə adam idi, müharibədən sonra burda ev almışdı, bir cavan da rus arvadı var idi; onunla tək yaşayırdılar, uşaqları yox idi. Düzdü, məhəllədə deyirdilər ki, guya, Pravadnik Əbdülkərimin Rusiyanın şəhərlərində çoxlu uşaqları var (o cavan arvadını da elə Rusiyadan gətirmişdi), amma heç uşağı olan adama oxşamırdı, yəni bu mənada ki, adam Pravadnik Əbdülkərimi uşaq atası kimi təsəvvür eləmirdi və Ağagül istəmişdi ki, bu çəkməçi bıçağını götürüb gecə küçədə Pravadnik Əbdülkərimin qabağını kəssin, Balaniyazı soruşsun, amma buna da ürək eləməmişdi, çünki Pravadnik Əbdülkərim adi adam deyildi, həmişə hökumətdən danışırdı, həmişə düşmən axtarırdı və Pravadnik Əbdülkərimin qabağını kəsmək, Ağagül üçün Sovet hökumətinin qabağını kəsmək kimi bir şey idi. Əgər çəkməçi Ağagülün başına bir iş gəlsəydi, bacıları yiyəsiz qalardı (ata da, ana da haqq dünyasında idi...), bu, öz yerində, amma o yazıq Fatma arvadın da işi lap Allaha qalardı, çünki kömək eləyəni, əlindən tutanı elə təkcə Ağagül idi və Fatma arvad da gün-gündən dala gedirdi, səhərdən-axşama kimi otururdu həyətdəki o taxta pilləkənin başında, ağzını açıb bir kəlmə söz demirdi, yazıq daha ağlaya da bilmirdi. Nə qədər ağlamaq olardı? Illər boyu o arvad ağlayırdı, daha yaş qalmamışdı gözündən gələ... Bəs, innən sonra necə olacaqdı? Təkcə Fatma arvad yox, təkcə Ağagül və bacıları yox, bütün bu məhəllə necə yaşayacaqdı, onları nə gözləyirdi? Stalin xəstələnib... Stalin!.. Necə olacaqdı bundan sonra?.. Ağagül, düzdü, yüz faiz əmin idi ki, Stalin sağalacaq, amma ürəyində bir nigarançılıq da var idi, çünki etibarsız dünya idi... Dünyadakı əməllər də dünyadakı insanlar kimi etibarsız idi... Və o anda o balaca köşkün içində Ağagül bütün içindən axıb gələn bir diləklə dilədi ki, bundan sonra ki, nə qədər yaşayacaqdı, Allah-taala onun omründən kəsib Stalinin ömrünü uzadaydı – o dilək o qədər sidqürəkdən idi ki, Ağagül qəhərləndi, gözləri doldu, o balaca çəkməçi köşkünün taxta divarlarına məhəllədəki nöyüt dükanının, çörək dükanının, Sarı hamamdakı kassir otağının divarlarındakı kimi, Stalinin cürbəcür şəkilləri yapışdırılmışdı və bu şəkilləri hələ Balaniyaz qəzetlərdən, jurnallardan, xüsusən «Oqonyok» jurnalından kəsib yapışdırmışdı, bir qismini də bazarda – həmşəri Palanında fotoqraflardan alıb yapışdırmışdı: Stalin generalissimus paltarında, şərfini boynundan arxaya atmış və qapqara saqqal saxlamış Koba – Stalin və oğlu general Vasili Stalin, Stalin ona gül verən balaca qızı qucağına alıb, Stalin və Mao-Tze-Dun, Stalin, Beriya, Mikoyan və Koqanoviçlə bir yerdə, Stalin və Qorki, Stalin anası ilə birlikdə... Və Ağagül Stalinin sağalacağına yüz faiz inansa da, əlindəki köhnə kişi ayaqqabısının dabanına rezin vura-vura hərdən ürəyində baş qaldıran o nigarançılıqla köşkün divarlarındakı həmin şəkillərə baxırdı: bu şəkillər ən doğma, ən mehriban bir adamın şəkilləri idi, amma eyni zamanda bu doğma, mehriban, bu əziz adam bir ucalıqda, böyüklükdə idi və hansı xəstəlik olursa-olsun, o xəstəliyin gücü həmin ucalığa, həmin böyüklüyə çata bilməzdi, o xəstəlik nə istəsəydi, bax, bu məhəlləyə eləyə bilərdi, başqa məhəllələrə eləyə bilərdi, Bakıya, bütün dünyaya eləyə bilərdi, amma Stalinə heç nə eləyə bilməzdi və Ağagül bu fikri özü üçün tam qətiləşdirəndən sonra, mismarları həmişəki kimi bir şövq ilə əlindəki köhnə kişi ayaqqabısının dabanına vurmağa başladı.
    * * *
    Sabahkı gün, yəni 1953-cü il martın 6-da səhər tezdən məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar yenə də Sarı hamamın qabağına, o qoşa tut ağacının altına yığışmışdı və bu adamların sifətində, baxışında elə bir kədər var idi ki, elə o kədər boz bir rəng alıb bütün məhəlləni bürümüşdü, o Sarı hamamın divarlarını da boz rəngə boyamışdı və poçtalyon Müzəffər çeşməyinin qalın şüşəsinin böyütdüyü gözlərini yenicə mətbəədən çıxmış «Kommunist» qəzetinə zilləyib hərdən titrəyən, boğazında qırılan səsiylə oxuyurdu: «Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsindən, SSR Ittifaqı Nazirlər Sovetindən və SSRI Ali Sovetinin Rəyasət heyətindən. Partiyanın bütün üzvlərinə, Sovet Ittifaqının bütün zəhmətkeşlərinə. Əziz yoldaşlar və dostlar! Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi, SSRI Nazirlər Soveti və SSRI Ali Sovetinin Rəyasət heyəti partiyaya və Sovet Ittifaqının bütün zəhmətkeşlərinə böyük hüzn hissi ilə bildirirlər ki, martın 5-də axşam saat 9.50 dəqiqədə SSR Ittifaqı Nazirlər Sovetinin sədri və Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Iosif Vissarionoviç STALIN ağır xəstəlikdən sonra vəfat etmişdir». Bu yerdə Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının içindən elə bir ümumi «ah» qopdu ki, o «ah» gözə görünməyən səssiz bir burulğan kimi, bütün bu adamları da, Sarı hamamı da, o qoşa tut ağacını da, o elektrik dirəklərini də burum-burum özündə fırladıb havaya qaldırdı.
    Poçtalyon Müzəffər tez-tez udquna-udquna və udqunduqca da nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa həmin titrək səslə ardını oxudu: «... Leninin silahdaşı və onun işinin dahi davametdiricisi, Kommunist Partiyasının və Sovet xalqının müdrik rəhbəri və müəllimi Iosif Vissarionoviç STALININ qəlbi döyünməkdən qaldı». Yenə məhəllə camaatının içindən bir «ah» qopdu; uşaqlar hönkür-hönkür ağlamağa başladı, kişilər səssiz ağlaya-ağlaya gözlərinin yaşını sildilər və həmişə məhəllədə yas yerlərində, hətta, atalarının, qardaşlarının, ən yaxınlarının yasında ağlamaqlarını, kövrəlməklərini yeniyetmələrdən, uşaqlardan gizlədən məhəllə kişiləri, elə bil, yaddan çıxartmışdılar ki, ətrafda uşaq, yeniyetmə var, ağlayırdılar, içlərini çəkirdilər və o cümə günü səhər tezdən o Sarı hamamın qabağında ağlamaqlarını gizlətmək heç ağıllarına da gəlmirdi. Pravadnik Əbdülkərim də o səhər o camaatın arasında idi və ağlayan kişilərin gözləri Pravadnik Əbdülkərimə sataşanda, daha da bərkdən ağlayırdılar – əlbəttə, bu adamların hamısı sidq-ürəkdən ağlayırdı, amma, bir halda ki, Pravadnik Əbdülkərim də burada idi, hər ehtimala qarşı qoy öz gözləriylə görsün ki, kim necə bərkdən ağlayır... Pravadnik Əbdülkərim özü ağlamırdı, amma diqqətlə bir-bir məhəllə camaatına baxırdı və açıq-aşkar hiss olunurdu ki, öyrənib bilmək istəyir: kim necə ağlayır və nə qədər ürəkdən ağlayır?.. Poçtalyon Müzəffər oxuyurdu: «... STALININ adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün hədsiz dərəcədə əzizdir. Leninlə birlikdə STALIN yoldaş qüdrətli Kommunist Partiyasını yaratmış, onu tərbiyə etmiş və mətinləşdirmişdir; Leninlə birlikdə STALIN yoldaş Böyük Oktyabr sosialist inqilabının ilhamçısı və rəhbəri, dünyada birinci sosializm dövlətinin banisi olmuşdur. STALIN yoldaş... STALIN yoldaş...»
    Bu dəfə də poçtalyon Müzəffər özünü saxlaya bilmədi, hıçqırıq kişini boğdu, «Kommunist» qəzetində çap olunmuş hərflər gözünün qabağında əriyib horra kimi bir-birinə qarışdı və heç kişi özü də bilmədi ki, birdən-birə uşaq kimi necə ağladı; dizləri titrədi, uzun-uzun illərdən bəri ağır poçt çantasını belinə şəlləyib Bakının dağlıq küçələrini dolaşan və yorulmaq bilməyən bu adam birdən-birə taqətini itirdi və az qaldı yıxılsın, amma həmin məqamda Pravadnik Əbdülkərimin o müsibətli səhərdə də adamı xəncər kimi kəsən iti nəzərləri ilə rastlaşdı və özünü ələ aldı, titrəyən əlləri ilə tutduğu «Kommunist» qəzetini bir az da gözlərinin qabağına qaldırdı, nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa oxumağa başladı: «... STALIN yoldaş, Leninin ölməz işini davam etdirərək sovet xalqını ölkəmizdə sosializmin dünya miqyasında tarixi qələbəsinə çatdırmışdır. STALIN yoldaş dünya müharibəsində ölkəmizə faşizm üzərində qələbə qazandırmış və bu qələbə bütün beynəlxalq vəziyyəti kökündən dəyişmişdir. STALIN yoldaş partiyanı və bütün xalqı SSRI-də kommunizm qurmağın böyük və aydın proqramı ilə silahlandırmışdır. Bütün həyatını böyük kommunizm işinə fədakarlıqla xidmət etməyə həsr etmiş olan STALIN yoldaşın vəfatı partiya üçün, Sovet ölkəsi və bütün dünya zəhmətkeşləri üçün ən ağır itkidir». Sarı hamamın qabağından yenə bir hönkürtü dalğası keçdi və qıpqırmızı qızarmış gözlərindən yaş axan çəkməçi Ağagül o anlarda özünə kişi sözü verdi ki, mütləq evlənəcək, mütləq oğlu olacaq və oğluna mütləq «KOBA» adı qoyacaq, mütləq, mütləq, mütləq belə olacaq. Çəkməçi Ağagülün iyirmi dörd yaşı var idi, evlənmək vaxtı keçirdi, amma səhərdən-axşama kimi o qədər işləyirdi və bacılarının da o qədər qayğısını çəkirdi ki, evlənmək barədə fikirləşməyə vaxtı yox idi, amma həmin mart səhəri özünə kişi sözü verdi ki, lap yaxın vaxtlarda evlənəcək, oğlu olacaq və oğluna «KOBA» adı qoyacaq və əslində indi kimin qeyrəti varıydısa, gərək oğluna «KOBA» adı qoyaydı, heç olmasa, hərənin evində öz KOBASI olaydı, o KOBALAR böyüyəydi, o dahi rəhbərin adını həmişə yaşadaydı, hamısı bir yerdə bəlkə o böyük ada layiq olaydı... Düzdü, dünyada bir də heç vaxt Stalin kimi böyük adam ola bilməzdi, heç kim ona çata bilməzdi, amma elə eləmək lazımıydı ki, heç olmasa, övladlar o böyük ada layiq olaydı... Və çəkməçi Ağagül o qədər dərin bir fikrə getmişdi ki, hətta, Pravadnik Əbdülkərimin ona dikilmiş iti nəzərlərinin fərqinə varmadı.
    * * *
    Pravadnik Əbdülkərim həmin mart səhəri Sarı hamamın qabağından qayıdıb mətbəxdə ülgüclə üzünü qırxırdı və əlüzyuyanın yuxarısından divara vurulmuş güzgüdə diqqətlə sabunlu sifətinə baxırdı, amma güzgü çirkli olduğu üçün, özünü yaxşı görə bilmirdi, ayaq barmaqlarının ücüna qalxıb sabunlu sifətini güzgüyə lap yaxınlaşdırırdı, az qalırdı yekə burnunun ətli ucu şüşəyə dəysin. Nataşanın ev işləri ilə arası yox idi, nəyi hara atırdı, orda da qalırdı, supdan başqa da heç nə bişirə bilmirdi, əsgini əlinə alıb Allahın güzgüsünü də təmizləmirdi və üzünü qırxa-qırxa çirkli güzgüyə baxan Pravadnik Əbdülkərimin qanı qaralmağa başlayırdı, amma həmişə belə məqamlarda olduğu kimi, 1953-cü ilin o mart səhəri də Nataşanın ağappaq, dolu və sağlam bədəni Pravadnik Əbdülkərimin gözünün qabağına gəldi, o bədənin hərarətini hiss elədi və güzgünün eləcə çirkliyinə baxmayaraq, kişi sinədolusu rahat və ləzzətli bir nəfəs aldı, gülümsədi. Nataşa hələ isti yataqda idi və Pravadnik Əbdülkərim başını çevirib yeganə otaqdakı enli dəmir çarpayıda yatan Nataşaya baxdı: Nataşa həmişəki kimi, arxası üstə uzanmışdı, dolu qollarını da başının kənarlarından yuxarı uzadıb balıncın üstünə qoymuşdu və əriylə birlikdə gecəki yorğunluqdan sonra, rahatca yatıb istirahət edirdi və o dəm Nataşanın qoltuğunun altındakı narın sarı tüklərin ətri, elə bil, mətbəxdə Pravadnik Əbdülkərimin burnuna gəldi və kişinin bütün bədənindən gözəl bir hiss keçdi, hətta istədi ki, təzədən gedib girsin Nataşanın yanına, amma tələsmək lazım deyildi, hələ düz üç gün evdə idi... Nataşa ərindən iyirmi beş-otuz yaş kiçik idi (iyirmi iki-iyirmi üç yaşı olardı) və Pravadnik Əbdülkərim içindən pıqqapıq qaynayan bu qızı Rastovdan tapıb gətirmişdi və qeydsiz-şərtsiz yüz faiz özünəməxsus olsun deyə, bu qızla ömründə birinci dəfə rəsmən evlənmişdi. Uzun illərdən bəri Rusiyanın saysızhesabsız stansiyalarında Pravadnik Əbdülkərim hələ bu qız qədər sümüyünə yatan arvad xeylağına rast gəlməmişdi (Rusiyanın o saysız-hesabsız stansiyaları isə o uzun illərdən bəri Pravadnik Əbdülkərim üçün hərəmxana kimi bir şey idi!) və Nataşanın pintiliyi, düzdü, hərdən adamı dilxor eləyirdi, amma o pintilik o bədənin yanında, o hərarətin yanında yaddan çıxırdı, yox olub gedirdi və Pravadnik Əbdülkərim özü əlinə əsgi alıb güzgünü təmizləyirdi, pəncərələrin, evdəki əşyaların tozunu alırdı, süpürgəni götürüb evi süpürürdü, mətbəxin həyətə baxan pəncərəsini şalla kip örtüb ləyəndə özünün və Nataşanın alt paltarlarını, üst paltarlarını yuyurdu və keyfiyyətli yeməkləri – təzə ət, təzə balıq, kürü, Rusiyanın stansiyalarından aldığı, yaxud şeyşüyə dəyişdiyi gözəl ev kolbasaları gətirib Nataşanı bəsləyirdi, özü də Nataşanın öhdəsindən layiqincə gəlmək üçün, gecə-gündüz güclü və vitaminli şeylər yeyirdi: qoz, fındıq, ərik qurusu, göy-göyərti, quyruq yağında qızarmış yumurta və sairə. Hər dəfə səfərə çıxanda Nataşanı evdə tək buraxmırdı, aparıb qoyurdu Biləcəridə yaşayan bacısıgildə və Nataşa orada da yeyib yatmaqla məşğul olurdu, çünki bacısıgil də Pravadnik Əbdülkərimin qorxusundan (qardaş olanda nə olar? qorxulu adam idi!) Nataşaya gözünün üstündə qaşın var demirdilər. Pravadnik Əbdülkərim uzun-uzun illərdən bəri Bakı ilə – «Bakı – Moskva» qatarının yolu boyunca – Rusiyanın irili-xırdalı stansiyaları arasında hörümçək toru kimi, öz torunu hörmüşdü və bu torun telləri ilə stansiyalardan stansiyalara sürüşə-sürüşə yumurta kartofa dəyişilirdi, kartof toyuğa, toyuq balığa, balıq nöyüt plitəsinə, nöyüt plitəsi köynəyə, köynək kürüyə çevrilirdi və Pravadnik Əbdülkərimin qazancı həmişə yaxşı olurdu və ən böyük rəislərindən tutmuş bələdçi yoldaşlarına kimi heç kim Pravadnik Əbdülkərimə bir söz demirdi, çünki deyə bilmirdi, çünki qorxurdu. Pravadnik Əbdülkərim Azərbaycan dəmir yolu işçiləri arasında maskalanmış xalq düşmənlərini ifşa edə-edə 1937-ci ildə Sov.IKP-nin üzvlüyünə qəbul olunmuşdu və o vaxtdan bəri bütün partiya iclaslarında çıxış edirdi, həmişə sayıqlığa çağırırdı, kimin siyasi simasından şübhələnirdisə, o saat iclaslarda deyirdi, enkevediyə və Azərbaycan KP MK-ya, Sov.IKP MK-ya yazırdı, 7 Noyabr, 1 May, sonralar 9 May bayramlarında döşünə qırmızı taxıb əlinə şüarlar götürürdü, nümayişlərdə dəmiryolçuların ön cərgəsində respublika rəhbərlərinin dayandığı tribunanın qabağından keçirdi, hər il dekabrın 21-də Stalinə, noyabrın 19-da Kalininə, Kalinin öləndən sonra isə, mayın 19-da Şvernikə teleqram vurub anadan olduqları gün münasibətilə onları ürəkdən təbrik edirdi və stansiyalararası alveri də işlədiyi vaqonların təkərləri kimi yağlı gedirdi və hərgah təkcə o məhəllədə yox, bütün Bakıda heç bir nigarançılığı olmayan, öz həyatından razı on nəfər vardısa, biri Pravadnik Əbdülkərim idi, hətta, müharibə vaxtı da idarədə birinci Pravadnik Əbdülkərimə bron verib cəbhədən azad elədilər ki, heç kimlə işi olmasın. Həmin mart səhəri mətbəxdə üzünü qırxdığı o ülgücü də Qroznıdan alıb gətirmişdi, trofey ülgüc idi, elə itiydi ki, bir göz qırpımında adamın başını bədənindən ayırmaq olardı və bunu fikirləşəndə Stalinin ölməyi yenə Pravadnik Əbdülkərimin yadına düşdü: Stalin də ölərmiş... Elə bilirdi ki, Stalindi də, dünya ona qalacaq, day demirdi ki, Isgəndərə qalmayan dünya heç kimə qalmayacaq!.. Oturmuşdu bu zırpılıqda ölkənin taxt-tacında, bığlarını uzadırdı, ayaqlarının da altını görmürdü... Indi aparıb soxarlar qara gora, onda bilər!.. Amma heç vaxtında ölmədi qoca kaftar!.. Kim bilir, indi necə olacaq, kim gələcək, təzə Stalin kim olacaq?.. Yox, heç ölməyin vaxtı deyildi... Pravadnik Əbdülkərimin məşhur bir söyüşü var idi, əsəbiləşəndə, narahat olanda, heyfsilənəndə söyürdü: «Svoluş!..» Və həmin mart səhəri də Pravadnik Əbdülkərim özünü saxlaya bilməyib, ürəyində o məşhur söyüşünü söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı!..» Sonra Pravadnik Əbdülkərimin gözü mətbəxin həyət pəncərəsindən papaqçı Əşrəfin evinin taxta pilləkənlərinə sataşdı: orada Balaniyaz adında birisi yaşayırdı, çəkməçi idi, pişik südə baxan kimi, altdan-altdan marıtdayıb Nataşaya baxırdı (belə şeylər təbii ki, Pravadnik Əbdülkərimin gözündən yayınmazdı!), basdılar belinə on ili, getdi, köpək oğlu!.. Indi necə, görəsən, amnistiya olacaq? Amnistiya olsa, o gələnlər bəs nə deyəcək? Pravadnik Əbdülkərim yenə özünü saxlaya bilməyib o məşhur söyüşünü ürəyində təkrar söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı, qoca kaftar!..» Sonra Pravadnik Əbdülkərim mətbəxin pəncərəsinə yaxınlaşdı və heyrətlə o taxta pilləkənlərə tərəf baxdı: Fatma arvad pilləkənlərin başında oturub için-için ağlayırdı və uzun müddətdən bəri ağzını açıb bir kəlmə deməyən bu arvad indi dünyanın qarasına nəsə deyirdi.
    * * *
    Elə ki, çəkməçi Ağagül səhər tezdən qapını açıb içəri girdi, yarım kilo ağ çörəyi mizin üstünə qoydu, Fatma arvadın ürəyi düşdü, elə bil, bir salxım üzümü qayçı ilə kəsdilər və arvad Ağagülün qıpqırmızı qızarmış gözlərindən başa düşdü ki, Stalin ölüb. Fatma arvad bütün gecəni yatmamışdı; əvvəlki gecələr həmişə Allaha yalvarırdı ki, Balaniyazdan bir xəbər gəlsin, Balaniyaz getdiyi yerdən salamat qayıtsın, amma həmin gecə Balaniyazla birlikdə Stalinçün də Allaha yalvarmışdı, yalvarmışdı ki, Stalin ölməsin, çünki əgər Stalin də ölsəydi, daha iynənin ucu qədər də ümid qalmayacaqdı bu dünyada, batacaqdı bu dünya, Aşqabaddan da pis günə qalacaqdı bu dünya... Və Ağagül çıxıb gedəndən sonra, Fatma arvad eləcə oturduğu yerdə qaldı, durub çay dəmlədi, mizin üstündəki o yarım kilo ağ çörəyə əl dəymədi və birdən-birə arvada elə gəldi ki, ömrünü keçirdiyi, əriylə birlikdə iki oğlunu böyütdüyü bu otaq otaq yox, qəbirdi, bardaş qurub oturduğu palazın üstündən güclə qalxıb titrəyən ayaqları səndələyə-səndələyə evdən çıxdı, o, səhərçağı çöldə də, elə bil, azadlıq yox idi, elə bil, nəyləsə hər tərəfi qapamışdılar və gözə görünməyən o «nəsə» çölü də otağın içi kimi, qəbirə çevirmişdi və Fatma arvad taxta pilləkənin üstündə oturdu, çoxdan bəri ağlamadığına (ağlaya bilmədiyinə!) görə hönkürtü, elə bil, birdən-birə qanlı-kədərli bir fəvvarə kimi, püskürüb bütün içindən gəldi, ağlayaağlaya:
    «–Bəs, necə olacaq? – pıçıldadı. – Ay Allah, bu nə gündü biz düşdük. – dedi.
    – O boyda kişiyə necə qıydın, ay Allah?! – dedi. – Baisin evi yıxılsın, bəs, necə olacaq bundan sonra? – dedi. – Bu yazıq camaat neyniyəcək bundan sonra?..»
    * * *
    O Sarı hamamın qabağındakı o qoşa tut ağacının çılpaq budaqlarına isə pırıltıyla sərçələr qonurdu, uçub gedib təzədən qayıdırdı və 1953-cü ilin o soyuq mart səhəri bizim məhəllədə təkcə o sərçələr heç nəyin fərqində deyildi...
Aprel, 1990.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1245 | Reytinq: 1.5/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more