Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Söhbət
SÖHBƏT


     Görkəmli nasir, Azərbaycanın xalq yazıçısı Elçindən bir neçə suala cavab almaq üçün gedəndə həmin müsahibənin ön sözü olaraq qələmə alınan fraqmental bir yazıda Elçin sözünün qüdrətini canlandırmaq çox çətindir, bəlkə mümkün də deyil. Çünki bu böyük şəxsiyyətin sənət dünyası hər hansı bir araşdırmaya sığmayacaq dərəcədə zəngindir. Ədəbiyyatda ilk və həm də təsirli addımlar atdığı 60-cı illərdən bu yana Elçinin əsərləri saysız- hesabsız rəylər, sadə oxucu və peşəkar tənqidçi münasibətlərilə, hətta iri həcmli tədqiqat əsərləri ilə müşayət olunub. 45 il civarlarında Elçin yaradıcılığına ədəbi-ictimai maraq bir an belə səngiməyib. Bu maraq Azərbaycanın mənəvi sərhədlərini aşaraq dünyanın söz sərraflarını danışdırıb və beləcə XX yüzilliyin ikinci yarısında nasir, dramaturq, ssenarist, tərcüməçi, tənqidçi, publisist Elçin sayca o qədər də çox olmayan bir neçə qələm sahibləri - sənətkarlarla bir sırada bütün yer kürəsində Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edən halal bir ustad ucalığına yüksəlib.
     Elçin haqqında yazılanlar və əlbəttə ki, hər şeydən öncə onun meydana qoyduğu bir-birinə söykək duran əsərləri deyir ki, ilk növbədə o, kamil bir hekayəçidir.
     Mən belə deyirəm və dərhal da yazıçının «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Poçt şöbəsində xəyal» və xüsusilə «Dolça» povestlərini xatırlayır və əmin oluram ki, kimsə məni bu povestlərin müəllifini hekayəçi adlandırarkən insafsızlığa yol verdiyimə görə qınayacaq. Haqlı qınaqdır. Çünki adı çəkilən povestlər olmasa, Elçinin yaradıcılığı tamlıq qazanmaz.
     Hələ mən onu demirəm ki, hər biri milli nəsrin inkişafında önəmli yer tutan, hətta mən deyərdim ki, irəliyə atılmış addım olan «Ağ dəvə», «Mahmud və Məryəm», «Ölüm hökmü» romanları hekayə və povest ustası Elçini romançı olaraq təqdim edir.
     Məncə, indi deyəcəyim fikir nasir Elçinin sənətkar məziyyətini daha dəqiq ifadə edə bilər. Elçin hər şeydən öncə romançıdır. Ona görə yox ki, romanları sayca az olsa da həcmcə onun yaradıcılığında daha çox yer tutur. Ona görə ki, Elçinin ən yığcam hekayəsində, ən lirik povestində belə roman silqəti var.
     Romançılıq yazıçının hər bir əsəri üçün seçdiyi hadisələrin mahiyyətindədir. Romançılıq seçilmiş həyat olaylarını təsvir edərkən onun baş vurduğu psixoloji, mənəvi, fəlsəfi, ruhi dərinlikdədir.
     Ədəbiyyatşünas, publisist, ssenarist, tərcüməçi, dramaturq sözlərinin hamısı bir yerdə və hər biri ayrı-ayrılıqda Elçinin yaradıcı dünyasının təyinləridir.
     Nəhayət, Elçin müəllim həm də hədsiz dərəcədə maraqlı müsahibdir. Elmi təfəkkürü, zəngin nitqi, hadisələrə çevik və cəsarətli münasibət bildirməsi ona jurnalistlərin marağını bir an belə azaltmır. Görünür elə buna görə də 2004-cü ilin son ayında biz böyük bir məhəbbət və maraqla onun qapısını döydük.
     -Elçin müəllim, Sizə bir şer həsr etmişəm, adı «Adam». O şerin yuxarısında yazılıb ki, Azərbaycanın ən humanist yazıçısı Elçin müəllimə həsr olunur. Bu o demək deyil ki, Elçin müəllim ən kövrək, hammı bağrına basan, kim gəldi öz çevrəsinə yaxın buraxan insandır. Əksinə, mənim tanıdığım Elçin müəllimin az qala qapalı bir dünyası var. Həmin dünyada Elçin müəllim ürəyi istədiyi kimi azad, dinc, başqa həyatlara ifrat bir maraqla can atmadan, ağayana bir ömür sürür. Öz xasiyyətinə daim sadiq olan Elçin müəllimi görəndə yaxınları, doğmaları, dostlar, tanışlar, hətta üzdən tanıyanlar özünü yığışdırır. Bu bizim məhz belə tanıdığımız, məhz belə sevdiyimiz Elçindir. Mənim epiqqrafımdakı epitetin isə mənası tamamilə yazıçı Elçinin yaradıcılığı, yaza- yaza yüksəldiyi ustad mövqeyi ilə bağlıdır. Azərbaycanda insan duyğularını Elçin qədər incələməyə cəhd göstərən, bədii vasitələrin bütün arsenalını səfərbərliyə alıb, insan sinirlərinin milyardlarla son uclanna təsir və nüfuz etməyi ədəbi metod səviyyəsində anladan ikinci bir yazıçı tapmaq çətindir. Siz bu gün buna görə «Ümid yeri Humanitar qəzet»in qonağısmız. Uzun illərdir ki, Azərbaycan dövlətinin humanitar siyasətinin formalaşmasına, həyata keçirilməsinə məsul olan dövlət xadimlərindən birisiniz. Bilmirəm bu uzun girişlə sizdə bizimlə söhbət eləməyə həvəs oyada bildimmi?
     -Vaqif, bu sözlərə görə sənə öz dərin təşəkkürümü bildirirəm. Bu sözləri çox yüksək qiymətləndirirəm və səni çoxdan tanıyıram. Bilirəm ki, boğazdan yuxarı söz danışan deyilsən. Buna görə bu sözlər mənim üçün çox qiymətlidir. İndi də suallarına imkan daxilində cavab verməyə hazıram.
     -Hər bir cəmiyyət əsaslı dəyişiklikdən sonra uzun bir sabitləşmə dövrü yaşayır. Hər halda Azərbaycanda müstəqillik əldə ediləndən sonra 10 il boyu sürən, elə indi də davam edən stabilləşmə illərinin içindən addımlamaq lazım gəlmişdir. İqtisadi, siyasi sahədə sabitləşmə, eləcə də humanitar sahədə sabitləşmə....Bu baxımdan humanitar mühitin onillik tarixçəsində hansı dərin izləri önə çəkməyə dəyər?
     -Bilirsən, bizdə bir yaxşı atalar sözü var. Deyirlər, həmişə on iki imama ağlayanda məcazi mənada, bir dəfə də yezidə ağlamaq lazımdır. Sovet İttifaqını biz çox söyürük, çox tənqid edirik və çox da haqlıyıq, amma bir həqiqət də var ki, Sovet İttifaqı zamanında, Azərbaycan Sovet İttifaqının tərkibində olanda, xüsusən, mədəniyyət sahəsində, təhsil sahəsində çox böyük uğurlar qazanıb. Bu sadə məsələ deyil. İndi Allaha şükür sərhədlər açılıb, bütün xarici görürük; yaxın xarici, uzaq xarici. Azərbaycanda bir kənd qalmayıb ki, orda məktəb tikilməsin. Bir savadsız adam qalmayıb, ellikcə bütün xalq hamısı yazmağı, oxumağı bacarır. Bu bəlkə də indi çox qəribə səslənir. İndi biz necə dana bilərik ki, o illərdə Azərbaycanın ədəbiyyatı, teatr sənəti, Azərbaycanın rəngkarlığı Avropa səviyyəsində öz xalqını ifadə edib, yəni bu sənətkarlar Avropa səviyyəsində öz milliliklərini ifadə ediblər. Azərbaycan mədəniyyəti ona nail olub ki, orda nə kosmopolitlik var, nə də milli məhdudluq var. Əksinə, milli dəyərlərin, bəşəri dəyərlərin sintezi var və bu böyük məsələdir. Bizim də bu 10-12 ildə ən böyük məqsədimiz ondan ibarət olub ki, bu çətin illərdə, mürəkkəb illərdə əldə olunmuş nailiyyətləri heç olmasa dağılmağa qoymayaq. Yəqin hər kəs xatırlayır ki, nə qədər çətin bir dövr idi. Sovet İttifaqı dağıldı, sovet imperiyası dağıldı və şübhəsiz ki, bunun müqabilində böyük siyasi-ictimai katalizm əmələ gəldi. Yəni dünyanın xəritəsi dəyişdi və bu böyük katalizm şübhəsiz ki, böyük də problemlər yaratdı. Bu problemlərin də ən böyük zərbəsi sənət adamlarına, mədəniyyət adamlarına, təhsil adamlarına dəydi. Azərbaycanda o qədər proseslər getdi ki, xalqın vəziyyətini daha da ağırlaşdırdı. Məhz o zaman keçidində Azərbaycan müstəqillik uğrunda mübarizə aparmağa başladı. Müstəqillik elə bir şey deyil ki, küçədə tapıb qoyursan cibinə, deyirsən ki, bundan sonra mən müstəqiləm. Müstəqillik uğrunda mübarizə aparmaq lazımdır, xüsusən də Azərbaycanın geosiyasi vəziyyəti o biri regionlardan fərqli idi. Azərbaycanı istəməyən qüvvələr vardı. Azərbaycanın əleyhinə olan qüvvələr vardı. Belə bir dövrdə, belə bir vəziyyətdə Azərbaycan öz müstəqilliyi uğrunda mübarizə aparmağa başladı. Müstəqillik uğrunda mübarizə böyük problemlər yaratdı. Bu azmış kimi Azərbaycan, eyni zamanda, sistemi dəyişdi, yəni özünü doğrultmayan sosializm sistemi bazar iqtisadiyyatı ilə əvəz olundu. Və bu da öz-özlüyündə böyük problemlər yaratdı. Amma dediyim hər iki cəhət sovet məkanındakı bütün respublikalar üçün mövcuddur.
     Bunlar azmış kimi Azərbaycan üçüncü böyük bir sarsıntı doğuran cəhətlə üzləşdi. Bu da erməni təcavüzü idi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın torpaqları getdi. Bu barədə ətraflı danışmaq istəmirəm, hadisənin masştabı hamıya bəllidir və bu barədə çox yazılıb, çox deyilib. Sadəcə xatırlatmaq istəyirəm ki, bütün bunların içində Azərbaycan öz mədəniyyətini qorumağa başladı. Öz mədəniyyətini dağılmağa qoymadı və mən bu gün fəxarət hissi ilə deyirəm ki, həqiqətən əldə olunmuş nailiyyətləri dağılmağa qoymadıq, halbuki bunun üçün münbit bir şərait də var idi ki, Azərbaycan ya getsin milli məhdudluğa qapansın, ya kosmopolit bir mədəniyyətə yiyələnsin, amma Azərbaycan öz mədəniyyətinin əldə etdiyi nailiyyətləri saxlayırdı. Mən elə bilirəm ki, 12 ildə ən böyük nailiyyətimizdən biri məhz budur. Bilirsən, amma bu o demək deyil ki, bu sahədə itkimiz yoxdur. İtkilərimiz də var, şübhəsiz və bu itkilərin bir çoxu maliyyə problemləri ilə bağlıdır. Amma bilirsən Vaqif, bu gün mədəniyyətinin taleyi, mədəniyyət məsələlərinin həlli fabrik direktorlarından, istehsalçılardan asılıdır. Nə üçün? Ona görə ki, mədəniyyətin inkişafı ilə əlaqədar hansı məsələni qaldırırıqsa, bu hökmən gəlir dirənir maliyyəyə, vəsaitə. İndiki vaxtda təsəvvür elə, bir milyon qaçqın var, bu qədər problemlər var və buna görə də bir sıra məsələlərdə geri qalırıq. O cümlədən, məsəlçün abidələrin mühafizəsi, mən istərdim ki, daha yüksək səviyyədə olsun, yaradıcı gənclərə şərait daha artıq olsun və sair. Amma bax ki, biz Opera və Balet Teatrını qoruyub saxladıq, biz Milli Dram Teatrını qoruyub saxladıq, biz Sirkdən tutmuş Filarmoniyaya qədər hamısını qoruyub saxladıq. Sən bax ki, bizim qonşu ölkələrin hansında belə şey var, hansında bu cür simfonik orkestr var. Biz bu Dövlət Simfonik orkestrini qoruyub saxladıq və bütün bunlarda şübhəsiz ki, Heydər Əliyevin böyük rolu var. Heydər Əliyevin şəxsiyyətinin, onun mədəniyyətə münasibətinin, mədəniyyət problemlərini hiss etməyinin, dərindən dərk etməyinin burda çox ciddi rolu olub. Bir dənə şərq ölkəsində belə simfonik orkestr yoxdur. Biz bununla fəxr etməliyik. Simfonik orkestirin ifaçılarının maaşları, cürbəcür musiqi alətlərinin alınmasından tutmuş başqa problemlərinəcən həll edildi və nəticədə böyük bir orqnaizm olan simfonik orkestri saxladıq. İndi budur, Rastropoviç kimi dahi musiqiçi ondan razılıq edir və Kabalye gəlib onunla bir yerdə oxuyur. Bu cür misallar çoxdur.
     -Ən yaxın keçmişdə humanitar həyatın bir çox sahələrində (mədəniyyət, təhsil, səhiyyə və s.) ideoloji mahiyyətli olsa da monumentallıq var idi, sanki məktəbdən danışmaq, təhsil sistemindən, şəfaxanadan danışmaq, səhiyyə sistemindən, teatrdan danışmaq mədəniyyət şəbəkəsindən danışmaq təsiri oyadırdı. Amma indi sanki gur çağlayan sellərin hirsi-hikkəsi soyuyub, sular axaraq öz yatağına qayıdıb. Bunu artıq hər kəsin başını aşağı salıb öz işi ilə məşğul olmağı kimi anlamaq mümkündürmü?
     -Burda qeyri-təbii bir şey görmürəm. Çünki sənət fərdiyyətdi, sən özün də şairsən, bilirsən sənət fərdiyyətdir. Bir az o sosializm dövrünün təbliğatından qalma bir şey var idi ki, bir kolxozdan danışanda, bu, bütün kolxoz sisteminin tərənnümünə çevrilirdi və ya məsəlçün, məktəbdə hansısa bir uğurdan danışanda, bu, bütün sistemin uğuru kimi təqdim olunurdu. Mən elə bilirəm ki, məsəlyə differensial yanaşmaq lazımdır. Məsəlçün, bir heykəltaraş oturub öz fərdi aləmini ifadə edirsə, bu, bütün Azərbaycan heykəltaraşlığına şamil edilməməlidir və yaxud, bir xəstəxanada gözəl bir xidmət varsa, gözəl həkimlər ora yığılıbsa və xəstələrə böyük bir qayğı varsa, bu o demək deyil ki, bütün xəstəxanalar belədir. Eləcə də əksinə.
     -Siz Azərbaycanı dünyaya yaxınlaşdıran, SSRİ-nin aşılmaz, tikanlı məftillərlə dövrələnən sərhədlərini sındıraraq Azərbaycanın varlığını hər kəsə duyduran, zamanlarca öz vətəninə əli yetməyən qərib soydaşlarımızı doğma ocağa gətirən nadir şəxsiyyətlərdənsiniz. Azərbaycanın qapıları dünyanın üzünə taybatay açılıb. İndi yer üzünün ən ucqar nöqtələri ilə təmas mümkündür. Hələ heç özümüzə gəlməmiş, qaranlığın dərin yuxusu tam dağılmamış, sərhədlərin, pərdələrin, tamamilə götürülməsi, əcnəbi milliyyətlərin ölkə ərazisində azad bir yel kimi o yan bu yana sərbəst at səyirtməsi bizim milli humanist dəyərləri təcavüz qarşısında qoymur ki? Hətta milli-mənəvi dəyərlərin deqrodasiyaya uğraması barədə fikirlər də səslənməkdədir....
     -Vaqif, mənim fikrimcə çox incə bir məsələyə toxunubsan. Dünya, istəsək də, istəməsək də qloballaşmaya doğru gedir. Sovet İttifaqındakı həyat bunu sübut elədi ki, qapalı sərhədlər, tikanlı məftillər arasında millət inkişaf edə bilməz. Nə qədər inkişaf etdirirsən etdir, əgər sərhədlər qapalıdırsa, bu dünya sivilizasiyasından təcrid olunmaqdır. İnteqrasiya çox vacib məsələdir. Eyni zamanda, bunun o biri tərəfi də var. Kənara getmirəm, elə Türkiyəni misal göstərmək istəyirəm. Çünki mənim Türkiyəyə olan məhəbbətim, sevgim, ehtiramım şübhə doğurmur. Hələ 79-cu ildə «Yaxın, Uzaq Türkiyə» kitabını yazmışam, aradan onilliklər keçib, o kitabı mən böyük məmnuniyyətlə bu günün oxucusuna da təqdim edirəm, yəni mənim Türkiyəyə məhəbbətim sual işarəsi altında deyil. Amma bax, Türkiyə ilə sərhədlər götürüldü. 79-cu ildə mən Türkiyədən ilk səfərimdən qayıdanda (Əziz Nesin dəvətçisi olaraq getmişdim ora), Əziz Nesin, Dəmirtac Ceyhun, Arif Kəsginər. Türkiyənin görkəmli sənət adamları məni yola salırdı. Hava limanında elə bir hiss keçirirdim ki, üstündən az qala, az qala yox, doğrudan da 25 il keçib, amma yenə də o hiss mənimlədi və o hiss yenə də məni riqqətə gətirir. Fikirləşdim ki, ilahi, bir də görəsən, mənə qismət olacaqmı ömrümün axırına qədər ikinci dəfə İstanbula gəlim. Yəni o dövrdən çıxdıq, biz, başa düşürsən sərhədlər açıldı. Amma nə baş verdi, xüsusilə, 90-cı illərin əvvəllərində. Təsadüfi adamlar Azərbaycana gəldi, Azərbaycandan da təsadüfi adamlar Türkiyəyə getdi. Azərbaycanda özünüifadə eləyə bilməyən şairlər, nasirlər, dırnaqarası elm adamları, orda - Türkiyədə müvafiq adamlarla əlaqə yaradıb Azərbaycanı təmsil elədilər. Eyni şeylər Türkiyədə də oldu. Türkiyədə bir şair kimi tanınmayan, özünüifadə eləyə bilməyən, millətin tanımadığı cızma-qaraçı gəldi Azərbaycanda Türkiyənin adından danışdı. Və yaxud da ticarət sahəsində, məsəlçün, mən o qədər adamlar tanıyıram ki, İstanbulda özünə bir köşk aça bilmirdi, amma gəlib burda fabrik açmaq istəyirdi. Bilirsən, sərhədlərin açılmağından, insanların hələ dünyanı qavramamağından istifadə eliyirdilər, bunun da altını biz çəkirdik. Türkiyənin gözəl mədəniyyəti var, gözəl aşıqları var, ifaçıları var, amma bununla bərabər Türkiyənin çox səviyyəsiz musiqisi də var və bizim estrada musiqisinin gəlib bu səviyəyə düşməsində bunun mənfi təsiri olmuşdur. Bu cür misalları çox çəkmək olar. Ona görə çox ehtiyatlı olmalıyıq, özümüzü qorumalıyıq, uymamalıyıq, həm də milli dəyərlərimizi, mənəvi dəyərlərimizi qorumağı bacarmalıyıq və mən elə bilirəm ki, bu istiqamətdə iş gedir.
     -Kapitalist münasibətlərinin tam hökmran olacağma zərrə şübhə yeri qalmadığı, məhz vəsait hesabına nüfuzların yeniləşdiyi bir zamanda, «dünyanı mədəniyyət xilas edəcək» fikrinə necə baxırsmız?
     -Əgər belə demək olarsa, bir canlı varlıq kimi götürsək yer kürəsinin alnında hifz olunmaq yazısı varsa Allahın əli ilə olacaq. Sən təsəvvür elə, mədəniyyət bütün ömrü, tarixi boyu ədəbiyyatda, o cümlədən, Xeyirlə Şərin mübarizəsində iştirak edib, həmişə də Xeyirin mütəffiqi olub. Dünyada Xeyirin sənətdən, ədəbiyyatdan böyük hamisi olmayıb və əgər dünyanı mədəniyyət xilas edəcəkdisə, onda gərək indiyə qədər Şər məğlub olaydı. Mənə elə gəlir ki, «dünyanı mədəniyyət xilas edəcək» kəlamında mədəniyyətə çox böyük ehtiram var, çox böyük məhəbbət var və insanların mədəniyyəti qiymətləndirmək cəhdi var. Amma bütün ümidləri ona dikmək cəhdi ki, «mədəniyyət dünyanı xilas edəcək», bu, bir az mənə elə gəlir ki, hissə qapılmaqdır.
     -Mənəvi, mədəni həyatın humanitar mühitin diqtə etdiyi ən önəmli məsələlər sırasında daha çox nələri qeyd edərdiniz, onların daha sürətlə reallaşması üçün düşündükləriniz varmı?
     -Sən dediyin bu sualın həm gözəgörünən, həm də gözəgörünməyən tərəfi var. Amma bizim bütün sahələrdə olduğu kimi humanitar sahədə də, yəni ədəbiyyat, təhsil, səhiyyə sahəsində görünən və görünməyənlə bərabər böyük bir dərd var, qayğı var, o da Qarabağ məsələsidir. Bu da qaçqınlar məsələsidi, başa düşürsən? Bir milyon qaçqını olmaq nə deməkdir? 8 milyon əhalisi olan ölkənin bir milyon qaşqını varsa, bu o deməkdir ki, hər 7 nəfərdən, 8 nəfərdən biri qaçqındır. Bu dünyada analoqu olmayan bir şeydir və bu qaçqınların daxilində sənin verdiyin sualın cavabının keyfiyyətini dəyişir. Ona görə, əlbəttə, nə gözəl olardı ki, mən sənin sualının cavabında deyim ki, 5 dənə bütün dünya standartlarına cavab verən ali məktəb açaq, universitet açaq və sair və ilaxır. Mən onları deyə bilmirəm. Niyə deyə bilmirəm? Çünki sənin 1 milyon qaçqının var və bu 1 milyon qaçqının mədəniyyətdən uzaq düşməməyinin keşiyində dayanmaq, bu problemlərin və bu məsələlərin hamısıynan məşğul olmağa qoymur və ən əsas məsələ bu saat ondadır ki, bu bir milyon qaçqın Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, mədəni nailiyyətlərdən kənarda qalmasın....
     -Problemə müəyyən qədər aydınlıq gətirdik. Sonda, fürsətdən istifadə edib yazıçı Elçinə də sual ünvanlamaq istərdim. Son illərdə yaratdığınız gözəl əsərlər (xüsusilə, pyeslər, tənqidinəzəri məqalələr və «Bayraqdar» povesti) göstərdi ki yazmaqdan yorulmamısınız. Bəs vəzifədən necə?
     -Bilirsən, Vaqif, bu sualı mənə həmişə verirlər. Əlbəttə, yazıçının ən böyük vəzifəsi onun yazıçılığıdır. Rəhmətlik İlyas Əfəndiyevin ən sevimli iş kabineti ömrü boyu olub onun evdəki iş otağı. Bu əlbəttə yazıçı üçün ideal bir variantdır ki, yazıçı oturub yazıçılığı ilə məşğul olsun. Amma tale elə gətirib ki, mən lap cavan yaşlarımdan ictimai həyatın içində olmuşam və yazıçılıqla bərabər ictimai işlərdə də fəaliyyət göstərmişəm. Bu taledi. Amma mən hansı vəzifədə oluramsa - olum, ilk növbədə yazıçıyam.
     -Elçin müəllim, sonda qəzetimizin təsisçisi olan «Ümid yeri» qeyri-hökumət təşkilatı barədə qısa bilgi vermək istərdim. «Ümid yeri» mənəvi, psixoloji, maddi üzüntülərin acı təsiririndən əziyyət çəkən uşaqları müdafiə edir. Onları küçədən, həyatın dibindən, çirkabdan,əyri yollardan, sonu puç olan dəhşətli həyatın pəncəsindən qoparıb əyninə paltar, qarnına çörək verir, su verir, yataq verir.
     -Mən sizin «Ümid yeri»nin gördüyü xeyirxah əməli çox yüksək qiymətləndirirəm, təşkilata və onun təsis etdiyi qəzetə uğurlar diləyirəm.

Söhbəti Vaqif Bəhmənli yazdı,
dekabr 2004.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 646 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more