Anarın nəsr yaradıcılığında "Əlaqə" povesti (1976) mövzu və janrca bir qədər gözlənilməz, ancaq bu yaradıcılığın simasını müəyyən edən, onun bədii miqyas hüdudsuzluğunu, paradoksallığa meyllilik özümlüyünü üzə çıxaran əsərlərdəndir. Sabit, möhkəmlənmiş düşüncə tərzinin dəyişilməsi, yeni idraki "variantların" qəbulu və təsdiqi, şübhəsiz, uzun sürən prosesdir. Ancaq necə olursa-olsun, bu dəyişikliyi görmək, yaratmaq lazımdır... Əgər biz insanlar hər şeyi "kasıb zehnimizin qısa arşınıyla ölçəcəyiksə", onda nə ictimai münasibətlər, nə də elm sahəsində heç bir irəliləyişə ümid bəsləyə bilmərik. Çünki bütün kainatı ancaq biz insanların məntiqi ilə idarə etmək olmaz. Bax, elə bu antroposentrizm bizim beynimizdə möhkəm kök salmış hətta müəyyən dərəcədə fanatik düşüncə tərzidir. Özümüzü təsəvvüredilməz dərəcədə böyük olan bütün kainatın mərkəzində qoymaq, yalnız ÖZÜMÜZÜN DƏRK ETDİYİMİZ əlaqə vasitələrindən istafadə edib digər planetlərin sakinləri ilə əlaqə yaratmaq təşəbbüsümüz səmərəsiz olacaqdır. Anar bu məsələləri həm oxucular, həm də elm adamları qarşısında qoyur, onları "başqa növ əlaqə prinsiplərinə" yiyələnməyə çağırır. Məsələ burasındadır ki, biz, yer kürəsinin insanları, 6 milyardı aşmağımıza (əsərin yazıldığı vaxt 5 milyarda yaxın) baxmayaraq, yalnız yer kürəsində - BÖYÜKTƏNHALIQDA yaşayırıq! BÖYÜK kainat miqyasında, böyük kainatla heç bir sivilizasiya MÜNASİBƏTLƏRİ olmayan tənha 5-6 milyard ansan! Deməli, mikrokosmun və makrokosmun dialektik vəhdətində indiki halda heç bir ictimai-mənəvi münasibətlər deyil, yalnız elmi-kosmik münasibətlər özünü köstərir. BƏŞƏRİYYƏTİN KOSMİK ÖZÜNÜDƏRKİ hələ çoxtərəfli xarakter daşıya bilmir. Yer sivilizasiyası və yerdənkənar sivilizasiyaların əlaqəsinə can atılması bəşəriyyətin kosmosofiyasında hələ aparıcı tendensiyaya çevrilməyib. Planetar özünüdərketmənin bu forması kainatın qlobal fəthindən daha çox elə planetimizdəki ictimai-mənəvi, siyasi münasibətlərin əlverişli şəkil alması, tənzimlənməsi üçün gərəklidir. Deməli, bəşəriyyətin kosmik özünüdərki təkcə kosmik hadisələrin öyrənilməsində deyil, habelə hərtərəfli insani münasibətlərin təşkili üçün də müəyyənedici idraki-psixoloji mərhələdir. Povestdə diqqəti, əsasən, - fenomenal üçlük cəlb edir: TƏNHA YER KÜRƏSİ - TƏNHA BİNA -TƏNHA, FƏRDİYYƏTÇİ TƏLƏBƏ! Yer kürəsinin antroposentrist sakinləri ona görə geniş makrokosmik münasibətlər yarada bilmirlər ki, hərtərəfli kosmik əlaqə vasitələrinə hələ yiyələnməyi bacarmayıblar; tələbə ona görə kütləvi-insani həyat tərzinə qovuşa bilmir ki, fərdiyyətçidir və insanlarla hərtərəfli əlaqə saxlamaq keyfiyyətindən tamamilə uzaqdır. Şəhərdən ayrı, tənha bina. Əsərin ən böyük müvəffəqiyyəti fərdiyyətçi tələbənin başına gələn hadisələrin məhz bu TƏNHA BİNADA təsvir edilməsidir. İnsanlarla hərtərəfli ünsiyyətdən məhrum olan gəncin başına gələn bu qəzavü-qədər belə məkanda təsvir olunmalı idi: Şəhərdən, binalardan əlaqəsi kəsilmiş bu tək bina, adamlardan ayrı düşmüş tənha gənclə digər planetlərin canlı varlıqları ilə əlaqəsi olmayan tənha yer kürəsinin uyğun vəziyyətini - böyük yalqızlığı qabarıq göstərmək üçün ən tutarlı simvolik obyektdir. Belə əlaqələndirmənin sayəsindədir ki, povestdə möhkəm, bitkin ideya-kompozisiya bütövlüyü yaradılmışdır. Təsəvvüredilməz dərəcədə müxtəlif və çoxvariantlı, çoxqatlı ictimai münasibətlər içərisində tək qalmaq, "qırıq xətli telefona" çevrilmək, doğrudan da faciədir; tələbənin sabit DÜŞÜNCƏ tərzi yalnız bir istiqamətə yönəldiyi üçün, o, vərdiş halını almış belə qapalı vəziyyətindən kənara çıxmaq haqqında qətiyyən fikirləşmir, əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır; insanlarla əlaqələnmə yolları yox, ayrılma, təcrid edilmə, "qırıq xətlitelefona" çevrilmə yolları arayır... İctimai elmlərdə fərd, şəxsiyyət, kollektiv, cəmiyyət məsələləri ən geniş şəkildə və müxtəlif kontekstlərdə araşdırılır. İncəsənət də bu qlobal problemə, öz bucağından baxır. Sənətkarlar müxtəlif bədii formada, səpkidə şəxsiyyət probleminə öz münasabətini bildirir. Anarın bu povestinin isə seçilənliyi orasındadır ki, şəxsiyyət, ictimai əlaqə problemi əsərdə çox geniş fonda - necə deyərlər, makrokosmik miqyasda əhatə oluna bilər; əgər məhdud, dar çərçivədə insan (konkret halda tələbə) başqaları ilə əlaqə yarada bilmirsə, insanların toplusu cəmiyyət, nəhayət, yer kürəsinin sakinləri də digər varlıqlarla əlaqə yarada bilmir. İnsanlardan ayrı düşmüş tələbə - binalardan ayrı düşmüş bina - planetlərdən ayrı düşmüş planet! Gözəl məntiqi əlaqədir...
Bəlkə də əlaqə probleminə münasibəti başqa bədii formada da göstərmək olardı. Ancaq hadisələrin ən geniş miqyasda təsviri üçün, dar düşüncə tərzinin hüdudlarını ekssentrik bar ehtirasla qırıb məhv etmək üçün fantastik üslub daha tutarlı və məqsədəuyğun olmuşdur. Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi halətlər kimi təsvir edilir. Tələbənin real psixoloji vəziyyəti - isti cənub şəhərində üzücü imtahanlardan çıxması, müvəffəqiyyətlərin tam aydın olmayan, qarmaqarışıq sevinci, gərginlikdən sonra boşluğa düşməsi onun sonrakı "fantastik vəziyyəti" ilə məntiqi şəkildə əlaqələndirilir. Həm də onun ruhi sapmaları birdən-birə yox, tədriclə və təmkinlə təsvir edilir; "fantastik girişdən" - tələbənin başqasını abituriyent yoldaşı ilə qarışıq salmasından sonra bir-birinin ardınca baş verən "əcaib-qəraib" gözlənilməzliklər onun olmazın ruhi sarsıntılar çəkməsinə səbəb olur. Xüsusilə iki hadisə - 20 mərtəbəli binanı axtararkən, birdən yanıb xarabalığa çevrilmiş, pəncərə və qapılarından külək vıyıldayan, mərtəbələrində sərgərdan itlər boğuşan binaya rast gəlməsi və şəkillərin onun gözü qabağında yavaş-yavaş dəyişməsi gəncin əsəblərini son dərəcə tarıma çəkir və onu tam psixopataloji hala salır. Bunlar tələbənin stress vəziyyətini, onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş şüurunun sarsıntılarını təsvir etmək üçün ən zəruri bədii elementlərdir. Bu əsərdə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq, elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı o qədər usandırır, hətta qorxudur ki, ilk kütləvi həyat tərzinin təsviri bizə çox xoş təsir bağışlayır….
Deməli, "başqa növ əlaqə prinsiplərini" dərk etmədən, qarşılıqlı münasibətlərdə məqsədəuyğun əlaqə yollarını seçmədən, yeni ictimai ünsiyyət vasitələri axtarıb tapmadan, hər cür gözlənilməz ictimaitəbii hadisələri təmkinlə qarşılamağa hazırlaşmadan, dialektikanı, yeniliyi, dəyişməni, inkişafı nəzəri fikirdən praktikaya keçirmədən, onu hətta gündəlik ünsiyyət və əlaqə vasitələrinin qavranılmasına tətbiq etmədən bəşəriyyətin həqiqi kosmik özünüdərki də mümkün deyildir. BELƏ ÖZÜNÜDƏRKETMƏNİN REALLAŞMASI İSƏ BƏŞƏRİ-UNİVERSAL HARMONİYAYA YİYƏLƏNMƏK DEMƏKDİR. Çağımızın bədii-intellektual, dini-fəlsəfi axtarışları yer sivilizasiyasını bu yönəkdə inkişafa kökləyir.
YARADICILIQ POLİFONİYASI: NƏSRDƏN SƏNƏT DÜRLƏRİNƏ
Anarın yaradıcılıq polifoniyasında ən müxtəlif sənət dürlərinin tutaşı çoxboyalı estetik görüntü və nizam yaradır. Həyat sanki bütün çalarları, çeşidləri, məna saçmaları, yozum imkanları ilə bu yaradıcılıqda variasiyalanır, güzgülənir. Sənətkarın nəsr əsərləri ilə yanaşı, pyes, teletamaşa, radiopyes, bədii, sənədli, tele və cizgi filmləri, ssenariləri, esseləri, ədəbiyyat və sənət haqqında məqalələri, məruzə və çıxışları, xatirələri Azərbaycan mədəniyyət və incəsənətinin bir yaradıcının dünyasına necə sığdığına və bu dünyadan neçə saçıldığına gözəl nümunədir.
Anarın dramaturgiyası, ssenari yaradıcılığı və rejissor işi onun öz bədii ideyalarını teatral biçimdə, aktyor oyununun dinamikasında, şəkillənmə vasitələrində ifadə etmək, həyatla sənətin söz və hərəkət uzlaşığında vəhdətini yaratmaq, sözü "yeritmək", ideyanı "danışdırmaq" istəyinin, gərəyinin barıdır.
Dramaturqun aktuallığı ilə seçilən, ən kəskin problemləri hədəfə alan pyesləri Azərbaycanın bütün teatrlarında tamaşaya qoyulub. Akademik Dram Teatrında beş pyesi ("Şəhərin yay günləri", "Adamın adamı" - sonuncu Anarın rejissorluğu ilə - , "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur"), Rus Dram Teatrında "Şəhərin yay günləri", "Təhminə və Zaur", Gənc Tamaşaçılar Teatrında "Keçən ilin son gecəsi", Kukla Teatrında "Qaravəlli" tamaşaya qoyulub. Onun dram əsərləri ölkəmizin başqa teatrlarında, eyni zamanda Moskvada Miniatür teatrında, Kazan vəKişinyovun Akademik Dövlət teatrlarında, Daşkənddə Mukimi teatrında, habelə Polşa, Bolqarıstan, Türkmənistan, Qırğızıstanda, Rusiyanın digər şəhərlərində oynanılıb. Moskvanın Mərkəzi televiziyası "Mən, sən, o və telefon" əsərinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib…
Falqın milli-siyasi varlığını qorumağın özül daşı - onun mənəvi bütövlüyünə mane olan hər şey varsa, onunla mübarizə duyğusudur. Mənəvi yetkinliyə çatmamış bir kütlə həyatın əsas məqsədlərindən daim yayınar və gözüdarlığa qapanıb qalar. Anarın "Qaravəlli" komediyasında olduğu kimi, diş qurdalamaq üçün çöp axtara-axtara, bir-birinin əlini yuya-yuya, üzü kirli, alnı nursuz qalar! Güzəranı qaravəlliləşər! Sonsuz dərəcədə sərsəm bir vəziyyəti qroteks səviyyəsində göstərməsinə görə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" ilə səsləşən bu gülməcə öz içində çalxalanan, gicəlib qalmış bir kütləyə kəskin parodiyadır. Anarın bir yazıçı kimi daxil olduğu 60-70-ci illər ədəbi nəslinin Cəlil Məmmədquluzadə irsinə, ümumiyyətlə, "Molla Nəsrəddin" məktəbinə yalnız üslub cəhətdən bağlılığını iddia edənlər yanılırlar. Əslində isə, bu bağlılığın əsasında sırf ideal məsələsi - xalqın özünüdərk probleminə yanaşmadakı ruh yaxınlığı dayanır. Anar, Mirzə Cəlildən, hər şeydən öncə, tənqid etmək sənətini, cəmiyyət həyatına ayıq münasibət göstərmək məharətini mənimsəyib. Cəmiyyət həyatının qabarıb-çəkilmələrində isə elə problemlər ortaya çıxır ki, onu bütün mahiyyətilə aşkar etmək əsl yazıçı fəhmi tələb edir. Tarixin böyük dövrlərini üzbəüz qoyub tutuşduranda amansız suallar diklənir. Necə oldu ki, neçə zamanlar bundan qabaq "Çal qılıncını, Qazan xan, yetdim!" - deyə bir-birinin dadına yetən istiqanlı və isti qanlı bir millətin övladlarında bir-birinə simsarlıq, həyançılıq getdikcə sönükləşdi?! "Şəhərin yay günləri"ndə Bəhram Zeynallıya Qiyas yana-yana, çılğıncasına belə də deyir: "...Ay əmi, sənə qurban olum, nə olub bizə? Axı, biz belə deyildik, ay əmi!..". Sonra FF əsr təlxəyi Firuz bu dəyişməni öz təbirincə belə xırdalayır: "Adamlar həyatda yavaş-yavaş, misqal-misqal, heç özləri də bilmədən satın alınırlar…" "Adamın adamı" pyesində göstərildiyi kimi, cəmiyyətin həyatında elə bir vəziyyət əmələ gəlir ki, "Pul cırım səninçün" - deyən harınlar zümrəsi yetişir, "Pulun gücünə vurma cədvəlini də dəyişmək olar", "Pulun açdığı qapını avtogen də deşə bilməz" - "məntiqi" doğulur, adamlar az qala rüşvətsiz yaşamağınmümkün olduğuna da inanmırlar, düzlükdən, doğruluqdan danışanısa, sadəcə olaraq, ciddi adam hesab eləmir, hətta ona, üzdə olmasa da, rişxənd eləyirlər... Getdikcə sürəklənən bu mənəvi iflas ictimai dağıntılardan tutmuş dövlət ölgünləşməsinə, hakimiyyət bayağılaşmasınadək bütün proseslərdə görünəcəkdi. Roma aristokratları da quş dilindən təamlar bişirtdirib, səhərədək yeyibiçərmişlər, - qüvvələri tükənincəyədək... Onların fənalığı isə tarixdə başqalarına görk olmadı...
Elə bu səbəbdən də Anar cəmiyyətdə baş verən böhranları cücərtilərində bəyan etməyə, onların sosial-psixoloji aqibətini izləməyə - özü də son dərəcə fərdi araşdırmalarla izləməyə çalışıb. Bəllidir ki, sovet dövründə düyün problemləri açıq şəkildə qaldırmaq olmurdu. Çağdaşlığın yazarı Anar o dövrün nadir sənətkarlarından idi ki, ən qatı, deyilməz-dələgətirilməz soruları, olumları rəmzi görklərlə, simvolik örtülərdə aydınladırdı. Buna görə də Anarın realist üslubunun bir xətti gedib simvolikaya və fantasmaqoriyaya dirənir.
"Səhra yuxuları" dram-pramfletində imperiyaçılığın qamarlayıcı siyasəti - belə bir dirənişdə hədəfdi. İmperiyaçılar həmişə oyuncaq dövlətlərin satqın başçılarını öz kövşənində yalmandırıb noxdalayaraq o ölkəni müstəmləkəyə çevirir. Beləliklə, ölkə ikiqat möhnətə düçar olur. Hakimiyyəti çərçivələndirilmiş kölə idarəçinin zülmü-əndişəsi daha dözülməz olur. Çünki o - basılırkən əzmək məcburiyyətindədir. Bir Laməkan Şərq ölkəsində - Bayal məmləkətindəki diktatura üsul-idarəsinin başıbağlı özbaşınalığı da - bir özgənin yox, elə öz halımızı yadımıza salırdı. Bax, bu məqamda da Anar öz müəlliminin - böyük Mirzə Cəlilin bədii sənətinə sadiqdi. Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nda Məhəmmədhəsən əmi obrazı üzərində gördüyü işi - Anar "Dantenin yubileyi"ndə Kəbirlinski üzərində görürsə, "Səhra yuxuları" da süjet kəskinliyi, sərt ironiyasına görə - "Dəli yığıncağı" ilə səsləşir. Yalnız cəmiyyət həyatının ən gizli axarlarını, insanın daxili aləmindəki təbəddülatları həm yaşadığı dövrün, həm əbədiyyətin meyarları ilə aça bilən, yamanlıqlara göz yummayıb, həqiqəti onun ən çətin müdafiə edildiyi lal vaxtlarda cəsarətlə müdafiə edə bilən sənətkarın sözü rişə verər, kök atar.
Nəsri, dramaturgiyası kimi, Anarın ssenari və rejissura yaradıcılığı da özəl keyfiyyətlərə malikdir. Anar on bir bədii filmin("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud" - ilk iki seriyalı Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin ("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə - Yeni Gəncə", "Bu - Səttar Bəhlulzadədir", "Bu - Cavaddır", "Dindirir əsr bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi" filminin (Gülbəniz Əzimzadə ilə birlikdə), habelə iki seriyalı "Üzeyir ömrü", "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür. Bir çox nəsr əsərlərinin səhnə və ekran variantını yaradan Anar sanki sənətin bu yeni imkanları ilə həyat dramaturgiyasının daha gizli qatlarını, cizgilərini üzə çıxarmaq, onları daha görüntülü etmək məqsədi daşıyır. Bütövlükdə Anarın səhnə və ekran əsərləri qədərincə cazibədar və geniş tamaşaçı auditoriyasının davamlı marağına səbəb olan əsərlərdir. Onun əksər filmləri, televiziya tamaşaları neçə illərdir ki, dəbdəndüşməz şuxluğunu saxlamaqda, dərinliyi, istiliyi, məlhəmliyi, temperamenti, kəsərliliyi ilə mənəviyyatımızda duyğu-düşüncə bolluğu yaratmaqdadır. Artıq Azərbaycan kinosunun klassikasına çevrilmiş "Dədə Qorqud" filminə, "Evləri köndələn yar" televiziya tamaşasına hər il (bəzən bir neçə dəfə) baxılır, fəqət doyulmur. "Dədə Qorqud" filmi kimi bir sənət örnəyi Azərbaycan olduqca var olacaq, zərifliyin və qəhrəmanlığın ölməzliyini zaman-zaman göstərəcək və bəlli edəcək ki, milli sənət və mənəviyyatımız məhz belə örnəklər təməlində əbədi yaşarılıq və törədiçilik gücündədir. Hələ iyirmi il öncə Türkiyədə nümayiş etdirilən və məşhur "Spartak" filmi ilə tutuşdurulan "Dədə Qorqud" filmi haqqında Ergün Gözə əbəs yerə yazmırdı: "Dədə Qorqud" filmi göstərdi ki, bizim nağıl dediyimiz və ya deməyə məcbur edildiyimiz "Dədə Qorqud"da 16 dövlət qurmuş bir millətin mənəvi zənginliklərinin hamısı var. Elə əxlaqi mühtəva var ki, insanlığın hamısına yetər və artıq da qalar. Haramzada olmayan türk milləti əslini heç bir zaman inkar etməz və bir gün görərik ki, Azərbaycanla Türkiyənin babası eyniymiş: Dədə Qorqudumuz… (Ergün Gözə. "Dədə Qorqud" - "Tərcüman" qəzeti, 1983).
Vaxtilə böyük sənətkarımız Rəşid Behbudovun da yüksək qəymət verdiyi və haqqında keçmiş SSRİ-nin nüfuzlu "Pravda" qəzetində məqalə yazdığı "Üzeyir ömrü" ("Üzeyir Hacıbəyov. "Uzun ömrünakkordları") filmi dahi bəstəkarımızın həyat və fəaliyyətini bütün çevrəsiylə əks etdirən dolğun bir əsərdir. Anar bu əsərində Üzeyir bəyin ömürlüyünün kövrək və mübariz anlarını, üzləşdiyi əngəlləri, qazandığı uğurları, açdığı ilk cığırların mənasını, nostalgiya və fərəhini onun qəlbindən süzülən, dövrünün və əbədiyyətin ruhunu özünə sığdıran musiqisinin yaranış və yayılış ritmləri ilə həmahəng səsləndirməyə müvəffəq olmuşdur. Professor Gülrux xanım Əlibəylinin bu sözləri həqiqətdir: "Yazıçı və dramaturq Anar bu filmində yalnız bu unikal şəxsiyyətin yaradıcılığına deyil, bütün bizim musiqimizə və sənətimizə bəslədiyi sonsuz məhəbbəti ifadə edib… Sənət tarixində Anarın "Üzeyir Hacıbəyov" filmi dahiyanə tapılmış ideyasına görə bir şedevr - şah əsər kimi qalacaq …" (Gülrux Əlibəyli. "Musiqi isə diridir" - "Bakinski raboçi", 1 aprel 1992). "Kino" qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışında isə (mart, 1997) Oqtay Mirqasımov "Anarın bizim kinematoqrafiyamızda rolu olduqca böyükdür" - qənaətinə yalnız onun bu sənət sahəsindəki fəaliyyətinin və xidmətlərinin təhlili və dəyərləndirilməsi ilə gəlmişdi…
Anar Azərbaycan mədəniyyətinin yaradıcılarına təkcə bədii, sənədli əsərlər həsr etməmiş, onların ekran və səhnə obrazlarını yaratmamış, həm də onlar haqqında çoxsaylı məqalə və esselər yazmışdır. Ümumiyyətlə, Anarın ayrı-ayrı seçkin şair, yazıçı, alim, bəstəkar, aktyor, rəssam, memar, ifaçı və başqa sənətçilərimiz haqqında, ədəbiyyat, tənqid, musiqi, teatr, kino və s. dürlü sənət sahələri xüsusunda yazdığı məqalə və esselərində, dünyadan köçmüş ədib və sənətçilərə həsr etdiyi ağılar və anlarda, "Sizsiz", "Mübarizə bu gün də var", "Gecə düşüncələri", "Əsrim və nəslim" kimi dəyərli və orijinal janrlı əsərlərində Yeni Çağ Azərbaycan mədəniyyəti və incəsənətinin zəngin palitrası yaradılır. Elm, incəsənət və ədəbiyyatımızın yaradıcı nümayəndələrinə Anarın nəfis baxışı, onların yaratdıqlarına dərin araşdırmalar, tutuşdurmalarla müşayiət olunan incə, analitik münasibəti bütövlükdə Azərbaycan mədəniyyətinin xarakterik cizgilərini, önəmli keyfiyyətlərini, struktur mahiyyətini, şəbəkələnmə prinsiplərini anlamaqda, onun təkamül xüsusiyyətlərini dərk etməkdə, perspektiv gəlişmə yönlərini aramada çox mühüm əhəmiyyət kəsb edir.
Mütəfəkkir yazıçının dünya sənətkarları haqqında düşüncələri milli mədəniyyətimizin dünya mədəniyyəti ilə təmas və ilişgilərinibir qədər də artırır və dərinləşdirir. Azərbaycan - dünya mədəniyyətləri arasındakı İpək Yolu həm də Anarın klassik və modern üslubların orijinal sintezindən ibarət olan çoxşaxəli - ornamental yaradıcılığından, genişmiqyaslı ədəbi-ictimai fəaliyyətindən keçir…
HƏMİŞƏ TƏTİKDƏ, YAXUD ZAMANLA NƏFƏS-NƏFƏSƏ
Anar yaradıcılığının mühüm bir qolunu da ədəbi, etnoqrafik, siyasi publisistika təşkil edir. Onun Azərbaycanın etnoqrafiyası, etnocoğrafiyası ilə bu və ya digər şəkildə bağlı olan yazılarında Vətən torpağının əlvan mənzərəsi yaradılır, hər qarışında mənəviyyatımızın, estetik düşüncə və duyğularımızın boyaları çalarlanan, hər qırçını genetik yaddaşımızı çiçəklədən yurdumuz aşıb-daşan sərvətləri qədərincə bolluca sevdirilir. - Azərbaycan özü boyda bir xalça - milli varlığımızın bütün rənglərini özündə ilmələyib əks etdirən xalça şəklində göz önünə gətirilir. Dünyanı gəzib-dolaşan yazıçının "yol yazıları"nda da əcnəbi ölkələr haqqında dolğun təsəvvür yaradılmaqla yanaşı, həmin yazılarda əcnəbiliyə yenə də azərbaycanlı baxışı ilə - "bizim Anarın" gözü ilə baxılır.
Anar Azərbaycan iki yüz ilin və iki min ilin qovuşması ərəfəsində özünün böyük, həlledici tarixi sınaqlar çağını yaşadı. Azərbaycanın milli müstəqilliyi düşüncəsini yaradanlardan biri olan Anarın qələmi çağının rənginə boyandı. Hadisələrin ən şiddət çağlarında onun siyasi publisistikası xalqının iradəsini yetərincə kəskin və doğruca ifadə edirdi. Anar milli hərəkatı parçalanmalardan saqındırmağa, hakimiyyətlə xalqın birliyinin təmin edilməsinə çalışan nüfuzlu söz sahibi kimi getdikcə kükrəyən dolaşıq hadisələrə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda düzgün münasibətin formalaşması üçün əlindən gələni edirdi. Xüsusilə təhlükəli təcridolunmaya sürüklənən, haqqında minbir iftira qondarılaraq tələyə çəkilən Azərbaycanın beynəlxalq nüfuzunun qorunmasında Anarın qətiyyətli sözü, mövqeyi mühüm əhəmiyyət daşıyırdı. O, respublikamızın suverenlik əldə etməsindən iki ay öncə yazdığı "Müstəqilliyin şirin xülyası, yaxud cənab Jirinovski Boris Nikolayeviçin sağlığına badə qaldıracaqmı" adlı publisistik məqaləsində Azərbaycanın müstəqilliyinə ikrahla yanaşan, "irticaçı müsəlmanlara qarşı xristian Ermənistanın tərəfində durmağa çağıran" sağ-mühafizəkar "Naş sovremennik" jurnalının, SSRİ-dən ayrıldığı şəraitdə ölkəmizin parçalanaraq "Azərbaycan Sovet Respublikaları İttifaqı"na çevriləcəyini məzə ilə güman edən "Literaturnaya qazeta"nın siyasətbazlarına kəsə, düzünəqulu cavab vermişdi: "Bizə bu da bəsdir ki, öz respublikamızın taleyini Moskva mətbəxlərində həll etməsinlər". SSRİ Xalq deputatlarının 31 avqust 1991-ci il qurultayında bu sözləri də ilk dəfə deyən Anar idi: "Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanı istiqlaliyyət haqqında akt qəbul etmişdir… Hamımız müstəqillik istəyirik. Üç Zaqafqaziya respublikası yalnız o zaman müstəqil ola bilər ki, onların arasında sülh və həmrəylik olsun"…
Anar Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan sənətkar Azərbaycanın ən ağrılı problemlərinə vaxtında, həssaslıqla və bütün kəskinliyi ilə münasibətini bildirmiş və həmin problemlər ətrafında ictimai fikir formalaşdırmağa çalışmışdır. Onun 1990-cu ildə söylədiyi fikirlər ölkəmizdə vətəndaşlığın tarixi məsuliyyətinin dərk olunmasına güclü impuls verən qəti mövqeyi ortaya qoyur. Həmin mövqedən faciələrimiz, bizi normal inkişafdan mərhum edən, baş məqsədlərdən yayındıran çatışmazlıqlarımız apaydın görünür: "Altı və üstü talan olunmuş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş adımız, dəyişdirilmiş əlifbamız, illər boyu kürül-kürül axan yalanlar, boş vədlər, təbiətin kor qoyulması, şəhərlərimizin zəhərlənməsi, mənəviyyatın pozulması, riyakarlıq, saxtakarlıq, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq - cəmiyyətimizdə yer almış bütün bu bəlalara görə heç birimiz məsuliyyət, cavabdehlik və təqsir yükünü boynumuzdan ata bilmərik"…
Anar Anar, həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir. Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazanandan sonra da onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti səngiməyib. Anar "Azərbaycançılıq haqqında düşüncələr" əsərində bu siyasətin əsas yönlərini nişan verərək, "Azərbaycanda çeçenlərin hərbi düşərgələri, bazaları var, silahlar tranzit olaraq Azərbaycandan keçir, Azərbaycanda islam fanatizmi güclənir, təməl dinçilik (fundamentalizm) təmayülləri artır, radikal dinçi mərkəzlər fəaliyyət göstərir" və s. kimi Moskva televiziya kanallarının axın-axın iftiralarını sərrast məntiqlə belə puça çıxarır: "Azərbaycanın Çeçenistanla sərhəddi yoxdur. Sual olunur, əgər Azərbaycandan Çeçenistana silah keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya ərazisindən keçirilir və əgər Rusiya öz ərazisinə nəzarət edə bilmirsə, Azərbaycanı nədə günahlandıra bilər?" Azərbaycan artıq öz yolunu seçib. Onu belə fitnələrlə yolundan azdırmaq olmaz. Yazıçı ölkəsinin bu yolda qətiyyətlə irəliləməsinə sözü, məntiqi, uzaqgörənliyi ilə dayaq durmaqdadır. Artıq Avrasiya ölkələrinin həyatında mühüm rol oynayacaq, ŞərqQərb sivilizasiyalarının qarşılıqlı əlaqələrini bir qədər də dərinləşdirəcək İpək Yolu layihəsi həyata keçirilməyə başlayıb. Bu ideyanın ilk rüşeymlərini, özü də onun məhz Azərbaycana, ümumən türk dövlətlərinə fayda gətirəcək şəkildə irəli sürülməsini Anarın 1991-ci ildə yazdığı "İpək yolu" məqaləsində görürük. O, dünyanın siyasi mənzərəsinin dəyişməsi, yeni düzən yaradılması istiqamətində Azərbaycanın bir müstəqil dövlət olaraq strategiyasını müəyyənləşdirən amilləri önə çəkir. Bu strategiyanın prioritet yönlərini düzgün seçimləyərək yazır: "Tarixi, dini və ideoloji fərqlərlə aralanmış, müxtəlif əlifbalara malik olan türk xalqları hələ qeyri-müəyyən vəziyyətdə olan türk aləmini - Vahid Türk dünyasına sevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya mexanizmləri, institutları yaratmalıdırlar". Yazıçı-publisist tamamilə doğru olaraq qeyd edir ki, Vahid Türk dünyasının yaranması - türk dövlətlərinin müstəqilliyinin itirilməsi demək deyil, əksinə, bu təbii inteqrasiya prosesində müstəqilliklərini möhkəmləndirərək, onların vahid, yenilməz bir gücə çevrilməsi deməkdir. O, müasir dünya tarixindən ərəb, ingilis dilli ölkələri, Latın Amerikası respublikalarını örnək gətirərək, türk dövlətləri inteqrasiyasının da yeni dünyanın qlobal inkişaf məntiqindən doğduğu qənaətinə gəlir. O, bu inteqrasiya prosesində Azərbaycanın geostrateji önəm daşımalı olduğunu da xüsusi vurğulayır: "Bu tarixən təbii prosesdə Azərbaycan vacib rol oynamalıdır. Qismən Avropameylli türk sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan türk anklavları) və Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk əraziləri arasında körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin fəzanın mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə görə, həm də tarixən bir çox məsələlərdə birinciliyinə görə…" Son on iki ilin salxantılı sürəcləri aydınladır ki, tarixin nəticələndirdiyi bu ideyaların həyata keçirilməsi reallıqdır. Bu gün Azərbaycan-Türkiyə əlaqələrinin gerçək durumu, dövlətimizin regionda apardığı siyasət, uluslararası münasibətlərdə ölkəmizin siyasi-iqtisadi mövqeyinin getdikcə möhkəmlənməsi, Azərbaycanın Qafqazda liderliyə yetməsi prosesi bu özünümüəyyənləşdirmə, özünüüstünlətmə, mədəniyyət və mənəviyyatda olduğu kimi siyasətdə də "aşağılıq kompleksi"ndən qürtulma strategiyasının düzgün seçildiyini təsdiq edir.
***
Anar Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi-fəlsəfi, bədii-estetik, dini-tarixi dəyərlərinə dərindən bələd olan Anar, əslində, milli mədəniyyətimizi Şərq və Qərb mədəniyyətləri sintezində təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır. Dünya mədəniyyətinin şəhdi-şirəsi Azərbaycan mədəniyyətinə, Azərbaycan mədəniyyətinin şəhdi-şirəsi Anar yaradıcılığına süzülüb. Ona görə də bu yaradıcılıqdan dünyanın dərin mənalarına çıxmaq, dünyadan bu yaradıcılığın dərin mənalarına enmək mümkündür. Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin mədəniyyət komissiyasının sədri, bir çox fəxri adlara layiq görülmüş, məktəblidən akademikə qədər hamının sevimlisi, respublikamızın müstəqilləşməsində və mədəniyyətimizin inkişafında mühüm xidmətləri olan yazıçı, dramaturq, publisist, esseist, kinorejissor, bütün aydınsal həyatını Vətənimizin, xalqımızın tərəqqisinə, gözəl əsərlər, duyarlı sözlər, tutarlı obrazlar, yozumlu hikmətlər yaratmağa həsr etmiş görkəmli ictimai-siyasi xadim, "İstiqlal" ordenli Anarın təqribən 45 illik ədəbi-eksiklopedik fəaliyyətini dolğunca əks etdirən və hörmətli oxuculara təqdim olunan bu çoxcildlik sözün əsl mənasında Anarın Azərbaycan mədəniyyəti salnaməsidir.
Anar Çağımızın dünyaünlü böyük qırğız sənətkarı Çingiz Aytmatovun deyimincə, "öz ədəbi dinastiyasını yaratmış Anarın" ərən ruhu və susmaz qələmi onun müdrik, barlı yaşında bundan sonra da çiçəkləyəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.
RAHİD ULUSEL
İLK HEKAYƏLƏR
İlk yazılarımı 14 yaşında yazmışam. 1952-ci ilin yayında, Şuşada. "Sənin nəğmən yaxşıdır" adlı Amerika həyatından bir pyes və "İki dəniz" adlı kiçik yazı. Pyesin mövzusu ciddi musiqiyələ məşğul olan namuslu, istedadlı bəstəkarın məcburiyyət qarşısında yüngül populyar estrada janrlarına keçməsi və bununla bağlı baş verən ailə faciəsi idi. Əlbəttə, çox vaxt maddi təminat verməyən ciddi sənətlə gəlirli ucuz sənət yolu arasındakı konflikt bir problem olaraq onda da vardı (özü də tək Amerikada yox), indi də var. Amma bu problemi yazanda mənim Amerika həyatı haqqında təbii ki, səthi təsəvvürlərim və kasad biliklərim ancaq sovet mətbuatındakı təbliğat xarakterli yazılara əsaslanırdı. "İki dəniz" yazısında isə (onu bu kitaba daxil edirəm) Böyük dənizdən – Böyük azad dünyadan ayrılmış, təcrid olunmuş Kiçik dənizin – Azərbaycanın tənhalığının, mütiliyinin rəmzini yaratmağa çalışmışdım.
Bu vaxtdan etibarən daha bir pyes (artıq öz həyatımızdan) və xeyli hekayə yazdım. 1960-cı ilin may ayından on hekayəmi makinada çap etdim, onlara müqəddiməsayağı bir şey yazaraq sonralar faciəvi şəkildə avtomabil qəzasında həlak olmuş gənclik dostum, istedadlı memar və rəssam Fuad Seyidzadədən xahiş etdim ki, bunlara illüstrasiyalar çəksin və bütün bunları "Yağışlı gecə" adlı kitab şəklində cildlətdim. Bu mənim tək bir nüsxədən ibarət olan ilk "kitabım" idi.
60-cı ilə qədər hekayələrimi heç bir mətbuat orqanına təqdim etməmişdim. Atam da məsləhət görmürdü. Yalnız 60-cı ildə iki hekayəmi jurnala təqdim etməyə razılıq verdi. "Azərbaycan" jurnalının 60-cı il dekabr nömrəsində jurnalın o vaxtkı redaktoru Əbülhəsən iki hekayəmi dərc etdi: "Keçənilin son gecəsi" və "Bayram həsrətində" hekayələrimi. Sonra "Azərbaycan" jurnalında daha iki hekayəm - "Asqılıqda işləyən qadının söhbəti" və "Taksi və vaxt" dərc olundu. "Keçən ilin son gecəsi" və "Asqılıqda işləyən qadının söhbəti" 1961-ci ildə "Drujba narodov" jurnalında da çap edildi. İlk "kitabıma" daxil etdiyim qalan beş hekayəni isə indiyəcən çap etməmişəm. 18-20 yaşlı gəncin ilk qələm təcrübələrini indi ilk dəfə bu kitabda oxuculara təqdim etməyimin səbəbi yalnız nostalji, uzaq illər üçün qəribsəmə hissi deyil. Əlbəttə, bu da var. Bu hekayələrin hər biri ömrümün müəyyən xatirələriylə bağlıdır. Amma məsələ tək bunda deyil. Demək olar qırx illik fasilədən sonra bu yazıları yenidən gözdən keçirəndə gördüm ki, naşı qələmin məhsulu olan bu hekayələrdə ifadə olunmuş bir çox fikirlər, motivlər, duyğular müxtəlif şəkildə mənim sonrakı əsərlərimdə də öz əksini tapıb. Bəlkə elə bu sarıdan maraq doğura bilərlər. Həm də ki, ömrün ahıl çağında ilk qələm təşəbbüslərini, yazı-pozu aləmində birinci addımlarını xatırlamaq elə duyğular oyadır ki, bu duyğular haqqında ən dəqiq sözləri bir şerində böyük rus şairi Boris Pasternak deyib. Vaxtilə Pasternakın həmin şerini dilimizə çevirmişdim. Sözümü də bu şerdən gətirmək istədiyim üç bəndlə bitirirəm:
Başladığım zaman bilirdim məgər
Bu işin axırı belə olacaq?
Adamın qanını tökür sətirlər,
Boğazın tutulub qanla dolacaq.
Mən belə peşədən olardım iraq
Bu cür zarafatı neynirdim axı?
Amma nə kövrəkdi, xoşdu ilk maraq
Ömrümün o erkən, o uzaq çağı.
Romasayağıdır fəqət qocalıq
Nə nitq tələb edir, nə fənd, nə kələk.
Bədii qiraət istəmir artıq,
Doğrudan doğruya öləsən gərək.
27 iyun 2003
YAĞIŞLI GECƏ
…Gecədir. Yağış yağır…
Bir qədər qüssəliyəm.
Adi bir gecədir. Hər gecə olan gecələrdəndir.
Bayram hər gün olmur. İnsanların ömrünün çox qismi bayram həsrətində keçir.
…14-15 yaşlarında bir qız dərsdən qayıdır. O, hər gün bax beləcə məktəbdən evə gəlir. Həftədə altı dəfə. Ayda 6x4 dəfə. İldə nə bilim neçə yüz neçə kərə, hər gün. Xəstələndiyi günlərdən başqa.
Günlərin bir günündə 24-25 yaşlarında bir gənc – onların həyət qonşusu (o, gözəl və yaraşıqlıdır) – qızın qədəmləri qabağına əlvan çiçəklər səpələyir.
Bu gün qızın bayramıdır. Bu hələ məhəbbət bayramı deyil.
Axı məktəbli qızın vur-tut 15 yaşı var. 14-15. Lakin bu başqa bir bayramdır. Bu qadın qəlbində məhəbbətdən çox erkən oyanan və məhəbbətdən çox sonra sönən bir hissin, riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş, səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramıdır. Bu istəyə çatmaq məktəbli qızın ulu sevinci, xarüqəvi bayramıdır. Elə ona görə də bu bayramın baş tutmaması onun üçün ağır faciədir.
Qızı çox sərt mühakimə etməyək. O hələ uşaqdır. O biçarə nə bilsin ki, baş tutmuş bayramlar belə səadət ilğımlarından qeyri bir şey deyildilər. İnsan bayramı gözləməkdən, onun həsrətilə yaşamaqdan həzz alır.
…"İnsana səadət verilməmişdir. Bəlkə ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidiylə, bəxtiyarlıq gümanıyla yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək həsrətində yaşamaq və nə isə hey gözləmək, gözləmək, gözləməkdir…"
İnsan yalqızdır. O, insanlıq dənizinin içində böyük fırtınalarda iştirak edə bilər. Lakin həyatın əsas müşküllərini o özü tək, kimsəsiz həll etməlidir, açmalıdır. Ömür. Tale. Məhəbbət. Yaradıcılıq. İztirab. Ölüm. Bu əzəli və əbədi qüvvələr qarşısında insan təpə-tənha dayanmışdır. Quyu təkin.
İnsan quyu kimidir. Quyunun suyunu içirlər. Lakin onun dibinə düşənlər çoxmudur? Həyat insanın güzgüsündə – quyunun suyunda əks olunur. Lakin günəşi, ağacları, otları, bütün ona baxanları üzünə yapışdıran bu suyun altında nələr vardır? Quyunun dibindən xəbərdar olanların çox qismi onun suyundan ikrah etmir?
İnsan təkdir. Həyat, ölüm, eşq, yaradıcılıq problemlərini o tək etməlidir.
O Robinzondur. Həyat – Cümə. O – Robinzondur. Ölüm – Cümə. O – Robinzondur. Sevgi – Cümə.
O heç yerdən kömək diləmir, heç kəsdən yardım istəmir. Nə atadan, nə anadan, nə arvaddan, nə bacıdan, nə qardaşdan, nə övladdan, nə də dostdan.
İnsan kiçik dənizdir. O böyük dənizdən – İnsanlıqdan su sızmaz, ün keçməz qayalarla – öz "mən"iylə, fərdiylə, taleiylə ayrılmışdır. O, heç vaxt böyük dənizlə qovuşa bilməyəcəkdir. İnsan əkiz doğulduqda belə dünyaya tək gəlir. Sevdiyilə, sevdikləriylə, necə deyərlər "can bir qəlb" olsa da, hərfi mənada "can bir qəlb" ola bilmir. Yüz min adamla birlikdə bir bombadan, bir minadan bir partlayışdan ölsə belə tək ölür. İnsanlıq – insanlardan ibarətdir, fəqət insan insanlığın ayrılmaz bir hissəsi deyil. Ayrılan, hər an ayrıla bilən bir hissəsidir. Məsələ bundadır. Hər kəs insanlığın səadəti və ya bədbəxtliyi barəsində düşünür. Lakin insanlıq hər kəsin səadəti və ya bədbəxtliyi haqqında düşünmür. İnsanlığın nə borcuna? İnsanlığın dərdlərini çiynindən atan adam özü haqqında düşünməyə başlayır. O, mərəzlərin ən dəhşətlisi olan özünüanaliz mərəzinə tutulur. Quyunun dibinə, qəlbininquyusuna, könlünün gecəsinə düşür. O, öz daxilində həqiqət axtarır ki, həyatın həqiqətini də anlaya bilsin. O həyatın inkaredilməz həqiqətlərini" öz daxili varlığının təcrübəsiylə yoxlamaq istəyir. Ona elə gəlir ki, əsl həqiqət – insanın özünün şəxsən tapdığı həqiqətdir. O, bu həqiqəti axtarır, tapır, bəli, tapır, amma dalına qulaq asın, tapır, …tapır və şübhələnir, tərəddüd edir, bir də, on da, yüz də yoxlayır və …itirir. Yenidən axtarır, yenidən tapır və yenidən itirir. Təzədən axtarır, tapır, itirir və s və i.a. Axır ki, o qəribə bir həqiqət icad eləyir: yeganə həqiqi həqiqət yeganə həqiqi həqiqətin olmamasıdır. Bütün qalan həqiqətlər nisbidir. Hər şey. Varlığın dərk olunub olunmaması haqqında mübahisə edən filosoflardan tutmuş bir kilo almanın qiyməti haqqında mübahisə edən alıcıyla satıcıya qədər bütün insanların rəyləri, fikirləri, əqidələri nisbidir.
Bu böyük həqiqəti tapan insan, onu tapdığı gün insanların əksəriyyətinin gözündə öz insanlığını itirir.
Doğrudan da artıq o meyitdir. Canlı meyit. O Xeyir və Şəri dərk etməkdən acizdir, deməli yaşamır, çünki insanların çoxunun fikrincə yaşamaq – bu iki qüvvədən birinin tərəfinə durmaq deməkdir. Həqiqətin nisbiliyini anlayan insan heç bir tərəfə keçə bilmir. Çünki hər iki tərəf özünü Xeyir – müqabilini Şər sayır. Belə insan tərəfləri ayırmır. Onunçün hər tərəf eynidir. Şimal qütbündə dayanan adamçün hər tərəf cənub olan kimi. Şimal qütbündə dayanan adam özünün Şimal qütbündə dayanıb dayanmadığından da şübhəlidir. Bəlkə də o Cənub qütbündə dayanmışdır və hər tərəf onunçün Şimaldır. Axı qütblərin adı da nisbidir.
Qütbdə durub-durub üşüyürük. Darıxırıq. Donuruq. Hisslərimiz donur. Beynimiz buz bağlayır. Ürəyimizdə altı ay gecə olur.
Boz, nimdaş, rəngi getmiş taksilər sevdiklərimizi bizdən aparırlar. Onları saxlamağa cəhd etmirik. Laqeydliyimizin buzunu əridə bilmirik.
Çünki yaxşı bilirik, taksini saxlamaq mümkündür. Vaxtı saxlamaq olmaz. Qadını qaytarmaq mümkündür. Keçib gedən dəqiqələri qaytarmaq olmaz.
İztirab çəkirik. Amma bilirik, yaxşı bilirik ki, bu iztirab belə keçəri, gedəridir, "gəlimli-gedimlidir. Son ucu ölümlüdür". Ağrıyırıq, amma bilirik, yaxşı bilirik ki, ağrı da dönükdür, vəfasızdır. Vaxt onu bizdən döndərəcək, başqasına yar edəcəkdir. Ağlayırıq. Amma bilirik ki, göz yaşlarımız hərcayi muncuqlar kimidir. Vaxt sabah onu bizdən alıb başqasının gözünü bəzəyəcəkdir.
Yarəb! Bəlayi – eşq ilə…
Olmaz! Elə ona görə ağrıdır. Uzun zaman iztirab çəkirsən, həqiqətən ağrıya bilmədiyinçün ağrıyırsan, hönkür-hönkür ağlaya bilmədiyinçün hönkür-hönkür ağlayırsan. Bəzən də aldanırsan. Könlün gecəsində məhəbbət ümidlərinə inanırsan, Təskinat, Təsəlli axtarırsan. Bəzən məhəbbətin və onun işgəncələrinin ağrısı elə güclü olur ki, könlündəki diş ağrısını müalicə etməkçün Vaxt-təbibə yox, Ölüm-təbiətə müraciət edirsən. Lakin bu az-az olur. Yalnız hekayə qəhrəmanları sevgilisinin paltosunun vəfasızlığına dözməyib intihar edirlər. Bir də həyatda bu qəhrəmanları yamsılayanlar. Qalan adamlar yaşamaqçün qalırlar. Çox yaşayırlar. Uzun yaşayırlar. Qocalanda isə onlara yalnız cihazların sabit ünsiyyəti qalır. Radionun, televizorun, maqnitafonun. Bir də telefonun.
Bəzən içirəm. Amma bu bir yol deyil. Onsuz da axşam içəndə sabah ayıq olursan. Elə bil yuxudan ayılırsan. Yuxu – içkisiz sərxoşluqdur. Sərxoşluq-yatmaqsız yuxu, həmişə yuxularla keçinmək olmaz. Səhərlər sərt, mütləq və amansızdırlar.
Daha bizə nə qalır?
Yazmaq. Yazmaq. Mümkün olmayan şeylər haqqında yazırıq. Qəhrəmanlıramızı bəxtiyar edirik. Qəhrəmanlarımızın sevdikləri taksilərdə əbədi getmirlər. Getsələr də qayıdırlar. Mütləq qayıdırlar.
Yazıçı allahların ən rəhimdilidir. O yaratdıqlarını öldürdükdə belə onlara əbədi bir həyat bəxş edir. Bəlkə də bu eqoizmdən doğur. Biz özümüz qəhrəmanlarımızın varlığında əbədiyyətə qovuşmaq istəyirik. Əbədiyyətə və insanlığa. Qayaların arasından qələmlə ovub yol açaraq Fərdimizi, "Mən"imizi, Kədərimizi İnsanlığın böyük dənizinə qatmaq istəyirik.
Vaxt bizi məğlub edir. Biz vaxta qalib gəlirik. Vaxt müəyyən bir vaxtdan sonra bizi torpağa qatıb vətənimizin ərazisini bir adam cismi qədər böyüdəcəkdir. Əməlimiz, işimiz, yaradıcılığımız necə əhəmiyyətsiz olsa da hər halda bir sözdür, bir qəlbin döyüntüsüdür, təkraredilməz bir səs, bir nəfəs, bir qorxudur. Axı iki eyni adam yoxdur, deməli iki eyni yaradıcılıq, iş, əməl də yoxdur. Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoruyub getməlidir. Səslərimiz havada əriyib gedəcək. Yazıçı xoşbəxtdir; Onun səsi kağıza yapışır. Vaxt bizə neyləyəcək? Vaxta qalib gəlmək üçün nə isə bir iş görməlisən. Bu gün sonsuz ölən bir adam yüz ildən sonra bəşəriyyətin yüz nəfər az olmasının günahkarıdır. Heç bir iş qoyub getməmiş adam insanlığı bir addım geri çəkir. Yazıçı yazmalıdır. İnsanlığı düşünməyib öz fərdini təsdiq edən, "mən"ini ifadə edən, daxilini təsvir edən yazıçı insanlara ən böyük xidmət göstərir. Özü haqqında kəşf etdiyin hər şey insanşünaslıq elminin bir cümləsidir. Nə isə… Hekayə yazırıq. Hekayələr yazırıq. Qüssələnəndə, sevinəndə. Yay. Qış. Payız. Yaz.
Gecədir, yağış yağır. Pəncərəmdən boylanan ağac hərdən bir dərindən ah çəkib köksünü ötürür.
22 yaşım var. "Gündə bir kərpic düşür, ömrümün sarayından…" Radio məhzun melodilər verir. Həmişə elə bilirdim ki, 21 yaşında öləcəm. 22 yaş tamam oldu. 23-ün içindəyəm. Yaşamaq yaxşıdır. Çox gözəldir. Xatirələrin solğun kədəriylə, ümidlərin aldadıcı sevinciylə yaşamaq, gözləmək, gözləmək, gözləmək. Bir də yazmaq.
Gecədir. Yağış yağır.
Füzuli deyib:
Ey Füzuli şami-qəm əncaminə yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh!
Yəqin ki, bir bu "derlər" sözü mənim bütün yaradıcılığıma dəyər. "Derlər". Elədir, ustad, "derlər".
Gecədir. Yağış yağır.
Hekayə yazırıq. Hekayələr yazırıq.
Hekayə yazıram. Hekayələr yazıram.
Gecədir. Yağışlı gecə…
Bu hekayələri oxuyun.
Bakı
26 may, 1960
İKİ DƏNİZ
Bir dəfə mən qayalara gəzməyə çıxmışdım.
Mən əzilib parçalanmış, eybəcər və qorxunc hala düşmüş qayalara baxaraq, onları bu şəkilə gətirən qüvvənin sirri haqqında düşünürdüm; gör dənizdə nə böyük qüvvə var ki, belə sərt daşları bu kökə sala bilmişdir.
Bu qayalar Dənizin sahilə yolunu kəsmişdilər, ona görə də Dəniz bu qayaları əzişdirirdi. O, qayaları gah çeynəyir, gah da zalımcasına sillələyirdi.
Dəniz bu qayaları aram, istirahət bilmədən təmkinlə və qüvvətlə döyürdü. O, döyürdü, çünki döyə bilmirdi, onun döyməyə haqqı vardı: o, azad idi və öz azadlığına mane ola biləcək hər şeyi döyməyə, əzməyə, parçalamağa hazır idi.
Dəniz ta məhv edənəcən döyür, yox edənəcən əzir, dağıdanacan parçalayırdı.
Mən fikirli–fikirli qayaları gəzirdim.
Birdən mən başqa bir dəniz gördüm. Bu dəniz böyük dənizin bir hissəsi idi. Amma bu dəniz azad deyildi. Bu dəniz hər tərəfdən qayalarla əhatə olunmuşdu.
Orada, azad dənizdə dəli fırtınalar qopurdu. Bura isə sakitlik idi. Qayalar kiçik dənizi tufanlarından gizlədirdilər.
Orada dalğalar bir-birinə sarmaşıb qayaların üstünə dağ boyda gəlirdilər.
Burada dalğalar parça-parça, qırış-qırış… Əzgin, yoğrulmuş, çeynənmiş….
Orada külək dənizi qamçılayıb yerindən oynadırdı.
Burada külək dənizi yuxa təkin oxloylayır, paltar təkin ütüləyirdi.
Orada dəniz cilovsuz at kimi idi.
Burda dalğalar örüşdən qayıdan qoyunlar kimi yavaş-yavaş, yorğun-yorğun, tənbəl-tənbəl gəlirdilər.
Orada Dənizin qıvrıcıq saçlarını oynadan külək, burda xəbis bir hiyləgərlikqlə onun başını sığallayırdı. Bəlkə də onun başını mütiliyi üçün sığallayırdı.
Orada dəniz gur tüklü, burada daz keçəl idi.
Orada dəniz dəli bir ehtirasla qışqırırdı.
Bura sükuta qərq olmuşdu.
Orada dəniz qayaları cinnətməkçün onlara ləpə-dilini göstərirdi.
Burada dənizin heç dili çıxmırdı, dili elə bil qarnına girmişdi, elə bil dili yoxdu.
Deyirlər ki, çox əvvəllər bu qayalar yox imiş. Kiçik dəniz böyük azad dənizin bir hissəciyimiş. O da fırtınaların səsinə səs verərmiş.
Lakin bir gün dəhşətli zəlzələ oldu. Qayalar tökülüb yığılaraq kiçik dənizin yolunu qaladılar; kiçik dəniz öz qismətiylə razılaşdı.
O, susurdu. Uzun illərdən bəri susurdu. Çoxdan susurdu.
Bu sükutda nə isə qorxunc bir şey var idi. Bu sükut deyir ki, günlərin bir günündə… Bəli, ay keçər, il dolanar, bir gün gələr və bu gün nə isə olar. Zəlzələmi, tufanmı, ya da bəlkə vulkan püskürtüsümü? Bəlkə də heç bizim ağlımıza gətirmədiyimiz, təsəvvür etmədiyimiz bir şey. Kim bilir?
Ancaq hər halda bir gün, günlərin bir günündə nə isə bir şey olacaq və o gün kiçik dəniz üsyan edəcək, böyük dənizlə birləşəcəkdir.
Bəli, birləşəcəkdir! Mütləq birləşəcəkdir!
Şuşa
17 avqust, 1952
|