SARI PENCƏK
Belə günlərdə...
Evimiz gəmiyə oxşayır,
otağım kayuta.
Fikrət Sadıq
Əlbəttə, bu qəribə, hətta son dərəcə qəribə hadisə barədə yazmamaq da olardı –
o qədər qeyri-inandırıcı bir əhvalatdır, fəqət, belə bir qəribəlik özü əlamətdar
deyilmi? Bəzən bizə elə gəlir ki, günlərimiz həddən artıq adi keçir, günlərimiz birbirinin
eynidir, dünən ilə bu gün arasında fərq yoxdur; əslində isə, elə bu gümanın
özüdür günlərimizi eyniləşdirən: belə bir gümanı dağıtmaq əvəzinə, bəzən heç
özümüz də bilmədən bir çox qəribə hadisələrin, vəziyyətlərin üstündən ötüb keçirik;
bu əlamətdarlığı hiss etdikdə isə, hər şey bizə qeyri-inandırıcı görünür.
Əgər yadınızdadırsa, 1968-ci il aprel ayının 6-da Bakıda axşamçağı bərk yağış
başladı, hərçənd günorta hava çox mülayim, yaz ətirli idi. Həmin günü daha yaxşı
yadınıza salmaqdan ötrü, xatırladım ki, yağışdan bir az qabaq futbol üzrə otuzuncu
ölkə birinciliyinin ikinci turu sona yetmişdi və «Neftçi», qəzetlərin yazdığı kimi,
gözəl oyun göstərərək Odessanın «Çernomorets» komandasının qapısından dörd
cavabsız top keçirtmişdi.
Iyirmi səkkiz yaşlı cavan bəstəkar S.Qayıblı, təəssüf ki, futbol azarkeşi deyildi;
təəssüf ona görə ki, həmin gün futbol azarkeşləri arasındakı ruh yüksəkliyi, böyük
ümidlər bu saat onun üçün naməlum bir şey idi və vaxtsız yağış onu daha artıq
bədbinləşdirmişdi.
Cavan bəstəkar S.Qayıblı həmin gün səhər yuxudan duranda ağlına gətirməzdi
ki, axşam və xüsusən gecə belə bir dilxorçuluq içində olacaq, hərçənd ağlına
gətirsəydi də, bu onun üçün elə bir sürpriz olmazdı. Görünür, özünü tək və tənha
sanan adamların həyatında iqlim dəyişikliyi daha artıq rol oynayır, nəinki ailəlilərin,
oğul-uşaqlıların həyatında.
S. Qayıblının V. və B. küçələrinin kəsişdiyi tində yerləşən doqquzmərtəbəli təzə
binadakı otağında pianino yox idi və o, hər dəfə işləmək üçün «P. M. klubu»nun
arakəsməsində qoyulmuş pianinonun arxasında oturmalı olurdu.
«P. M. klubu» X. küçəsində yerləşirdi və S. Qayıblının on altı kvadratmetrlik
otağı ilə X. küçəsi arasındakı məsafə bəzən yerlə ay arasındakı qədər, bəlkə artıq
olurdu, bəzən də bir göz qırpımlıq – bu baxırdı S. Qayıblının işləmək həvəsinə;
işləmək həvəsi isə, məlum məsələdir ki, öz növbəsində bir sıra amillərdən asılıdır –
biz onları sadalamayacağıq – hərçənd deyirlər ki, işləyən heç nəyə baxmaz, Qorki ay
işığında oxuyub, Pavlov öləndə keçirtdiyi hissləri diktə edib.
S. Qayıblı «P. M. klubu»nda rəsmi işdə idi: özfəaliyyət kollektivinin bədii
rəhbəri. Həftənin tək günləri rəsmi işdə olurdu, həftənin tək günləri dilxorçuluq
basırdı onu, çünki klub müdirinin bir müavini var idi, ona göz verirdi, işıq vermirdi,
deyirdi ki, canım, o nədir elə yazmısan, hərdən radio ilə verirlər, dram-ba-ba-bam,
dram-ba-ba-bam, hanı bəs bizim kamançamızın göz yaşları, hanı bizim tarımızın ahnaləsi,
hanı bizim nağaranın gurultusu, hanı bizim klarnetin sümük oynatması?
Sonra da məlum olurdu ki, müdir müavini dəyişik salıb, başqasının əsərinə qulaq
asıb.
S. Qayıblı yaradıcılıq ilə məşğul olmaq istəyəndə kluba iş qurtarandan sonra,
axşamçağı gedirdi ki, nə cəfakeş müavin orda olsun, nə də bir başqa adam. Gözətçi
onu tanıyırdı və dərhal içəri buraxırdı. Bu gözətçi siqaret çəkən idi, amma ömründə
cibində siqaret olmazdı, hər dəfə S. Qayıblı ilə salamlaşandan sonra bir siqaret
istəyirdi, ayrılanda da xudahafizləşib bir siqaret istəyirdi – adətkərdə idi.
Həmin gün S. Qayıblı işləməyə gedəndə, nədənsə, birdən-birə ağlına gəldi ki, bu
gözətçinin həmişə siqareti olur, amma ondan aldığı siqareti qənimət bilir və yaxud
bu da, bir növ, rüşvət kimi bir zaddır.
O, salamlaşıb içəri girəndə gözətçi adəti üzrə siqaret istədi, S. Qayıblı da cavab
verdi ki, siqareti yoxdur. Gözətçi, elə bil, qulaqlarına inanmadı, gülümsünüb təzədən
dedi ki, siqaret istəyirəm. S. Qayıblı yenə də cavab verdi ki, siqareti yoxdur, sonra
cibindən bir «Avrora» çıxarıb qoydu damağına və pillələri yuxarı qalxdı; özü də öz
tərsliyinə təəccüb etdi.
O, pianinonun arxasında oturdu, amma qapağını qaldırmadı. Gözlərini tavana
zillədi və siqareti axıra qədər çəkdi. Könlündən keçdi ki, bu saat, bax, beləcə
təyyarədə oturaydı, uçaydı, buludların altından keçəydi, üstündən keçəydi, sonra
da...
Əlbəttə, indi o özünü məcbur edib pianinonu danqıldada bilərdi, fəqət heç vaxt
işləmək üçün özünü məcbur etməzdi, sadəcə ona görə ki, bundan bir şey çıxmazdı.
Cavan bəstəkar S.Qayıblı yenə bir siqaret yandırdı, arakəsməni o baş-bu başa
addımladı: qəribə idi, o başa iyirmi üç addım oldu, bu başa otuz bir addım, halbuki,
eyni addımlar idi.
Ümumiyyətlə, həmin gün onun işləri elə əvvəldən qəribəliklərlə dolu idi.
Səhər yerindən qalxan kimi, heç əl-üzünü yumamış aşağı düşdü, binalarından
bir tin aralıdakı qəzet köşkünə gedib, dünəndən sifariş etdiyi «Bakinski raboçi»
qəzetini aldı, tələsik otağına qalxıb yazı masasının siyirtməsində saxladığı on üç
ədəd lotereya biletini çıxartdı və əlinə bir doldurma qələm alıb rəqəm-rəqəm
yoxlamağa başladı.
Özü xüsusi olaraq lotereya biletlərini nəhs ədəd almışdı – prinsipial olaraq
xurafata düşmən idi, hərçənd bunun özü də elə bir növ xurafat idi.
Adəti üzrə bu dəfə də heç nə udmadı və on üç ədəd lotereya biletinin on üçünü
də ortadan cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Lap dəqiq yadındadır ki, lotereya
biletlərini cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Sonra çay-çörək yeyib şəhərə düşdü.
Günorta nəşriyyata – üç miniatür fortepiano pyesindən ibarət ilk palazqulağı
kitabçasını buraxırdılar – dəyib sonra təzə univermağın yanından üzüaşağı enəndə
yadına düşdü ki, aerozol almalıdır, evdə, deyəsən, taxtabiti baş qaldırır, əlini atıb döş
cibindən portmanatını çıxartdı ki, görsün bu gün aerozol ala biləcək, ya yox.
On üç ədəd təptəzə lotereya bileti... portmanatın içində idi.
O, lotereya biletlərini portmanatın içindən çıxartdı: elə şax idilər ki, elə bil heç
alınandan əl toxunmayıb. Ələddinin çırağını xatırladı. Tələbə vaxtı yarızarafat,
yarıciddi ay arzulamışdı ha Ələddinin çırağını.
S.Qayıblı təzə univermağın yanındakı 3538 nömrəli mərkəzi əmanət kassasına
girdi və qabaqlar konservatoriya ilə üzbəüz binanın divarından asılan bir reklam
yadına düşdü:
Vətəndaşlar, pullarınızı əmanət kassasına qoyun.
Sərfəli və etibarlıdır.
O, pillələri yuxarı qalxıb divardan asılmış cədvələ yaxınlaşdı. Təzədən lotereya
biletlərini bir-bir yoxlamağa başladı. 13910 dərəcəli 191 nömrəli bileti bir manata
düşdü; əgər nömrəsi iki rəqəm də artıq olsaydı, «LUÇ» qızıl qol saatı udacaqdı.
«LUÇ» qızıl qol saatı yüz altmış manata idi. Əlbəttə, yüz altmış manat bir manatdan
daha artıq yerinə düşərdi – olacağa çarə yoxdur – gedib kassadan bir manatını aldı.
Bu manatın bir tərəfi balaca cırılmışdı, papiros kağızı ilə yapışdırmışdılar. Manatı
portmanatının içinə qoyub əmanət kassasından çıxdı.
Indi də o başa iyirmi üç addım, bu başa otuz bir addım.
Siqaretdən bir-iki qullab vurub gözucu pianinoya baxdı və qalxıb pillələri aşağı
düşdü. Qapıdan ötəndə gözətçi adəti üzrə xudahafizləşib bir siqaret istəmək əvəzinə,
yana-yana, az qala, ağlamsına-ağlamsına dedi ki, buna bir bax, bunun da gücü mənə
çatır.
Bir yağış yağırdı ki, gəl görəsən.
Cavan bəstəkar S.Qayıblı pencəyinin boynunu qaldırıb divarların dibi ilə becidbecid
evinə tərəf üz tutdu; necə hava olursa-olsun, ömründə trolleybusa minməzdi,
necə ki, tramvaydan da, avtobusdan da zəhləsi gedirdi; guya ki, bu, eyniliklərə qarşı
bir üsyan idi – eyni marşrutlar, eyni dayanacaqlar, hərçənd bu üsyan da indi öz
növbəsində bir eynilik olmuşdu.
Qəfil yağış küçələrə tənhalıq, sükunət gətirmişdi, küçələri bozartmışdı, boş
küçələrin addım həsrətini də öldürmüşdü. Bu tənhalıqda bir az da xof qatışığı var
idi, adamın canına üşütmə salırdı, adamın əti ürpəşirdi, elə bil qurbağa atıblar içinə.
S.Qayıblının otağı səkkizinci mərtəbədə idi, özü də küncdə. Belə yağışlı, küləkli
axşamlarda, xüsusən, gecələrdə otağın içi küçədən daha artıq uğuldayırdı.
S.Qayıblının üstündə, yəni doqquzuncu mərtəbədə cavan bir şair olurdu, daha
doğrusu, gənc şair Fərhad Xoşbəxt. Onun da otağı S.Qayıblınınkının eyni idi,
hərçənd külfət sahibi idi.
Hə, bu Fərhad Xoşbəxt öz otağına kayut deyirdi, S.Qayıblı da indi yorta-yorta
öz kayutuna gedirdi.
Otaq həmişəki kimi idi, eyni miz, eyni şifoner, eyni kitab dolabı, eyni divan,
«Riqonda» markalı eyni radioqəbuledici, Ü.Hacıbəyovun divardan asılmış eyni
fotosu, eyni pəncərə, eyvana açılan eyni qapı, bu otağın eyni spesifik tənhalığı.
Bu cür yağışlı, küləkli axşamda belə bir eynilik cavan bəstəkar S.Qayıblı üçün
ən ağır bir ərəfə idi: təpədən dırnağacan boşluq ərəfəsi.
Radio uşaqlar üçün nağıl deyirdi, axırda da uşaqlara şirin yuxu dilədi. Sonra
konsert başladı, kim isə – təzə bir müğənni «Şur»un «Zəminxarə» şöbəsini
oxuyurdu. S.Qayıblı radionu söndürdü.
Külək, yağışı şarappıltı ilə pəncərəyə vururdu, su çərçivənin arasından süzülüb
damcı-damcı parketin üstünə tökülürdü. Fərhad Xoşbəxt öz pəncərə çərçivələrinin
arasını pambıqla tıxamışdı və S.Qayıblıya da belə bir məsləhət vermişdi.
Külək bayırda elə qıy vurdu ki, az qaldı içi qoğalla dolu boşqab mizin üstündən
yerə düşsün. Qoğalları Novruz bayramı üçün anası kənddən göndərmişdi, indi
quruyub qaxaca dönmüşdülər. Elə yerə düşsəydilər pis olmazdı, çilik-çilik olardı bu
boşqab, içindəkiləri də tullayardı, nə vaxta qədər elə-beləcə mizin üstündə qalacaq?
Başının üstündə Fərhad Xoşbəxtin ayaq səsləri eşidildi, zalım ayağını yerə
basanda divarlar titrəyir. Bu addımlar da bu gecənin yeknəsəq ritmi idi.
Həmişəki kimi bir qəhvə də dəmləyib qəndsiz içmək lazımdı ki, bu gecənin bu
yeknəsəqliyi lap bütöv olsun, tam kvadratda; eyni fikirlər də öz-özünə gələcək,
istəsə də, istəməsə də.
Mətbəxə keçib qazı yandırdı, səhər su gələndə doldurduğu çaydanı qazın üstünə
qoydu.
Bu mətbəxdən haçan mətbəx iyi gələcək, bu soyuq iysizlik, divarlara, tavana,
döşəməyə hopmuş bu buz kimsəsizlik nə vaxt çəkiləcək? Qulağının dalını görəndə?
Doğrudan da, heç vaxt isinməyəcək bu mətbəx, bu otaq, bu mənzil? Niyə
isinmir? Yaz keçər, yay keçər, payız keçər, qış gələr, ocaqçı Məmmədağa həftə
səkkiz, mən doqquz, adambaşı bir manat yığa-yığa buxarlığı qızdırar, bu mənzil də
isinər onda. S.Qayıblı fikirləşdi ki, bu hazırcavablığın heç yeri deyil və qəhvəyi
rəngli linoleum çəkdiyi döşəməyə baxdı. Ayaqqabılarından bir az kənarda, zibil
yeşiyinin yanında cırılmış bir lotereya bileti var idi.
Cavan bəstəkar S.Qayıblı əyilib cırıq lotereya biletini döşəmənin üstündən
götürdü, sonra ayağı ilə zibil yeşiyinin qapağını qaldırdı; qalan lotereya biletlərinin
hamısı ortadan bölünmüşdü və hamısı da vedrənin içində idi. Sonra gedib
arakəsmədəki asılqandan asılmış pencəyinin döş cibindən portmanatını çıxartdı:
kənarı papiros kağızı ilə yapışdırılmış birmanatlıq portmanatın içində idi.
Onun qəndsiz qəhvə içmək həvəsi də öldü və o, ilk dəfə həmin qəribə gecənin
həmişəki yeknəsəqliyini pozdu – çaydanın altını keçirtdi.
Yenə də Fərhad Xoşbəxtin addımları divarları titrətdi, o da otaqdan mətbəxə
keçmişdi, sonra da nə isə döyəcləməyə başladı, Allah bilir, nə qayırırdı. Fərhad
Xoşbəxtin əla planları var idi: gah blokun pilləkənlər qurtaran hissəsini kəsib evinə
qatmaq istəyirdi, gah eyvanını uşaq otağı eləmək istəyirdi, gah tavandan qapı açıb
otağından binanın taxtapuşuna nərdivan düzəltmək istəyirdi ki, taxtapuşda özünə bir
otaq qayırsın. Amma bütün bunlar hamısı da, plan olaraq qalırdı və cavan bəstəkar
S.Qayıblı çox gözəl bilirdi ki, plan olaraq da qalacaq, yoxsa ki, bu gecə bu cür
yeknəsəq olmazdı.
S.Qayıblı belə düşünürdü.
O, eyvana çıxdı. Bütün binada onun eyvanı yeganə azad eyvan idi: nə boş
şüşələr var idi (hamısı qapı-qapı gəzən butulkaalanda), nə açılıb-yığılan çarpayı, nə
ayağından iplə dəmir barmaqlığa bağlanmış xoruz və yaxud toyuq, nə paltar sərmək
üçün zivə, nə də başqa bir şey. Amma bu azadlıqda bir tənhalıq var idi və bu azadlıq
eyni idi; əslində həmin tənhalığı da yaradan bu eynilik idi; eyni əşyasızıq, eyni
genişlik.
S.Qayıblı siqaret yandırıb eyvanın sürahisinə dirsəkləndi. Yağış yaman yağırdı,
başının üstündə Fərhad Xoşbəxtin eyvanı olmasaydı, onu su aparardı. Amma bu
yağış da həmişəki yağış idi, bu mənzərə də həmişəki mənzərə idi: qarşıdakı axarbaxarın
üçdə iki hissəsini tutmuş böyük qara bina, yuxarıda təzə tikilmiş və birbirinin
eyni olan binaların boz siluetləri, axar-baxarın qalan bir hissəsini təşkil edən
xırda evlər və içi çəkmə təmiri emalatxanası olan köhnə məscid; həmişəki qaranlıq
və tək-tək adamların həmişəki kimi yağışdan qaçışması.
Qarşıdakı böyük qara binanın üçüncü mərtəbəsində yaşayan qız yenə də
həmişəki kimi pəncərələrinin pərdəsini aralayıb S.Qayıblının eyvanına baxdı. Bu da
Fərhad Xoşbəxtin addım səsləri kimi bu gecəki yeknəsəqliyin özünü ifadə
tərzlərindən biri idi. Sonra qız pərdəni örtdü, həmişəki kimi, guya ki, utandı.
Düz iki ildir beləcə utanır, amma bir şey çıxmır. On dəqiqədən sonra yenə
pərdəni aralayıb S.Qayıblının eyvanına baxacaq.
S.Qayıblı siqareti tullayıb otağa keçdi, divanda uzanıb səhər aldığı «Bakinski
raboçi» qəzetinin dördüncü səhifəsinə baxdı: lotereya cədvəlindən aşağıda hava
haqqında məlumat var idi, yazılmışdı ki, axşam mülayim şimal küləyi əsəcək,
havanın hərarəti müsbət on beş-on altı dərəcə olacaq. Artıq bu təzad da adama təsir
etmirdi, çünki bu təzadlar da eyniyyət şəklini almışdı.
Qəzeti kənara atıb gözlərini tavana zillədi, sonra ayağa qalxdı: şəhərə çıxıb
yağışın altında islanmaq lazım idi əməlli-başlı, bu otaqdan qaçmaq lazım idi
müvəqqəti.
Həmin gecəni cavan bəstəkar S.Qayıblının bütün ömründə ən əlamətdar gecə
edən o qeyri-adi, qəribə hadisə də bu zaman baş verdi.
S.Qayıblının neçə il bundan qabaq sarı məxmərdən tikdirdiyi məşhur bir
pencəyi var idi. Məşhur idi ona görə ki, yay-qış həmişə əynində olardı və qəribədir
ki, S. Qayıblının özünün də bu pencəkdən zəhləsi gedirdi, fəqət bu qızılı çalarlı sarı
pencək əynindən əskik olmazdı; ona görə yox ki, başqa pencəyi yox idi – yox, var
idi, elə bu yaxınlarda yaxşı bir krep-baston kostyum tikdirmişdi və bu gün günorta
da həmin kostyumu geymişdi, çünki nəşriyyata gedəcəkdi: kitabçasının redaktoru
çox zəhmli bir qadın idi və srağagün onun bu sarı məxmər pencəyinə elə bir sarsıdıcı
nəzər salmışdı ki, S.Qayıblı öz-özünə söz vermişdi – bir daha sarı pencəkdə bu
qadının gözünə görünməsin; ona görə bu sarı pencək əynindən əskik olmazdı ki, bu
pencək onun yaşayışının ayrılmaz tərkib hissəsi olmuşdu, bu pencək ən bütöv
yeknəsəqlik rəmzi idi.
S.Qayıblı şifoneri açıb sarı pencəyi götürdü və cəld əyninə geydi ki, otaqdan
qaçsın. O, otağın işığını keçirib arakəsməyə çıxdı və heyrətlə arakəsmədəki
güzgünün qarşısında dayandı: qızılı çalarlı məşhur sarı məxmər pencək əynində
deyildi, əynindəki... başqa pencək idi. S.Qayıblı gözlərini güzgüdən ayırıb əynindəki
pencəyə baxdı, əlləri ilə pencəyin yaxasını yuxarı qaldırıb lap diqqətlə baxdı:
ömründə onun bu rəngdə belə bir parçadan pencəyi olmamışdı, əynindəki pencəyin
rəngi yaşıl idi. O, otağa girib işığı yandırdı və şifoneri açdı: bayaq sarı pencəyini
götürdüyü asqı boş idi və hələ də tərpənirdi. S.Qayıblı əynindəki bu qəribə pencəyi
çıxartdı və... o, yenə də qızılı çalarlı məşhur sarı məxmər pencəyi əlində tutmuşdu.
Cavan bəstəkar S.Qayıblını soyuq tər basdı, bir neçə an sarı pencəyə baxdı və
arakəsmədəki güzgünün qarşısına keçib ehtiyatla, yavaş-yavaş sarı pencəyi əyninə
geydi. Əyninə geydikcə də sarı pencək gözgörəsi rəngini dəyişdi: indi tünd göy
rəngli idi, nazik ağ milləri var idi.
S.Qayıblı yenə də gözlərini aynadan çəkib əynindəki pencəyə baxdı, guya ki,
arakəsmədəki güzgü onu aldadırdı, sonra keçib otağın işığında baxdı, sonra mətbəxə
keçib mətbəxin işığında baxdı, sonra vanna otağına girib vanna otağının işığında
baxdı: tünd göy rəngli miləmil pencək idi. Cavan bəstəkar S.Qayıblının ömründə
belə pencəyi olmamışdı. Yenə arakəsmədəki güzgünün qarşısına gəldi, gözlərini
güzgüdən çəkməyərək əynindəki pencəyi çıxartdı və pencək onun gözlərinin
qabağında rəngini dəyişdi, sarı məxmər pencəyə çevrildi.
S.Qayıblı otağa keçdi, əlindəki sarı məxmər pencəyi şifonerə qoydu, bir neçə
dəqiqə dinməz-söyləməz sakitcə divanda oturdu. Başı gicəllənirdi, gözləri də
qaralırdı elə bil.
Sonra mətbəxə getdi, səhər su gələndə doldurduğu şüşəni götürüb əlüzyuyana
əyildi və suyu başına, boynuna tökdü, üzünü yudu. Əl-üzünü, başını qurulamayıb
məhrəbanı boynuna saldı, otağa keçib bir siqaret yandırdı və divanda oturub siqareti
axıra qədər çəkdi.
Hər şeyi başından çıxartmaq istəyirdi, hər şeyi; dünyada heç nə yox idi, bir o idi,
bir də əlindəki siqaret, vəssalam.
Sonra qalxıb əl-üzünü, başını quruladı, məhrəbanı bir tərəfə atıb, şifoneri açdı və
sarı məxmər pencəyi götürüb bir göz qırpımında əyninə geydi və bir göz qırpımında
da sarı pencək dəyişdi: qəribə bir parçadan çox yaraşıqlı bir pencək idi, elə bil
əyninə biçilib-tikilmişdi, boz rəngdə, özündən də küknarvarı milləri var idi, həm də
çıraq kimi yanırdı pencək.
S.Qayıblı arakəsmədəki güzgünün qabağına gəldi. Əynindəki pencək o qədər
yaraşıqlı idi ki, cavan bəstəkar S.Qayıblı bu yaraşıqdan vahiməyə gəldi.
O, qapının zənginə diksindi, elə bil yuxudan ayıldı, fəqət yuxu deyildi bu,
həqiqət idi. Əynindəki pencəyi çıxardıb qapını açmaq istədi, amma əynindəki
yaraşıqlı pencəyi çıxara bilmirdi, pencək elə bil yapışqan idi, bədənindən ayrılmırdı,
düymələri də. Əslinin donunun çalğaşıqlı düymələri kimi, bir düymə qalıncaya
qədər açılır, sonra öz-özünə düymələnirdi. Zəng bir də çalındı və S.Qayıblı qapını
açdı.
Fərhad Xoşbəxt idi, salamlaşıb soruşdu ki, bir-iki mismar lazımdır, yoxundur?
Sonra da S.Qayıblının əynindəki pencəyə baxıb dedi ki, mübarəkdir təzə pencəyin,
əcəb pencəkdir, amma bilmirəm bunları neyləyirsən, onsuz da sarı pencəyi əynindən
çıxartmırsan, sonra da soruşdu ki, sənə nə olub belə, gözümə birtəhər dəyirsən?
S.Qayıblı dodaqaltı nə isə dedi, heç özü də bilmədi nə dedi, sonra mətbəxdən bir-iki
paslı mismar tapıb Fərhad Xoşbəxtə verdi və Fərhad Xoşbəxt yuxarı – öz kayutuna
qalxdı.
S.Qayıblı Fərhad Xoşbəxtin ardınca qapını bağladı və yenə də pencəyi əynindən
çıxartmağa çalışdı, amma pencək əynindən çıxmırdı. S.Qayıblı nə qədər çalışdısa da
özündən küknarvarı milləri olan bu yaraşıqlı boz pencəyi əynindən çıxara bilmədi;
bu pencək içi vakuum bir model kimi onun bədənindən ayrılmırdı. S.Qayıblı heç
işıqları da keçirtməyə macal tapmadı, səkkizinci mərtəbədəki kayutundan baş
götürüb qaçdı. Qapının ingilis kilidi «çık» eləyib bağlananda o, artıq küçədə idi – elə
sürətlə düşmüşdü pillələri.
Yağış dayanmışdısa da küçədə bir çovğun var idi. Külək boş küçələr boyu
uğuldayırdı. Bakı küçələri heç vaxt həmin gecə kimi boş və kimsəsiz olmamışdı.
Cavan bəstəkar S.Qayıblı gedirdi və hara getdiyini özü də bilmirdi. Elə bil
səkkizinci mərtəbədəki kayutundan deyil, özü özündən qaçırdı, içindən qovurdular
onu. Küçələrdəki bu uğultu onun içinə də dolmuşdu, beynini də qupquru
qurutmuşdu; fikirsizliyin, boşluğun içində idi beyni.
Sövq-təbii əlini pencəyinin cibinə salıb bir siqaret çıxartdı, qarşıdakı binalardan
birinin girişində küləkdən daldalanıb siqareti yandırdı. Dumanlı şəkildə yadına saldı
ki, bu pencəkdən xəbəri yoxdur, birinci dəfədir geyir bu pencəyi və heç vaxt bu
pencəyin cibinə nə kibrit, nə də siqaret qoyub. Ona elə gəldi ki, əvəz-əvəz olsun
deyə, bu siqareti də, bu kibriti də onun cibinə bayaqkı gözətçi qoyub.
Kim isə onun üstünə qışqırdı ki, ay yoldaş, yavaş ol, niyə ayağının altına
baxmırsan yeriyəndə, üstümüzə çıxmayacaqsan ki. O diksindi və yalnız indi özünü
hansı bağda isə xudmani bir guşədə qalanmış balaca ocağın qarşısında gördü; az
qalmışdı ocağın üstünə yerisin. Bura hansı bağ idi, indi də yadında deyil. Ola bilsin
ki, dənizkənarı park idi, çünki havadakı uğultuya elə bil dəniz səsi də qatışmışdı.
Cavan bəstəkar S.Qayıblının üstünə qışqıran və yəqin ki, bu ocağı da qalayan
kişinin əynində köhnə sırıqlı var idi, üz-gözünü də tük basmışdı. Bəlkə o da
dənizkənarı parkın gözətçisi idi, bəlkə də bir əyyaş idi. Ocağın kənarında çöməlib
əlində çubuq tutmuşdu, çubuğun ucuna bir sosiska keçirtmişdi, sosiskanı ocaqda
qızardırdı.
Bu balaca ocağın qaranlıq içindəki qəfil parıltısı və qəfil istisi elə bil
S.Qayıblının bütün daxilini silkələdi, elə bil beynindəki fikirsizliyi də qovub
çıxartdı, içindəki uğultunu da.
Ocağın kənarında çöməlib sosiska qızardan kişi S.Qayıblıya dedi ki, bu boranda
nə olub belə, nə qovhaqovdur? Elə bil səni qamçılayırdılar, az qaldı ocağımı da
dağıdasan. Sonra dedi ki, kim bilir, bəlkə də elə qamçılayırmışlar, amma adamı ki,
həmişə başqası qamçılamır, bəzən adam özü də özünü qamçılayır, ya bilə-bilə, ya da
qeyri-cür. Sonra da dərindən nəfəs alıb qızaran sosiskanın iyini içinə çəkdi və dedi
ki, ya qamçılayırlar, ya da qamçılamırlar, dəxli yoxdur, sən də çöməl, qızış, həm də
qonağım ol, balaca bir şüşəm də var.
Cavan bəstəkar S.Qayıblı ocağın kənarında çöməldi, əllərini oda tutdu, bütün
canına bir ilıqlıq işlədi. O, qəribə bir sərbəstlik, qəribə bir azadlıq hiss edirdi – niyə?
– səbəbini özü də bilmirdi. Bu qəribəlik onun canına yayılmış ilıqlıqda idi.
Cibindən bir siqaret çıxardıb yandırmaq istədi, sosiska qızardan kişiyə də təklif
etdi. Kişi dedi ki, mənim xüsusi siqaretim var, sonra döş cibindən bir «Pamir»
çıxartdı. Yan cibindən də Nuh-Nəbidən qalmış kələ-kötür bir müştük çıxartdı,
siqareti müştüyə keçirib odda yandırdı.
S.Qayıblı, nədənsə, birdən-birə əlində tutduğu siqareti odun üstünə tulladı və bu
siqaretin alovlanmasına tamaşa etdi. Yanıb kül oldu bu siqaret. Bu siqaret «P.M.
klubu»nun gözətçisinin payı idi.
Sırıqlı geymiş kişi qızaran sosiskanın iyini yenə də ciyərinə çəkib: «Bəh-bəhbəh...
» – dedi, sonra da başını yuxarı qaldırıb zülmət göyə baxdı, elə bil, qulaqlarını
da şəkləyib küləyin, dalğanın səsinə bir müddət fikir verdi, «Pamir»dən dərin bir
qullab vurub müştüyü ağzında saxladı, əlini də ocağın üstünə tutdu: «Bunun ayrı
ləzzəti var». Yaman ürəkdən dedi. S.Qayıblı soruşdu ki, nəyin? Sosiska qızardan
kişi balaca gözlərini qıyıb ona baxdı, özü də elə baxdı ki, yəni ey zahidi bizövq...
Sonra da dedi ki, bax bu gecənin, bu ocağın, bu kababın.
...O, öz kayutuna qayıdanda gecə yarıdan keçmişdi. Asta addımlarla pillələri
qalxdı. Qapını açıb arakəsməyə girdi. Işığı yandırdı. Bir müddət yerindəcə dayandı,
sonra pencəyi çıxartdı; pencək adi pencək kimi əynindən çıxdı və elə həmin pencək
olaraq da qaldı: özündən küknarvarı milləri olan yaraşıqlı boz pencək. Bir az baxdı
əlindəki bu pencəyə, sonra cəld addımlarla otağa girib şifoneri açdı: qızılı çalarlı o
məşhur sarı məxmər pencək asqıdan asılmışdı.
Cavan bəstəkar S.Qayıblı başa düşdü ki, bu, təklifdir: özün seç – ya sarı pencək,
ya da təzə pencək.
O, sarı pencəyi asqıdan çıxartdı, yaraşıqlı boz pencəyi onun yerindən asdı və
şifoneri bağladı. Bu kiçicik əməliyyatı elə bir sakitliklə və qanunauyğunluqla gördü
ki, bir anlıq özü də sakitliyinə təəccüb etdi.
Sonra sarı pencəyi mətbəxə apardı, zibil yeşiyinin qapağını qaldırıb bu qızılı
çalarlı məşhur sarı məxmər pencəyi lotereya qırıntılarının üstündən vedrənin içinə
basdı və vedrəni götürüb cəld addımlarla pillələri aşağı endi, həyətdə yan-yana
düzülmüş zibil qablarının birinin içinə boşaltdı.
O, geri qayıdanda pusquda dayanmış pişiklər zibil qabına cumdular, guya ki,
yeməli bir şey olacaqdı.
Cavan bəstəkar S.Qayıblı vedrəni aparıb yerinə qoydu, sonra elə bil bir daha
xatircəm olsun deyə şifoneri açdı: yaraşıqlı boz pencək öz yerində idi.
Fərhad Xoşbəxt də, deyəsən, daha çarpayısına uzandı – addımlarının səsi
birdən-birə kəsildi.
Külək də daha dayanmışdı deyəsən.
Yağış çoxdan kəsmişdi.
Qarşıdakı qara binanın üçüncü mərtəbəsində yaşayan qızın işığı sönməmişdi
hələ. Qəribə qızdır bu qız. Maraqlı qızdır.
S.Qayıblı divanda uzandı və həmişəkindən fərqli olaraq dərhal yuxuya getdi.
Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı – bilirdi ki,
heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə «starıveşə» satdığını
deyirdi, deyirdi ki, nə qədər elədim zalım oğlu «starıveş» otuz qəpikdən artıq
vermədi.
Dost-tanışları bunu eşidəndə xeyli gülürdü.
Noyabr, 1968.
|