Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-8

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


     -Təki sən deyən olsun - Zaurun səsində inamsızlıq notları duyulurdu.
     -Borislə də danışdım bayaq. Sərhəddə bizi gözləyirlər.
     Müştərilərini maşına qədər yola salan Ruhulla ilə sağollaşıb, Sadaxlo sərhəd qapısının yolunu tutdular. Məsafə Zaurun təsəvvür etdiyindən də qısa idi - sən demə onların yemək yediyi azərbaycanlı kəndi, Ermənistanla sərhədin iki addımlığında yerləşirmiş. Sərhədə çata-çatda Zaur siqaret almaq üçün Mamukadan maşını saxlamağı xahiş etdi.
     Darısqal dükanda peyklə AzTV-də Zəlimxan Yaqubun çıxışına baxan qadın, əlində tutduğu karton parçası ilə özünü yelləyirdi. “Burada da azərbaycanlılar var” Zaur düşündü və qadına doğma dilində müraciət edərək, bir qutu Kent 4 siqareti xahiş etdi.
     -Vəziyyət necədir xala? Necə dolanırsınız?
     Qadın siqareti Zaura uzatdı, pulu götürüb kassaya atdı.
     -Nətəhər olacaq ay bala. Dolanırıq da birtəhər. Allah bu urusun evini yıxsın. Qırdırır camaatı bir-birinə. Sovet dövründə rahat yaşayırdıq da. İndi hamı hamıyla düşmən olub.
     -Xala, Sovet hökümətini də ruslar yaradmışdılar da. O vaxt ki, belə deyildi.
     -Əşi o vaxt ayrı cürəydi. Hamı onlara tabe idi deyə, qan tökülmürdü. Amma respublikalar müstəqil olan kimi, qırdırdılar bizi bir-birimizə. Mənim erməni, gürcü ilə nə işim var axı!? Bir-birimizə can deyib, can eşitmişik həmişə.
     Ermənistanla bir-iki kilometrlik məsafədə yaşayan azərbaycan mənşəli Gürcüstan vətəndaşını görmək, Zaurda melanxolik hisslər oyatmışdı. Qadınla sağollaşıb çıxdı.
     Maşına qayıdanda Mamuka və Daviddən onları gözlətdiyinə görə üzr istədi və Ermənistan sərhədinə qədər, heç biri bir daha danışmadı.
***


     Dar pəncərədən uzadılan Azərbaycan pasportunu görən gürcü sərhədçisinin sifəti əyildi, qaşları çatıldı. Gözlərini qaldırıb pasportun sahibinə baxdı və yorğun səslə soruşdu:
     -Siz hara gedirsiniz?
     Zaur alnını şüşəyə yaslayıb həvəslə dedi:
     -Ulan-Batora.
     Qara-qabaq gürcü Zaurun zarafatını qulaq ardına vuraraq növbəti sualını verdi:
     -Ermənistan getmək istədiyinizdən əminsiniz?
     Gürcüstan vətəndaşı olan azərbaycanlı kəndçilərin vaxtaşırı Ermənistana meyvə-tərəvəz aparmalan adi hal idi. Lakin yanm ildir burada xidmət edən sərhədçi, ilk dəfə idi ki, Ermənistana keçmək istəyən Azərbaycan vətəndaşına rast gəlirdi. Verdiyi son suala Zaurdan müsbət cavab alan gürcü, kobud şəkildə pasporta möhür vurub etinasızlıqla onu Zaura qaytardı və gözlənilmədən gülümsünüb soruşdu:
     -Qorxmursunuz?
     -Təsəvvür edin ki, qorxuram amma getməkdən başqa çarəm yoxdu.
     Zaur sərhədçiyə təşəkkür edib BMW-nin yanında siqaret çəkərək onu gözləyən Mamuka ilə Davidə yaxınlaşdı.
     - Ermənistandan qayıdandan sonra, səninlə görüşüb söhbət eləmək istəyərdim. Təəssüratların mənim üçün çox maraqlı olardı - Mamuka dedi.
     -Nə üçün olmasın? Əlbəttə görüşərik. Onsuz da Bakıya Tiflisdən gedəcəyəm.
     David siqaretini yerə atıb ciddi ifadə ilə dedi:
     - Tiflisdən yox, tranzit məntəqəsindən. Qarabağ münaqişəsindən sonra bu şəhər ermənilər və azərbaycanlılar üçün çoxdan belə adlanır.
     Üçü də gülüşdülər. Əlini birinci Mamuka uzatdı.
     -Yaxşı, sizi daha çox saxlamayım. Yolçu yolda gərək.
     Zaurla David onunla qucaqlaşıb, sağollaşandan sonra, Mamuka maşına minib pəncərədən “muğayat olun” dedi və onlara göz vurub sürətlə uzaqlaşdı.
     -Yaxşı adamdı. İnanmaq olmur ki, polisdə işləyir.
     David Zaurun bu sözlərindən qürrələnib:
     - Bizdə belə polislərin sayı günbəgün artır - dedi. - Saakaşvili polis sistemində gəncləşdirmə siyasəti aparır. Bunu bilmirdin?
     Davidin sualını cavabsız qoyan Zaur, altından gur çay axan körpüyə ilk addımını atdı. Dizlərində, Ermənistan torpağına ayaq basmağın verdiyi yüngül bir gizilti duydu, körpünün tən ortasına çatanda isə büdrəməkdən qorxub Davidin qolundan tutdu. Onun həyəcanını başa düşən gürcü jurnalisti, dodaqlarını qaçırdaraq “hər şey əladır, gəl, gəl” dedi. Zaur isə öz növbəsində “təsəllinə ehtiyacım yoxdur” düşündü, amma üzə vurmadı. Zaur Ermənistan bayrağının dalğalandığı dirəyə çatanda, iki nəfər hündürboy, yaraşıqlı adam onunla Davidə tərəf gəlməyə başladılar. Onların ardınca isə tələsmədən ağsaç, eynəkli və bəstəboy bir adam addımlayırdı. Dəhşətli istiyə baxmayaraq onların əynində qara kətan kostyumlar vardı. İkisi də tipik azərbaycanlılara oxşayırdılar. David, onlara tərəf gələn adamlara mərmər kəsilmiş sifəti ilə, gözlərini qırpmadan baxan Zaura tərəf boynunu əyərək:
     -Ağsaçlı Boris Navasardyandır - dedi. - Bu iki nəfər isə, yəqin sənin qoruyucu mələklərindi.
     Sərhəddəki yoxlama buraxılış məntəqəsinin qarşısında uzun, xaotik bir növbə düzülmüşdü. Bu növbədə kimin birinci, kimin sonuncu olduğu bilinmirdi. Zaur ömründə ilk dəfə idi, bu qədər ermənini bir yerdə görürdü. Bu fikir özünə də gülməli gəldi. Şlaqbauma yaxınlaşdıqlarında əllərini bellərində birləşdirmiş “qoruyucu mələklər” artıq onları gözləyirdilər. Zaura quruca salam verib pasportunu tələb etdilər və sənədi aldıqdan sonra, Zaurla Davidi şlaqbaumun yanından keçirdərək özləri uzaqlaşdılar. David Borislə görüşüb qucaqlaşdı. Məruzə edərcəsinə, gülə-gülə “qonağınızı sağ-salamat çatdırmışam” deyərək pəncərəyə tərəf gedib, oradakı “mübarizəyə” qoşuldu.
     Boris Zaurun əlini möhkəmcə sıxdı:
     -Necə gəldiniz?
     -Təşəkkür edirəm, çox rahat gəldik. Davidin məni qarşılaması yerinə düşdü. Çox sağ olun.
     -Buyur gəl, keçək bir az kənarda dayanaq - deyərək, Boris Zauru on metr aralıda bitən söyüd ağaclarının kölgəsinə gətirdi. İnzibati binaların ətrafında alverçi, turist, gömrükçü və sərhədçilərdən ibarət böyük bir ordu öz gündəlik, rutin təlaşında idi - kimi dar pəncərələrdən pasportunu soxuşdurmağa çalışır, kimi qışqıraraq sərhədçilərdən nəsə tələb edir, əsgərlər isə daha beş-betər bağıraraq adamları intizama səsləyirdilər. Xüsusi xidmət əməkdaşları ilə söhbət edən iki-üç sərhədçi istisna olmaqla, Zaura tərəf heç kim baxmırdı. Özünün diqqət mərkəzində olmaması, nə üçünsə Zaura toxtaqlıq verdi. Amma hələ də anlaşılmaz, amorf duyğular keçirirdi. Ölkəsinin iyirmi ildir müharibə vəziyyətində olduğu bir dövlətin ərazisinə keçməyin nə demək olduğunu o indi anlayırdı. Sağa-sola baxdı. Belə stresli anlarda siqaret çəkmək artıq dəbdən düşdüyünə görə, həyəcanını basdırmaq üçün özünə başqa bir məşğuliyyət tapma- lı olduğunu düşündü. Quyruğunu bulaya-bulaya bir az aralıda gəzən qara itə sataşdı gözləri. Fit çalaraq küçüyü yanına çağırdı və sallağı oturub onu sığallamağa, pıçıltı ilə qulağına nəsə deməyə başladı.
     Qəribədir, əsla insanlardan nəvaziş görməmiş, başına sığal çəkilməmiş küçə itləri, onlara qayğı ilə yaxınlaşan, hətta qulaqlarına nəsə pıçıldayan adamlardan daha tez bezib qaçırlar. Görünür it Zaurdan yemək gözləyirdi. Ya da onun öz sığallarında səmimi olmadığını, sırf həyəcanından qurtulmaq üçün onu yanına çağırdığını başa düşüb incimişdi. Nankor it qaçıb getdikdən sonra, bu səfər Zaurda danışmağa tələbat yaranmışdı. Elə hey danışmaq, danışmaq, dayanmadan çənə döymək istəyirdi.
     Davidi, daha doğrusu Davidin daşıdığı dəyərli “yükü” fikirləşdi. Ona görə narahatçılıq keçirirdi. Gürcü jurnalistin növbəsi artıq çatmışdı. Əsgərlər onun əlindəki çantanı açdırıb içinə baxdılar, sərhədçi isə pasportuna möhür vuraraq Davidə qaytardı. Cibini yoxlasaydılar, faciə qaçılmaz olacaqdı. Zaur təhlükənin sovuşduğunu görüb, dərin bir nəfəs aldı.
     Nəhayət, mühafizəçilər qayıdıb Zaura pasportunu qaytardıqları zaman, o, səhifələri həyəcanla yoxlamağa başladı. Ermənistana daxil olması barədə pasporta heç bir möhür, ştamp vurulmamışdı. Amma Gürcüstanı Sadaxlodan tərk etdiyinə dair pasportunda möhür olduğuna görə, başı çıxan istənilən adam onun Ermənistana gir- diyini anlaya bilərdi. Pasportu çantasının cibinə qoyub, əlini mühafizəçilərin hündürboylusuna uzatdı.
     -Zaur.
     -Artur.
     Zaur tutuldu.
     -Artur... Adınız nə qədər də Artuş adına oxşayır.
     Mühafizəçi etinasız qalmağa çalışaraq soruşdu:
     -Artuş adında tanışınız olub?
     -İndi də var.
     Onları Yerevana aparacaq olan tünd yaşıl rəngdə Ford mikroavtobusu, artıq ilk sərnişinini qəbul etmişdi - pəncərə kənarında yerini rahlayan David nə barədəsə sürücü ilə söhbət edir, arada-bir Zaurgilə tərəf göz atırdı.

***


     Artur Forda doğru gedən Zaurla Borisin yanına yaxınlaşaraq, onlardan ayaq saxlamağı xahiş elədi.
     -Zaura bir-iki sözüm olacaq.
     Boris çiyinlərini çəkib:
     -Buyur - dedi və telefonunu qurdalamağa başladı.
     Zaurun düz gözlərinin içinə baxan Artur monoton səsi ilə:
     -Heç bir yerə bizdən icazəsiz getmək olmaz - dedi. - Şəkil çəkmək də qadağandır. Həmişə gözümüzün qabağında olmalısan. Bunlar hamısı sənin təhlükəsizliyin üçündü. Bir başdan xarabın sənə xəsarət yetirməyəcəyinə zəmanət verə bilmərik.
     Zaur başını iki dəfə yelləyərək bu şərtləri qəbul etdiyini bildirəndən sonra, hamı Forda doluşdu və maşın yola düşdü. Artur sürücünün yanında, Seyran adlı həmkarı isə qapının yanındakı kresloda oturmuşdu. Zaurun sıxıntılı olduğunu görən Boris, onu təsəlli etmək üçün:
     - Fikir vermə. Birinci dəfə azərbaycanlılara həmişə belə xəbərdarlıqlar eləyirlər. Amma bir-iki gün sonra, özün də görəcəksən ki, sənə xeyli sərbəstlik veriləcək - dedi.
     -Mənim üçün fərqi yoxdur.
     Zaur üçün doğrudan da fərqi yox idi. Onlar indi qüruba tamaşa edə-edə əsrarəngiz mənzərəsi olan - dağlar, dərələr, meşələrlə əhatə olunmuş kəndlərdən, qəsəbələrdən keçirdilər. Bu mənzərə ürküdücü olduğu qədər, cazibəsi ilə insanı heyrətə salırdı. Yüzilliklərdir ki, öz təbii gözəlliyini, təmiz havasını, şəffaflığını qoruyub saxlayan bu yerlərdə Artuşla birgə yaşamaq, sübh çağının təravətini, axşamların sakitliyini və gecələrin sükutunu duymaq əsla onlara qismət olmayacaqdı. Bunu bilmək Zaura əzab verirdi.
     Uzaqdan iki qayanın arasından axan şəlalə göründü. Köpüklü sular qayanın ətəyinə tökülərək iri çayla birləşirdi. Bütün evlərindən şəlalə mənzərəsi açılan balaca bir kəndin girişində maşını saxlatdıran Boris, kəndlilərin vedrələrdə satdığı qaysılardan iki kilo aldı.
     -Bunlar çox ləzzətli qaysılardır. Ermənistanın qaysısı, sizin isə neftiniz məşhurdur.
     Zaur ona təklif olunan iri qaysını götürüb ovucları ilə silə-silə dedi:
     –Bilirəm. Hətta kinofestivalınız da “Qızıl qaysı” adlanır.
     Zaur erməni qaysısını iştahla dişlədi. Həqiqətən də ləzzətli idi. Bir yandan yeyir, bir yandan da ətrafa tamaşa edirdi. Mükəmməl asfalt örtüyü diqqətini cəlb etdi. Yolda bircə dənə olsun çuxur gözə dəymirdi. “Görünür erməni diasporası, Azərbaycanın neft pullarından da qüdrətlidir” dedi ürəyində.
     Qaysının tumunu pəncərədən tullayan Boris, mürgüləyən Davidi göstərərək Zaurdan soruşdu:
     -Çox içmisiniz?
     -Yox. Hərəyə bir litr çaxır içdik.
     - Gürcülərin çaxırı, bizim konyakımız var. Bəs Azərbaycanda hansı spirtli içki məşhurdu?
     - Biz müsəlman ölkəsiyik, içkiqayırma ənənəmiz yoxdur. Azərbaycan alkoqol mədəniyyəti ilə ikinci dünya müharibəsindən sonra tanış oldu. Amma bizi dünyada Xəzər kürüsü məşhur edib. Siz Sovet dövründə Bakıda olmamısınız Boris?
     -Xeyr, təəssüf ki, olmamışam. Amma çox istəyərdim gedim görüm. Deyirlər gözəl şəhərdir. Bu düzdür?
     -Baxır sizin gözəllik meyarınıza.
     -Aramızda sülh yaranandan sonra, mütləq gələcəyəm Bakıya.
     -Sülhə ümidiniz var?
     -Olmasaydı bu tədbirləri niyə keçirirdim?
     Sərhəddən Spitaka qədər olan yol, bir vaxtlar Ermənistanda azərbaycanlıların kompakt yaşadıqları bir neçə yaşayış məntəqəsindən keçirdi. Maraqlıdır ki, onların adları - Ayrım, Alaverdi və Pəmbək - olduğu kimi saxlanılmış və dəyişdirilməmişdi. Hələ çar Rusiyası zamanında salınmış Ermənistanı Rusiya ilə birləşdirən və hazırda ümumiyyətlə fəaliyyət göstərməyən, paslanmış dəmir yolu əvvəl düz xətlə Fordu müşayiət edirdi, sonra ziqzaqlarla qıvrılıb təpənin arxasında gözdən itdi.
     Zaur qəfildən soruşdu:
     -Bəs erməni dilində sülh nə deməkdir?
     Boris ikinci qaysını da bitirib tumunu pəncərədən vıyıldatdı.
     -Xaqaqutyun.
     -Necə, necə?
     -Xaqaqutyun.
     Zaur başını qaşıyıb bir onların söhbətinə laqeyd sifətlə qulaq asan Artura, bir Borisə baxdı və sıxılaraq xahiş elədi:
     -Bir dəfə də təkrar edə bilərsiniz? Amma tələsməyin.
     -Mənə “sən” deyə müraciət edə bilərsən. Yaxşı qulaq as - xa-qa-qu-tyun.
     Zauru gülmək tutdu.
     -Bu ki, əsl müharibə deməkdir! Heç “xaqaqutyun” sözü də sülh mənasını daşıyar?
     Boris qəşş edib güldü, az qaldı qaysı boğazında qalsın. Artur üzünü pəncərəyə çevirib yol kənarında başlayaraq meşənin dərinliklərinə qədər uzanan sıx şamlığa baxırdı. Boris onun qəzəbləndiyini görüb Zaurun qulağına dedi:
     -Fikir vermə. Onlarda yumor hissi yoxdur... Sən əvvəllər Gülay Ərdəmi tanıyırdın?
     Türkiyənin “Cumhuriyet” qəzetinin müxbiri Gülay Ərdəm, ötən gecə Vyanadan Yerevana təyyarə ilə gəlmişdi. O, indi oteldə tədbirin azərbaycanlı və gürcüstanlı iştirakçılarını gözləyir, Borisin dediyinə görə çox darıxırdı.
     -Yox, tanışlığımız yoxdur. Onun adına ilk dəfə sənin layihəndə rast gəlmişəm.
     Boris yol kənarındakı erməni dilində lövhəyə başı ilə işarə elədi:
     -Spitaka giririk.
     Səksəninci illərin sonunda şiddətli zəlzələdən sonra yerlə bir olan Spitak şəhərinin ilk tikililəri göründü. Yolboyu tufdan tikilmiş bir və iki mərtəbəli evlər, mağaza və parklar gözə dəyirdi. Şəhərin mərkəzinə çatdıqlarında Zaur faciənin nəticələrinin hansı səviyyədə aradan qaldırıldığını görmək üçün, Arturdan maşını saxlatdırmağı xahiş etdi.
     -Şəhəri görmək istəyirəm.
     Daviddən başqa bütün sərnişinlər Spitakın mərkəzi küçəsində maşından düşüb ətrafa tamaşa etməyə başladılar.
     Zaur Borisdən soruşdu:
     -Neçə ilə bərpa olundu şəhər?
     - Xeyli vaxt və pul getdi. Bilmirəm xəbərin var ya yox, amma Spitak əvvəllər daha böyük şəhər olub, zəlzələdən sonra isə miqyası kiçilib. Bərpa işlərini diasporanın köməyi ilə görə bildik.
     Köşkdən siqaret və su alıb yenidən yola düşdülər. Hava artıq qaralır, üfüqdə bir şəhərin işıqları görünürdü. Zaur boynunu qabağa uzadaraq:
     -Yerevandı? - soruşdu.
     -Yox hələ Yerevana bir az var. Qaysı yeyirsən?
     -Çox sağ ol, doydum.
     Bir saatdır rus pop musiqisinə qulaq asan sürücü, diski çıxarıb yerinə erməni yığma musiqisini qoydu. Salonu dolduran kamança-balaban sədaları altında maşın Zaurun bayaq Yerevana oxşatdığı şəhərə girmədən sola döndü və Sumqayıt şosesinə oxşayan geniş yolda yüksək sürətlə irəliləməyə başladı. Yarım saat keçmədi ki, Boris elan elədi:
     -Ermənistanın paytaxtına xoş gəlmisiniz.
     Əvvəl yanacaqdoldurma məntəqələri göründü, sonra isə sıra ilə çoxmərtəbəli yaşayış binaları, market və kafelərin yanından ötüb keçdilər. Üstünü boz buludlar almış şəhərin avtobus dayanacaqlarında gözləyən insanlar, yağışa düşmədən evlərinə çatmağın təşvişində idilər. Mərkəzə beş dəqiqəyə gəlib çıxdılar. Sürücü maşını sola döndərdi və bir az yoxuş qalxıb Zaurun üç gün qalacağı Anais otelinin qarşısında dayandı. Dərənin üstündə tikilmiş otelin otuz metr aşağısından Razdan çayı axırdı.
     Yağış, onlar otelə girər-girməz tökməyə başladı. Xırda-mırda, qaraqaş-qaragöz erməni qızı Davidlə Zaurun qeydiyyat işlərini apardığı sırada, Zaurla Boris iri pəncərənin qabağında dayanıb bayıra, asfaltı deşərcəsinə yağan yağışa tamaşa edirdilər.
     - Yay yağışlarından sonra, gündüz vaxtı Yerevanın üstündə göy qurşağı əmələ gəlir. Zirvəsi qarlı Ararat dağı, bu rəngarəng qövsün düz ortasında qalır - dedi Boris şüşəyə vuran damcılara baxaraq. - Qədim erməni əfsanəsinə görə göy qurşağının altından kim keçərsə, cinsiyyəti dəyişər - kişi qadın olar, qadın isə kişi.
     Zaur Borisin bu qəfil sözlərindən diksinib şüşədən onun əksinə baxdı. Onların baxışları görüşdü. Boris dişlərini ağardıb gülümsəyirdi.

4


     Oteldə 205-ci nömrə. Heç nə ifadə etməyən, heç bir anlama gəlməyən rəqəm. Ən azından Zaurun həyatında nə 205 saylı məktəb olub, nə 205 nömrəli nəqliyyat vasitəsi, nə də ki, 205 şərti vahidlə aldığı məvacib. Bakıda Rasim adında numeroloq dostu var, bəlkə o bilər bu rəqəmin mənasını?
     Duşun altına girən Zaur ağlına gələn gic-gic fikirlərin günahını Bakı-Tiflis-Yerevan marşrutunun verdiyi yorğunluğun üzərinə yükləyirdi. “Çox qəribədir, heç Artuşa zəng vurmağa da tələsmirəm” dedi pıçıltı ilə və üzünə çırpılan ilıq su ağzına qaçmasın deyə, dodaqlarını düyünlədi. Artuşun mobil telefon nömrəsini bir dua kimi zehnində təkrarladı.
     Yerevanda, Ermənistanın paytaxtında olduğu faktına öyrəşə bilmirdi. Sanki havadan asılıb qalmışdı, ayaqları yerə basmırdı. “Bura Yerevandı. Mən Yerevandayam. Ola bilməz axı!? Necə yəni Yerevandayam? Artuş da iki addımlıqdadı?.. ”
     Vanna otağından çıxıb təmiz paltarlarını geyindi, darandı, qırxılmış üzünə və üstünə Ultraviolet ətri səpdi. Boris bir saat sonra restoranda görüşərik demişdi. Bir saat tamam olurdu artıq. Son dəfə güzgüyə baxdı, yaraşıqlı, hətta gözəl olduğunu düşündü. Kişi gözəlliyinə malik Zaur, femin cizgilərdən xali idi. Nədənsə bu fakt onu ruhlandırdı, nəşələndirdi.
     Boris dəhlizdə siqaret çəkərək gəzişirdi. Paltarlarını dəyişdirən, qəhvə rəngi şalvar və “Stop AIDS” yazısı olan ağ futbolka geyinən Zauru görüb gülümsədi.
     -Səni tanımaq olmur Zaur.
     Zaur qapısını bağlaya-bağlaya:
     -Nə mənada? - soruşdu.
     - Yorğunluğundan əsər əlamət qalmayıb... Simpatik oğlansan, erməni qızları səni görüb vurulacaqlar. Bu nə ətridir?
     -Ultraviolet.
     -Çox gözəldir. Bu ətir sənə yaraşır.
     Pilləkənlərdən düşməyə başladılar. Zaur gülümsəyib dedi:
     -Ətrin yaraşması... gözəl səslənir.

***


     Restoranda Davidlə ingilis dilində yüksək tonda danışan qadın, hər halda Gülay olmalı idi. Gülayla Daviddən başqa üç nəfərin də əyləşdiyi böyük masaya yaxınlaşdıqlarında, Boris Zauru Türkiyəli jurnalist və üç erməni ilə tanış elədi. Qonşu masada oturan iki gərgin mühafizəçi, sanki azərbaycanlı qonaq hər an gözlənilməz bir hərəkət edəcəkmiş, silah çəkib sağa-sola güllə yağdıracaqmış kimi, diqqətlə Zauru izləyirdilər.
     Zaurun tanış olduğu üç ermənidən ikisi Borisin təşkilatı ilə əməkdaşlıq edən siyasi ekspertlər Paruyr Manvelyan və Georgiy Vardanyan, üçüncüsü isə Fransa səfirliyinin əməkdaşı Sergey Strekalin idi. Zaur əvvəl Strekalinin rus olduğunu düşündü. Lakin qaraqaş-qarasaç Sergey rusa oxşamırdı və üzündə tipik erməni cizgiləri vardı. Sonradan məlum oldu ki, Sovet hakimiyyəti dövründə Sergeyin Ukraynada yaşayan babası bu ölkədə “özününkü”yə çevrilmək, Ukrayna cəmiyyətinə inteqrasiya ola bilmək üçün Strekalyan soyadından imtina edərək, pasporta Strekalin soyadını yazdırmışdı. Zaur Gülayın yanındakı boş stula oturdu və azərbaycan dilində onunla hal- əhval tutdu. Qadın gözlərini döyə-döyə Zaurdan soruşdu:
     -İlk dəfədi Ermənistandasınız?
     -Bəli, ilk dəfədi. Bəs siz?
     -Elə mən də. Çox həyəcanlıyam inanırsınız? Yəqin siz də eyni duyğuları keçirirsiniz. Ermənilər bizim millətə necə də oxşayır. Mən burada bu qədər maraqlı insanla tanış olacağımı gözləmirdim.
     Qadın doğma dilində danışa bilən, onu başa düşən bir müsahib tapdığı üçün çox sevinirdi.
     - Başa düşə bilmirəm, niyə axı biz Ermənistanla soyuq müharibə rejimində yaşamalıyıq? Biz iki qonşu dövlətik. Türkiyədə erməni diasporası var. Bizim çoxəsrlik ortaq tariximiz var. Ötən əsrin əvvəllərində baş vermiş faciəyə görə, bu günə qədər düşmən qalmaq nə qədər düzgündür? Ermənilərin mətbəxi də bizim mətbəxə oxşayır. Musiqilərimiz də demək olar ki, eynidir... Hesab edirəm, Türkiyə ziyalıları birləşib 1915 faciəsinə görə ermənilərdən üzr istəməli və bu söz-söhbət bitməlidir.
     Masaya salatlar, isti yeməklər, içkilər gəldi. Gülay isə sözlərinə ara vermirdi. Qadını başından eləmək üçün Zaur:
     - Türk dilində çox danışdıq deyəsən, ermənilər inciyə bilərlər - dedi və zorakı gülümsədi.
     Məlum oldu ki, Gülay bu gün ömründə ilk dəfə araq içəcək. Ermənilər bunu eşidcək şənləndilər və qadını ruhlandırmağa başladılar. İlk iki qədəhdən sonra Gülayın artıq kefi açılmışdı. Türkiyəli jurnalist regiondan, Qafqazın problemlərindən, İraq müharibəsindən danışır, Türkiyənin hal-hazırkı siyasətini, Ərdoğan hökumətini kəskin tənqid edirdi. Onun Türkiyə hökuməti ilə bağlı dedikləri masadakılar üçün böyük maraq kəsb etməsə də, nəzakət xətrinə hamı ona qulaq asır, ya da qulaq asırmış kimi görünür, iqtidarı söyməyi adi hala çevirən və indi də öz əbədi ampluasında olan Gülaya qarşı empatik olmağa çalışırdılar.
     Birdən Boris Zaurun qulağına əyilib pıçıldadı:
     -Sabah tədbirimiz səhər 10.00-da başlayır.
     -Bilirəm. Nə olsun ki?
     -Yəni, araq içərkən bunu nəzərə al.
     Zaur Borisə tərs-tərs baxıb qədəhlərə araq süzdü.
     -Narahat olma. Ruslardan sonra araq içmək məsələsində heç bir xalq azərbaycanlılara çata bilməz.
     Baş nazir Ərdoğana cahil, radikal islamçı və səriştəsiz siyasətçi kimi epitetlər yaraşdıran Gülay, Ərdoğanın Türkiyəni uçuruma apardığını da iddia edincə, Zaur ermənilər də başa düşsünlər deyə, ingilis dilində dedi:
     - Səhərdən sizə qulaq asıram və mənə elə gəlir ki, siz baş nazirinizə çox böyük haqsızlıq edirsiniz. Axı siz də Ərdoğan hökumətinin Türkiyəni iqtisadi böhrandan çıxardığını, kəskin inflyasiyanın qarşısını aldığını əla bilirsiniz. Eyni zamanda Ərdoğan ölkədəki böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə qarşısına çıxartmışdır. Siz indi bunları inkar edəcəksiniz?
     Gülay bayaqdan ona qulaq asmaqla kifayətlənən, çox danışmayan azərbaycanlı qonağa şübhə ilə baxıb:
     -Xeyr, inkar etmirəm - dedi. - Amma hər şeyin göründüyü qədər də sadə olmadığını bilməlisiniz. Ərdoğan özü və öz yaxınları üçün ölkədə korrupsion rejim yaradıb. Bütün tenderləri onun adamları udurlar. Onun hökuməti Ermənistan məsələsi başda olmaqla, xarici siyasət sahəsində də tam fiaskoya uğrayıb. Zaman da göstərdi ki, Atatürk ideyalarından uzaqlaşmaq Türkiyəni uçuruma aparır. Atatürk olmasaydı qadınlarımız ümumiyyətlə universitet üzü görməzdilər. Amma indi bu alçaqlar universitetlərə hicablı qızları soxmaq istəyirlər.
     -Bəs Kipr məsələsi? Xarici siyasətdə digər uğurlar? Bunları ki, inkar etmək olmaz.
     Zaur Kipr sözünü eşidən ermənilərin gözlərini qıyaraq maraqla ona baxdıqlarını fərq etdi amma sözlərinə ara vermədən dedi:
     - Onun atdığı siyasi addımlar, bu məsələnin həllini daha da sürətləndirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu savaşdan kənarda tutaraq, ölkəsinin İraq bataqlığına saplanmasına imkan vermədi. Fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı tətbiq olunan beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla dilə gətirdi. Yəni öz mövqeyini ortaya qoydu.
     - Mən başa düşmürəm, siz ərdoğançısınız bəyəm?! - Gülay xumar gözlərinə ciddi ifadə qatmağa çalışaraq soruşdu. Amma ciddi görünmək cəhdi onda uğursuz alındığından Gülay yenidən əvvəlki görkəminə qayıdıb, dodaqlarına mənasız təbəssüm qondurdu.
     -Xeyr, mən obyektivlik tərəfdarıyam.
     Sergey Strekalin Zaurla Gülay arasında gedən mübahisəyə müdaxilə edərək:
     - Xahiş edirəm, bu mənasız dartışmanı bitirin - dedi. - Bircə o qalmışdı ki, azərbaycanlı ilə türkiyəli Yerevanda bir-birlərini qırsınlar.
     Gülayla Zaur da daxil olmaqla, masadakılar qəşş edib güldü. Doğrudan da azərbaycanlı ilə türkiyəlinin Ermənistanda dava eləməsi ehtimalı, çox absurd səslənirdi.
     Araq butulkaları boşaldıqca tanışlıq mərasimi köhnə dostların yeyib-içmək məclisinə çevrilirdi. Hələ Gertsenin cavabını axtardığı “kimdir müqəssir?” sualı üzərində baş sındıran bu insanların daha çox Rusiyanı günahlandırıb, şimal qonşuya lənət oxumaları təbii və ənənəvi olsa da, Borisin Cənubi Qafqaz münaqişələrində da- ha çox CIA-nın barmağının olduğunu iddia etməsi sərxoş Zaurda təəccüb doğurdu. David isə onunla razılaşmayaraq:
     -Regionumuzda günü-gündən metastaz verən bu separatizmi, münaqişələri, qardaş qırğınlarını Rusiya yaradıb - dedi və növbəti badəni Saakaşvilinin sağlığına qaldırmağı təklif etdi. Ermənilər Gürcüstan prezidentinin sağlığına həvəssiz içdilər.
     Yarım saatdır qonşu masada oturub qəhvə içən əlli yaşlarında kişi, Saakaşvilinin sağlığına zorakı içənlərin hələ də özlərinə gəlməmiş olmalarını fürsət bilib ayağa qalxdı və masalarına yaxınlaşdı:
     -Sizə qoşula bilərəm dostlar? - rusca soruşdu.
     Boris və digər ermənilər bir ağızdan:
     -Əlbəttə, o nə sözdü. Buyurun əyləşin - dedilər.
     Kişi oturub yerini rahlayandan dərhal sonra, masaya yaxınlaşan ofisiant onun qabağına çəngəl-bıçaq, boşqab və araq qədəhi qoydu.
     -Üzr istəyirəm hamınızdan, səhərdən qeyri-ixtiyari olaraq söhbətlərinizə qulaq asıram. Mənim adım Aradır. Belə başa düşdüm ki, burada Azərbaycandan və Türkiyədən qonaqlarımız var. Bu çox gözəl haldır. Evim yaxınlıqda olduğundan, hər gün demək olar ki, bu otelin restoranında nahar, şam edirəm. Özüm tək yaşayıram. Mə- dəm xəstə olduğuna görə, yüngül qidalarla qidalanıram. Qatıq, soyutma kartof filan. Şadam ki, Ermənistanla problemləri olan iki ölkənin vətəndaşı bu gün burada, sülh və dostluq atmosferində erməni dostları ilə içki içib, şənlənirlər.
     Zaur qədəhini başının üstünə qaldıraraq etiraz etdi:
     -Sözünüzü kəsdiyim üçün üzr istəyirəm, amma bir məqama düzəliş gətirməliyəm - bizim ölkələrimizin Ermənistanla problemi yoxdur. Amma Ermənistanın hər iki ölkə ilə problemi var.
     Rusca gedən söhbəti anlamayan Gülay, Zaurun sözlərindən sonra Aranın sifətinin turşuduğunu görüb Zurun qulağına əyildi.
     -Mənə də tərcümə eləyin də. Başa düşmürəm axı.
     -Bu kişinin adı Aradır. Bizim masada oturmaq üçün icazə istədi, Boris də etiraz etmədi. Deyir ki, bizi görməyinə çox şaddır. Nə isə ürəyi doludu, qoy danışsın mən də yavaş-yavaş tərcümə edərəm.
     Ara boşqabına Sevan gölündə üzən İşxan balığından bir tikə qoyub, onun üçün süzülən arağı qaldırdı:
     -İcazənizlə tost demək istəyirəm. Baxmayaraq ki, azərbaycanlı qonaq mənimlə razılaşmadı, onun sözlərində müəyyən həqiqətlərin olduğunu mən də qəbul edirəm. Qıraqdan doğrudan da elə görünür ki, Ermənistan bütün qonşuları ilə düşmənçilik edir. Əslində dövlətlərin, siyasətçilərin bir-birləri ilə olan problemləri bizi maraqlandır- mamalıdır. Sadə insanlar dostluq istəyir, sülh istəyir. İçək gec-tez regionumuzda bərqərar olacaq sülhün şərəfinə! Yaşasın Qafqaz xalqlarının dostluğu və qardaşlığı.
     Zaur bir nəfəsə arağını içib, deyilən tostu kirpiklərini döyəcləyərək Araya baxan Gülaya tərcümə elədi. Qadın gülümsədi və qədəhindən bir qurtum araq içdi. Ara iri balıq tikəsini ağzına atıb çeynədikdən sonra, qalstukunun düyününü bir az boşaltdı və dedi:
     -Türkiyəli xanım məndən inciməsə, sizə ailəmin hekayətini danışmaq istərdim.
     Aranın xahişini Zaurun tərcüməsində başa düşən Gülay başını yelləyərək və gözlərini ciddiyyətlə qıyaraq Araya “buyurun, danışın inciyən deyiləm” mənasına gələn bir işarə verdi.
     Ara gözlərini masanın ortasındakı yaşıl plastik duzqabına zilləyib kal səslə danışmağa başladı.
     -Azərbaycanlı dostumuz Ermənistanın hər iki dövlətlə problemlərinin olduğunu dedi. Bayaq da dediyim kimi, bu sözlərdə həqiqət payı var. Amma “nə üçün” sualını gənc dostumuz özünə veribmi? Azərbaycanla problemlərimizin necə, nə vaxt və nə üçün başladığını biz hamımız bilirik. Bu çox yaxın tarixdir. Amma gənc dos- tumuz Türkiyə ilə problemlərimizin mahiyyətinə nə dərəcədə bələddir görəsən?
     Zaur onun dediklərini Gülaya tərcümə etməyə çalışırdı. Aranın ağ saçlarından, iri burnundan, qırışmış alnından gözlərini ayırmayan Türkiyəli jurnalist isə, arada-bir başını bulayaraq, diqqətlə “tərcüməçisinə” qulaq asırdı. David isə diqqətini cəmləyib balığın quyruğunu didir, Aranın hekayəti ilə maraqlanmırdı.
     -Başağrısı olmasaydı, sizə öz ailəmin faciəsindən danışmaq istərdim.
     Boris əlini Araya doğru uzadıb, göz qapaqlarını endirdi:
     -Buyurun əzizim, danışın. Biz sizə qulaq asırıq.
     -Təşəkkür edirəm. Mənim atam 1912-ci ildə, Bitlis şəhərində dünyaya göz açıb. Onun bizə danışdığına görə Bitlisdə çox sakit və rahat həyat sürürmüş. Babamın iki mərtəbəli evi varmış. Birinci mərtəbəsindən tövlə kimi istifadə edilirdi - bu tövlədə iri buynuzlu heyvanlar ayrı, keçilər, donuzlar isə ayrı bölmələrdə qalırdılar. Tövlənin qapıları meşəyə baxırdı. Kəndin quzeyində kəmərli bir abidə-bulaq var idi. Dağın ətəyindən axıb gələn çay isə, dəyirmanımızı fırladırdı.
     Atam danışırdı ki, Bitlisin qışı çox sərt olardı. Belə soyuq qış fəsillərindən birində, dağlardakı qar sürüşüb kəndimizin yollarını bağlamış, hətta evimiz də qarın altında qalmışdı. Səhər babam tövləyə baş çəkəndə, heyvanların hamısının tələf olduğunu görmüşdü.
     Kəndimizdə gözəl, xudmani bir kilsəmiz də var idi. Əhalimiz tanrıya inanan, dindar, təmiz ürəkli insanlar idi. Babam da çox xeyirxah adam olub. Bitlisə gedən yollarda qonaq evləri tikmişdi ki, qışda səyyahlar gəlib orada hazır yemək tapsınlar, qızışsınlar. Odur ki, bu evlərə mütəmadi olaraq ərzaq, odun yığardı.
     Van müharibəsində babam övladları ilə birlikdə bir mağaranın içində silah emalatxanası qurub orada fədailər üçün tüfənglər, silahlar düzəldirdi. Fədailərin başçısı, bibimin əri Qnel çox yaraşıqlı adam idi.
     Gecələrin birində Qnel öz dəstəsi ilə Türklərin bağladığı dağ keçidinə gəldi. Gecənin zülmət qaranlığında Türk əsgərlərini məhv edib, Vana gedən yolu açdı. Bilirsinizmi, biz bitlislilərə nə qədər zülm edilmişdi? Bizimkiləri diri- diri yandırırdılar. Sağ qalanlar Vana köç etməyə başlamışdılar. Qnel onlarla birlikdə Vana gedib çıxmışdı.
     1915-də isə bizimkilər İrana köçdülər. Başqa ölkələrə gedənlər də oldu. 1915-1917 illəri arasında, yəni iki il atam İranda qaldı. Sonra Rusların Bitlisə çatdığını biləndə, təzədən Vana qayıtmışdılar. Bolşevik inqilabından sonra Ruslar dala çəkildilər və bizi özləri ilə Vağarşapata apardılar.
     Atam danışırdı ki, onu və bacısı Sirbuxini bir heybənin içində gizlətmişdilər. Nənəmin ayaqları şişdiyi üçün, onu qatıra mindirmişdilər. Xoşəba çayının yanında Zilanlı Kürdlər Türk ordusu ilə birlikdə üstümüzə hücum çəkib soyqırıma başladılar. Biz böyük itkilər verdik.
     Kürdlər bizi əsir alıb nənəmdən haralı olduğunu soruşmuşdular, nənəm isə Xizanlı olduğunu demişdi. Kürdlər bunu eşidib:
     -Xizanlısınızsa oranın şeyxini də tanımalısınız - demişdilər.
     Nənəm isə cavab vermişdi ki, “oranın şeyxi - şeyx Sandaldır”.
     O adı eşidən kürdlər, atamgili öldürməkdən vaz keçmişdilər. Amma üstlərində, yanlarında nə varıydısa qarət eləmişdilər.
     Bax beləcə zülmlərdən keçib, dünyanın müxtəlif ölkələrinə səpələnib, axırda gəldik çıxdıq Yerevana. Mən də bu şəhərdə dünyaya gəlmişəm. Halbuki soyqırım olmasaydı, Bitlisdə, öz ana vətənimdə doğulacaqdım.
     Ara əhvalatını danışıb bitirdi, başını qaldırıb Gülayın düz gözlərinin içinə baxdı. Qadın başını əydi. Bayaqdan diqqətlə Araya gözlərini zilləmiş ermənilər, hətta yeməkdən başını qaldırmayan David belə Gülayın reaksiyasını görmək üçün üzlərini ona tərəf çevirdilər. Paruyr Manvelyan, Georgiy Vardanyan, Sergey Strekalin, Boris və qonşu masada oturan mühafizəçilər sınıxmış, qəhərlənmişdilər. Sağ ovucu ilə gözlərini tutan Gülayın yüngülcə qalxıb-enən çiyinlərindən ağladığı məlum olurdu. Budur, ilk damcılar barmaqlarının arasından süzülməyə, yanağından axmağa başladı. Aranın danışdıqlarını tərcümə etməkdən yorulan Zaur Gülaya tərəf səyirdərək pıçıltı ilə “özünüzü ələ alın” deyib, bir siqaret yandırdı. Ölü səssizlik çökmüşdü masaya. Heç kəs dinmir, heç kim ağzını birinci açmağa cəsarət etmirdi. Zaur bu ürpərdici sükutun uzun çəkə biləcəyindən qorxaraq, ağlına gələn ilk sualı verdi.
     -Ermənistanda cinsi azlıqlara münasibət necədir? Qayıdandan sonra bu barədə də yazmaq istərdim.
     Boris ildırım vurmuşa döndü. Ağzı aralanmış, qulaqları bir anda qızarmışdı. Dostları ilə baxışıb çiyinlərini çəkdi, qollarını araladı. David də Zaurun verdiyi bu qəfil sualdan baş çıxara bilmirdi. Gözləri Zaurun sifətində gəzişir, sanki sualının cavabını onun üz cizgilərində axtarırdı. Gülay göz yaşlarını silib Araya baxdı:
     -Ailənizin dramı mən çox kövrəltdi. Amma siz də bilin ki, sizi qıran türklər yox, kürdlər olub. Qatillik onların xislətindədir. İndi də bizim xalqımızı qətlə yetirirlər. Amma cənablar - deyən Gülay bir-bir masadakılara yoxlayıcı nəzər saldı - Zaurun verdiyi sual məni də maraqlandırdı. Mən də Ermənistanda geylərə münasibətin nə yerdə olduğunu bilmək istərdim.
     Hamıya maraqlı idi - görəsən bu barədə kim danışacaq? Hətta kənarda oturan mühafizəçilər də çaşqın və pərt görünürdülər. Zaurdan hövsələsizlik oxunan gözlərini qaçırdan Boris, dostlarından kömək diləyirmiş kimi bir-bir onların üzlərinə baxırdı. Araya çökən səssizliyi Sergey Strekalin pozdu və ingilis dilində:
     -Geylər barədə bu masada ən məlumatlı adam hər halda mənəm - dedi.
     Hamı diksinib ona baxdı. Gülay motal pendirindən bir tikə ağ-zına atdı, ardınca da lavaşdan dişləyib Sergeyə:
     -Yəqin ki, bunun bir səbəbi olmalıdır?
     -Nəyin?
     -Ən məlumatlı olmağınızın.
     -Həə, başa düşdüm. Doğrudan da elədir. Keçən il bir fransız QHT-si üçün monitorinq keçirmişdim. Mən özüm Gümri şəhərindənəm. Gümri ənənələrə çox bağlı, patriarxal şəhərdir. Orada homoseksuallığa böyük nifrət var. Deyə bilərəm ki, Gümri homofoblar şəhəridir.
     Zaur:
     - Onda belə çıxır ki, Gümridə latent homoseksuallar çoxdur - dedi. Bu sual yox, faktın konstatasiyası kimi səsləndi.
     Sergey qərarsızlıqla, tərəddüd keçirərək:
     - Mən bu qədər kateqorik olmazdım - dedi. - Amma radikal homofobların əsasən homoseksuallar arasından çıxması da bir faktdır.
     Paruyr və Georginin ona etiraz etmək, mübahisəyə girişmək arzusunda olduqları üzlərindən oxunsa da, bu məqamda Sergeyə müdaxilə etməyin yersiz olacağını düşünüb susdular.
     -Mən monitorinq keçirəndə, təsadüfən öyrəndim ki, səkkiz gey Yerevan kafelərinin birində toplaşıb, ölkədə ilk dəfə seksual azlıqların hüquqlarını müdafiə komitəsi qurmağın perspektivlərini müzakirə edəcəklər. Getdim yanlarına, söhbət elədim. Mənə dedilər ki, erməni cəmiyyətində hökm sürən dözümsüzlük atmosferində yaşamağın alternativ yollarını araşdırdılar. Maraqlısı o idi ki, onların arasında bircə nəfər də Yerevanlı gey yox idi. Dörd bölgədən gəlmişdilər - Gümri, İcevan, Gorus və Eçmiədzin. Mən paytaxt geylərinin nə üçün onlara qoşulmadıqlarını soruşanda, dedilər ki, yerevanlılar adam arasına çıxmaqdan, tanınmaqdan qorxurlar. Eçmiədzin- dən gələn 23 yaşlı Qriqor isə gey olduğunu açıq-açıq hayqırmaqdan qorxmadığını, homoseksuallığını elan etməyə hazır olduğunu demişdi mənə. “Cinsi orientasiyamızı gizlətməklə, biz Ermənistan cəmiyyətində tolerantlığa nail ola bilməyəcəyik” deyirdi.
     Gözlənilmədən Boris Sergeyin sözünü kəsdi:
     - Keçən dəfə ILGA France təşkilatının saytına girmişdim. Orada erməni geylərinə çağırış var idi. Onlara bir- birləri ilə görüşmək, tanış olmaq, problemlərini birlikdə müzakirə edib həll yollarını axtarmaq təklif olunurdu.
     -Səndən nə əcəb, ILGA-nın saytına girirsən? - Paruyr istehza ilə soruşdu.
     Boris özünü itirmədi:
     -Mən QHT rəhbəriyəm və Ermənistandakı sosial problemlərlə bağlı bütün məlumatları, faktları öyrənməliyəm, araşdırmalıyam. Burada nə var ki?
     Borisin arqumenti onu qane etmiş olacaq ki, Paruyr gülümsədi və başını aşağı endirməklə kifayətləndi.
     Zaur söhbətə qoşuldu:
     - Azərbaycanda geylər özlərini daha sərbəst hiss edirlər. Əlbəttə, Azərbaycan cəmiyyəti də patriarxaldır, amma bizdə sizdəki qədər geylərə təzyiq olunmur. Həm də bizim homoseksuallar daha təşkilatlıdırlar.
     Sergey Zaurun sözlərini təsdiqlədi:
     -Azərbaycanda geylərin nisbətən daha azad mühitdə yaşadıqlarını mən də eşitmişəm. Təəssüf ki, bizim geylərin belə bir şansı yoxdur. Əvvəla faiz nisbətində onların sayı Azərbaycandakı qədər çox deyil. İkincisi isə bizim cəmiyyət azərbaycanlılar kimi geyləri qəbul etməyə hazır deyil.
     Bəs Ermənistanda geylər bir-birləri ilə necə ünsiyyət qurular, harada tanış olurlar? - Gülay soruşdu.
     - Əlbəttə internet vasitəsilə. Amma internetlə də tanış olanda, dərhal görüşməyə tələsmirlər - qarşı tərəfdəki adamdan qorxurlar, ehtiyat edirlər ki, birdən duzaq olar. Məsələn Yerevan Dövlət Universitetinin sosiologiya fakültəsindən məzun olan Karenin başına bir dəfə buna oxşar hadisə gəlmişdi - internetdə tanış olduğu bir oğlanın görüşünə getmişdi və onu zorlamışdılar. Şəhər kənarında bir bağ evində, üç nəfər üstünə düşüb növbə ilə onunla cinsi əlaqəyə girmişdi. Karen indiyə qədər psixiatrın nəzarətindədir, müalicəsi davam edir.
     Gülay əlləri ilə ağzını örtüb bərkdən zarıdı:
     - Aman allah, bu necə ola bilər axı! Biz iyirmi birinci əsrdə yaşayırıq! Bəs Karen polisə müraciət etmədi?
     Sergey acı-acı gülümsədi:
     - Polisə müraciət etsəydi, polis idarəsində işgəncəyə məruz qalacaqdı, özünü zorlayacaqılar orada. Sonra da valideynlərinə, iş yerinə xəbər çatdıracaqdılar. Son ümid qalır beynəlxalq təşkilatlara. Amma biz monitorinq keçirən zaman, ATƏT-in Yerevan ofisində işləyən Kristina Mardirosyan onlara geylərdən şikayət daxil olmadığını demişdi mənə. Bircə Helsinki Vətəndaş Assambleyasından nəsə umurlar. Bu təşkilat geylərin ən çox etibar etdikləri qurumdur. Helsinki Vətəndaş Assambleyasının Ermənistan ofisinin sədri Mikael Danielyana xeyli müraciətlər daxil olur. Polisə düşən geylər dərhal ona zəng vururlar, o da gedib onları idarədən çıxarır.
     Amma məndə, erməni cəmiyyətində nə vaxtsa geylərə qarşı dözümlü münasibət yaranacağına ümid yoxdur. Bizim xalq, nəsil artımında iştirak etməyən kişiyə, ya da qadına yaxşı münasibət bəsləyə bilməz. Bu əbədiyyən belə olacaq - Bu sözləri deyən mühafizəçi Artur idi. Onun gözlərindən təəssüf və xalqından ötrü duyduğu xəcalət oxunurdu.

***


     -Axşamın xeyir.
     -Ola bilməz.
     -Görürsən ki, istəyəndə olur.
     -Nə oldu? Hara batdın?
     - Qulaqlarıma inana bilmirəm. Yox, əlbəttə mən gözləyirdim. Bilirdim gələcəksən. Amma yenə də inana bilmirəm... Nömrə də Yerevan nömrəsidir... Hardasan?
     -Anais mehmanxanasında.
     -Razdan çayının üstündə?
     -Bəli...
     -Yerevan barədə ilk təəssüratlarını eşitmək istərdim.
     -Şəhəri əvvəl bir gəzib görmək lazımdır axı. İndidən nə deyə bilərəm. Amma əmin ola bilərsən ki, obyektiv qiymət verəcəyəm.
     -Sənin obyektivliyinə və temperamentinə şübhə etmirəm.
     -Sənin kimi subyektiv səbəbim ola-ola, mən necə obyektiv olmayım?
     -Ha ha. Çox sağol. Dəqiq nə vaxt gəlmisən?
     -Bir neçə saat olar. Bayaqdan restorandaydıq. Türkiyəli jurnalistlə, Borisin adamları ilə tanış oldum.
     -Çox içmisən?
     - Bir o qədər də yox. Sadəcə türk jurnalist üçün çoxlu tərcümə etmişəm. Çənəm ağrayır. Elə bil iki saat dayanmadan minet eləmişəm. Sabah müzakirələrə başlayırıq.
     -Müzakirə olunası nə qalıb axı?
     -Məncə də heç nə qalmayıb. Amma sülhməramlılığı imitasiya etmək lazımdı ya yox?
     -Yəqin ki, lazımdır...
     -Otelə gəlmək istəyirsən?
     -Kim var orda səndən başqa?
     -Necə yəni kim var? Təkəm.
     -Bəs sənə mühafizəçi verməyiblər?
     -Veriblər. Onlar aşağıda oturublar. Gəlsən görəcəksən. İki nəfər pəzəvəng. İkisinin də tapançası var. Addımbaşı məni təqib edirlər.
     -Lap prezidentlər kimi.
     -Aha. İndi başa düşürəm prezidentlər, nazirlər nələr çəkirlər.
     -Düzdür. Onların həyatı çox ağır keçir.
     -Hə, nə qərara gəldin? Gəlirsən?
     - Sən hesab edirsən ki, mən Anais otelinə gəlməli və o alçaqlara görünməliyəm?
     -Deyirsən problem yarana bilər?
     -Səncə yaranmaz?
     -Mənim yanıma dostumun gəlməsi problemdi?
     - Səncə bir azərbaycanlının Yerevanda dostunun olması xüsusi xidmət orqanlarını maraqlandırmaz? Mənim kim olduğumu, ailəmi araşdırmayacaqlar?
     -Tutaq ki, araşdıracaqlar. Sənin gizlin nəyin var axı?
     - Ailəmin narahat edilməsini istəmirəm. Elə özümün də. Onlarla ünsiyyətdə olmaq mənim üçün əzabdır.
     -Onda elə çıxır ki, indi telefon danışığımıza qulaq asırlar?
     -İstisna etmirəm.
     -Onda istəyirsənsə burada söhbəti bitirək. Sonra sənin üçün problem yaranar.
     -Gərgin olduğunu başa düşürəm. Amma sən də məni başa düşməlisən. Səncə ehtiyatlı olmağım təbii deyil? - Sözlərindən belə başa düşdüm ki, biz ümumiyyətlə görüşməyəcəyik. Telefonla da danışmalı deyilik. Sən bunu təbii adlandırırsan?
     -Xeyr. Amma bu reallıqdır. Risk zərurətdən yaranmalıdır. Bizim isə görüşmək kimi bir zərurətimiz yoxdur.
     -Deməli belə bir zərurət yoxdur! ?
     -Əlbəttə yoxdur. Bir az da məni anlamağa çalış. Mən danışanda mənə verəcəyin cavabı düşünmə, mənim dediklərimi düşün. Yüzlərlə nəzərin üzərimizdə olacağını bilə-bilə görüşməyin nə mənası var? Onların bizi alçaltmalarına icazə verməliyik? Lap porno filmdə rol alan aktyorlara oxşayacağıq. Sən gedəndən sonra, bəlkə də elə sən getməmişdən də əvvəl onlara izahat verməli olacağam - səni hardan tanıyıram, neçə vaxtdır münasibətlərimiz var, bu münasibətlərin xarakteri nədir, azərbaycanlılar haqqında nə düşünürəm... Bunlar mənə lazımdır?
     –Amma biz belə danışmamışdıq...
     - Necə danışmışdıq? Sən Yerevana gəlmə ehtimalının olduğunu mənə yazanda, sonra da dəqiq gələcəyini deyəndə, sənə “mütləq görüşərik” demişdim?
     -Demişdim?
     -Yox.
     -Onda məni nədə günahlandırırsan?
     - Haqlısan... Deməli sən hər şeyi əvvəlcədən bilirdin?.. Bilirdin ki, görüşməyimiz yəqin ki, baş tutmayacaq. Gecə-gündüz mühafizəçilər ətrafımda olacaqlar.
     -Bunu sən də bilirdin. Amma nə üçünsə ciddi qəbul eləmirdin.
     -Bəs onda mənim Yerevana gəlməkdə məqsədim nədir?
     -Bunu məndən soruşursan?
     -Mənim bircə məqsədim var idi - səninlə sənin yaşadığın şəhərdə görüşmək. Sən də bunu bilirsən.
     - Təəssüf ki, bu mümkün deyil. Bu binamusların bizi alçaltmalarına, təhqir etmələrinə göz yuma bilmərəm. Biz... biz belə ağır şərtlərdə görüşəcək, özümüzü riskə atacaq qədər aciz deyilik. Şükür ki, Tiflis ixtiyarımızdadı.
     -Bizə qulaq asa bilərlər. Bəs bundan qorxmursan?
     - Qulaq asmaları bir ehtimaldır. Ola bilsin heç qulaq asmırlar da. Amma görüşsək, qanımızı qaraldacaqlar. Sənin otağına gəlsəm, onlardan biri yanımızda oturmaq istəyəcək. Bundan əmin ola bilərsən. Boris isə sənə heç cür kömək edə bilməz. Yaxşı yadıma düşdü, Boris ordadı?
     –Yox, gedib... Artuş?
     -Bəli.
     - Belə olacağını bilsəydim, gəlməzdim... Sənsiz burada olmağın nə mənası var? Sən mənə bu barədə heç nə deməmişdin. Niyə?
     -Bəlkə də Yerevana gəlməyini istədiyim üçün.
     -Səni başa düşə bilmirəm.
     - Başa düşülməyəsi nə var? Bu şəhəri görməyini istəyirdim. Şərt deyil ki, biz görüşək.
     -Sən ağlını itirmisən Artuş...
     -Mən ağlımı hələ Bakıda, uzun illər əvvəl itirmişəm...
     -Sabah axşam şəhərə çıxacağıq. Bəlkə hardasa görüşək?
     - Elə dediyini deyirsən. Şəhərdə görüşməklə oteldə görüşməyin arasında nə fərq var?
     -Mən səni uzaqdan da olsa görmək istəyirəm.
     – Bu qədər zəif olma. Özünü ələ al. Sən evdəkilərə nə dedin?
     -Başa düşmədim.
     -Dedin Yerevana gedirəm, yoxsa?..
     -Birtəhər başa saldım vəziyyəti. Anam çox pis oldu, ağlayıb özünü yoldu. Elə atam da özündən çıxmışdı. Amma indi bunlar məni maraqlandırmır. Nə vaxta qədər onları düşünərək yaşamalıyam? Mənim də öz həyatımı istədiyim kimi yaşamağa haqqım var.
     -Sən onsuz da istədiyin kimi yaşamırsan?
     -Sən buna yaşamaq deyirsən? Əslində ağlıma bilirsən nə gəlib? Deyirəm bəlkə biz artıq ölmüşük və indi cəhənnəmdə yaşayırıq?
     -Nə mənada?
     - Əvvəlki həyatımızda işlədiyimiz günahlarımızdan ötrü burada, dünya adlanan məkandayıq. Sən cəbhənin obiri xəttində, mən isə burada. Bizə də elə gəlir ki, yaşayırıq. Dünyada yaşayırıq və nə vaxtsa öləcəyik... Halbuki biz çoxdan ölmüşük.
     -Nə olub sənə?
     - Heç özüm də bilmirəm... Deyəsən depressiyaya yuvarlanıram yavaş-yavaş. Yerevan depresivdir. Həyat isə... məncə simulyakrdır.
     - Bununla razıyam - həyat da, müharibələr də, elə maşınlar, göydələnlər, supermarketlər də. Ən böyük simulyakr isə bizim münasibətlərimizdir. Yerevanın depresivliyi isə öz yerində.
     -Münasibətlərimizdə dəyişən nəsə var?
     -Bu nə deməkdi axı?
     -Soruşuram. Bəlkə bilmədiyim nəsə var? Açıq deyə bilərsən.
     -Sən get-gedə paranoikləşirsən. Dəyişən heç nə yoxdur, ola da bilməz.
     –Amma sənin səsin həmişəki kimi deyil. Qanının qara olduğu hiss olunur.
     -Xalam vəfat edib dünən. Onu çox sevirdim.
     -Sənin Yerevanda xalan var idi?
     -Hə. Ana tərəfimiz Yexeqnadzorludur.
     -Heç bilmirəm nə deyim...
     -Bir söz deməsən də olar. Siruşo xalam biz qaçqın düşəndə bizə çox əl tutmuşdu. Onsuzda çox ağır həyat yaşamışdı. Ərə də gedə bilməmişdi. Səkkizinci sinifdən nənəmin yanında, fermada sağıcı işləməyə başlamışdı. Lenin komsomolu mükafatı laureatı idi. “Sovet Ermənistanının 40 ili” sovxozunda çürütmüşdü ömrünü.
     -Səni başa düşürəm Artuş.
     -Bilirəm, mənə təsəlli verməyə çalışırsan amma çətin ki, sən məni başa düşəsən.
     -Düz deyirsən...
     -İncidin məndən?
     -Yox, yox. Sadəcə olaraq bilmirdim bu qədər ağır olacaq.
     -Nə ağır olacaq?
     - Bax belə olacaq - görüşə bilməyəcəyik, hətta telefonla danışarkən də sözlərimizə fikir verməli olacağıq. Sənin kədərini başa düşürəm, amma mən Yerevan səfərimi ayrı cür təsəvvür edirdim. Başqa cür planlaşdırmışdım hər şeyi.
     - Fikirləşirdin ki, Yerevanda gezəcəyik, Ermənistanın mənzərəli yerlərinə birlikdə baş çəkəcəyik, hətta mən də oteldə, sənin yanında qalacağam. Otel xərcimi də Boris çəkəcək.
     -Təxminən belə düşünürdüm. Düz deyirsən.
     -Nahaq yerə belə düşünürdün... Tiflisdə görüşə bilərik.
     -Nə vaxt?
     - Bir ay sonra demək olar ki, işlərimi bitirib lap lazım olsa iki həftəliyinə Tiflisə gələ bilərəm. Bəs sən?
     -Ola bilər. Deməli görüşmək üçün bir ay da gözləməli olacağam?
     -Özün də bilirsən ki, mənim bundan tez gəlmək imkanım olsaydı gələrdim.
     -Yaxşı Artuş. Sən deyən olsun.
     Dəstəyi qəzəblə tullayıb pəncərəyə yaxınlaşdı. Yoldan ötən maşınların işıqlarına tamaşa edir, bir yandan da hönkürtü ilə ağlayırdı. Bakıda, 2 saylı məktəbin sinif otağından götürdüyü təbaşiri cibindən çıxardıb ovcunda ovdu, tozu yerə səpələdi.
     Yerevan ona düşərli olmamışdı.

***


     Səhər saat səkkizdə Zaurun yuxusunu qapının taqqırtısı böldü. Qapını tələbkarlıqla döyən Artur, azərbaycanlı qonağı qəlyanaltıya oyadırdı. Artuşla telefon söhbətindən sonra gecə narahat yatan, kabuslar görən Zaur ürəyində Arturu söysə də, bir yandan əzablı yuxudan oyandırıldığı üçün sevinirdi. Qapını aralayıb qızarmış gözləri ilə Artura baxdı:
     - Uzağı yarım saat sonra restorandayam. Özüm düşərəm, əziyyət çəkib gəlməyin. Qaçan deyiləm.
     Artur istehza ilə qımışdı:
     -Burdan qaçmaq onsuzda mümkün deyil. Küçədə də adamlarımız var.
     Bunu deyib şəstlə pilləkənlərə doğru addımladı.
     Zaur Yerevana gəldiyinə görə ürəyində əvvəl özünü, sonra da Borisi söyüb qapını çırpdı.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 632 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more