«SARI GƏLIN»
... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl
döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların
yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın
üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi
və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu
sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən,
əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...
... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda
altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların,
o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:
Saçın ucun hörməzlər,
Səni mənə verməzlər,
Nə ola bir gün görəm,
Nazlı yarın, ah, üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
... sonra o şıdırğı yağış kəsəcəkdi, sonra axşam düşəcəkdi, sonra da bütün bu
yerlərə bir qaranlıq çökəcəkdi, amma o səda da, o mahnı da yenə bu yerlərlə birlikdə
olacaqdı:
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu...
Nə ola bir gün görəm,
Nazlı yarın üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
* * *
«Payız yağışı» kababxanasının görkəmində adından savayı yaxşı bir şey yox
idi. Sovet Ittifaqı zamanı Bakının 3-cü mikrorayonunda tikilmiş səkkizmərtəbəli
yaşayış binasının həyətinin aşağı başında hansı müəssisəninsə balaca bir avtomobil
təmiri emalatxanası var idi, amma elə ki, Sovet Ittifaqı dağıldı, kimlərsə bu
emalatxananı özəlləşdirdilər, sonra da oranı kababxana elədilər.
Düzdü, deyilənə görə bu kababxanada yaxşı kabab bişirirdilər, amma o
səkkizmərtəbədə yaşayan adamlar ocaq tüstüsündən, daimi kabab iyindən, ora gəlibgedən
müştərilərin hərdən səs-küy salmasından çox narazı idilər, yeganə xoşagələn
bir şey var idi ki, bəzən «Payız yağışı»ndan həzin bir klarnet səsi gəlirdi, o zaman
sakitlik çökürdü, o klarnetin səsi səkkizmərtəbədəki insanların içində nəsə elə bir
hissiyyat yaradırdı ki, onlar bir müddət o daimi kabab iyini də, o ocaq tüstüsünü də,
tərbiyəsiz müştərilərin qışqır-bağırını da yaddan çıxarırdılar...
* * *
Həmin gözəl yaz günü klarnetçalan Fətulla həmişəki kimi, sübh tezdən
yatağından qalxıb əl-üzünü yumağa gedəndə, arvadı – Firuzə – elə bil, elə onun
durmağını gözləyirdi, mətbəxdən başını uzadıb:
– Fətulla, durdun?– soruşdu, sonra da: – Sözüm var e, sənə... Get, yuyun,
sonra... – dedi və bu sözləri elə dedi ki, Fətullanın ürəyindən tarın sarı simi kimi çox
nazik, amma çox da sərt bir sızıltı keçdi: Firuzənin bu səsində bir yazıqlıq var idi,
acizlik var idi və Fətulla boyda kişi əl-üzünü yuya-yuya özünü güclə saxladı ki,
əməllicə kövrəlməsin və ürəyində bu dünyanın qarasına yağlı bir küçə söyüşü söydü,
çünki son vaxtlar,– səbəbi nə idi? heç özü də bilmirdi!– arvadının cavanlıq çağları
tez-tez gəlib gözlərinin qabağında dururdu, o çağları ki, indi xınadan qıpqırmızı
qızarmış ağ saçların heç izi-tozu da yox idi, bilək yoğunluğunda qapqara iki hörüyü,
az qala, topuğunacan uzanırdı, qəddi-qamətli bir ceyran balası idi və günə deyirdi,
sən çıxma, mən çıxacağam, aya deyirdi, yox, sən çıxma, mən çıxacağam və bütün
məhəllə cavanlarının gözü o hörüklü qızda idi, o hörüklü qız isə o qədər cavanın
arasından onu, yəni, indi ürəyindəki o sızıltı ilə əl-üzünü yuyan Fətullanı seçdi.
Fətullanı seçdi, amma ona görə seçmədi ki, otuz ildən sonra, aya, günə meydan
oxuyan o qızın səsi indi belə yazıqlaşsın, ona görə seçmədi ki, Firuzə bu yaz
məhəllədəki dalbadal beş toyun beşinə də eyni paltarda getsin, ona görə seçmədi ki...
və Fətulla az qaldı əlindəki sabunu güzgüdəki əksinə çırpsın...
yaxşı...
bəsdi...
başqaları səndən də pis gündədi...
və o vaxtlar Fətulla da qara, qıvrımsaçlı, qabağındanyeməyən, həyət qapıları ilə
üzbəüz qoşa tut ağacının kölgəsində oturub küçədən ötən, pəncərələrdən boylanan
məhəllə qızlarının xəlvəti baxışları altında şəstlə nərd oynayan və məhəllə
cavanlarının hamısını udan bir oğlan idi və o hörüklü qızın bu qədər cavanın içində
Fətullanı seçməyi də, yayın cırhacır istisində məhəllə kişilərinin bu qoşa tut ağacının
kölgəsində oturması kimi bir şey idi, yəni, təbii idi, burada təəccüblü heç nə yox idi,
Fətulla görkəmiylə də, ədasıyla da o hörüklü qıza layiq bir cavan idi, amma elə o
vaxtlar papaqçı Cəfər – hörüklü qızın atası – iki ayağını bir başmağa dirədi ki, mən
zurnaçalana qız verməyəcəyəm.
Məsələ burasında idi ki, Fətullagil nəsillikcə musiqiçi idilər, ulu babası da,
babası da, atası da Bakının məşhur balaban çalanları olmuşdular və Fətulla özü də
lap uşaqlıqdan balaban çalmağa başlamışdı və balaban hava kimi, su kimi bir şey idi
və Fətulla üçün bizim bu gözəl dünyamızda balabansız yaşamaq mümkün olan bir iş
deyildi, amma papaqçı Cəfər ki, iki ayağını bir başmağa dirədi, Fətulla o hörüklü
qızdan ötrü bütün həyatının mənası hesab elədiyi balabandan əl çəkdi, klarnetə
keçdi.
Klarnet, görünür, papaqçı Cəfər üçün balabandan xeyli hörmətli imiş və papaqçı
Cəfər axır ki, o hörüklü qızın razılığını verdi.
O vaxtdan düz otuz altı il keçib.
Bu otuz altı ildə Fətullanın klarneti çox məclislər yola salmışdı, çox toylar
çalmışdı, böyük bir ailəni – özləri və beş qız – dolandırmışdı, o klarnet qızları
böyütmüşdü, oxutmuşdu, onları ərə vermişdi.
Sovet vaxtında indiki qədər çalğıçı yox idi, amma elə ki, Sovet Ittifaqı dağıldı, o
qədər oxuyan, çalan peyda oldu ki, məəttəl qalmalı iş idi – bunlar əvvəllər harda idi?
müstəqillik bunlara necə hamilə olmuşdu ki, birdən-birə bu qədər doğdu bunları? və
hamısı da çalğı çalandan çox, yaxşıca mantyor idi, bu mənada ki, bütün çalğı
alətlərini elektrikə calayırdılar, bir hay-küy salırdılar, bir oyun çıxarırdılar, bir geyim
geyinirdilər ki, Fətullanın klarneti axırda balaca bir kababxanalıq oldu və bir vaxtlar
eləcə pul gətirən o klarnet indi ancaq həmin kababxanaya gələn üç nəfərin, beş
nəfərin cibinə baxmağa məcbur oldu.
Və Fətulla əl-üzünün sabununu yuya-yuya gözlərini qaldırıb güzgüyə baxmırdı,
bu çalbaş, bığları ağappaq ağarmış kök kişiyə baxmaq istəmirdi, amma, o məqamda,
elə bil, güzgü maqnitə dönmüşdü, Fətullanın gözləri də dəmirə – güzgü o gözləri
özünə çəkirdi...
mənə baxmalısan!..
mənə baxmalısan!..
* * *
Norveçli Martinius Asbyornsen artıq yeddi il idi ki, Bakıdakı xarici neft
şirkətlərindən birində baş mühasibin köməkçisi vəzifəsində işləyirdi və Ibseni çox
sevsə də, əntiq əşyaların satışı ilə məşğul olan Bakı dəllallarını Ibsenin
qəhrəmanlarından qat-qat yaxşı tanıyırdı, həmin əntiq əşyalara baxanda, onların
gətirəcəyi gəliri əvvəlcədən hiss edəndə, sevimli bəstəkarı Qriqin musiqisindən də
qat-qat artıq dərəcədə həzz alırdı.
Düzdü, indi yerli sakinlər də, dəllallar da beş-altı il bundan əvvəlkilər deyildi,
çox ayılmışdılar və Sovet Ittifaqı dağılandan sonra ki, sərhədlər açılmışdı, Bakıya
gəlib-gedən xaricilər əntiq əşyaları – qədim Azərbaycan xalçalarını, zərgər işlərini,
misgərlik nümunələrini, lap elə müasir rəssamların əsərlərini su qiymətinə alırdılar,
xaricə aparıb on qat, hətta, yüz qat artıq qiymətə satırdılar, ya da çox az pulla
özlərinə zəngin, qiymətli şəxsi kolleksiyalar düzəldirdilər – beş-altı il bundan əvvələ
qədər belə idi, sonra isə, təzə dəllallar peyda oldu, qiymətlər qalxdı, amma nə qədər
qalxsa da, respublikanın sakinləri nə qədər ayılsalar da, əntiq Azərbaycan və Şərq
əşyalarının Azərbaycandakı qiyməti Avropada və ABŞ-dakı qiymətlərə nisbətən çox
ucuz idi.
Əlbəttə, həmişə belə olmayacaqdı, fürsətdən istifadə etmək lazım idi. Düzdü,
belə getsəydi, bir-iki ildən sonra Azərbaycanda daha heç nə qalmayacaqdı, amma
bu, sonranın problemi idi və bu problemlə, qoy, gələcəyin adamları və
azərbaycanlıların özü məşğul olsun.
Təbiətən cəld, ağıllı və işbacaran bir adam olan Martinius Asbyornsen isə, həm
də çox ayıq adam idi, əvvəlcə özünə qədim Azərbaycan xalçalarından və xalça
məmulatlarından ibarət gözəl və qiymətli şəxsi kolleksiya düzəltdi, sonra başa düşdü
ki, bu yerdə şəxsi kolleksiya ilə kifayətlənmək olmaz, əməlli-başlı biznesə girişmək
lazımdır – başa düşdü və cani-dildən fəaliyyətə başladı, bu illər ərzində həmin
biznesin gizli yollarını da, rəsmi yollarını da yaxşıca mənimsədi və yaxşı da pul
qazandı.
Norveçdəki tanış-bilişlərinin (elə özünün də!) heç ağlına da gəlməzdi ki,
haçansa Sovet Ittifaqı dağılacaq və o qorxunc Sovet Ittifaqının dağılması Martiniusu
bəxtəvər edəcək, dünənə qədər heç kimin tanımadığı Azərbaycan adlı bir ölkədə bu
balaca, dazbaş, yekəqarın adamın bəxti beləcə açılacaq.
* * *
Firuzə təzəcə dəmlədiyi çayı, yağı, pendiri, çörəyi gətirib Fətullanın qabağında
mizin üstünə qoyanda, Fətulla hiss elədi ki, Firuzə, nəsə, gözlənilməz bir şey
deyəcək və soruşanda ki:
– Deyirdün sözün var mənə?
Firuzə də:
– Çayuvu iç, sonra deyərəm... – deyəndə, Fətulla lap yüz faiz bildi ki, Firuzənin
sözü nəsə təzə bir söz olacaq, amma o təzəlik necə olacaq? yaxşı olacaq? pis olacaq?
– bunu bilmirdi.
Firuzə o sözü deməyə tələsirdi, amma, eyni zamanda, elə bil ki, ürək eləmirdi və
Fətulla fikirləşdi ki, bəlkə qızlarla bağlı nəsə bir xəbər var? amma nə olacaqdı? əgər
təzə nəvə xəbəriydisə, burda ehtiyat eləməli təzə bir şey yox idi – altıncı nəvə
olacaqdı – başqa bir səbəb isə, Fətullanın ağlına gəlmirdi.
Və elə ki, həmişəki pendir-çörəyi yedi, şirin çayı içdi:
– Hı?– dedi.– Nə olub?
Firuzə:
– Heç nə...– dedi.– Nə olacaq ki, Allaha şükür, hər şey yerindədi...
– Deyirdün axı sözün var...
Firuzə ona yaxınlaşdı və biləyindən tutub:
– Bir bura gəl...– dedi və Fətullanı ardıyca, otağın həyət qapısına tərəf çəkdi.
Düz otuz altı il idi ki, evli idilər və bu otuz altı ildə hər dəfə Firuzənin əli onun
əlinə dəyəndə, Fətullanın bədənindən bir cərəyan keçirdi, elə bil...
elə bil...
elə həmin qalın qoşa hörüklü qızın əli idi, o əlin hərarəti, o əlin gətirdiyi
hissiyyat idi...
Fətullagilin həyət qapılarının qarşısında, gövdəsi yoğunlayıb qocalmış bir sarı
şanı üzüm ağacı var idi və bu ağacın yaşı Fətullanın yaşından çox idi, ağacın
budaqlarını Fətullagilin birmərtəbəli binalarının damına qaldırmışdılar və damda o
budaqlardan talvar düzəltmişdilər və elə ki, yaz gəlirdi, o budaqlar yarpaqlamağa
başlayırdı, bir azdan damdakı o talvar məhəllənin cənnət guşələrindən biri olurdu,
yay günortasının cırhacır istisində də yarpaqların sıxlığından o talvara gün şığıya
bilmirdi, ən gözəli isə bu idi ki, o qoca üzüm ağacının elə təzə-tər yarpaqları olurdu,
elə bil, yetmişinci, səksəninci dəfə deyildi açmağı, birinci dəfə açılıb dünyaya gəlirdi
və o qədər də sapsarı şanısı olurdu ki, Firuzə bütün ilin abqorasını, sirkəsini
düzəldirdi, doşabını bişirirdi, bal kimi şanıdan vedrə-vedrə qızlara göndərirdi,
yarpaqlarını duza qoyurdu və qışda da, payızda da o yarpaq dolmasını bişirirdi ki,
Fətullanın aləmində, dünyada heç kim o dadda yarpaq dolması bişirmirdi və bişirə
də bilməzdi.
Firuzə Fətullanı ardıyca çəkib həyətə çıxartdı və yamyaşıl yarpaqları, az qala,
ovuc içi boyda böyümüş üzüm salxımlarını göstərib:
– Görürsən, Fətulla?.. – dedi.
Fətulla, hər halda, sənətkar idi və bu yaz səhəri Firuzənin onu həyətə çıxarıb
yamyaşıl bir gülüşlə adamın üzünə gülən bu üzüm budaqlarını göstərməsi, doğrusu,
Fətullanı əməlli-başlı həyəcana gətirdi və Fətulla lap o cavanlıq çağlarındakı kimi,
həyətin ortasında Firuzəni qucaqlayıb sinəsinə sıxmaq istədi, amma bu vaxt Firuzə
deyəndə ki:
– Bilirsən, Fətulla, bir söz deyəcəyəm, ancaq... hirslənmə...
Fətullanın ürəyi, elə bil, bir boşluq içində uçunan kimi oldu və Fətulla yüz faiz
başa düşdü ki, nəsə, çox pis bir söz eşidəcək.
Firuzə dedi:
– Fətulla... bilirsən... istəyirəm... istəyirəm bu yarpaqları yığım... aparım bazarda
satım...
Əvvəlcə Fətulla elə bildi ki, Firuzənin dediklərini düz başa düşmədi, amma elə
ki, bu sözlər şapalaq kimi onun beyninə çırpıldı, Fətullanın sifəti nə günə düşdüsə,
Firuzənin rəngi ağappaq ağardı və Fətulla:
– Nə?– deyə xırıldayanda, Firuzə:
– Hirslənmə, Fətulla, sən Allah, hirslənmə!..– dedi.
Fətulla eyni xırıltıyla:
– Mənim arvadım gedib bazarda yarpaq satacaq? – soruşdu və elə bil, o, bu
sualı, Firuzəyə yox, özünə verdi, əslində heç özünə də yox, Fətulla bu sualı
naməlum bir varlığa verdi...
bəlkə taleyə verdi?..
Allaha verdi?..
kimə verdi?..
bilmirdi, amma orasını tamam aşkar bilirdi ki, həyatının bu məqamına gəlib
çatmaqdansa, o qoşa hörüklü qızı otuz altı ildən sonra, belə bir ehtiyaca ürcah
etməkdənsə, o, yəni, Fətulla, ölsəydi, bundan min qat yaxşı idi.
Firuzə, Fətullanın bircə anın içində bərəlmiş gözlərinə, qıpqırmızı qızarmış
sifətinə baxa-baxa əməlli-başlı qorxuya düşdü, axır vaxtlar, onsuz da, Fətullanın qan
təzyiqi yuxarı idi (hərdən 110 – 170-ə olurdu) və Firuzə sidq-ürəkdən gələn bir
yalvarışla:
– Fətulla, qurban olum sənə, sözdü də, dedim... qurban olum, Fətulla... fikir
vermə, deməmiş olum, Fətulla... vallah, day bir də belə söz demərəm... – Firuzə
yenə Fətullanın biləyindən tutdu və bu otuz altı ildə birinci dəfə Fətulla sərt bir
hərəkətlə qolunu dartıb:
– Əlüvü çək mənnən!.. – dedi.
* * *
Miss Merilin Consonun əlli bir yaşı var idi, amma indiyə qədər ərə getməmişdi
və bu zənci qadın həddən artıq gombul idi. ABŞ-da bu cür kök adamlara tez-tez rast
gəlmək mümkündü və əlbəttə, bu cürə köklüyün səbəbi qidanın tərkibindəki süni
maddələr idi.
Yemək – miss Merilin Consonun həyatının əsas problemi idi və artıq əsas da
məqsədə çevrilmişdi və bu mənada miss Merilin Conson sonuncu iş yerindən çox
razı idi.
Miss Merilin Conson Nyu-Yorkda, Manhettimdə, BMT-nin lap yaxınlığındakı
«Reqal Y.N. Plaza» oteli ilə üzbəüz binanın 23-cü mərtəbəsində, tanınmış və
nüfuzlu bank işçisi mister Isaak Blyumentallın evində qulluqçu işləyirdi və mister
Blyumentallın özü də, missis Blyumentall da yeməklərinə xüsusi fikir verən və
azyeyən adamlar olduğu üçün, mağazadan alınan, sifariş gətirilən ərzağın çoxu
tökülüb qalırdı və miss Merilin Conson evin işlərini görməklə bərabər, dəyirman dən
üyüdən kimi, səhərdən axşama kimi, ekoloji cəhətdən çox təmiz və buna görə də çox
baha olan həmin ərzaqları yeməklə məşğul olurdu.
Mister və missis Blyumentallar sonsuz idi, azdanışan, sakit, rahat, qayğısız
həyatı sevən adamlar idi.
Missis Blyumentallın ağappaq bir pudeli var idi və o pudellə daha çox danışırdı,
nəinki mister Blyumentalla, yaxud da miss Consonla, iti tez-tez təmiz havaya
çıxarırdı, onu özü təmizləyirdi, özü çimizdirirdi, özü pudeli xüsusi bərbərin yanına
aparıb yeni dəblə qırxdırırdı, qıvrım tüklərini özü darıyırdı, onu özü yedizdirirdi və
miss Conson bu itlə bağlı heç bir əziyyət çəkmirdi.
Mister Blyumentall maliyyəçi dairələrdə məşhur və nüfuzlu bank işçisi olmaqla
bərabər, məşhur da kolleksiyaçı idi, qədim musiqi alətləri yığırdı və işdən gəlib
yüngülcə bir şamdan sonra, gecənin yarısına qədər vaxtını, ideal bir səliqə ilə
kolleksiyanı topladığı ayrıca üç otaqda keçirirdi, zəngin kolleksiyasındakı nadir
nümunələrdən birini götürüb rahat kreslosunda əyləşirdi, böyüdücü şüşə ilə baxabaxa
o nümunəni santimetr-santimetr tədqiq edirdi, cürbəcür məlumat kitablarına,
kataloqlara baxırdı və sairə.
Kolleksiyadakı nümunələrin, o cümlədən, Q. da Salonun bir, A. və N.Amatilərin
bir, Stradivarinin isə iki (!) skripkasının tozunu da mister Blyumentall şəxsən özü
alırdı və bu baxımdan da missis Consonun heç bir qayğısı və qorxusu yox idi ki,
birdən nəsə əlindən yerə düşər, əzilər, zədələnər, nəyəsə toxunar...
* * *
Firuzənin nə təqsiri var idi? hə? nə təqsiri var idi? heç nə... gör sən bu evi, bu
yazıq Firuzəni hansı günə gətirib çıxarmısan ki, meynənin yarpaqlarını yığıb aparıb
bazarda satmaq istəyir... sənin o atan ki, bu meynəni bu həyətdə əkmişdi, əkəndə heç
onun ağlına gələrdi ki, haçansa oğlunun ailəsi o günə qalacaq ki, arvadı gedib
bazarda meynə yarpağı satmağa möhtac olacaq?.. o rəhmətlik papaqçı Cəfər ki, o
qoşa hörüklü qızı zurnaçıya vermək istəmirdi (yaxşı da eləyirdi!), klarnetçalana
verdi (çox da səhv bir iş tutdu!), indi qızının bu gününə qəbirdə tərpənməsin, nə
eləsin?.. axmaq oğlu, axmaq, Firuzənin əlini itələməkdənsə, get, öz başını divara vur
də, Firuzə neyləsin?..
... və mizin arxasında dinməzcə oturub, barmaqlarını sındıran Fətulla, görəndə
ki, Firuzə həyət qapısından otağa girdi və Firuzənin gözləri də ağlamaqdan
qıpqırmızı qızarıb, özünü güclə saxladı ki, durub Firuzəni qucaqlamasın, «sənin nə
günahın var, əzvayın biri mənəm!»– deməsin, amma Fətulla özünü saxladı və
qorxdu ki, birdən Firuzənin yanında gözləri dolar, ona görə də gözlərini mizin
üstündə eləcə ovuşdurduğu barmaqlarından çəkməyə ürək eləməyib təkcə elə:
– Axı, nədi e?.. – soruşdu.
Firuzə də ona baxmadı, mizin üstündəki çay-çörək qalığını yığışdıra-yığışdıra
titrək bir səslə:
– Uşağın kiçik toyu olacaq də... – dedi.
... indi başa düşdün, kütbeyin oğlu, kütbeyin, başa düşdün, ya yox?.. hədiyyə
almaq istəyir də, uşağa, nə ilə alsın?.. gedib nə eləsin?.. sənin o klarnetin elə sənin
başına dəysin!.. nə gətirirsən evə?.. gətirdliyini elə öz qarnına tıxırsan də!..
Məsələ burasında idi ki, düz beş gündən sonra – üzümüzə gələn bazar –
Fətullanın beş yaşlı oğlan nəvəsini sünnət edəcəkdilər və Firuzə də uşağa hansı
hədiyyə almaq və o hədiyyəni hansı pulla almaq barədə fikirləşəndə, axırda gümanı
gələn yer bu qoca üzüm ağacı olmuşdu...
... başa düşdün, axmaq oğlu, axmaq!..
* * *
Əlbəttə, Fətulla bilirdi ki, «Payız yağışı»ndan gələn pul azdı, evin xərcinə bəs
eləmir, amma işin lap belə bir vəziyyətə gəlib çıxdığını bilmirdi, çünki pulu gətirib
verirdi Firuzəyə, evin xərcləri ilə də Firuzə məşğul olurdu və Firuzə də Fətullaya
şikayət etmirdi ki, qanı qaralmasın, onsuz da Fətulla əlindən gələni edirdi, yaşının
bu çağında, kababxanaya gəlib-gedən övladı yaşında müştərilərin (özü də necə
müştərilərin! biri kefli olurdu, o birisi dalaşqan olurdu, o birisi də, Allah bilir, hansı
yuvanın quşu olurdu...) sifarişilə klarnet çalırdı – Fətulla bədbəxt, bundan artıq nə
etməli idi?
Ancaq kürreyi-ərz alt-üst olsaydı da, Fətulla razı ola bilməzdi ki, onun evində
elə bir vəziyyət yaransın ki, nəvəsinin kiçik toyuna hədiyyə almaq üçün, Firuzə
bazara gedib yarpaq satmaq fikrinə düşsün.
Və bu zaman Fətulla gəlib, Firuzənin xüsusi səliqə ilə bəzədiyi bufetin
qabağında dayandı, gözlərini bufetin yuxarı qatında, şüşənin arxasındakı o qədim
sədəfli balabana zillədi. Üstü gümüş, sədəf və firuzə ilə işlənmiş bu balaban
Fətullaya ata-babasından qalmışdı və Fətullagilin evinin çox əziz bir ərməğanı idi.
Vaxtilə bu balabandan qəzetlər də yazmışdı, muzeydən də gəlib onu almaq
istəmişdilər, amma Fətulla verməmişdi, çünki Fətulla belə fikirləşirdi ki, əgər, bu
balabanı satsa, ya kiməsə versə, dədə-babasının ruhu qarşısında kişiyə yaraşmayan
bir iş görmüş olar.
Və ümumiyyətlə, hərdən Fətullaya elə gəlirdi ki, o gün ki, Fətulla bu balabanı
yerə qoydu və klarneti əlinə götürdü, o gündən də bu balaban təkcə Fətulladan yox,
bütün dünyadan küsdü.
Amma bəzən – ildə bir dəfə, bəlkə də iki ildə bir dəfə Fətulla balabanı bufetdən
çıxarırdı, həyətə çıxırdı, o meynənin qabağındakı balaca çarhovuzun həmişə səliqə
ilə əhənglənmiş sürahisində otururdu, o balabanı sazlayırdı və bir «Sarı gəlin»
çalırdı.
Və o zaman Fətulla hiss edirdi ki, barmaqları balabanın dəlikləri üstündə
oynadıqca, balaban onunla barışır və Fətulla bir də onu hiss edirdi ki, balabanı
axırıncı dəfə bufetin gözünə qoyandan sonra, bütün bü müddət ərzində, balaban
səbrlə bu günü – həyətdəki bu xudmani «Sarı gəlin» bayramını gözləyib.
Muzey işçiləri balabanın üstündə ərəb əlifbasında sədəflə yazılmış yazını da
oxumuşdular və Fətulla o yazını kiril əlifbası ilə ağ bir kağıza yazdırıb, muzeylərdə
olan kimi, balabanın qarşısına qoymuşdu:
Il – 923.
Camadiül-əvvəl – 6.
Təbriz.
Usta Məhəmməd ibn Yusif ibn Mütəllib.
Bu – balabanı Təbrizdə yaratmış ustanın adı və hicri təqvimlə yaranma tarixi idi
ki, elə həmin muzey işçilərinin hesablamasına görə, milad ilə 1516-cı il iyun ayının
30-u eləyirdi.
Sovet vaxtı indiki kimi deyildi, muzeylərin pulu çox idi və o muzey işçiləri çox
çalışdılar, çox əlləşib-vuruşdular, amma Fətulla balabanı muzeyə satmadı, icazə
verdi ki, gəlib şəklini çəksinlər, hara istəyirlər göndərsinlər, nə istəyirlər yazsınlar,
amma o sədəfli balabanın özü eləcə bu bufetin yuxarı qatında qaldı və mötəbərliyi
daha da artdı.
Fətullagilin evindən dörd qapı aşağıda Ələkbərgilin evi idi, Ələkbər misgər idi
və qabaqlar Bakının Basin küçəsində, 11 saylı tramvayın dayanacağının yanında
balaca bir misgərxanası da vardı, sonralar küçəni genişləndirəndə o misgərxananı da
dağıtdılar və o vaxtdan da Ələkbər ailəsini mis qabları qalaylamaqla dolandırırdı,
amma elə ki, Sovet Ittifaqı dağıldı, qəribə bir əhvalat baş verdi: Ələkbərin
zirzəmisindəki mis qazanlar, sinilər, samovarlar və başqa üstünü toz basmış mis
əşyalar matah oldu, şirəyə arı gələn kimi, əvvəlcə xaricilər, sonra da birdən-birə
peyda olmuş Bakı dəllalları Ələkbərin o mis qablarını böyük pullarla almağa
başladılar və mis qabları qurtarandan sonra, Ələkbərin özü dəllala çevrildi və misgər
Ələkbər gözgörəti varlanıb məhəllənin yaxşı yaşayan adamlarından biri oldu, hətta,
özünə bir «Mersedes» də aldı, düzdü, bu «Mersedes» 1986-cı ilin buraxılışı idi,
amma, hər halda, «Mersedes» idi.
Pişik iy çəkən kimi, Ələkbər də düz üç dəfə Fətullagilə gəlmişdi və həmin
balabanı almaq istəmişdi və hər dəfə gələndə də balabanın əvəzinə verəcəyi məbləği
bir qism artırmışdı, amma ala bilməmişdi və sonuncu dəfə gələndə, Fətulla gözlərini
qıyıb: «– Ələkbər, – demişdi, – bu evin qapısı həmişə sənün üzüvə açıqdı. Ancaq bu
məsələdən ötrü bir də bu evə gəlmə!» – və ondan sonra, Fətullanın xasiyyətinə bələd
olan Ələkbər, bir də balaban məsələsinə girişməmişdi.
* * *
Bütün məhəllə, Fətullanı tanıyanların hamısı, hətta Firuzə də elə bilirdi ki,
klarnet Fətulla üçün hər şeydir, Fətullanın ən yaxın sirdaşıdır, Fətullanın ürəyinin
dedikləridir, ürəyinin səsidir və məhəllə də, tanış-biliş də, Firuzə də düz
fikirləşirdilər, həqiqətən də, belə idi, amma, Fətullanın ürəyinin çox dərinlərində bir
nöqtə var idi, o nöqtəyə qədər belə idi, o nöqtədən sonra isə başqa bir hiss var idi və
dünyada heç kimin, hətta, Firuzənin də xəbəri yox idi ki, o nöqtədən sonra Fətulla
üçün klarnet boş şey idi (!), çünki o nöqtədən sonra təbiətin səsi gəlirdi, yəni bu
mənada ki, dənizin uğultusu, quşların səsi, yarpaqların xışıltısı...
Günlərin bir qəribə günündə, axşam çağı, küçə qapılarının qabağındakı qoşa tut
ağacının altında oturub, həmişəki kimi, məhəllənin kişiləri ilə nərd oynamağa
hazırlaşan Fətulla, o qoşa tut ağacının yüngül mehdən xışıldayan yarpaqlarına qulaq
asdı, o xışıltı, elə bil, yapışqan kimi, beyninə yapışdı, eləcə də orada qaldı, neçə
müddət ondan əl çəkmədi və çağa dad, yaxud nəsə başqa bir şey kəşf edən kimi,
birdən-birə kəşf etdi ki, onun klarneti təbiətin bu dediklərini heç zaman deyə
bilməyəcək.
O qoşa tut ağacının yarpaqları nə deyirdi?– Fətulla bunu heç kimə və heç vəchlə
başa sala bilməzdi, çünki özü də bilmirdi ki, o yarpaqlar nə deyir, amma yarpaqların
o xışıltısındakı sirri dünyanı heç bir çalğı aləti o cürə verə bilməzdi.
Bircə o balabandan və o balabanın «Sarı gəlin»indən başqa.
Amma Fətulla burasını da başa düşürdü ki, bu, onun üçün, yəni Fətulla üçün
belədir və bir pianoçu da belə fikirləşə bilər ki, bunu, ancaq piano bacarar, skripkaçı
da fikirləşər ki, o sirri, ancaq skripka söyləyə bilər.
Hər halda, o kəşfdən sonra Fətulla xeyli müddət bikef oldu, nəinki bütün
ömrünü həsr etdiyi klarnet, ümumiyyətlə, həyat onun üçün mənasız göründü və o
axşam Fətulla nərdi də çox könülsüz oynadı və uduzdu, amma o kəşfi barədə heç
vaxt heç kimə heç nə demədi.
* * *
Əgər, Fətulla, misal üçün, pianoçalan olsaydı, onda övladı – fərqi yox idi, ya
oğlan, ya qız – onun yolunu davam etdirərdi, amma Fətullagil nəsillikcə piano çalan
yox, yaxud da lap elə kamança olsun,– qız da kamança çala bilər, – kamançaçalan
yox, balabançalan idi və qız xeylağı da, aydın məsələdir ki, balaban çalmayacaqdı.
* * *
Bəlkə, o cavanlıq vaxtı ki, balabanı bir tərəfə atdı, klarneti götürdü, bəlkə ona
görə Allah ona bir oğul vermədi ki, atasının, babasının yolunu davam etdirə?
Lap əgər beləydisə də, hər şey qurban olsun o qoşa hörüklü qıza və Allah ki, ona
oğul vermədi, qoy, əvəzində o qoşa hörüklü qızın ömrünü uzun eləsin və onu heç bir
dərdə, bəlaya salmasın.
* * *
– Fətulla, qurban olum sənə, başuva dönüm, Fətulla, satma balabanı, Fətulla,
bilirəm, mənə görə satırsan o balabanı, amma satma, Fətulla, bir qələt idi, elədim,
şeytan azdırdı məni, yarpaq söhbəti, sənə layiq söhbət deyildi, başuva dönüm, satma
o balabanı, hər gün darıxacaqsan o balabançun, Fətulla...
Və Firuzə nə illah elədi, yalvardı, ağladı, amma Fətullanı fikrindən döndərə
bilmədi.
* * *
Hər şey çox sadə oldu: Fətulla Ələkbəri çağırdı və sədəfli balabanı 1750 ABŞ
dollarına Ələkbərə satdı və Ələkbər də o balabanı 2250 ABŞ dollarına müştərisi
Martinius Asbyornsenə (bu adamın adını Ələkbər heç cürə yadında saxlaya bilmirdi,
ona görə də bu balaca, dazbaş, yekəqarın adamın adını kağıza yazırdı və onunla
danışanda gözucu kağıza baxırdı) satdı və Martinius Asbyornsen o sədəfli balabanı
7000 ABŞ dollarına Nyu-Yorkda yaşayan müştərisinə satdı və nəhayət, sədəfli
balaban mister Isaak Blyumentallın mizinin üstünə gəlib çıxdı.
Mister Blyumentall elə ilk baxışdan o sədəfli balabanın gözəlliyinə aşiq oldu,
onu çox diqqətlə nəzərdən keçirdi, yoxladı, məlumat kitablarından Məhəmməd ibn
Yusif ibn Mütəllibin orta əsrlərdə Şərqdə nəfəsli musiqi alətləri düzəltməkdə,
Avropada skripka ustası Stradivariyə bərabər bir sənətkar olduğunu öyrəndi və o
balabanı 66500 dollara alıb kolleksiyasının Şərq musiqi alətləri bölməsinə qoydu.
Onda Nyu-Yorkda payızın əvvəlləri idi...
* * *
Payız ötdü, Nyu-Yorkda soyuq bir qış keçdi, sonra yaz gəldi, amma Nyu-
Yorkun daş, beton, şüşə göydələnləri o payızın da, o payızı əvəz edən qışın da, təzə
gələn yazın da fərqində deyildi.
Mister Blyumentallın mənzilində həyat, necə vardısa, elə də davam edirdi, payız
da eləcə ötdü, qış da eləcə ötdü, yaz da indi eləcə ötürdü... sonra yay gələcəkdi,
yazdan sonra yenə payız gələcəkdi, sonra qış, sonra yenə yaz... və həyat da o daş,
beton, şüşə göydələnlərin arasında, mister Blyumentallın tozun da yeri dəyişməyən
mənzilində beləcə davam edəcəkdi...
Missis Blyumentall pudeli həmişəki kimi gəzdirirdi, çimizdirirdi, qırxdırırdı.
Mister Blyumentall işdən gələndən sonra, həmişəki kimi, yüngülcə bir şam
eləyib kolleksiyası ilə məşğul olurdu və o dəm onun üçün o kolleksiyadan savayı
dünyada heç nə yox idi.
Miss Conson eləcə fasiləsiz yeyə-yeyə mətbəxdə nəsə bişirib-düşürürdü, yuyubyığışdırırdı,
çox zaman mənzildə tək olduğu üçün, eləcə yeyə-yeyə də otaqları
gəzirdi, nəsə bir iş görmək istəyirdi, amma hər şey öz yerində olurdu, hər şey necə
səliqəliydisə, eləcə də səliqəli qalırdı, çünki bu mənzildə heç kim heç nəyə
toxunmurdu, toxunanda da hər şey öz əvvəlki yerinə qayıdırdı və miss Conson
görmək üçün bir iş tapmırdı və o daimi yemək ehtiyacı və yeməyin özü olmasaydı,
həyat miss Conson üçün çox darıxdırıcı və mənasız keçərdi.
Və beləcə ötən günlərdən birində – bir yağışlı yaz günü, günün günorta çağı,
mister Blyumentallın mənzilində dünyada (hər halda, bu dünyada!) misli
görünməmiş bir hadisə baş verdi.
Həmin yağışlı yaz günü, miss Conson mənzildə yenə tək idi, yenə yeyə-yeyə
otaqları gəzib özünə bir iş axtarırdı və birdən qəribə bir səs eşitdi: bu, musiqi idi,
amma nəsə çox qəribə...
anlaşılmaz...
eyni zamanda çox yanıqlı...
hə... hə, çox... çox yanıqlı bir musiqi idi və kolleksiya olan otaqlar tərəfdən
gəlirdi.
Miss Conson əvvəlcə elə bildi ki, bu səs televizordan, ya radiodan gəlir, amma
mister Blyumentall, fikrini dağıtmasın deyə, o otaqlarda radio, televizor qoymağa
icazə vermirdi və miss Conson təəccüb içində kolleksiya otaqlarına tərəf yaxınlaşdı.
Tamam aydın idi ki, səs, bax, bu otaqdan gəlir.
Miss Conson otağın qapısını açdı və bu zənci qadının, onsuz da, böyük olan
qara gözləri bir anın içində bərəlib az qaldı hədəqəsindən çıxsın.
Mister Blyumentallın kolleksiyasından fleytaya bənzər bir musiqi aləti öz
yerindən qalxıb, pəncərənin qabağında, elə bil ki, görünməz bir tellə tavandan
asılmış kimi dayanmışdı və elə bil ki, insan kimi, pəncərədən o yaz yağışına baxabaxa
öz-özünə həmin...
anlaşılmaz...
yanıqlı...
çox yanıqlı...
musiqini çalırdı və o melodiyaya uyğun olaraq da yavaş-yavaş tərpənirdi.
Udmaq istədiyi növbəti tikə miss Consonun boğazında qalmışdı və gözünün
qabağındakı bu ağlasığmaz görüntü elə müdhiş bir hiss yaratdı ki, bədbəxt qadının
başındakı qıvrım qara tüklər biz-biz durdu.
Miss Consonun ürəyi elə şiddətlə vururdu ki, elə bil, indicə, bu qadının hər biri
yekə un torbasına oxşayan döşlərinin arasından sıyrılıb çölə çıxacaqdı.
O fleytaya bənzər musiqi aləti isə, o anlaşılmaz musiqini eləcə pəncərənin
qarşısında öz-özünə çalırdı və o melodiya anlaşılmaz idi, düzdür, amma çox yanıqlı
idi və o musiqi alətindən gələn o yanğı, o qüssə, kədər miss Consonun geniş sinəsinə
doldu və ən dəhşətlisi bu idi ki, belə bir yanğı, belə bir qüssə, kədər indiyə qədər
onun o geniş sinəsi üçün tamam yad bir şey idi.
Miss Conson o yağışlı yaz günü həmin dəhşət içində cismani olaraq duyurdu ki,
o yanğı, o qüssə, kədər onun doğmasına çevrilir və indiyə qədər yaşadığı həyatın
boşluğundan xəbər verir.
Miss Conson bərəlmiş gözlərini o fleytaya oxşayan musiqi alətindən çəkə
bilmirdi və o dəm o musiqi alətinin özü başdan-başa bir yanğı, qüssə, kədər idi...
* * *
Missis Blyumentall pudeli ilə birlikdə evə qayıdanda miss Merilin Conson hələ
də o müdhiş hadisənin təsiri altında idi və tələsə-tələsə, dili topuq vura-vura, heç
cürə keçib getmək bilməyən bir həyəcanla bu hadisəni missis Blyumentalla danışdı.
Missis Blyumentall diqqətlə miss Consona qulaq asdı, sonra onunla birlikdə
kolleksiya otağına keçdi, miss Consonun, az qala, heyvani bir ürkü ilə barmağını
uzadıb göstərdiyi o musiqi alətinə baxdı: həmin Şərq musiqi aləti həmişəki yerində
idi və missis Blyumentall daha heç nə soruşmadı, yalnız diqqətlə miss Merilin
Consona baxdı və heç nə demədi.
Axşam mister Blyumentall işdən qayıtdı və yüngül şam edib, həmişəki kimi,
kolleksiya otaqlarına keçməzdən əvvəl missis Blyumentall əhvalatı ərinə danışdı və
mister Blyumentallın gərgin bank əməliyyatlarından sonra, evdə də gəlib hansısa
fantastik səfsəfələrə qulaq asmağa qətiyyən həvəsi olmadığı üçün, o, xanımının da
razılığı ilə, həmin gündən etibarən miss Merilin Consonu işdən azad etdi.
* * *
Miss Merilin Conson liftlə 23-cü mərtəbədən düşərkən ağlamaqdan qızarmış
gözlərini silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da, dəli olub və bəlkə, günorta o
fleytaya bənzər musiqi alətinin pəncərənin qabağında dayanıb öz-özünə o anlaşılmaz
melodiyanı çalması həqiqət yox, bir qarabasma imiş?
Bəs o yanğı? o qüssə? o kədər?..
Gördüyünün müdhişliyindən, işdən çıxarılmasının ağrısından başqa, bir hiss də
– az qala, heyvani bir qorxu hissi – miss Consonun içini deşib-dağıtmaqda idi: bu
bədbəxt zənci qadın qorxurdu ki, o yanğı, o qüssə, kədər bundan sonra həmişəlik
onunla bir yerdə olacaq.
Və əlbəttə, mister və missis Blyumentalların ağlına gələ bilməzdi ki, miss
Conson, həqiqətən, olan hadisəni danışır və bədbəxt miss Merilin Consonun da
ağlına gələ bilməzdi ki, Azərbaycan adlı uzaq bir məmləkət var və o məmləkətdə
fleytaya bənzər o musiqi alətinə «balaban» deyirlər və balabanın çaldığı o
anlaşılmaz, yanıqlı havaya da həmin məmləkətdə «Sarı gəlin» deyirlər.
Oktyabr, 2001.
|