QISAS
(Absurd)
Molla Ibrahimxəlil(başını qovzuyub). Əleyküməssalam! Ax, siz bu gün
nə üçün buraya ayaq basdınız? Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə
müsibət olmaz ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz
mənim əməyimi və cəfamı zay etmək fikrindəsiniz! Vay, vay, vay! Ax, ax,
ax...
M. F. A x u n d o v. «Hekayəti-
Molla Ibrahimxəlil kimyagər».
O vaxt o yaraşıqlı Gəncin cəmi 22 yaşı var idi, Kişi isə, indi 57 yaşındadı və günortanın nəfəsini kəsən istisindən
sonra, birdən-birə sərin meh əsməyə başladı və həmin yay gecəsi dənizin sahilindəki o işıq imarətin həyətində, o
qoca tut ağacının altında beləcə üz-üzə dayandılar.
G ə n c (nifrətlə). Sən alçağın birisən!
K i ş i. Bəsdi!
G ə n c. Əclaf!
K i ş i. Bəsdi!
G ə n c (özünü güclə saxlayır ki, ağlamasın və daha da bərkdən qışqıra-qışqıra). Murdar oğlu,
murdar!
Sükut çökdü və bir ara yalnız dənizin batqın uğultusu və o qoca tut yarpaqlarının, elə bil ki, dünyanın
əbədiliyindən xəbər verən xışıltısı eşidildi.
K i ş i (pərişan). Atanı söymə... Allah ona rəhmət eləsin... Onun nə təqsiri?..
G ə n c (sarsılmış). O sağ olsaydı... O indi sağ olsaydı... (Daha heç cürə özünü saxlaya bilməyib
ağlayır.) Səni... Səni... öz əlləriylə boğardı!..
K i ş i. Axı niyə? Nəyə görə?
Pauza.
Sənin hələ dünyadan xəbərin yoxdu... Hələ bilmirsən ki, nə var, nə yox?! Ağzın isti yerdədi
sənin!.. Neçə yaşın var? Bu saat deyim. Hə, 21 təzə tamam olub... Universiteti təzəcə bitirmisən...
Xruşşov XX qurultayı keçirib... Düzdü, indi onun özünü «naş doroqoy Nikita Serqeyeviç» eləyiblər,
amma Stalin haqqında kimin ürəyi nə istəyir, döşüyür! Gənc yazıçılar xəyalən təsəvvür elədikləri
37-dən faciəvi hekayələr, şerlər yazırlar. Yalançı azadlıq eyforiyası yaranıb, sən də atanın pullarıyla,
hörməti-izzətiylə maşını belədən-belə sürüb, camaatın arvadına eşq-məhəbbət elan edə-edə kef
çəkirsən! Sən elə əvvəldən beləydin! Indi mənim üstümə hücum çəkib xoruzlanmaq lazım deyil!
G ə n c. Yox! Düz demirsən! Mənim arzularım var idi! Mən sənin vaxtında başqa... başqa cürə
olmaq istəyirdim, bildin? Mənim lazımım deyildi bu cah-cəlal! Mənim lazımım deyildi bu
yuxusuzluq, bu gecə məhkəmələri! Belə uşaqlar lazım deyildi mənə! Belə nəvələr istəmirdim!
Lazım deyildi mənə belə arvad! Mənim arzularım tərtəmiz idi! Mən...
K i ş i (onun sözünü yarımçıq kəsir). Bəsdi yalan danışdın! Bəsdi! Elə sənin arzularının axırıdı
bu! Yadına gəlir, bax, burada (Əli ilə imarəti göstərir.) atayla oturmuşdun...
G ə n c. Onda bu cah-cəlal yox idi!
K i ş i. Hə, düz deyirsən, bu bina deyildi onda. Bunu mən tikdirdim...
G ə n c (kinayə ilə). Tikdilər sənin üçün...
K i ş i. Hə! Yaxşı elədilər! Yoxsa ki, indi heç bu da yox idi... Onda ikiotaqlı balaca evimiz vardı
bunun yerində, yaydı, Bakıdan təzəcə köçüb gəlmişdik bura. Atayla oturmuşdun qabaq-qabağa.
Ikiniziydiz. Universitetdə təzəcə diplom müdafiə etmişdin. Nə dedin onda ataya? Yadına gəlir?
(Istehza ilə) O aylı-ulduzlu gözəl yay gecəsi vəcdə gəlib nə dedin ataya?
Pauza.
(Gəncin səsi ilə). «Bilirsən kim olacam mən on ildən sonra?» (Atasının səsiylə) «Kim?»
(Gəncin səsi ilə) «On ildən sonra mən Mərkəzi Komitənin katibi olacam!»
Pauza.
Yadına gəlmir yoxsa?
G ə n c. Onda mən romantik idim. Onda mən vəzifəyə bir romantika kimi baxırdım. Mən
demirdim ki, bütün ömrümü sərf edəcəyəm saray intriqalarına, əməllərimi eləyəcəyəm şeytan əməli
ki, vəzifələr tutum, vəzifələrdə qalım! (Get-gedə daha artıq bir ehtirasla) O yollara ki, sən keçdin, o
illərdən ki, sən çıxdın, mənim heç ağlıma gəlməzdi! Mən bilsəydim ki, otuz beş ildən sonra gecə
yarısı sən gəlib burada beləcə oturacaqsan, gedib... gedib özümü dənizə atardım!
K i ş i (rişxəndlə). Yavaş ol ha!.. (Yamsılayır.) «Gedib özümü dənizə atardım!..» Gedib ataydın
də, niyə atmadın?!
G ə n c. Sən... Axı... sən belə qansız deyildin!..
K i ş i (hirslə). Necə varıydımsa, eləcəyəm! Indi beləcə qabağımda durub müdrik kəlamlar
söyləmək asandır! Kənardan dayanıb baxanda müdrik olmağa nə var ki?! (Gəncin səsi ilə) «On ildən
sonra Mərkəzi Komitənin katibi olacam!..» Çox təmizlikdən-zaddan qırıldatma, bildin?! Sənin bütün
için bunnan ibarət idi! Bütün içində bir yüksəklik həsrəti var idi, vəzifə ehtirası var idi! Həmişə
fikirləşirəm ki, o cür cavan olasan, bütün içini də eləcə bir yüksəlmək hərisliyi gəmirtdəyə!..
G ə n c. Bəsdi!
K i ş i. Nə bəsdi?! Sən bütün varlığınla can atırdın ki, adamlar səndən aşağı cərgədə, səndən
alçaqda bir-birinin ardıyca sıraya düzülsünlər! Uzunu da, gödəyi də, hamısı bir-birinin ardınca
düzülsün, sən isə yüksəkdə, tək!.. Əlini gələcəyə doğru uzatmış rəhbər heykəlləri kimi! Bəyəm eləbeləydi
Mərkəzi Komitənin katibi olmaq? Oldum! Düzdü, on ildən sonra olmadım, iyirmi ildən
sonra oldum, amma oldum! Sən də özünü məsum qız yerinə qoyma!
Q a d ı n (qışqıra-qışqıra). Ay köpək oğlu! Al! Al! (Əyilib yerdən ovuc-ovuc qum götürüb
Kişinin üzünə çırpır.) Al!
K i ş i (əlləri ilə üzünü qapayır). Vay! Gözümə doldu!
U ş a q. Yaxşı oldu! Al! Ye bunu! Yeyəcəksən! (Əlindəki qanlı ət parçasını – çiy ciyərdi,
ürəkdi, nədi? – zorla Kişinin ağzına dürtmək istəyir.) Yeyəcəksən! Adamyeyənsən sən!
K i ş i (ətdən qana bulaşmış sifətini silmək istəyir). Vay! Vay!..
G ə n c (dəhşətlə). Kimdi bunnar?
K i ş i. Bilmirəm!..
Q o c a. Gözlərini çıxardın, gözlərini! (Hücum çəkib, barmaqlarını Kişinin gözlərinin içinə
soxmaq istəyir). Gözlərini!..
K i ş i (qışqırır). Buraxın məni!.. Əhmədov! Əhmədov! Gəl yığışdır bunnarı! Gəl çək bunnarı,
Əhmədov! Çəkilin!
Q a d ı n (əlindəki baltanı Kişinin üstünə qaldırıb vurmaq üçün fürsət axtarır). Dayan! Bu saat!
Bu saat vuracağam! Bu saat!
U ş a q (əlindəki qanlı ət parçasını Kişinin ağzına dürtmək istəyir). Qoy əvvəlcə bunnarı yesin,
sonra! Bunnarı!
Q o c a. Gözlərini! Gözlərini!
K i ş i (qışqırır). Buraxın! Çəkilin! Əhmədov! Əhmədov!
Q a d ı n. Tanımadın məni, hə?
U ş a q. Məni heç tanımırdı! Bilmirdi ki, heç, mən varam dünyada! (Əlindəki qanlı ət parçasını
Kişinin ağzına basır.) Ye bunu! Ye!
K i ş i (qışqırır). Çəkilin! Çəkilin!
Pauza.
(Yavaşdan). Indi mən ən çox bilirsən nəyi fikirləşirəm? Sən ki, o sözləri dedin e, Mərkəzi
Komitənin katibi olmaq barədə, bax, onda ata necə baxdı sənə... Yadına gəlir?.. Nə dedi sənə,
yadındadı? (Gəncin səsi ilə) «On ildən sonra Mərkəzi Komitənin katibi olacam!..» (Atasının səsiylə)
«On ildən sonra? Helə gec niyə?» Yadına gəlir?
Pauza.
Özü də elə baxdı sənə... Səninlə fəxr eləyirdi... Bilirsən... katib atası olmaq istəyirdi!
G ə n c. Atada işin yoxdu! Düz demirsən! Atanın bütün fikri-zikri elmdəydi! Yadından çıxıb?
Kitabdan, yazı-pozudan başqa bir şey bilmirdi! Əlində lupa, səhərdən axşamacan əlyazmalarının
arasındaydı! Yatanda da yuxusuna qədim əlyazmalarının ərəb əlifbası girirdi!
K i ş i (yavaşdan). Amma içində... lap dərinlərdə bir şöhrət həvəsi varıydı onda da... (Sözünü
kəsmək istəyən gəncə imkan vermir.) Yox, dayan!.. O cür şöhrət demirəm! Adi şöhrət yox... Adi
şöhrət nə idi? Alim şöhrəti, hörmət-izzəti də ki, atanın, Allaha şükür, bütün Azərbaycanı
bürümüşdü... Təkcə Azərbaycanı? Iki dəfə Stalin mükafatı almaq zarafat idi onda?.. Amma bilirsən,
söhbət o cür şöhrətdən getmir... Necə deyim sənə?.. Söhbət əlində ixtiyar olan şöhrətdən gedir!
Insanların taleyinin səndən asılı olduğu qadirlikdən! Belə bir qadirlik şöhrətindən! Səndən
qorxsunlar ki, vəzifələrini itirərlər! Sənə yaltaqlansınlar ki, irəli çəkilsinlər, firavan dolansınlar, ev
alsınlar, maşınları olsun, sürücüləri olsun!.. Belə bir şöhrət, belə bir qadirlik arzusu var idi onun da
içində...
G ə n c. Yalan danışma! Özündən hoqqa çıxarma! Səninçün daha müqəddəs heç nə qalmayıb!
Heç nə! Atada şöhrətpərəstlik vardı, ay nankor?! Görmürdün necə sadə geyinirdi? Onun o cürə
geyinməyi camaatın içində anekdota çevrilmişdi!
K i ş i. Hə, hə! Düz deyirsən! Amma ata bilirsən necə istəyirdi? Bəlkə bunu heç özü də başa
düşmürdü. Bəlkə bu dövrdən, zəmanədən gəlirdi, bilmirəm. Amma ata istəyirdi ki, bax eləcə
geyinsin, amma heç kim ondan anekdot danışmağa cürət etməsin, qorxsun ondan!
G ə n c. Kəs səsini!
K i ş i (onun həyəcanına fikir vermədən). Bir dəfə, yadına gəlir, əllinci illərin lap əvvəlləriydi,
hamımız onun üstünə düşdük ki, özünə təzə kostyum tikdir. Axırda «stalinski forma»da bir kostyum
tikdirdi özünə. Birinci dəfə o «stalinski forma»nı əyninə geyəndə güzgüdə özünə necə baxdı, yadına
gəlir? Hərdən yadıma düşür o baxışlar... Elə bil, ata deyildi, tamam başqa, tamam yad bir adam idi!..
Güzgüdən bütün dünyaya yuxarıdan aşağıya baxırdı!..
G ə n c. Yalandır! Ata sürücüylə, qarovulçuyla, küçədə süpürgəçiylə necə danışırdı, hə? Helə
şöhrətpərəstlik olardı?
K i ş i (lap yavaşdan). Nə bilim?.. Indi belə fikirləşirəm... Bilmirəm niyə belə fikirləşirəm?..
Bəlkə düz fikirləşmirəm?.. Bəlkə kişinin ruhu qabağında günaha batıram?
Q a d ı n (qışqırır). Pah! Günahdan qorxana bax! Al! Al! (Əlindəki şişi kişinin qarnına soxmaq
istəyir.)
Q o c a (xəstə bir ehtirasla). Gözlərinə sox, gözlərinə! Çıxart gözlərini! Çıxart!
G ə n c (dəhşətlə). Kimdi bunnar? Kimdi bunnar?
K i ş i (qışqıra-qışqıra). Tanımıram! Tanımıram! Buraxın məni! Buraxın! Əhmədov!
Əhmədov!
Əhmədov. Buna bax, indi işi dardadı, mən yadına düşmüşəm!
U ş a q. Məni buraxın qabağa! Məni buraxın! Qoy bunnarı yesin, sonra! Buraxın məni! Al! Al!
(Hoppana-hoppana əlindəki ət parçasını Kişinin ağzına dürtməyə çalışır.) Al!
Q o c a. Gözlərini! Əvvəlcə gözlərini!
G ə n c (ağlayır). Mən istəmirdim bunu!.. Mən istəmirdim!..
K i ş i. Indi yalandan ağlamağın mənası yoxdu!
G ə n c (sidq-ürəkdən). Yalandan deyil!
K i ş i. Eh... Sən heç bilirsən ki, yalan nədi, doğru nədi?.. Yəni... yəni bilirsən e, amma sənin o
bildiklərin hələ heç nədi...
Pauza.
Yenə səninlə atanın o söhbəti yadıma düşdü... Yadıma düşdü deyəndə, axır vaxtlar elə hey
fırlanır beynimdə... Qocalıram, ona görədi yəqin... Axır yaxınlaşır... Başlanğıcdan Sona gedən yol
lap qısalır... Hiss edirəm bunu... Ata onda yaman baxdı sənə... O katiblik söhbətini deyirəm... Sən
də... (gülümsəyir) sən də onu o saat başa düşdün.... Atanı çox istəyirdin sən... Bilirdin, lap yaxşı
bilirdin ki, onun içində eləcə bir şöhrət həsrəti var! O həsrət səni də maqnit kimi özünə çəkirdi...
Zəmanə, elə bil, genləri dəyişmişdi... Zəmanə təbiətin işlərinə qarışmışdı... O dəyişmiş genlər, o
günah, o gizli riyakarlıq nəsildən-nəsilə keçməyə başlamışdı...
G ə n c. Özünü təmizə çıxarıb, atanı günahlandırma! Ata başqa adam idi! Sənin tayın deyildi!
Günahlandırma atanı! (Qışqırır.) Eşitdin?!
A t a (qorxmuş). Onsuz da, məndə deyildi ki, günah... Vallah, məndə deyildi... Mən... mən o
cəmiyyətin bir üzvü idim... Nə olsun ki, səhərdən axşamacan əlyazmalarının içindəydim?.. Mən...
mən o cəmiyyətin yetişdirməsi idim... Və... və... heç kim bunu bilmirdi... qurban idim... O
cəmiyyətin yetişdirməsi və qurbanı!.. O hisslər məndən asılı deyildi... O cəmiyyətdə heç kim normal
alim olmayıb!.. Içimdəki o hisslərin sahibi mən deyildim, cəmiyyət idi...
K i ş i (pıçıltı ilə). Indi hər şeyi cəmiyyətin boynuna yıxmaq asandır!
Ata (daha artıq dərəcədə qorxmuş). Məndə işiniz yoxdu!.. Mənə toxunmayın!..
K i ş i (köks ötürür). Hə, əlbəttə, qorxaq idi yazıq...
Ata. Mənnik bir şey yoxdu... Mənnik bir şey yoxdu!.. Özünüz bilərsiz! Öz söhbətinizi özünüz
eləyin!
G ə n c (çılğın). Işin olmasın onda!
A t a. Hə! Hə! Məndə işiniz olmasın. Onsuz da, rahat yata bilmirəm...
K i ş i. Mənim nə işim var onda? Bir də ki... elə şeylər var, demək olmur...
U ş a q (hoppana-hoppana əlindəki qanlı ət tikəsini Kişinin ağzına dürtmək istəyir). Al! Ye
bunu! Ye!
Q a d ı n (əlindəki dəyənəyi Kişinin başına endirməyə çalışır). Qoy mən vurum! Qoy mən!
Mən!
Q o c a. Hə! Hə! Vur! Yaxşı vur! Ancaq əvvəlcə gözlərini! Gözlərini çıxart! (Barmağını Kişinin
gözlərinə soxmaq istəyir.) Dayan! Dayan, bu saat!
U ş a q. Al! Al! Ye!
K i ş i (ağzı, sifəti qana bulaşmış halda qışqırır). Buraxın! Buraxın məni!
Gənc qadın (həyəcanla). Əl dəyməyin! Buraxın onu!
K i ş i (tənəylə). Hardaydın, bəs? Görmürsən?! Bəs, hardaydın?!
G ə n c. Bu kimdi?
K i ş i. Sən tanımırsan.
Q o c a. Gözünü! Gözünü!
U ş a q. Yox, qoy bunu yesin! Qoy yesin bunu!
Q a d ı n. Əvvəlcə qoy mən vurum!
U ş a q. Yox, qoy yesin bunu! Ye! Ye! (Hoppana-hoppana əlindəki qanlı ət parçasını o
birilərinin başının üstündən, əl-qolunun arasından Kişinin ağzına soxmaq istəyir.) Ye! Ye!
K i ş i (qana bulaşmış sifətini geri çəkə-çəkə). Buraxın məni! Buraxın!
Gənc qadın (həyəcanla, bir cidd-cəhdlə). Işiniz yoxdu onda! Onun təqsiri yoxdu! O yaxşı
adamdı! Onu məndən yaxşı tanıyan yoxdu! O bilə-bilə pislik eləməyib sizə!
Q a d ı n (Gənc qadını göstərərək). Bu ifritəyə baxın! Bilirsiz kimdi bu? Bunun (Kişini
göstərir.), bu alçağın məşuqəsidi! Bunun kabinetində qapını bağlayıb min oyundan çıxırdılar.
Camaat da qapının dalında növbəyə yığışıb qəbul gözləyirdi!
Q o c a (sözü hecalayaraq qışqırır). If-ri-tə! If-ri-tə!
U ş a q. If-ri- tə! If-ri-tə!
Gənc qadın. Yox! Yox! Işiniz yoxdu onda!
Q a d ı n (Gənc qadını göstərir). Bunu da vurun! Bunu da!
Q o c a. Hə! Bu saat! Bu saat! Əvvəlcə gözlərini!..
U ş a q (hoppana-hoppana əlindəki ət parçasını bu dəfə də Gənc qadının ağzına soxmaq
istəyir). Qoy bu da yesin! Qoy bu da yesin!
Q a d ı n (əlindəki köhnə çuvalı Gənc qadının başına salıb, onu boğmaq istəyir). Tutun bunu!
Tutun!
Gənc qadın (qışqırır). Vay! Vay!
K i ş i (hiddətlə yerindən qalxır). Buraxın onu! Buraxın! Onda işiniz olmasın!
Pauza.
A t a (yavaşdan). Mən getdim...
Pauza.
K i ş i (gülümsəyir). Səni çoxdandı görmürəm...
Gənc qadın (gülümsəyir). Hə... Mən də çox darıxmışam...
K işi. Elə bil, yüz il keçib... Elə bil... yüz il dərinliyində bir quyu qazıblar, mən də onun
dibindəyəm...
Gənc qadın (gizlədə bilmədiyi bir təlaşla). Sənə nə olub?
K i ş i. Bilmirəm...
Gənc qadın. Səndən qorxuram...
K i ş i (gülümsəyir). Mənə görə qorxursan? Yoxsa. məndən qorxursan?
Gənc qadın. Həm sənə görə qorxuram... Həm də... səndən qorxuram...
Meh əsdi və o qoca tut ağacının yarpaqları birdən-birə elə xışıldadı ki, dənizin uğultusu eşidilməz oldu, amma
sonra o meh ötüb keçdi, yarpaqların xışıltısı azaldı və dənizin uğultusu həmişəki kimi, bütün ətrafa yayıldı.
K i ş i. Yadına gəlir, bir dəfə bulvardakı paraşüt qülləsindən tullandın?
G ə n c. Əlbəttə, yadımdadı.
K i ş i. Yay idi onda. Bulvardakı yay kinoteatrında da Xruşşovla Bulqarinin Hindistan səfərini
göstərirdilər, yadındadı? (Gülümsəyir.) Hindlilər onların boynuna gül hörükləri salırdı. Hamısı o
qüllədən görünürdü. Sən tullananda paraşütün ipi tarım açılana qədər, elə bil ki, daş kimi yerə
gedirdin. Onda, o anlarda sənə elə gəldi ki, hər şey bitdi! Qurtardı! Həyat sona yetdi! Qaranlıq bir
boşluq içindəydin. Bircə göz qırpımında buz kimi soyuq tər səni basmışdı. Tüklərin qabarmışdı.
Sonra bir təkan hiss etdin, yadındadı? Ip tarım dartıldı, sən də paraşütlə yavaş-yavaş enməyə
başladın. Ukrayna köynəyi geyib, gəmi kimi güllərin içində yırğalanan Xruşşova, həmişə səksəkə
içində olan Bulqarinin ağappaq keçi saqqalına baxa-baxa rahatca yerə endin. Onda sən başa düşdün
ki, çətini o ipin tarım dartılmasınacandı, sonra hər şey düzələr... Amma...
G ə n c (kinayə ilə). Nə amma?
K i ş i (gülümsəyir). Amma sən bilmədin ki, əslində heç vaxt heç nə düzəlmir! Əslində, bunu
sən başa düşməzsən, əlbəttə, başa düşməyinə hələ çox qalıb, əslində bütün ömür eləcə bir qaranlıq
boşluqdur... Bütün ömrün boyu da daş kimi həmişə boşluğun dibinə gedirsən... Sadəcə, özün bunu
bilmirsən... Amma, elə ki, bildin, başa düşdün, çox çətin olur...
G ə n c (fikirli). Əvvəllər səndə belə yalançı fəlsəfəbazlıq yox idi...
K i ş i (gülür). Elə onu de də!
G ə n c. Elə ki, işdən atdılar səni bayıra, elə ki, cəmiyyət şampan probkası kimi səni bir tərəfə
tulladı, onda başladın dünyanın faniliyi barədə fikirləşməyə, hə?
K i ş i. Yaman sadəlövh danışırsan...
G ə n c. Niyə sadəlövh?! O pillələri ki, addımlaya-addımlaya üzüyuxarı qalxırdın e, həmin o
pillələr nədən idi, daşdan idi? Özün də bilirsən ki, yox... Daşdan deyildi, adamların taleyi idi...
(Poetik) Insanların hissləri idi o pillələr, həyəcanları idi!..
K i ş i (yenə gülür). Mənə dərs deyirsən?
G ə n c (pərişan). Bundan sonra nə dərs?
K i ş i. Əlli yeddi yaş, deyirsən, yəni dünyanın lap axırıdı?
G ə n c (tamam şövqsüz). Yox... Amma... cəmiyyət də dəyişir indi... Sistem dəyişir...
K i ş i (istehza ilə). Deyirsən, day hər şey innən belə gözəl olacaq, hə?
G ə n c. Bilmirəm... Hər halda... Yəqin nəsə olacaq...
K i ş i. Mən sənə dedim ki, uşaqsan, uşaq! Həyatdan xəbərin yoxdu sənin! Cəmiyyət də, sistem
də bilirsən nədi? Bax, bu ağacı görürsən, bu tutu? Cəmiyyət də, sistem də təbiətin beləcə bir hissəsi,
bir parçasıdır. Yarpaqlar saralır, tökülür, sonra mövsüm dəyişir, yenə cücərir, açılır. Tut isə, həmin
tut ağacıdı... Haçansa, əlbəttə, bu tut ağacı lap qocalıb əldən düşəcək, öləcək, amma yenə də başqa
bir tut ağacı baş qaldıracaq... Cəmiyyət, sistem, bunnar hamısı boş söhbətlərdi, adamlar özləri
özlərini aldadırlar...
Pauza.
G ə n c (yavaşdan). Mən istəmirdim ki, belə olsun...
K i ş i. Sən istəyirdin ki, həmişə açılmış paraşütlə rahatca enəsən...
Q a d ı n (əlindəki məftili Kişinin boğazına dolamaq istəyir). Dayan bir! Bu saat! Bu saat!
Q o c a. Gözlərini! Əvvəlcə gözlərini!
U ş a q. Qoy bunu yesin! Ye! Ye!
G ə n c (sidq-ürəkdən gələn bir pərişanlıqla). Mən istəmirdim ki, belə olsun... Mən
istəmirdim...
Q a d ı n. Bax, belə! Bax, belə!
K i ş i. Məndə işiniz olmasın! (Qışqırır.) Əhmədov! Əhmədov!
Ə h m ə d o v. Ay gəldim a!.. Gözlə!..
Q o c a. Aha! Aha!
U ş a q. Ye! Ye!
Q a d ı n. Oxhay!..
G ə n c (ağlayır). Mən istəmirdim... Bu cür istəmirdim...
U ş a q. Ye bu saat! Ye!
Q o c a. Bax, belə!
Q a d ı n. Oxhay!..
G ə n c (dəhşətlə qışqırır). Çəkilin! Çəkilin!
Pauza.
K i ş i (ürkmüş). Sənə nə olub?
G ə n c (əvvəlcə yavaş, sonra isə get-gedə bərkdən). Yaşasın Brejnev! Ura!
K i ş i. Sənə nə olub?
G ə n c. Yaşasın Brejnev! Ura! (Iki əlilə də Kişinin boğazından yapışıb boğmağa başlayır.)
Ura!
K i ş i. Burax məni!
Gənc qadın (həyəcanla). Burax onu! Burax onu!
G ə n c. Yaşasın Brejnev! Ura! (Boğur.)
K i ş i (təngnəfəs). Əlini çək! Çək!
Gənc qadın. Vay! Polis! Polis!
G ə n c (var gücü ilə Kişini boğur). Əziz Leonid Iliç! Ura! Ura! Ura!
S O N
15 iyul 1992.
|