PARISDƏ AVTOMOBIL QƏZASI
Ş ə h r ə b a n u x a n ı m. Hatəmxan ağa və Şəhrəbanu xanım
ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə
apara!..
M ü s y ö J o r d a n. Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.
M.F.Axundov,
«Hekayəti Müsyö Jordan həkimi-nəbatat
və Dərviş Məstəli Şah cadukuni-məşhur».
I
Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də
atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki
məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri
idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi
bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə
oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları
qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim
yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi,
sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü,
amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi
eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.
Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir
bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda
oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq
arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü,
günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra
da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və
hər şey eynilə təkrar olunurdu.
Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində
tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və
doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki,
qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış
nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə –
on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı
küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki
nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar,
oğru idilər?
Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə
bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça
zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən
bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının
furqonuna atdı.
Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən
təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuzyuvasız
da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq
Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli
adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə
sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola
bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri
yuxuladıb götürüb aparırlar.
Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta
Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik
sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə
alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu
və ikisi də maşına oturub sürüb getdilər.
Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı,
qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan
həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin
kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün
yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var
idi.
Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir
qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu
gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi
xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan
güllələrin səsinə heç kim yuxudan oyanmayıb?
Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda
kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də,
xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını
tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə
heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl
ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on
iki günlüyə Şuşa sanatoriyasına getmişdi.
Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı –
bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim
müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün
həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim
başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə
tərəf getdi.
Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim
ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının
yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb
dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə
dinməz-söyləməz və beləcə də ciddi görürdü.
Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi,
yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki,
dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın.
Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir
balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?
Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər
halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları
dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim
müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı.
Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və
eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin
arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu
dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim
müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə
olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı
durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan
sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta
qədim çağlardan Kərim müəllimə baxırdı.
Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi,
məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb
eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri
ilə Kərim müəllimi bayıra yola saldı.
Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim
müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını
aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçə, bağı
süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü
birinci adam olurdu.
Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş
göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş
küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi
bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin
adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı
binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin
avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca
Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin
sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.
Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, yəni Kərim
müəllim Zənbil, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə
təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında
növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar
sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir
verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü
də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün
də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy
Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim
müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim
fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər.
Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki,
müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə
çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).
Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi,
amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı
enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi
içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil,
quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan
adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim
müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra
Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi,
çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də
qağayılar gəlib burda özlərinə yem axtarırdı.
Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca
qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə
məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu
zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini
açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.
Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir,
amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə
bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa,
Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi,
səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni
kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük
sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və
məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı
heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular,
Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə biriki
dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.
Salman indi Bakıda deyildi. Parisdə idi.
Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə
keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız
alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər
Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz,
həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim
müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.
Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca
birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə
yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin
şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə
qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta
qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna
gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.
Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz
köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli
müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub
radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən
gec gəldi.
Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz
evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir
hadisə baş verib.
Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın
idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada
yaşayırdı.
Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim
gözlərini bacısının həmişəki kimi pudralanmış boyalanmış səliqəli sifətindən
çəkmədən soruşdu:
– Nə olub?
Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:
– Heç nə, – dedi. – Qorxma, keç içəri.
Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq
üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı
dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını
beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim
fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa
şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.
– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə
daha da için-için ağlamağa başladı.
– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.
Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:
– Bəyəm Parisdə maşın-zad yoxdu?
Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də
Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və
sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim
elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində
tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin
qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda
yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma
burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.
– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad
yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir
şeydi.
Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi.
Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə
məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir
balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən
nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə
eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də
özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər
idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri
yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın
görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım
yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq
kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da
tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi.
Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:
– Dalını oxu.
Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın
yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya
uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna
götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə
bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:
– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da
pul təklif edirlər.
Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər,
beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca
taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı
və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç
nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu
çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki,
doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri
kimi qaragün idi.
Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:
– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.
Züleyxa tələsik dedi:
– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!
Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər
körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də
yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi
yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz
rəfiqələrindən utanır.
Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına
gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da
böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir
münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.
Nuridə xanım dedi:
– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi
göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.
Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu,
Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi,
xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları
kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi.
Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və
diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən
istifadə edib Parisə getmək istəyir.
Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və
bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca
taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə
baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla:
– Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca
qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.
Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o
unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi
Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki
Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta
məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və
gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və
məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən
axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini
oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın
Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.
Nuridə xanım:
– Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.
II
Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı
səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet
oxuyurdu.
Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın,
həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya
kömək edirdi.
Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi
Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl
xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək
şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi.
Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından
danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə
bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki
dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır.
Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim
müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə
getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz
həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki,
əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.
Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki
teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi.
Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki
ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə
yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da
səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyəmürgüləyə
də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan
çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah
buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı.
Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki
həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy
gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən
sonra Züleyxaya çox pis təsir edirdi.
Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə
bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri
bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi
arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu.
Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı
aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim
müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.
Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi,
nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim
müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy
guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri
uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə
də yağış yağır?
Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim
şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın
ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.
Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq
düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin
dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında
otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın
altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi,
bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq.
Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə
baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı,
yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.
Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq
balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və
təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə
başlayırdı.
Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi,
Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib
havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı
yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri
aləminə dala bilmirdi, narahat idi.
Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:
– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...
Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki
ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə
Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar
və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə
xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız
olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.
Nuridə xanım sözünə davam elədi:
– Şərqiyyə Parisə gedə bilməz...
– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.
Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi.
Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə
üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin
arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi,
Nuridə xanımın xeyrinə olacaq.
Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında
əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın,
o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü
də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə
Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul
etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss
etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə
şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini
beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə
olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi
və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın
eyniliyindən xəbər verirdi.
Kərim müəllim üzünü arvadına tutdu:
– Sən nə deyirsən?
Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri
bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun,
xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan
qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii
ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi
məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi;
amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:
– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?
Kərim müəllimin heyrətdən gözləri bərəldi:
– Nə?
– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...
Züleyxa özünü saxlaya bilmədi:
– Sənin bəyəm təzə modalardan başın çıxır?
– Niyə çıxmır?
Kərim müəllim bayaqkı heyrətlə:
– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.
– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...
Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və
acıqla dedi:
– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?
Kərim müəllim gözünü arvadından çəkdi.
Doğrudan, görəsən, Parisdə yağış yağır?
Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini
bərkdən çıxardı:
– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi
sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə
gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!
Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu
fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl
dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir
yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri
eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin
sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və
sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını
gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin
evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə
olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı
Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə
Nuridə xanım danışardı.
Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə
qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək,
qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki,
Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on
beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla
özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri
fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək
qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə
udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi
doldurdu, çünki özü öz gözlərində ucalmışdı.
Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun
dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma
təmkinini pozmadı və sakitcə soruşdu:
– Nə demək istəyirsən?
– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı
olardı Fəridə getsin!..
– Kim?
– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana
turist səfərinə getmişdi!..
Kərim müəllim heç nə başa düşmədi:
– Fəridə kimdi?
Hamlet daha da bərk qızardı. Züleyxa dedi:
– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də
buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da
dəyişdirmək istəyir Fəridənin dərdindən...
Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:
– Adını niyə?
– Fəridənin xoşu gəlmir bunun adından!..
Kərim müəllim oğluna baxdı və təkcə:
– Malades! – dedi.
Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz
bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında
ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa
vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?
Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində
idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması
yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda,
Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi,
çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu
təzəlikdə bir şirinlik var idi.
Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və
onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.
Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə
xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan
heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı
Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların
təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına
uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa
sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri
bir dəfə də olsun ağlamayıb.
Görəsən, Parisdə yağış yağır?
Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə,
təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust
gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu.
Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:
– Görəsən, Salman yazıq...
Kərim müəllim acıqla qızının sözünü kəsdi:
– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?
Sonra da Kərim müəllim qəti sözünü dedi:
– Parisə mən özüm gedəcəyəm!
Hamlet yerindən sıçradı:
– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!
Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə
kifayətləndi və:
– Ay-hay!.. – dedi.
Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç
vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın
gözləri doldu və dodaqları səyriyə-səyriyə:
– Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.
Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:
– Bir var bilmək, bir də var gözünlə görmək.
Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib
sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən
çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə
xanımın ardınca mənzildən çıxdı.
Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq.
Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla
soruşdu:
– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?
Züleyxa:
– Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.
III
Həmin avqust günü axşamçağı idi.
Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən
durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağızkuğaz
işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu
Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu,
Kərim müəllimin xoşuna gəlirdi.
Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub
halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi
ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə
bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki,
eşşək əti də yeyirlər.
Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını
götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki,
bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki
Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı.
Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və
indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki,
Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü
saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız
oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin
məhəbbətin sonuncu yadigarı idi.
Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini
ütüləyirdi.
Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin
qabağında oynadırdı.
Bu vaxt qapının zəngi çalındı.
Kərim müəllim gəlib qapını açdı.
Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi.
Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu.
Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və
heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.
Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və
Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:
– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim
Parisə!
Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi
ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə
olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı.
Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə
baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı.
Kərim müəllim qalın qaşlarını çatdı:
– Hə, başladı yenə çığırmağa... – dedi.
Züleyxa:
– Etiraz edir də! – dedi.
Kərim müəllim qalın qaşlarını çatdı:
– Nə etiraz? Kimə etiraz edir?
Züleyxa:
– Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da
böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə
də tamaşa eləsin.
Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin
qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd
oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu
bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər
Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələmkağız
götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim
müəllimin fikirlərini dağıdırdı.
Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.
Avqust, 1983.
Şüvəlan.
|