Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Gümüşü, narıncı, məxməri...
GÜMÜŞÜ, NARINCI, MƏXMƏRI...


    Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb müharibədənqalma şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı və sidqürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.
    Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik şıdırğı yağmırdı ki, adamın canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı.
    Ayna arvad da artırmaya çıxıb həyətə boylandı və o da ürəyində havanın qarasına deyindi.
    Amma bu saat bu evdə bir adam da vardı ki, bu gecikmiş payız da, bu zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin adam – Allahverdi – keflə yatırdı isti yorğan-döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir papaq. Hamı heyrətlə gah Allahverdiyə baxırdı, gah da Allahverdinin başına qoyduğu bu papağa. Allahverdi də bundan qürurlanırdı. Birdən o gördü ki, dədəsi bazar başından ona sarı gəlir. Doğrudan da, Allahverdinin dədəsi oğluna yaxınlaşıb başına qoyduğu papağa baxdı və həmişəki zəhmlə soruşdu:
    – O nədi, ə, qoymusan başına?
    Allahverdi ağzını açmağa macal tapmamış dədəsi yenə nə isə qışqırdı. Qəşəm kişi artırmada dayanıb yenə üzünü Allahverdi yatan otağa sarı tutdu və qışqırdı:
    – Ə, Allahverdi, gün günortanı keçdi, dursana!
    Allahverdi var gücü ilə çalışdı ki, rayon mərkəzindəki dəlləkxananın yanından heç hara getməsin, amma mümkün olmadı, çünki Qəşəm kişi bu dəfə açıq-aşkar hədə-qorxu gəldi:
    – Ə, Allahverdi!
    Allahverdi hələ də gözünü açmayıb isti yorğan-döşəyində bu səhər axırıncı dəfə gərnəşdi – bilirdi ki, bir azdan bu istini də, bu yuxunu da həyətdəki boz payız əvəz edəcək – sonra gözünü açıb zoğalı boya ilə rənglədikləri tavana baxdı və ərinə-ərinə soruşdu:
    – Nədi e?
    Əlbəttə, Allahverdi özü lap yaxşıca bilirdi ki, iş nə yerdədir: həmişəki kimi, əvvəlcə göydəmir ürgəni tövlədən çıxarıb arxa suvarmağa aparmalıydı, sonra qayıdıb Qızıl inəyi naxıra qoşmalıydı, sonra bir-iki qucaq odun doğramalıydı, sonra isə, isti südlə pendir-lavaşını yeyib dərsə getməliydi. Bunların hamısını yaxşı bilirdi, amma hər dəfə də dərsə hələ iki saat qalmış yuxudan durmaq müsibət idi onun üçün, ələlxüsus da payızın bu çiskinində.
    Eybi yox, az qalmışdı, lap az qalmışdı Bakıya gedib instituta girməyinə: qış gəlib keçəcəkdi, yaz gəlib keçəcəkdi, sonra da yay gələcəkdi – imtahan imtahan dalınca – sonra da xudahafiz, göydəmir ürgə, xudahafiz Qızıl inək, xudahafiz, vələs saplı balta. Imtahanlar çətin olacaqdı – aydın məsələdir – amma nə qədər çətin olsa da, səhərin gözü açılmamış hövlnak isti yorğan-döşəkdən qalxıb payızın çiskininə girməkdən min dəfə asandı.
    Qəşəm kişinin lap səbri tükənmişdi:
    – Ə, noldun?!
    – Durdum e, durdum!..
    Allahverdi yorğanı üstündən atıb çarpayıda oturdu, yekə ayaqlarının altındakı cecimdə toxunmuş ceyran sürüsünə baxdı, sonra qızarmış gözlərini qırpa-qırpa geyinməyə başladı.
    Qəşəm kişi Qızıl inəyi tövlədən çıxarıb artırmanın altına çəkdi. Qızıl inəyin buzovu da quyruğunu yelləyə-yelləyə canfəşanlıqla düşdü anasının dalına. Üşüyə-üşüyə artırmadakı əl-üzyuyanda xala xətrin qalmasın yuyunan Allahverdinin buzova yazığı gəldi və ürəyində fikirləşdi ki, ay yazıq buzov, sənin təqsirin nədir ki, gül kimi tövləni qoyub düşürsən bu sısqa çiskinin altına.
    Qəşəm kişi buzovu inəyin qıçına bağladı, Allahverdinin anası Ayna arvad da artırmanın altında çöküb sərnici qoydu iki dizinin arasına və başladı inəyi sağmağa. Allahverdi ərinə-ərinə aşağı düşüb salamsız-kəlamsız tövləyə tərəf getdi, içəri girib göydəmir ürgəni axurdan açdı, cilovu atın başına keçirib darta-darta həyətə çıxartdı, darvazanın qapısını itələyib göydəmir ürgənin çılpaq belinə tullandı: cavan və sağlam at öz yolunu tanıyırdı və öz işini də bilirdi.
    Allahverdinin sinif yoldaşı, yəni Allahverdi ilə birlikdə kənddəki məktəbin onuncu sinfində oxuyan Məlik də həmişəki kimi əsnəyə-əsnəyə oturmuşdu kəhər madyanlarının belində və kəhər madyan da ədəb-ərkanla arxdan su içirdi, alapaça dayça da böyründə. Allahverdini görəndə Məlikin birinci sözü bu oldu ki, Səftər müəllim xəstələnib, dərsə gəlməyəcək.
    Yuxudan kal durduğuna görə hələ də aynası açılmamış Allahverdi gözlərini qırpa-qırpa:
    – Ba? – dedi və ürəyində fikirləşdi ki, yazıq Səftər müəllim neyləsin, belə sarsaq havaya da revmatizm tab gətirər? – Revmatizmi qalxıb?
    Məlik əsnəməyinə ara vermədən:
    – Hə, – dedi.
    Səftər müəllim Məlikgilin həyətbir qonşusu idi, fizika müəllimi idi və bu gün də birinci dərs fizika dərsi idi; deməli, bu gün birinci dərs olmayacaqdı. Kəhər madyan sudan doyub boynunu qaldırdı, əvvəlcə bir an müdrik-müdrik arxın o tayındakı heyva ağaclarına baxdı, sonra yenə başını aşağı salıb arxın qırağında təzə göyərmiş payız otundan otlamağa başladı. Məlik cilovu çəkib:
    – Cəfər rayona gedir, – dedi. – Axşama kino gətirəcək.
    Allahverdi yenə də:
    – Ba? – dedi və göydəmir ürgənin arxdan su dümləməsinə tamaşa elədi.
    Cəfər, Məlikin böyük qardaşı idi, özü də kinomexanik idi, iki gündən bir, üç gündən bir rayondan film gətirirdi, axşamlar klubda göstərirdi. Kinomexanik Cəfər kənddəki cavanların arasında hörmətli adam idi, amma həmin əcaib papaqlı kinooperator Bakıdan gəlib bu kəndə çıxalı Cəfərin hörmətinə bir az xələl toxunmuşdu, çünki məlum olmuşdu ki, dəvədən böyük fil var, yəni məlum olmuşdu ki, bir var hıqqana-hıqqana velosipedlə buradan rayona gedəsən, hıqqana-hıqqana da oradan bura film gətirəsən, bir də var ki, par-par parıldayan aparatı əlinə alıb tutasan gözünün tuşuna və başlayasan özün film çəkməyə.
    Bakıdan gələn kinooperator dörd gün idi ki, kənddə idi, özü də qalırdı Allahverdigildən iki ev yuxarıda olan Salman kişigildə. Dörd gün idi gəlmişdi, amma heç nə çəkə bilməmişdi, deyirdi ki, hava pisdir, gərək gün çıxsın.
    Həmin kinooperatorun başına qoyduğu qırmızı papaq Allahverdinin yadına düşdü və bayaq gördüyü yuxunu da xatırladı və fikirləşdi ki, nə münasibətlə bu qırmızı məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında durmalıymış? Orasını da fikirləşdi ki, axır günlər elə hey səfeh yuxular görür. Allahverdi qayıdıb həyətlərinə girəndə Ayna arvad buzovu açıb buraxmışdı Qızıl inəyin altına və buzov da anasının əmcəyini əmməkdə idi. Ayna arvad artırmanın altında qırmızı kərpicdən hörülmüş kürədə ocaq çatıb mis qazanda süd qaynadırdı.
    Qəşəm kişi kürəklə tövlənin peyinini kürüyüb qurtarmışdı. Allahverdi atın belindən atılıb göydəmir ürgəni tövləyə gətirdi, dəmir qaşovla tumarlamağa başladı.
    Qəşəm kişi xəlbirdən keçirtdiyi beş-altı qoşa ovuc arpanı axura tökdü və axurdakı samanla qarışdırdı, sonra dəmir qaşovu Allahverdidən alıb:
    – Yeri, bir-iki qucaq odun yar, – dedi.
    Allahverdi tövlədən çıxıb artırmanın altında bir tərəfə dəstəçin yığılmış odundan bir yekə qucaq götürdü və həyətin ortasındakı yoğun kötüyün yanına gəlib yarmağa başladı. O, vələs saplı baltanı başının üstündə hərləyib odunları bir-bir parçaladıqca, bədəninə bir istilik gəldi, canı qızışmağa başladı, yavaş-yavaş tərlədi və yavaş-yavaş da bu çiskinli payızın ürəkqısan əhvali-ruhiyyəsi çıxdı getdi işinin dalınca. Allahverdi düyünlü bir palıd kötüyünə möhkəm balta ilişdirib buğlana-buğlana dedi:
    – Səftər müəllim xəstələnib yenə, birinci dərsimiz olmayacaq.
    Artırmanın pilləkənində oturub acqarına papiros çəkə-çəkə Qızıl inəyin altındakı buzova tamaşa edən Qəşəm kişi soruşdu:
    – Yenə ayağının yelidi?
    – Hə. – Allahverdi palıd parçasını tən iki yerə böldü və fikirləşdi ki, belədir kənd həyatı, hamı bir-birini tanıyır və hamı da bilir ki, kim hansı dərdə mübtəladır. Burası doğru idi ki, Allahverdi şəhər həyatı görməmişdi, yəni, dədəsi Bakıya gedəndə hər dəfə iki-üç gündən artıq qalmamışdı dayısıgildə, amma orası da doğru idi ki, Allahverdi kənd həyatı barədə fəlsəfəyə qapılırdı, çünki Allahverdi hiss eləyirdi şəhər həyatını; yəni özünü gətirirdi gözlərinin qabağına və gözlərinin qabağında da günlərlə yaşayırdı şəhərdə: səhər-səhər qəhvəxanaya girib sosiska yeyirdi, günorta stadiona gedib futbola baxırdı, axşamçağı bulvarda gəzməyə çıxırdı və başlayırdı heç vaxt görmədiyi adamların arasında gəzişməyə. Bundan gözəl şey var ki, hər gün təzə adamlar görəsən? Yəni bundan gözəl şey var ki, hər gün yuxudan durasan və bütün gün ərzində küçələrdə, mağazalarda, bağda-bağatda indiyəcən görmədiyin adamlar görəsən?
    Qabaqlar – üç-dörd il bundan əvvəl, Bakıdan gələn asfalt yol Allahverdigilin kəndlərinin böyründən ötüb gedirdi. Allahverdigil də – kəndin bütün uşaqları – həmişə yığışırdılar yolun qırağına və saatlarla oturub Bakıdan gələn, Bakıya gedən maşınlara tamaşa edirdilər.
    Bir də görürdün bir maşın dayandı onların yanında və sürücü başını çölə çıxarıb nə isə soruşurdu onlardan – bu yol filan yerə gedir? Bu kəndin adı nədir? Filan yerə neçə kilometr qalıb?.. – onlar da canfəşanlıqla, bir-birinin sözünü kəsə-kəsə cavab verirdilər, başa salırdılar. Ya da bir şey lazım olurdu, məsələn, maşına tökməyə su lazım olurdu, sürücü su istəyirdi, uşaqlar da hamısı su dalınca qaçırdı, hamısı istəyirdi ki, köhnə kameralardan kəsib düzəltdiyi rezin vedrəsini birinci gətirsin və onun gətirdiyi suyu maşına töksünlər; hamı – təkcə Allahverdidən başqa.
    Allahverdi heç hara qaçmırdı, elə-beləcə dayanırdı yolun qırağında və başlayırdı maşının içindəki adamlara tamaşa eləməyə, sonra da gecələr yuxu görürdü, cürbəcür yuxular: özü gedərdi maşında, özü termosdan çay töküb içərdi, özü geyərdi şəhərli uşaqların geydiyi rəngbərəng paltarları.
    Üç-dörd il bundan əvvəl təzə yol çəkdilər və bu təzə yol daha Allahverdigilin kəndlərinin böyründən deyil, birbaş rayon mərkəzindən keçirdi. Uşaqlar daha bu yolun qırağına yığışmırdı, çünki daha bu yoldan maşın gəlib-getmirdi, gələndə də rayondan kəndə gəlirdi, kənddən rayona qayıdırdı.
    Allahverdi odunu gətirib kürənin yanında dəstəçin elədi və Qəşəm kişi də əlindəki papirosun kötüyünü ocağa atıb dedi:
    – Apar heyvanı qat naxıra.
    Qəşəm kişi həmişə buyruq verirdi, guya ki, Allahverdi öz işini bilmir – gündəlik işlər idi və bu günlər də Allahverdi üçün bir-birinin güzgüdəki əksi idi. Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına qatsın. Allahverdi də Qızıl inəyi darvazadan adladıb üzüaşağı gedən kəndarası araba yoluna düşdü və yenə də bayaqkı yuxusunu xatırladı və təzədən fikirləşdi ki, nə münasibətlə şəhərdən gəlmiş həmin kinooperatorun əcaib papağını başına qoyub rayondakı dəlləkxananın qabağında durmalıymış? Allahverdi bir şey barədə fikirləşəndə, yarımçıq qoymazdı, axırına çatmasaydı, olmazdı.
    Indi də naxıra qatmaq üçün o həyətdən, bu həyətdən heyvan çıxarıb bir-biriləri ilə salamlaşan, bir-birilərinə atmaca atan kəndlilərinə məhəl qoymadan xeyli götürqoy eləyəndən sonra axırda bu qərara gəldi: ona görə yuxuda həmin əcaib qırmızı məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında durmuşdu ki, başqaları kimi həmin papağa lağla baxmırdı, ürəyinin dərinliyində lap həsədlə baxırdı həmin papağa.
    Allahverdi bu qərara gəlib çıxdı və nədənsə, bu fikir onu birdən-birə kefsizlətdi, bayaq başının üstünə qaldırıb-endirdiyi baltanın gətirdiyi hərarət canından çıxıb getdi və o, yenə də üşüməyə başladı və yenə də ürəyində bu çiskinli payızı söydü. Arxadan onu səslədilər:
    – Ə, Allahverdi!
    Allahverdi geri qanrıldı və camışını qabağına qatıb ona tərəf addımlayan Salman kişiyə baxdı:
    – Nədi?
    – Şükürün qızı sənnən oxuyur?
    Allahverdi elə bil bir balaca diksinən kimi oldu, sonra da dedi:
    – Hə.
    Salman kişi demisindən dərin bir qullab vurub:
    – Onu kinoya çəkəcəklər, – dedi.
    Allahverdi qulaqlarına inanmadı:
    – Nə?
    – Kinoya çəkəcəklər onu. Nadir çəkəcək. Deyir ki, yaman kinoya düşən qızdır.
    Nadir həmin əcaib papaqlı kinooperator idi. Salman kişinin Bakıda yaşayan oğlu ilə dostluq edirdi və buna görə də düşmüşdü Salman kişigilə. Salman kişi qonağının adını qürurla çəkirdi və ona əməlli-başlı hörmət edirdi, hərçənd özü də ürəyində həmin qırmızı papaqdan pərt idi bir balaca. Allahverdi bilirdi ki, Salman kişi onun tayı-tuşu deyil və zarafat etmir, amma, həqiqətən, çox gözlənilməz xəbər idi.
    – Necə yəni kinoya çəkəcək?
    – Şükürün qızı səhəngi çiyninə alıb bulaqdan su gətirəcək, Nadir də onu çəkəcək kinoya. – Sonra Salman kişi yenə demisindən dərin bir qullab vurub təkrar etdi. – Deyir ki, yaman kinoya düşən qızdır. – Sonra da Salman kişi başını bulayabulaya xırda gözlərini qıyıb gülümsədi.
    Allahverdi bu gülümsəməyin səbəbini lap yaxşıca başa düşdü, yəni ki, qəribə adamdırlar bu şəhərlilər, bu boyda kənddə qız tapmadılar, gedib Şükürün caydaq qızını kinoya çəkirlər.
    Salman kişi «Şükürün qızı» dediyi qızın adı Sədəf idi və Sədəf birinci sinifdən ta indiyə kimi Allahverdi ilə bir sinifdə oxuyurdu. Əvvəlcə – uşaqlıqda, qonşu kənddəki məktəbə gedib-gəlirdilər, sonralar öz kəndlərində məktəb tikdilər və indi də həmin bu məktəbdə oxuyurdular.
    Sədəf nə əlaçıydı, nə də gözəl idi, hətta təhər-töhürsüz idi bir balaca və Allahverdi birdən-birə eşitdiyi bu xəbərə heç cürə inana bilmirdi; Salman kişiyə dübarə sual verməkdən özünü güclə saxladı.
    Məsələ burasındaydı ki, Sədəf Allahverdinin dərdindən hayıl-mayıl idi, yəni vurulmuşdu Allahverdiyə, amma bunu heç kim bilmirdi, bunu, ancaq Allahverdi özü bilirdi, çünki bu yay günlərin bir günündə Sədəf ona məktub vermişdi və Allahverdi də bu məktubu oxuyandan sonra heç kimə heç nə deməmişdi.
    Allahverdi Qızıl inəyin dalınca gedə-gedə bu təzə xəbər barədə fikirləşirdi və daha üşümürdü; fikirləşirdi və onu açıq-aşkar heyrət bürüyürdü, həm də nədənsə, sıxılırdı, səbəbini özü də bilmirdi.
    Salman kişinin bayaqkı sözləri onun qulaqlarından getmirdi: «– Deyir yaman kinoya düşən qızdır». Daha doğrusu, Allahverdi bu saat bu sözləri elə bil kinooperatorun öz dilindən eşidirdi: «Çox fotogenik qızdır». Bu sayaq eşidirdi, çünki kənddə qaldığı dörd gün ərzində «fotogenik» sözü kinooperatorun ağzından düşmürdü və Allahverdi də gedib lüğətə baxıb bu sözün mənasını öyrənmişdi.
    Deməli, «fotogenik qızı» axır ki, tapıb kinooperator.
    Hələ üstəlik, elə bil, həmin kinooperator Allahverdinin qulaqlarına deyirdi də:
    «– Şəhərdə yaşasaydı, kinoya çəkilməli birinci qız olardı Sədəf».
    Və Allahverdi, gəlib gözlərinin qabağında dayanmış Sədəfin qarayanız sirsifətinə, arıq bədəninə, hacıleylək qıçı kimi uzun qıçlarına baxa-baxa bir mətləb qana bilmirdi.
    Allahverdi qayıdıb evə gələndə Qəşəm kişi hinin ağzını açıb toyuq-cücəni, hinduşkaları həyətə buraxmışdı, indi də zirzəmidən çıxardığı maşın yağı ilə ayaqyolunun qapısını yağlayırdı ki, açılıb-örtüləndə cırıldamasın. Ayna arvad artırmanın altında samovara od salmışdı.
    Allahverdi yuxarı qalxıb bir az islanmış saçlarını quruladı, amma əslində təkcə saçlarını qurulamırdı, bütün başını silkələyirdi.
    Məsələ burasında idi ki, Allahverdi bütün həyatında ilk dəfə heç nə barədə fikirləşmək istəmirdi, istəyirdi ki, bütün fikirlər başından olsun. Allahverdi məhrəbanı əlüzyuyanın yanındakı mismardan asıb artırmadan aşağı boylandı və samovarın yanında dayanmış anasına acıqlı-acıqlı dedi:
    – O dudkeşi götür qoy ağzına də, gözümüz çıxdı ki!..
    Qəşəm kişi tərs-tərs oğluna baxdı və Allahverdi daha heç nə deməyib otağa girdi və dəftər-kitabını yığdığı dolabın yanına gəldi, yadına düşdü ki, Səftər müəllim xəstələnib, yenə bu gün birinci dərs olmayacaq, tələsmək lazım deyil həmişəki kimi; bir neçə an elə-beləcə dinməz-söyləməz dayandı, sonra dolabın aşağı gözünü çəkib lap dibdə, kağız-kuğuzların altında gizlətdiyi məktubu götürdü.
    Yenə bir neçə an elə-belə dinməz-söyləməz dayanıb əlində tutduğu dördkünc bükülmüş dama-dama dəftər kağızına baxdı, sonra kağızı açıb Sədəfin məktubunu bir də oxudu ürəyində:
    «Şanlı məktub!
    Allahverdi, bu məktubu sənə yazıram. Allahverdi, ömrümdə heç kimə məktub yazmamışam, bu, birinci məktubumdur. Allahverdi, bu məktubu oxuyandan sonra, heç kimə heç nə demə, bu məktubu da cır, yandır, qoy külə dönsün. Onsuz da, mən yanıb külə dönürəm, Allahverdi. Hara baxıramsa, səni görürəm. Yuxuda da həmişə səni görürəm. Fikrim özümdə olmur, Allahverdi, birdən elə bilərsən mən bütün oğlanlara məktub yazıram. Yox, Allahverdi, təkcə sənə, təkcə sənə. Qismət olsa, bir yerdə söhbət eləsək, hamısını sənə danışaram. Yenə gözlərim dolub, Allahverdi.
    Mənə cavab yaz.
    Mən ki, səni görəndən bəri,
    Açdı ürəyimin incə telləri.
    Sənsiz ayrı gəzmərəm, ey gözəl Allahverdi.
    Unutma dediyim bu sözlərimi.
    Mənə gülmə, Allahverdi. Heç kimə də heç nə demə ki, mənə gülsünlər. Bu məktubu da yandır. Sədəf».
    Məktubdakı yazının üstünə bir damcı da düşmüşdü – bir gilə göz yaşı – və göy mürəkkəblə yazılmış beş-altı hərf bulaşmışdı, amma oxunurdu – təkcə izi qalmışdı göz yaşının. Əvvəlcə Allahverdi elə fikirləşmişdi ki, Sədəf özü bilərəkdən salıb, lap adicə su damcısıdır bu, amma günlər keçdikcə və Allahverdi də bu məktubu çoxluçoxlu oxuduqca, inanmışdı ki, doğrudan da, göz yaşıdır bu.
    Sədəf bu məktubu ona verənə qədər buradakı mətləb Allahverdinin heç ağlına gəlməzdi. Doğrudur, hərdən Sədəf ona elə baxırdı ki, başqaları bu cür baxmırdı heç vaxt. O da doğrudur ki, Sədəf qəflətən onu görəndə qızarırdı, elə bil lap özünü itirirdi, amma Allahverdi heç cürə fikirləşməzdi ki, hal-qəziyyə bu yerdədir. Allahverdi bu məktubu birinci dəfə oxuyandan sonra, heç kimə heç nə demədi və indiyəcən də heç kimə heç nə deməyib, amma Allahverdi cavab da yazmadı Sədəfə və bu məktubu da yandırmadı, bir-iki gün cibində gəzdirdi, bilmədi ki, nə eləsin, sonra gətirib dolabın aşağı gözündə, lap dibdə, kağız-kuğuzların altında gizlətdi.
    Məktubu oxuyandan sonra Allahverdi Sədəfə bir kəlmə də söz demədi, səhəri gün onu görəndə özünü elə tutdu, guya ki, heç nə olmayıb. Sədəf də bir az pörtdüqızardı, amma heç nə soruşmadı. O gündən sonra Allahverdi ilə Sədəf demək olar ki, danışmırdılar, təkcə hərdənbir, o da dərs zamanı – bir-birilərinə bir söz deyəydilər, ya yox – vəssalam.
    Bu məktubu birinci dəfə oxuyanda Allahverdi bir az çaşbaş qalmışdı, amma sonra yavaş-yavaş acığı tutmağa başladı və ürəyində Sədəfi səfeh bildi.
    Allahverdi bir müddət beləcə acıqlı oldu, amma günlərin bir günündə gecə yerinə girmişdi Allahverdi, yatmaq istəyirdi, amma yata bilmirdi və necə oldusa ayağa qalxıb dərhal dolabın gözünü açdı, Sədəfin məktubunu kağız-kuğuzun altından çıxarıb təzədən yerinə girdi, heç kim xəbər tutmasın deyə, işığı yandırmadı, elə əl fənərinin işığında bir də oxudu həmin məktubu. Bu dəfə acığı tutmadı Allahverdinin, əksinə, məktub yavaş-yavaş ona ləzzət eləməyə başlamışdı, həm də ürəyində bir narahatlıq əmələ gəlmişdi, bir nigarançılıq vardı ürəyində, amma bu narahatlıq da, bu nigarançılıq da onu sıxıb-əzmirdi. Bu narahatlıq, bu nigarançılıq bir kövrəklik gətirmişdi o gecə. Bu məktubu beləcə gizlin-gizlin oxumaq onun ürəyini isindirirdi o gecə. O gecə bir ilıqlıq vardı ürəyində.
    Sonralar hərdənbir Allahverdi bu məktubu dolabın aşağı gözündən çıxarıb təzədən oxuyurdu və hər dəfə oxuduqca da özünü yaman naqolay hiss eləyirdi, amma ona görə yox ki, Sədəfə məhəl qoymadığı halda, onun məktubundan gizli həzz alırdı, açıq-aşkar gülməli misralar onun ürəyinə yayılırdı. Ayna arvad artırmadan Allahverdini səslədi ki, gəlib çörəyini yesin və Allahverdi də tələm-tələsik Sədəfin məktubunu yenə dolabın aşağı gözündə gizlədib otaqdan çıxdı.
    Daha çisəkləmirdi, amma hava da açılmamışdı və Allahverdi elə bil yenə də Bakıdan gələn kinooperatorun şikayətini eşidirdi: « – Belə də iş olar, dörd gündür gün çıxmır ki, syomkamı çəkim qurtarsın...»
    Gün çıxacaqdı və o, par-par parıldayan aparatını gözünə tutub Sədəfi lentə çəkəcəkdi və bütün dünya tamaşa edəcəkdi Sədəfin bulaqdan su gətirməsinə və heç kim də bilməyəcəkdi ki, bu qız Allahverdinin dərdindən hayıl-mayıldı. Allahverdi kinooperatorun sözlərini bir də eşitdi: «Çox fotogenik qızdır». Sonra Allahverdi hiss etdi ki, həm bir balaca pərt olub, həm də bir balaca qürur var ürəyində.
    Məlum oldu ki, məktəbdə hamı Sədəfin kinoya çəkiləcəyindən xəbərdardır. Uşaqlar sinif otağında oturub elə hey təzə xəbərdən danışırdılar və bu təzə xəbər həmişəki sinif otağına da bir təzəlik gətirmişdi. Təkcə Allahverdi dinib-danışmırdı. Bir azdan Sədəf gəlib çıxdı və uşaqlar onu görəndə bir anlıq lap özlərini itirdilər: Sədəf özünə bir sığal vermişdi, bir geyinib-kecinmişdi ki, gəl görəsən, həm də uçmağa qanadı yox idi, yerə-göyə sığmırdı. Sonra uşaqlar hay-küylə düşdülər Sədəfin canına və başladılar onu sorğu-suala tutmağa. Sədəf də bülbül kimi ötə-ötə dedi ki, dünən həmin kinooperator gəlib onlara və xeyli söz-söhbətdən sonra dədəsinin razılığını alıb ki, Sədəfi kinoya çəksin.
    Sədəf uşaqlarla danışdıqca, hərdənbir partanın arxasında oturub guya ki, heç nəyi vecinə almayan Allahverdiyə baxırdı, özü də elə baxırdı ki, elə bil məktubda yazdığı sözləri təzədən təkrar edirdi gözləri ilə, amma daha o cür əzvaycasına yox, bir az qürurla.
    Ikinci dərs triqonometriya dərsi idi və zəng vurulan kimi də Gülsüm müəllimə girdi içəri.
    Sinifdəki uşaqların hamısından iki qarış hündür olan Allahverdi birinci sırada lap axırıncı partada otururdu. Sədəf ikinci sırada, ortada otururdu. Gülsüm müəllimə dərs keçirdi, amma Allahverdi heç nə eşitmirdi və heç nə fikirləşmirdi. Sonra Allahverdi başa düşdü ki, səhərdən bəri Sədəfə baxır.
    Sədəfin qara gözləri var idi, qara saçları var idi, yoğun da hörükləri və Allahverdi heç vaxt Sədəfi belə görməmişdi. Sədəfin gözləri də həmin gözlər idi, hörükləri də həmin hörüklər idi, amma Allahverdi bu gözləri də birinci dəfə idi görürdü, bu hörükləri də. Sədəf arıq olmağına arıq idi, amma sinəsi yaman dolu idi. Sədəfin sifəti qarayanız idi və Allahverdi indi gözlərini bu qarayanız sifətdən çəkə bilmirdi, özünə acığı tuturdu, istəmirdi bu sifətə baxsın, amma bir şey çıxmırdı, eləbeləcə baxırdı.
    Uşaqlıqda bir yerdə oynamaları, dalaşmaları, bir yerdə məktəbə getmələri, neçə illər bir yerdə oxumaları Allahverdinin yadına düşürdü və Allahverdi indi heç cürə inana bilmirdi ki, gözlərinin qabağındakı bu qız həmin Sədəfdir, yəni ona elə gəlirdi ki, istədiyi vaxt istədiyi sözü deyə bildiyi, istədiyi buyruğa buyurduğu o qız uzaqda qalıb, indi həmin qız yoxdur, bu qız isə tamam başqa qızdır. Sonra Allahverdinin başından bir fikir keçdi ki, bu fikir onun bütün bədənini titrətdi, lap birtəhər elədi onu: birdən-birə ona elə gəldi ki, evlərindəki dolabın aşağı gözündəki həmin məktubu Sədəf yazmayıb, bu məktubu ona Sədəf verməyib, bu məktubu çəkinə-çəkinə ona uzadan həmin qız Sədəf deyil, tamam başqa bir adam idi. Yəni bu saat Allahverdi inana bilmirdi ki, həmin məktubdakı bir gilə göz yaşı ondan ötrü düşüb göy mürəkkəblə yazılmış hərflərin üstünə.
    Bu fikir Allahverdinin bütün bədənini gizildətdi və o, gözlərini Sədəfdən çəkib Gülsüm müəllimənin başa saldığı teoremə qulaq asmaq istədi, amma yenə bir şey çıxmadı və elə-beləcə Sədəfə baxdı və yalnız indi başa düşdü ki, Sədəf də ona baxır və ancaq bundan sonra gözlərini qızın qarayanız sifətindən çəkib düsturlarla dolmuş qara lövhəyə dikdi.
    Allahverdi Gülsüm müəllimənin lövhədə yazdığı düsturlara tamaşa edirdi, dediyi sözlərə qulaq asırdı və bütün varlığı ilə Sədəfin nəzərlərini öz üzərində hiss edirdi. Axırda tab gətirməyib Sədəfə baxdı və bu dəfə Sədəf gözlərini yayındırıb lövhəyə baxdı.
    Allahverdi hiss elədi ki, sifəti od tutub yanır.
    Tənəffüs oldu və tənəffüsdə yenə hamı Sədəfin başına toplaşdı. Sədəf də yenə bülbül kimi dil-dil ötdü. Bütün ömrü boyu heç vaxt Sədəfə bu qədər göz dikilməmişdi, heç kim bu qədər səbrsizliklə onun ağzından çıxan sözü gözləməmişdi, heç vaxt ona dikilmiş gözlərdə bu cür vəcd olmamışdı. Sədəf lap başını itirmişdi sevincdən, çünki Sədəf heç vaxt ömründə bu qədər sevincək olmamışdı.
    Dərslər beləcə ötdü bir-bir, tənəffüslər də beləcə. Yenə çiskin başladı, sonra yenə də kəsdi, sonra yenə başladı və bütün günü Allahverdinin halı özündə olmadı. Məktəbdən qayıdandan sonra bütün günü Allahverdi otaqdan eşiyə çıxmadı. Qəşəm kişinin rayon mərkəzində işi vardı, göydəmir ürgəni minib getmişdi. Ayna arvad bardaş qurub tabaqçada kəllə qənd doğrayırdı.
    Allahverdi isə içəridə, pəncərənin qabağında oturub boz payıza baxırdı. Yamac başdan-başa heyvalıq idi və hər heyva ağacında da bir dəstə sığırçın. Sığırçınların civildəşməsi bu boz payızın müşayiəti idi və bir qəmginlik gətirirdi. Yamacın ayağında görünən ev Salman kişinin evi idi və birdən-birə Allahverdinin Salman kişiyə acığı tutdu ki, niyə bu gün səhər elə gülümsəyib əllərini yellədi.
    Allahverdi nə kitab oxuya bilirdi, nə dərs hazırlaya bilirdi, nə də kəndə çıxmağa həvəsi vardı. Elə bil öz-özünə qıraqdan tamaşa edirdi və ona elə gəlirdi ki, daha əvvəlki Allahverdi deyil. Niyə ona belə gəlirdi, niyə bu cür fikirləşirdi? – baş aça bilmirdi. Burası məlum idi ki, onun adı yenə də Allahverdi idi və bu baş da, bu əllər də, bu ayaqlar da onun idi, intəhası, məlum deyildi ki, niyə bu adıyla, başıyla, əlləriayaqlarıyla bərabər daha əvvəlki Allahverdi deyil.
    O, gözlərini boz payızdan çəkib taxta kətilin üstündən ayağa qalxdı, balaca dolaba yaxınlaşıb aşağı gözü çəkdi və Sədəfin məktubunu kağız-kuğuzun altından götürdü, amma məktubu təzədən açıb oxumadı, çünki birdən-birə kəşf elədi ki, burada yazılanların hamısını əzbər bilir. Özündən asılı olmayaraq Sədəfin cümlələrini bir-bir ürəyində təkrar eləməyə başladı.
    Allahverdinin heç ağlına da gəlməzdi ki, bu məktubu bu cür əzbərləyib. Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə gəldi ki, səhərə kimi yata bilməyəcək, amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu gördü:
    Dan yeri sökülürdü.
    O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, narıncı, məxməri...
    Rənglər par-par parıldayırdı.
    Hər tərəfə şüa saçırdı rənglər.
    Allahverdi bu rənglərin içində idi. Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi. Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur. Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən ötrüdür və əslində bütün bu rənglər Sədəfin özüdür.
    Amma yenə Qəşəm kişinin səsi gəldi:
    – Ə, Allahverdi, gün günortanı keçdi, dursana!
    Allahverdi yuxuda da olsa, bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu, qorxurdu ki, bu rənglər yox olub gedəcək – gümüşü, narıncı, məxməri...
    – Ə, Allahverdi!
    Allahverdi gölərini açdı və elə bil bir anlıq həmin rənglər bu otağa da doldu, sonra yavaş-yavaş bu otağın divarlarına, döşəməsinə, tavanına hopdu; bir anlıq Allahverdiyə elə gəldi ki, bu səhər bahar bayramına açılır, bahar bayramıdır bu gün.
    – Ə, noldun?
    – Dururam!..
    Allahverdi həyətə düşəndə Ayna arvad Qızıl inəyi sağırdı. Qızıl inək yenə də artırmanın altında dayanmışdı, çünki yenə də çisəkləyirdi. Buzov da elə hey dartınırdı ki, anasını əmsin, başını elə hey vururdu anasının döşünün altına. Çisəkləyirdi, amma bu çisək Allahverdinin ürəyini heç sıxıb-eləmirdi, üşümürdü də Allahverdi və o, gəlib göydəmir ürgəni tövlədən çıxardanda Qəşəm kişi təəccüblə oğluna baxdı – həmişə gözləri yumula-yumula, deyinə-deyinə göydəmir ürgəni sulamağa aparan Allahverdinin kefi indi açıq-aşkar kök idi. Məlikin kəhər madyanı yenə də arxın qırağında idi, alapaça dayçası da böyründə. Allahverdini görən kimi Məlikin əsnəyə-əsnəyə verdiyi sual bu oldu:
    – Dünən niyə kinoya gəlməmişdin?
    Ancaq indi Allahverdinin yadına düşdü ki, Cəfər dünən axşam kino göstərəcəkdi və o, kənddə yaşadığı bütün müddət ərzində ilk dəfə bunu yadından çıxarıb, kluba getməyib. Allahverdi nə təəssüfləndi, nə də heyfsiləndi, çünki hər tərəfi basmış bu boz payızdan o tərəfdə Allahverdinin öz aləmi vardı daha və bu aləm rəngli idi, cürbəcür rənglər – gümüşü, narıncı, məxməri...
    Allahverdi göydəmir ürgəni çapıb həyətlərinə qayıdanda Qəşəm kişi yenə təəccüblə oğluna baxdı və bu dəfə lap dəqiq qət etdi ki, Allahverdinin bu həyətdən, bu evdən, bu təsərrüfatdan kənardakı həyatında əməlli-başlı bir hadisə baş verib; Qəşəm kişi bunu da hiss elədi ki, həmin hadisə cavanlıqla bağlıdır. Sonra oğlunun balaqları topuğundan yuxarıda qalmış şalvarına diqqət eləyib fikirləşdi ki, Allahverdiyə təzə şalvar almaq lazımdır – gədə yaman uzanıb. Əlbəttə, Allahverdi dədəsinin fikirlərindən xəbərsiz idi və şəstlə gəlib Qızıl inəyi qabağına qatdı, naxıra qoşmaq üçün təzədən həyətdən çıxdı.
    Allahverdi üzüaşağı düşən kəndarası araba yolu ilə addımlayırdı və birdən fışqırıqla bir oyun havası çalmağa başladı və birdən-birə də başa düşdü ki, səhərdən bəri – yerindən qalxandan indiyə qədər – həmin havanı ürəyində çalır; həm də başa düşdü ki, bu hava onun gördüyü yuxunun, həmin rəngli yuxunun davamıdır. Arxada öskürdülər və Allahverdi başını döndərib gördü ki, Salman kişidir, demisini tüstülədə-tüstülədə camışını gətirir.
    Salman kişi, elə bil, Allahverdinin ona baxmağına bənd imiş, başladı havanın qarasına deyinməyə:
    – Ə, belə də hava olar?! – Sonra Salman kişi bir-iki yağlı söz dedi havanın qarasına, sonra da dedi: – Nadir də çıxdı getdi.
    Allahverdi ayaq saxladı və açıq-aşkar hiss etdi ki, nəfəsi qaralır. Sonra cavabını özü lap yaxşıca bildiyi bir sual verdi:
    – Bəs, kino çəkməyəcək?
    – Nə kino, ə? Bu havada da kino çəkərlər? – Salman kişi bilən adamlar kimi əlini yellədi və yenə havanın qarasına bir-iki yağlı söz deyib əlavə etdi:
    – Enib aranda çəkəcək. Deyir, il on iki ay bu dağın kəlləsində oturub gözləyə bilmərəm ki, görüm nə vaxt gün çıxacaq... Düz deyir də... Allahverdi özünü güclə saxladı ki, soruşsun «Bəs, Sədəf?»
    Allahverdi heç nə soruşmadı, çünki hər şey məlum idi: bu payız ot da olacaqdı, yaxşı çörək də olacaqdı, amma Sədəf daha səhəngi çiyninə alıb bulaq başında kinoya çəkilməyəcəkdi.
    Allahverdi Sədəfi gördü, Sədəfin tutulmuş sifətini gördü, dünənki sevincdən sonra Sədəfin pərtliyini gördü və Sədəfin bu pərtliyi onun da bütün içindən keçib cızdağını çıxartdı və özünü güclə saxladı ki, geri dönüb düz elə Salman kişinin üzünəcə bihörmətlik eləməsin, qonağının abrını ətəyinə bükməsin. Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki, bu çox çətin olacaq. Çətin olacaq ona görə ki, Allahverdi əməlli-başlı utanırdı Sədəfdən.
    Allahverdi fikirləşdi ki, bəlkə məktub yazsın Sədəfə və ürəyindəki bütün sözləri köçürtsün bu məktuba, yəni bu məktub da rəngli olsun – gümüşü, narıncı, məxməri... Amma hiss elədi ki, cürəti çatmayacaq bu məktubu Sədəfə verməyə. Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta girəndən sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında.
Oktyabr, 1971.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1175 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more