QIZIL DIŞ
(Göy üzünün ulduzlu vaxtları)
Əliqulu filosof idi, yəni bu mənada yox ki, özü özünü filosof hesab edirdi, yox
və əslində Əliqulunun filosof olmasından heç özünün xəbəri yox idi, çünki
filosofluq yemək kimi, evdən çıxıb pul dalınca getmək kimi, kiməsə bir söz demək,
kiminləsə görüşmək kimi, onun gündəlik həyatının, güzəranının bir hissəsi idi və
Əliqulu üçün qətiyyən əhəmiyyəti yox idi ki, onun kəşflərini kimsə ondan əvvəl kəşf
etmişdi, ya yox, onun fikirlərini kimsə ondan əvvəl düşünmüşdü, ya yox; əhəmiyyəti
yox idi bir də ona görə ki, Əliqulunun o keçmiş kəşflərdən, o keçmiş yazıpozulardan
heç xəbəri də yox idi.
Bu isti iyul gecəsi də ayaqlarını çəkə-çəkə tərin-qanın içində, yorğun-arğın,
Bakının dağlıq məhəlləsindəki evinə gedə-gedə fikirləşirdi ki, bu dünyada nə birinci
adamdı ki, əzab-əziyyətlə çörək pulu qazanır, nə də axırıncı adamdı, dünyanın öz
qanunları var və bu qanunlar nə kommunizmə – Əliqulunun əvvəllər, yəni, ömrünün
böyük hissəsini yaşadığı dövrə – baxır, nə də kapitalizmə – indi, ömründən nə
qalmışdısa, onu yaşadığı dövrə və nə qədər dünyanın qarasına deyin, bunun mənası
yoxdu. Kim görüb, dünyanın hansı böyük alimi bunun şahidi olub ki, misal üçün,
ərik ağacı əkmisən, əvəzində armud bitib, ya elə ərik ağacı əkmisən, üstündə
əriklərlə bərabər, bircə dənə də armud, ya alma, ya nəsə naməlum bir meyvə bitib?
Əlbəttə, bunu heç kim görməmişdi və yəqin, bundan sonra da heç kim də
görməyəcəkdi ki, Əliqulunun bu sualının cavabında: «– Hə!– desin.– Mən
görmüşəm!» və əslində bu cavaba bir ehtiyac da yox idi və ümumiyyətlə, Əliqulu bu
sualı başqalarına yox, özü özünə verirdi və gecənin qaranlığında da onun üçün gün
işığı kimi aydın olan həmin cavabı da özü verirdi.
Və o bürkülü iyul gecəsi Əliqulu gəlib evlərinə girəndə, təzə çörəyi, az qala, bir
kilo pendiri mizin üstünə qoyanda, hələ cibindəki dörd mini də yadına salanda
ürəyində Allaha şükür elədi, çünki sabah sübh tezdən Əliqulu evdən çıxanda arvad
da bazara gedib o pula çiy tum alacaqdı, gətirib evdə qovuracaqdı və həyətin küçəyə
açılan qapısı ağzında həmişəki kətilində oturub o qovrulmuş tumu köhnə yüzqramlıq
stəkanla müştərilərə – məhəllə uşaqlarına, yoldan ötən qız-gəlinə satacaqdı və bütün
bu gözəl işlərdən sonra arvadı deyəndə ki, bu gecədən daha yerlərini damda salacaq,
Əliqulunun kefi əməlli-başlı duruldu, elə bil, yorğunluğu da azaldı, ayaqlarının
ağrısı-sızıltısı da; elə bil, bir az toxdadı və arvadı bir kasa isti soğanbozbaşını gətirib
onun qabağına qoyanda və o da o təzə çörəkdən bir yekə loxma kəsib kasanın içinə
doğrayanda, fikirləşdi ki, hələ bilmək olmaz ki, dünyada kimin dərdi-səri çoxdu:
hansısa böyük bir padşahın, yoxsa onun, yəni, Əliqulunun?
* * *
Əliqulunun ikiotaqlı, birmərtəbəli evini ulu babası, yəni, babasının atası
Əlinəcəf (yoxsa Nəcəfəli?) tikdirib övladlarına yadigar qoyub getmişdi və hərdən
Əliqulu fikirləşirdi ki, Allah o kişiyə rəhmət eləsin, dünyanın işinə bax, bu qədər
illərdə, Nikolayın vaxtından tutmuş Lenindən, Stalindən üzü bəri Sovet hökumətinin
yetmiş ilində bu nəsildən bir nəfər fərli adam çıxmamışdı ki, gedib özünə fərli-başlı
bir ev tiksin, ya Sovet hökumətindən bir ev alsın və orada da yaşasın. Bu evin daha
hay-hayı getmişdi, vay-vayı qalmışdı və xüsusən payızda, qışda yağışlar başlayanda,
sulu qar yağanda damın nazik qır örtüyü daha o şırhaşıra tab gətirmirdi, dammağa
başlayırdı, Əliqulu dama çıxıb qırın kənarlarına, ortasına sellofan sərirdi, üstünə daş
yığırdı, amma elə bir fərq eləmirdi və arvad o iki balaca otağın ikisində də gah o
başa, gah bu başa, gah ortaya, gah o qırağa, gah bu küncə tas, vedrə qoyurdu.
Əliqulu bir-iki dəfə istəmişdi ki, dama təzə qır saldıra, amma qırçılar elə qiymət
demişdilər ki, o məbləğə lap asanca bilet alıb Barnaula getmək olardı.
Bütün bunlar ən çox payızın, qışın əziyyətləri idi, yayda isə, düzdü, günorta
vaxtı bu otaqlar elə havasız, elə isti olurdu, elə bil, içində cəhənnəm ocağı
qalayırdılar, amma iyulun ortalarından başlamış, elə ki, gecə düşürdü və elə ki,
yatmaq vaxtı gəlirdi, arvad yerlərini damda salırdı və sübh tezdən günün istisi dama
şığısa da, hərdən ağcaqanadlar hücum çəksə də, gecə damda yatmaq, o divarsız,
tavansız genişlik içində əlini-qolunu uzatmaq, göyün yeddinci qatına baxa-baxa
yuxuya getmək Əliqulu üçün bu əzab-əziyyətli dünyanın gözəl işlərindən biri idi.
* * *
Göyün üzü başdan-başa ulduz idi, böyük, kiçik, lap cıqqılı, hamısı da alışıbyanırdı
və o qədər ulduz idi ki, bunu sayıb qurtarmaq mümkün deyildi, bu ulduzları
heç böyük alimlər də sayıb qurtara bilməzdi, heç Moskvanın, Moskvanın yox, lap
Amerikanın da böyük cihazları bu ulduzları sayıb qurtara bilməzdi, amma lap
saysaydı da, nə olsun? mənası nə idi? çünki əsas məsələ bunda deyildi, yəni, əsas
məsələ ulduzun sayında deyildi, əsas məsələ onda idi ki, bu ulduzları yüz il bundan
qabaq yaşayan insanlar da, o cümlədən, Əliqulunun ulu babası Əlinəcəf də, yox,
Əlinəcəf yox, Nəcəfəli də, bax, beləcə göy üzündə görmüşdü, min il bundan qabaqkı
insanlar da və o cümlədən, Əliqulunun əcdadları da bunları beləcə görmüşdü...
Yaxşı də... Görmüşdü, görmüşdü, Allah onların hamısına rəhmət eləsin, amma
niyə, bu əsas məsələdi? Bunun əsas məsələ olmasının mənası nədi ki?– Əliqulu bu
sualların cavabını bilmirdi, amma orası tamam dəqiq idi ki, bu fikir, yəni,
əcdadlarının o qədimliyi (indi sümükləri də çoxdan çürüyüb qatışıb torpağa), babası
Nəcəfəlinin (Nəcəfəlinin, yoxsa Əlinəcəfin? nə isə...) adını beləcə səhv salması işımişım
işıldayan bu aylı-ulduzlu gecənin bürküsünə, bu gecənin hər tərəfi bürümüş ölü
sakitliyi içində hərdən vızıltısı gələn ağcaqanadın pis əməlinə qarışıb Əliqulunun
ürəyinə kədər dolu bir nigarançılıq gətirirdi.
Bəlkə də bu, nigarançılıqdan daha artıq bir nisgil idi, amma inanmıram ki,
Əliqulu «nisgil»in dəqiq mənasını bilirdi və yəqin ona görə də isti yay gecəsinin o
aylı-ulduzlu çağında bu sözü fikrinə gətirmirdi, hər halda – nigarançılıqdı, ya nisgil
idi, ya da bunun adı başqa bir şey idi,– o hissiyyat Əliqulunun içinə, elə bil ki, bir
çəkisizlik gətirmişdi və onun ürəyi də o çəkisizlikdə, elə bil ki, lap yavaş-yavaş
vurmağa başlamışdı və o yavaşlıq, o lənglik o nigarançılığı (nisgili?) bir az da
artırırdı, o kədəri, elə bil, kömür kimi, daha da qaraldırdı, quyunun dibinə aparırdı.
* * *
Elə həmin gecə idi, göyün üzü eləcə başdan-başa ulduz idi və o gecə, yuxusu
tamam qaçmış diş həkimi Müseyib yatağından qalxıb otağın dənizə açılan
pəncərəsinin qabağına gəldi və kondisionerin işləməsinə baxmayaraq, pəncərəni
açdı, içərinin sərinindən sonra eşiyin bürküsü bircə anın içində onun bütün sifətini
bürüdü və elə bil, o bürkü bayaqdan bəri kişinin içində yaranmış qüssəni bir az da
artırdı, amma elə ki, Müseyib göyün üzündəki o ulduzları gördü, elə bil, onların
işıltısı o bürkünü yarıb içindəki o qüssəyə nəsə bir balaca yüngüllük gətirmək
istədi...
Və elə o anda da əlli il, bəlkə daha da artıq bir müddətdə heç vaxt yadına
düşməyən bir görüntü birdən-birə, tamam qəflətən Müseyibin yadına düşdü: onda
hələ məhəllədə yaşayırdılar, on dörd-on beş yaşı olardı, bax, beləcə bir aylı-ulduzlu
isti yay gecəsi idi, anasının birmərtəbəli evlərinin damında saldığı döşəyin üstündə
arxası üstə uzanıb yatmaq istəyəndə göydə, o ulduzların arasından işım-işım
işıldayan bir ulduz uçub getdi...
yox oldu...
hara uçdu o ulduz?..
o biri ulduzlar isə bu uçuşun fərqində deyildi, göyün üzündə eləcə
işıldayırdılar...
* * *
Bu nəslin, yəni Əliqulunun nəslinin bir qəribə xüsusiyyəti var idi: bir oğlan
olurdu, qalanı da qızlar və qızların hərəsi bir yerə köçüb gedirdi, oğlan isə qalırdı
anadan olduğu bu ikiotaqlı, birmərtəbəli binada, burda yaşayırdı, burda qocalırdı və
burda da Allahın rəhmətinə gedirdi və Əliqulunun da qızları orda-burda ərdə idi: biri
Sumqayıtda, biri Fizulidə, biri də Mingəçevirdə. Sumqayıtdakı ilə
Mingəçevirdəkilərin ikisinin də əri fəhlə idi, birtəhər dolandırırdılar ailələrini, amma
Fizulidəkinin kefi kök idi, qəssab işləyirdi, özünün bir xeylaq qoyun-quzusu, malqarası
var idi, düzdü, belə məlum olurdu ki, deyəsən, bir az xəsis idi, – ancaq
Novruzdan Novruza Əliqulugilə iki-üç kilo ət göndərirdi, vəssalam,– amma onda da
təqsir yox idi, çünki yeddiydi? səkkiz idi? uşağı var idi və o uşaqları, əlbəttə, oxudub
bir yerə çıxarmaq istəyirdi, amma deyir, sən saydığını say, gör fələk nə sayır, erməni
rusla əlbir oldu, bizimkilər də əfəl çıxdı və erməni gəlib Füzulini aldı, onlar da
qaçqın düşdü, indi Muğanın ilan mələyən çöllərində çadırda yaşayırdılar, o qoyunquzu
da, o mal-qara da ermənilərə qismət oldu.
Əliqulunun o bir oğlu isə hələ sovet hökuməti vaxtı əsgərliyini gedib Rusiyanın
Barnaul deyilən bir şəhərində çəkmişdi, əsgərlik vaxtı qurtarandan sonra da
Azərbaycana qayıtmamışdı, orada qalmışdı, az qala iyirmi il idi ki, orada işləyirdi,
orada bir rus qızıilə evlənmişdi və onun da bir oğlu olmuşdu, üç, ya da dörd qızı və
bu iyirmi ildə Əliqulu oğlunun da, gəlininin də, nəvələrinin də üzünü görməmişdi,
çünki burdan Barnaula gərək təyyarə ilə uçaydın, onun da bileti çox baha idi, oğlu
da o vaxtdan buralara gəlməmişdi, yəqin o bilet bahalığı oğlunun da cibinə görə
deyildi və Əliqulu da, arvadı da bircə onu bilirdilər ki, oğul nəvələrinin adı rus adıdı:
Svyatoslav və arvad da nəvəsinin bu adını heç cürə yadında saxlaya bilmirdi, hərdən
soruşurdu: «– Necə oldu o uşağın adı?».
* * *
Dünyanın ən gözəl səsi nə səhərin gözü açılmamış böyük bir dəstə ilə
məhəllədəki qoşa tut ağacına qonmuş sərçələrin cik-ciki idi, nə qonşuları Fətullanın
klarnetinin səsi, nə də bir başqa səs – bunlar gözəl idi, öz yerində, amma dünyanın
ən gözəl səsi elektrik qatarının təkərlərinin çuqqa-çuku idi və Əliqulu həmişə
elektrik qatarının o çuqqa-çuku altında vaqonun pəncərəsindən eşiyə baxanda bütün
bədəninə bir rahatlıq gəlirdi, altmış altı illik həyatının işıqlı nə xatirəsi varıydısa,
yadına düşürdü və o məqamlarda qətiyyən fərqi yox idi ki, qatar getdikcə
pəncərədən görünən və bir-birini əvəz eləyən Abşeron mənzərələri nədən ibarət idi?
o dəm Əliqulu gözünün qabağındakı o xatirələrin içində olurdu, misal üçün, birinci
sinifə getməsini yadına salırdı, düzdü, yeddinci sinifi güc-bəla ilə qurtardı, sonra
daha məktəbi buraxdı, çünki oxumağa nə həvəsi var idi, nə də şəraiti və gedib
vağzalda paravoz kömürü daşımağa başladı, amma o birinci sinifə getdiyi günün
tərtəmizliyi, o balaca Əliqulunun məktəbə getməyi münasibətilə anasının qayçılayıb,
guya, sahmana saldığı pırpızaq saçları, elə anasının da mürəkkəbqabı qoymaq üçün
qalın pambıq ipdən toxuduğu mürəkkəb torbacığı, «Əlifba» kitabındakı o şəkillər
gözlərinin qabağına gəldi; həmin qatar çuqqa-çukuda basma kağız mürəkkəbi özünə
necə çəkirdisə, Əliqulunu da eləcə özünə çəkirdi və qatarın o gözəl çuqqa-çuku
altında zibil eşələməyə getməyi, xüsusən də yay vaxtı zibilliyin qurdlamış iyiüfunəti
tamam yaddan çıxırdı.
Sovet hökumətinin vaxtında Bakının mərkəzində bir çox hündürmərtəbəli
binalar var idi ki, onların sakinləri, xüsusən arvadlar, yəni, ev sahibələri bu
qısaboylu, arıq kişini – Əliqulunu yaxşı tanıyırdılar: səhər tezdən günortayacan
Əliqulu çiynində torba o hündür binaların həyətinə girib və başını qaldırıb: «–
Butulka pakupayu-u-u!.. Butulka pakupayu!..»– deyə qışqırırdı və elə ki, çiynindəki
o böyük torba səkkiz qəpiyə, on qəpiyə, on bir qəpiyə aldığı çaxır, su, araq, kefir
şüşələri ilə dolurdu, aparıb Şüşəalma Məntəqəsində onları on qəpiyə, on iki qəpiyə,
on dörd qəpiyə dövlətə təhvil verirdi və pis də qazanmırdı.
Sonra sovet hökuməti dağıldı və aradan keçən bu müddət ərzində Bakı
camaatının bir qismi harınlamışdı, boşalmış şüşələri atırdı zibil yeşiyinə, qalan qismi
də tamam kasıblamışdı və hərgah onların evində bir şüşə boşalırdısa, özləri aparıb
Şüşəalma Məntəqələrinə təhvil verirdilər və o Şüşəalma Məntəqələri də daha
dövlətin deyildi, ayrı-ayrı adamların idi və onlar hər şüşəni bittə-bittə yoxlayırdılar.
Indi daha hündürmərtəbəli binaların həyətinə girib:
«– Butulka pakupayu!.. Butulka pakupayu!..» – qışqırmağın mənası yox idi və
indi Əliqulu belindəki həmin torba ilə o hündür-mərtəbəli binaların həyətlərinə girib
çubuqla zibil yeşiklərini eşələyirdi və tapdığı şüşələri də ordan yığıb belinə
şəlləyirdi və aparırdı Şüşəalma Məntəqəsinə.
Düzdü, indi yüz cürə içki peyda olmuşdu və o içkilərin də yüz cürə şüşəsi var
idi, amma qazanc sovet hökumətinin vaxtındakından az olurdu və ümumiyyətlə, indi
belə məlum olurdu ki, sovet hökuməti elə, doğrudan da, fəhlələrin hökuməti imiş,
bir də ki, məsələ hökumətdə deyildi, sovet vaxtı kim pis yaşayırdısa, elə indi də it
günündə yaşayır, yox, kim ki, o vaxt yaxşı yaşayırdı, indi də elə həmin adamlar o
vaxtkından da yaxşı yaşayırdılar.
Fikirlər gəlib bu məqama çatanda, Əliqulu ürəyində deyirdi:
«– Halal xoşları olsun!»
Həyatın öz qanunları var...
* * *
Göydəki o ulduzların sayı-hesabı yox idi və dünyaya gəlib-gedən insanların da
bu ulduzlar kimi, sayı-hesabı yox idi.
Və belə məlum olur ki, kürreyi-ərzdə insana doğma olan ən birinci bir şey varsa,
o da torpaqdır, çünki bu qədər insan ki, dünyaya gəlib, sonra da köçüb gedib, onların
adı da yaddan çıxıb, kim kimin əcdadıdı?– o da itib gedib və onlardan nəsə bir izsoraq
qalıbsa, o da torpaqdadı, torpaqda əriyib bir-birinə qarışıb və deməli,
Əliquluya da, o birinə də ən doğma bir şey – torpaqdır.
* * *
Ən çox şüşə Bakının mərkəzindəki o hündürmərtəbəli binaların həyətindəki
zibil yeşiklərində olurdu, amma zibil maşınları Bakıda, ilk növbədə, elə o
həyətlərdəki zibil yeşiklərini səliqə ilə boşaldıb aparırdı və Əliqulu çox zaman
mərkəzə o zibil yeşiklərinin boşaldılmış vaxtlarında gəlib çıxırdı və belə vaxtlar
belindəki o torba da, əlbəttə, boş qalırdı. Onda, yəni, belindəki o torba tamam boş
olanda Əliqulu elektrik qatarına minib Zibilliyə gedirdi, sonralar isə, hərdən səhər
evdən çıxanda heç o hündürmərtəbəli binaların həyətindəki zibil yeşiklərinə baş da
çəkmirdi, elə birbaşa Zibilliyə yola düşürdü, uzun çubuğu ilə Zibilliyi eşələyib
tapdığı şüşələri torbasına yığırdı, geri qayıdıb Şüşəalma Mərkəzinə təhvil vrirdi.
Və Əliqulu sabah səhər Zibilliyə gedəcəkdi.
* * *
Neçə illərsə bundan əvvəl Əliqulu cırılmış bir jurnal səhifəsində rəngli bir şəkil
görmüşdü, o şəkili çəkən rəssamın adı nə idi?– bilmirdi, amma bir dəfə gördüyü o
şəkil heç yadından çıxmırdı: yekə bir saat idi, amma o saat elə bil ət parçasıydı, ya
qalın və yaş əsgi parçasıydı, ya nəydisə, yarısı mizin üstünə sərilmişdi, yarısı da
mizin üstündən yerə sallanmışdı və Əliqulu nə üçün o şəkili heç cürə yadından
çıxara bilmirdi?– bunun da səbəbini bilmirdi, amma hərdən ona elə gəlirdi ki, hər
gün sübh tezdən çiyninə salıb evdən çıxdığı o boz torba, bax, həmin o saat kimi bir
şey idi...
* * *
Elə bil ki, damın üstündəki o yorğan-döşək damın üstündə yox, elektrik
qatarındakı vaqonda salınmışdı və o elektrik qatarı da Abşeronun qumsallığı ilə yox,
baxımsız qalmış qədim zeytun və əncir ağaclarının arası ilə yox, biri qurtarıb, o iri
başlayan qəsəbələrin kənarından yox, göy üzünü bürümüş o ulduzların arası ilə
gedirdi və o elektrik qatarı adamı yayın bu cırhacırında üfunətindən baş gicəllənən
Zibilliyyə yox, harasa naməlum bir uzaqlığa aparırdı və o uzaqlıqda nə o üfunət var
idi, nə də o Zibillik, orada hər şey başqa cürə idi, – necə idi?– Allah bilirdi, amma
tamam başqa cürə idi...
* * *
Diş həkimi Müseyibin əlləri qızıl idi və bunu kiçikdən tutmuş böyüyəcən
Bakının bütün stomatoloqları təsdiq edirdi və bu stomatoloqların arasında, əlbəttə,
Müseyibi istəməyənlər də vardı, ona paxıllıq edən, onu gözügötürməyənlər də vardı,
amma onlar da təsdiq edirdi ki, bəli, bu kürən və codxasiyyət adamın əlləri qızıldır
və hərgah diş həkimliyi də vergiylədisə, Allah bu vergini birinci elə Müseyibə
vermişdi.
Müseyib Allaha inanan adam idi və sovet vaxtı düz on bir il – 1979-cu ildən
1990-cı ilə, yəni, camaat Kommunist partiyasından qaçmağa başladığı vaxta qədər –
işlədiyi poliklinikanın – Bakının ən böyük stomatoloji poliklinikasının ilk partiya
təşkilatının katibi oldu, amma o on bir ildə bir gün də olmadı ki, Müseyib
anasındanqalma kiçik bir «Quran»ı pencəyinin döş cibində,– özü də sol tərəfdə –
gəzdirməsin və əlbəttə, o zaman partiya iclaslarına yığışan partiyaçı stomatoloqlar
və poliklinika işçiləri ağıllarına gətirməzdilər ki, iclası aparan partkomun, yəni,
Müseyibin cibində «Quran» var, amma, kim bilir, bəlkə o iclas iştirakçılarının
özlərinin də arasında eləsi, yaxud elələri var idi ki, o da (onlar da) cibində
(ciblərində) «Quran» gəzdirirdi, bunu kim biləcəkdi? o adamdan və o adamın
Allahından başqa heç kim və bir dəfə (onda Qorbaçov hakimiyyətə təzə gəlmişdi,
amma «perestroyka» hələ başlamamışdı) partiya iclası ateizmin təbliğinə həsr
olunmuşdu, məruzəçi də Müseyib idi və Müseyib məruzə etdikcə, dinin əleyhinə
danışdıqca, Islamı xaçpərəstliyə, xaçpərəstliyi musəviliyə qatıb, hamısını ifşa
etdikcə, Leninin «Din xalqlar üçün tiryəkdir»– kəlamını sitat gətirdikcə, tez-tez əlini
pencəyinin sol yaxasına toxundururdu, ona elə gəlirdi ki, cibindəki o balaca
«Quran» indicə cibindən düşüb, qaçıb gedəcək.
Hərdən Müseyibə elə gəlirdi ki, sağ tərəfindəki o ağrı da əslində elə o partiya
iclasından sonra başlamışdı, amma belə deyildi, o ağrı son ayların, uzaqbaşı, bu
axırıncı bir ilin işi idi və nəhayət ki, bu gün səhər tezdən «Mersedes»i işə salıb sağ
tərəfindəki o ağrıya görə Bakı Diaqnostika Mərkəzinə gedəndə, elə ilk yadına düşən,
gözünün qabağına gələn də o uzaq illərin həmin o partiya iclası oldu və Müseyib
qeyri-şüuri əlini sol döşünə toxundurdu, amma iyul ayının o istisində, təbii ki,
pencək əynində deyildi və ümumiyyətlə, o balaca «Quran» daha o pencəyin sol
cibində deyildi, çünki daha «Quran»ı gizlətməyə ehtiyac yox idi, Sovet Ittifaqı
dağılıb getmişdi və indi Müseyibin evində ən nəfis şəkildə nəşr olunmuş birbirindən
gözəl «Quran»lar var idi, amma bu gün səhər tezdən ki, Müseyib
«Mersedes»inə minib Bakı Diaqnostika Mərkəzinə gedirdi, heç xoşuna gəlməyən,
nəinki xoşuna gəlməyən, bir andaca əməlli-başlı ürəyini qısan bir hissiyyat birdənbirə
onun bütün içini bürüdü: ona elə gəldi ki, o zaman, ateizmə həsr olunmuş o
partiya iclasında onun pencəyinin sol tərəfində, cibində saxladığı, anasındanqalma o
balaca «Quran», həqiqətən, cibindən düşüb qaçıb çıxıb, getmişdi...
...həmişəlik getmişdi...
* * *
Elə həmin isti iyul səhəri də Əliqulu elektrik qatarının o gözəl çuqqa-çuku
içində yol gedirdi və Əliqulu o isti iyul səhəri yadından çıxarmaq istəyirdi və
yadından çıxarırdı da ki, bu qatar (bu gözəl çuqqa-çuku!) onu üfunət dolu bir
Zibilliyə aparır.
Əliqulunun həyatında bir həqiqət var idi və elə bil, illər keçdikcə, bu həqiqət özü
ilə bir qəmginlik gətirirdi: bütün həyatı ərzində Əliqulu bu elektrik qatarından başqa
heç bir qatara, heç bir təyyarəyə, heç bir gəmiyə minməmişdi, çünki ömründə
Bakıdan kənara çıxmamışdı və bütün ömründə bircə gecə də olsun, rəhmətlik
Nəcəfəlidən (yoxsa Əlinəcəfdən?) miras qalmış o ikiotaqlı, birmərtəbəli evdən
kənarda yatmamışdı.
Abşeron çölləri ilə gedən bu elektrik qatarının beləcə çuqqa-çuku Əliqulunun
həyatında hansısa səyahətdən xəbər verən yeganə bir...
nə idi?..
yeganə bir... nişanə idi və o da Əliqulunu Zibilliyə aparırdı və həmin isti iyul
səhəri birdən-birə Əliquluya elə gəldi ki, o elektrik qatarı, o çuqqa-çuku, əslində,
onu ömrün son məqamına, torpağa aparır və bu, düzdü, bir az qəmgin bir hissiyyat
idi, amma burda təəccüblü də bir şey yox idi, çünki Əliqulunun həyatı da elə o
üfunətli zibillik kimi bir şey idi.
Əliqulu bir-bir vaqonun pəncərəsindən ötüşən elektrik dirəklərinə baxa-baxa özözünə:
«– Olsun də!» – dedi.
* * *
Bakının «Sabunçu vağzalı»ndan çıxan elektrik qatarı ilə dörd dayanacaq
getdikdən sonra, stansiyanın qarşısındakı şose yolu keçirsən və qumluqla, baxımsız
adda-budda zeytun ağaclarının arasından ötüb günbatana tərəf gedirsən və birdənbirə
dəniz sahilinin o gözəl havası dəyişməyə başlayır, get-gedə üfunət iyi aləmi
bürüyür və kor da olsan, o üfunəti tuş tutub gəlib həmin Zibilliyə çıxacaqsan.
Zibil maşınları Bakının o əraziyə yaxın rayonlarından, qonşu qəsəbələrdən
gətirdikləri zibili bura boşaldırdılar və sovet zamanı burada xüsusi briqadalar kağızı
ayrı yığırdılar, dəmiri ayrı yığırdılar və sairə və bunların hamısını təkrar emala
verirdilər, yerdə qalanı isə yandırılırdı, amma elə ki, Sovet Ittifaqı dağıldı, elə bil, bu
Zibilliyin də sahibi öldü, buralar itin-pişiyin, milçəklərin ümidinə qaldı və
ümumiyyətlə, Zibilliyin Sovet Ittifaqında olan möhtəşəmliyi get-gedə azalmağa
başladı, maşınlar zibilləri vaxtında yığmırdılar, vaxtında gətirib bura boşaltmırdılar
və daha dəmir-dümür də heç gedib zibil yeşiklərinə çatmırdı, müştərilər onları
əvvəldən yığıb-yığışdırıb aparıb qaramalçılara satırdılar, kağız-kuğuz da tamam
azalmışdı və kağız-kuğuzun əvəzinə külli miqdarda sellofan torbalar peyda olmuşdu
və xüsusən Abşeronun məşhur küləkləri əsəndə o sellofan torbalar uçub ağacların
qol-budağına, evlərin qapı-pəncərəsinə ilişib qalırdı.
Üstü sellofan torbalarla dolmuş qoca bir əncir ağacının yanından ötəndə Əliqulu
fikirləşdi ki, dünya, deyəsən, doğrudan da, dəyişib, indi quşların əvəzinə ağaclara
sellofan torbalar qonur.
* * *
Müseyibin əlləri yalnız məcazi mənada qızıl deyildi, bu əllər həm də həqiqi
mənada qızıl istehsal edirdi, yəni, bu əllərin qabiliyyəti, bacarığı sayəsində Müseyib
hələ Sovet Ittifaqı zamanı Bakının ən nüfuzlu gizli qızıl...
bunu necə deyək?..
gizli qızıl...
gizli qızıl mütəxəssislərindən (!) biri, əslində, elə birincisi idi və Bakının
qarabazarında dövrə vuran Nikolay qızıl onluqlarının, imperialların və ümumiyyətlə,
qızıl məmulatının çox böyük hissəsi onun o qızıl əllərindən keçib-gedirdi və aydın
məsələdir ki, söhbət yalnız qızıl diş salmaqdan yox, gizli qızıl alverindən gedirdi,
sonra elə ki, Sovet Ittifaqı birdən-birə tar-mar oldu, Müseyibin və onun uzun illər
boyu əsl yaradıcılıq eşqi və hörümçək torunun səliqəsi ilə yaratdığı şəbəkənin gizli
fəaliyyəti açıq-aşkar bir biznesə çevrildi.
Hər şey gözəl idi, hörmət də artırdı, var-dövlət də artırdı, oğlanlarının ikisi də
nər kimi idi, nəvələrin sayı da artırdı, amma hər şey, elə bil, ləzzətini itirmişdi, o
sovet dövründəki (ateizm vaxtı!) gizli həyatın sevincini indi həmin gözəl həyəcanla
yaşamaq mümkün deyildi, nə üçün? – iş burasındaydı ki, bu sualın cavabını da
vermək mümkün deyildi... Görünür, qadağanın (sovet qadağalarının!) öz şirinliyi
olur və o zaman ki, hər şey açıq-aşkardır, nə istəyirsən, onu da edirsən, hər şey
sadələşir və indi Müseyibin bir sükut içində oturub gözünü zillədiyi II Yekaterinanın
qoz ağacından gümüşlə işlənmiş o kiçik kürsüsü də, elə bil ki, tamam adi bir şey
idi...
Müseyib antikvar vurğunu idi və onun dənizə baxan bu binanın səkkizinci
mərtəbəsindəki beşotaqlı mənzili, əslində, antikvar muzey kimi bir yer idi və
rəhmətlik arvadı – o da qəribə adamlardan biri idi – hərdən deyirdi ki, qonaq
gələndə, vallah, adam utanır... Misal üçün, bir yeniyetmə təzə paltarını geyib camaat
arasına çıxanda necə şaşırırdı, utanırdısa, arvadı da, rəhmətlik, görünür, o cürə
utanmağı deyirdi...
II Yekaterinanın bu kətilini Sovet Ittifaqı dağılandan sonra, Leninqradda (indi
təzədən Sankt-Peterburq olub) gizli və gərgin sövdələşmədən sonra məşhur bir
demokratdan almışdı, o demokrat isə, bunu hansı muzeydən, necə əldə etmişdi?–
özü bilərdi və Yekaterinanın bu kətili Müseyib üçün, həqiqətən də, bir sevinc və
fəxarət mənbəyi idi, amma indi, bu bürkülü iyul axşamı o da beləcə adiləşmişdi.
Indicə oğlanları gələcəkdi və şübhəsiz ki, yenə konyak açılacaqdı, soyuducudakı
delikatesləri özləri çıxarıb mizin üstünə düzəcəkdilər və üç kişi oturub dünyanın
gözəl işlərindən danışacaqdılar, gözəl xatirələr yada düşəcəkdi, sonra da oğlanları
gedəcəkdilər. Arvadı öləndən sonra, Müseyib bu beş otaqda tək qalmışdı, qoca bir
yəhudi qadın xidmətçisi var idi, axşam saat altıdan sonra o da gedirdi və o zaman bu
əntiq-füruş şeylər tamam-kamal adiləşirdi, sadələşirdi və o adiləşmə, sadələşmə özü
ilə bir qüssə gətirirdi...
Oğlanlarının hərəsinin öz evi var idi, amma ikisinin də ürəyi burada, atasının
yanında idi və Müseyibin sağ tərəfindəki bu ağrı başlayandan sonra, ikisi də, az qala,
dava edirdilər ki, həkimə getmək lazımdır. Müseyibin də ki, özü həkim idi, amma
həkimə getməklə qəti arası yox idi və həyatında heç vaxt həkimə getməmişdi.
Bir tərəfdən o ağrı dilxor edirdi, o biri tərəfdən də oğlanları məcbur edirdi və
Müseyib şeytana lənət deyib, Diaqnostika Mərkəzində həkimlərlə danışıb bu gün
səhər ora müayinəyə getdi. Cib telefonunu söndürmüşdü və Müseyib evə gələndə
hələ qapını açmamış, liftdən çıxanda eşitdi ki, telefonun səsi aləmi dağıdır.
Böyük oğlu idi:
– Əşşi, telefonu da söndürmüsən, səhərdən birtəhər olmuşam! Nə oldu?
– Nə olmalıydı ki?
– Baxdılar? Nə dedilər?
– Dedilər ki, hər şey əladı!
– Yaxşı baxdılar? UZI-dən keçdin?
– UZI-dən də keçdim, analizlərin də hamısını verdim!
– Dedilər əladı?
– Hə!
– Bir şey yoxdu?
– Hə də, dedilər heç nə yoxdu. Yüngül soyuqdəymədi, keçib gedəcək.
Tərtəmizdi, dedilər, hər şey!– Müseyib güldü.– Nə olacaqdı e, mən də bilirdim ki,
boş şeydi də!..
– Axşam gəlirəm!
Və Müseyib, elə bil, gözüylə gördü ki, oğlunun gözləri sevincdən necə doldu və
oğlunun belə bir münasibətindən elə Müseyibin özünün də gözləri doldu.
Telefonun dəstəyini yerinə qoymağa macal tapmamış, telefon təzədən zəng
çaldı.
Kiçik oğlu idi.
Və eyni söhbət – söz-sözə!– onunla oldu və onun da o nigarançılığının
ürəyindən çıxmasını Müseyib, elə bil, gözü ilə gördü.
Ikisi də polisdə işləyirdi. Böyüyü mayor idi, amma polkovnik vəzifəsində
işləyirdi və lap bu yaxın günlərdə həmin rütbəni də növbədənkənar alacaqdı –
Müseyib bu məsələni artıq həll etmişdi.
Kiçiyi hələ kapitan idi.
* * *
Hərdən Zibillikdə (bəzən elə o hündürmərtəbəli binaların həyətlərində də)
Əliqulunun rəqibləri peyda olurdu və bu adamlar peşəkar şüşəyığanlar deyildi, çünki
peşəkar şüşəyığanların meşə heyvanları kimi, hərəsinin öz ərazisi olurdu və onlar
çalışırdı ki, bir-birinin ərazisinə girməsin, bir-birinin işinə qarışmasın; o qəfil peyda
olan rəqiblər alkoqoliklər idi, tapdıqları şüşələri tələsik dükana aparıb əvəzində pivə,
bəxtləri gətirsəydi, yəni, şüşə çox olsaydı, şirin çaxır alırdılar və bu alkoqoliklər tək
olanda dünyanın ən köməksiz və cəsarətsiz yazıq bəndələri idi, amma elə ki, iki
nəfər, üç nəfər oldular, əməlli-başlı qorxulu olurdular, boş şüşə üstündə lap adam da
öldürərdilər və o isti iyul səhəri elektrik qatarından düşüb adamın təpəsini deşən gün
şüalarının altında Zibilliyə tərəf gedən Əliqulu uzaqdan orada iki nəfərin qaraltısını
görəndə qanı qaraldı və bir az da yaxınlaşanda məlum oldu ki, bu iki nəfər iki
alkoqolik rus qadınıdır, hərəsi əlinə bir taxta alıb Zibilliyi eşələyir.
O alkoqolik rus qadınlarından biri başını qaldırıb qapaqları şişmiş rəngsiz
gözlərini günün şüaları altında qıya-qıya bu cılız kişiyə – Əliquluya baxıb, elə bil,
çoxdan onu gözləyirmiş kimi:
– A-a-a!..– dedi.– Prişol da!.. Oqraş!.. – Sonra da bir yağlı rus ana söyüşü söydü.
Ikinci qadın da Əliquluya baxdı, amma, deyəsən, onun birinci qadın qədər
enerjisi yox idi, quruyub çatdamış və qaralmış dodaqlarının kənarları ağappaq
köpüklənmişdi və bu qadın təkcə elə:
– Svoloç!– deməklə kifayətləndi.
Əlbəttə, bu qadınlar üçün bu saat bu Zibillikdə beşcə dənə boş şüşə tapıb aparıb
əvəzinə bir dənə Xırdalan pivəsi almaq və adama bir stəkan o sərin pivədən içmək
bu səfeh dünyanın bütün məna və məzmununa dəyərdi və həqiqət bundan ibarət idi
ki, Əliqulunun, ayaq üstə güclə dayanan və Abşeronda iyul gününün bu cırhacırında
pivəsizlikdən alışıb-yanan o qadınabənzər məxluqlara cani-dildən yazığı gəlirdi və
hərgah o şüşələri Əliqulu eşələyib Zibillikdən çıxarsaydı, vallah, bəlkə də, könüllü
olaraq bu bədbəxtlərə verərdi.
Amma o iki rus qadınının, əlbəttə, Əliqulunun bu gözəl fikirlərindən xəbəri yox
idi və Əliqulu bu dəm onlar üçün şikarlarına şərik çıxa biləcək bir rəqib idi və
onlardan nə desən, gözləmək olardı, buna görə də Əliqulu o iki qadına tərəf
getməyib, Zibilliyin arxa tərəfinə keçdi və kim bilir, bəlkə də, elə Allah qəsdən o iki
alkoqolik rus qadınını ora gətirmişdi ki, Əliqulu Zibilliyin arxa tərəfinə keçsin?
Əliqulu Zibilliyin arxa tərəfinə keçdi və elə o an ki, çubuğunu Zibilliyə tərəf
uzatdı, elə ondaca o sarı dəmir işıltısını gördü: o yerə ki, indicə çubuğu toxunacaqdı,
düz elə həmin yerdə o sarı dəmir işıldayırdı.
Indi cürbəcür içki şüşələrinin cürbəcür də qapağı olurdu, o cümlədən, sarı
dəmirdən qapaqlar olurdu və onlar da günün şüası altında hərdən beləcə
parıldayırdılar, amma bu dəfə Əliqulu elə o işıltını görən kimi hiss etdi ki, bu, şüşə
qapağının işıltısı deyil və çubuğu heç zibilliyə toxundurmadan kənara atdı, bir addım
irəli gedib o sarı dəmir parçasını götürdü.
Əvvəllər də zibil yeşiklərində, lap elə bu Zibillikdə olurdu ki, nəsə tapırdı: xırda
pullar, qızıl suyuna çəkilmiş üzük, sırğa və sairə bu kimi şeylər, hətta sovetin axır
vaxtlarında bir dəfə bir göy əllilik tapmışdı, ən çox dolaşığa salan da lotereya bileti
olurdu, cırmayıb atırdılar zibil yeşiyinə və bilmirdin ki, bunları yoxlayıb atıblar, ya
səhvən gəlib bura düşüb, ona görə də hər dəfə zibil yeşiklərindən bütöv lotereya
biletləri tapanda, Əliqulu «Araz» kinoteatrının yanındakı Əmanət Kassasının giriş
qapısına gedirdi və həmişə orada asılan uduş cədvəllərində o lotereyaları yoxlayırdı,
amma hələ bu çağacan heç nə udmamışdı, o lotereya biletlərini ya artıq yoxlayıb
tullamışdılar, ya da sahiblərinin bəxtinə bir şey düşməmişdi.
Amma bu dəfə məsələ tamam başqa idi: Əliqulunun ovcunda...
neçə idi?
bir... iki... üç...
on altı...
düz on altı qızıl dişdən ibarət bir karonka dayanmışdı.
Əliqulu ovcunu yumdu, təzədən açdı və o on altı dişdən ibarət karonka eləcə
ovcunun içində idi.
Əvvəlcə Əliquluya elə gəldi ki, nəsə oğurluq kimi bir iş görür, sonra o hiss
keçdi, çünki Bakı da daxil olmaqla, bu boyda Abşeronda bu dişlərin sahibini necə
tapmaq olardı?– bu mümkünsüz bir iş idi, sonra o hiss bir nigarançılıqla əvəz
olundu, görəsən, kim imiş bu dişlərin sahibi? bəlkə onu öldürüb bu dişləri bura
atıblar? bəlkə bu dişlərin başında nəsə bir qəzavü-qədər var? sonra o nigarançılığın
yerini bir təşviş hissi tutdu...
... amma nahaq...
... bu qızıl dişlərin sahibi kasıb adam deyildi – bu, bir... ... ikincisi, şübhəsiz ki,
bu adam yaşlı adam idi, çünki indi heç kim ağzına bu qədər qızıl diş qoymurdu...
... üçüncüsü isə, buna – qismət deyərdilər, bəxt deyərdilər, nə bilim, naxış
deyərdilər və bu qismətdən, bu bəxtdən, naxışdan imtina etmək, əlbəttə, düzgün
olmazdı.
Əliqulu ayaq barmaqlarının ucuna qalxıb Zibilliyin o biri üzünə tərəf boylandı,
elə bil ki, o iki rus qadını indicə gəlib haray-həşirlə bu qisməti onun əlindən
alacaqdılar, amma zibil təpəsi elə hündür idi ki, o iki rus qadınını buradan görmək
mümkün deyildi və ümumiyyətlə, Əliqulunun onlarla nə işi var idi?
Tez buradan çıxıb getmək lazım idi.
Əliqulu o qızıl karonkanı pencəyinin yan cibinə qoydu, daha doğrusu, o qızıl
karonkanı ovucunda büküb əlini cibinə qoydu və bir müddət əlini eləcə cibində
saxladı, elə bil, o qisməti cibinə qoyub, əlini cibindən çıxarsaydı, karonka cibindən
düşüb itəcəkdi.
Əliqulunun özünün ağzında cəmi yeddi diş qalmışdı, arvadının da ağzında – beş
idi, ya altıydı,– diş var idi və Əliqulu özünün də, arvadının dişlərini düzəltdirmək
fikrində deyildi, çünki bir dəfə qonşuları klarnetçalan Fətulla məhəllədə, qoşa tut
ağacının altında oturub nərd oynayanda Əliqulu da oradaydı və Fətulla təzə
saldırdığı qızıl dişini göstərib: «– Alə, bilirsüz neçəyə salıblar bunu? Iki yüz otuz
min manata! Alə, əlli dollar eləyir e!.. Neyniyim, muzukantam də, gərək mırığ
olmayım! Ona görə, kəsdim uşaqların boğazından, dedim, davay e!..»– deyəndə o
«əlli dollar» sözü Əliquluya elə təsir etmişdi ki, ondan sonra özünün də, arvadının
da dişini heç yadına da salmırdı və arvadı da qapının ağzındakı kətildə oturub
qovrulmuş tum sata-sata, o tumdan özü çırtlaya bilmirdi, hərdən tum dənəsinin
qabığını dırnaqları ilə təmizləyib atırdı ağzına və damaqları ilə əzməyə çalışıb
udurdu.
Onu əlliyə vuranda eləyir beş yüz. Beş yüz!.. Altını da əlliyə vuranda eləyir nə
qədər? Üç yüz! Üç yüz, o da beş yüz, elədi səkkiz yüz. Səkkiz yüz! Səkkiz yüz
dollar!
Əliqulu cibində saxladığı o on altı qızıldişli karonkanı ovucunda sıxdı və
ovucunda heç vaxt duymadığı bir hərarət hiss etdi, o hiss, elə bil, günün o
cırhacırında yüngülcə bir sərin meh olub əsdi, elə bil, uzaqları da yaxınlaşdırdı və
birdən-birə heç vaxt görmədiyi Svyatoslavın sifəti gəlib durdu Əliqulunun
gözlərinin qabağında və bu uşaq sifətinin cizgiləri, düzdü, tam dəqiq deyildi, amma
saçları sarışın və gözləri də gömgöy idi.
Əliqulu cibində ovcunu bir də bərkdən sıxdı, hətta elə sıxdı ki, qızıl dişlər şüşə
yığmaqdan, torba daşımaqdan cadar-cadar olmuş ovcunu incitdi, elə bil, o dişlər
Əliqulunun ovcunu dişlədi və bu hissiyyat ilə, yəni, o dişlərin onun ovcunu incitməsi
(dişləməsi!) ilə o səkkiz yüz dollar möcüzəsi arasında elə bir uyuşmazlıq var idi və
bu uyuşmazlıqla Svyatoslavın o gözəl sarışın saçları və göy gözləri o dərəcədə birbiri
ilə tutuşmurdu ki, Əliqulu az qala cismani olaraq başa düşdü: bu məsələni tez
qurtarmaq lazımdır.
Amma necə?
Və bu vaxt Qızıl Müseyib onun yadına düşdü.
Qızıl Müseyib – əlbəttə, o zaman «Qızıl Müseyib» deyildi, adicə Müseyib idi,
uşaqlar ona Müsü deyirdilər – Əliqulu ilə bir məhəllədə böyümüşdü, on dörd-on beş
yaşı olanda köçüb getdilər və Əliqulu onu bir də otuz beş-qırx ildən sonra təsadüfən
gördü: boş şüşə sorağı ilə Bakının mərkəzindəki gözəl və böyük bir binanın
mənzillərini gəzəndə, o mənzillərdən birinin qapısını Müsü açdı və Əliqulu onu
görən kimi tanıdı, amma Əliqulu tanışlıq versə də, öz evlərinin yerini – qoşa tut
ağacının qabağını – nişan versə də, o, Əliqulunu yaxşı yadına sala bilmədi, buna
baxmayaraq, evində nə qədər boş şüşə var idi, hamısını yığıb gətirib Əliquluya
müftə verdi. Sonralar Əliqulu o binanın həyətinə gəlib-getdikcə bina sakinlərinin
Müseyibə necə hörmət etdiklərini, onunla hesablaşdıqlarını görmüşdü (misal üçün,
Müseyib keçəndə həyətdəki skamyada oturanlar varıydısa, ayağa qalxıb onunla
salamlaşırdılar, ya səhər-səhər Müseyib maşınını işə salanda həyətdəki uşaqlar tez
qaçıb həyətin dəmir darvazanı açırdılar və s.), Müseyibin diş həkimi və «Qızıl
Müseyib» olduğunu bilmişdi və bu müddət ərzində də Müseyib hərdənbir həyətdə
Əliqulunu görəndə, özü: «Gəl, qalxaq evə, yaxşı boş şüşələr yığmışam səninçün»–
demişdi və yenə də boş şüşələri ona müftə vermişdi.
* * *
Əliqulu heç vaxt liftə minmirdi, nə idisə, liftə qəti etibarı yox idi, hündür
binaları da mərtəbə-mərtəbə piyada qalxırdı və həmin iyul axşamı «Sabunçu
vağzalı»nda elektrik qatarından düşüb bu tərəfə üz tutanda da, indi də Müseyibin
yaşadığı bu binanın mərtəbələrini qalxdıqca, ürəyində bir nigarançılıq var idi:
Əliqulu yaxşı bilirdi ki, yalan danışmağı bacarmır, heç əslinə qalsa, onun həyatında
yalan danışmaq üçün bir səbəb də olmamışdı, amma bu on altı qızıl dişli karonkanı
Müsüyə göstərib nə deməliydi? hardandı bu? kim verib? arvadımındı? özümündü?
bəs kimindi? və Allahın bu gözəl qismətini ki, həyatında ilk dəfə Əliqulunun bəxtinə
düşmüşdü, nə adla Müsüyə satmalıydı?
Və Əliqulu səkkizinci mərbəyə çatıb Müseyibin qoz ağacından tünd qəhvəyi
rəngli qapısı ağzında dayananda da bu nigarançılıq içində bir müddət nəfəsini dərdi,
hətta elə bir an oldu ki, Əliqulu düşüb buradan qaçmaq da istədi, amma, bu Allah
qismətinin müqabilində, əlbəttə, belə iş görmək olmazdı və Əliqulu elə o
nigarançılıq içində də özünü gözgörəti bir zor ilə məcbur edib boş torbanı tutmuş sol
əlini qaldırdı və o qoz ağacından tünd qəhvəyi rəngli qapının zəngini basdı.
O zəng səsindən sonra, həmin o hissiyyat təzədən qayıtdı və bu dəfə Əliqulu
özünə güc gələ bilməyib elə, doğrudan da, qaçmaq istədi, amma Müseyibin kiçik
oğlu indicə atasının sağlığına içdiyi konyakın boş qədəhini mizin üstünə qoydu və o
gözəl mizin arxasından qalxıb arakəsməyə çıxdı, tünd qəhvəyi rəngli çöl qapısını
açdı və sağ əlini boz rəngli köhnə pencəyinin cibinə basmış, sol əlində eləcə də bir
boz rəngdə boş torba tutmuş bu adama – Əliquluya baxdı.
– Nə istəyirsən?
– Salam-əleyküm!..
– Nə istəyirsən?
– Müsünü...
– Nə?
– Müsünü istəyirəm...
– Müsü kimdi?
– Müseyib... Müseyib həkimi istəyirəm...
Müseyib də o gözəl mizin arxasından qalxıb arakəsməyə çıxdı:
– Kimdi elə?– Və qapının ağzında dayanan Əliqulunu gördü, gülümsəyib başını
buladı.– Əşşi, üç gün bundan qabaq gəlməmişdin? Butulkaları verdim, apardın də!..
Elə bilirsən bura butulka zavodudu?
Müseyibin ardınca böyük oğlu da arakəsməyə çıxdı.
Əliqulu:
– Yox...– dedi, sonra da nəsə mızıldadı, amma heç kim onun nə mızıldadığını
başa düşmədi.
Kiçik oğul:
– Nə?– soruşdu.
Bu dəfə Əliqulu qan-tər içində sol əlini boz pencəyinin cibindən çıxartdı və
udquna-udquna:
– Başqa işim var...– dedi.
Müseyib qapının ağzına yaxınlaşdı.
– Nə işin?
Əliqulu ovcunu açmaq istədi, amma barmaqları sözünə baxmırdı, elə bil ki, on
altı qızıldişli karonkadan heç cürə ayrılmaq istəmirdi. Axır ki, Əliqulu güclə əlini
açdı və Müseyibin göy gözləri elə həmin andaca o karonkanı aldı və ən əsası isə,
Müseyib elə həmin anda da gülümsəyib:
– Zibillikdən tapmısan?– soruşdu və karonkanı götürüb arakəsmənin ortasındakı
çılçırağın altına getdi və çilçırağın işığında karonkaya diqqətlə baxandan sonra kiçik
oğluna: – Bir az pul ver, onu yola sal, getsin.– dedi və otağa keçdi.
Kiçik oğul əlini cibinə saldı və cibindən nə qədər pul çıxartdısa, bir göy
əlliminlik götürüb Əliquluya verdi:
– Ala!– Sonra da tünd qəhvəyi rəngli qapını düz Əliqulunun burnunun ucunda
bağladı.
Əliqulu əlində tutduğu o pula baxdı və bir müddət beləcə dayandı və bu vaxt
qəribə bir iş oldu: düyməsini səhv basmışdılar, ya nə olmuşdusa, birdən-birə içi
bomboş liftin qapısı həmin səkkizinci mərtəbədə Əliqulunun yanında səs-küylə
taybatay açıldı və Əliqulu, bəlkə də, qaçıb o liftə minməmək üçün, heç özü də
bilmədi ki, tünd qəhvəyi rəngli qapının zəngini təzədən necə basdı.
Bu dəfə qapını böyük oğul açdı və elə həmin anda da liftin qapısı eləcə səsküylə
bağlandı. Böyük oğul, az qala, ikimetrlik boyunun hündürlüyündən balaca
Əliquluya baxdı, sonra qapısı örtülmüş liftə tərəf baxdı, sonra yenə balaca Əliquluya
baxdı və:
– Indi nə istəyirsən?– soruşdu.
Əliqulu yenə də nəsə mızıldadı və bu dəfə də böyük oğul onun nə mızıldadığını
başa düşmədi, eynilə kiçik qardaşı kimi əlini cibinə saldı, yenə nə qədər pul
çıxartdısa, arasından üç dənə on, minlik seçdi və pulları Əliquluya verdi. Bu vaxt
Müseyib də təzədən arakəsməyə çıxdı, Əliqulunu görüb bu dəfə başını açıq-aşkar bir
narazılıqla buladı:
– Yenə budu?– dedi. – Qoy dayansın.
Müseyib otağa keçdi, indicə oğlanları ilə birlikdə içdikləri konyakın boş şüşəsini
götürdü və arakəsməyə qayıtdı, şüşəni böyük oğluna tərəf uzadıb:
– Al, bunu da ver ona.– dedi və təzədən otağa keçdi.
Böyük oğul o boş şüşəni Müseyibdən aldı və qapıya yaxınlaşdı. Əliquluya elə
gəldi ki, o nəhəng oğlan bu saat o boş şüşəni onun başına çırpacaq, hətta o məqamı
gözləyə-gözləyə Əliqulu gözlərini də yumdu, amma belə olmadı, nəhəng oğlan
şüşəni Əliqulunun qoltuğuna dürtdü, sonra barmağını da uzadıb, az qala, bu balaca
adamın gözünün içinə soxa-soxa:
– Sən öləsən,– dedi,– bir də buralara gəlib kişini narahat-zad eləsən, sənin
gözlərüvü çıxardacam!
Sonra böyük oğul hirslə qapını çırpdı və bu dəfə o tünd qəhvəyi qapı, həqiqətən
də, Əliqulunun burnuna dəydi.
* * *
Allahın qisməti iki cür olur.
Varlının bir qisməti var, kasıbın başqa qisməti.
Və Allahın işinə qarışmaq olmaz, naşükür olmaq da lazım deyil.
Beş «şirvan», bu da üç «şirvan», elədi səkkiz «şirvan».
Səkkiz «şirvan»dan ötrü neçə gün zibil yeşiklərini axtarmalıydın?
Hələ bir tərəfdən də o bahalı boş şüşə...
* * *
Hara uçdu o ulduz?
Bu gecə də dünənki gecənin eyni idi, göyün üzü ulduzla dolu idi.
Dünənki kimi və əlli il bundan əvvəlki o gecə kimi.
Gecə yarını keçmişdi və indi Bakı sakinləri bürkünün fərqində deyildi, Bakı
yatmışdı.
Müseyib yenə taybatay açdığı o geniş pəncərənin qarşısında dayanıb göydəki o
ulduzlara baxırdı.
O ulduz əlli il bundan əvvəl axıb getmişdi.
Bu əlli ildə nələr olmuşdu...
Müseyibin ürəyi birdən-birə bir siqaret istədi, amma siqaret yox idi, Müseyib ki,
üç il bundan əvvəl oğlanlarının tələbinə davam gətirmədi və siqareti tərgitdi (gərək
heç tərgitməyəydi!), onlar bu evdə bircə dənə də siqaret qoymadılar, hamısını
yığışdırıb aparıb tulladılar, ya kiməsə bağışladılar və Müseyib də daha siqaretsizliyə
öyrəndi, üç ildən artıq idi ki, heç yadına da düşmürdü.
Amma indi birdən-birə ürəyi siqaret istədi.
Məsələ burasında idi ki, Müseyib oğlanlarını aldatmışdı.
Səhər tezdən Diaqnostika Mərkəzində tanış həkimlərlə zarafatlaşıb müayinəyə
başlayandan bir az sonra həkimlərin sifətində zarafatdan əsər-əlamət qalmadı və
fəhmi çox həssas olan Müseyib bunu o saat hiss etdi. Müayinə qurtarandan sonra,
həkimlərin dili topuq vurmağa başladı. «Mənim işlərim necədi? «Gərək...
məsləhətləşək...» «Kimlə məsləhətləşəcəksiz?» «Görək də...» «Kimlə?..» «Gərək
götür-qoy eləyək...» «Kimlə?» «Fərəcovla...»
Fərəcov Bakının ən məşhur onkoloqu idi.
Müseyib Diaqnostika Mərkəzindən çıxıb «Mersedes»i birbaşa Onkologiya
Institutuna sürdü və köhnə tanışı Fərəcovun kabinetinə girdi, özünü müayinə
elətdirdi. «Hə, köhnə dost, de görək nə gəzdiririk içimizdə?» «Sən get, dincəl, mən
də bir əməlli-başlı götür-qoy eləyim, sabah söhbət edərik.» «Mənə diqqətlə qulaq as,
köhnə dost! Belə başa düşürəm ki, işlərim yaxşı deyil. Əgər, sən bu fikirdəsən ki,
indi mən gedəcəyəm, sən də oğlanlarımı çağırıb özümə demək istəmədiklərini
onlara deyəcəksən,– elə şey yoxdu! Nə varsa, elə indi özümə deyəcəksən!» «Get
istirahət elə, sabah danışarıq.» «Xərçəngdi?» Və Müseyib göy gözlərini Fərəcovun
gözlərinin lap dərininə zillədi. Fərəcov bu baxışlara açıq-aşkar dözə bilmədi və
guya, ciblərində nəsə axtarmağa başladı. «Səninləyəm, xərçəngdi?» Fərəcov güclə:
«– Deyəsən...»– dedi. «Vaxtı keçib?» «Gec gəlmisən...» Fərəcovun kabinetində bir
anlıq sükut çökdü, sonra Müseyib kreslodan qalxıb qapıya tərəf addımladı. «Mən
getdim.» «Analizlər...» Müseyib Fərəcovun daha nə dediyini eşitmədi və qapıdan
çıxdı....
... hara uçdu o ulduz?
... harasa, naməlum, tanınmaz-bilinməz bir məkana...
* * *
Kimsə səhər evdən çıxıb balıq tutmağa gedir və burada nə əcaib bir şey var?
Kimsə də evdən çıxıb şüşə yığmağa gedir və bu da...
bu da...
bu da elə qaydasında olan bir şeydi...
* * *
Bu gecə də dünənki gecənin eyni idi, göyün üzü ulduzla dolu idi, bir dırnaq ucu
da desən, bulud parçası yox idi və hava da tamam dayanmışdı, elə bil ki, ortada –
ötən gecə ilə bu gecə arasında – bu boyda bir gün olmamışdı və bir də ki, bu
ulduzlar ki, bu qədər uzaqlardadır, bu ulduzlar ki, bu qədər saysız-hesabsızdır, yəni,
bu dünya ki, bu qədər sirri-xudadı, bu sirri-xudanın, bu uzaqlığın və bu çoxluğun
müqabilində dünənki gecə ilə bu gecə arasında fərq var idi? yox idi?– bu, tamam
mənasız bir şey idi.
Neçə illər idi Əliqulunun ürəyində heç kimə demədiyi bir istək yaşayırdı,
xüsusən də yay vaxtları, damda yatanda, xüsusən də hava bu cür dayanıb duranda,
göyün üzü də beləcə tərtəmiz, beləcə aylı-ulduzlu olanda o istək birdən-birə tərpənib
canlanırdı, gözəl bir arzuya çevrilirdi, elə bil ki, susuzluqdan saralıb-solmuş bir şitil
idi,– nə bilim, pamidor şitili, ya bibər, ya da bir başqa şey,– birdən su verirdin ona,
gözgörəsi özünə gəlirdi, yarpaqları qalxırdı, boyu dikəlirdi, yaşılı qayıdırdı.
Indi də o istək beləcə birdən-birə Əliqulunun içindən baş qaldırdı.
Əliqulu eşitmişdi ki, guya, başqa ulduzlardan Yer kürəsinə əcaib-qəraib
məxluqlar uçub gəlir, «uçan boşqab» deyirlər onların minib gəldiyi o təyyarə kimi
şeylərə və onlar, guya, yerdən adamları oğurlayıb özləri ilə aparırlar, öyrənirlər ki,
yer kürəsindəki insanlar necə məxluqlardı və Əliqulu çox istəyirdi günlərin bir gözəl
günündə o əcaib-qəraib məxluqlar gəlib onu da eləcə oğurlayıb aparsınlar, aparsınlar
o uzaq-uzaq yerlərə, həmişəlik aparsınlar, bir də heç vaxt kürreyi-ərzə qayıtmasın.
Yəqin ki, o ulduzlar dünyasının içi indi burdan göründüyü kimi gözəl bir şey
deyildi, çünki uzaqdan gözəl görünən bir şey yaxına gələndə, görürsən ki, içi zibil
yeşiklərinin içi kimi bir şeydi, amma Əliqulu buna hazır idi, əsas o idi ki, ora tamam
başqa bir dünya idi və Əliqulu da o başqa dünyanın sakini olacaqdı və bir də heç
zaman Yer kürəsinə qayıtmayacaqdı.
Əliqulunun bütün həyatında – evlənənə qədər də, evlənəndən sonra da, ancaq bir
qadın olmuşdu, o da arvadı idi və arvadı indi belinə yuyulmaqdan adda-budda
süzülmüş ağ mələfə salıb və böyrü üstə nazik döşəyin üstündə uzanıb o on altı qızıl
dişli karonka macərasından xəbərsiz yavaşdan xoruldaya-xoruldaya yatmışdı və
hərgah, doğrudan da, bir möcüzə baş versəydi, yəni, o əcaib-qəraib məxluqlar
Əliqulunu götürüb özləriylə o ulduzlar dünyasına aparsaydı, bəs, bu yazıq arvadın
işi necə olacaqdı?
Onda bu yazıq arvadın gedib məsçidin qapısında oturub dilənçilik eləməkdən
savayı bir çarəsi qalmayacaqdı.
Yox, lazım deyildi o ulduzlar dünyası, bu gözəl arzunu ürəyindən çıxarıb atmaq
nə qədər kədərli bir şeydisə də, belə olmalı idi, çünki kimin alnında yazılmışdısa, o
da o ulduzlar dünyasında yaşayırdı, Əliqulunun isə alnında yazılmışdı ki, bu Yer
kürəsində yaşasın, burda ölüb, burda da izi-sorağı itsin, Yer kürəsinin torpağında
çürüyüb qalıqları milyon-milyon insanın qalıqlarına qarışsın.
* * *
Dünyanın zibil yeşikləri üfunət qoxumayaydı, onlardan ətir iyi gələydi, onda nə
olardı?
Onda başqa dünya olardı.
* * *
Bir nəfərin bütün içi xərçəng yarasıydı, metastaz bütün sümüklərinəcən
işləmişdi və həkimlərin verdiyi möhlət barmaqla sayılası günlər idi.
O adamın qarabasma, mürgü və ayıqlıq arasındakı şüuruna birdən-birə başı qarlı
böyük bir dağın surəti gəlib qondu və onun qarabasma, mürgü və ayıqlıq arasında
çapalayan, tamam qaranəfəs olan, bir ocaq istisindəymiş kimi yanan şüuru o dağdan,
elə bil ki, bir sərinlik götürdü, o sərinlik bütün bədənindən keçdi, hətta artıq hiss
etmədiyi ayaqları da, elə bil ki, o tərtəmiz dağ sərinliyindən bir az üşüdü və qəribə
bir hadisə baş verdi: bədənindən keçən o sərinlik, gücdən düşmüş ayaqlarının o xəfif
üşüntüsü onun şüurundakı o qarabasmanı qovmağa, o mürgünü dağıtmağa başladı,
elə bil, özü ilə bir aydınlıq, bir yüngüllük gətirdi və o adam neçə gündə ilk dəfə
ağzını açıb söz dedi: «– Məni dağa aparın...»
Həyatının son istəyi kimi, o adamın dediklərinə əməl etdilər, onu böyük bir dağa
apardılar və dağın ətəklərinəcən nə qədər yol varıydısa, o qədər də getdilər və o
adamın şüuru, elə bil, kiçik bir quş oldu, qanad açıb o dağın ətəklərində süzdü,
sıldırım yarğanlarının üstündən ötdü, o dağın qarşısında qıpqırmızı günəşin
çıxmasını gördü, o günəşin göyə qalxmasını, əyilməsini və sabah yenidən doğmaq
üçün dağın arxasında batmasını gördü, dağın qarlı başı buludları yarıb keçmişdi və o
balaca quşu buludlardan o tərəfə çağırırdı, o yerlərə ki, orada saflıqdan başqa bir şey
yox idi və o xəstə son aylarda ilk dəfə ayağa durdu, addım-addım o dağa qalxmağa
başladı, yaxınları, əzizləri əvvəlcə onun əlindən, qolundan tuturdular, sonra xəstənin
addımları bərkidi, sonra yaxınları, əzizləri onunla ayaqlaşa bilmədi və o xəstə
təkbaşına qalxa-qalxa buludlardan o tərəfə keçdi, buludlardan o tərəfdəki o saflıq
içində düz zirvəyə qədər qalxdı və geri qayıdanda yaxınları, əzizləri xəstə əvəzinə,
sağlam, gümrah bir kişi gördü.
Hamı bu sağalmanı möcüzə hesab etdi.
Amma burada möcüzə yox idi.
Sadəcə olaraq, o adamın ürəyindəki saflıqla dağın o saflığı üst-üstə düşmüşdü.
Və bu əhvalat keçmiş zamanlarda və uzaq diyarlarda baş vermişdi...
21 avqust 2001.
Zuğulba.
|