AYDINLIQ GECƏLƏR
Anara
O sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o
ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun,
küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün
camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq
göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay
gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq
əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu
dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.
O yay gecəsi həyətdəki böyük armud ağacının altında Şeyx cənablarının bədəni
torpaqdan nəm çəkməsin deyə, əvvəlcə keçə salınmışdı, keçənin üstündən Şeyxin
yaşı qədər sahibinə xidmət etmiş, amma, az qala, bu yüz ildə bircə ilməsi də
pozulmamış, bircə naxışı da solmamış Təbriz gəbəsi salınmışdı, gəbənin üstünə də
döşəkçə qoyulmuşdu, dirsəklənmək üçün hər iki tərəfdən, bir də ki, o qoca armud
ağacının gövdəsinə söykənə bilmək üçün arxadan mütəkkələr düzülmüşdü və Şeyx
Mustafa Şərəfbəxş, həmişəki kimi, o döşəkçədə bardaşqurma oturmuşdu, kəhrəba
təsbehinin hər biri bir zoğal boyda olan daşlarını çevirə-çevirə başının üstündəki o
külli ulduzlara baxır və dodaqaltı gulumsəyirdi və hərgah o anlarda Şeyx
həzrətlərindən nə üçün beləcə gülümsədiyini soruşsaydın, çox güman ki, bunun
səbəbini deyə bilməzdi – o təbəssümdə o ağappaq saqqala, ağappaq saçlara
uyuşmayan bir uşaq, hətta, bir körpə heyrəti var idi.
... Amma o bir günlük ömrü o kəpənəyə kifayət edir...
Şeyx Mustafa Şərəfbəxş yay gecələri, yazın, payızın havası məqbul gecələri o
armud ağacının altında oturub gözlərini göyə zilləyəndə, yaxud əlində çevirdiyi
təsbehinə baxa-baxa fikrə dalanda, elə bil ki, həyət-bacadakı qurd-quş da donub
qalırdı, hərdən yüngülcə meh əsdikcə yarpaqları xışıldayan ağaclar da səsini kəsirdi
və o cürə anlarda evdəki oğul-uşaq, qız-gəlin heç vaxt həyətə çökmüş o sükutu
pozmağa, o sükuta bir xələl toxundurmağa cəsarət etməzdi – o anlarda Şeyx
həzrətlərinə nə çay gətirə bilərdilər, nə meyvə, nə də bir başqa şey.
... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
Həyətin yuxarı başındakı ikimərtəbəli imarətdən gələn səsə, elə bil ki, ilkin
olaraq, o qoca armud ağacı təəccüb etdi, ayın, o külli ulduzların işığında işıldayan
təzə yarpaqları yüngülcə xışıldadı, sonra Şeyx Mustafa Şərəfbəxş gözlərini o
ulduzlardan çəkib evə tərəf baxdı və yer üzündə yaşanmış o doxsan ilin acısının,
ağrısının şövqünü söndürə bilmədiyi səsiylə:
– Kimdi? Qoyun gəlsin, – dedi.
Və o adam birinci dəfə o həyətə ayaq basdı, iti və sərt addımlarla Şeyx
həzrətlərinin hüzuruna yeridi, amma o zaman ki, ay işığında Şərəfbəxşi yaxından
gördü, qocanın yüngülcə işıldayan göy gözlərinin dərinliyini duydu, o aydınlıq
gecədə ağappaq ağaran saqqalının, saçlarının arxasındakı doxsan ilin vahiməsini hiss
etdi, o adamın qətiliyi birdən-birə tamam yox oldu, ürəyi tez-tez vurmağa başladı və
şaşırdı ki, bu gecə vaxtı nə cəsarətlə Şərəfbəxşin hüzuruna buyurub, amma ən
qəribəsi də bu oldu ki, o adamı özünə qaytaran da elə həmin baxışlar, həmin
dərinlik, həmin ağlıq oldu və o adam onu yüksək hüzura gətirən əvvəlki həyəcanla:
– Ya Şərəfbəxş! – dedi. – Günah işləməkdən özümü güclə saxladım! Əlim qana
batacaqdı, xəncəri yerə atıb, sənin hüzuruna qaçdım. Mən qonşuma, yeri düşəndə,
yaxşılıqdan başqa heç nə etməmişəm. Amma o, mənə pislik edir. Neyləyim mən, ya
Şərəfbəxş? Xisləti xanəbərəndazdı*, mən nə edim?
Şeyx Mustafa Şərəfbəxş diqqətlə o adamın gözlərinin içinə baxdı və o dəm o
adama elə gəldi ki, Şeyx həzrətləri onun gözlərinin içindən arxanı da görür, yəni
Şeyx həzrətlərinin baxışı onun gözlərinin içindən başını dəlib o tərəfə keçir və yəqin
elə bu hissə görə Şərəfbəxşin dediyi sözlər cismani bir yazı kimi o adamın beyninə
həkk olundu.
Şeyx Mustafa Şərəfbəxş dedi:
– Get, o qonşuya yaxşılıq elə.
Və o adam başa düşdü ki, indicə bu həyətdən çıxacaq və bundan sonra həmin
xanəbərəndaza əlindən gələn yaxşılığı edəcək; fürsət axtaracaq ki, o xanəbərəndaza
yaxşılıq eləsin.
Və həmin aylı-ulduzlu yay gecəsi də sona yetdi, sonra yay da tamam bitdi,
günlər keçdi, payız sarısı o həyəti bürüdü və hər dəfə də axşam düşüb gecənin
qaranlığı bu ətrafa yayılmağa başlayanda o qoca armudun altına yığılmış xəzəl təkcə
keçib getmiş o yazın, yayın yox, bu yer üzündə yaşanmış uzun-uzun illərin həmin
yay gecəsindəki o ulduzlar qədər bir uzaqlıqda qaldığından və Əvvəldən başlayıb
doxsan ildən sonra Axıra yetişməkdə olan bir ömür yolunun əslində gedər-gəlməz
yolu olmasından xəbər verirdi, Axır yaxınlaşdıqca Əvvəl uzaqlaşırdı, amma qəribə
idi, o mülayim payız gecəsi, payızın sapsarı rəngi gecənin içində əriyib görünməz
olmuş o həyətdə, adda-budda yarpaqları (sarısı qaranlıqda əriyib itmiş yarpaqları)
çılpaq budaqlarının arasından süzülüb gələn ay işığında qaralan o qoca armud
ağacının altında, qalın döşəklərin üstündə oturub, əyninə kürk salmış və gözlərini
qarşısında yanan manqalın qıpqırmızı qızarmış közlərinə dikmiş Şeyx Mustafa
Şərəfbəxş o uzaq Əvvəli bu köz qızartısı kimi aydın görürdü, o uzaq (və əbədi!)
Əvvəlin bütün görümləri – hətta iki-üç yaşlı uşaqlıq çağları belə bütün dəqiqliyi ilə
gözlərinin qabağından keçirdi, amma o doğma, mehriban görümlər Şərəfbəxşin
ürəyinə ilıqlıq, hərarət gətirmirdi, əksinə, uzun-uzun illərin ayrılığına (əbədi
ayrılığına!) bürünmüş o görümlərdə bir payız sazağı, payız sarısı var idi, çünki o
görümlər Axıra çataçatda olan o uzun ömür yolunun get-gedə qalınlaşan bir lay kimi
yaratdığı soyuq və qalın şüşənin arxasında idi.
Və yenə də həyətdəki xəzəl sükutunun qəfildən pozulmasına, elə bil ki, ilkin
təəccüb edən o qoca armud ağacı oldu, daha doğrusu, o anlarda xəfif bir meh ötdü
və xəzəlin qurumaqda olan üz qatındakı ən yüngül yarpaqlar o xəfif mehin səmtiylə
kiçicik yerini dəyişib, lap yavaşdan xışıldadı və Şeyx Mustafa Şərəfbəxş gözlərini
manqalın qızarmış gözündən çəkib, əvvəlcə o quru və yüngül yarpaqlara baxdı – bu
xəzəl də, əlbəttə, Axır idi, amma Axırın beləcə yüngüllüyü o payız gecəsi birdənbirə
yenə də kəpənəyi Şərəfbəxşin yadına saldı...
... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
... Sonra evə tərəf baxdı və kimliyini duydusa da...
... Kimdi? – soruşdu və: – Qoyun gəlsin, – dedi.
O adamın həmin həyətə ilk dəfə ayaq basdığı o yay gecəsindən sonrakı müddət
ərzində özünün özü ilə mübarizə aparması, özünün özünü məcbur etməsi, özünün
özünə qalib gəlməsi indi o qoca armud ağacı, o xəzəl kimi aşkar bir həqiqət idi və
bunu o adamın baxışı deyirdi, yerişi, duruşu söyləyirdi və yenə də Şeyx həzrətlərinin
hüzurunda dayandığı zaman o adamın gözləri Şərəfbəxşin əllərinə sataşdı: hər iki
əlini dizlərinin üstünə qoymuşdu, uzun kəhrəba təsbehi sol biləyindən asılı qalmışdı
və manqalda qızaran közün işığında qırışları oxunan o əllərlə – o uzun, quru
barmaqlarla, ləkələr düşmüş və boşalmış dəri ilə həmin həyəti başına götürmüş
xəzəl, elə bil ki, bir-birini tamamlayırdı, amma bu ilk baxışda belə idi və o adam
ocağın istisində qızınan o əllərin özünün istisini hiss etdi və başa düşdü ki, onu
həmin sazaq payız gecəsi ahənrüba kimi çəkib o həyətə, o hüzura gətirən elə həmin
istilikdi.
O adam:
– Ya Şərəfbəxş! – dedi. – Mən əlimdən gələn yaxşılığı əsirgəmirəm. Imkan
düşəndə də, düşməyəndə də o qonşuya yaxşılıq edirəm. Amma bunun əvəzində o
yenə də mənə pislik edir. O qədər pislik edir ki, mən günaha batmaqdan qorxuram.
Xisləti, ya Şərəfbəxş, xisləti xanəbərəndazdı. Mənə bir yol göstər! Nə eləyim mən?
Şeyx Mustafa Şərəfbəxş kiçik maşanı götürüb manqaldakı közü yerbəyer elədi
(və o adam o əllərin hərəkətindən diksindi, elə bil ki, o əllər həmişə eləcə diz
üstündə donub qalmalı imiş...), araya sükut çökdü və həmin kiçik sükut o adam üçün
az qala bir fəsil çəkdi; sonra Şərəfbəxş göy gözlərini manqaldan ayırmadan:
– Get, – dedi, – o qonşuya yenə yaxşılıq elə.
Həmin payız gecəsi o adam üçün gündüzün gün işığı kimi aydın idi ki, əgər
Şərəfbəxş belə deyirdisə, deməli, belə olmalıdı, düzdü, bu – o adamı sıxırdı, ona
əzab verirdi, amma, bir halda ki, həqiqət axtarırdı, ədalət axtarırdı, günah
işləməkdən qorxurdu, deməli, Şərəfbəxşin dediyini eləməli idi, çünki Şərəfbəxşin
dili ilə həqiqətin, ədalətin danışdığına o adamın zərrə qədər də şübhəsi yox idi.
Və o payız da keçdi, soyuq bir qış gəldi o həyətin xəzəli qalın qarın altında
qaldı, o uzun qış günlərinin birində də hava müsaidə etmədi ki, Şərəfbəxş həyətə
çıxsın, bütün fəsil boyu evdə oturub, yalnız pəncərə şüşəsinin arxasından dünyaya
tamaşa eləyə bildi, o qoca armud ağacının çılpaq budaqları qarda, çovğunda üşüyəüşüyə,
nəhayət, yenə yaza çıxdı, yüz il əvvəl olduğu kimi, o budaqlar yenə təzə-tər
çiçəklədi, yarpaqladı, o çiçəklər yavaş-yavaş bəhərə çevrilməyə başladı, yay gəldi və
o yay gecələrindən birində Şeyx Mustafa Şərəfbəxş həzrətləri yenə də o armud
ağacının altında oturub, belini mütəkkənin üstündən ağacın yoğun gövdəsinə
söykəmişdi və ötüb keçmiş doxsan bir ilin mane ola bilmədiyi bir uşaq marağı ilə
göyə baxırdı və tərtəmiz göy üzü yenə də ulduzlarla dolu idi və Şeyxin o təbəssümü
yenə dodaqlarında idi, o təbəssümdə yenə də bir heyrət əlaməti var idi, eyni
zamanda, o heyrətlə bərabər, bir vəcd də var idi, hətta o təbəssümdə bir minnətdarlıq
da oxumaq mümkün idi: qoca kimə minnətdər idi? Nəyə minnətdar idi? O aya,
ulduzlara? O aydınlıq yay gecəsinə? O ağaclara, gül-çiçəyə? Nəyə? Kimə? Nə üçün?
... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
Və bu dəfə ilkin olaraq qoca özü başını çevirib evə tərəf baxdı (gəlişi heç bir səs
eşitmədən duydu) və gələnin kim olduğunu soruşmadan:
– Buraxın, gəlsin, – dedi.
O adamın addımlarında bir zindan ağırlığı var idi və o ay işığındaca o adamın
üzülmüş, yorğun sifətinə nəzər salmaq kifayət idi ki, həmin zindan ağırlığının onun
bütün içinə yığıldığını başa düşəsən: o adamın cod və qıvrım saçına, qalın saqqalına
düşmüş dən keçən yaydan bu yaya qədər bütün sifətinə, başına yayılmış, qaranı
tamam üstələmişdi və o adamın iri, kobud və döyənəkli əlləri nə qədər qətiyyətdən,
gücdən, bacarıqdan xəbər verirdisə, saçının, saqqalının bu ağlığı, gözlərinin
yorğunluğu bir əlacsızlıqdan, hətta yazıqlıqdan deyirdi.
Şeyx həzrətləri ilk görüşlərində olduğu kimi, bu dəfə də hüzurunda dayanmış o
adamın gözlərinin içinə baxdı və yenə də o adama elə gəldi ki, Şərəfbəxşin nəzərləri
onun beynini dəlib arxa tərəfi də görür, amma o adam daha şaşırmadı, əksinə, elə bil
ki, bütün bu müddət ərzində var gücünü toplayıb içində cilovladığı kin-küdurət,
dünyanın ədalətsiz işlərinə qarşı qəzəb, Allahsız əməllərə etiraz qocanın hər şeyi
dəlib keçən o nəzərlərindən sonra, birdən-birə təlatümə gəldi, dəli bir ehtirasla
püskürdü və o adam günün altında yanıb-qaralmış cod dərili boğazının şişmiş
damarları ilə axıb gələn çılğınlığı boğmağa çalışa-çalışa və nəfəsi darala-darala:
– Mən bıkdım daha, ya Şərəfbəxş! – dedi. – Mən bıkdım! Mən yoruldum! Mən
daha dözə bilmirəm! Mən daha özümü saxlaya bilmirəm! Mən o qonşuya yaxşılıq
elədim! Yaxşılıq dalınca yaxşılıq elədim! Amma o yenə də pislik edir! Pislik dalınca
pislik edir! Mən daha yoruldum! Bitdi artıq hər şey!
Və o adamın sözlərindən sonra o həyətə elə bir sükut çökdü ki, o qoca armud
ağacı, elə bil, aydınlıq gecədə yox, o sükutun içində, o sükuta bürünüb donub
qalmışdı və bircə yarpağını belə tərpətməyə ehtiyat edirdi. O adam üçün isə, həmin
sükutun arxasında bütün içində qaynayan, əlbəyaxa olan, buraxılmaq, azad olmaq
istəyən hisslər aləmi dayanmışdı və o hisslər aləminin o qədər cilovsuz olması,
baxımsızlığı o adamın özünün də ürəyini döyündürürdü. Həmin ürək döyüntüsü o
sükut içində aydınca eşidilməyə başladı və elə bil ki, fəlakətdən xəbər verdi.
Şeyx Mustafa Şərəfbəxş göy gözlərini o adamın gözlərindən çəkdi, əvvəlcə, elə
bil, hara baxacağını bilmədi, cürbəcür ölçülü hamar çay daşlarından səliqə ilə
hörülmüş hasar boyunca ağacları bir-bir nəzərdən keçirdi, sonra yenə o adamın
gözlərinin içinə baxdı və keçən yaydan bu tərəfə o bir ilin də təsir edə bilmədiyi
şövqlü və mülayim səsi ilə:
– Necə olur ki, – soruşdu, – qonşun pislik eləməkdən yorulmur, amma sən
yaxşılıq eləməkdən yorulursan?
O qoca armud ağacı indicə büründüyü o sükutu özündən kənara atdı, əsib gələn
yüngül meh o bağçadan ötdükcə ağacın yarpaqları da yüngülcə xışıldadı.
Və ömrü boyu (bütün ömrü boyu! Axıra qədər!) yaxşılıq eləməyə məhkum
olmuş o adam ağır addımlarla həyətdən çıxdı.
Göyün üzü isə bir il əvvəlki kimi, get-gedə, elə bil, daha da təmizlənirdi,
şəffaflaşırdı, ulduzlar daha da artırdı, sayrışırdı və Şeyx Mustafa Şərəfbəxş bu
dünyada doxsan bir il keçib gəldiyi ömür yolundan o uzaq ulduzlara baxa-baxa yenə
ləçəyə qonan, sünbüldən sünbülə uçan və ömrü cəmi bircə gün olan kəpənəyi yadına
saldı...
20 fevral 1992.
|