Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-ƏLAQƏ
(Fantastik povest)
 
        Bu yayın istisi bir özgə isti idi. Adətən, ən qızmar yay aylarında belə havanın yapışqan kimi çiriş keçdiyi dözülməz bürkü günlərindən sonra şəhərə qəfil dəniz küləyi hücum çəkirdi, açıq qalmış pəncərələrin şüşələrini qırıb tökürdü və adama elə gəlirdi ki, bu çilik-çilik sınıb tökülən istinin, bürkünün özüdür. Bir neçə gün sonra yenə də havadan od tökülərdi, amma arada qalan bu qısa müddətdə şəhər etibarsız sərinliyin ləzzətini səhra yanğısında qarşıya çıxan quyu suyu kimi başına çəkirdi.
       Bu avqust başqa avqust idi: dördüncü həftə idi ki, hərarət ölçənin civəsi 39-40 dərəcədən aşağı enmirdi ki, enmirdi. Hava şəffaf, amma bir qədər bulaşıq horranı andırırdı. Bu horradan görünməz azman-şüşəüfürən əcaib formalar düzəltmişdi — evlər, ağaclar, maşınlar, insanlar arasında qalan, küçələr, meydan, müxtəlif boşluqlar — belə əcaib şüşə — horra-hava formalar idi. Bir vaxtlar belə bir oyuncaq vardı: şüşə kürə, içinə də cürbəcür, rəngbərəng çınqıllar, yarpaqcıqlar — əsl kəhrəbada həkk olub qalmış yarpaqlar kimi. İndi səma tağının altında istidən çapalayan şəhərin damları, qüllələri də sanki şəffaf yarımdairənin qatı maddəsinə həkk olunmuşdu. Fabrik borularından çıxan tüstülər göyə uçub getmir, havada ərimirdn. Tüstülər keçə kimi səmaya döşənirdi. Bu bulanıq boz tüstü zolağından başqa səmanın hər tərəfi apaçıq idi. Bir parça bulud belə görünmürdü. Göylərin mavisi solmuşdu. Səma kirli pambıq rəngindəydi. Gecələr səma tağı qatranı andırırdı; Elə bil qır qazanına bir qom göz atmısan, sonra da qazanı tərsinə çevirmisən — gecə düşəndə şəhər işıqları közərən papiroslara oxşayırdı, sonsuz kirdablardan gələn ulduz işıqları isə, sanki boş fəzadan keçmir, qatı, qalın bir maddəni deşib çıxırdılar.
       Otuz gün idi can qurtaran külək əsmirdi ki, əsmirdi. Ağac yarpaqları, kövrək, incə söyüd salxımları hərəkətsiz asılıb qalmışdılar, elə bil havanın qatılığına yapışdırılmışdılar, şəhər civarında, çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə torpağa yapışıb, daha doğrusu, mıxlanıb qalmışdı.   Ehtizazsız, tərpənişsiz.   Atılmış siqaret yerə mismar kimi düşürdü. Sonra kimsə onu tapdalayır, əzirdi, asfalta həkk edirdi və o zaman tütün qırıqları da eyni cür hərəkətsiz donub qalırdı.
       Şəhərin sakinlərinə elə gəlirdi ki, hamısı yavaş-yavaş əriyir, tərə çıxır. Bir neçə gün, bir neçə saat da belə davam etsə onlar əriyib atılmış dondurma kimi qabıq paltarlarından süzülərək küçələrlə axıb gedəcəklər. Bu yalnız cismani bir düyüm deyildi, həm də şüurlu hiss idi. Hər halda tələbə (bir həftə idi ki, onun tələbə adlanmağa hüququ vardı, bir həftə bundan qabaq köks təpəsindən atılıb çıxmağa hazır olan qəlbinin, sanki içindən dışarıda səslənən döyüntüləri altında o, adını instituta qəbul olunmuşlar siyahısında oxudu) özünü məhz belə hiss edirdi: elə bil beyni istinin təsiri nəticəsində nə isə başqa bir şeyə — mayeyəmi, buxaramı çevrilirdi. Səbəb yalnız istilərdə idimi? Görəsən, niyə ömrün vacib sınaqlarından biri — ali məktəbə qəbul imtahanları ilin ən bürkü ayına düşür? Bütün bunlar hamısı tanımadığı yad cənub şəhəri (o bu şəhərə ilk dəfə bir ay bundan qabaq gəlmişdi və indi azı beş il burada yaşamalıydı), qəbul imtahanlarının üzücü gərginliyi, istilər, istilər və nəhayət bəxtinin uğuru — instituta düşməsi (bu uğur onun düşündüyündən də çox təsir etdi tələbəyə), bəli, bütün bunlar birlikdə — tələbəni aydın şüurla dərk olunmayacaq, qeyri-müəyyən, qeyri-real bir hala salmışdı İndi bütün həyəcanlar, təlaşlar sovuşandan sonra, tələbə dərslərin başlanmasına qədər qalan bu müddətdə, bu qısa bekarlıq fasiləsində nə edəcəyini, nədən başlayacağını bilmirdi. Hər halda bir şeyi o, qət etmişdi — yataqxanada qalmayacaq. Artıq onun yataqxanada qalmağa tam hüququ vardı, amma o, hüquqdan heç vəchlə istifadə etməzdi. Təbiətən tələbə adamayovuşmaz idi, özünə qapılmış, içinə çəkilmiş insandı və qəbul imtahanı zamanı üç nəfər başqa abituriyentlə birlikdə yataqxana otağında qalmaq məcburiyyəti onu bir daha inandırdı ki, adamlarla, illah da yad adamlar ola, heç cür dil tapa, ünsiyyət, ülfət bağlaya, əlaqə yarada bilmir. Bu təşəbbüslər onunçün dözülməz işgəncəyə çevrilərdi. Tələbə təəccüblənirdi ki, otaqdakı üç digər qonşusu — əvvəlcədən bir-birlərini tanımasalar da elə ilk gün günortaya yaxın cur olmuşdular — bir-birlərinin sözündən, sirrindən agah idilər. Bir də tələbəni mat qoyan o idi ki, bu üç oğlan bir-birinə rəqib kimi baxmırdılar. Halbuki, onlardan ikisi eyni institutun eyni fakültəsinə daxil olmaq istəyirdi. Tələbə də sənədlərini məhz o institutun o fakültəsinə təqdim etmişdi. Dördünün arasında tələbə elə bir o oldu. Oğlanlardan biri elə ilk imtahanlardanca kəsildi. O biri iki oğlan onun halına, ürəkdən və səmimi acıdılar, amma özlərinin də aqibəti elə oldu. Qalan iki oğlandan biri ikinci imtahandan, ikincisi isə axırıncı imtahandan kəsildi. Bir gün sonra isə tələbənin daxil olduğu bilindi. Ancaq tələbənin iki qonşusu (birinci oğlan kəsilən kimi yataqxanadan getmişdi) heç də ona həsəd aparmır, paxıllıq etmirdi, əksinə, deyirdilər ki, gəl bu xoş hadisəni birlikdə qeyd edək. Tələbə bir bəhanə tapıb boyun qaçırdı. Bu adamlarla heç bir əlaqə yaratmaq istəmirdi, fikirləşirdi ki, nə onun onlara, nə onların ona xüsusi rəğbət bəsləməsinə əsas yoxdur. Onların uğursuzluqdan sonra özlərini sındırmamaları, özlərini tox tutmaları, zarafatları, lətifələri, öz aralarında, yataqxanadakı başqa oğlan və qızlarla mehribançılıqları, ünsiyyətləri, asan təmasları bir növ tələbəni daha da əzirdi, çünki qılıqsızlığını, ülfətsizliyini bir daha gözə çarpdırırdı. Odur ki, sınaqdan qalib çıxıb, bir nəfər tanış-bilişi olmayan şəhərdə yaşayacağını bilən kimi, tələbə qalacağı yer haqqında düşünməyə başladı. O bura gəlməmişdən bilirdi ki, yataqxanada tək qalmaq imkanı olmayacaq, odur ki, tələbəlik həyatına hazırlaşarkən yavaş-yavaş kiçik bir məbləğ yığıb hazırlamışdı. Məbləğ kiçik olsa da, balaca bir otaq, ya guşə tutmağa bəs edərdi. İnstituta düşdüyünü bilən kimi o, axtarışa başladı. Tələbə bilirdi ki, belə axtarışları iki yolla aparmaq mümkündür, ya şifahi şəkildə, tanış-bilişlər vasitəsilə, soraqlaşa-soraqlaşa (onun da dediyimiz kimi, burada heç bir tanış-bilişi yox idi), ya da yazılı, yəni elanlar vasitəsilə. Allahın ver günü tələbə elan lövhəsi asılmış balaca küçəyə üz tuturdu, bura cürbəcür adamlar toplaşardı — ev, mənzil, otaq, guşə kirayə verənlər, kirayə götürənlər, dəyişənlər, çeşid-çeşid dəllallar və bir də avara bekarlar. Onlar iri lövhənin qabağına yığışar, əllə, ya makinada yazılmış, lövhəyə yapışdırılmış elanları oxuyar, müzakirə, mübahisə edər, çənə-boğaz olardılar.
       Düz altı gün idi ki, tələbə bu lövhənin qarşısına gəlirdi. Hamısı da hədər. Bu gün lövhənin qabağında adam az idi, tələbə yarım saata qədər dayandı, elanların hamısını elədən belə oxudu və yenə də münasib bir şey tapmayıb kor-peşman yola düzəldi. Ancaq bir addım atıb dayandı. Tələbəyə elə gəldi ki, onu çağırdılar, adını çəkdilər. Şübhəsiz o yanılmışdı, çünki bu şəhərdə üç nəfər yataqxana qonşusundan başqa heç kəs onun adını bilmirdi. Onlar da bu şəhərdən çıxıb getmişdilər. Ancaq qəribədir ki, tələbə yalnız adını eşitmədi, eyni zamanda ona zillənmiş zəndli baxışları da hiss etdi. Tələbə çevrilib baxdı: küçə bomboş idi, lövhənin qarşısında altı nəfər (tələbə tezcə saydı onları) dayanmışdı. Onlar diqqətlə elanları oxuyurdular. Onlardan ikisi cib dəftərlərini çıxarıb elanları ora köçürdü, hər halda heç biri nə tələbəyə baxmaq, nə də onu çağırmaq fikrində deyildi. Tələbə aramla küçəyə göz gəzdirdi, sonra başını qaldırıb küçənin hər iki tərəfində yerləşmiş bir və ikimərtəbəli evlərə baxdı. Pəncərələri də nəzərdən keçirdi, axı ona dikilən baxışlar pəncərə arxasından da zillənə bilərdi. Bütün pəncərələr istiyə baxmayaraq, ya bəlkə də elə istiyə körə — kip bağlı idi. Heç yerdə heç kim görünmürdü. Lövhə qarşısındakı iki nəfər lazım bildiklərini cib dəftərçələrinə köçürüb yola düzəldilər, üç nəfər başqası da lövhədən aralanıb tini buruldu. Gediş-gəliş az idi bu küçədə. Ancaq tindən qeyri-adi dərəcədə uzun bir maşın — refrejerator buruldu və bütün küçəni — tindən-tinə tutdu. Bu maşın nə isə yer üzündə çoxdan məhv olub itmiş qədim heyvanları — kərtənkələnin nəhəng əcdadını xatırladırdı. Məhz elə kərtənkələ kimi, nəhəng, ilan kimi qıvrılaraq tini buruldu, bir azdan quyruğu da çəkilib gözdən itdi. Və ancaq, bundan sonra tələbə lövhə qarşısında qalmış yeganə adama — göy köynəkli, hündür oğlana diqqət yetirdi. Bu, tələbənin otaq qonşularından biri — həmin o ilk imtahandan kəsilən oğlan idi. Tələbəyə elə gəlirdi ki, oğlan bu şəhərdən çıxıb getmişdir. Onların çarpayıları yan-yana idi: oğlanın qəribə şakəri vardı — kecə yuxuda kiminləsə bərkdən mübahisə edər, qızışıb qışqırar, söyərdi, hər halda tələbənin onunla görüşməyə, dayanıb kəlmə kəsməyə heç bir həvəsi yox idi. Amma oğlan çevrilib tələbəyə tərəf ad-dımladı. Qəribədir. Gülümsəyən oğlan — tələbəyə elə gəlirdi ki, oğlan məhz ona gülümsünür — yaxınlaşarkən tələbə gördü ki, bu heç də həmin oğlan — onun yataqxana qonşusu deyil. Düzdür bir qədər ona suyu çəkir, amma hər halda o deyil və təbii ki, heç gülümsünüb eləmirdi də, tələbənin yanından da yad adam kimi sakitcə keçib getdi. Amma bu anın gələcəkdə cərəyan edəcək işlər üçün müəyyən əhəmiyyəti oldu: çünki məhz bundan sonra elə bil kimsə tələbəyə dedi ki, lövhəyə bir də yanaş, elanları bir də gözdən keçir. Tələbə elanları böyük diqqətlə başdan-axıracan oxumuşdusa da, hər halda, qəribə bir daxili təkanın nəticəsində yenidən lövhənin qarşısına qayıtdı və elanları bir-bir yenidən oxumağa başladı. Tələbə bu işi son dərəcə böyük bir vasvasılıqla icra edirdi. Halbuki, bilirdi — elanları indicə oxuyub, münasib bir iş yoxdur və onları yenidən — ikinci dəfə oxumaq mənasız işdir. Birdən eyni zamanda o həm kiminsə baxışını hiss etdi, həm də səs eşitdi. Səs çox gümrah və nikbin idi, həm də tələbəyə çox tanış gəlirdi.
       —Tələbəyə eşq olsun! İşlər necədir?
       Tələbə çevrilib baxdı və matı-qutu qurudu qarşısında həmin oğlan — kəsilib getmiş yataqxana qonşusu dayanmışdı. O, yaşıl köynəkdə idi və tələbəyə baxıb gülümsünürdü. Tələbəni təəccübləndirən o deyildi ki, cəmisi üçcə nəfəri tanıdığı belə böyük şəhərdə məhz bu üç nəfərdən birisi rastına çıxıb. Tələbə ona mat qalmışdı ki, ikicə dəqiqə bundan qabaq başqa bir adamı məhz bu oğlana oxşatmışdı və dərhal da oğlanın özü tini burulub onun qabağına çıxmışdı. Tələbə «telepatiyadır» deyə düşündü. Əvvəllər də onun başına belə təsadüflər gələrdi: kimin barəsindəsə düşünür, ya kimisə kiməsə oxşadırdı və bir neçə dəqiqədən sonra ən gözlənilməz yerdə və ən ağlasığmaz bir şəraitdə həmin adama — haqqında düşündüyü və ya kimisə oxşatdığı adama rast gələrdi. Belə təsadüfləri «telepatiya» deyə müəyyənləşdirmiş və onların sirri tələbəyə birdəfəlik izah olunmuşdu. Başqa bir qəribəlik də vardı, amma o da tələbə üçün izaholunmaz sirr deyildi; görürsən, bəzən o tanımadığı bir şəhərə ya bir təbiət guşəsinə düşürdü və qəti bilirdi ki, heç bir zaman — heç körpəlikdə də bu yerdə olmayıb, lakin nədənsə gördükləri ona çox tanış gəlirdi. Yaxud heç bir vaxt yemədiyi bir xörəyin, heç bir vaxt görmədiyi bir meyvənin dadını ilk dəfə duyarkən bəzən ona elə gəlirdi ki, bu təm, bu dad ona yaxşı tanışdır. Haradan? Bunun səbəblərini təyin edə bilmir və əziyyət çəkirdi. Səbəblərin tapa bilmədiyi üçün yox, hadisənin özünün qəribəliyi onun düşüncələrini məşğul edirdi. Nəhayət, bir gün tələbə haradasa oxudu ki, irsiyyət genlərinin öz yaddaşı var, nəsildən-nəslə keçən yaddaşı. Bu yaddaş həm də bəzən birbaşa, müstəqim xətlə deyil, dioqanal üzrə — hansı ulu xaladansa, ulu əmidənsə keçib gəlir. Bunu oxuyan kimi tələbə sakit oldu. Qeyri-real və qeyri-mümkün təsadüflərin qəribə sirri daha onun düşüncələrini yormurdu.
       Küçə yenə də bomboş, adasız idi. Sabiq otaq qonşusu salam verib ötdü, bəlkə də ayaq saxlayıb görüşər, danışardı, amma tələsənin qaraqabaq, qılıqsız adam olduğunu xatırlayıb getdi.
       Tələbə yenidən lövhəyə tərəf çevrildi və birdən-birə aşağıda indiyə qədər nədənsə gözdən qaçırdığı bir elanı gördü. Elan çox iri idi. «Necə olub ki, mən bu boyda elanı gözdən qaçırmışam?» — deyə təəccübləndi. — Həm də elanın elə bir xüsusiyyəti vardı ki, dərhal onu nəzərə çarpdırmalı idi. Makinada çap olunmuşdu, amma   not kağızının   üstündə: beş paralel not xətti, üstündə də hərflər. Hələ not xəttinin başında kaman və bas açarları da çəkilmişdi.
       Elanda göstərilənlər tələbənin düz bir həftədir sorağında olduğu şeylər idi: tək otaq kirayə verilir: pəncərələri dənizə. Bütün rahatlıqları var. Telefon, eyvan, lift, 20-ci mərtəbədə. «Məgər bu şəhərdə. 20 mərtəbəli bina var?» deyə tələbə düşündü, o, şəhərə pis bələd idi. «Madam ki, 20-ci mərtəbədəki otaq kirayə verilir, deməli, iyirmi mərtəbəli bina da var». Ən qəribəsi isə istənilən məbləğ idi. Məbləğ, o qədər kiçik idi, heç inanmaq olmurdu. Elə bil onun real yox, rəmzi əhəmiyyəti vardı. Bu tələbəni hər şeydən artıq şübhələndirdi. Axı axtardığını tapanda və tapdığının məhz sən axtardığın olduğunu görəndə bir qədər şübhələnirsən. Mümkünmüdür? Belə xoş təsadüf ola bilərmi? Əgər tələbə keciksəydi və məlum olsaydı ki, bir gün, ya bir saat bundan qabaq kimsə onu qabaqlayıb, gözəl variant əldən çıxıb, o zaman bu səadət, doğrudan da itirilmiş həqiqət olardı. Hər halda tələsmək lazımdır, bircə dəqiqə də yubanmamalı! O, ünvanı yazdı.
       ccc
       Elanda göstərilmiş küçə, şəhərin köhnə hissəsində idi. Gec-tez söküləcək birmərtəbəli evlər, əyri-üyrü dar küçələr, bu küçələri basmış qeyri-müəyyən axıntılar, davalı, toylu, yaslı həyətlər...
       Belə zalım zarafat nəyə gərəkdir? Məgər bu elanlara nəzarət edən-zad yoxdur ki, kim ağlına nə gəlsə yazıb lövhəyə vurur? Niyə adam dolamağa bu cür imkan yaradılır? 20-ci mərtəbə! Bu da sənin iyirminci mərtəbən. Belə düşünə-düşünə tələbə birmərtəbəli evlərə göz gəzdirirdi: bax, bütün bu komaları yan-yana yox, üst-üstə düzsən onda doğrudan da iyirmi nədir, lap yüz mərtəbəli bina olar! Amma belə düşünməsinə baxmayaraq tələbənin gözləri yenə də 17-i rəqəmini axtarırdı: elanda bu nömrə köstərilmişdi. Nəhayət, tələbə rəqəmi gördü, həmin rəqəm göydələn binanın deyil, ikimərtəbəli mül-gün üstündə vurulmuşdusa da, tələbə nədənsə dərhal arxayınlaşdı. Bu an ona doğrudan da elə gəldi ki, elanda yazılanlar zarafat deyil, gerçəkdir. Ev küçənin o biri tərəfində idi. Tələbə küçəni keçib 17 nömrəli evin qarşısında dayandı. Qapıdan iri bir qıfıl asılmışdı. İkinci mərtəbədə balaca taxta balkon vardı. Otaqdan ora çıxan qapı bir qədər açıq idi və oradan qara tül pərdənin ucu çıxmışdı. Eyvanda gil qablarda qeyri-müəyyən rəngli süst bitkilər vardı, görünür, onlara çoxdan su verən olmamışdı. Hərəkətinin bütün mənasızlığını dərk edə-edə tələbə iki dəfə qapını döydü, sonra çevrilib getmək istədi. Amma elə bu vaxt qonşu darvaza açıldı, oradan ortayaşlı bir qadının başı göründü və qadın acıqlı bir ədayla:
       —Kimi istəyirsiz? — deyə xəbər aldı.
       Tələbə bilmədi nə cavab versin, axı elanda familiya yazılmamışdı.
       —Mən elana görə gəlmişəm, — dedi, — bu küçə, bu ev, nömrəsi...
       Qadın daha da bərk hirsləndi:
       —Burda çoxdan heç kəs yaşamır, — dedi və darvazasını örtdü. Ancaq tələbəyə elə gəldi ki, qadın darvazanın ardından çəkilməyib, dayanıb deşikdən onu izləyir.
       Onu çağırdılar, tələbə lap aydın eşitdi ki, məhz onu səslədilər, amma adını çəkdilərmi, yoxmu — bunu dəqiq deyə bilməzdi. Hər halda ona müraciət edirdilər. «Ah» qədər qısa bir nidayla onu hayladılar, tələbə çevrildi və doğrudan da ikinci mərtəbədə eyvana açılan qapının ardında qoca bir qarını, daha doğrusu, qadının güclə sezilən siluetini, kölgəsini gördü. Tələbəyə, hətta elə gəldi ki, ona əl elədilər, işarə verdilər, amma bunun belə olub-olmadığını qəti deyə bilməzdi. Hər halda tələbə qıfıllı qapıya yanaşdı və eyvanın düz altında dayandı. Görünür, doğrudan da onu çağırmışdılar, çünki haradasa, lap yaxında danışıq eşidildi, nə barədəsə qızğın mübahisə edirdilər: tələbə bircə kəlmə sözü də seçə bilmirdi, amma mübahisənin gərginliyini anlayırdı. Sonra bayaqkı darvaza açıldı, ortayaşlı qadın çıxdı. İndi onun yanında balaca çaş bir qız da vardı. Onlar dinməz-söyləməz 17 nömrəli evin qapısına yanaşdılar, qadın xalatının cibindən bir dəstə açar çıxartdı və qıfılı açdı. O yenə də əvvəlki kimi acıqlı idi və çox qaba bir tərzdə tələbəyə:
       —Yuxarıdadır, — dedi — pilləkənlə qalx.
       Sonra kobud şəkildə qızın belindən yapışdı, boynuna bir qapaz vurdu, qoltuğunun arasına alıb apardı, darvazadan içəri girdi. Qız bərkdən ağlamağa başladı. Qadın ona bir qapaz da vurub darvazanı çırpdı, kilidlədi.
       Tələbə dar, qaranlıq, pişik iyi verən pillələrlə ikinci mərtəbəyə qalxdı. Pillələr ikinci mərtəbədə qurtarırdı və burada yeganə bir qapı vardı — hər tərəfinə bənövşəyi mürəkkəb çıldırlamış köhnə qapı,
       —Gəlin, — bu səs içəridən eşidildi, şübhəsiz indicə eyvan qapısından baxan qarının səsi idi.
       Tələbə daxil oldu. Otaq çox baxımsız və basırıq bir şəkildə idi, nimdaş, işlənib isbatdan çıxmış şeylərlə dop-dolu idi. Otaqdan qocalıq və iqtidarsızlıq qoxusu gəlirdi, köhnə divanın üzü süzülüb tökülmüşdü, çırıqlarından prujinlərin sivri ucları çıxırdı. Əcaib burumlu ayaqlara malik olan hündür, arxalı kürsülər də beləcə köhnə, əldən düşmüş idi. Otaqda çoxlu iri yöndəmsiz şkaf vardı. Elə bil onların rəng-rufu qocalıqlarından tutulmuş, tündləşmiş, qaralmışdı. Tavandan iri və tozlu abajur asılmışdı. Onun qotazlarını hörümçək toru bürümüşdü. Divarlarda çoxlu mismar vardı. Bu mismarlar müxtəlif səviyyələrdə vurulmuşdular — hündür yerdən vurulanı da vardı və elə aşağıda vurulanları da vardı ki, bu səviyyədə şübhəsiz, onlardan bir şey asmaq mümkün deyildi. Bütün bunlar əcaib-qəraib təəssürat oyadırdı. Amma bu əcaiblikdən başqa otaq həm də nə isə faciəvi bir ovqat oyadırdı. Belə ovqat nədən doğurdu, tələbə dəqiq təyin edə bilməmişdi, amma bu duyumu çox aydın hiss edirdi. Otağa nəzər salan kimi nədənsə onda anlaşılmaz bir istək — tez, bir an belə yubanmadan buradan — bu otaqdan, bu evdən, bu küçədən qaçıb qurtarmaq istəyi oyandı. Səs eşitdi:
       —Nə lazımdır sizə? — Küncdə, hündür kürsünün içinə çöküb qalmış qarını gördü. İstiyə baxmayaraq otağın bütün pəncərələri kip bağlı idi, qarı da boğazınacan düyməli uzun qara paltar geymişdi, hələ üstündən çiyninə qara yun şal da salmışdı. Nədənsə tələbəyə elə gəldi ki, qarı iflicdir, hərəkətsizdir. Qarının sifətindən onun əsl-nəcabətli adam olduğu sözilirdi və fantaziyanı bir az işlətsən onu çox illər bundan qabaq, uzaq gəncliyində gözəl varlıq kimi xəyalda canlandırmaq mümkün idi. Amma indi bu ötüb getmiş gözəllik onu sifətinin və bədəninin bütün guşələrindən amansızcasına qovulmuşdu və yalnız bircə yerda — gözlərinin dibsiz kədərində ilişib qalmış, özünə oyada son məskən tapmışdı. Gözəl zil qara gözlərinin kədərində nə isə bir məşumluq da vardı.
       —Mən elana görə gəlmişəm. Deyəsən, səhv etmişəm.
       —Səhv? — deyə qarı təkrar etdi. — Yox, bu elanı mən vermişəm. Sizə otaq lazımdır?
       Tələbə:
       —Bəli, — dedi, — amma orada söhbət 20-ci mərtəbədən gedir və yazılıb ki... — O, sözünü  yarımçıq  qoyub susdu. Əgər elanı bu qarı veribsə, orda yazılanları onun özünə sadalamağa nə hacət? Hər halda öz yazdıqlarını bilir...
       Qarı:
       —Bəli, — dedi və öskürməyə başladı, bu papirosa aludə olmuş adamın uzun sürən quru öskürəyi idi.— Tələbə otağın müxtəlif yerlərindəki içi kötüklərlə dolu külqabılara və boş papiros qutularına fikir vermişdi.
       Bir qədər sakit olduqdan sonra qarı:
       —Bəli, — dedi — 20-ci mərtəbədədir otaq — və yenə də susub dərin xəyala getdi, düşüncələr aləminə qərq oldu.
       Tələbə bir daha otağa göz gəzdirdi və başa düşdü ki, müsibət, faciə təəssüratı nədən doğur — otaqdakı şüşəli şkaflar, dolablar, kiçik televizor ekranı, bədənnüma üzkü və hətta kəfkirli iri divar saatının üstlərinə örtüklər atılmışdı. Adətən evdə meyit varsa və yaxud meyit basdırılandan sonra qırx yas günü belə edilir. Qədim adətə görə güzgülərin, şüşələrin üzü örtülür, son vaxtlar televizor ekranını da örtürlər, amma üstünə parça salınmış saatı tələbə ilk dəfə görürdü. Düzdür bəzən saatı saxlayırlar, vəfat etmiş adamın keçindiyi dəqiqə üzərində dayandırırlar. Amma bu örtüklü saat dayanmamışdı, işləyirdi, tələbə bunu örtüyün altında gedib-gələn kölgədən-kəfkirin hərəkətindən anlamışdı. Saatın xəfif çıq-çıqı da eşidilirdi və hətta zəngi də çaldı — ahənkdar sədalar on iki dəfə səsləndi — deməli, günorta vaxtı idi.
       Divarlarda çoxlu fotoşəkil vardı. Onların çoxu otuz-qırx il bundan qabağın şəkilləri idi. Şəkillər hamısı eyni boydadı. Nədənsə tələbənin ağlına gəldi ki, bu adamlardan heç biri indi sağ deyil. Bəzən fotoşəkillər anlaşılmaz bir sirlə təsvirini saxladığı adamın diri olub-olmamasını büruzə verir. Fotolardan yalnız biri başqa ölçüdə — digərlərindən xeyli iri idi. Bu şəkildə ortayaşlı, çatmaqaşlı, qara bığlı bir kişi əks olunmuşdu, onun gen yaxalı pencəyi və birrəng qalstuku vardı. Kişinin gərgin baxışı pasport şəkillərini yada salırdı. Amma əgər bu doğrudan da pasport üçün çəkilmiş şəkil idisə, onda azı yüz dəfə böyüdülmüşdü. Foto tünd rəngli çərçivədə idi. Bəlkə də çərçivənin rəngi təsadüfən belə idi, amma hər halda o, matəm haşiyəsinə də oxşayırdı.
       Tələbə bu şəklin seyrinə daldı və duydu ki, qarı da onun özünü uzun-uzadı seyr edir. Tələbə düşündü ki, qarı bir daha onunla danışmayacaq, ançaq qarı qəfildən dedi:
       —Şəhərin o biri tərəfində, dəniz qırağında 20 mərtəbəli ev var. Otaq ordadır, axırıncı mərtəbədə. Bu mənim oğlumun otağıdır — qarı dərindən köksünü ötürdü. — Daha otaq ona lazım deyil. Mən bu otağı kirayə vermək istəyirəm... Müəyyən məbləğə... — Qarı susdu, sonra   yenidən  davam etdi. — Bu onun da arzusudur. — Qarı bu sözləri deyib sonsuz kədərlə baxışlarını həmin kişinin şəklinə zillədi.
       Təbii ki, qarı «oğlum» deyəndə onu nəzərdə tuturdu. Bu şəkli, onun qara haşiyəsini qarının sözlərilə, kədəri ilə, ahıyla, boşalmış, ona görə də artıq gərək olmayan və ona görə də kirayə verilən otaqla tutuşduranda əlavə izaha ehtiyac qalmırdı. — Hər şey aydın idi.  Qarını  bu barədə sorğu-suala tutmaq qanacaqsızlıq olardı. Görünür, yaralar da lap təzə idi, qövr edirdi, yəqin arvad oğlunu lap bu yaxınlarda itirmişdi — güzgülər, şüşələr hələ də örtük altında idi. Tələbə bircə onu dedi ki, otağa baxmaq istəyir.
       Qarı tələsik:
       —Əlbəttə, — dedi və qeyri-adi bir çevikliklə yerindən sıçradı. Tələbəyə elə gəldi ki, qarı onunla bir yerdə evə baxmaq uçün getməyə hazırlaşır. Amma onu iflic biləndə yanıldığı kimi, indi də qarının hərəkətini düz yozmamışdı. Qarı, sanki tələbənin burda olduğunu büsbütün unutmuşdu. O, tələbənin qarşısından keçib divar saatına yanaşdı, örtüyü çəkdi, saata baxdı, yenidən örtüyü saldı və bu səfər tələsmədən, aramla öz yerinə qayıtdı, kürsüsünə çökdü, gözlərini yumdu. Nə qədər vaxt keçdi? Bir dəqiqə, yarım saat, bir saat? Sonralar, qarının evindən çıxandan sonra tələbə elə hey bu barədə düşünürdü, amma yaddaşını nə qədər ələk-vələk eləsə də, müəyyənləşdirə bilmirdi ki, qarının saata tərəf gedib-gəlməsiylə kürsüsünə çöküb mürgüləməsi arasında nə qədər vaxt keçib. Divar saatının günortanı vurmasını — on iki zəng çalmasını tələbə aydın xatırlayırdı. Qarının evindən çıxanda da qol saatına baxdı — ikiyə on beş dəqiqə işləmişdi. Amma bu iki zaman nöqtəsinin arasındakı müddət heç cür onun şüuruna sığışmırdı. Bu müddətdə nə olmuşdu? Bir-iki kəlmə söz, qarının saata tərəf gedib gəlməsi və kürsüdə mürgü döyməsi. Yəni o bir saat mürgüləyib? Təəccüblü bir şey yoxdur, qarı bir saat yox, bütün günü də yata bilərdi, amma axı bəs tələbə özü bütün bu vaxt ərzində neyləmişdn — durub qarının keşiyinimi çəkirdi, otağı, fotoları nəzərdənmi keçirirdi, arvadın oyanmasınımı gözləyirdi? Bəlkə, bütün bunlar belə idi, olmuşdu, amma tələbənin təsəvvüründə bu işlərin hamısı çox az bir vaxtın ərzində cərəyan etmişdi. Hər halda bir saat olmazdı. Qarı, doğrudan da mürkülədi, amma — tələbənin zənnincə — dərhal da oyandı. İndi isə belə məlum olur ki, azı bir saat keçib. Oyandı və sakitcə dedi:
       —İyirmimərtəbəli ev. Orda cəmisi bircə dənə belə hündür bina var. Altında da çörək dükanı. Düz saat altıda ora gəlin. Mən sizi orda gözləyəcəyəm. Ünvanı yazın.
       O, ünvanı aramla diktə etdi və tələbə yazan müddətdə yenidən yuxuya getdi.
       Tələbə vidalaşmadan çıxdı. Küçədə qol saatına baxdı. Məlum oldu ki, qarının otağında saat yarıma yaxın olub.
       ccc
       İyirmimərtəbəli bina şəhərin lap kənarında idi. Daha doğrusu, burada şəhər qurtarır və çöl-biyaban başlanırdı. Bu bina bomboş çöllə dəniz sahilinin arasında, qəribə bir tənhalıq içində ucalırdı. Ətrafında bir neçə təpəcik vardı və bu təpəciklərin üstündə iki-üçmərtəbəli evlər tikilmişdi, amma iyirmimərtəbəli köydələnlə müqayisədə onlar balaca daxmalara bənzəyirdi.
       Taksi sürücüsü bu ünvana aparmağa heç cür razılaşmırdı. Jürbəcür bəhanələr kətirirdi:
       —Parka gedirəm... Növbəm qurtarıb... Yolumun səmti deyil. Uzaqdır... — və s. Axırda belə bir şey də dedi: — Ümumiyyətlə o tərəflər...
       Tələbə başa düşmədi:
       —Nədir ki, o tərəflər?
       Sürücü dilini sürüdü:
       —Yox, yəni deyirəm... — Sonra qəfildən razılaşdı: — Yaxşı, kedək.
       Yol boyu heç birisi — nə sürücü, nə tələbə gəlmə kəsmədilər.
       Sürücü:
       —Bu da sənin binan, — dedi.
       Onlar təzə, görünür, lap bu yaxınlarda istismara verilmiş binanın yanına çatmışdılar. Sürücü düz çörək dükanının qarşısında saxladı.
       Tələbə haqqını verib çıxdı. Sürücü, tələbənin zənnincə həddən ziyadə tələsikliklə maşını döndərdi və uzaqlaşıb gözdən itdi. Ətrafda inscins yox idi. Qu desən qulaq tutulardı. Amma səkinin yanında xeyli maşın dayanmışdı, hamısı da örtük altında idi. Çörək dükanı bağlı idi. Qarının bura gəlib çıxacağına tələbənin kümanı azdı: qoca, xəstə arvadın belə böyük bir məsafəni qət edib bura gələcəyinə inanmaq çətindi və ümumiyyətlə, bütün bu işlərdən tələbənin heç gözü su içmirdi. Amma bina, doğrudan-doğruya vardı, özü də məhz iyirmimərtəbəli idi. Tələbə mərtəbələri bir-bir sayıb axırıncısına çatmışdı ki, qarının səsini eşitdi:
       —Axı biz düz altıya danışmışdıq.
       Qarı hardan peyda oldu? Tələbə nə ayaq səsi eşitmişdi nə maşın səsi, burada düşəndə qarıdan əsər-əlamət yox idi. Amma hər halda indi arvad buradaydı, düz çörək dükanının qabağında dayanmışdı. Bayaqkı qara paltarda, çiynində də yun şal.
       Tələbə:
       —Bağışlayın, — dedi. — Təqsir   taksilərdədir.   Nədənsə heç biri bura gəlmək  istəmir. Odur  ki, mən beş dəqiqə gecikdim.
       Qarı cavab vermədi, üzünü binaya tərəf çevirib dedi:
       —Gedək.
       Binanın kiriş qapısına tərəf addımladı. Tələbə onun ardınca düşdü. Binanın içinə kirdilər. Qarı liftin düyməsini basdı. Lift, görünür, çox uzaqlardan, daha doğrusu, çox hündürlərdən enirdi və çox ağır-ağır gəlirdi.
       Nəhayət gəlib çıxdı, dayandı, qapıları taybatay açıldı. Onlar kabinəyə daxil oldular. Kabinə tələbəyə qeyri-adi göründü. Nəyə görə? Qarı 20-ci mərtəbənin düyməsini basdı. Lift aramla yuxarı dırmanmağa başladı, haradasa yolun ortasında tələbə yenidən bu kabinədəki qəribəliyi duydu, amma bu qəribəliyin məhz nədən ibarət olduğunu yenə də təyin edə bilmədi. O, qarı haqqında düşünməyə başladı və öz-özünə fikirləşdi: görəsən, bu arvad ömründə heç bir dəfə gülümsünüb? Bu nə boş sözdür. Əlbəttə ki, gülümsünüb. İndi isə, aydın məsələdir, dərd-qəm basıb onu, zarafat deyil, dağ boyda oğlunu itirib, belə itkidən sonra nə gülüş-filan? Amma iş ondadır ki, qarının sifət cizkiləri onun ümumən gülüşə qabil olmasına şübhə oyadırdı. Heç bir vaxtda, heç bir şəraitdə, heç bir vəchlə belə sifətin təbəssümünü təsəvvür eləmək olmurdu! Bir an, bircə an tələbəyə elə gəldi ki, o kabinənin qəribəliyinin məhz nədən ibarət olduğunu tapıb və həmin andaca bu ixtira şüurdan silinib getdi; bu barədə ətraflı düşünməyə macal tapmadı: lift bərk silkələnərəg dayandı, qapısı açıldı və onlar çıxdılar, 20-ci mərtəbədə idilər.
       Pilləkən meydançasında yeganə bir qapı vardı və bu qapıda mənzilin nömrəsi yazılmışdı. Bir də lövhəciyin şüşəsi qalmışdı, amma şüşənin altındakı lövhə bomboş idi — familiyasız, adsız. Qapı möhkəm dəmirdən idi və çox təzə görünürdü. Qarı, qapıya yanaşdı, zəngi basdı. «Arvadın başı xarabdı, — deyə tələbə düşündu. — Yəqin oğlunun dərdindən başına hava gəlib. Yoxsa boş mənzilə zəng niyə çalır? Ya bəlkə mənzil boş deyil, orada kimsə var?»
       Qarı, sanki onun fikirlərini oxuyubmuş kimi. — Həmişə mənzilə girməzdin qabaq zəngi basın, — dedi, — əgər mənzilə qaz dolubsa zəngin qığılcımından mənzil partlaya bilər.
       —Bəs...
       Yenə də onun deyilməmiş sözlərinə cavab olaraq qarı:
       —Özün partlamaqdansa mənzil partlasa yaxşıdır, — dedi və açarla qapını açıb içəri girdi. — Gəlin.
       Bu yeni evlərdəki ən adi mənzillərdən biri idi və qarının otağından fərqli olaraq çox səliqə-sahmanlıydı. hər bir rahatlığı da vardı: tərtəmiz mətbəx, dümağ kafelli hamam. Otağın özü də çox təmiz, geniş, işıqlı idi. Olduğundan da geniş görünürdü; əvvəla şey-şüy az idi — taxt, stol, kitab şkafı, iki stul, vəssalam. İkincisi də dənizə açılan iri bir pəncərəsi vardı. Pəncərədən bir axar-baxarlı mənzərə açılırdı — iki göz istəyirdi tamaşasına. Tələbə kitab şkafının şüşəsi, dəhlizdəki güzgü və divardakı saatı örtüklənmiş görəndə təəccüblənmədi. Divarlarda çoxlu fotoşəkil vardı. Bu həmin o qarının otağındakı adamların şəkilləri idimi? Ya yox? Tələbə bunu dəqiq müəyyənləşdirə bilməzdi. Görünür, oradakı şəkilləri xeyli vaxt seyr etmişdisə də əməlli-başlı hafizəsində saxlaya bilməmişdi. Amma bir şeyi bilirdi ki, bu şəkillər daha cavandırlar, əks olunmuş adamların sinlərinə körə deyil, onların çəkilmə vaxtlarına körə təzə idilər, adamlar da yaxın vaxtların dəbləriylə geyinmişdilər. Bütün bu şəkillər də hamısı eyni biçimdə, eyni boyda idilər və burada da yalnız bircə şəkil — ortadan asılmış gənc, güləşsifətli oğlanın əksi o birilərindən iri idi. Oğlan köynəkdə idi, köynəyinin yaxası açıq idi. Bu həmin o oğlan idimi, qarının evindəki şəkil və bu foto eyni adamın təsviri idimi? Qarının vəfat etmiş (vəfat etmişmi?) oğlu (oğlumu?) və bu şəkildəki şəxs eyni adam idimi? Bir yandan eyni adam idi — çatmaqaş, oxşar sifət cizgiləri, o biri yandan — yox. Qarının evindəki şəkil daha sinli adamın şəkliydi. Bığı vardı. Həm də bu iki şəkildəki ifadələr bam-başqa idi.
       Orada gərgin, özünü qısmış, hətta elə bil nədənsə qorxmuş, nikaran bir adamın sifəti. Burada isə yalnız ifadə yox, xasiyyət də sanki başqa idi — açıqürəkli, deyən-gülən, mehriban, yapışıqlı bir şəxs... Bəlkə də bu eyni bir adamın müxtəlif yaşlarda, müxtəlif şəraitlərdə, müxtəlif ovqatlarda çəkilmiş fotoları idi.
       Qarının səsi tələbəni fikirlərindən ayırdı:
       —Necədir, bəyənirsiniz otağı?
       O dərhal:
       —Əlbəttə, — dedi və fikrən elandakı məlumatları burda gördükləri ilə müqayisə etdi. Hər şey elanda təsvir olunduğundan da üstün idi — otağa söz ola bilməz, rahatlıqları da — əla. Lift, telefon... Telefon demişkən hanı telefon?
       Tələbə:
       —Bəs telefon? — deyə xəbər aldı.
       Qarı stolun altından stulu çəkdi, stulun üstündə telefon cihazı vardı, amma məftili kəsilmişdi.
       Qarı:
       —O, telefonu təhvil vermişdi, — dedi. — Axı indi onun telefon nəyinə lazımdır? Amma cihaz bizimdir, əgər sizə telefon vacibdirsə, dalınca düşün, nömrəni sizə qaytarsınlar.
       Tələbə: «Telefon nəyimə gərəkdir, — deyə düşündü. —Onsuz, da bu şəhərdə bir tanışım-dostum yoxdur.
       —Yox, dedi. — Telefonsuz da keçinərəm. Elanda göstərilmişdi, mən də onun üçün soruşdum. Hə, bəs eyvan?
       Qarı quru bir tərzdə:
       —Eyvan yoxdur, — dedi və sağ divara tərəf çevrildi. Tələbə onun baxışını izlədi və yalnız indi sağ divardakı qapıya diqqət elədi. Qapı iki kobud taxta parçasıyla mismarlanmışdı. Tələbə qapıya tərəf bir addım atdı, daha doğrusu, yarım addım atmaq istədi, amma qarı çevik bir hərəkətlə onun qabağını kəsdi. Qətiyyətlə:
       —Yox, — dedi, — əgər siz bu mənzili kirayə götürürsünüzsə ikicə şərtim var. Hökmən bu şərtlərə əməl etməlisiniz. Birincisi heç vaxt bu qapıya yaxınlaşmayın. Ona dəyməyin, açmağa cəhd etməyin. İkincisi də hamamda işığı gecələr yanılı qoyun. O işıq dənizdən görünür.
       Tələbə heç bir şey başa düşməsə də başını razılıq əlaməti olaraq yellədi:
       —Bəs pul? — deyə soruşdu. — Haçan versəm yaxşıdır?
       Qarı:
       —Elə indi, — dedi. — Deməli, mənzili kirayə götürürsünüz?
       Tələbə:
       —Bəli, — dedi və dəhlizə keçdi, orada balaca çamadanını qoymuşdu, açdı, pul götürdü, otağa qayıtdı. Bütün bu işlər, iki dəqiqə çəkdi.
       Qarı pulları aldı, tələsik saydı:
       —Bir aydan sonra gələn müddətin pulunu gətirərsiniz, — dedi. — Sağ olun. —O, mənzilin açarlarını tələbəyə uzatdı. —Mətbəxdə qab-qacaq var, istifadə edə bilərsiniz. Həmçinin yorğan-döşəkdən, ağdan, balış üzündən. Onlar da taxtın içindədirlər.
       Tələbə qarını liftəcən ötürdü və mənzilə qayıtdı. İçəri girərkən ona elə gəldi ki, otaqda nə isə dəyişilmişdir, amma nə? Tələbə diqqətlə otağa göz gəzdirdi: ona elə gəldi ki, fotolar azalıb. Bəzilərinin yerində mismarlar görünür. Qarı bunları haçan çıxartdı? — deyə tələbə düşündü. — Mən dəhlizə çıxanda? Maşallah, yaman əldən qıvraqdı qarı.
       Tələbəni təəccübləndirən o idi ki, fotolar həm azalmışdı, həmdə elə bil dəyişmişdi. O öz-özünə: «İşə bax, a! — dedi. — Gör nə tez fotoları dəyişib. Özü də niyə? Mən onsuz da onlardan heç birini tanımıram. Ümumiyyətlə, deyəsən bu arvad başdan bir az mayıfdı. Görmürsən nə cür şərtlər qoydu: «hamamda işığı söndürmə, dənizdən görünür». Dənizin bura nə dəxli var, sən allah?» Tələbə güldü. Şən və qayğısız bir gülüşlə güldü. Yalnız bu gün ərzində deyil, bəlkə də bütün bu gərgin və bürkülü son ay ərzində ilk dəfə belə şən və qayğısız gülürdü. Axır ki, hər şey onun istəyincə olmuşdu. Əsas da budur. İnstituta düşdü. Möcüzə deyil, nədir? İkinci möcüzə də — bax, bu mənzil. Özü də belə ucuz bir qiymətə. Hər rahatlığı, axar-baxarı, sakitliyi. Özü də qulağı çəkilmiş kimisən, tamamilə tək qala bilərsən, heç kəs sənə mane olmaz, nə bir səs, nə bir səmir. Oxu, işlə, dincəl, yat... Otur belə, bax dənizə, siqareti yavaş-yavaş sümür içinə, dincəl. Lənət şeytana, siqareti qurtarıb ki... Bu qarı fikrini elə dolaşdırdı ki, siqaret almağı unutdu. Eybi yoxdur, indi düşüb alar. İndi daha öz evi, öz ocağı var, haçan istəsə gedə, haçan istəsə gələ bilər, heç kəs də onu sorru-suala tutmaz. Hardan gəlib, hara gedirsən? Pis olmaz çıxıb bir şəhəri gəzib dolansa.
       —Bu saat çıxarıq havaya — deyə tələbə qərar verdi. — Siqaret də alarıq. Amma əvvəlcə bir üzümüzü qırxaq, duş qəbul eləyək, madam ki, belə əntiqə hamamımız var, kərək ondan bola-bol istifadə edək də. Sonra təzə köynək geyinib gəzməyə çıxarıq.
       O, kolonkanı yandırdı, soyundu və hiss elədi ki, duş iynələrinin xoş masajı bədəninin bütün gərginliyini, yorğunluğunu-arğınlığını yuyub aparır və bu günün təlaşları da, «birdən baş tutmadı» qorxusu da, yavaş-yavaş boyatlaşıb xatirələrə çevrilir... hər şey nə əntiqə düzəldi. Tələbə üzünü tərtəmiz qırxdı, qurulandı, dəhlizə keçdi, çamadanı açıb təzə köynək çıxartdı, geyindi, küzgünün örtüyünü sıyırıb atdı, saçını daradı və otağa girdi. Pəncərənin rəngi dəyişmişdi. Axşamlaşırdı və səmanın, dənizin boyaları da tündləşir, qatılaşırdı. Görunür, bu rəng dəyişiklik¬lərin¬dəndir ki, dənizin səthi ona bayaqkından daha aşağı köründü. «Mənzərədən olmaz» — deyə tələbə düşündü və mexaniki bir hərəkətlə əlini stolun üstündəki külqabıya tərəf uzatdı. Külqabının qırağına qoyulmuş siqaretdən xəfif tüstü qalxırdı. Tələbə siqareti dodaqları arasına alıb, içinə sümürdü, dənizin uzaqlarına baxdı və birdən diksindi. Axı onun siqareti qurtarmışdı. Bu hardan çıxdı, tələbə bu siqareti haçan yandırdı? Həm də ki, yarısı kül olub tökülüb, deməli, çoxdan odlanıb. Haçandan? Qarı qoyub gedə bilməzdi. Çox vaxt keçib. Deməli, o özü, tələbə bu siqareti haradansa tapıb yandırıb, yana-yana qoyub hamama kedib... Amma necə olub ki, bütün bunlar büsbütün yadından çıxıb, heç çür yadına sala bilmir. Haçan, neçə? Tələbə öz-özünə: «Bəli, — dedi, — deyəsən mənim skleroz xəstəliyim çox erkən başlayıb axı... Mən yandırmamışamsa kim yandırıb bu siqareti? — Qəribədir». Elə bil o öz-özunü sakit etmək istəyirdi. Bu heç də onun xoşuna gəlmədi. Ümumiyyətlə bugünkü mənzil sevdasının bütün məziyyətlərinə baxmayaraq, nə isə anlaşılmaz bir şey onu narahat edirdi; amma bunun nə olduğunu heç cür müəyyənləşdirə bilmirdi. Nədənsə bir də fotoqrafiyaları gözdən keçirdi. «Qəribə sifətlərdir, — deyə düşündü — neçə dəfə, nə qədər baxırsan bax, heç cür yadda qalmırlar. Hətta bax bu — guya ki, qarının oğlu adlandırdığı şəxs — bayaq mənə elə gəldi ki, o şəkildə gülümsünür, amma indi baxıram, sifətində təbəssümdən əsər-əlamət yoxdur. Daha dəqiq desək sifəti kədərlidir, narazı bir ifadə var üzündə, gözləri də eynilə anasının, əlbəttə, əgər qarı bunun doğrudan da anasıdırsa — gözləri kimidir — qəmli, məşum.
       Tələbə divar saatının örtüyünü dartıb saldı. — Altıya iyirmi beş dəqiqə işləmişdi. «Saatları da xərifləyib, — deyə düşündü. — Gör, nə yaman geridir. İndi yəqin səkkizin yarısı olar». Gedib hamamdan qol saatını gətirdi — çiməndə orda çıxarıb qoymuşdu. — Doğrudan da səkkizə iyirmi beş dəqiqə işləmişdi.
       Tələbə fit çala-çala qapını açdı, çıxdı, lifti çağırdı, gələndə kabinəyə kirdi və birinci mərtəbənin düyməsini basdı.
       Tələbə binadan çöllüyə çıxdı və bir neçə addım gedəndən sonra çevrilib evinə baxdı. Qəribədir, sanki bu evdə heç kəs yaşamırdı, elə bil evi tikib təhvil vermişdilər, amma sakinləri hələ köçməmişdi. Bütun pəncərələr, eyvanlara açılan qapılar kip bağlı idi, heç bir yerdə paltar ipi, televiziya antenası, gül dibçəkləri, pərdələr, işıq, bir sözlə, heç bir yaşayış əlaməti gözə dəymirdi. Axşam düşürdü. Daha doğrusu, hələ axşam düşməmişdi, ancaq şər qarışırdı, ala-toranlığın elə bir çağı idi ki, küçə fənərlərini yandırmaq hələ tezdi, amma bu çıraqlarsız da ətrafı seçmək çətinləşirdi; qaş qaralırdı. Tələbə bir qədər də çöllükdə addımladı, ayaq saxladı, geri — binalarına baxdı, mənzilinin pəncərəsini tapıb təyin etmək istədi. Bu müşkül məsələ deyildi. Soldan son blok, sonuncu mərtəbə — güncdəki mənzil onunku idi. Budur, bax, — dənizə açılan sarı pərdəli pəncərə — onun pəncərəsi. Bəs bu biri tərəfdən nədir o — elə bir divardan iki uzun dirək uzanıb çıxır. Tələbə diqqətlə baxdı və başa düşdü —görünür, bu iki dirək mövcud olmayan eyvanın dayaqları imiş və onların arasında görünən qapı da məhz o çalın-çarpaz taxtalarla mıxlanmış qapıdır. Görəsən nə olub, eyvanı tikməyi unudublar, ya eyvan uçub tökülüb, elə bircə bu iki dayağı qalıb? Bəlkə bu uçulub dağılmış eyvanın (əgər o, həqiqətən də uçulub tökülübsə) — müdhiş və faciəvi bir sirri var? Tələbə xəyallara qapıldı bəlkə məhz elə qarının oğlu bu eyvandan yıxılıb həlak olub, axı o, tələbə, həmin qapıya tərəf yönələrkən qarı qeyri-adi bir çevikliklə onun yolunu kəsdi. Əlbəttə, bütün bunlar fərziyyələrdən başqa bir şey deyil. Bir də axı onun nə borcuna? Əsas odur ki, daldalanmağa bir bucağı var — həm də belə gözəl, rahat mənzil — daha nə lazımdır ona? Təmiz hamamı, işıqlı otağı, iri pəncərəsi... Budur bax, bu pəncərə. Amma allah, bu nədir belə? Pəncərə — onun pəncərəsi birdən-birə işıqlandı. Məhz bu pəncərədə, — onun pəncərəsində, tək bircə onun pəncərəsində işıq yandı. Kimsə işıq yandırdı. Deməli, indi orada, onun otağında kimsə vardı. Tələbənin əti ürpəşdi. Anlaşılmaz bir hiss — şüura tabe olmayan ibtidai vahimə hissi — tələbəni bir iş etməyə — qışqırmaqa, qaçmağa, kizlənməyə — hər hansı bir fəal hərəkətə sövq edirdi, hava qaraldıqca bu hiss daha da küclənir və eyni zamanda onun əl-qolunu bağlayırdı. Bəvən yuxuda, adamı qara basanda belə bir hal keçirirsən — qışqırmaq istəyirsən, qışqıra bilmirsən, qaçmaq istəyirsən, ayaqların qıc olub qalır... Elə bu an — evin qabağındakı səki gur işığa qərq oldu: gecə çıraqları yandı və tələbənin başına ən adi və sadə bir izah gəldi: ola bilsin ki, o, evdəykən bütün rayonun elektrik xətti şəbəkəyə qoşulmayıbmış, otaq işığının düyməsi açıq imiş və indi bütün rayonun işıqları yanarkən, təbii ki, onun otağının işıqları da yanır. Hər şey necə də asan və aydın izah olunurdu... Tələbə arxayın gülümsündü və avtobus dayanacağı olan səmtə tərəf addımladı. Amma bir neçə addım atandan sonra elə bil kimsə ona dedi ki, dön bir də binaya bax, daha doğrusu, öz mənzilinə, mənzilin mövcud olmayan eyvanına və eyvanın yerində görünən iki dayağa. O çevrilib baxdı və bir anda — bu an da deyildi, anın yarısı, çərəyi, nə bilim neçədə biri idi — bəli, bu qısaca müddətdə tələbəyə elə gəldi ki, onun mənzilinin eyvan boşluğuna çıxan qapısı açıldı və oradan nə isə aşağı atıldı. Amma bu an o qədər qısaydı, sanki onun heç bir gerçəkliyi yox idi. Alnını soyuq tər basmış tələbə bundan sonra nə qədər gözlərini həmin nöqtəyə zillədisə də hər şeyi bayaqkı kimi gördü — çalın-çarpaz mıxlanmış qapı əvvəlki kimi bağlı idi, eyvan boşluğunun dayaqları əvvəlki təkin havaya uzanmışdı.
       Tələbə qaçmağa başladı, daha doğrusu, elə yeyin-yeyin addımladı ki, az qala qaçırdı. Bir azdan sonra o azdı. Qaranlıq bir küçəyə gedib çıxdı, buradakı evlər o qədər bir-birinə bənzəyirdi ki, tələbə dolaşıb qaldı. «Bu evlər üçmərtəbəlidir, — deyə tələbə düşündü, — onların arasında mən mütləq öz 20 mərtəbəli, heç olmasa onun siluetini körməliyəm», həqiqətən də bir neçə vaxt sonra saat doqquz radələrində o, xeyli gəzib-dolaşandan sonra kösöv kimi qaralmış göyün fonunda nəhənk binanın konturlarını sezdi, amma nədənsə ev indi xeyli alçaq görünürdü; ətrafdakı üçmərtəbəlilərdən hündür olsa da, hər halda iyirmi mərtəbəyə oxşamırdı.
       Tələbə bu binaya sarı getdi. Nədənsə yaxınlaşdıqca sevinmirdi, nə isə elə bil ürəyinə dammışdı ki, yeni bir anlaşılmazlıqla rastlaşacaq. Doğrudan da bir azdan sonra o, tanış çöllüyə çıxdı və mıxlanıb qaldı: qarşısında binanın siluetini yox, skeletini gördü. — Çoxmərtəbəli bina xarabaya çevrilmişdi — güman ki, yanmışdı, yarıuçuq divarların arasında boş pəncərə — qapı deşikləri görünürdü. Mərtəbələrin, tavansız-döşəməsiz mənzillərin arasında gülək vıyıldayır, birinci mərtəbədə bir neçə sərgərdan it boğuşurdu.
       Tələbə inana bilmirdi ki, bu həmin o evdir. — Saat yarım bundan qabaq onun tərk edib getdiyi binadır, amma hər halda çöl-biyaban, şübhəsiz, həmin çöl biyaban idi. Qəribədir ki, yanıb uçmuş evin qabağındakı səkiyə heç bir zərər dəyməmişdi və bu səkinin kənarında xeyli maşın dayanmışdı. Otuz-otuz beş minik maşını hamısı örtüklərin altında idi və görünür, burada lap çoxdan dayanmışdı. Mümkünmü bu? Çexol altındakı maşınlardan biri səssiz-səmirsiz yerindən tərpəndi, dayanmış maşınların sırasından çıxıb tələbəyə tərəf yönəldi. Elə bil maşın özü, sürücüsüz, hərəkət edirdi. Axı hansı sürücü örtüklü maşın idarə edər?.. Maşın tələbəyə yaxınlaşdı və ehmallıca dayandı. Tələbə gördü ki, drğrudur, maşının çexolu var, amma bu örtük yalnız onun damına və kapotunun üstünə çəkilib. Sükanın ardında cavan bir oğlan vyləşmişdi. Oğlan maşının pənçərəsindən əyilib:
       —Bağışlayın, — dedi, — bilmirsiniz   burada iyirmimər-təbəli ev hardadır?
       Tələbə boğuq səslə:
       —İyirmimərtəbəli? — deyə xəbər aldı.
       —Mənə dedilər ki, bu çöldədir, yanmış beşmərtəbəli evin yanındadır.
       Tələbə yanmış binanı göstərərək:
       —Bu evi deyirsiz? — deyə soruşdu:
       Sürücü sevinclə:
       —Özüdür ki var, — dedi; yanmış evi o, yalnız indi gördü — mənə beləcə də izah etmişdilər. Deməli, həmin bu binanın solundan burulub dəniz qırağına çıxmaq lazımdır. Əgər siz də o tərəfə gedirsinizsə əyləşin aparım.
       Tələbə maşının qabaq qapısını açdı və özünü itirdi. Burada da rul vardı — maşının ikinci sükanı. Maşının iki rulu, iki əyləci, iki eskalatoru, iki konusu vardı. Sürücü tələbənin şaşqınlığını görüb gülümsündü:
       —Təəccüblənirsiniz? — dedi. — Bu, tədris maşınıdır. Mən özüm maşın sürmə üzrə təlimatçıyam. Sürmək öyrənənlər mənim yerimdə əyləşirlər, maşını idarə edirlər, mən də sizin yerinizdən onlara nəzarət edirəm. Ona görə də bu maşında hər şey cütdür. Amma siz narahat olmayın, əyləşin, indi siz tərəfdəki sükanlar işləmir.
       Tələbə oturdu. Sürücü kiçik maqnitofonu işə saldı, xəfif, bir qədər qəmli musiqi səslənməyə başladı. Yumşaq ressorlar, paralon örtüklər, sakit musiqi qəribə bir rahatlıq, arxayınlıq atmosferi yaradırdı. Əgər yaddaşda qala bilsəydi, yəqin ki, adamlar ana bətnində — insanın ilk kainatında — özlərini belə dinc, arxayın hiss ediblər.
       Maşın yanmış xarabanın solundan buruldu, onlar dəniz qırağına çıxdılar və tələbə dərhal iyirmimərtəbəni gördü. İndi bina ala-bəzək elektrik işıqlarına qərq olmuşdu. Rəngbərəng pərdələr, abajurlar, neon və adi işıqlar evin pəncərələrinə əlvan bir çıraqbanlıq paylamışdı. Evin eyvanları insanlarla dolu idi, onlar burda çoxdan məskən salmışdılar. Sakinlər yeyir-içir, mırt vurur, gülür, eyvandan eyvana danışır, musiqi, radio dinləyir, televizora baxır, cürbəcür oyunlar oynayırdılar. Ev normal bir axşam həyatıyla yaşayırdı. Tələbə anladı ki, onlar evin arxa tərəfindən çıxırlar, indiyəcən o, evi yalnız avandından görmüşdü, odur ki, o biri səmt — yanmış xarabalıq tərəf ona bu qədər qeyri-tanış gəlmişdi. Maşın dayandı.
       —Çox sağ olun, deyə tələbə səmimi-qəlbdən sürücüyə təşəkkür elədi. Daxilən o, bayaqkı təlaşı üçün xəcalət çəkirdi, özünü danlayırdı. «Yekə kişisən, materialist, rasionalistsən, tələbəsən, bir yandan da belə ibtidai bir qorxu. Ayıb olsun!»
       Maşından düşərkən diqqətlə sürücüyə baxdı və tələbəyə elə gəldi ki, sürücünün sifəti tanışdır. Sürücü də maşından düşdü, qapısını açarla bağladı. Onlar binaya müxtəlif qapılardan daxil oldular. Tələbə liftin düyməsini basdı. Lift haradansa çox yüksək mərtəbədən gəldi, dayandı, qapısı açıldı. Tələbə kabinənin içinə girdi, qapı bağlandı və işıq söndü. Kabinənin içində göz-gözü görmürdü, tələbə kibrit çəkdi, odun işığında iyirmimərtəbənin düyməsini tapdı, basdı və hiss elədi ki, lift yuxarı yox, aşağı hərəkət edir; halbuki onlar birinci mərtəbədə idilər. Əvvəlcə liftin xarab olması, zirzəmiyə, şaxtanın dibinə düşməsi fikri tələbəni qorxuzdu, ancaq duyanda ki, lift elə hey dərinliyə gedir, gedir, bir-iki mərtəbə deyil, azı səkkiz-on, yox on dörd-on beş, iyirmi mərtəbəyə yer altında qərq olur — tələbəni vahimə basdı. Yadına düşdü ki, kimdənsə eşitmişdi — böyük şəhərlərdə bəzən strateji məqsədlərlə böyük binaların altında yerin dərinliklərinə doğru neçə-neçə mərtəbə tikilir. Amma indi, liftin görünməz dərin lağımın dibinə doğru bu dayanmaz hərəkətində, tələbə nə isə bir məzar qoxusu duyurdu. Belə dərin məzar ola bilməzdi, amma nədənsə tələbə düşünürdü ki, ömrünün sonudur və qəribə, anlaşılmaz, mənasız bir aqibətdir bu. Birdən kabinənin içində gur işıq yandı və tələbə ilk baxışdan liftin ona qəribə görünməsinin səbəbini anladı — kabinənin içində düz qapının qənşərində güzgü vardı, amma bu güzgü kabinənin içini əks etdirmirdi. Başqa bir qapını əks etdirirdi, bu qapıya oxşayan, amma tamamilə özgə bir qapını. Lift qəfildən dayandı və sol tərəfdəki divarı açıldı — demə, bu da qapı imiş. Tələbə kor adamlar kimi ayağıyla yeri asta-asta yoxlaya-yoxlaya kabinədən çıxdı və qarşısında öz mənzilinin qapısını gördü. 20 mərtəbədəki mənzil qapısını. Şübhə ola bilməzdi — həmin nömrə, həmin familsiz lövhə, zəng, kilid yeri. «Görünür bu xəstəlikdir, — deyə tələbə düşündü, — oriyentir hissinin itməsi. Qaranlıqda səmti dolaşıq salıram. Yuxarı hərəkət mənə enmək kimi gəlir. Bəzən belə şeylər olur, adam sağı-solu çaşdırır. Sağ ayağını sol ayağı kimi, solu sağ kimi duyur. Sabah həkimə getmək lazımdır». O, qapının zəngini basdı və gülümsündü. «Şükür, mənzil partlamadı». Açarla qapını açıb içəri girdi. Otaq çıraqban idi. Dəhlizdə işıq yanmırdı. Çamadanı öz yerində idi. Tələbə otağa bir az xoflu girdi. Diqqətlə otağa göz gəzdirdi. — Hər şey öz yerində idi, onun qoyub getdiyi kimi. Axı ayrı cür ola da bilməzdi: — taxt, şkaf, stol, stullar, qırıq məftilli telefon, divar saatı, üstündə də örtüyü (məgər o bu örtüyü qoparmamışdı?) Görünür qoparmayıbmış! Külqabı, külqabında da bayaqkı yeganə siqaretin götüyü (ay səni, yadından çıxdı, siqaret almadı). Fotolar... bəli fotolar... O, fotoları xüsusi bir diqqətlə nəzərdən keçirdi; bu diqqət özünə də qəribə gəldi — sanki fotolarda nə isə dəyişə bilərdi. Təbii ki, onlar əvvəlki kimi idi — eyni miqdarda — evdən çıxmazdan qabaq tələbə nədənsə onları saymışdı — səkkiz dənə idi, indi də səkkiz dənədir. Əgər onun mənzildə olmadığı vaxt qarı gəlibmişsə də — yəqin ki, onun öz açarı var — fotolara dəyməyib. Yəni bayaq, doğrudanmı onları dəyişmişdi? Yəqin tələbəyə belə gəlib, vəssalam. Axı niyə qarı iki daşın arasında fotoları dəyişməli idi. Budur, bax, bu da oğlunun fotosu — əgər oğludursa! Tələbə şən fit çala-çala mətbəxə keçdi. Heyf ki, küçədə azdı, başını itirdi, yeməyə bir şey almağı unutdu. İndi evdə dişə vurmağa bir şey yoxdur. O acmışdı. Eybi yoxdur, səhərə qədər, birtəhər dözər. «Gedək yataq, hə, qarının xahişini yerinə yetirək, hamamda işığı yana-yana qoyaq, madam ki, arvad bu işığı mayak hesab edir, qoy onun istəyincə olsun». Tələbə hamamda işığı yandırdı və kranı açdı. Su şux bir şırıltıyla axmağa başladı və sanki onun axışı da adamın əsəblərini sakitləşdirirdi. Tələbə yenə də gülümsündü. Sakit, arxayın, rahat bir təbəssümlə, güzgüyə baxdı və güzgüdəcə öz gözlərinin dəhşətdən böyüdüyünü gördü. «Düymə!» Bəli, düymə. Bu tələbənin lap yaxşı yadında idi. Lap dəqiq. And içə bilərdi. Fotoda oğlan köynəkdə idi və bayaq keynəyinin yaxası bağlı idi— tələbə bunu tam dəqiq xatırlayırdı. İndi isə — tələbə bunu da nəzərində aydınca canlandırırdı — oğlanın köynəyi boğazınacan düymələnmişdi: Bundan qeyri şəkildə bir dəyişiklik yox idi; eyni sifət, eyni poza, eyni ölçü. Tələbə: «axı bu necə ola bilər?»—deyə düşündü. Güzgünün qabağında donub qalmışdı. Vahimə bütün varlığına hakim kəsilmiş, qorxu — onu müc eləmişdi. Tələbə addım ata bilmirdi, otağa keçib fotoya bir də baxmağa ürəyi gəlmirdi — ona elə gəlirdi ki, indi həmin şəkildəki oğlanı bəlkə də qalstuklu görəcək, ya... «deyəsən mənim başıma hava gəlib, dəli olmuşam»
 .
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.10.2013) | Müəllif: R.C E W
Baxış: 885 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more