D o s t. Xeyr! Xeyr! Mənim türkçülük əqidəm dönməzdir! Bakının üzərinə gərək babamız
Atillanın, annəmiz Tomrisin əlləri uzana! Fəqət bunlar hələ yapılmamış...
K i ş i. Elə məsələ də bundadı də, Vladimir Iliç! (Ayağa qalxıb həm qabaqdan, həm də
arxadan diqqətlə Dostun başına baxır.) Bude, sizin başınız!.. Mən dünya heykəltəraşları arasında ilk
dəfə belə bir kəşf eləmişəm! Daha heç kim heykəlləri dağıtmayacaq!
A r v a d. Allah eləsin!
D o s t. Fəqət bu nasıl olacaq, zavallı yavrucuğum? Insanlar bir-birini qırırkən, inqilablar
yapırkən, hökmdarlar bir-birini əvəz edirkən, sən, zavallı arkadaşım, buna nasıl nail olacaqsan?
A r v a d (yavaşdan). Mən bunun sözlərindən heç nə başa düşmürəm!..
K i ş i. Bax, Valodya! Mən heykəllərin bədənini düzəldirəm. Boynuna da vint qoyuram!
D o s t. Vint?
K i ş i. Əvət! Vint qoyuram ki, heykəlin başını vintlə burub bədəninə pərçim edəsən! Misal
üçün, sənin başını! Sonra haçan lazım oldu, bu başı çıxar, başqa birisinin başını bur, pərçim elə ora!
Pauza.
Qapının zəngi çalınır.
A r v a d. Bu saat!
O ğ u l. Sən əziyyət çəkmə!.. (Səhnədən çıxır.)
P r o f e s s o r (səhnə arxasından). Yallah!.. Yallah!.. Bu nə əhvalatdı belə? Bu nə xəbərdi
belə? Eşitmişəm, əl-əlbət, eşitmişəm!..
Əlində yekə və köhnə portfel tutmuş Professor, ardınca da Oğul səhnəyə daxil olurlar. Arvad qonağın ayağına
baxır.
A r v a d. Xoş gəlmisiz... Ayaqqabılarınızı...
P r o f e s s o r. Tərtəmiz silmişəm! Allah-taala buyurub ki, təmizlik birincidi!.. Əl-əlbət,
belədir! (Diqqətlə evin o tərəf-bu tərəfinə baxır, təzə rəng iyini burnuna çəkir.) Deyəsən, Allah
qoysa, toya hazırlaşırsız?
A r v a d. Yox, təmir eləmişik!...
P r o f e s s o r. Allah mübarək eləsin!
A r v a d. Çox sağ olun!
P r o f e s s o r (Kişiyə tərəf işarə edir). Nə olub? Deyirlər ki, mənim keçmiş sevimli tələbəm
bir az... o söz... (Əlini öz başının üstünə qaldırıb yelləyir.) Hə?
D o s t. Maləsəf!..
Q ı z (səhnəyə daxil olaraq). Suzik deyir ki... (Professoru görüb sözünü yarımçıq kəsir.)
Salam.
P r o f e s s o r. Əleykümə-əs-salam! (Kişiyə) Sən bu qızı nə vaxt Suzikə ərə verəcəksən?
K i ş i. Həmişə!..
Pauza.
P r o f e s s o r. Aha! Aha! Heç darıxmayın! Hər şey Allah-taalanın əlindədi! Qoy əvvəlcə
özüm bir yoxlayım bunu. (Kişiyə) Bir mənə bax görüm...
K i ş i (ona baxaraq ağzını geniş açıb dilini çıxarır). A-a-a!..
P r o f e s s o r (ətrafa). Elə bilir ki, həkiməm...
D o s t. Pəki!..
P r o f e s s o r. Heç nə olmaz... Hər şey o uca Tanrımızın əlindədi! Əl-əlbət belədir! Qoy bir
bunun məntiqini yoxlayım... (Kişiyə) Mənim beş dənə armudum var. Bundan da... (Oğulu göstərir.),
yox, bundan da (Dostu göstərir.) beş dənə armud aldım. Indi məndə neçə dənə armud oldu?
Pauza.
Hə?
Qız gizlincə barmaqları ilə göstərib atasına kömək eləmək istəyir.
P r o f e s s o r (Qıza). Yox, şparqalka olmaz! Hə, beş armud məndə var idi, beş armud da
bundan aldım, ikisi bir yerdə neçə armud elədi?
Pauza.
Hə?
K i ş i. Biz məktəbdə alma keçmişik!
A r v a d (dərindən köksünü ötürür). Ah!..
P r o f e s s o r. Falçı Ağabacı!
A r v a d. Nə?
P r o f e s s o r. Ancaq Falçı Ağabacı!
A r v a d. O kimdi elə, professor?
P r o f e s s o r (təəccüblə). Eşitməmisiz?
A r v a d. Xeyr...
P r o f e s s o r. Doğru deyirsiz? (Dosta) Siz də eşitməmisiz?
D o s t. Maləsəf, şimdi xatırlamaqda çetinlik çekirəm... Zaten...
P r o f e s s o r (Oğula). Siz də?
O ğ u l. Biz falçılara inanmırıq! (Hirslə səhnədən çıxır.)
P r o f e s s o r. Necə? Bu nə danışır?
A r v a d. Yox, professor, elə-belə deyir...
D o s t. Əvət...
Q ı z. Bu saat Suzikə zəng eləyim, öyrənim ki, Falçı Ağabacı kimdi?
P r o f e s s o r. Ehtiyac yoxdu! Ekstrasens Falçı Ağabacı Allah-taalanın əta etdiyi böyük bir
verginin sahibidi! Bütün dərdlərin dərmanı ondadı! Falçı Ağabacı böyük Yaradanımızın yer
üzündəki elçisi kimi bir möcüzədi! Onun ilahi varlığı insanlara şəfa gətirir. Əl-əlbət belədir! (Kişini
göstərir.) Bunun da dərdinə əlac eləsə, Falçı Ağabacı eləyəcək! Falçı Ağabacı!
A r v a d. Falçı Ağabacı?
P r o f e s s o r. Falçı Ağabacı!
D o s t. Əvət!..
İ ş ı q s ö n ü r.
ON DÖRDÜNCÜ ŞƏKİL
Səhnə tamam qaranlıqdır.
Yenə kimsə o qaranlıqda ora-bura əlindəki fənərin zəif işığını sala-sala səhnə boyu var-gəl edir və biz yenə də
bu adamın kim olduğunu müəyyən edə bilmirik.
Haranısa açır – deyəsən soyuducudu – və səhnədə bir parça işıq görünür, sonra oradan nə isə götürüb –
içirmi? yeyirmi? – təzədən əl fənərinin zəif işığında var-gəl edir.
Hər tərəf sakitlik içindədi.
Yenə də qaranlıqda arxası tamaşaçılara tərəf əyləşir və fənərin o zəif işığında qəzet oxumağa başlayır.
İ ş ı q s ö n ü r.
ON BEŞİNCİ ŞƏKİL
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z, Q o n ş u, P a r t i y a l i d e r i, X a n ı m, D o s t, P r
o f e s s o r, E k s t r a s e n s F a l ç ı A ğ a b a c ı.
Arvad, əlində əsgi, Oğul, əlində «Kapital», Qız, Qonşu, Partiya lideri, Xanım, Dost səhnə boyu gəzişirlər,
otururlar, dururlar, ordan-burdan danışırlar və ilk baxışda hər şey həmişəki kimidi, amma bununla bərabər,
səhnədə bir gərginlik hiss olunur, çünki hamı Ekstrasens Falçı Ağabacını gözləyir.
A r v a d (yavaşdan Oğula). Görəsən, Falçı Ağabacı gələndə çəkmələrini siləcək?
O ğ u l (gözlərini kitabdan ayırıb bir-neçə an anasına baxır). Anacan! Mən bu kitabı
qurtarandan sonra, verəcəyəm sənə. Sən mütləq «Kapital»ı oxumalısan!
A r v a d (heyrətlə). Mən?
O ğ u l. Bilirsən necə kitabdı? Elə bil bəşəriyyət üçün ana laylasıdı! (Dediyi bu gözəl sözlər
özünün də xoşuna gəlir və tez cibindən dəftərçə-qələm çıxarır.) Qoy bu sözləri yazım! Sabah Siyasi
Büronun iclasında deyəcəyəm!
X a n ı m. Vallah, bu hadisə bizə elə təsir edib ki, az qalır siyasi mübarizəmiz də zəifləsin...
P a r t i y a l i d e r i (tələsik). Yox, yox! Bizim partiyanın siyasi mübarizəsinə heç nə təsir edə
bilməz!.. Ruh düşkünlüyünə yol vermək olmaz!
X a n ı m. Əlbəttə! Mən elə-belə dedim...
D o s t. Əvət!
P a r t i y a l i d e r i (tualetin qapısına tərəf işarə edir). O mütləq sağalmalıdır! O sağalıb
bizim siyasi mübarizəmizə qoşulmalıdır! O müstəqil respublikamızın gələcək rifahı naminə bizim
mücadilə qardaşımız olmalıdır!
O ğ u l (gözlərini kitabdan ayıraraq). Onda mən sizə qarşı mübarizə aparacağam!
X a n ı m (qızğın). Biz özümüz kommunizmə qarşı mübarizə apararaq onu məğlub etdik!
D o s t. Pəki...
O ğ u l. Xeyr! Qorbaçov ABŞ-ın şpiyonu idi! Indi də bizim aramızda opportunistlər var.
Ancaq... (Bərkdən) Kommunizm ideyalarına eşq olsun!
Q o n ş u (yavaşdan Partiya liderinə). Bu hələ kommunistdi?
P a r t i y a l i d e r i (əlini yelləyərək). Hə... (Yavaşdan) Siz on milyonu keçirtdiz bizim
partiyaya?
Q o n ş u (təəccüblə Partiya liderinə baxır, elə bil ki, söhbətin nədən getdiyini başa düşmür,
sonra bərkdən Oğula). Əhsən! Oğul belə olar e!.. Keçmiş kommunistlər bank açır, biznesmen olur,
mollalıq eləyir, ancaq sən dediyindən dönmürsən! (Ətrafa) Özü də çox savaddıdı! Haçan görürəm,
kitab əlindədi! Gəl, bir səni öpüm! (Oğulu qucaqlayıb öpür.)
O ğ u l. Çox sağ olun! Mən bu kitabı sizə də verəcəyəm oxuyasınız!
Q o n ş u. Nədi bu belə?
O ğ u l. «Kapital»!
Q o n ş u. Alə, sən kitab əvəzinə kapitalın özünü mənə ver də!.. (Gülür.)
O ğ u l (qəzəblənir). Yox! Mən yol verə bilmərəm ki, siz Karl Marksa qarşı hörmətsizlik
edəsiniz!
Q o n ş u. Yaxşı... Yaxşı... Söz idi, çıxdı ağzımdan... (Diqqətlə kitaba baxır.) Çox qalın döyül?
O ğ u l (mülayimləşir). Nə danışırsız? Şer kimi oxunur!
Q o n ş u. Hə, biz nəsillikcə şeri çox sevirik! Mən özüm Həsənqulu Odatəş Türksevərin
dəlisiyəm?
O ğ u l. O kimdi elə?
Q o n ş u. O-o-o!.. Çox böyük şairdi! Bizim köhnə mələdə olur!
Q ı z. Indi zəng edib Suzikdən soruşaram. (Tələsik səhnədən çıxır.)
Q o n ş u (kənara.) Bu hələ lütdü də, ona görə kommunistdi. Hə, kapitalı yoxdu, ona görə
«Kapital» oxuyur! Özünə kapital düzəldə bilsə, olacaq demokrat! Özünə kapital düzəldə bilməsə,
qarıyan oğlan kimi, ömürlük kommunist qalacaq, boşboğazlıq edəcək!
P a r t i y a l i d e r i (yavaşdan Qonşuya.) Siz mənim sualıma cavab vermədiz!..
Q o n ş u. Nə sual?
P a r t i y a l i d e r i (daha da yavaşdan). On milyonu deyirəm...
Q o n ş u (tualetin qapısını göstərərək, bərkdən.) Bu neyləyir e, səhərdən orda?
D o s t. Bu ekstrasens kac zaman da buyuracaq?
A r v a d (Dosta). Nə deyirsiz?
D o s t. Falçı Ağabacını deyirəm. Haçan gələcək?
A r v a d. Indilərdə gəlməlidi. Professor yarım saat bundan qabaq zəng eləmişdi ki, əvvəlcə
özü gələcək, sonra Falçı Ağabacı...
Qız yenidən səhnəyə daxil olur.
Q ı z. Suzik deyir ki, elə şair yoxdu!
Q o n ş u. Necə? Özü də yeddi il türmədə yatıb! Zakondadı! Mən Suziki savaddı adam
bilirdim!
Q ı z. Əlbəttə, savadlıdı!
Q o n ş u. Onda bəs o boyda şairi niyə tanımır? Bizim köhnə mələdə tumsatanlar da onu
tanıyır! (Yenə tualeti göstərir.) Bu niyə çıxmır e ordan?!
Qız burnunu çəkib ağlamsınır.
A r v a d. Sənə nə oldu?
Q ı z. Suzik deyir ki...
A r v a d. Nə deyir?
Q ı z. Deyir ki...
A r v a d. Hə?
Q ı z. Suzik deyir ki... Qvatemalada bu xəstəlikdən hamı ölür... (Daha da bərkdən zırıldayır.)
A r v a d. Harada?
Q ı z. Qvatemalada...
Q o n ş u. O da Rusiyadadı?
P a r t i y a l i d e r i (yavaşdan). Gör mən kimlərin əhatəsindəyəm! Bu cür adamlarla
respublikanı ağ günə çıxarmaq olar?
A r v a d (həyəcanlı). Ölürlər?
Q ı z. Hə... Suzik deyir...
A r v a d. Iraq olsun! Ona denən ağzını xeyirliyə açsın!
O ğ u l (başını kitabın üstündən qaldıraraq). Burjua ölkələrində zəhmətkeşləri istismar edirlər,
ona görə də elə olur!
P a r t i y a l i d e r i (əlini yelləyir, yəni ki, ay-hay...). Bu Professor harda qaldı e?
Q o n ş u. Yəqin Falçı Ağabacının teloxranitellərini gözləyirlər. (Yenə tualetin qapısını
göstərir.) Bəs bu burda neyləyir e bu qədər?
P a r t i y a l i d e r i. Görəsən şarlatan deyil ki?
Q o n ş u. Falçı Ağabacı?
P a r t i y a l i d e r i. Hə.
Q o n ş u. Siz nə danışırsız? SSRI-nin dağılmağını birinci o dedi də! Bütün qəzetlər yazır ki,
bunu!
P a r t i y a l i d e r i. Xeyr! Bu proqnozu birinci bizim partiya vermişdi!
X a n ı m. Bunu danmaq olmaz ki!
D o s t. Əvət!
Q o n ş u. Sovet vaxtı bəyəm sizin partiya var idi?
P a r t i y a l i d e r i. Biz... biz o zaman gizli fəaliyyət göstərirdik!
O ğ u l (başını kitabdan qaldırır). SSRI yenə bərpa olunacaq!
Kişi tualetin qapısını açıb səhnəyə daxil olur. Bir-bir diqqətlə bu adamlara baxır.
Q o n ş u. Deyəsən, bizi tanımır...
Pauza.
K i ş i. Tüfəng hanı?
A r v a d. Nə tüfəng?
K i ş i. Deməmişdim mənə tüfəng verin?
A r v a d (guya, yadına salır). Hə... Darıxma, gətirəcəklər...
X a n ı m (yavaşdan). Tüfəngi neyləyir?
A r v a d (yavaşdan). Milçəkləri vurmaq istəyir...
D o s t. Maləsəf!..
K i ş i. On... on... (Oğlunun əlindəki «Kapital»a tərəf boylanır.) Yox... Doqquz... Doqquzunu
vurmalıyam!..
A r v a d. Allaha pənah! Professor deyir ki, Falçı Ağabacı sağaldacaq...
Qapının zəngi çalınır.
(Təlaş içində) Gəldilər! (Qapını açmaq üçün səhnədən çıxır.)
Pauza.
Hamı həyəcan və intizar içində Falçı Ağabacını gözləyir. Professor və Arvad səhnəyə daxil olurlar. Arvad tələsik
Professorun parketdəki ayaq izlərini silir.
P r o f e s s o r (həyəcanla otaqdakılara baxır). Ya Allah! Gəlir! Hazırlaşın! Qapıları açıq
qoyun! Indi öz maşınında cangüdənləri ilə gələcək!
Pauza.
Hamı həyəcan içindədi. Partiya lideri Professorun qoluna girərək onu səhnənin kənarına çəkir. Xanım da o saat
onların yanına gedir.
P a r t i y a l i d e r i. Professor, mənim sizə təklifim var.
P r o f e s s o r. Xeyirli olsun!.. Nə təklifdi?
P a r t i y a l i d e r i. Mən çox götür-qoy etdim... Bilirsiz, bizim partiyaya gəlmək istəyənlər
həddən artıq çoxdu... Ancaq mən öz siyasi mübarizəmdə...
X a n ı m. Biz öz siyasi mübarizəmizdə!..
P a r t i y a l i d e r i. Bəli, biz siyasi mübarizəmizdə yalnız əqidə adamlarına arxalana bilərik!
Bəli, çox götür-qoy etdim... etdik və bu qərara gəldik ki, sizə təklif edək: bizim partiyanın üzvü
olun! Biz sizi öz partiyamıza qəbul etməyə hazırıq!
X a n ı m. Siz bizim ideoloji katibimiz olarsız!
P r o f e s s o r. Partiya?
P a r t i y a l i d e r i. Bəli! Ali Həqiqət Partiyası!
P r o f e s s o r (dərindən nəfəs alaraq). Yenə partiya? Yenə acqarına partiya iclasları?!.
P a r t i y a l i d e r i (tələsik). Biz Rəyasət Heyətinin qərarını çıxarıb sizi partiya iclaslarından
azad edərik!
P r o f e s s o r. Yox! Mən daha ateist ola bilmərəm!
P a r t i y a l i d e r i. Siz ateist olmayın! Əksinə! Biz də ateist deyilik!
P r o f e s s o r. Ateist deyilsiz?
X a n ı m. Nə danışırsız? Qətiyyən!
P a r t i y a l i d e r i. Bəli! Biz ateist deyilik!
P r o f e s s o r (sidq-ürəkdən təəccüb edərək). Onda day bu nə partiya oldu?
Maşın səsi gəlir.
(Tələsik səhnənin ortasına gedərək dəhlizə tərəf boylanıb, bərkdən) Gəldi! Hazır olun!
(Dəhlizə tərəf) Buyurun, buyurun, möhtərəm Ağabacı! (Otaqdakılara) Sıraya düzülün!
Pauza.
Səhnədəkilər eyni həyəcan və intizar içindədlər. Iki nəfər cangüdən səhnəyə daxil olub diqqətlə ora-bura baxırlar.
Cangüdənlərdən biri çox yekəpər, bədheybət bir adamdı və o Xanımın qarşısında ayaq saxlayıb kiçik çantasına
işarə edir.
Cangüdən. Bunun içində nə var?
X a n ı m. Partiya sənədləri...
Cangüdən. Açın, baxım!
P a r t i y a l i d e r i. Xeyr! Mən protest eləyirəm!
Q o n ş u (yavaşdan). Alə, birdən düşər-düşməzi olar e? Mənə deyən lazımdı ki, ay axmaq
oğlu axmaq, sənin burda nə işin vardı?!
P r o f e s s o r (təntənə ilə). Möhtərəm Ağabacı!
Ekstrasens Falçı Ağabacı sürətlə səhnəyə daxil olur və öz orijinal (bu qalır quruluşçu rejissor ilə rəssamın
fantaziyasına!) xarici görkəmi ilə yarımdairəvi şəkildə sıraya düzülmüş və səbrsizliklə onu gözləyən bu həyəcanlı
bəndələri açıq-aşkar şok vəziyyətinə salır. Falçı Ağabacı səhnənin ortasında dayanıb onları bir-bir diqqətlə
nəzərdən keçirir.
A r v a d (özünü ələ almağa çalışaraq). Xoş gəlmisiz!.. Xəstə...
F a l ç ı A ğ a b a c ı (onun sözünü kəsir). Yox!.. Siz dayanın!.. Xəstəni mən özüm tapacağam!
P r o f e s s o r. Allah qoysa, özü tapacaq!
F a l ç ı A ğ a b a c ı (yavaş-yavaş gəlib Dostun qarşısında dayanaraq, bərkdən). Ah-h-ha!..
D o s t (şaşırmış). Xeyr! Xeyr! Mən deyiləm!
F a l ç ı A ğ a b a c ı (sakit və çoxmənalı). Bilirəm...
P r o f e s s o r. Özü yaxşı bilir!
D o s t. Mən kəndimi iyi hiss edirəm!
F a l ç ı A ğ a b a c ı (onun üstünə çımxırır). Nə?
D o s t. Deyirəm mənim heç bir şikayətim yoxdu!
F a l ç ı A ğ a b a c ı (barmaqlarını geniş açıb əlini Dostun sifətinin qabağında gəzdirərək,
ətrafdakılara). Bunun böyrəkləri stroydan çıxıb!
D o s t (qorxmuş). Nasıl?
F a l ç ı A ğ a b a c ı (gəlib Qonşunun qarşısında dayanaraq, bərkdən). Ah-h-ha!..
Q o n ş u (tələsik). Yox, mən deyiləm!
F a l ç ı A ğ a b a c ı (eyni sakitliklə). Bilirəm!..
P r o f e s s o r. Əşşi, özü bilir də!
F a l ç ı A ğ a b a c ı (Qonşuya işarə edərək, ətrafdakılara). Bunun qara ciyəri otkaz
eləyəcək!..
Q o n ş u (gözləri bərəlmiş). Nə?
F a l ç ı A ğ a b a c ı (mənalı-mənalı). Az qalıb!..
Q o n ş u. Axı, mən arağı tərgitmişəm?!
F a l ç ı A ğ a b a c ı (onun sözlərinin fərqinə varmadan gəlib Kişinin qarşısında dayanaraq,
bərkdən). Ah-h-ha!
Pauza.
K i ş i (qəflətən Falçı Ağabacıya, daha da bərkdən). Ah-h-ha!
F a l ç ı A ğ a b a c ı (səksənir və elə bil ki, bir balaca da özünü itirir). Alə... Alə bunun başı
xarabdı ki!..
P r o f e s s o r (fəxarətlə). Əhsən! Əhsən! Gördüz necə tapdı?! Gördüz?!
Q ı z (həyəcan içində). Suzikə deyəcəyəm!.. (Falçı Ağabacıya yaxınlaşıb diqqət və heyranlıqla
ona baxır.)
F a l ç ı A ğ a b a c ı (barmaqlarını geniş açıb, Qızın sifətinin qabağında gəzdirərək). Hə?
Q ı z. Nə?
F a l ç ı A ğ a b a c ı. Görüşüb skameykada oturursuz də?
Q ı z. Suziki deyirsiz?
F a l ç ı A ğ a b a c ı. Bulvarda?
Q ı z (vəcdlə). Vay!..
F a l ç ı A ğ a b a c ı (bərkdən). Bu bir oğlanla oturub-durur... (Qıza) O oğlan arvadını
boşayandan sonra, səni alacaq!
Q ı z. Necə?
F a l ç ı A ğ a b a c ı. Hə!.. Darıxma, sonra alacaq səni!..
Q ı z (qışqırır). Suzikin arvadı yoxdu!
F a l ç ı A ğ a b a c ı (əsəbi). Mən bilirəm, sən bilirsən?
P r o f e s s o r. Olmadı də bu! Sən bilirsən, yoxsa möhtərəm Ağabacı bilir?!
Qız bərkdən zırıldayaraq ağlamağa başlayır.
Q o n ş u (əli ilə qara ciyərini tutub). Yəni deyirsiz lap az qalıb?
K i ş i (birdən xoruz kimi banlayır). Kuk-kuri-ku!..
A r v a d. Oy!.. Bağışlayın!..
F a l ç ı A ğ a b a c ı. Eybi yox! (Gülə-gülə) Ürəyi toyuq istəyir də!..
Professor bərkdən gülür.
D o s t (bayaqdan bəri əli ilə belini ovuşdura-ovuşdura Falçı Ağabacıya). Ikisi də stroydan
çıxıb?
F a l ç ı A ğ a b a c ı. Ikisi də! O biri şeylər də stroydan çıxacaq!
D o s t (dəhşət içində). Nə?
F a l ç ı A ğ a b a c ı. Gələrsən, starşi referentimə tapşıraram, səni növbədən kənar buraxar
yanıma!
P r o f e s s o r (hərarətlə Dostun əlini sıxır). Təbrik edirəm sizi!
Q o n ş u (qarnının üstündən ciyərini ovxalaya-ovxalaya). Bəs mən?
F a l ç ı A ğ a b a c ı (onun sözlərini qulaqardına vuraraq, Professoru göstərir). Mənim bu
məllimə hörmətim var!
P r o f e s s o r (böyük məmnunluqla). Çox sağ olun, möhtərəm Ağabacı!
F a l ç ı A ğ a b a c ı. Onun sözüylə özüm durub bura gəlmişəm!
P r o f e s s o r. Allah sizdən razı olsun!
F a l ç ı A ğ a b a c ı. Dinin tarixini yaxşı bilir!
P a r t i y a l i d e r i (kənara). Dinin yox, dinsizliyin!
F a l ç ı A ğ a b a c ı. Hə-ə-ə!.. (Qollarını yuxarı qaldırıb, gözlərini yumur və bir müddət, elə
bil ki, qolları, bədəni uçunur.)
P r o f e s s o r. Ya Allah! (Barmağını dodağına aparıb ətrafdakılara). Sus-s-s!..
Pauza.
F a l ç ı A ğ a b a c ı (gözlərini açıb əllərini Kişinin sifətinin qarşısında gəzdirir). Səni hələ
çox incidəcək!... (Dərindən nəfəs alır.) Ancaq yaşayacaq!
Q o n ş u. Bəs mən?
F a l ç ı A ğ a b a c ı (açıq əllərini Kişinin ətrafında gəzdirə-gəzdirə müayinəsini və
müalicəsini davam etdirir). Bir dəfə özünü damdan atmaq istəyəcək... Gecə saat birə on yeddi
dəqiqə qalmış... Ancaq xəbər mənə çatacaq, qoymayacağam! Biodalğalarımı göndərəcəyəm bura,
saxlayacaq bunu!..
P r o f e s s o r. Çox sağ olun! Bu divanənin keçmiş müəllimi kimi, sizə dərin təşəkkürümü
bildirirəm, möhtərəm Ağabacı!
F a l ç ı A ğ a b a c ı (öz işiylə məşğuldu). Bir dəfə metroda özünü vaqonun altına atmaq
istəyəcək...
A r v a d. Vay!..
F a l ç ı A ğ a b a c ı. Ancaq mən qoymayacağam! Xəbər gələcək mənə! Biodalğalarımı
göndərəcəyəm, vaqon dayanacaq!.. (Gözlərini yumur.) O-o-o!.. Bax, bundan qorxurdum!.. Bundan!..
(Gözlərini açır.) 2007-ci il noyabrın 8-də bunun ölmək təhlükəsi var!.. Bunu mənə əvvəlcədən
demək lazımdı!.. Noyabrın 7-də mənim yadıma salın, görüm neyləyirəm?..
A r v a d (Oğula). Bir yerə yazıb qeyd elə! O vaxt birdən yadımızdan çıxar...
O ğ u l. Çıxmaz! Böyük Oktyabr Sosiyalist Inqilabının 90 illiyidir!
F a l ç ı A ğ a b a c ı (müalicəni davam etdirir). Buna enerji vermək lazımdı...
Q o n ş u (ciyərini ovuşdura-ovuşdura). Bəs mənə?
Q ı z (ağlaya-ağlaya). Suzikin arvadı yoxdu!..
F a l ç ı A ğ a b a c ı (öz işi ilə məşğuldu). Buna ağ enerji vermək lazımdı, qarası özündə
çoxdu! (Qəfil bir diqqətlə yanında dayanmış Xanımla Partiya liderinə baxır və Xanıma işarə ilə)
Bunun fikri-zikri başqa yerlərdədi!..
P a r t i y a l i d e r i (şaşırmış). Nə?
F a l ç ı A ğ a b a c ı (ətrafdakılara). Arvadıdı e!..
P r o f e s s o r. Ilahi, gör necə tapdı?! Mən bu mənfur dünyada bu qədər yaşamışam, ancaq
belə möcüzə görməmişəm!
X a n ı m. Mənim başqa yerdə heç bir fikrim yoxdu!.. Mən həyat yoldaşımla birlikdə siyasi
mübarizə aparıram!
P a r t i y a l i d e r i. Bəli! Biz siyasət adamlarıyıq!
F a l ç ı A ğ a b a c ı (qəflətən əlini partiya liderinin sifətinin qarşısında tutaraq). Vay-vayvay!..
Bu bədbəxtin işi lap xarabdı ki!
P a r t i y a l i d e r i. Mənim?
F a l ç ı A ğ a b a c ı. Podjeludoçnı jeleza!.. Vay-vay-vay!..
P a r t i y a l i d e r i. Hə? (Iki əliylə də qarnını tutur.)
F a l ç ı A ğ a b a c ı (Xanıma). Sənin fikrin bu bədbəxt oğlu bədbəxtin yanında olsun, başqa
yerlərdə dolanmasın!..
X a n ı m. Mən... Siz... Biz...
D o s t (böyrünü ovuşdura-ovuşdura). Əcəba...
Q ı z (ağlaya-ağlaya). Yoxdu!.. Yoxdu Suzikin arvadı!..
F a l ç ı A ğ a b a c ı. Sus-s-s!.. (Gözlərini yumub əllərini geniş açaraq yuxarı qaldırır.)
P r o f e s s o r. Səs salmayın! Səs salmayın! Enerji yığır!
Falçı Ağabacı gözüyumulu səhnənin ortasında uçuna-uçuna enerji yığır və birdən gözlərini açıb yığdığı enerjini
əlləri ilə Kişiyə tərəf ötürməyə başlayır.
K i ş i (banlayır). Kuk-kuri-ku!..
F a l ç ı A ğ a b a c ı. Qara enerji çıxır bədənindən!
P r o f e s s o r. Pərvərdigara! Qüdrətə bir bax!
K i ş i (daha da bərkdən). Kuk-kuri-ku!..
F a l ç ı A ğ a b a c ı (təntənə ilə). Görürsüz necə çıxır? Ağ çıxarır qaranı!
Q o n ş u (əli ilə qara ciyərini ovuşdurur). Bəs mən?
A r v a d (Oğula). Bir gün əvvəl ona xəbər vermək gərək yadından çıxmasın ha!
O ğ u l. Çıxmaz. Ancaq... mən gərək... bu mühüm məsələdi... əvvəlcə gərək Siyasi Büro ilə
məsləhətləşim!
Q o n ş u (beli sağ tərəfə əyilib, əli ciyərinin üstündədi). Pah atonnan! Alə, Politbüro durur
hələ?
O ğ u l. Əlbəttə!
K i ş i (bərkdən). Kuk-kuri-ku-u-u!..
F a l ç ı A ğ a b a c ı. Əla! Buna ölüm yoxdu!
Q o n ş u (əli ciyərində). Ona nə var ki!
P r o f e s s o r. Allah vergisidi də! Allah vergisi!
P a r t i y a l i d e r i (iki əlilə də qarnının aşağısını tutaraq Professora). Bu bir dəfə qəbula nə
qədər alır?
P r o f e s s o r. Möhtərəm Ağabacını soruşursuz?
P a r t i y a l i d e r i. Hə...
P r o f e s s o r. Iki yüz əlli dollar.
P a r t i y a l i d e r i. Iki yüz əlli?!
P r o f e s s o r. Bəli.
P a r t i y a l i d e r i (bu xəbərdən az qala ikiqat əyilir). Əşşi, partiyanın xəzinəsi dağıldı ki!..
K i ş i (daha da bərkdən). Kuk-kuri-ku-u-u!..
F a l ç ı A ğ a b a c ı (dərindən nəfəs alır). Allaha şükür!.. Düzəldi!..
P r o f e s s o r (əllərini göyə tutaraq). Ey ulu Tanrı! Sən özün möhtərəm Ağabacını bizim
başımızın üstündən əskik eləmə!
F a l ç ı A ğ a b a c ı. Ağ enerjini verdim buna!.. Ağlı yavaş-yavaş qayıdacaq başına!.. Ancaq
tez yox! Vaxt lazımdı!
Q o n ş u (beli eləcə sağ tərəfə əyilib). Bəs mənim ciyərim?
Q ı z (burnunu çəkə-çəkə). Yoxdu!.. Suzikin arvadı yoxdu!..
D o s t (iki əlilə də belini tutub, yavaşdan Oğula). Of-f-f!.. Böyrəklərim öldürür məni!.. Sizin...
sizin tualet (Qapını göstərir.) buradı?
O ğ u l. Hə. Ancaq təmirdən sonra anam atamdan başqa heç kimi tualetə buraxmır...
D o s t. Bəs hara gedirsiz?
O ğ u l. 26-lar bağına...
Pauza.
F a l ç ı A ğ a b a c ı (təntənə ilə). Qurtardı!
P r o f e s s o r. Allaha qurban olum!
F a l ç ı A ğ a b a c ı. Qaldı sonrası... (Oğula) 2008-ci ilin dekabrında mənim yadıma
salarsan...
O ğ u l. Xeyr! Böyük Oktyabr Sosialist Inqilabının 90 illiyi 2007-ci il noyabrın 7-də tamam
olur! Biz artıq 90 illiyi qeyd etmək üçün Siyasi Büroda qərar çıxarmışıq!
Pauza.
F a l ç ı A ğ a b a c ı. Bilirəm!
P r o f e s s o r. Özü bilir!
F a l ç ı A ğ a b a c ı. Malades! Sınayırdım səni!..
O ğ u l («Kapital»ı başının üstünə qaldıraraq). Biz, onsuz da, sınaqlardan çıxmışıq!
Pauza.
F a l ç ı A ğ a b a c ı. Istəyirəm axı, sənin qalstukuvu ilana çevirim!..
O ğ u l. Nə?
A r v a d. Allah, sən saxla!
F a l ç ı A ğ a b a c ı (əlini açıb qəflətən Oğulun gözlərinin qabağına tutur.) O-o-o!.. Yox!
Yox! O-o-o!..
A r v a d (həyəcanla). Nə olub?
F a l ç ı A ğ a b a c ı (ətrafdakılara.) O-o-o!... Bundan muğayat olun! Bu, Baş nazirin müavini
olacaq!
P r o f e s s o r (hərarətlə Oğulun əlini sıxır). Təbrik edirəm! Təbrik edirəm!
O ğ u l (sevinclə). Ana can!.. (Anası ilə qucaqlaşır.)
Q o n ş u (eləcə əyilmiş). Kommunistlər təzədən qayıdacaq?
F a l ç ı A ğ a b a c ı (saatına baxır). Vsyo! Mənim vaxtım bitdi! Yarım saatdan sonra
Monqolstanın prezidentinin arvadı mənə zəng eləyəcək! Orda məni Akademiyanın üzvü seçiblər!
P r o f e s s o r. Nə gözəl! Nə gözəl!
F a l ç ı A ğ a b a c ı. 2003-cü il sentyabrın 24-də Avstraliyanı sel basacaq!.. On bir il dörd ay
on yeddi gündən sonra Merkuridən bura müsbət enerji gələcək! Onda bütün sirlər üzə çıxacaq!
Məlum olacaq ki, Qorbaçovla Yelsin anadan ayrı, atadan bir qardaşdırlar! (Əlləri arxasında tuncdan
tökülmüş heykəl kimi dayanmış yekəpər və bədheybət cangüdəni göstərir.) Bu əvvəlcə qız idi! Onu
mən oğlan elədim!
Q o n ş u. Bəs mənim ciyərim?
F a l ç ı A ğ a b a c ı. Mən getdim!
A r v a d. Axı, mən sizə...
F a l ç ı A ğ a b a c ı. Yox! Mənə heç nə lazım deyil!
P r o f e s s o r (heyranlıqla). Alicənablığa bir bax, Ilahi!..
F a l ç ı A ğ a b a c ı. Sənin stolunun üstü niyə belə boşdu?
A r v a d. Mən... Vallah...
F a l ç ı A ğ a b a c ı. Yaxşı! Əcicə-Cəcicə Beynəlxalq Humanitar Yardım Cəmiyyətinə
tapşıracağam sizə humanitar yardım eləsinlər! (Əli ilə bayaqdan bəri eləcə dayanmış
cangüdənlərinə işarə edir və onların ardınca sürətlə səhnədən çıxır.)
Pauza.
Q ı z (zırıldayır). Suzikin arvadı yoxdu!
P a r t i y a l i d e r i (əli ilə qarnını tutaraq, Professora). Fikirləşirəm bəlkə bu Ağabacını
bizim partiyaya üzv qəbul edək?..
P r o f e s s o r. Bəs bayaq mənə təklif edirdiz...
P a r t i y a l i d e r i (qarnını göstərərək, yavaşdan.) Görmürsüz?
X a n ı m (ruh yüksəkliyi ilə). Ideoloji katib yeri...
P a r t i y a l i d e r i (onun sözünü kəsərək). Necə bilirsiz, Professor?
P r o f e s s o r. Bu məndən asılı deyil ki...
X a n ı m. Bəs kimdən asılıdır?
P r o f e s s o r (əllərini göyə qaldıraraq). Ondan!.. Möhtərəm Ağabacı ilə əlaqədar nə varsa,
ondan gəlir! Özünüz gördüz ki!..
D o s t (Professorun qolundan çəkərək, Partiya liderinə). Əfv edərsiz! Bir dəqiqə... Bir
dəqiqə... Pəki...
P r o f e s s o r. Nə olub?
D o s t. Bu saat... (Professoru səhnənin kənarına çəkərək yavaşdan) Sayın Professor... e-e-e...
bu... bu Ağabacının əri var?
P r o f e s s o r. Ağabacının əri?
D o s t. Hə də... Subaydı?
Q o n ş u. Axı, mən arağı tərgitmişdim!
K i ş i (bərkdən). Kuk-kuri-ku-u-u!.. Kuk-kuri-ku-u-u!..
İ ş ı q s ö n ü r.
ON ALTINCI ŞƏKİL
Bağça. Günorta. Q o n ş u, P a r t i y a l i d e r i, X a n ı m.
Partiya lideri bir əli ilə qarnını tutub, o biri əlilə Xanımın qoluna girib.
P a r t i y a l i d e r i. Mən zərbəni müxalif qüvvələrdən gözləyirdim, ancaq öz
orqanizmimdən aldım! Gərək elə eləyək ki, müxbirlər bundan xəbər tutmasın! (Birdən əli ilə sağ
böyrünü tutub gedən Qonşunu görür.) Ode, gedir!
X a n ı m. Kim?
P a r t i y a l i d e r i. O yaramaz! (Bərkdən) Dayanın!
Q o n ş u (dayanaraq yavaşdan). Bircə elə bunlar əskik idi!..
P a r t i y a l i d e r i (ona yaxınlaşaraq). Bəs nə oldu?
Q o n ş u. Nə nə oldu?
X a n ı m. Siz bizim partiyaya on milyon pul keçirtməliydiz!
Q o n ş u. Ay bacı, Falçı Ağabacı məndə pul qoyub? Gündə dörd dəfə onun yanına seansa
gedirəm!
İ ş ı q s ö n ü r.
ON YEDDİNCİ ŞƏKİL
Bağça. Günorta. D o s t, P r o f e s s o r.
Dost böyrəklərini tutub güclə addımlayır. Professor, həmişəki kimi, əlində portfel, səhnənin o biri başında harasa
gedir.
D o s t (onu görərək). Professor! Professor!
Professor ayaq saxlayır.
(Güc-bəla ilə ona yaxınlaşır.) Neçə gündü sizi axtarıram... Iyi günlər, Professor.
P r o f e s s o r. Əs-səlami-əleyküm!.. (Diqqətlə ona baxır.) Necəsiz, əzizim?
D o s t. Eh, professor, kəndimi çox fəna hiss edirəm...
P r o f e s s o r. Allah şəfa versin!.. (Getmək istəyir.)
D o s t. Bir dəqiqə, Professor!.. Bir dəqiqə!.. (Onun qolundan tutur.) Sizdən bir ricam var,
Professor... Gərək imtina etməyəsiniz... Türkün ən böyük dostu türkdür!.. Belə ağır məqamda siz
mənə gərək kömək edəsiniz!..
P r o f e s s o r. Nə etmək lazımdı?
D o s t. Mən istəyirəm ki... siz... siz mənim elçiliyimə gedəsiniz!
P r o f e s s o r. Elçiliyə?
D o s t. Bəli!
P r o f e s s o r. Kimə?
D o s t. Falçı Ağabacıya...
Pauza.
P r o f e s s o r (mütəəssir). Eh, əzizim!... Mən artıq srağa gün Falçı Ağabacının elçiliyinə
getmişdim!
D o s t. Getmişdiz?
P r o f e s s o r. Əl-əlbət!
D o s t. Kimin üçün?
P r o f e s s o r. Özüm üçün!
Pauza.
D o s t. Kəndiniz üçün?
P r o f e s s o r. Əl-əlbət!
D o s t. Bəs nə oldu?
P r o f e s s o r. Sən demə, əri var...
D o s t. Əri var?
P r o f e s s o r. Əl-əlbət!
D o s t. Axı, mən öyrənmişdim ki, təkdir?
P r o f e s s o r. Tək olmağına, təkdir.
D o s t. Bəs əri hardadı?
P r o f e s s o r. Dəlixanada!
İ ş ı q s ö n ü r.
ON SƏKKİZİNCİ ŞƏKİL
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z, P r o f e s s o r,
f ə h l ə l ə r.
Kişi mizin arxasında oturub, qarşısında bir qalaq kağız-kuğuz var və cani-dildən yaza-yaza sənət əsəri yaratmaqla
məşğuldu.
Otaqda təzə və gözəl bir televizor peyda olub və Arvad əlində əsgi, böyük bir fəxarət və həvəslə o televizoru silib
parıldatmaqla məşğuldu.
Iki nəfər fəhlə qutu daşıya-daşıya səhnənin bir küncündə üst-üstə yığırlar və hər dəfə də Arvad nigaran-nigaran
onların ayaqlarına baxır.
A r v a d. Çəkmələrinizi yaxşı silin!
Üçüncü fəhlə. Vallah, üç gündü sizin qapıda çəkməmi o qədər silmişəm ki, az qalır padoşu
qopsun!
A r v a d. Yenə banandı?
Dördüncü fəhlə. Bəli.
Maşın səsi gəlir, sonra oğlan əlində setka səhnəyə daxil olur.
O ğ u l (qürurla). Salam, anacan! Çörək almışam!
A r v a d. Mən bilirdim ki, sən bizim nəslin başının tacısan!
O ğ u l. Hələ görərsiz! Mən Baş nazirin müavini olanda, görərsiz ki, hələ sizə nələr edəcəyəm!
Atanı... (Kişiyə tərəf baxır.) Atanı... Vyetnama müalicəyə göndərəcəyəm!
A r v a d. Vyetnama?
O ğ u l. Hə!
A r v a d. Ora niyə?
O ğ u l. Çünki biz orda yenə qalib gələcəyik!
A r v a d. Nə yaxşı!.. (Kişiyə) Gözün aydın olsun! Bir yerdə Vyetnama gedəcəyik!
K i ş i (qarşısındakı kağızlardan birini qaldırıb oxuyur). Işvəsi canlar alan gözəl canan!..
A r v a d (əzilərək). A-a-a!.. Bəsdi! Uşaq var burda!
K i ş i (fərqinə varmadan). Gözəllər içində gözləri mərcan!..
Fəhlələr sonuncu qutunu da qutuların üstünə qoyub Arvada baxırlar.
Üçüncü fəhlə. Bugünkü də qurtardı!
A r v a d. Çox sağ olun!
Fəhlələr eləcə dayanıblar.
A r v a d. Sağ olun də!..
Fəhlələr eləcə dayanıblar. Arvad qutulara yaxınlaşıb birini açır və içindən üç-dörd dənə banan çıxardıb fəhlələrə
verir. Üçüncü fəhlə könülsüz-könülsüz bananı götürür, Dördüncü fəhlə götürmür.
Dördüncü fəhlə.Banan yeməkdən qarnım xarab olub!..
Ikisi də deyinə-deyinə səhnədən çıxır.
A r v a d (banan qutularını sayır). Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz... Sağ
olsunlar, vallah!.. Mən də bir işıqlı gün görərmişəm! Bizə də pay gətirərmişlər! Bizim də evimiz
beləcə göz oxşayarmış! Hər dəfə o maşınımızın səsini eşidəndə, elə bil, mənim üçün bülbüllər cəhcəh
vurur!.. Televizora bax e, vallah, televizor deyil, evlər yaraşığıdı!.. Elə bilirəm ki, bu da bizim
bir ailə üzvümüzdür! Gecələr onu yuxuda görürəm!.. Adam kimi danışır mənimlə!..
K i ş i (kağızdan oxuyur).
Işvəsi canlar alan gözəl canan,
Gözəllər içində gözləri mərcan,
Vəfada...
A r v a d (əzilərək). Bəsdi...
vK i ş i.
Vəfada, ilqarda məşhuri cahan,
Mənim məhəbbətim...
(Ayağa qalxır və Arvad elə bilir ki, Kişi ona tərəf gəlir, amma Kişi banan qutularının
qabağına gedir.)
Sevgilim banan!..
A r v a d (pərt). A-a-a...
O ğ u l. Ata can...
K i ş i (onu danışmağa qoymayaraq birnəfəsə).
Səni sevir Ağabacı,
Bizim professor Hacı,
Sənsə sevəcəksən,
Mən – eşq möhtacı!
Can banan,
Canan banan!
Bu, yeni «Banannamə» poemamın birinci hissəsidir! (Keçib yerində oturaraq, alovlu qələmini
yenidən işə salır.)
Q ı z (banan yeyə-yeyə səhnəyə daxil olur). Privet!.. Suzik deyir ki, banan vitamindi! Biz
Suziklə bulvarda oturub bir yerdə banan yeyirik!
Pauza.
Suzikin arvadı yoxdu!
A r v a d. Nə bilim, vallah?.. Deyirsən yəni (Banan qutularını göstərir.) hörmətli Ağabacı
boyda adam yalan deyir?
Q ı z. Hə, yalan deyir!
A r v a d (ürkmüş). Yavaş! Yavaş! (Yavaşdan) Eşidən olar... Niyə yalan deyir?
Q ı z. Çünki mənə paxıllıq edir!
A r v a d. Paxıllıq edir?
Q ı z. Əlbəttə!
A r v a d. Niyə?
Q ı z. Suzikə görə!
A r v a d. Suzikə görə?
Q ı z. Bəli!
A r v a d. Axı, o heç Suziki görməyib!
O ğ u l (kənara). Suziki kim görüb ki? Heç bilən var ki, adamdı, itdi, pişikdi?..
Q ı z. Nə olsun görməyib? Ekstrasensdi də! Fikrən təsəvvür edir!
A r v a d. Nə bilim, vallah...
O ğ u l. Bu materializmə ziddi!
Q ı z. Bəs, səni Baş nazirin müavini qoyanda materializmə zidd olmur?
O ğ u l. Xeyr! O siyasi proqnozdu!
Q ı z (qışqırır). Yox!.. Suzikin arvadı yoxdu!.. Ağabacı belə böhtan atdı, amma bananlar
Suzikin xoşuna gəldi, Ağabacının haqqında qəzetlərə intervü verdi! Özü də müxalifət qəzetlərinə!
(Əlindəki bananı hirslə yerə çırpır.) Görərsiz! Mən bir də banan yeməyəcəyəm! (Banan qutularını
göstərir.) Qoy qalıb burda hamısı xarab olsun! Indi gedib Suzikə də zəng eləyib deyəcəyəm! (Hirslə
səhnədən çıxır.)
Pauza.
K i ş i (kağızı qaldırıb oxuyur).
Sevgilim banan,
Bu dünyada
Ancaq sənsən
Mənə qalan!
Mənə qalan
Əziz banan!..
Qapının zəngi çalınır. Arvad qapıya getmək istəyir.
O ğ u l. Mən gedərəm, anacan!.. (Səhnədən çıxır.)
P r o f e s s o r (səhnə arxasından). Əs-salami-əleyküm!.. Ya Allah!.. (Əlində həmişəki
portfeli, Oğulla birlikdə səhnəyə daxil olur.) Ya Allah!.. Necədi mənim keçmiş tələbəm? Allah
qoysa, sağaldımı?
A r v a d. Yaxşıdı... Poema yazır!
P r o f e s s o r. Çox şükür! Çox şükür! Hamısı möhtərəm Ağabacının müsbət şüalarının
təsirindəndi!
K i ş i (pafos ilə). «Banannamə»!
P r o f e s s o r. Nə?
K i ş i. «Banannamə»!
A r v a d (gülür). Hə... Bananlardan yazır...
P r o f e s s o r (banan qutularına baxaraq). Bunların hamısı banandı?
A r v a d. Bəli!
P r o f e s s o r (udquna-udquna). Hamısı?
A r v a d. Hə!..
P r o f e s s o r (udquna-udquna). Bunların hamısını da Falçı Ağabacının sifarişiylə bura
gətiriblər?
A r v a d. Bəli!..
Pauza.
P r o f e s s o r (televizora baxır). Bu da deyəsən təzədi?
A r v a d. Bəli! Bunu hörmətli Ağabacının xahişi ilə Dubayın şahzadəsi bizə humanitar yardım
göndərib!
P r o f e s s o r. Ağabacının xahişi ilə?
A r v a d. Bəli!
P r o f e s s o r (bir az kənara addımlayaraq, yavaşdan). Bu köpək qızı Ağabacı hamıya
kömək eləyir, mənnən başqa! Mənə çatanda, qoroskop belə gəldi, qoroskop elə getdi!.. Dəli şeytan
deyir, təzədən qayıt ol ateist!
A r v a d. Bizim o Suzik hörmətli Ağabacının xeyriyyəçiliyi haqqında qəzetlərə intervü verib!
Özü də müxalifət qəzetlərinə! Indi bütün Bakı hörmətli Ağabacıdan danışır!
Pauza.
K i ş i (kağızı qaldırıb oxuyur):
Ey banan!
Qanmayan,
Qandırmayan
Insanlara
Yardım et!..
P r o f e s s o r (banan qutularına baxıb udquna-udquna Oğula yaxınlaşır). Baş nazirin
müavini olanda bizi yaddan çıxarma ha!..
O ğ u l. Yox... Mən bütün məzlum insanların dayağı olacağam!
P r o f e s s o r. Dörd ildi mənim kitabım mətbəədə yatıb qulır. Onun nəşrinə kömək edərsiz!
O ğ u l. Dinin əleyhinədi?
P r o f e s s o r. Xeyr, canım! Əstəğfürullah!..
O ğ u l. Onda kömək etməyəcəyəm!
Pauza.
P r o f e s s o r (onun qoluna girib kənara çəkir). Əvvəlkilər dinin əleyhinədi! O vaxt baxarıq...
Bəlkə onları çap eləmək lazım oldu?..
Q ı z (böyük bir sevinclə səhnəyə daxil olur). Suzikin arvadı yoxdu! Bunu sübut etmək üçün
sabah axşam bizə elçi göndərir!
Pauza.
Bəli! Artıq biz rəsmi nişanlanırıq! Oy, mama!.. (Anasını qucaqlayır.)
A r v a d. Vallah, bütün bu işlərə adamın heç inanmağı gəlmir! Qorxuram ki, bizə göz dəyə!
Q ı z (qardaşına). Suzik deyir ki, sonra da bir qız tapıb səni nişanlayarıq!
O ğ u l. Mən gərək Siyasi Büro ilə məsləhətləşim!
P r o f e s s o r (tələsik qutuların qabağına qaçıb, birini açır və portfelinə banan doldurur).
Onda bu da mənim şirinliyim! Bu da mənim şirinliyim!...
İ ş ı q s ö n ü r.
ON DOQQUZUNCU ŞƏKİL
Kişinin evi. Gecənin yarısı. K i ş i, A r v a d, O ğ u l, Q ı z.
Səhnə yenə tamam qaranlıqdır.
Kimsə əl fənərinin zəif işığında ehtiyatla var-gəl edir, nəyisə götürür, nəyisə harasa qoyur və nəhayət, həmişəki
kimi, arxası tamaşaçılara tərəf kresloda əyləşib əl fənərinin elə o zəif işığındaca qəzet oxumağa başlayır.
Gözlənilmədən səhnədə işıq yanır.
A r v a d (gecə köynəyində, əli hələ də işıqyandırandadı, təəccüblə). Bu nə hənirtidi belə?
Pauza.
Kimdi?
Ürkək addımlarla kresloya yaxınlaşır və yalnız bu zaman biz o «kimsə»nin Kişi olduğunu görürük.
Sənsən?
K i ş i (ayağa qalxaraq şaşırmış). Hə...
A r v a d (heyrət içində). Qəzet oxuyursan?
K i ş i. Hə...
Pauza.
A r v a d. Aman Allah!.. Sən dəli deyilsən?
K i ş i. Yox...
A r v a d. Sən yalandan özünü dəliliyə vurmuşdun?
K i ş i (sevincək). Hə...
A r v a d. Vay!..
K i ş i. Sən narahat olma! Daha bitdi! Qurtardı! Bu da bir oyun idi... Əvvəlcə zarafatla
başladım, sonra da belə oldu... Eybi yox!.. Sabah yenə ağıllı olacağam! Sabah hamıya elan
edəcəyəm ki, daha ağlım gəlib başıma!
A r v a d. Sabah?
K i ş i. Hə, sabah! Bağışla məni! Sən Allah, bağışla məni! Bu da bir iş idi... Keç günahımdan!..
A r v a d. Sabah?
K i ş i. Hə! Sabah!
Pauza.
A r v a d. Hamıya deyəcəksən ki, daha dəli deyilsən?
K i ş i. Hə! Ancaq sən məni bağışla! Sən Allah, bağışla məni! Uşaqlıq eləmişəm! Bundan
sonra əlimdən nə gəlir, edəcəyəm ki, bir də heç vaxt bu cür əzablar çəkməyəsən! Bu günlərdə sənə
çox əzablar verdim! Bağışla məni! Mən görürdüm ki, sən necə sarsılmısan! Görürdüm ki, mənim
dəliliyim sənə necə pis təsir edir! Gecələr oturub səninlə cavanlıq çağlarımızı xatırlayırdım...
Günahkaram, çox günahkaram!.. Eybi yox, biz hər şeyi təzədən başlayarıq! Düzdü, həyat çətindi,
dünya dəyişib, insanlar əzab-əziyyət içindədi... Ancaq eybi yox! Bundan sonra mən həmişə sənin
qulluğunda duracağam! Sabah hər şey yenə əvvəlkilər kimi olacaq!
A r v a d. Sabah?..
K i ş i. Bəli!
A r v a d. Əvvəlkilər kimi?..
K i ş i. Bəli!
Pauza.
A r v a d (sarsılmış). Yox! Yalvarıram sənə! Heç kimə heç nə demə!
K i ş i. Heç nə deməyim?
A r v a d. Yox! Demə! Qoy hamı elə bilsin ki, dəlisən! Sən elə yaxşı... elə yaxşı dəlisən!
Mənim əzizim! Elə bil ki, mən təzədən sənə vurulmuşam!
K i ş i. Təzədən mənə vurulmusan?
A r v a d. Hə! Mənim əzizim! Mənim sevgilim! Mənim dəli ərim!
Pauza.
K i ş i. Axı, mən yorulmuşam! Mən daha dəli ola bilmirəm!
A r v a d. Ol! Mənim əzizim!..
K i ş i (əlini sinəsinə vura-vura yavaşdan öz-özünü sakitləşdirir). Sakit ol!.. Əsəbiləşmə!..
A r v a d. Biz gecələr hamı yatandan sonra, səninlə oturub söhbət edərik, dərdləşərik!..
K i ş i (öz-özünə). Sakit ol... Sakit ol...
A r v a d. Mənim sevgilim!
K i ş i (eləcə yavaşdan). Sakit ol!.. Əsəbiləşmə!..
A r v a d. Demə! Heç kimə demə! Mənim dəlim!
Pauza.
Yalvarıram sənə...
K i ş i (qışqırır). Yox! Mən daha dəli olmaq istəmirəm! Mən normal adam olmaq istəyirəm!
Oğul trusik-maykada hövlnak səhnəyə daxil olur.
O ğ u l. Nə olub? Bu nə səs-küydü?
Pauza.
A r v a d. Heç... Ata... Ata elə bilir ki... elə bilir ki, qoyun olub!
Oğul diqqətlə Kişiyə baxır. Arvad da yazıq-yazıq Kişiyə baxır.
Pauza.
K i ş i (qoyun kimi mələyir). Mə-ə-ə!.. Mə-ə-ə!.. Mə-ə-ə!..
Q ı z (əynində pijama, gözlərini ovuşdura-ovuşdura səhnəyə daxil olur). Nə olub?
O ğ u l. Papa elə bilir ki, qoyundu...
Q ı z. Yəqin ürəyi qoyun əti istəyir.
K i ş i. Mə-ə-ə!.. Mə-ə-ə!..
O ğ u l. Narahat olma, anacan, səhər tezdən gedib alaram!
A r v a d. Çox sağ ol, bala! Çox sağ ol!
Q ı z. Bir az çox al, mama Suzikin elçiləriyçün də xörək bişirsin! Təkcə banan olmasın!
K i ş i (daha da bərkdən). Mə-ə-ə!.. Mə-ə-ə!.. Mə-ə-ə!..
İ ş ı q s ö n ü r.
31 mart 1998.
|