Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mənim ərim dəlidir
MƏNİM ƏRİM DƏLİDİR
(On doqquz şəkildən ibarət komediya)


Ağıllı olub dərd çəkincə,
dəli ol, qoy sənin dərdini çəksinlər.

IŞTIRAK EDƏNLƏR


    K i ş i.
    A r v a d – onun arvadı.
    O ğ u l – onların oğlu; hələlik kommunistdir, amma buna baxmayaraq şəxsi maşın arzusundadır və nəhayət, öz arzusuna çatır.
    Q ı z – onların qızı; Suziki sevir.
    Q o n ş u – bədbəxt həmişə səksəkə içindədir.
    Partiya lideri – qoca dünyanın işlərini bilmək olmaz, bir də gördün...
    X a n ı m – onun arvadı; həyatını ərinin (və özünün!) siyasi mübarizəsinə həsr edib.
    D o s t – indi pantürkist olub, sifətdən isə, proletariatın dahi rəhbəri Vladimr Iliç Leninə oxşayır.
    P r o f e s s o r – keçmiş ateist, indi qatı dindar, sabah isə... bu artıq başqa bir pyesin mövzusudur.
    Falçı Ağabacı – Ekstrasens, SSRI-nin dağılacağını birinci dəfə o deyib; Mixail Qorbaçovun da alnındakı xalın xüsusi məna daşıdığını birinci dəfə o deyib; özünü bolqarıstanlı Vanqanın varisi sanır.
    Birinci fəhlə.
    Ikinci fəhlə.
    Üçüncü fəhlə.
    Dördüncü fəhlə.
    Cangüdənlər.
    Bir də ki: SUZIK – bu yerdə deyiblər ki, igidin adını eşit, üzünü görmə! Ancaq rejissor lazım bilsə, hörmətli tamaşaçıları intizarda qoymamaq üçün, heç olmasa, onun şəklini səhnədə göstərə bilər.
    Məkan – Bakı şəhəri.
    Zaman – 1997-ci il, payızın əvvəlləri.

BİRİNCİ ŞƏKİL


    Kişinin evi. Səhər tezdən. K i ş i, A r v a d, O ğ u l, Qız, D o s t,
    Q o n ş u.
    Səhnə boşdur. Kişi səhnəyə daxil olur və ehtiyatla o tərəf-bu tərəfə baxa-baxa barmaqlarının ucunda mənzildən çıxmaq istəyir. Bu vaxt yuxudan hövlnak və kal durmuş Arvad əvvəlcə səhnəyə boylanır, sonra da xalatını tələmtələsik əyninə geyə-geyə səhnəyə daxil olur.
    A r v a d (bərkdən). Hara belə?
    Kişi yerində donub dayanır. Gedirsən, heç sağollaşmırsan da?!
    K i ş i (yavaş-yavaş həyat yoldaşına tərəf çevrilir). Gördüm yatmısız də...
    A r v a d. Yox, əzizim... (Kinayə ilə) Sabahın xeyir... (Divardan asılmış saatı göstərir.) Işə getməyinə hələ düz otuz beş dəqiqə qalıb!..
    Pauza.
    Özün tez durmusan ki, biz yatmışkən sivişib aradan çıxasan... (Ağlamsınır) Elə bilirsən, mən bilmirəm?.. Bilirəm... Bilirəm ki, sənin qayğıların çoxdur. Səhərdən axşamacan ayaq üstəsən. Ancaq neyləyək? Mən də özümçün istəmirəm ki, sizinçün istəyirəm də!.. Bu cür evdə yaşamaq olar?
    Kişi dərindən ah çəkir.
     (Hirslənir.) Ah çəkmə! Düz demirəm? (Get-gedə qızışır.) Divarlar sökülür! Hamam pis gündə! Mətbəxdə Allahın bir deşiyi yoxdu ki, hava dəyişsin, adam xörək bişirəndə az qalır boğulsun! Mətbəxdə bir deşik yoxdu ki, nəfəs alaq, amma evin hər küncündə bir siçan deşiyi var! Vallah, o siçanlar bu evdə bizdən yaxşı yaşayırlar! Dünən tavandan bu boyda (Əli ilə göstərir.) bir suvaq qopub, az qaldı uşağın başına düşsün...
    K i ş i. Hansı uşağın?
    A r v a d. Necə yəni hansı uşağın? Daha öz uşaqlarını da tanımırsan?
    Pauza.
    Iraq olsun!
    Pauza.
     (Təzədən başlayır.) Düz yeddi ildi deyirsən ki, (Yamsılayır.) «təmir edəcəyik, təmir edəcəyik»... Hanı bəs? Nə vaxt? Biz ölüb gedəndən sonra?
    K i ş i (əlini yavaş-yavaş sinəsinə vura-vura öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə...
    Bir az çərənniyib qurtaracaq... Sakit ol...
    A r v a d. Yenə nə deyirsən, eşitmirəm?
    Pauza.
    K i ş i (dodaqaltı, öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... (Pəncərəyə tərəf baxır.) Gör nə gözəl gündür... Mahnı oxu... Mahnı... (Yavaşdan oxuyur.)
    Dünya gözəldir...
    Həyat gözəldir...
     (Arvada tərəf baxır.)
    Bir ifritə var...
    O da ki, sənsən...
    A r v a d. Nə deyirsən e, elə? (Tamaşaçılara) Axır vaxtlar buna söz deyirəm, dodaqaltı nəsə mızıldayır, heç nə başa düşmürəm... (Yenə Kişiyə) Evin kişisisən də! Bəs kimə deyək dərdimizi? Hə? Kimə? Bax! (Əli ilə tavanı göstərir.) Bu da bizim işığımız! Bir dənə lampa sallanıb orda, elə bil əsgər qazarmasıdı! Iraq olsun! Üç ildi söz verirsən, amma bir dənə fərli lüstür alıb gətirib vurmursan ora!
    K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əladı hər şey...
    Dünya gözəldir...
    Həyat gözəldir...
    A r v a d. Nə?
    K i ş i (eləcə özü üçün oxuyur).
    Bir ifritə var...
    O da ki, sənsən...
    A r v a d. Eşitmirəm e, nə deyirsən!..
    Pauza.
    Nədi? Düz demirəm? Camaatın evinə top vursan, dağılmaz! Ode, Suzik deyirmiş ki...
    Yekəpər bir cavan olan Oğul əynində mayka-trusik, gözlərini ovxalaya-ovxalaya səhnəyə daxil olur. (Oğula tərəf baxa-baxa) Uşağı da yuxudan durğuzdun.
    K i ş i (Oğula baxa-baxa). Bu uşağı?
    A r v a d. Bəs hansı uşağı?
    Pauza.
    O ğ u l. Balaca Valodyanı bu gün yuxuda görmüşəm!
    A r v a d. Xeyir olsun!.. Nə deyirdi?
    O ğ u l (doluxsunur). Deyirdi ki... Deyirdi ki, Qorbaçov beynəlxalq imperializmin şipyonudu!
    A r v a d (barmaqlarının ucuna qalxıb əli ilə Oğulun saçlarını sığallayır). Yaxşı... Sən day özünü üzmə...
    Kişi(özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... (Bərkdən) Yaxşı! Mən getdim!
    A r v a d. Nə olaydı, işdən qayıdanda məni bəxtəvər edəydin... Bir böyük karopka gətirəydin, verəydin mənə, «Al, – deyəydin, – əzizim! Təzə lüstürümüzdü!» Eh... (Doluxsunur.) Allah o günü mənə qismət etməyəcək... Nə isə... Hərənin öz qisməti!.. Gələndə iki dənə çörək alarsan...
    K i ş i (özünü saxlaya bilməyib, Oğula tərəf qışqırır). Çörəyi bu alsın də!
    O ğ u l. Mən Siyasi Büronun iclasına tələsirəm!
    A r v a d (Kişiyə). Yaxşı də... Onsuz da gecə uşaq o cürə yuxu görüb...
    Oğul yenə başını aşağı salıb doluxsunur.
     (Tənə ilə Kişiyə) Görürsən... (Əlindəki kağızları bir-bir Kişiyə uzadır.) Al. Dünən gəlib, işıqpulunu ver.
    Kişi, məhkum adamlar kimi, kağızı götürür. Bu, ev kirəyəsidi, vaxtı keçir.
    Kişi kağızı götürür. Bu da telefonpuludu, bu gün verməsən, kəsəcəklər.
    K i ş i (yenə özünü saxlaya bilməyib Oğula tərəf qışqırır). Işıqpulunu da verə bilməzsən?
    O ğ u l (hikkə ilə). Mənim maşınım var? Maşınım olsaydı, hamısını eləyərdim!.. Hamının maşını var, mənnən başqa!
    K i ş i. Bəs sən kommunist deyilsən?
    O ğ u l (ruh yüksəkliyi ilə). Əlbəttə, kommunistəm!
    K i ş i. Bəs maşını neynirsən? Kommunistlər şəxsi mülkiyyətin əleyhinə deyil? Hə?
    A r v a d. Kommunistlər elə elədilər ki, axırda pis günə qaldılar də! O boyda SSRI dağıldı!..
    O ğ u l (ruh yüksəkliyi ilə). Bu müvəqqəti məğlubiyyətdi! Biz SSRI-ni bərpa edəcəyik! Lenin deyib ki...
    Q ı z (səhnə arxasından qışqıra-qışqıra). Papa!.. Papa!.. (Pijamada səhnəyə daxil olur.) Papa, Suzikin nənəsi xəstələnib!
    K i ş i. Nə?
    Q ı z. Suzikin nənəsi xəstələnib! Bax, bu dərmanı almaq lazımdı! (Əlində tutduğu resepti Kişiyə uzadır.)
    K i ş i (özünü sakitləşdirə-sakitləşdirə resepti Qızdan alır). Sakit ol... Sakit ol... (Əlindəki kağızlara baxır, sonra bufetə yaxınlaşıb yeşiyi açır ki, pul götürsün. Pulu sayır və Oğulla Qızı göstərərək Arvada) Bunlardan hansısa yenə burdan pul götürüb...
    Oğul bir tərəfə baxır, Qız o biri tərəfə baxır, guya ki, bu sözləri eşitmirlər.
    A r v a d. Nə bilirsən ki, bunlar götürüb, bəlkə elə mən özüm götürmüşəm?
    K i ş i. Yox, sən götürməmisən!
    A r v a d. Nə bilirsən?
    K i ş i. Çünki sən götürəndə hamısını götürürsən!
    Qapının zəngi çalınır.
    A r v a d. Səhər-səhər xeyir ola? (Oğula) Get qapını aç.
    O ğ u l. Bu görkəmdə?
    Q ı z. Sən oğlansan da, nə olar?
    O ğ u l (hiddətlə). Necə nə olar? Mən o boyda Siyasi Büronun üzvüyəm!
    A r v a d. Yaxşı, gəlin bu tərəfə, qoy papa açsın! (Gedə-gedə.) Allahın altında bir Şaxta baba girəydi içəri, deyəydi ki, alın, bu da sizin lüstürünüz!
    Arvad, Oğul və Qız səhnədən çıxırlar. Kişi gedib qapını açır.
    D o s t (tələsik səhnəyə daxil olur). Gün aydın! Gün aydın! Nə iyi oldu ki, səni evdə buldum!
    K i ş i. Yenə mənimlə türkcə qırıldadırsan?
    D o s t. Əvət!.. Əvət!.. Biz türk soylu insanlarız! (Sidq-ürəkdən təəccüb edir.) Başqa türlü nasıl olur?
    Pauza.
    K i ş i. Vallah, day sözüm yoxdu!.. (Birdən əsəbiləşir.) Ə, sən deyildin cəmi yeddi-səkkiz il bundan qabaq, sovet vaxtı, camaatı pantürkizmdə ittiham eləyən?! Ə, sən deyildin o institutda partkom olan, hər dəfə də partiya iclaslarında durub əməkdaşları ifşa eləyən ki, türk təsiri altındadılar?!
    Pauza.
    Ə, sən deyildin «Kommunist» qəzetinə məktub yazan ki, bəstəkar Emin Sabitoğlu türk təsiri altına düşüb, sovet pasportundakı Mahmudov famili əvəzinə, türklər kimi, «oğlu» yazdırır?! Hə?!
    Pauza.
    D o s t (əsəbi). Nasıl olur bu?! Nasıl olur?! Biz səninlə bir sokakın cocuqları olmuşuz, delikanlı vaxtlarımızda səninlə yüz vaqon rakı içmişiz, şimdi kəndimə hücum edirsən! (Daha artıq bir həyəcanla) Yüz vaqon rakı!..
    Pauza.
    K i ş i (ondan da bərk qışqırır). Sovet vaxtı rakı varıydı?!
    D o s t (qışqırır). Rakı olmasın, vodka olsun!
    Pauza.
    Əvət! Zatən vodka da bizim türklüyümüzə ziyan vura bilmədi! Mən yalnız şimdi başa düşürəm ki, vodka da Moskvanın bizim türklüyümüzə qarşı bir təxribatı imiş! Əvət! Millətin vodkaya aludəçiliyini KQB təşkil etmişdi! KQB istəyirdi ki, bizi içirdib türk yaddaşımızı pozdursun! Ancaq bunu bacarmadılar! Çünki biz Atilla nəsliyik! Biz Çingizik, Əmir Teymuruq! Fateh bizik, Şah Ismayıl bizik, Nadir bizik, Qacar bizik! Mən şimdi sənədlər əldə edirəm ki, Bethoven də türk olub!
    K i ş i. Kim?
    D o s t. Bethoven!
    K i ş i. Bəs ermənilər deyirlər Bethoven ermənidir?
    D o s t (özündən çıxır). Nasıl olur bu? Sübut edə bilməzlər!
    K i ş i. Qəzetdə yazıb sübut eləyiblər...
    D o s t. Mümkün olan iş deyil! Nasıl sübut ediblər?
    K i ş i. Yazırlar ki, Yerevanda alimlər Bethovenin sapoqlarını tapıblar! Buna görə də Ermənistan Elmlər Akademiyası sübut edib ki, Bethoven ermənidi!
    D o s t. Yenə qabağa düşdülər!.. Sən görərsən kəndim nələr sübut edəcək!
    Q ı z (səhnəyə tərəf boylanaraq). Yox! Şaxta baba deyil!
    A r v a d (səhnə arxasından). Məndə o bəxt hardaydı?
    D o s t. Biz sınaqlardan çıxmışız! Əvət, biz səninlə hələ dəliqanlı vaxtlarımızda KQB-nin vodka sınağından çıxdıq! Qoruduq kəndi türklüyümüzü! (Kövrəlmiş halda) Gəl, gəl bir səni qucaqlayım! (Kişini qucaqlayır.) Bu tarixi qələbə münasibətilə səni təbrik edirəm!
    K i ş i (onu özündən kənarlaşdırmağa çalışır). Çəkil! Tələsirəm! Yüz dənə işim var!
    D o s t. Elə mən də bir işdən ötrü gəlmişəm!
    K i ş i. Sən də işdən ötrü gəlmisən? (Öz-özünü sakitləşdirməyə başlayır.) Sakit ol... Əsəbiləşmə...
    D o s t. Əvət! Kəndi içimdə bu məsələni çox incələdim, ancaq səndən başqa bu işin öhdəsindən heç kim gələ bilməz! Sən qələm əhlisən, bunu təşkil edə bilərsən!
    K i ş i (qaçmaq istəyir). Yox, qardaş, mən yorulmuşam! Mən daha heç bir iş görə bilmirəm!
    D o s t. Dayan! Dayan! Mənimki çox asan bir işdi! (Kişinin qolundan tutub səhnənin önünə çəkir.) Təşkil elə, qəzetlərdən birində məni qatı türkçü kimi ifşa eləsinlər!
    Pauza.
    K i ş i. Nə?
    D o s t. Məqalə yazıb məni türkçü kimi ifşa eləsinlər!
    K i ş i. Niyə?
    D o s t (yamsılayır). «Niyə? Niyə?..» Ay dilbilməz! (Qolundan tutub bir az da irəli çəkir, yavaşdan.) Istəyirəm Istanbulda elmi işə gedim!.. Başa düşdün?
    K i ş i. Yox!
    D o s t (hirslənir). Allah! Allah! Sən qabaqlar belə kütbeyin deyildin, şimdi nasıl oldun belə? (Qolundan tutub bir az da qabağa çəkir, az qalır tamaşa zalına yıxılsınlar.) Istəyirəm türk cəfakeşi imiciylə gedim!.. Başa düşdün, ay dilbilməz?
    Pauza.
    Əşşi, bir dənə məqalədi, özün otur beş dəqiqəyə yaz, döşə mənə türkçü kimi, nə qədər döşəyirsən! Altından da başqa bir ad qoy, ver qəzetə! Hə?
    Pauza.
    Özüm oturub yazardım e, məndə çıxmır! Özüm özümü tənqid edə bilmirəm. Yazıram, tərif çıxır... Sənin qələmin başqadı axı! Yaxşı, yaz ver mənə, mən özüm ötürüm bir qəzetə! Noldu sənə?
    K i ş i (iki əlilə də başını tutur). Vallah, mən dəli olacam! Billah, dəli olmaq yüz dəfə bundan yaxşıdı!
    D o s t. Əşşi, bundan asan nə var? Demirəm ki, məni təriflə! Deyirəm ki, ifşa elə də! Şimdi adama qara yaxmaqdan asan nə var?! Qəzetlər ölür belə şeylərdən ötrü!
    Q o n ş u (səhnəyə daxil olur). Salam, ay qonşu! Xeyir ola, qapını açıq qoymusan?
    K i ş i (eləcə başını tutub qışqıra-qışqıra). Yox!.. Yox!.. Mən daha infarkt olmayacam! Mən dəli olacam! Dəli! (Qaçıb səhnədən çıxır.)
    Q o n ş u. Buna nə olub, alə?
    D o s t (onun ardınca qaçır). Ə, sən necə türksən? Hanı bəs sənin türk vicdanın?
    Q o n ş u. Boy!..
    Q ı z (qışqıra-qışqıra səhnəyə daxil olur). Papa!.. Papa!.. Suzikin dərmanını al ha!..
    A r v a d (səhnə arxasından qışqırır). Telefonu denən! Denən telefon pulu yadından çıxmasın!.. Q o n ş u. Alə, hara qaçdın? Mənim sözüm var axı sənə, alə!.. (Qaça-qaça səhnədən çıxır.) Bir dəqiqə!.. Bir dəqiqə!..
    İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL


    Bağça. K i ş i, Q o n ş u.
    Kişi ayaq saxlayıb nəfəsini dərir. Qonşu özünü güclə ona çatdırır.
    Q o n ş u (təngnəfəs). Alə, sən lap kenquru kimi qaçırsan ki! Sənə çatmaq olmur. Bir dəqiqə!.. (Nəfəsini dərir.) Necəsən? Qaçmağından görürəm ki, formadasan!
    K i ş i (öz-özünə). Sakit ol... Əsəbiləşmə...
    Q o n ş u. Nə?
    K i ş i (öz-özünə).
    Dünya gözəldir...
    Həyat gözəldir...
    Q o n ş u. Eşitmirəm e?..
    K i ş i (Qonşuya baxa-baxa öz-özünə davam edir).
    Bircə qanmaz var...
    O da ki, sənsən...
    Q o n ş u. Hə? (Kişinin qoluna girir.) Bura bax, bilirəm, işin çoxdu, amma mən ölüm, qonşu, otkaz eləmə, al bu üç min dolları (Səksəkə ilə ora-bura baxa-baxa arxasında şalvarının qayışının altında gizlətdiyi konverti çıxarıb Kişiyə tərəf uzadır.), bir dənə balaca bilərzik var dükanda, gedək, beş dəqiqəyə, götür onu mənimçün!..
    K i ş i. Yenə Laçınova rüşvət verirsən?
    Q o n ş u. Yavaş! Yavaş, a kişi! Belə şeylərlə zarafat eləmək olmaz! (Yavaşdan) Yox, bu rüşvət deyil!..
    K i ş i. Bəs nədi?
    Q o n ş u. Başqa məsələdi...
    K i ş i. Nədi axı?
    Q o n ş u (yenə ehtiyatla o tərəf-bu tərəfə baxır). Canan məsələsidi...
    K i ş i. Nə?
    Q o n ş u. Canan!..
    Pauza.
    Adı bilirsən nədi? Dezdemona!..
    K i ş i. Bəs sənin o boyda arvadın var...
    Q o n ş u. Nolsun?
    K i ş i. Necə yəni nolsun?
    Q o n ş u (məzəmmətlə). Ay qonşu!.. Ay qonşu!.. (Eləcə ehtiyatla o tərəf-bu tərəfə baxır. Yavaşdan) Arvad arvad olur bir il, iki il, üç il, sonra dönür olur bacı!..
    Pauza.
    K i ş i. Yox! Bu day lap ağ oldu! Sənin adamuşkava da bilərziyi mən almalıyam?
    Q o n ş u. Bəs necə? Sən kişi adamsan də, sənə etibarım var! Eşitməmisən, qonşu qardaşdan irəlidi? Mən öz mənəvi aləmimi sənə etibar edirəm!
    K i ş i. Bilərzik almaq mənəvidi? Maddidi bu, maddi!
    Q o n ş u. Əşşi!.. Özün də oxumuş adamsan, bilmirsən ki, maddi olmayan yerdə mənəvi nə qələt eləyir?
    K i ş i. Yox, bilmirəm, heç nə də gedib almıram! Bir dəfə dedin ki, maşını öz adıma alım, iyirmi min dollara,–iyirmi min e!..–dedin rüşvət verirəm Laçınova...
    Q o n ş u. Yavaş...
    K i ş i. Aldım, o maşının heç üzünü də görmədim... Bir dəfə on min dollar verdin ki, Laçınovun arvadının ad günüdü, brilyant komplekt götürdüm səninçün!.. Bir dəfə səkkiz min dollar verdin ki, Laçınovun...
    Q o n ş u (tələsik onun sözünü kəsir). Yavaş, eşidər!..
    K i ş i (yan-yörəsinə baxır). Kim eşidər?
    Q o n ş u. Laçınov! Bilirsən onun nə boyda qulaqları var?
    K i ş i. Uzunqulaqdı?
    Q o n ş u. Hə, çox uzunqulaqdı!.. (Özü öz sözlərinə heyrət edir.) Nə? Bu nə sözdü o boyda rəisə deyirsən?
    K i ş i. Özün dedin də!
    Q o n ş u. Yaxşı, qonşu, gedək! Mən mənəvi aləmsiz yaşaya bilmirəm! Gedək mənim mənəvi aləmimlə beşcə dəqiqə məşğul ol, vəssalam!
    K i ş i. Yox! Bu dəfə get özün al!
    Q o n ş u. Özüm necə alım? Soruşmazlar ki, ya, xalaoğlu, sosiska düzəldən babasan, özün də deyirsən ki, bir qəpik qazancım yoxdu, bəs hardandı səndə bu qədər pul?
    K i ş i. Kim soruşacaq?
    Q o n ş u. Ehtiyat igidin yaraşığıdı! Dünyanın işlərini bilmək olmaz!
    K i ş i. Indi bazar iqtisadiyyatıdı! Sovet hökuməti getdi!
    Q o n ş u. Bəs birdən qayıtdı?
    K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə...
    Q o n ş u. Nə?
    K i ş i (hirsli). Yox! Mən almayacağam! (Sürətlə səhnədən çıxır.)
    Q o n ş u. Bu bədbəxt deyəsən o söz! (Baş barmağını aparıb gicgahında fırladır.) Başlayıb özözünə danışmağa... (Konverti yenə də arxasında qayışının altına keçirə-keçirə Kişinin ardınca) Qonşu!.. Qonşu!.. (Səhnədən çıxır.)
    İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL


    Kişinin evi. Axşam. K i ş i, A r v a d, O ğ u l, Q ı z, P r o f e s s o r, Partiya lideri, X a n ı m. Kişi oturub qəzetlərə baxır. Oğul, Marksın «Kapital»ını oxuyur.
    O ğ u l. «Kapital» bəşər dühasının ən böyük əsəridir! K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... Gözəl bir axşamdı... Sən də istirahət edirsən...
    Pauza.
    O ğ u l. Mən hər dəfə «Kapital»ı oxuyanda yeni kəşflər edirəm!
    K i ş i (özünü saxlaya bilmir). Necə yəni, hər dəfə oxuyanda? (Daha da qızışır.) Altı aydı! Yenə doqquzuncu səhifədə deyilsən? Oğul (pərtliyini gizlətmək istəyir). Xeyr! Xeyr! Bu Marksdı! Onun gərək hər cümləsini dərk edəsən!
    A r v a d (səhnəyə daxil olaraq əlindəki kağızı Kişiyə uzadır). Al...
    K i ş i. Bu nədi?
    A r v a d. Birdən yenə səhər elə çıxıb gedərsən ki, xəbərimiz olmaz. Spisokdu, sabah görəcəyin işlərin siyahısı!
    K i ş i (siyahını götürərək öz-özünü sakitləşdirir). Sakit ol... Nə var ki?.. Hər şey əladı!.. Sakit...
    A r v a d. Nə deyirsən elə?
    K i ş i (eləcə öz-özünə).
    Dünya gözəldir...
    Həyat gözəldir...
    A r v a d. Nə olub e sənə axır vaxtlar? Elə bil... iraq olsun... öz-özünə danışırsan... Hə?
    K i ş i (eləcə öz-özünə). Sakit ol... sakit...
    A r v a d. Eh!.. Bir gözəl lüstürümüz asılaydı tavandan, biz də bu axşam oturaydıq onun işığında!.. (Oğula tərəf) Qorxuram belə işıqda oxumaqdan uşağın gözləri xarab ola...
    O ğ u l. Koneçno!
    Qapının zəngi çalınır.
    Kimdi axşam vaxtı?
    Oğul tələsik yerinə oturur və başını daha da aşağı dikib cidd-cəhdlə proletar sinfinin mənafeyini müdafiə edən və dünyanın başına turp əkmiş məşhur alman iqtisadçısının mütaliəsinə girişir.
     (Kişiyə) Qapını aç.
    Kişi tərs-tərs Oğula baxır və qalxıb səhnədən çıxır.
    O ğ u l (gözlərini kitabdan çəkmədən). Pəh!.. Dəryadı, dərya!..
    K i ş i (səhnə arxasından). O-o-o!.. Professor!.. Salam!.. Salam!.. (Əlində yekə və köhnə portfel tutmuş Professorla birlikdə səhnəyə daxil olurlar.) Siz hara, bura hara?
    A r v a d. Xoş gəlmisiz!
    O ğ u l. Zdravstvuyte!
    K i ş i. Necəsiz?
    P r o f e s s o r. Bismillahir-rəhmanir-rəhim!.. Allah deyib, durmuşam!
    K i ş i (heyrətlə). Profes-s-sor!.. Bu doğrudan sizsiz?
    P r o f e s s o r. Allah qoysa, mənəm!
    Pauza.
    K i ş i. Sizsiz?
    P r o f e s s o r. Inşallah, mənəm!..
    K i ş i. Siz ha?!
    O ğ u l (təngimiş halda). Ay papa! Day bu yoldaş deyir ki, mənəm də! Özüməm!
    K i ş i (elə bil Oğulu eşitmir və əvvəlki heyrətlə). Bəs... Bəs bu nə sözlərdi belə?
    P r o f e s s o r. Nə sözlər?
    K i ş i. Axı, siz... siz bizə elmi ateizmdən mühazirələr oxuyurdunuz... Siz qırx il universitetdə ateizmdən dərs demisiz... Vaxtilə Allahsızlar Şurasının sədri olmusuz... Dinin əleyhinə o qədər məqalə, kitab yazmısız...
    A r v a d. Əstəğfürullah!.. Mən gedim çay gətirim...
    P r o f e s s o r. Eh... Ey mənim keçmiş tələbəm! Sənin nə işinə qalıb, sandığı açıb köhnə tuman-köynəyi eşələyirsən? Dünən dünən idi, bu gün, şükür rəbbimizə, bu gündü, sabah da, inşallah, Allah-taala qismət eləsə, sabah olacaq! Mən indi Allah bəndəsiyəm! Gündə üç dəfə namaz qılıram!
    K i ş i. Oruc da tutursuz?
    P r o f e s s o r. Əl-əlbət, tuturam! Əl-əlbət! (Əlini qarnına sürtə-sürtə, kənara) Onsuz da indi professorların hamısı orucdadı də!..
    K i ş i. Vallah, belə şeyləri görəndə az qalır adamın başı xarab olsun!
    P r o f e s s o r. Namaz qıl, dua elə, başın da xarab olmasın! Bax, mənim kimi! Yoxsa indi mən dəlixanada padşahlıq edirdim!
    K i ş i. Deyirsiz dua eləyim də?
    P r o f e s s o r. Əl-əlbət! Əl-əlbət! Dua elə və yaxşılıq elə! O yaxşılığın birini də mənə elə!
    K i ş i. Nə yaxşılıq, Professor?
    P r o f e s s o r. Allah qoysa, müqəddəs yerləri ziyarətə getmək istəyirəm. Ancaq, əzizim, ey mənim sevimli keçmiş tələbəm, tək mənim istəyim, əlbəttə, bir qoz!.. Kimdi indi professor istəyinə məhəl qoyan? Indi bazar iqtisadiyyatıdı! (Baş barmağını barmağına sürtür, yəni ki, indi pul lazımdı.) Bizim də ki, cibişdanımızda siçan oynayır!..
    K i ş i. Bəs mən nə etməliyəm?
    P r o f e s s o r. «Ülviyyət» Beynəlxalq Xeyriyyə Cəmiyyəti var, bilirsən?
    K i ş i. Bilirəm...
    P r o f e s s o r. Bilirəm, bilirsən... Elə ona görə də sənin yanına gəlmişəm. Imkanlı cəmiyyətdi, ancaq zalım uşağı, ya gərək rüşvət alıb bir iş düzəltsinlər, ya gərək adamın olsun, ya da gərək mətbuat yazıb onları reklam eləsin ki, bunlar ülvi hisslərlə millət naminə müqəddəs işlər görürlər. Düzdü, möhtərəm Ekstrasens Falçı Ağabacı söz verib ki, məni onlara tapşıracaq, amma hər dəfə qoroskopa baxır, deyir ki, hələ vaxtı çatmayıb...
    K i ş i. Kim qoroskopa baxır?
    P r o f e s s o r. Falçı Ağabacı!
    K i ş i. O kimdi elə?
    P r o f e s s o r. Falçı Ağabacı?
    K i ş i. Hə.
    Pauza.
    P r o f e s s o r. Tanımırsan?
    K i ş i. Yox.
    P r o f e s s o r. Ola bilməz!
    K i ş i. Vallah tanımıram...
    P r o f e s s o r. Ömründə ola bilməz!
    Pauza.
    O ğ u l. Vot tebe raz!..
    K i ş i. Professor...
    P r o f e s s o r (ruh yüksəkliyi ilə). Möhtərəm Falçı Ağabacı çox böyük adamdı! Çox! Çox e, çox!.. «Ülviyyət»di, o birisidi, bu birisidi, onun əlində tum cırtdamaq kimi bir şeydi! Intəhası mənim bəxtim belədi... Qoroskop möhtərəm Falçı Ağabacıya imkan vermir!.. Indi istəyirəm ki, sən «Ülviyyət»lə danışıb o gözəl qələmini salasan işə!.. Guya ki, xeyriyyəçidilər, millət yolunda cəfa çəkirlər-filan!.. Sonra da xahiş edəsən ki, mənə maddi yardım eləsinlər, Allah izn versə, gedib o müqəddəs yerləri ziyarət edim... Ancaq əsas məsələ odu ki, adama on kilo da qoyun əti verirlər...
    K i ş i. Qoyun əti?
    P r o f e s s o r. Bəli! (Udqunur.) Belə, yaxşı, yağlı qoyun əti! On kilo! (Sinə dolusu iyləyir.) Təptəzə ət!..
    K i ş i. Yaxşı, onda qoy əvvəlcə bir neçə gün dua eləyim, sonra sizin xahişlə məşğul olaram!
    Arvad çay gətirir.
    P r o f e s s o r. Yox, xələfim, yox!.. Sən əvvəlcə mənim on kilo (udqunur) qoyun ətimin məsələsini həll elə, sonra, Allah qoysa, dua eləyərsən!
    A r v a d. Buyurun, əyləşin...
    P r o f e s s o r. Yox! Çox sağ olun! Tələsirəm! (Cibindən kağız çıxarıb baxır.) Bu gün hələ o qədər görəsi işim var ki!..
    K i ş i (həyəcanla). Professor!
    P r o f e s s o r. Nədi, xələfim?
    K i ş i. Siz də spisokla çıxırsız evdən?
    P r o f e s s o r. Indi hansı kişi evdən spisoksuz çıxır?
    K i ş i. Ah!.. (Kövrəlib Professoru qucaqlayır.) Doroqoy brat moy po nesçastyu! Sizin ətin məsələsiylə mütləq məşğul olacağam!
    P r o f e s s o r (udqunur). Çox sağ ol! Indi isə xudahafiz! Sizi Allaha tapşırıram! (Səhnədən çıxır.)
    O ğ u l (gözlərini kitabdan çəkmədən heyranlıqla). Dəryadı, dərya!..
    A r v a d (ərinə). Camaata ət düzəldirsən, özümüz qalmışıq bu qaranlıq otaqda!.. Krantı nə qədər bağlayırsan, bağlanmır!.. Saatın batareyası yatıb!.. Televizor elə göstərir ki, göstərməsə, ondan yaxşıdı!..
    Qapının zəngi çalınır.
    Axşam vaxtı bu camaata nə olub belə? Nə yaxşı, hamının yadına düşmüşük!.. Qapını açın!
    Oğul qapını açmağa getməsin deyə, başını bir az da kitabın üstünə əyir. Kişi hirslə onun əlindəki kitaba tərəf boylanır.
    K i ş i. Hələ də doqquzuncu səhifədədi e!.. (Qapını açmağa gedir.)
    Partiya l i d e r i (səhnə arxasından). Salam, əziz dost!
    X a n ı m (səhnə arxasından). Xoş gördük sizi!
    K i ş i. Salam. Salam. Keçin içəri.
    Səhnəyə daxil olurlar.
    A r v a d. Xoş gəlmisiz! Əyləşin!
    X a n ı m. Vallah, bu siyasi mübarizədən bir dəqiqə də başımız açılmır! Güclə vaxt tapdıq ki, gəlib sizi yoluxaq...
    A r v a d. Yaxşı eləmisiz. (Kənara) Hələ bir minnət də qoyurlar e... (Bərkdən) Çox sağ olun!
    P a r t i y a l i d e r i (Oğula işarə ilə). Bu yenə Marks əmisini oxuyur?
    O ğ u l (ayağa qalxıb, çılğın). Mən sizin siyasi prinsiplərinizə toxunmuram!
    P a r t i y a l i d e r i. Bizim siyasi prinsiplərimiz xalqın sınağından çıxıb! Sizinki isə çıxmadı!
    O ğ u l. Xeyr! Gələcək kommunizmindir! Biz hələ sizə göstərəcəyik!
    K i ş i. Yaxşı, bəsdirin! Bura mitinqdi?
    Q ı z (qapını açdığı açarı əlində oynada-oynada səhnəyə daxil olur). Salam! Suzikdən də hamınıza salam var!
    X a n ı m (yavaşdan Partiya liderinə). Bir adamın ki, adı Suzik ola!.. Gör indi bu nə səfehdi də!..
    A r v a d. Sağ olsun...
    O ğ u l. Toje mne... (Səhnədən çıxır.)
    Q ı z (Partiya liderli ilə Xanıma tərəf yaxınlaşaraq). Necəsiz?
    X a n ı m. Eh!.. Necə olacağıq? Siyasi mübarizələr içində!..
    Q ı z. Bilirsiz... Suzik sizin partiyaya üzv olmaq barədə düşünür...
    X a n ı m (sevincək). Hə? ( Partiya liderinə.) Sənə demirdim? Mənim ürəyimə dammışdı ki, o çox ağıllı oğlandı!
    Q ı z. Ancaq...
    X a n ı m (nigaran). Nə ancaq?
    Q ı z (bir az bikef). Ancaq... deyir ki... orda sədr yeri də tutulub... Baş katib yeri də...
    X a n ı m. Nə olsun? Qoy gəlsin bizim partiyada ideoloji katib olsun! (Partiya liderinə baxır.)
    P a r t i y a l i d e r i. Olar...
    Q ı z. Görək də...
    P a r t i y a l i d e r i (Kişiyə). Gəlsənə sənlə həyətə düşüb bir az gəzişək? Bir söhbətim var...
    K i ş i (dərindən bir ah çəkir). Düşək də...
    Q ı z. Suzik deyir ki...
    İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL


    Bağça. K i ş i, Partiya l i d e r i, D o s t.
    P a r t i y a l i d e r i. Bilirsən, əziz dost, yenə sənə bir balaca işim düşüb...
    K i ş i. Yenə?
    P a r t i y a l i d e r i. Hə...
    K i ş i. Bilirsən, mənim həyatımda ən böyük arzum nədi?
    P a r t i y a l i d e r i. Nədi?
    K i ş i (gözəl xəyal aləminə qapıla-qapıla). Günlərin bir gözəl günündə görəydim ki, qapının zəngi çalındı, bir gözəl Allah bəndəsi girdi içəri, dedi ki, əziz dost, əziz qardaş, əziz ata, sənə nə lazımdı? Nə kömək eləyək sənə?..
    Pauza.
    P a r t i y a l i d e r i (əlini oynadır). Ay-hay!.. Millət bu saat öz müstəqilliyi uğrunda mübarizə aparır, bu gör nə haydadı?.. Yox, əziz dost, belə olmaz!
    K i ş i (o gözəl xəyal aləmindən ayrılır). Olmaz də, deyirsən?
    P a r t i y a l i d e r i. Əlbəttə, olmaz!
    K i ş i (ah çəkir). Yaxşı... Nə olub?
    P a r t i y a l i d e r i. Bu siyasət aləmi, bilirsən də, bir müsibəti-Kərbəladı!..
    K i ş i. Sənə deyən vardı ki, gəl başıvı sox bu müsibətin içinə? Gül kimi baytar idin, oturmuşdun özünçün qoyunun, keçinin arasında!.. Bundan gözəl həyat ola bilərdi? Hayıf deyil səhərdən axşamacan qoyunla, keçiylə, itlə, pişiklə oturub-durasan, bir nəfər də insan görməyəsən?! Gül kimi heyvanlardı! Nə bir şey xahiş edirlər səndən, nə səhərdən axşamacan deyinirlər, nə lüstür istəyirlər, nə Marksdan xəbərləri var, nə də Suzikdən xəbərləri var!..
    P a r t i y a l i d e r i. Bəs millət? Bəs respublikamızın taleyi? Mən xalqımın rifahı naminə siyasi mübarizəyə qalxmışam! Bizim müstəqil respublikamız...
    K i ş i (onun sözünü kəsir). Yaxşı!.. Mənə yox də!..
    P a r t i y a l i d e r i. Bu nə sözdü? Sən mənim milli hissimə toxunursan!.. Mənim vətəndaşlıq prinsiplərim buna dözə bilməz!
    K i ş i. Bəsdi, sən Allah! (Yamsılayır.) «Mənim milli hissimə toxunursan... Mənim vətəndaşlıq prinsiplərim...» Bəs sən deyildin sovet vaxtı təklif eləyən ki, Bakının adını dəyişdirib Brejnevabad qoyaq?
    P a r t i y a l i d e r i. O zaman mən kommunizm ideallarına inanırdım! Leninə inanırdım!.. Brejnevə inanırdım!..
    K i ş i. Yenə başladın? Hərdən xudmani məclislərdə bir az vuran kimi, sən deyildin Brejnevdən biədəb anekdotlar danışan?
    Pauza.
    P a r t i y a l i d e r i. Mən axmaq da, düşməni gedib o biri siyasi partiyalarda axtarıram... (Kişiyə baxır və iki əli ilə də onu göstərir.) Bude-e-e!.. On il mənimlə bir məktəbdə oxuyan, on il mənimlə bir partada oturan bu adam, pojalusta!.. Bu da bu adamın mənim haqqımda dedikləri!.. Bir nəfər müxbir gəlib oturub bunun dediklərini yazsa, kimdi seçkilərdə məni müdafiə edən?! Hə?! (Kövrəlmiş halda) Mən isə... mən isə... müstəqil respublikamızın gələcəyi naminə sənə... bu qədər ümidlər bəsləyirdim!..
    K i ş i Olmadı də!.. Mən axı, sənin dabbaqda gönünə bələdəm, mənimlə bu dildə danışma də! Sən ad günü eləyib partiya yaratmadın? Qonaqlığa gələn qohumların indi də elə bilirlər ki, o vaxt zarafat eləyib onlara protokol imzalatdın ki, guya sənin ad günün yox, təşkilat komitəsinin təsis iclasıdı...
    P a r t i y a l i d e r i. Sən... sən... sən demokratiyanın əleyhinəsən! Bizim müstəqil respublikamız...
    K i ş i. (onun sözünü kəsir). Onda mən getdim! (Uzaqlaşmaq istəyir.)
    P a r t i y a l i d e r i (tələsik). Yaxşı... Dayan...
    K i ş i.. Yox, daha bəsdi!..
    P a r t i y a l i d e r i. Bir dəqiqə də!..
    K i ş i. Onda boynuva al!
    P a r t i y a l i d e r i. Nəyi boynuma alım?
    K i ş i. Boynuva al ki, mən düz deyirəm!
    Dost səhnəyə daxil olur.
    D o s t. O-o-!.. Pəki!.. (Kişiyə) Nə gözəl oldu səni burada buldum! Gün aydın!
    K i ş i. Salam. (Partiya liderinə) Bu mənimlə bir məhəllədə böyüyüb. (Dosta) Bu da mənimlə bir məktəbdə oxuyub.
    D o s t. Pək əla! Pək əla!
    K i ş i. Sən qalx bizə, indi gəlirik.
    D o s t. Əvət!.. Əvət!..
    Dost gedir.
    K i ş i. Hə, düz deyirəm, yoxsa yox?
    P a r t i y a l i d e r i. Yaxşı, düz deyirsən... Neynəyim mən? Haçanacan baytar olacam? Mən də bir vəzifə istəyirəm! Mən də adam balasıyam, yoxsa yox? Keçəl, qotur, hamısı vəzifə daşıyır! Bə mənim nəyim əskikdi?
    K i ş i. Eh, öz xeyrini bilməyən nankor insan!.. Inəyin, öküzün, atın qədrini bilmədin! (Elə bil ki, öz-özünə) Eşşəyin qədrini bilməyən eşşək!..
    P a r t i y a l i d e r i. Nə?
    K i ş i. Nə nə? Heyvandı, dayanıb baxır üzünə! Ağzını açıb bir söz demir ki, qanın qaralsın! Sataşmır sənə! Paxıllıq eləmir! Dalınca danışmır! Ey qədri-bişünas! Öz gözəl günlərinin qədrini bilmədin!.. Indi nə istəyirsən?
    P a r t i y a l i d e r i. Mətbuata bir informasiya sızdır...
    K i ş i. Nə informasiya?
    P a r t i y a l i d e r i. Ona, yəni ki, mənə, Aqrar Siyasət naziri vəzifəsini təklif ediblər, amma mən razılıq verməmişəm...
    Pauza.
    K i ş i. Nə?
    P a r t i y a l i d e r i. Hə də!.. Səhərdən demirsən ki, keçi belə gəldi, eşşək belə getdi? Bunlar aqrar siyasətdi də! Dövlətin Aqrar Siyasət naziri! Qoy qəzetlər başlasınlar adımı hallandırmağa!.. Heyvandar biznesmenlərdən tutmuş, balıqsatanlaracan, – balıq da, kürü də aqrar sektordu də! – Hə, balıqsatanlaracan o saat partiyanın hesabına pul keçirəcəklər, fikirləşəcəklər ki, birdən sabah elə belə də olar!.. Sənə deyim ki, bunu dahiyanə fikirləşmişəm!.. Qoy o biri partiyalardakı rəqiblərimin paxıllıqdan ürəyi partlasın!
    Pauza.
    K i ş i. Yox, mən bunu eləyə bilmərəm!
    P a r t i y a l i d e r i (təəccüblə). Niyə? Bu sənin əlində su içmək kimi asan bir şeydi ki!..
    K i ş i (öz-özünə). Sakit ol... Əsəbiləşmə... Hər şey düzələcək... Darıxma...
    P a r t i y a l i d e r i. Nə deyirsən? Eşitmirəm.
    K i ş i (birdən özünü saxlaya bilməyib bağırır). Yox!.. Yox!..
    P a r t i y a l i d e r i (bağırtıya bağırtı ilə cavab verir). Onda mən heç səni tanımıram! Haram olsun sənə, bir yerdə oxuduğumuz o müqəddəs məktəb dərslikləri! Getmirəm sizə! Get, denən, arvad düşsün aşağı! (Birdən-birə yumşalır.) Bura bax, bəlkə eləyəsən? Hə? Mənim xətrimə!..
    K i ş i (qışqırır). Vallah mən dəli oluram!..
    İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL


    Kişinin evi. A r v a d, X a n ı m, Q ı z, D o s t, K i ş i.
    A r v a d. Bax, lüstür bu gündə!.. Vallah, ev dağılır, heç bilmirəm bunun təmiri necə olacaq? Su gəlmir!.. Unitazın qapağı sınıb!.. Qaz kalonkası istəyəndə yanır, istəməyəndə yanmır!.. Heç bilmirəm başıma haranın daşını salım?
    X a n ı m. Niyə bilmirsən? Bizim partiyanın!
    A r v a d. Nə? Sizin partiyanın daşını?
    X a n ı m. Yox e, deyirəm ki, gəl bizim partiyanın üzvü ol!
    A r v a d. Onda unitazın qapağı düzələcək?
    X a n ı m (kənara). Ah, belə dar düşüncəli insanlarla birlikdə necə siyasi mübarizə aparasan?.. Bu millətin axırı nə olacaq, Ilahi?
    Q ı z (səhnəyə daxil olur). Suziklə telefonla danışdım!
    X a n ı m. Hə? Nə oldu?
    Q ı z. Suzik soruşur ki...
    X a n ı m. Nə soruşur?
    Q ı z. Suzik soruşur ki... sizin partiyada ticarət üzrə katib yeri yoxdu?
    Pauza.
    Ya da gömrük üzrə?
    Pauza.
    D o s t (səhnəyə daxil olur). Qapını açıq qoymusuz... Dost belə olar!.. Dost qapısı həmişə dost üzünə açıq gərək! Mərhaba!.. Mərhaba!.. (Qəfildən Xanımı görərək yerində donur.)
    A r v a d (kənara). Yenə gəlib bəxtəvər eləyib bizi... (Dosta) Xoş gəlmisiz!.. Əyləşin... Mən də bu saat çay dəmləyib gətirirəm.
    Q ı z. Mən də Suzikə zəng eləyim.
    A r v a d. Indicə danışdın ki, onunla...
    Q ı z. Nə indicə? Gör nə qədər keçib?
    Arvad və Qız səhnədən çıxırlar.
    D o s t (həyəcanla). Sabahınız xeyir...
    X a n ı m (təəccüblə). Indi axşamdı ki...
    D o s t. Əvət!.. Qüsura baxmayın... Üzr diləyirəm... Bu kəndimdən asılı olmadı... Mən indi sizi görəndə, yenə də elə bil iyirmi il bundan qabaqkı kimi, günəş gördüm...
    X a n ı m (sövq-təbii bir qəmzə ilə). Yox...
    D o s t. Əvət! Əvət! Bu, kəndimi bürümüş həyəcandandı!.. Bu iyirmi il...
    X a n ı m (onun sözünü kəsir). Bu iyirmi ildə çox şey dəyişib... Siz də dəyişmisiz... Saçınız tökülüb... Saqqal qoymusuz...
    D o s t. Fəqət siz dəyişməmisiz!
    X a n ı m. Yox, canım... Mən də dəyişmişəm... Ailə həyatı qurmuşam...
    D o s t (tələsik). Yox, mən subayam!
    X a n ı m. Axı, siz bir bolqar qızı ilə komsomol toyu eləmişdiz. Bunu o vaxt bütün qəzetlər yazmışdı. Yadıma gəlir, toyda Brejnevə və Todor Jivkova təşəkkür məktubu qəbul etmişdiz!
    D o s t. Bütün bunlar şimdi əbədi bir keçmişdə qalmışdır! Keçmiş həyat yoldaşım mənim türkçülüyümə dözə bilməyib Bolqarıstana qayıtdı...
    X a n ı m. Siz indi türkçü olmusuz?
    D o s t. Əvət! Əvət! Mən şimdi itimin adını Todor Jivkov qoymuşam!
    X a n ı m. Itinizin adını?
    D o s t. Əvət! Biz müasir türk dünyasına Atilla günəşinin şüalarını saçmalıyız!
    X a n ı m. Axı... axı, yadıma gəlir, qabaqlar mən sizi bir dəfə televizorda gördüm... Siz... siz onda Atillanı mürtəce bir hökmdar adlandırırdız, deyirdiz ki, istismar edən sinfin cəlladı olub...
    D o s t. Xeyr! Xeyr! Siz nə danışırsız?
    X a n ı m. Bunu mən demirəm e, o zaman siz deyirdiz...
    D o s t. Xeyr! Belə olmaz! Atilla qəhrəmanlıq simvoludu!
    Kişi səhnəyə daxil olur və onların söhbətini eşidib dayanır.
    Xanım və Dost təbii ki, onu görmürlər.
    D o s t (xəyala dalaraq). Iyirmi il bundan qabaq... Universitet illəri...
    X a n ı m. Onda siz fakültənin komsomol katibi idiniz...
    D o s t. Xeyr!.. Siz nə üçün ancaq ictimai hadisələri xatırlayırsız? (Romantik əhvali-ruhiyyə ilə) Sizi ilk dəfə gördüyüm o işıqlı gün... Sonra o işıq həmişə mənim ürəyimdə olub... Sizinlə birlikdə sinemaya getdiyimiz o gün...
    X a n ı m. Yadımdadı... Biz onda «Çapayev» filminə baxdıq...
    D o s t. Siz o filmi yox, qaranlıq zalda yanaşı oturmağımızı yadınıza salın... Gəlin biz ictimai xatirələrdən tamam uzaqlaşaq!.. Onlar əbədi bir keçmişdə qalmış qara xatirələrdi... O qaranlıq zalın işıq saçan xatirələrinə qayıdaq! Gəlin, kəndimizə qayıdaq!.. (Daha artıq bir ruh yüksəkliyi ilə.) Gəlin... gəlin biz yeni bir həyat quraq!.. Biz öz məhəbbətimizin timsalında türk dünyasının ölməz ənənələrini yaşadaq!
    X a n ı m (təşvişlə). Siz nə danışırsız? Mən ömrümü həyat yoldaşıma və onun siyasi mübarizəsinə həsr etmişəm! Bir də belə sözlər danışmayın! Eşidən olar... Belə sözlər mənim həyat yoldaşımın siyasi karyerasına ziyan gətirər!.. Siz nə danışırsız?
    D o s t (get-gedə vəcdə gələrək). Xeyr! Mən bu sözləri özümə görə demirəm! Mən bütün türk dünyasını duyuram! Hiss edirəm!.. Siz mənim üçün elə bir enerji mənbəyi olardınız ki, mənim türk dünyasındakı fəaliyyətim xarüqələr yaradardı!..
    X a n ı m. Xahiş edirəm bir daha belə sözlər danışmayasız!.. Mən razı ola bilmərəm ki, mənim həyat yoldaşımın siyasi karyerasına xələl toxunsun!.. Görürsüz, pis qadınlar Klintonu necə incidirlər? Mən buna razı ola bilmərəm!
    D o s t. Xeyr! Siz qorxa bilməzsiz! Siz boz qurd ürəkli türk xanımlarının nəvəsisiniz! Mən sizi kökünüzə, soyunuza qaytaracağam! Biz yeni bir həyat qurmalıyıq!
    X a n ı m. Yenə belə sözlər danışırsız? (Birdən-birə coşğun bir ruh yüksəkliyi ilə.) Gəlin... gəlin biz həqiqət aşiqi olaq!
    Pauza.
    D o s t. Nasıl?
    X a n ı m. Həqiqət aşiqi!
    D o s t. O nasıl olur?
    X a n ı m. Siz bizim partiyaya daxil olun!
    D o s t. Sizin partiyaya?
    X a n ı m. Bəli!
    D o s t. O nə partiyadı elə?
    X a n ı m. Azərbaycan Ali Həqiqət Partiyası! (Yumruğunu yuxarı qaldıraraq ehtirasla) Ölkəmizin aparıcı partiyası! Biz xalqımızın rifahına nail olmaq üçün hakimiyyət uğrunda mübarizə aparırıq! Gəlin! Gəlin biz sizinlə əqidə dostu olaq! Məslək yoldaşı olaq! Mənim həyat yoldaşım bizim partiyanın sədridir! Mən də Baş katibəm! Gəlin, siz də ideoloji katib olun!
    D o s t. Axı, mən pantürkist olmuşam!
    X a n ı m. Nə olsun? Bizim siyasi savadı çatışmayan camaatımızdı buna pis baxan! Türkiyədə, kim istəyir, bu partiyadan çıxıb o birinə girir! Siz də indi bizim partiyanın ideoloji katibi olun!
    K i ş i (boğazını arıtlayır.) Əhə-əhə!..
    X a n ı m (onu görüb özünü itirərək yavaşdan). Ah, görəsən heç nə eşitmədi ki?..
    D o s t. Gəldin?
    K i ş i. Gəldim və gedirəm!
    D o s t. Hara gedirsən? Mənim səndən xahişim var axı!
    K i ş i. (o biri otağa gedə-gedə). Yox! Mən qurtardım daha! Mənim başım çatdayır! Mən daha dözə bilmirəm! (Xanıma) Əriniz sizi həyətdə gözləyir! (Səhnədən çıxır.)
    D o s t. Buna nə olub belə?
    X a n ı m (eyni təşvişlə). Görəsən, bizim söhbətimizi eşitmədi ki?
    D o s t. Siz nə üçün belə həyəcanlanırsız? Axı, siz Tomrisin nəvəsisiz!
    X a n ı m. Xeyr! Mənim nənəmin adı Nisəbacı idi!
    D o s t (eyni şövqlə). Siz Nüşabənin nəvəsisiz!
    X a n ı m. Yox! Mənim o biri nənəmin adı Qızxanım idi! Mən getdim!.. (Səhnədən çıxmaq istəyir.)
    D o s t. Bir dəqiqə əcələ edin! (Onun ardınca gedir.)
    X a n ı m. Yox!
    A r v a d (əlində məcməyi səhnəyə daxil olur). Hara gedirsiz? Bəs çay?
    Q ı z (tələsik səhnəyə gəlir). Suzik deyirdi ki...
    İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL

    Kişinin evi. Bazar günü. Səhər. A r v a d, O ğ u l, Q ı z, K i ş i, D o s t. Arvad xalatda və əlində siyahı, Oğul trusik-maykada və əlində tutduğu «Kapital»ı diqqətlə oxuya-oxuya, Qız pijamada əsnəyə-əsnəyə tualetin qapısı ağzına düzülüblər.
    A r v a d (tualetin qapısını döyür). Çıx də, səhərdən ordasan!.. Siyahı da, dünən necə yazıb qoymuşam, eləcə qalıb stolun üstündə! Bunları indi çoxdan almalıydın, gün günortanı keçib! (Siyahını oxuyur.) Çörək almalıydın!.. Göyərti yoxdu evdə, bir dənə keşniş, bir dənə turp, bir dənə şüyüd...
    Q ı z. Suzik deyir ki, dünyada ən çox vitamin şüyüddədi! (Oğuldan əvvələ keçmək istəyir.) Sən məndən sonra gəlmisən...
    O ğ u l (onu qabağa buraxmır). Yox, sən məndən sonra gəlmisən!..
    A r v a d (tualetin qapısını döyür). Nə edirsən e orda bu qədər?
    Q ı z. Suzikin tualetə girməyi ilə çıxmağı bir olur!
    O ğ u l (oxuduğundan vəcdə gələrək). Dəryadı, dərya!
    Q ı z (kitaba boylanır). Yenə doqquzuncu səhifə!
    O ğ u l. Sən mənim şəxsi həyatıma qarışma!
    Q ı z. Sən məndən sonra gəlmisən!
    A r v a d (tualetin qapısını döyərək artan bir nigarançılıqla). Niyə çıxmırsan?
    K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..
    A r v a d. Nə?
    Q ı z. A-a-a!..
    K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..
    A r v a d. Nə deyir belə?
    Q ı z. Bilmirəm...
    K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..
    A r v a d (həyəcanla tualetin qapısını döyəcləyir). Çıx ordan!
    Q ı z. Istəyirsən Suzikə zəng eləyim?
    Qapının zəngi çalınır.
    A r v a d. Bu kimdi belə, bazar günü, səhər-səhər? (Qapını açmağa gedir.) Kimdi orda?
    D o s t (səhnəyə daxil olaraq). Iyi günlər!
    A r v a d (onun ardınca gələrək). Bağışlayın, hələ geyinməmişik...
    D o s t. Eyb etməz, mən də sizin arkadaşınız... Yoldaşınızla vacib söhbətim var... Tezdən gəldim ki, onu evdə bulum.
    K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..
    Dost təəccüblə Arvada baxır.
    A r v a d. Səhərdən bura girib, çıxmır... (Tualetin qapısını döyəcləyir.) Çıxırsan?
    O ğ u l (oxuduğundan vəcdə gələrək). Fikrin dərinliyinə bax e!.. Dəhşətdi, dəhşət!..
    K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..
    D o s t. Əfəndim?
    Tualetin qapısı açılır və saçları pəjmürdə Kişi səhnəyə daxil olur.
    K i ş i. Düz otuz yeddisini əzdim!
    A r v a d. Otuz yeddisini əzdin?
    K i ş i. Bəli!
    A r v a d. Nəyin otuz yeddisini əzdin?
    K i ş i. Əjdaha boyda milçəklərin! (Dosta baxır və əllərini geniş açıb göstərir.) Bax, bu boyda!
    D o s t (şaşırmış). Iyi sabahlar...
    K i ş i (ona yaxınlaşaraq, əllərini daha da geniş açır). Bax, bu boyda!
    D o s t. Bu nə danışır? (Ürkmüş halda səhnənin bir küncünə çəkilib dayanır.)
    A r v a d. Sənə nə olub, əzizim?
    K i ş i. Belə ev olar? Evdə də bu boyda milçəklər olar? Bu qədər tarakan olar? Hər biri krakadil boyda!
<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.01.2014) | Müəllif: R.C E W
Baxış: 1035 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more