Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Epitafiya
EPITAFIYA
(Felyetonvari)


    NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu. Respublikamızın səfalı guşələrindən birinə ezamiyyətə getmiş alovlu alimimiz Əlirza Yanan paytaxtımıza daha qayıtmadı.
    Unudulmaz gənc alim Əlirza Yanan Kür çayında çimərkən bir daha sahilə dönmədi; ləzzətli osetrin balıqları ilə cahanda tanınmış Kür çayı Əlirza Yananın əbədi məskəni oldu.
    Nurlu al şəfəqlər altında par-par yanan Kür ləpələrinin ana laylası tək həzin və müqəddəs, pıçıltılı laylasının müşayiəti ilə rahat yat, əziz Əlirza Yanan, xalqımız qədirbiləndir, o, heç vaxt öz sevimli oğullarını unutmur.
    TƏDQIQATIMIZ. Bu faciəli xəbər dünən axşam saat beşdə bizə yetişdi. Biz dərhal istedadlı gənc ədəbiyyatçı alimimizin evinə getdik. Ömrünün bahar çağına yenicə qədəm qoyaraq hələ özünə ailə qurmağa imkan tapmamış (ah!) Ə. Yananın zəngin arxivi tamamilə bizim ixtiyarımızda idi və biz bu zəngin arxivdə indiyə qədər elm aləminə məlum olmayan, mühüm əhəmiyyət kəsb edən bir sənəd aşkar etdik. Bu naməlum bir əlyazması – bir vərəq həcmindədir, makinada iki intervalla yazılmışdır və birinci nüsxədir. Vərəqin arxa tərəfində qara kağız izləri müəyyən etdik və bu bizə imkan verir ümidvar olaq ki, gələcəkdə ikinci nüsxə də aşkar ediləcək. Hələlik, müəllifini müəyyən etmədiyimiz bu gözəl şeri olduğu kimi köçürüb ilk dəfə oxucularımızın nəzər-diqqətinə yetirmək şərəfinə nail olduq.
    Dərsə gedir uşaqlar.
    Bağçada alma, nar var.
    Məllim gəlir o başdan.
    Soruşacaq Dadaşdan.
    Dadaş girdi içəri.
    Gördü orda Dilbəri.
    – Dilbər, Dilbər, a Dilbər!
    Şeri bilirsən əzbər?
    Dilbər dedi: – Bilirəm!
    Amma sənə demirəm!
    Müəllim qalxdı diki.
    Dadaşa verdi iki.
    Sovet pedaqogika elminin nə qədər sürətlə inkişaf etdiyini parlaq bədii boyalarla əks etdirən, böyük tərbiyəvi əhəmiyyətə malik bu şerin müəllifinin müəyyənləşdirilməsi çətin, fəqət şərəfli bir tədqiqat tələb edir və ümidvarıq ki, gələcəkdə bu diqqətəlayiq işin öhdəsindən ləyaqətlə gələcəyik. Lakin hazırda bizi maraqlandıran, istedadlı azəri alimi Ə. Yananın bu şerə münasibəti, bu şerin ictimaibədii təhlilini verməsi, fəlsəfi, estetik və etik mahiyyətini, müəllifin sənətkarlıq xüsusiyyətlərini açmasıdır.
    Zəmanəmizin görkəmli yazıçısı E. Heminquey sözləri aysberqlərə bənzədərək demişdir ki, aysberqlərin üçdə iki hissəsi, suyun altında olduğu kimi, sözlərin də dərin mənaları çox dərinlərdə olmalıdır, yəni ki, onları dartıb çıxartmaq lazımdır. E. Heminquey bu sözləri sanki Ə. Yananın yaradıcılığına və bizim öz kiçicik imkanımız daxilində bu yaradıcılığa münasibətimizə bələd olduqdan sonra yazmışdır, lakin, əlbəttə, bu iddia hələlik ehtimal şəklindədir, çünki, məlum olduğu kimi, E. Heminquey 1961-ci il iyul ayının 2-də faciəli surətdə həlak olmuşdur, Ə. Yananın isə yaradıcılığa başladığı ili hələlik dürüst müəyyənləşdirməyə müyəssər olmamışıq. Şübhə yoxdur ki, gələcək tədqiqatlarımızda bu dürüstlüyü əldə edə biləcəyik.
    Ə. Yananın yaradıcılığı haqqında təsəvvürü, yuxarıda göstərdiyimiz kimi, əldə etdiyimiz bu bir sənəd yaradır, lakin zəmanəmizin görkəmli yazıçısı E. Heminqueyin yuxarıdakı sözlərini öz təhlil metodologiyamız üçün leytmotiv bir yol seçdikdə, həmin sözlərdəki böyük həqiqətin bir daha şahidi oluruq.
    Ə. Yanan bu şerə münasibətini elə həmin vərəqdə makina şriftləri ilə yazılmış şerin kənarındakı qeydləri ilə bildirmişdir. Bu qeydləri şərti olaraq üç hissəyə bölmək olar:
    Birinci hissə: qeyd 1.
    Ikinci hissə: qeyd 2.
    Üçüncü hissə: qeyd 3.
    QEYD 1. Bu qeyd qırmızı rəngli doldurma qələmlə edilmişdir. Aramızdan nakam getmiş istedadlı alimimiz Əlirza Yanan özünəməxsus bir tərzdə bu şerin birinci misrasının, yəni «Dərsə gedir uşaqlar.» misrasının qarşısında «niyə» sözünü yazmışdır.
    Məlum olduğu kimi, «niyə» sözü sual əvəzliyidir, hərçənd bəzən bu sözün nisbi əvəzlik olduğunu söyləyənlər də yox deyil. Biz bu tədqiqatımızda onların mülahizələri üzərində dayanmağı məqsədəuyğun hesab etmirik, çünkü görkəmli alimimiz Ə. Yananın qeydi ilə bir daha qabarıq şəkildə meydana çıxan bu məsələ özü ayrıca böyük tədqiqat tələb edir və gələcək məqalələrimizdən birində Ə. Yananın qaldırdığı bu məsələ barədə öz fikirlərimizi möhtərəm oxuculara bəyan edəcəyimizə indidən boyun oluruq.
    QEYD 2. Bu qeyd on birinci misranın, yəni «Müəllim qalxdı diki.» misrasının qarşısında qoyulmuş nida işarəsindən ibarətdir. Məlum olduğu kimi, nida işarəsi bizim orfoqrafiyamızda özünəməxsus görkəmli yerlərdən birini tutur. Lakin qəribə burasıdır ki, bu nida işarəsi Ə. Yanan tərəfindən qara karandaşla yazılmışdır. Uzun və gərgin axtarışlardan sonra (bu barədə gələn məqalələrimizdə yazacağıq) bu nida işarəsinin Krasin adına fabrik tərəfindən istehsal edilən «Smena» karandaşı, yaxud yenə həmin fabrik tərəfindən istehsal olunan «Orion» və ya «Pioner» karandaşlarından biri ilə yazıldığını müəyyən etdik. Bizcə sevimli alimimiz Ə. Yananın Krasin adına fabrik ilə bu sıx əlaqəsi gələcək böyük tədqiqat işləri üçün obyekt ola bilər və olmalıdır, çünkü bu fakt Ə. Yananın fabrik və zavodlarla sıx əlaqəsini parlaq şəkildə sübuta yetirir.
    «Müəllim qalxdı diki» misrasının qarşısında qoyulmuş nida işarəsi isə, heç şübhəsiz ki, görkəmli alim, Əlirza Yananın Dənizkənarı parkda salınmış «Sağlamlıq zonası»na verdiyi böyük qiymətə dəlalət edir, çünki bildiyimiz kimi, hər gün səhərlər «Sağlamlıq zonası»nda öz bədənlərini möhkəmlədən adamlar arasında sevimli müəllimlərimiz də az deyil. «Müəllim qalxdı diki» misrasındakı müəllim də, şübhə ola bilməz ki, «Sağlamlıq zonası»nda öz bədənini möhkəmlədən əziz müəllimlərimizdən biridir, əks təqdirdə, qarşısına çıxan diki bu qədər asanlıqla keçib tənbəl şagird Dadaşa iki verə bilməzdi və istedadlı alimimiz Əlirza Yanan da xüsusi bir uzaqgörənliklə məhz bunu nəzərdə tutub özünəməxsus bir üslubda nida işarəsi qoymuşdur.
    QEYD 3. Indi də şərti olaraq üçüncü hissə kimi qəbul etdiyimiz qeyd barədə bir neçə kəlmə. Əvvəla qeyd edək ki, üçüncü qeydi də biz şərti olaraq üçüncü qeyd adlandırırıq, belə ki, əslində üçüncü qeyd yuxarıda göstərdiyimiz birinci qeydlə ikinci qeydin arasındadır, daha dəqiq desək, şerin üçüncü misrasına, yəni «Məllim gəlir o başdan» misrasına aiddir. Lakin biz ona görə bu qeydi axıra saldıq ki, bu qeyd öz ideya istiqaməti, elmi sanbalı nöqteyi-nəzərindən istedadlı alimimiz Ə. Yananın yaradıcılığının ümumi sağlam ruhuna yabançıdır. Fəqət, eyibsiz gözəl olmaz, demişlər. Məgər ənbərli və əlvan gülüstanlarda belə, lalələr, nərgizlər, bənövşələr, xrizontemalar, qızılgüllər, blyumenbaxilər, zanbaqlar, ovsidumalar, qərənfillər, süsənlər, yasəmənlərlə bərabər, bəzən alaq otları da olmurmu? Məgər səmadakı parlaq ulduzlar arasında öz yolundan sapıb orbitindən çıxan planetlər olmurmu?
    Hörmətli Ə. Yanan yoldaş «Məllim gəlir o başdan» misrasından sonra bir sual işarəsi qoymuşdur. Uzun tədqiqatdan sonra bu qənaətə gəldik ki, həmin sual işarəsi «məllim» kəlməsinə aiddir, çünkü bizim orfoqrafiya qaydalarımıza görə bu söz «müəllim» şəklində yazılmalıdır və sual işarəsi də məhz buna işarədir. Lakin hörmətli Ə. Yanan yoldaş unudur ki, bu şer yeddiliklə yazılmışdır və hərgah «məllim» əvəzinə «müəllim» işlədilsəydi, o zaman «Məllim gəlir o başdan» misrası yeddi yox, səkkiz hecalı olardı və bununla da şer öz formasını itirərdi. Doğrudur, «məllim» kəlməsi bizim orfoqrafiya qaydalarımıza düz gəlmir, amma, bizcə, sxolastikadan əl çəkmək lazımdır, artıq doqmatikanın vaxtı çoxdan keçmişdir, təkcə elə buna görə ki, əgər pedantcasına «müəllim» kəlməsini olduğu kimi yazmağı tələb etdikdə, yuxarıda isbat etdiyimiz kimi, heca pozulur.
    Qeyd etmək lazımdır ki, bu sual işarəsi təsadüfi xarakter daşımış, hissə qapılmadan irəli gəlmişdir, çünkü bu işarə öz ideyası, bədii sanbalı, nəhayət, öz üslubu ilə istedadlı və unudulmaz alimimiz Əlirza Yananın yaradıcılığına yad və yabançıdır. Həm də qeyd etmək lazımdır ki, şerin müəllifi Dilbər kimi şagirdlərin simasında şöhrətpərəstləri amansızcasına qamçılamışdır və bu böyük həqiqətin Ə. Yananın diqqətindən sərf-nəzər edilməsi bizdə iki ehtimal doğurur.
    BIRINCI EHTIMAL ondan ibarətdir ki, görkəmli alimimiz Ə.Yanan gələcəkdə də bu şer üzərindəki elmi işini davam etdirmək fikrindəymiş və amansız ölüm buna imkan verməmişdir.
    IKINCI EHTIMAL isə ondan ibarətdir ki, bu şeri Ə. Yanan özü yazmış və son dərəcə təvazökar olduğu üçün, Dilbər surətinin meşşan xarakterini ifşa etməmişdir. Gələcək məqaləmizdə bu məsələnin üzərində xüsusi olaraq dayanacağıq.
    NƏTICƏ OLARAQ. Ölüm amansızdır. Lakin sənətkarlar heç zaman ölməz! Biz əziz və qədirbilən oxucularımıza söz veririk ki, gələcəkdə təzədən və bir daha təzədən, gənc alim Əlirza Yananın yuxarıda haqqında bəhs etdiyimiz həm elmi-nəzəri və həm də bədii yaradıcılığına qayıdacağıq, yeni-yeni tədqiqat əsərlərimizlə hörmətli oxucularımızı sevindirəcəyik. Yeri gəlmişkən qeyd edək ki, həmişə olduğu kimi, bu dəfə də nəşriyyatlar bu işdə öz kömək əllərini tədqiqatçılarımızdan əsirgəməməlidirlər, vaxtsız aramızdan getmiş şöhrətli alimimiz Əlirza Yananın seçilmiş əsərlərinin ikicildliyini alimlərimizin şərhləri, giriş və son sözləri, xatirələri, şəkilləri ilə bərabər yaxın zamanda oxuculara çatdırmalıdırlar.
    O. Dəruni,
    filoloji elmlər namizədi.
    BILDIRIŞ. Hörmətli oxucular, bu gün sübh tezdən əldə etdiyimiz məlumat bizi, eləcə də filoloji elmlər namizədi, hörmətli alimimiz O. Dəruni yoldaşı sizin yanınızda xəcil etmişdir. Məlum olmuşdur ki, Əlirza Yanan adlı vətəndaş heç də ölməmişdir. O, Kür çayını üzüb o biri sahilə keçərək sərxoş olduğu üçün özünü yaxşı apara bilməmiş və yerli milis işçiləri tərəfindən yaxalanaraq on beş günlük həbs cəzasına məhkum edilmişdir. Bununla da, vətəndaş Yanan həm bizi, həm də hörmətli və şöhrətli alimimiz O. Dərunini pis vəziyyətdə qoymuşdur. Belə ki, bu məlumatı çox gec aldığımız üçün, yuxarıdakı məqaləni qəzet səhifəsindən çıxara bilmədik. Lakin onda təskinlik tapırıq ki, bir gün dünyaya gələn, bir gün dünyadan gedəcək və o zaman yuxarıdakı məqalə də xarakterik aktuallığını bərpa edəcək.
2 mart 1969.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1132 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more