Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ANARI
İyirminci yüzil Azərbaycan mədəniyyətinin özünəqədərki və özündənsonrakı çağlarının ilgəyini yaradıban bütövlüyünü təmin edən bir orqanik zamandır. Məhz XX yüzildə Azərbaycan mədəniyyəti özünütəşkil prinsiplərini müəyyənləşdirdi, hansı köklərdən gəlib hansı yönlərə budaqlandığını aydınlatdı, tarixin hansı çağlarında siyasi-mədəni epiqonçuluğa varıldığını, hansı yolların səhv gedildiyini, nələrdə büdrədildiyini, hansı istiqamətlərdə düzgün addım atıldığını, hansı səmtlərdə irəli getməyin mümkün və gərək olduğunu sezdi. Azərbaycan mədəniyyətinin onurğa sütunu XX əsrin güclü birləşdirici "fəqərəsi" ilə bərkiyib qayım oldu. Azərbaycan mədəniyyətinin bu tarixi-genetik bütövlüyünün dərk olunması və yaradılmasında müstəsna xidmətləri olan mütəfəkkir sənətkarlarımızdan biri də, şübhəsiz ki, Anardır.
ÖMÜR ZAMAN HÖRGÜSÜNDƏ
Xalq yazıçısı Anar 14 mart 1938-ci ildə Bakıda xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində anadan olub. Azərbaycanın ən köklü soylarından ikisinin yetirməsidir o. Ata tərəfdən uluları Məmmədxanlılardır. Bayat boyundan, Şahsevən tayfasından olan, Çiyni və bir para başqa kəndlərin mülkədarı Məmmədyar oğlu Məmmədxan ‘IX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orada zəhərlənərək öldürülür. Məmməd xanın nəticəsi - Rəsul Rzanın atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. Anarın anası Nigar xanım məşhur Rəfibəylilər nəslindəndir. Ulu babası Ələkbər bəy Rəfibəyli - el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyasi partiya olan "Difai" partiyasının yaradıcılarından idi. Babası - ilk ali təhsilli Azərbaycan cərrahlarından olan, 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışan, Xudadat bəy Rəfibəyli 1918-ci ilin mayında Gəncədə ilk müstəqil Azərbaycan cümhuriyyəti qurulandan sonra ‘ətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncənin general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci ilin Aprel bolşevik çevirilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində suçlandırılaraq güllələnmişdir. Anarın atası Rəsul Rza və anası Nigar Rəfibəyli XX yüzil Azərbaycan ədəbiyyatının klassikləri sırasına daxil olmuşdur. Fəal yaradıcı ailə-sənət mühitində böyüyən Anar 1960-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. Həmin il Nizami Muzeyində kiçik elmi işçi, 1961-62-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib, 1962-1964-cü illərdə Moskvada Ali Ssenari Kurslarında təhsil alıb, yenidən RTK-də böyük redaktor (1964-1967) işləyib. 1964-cü ildən Yazıçılar İttifaqının , habelə Kinematoqraflar, Jurnalistlər və Teatr Xadimləri İttifaqlarının üzvüdür. 1968-1987-ci illərdə "Qobustan" incəsənət toplusunun baş redaktoru olub. 1987-ci ildə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi, 1991-ci ildə Yazıçıların 9-cu qurultayında yekdilliklə Yazıçılar Birliyinin sədri seçilib. 1987-ci ildə Azərbaycan Ali Sovetinin deputatı, 1989-cu ildə SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü seçilib. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, MM-in elm, təhsil, mədəniyyət (sonralar yalnız mədəniyyət) komissiyasının sədri seçilib. Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin sədridir. Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür. 1976-cı ildə Əməkdar İncəsənət Xadimi adına, 1980-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüş, 1998-ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir. Anarın Bakıda, Moskvada, Türkiyədə, İranda, Almaniyada, İsveçrədə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Bolqarıstanda, Estoniyada, Gürcüstanda, Qazaxıstanda, Tacikistanda 60-a yaxın kitabı çap olunub. "Ağ liman" Moskvada (1973, 1980, 1988), Polşada (1978), Magarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" Moskvada (1980, 1988), iki dəfə müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında (1979), Almaniya Federativ Respublikasında (1989), Çexoslovakiyada (1980-ci ildə çex, 1984-cü slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), "Əlaqə" povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada (1986), ‘ransada (1995), Estoniyada (1981), "Dantenin yubileyi" üç dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973), Tacikistanda (1977), "Dədə Qorqud" Moskvada (1980, 1988), İranda böyük tirajlarla, nəfis şəkildə nəşr olunub. "Mən, sən, o və telefon" hekayəsi ABŞ-da, Kanadada, Yaponiyada, ‘inlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunub. Anarın ayrı-ayrı hekayə, pyes və məqalələri dünyanın bir sıra mətbuat orqanlarında ingilis, fransız, alman, ispan, benqal, türk, macar, rumın, bolqar dillərində və keçmiş SSRİ-nin bütün respublikalarında dərc edilib. Amma əlbəttə, Anar ən böyük populyarlığı öz Vətənində - Azərbaycanda qazanıb. Xüsusilə 70-80-ci illərdə Anarın 30, 40, 50 min tirajla çap olunan kitabları, dərgilərdə çıxan əsərləri əl-əl gəzir, dürlü polemikalara səbəb olurdu. Anarın nəinki əsərləri, hətta bu əsərlər haqqında dərc olunan məqalələr Azərbaycan ictimaiyyəti tərəfindən çox həssaslıqla qarşılanırdı: "Dantenin yubileyi" povesti haqqında tənqidçi Nadir Cabbarovun yüksək peşəkarlıqla qələmə aldığı məqaləsi Azərbaycan Elmlər Akademiyasından ucqar bir kəndə qədər geniş aydınlar marağına səbəb olmuşdu. 1974-cü ildə "Bakı" axşam qəzetində "Gecə yarısında hadisə" sənədli povesti hissə-hissə çap edildikcə bütün Bakı o qəzetin hər sayını arayıbaxtarır, oxuyurdu… Anar, əsərlərində çağının ən aktual problemlərini qaldırdığından, ən həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki, əhatəli ədəbi-tənqidi münasibətlərə, disskusiyalara hədəf olur, estetik qavrayış çevrəsini yaradır. Anarın yaradıcılığı haqqında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yazılan çoxsaylı məqalələr, aparılan tədqiqatlar, yəqin ki, bu zərurətin bəhrəsidir. Anarın qələmindən çıxan bütün əsərləri oxuyub başa çıxandan sonra həmin əsərlər xüsusunda yazılmışları göz önünə gətirdikcə, belə bir müqayisəli qanunauyğunluq ortaya gəlir: Azərbaycanın klassik və çağdaş mədəniyyəti, xüsusilə ədəbiyyatı bir küll halında Anar yaradıcılığında bu və ya digər formada öz əksini tapıb. Şəxsiyyətləri, dəyərləri, problemləri, yönləri ilə. Eyni zamanda, çağdaş mədəniyyət və ədəbiyyatımızın, tənqidimizin elə seçkin nümayəndəsi yoxdur ki, Anar yaradıcılığına bu və ya digər formada, səviyyədə müraciət etməmiş olsun. Anar yaradıcılığı Azərbaycan mədəniyyətinə tarixilik və müasirlik baxımından elə qaynaqlanıb ki, bu vəhdətdə onların harmoniyasından yalnız ləzzət almaq, heyrətə gəlmək olar. Bütövlükdə, Anar yaradıcılığına Azərbaycan tənqidinin dörd münasibətini müəyyən etmək mümkündür: iki əks yöndə tənqid, iki əks yöndə təqdir. 60-70-80-ci illərin tənqidçilərinin bir parası - "dünənkilər" Anarı yenilikçiliyinə, irəli getdiyinə, "modernizminə", "formalizminə" və s. "izmlərinə" görə tənqid edirdilər, 90-cı illərin və yeni əsrin əvvəllərinin bir para tənqidçi və yazarları - "bugünkülər" isə "köhnəliyinə", "geri qaldığına", "antimodernizminə", "izmlərsizliyinə" görə suçlayırlar. Anar yaradıcılığının təqdiri də iki cürdür: tənqidin səthi, saya üzdəngetmələri: və nəhayət, Azərbaycan tənqidinin bu dolğun yaradığılığa ciddi elmi-analitik, namuslu münasibəti. Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı fonunda görkəmli siyasi xadimlərimizin, alim, yazıçı, tənqidçi və sənətkarlarımızın - Heydər Əliyev, Əbülfəz Elçibəy, Məmməd Arif, Sabit Rəhman, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, Toğrul Nərimanbəyov, Arif Məlikov, Xəlil Rza Ulutürk, Bəkir Nəbiyev, Araz Dadaşzadə, Yaşar Qarayev, Elçin, Nizami Cəfərov, Tofiq Hacıyev, Yusif Səmədoğlu, Rüstəm İbrahimbəyov, Rəhman Bədəlov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Vilayət Quliyev, Kamal Abdullayev, Rəfael Hüseynov, Nadir Cabbarov, Vaqif Yusifli və başqalarının Anar yaradıcılığını yüksək dəyərləndirmələri, onların bu zəngin sənət dünyasına obyektiv baxışları çox mühüm əhəmiyyət kəsb edir. Keçmiş SSRİ məkanında və dünya mətbuatında Anar yaradıcılığına həsr olunmuş məqalələrin müəlliflərinin - L.Anninski, B.Perevedensev, D.Urnov, E.Şklovski, V.Kovski, A.Latınina, A.Boçarov, N.Boqoslovski, İ.Borisova, Q.Petrova, L.Lavrov, A.Tverski, L.Lavrova, A.Zemnova (Rusiya), ‘akir Baykurt, Mustafa Qutlu, Adnan Özyalçinər, Əhməd Bican Ercilasun, Oktay Akbal, A.Qədir, Yavuz Onk, Əli Yavuz Akpinar (Türkiyə), Mixael Farenholts, Taqe Zommerfild, ‘riderike Bühner, Stefan Proys, Uli Rotfus (Almaniya), Zoltan İslai (Macarıstan), İbrahim Darabi (İran), Cövdət Bilal İsmayıl (İraq) və başqalarının müxtəlif milli psixologiya və ədəbi ölçülərdən Azərbaycan yazıçısının əsərlərinə yanaşmaları sayğıyadəyər və gələcək tədqiqatlar üçün tutarlı mənbələrdir. Burası da önəmlidir ki, hələ SSRİ dövründə xarici ölkələrin mətbuatında dərc olunmuş bu məqalələrin bəzilərində Anarın "sovet həyat tərzinə kəskin münasibəti", "rejimə sığmazlığı", "ənənəvi Asiya epik nəqletməsi ilə ədəbiyyatın Qərbə xas olan texniki üsul və formalarını ustalıqla əlaqələndirməyi bacarması", "Şərq müdrikliyi", "modernist yapqıları" önə çəkilir (Uli Rotfus), Anarın təqdim etdiyi "dünyanın bizim təsəvvür etdiyimizdən (yəni isveçrəlilərin - R.U.) qat-qat zəngin, çoxcəhətli və təzadlı olduğu" ("Noys Sürixer saytunq" qəzeti, Sürix, 7/8, 1990-cı il) nəzərə çarpdırılır. Anar ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə uzlaşdıra bilən nadir şəxsiyyətlərdəndir. Anarın həm sovet dönəmində, həm də indi - müstəqillik çağında bütün yaradıcı fəaliyyəti başlıca məqsədilə milli-mənəvi tərəqqiyə yönəkdir. Onun Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etdiyi illərdə bu təşkilatın nəzdində "Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi", "Dədə Qorqud Ensiklopediyası" yaradılmış, "Ədəbiyyat və İncəsənət" qəzeti, "Ədəbiyyat qəzeti" adıyla Mədəniyyət Nazirliyi ilə şərikli nəşr olunmaqdan çıxarılaraq Yazıçılar Birliyinin orqanı olmuş, "Qobustan" toplusu da Yazıçılar Birliyinin orqanına çevrilmişdir. Yazıçılar Birliyinin təklifi və təşəbbüsü ilə Azərbaycan PEN klubu - Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan bölməsi yaradılmışdır. Moskva, Türkiyə, Gürcüstan və Polşanın yazıçılar təşkilatları ilə ikitərəfli müqavilələr bağlanmışdır. 1987-ci ildə erməni fitnəkarlarının təhriki ilə Qarabağ məsələsi ortaya atılandan bəri Yazıçılar Birliyi fəal mövqe tutmuş, ilk dəfə Moskvaya etiraz məktubları yazıçılar ocağından, onların imzasıyla göndərilmişdir. Yazıçılar Birliyinin Ağdam döyüş bölgəsində və Gəncədə Plenumları keçirilmişdir. Anar Naxçıvan, Abdam, Goranboy və Qazaxda döyüşçülərlə görüşmüş, qaçqın ailələrinin Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq evində yerləşdirilməsini təmin etmişdir. Xalqımız bunu heç zaman unutmayacaq ki, 1988-ci ildən bəri Azərbaycanın ən ağır günlərində Azərbaycan Ali Sovetinin deputatı, SSRİ xalq deputatı və SSRİ Ali Sovetinin üzvü Anar istər Azərbaycan parlamentində, istərsə də SSRİ-nin ali məclisində Qarabağ problemi xüsusunda dəfələrlə çıxış edib. Başqa Azərbaycan deputatları ilə birlikdə bir neçə dəfə Qarbaçovla görüşüb və ona Azərbaycanın haqq səsini çatdırıb. Yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasını tələb edib. 1990-cı ilin Qara Yanvar gecəsindən sonra Anar rus dilində "Müsibət" adlı müraciət yazıb və səhəri gün yüzdən artıq ünvana - SSRİ xalq deputatlarına və Yazıçılar İttifaqlarına göndərib. Yanvarın 21-də Akademiyada Azərbaycan ziyalılarının etiraz iclasını Anar aparıb. Yanvarın 22-də Azərbaycan Ali Sovetinin bütün gecə davam edən sessiyasında çıxış edib, təkliflər verib, bəyanatlar imzalayıb. 1988-ci ildə Azərbaycanda milli-siyasi hərəkat başlayan çağda bu çağın milli-mənəvi, əxlaqiintellektual təməlini yaradanlardan biri olmuş Anar bir neçə mitinqdə və 1990-cı il Yanvarın 20-də indiki Prezident sarayının qarşısındakı mitinqdə çıxışlar edib. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Anara müstəqil Azərbaycanın ilk Milli Məclisini açmaq, ilk iclasını aparmaq şərəfi nəsib olub. Anar, yaradıcı şəxsiyyətin özəyini təşkil edən müqəddəs tənhalığını qoruya-qoruya ünsiyyətsevər əsilzadəliyi ilə fəal ictimaiyyətçi olaraq sanki yüz illər bundan öncə başladığı işi səbrlə, təmkinlə davam etdirir. Yaşadığı çağı ömrü, düşüncələri, əməlləri ilə daha mənalı, yaşamalı edən Anar "Mübarizə bu gün də var" məramı ilə, sanki hər işi yenicə başlayırmış kimi tükənməz enerjisi ilə yazıb yaratmaqdadır… ÖZÜL DAŞI, YAXUD
TARİX - ALLAHIN SƏBRİDİR Milli klassik mədəniyyətimizin bütün şirəli köklərindən gələn iris güc, qaynar enerji Anar yaradıcılığının ən dərin qatlarına sirayət edərək bu yaradıcılığın rüşeymlərini hərəkətə gətirir. Bu səbəbdən Anar klassik irsə münasibətində olduqca müasir, müasirliyə münasibətində olduqca örnəkçidir.
Xalqın mədəniyyət qalası yeganə qaladır ki, heç vaxt tikilib qurtarmır. Hər gələn nəsil onun təzə qatını hörür. Hər qat hörüldükcə, qalanın özülü - milli varlığın bünövrəsi bərkiyir... Həmişə belə olub və yəqin ki, bundan sonra da belə olacaq: dünya burulğanlarında zəiflər itəcək, cəsur xalqlarsa hər hansı bir bəladan sıyrılıb cıxacaq, nəsil-nəcabət artıracaqlar. Tarixin acı məntiqi belədir... Yəqin ki, "Dədə Qorqud" filminin son epizodlarını xatırlayırsınız: Alp Aruzun gözü qızmış tərəfdarları el atası Dədə Qorqudun da, onun qopuzunun da üstündən adlayıb qardaş qanı tökməyə çapırlar. Sözü eşidilməz olmuş Dədə Qorqud toz-torpağa döşəli, əlləri uzalı qalır... Yadlar yox, qan qardaşları öz kökünə balta vurur... Bu, ötənlərimizdən görk olan simvolik bir səhnədir. Hərgah içəridən didilmələrimiz olmasaydı, indi bütövlükdə Azərbaycan yer üzünün ən abad məmləkətlərindən, eşidilən böyük səlahiyyətli dövlətlərindən biri olardı... Anar "Dədə Qorqud" filmindən təxminən on il sonra yenidən bu mövzuya qayıtdı və "Öz eli olan xalq idim, elim indi hanı? Öz xaqanı olan xalq idim, xaqanım indi hanı?" epiqrafı ilə (Költiqin abidəsindən) başlanan "Dədə Qorqud dünyası" adlı tarixi-etnoqrafik essesini yazdı. Su kimi içilən bu əsər bütün gözügötürməyənlərimizə ən tutarlı cavab olmaqla yanaşı, eyni zamanda, xalq qüdrətinə, onun baş ucalığına inam doğuran bir əsərdir. "Kitabi Dədə Qorqud"un yaranış və yazıyaalınma tarixinin dürüstləşdirilməsində və onun neçə illərdən sonra 1300 illik yubileyinin dünya miqyasında keçirilməsində həlledici xidməti olan Anar yazır: "Kitabi Dədə Qorqud" tariximizin təməl məsələsi - Azərbaycan xalqının mənşəyi və məskəni məsələsiylə birbaşa bağlıdır, daha doğrusu, bu məsələlərin tam dəqiqliklə açılması üçün ən etibarlı mənbə və məxəzdir". Anar ölməz milli eposumuzu məhz belə güvəncli örnəktək araşdıraraq onun çağdaşlıq gərəyini də üzə çıxara bilir. Bu essedə saysız-hesabsız təkzibedilməz tutarqa var. Ancaq mən onun birini misilsiz hesab edirəm: Azərbaycan xalqının ilk mənəvi dayaqlarının, ədəbi dilimizin özülləşmə çağının əsas əlamətlərini hifz edən bu eposun ən arxaik dil qatı altında heç bir başqa xalqın qədim dil izi yoxdur. Ən ilk qatdan belə bu dil öz bünövrəsi üzərində boy atıb, bu dil dünyanın təməl etnoslarından olan Türk Oğuzların dilidir ki, o da mahiyyətcə heç bir qəti dəyişikliyə uğramadan indi də yaşayır, - həmin ulu dilin yaşadanı da bizik. Bu elə etibarlı söykəncdir ki, artıq onu heç kim, hətta ən qatı təəssübkeşlər belə dana bilməz: "Kitabi Dədə Qorqud" əcdadımız, ulu babalarımız tərəfindən Azərbaycan torpağında, Qafqaz şəraitində yaradılmış, dilimizin ən qədim, möhtəşəm abidəsi, xalqımızın tarixdə zəngin, parlaq və əski sorağıdır. Dastan neçə əsrlər, bəlkə də minilliklər ərzində biçimlənmiş, bitkinləşmiş, müxtəlif dövrlərin nişanələriylə bəzədilmiş, amma ilk mahiyyətini - ruhunu, dilini, məzmununu və formasını, o cümlədən, şerlərinin formasını saxlamışdır". Anar, bəşəriyyətin tarix boyunca yaradılmış say-seçmə incilərilə yanaşı araşdırdığı "Dədə Qorqud" eposunun ilk laylarını yüksək sənətkarlıq və elmi intuisiya ilə aça-aça belə bir təbii qənaətə gəlir ki, böyük bədii-estetik dəyərə malik olan bu abidə Azərbaycan təfəkkürünün məhək daşıdır və mədəniyyətimizin inkişafının hər yeni mərhələsində ona təzədən dönmək zərurəti yetişəcək. Abidə hər zaman tarixi bir iftixar duyğusu doğuracaq. Ancaq... təkcə fəxr etmək azdır, başlıcası - ona layiq olmaq gərəkdir. "Azərbaycançılıq haqqında düşüncələr"ində (Bakıda Amerika Universitetində oxunmuş məruzə) Anar bir mütəfəkkir sənətkar olaraq Azərbaycanın tarixi taleyinə və Yeni Çağ Azərbaycançılığının fəlsəfi-ideoloji mahiyyətinə konseptual baxışlarını irəli sürmüşdür. Çağdaşlaşan tarixin, tarixləşən çağdaşlığın yazarı Anar müəyyən mənada "Tarixi-Allahın səbri" sayır bu əsərində. O, tarixə ənənəvistandart baxışlardan yan keçərək, dövrlər kataloqu,zaman ardıcıllığı məntiqinə sığmayan olumlar düzümündə substansial gerçəkliyin mahiyyətini arayır, göstərir ki, tarix - yuvarlaq rəqəmlərlə tamamlanmır, epoxal hadisələrin bir-birinə təkanvericiliyi, şəbəkələnməsi, harmoniya qatlarını yaratması onun məntiqini şərtləndirir. Vaxtilə Hegel də "Tarix fəlsəfəsi" əsərində tarixin öz məntiqini yaratmasındakı təşnə cəhdində "ümumdünya ruhunun iradəsini", "substansial pafosu" önə çəkmiş, tarixin ən böyük mənasını mənəviyyat dəyərlərinin üzə çıxarılmasında, ruhi harmoniyaya çatılmasında görmüşdü. Anar da iyirminci və iyirmibirinci yüzillikləri, ikinci və üçüncü minillikləri ayırıb qovuşduran eyni rəqəmlərin səf-səf düzülüşü ilə deyil, bəşəriyyətin, eyni zamanda Azərbaycan xalqının tarixi yaddaş və həyatının doğurduğu epoxal dönüşlərlə tarix yarandığı qənaətinə gəlir. Bu mənada tarix - milli varlığın, milli ruhun zaman-zaman, fəsil-fəsil çiçəkləməsidir. Dünən bugünə çatmırsa, demək, bu gün də sabaha çatmayacaq. Dünənin bu günə, bugünün sabaha yetməsi, qovuşması ilə zaman bütövlənir, tarix pillələnir. Bu pillələrlə düşmək də, qalxmaq asandır. Ən məğrur yeriş - tarix pillələrindəki gedişdir. Tarix - pillələşməyəndə, cəngəlliyə, yaxud da səhraya çevrilir. "Zamanların rabitəsi qırılır" (Şekspir). Bu mənada Anarın "ənənə" yerinə "gələnək" işlətməsi, mədəniyyətin davamlı milli ruh sütununa gələnək prinsipləri ilə yanaşması tamamilə qanunauyğundur. 1988-ci ildə professor Yaşar Qarayev yazırdı: "Anarın zaman və rabitə konsepsiyasında keçmiş - yenidən qayıtmağa tələsdiyimiz ünvan və mənzil deyil, gələcəyə boylandığımız zirvə və dayaqdır, sabaha yürüşdə start meydanı, irəliyə hərəkətdə mənəvi mühərrik kimi fəal və diridir". Anar təkcə nəsr əsərlərində deyil,həm də tarixipublisistik esse və məqalələrində, digər səpgili yazılarında tarixi - çağdaşlığın təməli kimi qavradır. "Zalım bir dövrdə" insani kamilliyə və qəlb intibahına səsləyən, kosmik əxlaqın möhtəşəm poeziyasını yaradan Nəsimi, tarixin Azərbaycan mənasını açmış Şah İsmayıl Xətayi, Ortaçağ Azərbaycan türkcəsini Şərqin üç böyük dilindən biri kimi sənət meydanına gətiribən bu dildə əbədiyyət duyğularını dilləndirən ‘üzuli, "Şərqin mədəni irsiylə Qərbin mütərəqqi fikrinin, vahid bəşəri dəyərlərin rəmzi", yeni ideyaların, "sübhün səfiri" Mirzə Fətəli Axundzadə, "min illik bir ənənənin axarında öz yönünü taparaq", xalq mənəviyyatı və zövqünün dərinliyini, milli-estetik zənginliyini aşıq şerində kükrədən Aşıq Ələsgər, bütün ədəbi fəaliyyəti ilə tənqidi və milli-demokratik düşüncənin əsasını qoymuş Cəlil Məmmədquluzadə və əsrini tərpədən mollanəsrəddinçilər, "sənətimiz tarixinə əlvan, romantik bir səhifə yazmış" Hüseyn Cavid, milli ədəbiyyatımızda tarixi roman janrının ən qüdrətli yaradıcılarından biri Yusif Vəzir Çəmənzəminli, əsgi - yeni çağ, Şərq - Qərb musiqisinin praktika və nəzəriyyədə klassik vəhdətini yaratmış Üzeyir bəy Hacıbəyli Anarın "Şairin hünəri", "Şairin zəfəri", "Şairin kədəri", "Sübhün səfiri", "Aşıq gördüyün çağırar", "Anlamaq dərdi", "Molla Nəsrəddin - 86", "Qəm pəncərəsi", "Böyük ömrün bir əsri", "Yusif Vəzir haqqında söz", "Üzeyir ömrü" əsərlərinin ona görə araşdırma mənbəyi, örnək obrazıdır ki, bu böyük insanların hər birinin şəxsiyyəti, yaradıcılığı, fəaliyyəti, mücadiləsi ilə Azərbaycan mənəvi düşüncəsi və mədəniyyətinin bütövlüyü, varisliyi, yaşam qüdrəti, indi və indən belə də hər çağda varolma qabiliyyəti, hüququ yaradılmış olur. Bu - daha geniş və gerçək mənada Azərbaycanın fiziki və etnik coğrafiyasının üst-mənəviyyat qatıdır. Məhz bu qat yırtılanda Vətən torpağının əldən getməsi doğrulanır. Anar bütün yaradıcı həyatı boyu bu milli mənəviyyat qatını möhkəmlətməyə, güclü və deşilməz etməyə çalışıb. "Qobustan" incəsənət toplusuna redaktorluq etdiyi dönəmdə isə bu ümummilli problemin dil mədəniyyəti çevrəsinə xüsusi bir həssaslığın yaranmasına nail olub. Bu gün daha da aktuallaşan milli dil siyasətini XX əsrin son çərəyində seçkin və ardıcıl səpgidə, əngəllərlə dirəşədirəşə, ancaq milli mənəviyyat təməlini yalnız Azərbaycan türkcəsinin tükənməz törədiçilik potensialı əsaslarında quraraq yeritməyin, qətiyyətlə bu yolu davam etdirməyin bünövrəsini Qobustan incəsənət - milli düşüncə hərəkatı qoydu. Dünya mədəniyyəti ilə sıx ilgilənmə, qaynaqlanmanı da içinə alan bu hərəkat milliliyin və bəşəriliyin harmoniya xəttini ən təbii əsaslarla yaradırdı. Bu çağdan dil yenilikçiliyi məqsədyönlü şəkil aldı, mədəniyyətimizi gəlişdirməyin özül daşına çevrildi. Bu çağdan Azərbaycan türkcəsinin nəfəsi xeyli genişləndi, onun elmi-humanitar tutarı gücləndi, bu təkanla onun gələcək inkişafına da perspektiv açıldı. XXyüzilin ilk çərəyində "Molla Nəsrəddin" jurnalının həyata keçirdiyi böyük missiyanı həmin yüzilliyin son çərəyində yeni tarixi situasiyada Anarın "Qobustan"ı (əlbəttə, həm də onunla çiyin-çiyinə "Azərbaycan", "Ulduz", "Xəzər", "Gənclik" dərgiləri…) daşıyırdı. Mədəniyyətin inkişafı - yalnız bütün cinahlardakı hərəkatla təmin olunur. Ona görə də klassik mədəniyyət qurucuları milləti silkələmək, milli düşüncəyə təpər vermək üçün onun bütün cəbhəsində fədakarlıqla çalışmışlar. Bu ənənə, göründüyü kimi, Anar üçün də məram və örnək olub. Yeni çağın klassik əsərlərini yaradan Anar ötəni - itən saymayan, keçmişlə bugünün (ötənlə bitənin) ulu doğmalığına söykənc verən, tarixin arxitekturasına öz naxışlarını, oymalarını yapan, sərt doğruları ilə ürəyimizdən tikan çıxardan bütün yaxşı sənətkarlar kimi həqiqi mənada adamı xoşbəxt edən yazıçıdır. Yazıçı Anarın yaradıcılığı sanki bu hikmətli fikri bir daha təsdiq edir: "Öz nöqsanlarını duyan, görən, düşünən, yazan xalq yetkin xalqdır!" "Aşağılıq kompleksi"ndən sıyrılıban öz üstünlüklərini pasdan təmizləyib, bülövləyib, itiləyib, parıldadıb kəsərli, etgili, gərəkli edən xalq da eləcə. MƏNƏVİYYATIN ƏKS DƏRİNLİKLƏRİNDƏ:
OKEANINDA VƏ KOSMOSUNDA Anarın nəsri, şübhəsiz onun çoxşaxəli yaradıcılığının nüvəsini təşkil edir. Yazıçının nəsri 60-cı illərdən ta günümüzədək özünəməxsus zənginləşmə, dərinləşmə yolu keçmiş, gəlişməsində yeni çalarlar, özəl keyfiyyətlər qazanmışdır. Onun nəsr yaradıcılığındakı poetik təkamülün ritmlərini sanki bir-birindən doğulan, fəqət ayrı-ayrı dünyalardan keçən əsərlərin ümumi arxitektonikasında aydınca bəlirləmək olur. Yazıçının daim gərilən üslubu, birərli-analitik təhkiyəsi, öz daxili enerjisinə güvəncli süjetobrazyaratma çəmləri, yorulmaz ideya axtarışları onun nəsr poetikasının dinamikasını təmin edir. Anarın bir əsərindən o birinə qapı açılır. Hər bir əsərin mövzu, üslub və forma bitkinliyi olduğu üçün bu "poetik məkana" sığdırılan hər bir detal incəliklərinə qədər işlənildiyindən həmin "poetic məkana" sığmayanlar da yeni bir əsərin obraz potensiyasına çevrilir. Dərinlik genişlənmə, budaqlanma, dürləşmə situasiyası yaradır. Bir əsərin ötəri cizgisi, epizodik obrazı yeni bir əsərdə fokuslaşdırılır, mayalanmış bədii hüceyrənin orqanizmə çevrilməsi, doğuluşu, həyat qazanması kimi təbii bir proses baş verir. Bu mənada Anarın bütün nəsr əsərləri bütöv, sürəkli bir romandır. Dünya ehramının şüuraltı labirintlərində hörümçək torlarını yırta-yırta gedən, əlindəki lampa ilə qaranlıqları işıqladan kahin bilib-bilmədiklərimizi bizə sir gözəlliyi ilə açır… Anarın antik fəhmi onun bədii dünyagörüşü və düşüncə texnologiyasını klassik nəsrdən (məsələn, Lukian, Rable, Servantes satirasından, "Kəlilə və Dimnə" müdrikliyindən) çağdaş nəsrin modern axtarışlarınadək dünya bədii mədəniyyətinin bütün buğum nöqtələrinə qaynaqlayır. Çağdaş nəsr prosesi XX əsrin ikinci yarısından günümüzədək olan dövrü əhatə edir ki, bu dövrün bədii atlasında Azərbaycan nəsri həm də Anar yaradıcılığı ilə dəyərincə təmsil olunmaqdadır. Çağdaş nəsr axtarışlarında Anarın yeri seçkincə görünür. Bu fikri ayrı variasiyasında belə də demək olar: Anar çağı ilə bütöv, dolğun, ahəngdar görünür. Anar nəsrində Zaman – saat kimi çıqqıldayır, hər Anın - əbədiyyət qədər zəngin və ləzzətli olduğu duyğusu yaradılır. Altmışıncılar sırasında Anar dövrünün yazarları ilə bənzəyişlərindən daha çox bənzəməzliklərinə görə nəsildaşdır. Yazıçı özü də "Nəsrin fəzası" adlı dəyərli araşdırmasında "Yeni Azərbaycan nəsrinin" yaradıcılarını ortaq bir müstəviyə gətirməyə çalışsa da, yenə məhz onların bənzərsizliklərində, problemə ayrı tərzdə yanaşmalarında "Yeni nəsrin" ədəbi ruhunu görürdü. İnsanın daxili aləminə enməyin Balzak, Tolstoy, Dostoyevski, Unamuno bədii üsulundan ayrı bir səpkidə, ancaq gələnəkli bir bağlantıda təzahürü Yeni Çağ dünya nəsrinin estetikasını müəyyən etdi. Buradakı realizm mistika və sürrealizmə varmasında da, social problemləri insanın içərisinə ötürməsində, onları şüuraltında oynatmasında, xırdalıqları qurdalamasında da daha inadlı idi. Dostoyevski və Eynşteyn "atomik başlanğıca", Markes və Priqojin isə materiya və ruhun "özünütəşkil stixiyasına", "xaosdan nizam" yaranmasına istinad etməklə çağlarının bədii və elmi təfəkkürünün konsentrasiya - birləşik nöqtələrini tapmış olurlar. Azərbaycan nəsrində Anar şüuraltı psixologiyanın dərinliklərini belə inadla araması ilə milli bədii düşüncəmizi çağdaş sorulara urcah edir. Markesin Melkiadesi ("Yüz ilin tənhalığı") isti Makondo şəhərciyinə qaraçının gətirdiyi buz külçəsinə əlini vurub heyrətlə "Bu bizim əsrimizin ən böyük kəşfidir!" deyirsə, Anarın ‘eyzulla Kəbirlinskisi, Dantenin yubileyinə dəvəti ilə aldadılıb çox pərt, yöndəmsiz vəziyyətə düşdükdən sonra arvadı Həcəri yalnız metro möcüzəsi ilə təccübləndirməyə gücü çataraq söyləyir: "bəli, görürsən, bu da yeriyən pilləkən…". Assosiasiya doğuran situasiyalar fərqli poetic açıma gedir. Markes bütöv bir nəslin aramsız süqutunu, Anar isə sayğısızlıq gerçəyində mənəviyyatın ölümü təhdidində belə onun diriliyinə işartıları göstərir. "Xaosdan nizama" doğru gedən sanılmaz yolların biri də budur… Markesin gözəl Remediosu hamının gözü qabağında yerdən üzülüb göyə uçur, Anarın gözəl Təhminəsi isə ölümündən sonra Zaurun gözünə "beşmərtəbəli evin altıncı mərtəbəsində" görünür… Əslində, Yeni Çağ bədii-fəlsəfi düşüncəsi elə "beşmərtəbəli evin altıncı mərtəbəsindəkiləri" ələk-vələk etməklə məşğuldur Anarın nəsr əsərlərinin əksər mövzuları - göründüyü kimi, müasirlik, qəhrəmanları - müasirlərimizdir. Bu real obrazlar bizdə o fikri yaradır ki, deyək: "Bunlar ki bizik! Yaxud: "Biz ki elə onlarıq!" Əbədiyyəti də, çağı da yaradıcılığında uzlaşmada alan Anarın əsərləri yazıldığı vaxtla bu günü aktuallığı və sönməzliyi ilə bağlayır. Yazıçının cızdığı bədii dünya daim zamanla tənləşmə və dalaşmadadır. Onun əksər qəhrəmanları - "orbitindən çıxmış insanlar", "faktla həqiqət arasında" vurnuxan insanlar (O.Şpenqler) düşdükləri və ya özlərinin yaratdıqları çevrənin darlığında can çəkişdirirlər. Onlar "obıvatel" mühitinə sığmaq istəmir, bu mühitin içərisində, yan - böyüründə öz antidünyalarını yaratmağa can atırlar. Xüsusilə urbanist mənəviyyatın mağaralarında Anar gəzişmələri çox orijinaldır. Meşşan həyatının yekrəngliyinə, dözülməzliyinə etiraz - ötən əsrin 60-70-80-ci illərinin mənəviyyat axtarışlarının palitrasında tünd boyaları da ortaya çıxarırdı, o dövrün sərt yasaq və tabularına əksbasqı kimi bir sıra sosial-siyasi mətləblərə də toxunulurdu. Anar qəhrəmanlarının çabalayışları, etiraz psixologiyası milli şüurun başqa qatlarını da tərpədir, vətəndaş təpkilərinə impuls verirdi. Barışqanlığın, güzəştçilliyin, ipə-sapa yatarlığın içərisində bir barışmazlıq, güzəştəgetməzlik, ipə-sapa yatmazlıq ruhu çırpınırdı. Şüuraltı psixologiyanın içərilərinə varmada Anar əsrdaşları - ‘rans Kafka, Jan Pol Sartr, Alber Kamyu, Con Faulz, Çingiz Aytmatovun nəsr poetikası ilə səsləşən, lakin tamamilə orijinal bir poetikanın yaradıcısı olur. Bu - büsbütün Azərbaycan psixologiyasının dərinliklərinin poetikasıdır. Personajlar bütün mental biçimlərində Azərbaycan ekzistensiyasını ifadə edirlər. Şüuraltı proseslərin döngələri, uçurumları, çırpıntıları miniatür və epik təsvirlərin kontrastı ilə açılır. Yazıçının fikir, söz labirintləri, dolanbacları insan mənəviyyatının daha çatılmaz qatlarına yetmək vasitələridir. Mənəviyyatın əks dərinliklərində - okeanında və kosmosunda bulunduqca nəinki realizmin və romantizmin hüdudları itir, həm də bu dərinliklərin birindən o birinə əbədi yollar, cığırlar, ünsiyyət kanalları olduğu üzə çıxır. Təbiətin okeanı və kosmosu birləşdirən harmoniyası insaniçi dünyaların aranışında da tapılır. Bu mənada Anar qəhrəmanlarının Qəlb qalaktikasını, Marian çökəkliyini kəşf etmiş sənətkardır. Bir-biri ilə incə, dordolaşıq, ötəri, isti, soyuq, sevgili, yağı münasibətləri olan bu qəhrəmanlar - zəngin dünyanın xırda, xırda dünyanın zəngin insanları Anar nəsrində bütöv bir cəmiyyət, "poetik dövlət" təşkil edirlər. Xarakterlərin açılması məkan dəyişmələrini, məkan dəyişmələri xarakter açılmalarını şərtləndirir. "Ağ liman" - "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - "Otel otağı" yalnız ayrılıqda mövcud olan fiziki məkanlar deyil, həm də sıralanmış düşüncə, tale məkanlarıdır. Nemətin qapalı dünyadan qurtuluşuna heç olmasa bir ümid yeri var: ağ liman. Zaur isə hələ sağlığında əldən verdiyi ölmüş Təhminəni "beşmərtəbəli evin altıncı mərtəbəsində" tapıb da itirir. Bütün ümidlərin qırıldığı yer - otel otağı isə Kərimin ölüm məkanı olur… Tragik sonluğa doğru bu çapışı Anarın başqa əsərlərində əks tərəfə və ayrı tərəflərə yönəlmələr şəklində də "düzmək" olar. Məsələn, "Otel otağı"ndan "Dədə Qorqud"a - dağ zirvəsində alovlanan, insanları bir-birinə hay verməyə çağıran üç tonqala doğru… Burası da önəmlidir ki, yazıçının əsərləri süjet xəttinin düyün məqamları, unudulmaz epizodları və bitkin insan obrazları ilə daha çox yadda qalır. 60-70-80-ci illərdə yazılmış əsərlər məhz beləsəciyyəvi - seçənəkli xüsusiyyətlərinə görə indinin və gələcəyin də diri əsərləridir. Bütün səviyyələrin və zövqlərin yazarı Anarın qəhrəmanları elə real və tükənməzdir ki, onlara bütün səviyyə və zövqlərdən yanaşmaq olar. Heç şübhəsiz, bu qəhrəmanların "yaşadığı" əsərlərdən başqa, minlərlə oxucunun yaddaşında da onların bənzərsiz obrazı var. Həmin qəhrəmanlar və onların yaddaşımızdakı obrazları bizim mənəvi-intellektual həyatımızın sinirlərindədir. "Asılqanda işləyən qadın"ı xatırlayaq. Sən demə, heç nəyi ilə diqqəti cəlb etməyən, cəmiyyəti kənardan izləyən bu qadın insan münasibətlərinin kardioqrammasını hamıdan yaxşı çıxarırmış. "Ağzında bir dənə də sağ dişi" olmayan adi bir idarə işçisi Məmməd Nəsir sən demə, əsl insan sərrafı imiş… Buna görə də Anarın bədii yaradıcılığında tamdeyilməzliyin estetikası xüsusilə önəmlidir. Anar heç vaxt hazır dəyərlər kompleksini təqdim etmir. Əksinə, Anarın təqdim etdiyi dünya öz dəyərlər kompleksini təbii şəkildə doğurur. Bu yöndə o ən müxtəlif bədii forma və üslublara müraciət edir. Yazıçı hiperbolik rəvayət üslubunda qələmə aldığı "Yaxşı padşahın nağılı"nda (1970) totalitar rejimin hansı mühdiş absurda gətirib çıxara bilməsini qroteks yapqıları ilə görükdürür: Qaçırdığı arvadının xorultusunu maqnitafona yazıb məmləkətin himni edən təzə padşah (köhnə vəzir), qaçırılmış arvadını heç kim yuxuda görməsin deyə, bütün rəiyyətdən gördüyü yuxuları yazılı surətdə ona təqdim etməsini tələb edən köhnə padşah total özbaşınalığın fantasmoqorik ipostaslarıdır. Şerlərini bəyənmədiyindən tövləyə saldırdığı şairdən intiqam alsın deyə bir gün də padşahın ağlına gəlir ki, belə bir fərman çıxarsın: "Məmləkətin bütün əhalisi şer yazmalıdır! Bu isə görün nəyə gətirib çıxarır: "…Yazmaqdan başqa hamı bir-birilə şerlə danışmalı idi. Hər şey qafiyələnmişdi - dövlət qanunları, restoran menyüləri, qatarların gəlib-getmə cədvəli. Əgər qafiyə düz gəlməsə, qanun maddəsi, ya cədvəl dəyişdirilirdi. Xırdapara müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma ünvanın qafiyəsini tapanacan bina yanıb qurtarmışdı…" Padşah bütün ölkəni "şair" edəndən sonra tövləyə saldırdığı şairi azadlığa buraxır… "Biçarə şair küçəyə çıxdı… Susuzluqdan dodaqları cadarcadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən olmadı. Özünə çəkmə almaq istəyirdi, yeyib qarnını doyurmaq, bir yer tapıb dincəlmək istəyirdi. Amma elə nəsrlə danışırdı. Tərsliyindən yox. Bacarmadığından. O, şer yazmağı bacarırdı, amma şerlə danışmağı bacarmırdı. Şairə ya heç cavab vermirdilər, ya da şerlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, gedib özünü qayadan atdı." Məmləkətində hər şeyi qadağan edib qurtarandan sonra padşah axırda ölkə vətəndaşlarına ölməyi də qadağan edir! Yazıçı qadağanlar ölkəsinin bu ironik hiperbolasını yaratmaqla, əslində totalitar mənəviyyata, diktatura psixologiyasına meydan oxuyur, ictimai-siyasi azadlığın mənəviyyat dayaqlarına diqqət yönəldirdi. Anar kənardan gətirilən, yad nəzəriyyələrdən diktə edilən qondarma azadlıq ülgülərinin deyil, milli mənəviyyatın doğurduğu, Azərbaycan insanının içindən baş alıb gələn azadlıq duyğularının fərdin və cəmiyyətin həyatında dönüş yarada biləcəyinə inam və güvənc verən bir sənətkar kimi Yeni Çağın yönəldici istiqamətlərini düzgün sezmiş və seçib göstərə bilmişdir. Yazıçının nəsr yaradıcılığı bu təkamül prosesini izləyib əks etdirən çox güclü və dəyərli sənət örnəklərindəndir. DÜNƏNSİZ YAŞAMAĞIN FACİƏSİ
| |
Baxış: 1936 | |
Bütün rəylər: 0 | |