SÖZLƏR, YANILTMACLAR,
TAPMACALAR...
QAR YAĞIB, YAĞMAYIB?
– QAR!.. QAR!..
Vay... QAR yağıb? Yazda bəyəm QAR yağar?
Yox... Sən demə, qarğadı, ağacın budağına qonub, QAP-QAR salıb:
– QAR-R-R... QAR-R-R...
QUMRU QUŞLARI
O qumru quşlarına bax, nə hirslə QURULDAYIR...
Qumru quşu QUR-QUR QURULDAYIR. Elə bil deyir ki, mənə yuva QUR.
QURMARAM, ay tənbəl qumru quşu, özün QUR.
Sən QURA bilməsən, yaxşı mən QURARAM.
QURULDAMA QUR-QUR, uç özün QUR.
«SÜZ» VƏ «SÜZ»
– Bir tapmaca deyim sənə?
– Hə!
– «Düyünü «SÜZ!» Bu nə «SÜZ»dü belə?
«Dur ayağa, SÜZ!» Bəs bu nə «SÜZ»dü belə?
BU «SAZ» HANSI «SAZ»DI?
– Qardaşım SAZ çalır.
– SAZ SAZdı?
– Hə, lap SAZdı!
– SAZ SAZı SAZ çalır?
– Hə, SAZ SAZı lap SAZ çalır!
KIM UÇUNDU, NƏ UÇDU, NƏ UÇMADI?
Birdən külək əsdi.
Birdən də pırıldayıb bir qaranquş UÇDU.
Mənim ürəyim UÇUNDU. Elə bildim qaranquşun yuvası UÇDU.
Amma yox... Qaranquşun yuvası UÇMADI, özü UÇDU.
Mənim də ürəyim daha UÇUNMADI.
NECƏ OLDU KI, YAĞIŞ YAĞDI VƏ
DANA HIRSLƏNDI
Yağış yağdı.
DANA qaçdı DAMA.
DAMDI, DAMDI, DAMCI-DAMCI su DAMDI DAMDAN.
Hirsləndi DANA.
Az qaldı DANA dırmaşa DAMA!
GÜLÜŞÜN BACISI GÜLƏR GÜLƏ GÜLÜR...
GÜLÜŞ gümüş GÜLDANA GÜL yığdı.
Birdən GÜLÜN biri əlindən yerə düşdü.
GÜLƏR GÜLDÜ.
GÜLÜŞ dedi:
– GÜLƏR, adam GÜLƏ GÜLƏR?
ABŞERONDA
Getdim meynədən qara ÜZÜM ÜZÜM.
ÜZÜMÜ ÜZDÜM, yedim.
Vay...
Bulaşdı ÜZÜM!..
Getdim dənizdə ÜZÜM...
Dənizdə ÜZDÜM, təmizləndi ÜZÜM.
NƏNƏM YAMAN HIRSLƏNDI...
Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA.
DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar,
yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...
Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!
Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı əritmək üçün qazana töküb ocağa
qoydu.
Yağ əridi, qaynadı, DAĞ oldu.
Mən də qaçanda, az qaldı ayağım dəyə qazana, az qaldı DAĞIDAM yağı. Yaxşı
ki, DAĞ YAĞ DAĞILMADI, məni də yandırmadı.
Nənəm yaman qorxdu, hirsləndi:
– Sənin ayağına, – dedi. DAĞ basacağam!
Amma mən bilirəm, nənəm məni çox istəyir, lap çox, çox istəyir, ayağıma DAĞ
basmayacaq!..
Nənə elə deyir ki, mən eləcə qaçmayım, DAĞ yağı yerə DAĞITMAYIM! Axı,
DAĞ yağ yandırar məni...
DÜZDƏ
Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.
Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...
Lalələr DÜZÜM-DÜZÜM DÜZÜLÜB DÜZDƏ.
Ay gözəl DÜZÜM, qoy səndən lalələr üzüm, aparıb güldanlara DÜZÜM, sonra
da güldanları şüşəbəndimizə DÜZÜM.
– DÜZ deyirəm, nənə?
– DÜZ dedin, Aysu!
– Axı, nənə, sən deyirsən mən də DÜZƏM, dümDÜZƏM, DÜZDÜ, nənə, hə?
– Hə, Aysu, DÜZÜ belə də! Sən DÜZ qızsan! Lap düm-bəDÜZ qızsan!
– Bax, nənə, ode, uzaqda o ağac da DÜZ durub, DÜZDÜ?
– DÜZDÜ, Aysu, bu da DÜZDÜ!
DÜZDƏ gəzdik, gəzdik, yorulduq. Sonra da DÜZDƏN DÜZƏLDIK yola,
gəldik evə.
Oy, nə qədər lalə yığmışam DÜZDƏN!.. Çox sağ ol, gözəl DÜZÜM! Indi
gedim, lalələri güldanlara DÜZÜM...
BABAMLA OT ÇALMAĞA GETMIŞDIK...
Mənim saçım qapqaradı, babamın saçı ÇAL.
Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.
Babam ot ÇALMAĞA gedir. Məni də özüylə aparır.
Babam ot ÇALIR, ÇALIR, sonra yorulur, dəryazı bir tərəfə qoyur, gəlib ağacın
kölgəsində oturur, termosdan çay töküb içir, sonra da balaca torbasından tütəyini
çıxardıb həmişə ÇALDIĞI havanı ÇALIR.
– Sən də əl ÇAL!.. – mənə deyir.
Mən də əl ÇALIRAM. Sonra da gedirəm gül-çiçək yığmağa.
Babam deyir:
– Kolluğa getmə, ilan ÇALAR.
Babam ÇALIR, mən də gül-çiçək dərirəm amma kolluğa girmirəm ki, ilan
ÇALAR. Babam ÇALIR, dincini alır, yenə ayağa qalxır, dəryazı qaldırır, yenə ot
ÇALIR...
|