Q ı z. Vay, mama!..
K i ş i (Oğula yaxınlaşır). Yeddisini... («Kapital»ın səhifəsinə boylanır.) Yox... Doqquzunu
öldürdüm! (Arvada yaxınlaşır.) Ev deyil bura, heyvanxanadı!.. Hörümçəklərin hər biri begemot
boyda!
A r v a d. Içmisən? Bunnan çıxmayan iş, səhər-səhər piyan olub? Aç ağzını! Iyləyəcəyəm! Aç!
K i ş i (ağzını açıb nəfəsini verir). Hu!.. Hu!..
A r v a d. Yox, balam, iy gəlmir...
Qız(uzaqdan). Bəlkə saqqız çeynəyib ki, iyi getsin? Suzik deyir ki, indi elə eləyirlər!..
A r v a d. Çeynəmisən?
K i ş i. Yox.
A r v a d. Bəs neyləmisən?
K i ş i. Otuz yeddisini birdən öldürmüşəm! Bax, bu boyda! (Qollarını geniş açıb göstərir.)
Q ı z. Vay, mama!..
A r v a d (qışqırır). O boyda milçək olar?
K i ş i. Hə! (Yavaşdan) Sonra da birinin belinə minib uçub getdim!
A r v a d. Milçəyin belinə mindin?
K i ş i. Hə!
O ğ u l (başını bayaqdan bəri oxuduğu kitabın üzərindən qaldıraraq). Aha! Bu məntiqə uyğun
gəlmir! Necə uçub getdin? Bəs deyirsən onları öldürdüm?
K i ş i (hiddətlə). Bu, yalançı məntiqdi, ay... tovariş! Siz yalançı məntiqlə yaşayırsınız! Bəli!
Əvvəlcə öldürdüm! Hər biri, bax, bu boyda! (Qollarını geniş açıb göstərir.) Sonra da birinin belinə
minib uçub getdim!
Q ı z. Vay, mama!..
A r v a d (dəhşət içində). Hara uçdun?
Pauza.
K i ş i. Qorbaçovun yanına! Perestroykaya baş vurdum!
Pauza.
(Səhnədə gəzişməyə başlayır və birdən Dostun qarşısında dayanır.) O-o-o!.. Əziz Lenin
yoldaş! (Onu qucaqlayır.) Vladimir Iliç! Mən bilirdim ki, biz görüşəcəyik!
Pauza.
D o s t (özünü itirmiş halda). Xeyr!.. Mən...
A r v a d (yalnız indi başa düşür ki, hansı bədbəxtliyə düçar olublar). Vaxsey!.. Kişi dəli
olub!..
Q ı z. Vay, mama!.. Bəs mən Suzikə nə deyəcəyəm?
K i ş i (ruh yüksəkliyi ilə). Sovet Sosialist Respublikaları Ittifaqına eşq olsun!.. Ura,
yoldaşlar!...
Pauza.
Ura, yoldaşlar!.. Yaşasın SSRI!.. Ura!..
A r v a d (ağlamsınaraq). SSRI daha yoxdu...
O ğ u l (tələsik). Müvəqqəti yoxdu!
K i ş i (Arvada). Nə? Sən nə cəsarətlə belə söz deyirsən?
A r v a d. Eh, ay əzizim, SSRI heç e, hayıf səndən!..
K i ş i (Qıza). Düz deyir?
Q ı z. Hə...
K i ş i. Bəs... Bəs o boyda SSRI-yə nə oldu?
Q ı z. Dağıldı...
O ğ u l (tələsik). Müvəqqəti dağıldı!
K i ş i (Qıza). Necə?
Q ı z. Hə, dağıldı...
K i ş i (qışqırır). Kim dağıtdı?
O ğ u l (cəld). Qorbaçov!
K i ş i. Bizim o Mixail Sergeyeviç?
O ğ u l. Bəli!
Pauza.
A r v a d. Ay başına dönüm...
K i ş i (onun sözünü kəsir). Yaxşı!.. Mən gedər oldum!.. Sağ olun!.. (Dosta yaxınlaşır.) Sağ
olun, Vladimir Iliç!..
D o s t. Yox... Mən...
K i ş i (danışmağa macal verməyib, onu qucaqlayır). Sağ olun!..
A r v a d. Sən hara gedirsən ki?
K i ş i. Qorbaçovu öldürməyə!
A r v a d. Nə?
O ğ u l. Yaxşı eləyir!
Q ı z. Vay, bəs Suzik? Onda Suzik necə olacaq?
K i ş i. Sağ olun! (Tualetin qapısını açıb səhnədən çıxır və qapını ardıyca bağlayır.)
D o s t. Tualetə girdi...
A r v a d. Həkim!.. Tez həkim çağırmaq lazımdı! (Ağlayır.) Ey gidi dünya!.. Gör necə gözəl
insana qıydın!.. Gör necə adamı nə günə saldın!..
Q ı z (qışqırır). Papa, sən niyə dəli oldun? (Ağlayır.) Bəs Suzik buna nə deyəcək? Mənim
taleyim necə olacaq? (Daha da bərkdən ağlayır.) Suzik biləndə ki, sən dəli olmusan, onda... onda...
Vay!.. Suzik!.. Suzik!..
İ ş ı q s ö n ü r.
YEDDİNCİ ŞƏKİL
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z, Q o n ş u.
Kişi səhnədə təkdir. Ev paltarı geyib, başını sarıyıb, bir sözlə, ev xəstəsidir. Səhnənin ortasında kresloda oturub,
gözlərini yumub və şəhadət barmaqlarını bir-birinə tuş gətirərək öz-özüylə oynayır.
K i ş i. Tuş gəldi, gəlmədi? Gəldi, gəlmədi?
A r v a d (səhnəyə daxil olaraq). Nə soyuqdu? Otopleniye fərli yanmır, qazı elə verirlər,
verməsələr onnan yaxşıdı... A-a-a... (Pəncərəni göstərərək, kişiyə) Oranı niyə açmısan elə? Dur, dur,
pəncərənin o gözlüyünü ört, çöldə soyuqdu!
K i ş i (gözlərini açır). Onu bağlayım?
A r v a d (üşüyə-üşüyə). Bəli, əzizim, bəli, dur, bağla. Çöldə soyuqdu.
K i ş i (gah pəncərənin gözlüyünə, gah da Arvada baxır). Yəni mən durub o pəncərənin
gözlüyünü bağlasam, çöldə o saat isti olacaq?
Pauza.
A r v a d (ağlamsınır). Mənim günahımın adı nə idi, ay Allah? Niyə mən bu günə düşdüm?
Niyə onun ağlını başından aldın? Həkimin biri deyir ki, reaktivni psixozdan beynində iltihab var, o
biri deyir şizofreniya... Nə bilim... Axı, yaxşı adamıydı o!.. Bircə dənə toyuğun başını da kəsməyə
ürəyi gəlmirdi!..
K i ş i (toyuq kimi qaqqıldayır). Qaq-qaq-qaq!.. Qaq-qaq-qaq!..
A r v a d (iki əlini də başına vurur). Ay aman!..
Oğul əlində «Kapital» səhnəyə daxil olur.
Qalx, o pəncərəni bağla.
O ğ u l. E-e-e!.. Görmürsən, oxuyuram? (Kişiyə) Nə oldu?
K i ş i. Nə nə oldu?
O ğ u l. Dünən axşam axı, yenə dedin ki, gedirəm Qorbaçovu öldürməyə.
K i ş i. Hə, getdim!..
O ğ u l. Öldürdün?
K i ş i. Yox.
O ğ u l. Niyə?
K i ş i. O boyda oçered var idi ki!
O ğ u l. Oçered? Nə oçered?
K i ş i. Oçered də! O qədər adam gəlmişdi ki, Qorbaçovu öldürməyə, böyük bir növbə
qurulmuşdu. Mən nömrə aldım. 314-cü adamam!
Pauza.
O ğ u l (bir az fikirləşəndən sonra). Yox, məntiqi deyil! (Arvada baxır.)
A r v a d. Əlbəttə!.. (Ah çəkir.) Eh, nə məntiq!..
K i ş i (Arvadı yamsılayır). «Eh, nə məntiq!..» Hə? Bir dəfə, 25 yaşım olardı, az qalmışdı
dənizdə boğulum, onda sən mənim yanımdaydın?
A r v a d. Maşallah! Yadında gör nə yaxşı qalıb! Əlbəttə, sənin yanındaydım! Getsin o gün,
qayıtmasın!
K i ş i. Mən birinci dəfə infarkt olanda, sən mənim yanımdaydın də?
A r v a d. Bəs necə?!
K i ş i. Bir dəfə vannada sürüşdüm, ayağım sındı e, gipsə qoymuşdular, sən mənim
yanımdaydın?
A r v a d. Əlbəttə, sənin yanındaydım!
K i ş i. Mən ikinci dəfə infarkt olanda da sən mənim yanımdaydın də?
A r v a d. Bəs necə, əzizim, əlbəttə!
K i ş i. Deməli... deməli, sən mənim yanımda olanda boğuluram, infarkt oluram, ayağım sınır,
qarnım ağrıyır, dırnağım düşür! Bax, məntiq budu!
Arvad çaşıb qalıb. Qapının zəngi çalınır.
A r v a d (hələ də özünə gəlməyərək, Oğula). Get aç qapını.
O ğ u l (başını kitaba dikib). Mən oxuyuram.
A r v a d (dərindən köks ötürür). Eh!.. (Qapını açmaq üçün səhnədən çıxır.)
Q o n ş u (səhnə arxasından). Xoş gördük sizi! Kişi necədi?
A r v a d (səhnə arxasından). Eh, necə olacaq?..
O ğ u l (başını kitabın üstündən qaldırıb hiddətlənir). Burjuy! (Səhnədən çıxır.)
Q o n ş u (səhnəyə daxil olur). Bəs həkimlər nə deyir?
A r v a d (onun ardınca səhnəyə daxil olaraq yavaşdan). Nə bilim, vallah... Mən özüm də elə
başımı itirmişəm!.. Hərəsi bir söz deyir... Reaktiv psixoz... Şizofreniya... Beyin iltihabı...
(Ağlamsınır.) Bir dərddi, düşmüşük, qonşu qardaş!..
Q o n ş u (əlini beyninə tərəf oynadır). Yəni lap qorxuludu?
A r v a d. Yox, yox!.. Yaddaşı elə yaxşıdı!.. Amma... deyir getmişdim Qorbaçovun yanına...
Q o n ş u. Bəlkə doğrudan da gedib?
A r v a d. Nə danışırsız? Evdən bir addım da eşiyə çıxmayıb! Gəlin əyləşin! Bu saat gəlirəm.
(Səhnədən çıxır.)
Q o n ş u (Kişiyə yaxınlaşır). Salam!
Kişi başını tərpədib onun salamını alır.
Necəsən? Nə var, nə yox? Deyirlər səfərdə olmusan?
K i ş i. Hə. Vaxtım yox idi, qayıtdım.
Q o n ş u. Əlbəttə!
K i ş i. Burada işlərim çoxdu!
Q o n ş u. Bəs necə!
K i ş i. Bayaq Cəbrayıl mələyə də deyirdim!
Q o n ş u. Kimə?
K i ş i. Cəbrayıl mələyə.
Q o n ş u. O da bura gəlir?
K i ş i. Hə. Bayaq burdaydı, oturub çay içirdik.
Q o n ş u. Çay içirdiz də? (Gülür.)
K i ş i. Bəli.
Q o n ş u. Cəbrayıl mələklə? (Gülür.)
K i ş i. Hə.
Q o n ş u. Əla! Əla! (Gülür.)
K i ş i. Ona da deyirdim... Laçınovla görüşməliyəm!
Q o n ş u (gözləri bərəlmiş halda). Nə?
K i ş i. Mən ona o boyda bilərzik almışam! On beş min dollara!
Q o n ş u (ora-bura baxa-baxa həyəcanlı). Yavaş! Yavaş!
K i ş i. Yox! Bəsdi daha! (Ayağa qalxır.) Cəbrayıl mələyə söz vermişəm! Lap bərkdən
deyəcəyəm! O boyda bilərzik almışam ona! Heç olmasa bir dəfə bayramda zəng eləyib məni təbrik
də eləmir! Görər indi! Görər onun başına nə oyun açacağam! Hər şeyi var onun! Amma mənim heç
nəyim yoxdu! Allahın bir maşını da yoxumdu! Bayaq Cəbrayıl mələyi dalıma alıb cənnətə apardım!
Bir maşın nə olan şeydi, hə? Maşına qoyub aparardım də!..
Q o n ş u (tamam özünü itirmiş halda). Dayan bir!.. Qulaq as!..
K i ş i. Sən darıxma! Mən o Laçınovun anasını ağladım, sən də bax! Qaytarsın mənim on beş
min dollarımı! Qəzetə yazacağam!
Q o n ş u. Səs salma! Bir dəqiqə dayan!
K i ş i. Mitinq eləyəcəyəm! Gedib evlərinin qabağında mitinq eləyəcəyəm! Televiziyaya
gedəcəyəm!
Q o n ş u. Yavaş!..
K i ş i. Mən ona o qədər rüşvətlik mal almışam! Amma mənim bir dənə maşınım da yoxdu!
Q o n ş u. Qulaq as!..
K i ş i (qışqırır). Laçınov! Sənə ar olsun!
Q o n ş u. Yavaş!.. Bilirsən sənə neyləyər?!
K i ş i. Mənə?
Q o n ş u. Bəli! (O tərəf-bu tərəfə baxaraq yavaşdan.) Sən onu tanımırsan!.. O-o-o!..
Pauza.
K i ş i. Mənə heç nə edə bilməz!
Q o n ş u. Niyə?
K i ş i. Çünki mən dəliyəm! (Qışqırır.) Laçınov!
Q o n ş u. Alə, sənə eləyə bilməz, mənə eləyər də!..
K i ş i (qışqırır). Laçınov!
Q o n ş u. Onda məni... onda məni məhv eləmə!..
K i ş i (daha da qızışıb). Yox, məni dayandırmaq mümkün deyil! Mən həzrət Cəbrayıla söz
vermişəm! (Qışqırır.) Laçınov!.. Rüşvətxor!.. Mənim heç maşınım da yoxdu!..
Q o n ş u. Var!.. Var!..
K i ş i. Nə var?
Q o n ş u. Maşın var! Var maşın! Mən ölmüşəm bəyəm? Mən elə bu gün sənə maşın alacam!
K i ş i. Axı...
Q o n ş u. Dedim, qurtardı! Qonşu qonşuya hansı gündə gərəkdi?
Arvad məcməyidə çay, Oğul əlində «Kapital» və Qız səhnəyə
daxil olurlar.
A r v a d. Bu nə səs-küydü?
Q o n ş u. Heç...
K i ş i (səhnə boyu fırlanaraq, guya ki, maşın sürür). Ba-bap!.. Trrr!.. Vı-ı-ı-ı!..
A r v a d. Yenə neyləyirsən?
K i ş i (Arvada). Ba-bap!.. Çəkil yoldan!..
A r v a d. Nə?
Q ı z. Görmürsən, maşın sürür.
K i ş i. Ba-bap!.. Çəkilin yoldan!..
A r v a d (ağlamsınır). Ay yazıq!.. Sənin heç maşının var?
Q o n ş u. Var! Onun maşını var! Mən bu qərara gəldim ki, sizin bu çətin vaxtınızda,
xeyriyyəçi kimi, sizə bir maşın hədiyyə edim! Bir az işlənmiş olar, ancaq eybi yox!..
Pauza.
K i ş i. (səhnə boyu fırlanaraq guya ki, maşın sürür). Ba-bap!.. Vı-ı-ı-ı!..
O ğ u l. Necə? Bizim maşınımız olacaq? Mən maşın sürəcəyəm?
Q ı z. Suzik də sürəcək!
A r v a d. Çox sağ olun, ay qonşu! Siz qardaşdan da artıqsız!
Q o n ş u. Bir şey deyil!..
K i ş i (səhnə boyu). Ba-bap!.. Vı-ı-ı!..
O ğ u l (sevincindən bilmir ki, nə etsin və birdən yadına düşür). Anacan, bu saat pəncərəni
bağlayacam!
İ ş ı q s ö n ü r.
SƏKKİZİNCİ ŞƏKİL
Kişinin evi. Axşamüstü. K i ş i, A r v a d, O ğ u l, Q ı z, D o s t.
Arvad oturub nəsə toxuyur. Kişi güzgünün qabağındadı.
K i ş i (güzgüdə özünə baxa-baxa). Vay!.. Saqqal necə basıb məni?..
A r v a d (yavaş-yavaş artan bir həyəcanla). Ay, nə yaxşı!.. Deyəsən, özünə gəlirsən, hə?
K i ş i. Üzqırxanımı, sabun köpüyünü gətirin! Fırçamı gətirin!..
A r v a d (çağırır). Ay qız, tez elə! Üzqırxanı-zadı gətir bura!
Q ı z (səhnəyə daxil olur). Nə olub?
A r v a d. Papa üzünü qırxmaq istəyir! Tez elə! Nə lazımdı, gətir!
Q ı z (sevincək). Oy, papa, nə yaxşı! Suzikə deyəcəyəm! (Qaçıb səhnədən çıxır.)
K i ş i (diqqətlə güzgüyə baxa-baxa əlini üzünə sürtür). Gör nə qədərdi e!..
A r v a d (yavaşdan). Özünə fikir verməyə başlayıbsa, deməli, ayılır! Vallah, evə maşın
gələndən sonra, elə bil, hər şey düzəlməyə başlayıb!
K i ş i (qışqırır). Sabun!
A r v a d (qışqırır). Nə oldu?
Q ı z (səhnə arxasından). Bu saat! Qoy əvvəlcə Suzikə zəng eləyim!..
A r v a d. Nə Suzik? Tez üzqırxanı gətir!
K i ş i (qışqırır). Fırça!..
Q ı z (ləvazimatları gətirərək, incik). Suzik deyəcək ki, niyə əvvəlcə mənə demədin?
(Məcməyini atasına verir.) Al. (Arvada) Suzik bilirsən nə deyir? Deyir ki, mən, rıtsaram! Deyir ki,
əyər sənin papanın başı... e... papan xəstələnibsə, mən gərək səni daha artıq qoruyam!..
A r v a d. Sənin üzünü görməmişəm, ay Suzik, amma xoşbəxt olasan!
Q ı z. Mənnən bir yerdə!
A r v a d. Allah eləsin!
K i ş i (məcməyini güzgünün qabağına qoyur və fırçanı götürüb sabun bulaya-bulaya yenə
diqqətlə güzgüyə baxır). Ay-yay-yay!.. (Fırçanı güzgüyə aparıb güzgüdəki əksini sabunlamağa
başlayır.)
A r v a d. Sən nə edirsən?
Q ı z. Papa!..
K i ş i. Necə nə edirsən? Nə qışqırırsız? (Güzgünü göstərir.) Görmürsən nə qədər tük var?
(Üzqırxanla güzgüdəki əksini qırxmağa başlayır.)
A r v a d. Dayan! Dayan! Güzgünü də xarab eləmə!
Q ı z. Yaxşı ki, Suzikə demədim!
Arvad üzqırxanı Kişinin əlindən alır. Eşikdən maşın səsi gəlir,
sonra Oğul səhnəyə daxil olur.
O ğ u l (ruh yüksəkliyi ilə). Salam!..
Pauza.
(Gəlib anasının boynunu qucaqlayaraq) Balaca Volodya anasını çox sevirdi!..
Q ı z. Balaca Volodyaya da maşın vermişdilər?
A r v a d. Bəsdi!
Q ı z. Görmürsən? Suzikə vermir maşını sürməyə!..
Kişi yenə güzgünü qırxmaq istəyir.
A r v a d. Didişməyin!.. (Kişini göstərir.) Onsuz da dərdimiz az deyil!.. Görürsüz?!
O ğ u l. Yenə nə olub, anacan?
A r v a d. Üzünü qırxmaq əvəzinə, güzgünü qırxmaq istəyir...
O ğ u l. Bu saat! Bu saat mən özüm onun üzünü qırxacağam! (Kişiyə yaxınlaşıb üzqırxanı
onun əlindən alır.) Krupskaya deyirdi ki, övlad gərək valideynlərinə kömək etsin! (Cidd-cəhd ilə
Kişinin üzünü qırxmağa başlayır.)
Q ı z. Nə olsun? Suzik də olsaydı, qırxardı!
O ğ u l (atasının üzünü qırxa-qırxa, həvəslə). Maşından sonra, partiyada mənim mövqelərim
çox möhkəmlənib! Indi mənimlə hesablaşırlar!
K i ş i (qışqırır). Yaşasın kommunizm!
O ğ u l. Bəli, ata! Bir vaxt gələcək, xalqımız yenə nümayişə çıxacaq! O zaman mən tribunada
parad qəbul edəcəyəm!
A r v a d. Inşallah!
Qapının zəngi çalınır.
Q ı z (qapını açmağa gedə-gedə). Nə olsun? Suzik də böyük adam olacaq! (Səhnədən çıxır.)
K i ş i (güzgünü göstərərək üzqırxanı Oğulun əlindən almaq istəyir). Qoy bunu mən qırxım!
O ğ u l. Dayan, atacan!..
D o s t (səhnə arxasından). Iyi axşamlar!
Q ı z (səhnə arxasından). Salam...
D o s t (səhnəyə daxil olur). Iyi axşamlar!.. Əcəba nasıldır bizim arkadaşımız?
A r v a d (dərindən köks ötürür). Görək də...
K i ş i. O-o-o!.. (Qolu ilə Oğulu özündən kənarlaşdıraraq Dosta yaxınlaşır.) Yoldaş Lenin!
(Onu qucaqlayır.) Əziz Vladimir Iliç! Xoş gördük! Xoş gördük! (Qamarlayıb Dostu öpür.)
D o s t (onu özündən kənarlaşdırmağa çalışır). Yavaş!.. Yavaş, üst-başımı sabunladın!
K i ş i. Sabunun sənə xeyri var!
D o s t. Burax!
K i ş i. Ah, sənin saçın necə də tökülüb! Əziz Volodya!
D o s t. Burax!..
K i ş i. Proletariatın dahi rəhbəri! Mənim əziz dostum! (Onu yenə qucaqlamaq istəyir.)
D o s t. Yox!.. Yox!.. Sənə neçə dəfə demişəm ki, mən Lenin deyiləm! (Oğula) Kömək elə də!
O ğ u l. Nə olub? Pis adama oxşatmır ki, sizi! Nasionalist! (Hirslə səhnədən çıxır.)
K i ş i. Bəsdi, Vladimir Iliç! Bəsdi! Heç zarafatından qalmırsan a!.. (Arvada) Uşaqlıqda da
belə idi... Onda keçəl deyildi, əməlli-başlı saçı var idi!.. (Birdən kövrəlir.) Eh, Volodya!.. Hanı...
Hanı sənin o qıvrım saçların? Tökdün o saçları bizim gözəl həyatımız naminə! Əziz Ulyanov! Gəl!..
Gəl, səni bir də bağrıma basım!..
D o s t. Yox! Mən Lenin deyiləm! Şurasını birdəfəlik anla!
A r v a d. Fikir verməyin...
D o s t. Axı, bütün bədənimi sabunladı!..
K i ş i. Dedim ki, sabun sənin üçün vacibdi! Volodya!
D o s t. Yox!
K i ş i (ciddi). Daha bu olmadı, Vladimr Iliç! Indi nədən ehtiyat edirsiz? Daha gizli
fəaliyyətinizə, konsperasiyaya ehtiyac yoxdu! Biz indi sənin qurduğun ölkədə yaşayırıq!
A r v a d. Eh, getdi o ölkə!.. Ətin kilosu bir manat doxsan qəpik idi!
K i ş i. Xeyr! Sən bu sözlərə inanma, əziz Vladimir Iliç! Biz Stalini gorbagor elədik!
Xruşşovla qarğıdalı yığdıq və Amerikanı ötüb keçdik! Brejnevə, bax, bura qədər (Əli ilə qurşaqdan
aşağısını göstərir.) orden verdik! Sonra Qorbaçovla perestroyka elədik! Ah, Mişa!.. Mişa!.. O da
sənin kimi keçəldi!
D o s t (tamam bıkmış). Mən Lenin deyiləm!
A r v a d. Fikir verməyin...
K i ş i. Necə fikir verməyin? Necə mən Lenin deyiləm? Mən sənin Nadejda Konstantinovnaya
məhəbbətin haqqında poema yazıram! Krupskaya da səni sevirdi!
D o s t. Tamam, zavallı arkadaşım! Sən yorğunsan, get istirahət yap!
K i ş i. Nə istirahət, canım? Sizin kimi sevgililər haqqında poema yazarkən, mən gedib
istirahət edə bilərəm? Lenin bu otaqda, bax, burada dayanmışdı. (Göstərir.), Krupskaya da, bax,
burada dayanmışdı. (Göstərir.) Indiki kimi, gözlərimin qabağındadı!
A r v a d. Ay aman!..
K i ş i. Iyirmi ildən sonra yenidən görüşmüşdülər! Lenin deyirdi: «Gəlin biz yeni bir həyat
quraq!.. Biz öz məhəbbətimizin timsalında türk dünyasının ölməz ənənələrini yaşadaq!..» Krupskaya
da deyirdi: «Siz nə danışırsız? Mənim həyat yoldaşım var!..»
A r v a d. Gör gözünə nələr görünür e!..
K i ş i. Mən redaksiyalara gedib bu ülvi məhəbbət haqqında poemamı bütün ictimaiyyətə
bəyan edəcəyəm!
D o s t (həyəcanlı). Yox, lazım deyil!
K i ş i. Necə lazım deyil? Mən sizin məhəbbət dastanınızı yazmaya bilərəmmi? Bu əsərin adı
«Volodya və Nadya dastanı» olacaq! Qoy hamı Lenin ilə Krupskayanın, bax, buradakı bu ülvi
məhəbbətindən xəbər tutsun!
D o s t (həyəcanlı). Özünə başqa bir əyləncə tap!
K i ş i. Yox! Bu mümkün deyil!
A r v a d. Əşşi, qoyun yazsın, başı qarışsın də...
D o s t. Yox! Yox!
K i ş i. Əziz Lenin! Vladimir Iliç! Başa düşün, mən o poemanı yazmaya bilmərəm!
D o s t. Axı, nə üçün?
K i ş i. Çünki mən o poemaya görə qonorar alacağam! Sonra da o qonorarı verib (Əli ilə tavanı
göstərir.) evimizə lüstür alacam!
Pauza.
D o s t (tavana baxır). Sən... sən istirahət elə... O lüstürü mən alaram!
K i ş i. Mən büllur lüstür alacam!
D o s t. Əvət!.. Əvət!.. Mən məhəbbətə nankor ola bilmərəm!
A r v a d. Nə?
D o s t. Heç!.. Heç!..
K i ş i. Importnı!
D o s t. Əvət!.. Əvət!..
A r v a d. A-a-a!.. Siz nə əziyyət çəkirsiz?
D o s t. Biz dostuq! Xahiş edirəm bu hədiyyəni məndən qəbul edəsiniz!
A r v a d. Siz necə də dostunuzun qayğısına qalırsız! Onun istirahəti naminə belə bir hədiyyə
edirsiz!.. Çox sağ olun!..
D o s t. Bir şey deyil! Mən getdim lüstür almağa! (Səhnədən çıxır.)
Kişi yenə diqqətlə güzgüyə baxır.
A r v a d. Bizim də evimizdə lüstür yanarmış! (Kişiyə baxıb Oğulu çağırır.) Papanın üzü
sabunlu qaldı axı!
O ğ u l (əlində üzqırxan səhnəyə daxil olur). Getdi o nasionalist?
A r v a d. O nasionalist deyil, əsl dostdu! Gəl papanın üzünü qırx, qurtar!
Oğul Kişinin üzünü qırxmağa başlayır.
O getdi bizə billur lüstür alsın!
O ğ u l. Nə?
K i ş i (qışqırır). Kəsdin üzümü!.. Qan gəlir!..
A r v a d (qışqırır). Ay qız, tez yod gətir!
K i ş i. Millətin də başını belə qırxırsız?!
İ ş ı q s ö n ü r.
DOQQUZUNCU ŞƏKİL
Səhnə tamam qaranlıq içindədi.
Kimsə o qaranlıqda əl fənərinin zəif işığını döşəməyə, divarlara, ev əşyalarına sala-sala səhnədə var-gəl
eləyir, amma bunun kim olduğunu müəyyən etmək mümkün deyil.
Barmaqlarının ucunda ehtiyatla addımlayır. Dayanıb qulaq asır.
Xorultu səsi gəlir.
Yenə barmaqlarının ucunda ehtiyatla addımlayır. Dayanıb əliylə nəsə axtarır və deyəsən, axtardığını tapır.
Səhnənin ortasında arxası tamaşaçılara tərəf oturub yerini rahatlayır və fənərin işığında qəzet oxumağa
başlayır.
Onun arxası tamaşaçılara tərəf olduğu üçün sifəti görünmür.
İ ş ı q s ö n ü r.
ONUNCU ŞƏKİL
Kişinin evi. Günorta. K i ş i, A r v a d, Partiya l i d e ri, X a n ı m.
Kişi cidd-cəhdlə kağız-kuğuzdan nəsə düzəldir.
P a r t i y a l i d e r i. Hə, necəsən, əziz dost?
X a n ı m. Vallah, siyasi fəaliyyətimiz o qədərdi ki, güclə vaxt tapıb gəldik sizi yoluxmağa.
A r v a d. Çox sağ olun!..
P a r t i y a l i d e r i. Eybi yox, pis günün ömrü az olar. Nə var, nə yox?
K i ş i (kağız-kuğuzla məşğul ola-ola). Yaxşıyam!..
P a r t i y a l i d e r i. Görürəm... Yaxşı dəyirsən gözümə!..
X a n ı m. Elədi!..
K i ş i. Amma...
P a r t i y a l i d e r i. Nə amma?
K i ş i. Hər gecə yuxuda siçanları görürəm...
P a r t i y a l i d e r i. Siçanları?
K i ş i (əvvəlki kimi kağız-kuğuzla məşğul ola-ola). Hə...
P a r t i y a l i d e r i. Necə görürsən?
K i ş i. Görürəm ki, bizim evin siçanları ilə qonşunun siçanları komanda düzəldib bir-biriləri
ilə futbol oynayırlar...
A r v a d (köks ötürərək). Eh!.. Həkim belə hallar üçün dərman verib, indi içərsən, elə yuxular
görməzsən... (Qalxıb üstündə xeyli dərman yığılmış mizə yaxınlaşır və dərmanların arasından iki
həb seçib su ilə gətirir.) Al!.. Iç!..
K i ş i (başını kağız-kuğuzdan qaldırır). Olmaz sabah içim?
A r v a d. Niyə sabah?
K i ş i. Bu gecə final oynayacaqlar!
Pauza.
X a n ı m (söhbəti dəyişmək üçün, tavandan asılmış çilçırağı göstərir). Nə gözəl çilçırağınız
var!..
A r v a d. Hə...
P a r t i y a l i d e r i. Oğlunuz görükmür... Yenə «Kapital»ı oxuyur?
A r v a d. Vaxt tapanda oxuyur. Evin bütün işləri onun boynundadı! Maşallah! (Köksünü
ötürür.) Eh!.. Hər şey yaxşıdı... Elə bil həyat bizimçün təzədən başlayır... Bircə... (Kişini göstərir.)
Bircə bunun dərdi!..
K i ş i. Artıq iyirmi yeddi dəvətnamə hazırdı!
P a r t i y a l i d e r i. Neynirsən e bu dəvətnamələri?
K i ş i (təəccüblə). Necə neynirsən?
P a r t i y a l i d e r i. Hə də, neynirsən? (Gülümsəyir.) Səhərdən yazırsan, yapışdırırsan...
K i ş i. Toy eləyəcəyəm!
P a r t i y a l i d e r i. Toy?
K i ş i. Bəli!
Arvad dərindən köksünü ötürür.
P a r t i y a l i d e r i. Allah xeyir versin!.. Soruşmaq ayıb olmasın, kimin toyudu?
K i ş i. Mənim!
A r v a d. Nə?
P a r t i y a l i d e r i. Əziz dost, sənin arvadın, uşaqların...
A r v a d (ayağa qalxır). Of-f-f!.. Belə də dərd olar?..
X a n ı m (ayağa qalxır). Eybi yox... Keçər... Qoy kişilər özləri oturub söhbət etsinlər... Gedək
o biri otağa, biz də öz söhbətimizi eləyək. Mən də, heç olmasa, beş dəqiqə siyasi mübarizəmizdən
ayrılım!..
Xanımla Arvad səhnədən çıxırlar.
P a r t i y a l i d e r i. Hə, ürəyivə təzə arvad düşüb, ey zalım?!
K i ş i. Yox, mən arvad almıram!
P a r t i y a l i d e r i. Arvad almırsan?
K i ş i. Xeyr!
Pauza.
P a r t i y a l i d e r i. Kiçik toy eləyirsən?
K i ş i. Xeyr!
P a r t i y a l i d e r i. Bəs nə eləyirsən?
K i ş i. Mən partiya alıram!
P a r t i y a l i d e r i. Nə?
K i ş i. MMDKGAP!
P a r t i y a l i d e r i. Başa düşmədim...
K i ş i. Milliyyətçi Maarifçi Demokratik Konservator Gələcək Azərbaycan Partiyası! Mən iki
yüz əlli dəvətnamə düzəldib (Həzz ala-ala səhərdən bəri düzəltdiyi alabəzək dəvətnamələrdən birini
götürüb baxır.) hörmətli adamlara paylayacağam. Hamı elə biləcək ki, mənim toyumdu! Ancaq
qonaqlar gələndən sonra, mən bəyan eləyəcəyəm ki, qadınla yox, Milliyyətçi Maarifçi Demokratik
Konservator Gələcək Azərbaycan Partiyası ilə evlənirəm!
Pauza.
Bəli! Bizim bu sahədə təcrübəmiz var! Bəs sənin ad günündə partiya yaratmadıq? Bu, siyasət
aləmində yeni bir kəşfdir! Mən jurnalistləri də bura dəvət eləyəcəyəm! Sənin partiyanın təcrübəsini
onlara nümunə göstərəcəyəm! Qoy bu kəşfi dünyaya yaysınlar! Bütün qonaqları başa salacağam!
Onlar da məni Milliyyətçi Maarifçi Demokratik Konservator Gələcək Azərbaycan Partiyası ilə
evləndirəcəklər!
Pauza.
P a r t i y a l i d e r i (yavaş-yavaş artan bir həyəcanla). Bura bax, bu çox bekara bir fikirdi!
Bunu başından çıxart! Jurnalistlər bu saat sensasiya axtarır.
K i ş i. Çox gözəl! Niyə başımdan çıxarım? (Dəvətnaməni ona göstərir.) Görmürsən necə
gözəldi?
P a r t i y a l i d e r i. Mən sənə gözəl şəkilli kitablar alaram, oturub baxarsan...
K i ş i. Yox! Mən MMDKGAP-la evlənirəm!
P a r t i y a l i d e r i. Bura bax, yoxsa bizim partiyanın rəqibləri gəlib səni başdan çıxarıblar,
hə? Düzünü de?
K i ş i. Xeyr! (Hirslənir.) Məni kim başdan çıxara bilər?
P a r t i y a l i d e r i (tələsik). Heç kim! Sən... sən bu barədə heç kimə bir söz-zad deməmisən
ki?
K i ş i. Mən xəbərçiyəm bəyəm?
P a r t i y a l i d e r i. O mənada demirəm... Yəni toyuva hələ qonaq çağırmamısan?
K i ş i. Hələ yox. Darıxma! Mən MMDKGAP-la evlənəndən sonra, səninlə müttəfiq
olacağam! Seçkilərə bir yerdə gedəcəyik! (Ayağa qalxıb qışqırır.) Qələbə bizimdir!
P a r t i y a l i d e r i. Yavaş! Yavaş! Belə şeylərlə zarafat eləmək olmaz!..
K i ş i. Zarafat nədi, canım? Sən dəli olmusan?
P a r t i y a l i d e r i. Yox...
K i ş i. Deyirəm axı... Artıq nizamnaməni yazıb qurtarıram. Onu Ədliyyə Nazirliyinə
göndərəcəyəm ki, sənin partiyanın təcrübəsi əsasında qeydə alsınlar! Alacaqlar! Nazir müavini
mənim dostumdu! Özüm olacam sədr, oğlum da olacaq Baş katib!
P a r t i y a l i d e r i. O kommunistdi ki!
K i ş i. Nə olar? Orda Siyasi Büronun üzvüydü, amma burda olacaq Baş Katib! Evimizi də
eləyəcəyəm partiyanın qərargahı. Sonra pul toplayacağıq partiyaya! Sonra da partiyanın puluyla
buranı əla təmir elətdirəcəyəm!
P a r t i y a l i d e r i. Bura bax...
K i ş i. Sən narahat olma, dedim. Bay!.. Sənin partiyanla müttəfiq olacağıq də!.. Qorxma! Hər
şey əla olacaq! Buranı da gözəl təmir edəcəyəm!
P a r t i y a l i d e r i (özünü saxlaya bilməyib qışqırır). Səni gərək dəlixanaya aparsınlar!
Demokratik ölkədə olsaydın, sən indi çoxdan dəlixanadaydın!
A r v a d (səhnə arxasından). Bizimləsiz?
P a r t i y a l i d e r i (tələsik). Xeyr!
K i ş i. Sənin həyəcanını başa düşürəm, mənim əziz sinif yoldaşım! Bu sevincdəndi! Sən də
mənimlə birlikdə sevinirsən! Artıq iyirmi yeddi dəvətnamə hazırdı! Qalıb iki yüz iyirmi üç
dəvətnamə! Sabahdan yavaş-yavaş qonaqları dəvət eləməyə başlayacam. Birinci jurnalistləri
çağıracam! Darıxma, səni elə indidən dəvət edirəm! Jurnalistlərin qabağında səni əməlli-başlı
tərifləyəcəyəm! Kim öz ad günündə partiya yarada bilər, hə? Bunu heç Stalin də bacarmazdı!
Vaxtını təyin eləmişəm! Gələn həftənin çərşənbə axşamı mənim toyumdu! (Iki əlini də geniş açaraq
otağı göstərir.) Sonra da buranı əla təmir edəcəyəm!
Pauza.
Əla təmir!..
Pauza.
P a r t i y a l i d e r i. Bura bax...
K i ş i. Dedim ki, səni tərifləyəcəyəm də! Səni hamıya nümunə göstərəcəyəm! Qoy görsünlər
ki, Azərbaycanda necə əjdahalar var! Sonra da buranı təmir elətdirəcəyəm!
P a r t i y a l i d e r i. Yox... Qulaq as, buranı... buranı mən təmir elətdirərəm... Bizim
partiyanın vəsaitinə... Beynəlxalq simpozium keçirmək istəyirdik... Sən bu toy məsələsini burax
getsin...
K i ş i. Hə?
P a r t i y a l i d e r i. Hə...
K i ş i. Nə vaxt?
P a r t i y a l i d e r i. Nə nə vaxt?
K i ş i. Təmir?
P a r t i y a l i d e r i. Gələn ay...
K i ş i. Yox!.. Mənimçün subay qalmaq çox çətindi! Mən evlənirəm! Mən öz partiyamı alıram!
P a r t i y a l i d e r i. Yaxşı, gələn həftə...
K i ş i. Yox! Mən subaylığa dözə bilmirəm!
P a r t i y a l i d e r i. Yaxşı, yaxşı... Sabah başlayıram...
K i ş i. Hə?
P a r t i y a l i d e r i. Hə...
Pauza.
Hə, sabah başlayıram...
K i ş i. Onda mən gedim nizamnamənin əvəzinə roman yazım...
P a r t i y a l i d e r i. Hə, get roman yaz! Ancaq təcrübədən-zaddan yazma! Toydu, ad
günüdü, belə şeylərdən yazma! Indi millətin ağır günüdü! Yeməyə bir şey tapmır! Sən millətin
dərdindən yaz! Başa düşdün? Millətin dərdindən!
K i ş i. Mən sənət əsəri yaratmağa gedirəm! (Coşğun) Yox, mən getmirəm! Ilham pərisi məni
öz qanadlarında aparır! (Qollarını geniş açır, guya ki, uçur, səhnədən çıxır.)
İ ş ı q s ö n ü r.
ON BİRİNCİ ŞƏKİL
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z,
f ə h l ə l ə r. Üç-dörd fəhlədən kimi evin divarını rəngləyir, kimi
harasa mala çəkir, qapıya cəftə vurur, pəncərənin taxtasını qaşıyır
və s., bir sözlə, evdə şıdırğı təmir işləri gedir.
Kişi pəncərədən birinin qarşısında oturub və eşiyə baxır. Arvad böyük bir həvəs və cidd-cəhdlə fəhlələrin işinə
rəhbərlik edir, Qız da böyük ruh yüksəkliyi və maraqla ora-bura baxır.
A r v a d. Bax, buranı görürsüz, göy rənglə rəngləyin, ancaq tamam göy olmasın...
Birinci fəhlə.Göy rəngləyim, ancaq göy olmasın?
A r v a d. Hə...
Birinci fəhlə.Onu necə eləyim?
A r v a d. Bax, bu göy...
Birinci fəhlə. Hə...
A r v a d. Indi üstündən sarı vurun...
Birincifəhlə (fırça ilə rəngi sürtür). Al...
A r v a d (sevinclə). Gördün! Bax, belə! Iyirmi ildi mən gecə yuxuda da bu rəngləri görürəm!..
Q ı z (gəlib baxır). Oy, nə gözəldi! Qoy Suzikə zəng eləyim deyim! (Həyəcanla qaçıb
səhnədən çıxır.)
A r v a d. Bax, burda mütləq ağ bir xətt keçməlidi!..
Maşın səsi gəlir, sonra Oğul əlində zənbil səhnəyə daxil olur.
O ğ u l. Salam, yoldaş fəhlələr!
Ikinci fəhlə(o biri fəhləyə). Bu nə deyir, alə?
O ğ u l (yumruğunu yuxarı qaldırır). Biz qalib gələcəyik!
Ikinci fəhlə.Nə qalib, alə? Bizim obedimizi verin də!..
A r v a d. Darıxmayın! Əvvəlcə iş, sonra yemək!
O ğ u l. Roza Lüksemburq deyib ki, əmək insanın yaraşığıdır!
Ikinci fəhlə.Nə?
Q ı z (səhnəyə daxil olur). Suzik deyir ki, sarının üstündən də bir az yaşıl vurmaq lazımdı!
A r v a d (Qıza fikir vermədən Oğulun gətirdiyi zənbili aça-aça Kişiyə yaxınlaşır). Bax,
oğlumuzu görürsən?! Maşallah! Gör sənin üçün necə gözəl konservlər alıb?!.
Q ı z. Mən də yeyəcəyəm!
A r v a d. Bax, qaz ciyərinin paşteti...
Q ı z. Suzik onu xoşlamır!
A r v a d. Bu da badımcan kürüsü...
K i ş i (ruh yüksəkliyi ilə). Qoy bir mən sağalım!
A r v a d. Allah qoysa! Allah qoysa!
K i ş i. Onda bir dənə böyük konservatoriya tikdirəcəyəm!
A r v a d. Nə?
K i ş i. Konservatoriya!
A r v a d. Konservatoriyanı neynirsən?
K i ş i. Konservləri saxlamağa yerimiz olsun!
Pauza.
Ikinci fəhlə. Ay bacı, obedin vaxtı çoxdan keçib e!..
İ ş ı q s ö n ü r.
ON İKİNCİ ŞƏKİL
Bağça. Günorta. Partiya l i d e ri, X a n ı m, Q o n ş u.
Q o n ş u. Təbrik edirəm sizi!.. Təbrik edirəm!..
X a n ı m. Nə olub? Ağlı başına gəlib?
Q o n ş u. Yox, əşşi! O yazığın başı elə xarab olmayıb ki, təzədən düzəlsin! Əslinə baxsan...
Vallah, heç əvvəldən də onun başında bir şey yox idi! Bu yazı-pozu adamları bir az belə də... (Əlini
başının üstündə yelləyir.) Birtəhər olurlar!.. (Partiya liderinə) Sizi təbrik edirəm, sizi!..
P a r t i y a l i d e r i. Məni?
Q o n ş u. Bəli, sizi! Millətin böyük siyasi xadimini!
P a r t i y a l i d e r i (təvazökarlıqla). Mən xalqım üçün çalışıram...
Q o n ş u. Bilirəm! Bəs necə? Təbrik edirəm!
X a n ı m (səbrsiz). Axı, nə münasibətlə?
Q o n ş u. Necə nə münasibətlə? (Partiya liderinə). Sizə Aqrar Siyasət üzrə nazir vəzifəsi
təklif ediblər. Ancaq siz o boyda vəzifədən imtina etmisiniz!
Pauza.
P a r t i y a l i d e r i. Pay atonnan! (Ətrafa baxır.) Deyəsən yerin də qulağı var e!..
Q o n ş u. A kişi! Bu məmləkətdə belə işlərdə, bax, bunun da... (Cibində qurdalanır, dollar
çıxarıb, təzədən tez cibinə basır.) bunun yox... bax, bunun... (Axır ki, cibindən kibrit qutusu çıxarır
və bir kibrit çöpünü götürüb göstərir.) bunun da qulaqları var! Siz nəyi qoyub, nəyi axtarırsız?!
Əhsən sizə! O boyda vəzifədən imtina etmək!
P a r t i y a l i d e r i (şəstlə). Məni vəzifə maraqlandırmır!..
X a n ı m. Bizim partiyanı müstəqil Azərbaycan Respublikasının taleyi maraqlandırır!..
Q o n ş u. Əhsən! Bərəkallah!
P a r t i y a l i d e r i (get-gedə daha da qızışaraq). Mən vəzifə düşkünü deyiləm!
Respublikamızın vətəndaşları bunu yaxşı bilirlər! Buna görə də başqa siyasi partiyalar dağılır,
parçalanır! Ancaq bizim partiyaya kütləvi axın var!
Pauza.
X a n ı m (diqqətlə Qonşuya baxır və cibindən bir dəftərçə çıxarır). Gəlin sizi də bizim
partiyaya üzv yazım!
Q o n ş u. Məni?
X a n ı m. Bəli! Bizim partiya sizə etimad göstərir!
Q o n ş u. Yox, yox!.. Mən yox!..
X a n ı m. Sizin işləriniz yaxşı gedər!
Q o n ş u. Yox, bacı, yox... O SSRI-nin Kommunist Partiyası idi, olurdun üzvü, işin də gedirdi
yağ kimi! Indi demokratiyadı, bir partiyanın üzvü olacaqsan, o birilər taxtabiti kimi darışacaqlar
canuva! Hara getdi, nə elədi, nə qazandı, necə qazandı? Bir dəli quyuya bir daş atacaq, bizim
qəzetlər də ki, o daşı göydə axtarır, sonra gəl o daşı çıxar quyudan, görüm, necə çıxarırsan?! Yox,
başuva dönüm, mənə bitərəf olmaq əl verir! Qoy düşsünlər bir-birlərinin canına, mənimki odu ki,
işim getsin!..
P a r t i y a l i d e r i. Ay-ay-ay!.. Mən sizi belə prinsipsiz bilməzdim!..
Q o n ş u. Necə? Mənəm prinsipsiz? (Kənara) Alə, bir də gördün çərxi-fələk dəyişdi, bu da
oldu böyüklərimizdən biri!.. (Partiya liderinə.) Kolbasa, sosiska da aqrar siyasətə baxır də? Hə?
P a r t i y a l i d e r i. Əlbəttə!
Q o n ş u. Mən axı, bu işlərlə məşğulam də, bu kolbasadı, sosiskadı, kapçonnı ətdi-zaddı də,
belə-belə işlərlə də...
P a r t i y a l i d e r i. Ümid edirəm ki, dövlətimizə vergiləri vaxtında verirsiz!
Q o n ş u. Nə? Vergi?
Pauza.
Bir dəqiqə yaxın gəl... (Yavaşdan) Nə vergi? Mən, onsuz da, sizin partiyanın üzvüyəm, ancaq
gizli üzvü!..
X a n ı m. Yəni təəssübkeşi?
Q o n ş u. Yox e, nə təəssübkeş? Əməlli-başlı gizli üzvü! Özü də sizin partiyanın hesabına on
milyon manat pul keçirirəm!
P a r t i y a l i d e r i. On milyon manat?
Q o n ş u. Bəli! Ancaq tamam gizlin!
P a r t i y a l i d e r i. Ba-a-a! Bu nə sözdü?! Bir daş altda, bir daş üstə! Sizin bizim partiyanın
üzvü olduğunuzu məndən başqa bir köpək oğlu bilməyəcək!
X a n ı m (tələsik). Bir də məndən başqa!
P a r t i y a l i d e r i. Mənim məslək dostum! (Onu qucaqlayır.) Əqidə yoldaşım! Biz səninlə
əl-ələ verib müstəqil respublikamızı gözəl gələcəyə aparacağıq! (Bir də qucaqlaşırlar.) Biz səninlə o
gözəl gələcəyin qurucuları olacağıq!
Q o n ş u. Hə, hələlik sən tək! Mən də sonra də... Belə... Hə?
P a r t i y a l i d e r i. Niyə? Siz vətəni sevmirsiz?
Q o n ş u. Mən?
P a r t i y a l i d e r i. Bəli, siz!
Q o n ş u. A-a-a!.. Mən sizdən inciyərəm a-a-a!.. Bu nə sualdı belə?
P a r t i y a l i d e r i (daha artıq bir ehtirasla). Cavab verin! Siz vətəni sevirsiz?
Q o n ş u. Əlbəttə!
P a r t i y a l i d e r i. Siz vətən uğrunda ölməyə hazırsız?
Q o n ş u (bir az qorxmuş). Necə bəyəm? (Hürkmüş nəzərlərlə gah Partiya liderinə, gah da
Xanıma baxa-baxa kənara) Alə, bunlardan nə desən çıxar e!..
P a r t i y a l i d e r i. Hazırsız vətən uğrunda ölməyə?
Pauza.
Hə?
X a n ı m. Cavab verin də!
Q o n ş u. Onda... Onda bəs vətəni kim sevər?
Pauza.
Mən getdim! (Sivişib səhnədən çıxır.)
P a r t i y a l i d e r i (onun ardınca). Hara?
X a n ı m (onun ardınca). Hara?
P a r t i y a l i d e r i. Getdi...
X a n ı m. Qoy qaçım o antipatriotun yaxasından tutub gətirim bura!
P a r t i y a l i d e r i. Yox...
X a n ı m. Onda tutub aparım Patriot Qadınlar Cəmiyyətinə! Orda onu yerə yıxıb...
P a r t i y a l i d e r i. Lazım deyil... Indi mən bu cür adamlarla neyləyim? Bu cür adamlarla bu
bədbəxt milləti necə ağ günlərə çıxarım? Məmləkətin düşdüyü bu bərbad vəziyyəti necə aradan
götürüm? Xalqın mənə olan böyük inamını təkbaşına necə doğruldum? Bir tərəfdən Amerika, bir
tərəfdən o boyda Rusiya, bir tərəfdən Iran, bir tərəfdən də bu cürə bizimkilər! Dəli şeytan deyir, öz
partiyamı iqtidarın partiyası ilə birləşdirim!
X a n ı m. Hə?
P a r t i y a l i d e r i (qətiyyətlə). Yox! Bir də yox! Mən öz siyasi prinsiplərimdən dönə
bilmərəm!
X a n ı m. Bəli! Biz öz siyasi prinsiplərimizdən dönə bilmərik! (Yavaşdan) Görəsən, on
milyonu keçirəcək?
Partiya lideri çiyinlərini çəkir, yəni ki, nə bilim?
İ ş ı q s ö n ü r.
ON ÜÇÜNCÜ ŞƏKİL
Kişinin evi. Axşamçağı. K i ş i, A r v a d, O ğ u l, Q ı z, D o s t,
P r o f e s s o r.
Kişi bir küncdə oturub mizin üstündəki bir qalaq plastilindən nəsə düzəldir. Arvad əlində əsgi, həvəs və şövq ilə
təmirdən təzəcə çıxmış evin ora-burasını təmizləyir. Qız atasının nə ilə məşğul olduğuna baxır.
Q ı z. Papa, sən nə eləyirsən e?
K i ş i. Sus-s-s!..
Q ı z. Niyə susum e? Suzik deyir ki, sənə çoxlu suallar vermək lazımdı!
K i ş i. Sus-s-s!.. Mən kəşf edirəm!
A r v a d. Mane olma!.. Vallah, hərdən elə bilirəm ki, yuxudayam... Buralar yuxuda təmir
olunub... O lüstürü yuxuda gətirib bura taxıblar... Maşınımız yuxuda işləyir... Qorxuram ki, birdən
yuxudan ayılam...
Pauza.
Iraq olsun!
O ğ u l (Karl Marksın məşhur əsərini oxuya-oxuya səhnəyə daxil olur). Dahidir, dahi!
Kişi boylanıb kitabın səhifəsinə baxmaq istəyir. Oğul özünü kənara çəkir ki, atası kitabın səhifəsini görməsin.
K i ş i. Doqquz? Doqquz...
A r v a d. Nə doqquz?
K i ş i (plastlini göstərərək). Doqquzunu düzəldəcəyəm...
O ğ u l (ruh yüksəkliyi ilə). Biz yenə qayıdacağıq!
Q ı z. Suzik deyir ki, kommunistlərdən day bir şey çıxmayacaq!
O ğ u l (hirslə). Suzik savadsızdır!
Q ı z (dəhşət içində). Nə? Suzik savadsızdı?! Eşitdiz bu nə dedi? Suzik... Suzik «Lenin
oktyabrda» kinosunu əzbər bilir!
A r v a d. Yaxşı!..
Qapının zəngi çalınır. Arvad gedib qapını açmaq istəyir.
O ğ u l. Yox, sən zəhmət çəkmə, anacan! Mən açaram! (Səhnədən çıxır.)
A r v a d (mütəəssir). Vallah, doğrudan elə bil yuxudu...
K i ş i. (mənalı-mənalı başını tərpədir və guya ki, birdən-birə maşın sürür). Ba-bap!.. Bap!..
Dost, ardıyca da Oğul səhnəyə daxil olurlar.
Dost saqqalını qırxdırıb.
D o s t. Iyi axşamlar!
A r v a d. Xoş gəlmisiz!
D o s t. Nasıldır bizim sayın dostumuz?
K i ş i (diqqətlə ona baxaraq, təəccüblə). Vladimir Iliç...
D o s t (ona yaxınlaşaraq). Yavrucuğım, bəs görmürsən ki, daha saqqal yoxdu? Şimdi
anladınmı ki, mən Lenin deyiləm?
K i ş i (onun dediklərinin fərqinə varmadan). Ah, Vladimir Iliç, siz nə üçün saqqalınızı
qırxdınız?
Dost addımladıqca Arvad əlindəki əsgi ilə parketdə onun
ayaq izlərini silir.
D o s t. Yox, Mən Vladimir Iliç deyiləm! Saqqalımı ona görə qırxdırdım ki, sən dərk edəsən
ki, mən Lenin deyiləm!
Q ı z. Siz necə də gözəl dostsunuz! Atama görə saqqalınızı qırxdırmısız! Bu saat... bu saat
zəng eləyib Suzikə deyəcəyəm! (Səhnədən çıxır.)
K i ş i (pərişan). Siz nə üçün belə etdiniz? Axı. bütün dünyanın proletariatı sizi saqqalsız
təsəvvür etmir!..
D o s t. Allah, Allah!..
O ğ u l. Sən narahat olma, ata, dünya proletariatı artıq ayılıb!
D o s t. Kəndinə gəl, yavrucuğum!.. Kəndinə gəl!.. Mən Lenin deyiləm! Lenin öləndə də
saqqalı var idi. Görürsən, mənim saqqalım yoxdu! Biz səninlə bir sokakın cocuqlarıyız!..
Pauza.
K i ş i. Nadejda Konstantinovnanın bu işdən xəbəri varmı?
D o s t (boğazını arıtlayaraq o saat tavana baxır). Əhə-əhə... Gözəl çilçıraqdı ha!..
K i ş i. Hə... Yaxşı...
D o s t (plastilini göstərərək, Arvada). Bu nə yapır belə?
A r v a d. Heykəl düzəldir...
D o s t. Nasıl?
A r v a d. Nə? Başa düşmədim...
D o s t. Soruşuram ki, heykəl düzəldir?
A r v a d. Bəli... Bu gün bütün günortanı bu işlə məşğul olub...
Kişi yenə boylanıb Oğulun oxuduğu kitabın səhifəsinə baxmaq istəyir. Oğul özünü kənara çəkir ki, kitabın
səhifəsi görünməsin.
K i ş i. Doqquz... Doqquzuncu... heykəl...
D o s t. Kaç heykəl?
K i ş i. Doqquz!
A r v a d. Bayaq da doqquz idi, bəs, çoxalmır?
K i ş i Kişinin sözü bir olar!
D o s t. Deməli, heykəlciklər yapırsan, mənim zavallı yavrucuğuım?
K i ş i. Bəli! Mən böyük kəşf eləmişəm!.. Bu kəşf mənə ilham verir!.. Mənim böyük
yaradıcılıq planlarım var, Valodya! Mən heykəltəraşlıq sənətində yeni söz demək fikrindəyəm!..
Mən öz sənətimlə xalqımın şöhrətini bütün dünyaya yayacağam, Valodya! Hayıf, hayıf, Marya
Aleksandrovna – sənin əziz anan bizim bu yaradıcılıq təntənəmizi görmədi! O məni də sənin qədər
sevirdi, Valodya, mən bunu heç vaxt yadımdan çıxarmaram! Indi mən on dənə... (Oğula tərəf baxır.)
yox, doqquz dənə heykəl üzərində işləyirəm, onları dalbadal ucaldacağam!..
D o s t. Eh, zavallı arkadaşım, heykəllərin dağıdıldığı bir zəmanədə sən heykəlmi yapırsan?..
Neredə indi o uca heykəllər? Neredə Stalinin heykəlləri? Leninin heykəlləri? Neredə Kirovun
heykəli? Əli uzanmışdı Bakının üzərinə! (Göstərir.) Neredə? Söküldü!.. Dağıdıldı!.. Hər şey tar-mar
oldu!..
O ğ u l. Aha! Siz də sovet dövrünün həsrətini çəkirsiz!
|