Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ömrün son səhəri
ÖMRÜN SON SƏHƏRI


    Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi – yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.
    Cibində altmış qəpik pulu var idi və «Qırmızı qərənfil»də bu pula iki şüşə pivə alıb içəcəkdi, bundan sonra hər şey qaydasına düşəcəkdi; hər gün olduğu kimi, bu gün də kimisə tapacaqdı və əlbəttə, vacib deyildi ki, həmin kimsə tanış olaydı, əsas məsələ də bu idi ki, həmin kimsə də onun tayı olacaqdı, bəlkə də bir neçə nəfər bir yerə yığışacaqdılar, ya «Mebel» dükanının qabağına gedib yük daşıyacaqdılar, ya hardasa hansısa bir tanış tapacaqdı, çətini bir şüşə arağın pulunu əldə eləmək idi, əlləri də, bütün bədəni, bütün hissləri-həyəcanları kimi, titrəyə-titrəyə, daha doğrusu, soyuq bir ehtirasdan üşüyə-üşüyə həmin bir şüşə arağı hardansa tapdıqları stəkanlara, yaxud bankalara, uzaqbaşı küçədən, həyətlərdən götürdükləri boş konserv qablarına süzəcəkdilər və içəcəkdilər; arağı birbaşa şüşənin ağzından içməyəcəkdilər, çünki bu zaman kiminsə payı artıq, kiminkisə də əskik düşə bilərdi – pulu bir-birilərinə etibar edərdilər, hətta ağzı açılmamış araq, yaxud şirin çaxır şüşəsini də müvəqqəti olaraq bir-birilərinə etibar edərdilər, amma arağı, şirin çaxırı içdikləri zaman heç vaxt, heç vəchlə bir-birinə etibar etməzdilər, buna görə də mütləq nəsə tapıb arağı hamının gözü qabağında tənbətən bölməli idilər. Hərgah bütün Bakıda, hətta bütün Abşeronda ikicə nəfər də olsaydılar, onlar bir-birilərini tapacaqdılar – bu adamlar bir-birilərini tanımadan, sözləşmədən həmişə qarşıqarşıya gedirdilər, tapışırdılar, elə bil ki, iki maqnit bir-birini çəkirdi və heç bir məsafə uzaqlığı tamam keflənib heç kimi və heç haranı tanıya bilməmək vəziyyəti bu rastlaşmadakı maqnit gücünə təsir etməzdi, əksinə, misal üçün, biri Bakıda keflənib elektrik qatarına minsəydi və gedib təsadüfən ya Buzovnada, ya Şüvəlanda, ya Maştağada, fərqi yox idi, düşsəydi və orada da yalnız bircə nəfər özü kimisi olsaydı, mütləq tapışacaqdılar. Həmin bir şüşə araqdan, ya şirin çaxırdan, ya da ələ keçən nəsə başqa bir içkidən sonra, çox vaxt bir-birilərini itirirdilər, bundan sonra hərə təkbaşına özünə içki axtarmağa gedirdi və bu təkbaşına içki axtaranlar da çox zaman şəhərin kənar-bucağındakı qəlyanaltıxanalara, pivə barlarına gəlib çıxırdılar və onlar boşalmış mizlərin üstündəki sahibsiz parçların dibindəki pivə qalıqlarını içirdilər, bəzən boşaldılmış araq, çaxır şüşələrinin dibində də nəsə qalırdı – həmin qalıqları da içirdilər, bəzən kiminsə onlara yazığı gəlirdi, yüz qram arağa, yaxud bir stəkan şirin çaxıra, yaxud bir parç dolu pivəyə qonaq edirdi; sonra yenə qalıqlar içilirdi və barda, qəlyanaltıxanada işləyən xidmətçi qadınlar onları qovub küçəyə çıxartmayınca mizlər beləcə bir-bir gəzilirdi.
    O, qabaqlar restoranlara, barlara, qəlyanaltıxanalara girib tanış axtarırdı, tanışlara yaxınlaşıb içki xahiş edirdi, dünyanın vəfasızlığından, həyatın ağırlığından danışırdı, arvadı barədə, qızı barədə nəsə dəhşətli bir hadisə uydurub deyirdi, ağlayırdı, bəzən tanışların ürəyini yumşaldırdı, bəzən də tənələrinə, öyüdnəsihətlərinə qulaq asa-asa yüz qram içib, yenə də yüz qram xahiş edirdi, amma sonralar yavaş-yavaş tanışın, ya qeyri-tanışın fərqi olmadı, tanıdığı və tanımadığı adamlardan içki xahiş etdi, sonra da artıqları içməyə başladı.
    Cibindəki altmış qəpiyi hardan tapmışdı – yadına gəlmirdi və ümumiyyətlə, dünənki gün yadına gəlmirdi, beynindəki boz bir duman içində təkcə onu xatırlayırdı ki, deyəsən, Bayıl tərəfdə (bəlkə də gedib Lökbatana çıxmışdı?.. Allah bilir...) Hansı bir həyətdə tabut içindəki ölünü qucaqlayıb öpürdü, ağlayırdı; necə gedib o həyətə çıxmışdı, tabut içindəki o ölü kim idi? – bilmirdi, amma yadına gəlirdi ki, elə həmin həyətdə ölünü yadetmə məclisində bir dolu stəkan araq içdi, ardı yadında deyildi və əslində, həmin yay səhəri bu barədə fikirləşmək, yəni nəyisə yadına gətirmək istəmirdi, çünki bu dəm bütün varlığı ilə «Qırmızı qərənfil»in açılmağını gözləyirdi. O, «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara baxdıqca, elə bil, at ağzında yüyən görürdü və bu bağlı qıfılların qalın dəmirlərini yüyən kimi, öz dişləri arasında hiss edirdi və sövq-təbii dişlərini qıcıyırdı.
    Birdən-birə yenə də onun bədənini bir qorxu sarsıtdı – qorxdu ki, altmış qəpiyi itirmiş olar və həmin yay səhəri onuncu, ya on beşinci dəfə əlini kirli pencəyinin ağzı cırılmış cibinə saldı və altmış qəpiyi çıxarıb sol əlinin ovcuna yığdı və sağ əlinin barmaqları ilə, diqqətlə pulları bir-bir saymağa başladı; dırnaqları uzanmışdı, arası qapqara çirk idi və o pulları saydıqca milçəklər əlinə, üzünə qonurdu. Teztələsik milçəkləri qova-qova nəhayət ki, pulu saydı; düz altmış qəpik idi, sikkələri yenə də kirli pencəyinin cırıq cibinə tökdü və daha milçəklərə fikir vermədi, milçəklər alnında, burnunda, qulaqlarında, dodağında gəzişirdi; milçəkləri yalnız pulu sayanda qovurdu, elə bil, qorxurdu ki, milçəklər o altmış qəpiyə şərik çıxar... O, gəlib «Qırmızı qərənfil»lə üzbəüz səkinin tinində oturanda gün hələ çıxmamışdı, üfüq isə qıpqırmızı qızarmışdı, amma o bu qıpqırmızı üfüqdən tamam xəbərsiz idi, çünki gözünü «Qırmızı qərənfil»in bağlı qapısına zilləmişdi və kirpiklərini qırpmağa da qıymırdı ki, birdən bufetçi Abdulla gedib o iri qıfılları açar, xəbəri olmaz.
    Küçə bomboş idi və bu bomboş küçədə o büzüşüb tindəki səkinin üstündə oturmuşdu, bir də ki, sərçələr idi: dəstə-dəstə sərçələr küçə boyu bitmiş yaşıl akasiya, tut, çinar ağaclarına qonub bir civilti salmışdılar ki, səsi küçəni başına götürmüşdü və sərçələrin o civiltisi, elə bil ki, keçmiş günlərdə açılan səhərlərdən xəbər vermək, keçmişdə qalmış və indi, demək olar ki, tamam unudulmuş bir abhavadan demək istədi, amma o gözəl sərçələrin civiltisi bir neçə andan sonra onun başındakı uğultu içində əriyib yox oldu. Bir az keçdi, tək-tük adamlar binalardan, həyətlərdən çıxdı, tələsə-tələsə onun yanından addımlayıb keçdi; heç kim ona fikir vermirdi, çünki sübh tezdən «Qırmızı qərənfil»in qabağında oturub gözlərini qəlyanaltıxananın bağlı qapısındakı iri qıfıllara zilləyən adamlar, daha doğrusu, alkoqoliklər, görünür, bu küçədə bir o qədər də təəccüblü bir hadisə deyildi, hər halda, heç kim onun yanında ayaq saxlamırdı. Elə, bil o da bu səkinin daşı, küçənin asfaltı kimi bir şey idi; ona baxan da gözucu baxıb keçirdi və həmin gözucu baxışlarda bir anlıq iyrənmə, çiyrinmə ifadəsi var idi. O bu cür gözucu baxışlardakı həmin ikrah dolu ifadəyə adət etmişdi, həmin baxışlar ona təsir etmirdi, elə bil, belə də olmalıdır, bunda heç bir təhqiramiz şey görmürdü və ümumiyyətlə, dünyada onun üçün təhqiramiz heç nə qalmamışdı.
    Əyninə paltarının üstündən dəmiryolçular kimi sarı rəngli qolsuz pencək geymiş süpürgəçi qadın küçənin yuxarı başında göründü və küçəni süpürə-süpürə yavaşyavaş aşağıya tərəf gəlməyə başladı, sonra birinci trolleybus küçədən ötdü, maşınlar artmağa başladı; indi yay idi və küçədən ötən maşınlar onu narahat etmirdi, çünki küçələr quru idi; qışda, payızda sulu qar yağırdı, yağış yağırdı və o beləcə gəlib «Qırmızı qərənfil»in, yaxud başqa bir qəlyanaltıxananın qabağında oturanda yoldan ötən maşınlar onun üst-başına palçıq sıçradırdı.
    O, yenə də səksənib əlini pencəyinin cibinə saldı və yenə də cibindəki xırda pulları ovcuna yığıb saymağa başladı. «Qırmızı qərənfil»in müdiri və bufetçisi Abdulla ağına-bozuna baxan adam deyildi, alkoqoliklərin hamısını tanıyırdı və tələb eləyirdi ki, pullarını göstərsinlər, elə ki, pulları olmadı, itələyib qəlyanaltıxanadan çıxarırdı, başqalarının stəkanlarındakı, parçlarındakı artıqları da içməyə qoymurdu, alkoqoliklərin gözlərinin qabağında artıqları bufetin yanındakı əlüzyuyana boşaldırdı; hərdən də – ayda, iki ayda bir dəfə – onlardan birinin əlinə vedrə verirdi, bütün səhəri, günortanı əsgi ilə qəlyanaltıxananı, bufetin içini, arxa tərəfdəki balaca mətbəxi, içki və ərzaq yığdığı zirzəmini tərtəmiz yudurdurdu və bundan sonra yüz qram araq, yarım parç pivə verib qovurdu. Bufetçi Abdulla belə bir qəti əqidədə idi ki, alkoqoliklər çox sırtıq məxluqdu, adamı ki, bir balaca üzüyumşaq gördülər, çıxıb oturacaqlar başında.
    Süpürgəçi qadın küçəni süpürə-süpürə yavaş-yavaş ona tərəf gəlirdi, amma bu onu narahat etmirdi, çünki bütün bufetçiləri tanıdığı kimi, «Qırmızı qərənfil» kimi qəlyanaltıxanaların yerləşdiyi küçələrdəki süpürgəçilərin də, xidmətçilərin də hamısını tanıyırdı, bilirdi ki, hansı davakardır, hansının ürəyi yumşaqdır və indi ona tərəf gələn bu arvadın da ürəyiyumşaq adam olduğunu bilirdi, bu arvaddan qorxmurdu.
    Süpürgəçi qadın küçəni süpürə-süpürə gəlib onun yanına çatdı və həmişəki kimi, özünü saxlaya bilməyib:
    – Yenə gəlmisən, ay bədbəxt oğlu bədbəxt? – dedi. – Yenə gəlib kəsdirmisən buranı? Ay anası ölmüş, ay bacıları qan ağlayan, ay yazıq, gəlmisən yenə? Səni də, axı, yəqin bir istəyən var, küçə iti döyülsən axı sən, adamsan də, səni də doğan bir ana olub da, ay bədbəxt, səni doğan o qara günün daşını indi hansı başına salsın o arvad? Niyə bu günə salmısan özünü, itsən sən? Axı, adamsan, ay külbaş, ay bəxti qara, it döyülsən axı?! – Arvad, elə bil, öz-özü ilə danışırdı. – Mənnən pis olub sənin həyatın? Mənnən çətin olub? Əlimə süpürgə alıb çörəkpulu qazanıram, ay yazığın balası, sənin, Allah bilir, hər şeyin olub, niyə it gününə salmısan özünü, it döyulsən sən axı!.. – Süpürgəçi qadın qurumuş böyürtkən kolu kimi qalın süpürgəsinə baxabaxa kövrəldi və bu dəfə də qarğış eləməyə başladı: – Allah bu arağı çıxaranın atasını gorbagor eləsin!.. Allah dünyadakı bütün Abdullaları cəzasına yetirsin!.. Sən də ölsən, vallah, bunnan yaxşıdı, ay bədbəxt, anan, bacın üzüqaralıqdan qurtarar... Onsuz da, diri-diri ölmüsən... Arvad-uşağın da var bəlkə... Qara gün onlarındı e!.. Allah Abdulla kimilərinin də gününü qara eləsin!..
    Guya ki, bufetçi Abdulla başqalarına güclə araq içirdirdi...
    O, süpürgəçi qadının dediyi sözlərə fikir vermirdi, əslində, heç bu sözləri eşitmirdi də. Büzüşüb səkinin üstündə necə oturmuşdusa, eləcə də qalırdı, yerindən tərpənmirdi və gözlərini də «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləmişdi və yenə də həmin iri qıfılların dəmirini yüyən kimi, öz dişlərində hiss edirdi. Deyinə-deyinə, qarğış eləyə-eləyə qalın süpürgəsini yolun ortasından o baş-bu başa apara-apara küçəni süpürən qadın hərdən süpürgənin ucu ilə onun dünən gecə hardasa çirkə-palçığa bulaşıb, indi qurumuş şalvarının balaqlarına, dabanları yeyilib getmiş, ordan-burdan üstü cırılıb deşilmiş ayaqqabılarına toxunurdu, amma o buna məhəl qoymurdu və ümumiyyətlə, bu saat onu heç nə yerindən tərpənə bilməzdi, yalnız «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllar açılanda onun da ayaqlarına güc gələcəkdi, yerindən qalxıb qəlyanaltıxanaya girəcəkdi, cibindəki altmış qəpiyi çıxarıb bufetçi Abdullaya uzadacaqdı, bufetçi Abdulla da əli onun çirkli əlinə toxunmasın deyə, bufetin piştaxtasındakı boş boşqaba işarə edəcəkdi, yəni ki, pulu bura qoy, sonra pivə şüşələrinin arasından ən yöndəmsizini, ağzından hava buraxanını, yaxud şüşəsi çatlamışını, bir sözlə, o pivələri ki, abırlı müştərilərin qabağına qoya bilməzdi, onları seçib iyrəndiyini gizlətməyərək, daha doğrusu, iyrəndiyini açıq-aşkar nümayiş etdirərək yenə də işarə ilə deyəcəkdi ki, gəl, bunları götür. «Qırmızı qərənfil»in qapısındakı iri qıfılların açılmasından başqa, onu bu dəm səkinin üstündən daha iki səbəb qaldıra bilərdi: ya milisioner görsə, durub haradasa gizlənərdi ki, tüfeyli kimi aparıb ona məcburi iş kəsməsinlər, yaxud məcburi surətdə müalicəyə göndərməsinlər (üç dəfə beləcə məcburi müalicəyə göndərilmişdi, amma sonradan yenə də içməyə başlamışdı), bir də ki, özü kimi birisinin gəldiyini görsəydi, durub qaçardı, çünki altmış qəpiyinə şərik çıxa bilərdilər. Səhər tezdən hələ dilinə bir qurtum da içki dəymədiyi vaxt, cibində otuz qəpik, yaxud altmış qəpik beləcə oturub qəlyanaltıxananın açılmağını gözləyəndə, o, özü kimilərə qarşı çox qəddar olurdu: onlardan gizlənirdi, onları yaxına buraxmırdı və bu ona bənzəyirdi ki, uzun müddətdən bəri ac qalmış bir heyvan şikar tapır, bütün olubolmayan imkanları ilə, dişi ilə, dırnağı ilə həmin şikarı başqalarından qoruyur, həmin şikardan, heç olmasa, bir dişdəm qoparmağa can atan heç kimi yaxına buraxmır. Süpürgəçi qadın küçəni süpürə-süpürə qalın süpürgəni yenə də səkiyə tərəf aparanda yumaq kimi bürmələnib küçəyə atılmış bir qəzet asfaltın üstü ilə yüngül top kimi diyirlənə-diyirlənə gəlib onun ayaqlarının yanında dayandı.
    O, gözlərini «Qırmızı qərənfil»in qapısından çəkib həmin yumaq kimi bükülüb atılmış qəzetə baxdı; o bilirdi ki, bu cür bükülüb atılmış qəzetlərin içində, adətən, heç nə olmur, amma həmin yay səhəri necə oldusa, əlini uzatdı, qəzeti ayaqlarının altından götürüb yavaş-yavaş yumağını açmağa başladı. Saralıb solmuş bu köhnə qəzetin içində heç nə yox idi, görünür, kimsə haçansa bu qəzetə nəsə bükmüşdü, sonra bükdüyünü götürüb, qəzeti də beləcə pərçim bürmələyib tullamışdı.
    O indicə açıb içində heç bir maraqlı şey tapmadığı qəzeti qalın süpürgəyə tərəf atmaq istədi, amma bu vaxt tamamilə ani olaraq gözü həmin köhnə qəzetdəki əziküzük bir şəklə sataşdı, gözünü çəkmək istədi, amma çəkmədi, baxdı və yavaş-yavaş elə bil ki, başındakı uğultu azaldı, gicgahlarının nəbzi daha da bərkdən vurdu, onun bütün bədəninə soyuq bir tər gəlməyə başladı, çünki ona elə gəldi ki, əzik-üzük şəkildəki bu şagird odur, özüdür.
    Qəzetdəki şəkildə üç nəfər şagird məktəb kitabxanasında oturub birlikdə imtahana hazırlaşırdılar, bir qız idi, iki oğlan və indi o, boz bir duman içində hiss edirdi ki, bu oğlanlardan biri odur – həmin o boz duman içində adda-budda yadına gəlirdi ki, məktəbdə oxuyanda haçansa qəzetdə beləcə şəkilləri çıxmışdı; şəkildəki oğlanlara baxırdı və beynində kirəc bağlamış qalın, ağır laylar arasından hiss edirdi ki, bu, həmin qəzetdi, bu məktəbli oğlanlardan biri də o özüdür.
    Məktəb illəri, yeniyetməlik, gənclik çağları onun qəzetdəki əzik-üzük şəkilə baxdığı anadək tamam unudulmuş, heç vaxt yada düşməyən bir keçmişdə qalmışdı və elə bil ki, həmin keçmiş qalın-nazik buz layları arasında donmuşdu və indi yavaşyavaş tərpəndikcə, buz layları da çatlayır, sınır, xırçıldayırdı.
    Uzun müddət duymadığı, hiss etmədiyi, unutduğu bir həyəcan birdən-birə onun bədəninə bir üşütmə gətirdi və bu üşütmədə, qəribə idi, həm soyuqluq, həm də bir hərarət var idi və onun o köhnə qəzeti tutmuş çirkli barmaqları, əlləri əsməyə başladı, hətta elə bil ki, o soyuq və eyni zamanda, hərarətli üşütmə həmin yay səhəri onun bütün varlığına, həyatına hakim kəsilmiş yanğını da bir müddət üstələdi və bu dəm o diksinib bir az aralıdakı akasiya ağacına qonmuş bir dəstə sərçəyə baxdı, quşların haray-həşirli civiltisini eşitdi, sonra birdən-birə onun burnuna çox yüngül bir qoxu gəldi və o bu qoxuda uzun müddətdən bəri yadırğadığı bir doğmalıq, bir məhrəmlik hiss etdi; bu qoxu onun yadına nəsə salırdı, amma bunun nə olduğunu bilmirdi, həmin qoxunu tanımırdı. Diqqətini toplamağa, o qoxunun hardan gəldiyinə, o mehribanlığın, məhrəmliyin nə olduğunu fikirləşməyə, yadına salmağa isə taqəti yox idi.
    Əlbəttə, ola bilərdi ki, bu qəzet heç həmin qədim, həmin gözəl qəzet deyil, bu oğlan da o özü yox, tamam başqa bir adamdı, ola bilərdi ki, zənni onu aldadırdı, yaxud yenə də onu qara basırdı, amma o, bütün gücünü toplayıb, heç olmasa, bu şübhələri özündən qovmağa çalışırdı, çünki birdən-birə onun ürəyində uzun müddətdən bəri duymadığı bir istək əmələ gəlmişdi: istəyirdi «Qırmızı qərənfil»in qapısına tərəf baxmasın, istəyirdi akasiya ağacından gələn o civiltini bir az da eşitsin; onun ürəyində yaranmış həmin istəkdə bir işıq var idi və o işığın istisi onun elə bu dəqiqənin özündə də sızıltı ilə yanan, içki istəyən bədəninə yüngül bir hərarət gətirirdi.
    O özündən asılı olmayaraq, «Qırmızı qərənfil»in qapısına ötəri bir nəzər saldı, sonra yenə akasiya ağacında civildəyə-civildəyə haray-həşir salmış bir dəstə sərçəyə tərəf baxdı, sonra yenə də qəzetdəki həmin əzik-üzük şəkilə baxmaq istədi, amma baxmadı, çünki burnuna gələn o qoxunu birdən-birə tanıdı...
    Süpürcəçi qadın gəlib köhnə qəzet bürməsini onun əlindən aldı və süpürgəsinin ağzına atdı, bayaqkı kimi sidq-ürəkdən onun halına acıya-acıya, onun belə bir güzəranının qarasına deyinə-deyinə küçəni üzüaşağı süpürə-süpürə uzaqlaşmağa başladı:
    – Nə olacaq bu qəzetin içində, ay bədbəxt? Pul tapacaqsan? Lap tapsan nə olacaq? Gedib bir az da çox içəcəksən də, ay bədbəxt oğlu bədbəxt!.. Sonra nə olacəq? Bir gün də beləcə öləcəksən küçədə... Kimin xəbəri olacaq sənnən? Kim ağlayacaq səninçün? Kim aparıb basdıracaq səni qara torpağa, ay üzü qara?..
    O, süpürgəçi qadının nə dediyini eşitmirdi, sərçələrin civiltisini də eşitmirdi, çünki burnundan çəkilib getməyən həmin qoxu onu unudulub qədimlərdə qalmış bir keçmişə dartırdı və hərdən, elə bil, onun beynində fotoaparat işığı kimi, nəsə ani olaraq yanıb-sönürdü və o, həmin anlarda fotoşəkil kimi keçmişin dəqiq görümlərini görürdü...
    ... bələyi açılmış qızı arxası üstə uzanıb ayaqlarını stolun üstünə döyəcləyir...
    ... Səfurə təzəcə yuyub qurutduğu uşaq əsgilərini ütüləyir...
    ... sonra o ütünü Səfurədən alıb, beş-altı aylıq qızının əsgilərini, balaca koftalarını ütüləyir...
    ... Səfurə kətilin üstündə oturub Gülzarı əmizdirir və açıq pəncərədən düşən gün şüaları Səfurənin açıq sinəsinə, döşünə bir işıltı gətirir...
    ... o, Gülzarın balaca çit papağını ütüləyir və bu, o balaca papaqdan gələn qoxudu...
    ... balaca papaqdan gələn qoxudu...
    ... balaca papaqdan gələn qoxudu...
    Səfurənin də adı, Gülzarın da adı neçə müddət idi? – bir ay idi, bir il idi? – silinib onun yaddaşından pozulmuşdu, daha doğrusu, onun, ümumiyyətlə, öz yaddaşından xəbəri yox idi, çünki nəyi isə yadda saxlamağa vaxtı yox idi, çünki içki tapmaq ehtirası, içki içmək yanğısı onun bütün vaxtını yeyirdi, gücünü alırdı, nəyisə yada salmağa, xatırlamağa taqəti yox idi və bütün bunlar barədə, yəni bu vaxtsızlıq barədə, bu yaddaşsızlıq barədə fikirləşməyə də taqəti və həvəsi yox idi. Səfurə də, Gülzar da, ağappaq cərrah xalatı, cərrah papağı da uzaq və tamamilə yadlaşmış bir keçmişdə qalmışdı. Əvvəllər, o vaxtlar ki, düzdü, evdən getmişdi, işdən çıxarılmışdı, amma, hər halda, tamam küçələrə düşməmişdi, stəkanların, parçların dibindəki qalığı içmirdi, haradasa qarovulçu işləyirdi, balaca da bir qarovul köşkü var idi, əlinə keçəni arağa verib o köşkdə içirdi və orda da yıxılıb yatırdı, bax, o zamanlar həmin o əlçatmaz, ünyetməz keçmiş bəzən ona rahatlıq vermirdi, ayıq vaxtlarında əzab çəkirdi, özü özünə söz verirdi ki, gedib müalicə olunacaq, daha içməyəcək, hətta, yeniyetməlik, gənclik çağlarında olduğu kimi, gələcək barədə planlar qururdu, fikrində Gülzarı yenidən gəzməyə çıxarırdı, teatra, kinoya gedirdilər, fikrində yenidən Səfurə ilə bir çarpayıda yatırdı və həmin çarpayıdakı ağın kraxmal təmizliyi, elə bil ki, onun fikrindən, xəyalından çıxıb balaca qarovulçu köşkünə bir ümid, bir nikbinlik gətirirdi, amma sonra hardansa yenə araq tapılırdı və yenidən başlanacaq gələcək haqqındakı o planlar, o xəyallar da solurdu, işığını itirirdi. Süpürcəçi qadın küçəni süpürə-süpürə uzaqlaşdı və arvadın əynindəki sarı çit pencək də, elə bil, bu dəm bütün aləmi basmış payız xəzəlindən xəbər verdi...
    O yenə də gözucu «Qırmızı qərənfil»in qapısına baxdı, sonra gözlərini əlinə zillədi, elə bil ki, qəzet hələ də əlində idi və yenə də onun ürəyindən bir qorxu keçdi ki, birdən cibindəki altmış qəpiyi itirmiş olar, amma bu dəfə pulları cibindən çıxarıb saymadı, öz-özünü həmin nigarançılıq içində saxladı və bu, elə bil ki, onun özünün özündən aldığı bir intiqam idi.
    Hər şey ilk qədəhdən başladı və o ilk qədəhi haçan içmişdi? – bunu heç vaxt, hətta, cərrah işlədiyi və içməyini başqalarından gizlətdiyi, içkinin iyi gəlməsin deyə üz-gözünə ətir vurduğu vaxtlar belə yadına gətirə bilmirdi; sonra içməyini daha gizlədə bilmədi, sonra heç gizlətmək istəmədi də, bəxtindən şikayət etdi, həyatdan şikayət etdi, ağlaya-ağlaya özünün təqsirkar olmadığını, həyatın təqsirkar olduğunu tanıyıb-tanımadığı adamlara uzun-uzadı danışmağa başladı və tanış-biliş tələsik bir bəhanə tapıb ondan ayrılmağa, ondan canını qurtarmağa çalışdı, onu görəndə yolunu dəyişdi, gizləndi, sonra uzun-uzadı danışmağa vaxtı və həvəsi qalmadı, tanışbilişdən əvvəlcə beş manat, sonra üç manat, sonra bir manat, əlli qəpik, iyirmi qəpik borc istədi, sonra daha «borc» sözünü də demədi, elə-eləcə pul istədi; işdə əvvəlcə cərrahlıqdan kənar edildi, xırda feldşer işlədi, sonra işdən tamam çıxarıldı və gedib o qarovulçu köşkünü tapdı; söz verdi, təzədən içdi, müalicə olundu, təzədən içdi, evdən getdi, Səfurə yaxınların, qohumların tənəsi altında (« – Niyə o alkoqolikin nazı ilə oynayırsan? Ərdi sənə bəyəm? Atadı bəyəm uşağınız üçün? Bədbəxt eləyib sizi, neyləyirsən onu? Qoy, öz cəzasıdı, it kimi ölsün küçələrdə!..») axtarıb onu tapdı, yenə getdi, hardasa itdi və Səfurə yenə onu axtarıb tapıb evə qaytardı, yenə getdi və daha Səfurə onu axtarmadı, geri qaytarmadı. O, elə-eləcə səkinin üstündə oturub gündən və çirkdən qapqara qaralmış əlinə baxırdı və onun başı yenə də uğuldamağa başlayırdı, sərçələrin civiltisi yenə də eşidilməz olurdu, bütün bədənindən gəlib keçən o yanğı yenə də yandırırdı və bu zaman o çox zəif taqəti daxilində bir-iki dəfə gücünü toplamaq istədi, çalışdı ki, həmin sərçə civiltisi kəsilməsin, «Qırmızı qərənfil»in qapısına tərəf baxmasın, cibindəki altmış qəpiyin itəcəyindən qorxmasın, amma özünü saxlaya bilmədi,
    «Qırmızı qərənfil»in hələ də bağlı qapısına baxdı, bir-iki dəfə udqundu, ağzı sulu olsa da, hətta arabir dodaqlarının qırağından tüpürcək axsa da, onun ağzı da bütün içi kimi, beyni kimi yanırdı, pivə istəyirdi.
    Süpürgəçi qadın küçədə öz sahəsini süpürüb qurtarmışdı, çıxıb getmişdi və küçənin, səkinin asfaltın üstündə qalın süpürgənin izi qalmışdı: süpürgə asfaltın üstündəki narın tozu xırda və sıx xətlərlə daramışdı və bu təmiz küçədəki bu izdə də bu dəm həmin dəstə-dəstə sərçə civiltisinə bənzəyən nəsə var idi.
    O yenə də iri qıfıllara baxdı, sonra asfaltın üstündəki süpürgə izlərinə baxdı və birdən-birə əvvəllər tez-tez yadına saldığı, uzun müddətdən bəri isə tamam unutduğu bir baxışı xatırladı və başındakı uğultuya, bədənindəki yanğıya, qulağının, ayaq barmağının ağrımasına baxmayaraq, həmin baxışı aydın gördü, həmin baxışın çoxçox uzaqlarda qalmış əhvali-ruhiyyəsini yüngülcə də olsa, yenidən hiss etdi: yeddinci, ya səkkizinci sinifdə oxuyurdu, yay vaxtı idi, atası Naxçıvana ezamiyyətə getmişdi, onu da özü ilə aparmışdı və Ilan dağını da onda görmüşdü, sonra Bakıya qayıtmışdılar və həmin qısa səfər onun ürəyinə qəribə bir coşğunluq gətirmişdi, o, doğulub böyüdüyü Bakı küçələrinə də, yaxşı tanıdığı adamlara da, öz yoldaşlarına da elə bil ki, nəsə yeni gözlərlə baxırdı, ona elə gəlirdi ki, nəsə gözəl bir ərəfə qarşısındadı, bunun nəyin ərəfəsi olduğunu bilmirdi, amma o ərəfə hissi ürəyinə bir hərarət, bir ilıqlıq gətirirdi, elə bil ki, içində təzə-tər söyüd yarpaqlarını oxşayan bir yaz mehi əsirdi və belə günlərin birində Bakının dağlıq məhəlləsində yaşayan bir yoldaşıgilə gedəndə küçədən ötən cavan bir qızın oğrun baxışlarını ömründə ilk dəfə öz üzərində hiss etdi; həmin qız ondan iki-üç yaş böyük olardı, ağappaq və qolsuz koftası dolu və sağlam bədənini pərçim örtmüşdü, elə bil ki, qızın bədəni, dolu döşləri ağappaq qolsuz koftanı cırıb-dağıdıb özünü göstərmək istəyirdi, qaraşın sifəti və qapqara gözləri var idi və gizli bir ehtirasla, maraqla işıldayan o qara gözlər ona oğrun bir nəzər saldı, sonra qız gözlərini yerə dikdi, hətta, deyəsən, bir balaca qızardı da, onun yanından ötüb keçdi və o bir də heç zaman həmin qızı görmədi, amma ilk dəfə öz üzərində hiss etdiyi o oğrun baxışlardakı gizli ehtirasın, marağın işıltısı yaddaşında hopub qaldı, hətta institutu qurtarandan sonra da o qızı xatırlayırdı, o baxışları yenidən görürdü və həmişə də o baxışların əhvali-ruhiyyəsi daxili bir nikbinlik, daxili bir coşğunluq gətirirdi.
    O, asfaltın üstündəki süpürgə izlərinə baxa-baxa həmin uzaq baxışları tamamilə qəflətən xatırladı və bu zaman bayaq hiss etdiyi doğma, məhrəm qoxunu yenidən duydu, onun əlləri, bədəni yenə də həyəcanla titrədi, bu, bədənindəki o dözülməz yanğının titrəyişi deyildi, yenə də o doğmalığın, o məhrəmliyin gətirdiyi titrəyiş idi. Küçədən maşınlar tez-tez ötməyə başladı, gedib-gələn adamlar çoxaldı, süpürgənin asfalt üstündəki izləri tapdanıb yavaş-yavaş itməyə başladı və bufetçi Abdulla da əlindəki bir dəstə açarı oynada-oynada gəlib çıxdı, özündən qat-qat aşağıda dayanmış iyrənc bir məxluqa baxırmış kimi, ona ötəri bir nəzər saldı, sonra «Qırmızı qərənfil»in qapısındakı yekə qıfılları bir-bir açmağa başladı. O, Abdullanın gəlməyini görməmişdi, amma açılan qıfılların səsini eşidirdi və başa düşürdü ki, Abdulla gəlib «Qırmızı qərənfil»in qapısını açır. Onun bütün bədəni, bütün varlığı «Qırmızı qərənfil»ə can atırdı, amma o, Abdullaya tərəf baxmırdı, qalxıb «Qırmızı qərənfil»ə tərəf getmirdi və başındakı həmin uğultu, bədənindəki həmin yanğı içində, elə bil, özü özündən yenə də intiqam alırdı və bu daxili intiqam elə bil ki, onun gücünü artırırdı, ona taqət verirdi (bədən isə yanırdı, yanırdı...).
    Abdulla, nəhayət ki, qıfılların hamısını açıb qurtardı və içəri keçməzdən qabaq yenə də ona tərəf ötəri bir nəzər saldı, əvvəlcə elə bildi ki, o yatıb, hətta ani olaraq fikirləşdi ki, bəlkə ölüb, amma sonra hiss etdi ki, nə yatıb, nə də ölüb. Abdulla iyirmi ilin bufetçisi idi, belələrini çox görmüşdü, adlarını bilmirdi, amma sifətdən onları tanıyırdı. Bu iyirmi ildə onların çoxu itib-batmışdı, əvəzinə yeniləri gəlmişdi – bunlar, elə bil ki, bir-iki illik ömrü olan bir məxluqat idi, gedirdi, əvəzində həmin məxluqatın müxtəlif yaşda yeni nəsli gəlirdi. Indi sübh tezdən gəlib «Qırmızı qərənfil»in qabağını kəsdirmiş bu alkoqolik iki-üç il idi peyda olmuşdu, əvvəllər hərdənbir itirdi, amma axır vaxtlar səhərdan-axşamacan bu aralarda sülənirdi; deyirdilər ki, guya, əvvəllər yaxşı cərrah imiş; amma bufetçi Abdulla əvvəllər yaxşı cərrah, əvvəllər yaxşı müəllim, əvvəllər yaxşı pəhləvan, əvvəllər, mən nə bilim, yaxşı nə olanları az görməmişdi, amma indi onlar hamısı nə cərrah, nə müəllim, nə artist, nə pəhləvan, nə də müstəntiq idi, hamısı eyni məxluqat idi. Bufetçi Abdulla bəzən bekar vaxtlarında təəccüblə və bir az da daxili bir fərəhlə fikirləşirdi ki, bunların arasında keçmişdə kim desən olanı var, amma keçmişdə bufetçi olanı yoxdu; bufetçi yazıq səhərdən-axşamacan stəkanlara araq süzür, bəs, niyə özü alkoqolik olmur? Bu da bir sirri-xuda idi... Və ümumiyyətlə, bufetçilərə qarşı ki, camaat arasında bu qədər kin-küdurət var idi, bufetçilərə ki, bu qədər yuxarıdan aşağı baxırdılar, bunu Abdulla dunyanın ən insafsız işlərindən biri hesab edirdi...
    ... Bədən isə yanırdı, yanırdı... O, bu yanğı içində, başını çatladan uğultu içində, eyni zamanda, həmin qoxunu da hiss edirdi və o qoxunun doğmalığı, məhrəmliyi də, elə bil, bu dəm Gülzarın körpə çağlarındakı kimi, bir körpə təbəssümü ilə gülümsəyirdi...
    Indi Gülzarın neçə yaşı var? On dörd... yox, on beş... yaxşı yadına gətirə bilmirdi, amma bu barədə, yəni Gülzarın yaşı barədə fikirləşəndə o doğma, o məhrəm, körpə kimi gülümsəyən o qoxu birdən-birə itdi, əvəzində çoxdan bəri yadırğadığı xəcalət hissi ürəyini sıxdı, hətta, həmin xəcalət hissi qısa bir müddət ərzində bədəninin o yanğısını da, başının o uğultusunu da, qulağının ağrısını, ayaq barmağının o sızıltısını da üstələdi: Gülzarı axırıncı dəfə görməyi yadına düşdü. Dəstə-dəstə sərçələr hamısı bir yerdə pırıltı ilə ağacların üstündən qalxıb uçdu və o uçuşun qəfilliyi də bükülüb-bürmələnib atılmış qəzetin bayaq süpürgənin ağzından diyirlənib gəlib onu tapmasındakı qəfilliyə bənzəyirdi.
    O, gözlərini qaldırıb sərçə dəstələrinin ardınca baxdı, sərçələr binaların damları arasında yox oldu və o birdən-birə yenə də qorxdu, sövq-təbii əlini kirli pencəyinin cırılmış cibinə tərəf apardı, amma o dəqiqə də başa düşdü ki, yox, bu, altmış qəpiyi itirmək qorxusu deyil; bu o qorxudu ki, birdən Gülzar gəlib beləcə onun qabağına çıxar, onu beləcə səki üstündə oturmuş, beləcə «Qırmızı qərənfil»lə üzbəüz görər. Neçə müddətdən bəri birinci dəfə idi ki, o, belə bir qorxu hissi keçirirdi.
    Axırıncı dəfə Gülzarı bir həftə bundan əvvəl gördü. Ya bir ay bundan əvvəl? Bəlkə iki ay bundan əvvəl – dəqiq yadına gətirə bilmirdi, çünki bədəninin o yanğısı daha tamam dözülməz idi, başının uğultusu tərpənmək, dirçəlmək istəyən bütün xatirələri boz bir dumana bürümüşdü. Hər halda, axırıncı dəfə Gülzarı görəndə yaz girmişdi, ağaclar yaşıl idi, bəlkə də yox, heç yaz girməmişdi? Hə, hə, deyəsən, qış idi, Gülzar əyninə palto geymişdi, qırmızı palto və həmin paltonun qırmızısı bu dəm elə bil birdən-birə qərənfil qırmızısına çevrildi, «Qırmızı qərənfil» oldu, sonra elə bil o qırmızının üstünə pivə töküldü, qırmızı əridi, basma kağızda qırmızı mürəkkəb ləkəsi kimi yayıldı və yenə pivənin iyi aləmi başına götürdü, sonra o pivə iyinə araq iyi qarışdı, şirin çaxır iyi qarışdı və onun bütün bədəni daha artıq bir hərisliklə alışıb yanmağa başladı, amma o yenə də tərpənmədi, həmin dəm bəlkə özünün də anlamadığı daxili, gizli bir həvəslə özündən intiqam aldı.
    Yox, palto deyildi Gülzarın əynindəki, deyəsən, kofta idi, qırmızı kofta... Heç nəyi dəqiq yadına gətirə bilmirdi, amma Gülzarın sifəti indi bütün cizgiləri, xətləri ilə tam dəqiq gözlərinin qabağında idi və beynindəki o boz dumana baxmayaraq, Gülzarın gözlərindəki dəhşəti tamam aydın gördü.
    Gülzarı gördüyü gün gönorta gedib «Mebel» dükanının qabağında mebel daşıyan maşının sürücüsü Ağacəfəri gözləmişdi, sonra özü kimi iki nəfərlə birlikdə dörd piano daşımışdı – birini haradasa altıncı mərtəbəyə qaldırmışdılar, birini haradasa dördüncü mərtəbəyə, o birilərini də şəhərin hansı tərəfindəsə neçənci mərtəbələrəsə qaldırmışdılar, sonra da Ağacəfər onların üçünə bir yerdə zəhmət haqqı kimi on manat pul vermişdi, özü isə, təzə piano sahiblərindən neçə almışdı, Allah bilirdi, hər halda, hərəsindən yüz əlli, iki yüz manatdan əskik almamışdı. Hələ indi yaxşı idi, bəzən Ağacəfər hiss edirdi ki, gəlib «Mebel»in qabağında onu gözləyən alkoqoliklərin halı lap pisdi, bu zaman onlara adambaşına əlli qəpikdən artıq vermirdi, pianonu onuncu mərtəbəyə daşıtdırırdı, müştəridən də zəhmət haqqı kimi, iki yüz-iç yüz manat alırdı. Bir sözlə, Ağacəfər alkoqoliklərin hesabına əməllibaşlı pullu adam olmuşdu, yayda ailəsini istirahət eləməkdən ötrü Kislovodska göndərirdi, qışda özü məzuniyyətə çıxıb Odessadakı aşnasının yanına gedirdi və bir ay Odessanın gözəl restoranlarında kefə baxırdılar. «Mebel» dükanında kassir işləyən Əbülfət başını aşağı əyib çeşməyinin yuxarısından bir-bir bu alkoqoliklərə baxırdı, Ağacəfərin bunlarla danışığına qulaq asırdı və deyirdi:
    – Sən lap quldursan e, Ağacəfər!
    Ağacəfər:
    – Nə? – deyirdi və əlini uzadıb onun əmrinə müntəzir dayanmış alkoqolikləri göstərirdi. – Alə, bunlardan qul olar? Alkaşdı e, bunlar, alkaş!.. Həmin gün Ağacəfərin verdiyi on manata üç dənə araq alıb içmişdilər, pul qurtarmışdı, bədən isə yanırdı, bədən araq, şirin çaxır, pivə istəyirdi, bir-birilərindən ayrıldılar və o hara getdiyinin fərqinə varmayaraq addımlayırdı – onun ayaqları vəfalı it kimi bir şey idi, aparıb hansı bir pivə barınasa, hansı bir qəlyanaltıxanayasa çıxaracaqdı və bu vaxt o birdən-birə Gülzarla rastlaşdı, hansı küçəninsə tinini burulanda Gülzarla üz-üzə gəldi.
    Gülzarın yanında bir nəfər rəfiqəsi də var idi. Gülzar onu görəndə donub yerində qaldı. Rəfiqəsi də dayanıb gizlədə bilmədiyi bir maraqla gah ona, gah da Gülzara baxdı.
    O, əvvəlcə ağlamaq istədi, uda bilmədiyi bir qəhər pərçim olub boğazında dayandı, Gülzarı qucaqlayıb öpmək istədi, təxminən bir il görmədiyi qızına əməllibaşlı baxmaq istədi, amma Gülzarın gözlərindəki o qorxunu görəndə, rəfiqəsinin baxışlarındakı o marağı görəndə boğazına pərçim olub qalmış o qəhər əriyib yox oldu, bədənindəki içki yanğısına dəli bir kin-küdurət qatışdı, həmin yanğıdan və hirsdən titrəyən xırıltılı səsi ilə başqa bir söz tapa bilməyib:
    – Hara gedirsən? – soruşdu.
    Gülzar cavab vermədi.
    – Hara gedirsən?
    Gülzar:
    – Çəkil, – dedi.
    – Yox, çəkilməyəcəyəm!
    – Çəkil.
    Onun bütün bədəni araq, şirin çaxır, pivə istəyi ilə alışıb yanırdı və birdən o:
    – Pul ver, çəkilim, – dedi.
    Gülzarın gözlərindəki dəhşət o zaman yarandı və rəfiqəsinin də sifətindəki maraq dondu.
    – Bir manat ver, çəkilim... Əlli qəpik ver!..
    Gülzar bərkdən hönkürə-hönkürə onu itələyib qaçdı, rəfiqəsi də Gülzarın ardınca qaçdı.
    O, əlini atıb arxadan Gülzarın paltarından tutmaq istədi, amma tuta bilmədi və müvazinətini itirib səkinin üstünə yıxıldı, alnı asfalta dəyib partladı və o, alnından axıb gələn isti qanı burnunda, dodaqlarında hiss etdi və sövq-təbii təəccüb etdi ki, bədənində ki, bu qədər yanğı var, bütün bədəni ki, dözülməz bir içki istəyi ilə üşümüşüm üşüyür, necə olur ki, qanı beləcə istidi? Bir müddət eləcə üzüüstə səkidə sərilib qaldı, alnından axan qan laxtalandı, kimsə əlindən tutub qaldırmaq istədi, kimsə onu ayaq altından kənara çəkmək istədi, amma o bütün bunların fərqinə varmırdı və heç nə barədə fikirləşmirdi, Gülzarı da yadından çıxartmışdı, hətta, elə bil ki, arağı, çaxırı, pivəni də yadından çıxartmışdı, amma yoldan ötənlərdən kimsə dedi ki, təcili yardıma zəng eləmək lazımdı və o, beynini bürümüş duman içində bu sözləri eşitdi, tərpəndi, qalxdı və ayaqları dolaşa-dolaşa getdi... Bufetçi Abdulla özünü saxlaya bilməyib hərdənbir «Qırmızı qərənfil»in içindən təəccüblə ona tərəf boylanırdı, zəndlə baxırdı və yenə də öz işi ilə məşğul olurdu: pivə parçlarını yuyub səliqə ilə qabağına düzürdü, divar boyu iri soyuducudan pamidor, xiyar çıxarırdı, uzun və iti bıçağı ilə doğrayıb boşqablara yığırdı, dünəndən qalmış soyutma toyuğu, yumurtanı, kolbasanı piştaxtaya qoyurdu və yenə də, istəristəməz, qarşıdakı səki tərəfə baxırdı. Bufetçi Abdulla təəccüb edirdi ki, sübh tezdən «Qırmızı qərənfil»in qabağını kəsdirmiş bu içki düşkünü niyə durub gəlib pivə istəmir? Bufetçi Abdulla təcrübəli adam idi və bilirdi ki, məsələ pulda deyil – bunların, onsuz da, çox zaman pulları olmur, dilənçi kimi gəlib pivə dilənirlər, səbəb nə isə başqa bir şey idi və bufetçi Abdulla axırda bu qərara gəldi ki, yəqin bu bədbəxt sancılanıb-eləyib, yerindən tərpənə bilmir; bunların arasında beləcə qəflətən sancılanıb ölənləri Abdulla üç-dörd dəfə görmüşdü.
    O yenə də qorxdu ki, birdən Gülzar təsadüfən gəlib bura çıxar, ya Səfurə gəlib bura çıxar və yerindən tərpənib qalxmaq istədi, amma bədənində heç bir taqət qalmamışdı, qalxa bilmədi; başındakı uğultu içində başa düşdü ki, bir azdan hər şey yenə də yaddan çıxacaq, yenə də gedib «Qırmızı qərənfil»ə girəcək, altmış qəpiyi verib pivə içəcək, sonra hər şey öz həmişəki qaydasına düşəcək – bunu fikirləşdi və Gülzarın gözlərindəki dəhşəti yenə də bütün aydınlığı ilə gördü.
    Bufetçi Abdulla «Qırmızı qərənfil»in qapısı ağzına çıxıb onu çağırdı:
    – Ey! Ey!
    Bufetçi Abdulla bunlardan heç birinin adını bilmirdi, çağıranda da «ey» deyirdi.
    – Ey, səninnəyəm, bura gəl!..
    O, güclə başını çevirib «Qırmızı qərənfil»ə baxdı və həmin yay səhəri bufetçi Abdulla onun gözlərində qəribə bir ifadə gördü; bu ifadənin qəribəliyi nədə idi? – bufetçi Abdullanın şüuru bunu dərk edə bilmək səviyyəsində inkişaf etməmişdi, amma, hər halda, bu elə bir ifadə idi ki, bufetçi Abdulla daha onu səsləmədi və təzədən içəri girdi.
    O, bir müddət «Qırmızı qərənfil»in açıq qapısına baxdı: yəqin zirzəmidən nəsə daşımaq lazım idi, yaxud «Qırmızı qərənfil»i silib-süpürmək lazım idi, amma yerindən tərpənmədi və hətta, əlini cibinə salıb altmış qəpiyi götürmək və it payı kimi «Qırmızı qərənfil»in qapısına tərəf tullamaq istədi və bədəninin yanğısı, başının uğultusu, qulağının, ayaq barmağının sızıltısı içində, beynini bürümüş o boz duman içində öz-özünün bu istəyinə təəccüb etdi, sonra başını yuxarı qaldırıb günəşə baxdı; onun bədən üzvlərinin hissləri tamam korlanmışdı və bu dəfə də günəşə baxanda gözlərini qıymadı, açıq gözlə baxdı, sonra gözlərini günəşdən çəkəndə bir müddət heç nə görmədi, hər tərəfi basmış qaranlıq içində iri və girdə günəş gözlərinin qabağında kölgəli bir ağartı-sarıltı ilə ağarıb-saraldı. Həmin yay səhəri onun şüurundan keçən xatirələr adda-budda idi, müəyyən bir fikirdən, hadisədən, görümdən doğmurdu, öz-özünə gəlirdi – o, bu xatirələrin qəfilliyinə görə korşalmış bir heyrət hissi keçirirdi və bu dəfə də uşaq vaxtı gördüyü Ilan dağı birdən-birə yaddaşında canlandı: gözlərini yumdu və sıldırım qayalardan ibarət hündür, çılpaq Ilan dağı gəlib gözlərinin qabağında dayandı. Ona elə gəldi ki, Ilan dağının lap zirvəsinə qalxıb və oradan – göz qaraldan bir hündürlükdən aşağı baxır, aşağıda dayanmış atası ilə bərabər, özünü də görür və gözlərinin qabağındakı bu görüm onun bütün içini qüssəli, ümidsiz bir həsrətlə doldurdu, ona elə gəldi ki, bu həsrət bu dəqiqə onu həmin göz qaraldan hündürlükdən götürüb aşağı çırpacaq, bədəni Ilan dağının sıldırım qayalarına dəyib tikə-tikə olacaq, amma qəribədi, belə bir qarabasmadan qorxmadı, əksinə, yüngül bir rahatlıq hiss etdi. Bədən isə yanırdı və o, Ilan dağını güclə gözlərinin qabağında saxlamağa, bədənindəki yanğını üstələməyə çalışdı və hiss etdi ki, bu daxili gərginlik onun bütün olub-qalan taqətini əlindən alır, hiss etdi ki, indicə ağlayacaq və bu dəfə də tamamilə birdən-birə təxminən bir il bundan əvvəl günün günoprtaçağı kitab pasajında ağlamağını xatırladı. Düzdü, çoxdan idi xəcalət hissi keçirmirdi, bu hiss tamamilə korşalıb təsirsiz olmuşdu, unudulmuşdu, amma həmin yay səhəri «Qırmızı qərənfil»in qabağındakı səkidə oturub təxminən bir il bundan əvvəl kitab pasajında ağlamağını yadına salanda nəsə çox narahat bir hiss keçirdi və bəlkə heç özü də başa düşmədi ki, bu xəcalət hissidi.
    Onda da hələ kiçik qarovulçu köşkündə yaşayırdı, amma sir-sifəti şişib, qızarıb dəyişmişdi və bir çox tanışlar onu görəndə tanımırdı, amma o, ayıq olanda tanışları görüb tanıyırdı, çox ayıq olanda gizlənirdi ki, tanışlar onu görməsinlər, bir az içmiş olanda isə, özü tanış-bilişə yaxınlaşıb pul istəyirdi. Yenə içmişdi, yenə içmək istəyirdi, gözü küçələrdə tanış adam axtarırdı ki, pul tapsın və beləcə addımlayaaddımlaya kitab pasajına girdi, pasaj boyu düzülmüş kitab köşklərindən birində birdən-birə öz kitabını gördü. Cərrahiyyəyə aid bu kitab onun yazdığı birinci və sonuncu kitab idi və o gəlib bu kitabı əlinə götürdü, kitab almaq istəyən adamlara, pasajdan keçib gedənlərə göstərib ağlamağa başladı: «–Bu mənim kitabımdı!.. Bu kitabı mən yazmışam!..». Adamlar gah ona, gah da əlində tutduğu kitaba baxırdı və əlbəttə, heç kim bu kitabı, həqiqətən, onun yazdığına inanmadı, camaatın belə bir inamsızlığına görə o daha artıq hönkürə-hönkürə ağlamağa başladı və bu zaman kimsə ona iyirmi qəpik uzatdı, o da həmin iyirmi qəpiyi aldı, sonra kitabı eləcə ağlaya-ağlaya başqalarına da göstərib iyirmi qəpik, otuz qəpik pul istədi, yavaşyavaş, bayaqkı kimi ürəkdən yox, pul yığmaq üçün yalandan ağlamağa başladı, bir pencək cibi xırda pul yığdı və gedib hamısını içdi.
    O, «Qırmızı qərənfil»in açıq qapısına baxdı, sonra əlini kirli pencəyinin cırıq cibinə saldı və altmış qəpiyi çıxarıb ovcuna yığdı. Dəmir pullar günün şüaları altında parıldadı və uzaq Ilan dağının da çınqılları, daşları, qayaları günün altında beləcə parıldayırdı. Ilan dağı haçansa püskürmüş vulkan dağı idi, bir dənə də olsun bitkisi yox idi, sıldırım qayaları, iri daşları, saysız çınqılları hərəsi bir rəngdə idi: qırmızı, bənövşəyi, qəhvəyi, sarı, məxməri... və bütün bu rənglər qızmar günəşin altında sayrışanda adama elə gəlirdi ki, bu bitkisiz, bu çılpaq dağın özü tarixə qədərki nəhəng bir canlı varlıqdır, özü də ilan kimi soyuq, sürüşkən, qorxuludur. O yenə də özünü Ilan dağının zirvəsində gördü; ömründə bir dəfə – uşaq vaxtı atası ilə birlikdə gördüyü Ilan dağına yalnız kənardan tamaşa etmişdi, amma indi qapanmış gözlərinin qabağında Ilan dağının zirvəsində – aşağı baxdıqca gözqaraldan bir hündürlükdə idi.
    «Qırmızı qərənfil»ə tək-tək müştərilər girib-çıxmağa başladı və bufetçi Abdulla da xoş üzlə müştərilərə qulluq edə-edə hərdənbir qarşı səkiyə tərəf baxırdı; bufetçi Abdulla qəti qərara gəlmişdi ki, qarşı səkidə oturmuş bu alkoqolik özünü bu cür etinasız aparır, gəlib pivə istəyəndə (əvvəl-axır gələcəkdi!) verməsin və onu burdan qovsun.
    ...O, xırda pulları yenə də cibinə tökdü və bütün gücünü toplayıb ayağa qalxdı. Onun bütün bədəni «Qırmızı qərənfil»ə can atırdı, ayaqları da onu «Qırmızı qərənfil»ə aparırdı, amma o özünü məcbur etdi, ayaqları dolaşa-dolaşa «Qırmızı qərənfil»in qabağından keçdi, içəri girmədi və küçə yuxarı addımlamağa başladı. Onun bütün bədəni alışıb yanırdı, içki istəyirdi, onu geriyə – «Qırmızı qərənfil»ə tərəf çəkirdi, amma o geri dönmürdü və öz-özünə belə bir əzab verdiyinə görə, elə bil ki, qüvvəsi daha da artırdı.
    Onun bədəni yanırdı, içki istəyirdi, amma başındakı uğultu kəsmişdi, qulağındakı, ayaq barmağındakı ağrını da hiss etmirdi və beynində qəribə bir aydınlıq, daha doğrusu, bir yüngüllük əmələ gəlmişdi, küçə boyu addımlayaaddımlaya, əlini tərpədə-tərpədə öz-özünə danışırdı. Nə dediyini özü də bir o qədər aydın başa düşmürdü, amma kiminlə beləcə ciddi danışdığını dəqiq bilirdi – Səfurə ilə danışırdı, Gülzarla danışırdı, nəsə ciddi sözlər deyirdi, nəsihət vermirdi, amma ciddi tərbiyəvi fikirlər söyləyirdi, keçmiş cərrah həmkarları ilə danışırdı, sonra on il bundan əvvəl vəfat etmiş atası ilə danışmağa başladı...
    Onun ayaqları vəfalı it kimi bir şey idi və o heç özü də bilmədi ki, bu doqquzmərtəbəli mehmanxananın qabağına necə gəlib çıxdı. Bu mehmanxananın sonuncu mərtəbəsində bar var idi, amma həmin bar onun kimi alkoqoliklərin yeri deyildi və bu tərəflərə gələndə də onları mehmanxanaya buraxmırdılar, amma bu dəfə onu görən olmadı, mehmanxananın qapısından rahat keçdi, kondisionerlərin gözəl bir sərinlik gətirdiyi vestibüldən adlayıb sərnişin gözləyən açıq liftə mindi və birbaşa doqquzuncu mərtəbəyə qalxdı.
    O, bara girəndə barmen Abdulla (bu adamın da adı «Qırmızı qərənfil»in bufetçisi kimi Abdulla idi) təəccüblə ona baxdı; barmen Abdulla adamın sifətinə baxan kimi bilirdi ki, içəndi, yoxsa yox və ələlxüsus da alkoqolikləri yüz metrlikdən tanıyırdı və indi də təəccüb etdi ki, bu alkoqoliki səhər-səhər bura kim buraxıb? Barda cürbəcür içkilər düzülmüşdü: araq, konyak, viski, cinn, çaxır, pivə və onun bütün bədəni bu içkilərə can atırdı və hətta o özü də bir an tərəddüd etdi, sonuncu dəfə bir şüşə pivə, yaxud əlli qram araq içmək istədi, amma onun bu son dəqiqələrdə tamam aydınlaşmış beyni bir elektron maşın dəqiqliyi ilə qeyd etdi ki, hərgah indicə gedib bir şüşə pivə, yaxud əlli qram araq içsə, yenə də hər şey təzədən başlayacaq.
    O heç vəchlə istəmirdi ki, hər şey təzədən başlasın. Hətta hər şeyin təzədən başlaya biləcəyi ehtimalı həmin an bədəninə soyuq bir tər gətirdi, o qəti və dəqiq addımlarla barın küçə pəncərəsinə yaxınlaşdı. Barmen Abdulla hələ kondisioneri işə salmamışdı və müştərilər gəlib yığışanadək iri pəncərələri taybatay açmışdı ki, içərinin havası dəyişsin.
    O gəlib taybatay açılmış pəncərənin qabağında dayandı və aşağı baxdı – küçədən avtobus, trolleybus, avtomobillər gedib-gəlirdi, səkiyə enən mərmər pillələr və səki isə bomboş idi.
    Bir an, yalnız bircə an ona elə gəldi ki, doqquzmərtəbəli mehmanxananın doqquzuncu mərtəbəsində yox, Ilan dağının zirvəsində dayanıb. Sonra özünü pəncərədən atdı.
    O, doqquzuncu mərtəbədən yerə düşənəcən özündə idi və yerə düşənəcən ağzını açıb qışqırmadı.
    ... Yenə səhər tezdən idi və süpürgəçi qadın qurumuş böyürtkən koluna oxşayan qalın süpürgəsi ilə yenə də küçəni süpürə-süpürə «Qırmızı qərənfil»in qabağına gəldi, dünən beləcə sübh tezdən səkidə oturub bufetçi Abdullanı gözləyən o bədbəxt içki düşkününü yadına saldı və fikirləşdi ki, həmin adam indi də yəqin gedib başqa bir qəlyanaltıxananın qabağını kəsdirib...
Iyul, 1985.
Şüvəlan.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1251 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more