Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-13
4

     -Rəngin-ruhun qaçıb. Dayan, su gətirim.
     -İstəmirəm. Heç nə istəmirəm! Lazım deyil!
     Sevil ehtiyatla yanıma yaxınlaşıb əlini çiynimə qoydu:
     - Adi yuxudur da, niyə bu qədər böyüdürsən axı? Son vaxtlar çox fikir eləyirsən, yəqin ondandır. Sabah mütləq həkimə gedirik. Eşitdin?
     -Sənə deyirəm ki, yuxu-zad deyildi.
     -Bəs nəydi?
     -Bilmirəm. Bəlkə indi səninlə danışmağım yuxudur? Ola bilməz? Bəlkə mən elə keçmişimə aidəm? İndi də burada yox, obiri həyatımda olmalıyam? Sən də elə baxma mənə! Hamınız mənə belə baxırsınız - elə bil başdan xarabam. Toğrul da, sən də, Rəna da. Toğrulla söhbət eləyən yerdə, Şeyla zəng vurdu. Onunla danışdım. Görürsən? Sağdır, ölüb- eləməyib. Toğrul da sağdır.
     Sevil ürkəkcə yanıma oturdu.
     -Qurban olum belə danışma. Sən Toğrulla necə görüşə bilərsən? Toğrul ölüb, yaşamır. Beş dəqiqə əvvəl sənin yanından qalxıb getdim çay süzməyə. Sən də mürgüləyib yuxu görmüsən. Burda nə var ki?!
     Başımı əllərimin arasına alıb əyildim, gözlərimi döşəməyə dikdim.
     -Bilmirəm. Bilmirəm hansınıza inanım. Toğrul da deyir yuxu görürsən, sən də deyirsən yuxu görürsən. Qalmışam ikinizin arasında. Belə yaşamaq olar?! Bilmirəm hansı həyatım realdır, hansı yuxu?!
     -Axı bu çox gülməlidir!
     -Nə gülməlidir? Burda gülməli nə var? Başa düşmədim!
     -Sənin indiki zamanda yox, keçmişdə yaşadığına inanmağın gülməlidir. Deməli o boyda komaya düşməyin, sağalmağın, bizim yenə bir yerdə yaşamağımız, qəbiristanlığa gedib dostlarının məzarlarını görməyin hamısı yuxudur? Mayor Dadaşov da yuxudur? Amma beş dəqiqə gözünü yumub, yuxuda Toğrulu görməyin reallıqdır! Şeylanın sənə zəng vurmağı reallıqdır! Rənanın evində oyanmağın reallıqdır! Sən bunlara inanırsan? İnqilab da olmayıb, hə? Sevili birinci dəfədir belə həyəcanlı və əsəbi görürdüm. Xəstəxanada gözümü açıb, pəncərənin qarşısında dayandığını gördüyüm andan bəri, birinci dəfə idi ki, mənə səsini yüksəldirdi. Çaşıb qalmışdım, bilmirdim nə deyim. Ona necə başa salım ki, qarışıq emosiyalar içindəyəm, heç özüm bilmirəm nəyə inanıram, nə istəyirəm. Daha doğrusu nə istədiyimi bilirəm - gözlərimi yumanda, mürgüləyəndə, yatanda kabus görməmək, keçmişimə qayıtmamaq.
     Sevil divanın üstündən pultu götürüb:
     - Yaxşı - dedi. - Yaxşı, onda özün bax. Min dəfə baxmısan, yenə bax. Gör yuxudur, ya yox! Buyur. Bundan da real həyat istəyirsən?
     Sevil kanalları bir-bir dəyişdirir, yuxularımın yox, məhz indiki anımın həqiqət olduğuna məni inandıracaq münasib kanal axtarırdı. Sonda “CNN-Azərbaycan” kanalında dayandı. Ekranın sağ üst küncündə mavi hərflərlə “Təmiz söhbət” yazılmışdı. Hələ Qənirə Milli epoxasından mənə tanış olan eybəcər köklükdəki aparıcı Təbriz Aşurov, qabaq-qənşər əyləşdirdiyi iki qonağı bir-birinə qırdırır, özü isə studiyada anbaan gərginləşən atmosferdən həzz alırdı. Qonaqlar bir- birinin səsini kəsərək ucadan danışır, ağız deyəni qulaq eşitmirdi. Təbrizin bu həngaməyə son qoymaq niyyətinin olmadığını isə, üzündəki özündənrazı ifadədən oxumaq olurdu. Ambisiyası yerə-göyə sığmayan, intellektualizmə iddialı Təbriz, əvvəllər hakimiyyət nümayəndələrini tez-tez efirə çıxarıb iqtidarın əlyehinə danışdırır, Niyazi Salayev haqqında özünün uydurduğu nalayiq lətifələr danışırdı. Hər zaman konyunkturanın yanında olmağı ustalıqla bacaran Təbriz, rejim dəyişəndən sonra da su üzündə qalmağı bacarmış, hətta özünün müəllifi olduğu “Təmiz söhbət” verilişini, yeni açılan “CNN-Azərbaycan” kanalına daşıyıb gətirmişdi.
     Ekrandan gördüyüm iki nəfərin kimliyi, nə haqda danışdıqları məni qətiyyən maraqlandırmadığına görə, onlara qulaq asmır, yalnız mimikalarını və jestlərini görürdüm. Bir dəqiqə boyunca boş gözlərlə ekrana baxdıqdan sonra, üzümü Sevilə çevirib çiyinlərimi dartdım.
     - Qulaq as da. - dedi. - Bu, baş nazirin birinci köməkçisi Anar Məmmədlidir, bu da RQP-nin deputatı Alqış Xubanov. Qulaq as! Gör nə danışırlar.
     Təzədən gözlərimi ekrana dikib, danışılanları başa düşməyə çalışdım. Xubanov deyilən adam, arada-bir bığlarının kənarlarını çeynəyə-çeynəyə:
     - Niyazi Salayev heç vaxt xalqın, dövlətin mənafelərinə xidmət edə bilməz, çünki Qərbin dəstəyi ilə prezident olub. Siz tez-tez xalqın iradəsinə istinad edirsiniz. Hansı xalqın? Amerika xalqınınmı? Bəyəm Azərbaycan xalqı sizə səs verib? - soruşdu.
     Əsəbdən pörtmüş Anar Məmmədli yumruqlarını düyünləyib masanın üstünə qoymuşdu, od püskürən gözlərlə opponentinə baxırdı. Yenə də mümkün qədər təmkinli cavab verdi:
     - Alqış bəy, xahiş edirəm, haqsız danışmayın, böhtan atmayın! Xalqın iradəsi ilk dəfə bu seçkilərdə özünü ifadə etdi. Nə Qərbi, nə Amerikası?
     -Seçki!? Hansı seçki?
     - Sizin növbəti dəfə saxtalaşdırmaq istədiyiniz amma bacarmadığınız seçki - Anar Məmmədli verdiyi cavabdan məmnun qalıb, qürurla Təbrizin üzünə baxdı.
     - Mən saxta seçki zad xatırlamıram. Əli silahlı adamların prezident administrasiyasına hücumunu isə xatırlayıram. Budur sizin hakimiyyətə gəlmə üsulunuz?! Biz sizin legitimliyinizi tanımırıq, qurtardı getdi!
     Anar kifayət qədər rahat əda ilə:
     -Cəhənnəmə tanıyın, qara gora!
     - Aaa! Tərbiyəsiz, əxlaqsız! Təbriz müəllim görürsünüz?! Görürsünüz də bunların səviyyəsini!
     Təbriz əllərini aralayıb hər ikisini də sakitləşdirməyə çalışdı.
     - Birincisi mən müəllim deyiləm, mənə Təbriz bəy deyə xitab etsəniz daha məqbul olar. İkincisi də ki...
     Təzədən Sevilə baxıb, yorğun halda:
     -Hə, nə olsun? - dedim.
     - Necə yəni nə olsun? Bundan da real həyat istəyirsən? Bu televizor, bu da efir. Görmürsən ölkədə nələr baş verir? Prezident açıq-aşkar tənqid olunur - bundan artıq sənə nə sübut gətirim?
     - Sən deyəsən mənə qulaq asmırsan. Mən bəyəm bilmirəm adam pis yuxu görüb oyananda halı necə olur? Bilmirəm yuxu sərsəmliyi nədir? Özü də bu yekəbaşın səsini kəs, başıma düşür. Sənə deyirəm ki, gördüklərim yuxu deyil! And içirəm yuxu deyil! Bayaq gedib qayıtdığım həyatımda heç nə dəyişməyib. O həyatımda Şeylanı da öldürməmişəm, qız sağ-salamatdı. Zəng elədi, danışdıq. Əgər o həyatım realdırsa, onda belə çıxır ki, mən qatil deyiləm.
     -Bəs gündəliklər? Bəs bizim indi bir yerdə olmağımız?! Deyirsən ki, inqilab da olmayıb, qəza da olmayıb?
     -Niyə susursan?!
     Komodun üstündəki atamın şəkilinə baxdım.
     -Bəlkə də olmayıb. Bəlkə də mən indi illüziyalar aləmində yaşayıram. Sən də, Özgür də mənim illüziyalarımın iştirakçılarısınız. Mən nəyi görmək istəyirəmsə onu görürəm. Qorxuram ki, bir gün yatıb, həmişəlik real həyatımda oyanım, bir də bura qayıtmayım. Çox qorxuram, amma həm də istəyirəm ki, belə olsun. Səni, Özgürü itirməkdən, inqilabın olmadığını, Milli rejiminin dəyişmədiyini anlayıb sarsılmaqdan qorxuram. Bir yandan da sevinirəm ki, hamı sağ- salamatdır - bütün əzizlərim, dostlarım yaşayırlar. Hətta Şeylanı da öldürməmişəm. Toğrul dedi ki, sən bizə gələn günün səhərisi mən Şeyla ilə Gənclikdəki villaya getməmişəm, hansısa İtalyan restoranında yemək yemişəm. Yəni onu öldürməmişəm, cəsədi də Şamaxıda basdırmamışıq. Rənanın evində oyanıb sənə zəng vurmuşdum, sənsə mesaj yazmışdın mənə. Mesajdan belə çıxırdı ki, sən də Rasimlə bir yerdəsən. Bayaq da mən klinikada olanda Rənadan mesaj gəldi.
     Gözlərindən yaşlar axa-axa, dodaqlarını bir-birinə möhkəmcə sıxıb televizoru söndürdü. Çənəsi titrəyərək üzümə baxdı:
     -Hardadı o mesaj?
     Cəld hərəkətlə cib telefonumu divanın belindən götürüb, mesajlar qovluğuna girdim.
     -İndi, bu saat. Göstərəcəm sənə.
     Axırıncı mesaj, dünən Sevilin işdən mənə yazdığı sevgi etirafı idi: “İşdə ürəyim partlayır, səni istəyirəm. Səni çox sevirəm. Neynirsən? Darıxmırsan evdə?”
     Həyəcanla telefonda qurdalandığımı görən Sevil:
     - Mən elə bilirdim xoşbəxt günlərimiz hələ qabaqdadır, hər şey düzəlib, heç bir problem qalmayıb - dedi. - Elə bilirdim biz artıq bir ailəyik. Sən demə görən günlərim varıymış.
     Telefonu təzədən divanın belinə qoyub:
     -Tapa bilmədim - sınıxmış halda dedim.
     - Əlbəttə tapa bilməyəcəksən, çünki mən sənə mesaj yazmamışam.
     -Sənə bu qədər problem yaratdığıma görə özümə nifrət edirəm.
     -Elə danışma! O nə sözdür?
     -Düz demirəm bəyəm? Sən də, indiki həyatım da çox realdır. İnanmaq olmur ki, bunlar hamısı yuxudur. Amma keçmişim də realdır axı! Deyirəm sənə Toğrulu hər dəfə canlı görürəm, yuxudakı kimi yox. Bəs mən nə edim? Hansına inanım, harda qərar qılım? Əgər real həyatım burada deyilsə... səninlə bir yerdə olmadığımı, rejimin də dəyişmədiyini qəbul eləmək çox çətindir. Qorxuram. Sənin də, inqilabın da illüziya olmağınız dəqiqləşərsə məhv olaram!
     -Nə üçün yuxularına yox, bu gününə illüziya deyirsən? Səni başa düşmürəm! - əlinin tərsi ilə gözlərini silib dedi. - Bilirəm, yenə deyəcəksən ki, yuxu deyildi. Hə?
     Onu qucaqlayıb bağrıma basdım, saçlarını öpdüm. Deməyə sözüm, verməyə cavabım yox idi. Sevilin gözlərindən axan ilıq damcılar çiynimi isladırdı.
     -Qurban olum, sabah mütləq həkimə gedək. Eşidirsən? - başını çiynimdən qaldırıb dedi.- Səhər Özgürü aparıb məktəbə qoyaram, sonra evə qayıdaram, yaxşı? Bir yerdə gedərik Əlixanın yanına.
     -Gözlərimi yumub harada oyanacağımı bilmirəm, sənsə deyirsən həkimə gedək. Qurban olum, ağlama. Yaxşı gedərik. Onda gərək yatmayım, səhərə qədər oyaq qalım. Adını çox eşidib, indiyə qədər tanış olmaq fürsəti tapmadığım psixiatr Əlixan Rüstəmzadəni görən kimi tanıdım. Tanıdım deyəndə ki, Sahil metrosunun yanında yerləşən xudmani klinikanın qapısı açılıb içəri 35-38 yaşlarında, hündürboy, enlikürək, gümüşü saçları olan yaraşıqlı və gülərüz kişi daxil olanda, Əlixanın məhz bu adam ola biləcəyini düşündüm. Sevillə mənə yaxınlaşıb “Deyəsən məni gözləyirsiniz?” soruşan Əlixan, psixiatrdan çox, Latın Amerikası seriallarında ikinci dərəcəli “müsbət adam” rollarını ifa edən aktyorlara oxşayırdı. Mülayim səsi, səmimi və rahat hərəkətləri ilə insana ilk görüşdən inam, güvən aşılayan Əlixanın əlini sıxanda, bu günə qədər psixiatriyaya və psixiatrlara bəslədiyim skeptik münasibəti xatırlayıb utandım. Gülməli də olsa, artıq ürəyimi ona açmaqdan ötrü səbirsizlənməyə başlamışdım desəm, yalan olmaz.
     Sevil, özünə xas olmayan canfəşanlıqla:
     - Siz allah bağışlayın, səhər tezdən zəng vurub sizi narahat elədik - dedi. - Zöhrab bəy demişdi ki, bir problem olsa sizə müraciət edə bilərik.
     Əlixan əlini qaldırıb, gözlərini süzdü və artistik əda ilə:
     -Yox, yox. Narahatçılıq filan yoxdur - dedi və mükəmməl dişlərini fəxrlə bizə göstərərək gülümsədi, - Özü də tez niyə olur, saat onun yarısıdır. Mən elə bu vaxtlar işə gəlirəm. Buyurun, - əli ilə koridorun solundakı birinci kabinetə işarə edib, özü qabağa düşdü.
      “Etibarlı əllərdə” olduğuma qənaət gətirən Sevil:
     - İşə gecikirəm - pıçıltı ilə dedi. - Çıxandan sonra zəng eləyərsən, yaxşı? - yanağımdan öpüb tələm-tələsik getdi.
     Doktorun ardınca kabinetə keçib pasientlər üçün nəzərdə tutulmuş yumşaq, dəri kresloya əyləşdim. Əlixan isə tələsmədən masasının üstündəki kağız-kuğazı bir kənara topladı, jalüzləri açdı və əyninə ağ xələtini geyinib qarşımda oturdu. İlk dəfə psixiatr qəbuluna düşmüş adam, həm də bir həkim kimi, Əlixanın davranışlarında, danışığında hər şey mənə maraqlı görünürdü.
     - Etirazınız yoxdursa, başlayaq - mehribancasına gülümsündü.
     -Buyurun doktor. Mən hazır.
     Söhbətimiz, doktorun məsələyə aidiyyəti olmayan sualları ilə başladı. Daha doğrusu mənə elə gəlirdi ki, onun verdiyi sualların mənim şikayətimə aidiyyəti yoxdur. Buna baxmayaraq, bütün suallarına səmimi cavablar verib, heç nəyi gizlətmədən bütün hadisələri əvvəldən-sona qədər ona danışdım - komaya düşməyimi, yuxularımı, reallıq hissini itirməyimi, keçmişimlə indiki həyatım arasındakı sərhədlərin silinməsini. Əlixan isə gümüşü başını arada-bir canıyananlıqla endirib-qaldırıraq diqqətlə mənə qulaq asır, qabağındakı kağızda qeydlər aparmağı da unutmurdu. Yarım saata yaxın davan edən monoloqumu səbrlə, sona qədər dinlədikdən sonra, “aydındır” deyib ayağa qalxdı və otaqdan çıxdı.
     Bir dəqiqə keçməmiş gənc bir qızla geri qayıtdı. Qapının sol tərəfindəki yaşıl şirmanı bir yerdə araladılar. Ensiz, ağ rəngli masanın üstündə ensefaloqramma cihazını gördüm. Onu işə salıb, məni cihazın yanındakı stula əyləşdirdilər. Ensefolaqramma cihazını tanıyıram - xəstənin ona qoşulması əziyyətli işdir. Elə də oldu. Saçlarımın dibinə gel yaxıb elektrodların rezin uclarını başımın müxtəlif yerlərinə pərçim etmək üçün, təxminən on dəqiqəyə yaxın əlləşdilər. Bəzən məftillər sözə qulaq asmır, qopub yerə, ya da çiynimə düşürdülər. Sonda min bir zülmlə bütün elektrodları başıma, alnıma, gicgahlarıma yapışdırıb cihazın yaşıl düyməsini basdılar. Doktorun iri monitorda baxdığı əyri-üyrü xətlərdən, beyin ritmlərindən başım çıxmır. Yenə də kardioqramma olsaydı, oxuya bilərdim.
     Prosedura bitəndən sonra Əlixan cihazı söndürdü və printerdən çıxan kağızları götürüb diqqətlə oxumağa başladı. Üstündən krem və dərman iyi gələn ağ xələtli toppuş tibb bacısı isə, orta irilikdəki döşlərini üzümə beş santimetrə qədər yaxınlaşdırıb, elektrodları başımdan ayırırdı. Mən isə, ağlıma kənar fikirlər girməsin deyə, ona yox, ensefolaqramma nəticələrini oxuyan Əlixana baxırdım.
     Qız işini bitirib mənə təbəssüm etdikdən sonra otaqdan çıxdı. Qayıdıb təzədən öz yerimə oturdum. Əlində qələm oynadan Əlixan axırıncı kağızı da oxuyub bitirəndən sonra, qayğılı gözlərini üzümə dikib soruşdu:
     -Deyəsən gecə az yatmısınız.
     -Ümumiyyətlə yatmamışam. Bayaq dedim axı - yata bilmirəm, qorxuram.
     - Başa düşürəm. Lakin yatıb-yatmamaq sizin əlinizdə olmadığı üçün, özünüzü əziyyətə salıb səhərə qədər oyaq qalmağınızın mənası yoxdur.
     -Sizi başa düşmədim doktor.
     - Siz də həkimsiniz, ona görə açıq danışacağam. - Əlixan ensefolaqramma nəticələrini masanın kənarına qoyub, əllərini ibtidai sinif şagirdləri kimi stolun üstündə birləşdirdi. - Əslində sizi polisomnoqrafiya testindən keçirməliydim, amma bizim klinikada bunun üçün şərait olmadığı üçün, ensefolaqramma ilə kifayətlənməli oldum. Sizinlə söhbətdən sonra, onsuzda hər şey mənə aydın oldu. Sizdə ağır, depressiv sindromla müşayiət olunan narkolepsiya var. Bu xəstəlik barədə nəsə eşitmisiniz?
     Alnımı qırışdırıb yadıma salmağa çalışdım.
     -Deyəsən eşitmişəm. Hə, eşitmişəm, amma mən bilən çox nadir xəstəlikdir axı. Deyirsiniz o da gəlib məni tapıb? - qorxu və həyəcandan mədəmin altı sancmağa başlasa da, birtəhər gülümsəməyə çalışdım.
     Əlixan isə ciddiliyini saxladı:
     - Bəli, belə çıxır ki, tapıb. Düz deyirsiniz, xəstəlik yuxu pozuntuları ilə səciyyələnən, nadir hallarda görülən mərkəzi sinir sistemi xəstəliyidir. Bayaq ona görə dedim ki, istəsəniz də yuxunun qarşısını ala bilməzsiniz. Yəni istənilən anda, harada olmağınızdan asılı olmayaraq, yuxu sizi qəfil apara bilər. Özü də bu yuxular elə ağır olur ki, adam özünü saxlaya bilmir, harda gəldi yatır. Xəstəlik sizdə təzə başlayıb deyə, hələ ki, belə bir hadisə bir-iki dəfə başınıza gəlib. Bir dəfə parkda, bir dəfə də dünən evdə. Gecə oyaq qalmısınız, amma bu o demək deyil ki, oyaq qalmaq hər dəfə sizə müyəssər olacaq. Sadəcə olaraq bu gecə pristupunuz tutmayıb. Amma elə bax bu dəqiqə, buradaca sönməyəcəyinizə heç kəs zəmanət verə bilməz.
     - Bəs yatanda gördüyüm şeylər? Yəni yuxular? Məni ən çox narahat edən onlardır.
     -Narkolepsiyalı xəstələrdə çox vaxt hallüsinasiyalar olur. Sizin yuxu dediyiniz o görüntülər, hallüsinasiya ilə röyaların qarışığıdır. Hər şey çox real görünür deyə, ayırd eləmək olmur - yuxudur, ya yox.
     -Bəs nə etmək olar doktor? - alçaq səslə soruşdum.
     -Təəssüf ki, hipersomniyaya aid olan sinir sistemi xəstəliyi olduğundan, müalicəsində ciddi çətinliklər var. Daha doğrusu müalicəsi hələ tapılmayıb. Baxın, nəticələr də göstərir ki, əzələ tonuslarının tam ya da qismən itirilməsi baş verir.
     Onun sözünü kəsdim:
     - Axı bu xəstəliyin səbəbi nədir doktor? Niyə məhz mən?! - səsim özümə yad gəldi, elə bil sualı inildəyərək vermişdim. Əlixan isə rəhmsizcəsinə hökmümü oxumağa davam edirdi:
     - Dəqiq bir söz demək çətindir. Bəziləri deyir ki, narkolepsiya beyində oreksin çatışmazlığından yaranır. Bu xəstəliyin irsi olduğunu deyənlər də var.
     Dərindən köks ötürüb başımı aşağı endirdim, düyünlənmiş yumruqlarıma baxdım. Susurdum, çünki doğrudan da deməyə sözüm qalmamışdı. Birdən Əlixanın mülayim səsi eşidildi:
     -Murad bəy, bax buna yol vermək olmaz! Əsla ümidsizliyə qapılmayın.
     Gözlərimi qaldırıb üzünə baxdım.
     -Qapılmayım? Bəs neynəyim? Bu xəstəliklə necə yaşayacam? Dəli olmaqdan qorxuram! Gah keçmişimə qayıdıram, gah təzədən burada oyanıram. Əzab çəkirəm doktor! Reallıq hissini itirmişəm - bilmirəm yuxularım harda başlayır, harda qurtarır.
     - Sizi başa düşürəm. Ancaq reallıq hissini itirməyinizə qətiyyən ehtiyac yoxdur. Bəli, hallüsinasiyalarınız sizi çaşdırır, çünki çox real görünürlər. Amma çalışın ayılandan sonra, ətrafınızdakı insanlara indiki həyatınızın irreal olduğunu, hələ də keçmişinizdə yaşadığınızı deyib, onlarla mübahisə etməyin, onları ürkütməyin. Bircə onu bilin ki, sizin indiki həyatınız kifayət qədər realdır. Axı siz də həkimsiniz, özünüzü ələ ala bilməlisiniz. Vəziyyətinizi daha da ağırlaşdırmaq lazım deyil, beyninizə pis-pis fikirlər gətirməyin. Sizə yazacağım dərmanlardan sonra gecələr rahat yatacaqsınız. Əsas məsələ yuxu rejiminə riayət etməkdir. Bir də görəcəksiniz ki, xəstəlik öz-özlüyündən çıxıb gedib. Narkolepsiyanın ağır formaları da olur. Elə adamlar var ki, yuxudan ayılandan sonra iflic kimi olurlar, hərəkət edə bilmirlər. Somnambulik effekt yaşayırlar. Ən azından sizin xəstəliyiniz belə ağır deyil.
     -Doktor, bəs şizofreniya?
     -Nə şizofreniya?
     -Yəni, şizofreniyaya tutula bilərəm?
     -Sizə kim dedi ki, narkolepsiya şizofreniyanın simptomudur? Əlbəttə, reallıq hissini itirib, öz dünyanıza qapanmağa davam eləsəniz, şizofrenik kimi görünə bilərsiniz. Sizinlə açıq danışım - sağalmağınız əlli faiz sizdən asılıdır. Mənə kömək edin. Daha doğrusu özünüzə kömək edin. İçinizə qapanmayın. Əks halda insanlar sizi başa düşməyəcək.
     Başımı tərpədərək əsəb və kinayə ilə qımışdım:
     -Aha, əlbəttə başa düşməyəcəklər. Heç kəs başa düşmür onsuzda. Yuxularımda keçmişimə aid adamları görürəm - onlar da məni başa düşmürlər. Onlar da mənə dəli gözü ilə baxırlar. Torğulu tez-tez görürəm. O da deyir ki, həkimə getməlisən. Görürsünüz nə maraqlı həyatım var?! Hər iki həyatımda da elə bilirlər dəliyəm, məni psixiatra göndərmək istəyirlər. Yaxşı, burada sizin yanınıza gəldim, mənə diaqnoz da qoydunuz. Bəs yuxu dediyiniz paralel həyatımda? Üzr istəyirəm, paralel həyat sözündən xoşunuz gəlmir. Olsun yuxularımda. Yuxularımın birində də həkim yanına getsəm necə? Məsələn Toğrulun məsləhət gördüyü həkimə? O da mənə eyni diaqnozu qoyub, eyni sözləri desə? Desə ki, sizin real həyatınız burdadır, inqilab təxəyyülünüzün məhsuludur, dostlarınız sağdır, heç kəs ölməyib. Doktor, mən yuxunun nə olduğunu bilirəm. Hər halda özüm də həkiməm. Amma mənim gördüklərim yuxuya heç oxşamır.
     - Birincisi, siz dəli deyilsiniz, heç kəs də sizə dəli demir. İkincisi də ki, bir daha təkrarlayıram - yuxularınızın təsiri altında qalmamalısınız. Yaddan çıxarmayın ki, gördükləriniz yuxudur, hallüsinasiyadır. Yatanda irreal həyata addım atırsınız. Orada gördüklərinizi, elə oradaca qoyub qayıdın. Deyirsiniz orada həkimə getsəniz necə olar? Gedin! Nədən narahatsınız? Ola bilsin Toğrulun sizi aparacağı həkim də mənim qoyduğum diaqnozu qoysun, hətta mənim yazacağım dərmanları yazsın. Yuxularınızda, hallüsinasiyalarınızda gördükləriniz çox vaxt şüuraltınızdan qaynaqlanır. Amma siz çalışın oyanandan sonra depressiyaya düşmək yerinə, yuxuda gördüklərinizə güləsiniz. Məsələn yuxularınızı həyat yoldaşınıza həyəcanla, əsəblə danışmaq əvəzinə, gülə-gülə danışın. Deyin ki, “təsəvvür edirsən, yuxuda filan yerə getdim, filan adamı gördüm, mənə filan şeyi dedi”. Yeri gəlmişkən, Sevil xanımla da danışacam. Daim sizinlə bir yerdə olduğu üçün, ona bir neçə məsləhət verməliyəm. Yuxularınızı, oyandıqdan sonra keçirdiyiniz şok vəziyyətini başa düşməlidir.
     -Mən Sevildən narahat deyiləm, narazı da deyiləm - dedim. - Onun yerində başqası olsaydı, məni çoxdan atıb getmişdi. Komaya düşdüyüm dəqiqədən mənim yanımdadır. Məni qorxudan, narahat edən elə mən özüməm. Başa düşmədiyim odur ki, burada sönüb, keçmiş həyatımda oyananda, yuxuya getməmişdən əvvəlki hadisələri saniyəsinə qədər necə xatırlayıram? Necə olur ki, ORADA da şoka düşürəm? Axı yuxu belə olmur! Bağışlayın, mən deyəsən təkrarçılıq eləyirəm.
     -Problem deyil. Həm də, mən sizinlə razıyam. Doğrudan da yuxu belə olmur. Pis yuxu görüb ayılan sağlam adamlar uzaqbaşı bir-iki dəqiqə şok keçirirlər, sonra da gördüklərini tamam unudurlar gedir. Narkoleptiklər isə yuxu ilə reallığı ayırd edə bilmirlər. Bəs psixiatriya elmi nə üçündür? - doktor gülümsündü. - İndiyə qədər sizin kimi onlarla pasientim olub. Hamısı da məni əmin eləməyə çalışıb ki, onlar yuxu görmürlər. Sizcə onlara inanmalıydım?..
     -Murad bəy, nə badə fikirləşəsiniz ki, sizin xəstəliyiniz müstəsnadır, siz başqalarından fərqli olaraq paralel həyatlarda yaşayırsınız, hamı bir yana, siz bir yana. Xeyr, elə şey yoxdur. Sizin kimi keçmişi ilə bu günü arasında var-gəl edən yüz minlərlə adam var dünyada. Sizin keçmişiniz şüuraltınzıda həbs olunub qalıb, arada-bir də üzə çıxır.
     Əlixan qolundakı saata baxıb, masanın küncündən resept bloknotunu götürdü.
     -Dediklərimə riayət etsəniz, bu problemin öhdəsindən asanlıqla gələrik. İndi sizə güclü psixostimulyator yazacam. Metilfenidat preparatı barədə nəsə eşitmisniz? - üzümə baxmadan, yaza-yaza soruşdu.
     -Xeyr, eşitməmişəm.
     -Çox təsirli dərmandır. Bir də Klomipramin adlı antiderpressant yazıram. - Başını qaldırıb üzümə baxdı, - bu dərmanları reseptsiz satmırlar, hər aptekdən də tapmaq olmur. Böyük, məşhur apteklərdən soruşun. Düz bir həftə sonra, sizinlə bir daha görüşəcəyik. Amma siz istənilən vaxt mənə zəng edə bilərsiniz.

5


     Onun mənfur səsi, sanki dərin bir quyunun dibindən gəlmişdi:
     -Cna^aa KpacaBMqa! Ha-ha-ha.
     Başımı qollarımın üstündən qaldırıb, dik atıldım. Qollarım keyimişdi, özümsə iki maşın daş boşaltmış adam kimi hiss edirdim özümü. Elədir, yanılmamışam - klinikada, öz kabinetimdəyəm. Nə qorxu hissi keçirirəm, nə heyrət. Əlixanın yanından çıxıb evə getməyim yaxşı yadımdadır. Hətta yolüstü aptekə dəyib, onun yazdığı dərmanları da almışdım. Onları axşam, yeməkdən sonra qəbul edəcəkdim. Soyuducuda, tavanın içində iki kotlet varıydı. Kotletləri qızdırıb yeyəndən sonra, divana uzanıb xəbərlərə baxmışdım. Belə çıxır ki, divanda yuxuya getmişəm.
     İndi də Asiadentdə, öz kabinetimdəyəm. Qarşımda da Şeyla dayanıb. Onu gördüyüm anda dizlərim titrəmirsə, deməli Əlixanın məsləhətləri təsirli olub. “Keçmişimə səyahətlərim real deyil. Qorxmamalıyam. Gördüklərim sadəcə yuxudur, hallüsinasiyadır. Həyəcanlanmaq qəti qadağandır!” öz-özümə dedim.
     -Toğrul hardadır? - bunu nə üçün Şeyladan soruşuram?
     - İndicə koridorda gördüm, salamlaşdıq. Deyəsən kefi yoxdu. Mənə baxmağından heç xoşum gəlmədi. Nə isə. Saatdan xəbərin var?
     Saata baxdım. Altıya işləyirdi.
     - Bəs mən səhərdən sənin zəngini gözləyirəm, ay vicdansız!
     -Yadımdan çıxmışdı - mızıldandım.
     -Yaxşı, bəs zənglərimə niyə cavab vermirsən?
     Telefonu əlimə götürdüm. Şeyladan beş zəng, Sevildən isə bir mesaj gəlmişdi. “Bu da sənin oğluna münasibətin. İclasa getmək belə çətin işdir? Utanım sənin yerinə. Səndən ata olmaz”. Bu sözlər ürəyimə dağ çəksə də, yaşadıqlarımın reallıq olmadığını yada salıb, cavab yazmadım.
     Başımı qaldıranda, kresloda yerini rahatlayan Şeyla ilə göz-gözə gəldim. Telefonu barmaqlarımın arasında oynada- oynada, özümdən arxayın tərzdə soruşdum:
     - Sənin Gənclikdə villan var? Millionerlər prospektində?
     Çiynini dartıb bir az təəccüb, bir az da istehza ilə:
     -Vaaar - dedi. - Nə olub ki?
     -Biz nə vaxtsa orda olmuşuq?
     - Yox. Dəvət eləmişdim, amma sən gəlmədin. Yadında deyil?
     Sualını eşitməzlikdən gəlib, soruşdum:
     - Bəs səni öldürməyə cəhd etmişəm?
     Əvvəl qımışdı:
     -Xi-xi - sonra birdən ciddiləşdi, - Nə gic-gic danışırsan?
     - Aydındır. Bizim hələ neçə proseduramız qalıb? - telefonu masanın üstünə qoyub soruşdum.
     Çantasından siqaret çıxardıb:
     - O nə sualdır? - dedi. - Bilmirsən ki, hələ iki iynəm var? - siqareti yandırdı.
     -Eləmi?! Yaxşı, keç otur iynəni vurum.
     -Çəkim qurtarım da.
     -Siqaret çəkməyin elə mənim kabinetimə qalıb?
     Külqabını onun qabağına qoydum, sonra da durub nəfəsliyi açdım.
     - Nə deyinirsən ee!? Nə olub sənə bu gün?
     - Heç nə. Nə olmalıdır bəyəm? - elə səmimi təəccüblə soruşdum ki, özüm özümə mat qaldım.
     - Nə bilim. Elə bil başqa adam olmusan. Dünən neynədiniz Toğrulla?
     -Necə yəni neylədik?
     - Dünən suşi yemək təklifimə yox deyib, Toğrulla görüşməyə getdin. Ona görə soruşuram. Deyəsən yaxşı vurmusunuz, hiss olunur. Mən də deyirəm buna nə olub - siqaretdən dərin qullab alıb nazik xətlə tüstünü ağzının kənarından üflədi.
     -Heç nə olmayıb. Yorğunam.
     -Gecə harda qalmısan?
     İtirəcəyim heç nə yoxdursa, kobud danışa, keçmişin bütün acığını ondan çıxa bilərəm.
     -Sənə nə var? Tez elə qurtar siqareti, iynəni vurum.
     Kinayə ilə gülümsəyib siqareti söndürdü. Gözlərini süzüb dedi:
     - Deyəsən məni acılamaqla məndən ayrılmaq istəyirsən, hə? Amma mən bilirəm ki, bu sözlər ürəkdən gəlmir.
     - Sən nə alçaq adamsan - yerimə oturub sakitcə dedim. - Hə də. Kişiyə hədə-qorxu gəlib, onunla yatağa girən qadından başqa nə gözləmək olar? Sən qəhbədən də pissən. Bunu bilirsən?
     Sifəti daşlaşmış, ağzı aralı qalmışdı. Deməli sözlərim hədəfə dəyib. Aha, rəngi də qaçdı. Hətta qorxdum ki, özündən gedər.
     -Sözlərinə fikir ver! Bu nə danışıqdır?
     - Yoxsa neynəyərsən?! İşdən atdırarsan məni? Hə? Niyə susursan? Bilirsən nəyə heyfsilənirəm? Gərək sənin başını doğrudan da əzəydim.
     -Murad! Səbrim tükənir ha! Bəsdir!
     -Soxum sənin səbrinə də, atana da, anana da. Hamınızın var-yoxunu sikim! Başqa sözün?
     Gözlərini qıyıb, titrək səslə, ilan kimi fısıldadı:
     -Kimə arxayınsan belə?! Hə?! Kimə?!
     -Aha! Deməli sənə boyun əymirəmsə, qabağında diz çökmürəmsə, mütləq kiməsə arxayınam? Ola bilməz ki, elə özümdən arxayın olum? Səndən sadəcə olaraq qorxmayım? Şeyla xanım, sizdən qorxmamaq olar? İcazə verirsiniz? - dəli kimi gülməyə başladım.
     Başını bulaya-bulaya bir siqaret də yandırdı. Təmkinli görünməyə çalışaraq:
     -Çox yox, iki gün əvvəl məni vəhşi kimi qayıran adam, bu gün niyə belə danışsın? - yüngülcə öskürüb, külü çırpdı. - Sən belə qudurmusan ki, valideynlərimi söyürsən? Bu dəqiqə zəng vursam, ikicə saniyəyə səni məhv edərlər. Bunu ki, yaxşı bilirsən.
     Ayağa sıçrayıb əllərimi masanın üstünə dirədim, üzümü ona yaxınlaşdırdım.
     - Zəng vur! Tez ol, qəhbə! Zəng vur!
     - Sakit ol! Nə olub ee sənə? Yenə müxalifətçi dostların başını xarab eləyib? Onlara arxayınsansa, bil ki, mən jurnalist zad hərləmirəm ha! - külü qəzəblə çırpıb, şəstlə üzümə baxdı.
     - Bilirəm hərləmirsən. Amma vaxt gələcək hərləyəcəksiniz! Çox az qalıb. Özü də ki, jurnalist dostlarıma niyə arxalanıram? - barmağımla tavana işarə edib, - Bu millət bir gün sizi ordan devirib ağzınıza pox qoyacaq - dedim. - Bax, mən bu millətə arxayınam. Gülməlidir, hə? Gül, gül. Görərik axırda kim güləcək.
     Şeyla xısın-xısın gülməyini dayandırıb, qollarını döşündə çarpaz birləşdirdi. Dimdik gözlərimə baxıb:
     -Bu millət Qənirə Millini devirəcək?! Sən doğrudan buna inanırsan? - soruşdu.
     -O qədər diktator devrilib, Qənirə onlardan artıqdır? Başa düşmədim? - dedim və əlavə elədim, - Qənirə heç diktator da deyil axı. Ona diktator demək, onu Stalinlə, Hitlerlə, Mussolini ilə bir tutmaqdır. Bu isə haqsızlıqdır. Qənirə sovet dövründən qalma cılız, iyrənc, üfunətli bir çuşkadır. Normal ölkələrdə, onun kimisinin heç üzünə tüpürməzlər. Gucci-dən, Armani-dən geyinməklə deyil e! Gərək adam olasan. Zövqün olsun. Mədəniyyətin olsun. Nədir? Nə bərəldmisən gözlərini? İyirmi birinci əsrdə ölkəni bu cür geriçi, feodal üsullarla idarə eləmək, ən azı zövqsüzlükdür.
     Hikkəsindən pörtmüş Şeyla, baxışlarını məndən qaçırdıb pəncərədən bayıra baxdı. Alçaq səslə dedi:
     -Sizə elə hürmək qalacaq. Tarix hələ ki, bizim tərəfimizdədir - siqaretdən axırıncı qullabı alıb, kötüyü hikkə ilə külqabında əzdi.
     - Bahoo! Gör papanın ceyran qızı nə sözlər bilir! - masadan aralanıb kabinetdə var-gəl etməyə başladım. - Tarix sizin tərəfinizdədir, hə? Sən də, sənin atan da, debil Qənirə də tarix hissini itirmisiniz deyəsən. Amma yaddan çıxarırsınız ki, hətta tarix hissini itirmiş hakimiyyətlərə qarşı da, tarix çox amansız, qəddar olur. Fransada oxumaqla deyil ey, madmazel Şeyla. Nə döyürsən gözlərini? Dediklərim çatmır sənə, hə? Bodriyardan bir-iki cümlə əzbərləmisən, Debüssiyə qulaq asıb şərab içirsən, elə bilirsən ağıllısan? Tək sən yox, siz hamınız gicdıllağsınız. Xəbəriniz yoxdur ki, tarix sizə qarşıdır, tarixi inkişaf sizi inkar edir. Ola bilsin siz bundan sonra hələ 50 il də hakimiyyətdə qalasınız, amma nəticə indidən məlumdur. Qənirə deyəndə ki, “Avropa dəyərləri bizə yaddır. Bizim öz dəyərlərimiz var” nəyi nəzərdə tutur, hə?! Öz siyasi, maliyyə maraqlarını, tayfasının xoşbəxtliyini. Düz demirəm? Bəs sən Şeyla? Sənin heç Avropa dəyərlərindən xəbərin varmı? Russodan, Monteskyedən, Peyndən, Ceffersondan, ensiklopedistlərin ideallarından, bu ideallar uğrunda həlak olan insanlardan xəbərin var? Oxumusan? Oxumamısansa neçə illər Avropada nə işlə məşğul olmusan? Səhərdən axşama qədər vurdurmusan, hə? Azadlıq, ədalət, bərabərlik, həmrəylik kimi Avropanın, dünyanın universal dəyərlərindən xəbərin yoxdursa, niyə yaşayırsan?
     Nəhayət! Nəhayət ki, bu qancığın gözlərinin dolduğunu, dodaqlarının titrədiyini görmək mənə qismət oldu. Deməli ondan, atasından, Qənirə Millinin repressiya maşınından doğrudan da qorxmadığımı, axır ki, başa düşdü. Əlbəttə qorxmuram, çünki yuxudayam. Qorxmuram, çünki indi burada qarşımda oturub gəlinciyi əlindən alınmış körpə qızlar kimi gözlərini döyən bu şıltaq qancıq, sadəcə olaraq mənim hallüsinasiyamdır. Olsun, bundan utanmıram. Mən heç olmasa yuxularımda etiraz edirəm, hallüsinasiyamın üzünə öz sözümü deyirəm. Bunu bacarmayanlar da var.
     -Bilirəm, Sənan doldurub sənin beynini. Seçkilər yaxınlaşır, yenə xəyallara qapılmısınız. Elə bilirsiniz nəyəsə nail olacaqsınız - başını endirib alçaq səslə dedi, - Bayaqdan məni təhqir edirsən. Nə tez çıxıb yadından, hə? İki gün əvvəl tamam başqa adam idin axı.
     -Başqa adam zad deyildim! Nəinki iki gün əvvəl, ağlım kəsəni sizin rejimə, sənin kimilərə nifrət etmişəm. Özü də inanırsan inan, inanmırsan cəhənnəmə ki, inan - iki gün əvvəl səninlə sevişməyim heç yadımda deyil. Bildin?!
     -Özünü dəliliyə vurma! Bir həftədən çoxdur hər gün demək olar ki, görüşüb sevişirik - qəzəblə qışqırdı. - Buna sözün nədir? Axı sənin nəyin çatışmır, hə? İşin var, pis qazanmırsan. Razılıq versən, naz eləməsən sənə öz klinikanı açmağa kömək eləyərəm. Bircə dəfə mənə “hə” desən bəsdir. Amma sən neynirsən? Qürurlu adam rolunu oynayırsan. Bəsdir ucuz qəhrəmanlıqlar elədin. Baş qoşma o uğursuzlara, axmaqlara. Görmürsən ki, ac-yalavac adamlardır, əllərindən bir şey gəlmir? Gəlsəydi, çoxdan hakimiyyətdə olardılar.
     -Olacaqlar, az qalıb.
     - Nə danışırsan?! Doğrudan?! Ha ha ha. Tutaq ki, sən deyəndir. Bu gün ki, güc bizdədir, hakimiyyət bizdədir. Buna nə deyirsən?
     - Mən öz sözümü dedim. Sənə də qulaq asmaq istəmirəm. Keç iynəni vurum, rədd ol get. Başımı ağrıtma!
     -Yox! Heç yana gedən deyiləm. Sənə bu gün nəsə olub. Dünən belə deyildin. Yenə başlamısan boş-boş xəyallar qurmağa - ayağa qalxıb pəncərənin yanına, mənə yaxınlaşdı. - Heç kəs sənin qəhrəmanlığına görə sənə çox sağ ol deyən deyil. Deyirsən ki, bu millətə arxalanıram. Hansı millətə? Bu qaragüruha?! - əli ilə küçəni göstərdi. - Qənirə hələ yaxşıdır - bu əclaflar bundan da pisinə layiqdirlər. Hansı müxalifətdən danışırsan? Kimdir müxalifət? Görməmiş çuşkalar! Əllərində imkan olsa, Qənirədən də betər soyarlar ölkəni. Elə bilirsən bunlar iqtidara gəlsə hər şey düzələcək? Bundan da pis olacaq! Yüz dəfə indikindən pis olacaq!
     Acıqla güldüm:
     -Yəni deyirsən sizdən daha pis olmaq mümkündür?
     -Əlbəttə mümkündür.
     -Xahiş edirəm danışma! Danışdıqca daha da poxa batırsan. Gör nə gündəsən! İyirmi birinci əsrdə ərəb dəyərləri ilə yaşayırsan. Fransada oxumusan, amma beynin orta əsr feodalının beynidir. Sənin üçün qanun şah deyil, şah qanundur, hə? Utanmırsan? Bu qədər cılız olmağa utanmırsan? Azərbaycan kimi zəngin dövləti Qənirənin şəxsi xammal koloniyasına çevirmisiniz, hələ də danışmağa diliniz var?
     Bormaşına söykənib, düz qarşımda dayanmışdı. Hiss edirəm ki, mənə toxunmaq istəyir, amma kobud reaksiyamdan ehtiyatlandığı üçün cəsarət etmir.
     -Səninlə mübahisə etmək istəmirəm, dəfələrlə bu barədə danışmışıq - dedi. - Azərbaycanlılar hansı münasibətə layiqdirlərsə, o münasibəti də görürlər. Hələ rejim onlara az edir. Məndən olsaydı doqquz milyonun yeddi milyonunu qaz kameralarında boğardım. Bunlara demokratiya, liberalizm yaraşır? Sən nə danışırsan e? Elə bilirsən Niyazi Salayev öz şəxsi mənafeyini güdmür?
     -Sənə dedim ki, sus! İyrənirəm, başa düşmürsən? - üzümü turşudub üstünə çəmkirdim.
     - Bayaqdan məni təhqir edirsən, mən də çalışıram fikir verməyim, eşitməyim. Sənə pislik eləmək istəsəm, bilirsən ki, mənim üçün bir dəqiqəlik işdir. Amma eləmirəm. Bilirsən niyə?
     Cavab vermədiyimi görüb, “niyə”sini özü dedi:
     -Çünki səni çox istəyirəm.
     - Xalqından bu qədər iyrənən adamın kimisə çox istəməsi qəribədir. Bu da təzə çıxıb deyəsən. Sən hara, sevgi hara?
     -Malı mala qatma. Özünü bu xalqa niyə tay tutursan?
     - Niyə də tutmayım? - tərs-tərs baxıb soruşdum. - Bu xalqdan nəyim artıqdır?
     -Çünki, bunlar üçün müqəddəs heç nə yoxdur, başa düş! Deyəcəksən ki, bu xalqı Milli hakimiyyəti bu günə qoyub? Elə şey yoxdur. Bu xalq tapdalandıqca, əzildikcə şükür eləyir, “Allah ömrümüzdən kəssin, Qənirənin ömrünə calasın” deyir. Öz qorxaqlığını pərdələməkdən ötrü, qorxaqlığına fəlsəfi əsaslar fikirləşib tapır. Sən bu xalqdan hələ nəsə umursan? Sənin kimi savadlı gəncin, peşəkar həkimin bunların arasında nə işi var? Hədər olub gedirsən axı!
     - Bəs nə üçün bu sözləri, xalq haqqındakı fikirlərinizi efirdən açıq-açıq demirsiniz? Özünüz bu dəyərlərə bir osturaq qədər qiymət vermədiyiniz halda muğamdan, milli-mənəvi irsdən, mentalitetdən ağız dolusu danışırsınız. Götünüz çatırsa, səmimi olun da.
     -Daha nə qədər səmimi olaq?
     Bu qız öz həyasızlığı ilə hər dəfə məni heyrətləndirməyi bacarır.
     -Yəni siz çox səmimisiniz?
     - Qənirə özü dəfələrlə deməyib ki, Azərbaycan xalqının mentaliteti, dövləti idarə etmədə bizə çox kömək eləyir? Bunlar debildirsə, başa düşmürlərsə biz neynəyək?
     - Neynəyək? Yaxşı sualdır. Amma nəsə eləmək üçün artıq çox gecdir. Rədd olub getməkdən başqa yolunuz qalmayıb - özümdən arxayın halda, sözlərin üstünə basa-basa dedim.
     - Bunu yaddan çıxar, heç kəs öz xoşuyla hakimiyyəti qoyub gedən deyil. Siz gərək bu rejimlə yaşamağa öyrəşəsiniz.
     -Bəs öyrəşmək istməyənlər neynəsin? - istehza ilə soruşdum. Çiyinlərini dartıb:
     -Nə bilim - dedi. - Ölkədən çıxıb getsinlər.
     - Anlamadım! Siz bizi öz vətənimizdən qovursunuz? Həyasızlığın da bir həddi olmalıdır ya yox?
     - İstəmirsinizsə qalın. Boş, mənasız mübarizənizi aparın. Dostların onsuzda səhərdən-axşamacan qəzetlərdə yazmırmı? Nə xeyri var? Kim oxuyur onların yazdıqlarını?
     - Heç kim oxumasa da, Qənirə özü yaxşı oxuyur. Elə olmasaydı bu ölkədə jurnalistlər qətlə yetirilməz, həbsə atılmazdı. O yazıları heç kim oxumursa, azad mətbuata niyə təzyiq edirsiniz?
     -Heç kəs təzyiq eləmir. Tənqid eləmək istəyirlər buyursunlar tənqid eləsinlər, onlara kim bir söz deyir? Amma Sənan kimi dostların hər gün prezidenti, hökuməti təhqir edəndə, əlbəttə bir gün onlara da payını verən tapılacaq.
     -Hə, bildim, sizə “konstruktiv” tənqid lazımdır. Düzdür? Konstruktiv tənqid! - əlimi yuxarı qaldırıb, artistik əda ilə dedim. - Tənqidin nə vaxt mənası olur? Nəyinsə düzələcəyinə ümidin olanda. Bu iqtidarı islah etmək mümkün deyilsə, hansı tənqiddən söhbət gedə bilər?
     -Deməli təhqir etmək lazımdır?
     -Xeyr. Sizi nə tənqid, nə də təhqir etmək lazım deyil. Heç kəs də etmir. Biz sizi inkar edirik! Başa düşürsən? İNKAR! Sizdən nəsə gözləmirik, sizdən heç nə ummuruq, islahatlara gedəcəyinizə, düzələcəyinizə inanmırıq. Ona görə də tənqidin mənası yoxdur.
     -İnkar - kinayə ilə gülümsəyib təkrarladı. - Guya inkarla nəsə düzəlir? İt hürər, karvan keçər. İnkar etsəniz də, etməsəniz də Qənirə Milli prezidentdir.
     -Düz deyirsən. Dostəliyeva Qənirə yox, məhz Qənirə MİLLİ prezidentir. Ona görə də milli, mənəvi və dini olan hər şey inkar edilmədən, bu yalançı dəyərlərlə söykənən Qənirəni, onun iyrənc iqtidarını rədd eləmək mümkün olmayacaq. Ona görə də biz inkara bu xalqın dəyər bildiyi şeyləri inkar etməklə başlamışıq. O dəyərlər ki, sizə güc verir, sizi oğraşlıqlara ruhlandırır.
     Güldü:
     - Bu dəyərləri inkar edib əvəzində nə təklif edirsiniz? Avropa dəyərlərini?
     -Niyə də yox? Sərf eləmir?
     - Bu qaragüruha, qaraçılara Avropa dəyərlərini təklif edəcəksiniz? Sən bir küçəyə çıx bax gör azərbaycanlılar nəyə oxşayır! Onların sifətindəki debil ifadəyə bax! Sən bir bunların qızıl dişlərinə, qarınlarına, bığlarına, qoyundan da mənasız, ifadəsiz gözlərinə bax. Bunlar hər baxımdan - antropolojik, genetik olaraq - idbar millətdir. Qapqara, eybəcər, murdar! Bu neandertallara Avropa dəyərlərini başa salacaqsınız? Necə?! Bu xalqın neçə faizi sifətdən normal, mədəni insana oxşayır? Neçə faizi adam arasına çıxarılasıdır? Fransada mən bunlardan qaçırdım ki, fransızlar yanımda görüb eyni millətdən olduğumuzu bilməsinlə. Nə ağızlarının danışığını bilirlər, nə geyinməyi bacarırlar, nə sevişməyi bacarırlar, nə tualetdən istifadə etməyi bacarırlar. Bunların toylarına, yaslarına, bayramlarına bax! Bu ibtidai qəbilə Avropa dəyərlərini başa düşəndir? Mağara adamına sivilizasiya öyrədəcəksiniz?
     Hiss edirəm ki, gözlərim hədəqəsindən çıxmağa hazırdır, özüm də hiddətdən qızarmışam. Bircə bunu deyə bildim:
     -Sənin içində nə boyda nifrət varmış!
     -Nədir? Yalan deyirəm? Problem Qənirədə deyil, bu xalq özü Avropanı istəmir! Bu xalqa belə yaşamaq xoşdur! Siz isə zorla bu şarikovlara, it olmadıqları, insan olduqları fikrini yeritmək istəyirsiniz. Alınmayacaq. Vallah alınmayacaq. Dostlarının milli-mənəvi dəyərlərə hücumlarına kim cavab verir, kim sizi lənətləyir? Elə bu vəhşilər deyilmi orda-burda sizə cavab yazan, hücum edən, vətən xaini adlandıran? Bu xalq sizi inkar edir, siz isə bizi inkar etmək istəyirsiniz. Niyə?
     Bu sözləri hansı niyyətlə dediyini çox yaxşı bilsəm də, dediklərində həqiqət payının olduğunu etiraf etməliyəm. Ona necə deyim ki, bu milləti mən də yaxşı tanıyıram? Elə tanıdığım üçün də şüarım “xalq üçün xalqsız”dır. Şeyla bir çox şeyi düz deyir, sadəcə olaraq haqqında danışdığı iyrənclikləri doğuran səbəblər barədə düşünmək istəmir. Ya da düşünmək ona sərf etmir. Vəziyyətin dəyişməsində, mentallığın təftişində maraqlı olmayan rejim, Şeylanın dili ilə hər kəsə məlum olan faktları - səbəb-nəticə əlaqəsinə toxunmadan - konstatasiya edir. Məni də həmişə bu sual düşündürüb - görəsən Azərbaycan xalqından daha ikiüzlü, riyakar, qorxaq, yaltaq xalq varmı dünyada?
     Şeyla üzümə baxır, məndən cavab gözləyir. Xeyr! Onu sevindirəcək, ürəyinə yağ kimi yayılacaq sözləri eşitməyəcək məndən. Dediklərində razılaşdığım məqamların olduğunu əsla bilməyəcək.
     -Olsun - inadla dedim. - Milli cütlüyü öz avtoritar rejimlərini xalqa zorla qəbul etdirə biliblər ya yox? Deməli bizə nə lazımdır? Avropa dəyərlərini də bax beləcə zorla qəbul etdirməyə siyasi iradəsi olan hakimiyyət. Razıyam xalq bilmir, görmür, başa düşmür. Kölədir, yaltaqdır, mütidir. Bu da sizin hakimiyyətinizin zibilləridir. Ona görə də bunların həqiqətə qarşı bağlanmış gözlərini açacaq bir lider lazımdır.
     -Sən qəbul etmək istəmirsən ki, bu qaraçı, eybəcər, mədəniyyətsiz azərbaycanlılara Avropa lazım deyil. Bu dəyərləri zorla qəbul elətdirmək mümkün olmayacaq. Müqavimət göstərəcəklər. Mümkün olsaydı bizim hakimiyyət bunu edərdi. Nədir? Niyə gülürsən? İnanmırsan ki, edərdi?
     -İnanmalıyam?
     - Sənə yüz faiz deyirəm ki, Qənirə Milli özü avropapərəstdir. Geyimindən, özünü aparmağından, maneralarından hiss olunmur bəyəm? O da utanır. Azərbaycanlılar kimi ibtidai xalqa başçılıq etdiyi üçün utanır. Düz deyirsən, iyrənir bu xalqdan.
     -Səmimi sözlərinə görə çox sağ ol - dedim və keçib kresloma oturdum. Şeylaya daha sözüm yoxdur. Mən elə bilirdim bu həyatda hər şeyə hazıram, məni təəccübləndirmək mümkün deyil. Sən demə rejim bu xalqa mən düşündüyümdən də artıq nifrət edirmiş.
     - Dəyməz - dedi. - Yaxşı olardı ki, sən də bu boş xəyallardan əl çəkib, bizim yanımızda olasan. Sənin yerin bura deyil, yüksək cəmiyyətdir.
     -Yəni elita?
     - Niyə də yox? İroniyanı başa düşə bilmirəm. Elita sözündə pis nə var ki? Bəli, biz elitayıq. Bəli, biz bunlardan fərqliyik - geyimimizlə, etiketimizlə, həyat tərzimizlə. Biz bunlara oxşamırıq, biz bunlardan çox ucada dayanmışıq. Sənin də yerin bizim yanımızdır, bu qaragüruhun yox. Avropa dəyərlərini isə yaddan çıxar. Sən bu dəyərləri öz həyatında, yaxınlarının arasında yaşa. Onları xalqa sırımağa çalışma, xeyri yoxdur. Azərbaycanlılar o dəyərlərə heç layiq də deyillər.
     Şeylanın səsi, yenə quyunun dibindən eşidilməyə başlamışdı.

6


     Sevil nə üçün əlimi belə möhkəm sıxıb? Lap sümüyüm ağrıyır. Deyəsən gözlərimi açdığımı, ona baxdığımı da görmür. Fikri haralardasa uzaqlarda dolaşır, gözləri yol çəkir. Üz-gözümü büzüşdürüb:
     -Nə olub? - soruşdum.
     Səksənib yaşlı gözlərini üzümə çevirdi. Elə bil yüz ildir onu görməmişəm deyə, çox darıxmışam. Ona yenidən qovuşmaq, onunla bir yerdə olmaq necə də gözəldir. Sevil, mən və Özgür. Özgür demişkən, o hardadır görəsən? Yatıb? Bura da... bura da evimizə oxşamır. Sevil də ağlayır. Hardayam mən? Bir daha soruşdum:
     -Nə olub Sevil? Haradır bura?
     Həvəssiz, yorğun tərzdə nəsə mızıldandı. Heç nə başa düşmədim. Elə bu məqamda qapı açıldı. Özündən əmin, rahat addımlarla otağa daxil olan bəstəboy, çənəsi saqallı kişinin əynindəki ağ xələtdən, həkim olduğunu anladım.
     -Vəziyyət necədir Sevil xanım?
     -Özünə gəlib doktor. Bu dəqiqə ayıldı.
     Yenə xəstəxana? Görəsən bu dəfə nə olub?
     Ağ xələtli kişi yanıma yaxınlaşıb, çarpayının kənarına oturdu.
     -Salam Murad. Adım Salmandır. Sizin həkiminizəm.
     -Sa... salam. Yenə nəsə olub?
     Doktor əlindən gəldiyi qədər nəzakətlə:
     -Elə də qorxulu bir şey yoxdur, narahat olmayın - dedi.
     Xeyr, bu, eşitmək istədiyim cavab olmadı.
     - Necə narahat olmayım? Sevil, nə olub mənə? Heç olmasa sən danış.
     Amma Sevil danışmaq istəmir, susur. Həyəcanlandığımı görən Salman isə, bu dəfə daha səxavətli oldu.
     - Siz, Zigmund Freud adına 3 saylı ruhi dispanserdəsiniz. Bura necə düşdüyünüz yadınızdadır?
     -X... xeyr. Yadımda deyil. Nə olub ki, mənə? Ruhi xəstəxanada nə işim var? Əlixan hanı?
     Salman sual oxunan gözlərini Sevilə çevirdi. O da çiyinlərini dartıb titrək səslə:
     - Əlixan psixiatrdır - dedi. - Dünən Murad onun qəbulunda olmuşdu.
     -Eləmi? - doktor sayğı ifadə edən gözlərlə mənə baxdı. - Psixiatra getməyə özünüz qərar verdiniz?
     Sevilə baxdım. Bilmədim bu suala o cavab verəcək, yoxsa özüm danışım? Görəndə ki, onda danışmağa hal qalmayıb, mən cavab verdim.
     –Hə, özüm getdim. Daha doğrusu yoldaşımın təkidi ilə.
     -Buna nə səbəb oldu?
     - Bir neçə gün qəribə yuxular görürdüm. Narahat olmağa başlamışdım.
     Çənəsindəki cod saqqalı qurdalayaraq diqqətlə məni dinləyən Salman:
     -Necə yuxular? - maraqlandı.
     - Çox real yuxular. Elə bil yuxu deyildi. Keçmişimə qayıdırdım. Keçmiş həyatımda yaşamağa başlayırdım. Sonra təzədən reallıqda, bu gündə oyanırdım.
     -Aydındır. Əlixan bəy nə diaqnoz qoydu?
     - Narkolepsiya. Dedi ki, yuxu sistemim pozulub. Dərmanlar yazdı, mən də onları aldım.
     Bu sözlərimdən sonra, doktor nə üçünsə üzünü Sevilə çevirdi. Sanki ondan təsdiq gözləyirdi. Sevil isə gözucu mənə baxır, elə bil iyirmi illik fasilədən sonra birinci dəfə gördüyü adamın nə qədər dəyişib dəyişmədiyini müəyyən etməyə çalışırdı. Palatada sükut yarandığını görüb soruşdum:
     -Yaxşı, mənə nə olub axı? Mən bilən xəstəliyim o qədər də ağır deyildi.
     Sevil burnunu çəkib, gözlərinin yaşını sildi. Təmkinlə, xırıltılı səslə dedi:
     -Bu gün Özgürün məktəbinə gedib dava salmısan, söyüş söymüsən.
     Çarpayıya dirsəklənib başımı yastıqdan qaldırdım. Eşitdiklərim ağlasığmaz idi.
     - Mən?! Məktəbə getmişəm? Necə? Ola bilməz.
     Sevil təəssüf ifadə edən baxışlarını üzümdə gəzişdirib başını yırğaladı:
     - Getmisən. Direktorun kabinetində qışqırmısan ki, Qənirə qancıqdır, nə bilim fahişədir, oğlum sizin qulunuz olmayacaq, tüpürüm sizin rejiminizə, prezidentinizə. - Sevil susub çiyinlərini dartdı. - Amma indi Qənirə adlı prezident yoxdur, başa düşürsən? Direktor məcbur olub polis, təcili yardım çağırıb məktəbə. Onlar da səni birbaşa bura gətiriblər. Mənə də Özgürün müəlliməsi zəng edib xəbər verdi.
     Bayaqdan diqqətlə Sevilə qulaq asan Salman:
     - Murad bəy, deyirsiniz ki, belə şey olmayıb? Bəs siz bu günkü günü hara qədər xatırlayırsınız? Hansı hadisədən sonra yaddaşınız qırılıb?
     - Yadımdadır ki, dünən həkimin yanından çıxıb dərmanları aldım, evə gəldim. Evdə yuxuya getdiyim, təzədən keçmiş həyatıma qayıtdığım da yadımdadır. Yuxuda işlədiyim klinikanı görmüşdüm - üzümü Sevilə çevirib dedim. - Yadındadır da? Dünən axşam sənə danışmışdım. Sonra yuxudan oyandım. Bir az sonra da Sevil uşaqla bir yerdə evə gəldilər. Gecə yatanda yuxu görməmişəm, dəqiq yadımdadır. Səhər Sevil oğlumla birlikdə evdən çıxdılar. Onları yola salıb kofe içdim, televizora baxdım. Bir-iki saat sonra da şəhərə, gəzməyə çıxdım.
     Birdən susdum. Alt dodağımı dişləyib hərarətlə düşünməyə başladım, sonrasını yada salmağa çalışdım. Keçirdiyim həyəcan Salmanın diqqətindən yayınmadı. Susqunluğumu fürsət bilib soruşdu:
     -Sonrasını xatırlamırsınız?
     Gizlətməyin, yalan danışmağın mənası yoxdur. Etiraf etməliyəm ki, xatırlamıram.
     -Xeyr, sonrası yadımda deyil.
     - Sonrası elə Sevil xanımın danışdığı kimidir. Saat on bir radələrində getmisiniz oğlunuzun oxuduğu məktəbə, orada dava salmısınız. Direktoru hədələmisiniz, Qənirə Millinin ünvanına təhqirlər demisiniz. Bilirsinizmi, əgər keçmiş quruluş olsaydı siz indi burada yox, polis idarəsində, hardasa zirzəmidə olardınız. Amma Qənirə Milli çoxdan devrildiyinə görə, sizi bura gətiriblər. Hər halda onları da başa düşmək çətin deyil.
     Xəcalətimdən üzümü əllərimlə örtüb, pərişan halda dilləndim:
     - Siz nə danışırsınız?! Mən belə bir hərəkətə yol vermişəm?! Hallüsinasiyalar gördüyümü bilirdim, bunun üçün müalicə olunmağa da başlamışdım. Amma real həyatda...
     - Gördüyünüz kimi etmisiniz - Salmanın sakit, qətiyyətli səsi eşidildi. - İndiki zamanda ola-ola, elə bilmisiniz ki, keçmiş davam edir. Xahiş edirəm bu hərəkətinizi, sizə qoyulan narkolepsiya diaqnozu ilə əlaqələndirməyin. Sizin məktəbə getməyiniz hallüsinasiya deyil. Bu hərəkətə ayıq başla yol vermisiniz.
     - Başa düşürəm - çarəsizliklə dedim. - Bəs indi nə olacaq? Burda qalmalı olacam?
     - Təəssüf ki, bir müddət qalmalısınız. Üzr istəyirəm, amma bu psixoloji vəziyyətdə cəmiyyət üçün təhlükə mənbəyisiniz. Ona görə də, vəziyyətiniz aydınlaşana qədər, sizi burada saxlamağa məcburuq. Nə badə fikirləşəsiniz ki, sizi ruhi xəstə kimi qəbul edirik. Qətiyyən! Eşitdiyimə görə uzun müddət komada qalmısınız. Postkomatoz dövrdə bir sıra problemlər yarana bilər, onları da nəzərə alırıq. Siz özünüz də həkimsiniz. Yəqin ki, məni başa düşürsünüz.
     Doktorla söhbətimə səssizcə qulaq asan Sevilin göz yaşları artıq quruyub. O, həkimin üzünə diqqət və ümidlə baxır, arada da başını əyərək onun sözlərini təsdiqləyir. Sevillə tək qalmağa, söhbət eləməyə şiddətli ehtiyacım var. Salman, sanki fikrimdən keçənləri duyub ayağa qalxdı.
     - Nə isə. Xanımınızla rahat söhbət edin. Hə, onu da deyim ki, bura həbsxana deyil, sadəcə xəstəxanadır. İstədiyiniz vaxt qalxıb dəhlizə, həyətə çıxa bilərsiniz. Amma xəstəxana ərazisini tərk etmək qadağandır. Belə bir cəhd olsa, sizə qarşı ölçü götürməli olacağıq. Bağışlayın, amma bunları deməyə məcburam.
     -Problem deyil - dedim. - Başa düşürəm.
     Salman ikimizə də gülümsəyib palatadan çıxandan sonra, Sevilin əlini tutdum:
     -Danış görüm nə olub!
     - Nə danışım? Dünəndən bu günə qədər hər şey yadındadır. Bircə bu səhər məktəbə gedib qırğın salmağından başqa.
     - Səhər özümü necə aparırdım? Nəsə şübhəli bir hərəkətim olmuşdu?
     - Yox, həmişə necə, bu gün də elə. Hətta Özgürlə zarafatlaşmağa da vaxt tapmışdın.
     -Özgür neynəyir bəs? Xəbəri var?
     Sevil yenə doluxsundu. Gözlərini tavana qaldırdı. Əsəbiləşdim.
     - Xahiş edirəm, yenə ağlama da! Sənin də bu xasiyyətin olmaya!
     -Əlbəttə xəbəri var - udqunaraq dedi. - Məktəbdə hamı səndən danışır. Uşaqlar da ona deyirlər ki, atan dəlidir, başı xarabdır. Anam gedib götürüb onu məktəbdən. Bayaq zəng eləmişdi. Deyir uşaq dayanmadan ağlayır. Başımı yastığa atıb, gözlərimi yumdum. Mənim kimi ata olmaz olsun. Oğluma, yoldaşıma bu günə qədər dərddən başqa heç nə verməmişəm. Heç nə! Gör nə günə qalmışam ki, artıq öz hərəkətlərimə də cavabdeh deyiləm. Sevil isə hələ də yanımdadır, hələ də mənimlədir. Utanıram.
     İlk dəfədir ki, ürək ağrısı ilə müşayiət olunan xəcalət hissi keçirirəm.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.09.2014) | Müəllif: R.C E W
Baxış: 721 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more