ORDENLI YAZIÇI İLƏ GÖRÜŞ
(Fars-novella)
İŞTİRAK EDƏNLƏR
Cəfər Ağa – 48 yaşında, taksi sürücüsü, təxəllüsü: «Taksi Cəfər», orta-boylu, arıq, qışqıranda nazik
boğazının damarları şişir, heç bir ordeni və medalı yoxdur. Böyük Vətən müharibəsinin
iştirakçısıdır və ondan soruşanda ki, o boyda müharibədən gəlmisən, bircə dənə medalın
da yoxdur, belə cavab verir ki, canımı salamat gətirmişəm, medaldan azdır?
Məsuliyyətsiz adamdır.
Yoldaş Kərimzadə – 50 yaşında, rayon partiya komitəsinin birinci katibi, təxəllüsü: «Kişi»,
ortaboylu, həddən artıq kök və bu cür kök olduğu üçün də top kimi yumru görünür;
hərəkətləri, yerişi cəlddir, amma oturanda durmağı çox çətin olur, alma kimi girdə və ətli
sifəti, qırmızı və hamar yanaqları var, Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR
Ali Sovetinin deputatıdır, iki Lenin ordeni və başqa orden və medalları var, amma
təntənəli iclaslarda pencəyinin yaxasından yalnız iki Lenin ordenini taxır. Yerli
diktatordur.
Yazıçı Alpaslan Qulamzadə – 50 yaşında, Stalin mükafatı laureatı, əmək qabaqcıllarının xoşbəxt
güzəranından, şən və azad kolxoz həyatından, MTS quruculuğundan, Qırmızıçay SES-in
fəaliyyətindən bəhs edən əsərləri məktəb dərsliklərinə də salınmışdır, qəzetlərdə tez-tez
şəkli çıxır, 7 Noyabr, 1 May, 28 Aprel, 5 Dekabr Stalin Konstitusiyası və sairə bu kimi
bayramlarda həmişə radio ilə nitq söyləyib əmək qabaqcıllarını ürəkdən təbrik edir,
ordenli yazıçıdır.
Əliquliyev – 28 yaşında, komsomoldan rayon partiya komitəsinə təlimatçı vəzifəsinə irəli çəkilib və
bu əzablı-əziyyətli dünyada bütün istəyi, fikri-zikri indi işlədiyi təbliğat şöbəsinin müdiri
olmaqdır və bu çox ehtiraslı istəyə görə təzə evləndiyi arvadını da, qoca atasını-anasını
da, yeməyini-içməyini də, bir sözlə, bu çətin dünyada hər şeyi unudub.
Rayon rəhbərləri.
Əmək qabaqcılları.
Rayon camaatı.
Zaman – 1952-ci ilin bir payız gecəsi.
Məkan – Papanin adına Rayon Mədəniyyət Evinin klubu.
Papanin adına Rayon Mədəniyyət Evinin klubu ağzına qədər doludur. Klubun divarlarından
qırmızı parça üzərində iri hərflərlə yazılmış şüarlar asılıb: «ŞANLI RƏHBƏRIMIZ, ATAMIZ
STALIN YOLDAŞA EŞQ OLSUN!», «XIX PARTIYA QURULTAYININ TARIXI
QƏRARLARINI HƏYATA KEÇIRƏCƏYIK!», «SOVET BƏDƏN TƏRBIYƏÇILƏRINƏ EŞQ
OLSUN!» , «YAŞASIN DÜNYA ZƏHMƏTKEŞLƏRININ SEVIMLI RƏHBƏRI DAHI
STALIN!», «XOŞBƏXT HƏYATIMIZ ÜÇÜN ƏZIZ ATAMIZ STALIN YOLDAŞA
MINNƏTDARIQ!», «YAŞASIN ŞANLI KOMMUNIST PARTIYASI!», «YENILMƏZ MARKS –
ENGELS – LENIN – STALIN BAYRAĞI ALTINDA IRƏLI!».
Klub səhnəsinin ortasında, divardan Iosif Vissarionoviç Stalin yoldaşın marşal paltarında rəngli
şəkli asılıb. Yoldaş Stalin zala baxa-baxa gülümsəyir.
Camaat Papanin adına Rayon Mədəniyyət Evinin zalına raykomun tapşırığı ilə ordenli yazıçı
Alpaslan Qulamzadə ilə görüşə toplaşıb.
Klubun səhnəsində görüşün rəyasət heyəti, yəni rayon partiya komitəsi bürosunun üzvləri, əmək
qabaqcılı üç nəfər qadın, əmək qabaqcılı iki nəfər kişi , bir nəfər Qəhrəman ana, ordenli yazıçı
Alpaslan Qulamzadənin yaradıcılığı barədə çıxış edəcək ədəbiyyat müəllimi, pioner baş dəstə
rəhbəri, «Xoşbəxt həyatımız» adlı rayon qəzetinin redaktoru və təbii ki, Alpaslan Qulamzadənin
özü.
Zala sükut çöküb.
Yazıçı Alpaslan Qulamzadə zalda əyləşənləri sıra-sıra təmkinlə nəzərdən keçirir. Yazıçı Alpaslan
Qulamzadə özü öz böyüklüyünü hiss edir.
Zalın yeganə qapısı ağzında Əliquliyev dayanıb və gözlərini yalnız Yoldaş Kərimzadəyə zilləyib
və Yoldaş Kərimzadə hər dəfə tərpəndikcə, Əliquliyevin ürəyi döyünür, çünki istəyir ki, Yoldaş
Kərimzadə bu gecə onu beləcə tez-tez görsün; bu tədbirin keçirilməsində camaatın zala
doldurulması, nizam-intizam məsələləri şəxsən Əliquliyevə tapşırılmışdı, görüşün partiya
məsuliyyətini o daşıyırdı və indi daxili bir fəxarət hissi keçirirdi ki, vəzifəsinin öhdəsindən şərəflə
gəlib; vəcdlə elə hey Yoldaş Kərimzadəyə baxır. Yoldaş Kərimzadə çox kök olduğu üçün böyük bir
əziyyətlə ayağa qalxmağa çalışır. Birdən Cəfər Ağa görünür və klubun dəhlizi ilə düz zalın qapısına
tərəf gəlir.
Ə l i q u l i y e v (təlaşla yavaşdan). Olmaz! Olmaz!
Cəfər Ağa (yavaşdan). Nə olmaz, ə?
Ə l i q u l i y e v (eyni təlaşla). Başlayır! Başlayır!
Yoldaş Kərimzadə eləcə ayağa qalxmağa çalışır.
Cəfər Ağa. Belə elə ə, çəkil!.. Görüşə gəlmişəm də!..
Ə l i q u l i y e v. Olmaz! Olmaz! Indi Yoldaş Kərimzadə özü şəxsən danışmağa başlayır!.. Püff-
f... Araq içmisən yenə?
Cəfər Ağa. Sənə nə var, ə? Avtoinspektorsan?
Yoldaş Kərimzadə, nəhayət ki, ayağa qalxa bilir.
Ə l i q u l i y e v (dəhşətli bir təlaşla). Çəkil! Çəkil! Olmaz! Kişi danışmağa başlayır!..
Y o l d a ş K ə r i m z a d ə (diqqətlə zalı nəzərdən keçirib, bərkdən). Yoldaş rayon
zəhmətkeşləri!..
Hamı dərin bir sükut və sifətlərə çökmüş eyni bir
heyranlıqla qulaq asır.
Ə l i q u l i y e v (pıçıltıyla). Get burdan!.. Kişi danışır!..
C ə f ə r A ğ a (səsini qaldırır). Hara get, ə? Özün çəkil görüm!..
Y o l d a ş K ə r i m z a d ə. Bu gün...
Cəfər Ağa əli ilə Əliquliyevi qapının ağzından kənar eləyib, zala dürtülür və belini əyib barmaqlarının ucunda
addımlasa da, zalın taxta döşəməsinin cırıltısı Yoldaş Kərimzadənin nitqini yarımçıq kəsir. Yoldaş Kərimzadə
əvvəlcə təəccüblə qapıya tərəf baxır, sonra nəzərləriylə Cəfər Ağanın taxta döşəməni cırıldada-cırıldada özünə
yer axtarmasını müşayiət edir, sonra da tənə dolu gözlərini Əliquliyevin gözlərinin içinə zilləyir.
Əliquliyev Yoldaş Kərimzadənin o nəzərləri altında əriyib heçə dönür. Cəfər Ağa orta sıralarda özünə yer
tapıb oturur.
Yoldaş Kərimzadə böyük bir narazılıqla Cəfər Ağanın gözlərinin içinə qəzəblə ox atıb nitqinə yenidən
başlayır.
Y o l d a ş K ə r i m z a d ə. Yoldaş rayon zəhmətkeşləri!.. Bu gün sizin sevimli yazıçınız
Alpaslan Qulamzadə yoldaş Bakıdan sizin, əziz zəhmətkeşlərimizin görüşünə gəlmişdir. Siz hamınız
sevimli yazıçımız Alpaslan Qulamzadəni ürəkdən sevirsiniz. Hələ bizim şanlı Kommunist
Partiyamızın stalinçi Mərkəzi Komitəsinin elə bir qərarı olmamışdır ki, Alpaslan Qulamzadə bu
barədə öz gözəl əsərlərini yazmasın!
Hamı əl çalır.
Y o l d a ş K ə r i m z a d ə. Bəli, yoldaşlar!
Hamı əl çalır.
Y o l d a ş K ə r i m z a d ə. Partiya...
Yoldaş Kərimzadə udqunur və gözləri ilə yanında oturmuş Rayon Icraiyyə Komitəsinin sədrinə işarə edir.
Rayon Icraiyyə Komitəsinin sədri yerindən sıçrayıb mizin üstündəki qrafindən stəkana su tökür, gətirib ehtiramla
birinci katibə təqdim edir. Yoldaş Kərimzadə suyu qurta-qurt içə-içə gözlərini zalda fırladıb gətirir yenə Cəfər
Ağanın gözlərinin düz içinə kin-küdurət oxu atır.
Y o l d a ş K ə r i m z a d ə (əlindəki stəkanı yaşıl kətanın üstünə qoyur). Partiya heyvandarlıq
haqqında qərar qəbul etdi. Ona ən birinci romanı Alpaslan Qulamzadə yazdı! Baramaçılıq haqqında
partiyamız qərar qəbul etdi. Ona ən birinci gözəl dram əsərini Alpaslan Qulamzadə yazdı!
Partiyamız tərəvəzçiliyin inkişafı haqqında Moskvada müşavirə çağırdı – bilirsiz ki, mən ora getdim
o vaxt, – sonra xüsusi qərar qəbul etdi. Yenə də bu qərar barədə birinci romanı sizin sevimli
sənətkarınız Alpaslan Qulamzadə yazdı! Yazıçımız qızıl paytaxtımız Moskvadakı Xalq Təsərrüfatı
Sərgisi barədə öz romanını yazıb! Eyni zamanda, Alpaslan Qulamzadə yoldaş öz qüdrətli əsərlərində
kosmopolitləri də ifşa edir!
Və birdən Yoldaş Kərimzadənin gözləri yenə də Taksi Cəfərə sataşır.
Y o l d a ş K ə r i m z a d ə (əli ilə Cəfər Ağaya işarə edir). Bir ayağa qalx!
Bütün camaat nəfəsini sinəsində saxlayıb, Cəfər Ağaya baxır. Milçək uçsa, səsi gələr.
Cəfər Ağa (əvvəlcə ətrafına baxır). Mən?
Y o l d a ş K ə r i m z a d ə (hirslə). Sən! Sən!
Cəfər Ağa ayağa qalxır.
Y o l d a ş K ə r i m z a d ə. Sən heç bilirsən ki, kosmopolit nədir?
Pauza.
Cəfər Ağa. Xeyr, Yoldaş Kərimzadə.
Y o l d a ş K ə r i m z a d ə (zala baxır). Vot pajalısta!..
Yazıçı Alpaslan Qulamzadə narazılıqla başını bulayır, yəni ki,
hələ də gör cəmiyyətimizdə siyasi şüuru inkişaf etməmiş necə adamlar var...
Y o l d a ş K ə r i m z a d ə (nifrətlə). Otur!
Cəfər Ağa oturur, amma Yoldaş Kərimzadə fikrini dəyişir.
Y o l d a ş K ə r i m z a d ə. Qalx yenə, qalx!
Cəfər Ağa ayağa qalxır. Yoldaş Kərimzadə fikrini yenə dəyişir.
Y o l d a ş K ə r i m z a d ə. Əşşi... (Əli ilə işarə edir ki, Cəfər Ağa otursun.)
Cəfər Ağa oturur, amma Yoldaş Kərimzadə təzədən fikrini dəyişir.
Y o l d a ş K ə r i m z a d ə. Qalx!.. Qalx!.. (Əlini yelləyir, yəni ki, yox, sənin kimisinin biriylə
danışmağın mənası yoxdur.) Sadis!..
Cəfər Ağa oturur. Bütün zal lal-dinməzdir.
Ə l i q u l i y e v (Cəfər Ağaya baxa-baxa pıçıltıyla). Gördün? Lap yaxşı oldu!.. Yekəbaşlığın
axırı belədi!.. Bu boyda kişiyə hörmətsizlik eləyir... Ona nə var ki, pyaniskənin biridi... Vay mənim
halıma!..
Y o l d a ş K ə r i m z a d ə. Gördüz, yoldaşlar? Səviyyəni gördüz də?! Bilmir ki, kosmopolit
nədir... Ancaq siz bilirsiz ki, kosmopolit nədir!
Zal sükut içindədir.
Y o l d a ş K ə r i m z a d ə. Mən düz deyirəm, elə deyilmi, yoldaşlar?
B ü t ü n z a l x o r i l ə. Bəli!
Y o l d a ş K ə r i m z a d ə. Alpaslan Qulamzadə də qüdrətli əsərində kosmopolitləri
damğalayır! O maskalanmış xalq düşmənlərini də ifşa edir, göstərir ki, ədəbiyyat partiyanın yaxın
köməkçisidir. Alpaslan Qulamzadənin əsəri Çində də çap olunub, yoldaşlar!
Yoldaş Kərimzadə danışdıqca rəyasət heyətinin bir küncündə əyləşmiş «Xoşbəxt həyatımız» qəzetinin
redaktoru güclə seziləcək tərzdə razılıq əlaməti kimi başını tərpədir. Alpaslan Qulamzadənin yaradıcılığı
haqqında geniş arayışı redaktor yazıb dünən şəxsən Yoldaş Kərimzadəyə verib.
Y o l d a ş K ə r i m z a d ə. Bizim əmək qəhrəmanlarımızın şən həyatı, yoldaşlar, Alpaslan
Qulamzadəyə ruh verir və o çox sevdiyiniz əsərlərini yazır. Belə deyilmi, yoldaşlar?
B ü t ü n z a l x o r i l ə. Bəli!..
Y o l d a ş K ə r i m z a d ə. Alpaslan Qulamzadənin pambıq becərilməsində texnikanın tətbiq
edilməsi kimi mühüm məsələnin əsl bolşevikcəsinə təbliğinə həsr olunmuş romanı da sizin sevimli
əsərinizdir! Belə deyilmi, yoldaşlar?
B ü t ü n z a l x o r i l ə. Bəli!..
Y o l d a ş K ə r i m z a d ə (məmnuniyyətlə Alpaslan Qulamzadəyə müraciət edir).
Görürsünüzmü?
Alpaslan Qulamzadə təvazökarlıqla gülümsəyir. Hamı əl çalır.
Yoldaş Kərimzadə stəkanı götürüb su içir və içə-içə də əvvəlcə qapının ağzında ayaq üstə dayanmış Əliquliyevə
baxır. Əliquliyein dizləri hələ də titrəyir və o, əlbəttə, tamam məhv olmuş bədbəxt bir insandır. Sonra Yoldaş Kərimzadə
yenə də Cəfər Ağaya öldürücü bir nəzər salır, amma bu kinli nəzərlərdə bu dəm daxili bir təntənə də hiss olunur. Yoldaş
Kərimzadənin ədəbiyyat haqqında söylədiyi fikirlər özünün də xoşuna gəlir.
Y o l d a ş K ə r i m z a d ə. Lakin yoldaşlar, Alpaslan Qulamzadənin əsərlərində əsas bir cəhət
var ki, siz onu lap çox sevirsiniz, bu da odur ki, o əziz atamız yoldaş Stalinin parlaq surətini
yaratmışdır!
Yoldaş Kərimzadə özü başlayır hərarətlə əl çalmağa. Bundan sonra bütün zal əl çalır.
Y o l d a ş K ə r i m z a d ə (daha da ucadan). Alpaslan Qulamzadənin əsərlərində biz görürük
ki, yoldaş Stalin bəşər dühasının sönməz ulduzudur, yoldaşlar!
Sürəkli alqışlar.
Y o l d a ş K ə r i m z a d ə (daha artıq bir ehtirasla). Hələ, yoldaşlar, bəşəriyyət tarixi yoldaş
Stalin kimi müdrik və qayğıkeş dahi bir rəhbər verməmişdir!
Sürəkli alqışlar.
Y o l d a ş K ə r i m z a d ə. Bəli, yoldaşlar!
Sürəkli alqışlar.
Y o l d a ş K ə r i m z a d ə. Indi, yoldaşlar, mən sözü sizin çox sevdiyiniz yazıçı Alpaslan
Qulamzadəyə verməmişdən əvvəl deyirəm: (çox ucadan) Yaşasın...
Pauza.
yoldaş...
Pauza.
Stalin!
Sürəkli alqışlar. Hamı ayağa qalxır.
Yoldaş Kərimzadə məhv olmuş Əliquliyevə məhəl qoymadan öldürücü nəzərlərlə Cəfər Ağaya baxır.
Uzun sürən alqışdan sonra, Yoldaş Kərimzadə hər tayı iri bir topaya bənzəyən yanlarını kürsüyə basıb oturur və
dərindən nəfəs alır. Alqışlar o saat kəsilir və hamı oturur. Yazıçı Alpaslan Qulamzadə ayağa qalxır və Papanin
adına Rayon Mədəniyyət Evinin klubunun səhnəsindəki xitabət kürsüsünün arxasına keçir.
A l p a s l a n Q u l a m z a d ə (böyük ruh yüksəkliyi ilə). Mənim əziz qəhrəmanlarım!..
Birdən Cəfər Ağa yerindən qalxır.
Cəfər Ağa (zalın ortasından bərkdən qışqıra-qışqıra). Yoldaşlar, yaşasın əziz rəhbərimiz,
atamız, dahi Stalinin ən yaxın silahdaşlarından biri – yoldaş Molotov!
Bir anlıq sükut çökür. Yoldaş Kərimzadə ilk təəccübdən sonra özünə gəlib bərkdən əl çalmağa başlayır və
yanlarını kürsüdən qaldırmağa çalışır, nəhayət ki, ayağa qalxır. Bundan sonra bütün zal ayağa qalxır. Sürəkli
alqışlar. Sonra Yoldaş Kərimzadə oturur. Qalan camaat da oturur.
A l p a s l a n Q u l a m z a d ə. Mənim əziz qəhrəmanlarım!..
Cəfər Ağa yerindən qalxır.
Cəfər Ağa (bərkdən qışqıra-qışqıra). Yaşasın dahi Stalinin ən yaxın silahdaşlarından biri –
yoldaş Malenkov!
Yoldaş Kərimzadə yerində qurcalanıb güclə ayağa qalxır. Hamı ayağa qalxır. Sürəkli alqışlar. Hamı oturur.
Pauza.
A l p a s l a n Q u l a m z a d ə. Mənim... (Dərindən nəfəs alır.) Mənim əziz qəhrəmanlarım...
Cəfər Ağa yerindən qalxır.
Cəfər Ağa (bərkdən qışqıra-qışqıra). Yaşasın dahi Stalinin ən yaxın silahdaşlarından biri –
yenilməz bolşevik yoldaş Beriya!
Yoldaş Kərimzadə bu dəfə bir həmlə ilə yerindən atılıb ayağa qalxır, tövşüyə-tövşüyə hərarətlə əl çalır. Hamı
ayağa qalxır. Uzun çəkən sürəkli alqışlar.
Ə l i q u l i y e v (qapının ağzında dayanıb özü də əl çala-çala Yoldaş Kərimzadəyə baxır və bu
dəfə Yoldaş Kərimzadənin qarasına pıçıldayır). Öl, köpək oğlu!.. Sənə bu da azdı!.. Mənə əyri-əyri
baxmağına bax! Taksi Cəfər deyəllər e, ona! Oğuldu e, oğul!..
Alqış kəsilir, amma alnından süzülüb, qıpqırmızı pörtmüş yanaqlarından tər axan Yoldaş Kərimzadə
yerində oturmur, Cəfər Ağaya baxır və yəqin ki, sonrakı şüarları gözləyir. Cəfər Ağa heç nə olmayıbmış kimi
yerində oturur. Yoldaş Kərimzadə və onun ardınca da camaat oturur.
A l p a s l a n Q u l a m z a d ə. Mənim... Mənim əziz...
Cəfər Ağa yerindən qalxır.
Cəfər Ağa (xırıldamağa başlamış səsiylə qışqırır) Yoldaşlar! Yaşasın dahi Stalinin ən yaxın
silahdaşlarından biri – yoldaş Anastas Mikoyan! Onun adına, yoldaşlar, Bakıda ayaqqabı fabriki də
var!
Yoldaş Kərimzadə bu dəfə güclə qalxır. Hamı ayağa qalxır.
Sürəkli alqışlar.
Ə l i q u l i y e v (nifrətlə Yoldaş Kərimzadənin pörtüb tərləmiş sifətinə baxa-baxa, pıçıltıyla).
Yaxşı olur sənə, əclaf oğlu, əclaf!.. Bir az arıqlayar zadnı mostun!.. Hünərin var, qalxma ayağa
görüm, necə qalxmırsan!.. Görürsən analar necə oğullar doğub?! Lap əlinin içindən gəlir sənin,
Taksi Cəfər! Halal olsun!..
Alqışlar kəsilir. Yoldaş Kərimzadə oturmur, Cəfər Ağaya baxır, amma nəzərləri daha bayaqkı ox kimi bata
bilmir. Bu dəfə camaat Yoldaş Kərimzadəni gözləmədən oturur. Zalda canlanma əmələ gəlir. Cəfər Ağa da
oturur. Papanin adına klubda ayaq üstə yalnız Yoldaş Kərimzadə, xitabət kürsüsünün qarşısındakı ordenli yazıçı
Alpaslan Qulamzadə və qapı ağzındakı Əliquliyevdir. Alpaslan Qulamzadə ürkək nəzərlərlə Yoldaş Kərimzadəyə
baxır. Yoldaş Kərimzadə gözlərini yayındırır və təzədən yanlarını basa-basa yerində oturur.
A l p a s l a n Q u l a m z a d ə. Mə... Mənim...
Cəfər Ağa ayağa qalxır.
Cəfər Ağa (batmış səsiylə xırıldaya-xırıldaya qışqırır). Yoldaşlar! Yaşasın dahi Stalinin ən
yaxın silahdaşlarından və şagirdlərindən biri – yoldaş Koqanoviç!
Camaat Yoldaş Kərimzadəni gözləmədən bir nəfər kimi ayağa qalxıb əl çalmağa başlayır. Yoldaş Kərimzadə
bir zal camaatın ona dikilmiş nəzərləri altında qan-tər içində, hərəkətdən ürəyi döyünə-döyünə güclə qalxır və əl
çalır. Sürəkli alqışlar.
Ə l i q u l i y e v (məhəbbət dolu nəzərlərlə Cəfər Ağaya baxıb, sidq-ürəkdən əl çala-çala,
pıçıltıyla). Gözünə dönüm sənin, Taksi Cəfər! Sağ ol e, sağ ol!..
Bu dəfə, elə bil ki, Cəfər Ağanın özü də vəcdə gəlir.
Cəfər Ağa (batmış səsiylə qışqırır). Yaşasın yoldaş Stalinin, əziz rəhbərimizin sədaqətli
silahdaşı və şagirdi – Xruşşov!
Bütün zal ləzzətlə daha da bərkdən əl çalır. Uzun sürən sürəkli alqış, nəhayət ki kəsilir. Yoldaş Kərimzadə
oturmayıb, Cəfər Ağaya baxır.
Ə l i q u l i y e v (nifrətlə Yoldaş Kərimzadəyə baxa-baxa pıçıltıyla). Öl ha!.. Adamın anasını
belə ağladarlar! Hünərin var, acıqlan! O zadnı mostunu qaldırma, əl çalma görüm, necə çalmırsan?!
Əl çalma, enkevede sənin özünü sabah süpürləyib aparıb bassın qoduğluğa, bizim də canımız
qurtarsın, köpək oğlu!.. Hünərin var bir söz de Taksi Cəfərə!.. Hünərin var acıqlan ona!.. Ay
acıqlandın ha!.. Zadnı mostundan qorxursan! Enkevede ora bir ağac soxar ki!..
Camaat CəfərAğaya baxır. Cəfər Ağa yerində oturur.
Camaat da o saat həvəslə oturur.
Pauza.
Yoldaş Kərimzadə yavaş-yavaş oturur, amma Cəfər Ağaya baxıb səksəkə içində dayanır. Bütün zal isə
səsini çıxarmayıb daxili bir ləzzətlə Yoldaş Kərimzadənin oturmağını gözləyir. Yoldaş Kərimzadə oturur.
Pauza.
A l p a s l a n Q u l a m z a d ə (udquna-udquna ehtiyatla). Mə... Mə... Mə...
Y o l d a ş K ə r i m z a d ə (pıçıltıyla və tövşüyə-tövşüyə). Bu əbləh də qoyun kimi mələyir...
A l p a s l a n Q u l a m z a d ə. Mə... Mə... Mənim... Mənim... Mənim əziz..
Cəfər Ağa ayağa qalxır.
Cəfər Ağa (tamam batmış səsiylə qışqırır). Yaşasın dahi Stalinin yaxın silahdaşlarından biri –
yoldaş Voroşilov, yoldaşlar!
Cəfər Ağa şüarını bitirməmiş camaat həvəslə ayağa qalxır və sürəkli alqış qopur. Hamı əl çala-çala gözləyir
ki, Yoldaş Kərimzadə nə vaxt ayağa qalxacaq. Yoldaş Kərimzadə ayağa qalxdıqca çox əziyyət çəkir. Özü də
qızarıb-pörtmüş Rayon Icraiyyə Komitəsinin sədri ona kömək etmək istəyir. Yoldaş Kərimzadə hirslə qolunu
çəkir, elə bil ki, bütün bu əhvalatın təqsirkarı Rayon Icraiyyə Komitəsinin sədriymiş... Alqış kəsilir. Bu dəfə
camaat heç Cəfər Ağanı da gözləmir və böyük ruh yüksəkliyi ilə oturur. Cəfər Ağa da bir-iki dəfə öskürüb oturur
və gözlərini zəndlə tavana zilləyir. Yenə də ayaq üstə yalnız Yoldaş Kərimzadə, ordenli yazıçı Alpaslan
Qulamzadə və qapı ağzındakı Əliquliyevdir. Hiss olunur ki, Alpaslan Qulamzadə özünü tamamilə itirib və nə
edəcəyini bilmir. Yazıçının iri qulaqları qıpqırmızı qızarıb. Yoldaş Kərimzadə tövşüyə-tövşüyə yerində oturur.
Pauza.
Camaat öskürməyə başlayır, yəni ki, Bakıdan gəlmiş qonaq ağzını açsın görək. Alpaslan Qulamzadə gah
Yoldaş Kərimzadəyə baxır, gah da zalın ortasında öz yerində oturub ciddi surətdə gözlərini tavana zilləmiş Cəfər
Ağaya baxır.
Camaat öskürür. Zalda səs. Hamı narazıdı ki, ordenli yazıçı niyə nitqinə başlamır?
A l p a s l a n Q u l a m z a d ə. Mə... Mə... Mə...
Pauza.
A l p a s l a n Q u l a m z a d ə. Mə... Mə...
Camaat Bakıdan gəlmiş qonağa yox, Cəfər Ağaya tərəf baxır və elə ki, Cəfər Ağa ayağa qalxır, zalda canlanma
əmələ gəlir.
Cəfər Ağa (batmiş səslə qışqırır). Yoldaşlar, yaşasın yoldaş Budyonnı!
Ə l i q u l i y e v (sevincək pıçıltıyla). Vallah tapdı! Sağ ol e, sağ ol! Kişisən, Taksi Cəfər,
vallah? kişisən! Tapdı! (Bərk-bərk əl çalır.)
Sürəkli alqışlar. Hamı, o cümlədən Yoldaş Kərimzadə ayaq üstündədir. Yoldaş Kərimzadə tamam təngnəfəs olub,
bütün bədəni tərin içindədir, çəpik çalan ətli əlləri də qıpqırmızıdır.
Cəfər Ağa (batmış səslə qışqırır.) Yoldaşlar! Yaşasın dahi Stalinin sevimli şagirdi yoldaş
Şvernik! Özü də Kalininin yerindədir, yoldaşlar! Ura, yoldaşlar!
Bütün zal «Ura!» qışqıraraq ləzzətlə əl çalır.
Ə l i q u l i y e v (ləzzətlə əl çala-çala öz-özünə pıçıldayır). Vallah, dəryadı bu e, dərya!..
Hamısını tanıyır! (Vəcdlə) Tapacaq bir-bir!..
Xitabət kürsüsündə dayanmış Alpaslan Qulamzadəni soyuq tər basıb. Yoldaş Kərimzadə də «Ura!» qışqırır.
Yoldaş Stalin isə klubun səhnəsindəki marşal paltarlı şəklindən zala «baxa-baxa» gülümsəyir...
...1952-ci ilin o payız gecəsi Papanin adına Rayon Mədəniyyət Evinin o klubundan hələ xeyli müddət sürəkli
alqışlar eşidildi...
12 dekabr 1989.
Bakı.
|