Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qış nağılı
QIŞ NAĞILI
Novruz Cuvarlinskinin xatirəsinə


    Bakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə. Kərim kişi çovğunun qarasına: – «Bu kəsən şey deyil!» – fikirləşib bir-iki dəqiqə də küçə pəncərəsindən bu qış səhərinin alatoranlığına qəribə bir kədər ağlığı gətirmiş qara baxdı, çovğunun vıyıltısına qulaq asdı və heç kəs yuxudan oyanmasın deyə gəldiyi kimi də ustufca otaqdan çıxıb mətbəxə keçdi, bu dəfə də mətbəxin pəncərəsindən həyətə tamaşa elədi: həyət də başdan-başa qarın içində idi və Marqarita Abramovnanın güclə seçilən pəncərə işığından başqa qarın əlindən heç nə görünmürdü.
    Axır vaxtlar Kərim kişinin ürəyinə bir nigarançılıq hopmuşdu və hər gün səhər tezdən eşitdiyi bu mahnı onu nigarançılıqdan qurtarırdı – Marqarita Abramovna yaman qocalmışdı.
    Kərim kişigilin həyəti Bakının o həyətlərindəndi ki, bir-birinə bitişik, qədim birmərtəbəli, ikimərtəbəli binaların dövrəsində balaca, girdə adaya oxşayırdı və bu adaların hamısına asfalt basılmışdı, hərəsində də bir, ya iki tut ağacı əkilmişdi – qışda üstü sərçə ilə dolu olardı, yayda kölgə salardı.
    Indi isə bu tut ağacları da başdan-başa qar içində idi. Burada Marqarita Abramovnanın fırlatdığı mahnı da daha yaxşı eşidilirdi və indi elə bil bu mahnı da hər tərəfi basmış qarın içində üşüyürdü. Kərim kişi dodaqaltı:
    – Mahnı da üşüyərmiş! – dedi və əli ilə pəncərə şüşəsinin içəri üzünü sildi, guya ki, qardan başqa təzə bir şey görəcəkmiş.
    Onun iri, kobud əlləri elə bil taxta idi və kişi pəncərəni sildikcə elə səs çıxırdı, elə bil şüşəni əllə yox, quru taxta parçası ilə sürtürsən.
    Kərim kişi yenə zənlə bayıra baxdı və yenə də dodaqaltı dedi:
    – Kəsən şey deyil bu!
    Cavanşir üşüyə-üşüyə mətbəxə boylandı və tez-tələsik:
    – Sabahın xeyir! – deyib daha tamam-kamal ağarmış başını qaşıya-qaşıya arakəsmədəki əlüzyuyana tərəf getdi.
    Kərim kişi oğlunun ardınca tərs bir nəzər saldı, heç nə cavab vermədi və bundan sonra özünə də məlum oldu ki, səhər-səhər yataqdan yaman hirsli qalxıb. Məsələ burasında idi ki, Cavanşir dünən and-aman eləyib Kərim kişini yolundan saxladı ki, sabah qar kəsər, hava düzələr, istədiyin yerə də gedərsən. Əlbəttə, Cavanşir hardan biləydi ki, sabah, yəni bu gün, qar aləmi basacaq, çovğun qiyamət qopacaq, trolleybuslar, avtobuslar dayanacaq, iş o yerə çatacaq ki, məktəblərdə dərsləri də saxlayacaqlar.
    Uşaqların səhər tezdən durmaq müsibətindən xilas olmaları Kərim kişinin yadına düşdü və hirsli də olsa, ağappaq eşmə bığının altından dodağı qaçdı.
    Uşaqlar, yəni Kərim kişinin nəvələri. Beş nəvəsi vardı: böyük qızı köçürmüşdülər – özü də, əri də neftçi idi, ondan kiçiyi Odessada gəmiçilik institutunda oxuyurdu, qalan üç nəfər isə hələ məktəbə gedib-gəlirdi. Bunlar hamısı Cavanşirin balaları idi. Heybət isə müharibədən qayıtmamışdı, tək gəlmişdi, tək getmişdi, həmişə də otaqda divardan asılmış şəklindəki kimi cavan qalmışdı.
    Mahnının səsi kəsildi və indi yalnız çovğunun vıyıltısı eşidilirdi, bir də haradasa lap uzaqlarda elə bil ki, bir it hürürdü. Bu it hürüşü Kərim kişinin əhvalını lap pozdu və o, ürəyində öz-özünə yağlı bir söz dedi.
    Cavanşirin arvadı Fazilə mətbəxə girib suçlu adamlar kimi:
    – Sabahınız xeyir, – dedi. – Sonra qazı yandırdı, çayniki odun üstünə qoydu və Kərim kişinin gözünə görünməsin deyə tələsik də mətbəxdən çıxdı.
    Kərim kişi gəlinin salamını almadı, amma özü də özünü məzəmmət elədi ki, nahaq iş gördü, çünki məlum məsələydi ki, qarın, çovğunun bu cür həyasızlıq eləməsində gəlinin heç bir təqsiri yox idi.
    Bir azdan otaqda oturub səhər çayı içəndə Cavanşir arvadına dedi ki, heç bilmirəm işə necə gedib çıxacağam, nə maşın işləyir, nə avtobus. Bu sözləri açıqaşkar surətdə Kərim kişiyə eşitdirirdi, yəni ki, bu havada evdən bayıra çıxmaq mümkün olan iş deyil. Sonra bununla da kifayətlənməyib dedi ki, elektrik qatarları da Sabunçu vağzalında yatıb qalıb, çünki dəmir yolunu qar basıb. Kərim kişi bu sözləri eşidəndə armudu stəkandakı çayını yarımçıq qoydu mizin üstünə, ayağa qalxdı və mətbəxə keçib yenə də pəncərədən həyətə baxdı: çovğun qiyamət qoparmışdı.
    Məsələ burasında idi ki, Kərim kişi pensiyaya çıxdığı vaxtdan ta indiyə kimi, yəni on beş ildən bəri yaydan başqa, qalan aylarda da hər gün, uzaq başı iki gündən bir Bilgəhdəki bağına gedirdi, meynələrə, əncirlərə, narlara qulluq edirdi, bostan salırdı, gül-çiçək əkirdi, uzun sözün qısası, Bilgəhdəki dədə-baba bağları ilə sidqürəkdən dostluq edirdi; bağ kişini başa düşürdü, kişi də bağın işinə yarayırdı. Srağagün də bağda idi və srağagün adamın heç ağlına gəlməzdi ki, hava belə dəyişəcək, beləcə qar-çovğun başlayacaq. Şəhərə qayıdanda Nabranın boynuna zəncir salıb damda bağladı ki, açıq qalıb yalaqlanmasın, qabağına da evdə hazırlayıb gətirdiyi yaldan nə qalmışdısa onu qoydu. Sabah tezdən, yəni ki, dünən yenə gələcəkdi, amma srağagün gecədən qar başladı, dünən də dayanmaq bilməyib yağdı və Cavanşirlə Fazilə də onu yoldan elədilər ki, sabah, yəni bu gün hava düzələr, gedərsən.
    Bu gün çovğun dünənkindən bərk başlamışdı və Nabran da zəncirə bağlı qalmışdı bağda.
    Bir dəfə – dörd-beş il bundan əvvəl, yay vaxtı uşaqlarla birlikdə Nabrana getmişdilər və Kərim kişi oradan bir ovçarka küçüyü alıb gətirmişdi, uşaqlar da bu küçüyün adını qoymuşdular Nabran. Kərim kişi onu bağda saxlayırdı, Nabran da böyüyüb bir it olmuşdu ki, gəl görəsən və indi həmin bu it qarın, çovğunun bu vurhavurunda ac-susuz qalmışdı Bilgəh bağındakı damın içində.
    Kərim kişigilin evi birinci mərtəbədə idi, ata-babadan burada yaşayırdılar və indi külək qarı evin bayır qapısının ağzına elə yığmışdı ki, Cavanşir qapını aça bilmirdi. Axır ki, qapını bir balaca aralayıb zorla bayıra çıxdı və birdən-birə arakəsməyə elə güclü külək əsdi, bir göz qırpımında içəri o qədər qar doldu ki, elə bil Bakıda yox, Şimal Buzlu okeandasan. Kərim kişi mətbəxdəki köhnə sandığın arxasından neçə ildən bəri işsiz-gücsüz qalmış beli götürdü və bayır qapısına yaxınlaşıb bütün bədəni ilə sərt soyuq hiss eləyə-eləyə onu qapının arasından oğluna uzatdı:
    – Təmizlə!
    Cavanşir qapını örtüb çöldə bir xeyli əlləşdi, vuruşdu və yalnız bundan sonra qapını tamam aça bilib təzədən içəri girdi, göyərmiş əlləri ilə qıpqırmızı sifətini ovuşdurdu, kürkünün yaxasını çırpdı və elə bil bu şücaətindən bir az ürəklənib dinməz-söyləməz qarşısında dayanmış Kərim kişiyə:
    – Əşşi, çıxıb-eləməyəsən ha, yaman pis havadı, – dedi.
    Fazilə də böyürdən:
    – Zəhrimara qalsın belə havanı! – dedi, özü də elə dedi ki, yəni ay Kərim əmi, bizə niyə acığın tutur, biz neyləyək, sən yaşda adam bu havada, bu vurhavurda Bilgəhə necə gedib çıxacaq, necə qayıdacaq?
    Əlbəttə, Fazilə də, Cavanşir də bilmirdi ki, əslində – lap doğrusu bu idi ki, var – Kərim kişinin acığı özünə tutub, öz səksən yaşına.
    – Mən özüm gedərdim, amma indi işin elə vaxtıdı ki, qoyub getmək olmur...
    Bu sözləri Cavanşir dedi və Kərim kişi də onun başqa söz deməsinə imkan verməyib:
    – Yaxşı, yaxşı, yeri get işinə, – dedi.
    Kişi dilləndi deyə Fazilənin eyni açıldı. Cavanşir də gülümsəyib:
    – Yaxşı, mən getdim, – dedi və hələ də nigarançılıqdan qurtarmayıb əlavə elədi:
    – Amma çıxmayasan ha!..
    – Çıxmaz, çıxmaz. – Bu sözləri də Fazilə dedi, yəni ki, arxayın ol, qoymaram getsin.
    Kərim kişi bu dəfə də özünü saxlaya bilməyib gəlininə tərs bir nəzər saldı və otağa keçdi.
    Cavanşir gəmi təmiri zavodunda işləyirdi, mühəndis idi və məlum məsələydi ki, işi başlı-başına buraxıb Nabranın dalınca Bilgəhə gedə bilməzdi. Cavanşir neftçi deyildi (Heybət neftçi idi), amma necə olsa da, işi dənizlə bağlı idi, neft iyi ilə, mazutla bağlı idi və elə buna görə də oğlunun işinə Kərim kişinin hörməti vardı. Məsələ burasındaydı ki, Kərim kişinin oğlundan, gəlinindən, nəvələrindən, dosttanışlarından, qohum-əqrəbadan, uzun sözün qısası, bütün yaxın adamlarından başqa dünyada üç istəklisi var idi: birinci – neft, yəni ki, neft iyi, neft rəngi, neft həsrəti, neft sevinci; ikinci – dəniz, yəni ki, dənizin uğultusu, mülayimliyi, xəzrisi, göylüyü, böyüklüyü, dalğası, ləpəsi; üçüncüsü də – yaşıllıq, yəni ki, kol-kos, çəmənlikçiçəklik, bir sözlə, alaqdan tutmuş çinara kimi nə vardısa da hamısı.
    – Sabahın xeyir, ay baba. Mamaya deyəcəksən məni həyətə buraxsın? – Bunu indicə yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura arakəsmədəki tualetə gedən
    Ayaz dedi.
    – Get əl-üzünü yu, dinməz-söyləməz gəl otur, çörəyini ye. – Bunu da Kərim kişi dedi və Ayaza məlum oldu ki, babasının qanı qaradı və bu gün onunla zarafat eləmək olmaz.
    Çovğun lap bərkimişdi və hərdən külək elə vıyıldayırdı, elə bil Kərim kişigilin ev-eşiyini də yerindən qamarlayıb aparacaqdı. Qəribəydi ki, hər dəfə külək qıy çəkəndə Kərim kişi bu fikirdən səksənirdi və özü də özünü məzəmmət edirdi, amma orasını da lap dəqiq bilirdi ki, həştaddandı bu. Lap qəribəsi isə bu idi ki, qarın, çovğunun bu qiyamətində birdən-birə Kərim kişinin yadına yaz düşdü. Yazın o vaxtları ki, Abşeron bağlarında gilənarlar çiçəklərini tökürdü, nar ağacları isə hələ təkcə yarpaq açırdı, xına rənginə boyanırdı. O vaxtlar ki, əncirlər qabla bağlayırdı və peyvənd alçalar da çeçələ barmağın dırnağı boyda olurdu, meyvələrin yarpağı təzətər idi, bülbüllərin də ki, səsi aləmi götürürdü. Yazın o vaxtları ki, külək şam ağaclarının limonu tozunu eyvanın taxta döşəməsinə səpirdi və səhər eyvana çıxıb evə qayıdanda otağın taxta döşəməsinə ləpir düşürdü.
    Kərim kişi elə bil bu ləpirləri gördü, bu ləpirlərin arasında Ayazın da balaca yalın ayaqlarının izini, dınqılı barmaqlarının yerini gördü və gülümsədi. Sonra yazın rəngi gözlərinin qabağına gəldi, yazın iyini duydu və birdən-birə necə oldusa bu yaz ətrinə neft qoxusu qatışdı...
    Elə bil yenə də uzaqda it hürdü və it hürüşü bayırdakı çovğunun vıyıltısında güclə eşidilirdi – elə bil gecənin zülmətində bir çöllü-biyabandasan və uzaqlarda, lap uzaqlarda tənha bir çırağın işığı yanır, sonra sönür.
    Kərim kişi bir balaca tutuldu və bu dəfə lap açıq-aşkar hirsi özünə tutdu ki, daha qulağına səs gəlməyə başlayıb, burnuna iy gəlir, ürəyi xiffət çəkir; hirsi tutdu ki, kişi belə yumşalmaz. Əlini üzünə aparıb tüklü sifətini qaşıdı və elə bil ki, Marqarita Abramovna da bunu gözləyirmiş kimi, bayır qapısını döyəclədi, sonra da cır səsilə qışqırdı:
    – Kerim Bilaloviç! Kerim Bilaloviç!
    Marqarita Abramovna bütün yer üzündə yeganə adam idi ki, Kərim kişiyə Kerim Bilaloviç deyirdi və bu qadını iyirmi beş ildən artıq tanımasına baxmayaraq, hər dəfə də belə bir müraciət Kərim kişiyə qeyri-adi gəlirdi; o, başqa məsələ ki, usta Kərim! Yaxud, elə təkcə «Usta». Ya da ki, indiki kimi, qocafəndi: Kərim kişi. Kərim kişi əvvəlcə elə bildi ki, yenə qulaqlarına səs gəlir, çovğunun vıyıltısı təzədən arakəsməyə hücum çəkəndən və bu dəfə Marqarita Abramovnanın cır səsini arakəsmədə eşidəndən sonra başa düşdü ki, bu qoca arvad havanın belə vurhavurunda yenə gəlib onun üzünü qırxmağa.
    Marqarita Abramovna arakəsmədə soyuqdan Faziləyə şikayət eləyib, sonra otağa girdi:
    – Kerim Bilaloviç, bu qar necə olacaq? Dünyanın axırı çatıb bəlkə? – Sonra dünyanın axırının çatıb-çatmaması barədə cavab gözləməyib hələ də üşüyən əllərini bir-birinə sürtdü və ora-burasına qar dolmuş çantasını açıb ülgücü, fırçanı, sabun tozunu-filanı mizin üstünə yığmağa başladı.
    Hər dəfə Marqarita Abramovnanın qurumuş əlləri Kərim kişinin sifətinə dəydikcə o, qabağındakı güzgüdə bu qarının gözlərinə baxırdı, zəndlə baxırdı, elə baxırdı ki, Marqarita Abramovna bunu görməsin; zəndlə baxırdı və hər dəfə bu kiçilmiş, rəngini itirmiş gözlərdə bir az işıq axtarıb tapmaq istəyirdi; istəyirdi özünü arxayın eləsin ki, qocalıb əldən düşmüş, amma əlləri titrəməyən və gözləri iti görən bu arvad hələ çox yaşayacaq, patefonu hələ çox çalacaq.
    Bu dəfə Marqarita Abramovnanın quru əlləri həm də soyuq idi və bu soyuq barmaqlar Kərim kişinin sifətinə toxunanda necə oldusa, kişi ürək eləyib bu qarının gözlərinə baxa bilmədi; özü öz cürətsizliyini gördü və yenə də özünə bərk acığı tutdu.
    Marqarita Abramovna həmişəki cidd-cəhdlə Kərim kişinin üzünü sabunlayıb qırxmağa başladı. Pensiyaya çıxandan bəri – iyirmi ilə yaxın idi – hər həftə gəlib evdə Kərim kişinin üzünü qırxırdı. Bütün həftəni hazırlaşırdı, ülgücünü itiləyirdi, ağ dəsmallarını kraxmallayıb ütüləyirdi, ətrini, sabununu, pudrasını yoxlayırdı. Marqarita Abramovna Bakıya müharibənin axırıncı ili gəlib çıxmışdı. Tək-tənha gəlmişdi. Kərim kişigilin həyətində yaşayan Bakıdakı bircə qohumu Izabella Salamonovnanın yanına gəlmişdi və müharibə vaxtı günlərin bir günündə, gecənin yarısı balaca otaqlarında oturub dərdləşəndə dünyanın işlərindən söhbət düşmüşdü, həyatın mənasından, adamların yaxşı-yamanlığından söz düşmüşdü və o vaxt mizin üstündə fağır-fağır, yana-yana bu iki yaşlı arvadı güc-bəla ilə işıqlandıran neft lampasının həmin zəif işığında Izabella Salamonovna Kərim kişinin insanlığı barədə bir-iki yaxşı söz demişdi. Elə o vaxtdan bəri də bu sözlər Marqarita Abramovnanın beynində qalmışdı.
    Aydın məsələydi ki, Kərim kişinin həmin gecə söhbətindən xəbəri yox idi, amma iş elə gətirdi ki, Marqarita Abramovnanı qulluğa düzəldən, yəni Bayıl tərəfdəki dəlləkxanalardan birində ona yer tapan elə Kərim kişi oldu. Marqarita Abramovna ömründə dəlləklik etməmişdi, amma işə çıxdığı birinci gündən hamı onu əməlli-başlı dəllək bilmişdi; bir də ki, o vaxt camaat yaxşı dəllək hayında deyildi. Bir az keçəndən sonra Izabella Salamonovna öldü. Marqarita Abramovna tək qaldı.
    Marqarita Abramovna sabunu ikinci dəfə Kərim kişinin cod sifətində köpükləndirib dedi:
    – Kerim Bilaloviç, siz başqa tipdə adamsınız, mənim Şnayderim başqa tipdə adam idi. Amma Şnayder də çox simpatiçni adam idi.
    Şnayder familli kişi Marqarita Abramovnanın əri idi və müharibə vaxtı almanlar onu təkcə oğulları Davidlə birlikdə Kiyevdə güllələmişdilər. Kərim kişi bunu bilirdi, bir də bunu bilirdi ki, Şnayder Kiyevdə məşhur dərzi imiş.
    Bir müddət də hərə öz işi ilə məşğul oldu, yəni Marqarita Abramovna ciddcəhdlə Kərim kişinin üzünü qırxırdı, Kərim kişi isə qartmış tüklərinin ülgücün altından gələn xışıltısına səbrlə qulaq asa-asa heç vaxt üzünü görmədiyi David barədə fikirləşirdi, sonra Heybət barədə fikirləşdi, sonra da fikirləşdi ki, nə Heybət Davidi tanıyırdı, nə də David Heybəti, amma budu, bir belə illər gəlib keçib və indi qoca bir kişi qoca bir arvadın sabun köpükləndirən qırışlı, gömgöy damarları görünən əllərinə baxa-baxa həm Heybəti fikirləşir, həm də Davidi.
    Yenə külək Kərim kişigilin evinə hücum çəkdi və bu dəfə Kərim kişi dörd-beş il bundan əvvəl Nabrana getdikləri yay gününü yadına saldı, həm də elə bildi ki, o balaca ovçarka küçüyü yenə ardınca gəlir.
    Əlbəttə, Marqarita Abramovnanın bu saat Bilgəhdəki bağda ac-susuz qalmış itdən xəbəri yox idi və buna görə də birdən-birə gülümsədi, siqaret çəkən adamların barmağı kimi sapsarı saralmış sifətinin qırışları daha da artdı, yenə də yaxşıca öyrəndiyi Azərbaycan dilində dedi:
    – Izabella Salamonovna məni ərə vermək istəyirdi. Axı, mən də çox yaraşıqlıydım. Amma ona dedim: hardan tapacaqsan mənimçün Şnayderi? Mənim Şnayderimi kim verəcək mənə?
    Başqa vaxt olsaydı, Kərim kişi bir-iki şux söz atardı, çünki Marqarita Abramovna Izabella Salamonovnanın yanına gələndə yaşı əllini çoxdan keçmişdi, amma bu dəfə kişi zarafat eləmədi və başından belə bir fikir gəlib keçdi ki, Zibeydənin də yerini heç kim verə bilməz. Bunu fikirləşdi və bu fikirdən sonra bu dərəcədə yumşalmasına elə hirsi tutdu ki, yerində qurcalandı. Marqarita Abramovna bu dəm bütün fikri-zikri ilə Şneyderinin yanında olsa da, qızışmaq bilməyən soyuq barmaqları ilə Kərim kişinin çənəsinin altını sürtüb:
    – Tük qalıb, – dedi. – Durmayın hələ.
    Bir azdan Marqarita Abramovna işini görüb qurtardı və təzədən özünü həyətdəki qar-borana vurub evinə qalxdı, amma bir xeyli müddət dediyi bu söz: « – Durmayın hələ» – Kərim kişinin qulaqlarından getmədi və kişi fikirləşdi ki, Marqarita Abramovna yəqin dünyada təkcə dəlləkdir ki, təkcə də müştərisi var. Burasını da fikrindən keçirtdi ki, vay o dəlləyin halına ki, təkcə müştərisi də gedə... Bir azdan yenə də elə bil ki, lap uzaqlardan qədim mahnının zəif səsi hərdən eşidildi, hərdən eşidilməz oldu.
    Qarın, boranın qiyamət qopardığı həmin qış günü Kərim kişi heç kimlə kəlmə kəsmədi, dinib-danışmadı, yalnız bircə dəfə küçə pəncərəsindən bayıra baxıb özözünə bərkdən dedi:
    – Günaha batdım.
    Uşaqlar da, Fazilə də, işdən çıxıb qarın əlindən güclə evə gələn Cavanşir də bütün gün ərzində Kərim kişiyə bir söz deməyə cürət etmədi və gecə yerlərinə girəndə hamının ürəyində bir nigarançılıq vardı; hamı bilirdi ki, axıracan belə getməyəcək və hamı da sidq-ürəkdən arzulayırdı ki, sabah hava düzəlsin. Bunu hamı arzulayırdı, amma təkcə Kərim kişi bilirdi ki, əvvəla, bu hava düzələn hava deyil, ikincisi də istəyir düzəlsin, istəyir düzəlməsin, sabahdan da keçsəydi, iş də işdən keçəcəkdi.
    Həmin qış gecəsi nə qar kəsdi, nə şaxta-boran azaldı və çox qəribə oldu ki, yerində uzanıb bayırda qıy vuran küləyin səsinə qulaq asa-asa yenə də yaz, bağ, dəniz Kərim kişinin yadına düşdü və ən çox qəribəsi də bu oldu ki, qırx-qırx beş il bundan əvvəl vurduğu bir ördək birdən-birə gözlərinin qabağına gəldi, o vaxtdan bəri ömründə xatırlamadığı bu vecsiz əhvalat lap qəflətən gəlib yadına düşdü. Bu tək ördək Bilgəhdə, dənizin lap qırağında qumluğa qonurdu, sahil boyu o baş-bu baş gəzişən usta Kərim hər dəfə ona tərəf yaxınlaşanda havaya qalxıb iyirmiotuz addımlıqda təzədən qumluğa enirdi. Bir dəfə, iki dəfə, üç dəfə... Və elə bil özü öz dili ilə deyirdi ki, usta Kərim, get evdən beşatılanı gətir, məni vur. Usta Kərim evdən beşatılanı götürüb lap naümid sahilə qayıtdı ki, yəqin ördək uçub gedib. Ördək uçub getməmişdi, əməlli-başlı bir inadla ustanın beşatılanını gözləyirdi. Usta da bircə gülləyə sərdi onu yerə.
    Kərim kişi həmin uzaq günü lap aydın yadına saldı: aprelin axırları idi, bazar günü idi və orasını da yadına saldı ki, Zibeydə həmin ördəkdən şorba bişirdi. Kərim kişi ömrü boyu ördəklər vurmuşdu, çox quşa atmışdı, amma indi heç cür başa düşə bilmədi ki, niyə elə məhz ördək birdən-birə beləcə açıq-aydın yadına düşdü və orasını da heç cürə başa düşə bilmədi ki, niyə o zaman həmin ördək təktənha idi, niyə uçub getmirdi və niyə ondan hürkmürdü? O vaxt beşatılanla atdığı güllənin səsi qulaqlarına gəldi və qalın yorğanının altında mürgü döyə-döyə özözünə huyuxdu.
    Sübh tezdən Kərim kişi bayır qapısını güclə bir balaca itələyib zorla həyətə çıxanda külək elə qıy vurub arakəsməyə doldu ki, az qaldı evdəki camaatı yuxudan oyada və qapını bağlayandan sonra Kərim kişi bir müddət yerində dayandı, amma içəridən səs-səmir eşitmədi. Əslində bu saat çovğunun uğultusundan başqa heç nə eşitmək mümkün deyildi və Kərim kişi boynunu köhnə kürkünün içinə qısıb sol dirsəyini irəli verdi, yanpörtü addımlayıb küçəyə çıxdı. Bu şaxtanın, boranın içində birdən-birə Kərim kişinin burnuna tanış qoxu dəydi və kişi başa düşdü ki, bu neft iyi kürkdən gəlir. Çoxdan, lap çoxdandı ki, Kərim kişi içi qoyun dərili bu kürkünü geymirdi. Indi birdən-birə ona elə gəldi ki, yenə də o ötən günlər kimi səhər tezdən evdən çıxıb işə gedir, bir azdan avtobusa minib mədənin yanında düşəcək.
    Bu şaxtalı-boranlı qış səhərində kürkün yununa hopmuş həmin neft qoxusu Kərim kişinin ürəyinə bir həzinlik gətirdi, kövrəklik gətirdi. Bu neft qoxusunda uzun illərin sükunəti vardı, elə bil bəylik paltarını naftalinləyib sandığa qoymuşdun. Bu saat mədənlər də qarın altında idi, amma orada hər tərəfi bürümüş qarın altından əsl neft qoxusu gəlirdi. Kərim kişi bunu duydu, hiss elədi və orasını da hiss elədi ki, bir də heç zaman mədəndə olmayacaq, bir də heç zaman əlini fontan vurmuş quyunun neftinə batırıb burnuna tutmayacaq.
    Həmin qış səhərinin qaranlığında qardan, çovğunun vıyıltısından başqa küçədə heç nə yox idi, heç kim yox idi və elə ilk dəqiqədən şaxta Kərim kişinin arıq, uzun bədəninə hücum elədi. Kərim kişinin başından belə bir fikir gəlib keçdi ki, canavar yaralını, zəif xəstəni o saat tanıyır, duyur, izləməyə başlayır, heç nədən qorxubçəkinmir, başının üstünü alır. Bunu fikirləşdi və dünən Marqarita Abramovnanın cidd-cəhdlə qulluq elədiyi eşmə bağının altından dodağı qaçdı. Marqarita Abramovna hələ yerindən qalxıb patefonunu işə salmamışdı. Kərim kişi sol qolunu dirsəkdən büküb gözünün üstündə sipər elədi, gözlərini yumdu, qara bata-bata yanpörtü addımlamağa başladı və yavaş-yavaş sağ əlində tutduğu bağlamanın ağırlığını hiss etdi.
    Kərim kişi Beşmərtəbənin yanındakı bağa gəlib çatanacan sol qolunu başının üstündən çəkmədi, ancaq tramvay dayanacağında qolunu aşağı saldı: nə tramvay var idi, nə də tramvaydan əsər-əlamət. O, boynunu kürkünün içinə qısıb bağa tərəf baxdı və küçə boyu ağacların hamısının qarın ağırlığından, şaxtanın sərtliyindən, çovğunun şiddətindən yarıbayarıdan qırıldığını gördü. Elə bil ki, ağac qəbiristanlığı idi və bu qəbiristanlıqda bu saat qar-boran fironluq eləyirdi. Kərim kişi sol əlini qalın kürkünün üstündən arıq baldırlarına vurub:
    – Bay səni! – dedi və qar-boranın fironluq elədiyi bu məqamda doluxsundu, amma bunu nə qocalığının ayağına yaxdı, nə də yumşalmasının – ağaclar da adamlar kimi idi, ağaclarda da dözüm var idi və bu dözüm də hərdən beləcə qurtarırdı. O yenə sol qolunu gözünün üstündə sipər eləyib Sabunçu vağzalına tərəf addımlamağa başladı. Bayaqkı ağaclar gözlərinin qabağından getmədi və Kərim kişi başa düşdü ki, ömrünün, yəni ki, qalan günlərinin axırınacan da getməyəcək. Sonra Bilgəhdəki ağacları fikirləşdi, o ağacları ki, öz əli ilə əkmişdi və o ağaclar ki, oğuluşaq üçün, dost-tanış üçün yadigar qalacaqdı.
    Kərim kişinin Bilgəhdəki bağı dərədə idi və oranı bu cür külək tutmurdu – burası yaxşı idi, amma burası da pis idi ki, narı, ənciri don vuracaqdı. Şaftalının, əriyin xeyrinə olacaqdı bu qar, amma belə xeyirdənsə şər yaxşıdı, yəni o şaftalının ki, xeyri narın qurumağına bağlıdı, yerli-dibli lazım deyil.
    Sabunçu vağzalında adam az idi və bu adam azlığından vağzalın içi boş kilsəyə dönmüşdü. Elektrik qatarının səsi elə bil özü ilə bu boş vağzala bir istilik gətirdi. Qatar yerindən tərpənəndə isə Kərim kişi hiss elədi ki, sağ əli açılmır; sağ əlini aça bilmir ki, bağlamanı yanına qoya; sol əli ilə sağ əlini tutdu və bağlamanı dizinin üstünə qoydu.
    Qatar getdikcə Kərim kişi pəncərənin buz bağlamış şüşəsinə baxa-baxa yadına saldı ki, dünən Cavanşir deyirdi elektrik qatarları işləmir. Bunu yadına saldı və gülümsədi, amma orasını da yaxşı bilirdi ki, bu saat evdəkiləri nigaran qoyub. Yenə özünə yaman hirsi tutdu – ona görə yox ki, evdə heç kimə heç nə deməyib Bilgəhə gedir, ona görə ki, belə qocalıb, belə zəifləyib və ən başlıcası ona görə ki, özü də bunu görür, bu barədə fikirləşir və ürəyində bir «Heyhat! Heyhat! Heyhat!» elə yuva salıb, elə bil xərçəng yarasıdı.
    Sonra Kərim kişi hiss elədi ki, mürgüləyir, hiss elədi ki, yatmaq istəyir, bu dəm qarı, boranı yarıb gedən bu elektrik qatarının içində onun bütün bədəni yuxuya can atır. Kərim kişi onu da hiss elədi ki, bu saat burada yatsa, bir də heç vaxt ayılmayacaq. Sol əli ilə sağ əlini ovuşdurmağa başladı, sonra yarıdan qırılmış ağaclar gəldi gözlərinin qabağına, sonra yenə haçansa vurduğu həmin ördəyi xatırladı, sonra da Marqarita Abramovnanın buz barmaqlarını üzündə hiss elədi və birdən-birə başa düşdü ki, bu qış axırıncı qışıdı.
    O, qatardan düşəndə külək elə qıy vurdu ki, az qaldı ayaqları perronun üstünə yox, perronla qatarın arasına getsin. Sonra külək bir də qıy vurdu, bir də, bir də. Elə bil bu saat bütün aləm dağılırdı.
    Aydın məsələydi ki, bu şaxta-mərəkədə stansiyadan xeyli aralıdakı bağa tərəf nə bir maşın işləyirdi, nə avtobus və Kərim kişi yenə də sol qolunu büküb başının üstünə qaldırdı, üzü xəzriyə addımlamağa başladı; ayaqları güclə sözünə baxırdı. Bu yol torpaq yol idi, sol tərəfdə bağlar idi, sağ tərəfdə zeytun ağacları və bu zeytun ağaclarının arasında şamdan salınmış meşə zolağı. Amma indi nə torpaq yol var idi, nə zeytun, şam ağacları, nə də ki bağlar; ancaq qar idi, qiyamət qoparan külək idi və bu külək Kərim kişinin gözünü açmağa qoymurdu. Birdən o, hiss elədi ki, qardan başqa ayaqlarına nəsə dolaşır və başa düşdü ki, bu damının qapısını qar basıb çöldə qalmış itdir və bu it evdə nə varsa hamısını – dünənki xörəyin boyatından tutmuş kolbasaya, sosiskayacan yığıb bağladığı bağlamasını əlindən qapa bilər. Kərim kişi gözünü açıb baxa bilmirdi, bir səs də çıxara bilmirdi, təkcə bunu bilirdi ki, dayanıb, bağlamanı açıb, bu itə də bir şey verməyə gücü çatmayacaq; olan-qalan gücünü yığıb bir az bərk yeriməyə çalışdı. Bu it onsuz da əl çəkən deyildi, bağlamanın iyinə, adam nəfəsinin istisinə lap dünyanın axırınacan gedəcəkdi.
    Kərim kişinin bir ərik ağacı vardı ki, altında yüz adama yer salmaq olardı və həmişə bağa gələndə ilk növbədə uzaqdan bu ağac görünərdi. Kərim kişi bayaqkı it ayağına dolaşa-dolaşa üzü xəzriyə tərəf addımlaya-addımlaya hiss elədi ki, bax, bu yerdən ərik ağacı görünür və daha bağa çatmağa az qalıb. Sonra bunu da hiss elədi ki, indi ayağına bir it yox, iki it dolaşır. Itlər də görünür, Kərim kişinin əlindəki bağlamaya hücum eləməkdən çəkinirdi və yəqin hiss edirdilər ki, həmin bağlamadakından onların da payına düşəcək, bilirdilər ki, bu uzun ayaqların sahibi ilə harasa elə bir yerə çatacaqlar ki, orada isti olacaq, oranı külək tutmayacaq və orada yemək olacaq.
    Bu qədim dəmir darvaza bütün ətrafda məşhur idi, köhnə məscid kimi, köhnə dəyirman kimi bu yerlərin abidələrindəndi. Indi həmin darvazanın balaca qapısının ağzına adam boyu qar yığılmışdı və Kərim kişi axırıncı dəfə bütün gücünü toplayıb sol əli ilə qarı təmizləməyə başladı. Daha qar-boranı hiss eləməsə də bunu başa düşdü ki, itlər də ona kömək edir, qabaq ayaqları ilə qapının ağzındakı qarı o yan-bu yana dağıdırlar. Kərim kişi yadına saldı ki, bu axırıncı əzab-əziyyətdi, Nabranın damının ağzı xəzriyə tərəf deyil və yəqin qar ora bu cür yığılmayıb. O, qapını itələyib darvazadan içəri girəndə heç özü də bilmədi necə oldu ki, qışqırmağa gücü çatdı:
    – Nabran!
    O dəqiqə də qulağına it zingiltisi gəldi və Kərim kişi bütün bədənini, əllərini, ayaqlarını hiss eləməsə də, heç nə görməsə də, başa düşdü ki, onu qara basmır, bu, Nabranın zingiltisidi və burasını da başa düşdü ki, bütün bu müddət ərzində Nabran onun yolunu gözləyib.
    Daha bundan sonrakıları Kərim kişi elə bildi ki, yuxuda görür, yəni elə bildi ki, yuxudadı, onun ayağına dolaşan bayaqkı itlərin də boranın əlindən Nabranın damına soxulmaları yuxudadı və axır ki, güc-bəla ilə aça bildiyi bağlamadakıları onların qabağına qoyub yedizdirməsi də yuxudadı. Sonra elə bil nə isə eşidib bircə an yuxudan ayıldı və bu dəfə Cavanşirin səsini lap açıq-aşkar eşitdi:
    – Ata! Ata! – və başa düşdü ki, indi də onu qara basmır: bunu da başa düşəndən sonra daha heç nə bilmədi.
    ... Həkim çarpayının yanından qalxıb bir Ayaza, Ayazın yanındakı bacıqardaşına baxdı, bir Cavanşirə, Faziləyə baxdı, bir qapının ağzında dayanmış Marqarita Abramovnaya baxdı və bir də təzədən Kərim kişinin qalın balıncın içinə batmış sifətinə baxıb:
    – Sətəlcəmdi, – dedi və sonra bunu da dedi ki, keçib gedər.
    Cavanşir atasının gözləri yumulu zəif sifətinə baxdı və ürəyini bir qorxu bürüdü: birdən keçib getmədi?..
    Əlbəttə, indi Kərim kişi güzgüdə Marqarita Abramovnanın gözlərinə baxa bilsəydi, o saat başa düşərdi ki, bu qoca arvad da bu dəm bir ürək ağrısı ilə öz təkcə və axırıncı müştərisini itirməkdən qorxur.
    ... O ki, qaldı havaya, cəmi ikicə gün keçmədi, Bakıda qar kəsdi, külək dayandı, bir gün çıxdı ki, gəl görəsən və indi adamın heç ağlına gəlməzdi ki, vur-tut ikicə gün bundan əvvəl Nabran boyda it damda qalıb çovğunun əlindən zingildəsin.
Iyun, 1973.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1379 | Reytinq: 2.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more