Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-7
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Amortizasiya ayırmalarının müəyyən edilməsinin bərabər metodu əsas kapitalın bərabər fiziki və mənəvi köhnəlməsinə yönəldilmişdir. Bunun, əsas kapitalın fiziki aşınmasına münasibətdə qəbul edilməsi mümkündür. Lakin mənəvi köhnəlmə ilə əlaqədar bu sözləri demək olmaz. Çünki elm, texnika, istehsal  texnologiyası qeyri-bərabər inkişaf edir. Əsas kapitalın mənəvi köhnəlməsi əksəriyyət hallarda bərabər sürətlə getmir. Lakin amortizasiya ayırmaları normalarında bu, belə nəzərdə tutulur. Ona görə də amortizasiya normaları elə müəyyən olunmalıdır ki, əsas kapitalın mənəvi köhnəlməsi sürətlə getdiyi halda, bu sahibkara əsas kapitalı başqası ilə əvəz etmək imkanı versin. Bu problemi əsas kapitaldan sürətli metodlarla amortizasiya ayırmaları hesablanmaqla həll etmək olar. Bu zaman deyək ki, ilk üç ildə əsas kapitalın ilk dəyərinin 2/3 hissəsinin məhsulların istehsal xərclərinə daxil edilməsinə imkan verən yüksək normalardan istifadə olunur. Bundan sonra yerdə qalan məbləğ eyni (sabit) amortizasiya normaları ilə sonrakı xidmət illərində «silinir». 
    Hazırda qeyri-bərabər amortizasiya ayırmaları hesablanması qaydası da inkişaf edir. Bu zaman avadanlıqların dəyərinin böyük bir hissəsi ilk illərdə istehsal xərclərinə daxil edilir. Məsələn, avadanlığın dəyərinin birinci il 50%-i, ikinci il 30%-i, üçüncü il isə 20%-i istehsal xərclərinə daxil edilə bilər. Bu, inflyasiya şəraitində müəssisəyə qoydüğu xərci tez bir zamanda «çıxarmaq» və onu avadanlıq parkının daha da yeniləşdirilməsinə yönəltmək imkanı verir. Müəssisələr amortizasiya ayırmalarından müstəqil  istifadə edir, onu elmi-texniki tərəqqiyə, istehsalın inkişaf etdirilməsinə, əsas kapitalın təkrar istehsalı və təkmilləşdirilməsinə yönəldirlər.
 
4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri.

    Istehsalı təşkil etmək üçün təkcə əsas kapital ünsürləri deyil, həm də xammal, material, yanacaq, enerji, yarımfabrikat və s. lazımdır. Bunlar dövriyyə kapitalını əmələ gətirir. Dövriyyə kapitalı ünsürlərinin satın alınmasına sərf edilən vəsaitin dövriyyəsi isə başqa cür olur. Is­teh­sal prosesində emal olunan xammal və materiallar özlərinin əvvəlki is­tehlak dəyərlərini itirir və yeni forma alırlar. Yanacaq, elektrik enerjisi isə xammal və materiallardan fərqli olaraq istehlak edildikcə yox olur­lar. Dövriyyə kapitalı, kapitalın dövranı hər dəfə başa çatarkən tama­milə istehlak olunur və öz dəyərini yeni yaradılan əmtəələrin üzərinə keçirir.
    Kapitalın istehsal prosesində tamamilə istehlak olunan və öz dəyərini istehsal edilən əmtəələrin üzərinə birdən-birə keçirən, kapitalın bir dövranı ərzində istehsal olunmuş məhsulların satışından sonra pul formasında sahibinə qayıdan hissəsinə dövriyyə kapitalı deyilir.
    Dövriyyə kapitalı natural formada istehsalat ehtiyatlarına (an­barda olan xammallar, əsas və köməkçi materiallar, yanacaq, satın alınmış yarımfabrikat və i. a.); az qiymətli, tez xarab olan inventarlara və gələcək dövr xərclərinə (yeni məmulat növlərinin istehsalına hazırlıq, şaxtaların, neft quyularının və s. obyektlərin gələcəkdə istismarı ilə əla­qədar olan xərclər) bölünür.
    Dövriyyə kapitalına qənaət olunması, onlardan istifadə edil­məsinin yaxşılaşdırılması istehsalın səmərəlili­yi­ni yüksəltməyin başlıca amillərindəndir.                                          
    Müasir dövrdə dövriyyə kapitalına qənaət edilməsinin iqtisadi əhəmiyyəti öz ifadəsini aşağıdakılarda tapır:
    -Xammal, material və yanacaq sərfinin azaldılması istehsalda çox böyük iqtisadi səmərə əldə olunmasını təmin edir. Bu, hər şeydən əvvəl eyni miqdarda maddi ehtiyatlardan daha çox hazır məhsul istehsal olunmasına imkan verir və istehsalın miqyasının genişləndirilməsi üçün ilkin şərait yaradır;
    -Maddi ehtiyatlara qənaət olunması və yeni, iqtisadi cəhətdən ən sərfəli materialların istehsalata tətbiq edilməsi təkrar istehsal prosesində ayrı-ayrı sahələr arasında daha mütərəqqi proporsiyaların formalaşmasına və istehsalın sahə strukturunun təkmilləşdirilməsinə imkan verir;
    -Maddi ehtiyatlara qənaət olunmasına cəhd göstərilməsi ən yeni texnikadan istifadə olunması və texnoloji proseslərin təkmilləşdirilməsi üçün stimul yaradır;
    -Maddi ehtiyatların istehlakı zamanı onlara qənaət edilməsi istehsal güclərindən istifadə olunmasının yaxşılaşması və içtimai əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Başqa sözlə, keçmiş, maddiləşmiş əməyə qənaət olunması içtimai əmək məhsuldarlığının yüksəlməsi deməkdir. Digər tərəfdən, maddi ehtiyatlara qənaət edilməsi həm də canlı əməyə qənaət edilməsi deməkdir. Çünki bu zaman materialların yüklənməsi, daşınması, boşaldılması, saxlanılması ilə əlaqədar olan xərclər azalır;
    -Maddi ehtiyatlara qənaət olunması xeyli dərəcədə istehsal xərclərinin azaldılmasına və məhsul vahidinə çəkilən xərcin aşağı salınmasına təsir edir. Hazırda bütün istehsal xərclərinin 3/4 hissəsi maddi xərclərin payına düşür. Gələcəkdə, istehsalın texniki səviyyəsi yüksəldikcə məhsulun istehsalına sərf olunan ümumi xərclərin tərkibində maddiləşmiş əməyin xüsusi çəkisi artmaqda davam edəcəkdir. Deməli, əmək vasitələri və əmək cisimlərindən istifadənin yaxşılaşdırılması gələcəkdə içtimai istehsal xərclərinə qənaət olunmasının əsas istiqaməti olacaqdır; 
    -Maddi ehtiyatlara qənaət olunması istehsal xərclərinin azaldılmasına əhəmiyyətli dərəcədə təsir etməklə, həm də bazar iqtisadiyyatı subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olur.
    Beləliklə, dövriyyə kapitalından istifadənin yaxşılaşdırılması və onlara qənaət edilməsi iqtisadi səmərəliliyin yüksəldilməsində çox böyük rol oynayır.Odur ki, dövriyyə kapitalından istifadəni ifadə edən bir sıra göstəricilər hesab­lanır. Bunlara material, enerji, metal tutumu göstəriciləri misal ola bilər.
    Material tutumu dedikdə sərf olunan xammalların, yanacağın, enerjinin, materialların və dövriyyə kapitalının digər ünsürlərinin, enerji tutumu dedikdə yalnız sərf olunan yanacaq və enerjinin (bir çox hal­larda natural vahidlərlə), metal tutumu dedikdə isə sərf olunan metalın (adətən natural vahidlərlə) istehsal edilən məhsullara olan nisbəti nə­zərdə tutulur. 
    Material tutumu aşağıdakı düsturla hesablanır: 
 
μ = M : Q ∙ 100
 
    Burada: μ – material tutumu (%-lə), M – istifadə olunmuş xammalların, materialların, yanacağın, enerjinin və s. dəyərini (manat), Q – istehsal edilmiş məhsulun dəyərini göstərir.
    «Enerji tutumu» və «metal tutumu» göstəriciləri, material tutu­mu göstəricisinin variantları ola bilər. Yəni kəsrin surətində «M»-in yerinə sərf olunan «enerji» və ya «metal» qoyulur, kəsrin məxrəci isə olduğu kimi saxlanılır.
    Firmalarda xammal, material, yanacaq, enerji və s. yanaşı reallaşdırılmamış hazır məhsullar, hesablaşmalarda və kassada pul vəsaiti və əmək haqqı üzrə xərclər də olur. Bunları «tədavül fondları» adlandırırlar. Kapitalın dövranı prosesində dövriyyə kapitalı ilə tədavül fondları arasında sıx əlaqə mövcuddur. Belə ki, kapitalın döv­ranı hər dəfə başa çatdıqdan sonra onların biri digərinə çevrilir və ta­mamilə bərpa olunur. Dövriyyə kapitalı ilə tədavül fondları ikisi birlik­də «dövriyyə vəsaitini» əmələ gətirir.
    Dövriyyə kapitalından istifadənin səmərəliliyini təhlil edərkən başqa göstəricilərdən də istifadə olunur. Bunlardan biri dövriyyə kapi­talının (dövriyyə vəsaitinin) dövretmə sürətidir.
    Dövriyyə sürəti il ərzində satılmış məhsulların dəyərini dövriy­yə vəsaitlərinin orta illik dəyərinə bölmək yolu ilə, aşağıdakı düsturla hesablanır:
 
Əd.k.d.s. = Qp : Kd
 
    Burada: Əd.k.d.s. – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətini (əmsalını) (dəfə); Qp – satılmış məhsulların dəyərini; Kd – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyərini gös­tərir. 
    Dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, satılmış məh­sulların dəyəri 150 mln. manata, dövriyyə kapitalının (dövriyyə vəsaiti­nin) orta illik dəyəri isə 50 mln. manata  bərabərdir. Bu, onu göstərir ki, dövriyyə vəsaitləri il ərzində 3 dəfə tam dövr etmişdir – (150 mln. manat: 50 mln. manat = 3 dəfə). Bir dövriyyənin müddəti (günlə) gös­tə­ri­cisi isə bir ildəki təqvim günlərinin sayını dövriyyələrin sayına bölmək yolu ilə müəyyən edilir. Həmin misaldakı rəqəmlərdən istifadə etdikdə dövriyyələrin müddəti 120 günə (360 gün : 3 dəfə = 120 gün)1 bərabər olur.
    Bu göstəricilər sahələr üzrə bir-birindən kəskin surətdə fərqlən­sə­lər də, onlar firmada iqtisadi dövriyyənin bir  ildə neçə dəfə və neçə gündən bir baş verdiyini göstərir.
    Dövriyyə kapitalından (dövriyyə vəsaitindən) istifadəni səciy­yə­ləndirməyə imkan verən göstəricilərdən biri də cari satılma (satı­la­bil­mə, pula çevriləbilmə) göstəricisidir. Bunu hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:
 
C S ə = K d : F q. ö.
 
     Burada: CSə – cari satılabilmə əmsalını, K.d. – dövriyyə kapi­talının (dövriyyə vəsaitinin) orta illik dəyərini; Fq.ö. – firmanın qısa müddətli öhdəliyini göstərir.
    Bu göstərici firma tərəfindən götürülmüş öhdəliklərin (qısa müd­dətli borc və kreditlər, kreditor borcları) növbəti ildə yerinə yetirilə bilməsi üçün istifadə oluna biləcək vəsaitin kifayət qədər olub-olma­ması haqqında mühakimə yürütməyə imkan verir.
II mühazirə
Plan
 
    1. Kapitalın qiymətləndirilməsi metodları.
    2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.
    3. Firmanın idarə edilməsi.
 
1. Kapitalın qiymətləndirilməsi metodları.

    Təcrübədə hər bir sahibkarın qarşısına, onun mül­kiyyətində olan kapitalın real bazar qiymətinin müəyyən edilməsi zəruriliyi çıxır. Buna peşəkarların dili ilə «biznesin qiymətləndirilməsi» deyilir. Bu za­man «əsaslandırılmış bazar dəyəri» anlayışından istifadə olunur. Əsas­lan­dırılmış bazar dəyəri dedikdə satıcının öz əmlakını kiməsə satdığı qiymət nəzərdə tutulur. Firmalar (müəssisələr) özlərinə məxsus olan əm­lakı satarkən, onların qiymətləndirilməsinin aşağıdakı metod­ların­dan istifadə edirlər: 1) Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə; 2) Ba­zar konyukturası nəzərə alınmaqla qiymətləndirmə; 3) Xərclər nəzərə alınmaqla qiymətləndirmə.
    Birinci metodun mahiyyəti ondan ibarətdir ki, əmlaka qiymət qoyularkən, gələcəkdə əldə edilməsi mümkün olan gəlirlər nəzərə alınır. Ikinci metodda isə eyni obyektlərin satılması həyata keçirilərkən müqa­yisəetmədən istifadə olunur. Başqa sözlə, eyni təyinatlı hər hansı bir ob­yektin satış qiymətinə istinad olunur. Xərclər nəzərə alınmaqla qiymət­ləndirmə metodunda isə əvvəlcə əmlakın işlənmə müddətində məhsulun üzərinə keçirdiyi dəyər müəyyən edilir, sonra isə təkrar istehsalı və ya dəyişdirilməsi üçün zəruri olan xərclər təhlil olunmaqla ona qiymət qo­yulur. 
    Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu daha geniş yayılmışdır. Burada əsas etibarilə iki üsuldan istifadə edilir. Bunlardan birinə gəlirlərin kapitallaşdırıl­ması, digərinə isə gələcəkdə əldə edilməsi mümkün olan gəlirlərin (pul axınının) uçotu (diskont edilməsi)1 deyilir. Gəlirlərin kapitallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, obyektin bazar dəyəri pul gəlirləri ilə düz, gözlənilən pul gəlirləri ilə isə tərs mütə­nasibdir. Yəni:
 
B D = R : r
 
    Burada: BD – bazar dəyərini, R – illik gəliri, "r” isə gözlənilən gəliri göstərir.
    Gəlirlərin kapitallaşdırılması obyektin faizlə ifadə olunan gə­lir­lilik səviyyəsi, başqa sözlə, mənaca diskont dərəcəsinə yaxın, lakin ona bərabər olmayan göstəricidir. Bu metod bir neçə il ərzində  sabit və dəyişməz məbləğdə gəlir götürüldükdə müəyyən məna kəsb edir. Bu me­toddan daşınmaz əmlakın qiymətləndirilməsində daha geniş istifadə edilir. Məsələn, tutaq ki, Bakı şəhərində ayda 300 dollar kirayə alın­maqla 3 otaqlı mənzil 5 il müddətinə kirayə verilmişdir. Gözlənilən illik gəlir dərəcəsi 10%-ə bərabərdir. Bu o deməkdir ki, illik gəlir 3600 dollar olmaqla, həmin mənzilin bazar dəyəri 36 min dollara bərabərdir.
    Pul axınının uçotu (diskont edilməsi) metodu, obyekti (müəs­si­səni) satın alan investor tərəfindən gələcəkdə əldə ediləcək pul gəliri haqqında proqnoza əsaslanır. Bu hesablamada bankın faiz dərəcəsi müəyyənedici rol oynayır. Onun əsasında investisiya layihələrindən gələcəkdə əldə ediləcək gəlir (%-lə) hesablanır. Bu zaman aşağıdakı düsturdan istifadə olunur:
 
D = Dt : (1+r)

    Burada: D – kapital aktivinin diskont  edilmiş cari dəyərini,  Dt – t qədər ilə bərabər olan dövr üzrə qoyulmuş investisiya vəsaitindən gə­ləcəkdə əldə edilməsi nəzərdə tutulan gəliri; "r” – bank faizi norma­sını göstərir.
    Sənayeyə və digər sahələrə qoyulan investisiyalara görə əldə edilən illik gəlir banka qoyulan depozitə (əmanətə) görə verilən bank faizindən çox olduqda iqtisadi məna kəsb edir. Investisiya haqqında qərarlar qəbul edilərkən cari məqamda bazarda satın alınan investisiya əmtəələrinin qiymətləri, faiz norması, bu əmtəələrin istifadəsindən əldə edilən illik gəlir, xidmətetmə müddəti başa çatdıqda onların qalıq də­yə­ri ilə satılması imkanları kimi parametrlər əsas götürülür. Bu metodun üstünlüyü ondadır ki, o, diskont dərəcəsi vasitəsilə bazarın gələcək kon­yukturasını nəzərə alır. Onun çatışmazlığı isə proqnozun hazırlanma­sındakı çətinliklərlə əlaqədardır. 
    Bazar konyukturası nəzərə alınmaqla qiymətləndir­mədə aşağı­dakı üç üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Söv­də­ləş­mə üsulu; 3) Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymətləndirmə zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın alındığı qiymətlər əsas götürülür. Bu üsul­dan istifadə etmək üçün müqayisə olunan firmaların maliyyə vəziyyət­lə­ri və qiymətlər haqqında dəqiq və ətraflı informasiya olmalıdır. Bu za­man müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.
    Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiy­mət təhlil olunur. Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; in­ves­tisiya kapitalı/mənfəət göstəricilərindən istifadə edilir. 
    Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələr­də sabitləş­miş göstəricilərə əsaslanır. Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə əldə etdiyi mənfəətin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür. Avtomobillərin icarəyə verilməsi sahəsində ixtisaslaşmış agentlik satılarkən hər avtomobilin qiyməti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000-ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır. Bu üsulun üstünlüyü ondadır ki, o, bazar qiymətlərinə əsaslanır. Onun çatışmazlığı isə özünü müqayisə olu­nan şirkətlər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə  aid məlumatların) əldə edilməsindəki çətinliklərdə və dəyişən bazar kon­yukturasının nəzərə alınmamasında göstərir.
    Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı mövcud aktivlər qiymətləndirilir. Bu zaman müxtəlif cür təs­hihetmələr (köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsa­sında müəssisənin maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikili­lər, maşın­lar, avadanlıqlar) və qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir. Bu metodun üstünlüyü on­da­dır ki, o, mövcud aktivlərə əsaslanır. Onun çatışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı çətinlik­lərlə əlaqədardır. 
    Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların hamısından eyni vaxtda istifadə oluna bilər və olunur. Bəzi hallarda bu işə təcrübəli ekspertləri də cəlb edirlər.
    Əsas kapitalın istehsal prosesində uzun müddət istifadə edilməsi, tədriclə aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə olunur. Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi üsullarıdır.
    Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alınması (və ya hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur.
    Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir.
    Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə köhnəlmə məbləği arasındakı fərq nəzərdə tutulur.
 
2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.
 
    Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik gös­təricilərindən istifadə olunur. Bunların seçilməsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki məqsəd; 3) Planlaş­dırma vəzifələri; 4) Digər  məqsədlər.
    Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəri­cilərdən istifadə olunmaqla firmanın fəaliyyətinin nəticələri, onun rəqiblərinin, yaxud da onunla əlaqədə olan firmaların nəticələri ilə müqayisə edilir.
    Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliy­yə­tinə nəza­rət etməsi nəzərdə tutulur. Və bu məqsədlə,  hər hansı bir məhsulun istehsalı ilə əlaqədar səmərəlilik göstəriciləri hesablanır.
    Planlaşdırma sahəsində qarşıda duran vəzifələri müəyyən edər­kən firmaların fəaliyyətində gələcəkdə edilməsi mümkün olan dəyişik­likləri həyata keçirmək üçün hər hansı bir dövr üzrə müxtəlif ehtiyat­lardan istifadə olunmasının və ya onların əlaqələndirilməsinin sərfəliliyi müqayisə edilir. 
    Digər məqsədlərə isə firma rəhbərliyinin kollektiv müqavilə­lərin bağlanması üçün həmkarlar ittifaqı komitəsi ilə apardığı danışıq­lar, dövlət tərəfindən müəyyən olunan, gözlənilən məhdudiyyətlərin qiymətləndirilməsi və s. daxildir.
    Istehsala investisiya qoyulması və məhsulların real­laşdırılması mərhələlərində sahibkarları iqtisadi amillərdən istifadə olunmasının müxtəlif cəhətləri maraqlandırır və bununla əlaqədar olaraq iqtisadi səmərəliliyi ifadə edən aşağıdakı göstəricilər hesablanır: 
    1) Firmanın bütün kapitalının (aktivlərinin) rentabelliyi:
 
R a = M : K
 
    Burada: M – mənfəət, K – firmanın bütün vəsaitlərinin (aktiv­lərinin) cəmi və ya kapitalının dəyəri deməkdir. 
    2) Firmanın bütün kapitalının (aktivlərinin) dövriyyəsi:
 
R d = Q : K
 
    Burada: Q – satılmış məhsulların dəyərini göstərir.
    3) Satılmış məhsul vahidinə düşən xərclər: 
 
S = T C : Q
 
    Burada: TC – ümumi xərcləri göstərir.
    4) Istehsalın rentabelliyi:
 
R = M : (K ə + K d)
 
    Burada: Kə – əsas kapitalın, Kd – dövriyyə kapitalının (dövriy­yə vəsaitinin) orta illik dəyəri deməkdir. 
    Bunların içərisində ən ümumiləşdirici göstərici bütün kapitalın rentabelliyidir.Beləliklə, firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra ümu­mi və xüsusi göstəricilərdən istifadə olunur. 
 
 3. Firmaların idarə edilməsi.
 
    Inzibati, daha dəqiq desək, inzibatiamirlik metodu cəmiyyətdə hakimiyyət və idarəetmə strukturlarına xas olan üsulların toplu­sudur.
    Inzibatiamirlik metodlarından ilk dəfə 1916-cı ildə Almani­yada istifadə edilmiş, keçmiş Sovet Ittifaqında əslində onun mövcud­luğunun lap ilk günlərindən istifadə olunmağa başlanmış, sonralar bu, getdikcə yeni-yeni metodlarla «zənginləşdirilmiş» və demək olar ki, keçən əsrin 80-ci illərində özünün «ən yüksək zirvəsinə» çatmışdı.
    Bazar iqtisadiyyatı şəraitində isə idarəetmənin iqtisadi metod­larına üstünlük verilir. Lakin idarəetmədə inzibati-amirlik və iqtisadi metodlardan istifadə edərkən onları bir-birinə qarşı qoymaq olmaz. Sosial-psixoloji metodlar başlıca olaraq həyatın mənası­nın, cəmiyyətin inkişaf istiqamətlərinin, orada insanların rolu və yerini müəy­yən edən problemlərin həll edilməsi ilə əlaqədardır. Burada kütləvi infor­masiya vasitələrinin (radio, televiziya, mətbuat və s.) əvəzsiz rolu vardır. 
    Idarəetmə müxtəlif səviyyələrdə təşkil edilir və həyata keçirilir. Mikroiqtisadi səviyyədə idarəetmənin başlıca tərkib hissələri marketinq və menecmentdir. 
    Marketinq bazarın mövcud və perspektiv tələbatını öyrənmək məqsədilə əmtəələrin istehsalı üçün texnologiya­nın hazırlanmasından tutmuş onların istehlakçılara çatdı­rılmasına qədər olan dövrdə firma­ların bütün işgüzar fəaliy­yətlərinin əmtəələrin, xidmətlərin satılması  vəzi­fələrinə tabe edilməsi ilə əlaqədar görülən təşkilati işlər sistemidir. Başqa sözlə, marketinq o deməkdir ki, firmalar məhsulları yalnız isteh­sal etməklə kifayətlənmirlər, onlar həm də hazırladıqları əmtəələrə olan tələbatın öyrənilməsi ilə özləri məşğul olurlar.
    Firmaların idarə olunmasının marketinq forması ABŞ-da XX əsrin əvvəllərində məhsulların reallaşdırılma­sı­nın kəskinləşdiyi dövrdə meydana gəlmişdir. Marketinq sisteminə aşağıdakılar daxildir: firmada istehsal edilmiş məhsullara olan tələbatın cari vəziyyəti və tədiyə qabi­liyyətli tələbin dinamikasını öyrənmək; ayrı-ayrı məhsulların, onların «əvəzedicilərinin», habelə eyni növdən olan «əcnəbi» məhsul­ların qiy­mətlərinin dəyişməsi səbəblərini təhlil etmək; yeni tələbatları proqnoz­laşdırmaq; rəqabət aparılan firmalarla mübarizədə reklamdan geniş istifadə etmək; müəyyən imtiyazlar vermək, istehlakçıya verilən hüquq­ları genişləndirmək, lotoreyalar buraxmaq, satış sərgiləri təşkil etmək, bir sıra şərtlər yerinə yetirildikdə mükafat vermək yolu ilə alıcıları özü­nə cəlb etməklə məhsulların satışını stimullaşdırmaq; «alıcı əmtəələri yox, əmtəələr alıcıları tapmalıdır» prinsipini həyata keçirmək; rə­qiblər haqqında material toplamaq və onu qiymətləndir­mək; bazar haqqın­da­kı informasiyaları işləmək üçün EHM-dən istifadə etmək; ayrı-ayrı əmtəələrin satışı üçün bazarları düzgün seçmək və s. və i. a.
    Təcrübədə marketinqin prinsipləri ardıcıl olaraq aşağıdakı mər­hələlərdə yerinə yetirilir: 1) Bazarı hərtərəfli öyrənmək əsasında fir­manın müxtəlif çeşiddə istehsal etdiyi məhsulların siyahısını (o cümlə­dən rəqiblər haqqında planı) tərtib etmək;  2) Nəzərdə tutulmuş istehsal proqramlarını (mal göndərənləri seçmək və onlarla əlaqə saxlamaq, məhsulların çeşidi  və keyfiyyəti üzərində nəzarət etmək) ciddi surətdə yerinə yetirmək; 3) Marketinq proqramlarını – məhsulların satış bazar­larını ələ keçirməyə dair planları – həyata keçirmək.
    Firmalar miqyasında kommersiya fəaliyyətinin sə­mərəli idarə edilməsi təcrübəsinin ümumiləşdirilmiş forması menecmentdir.Meneçment mikrososial idarəetmənin prinsiplərini həyata ke­çi­rir. Bu prinsiplər aşağıdakılardır: hər bir işçinin fərdi imkanlarının maksimum nəzərə alınmasını tələb edən «iqtisadi münasibətlərin huma­nistləşdirilməsi», firmanın tərəqqisi naminə müxtəlif işçi qruplarının həmrəyliyini nəzərdə tutan «işgüzar tərəfdaşlıq»; firmanın hər bir struk­tur pilləsində qərarların müstəqil qəbul olunmasına əsas­la­nan «mərkəzi orqanların bəzi iqtisadi vəzifələrinin» menecerlərə verilməsi.
    Menecment, firmaları istehsalın texnoloji pilləsi deyil, bazar iqtisadiyyatının sosial sistemi hesab edir. Menecmentin əsas istiqa­mət­ləri məhz bununla müəyyən edilir. Bunlar aşağıdakılardır: firmaların və onların arasın­dakı münasibətlərin mikrososial strukturunun (sosial-peşə, mədəni-təhsil, ixtisas və demoqrafiya) aşkara çıxarılması; kol­lek­tiv səyin səfərbərliyə alınmasının başlıca şərti olan kiçik qrupların («sə­lahiyyətli işçi briqadaları», «məqsədli qruplar», o cümlədən mütəxəs­sis­lər arasında) yaradılması.
 
Mövzu 10. İstehsal xərcləri və mənfəət( 4 saat).
Plan
 
     1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.
    2.  Firmaların qısa və uzunmüddətli dövrdə fəaliyyətləri və xərcləri.
    3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyasının genişləndirilməsinin müsbət və mənfi cəhətləri.
    4.  Mənfəətin məzmunu, onun növləri, vəzifələri və artırılması yolları. Normal və xalis mənfəət. 
 
 1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.

    Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ün­sürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edi­lən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məhsulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
    Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar ara­sında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin ha­mı­sının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klas­sik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo is­tehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiy­məti ilə eyniləşdirirlər. Ingiltərə iqtisadçıları R. Torrens, C. Mill, C. Mak-Kulloh belə hesab edirdilər ki, əmtəələrin dəyəri əmək haqqı, mən­fəət və rentadan ibarətdir. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Se­nior istehsal  xərclərinin izahının subyektiv variantını irəli sürmüş­dür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi isteh­lakdan imtina etmələrinin nəticəsidir.
    K. Marksa görə əmtəələrin istehsalı üzrə  cəmiyyətin və müəssi­sələrin istehsal xərclərini bir-birindən fərqləndirmək lazımdır. Məhsul­ların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir.  A. Marşall is­tehsal xərclərinin obyektiv və subyektiv variantlarını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziy­yəti» və sahibkarların «imtinasının» cəmidir.  Müasir dövrdə Qərb ölkələrində istehsal xərclərini həm mahiyyət, həm də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiya­sından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclərinin əsas hissəsi isteh­salda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idi­sə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marke­tinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.
    Kempbell R. Makkonnell və Stenli L. Bryunun  «Eko­no­miks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclə­ri­nə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir»1.
    Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndələrinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miqdarda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.
    Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnif­ləş­dirilir: 1) Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər; 4) Orta və son hədd xərcləri.
    Istehsal xərclərini hər şeydən əvvəl, firma miqyasında nəzərdən keçirmək lazımdır. Bu, onunla əlaqədardır ki, ayrı-ayrı firmalar hər hansı bir məhsulu istehsal etməyi qarşılarına məqsəd qoyarkən birinci növbədə daha çox mənfəət əldə etməyə çalışırlar. Başqa sözlə, hər bir firma elə istehsal prosesi seçməli və təşkil etməlidir ki, bu, eyni miq­dar­da məhsul istehsal etmək üçün daha az istehsal amillərindən istifadə etməyə imkan versin, sahibkar üçün sərfəli olsun. 
    Firmaların məhsul istehsalı ilə əlaqədar çəkdikləri xərcləri iki yerə bölmək olar: 1) Kənar (xarici) xərclər; 2) Daxili xərclər.
Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elek­trik enerjisi satın alır, muzdla tutulmuş işçilərə əmək haqqı verir, gös­təri­lən nəqliyyat xidmətlərinin dəyərini ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin firmalar öz­lərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili xərclər deyilir.       Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır. Xərclərin sərf olunduğu yerlər dedikdə onların sexlər,sahələr və digər bölmələr üzrə müəyyən edilməsi nəzərdə tutulur. Hər məhsul və yerinə yetirilmiş iş növü üzrə də xərclər hesablanır. Bununla əlaqədar olaraq xərclər, kalkulyasiya maddələri və xərc ünsürləri üzrə təsnifləşdirilir.
    Bazar iqtisadiyyatına keçildiyi müasir şəraitdə kiçik və orta müəssisələrin çoxunda kalkulyasiya maddələrinə aşağıdakı xərclər daxil edilir: maddi xərclər (xammallar, materiallar, yanacaq və texnoloji məqsədlər üçün elektrik enerjisi); əmək haqqı xərcləri; idarəetmə və istehsala xidmət göstərilməsi ilə əlaqədar xərclər (üstəlik xərclər). Geniş mənada isə kalkulyasiya maddələri üzrə xərclərə aşağıdakılar daxildir: 1)Xammal və materiallar (tullantılar çıxılmaqla); 2)kooperasiya əlaqələrində olan müəssisələrdən satın alınmış məmulat və yarımfabrikatlar; 3) əsas istehsalat işçilərinin əmək haqqı; 4) istehsalat işçilərinin əlavə əmək haqqı; 5) istehsalat işçilərinin əsas və əlavə əmək haqqına görə hesablanmış sosial sığorta ayırmaları; 6) istehsalın hazırlanması və mənimsənilməsi ilə əlaqədar xərclər; 7)Avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclər; 8) sex xərcləri; 9) ümumzavod xərcləri; 10) zay məhsula görə itkilər; 11) Istehsaldankənar xərclər.
    Xərclər iqtisadi məzmununa (xərc ünsürlərinə) görə aşağıdakı kimi qruplaşdırılır: 1)maddi xərclər (istehsalata qaytarılmış tullantıların dəyəri çıxılmaqla); 2) əmək haqqı üzrə xərclər; 3) sosial ehtiyaclar (məqsədlər) üçün ayırmalar 4)əsas kapitalın (əsas fondların) amortizasiyası; 5)digər xərclər.
    Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xü­su­si əhəmiyyət kəsb edir. Alternativ xərclər dedikdə, daha çox gəlir əldə etmək məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur. 
    Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndirmək la­zım­dır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların isteh­sal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadan­lıq­lar­dan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, renta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmaları­nın bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəs­sisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bila­va­sitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdik­də həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – in­giliscə variable costs). Dəyişən xərclərə xam­mal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əla­qədar olan xərcləri misal göstər­mək olar. Lakin qeyd etmək lazımdır ki, istehsalın həcmi­nin artması ilə əlaqədar olaraq məhsul vahidinə düşən bütün dəyişən xərclərin artması daimi xarakter daşımır. Belə ki, dövrün əvvəlində istehsalın artması ilə əlaqədar olaraq dəyişən xərclər aşağı sürətlə  artır və müəyyən müddə­tədək (adətən is­teh­sal olunan məhsulun dördüncü vahidinədək) da­vam edir. Bundan sonra isə dəyişən xərclər sonrakı hər məhsul vahidi hesabı ilə sürətlə artmağa başlayır.
     Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ gətirir (TC = FC + VC ; TC–ingiliscə total costs). Deməli, istər sabit, istərsə də dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur. Odur ki, istehsalçılar ümumi xərclərə biganə qala bizməzlər. Çünki orta, yaxud da məhsul vahidinə düşən istehsal xərcləri ümumi istehsal xərc­lərindən asılıdır. Bundan başqa, qiymətlər bir qayda olaraq orta is­teh­sal xərcləri ilə müqayisə edilir. Orta istehsal xərclərini üç yerə böl­mək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən orta istehsal xərc­ləri; 3) Ümumi orta istehsal xərcləri.
    Sabit orta istehsal xərcləri (AFC – ingiliscə average fixed costs) sabit istehsal xərclərinin (FC) ümumi məbləğini istehsal edilmiş məh­sulların miqdarına (Q – ingiliscə quantity) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır.
 
AFC = FC : Q
 
    Sabit istehsal xərcləri istehsalın həcmindən asılı olmadığına görə istehsal olunan məhsulun miqdarı artdıqca sabit orta istehsal xərcləri azalırDəyişən orta istehsal xərcləri (AVC – ingiliscə average variable costs) dəyişən istehsal xərcləri­nin (VC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır: 
 
AVC = VC : Q
 
    Dəyişən istehsal xərclərinin ümumi məbləği «səmərəliliyin azal­ması qanunu»na tabe olduğuna görə, bu, öz əksini dəyişən orta istehsal xərclərində tapmalıdır.
    Ümumi orta istehsal xərcləri (ATC) ümumi istehsal xərclərini (TC) istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağı­dakı düsturla müəyyən edilir:
 
ATC = TC : Q
 
    Son hədd xərcləri (MC – ingiliscə marginal costs) dedikdə, əla­və məhsul vahidinin isteh­salı ilə əlaqədar olaraq sərf edilən əlavə xərc­lər nəzərdə tutulur. MC məhsulun hər əlavə vahidinə görə hesablana bilər. Bunun üçün sadəcə olaraq əlavə məhsulun istehsalına sərf olunan xərci, istehsal edilmiş əla­və məhsulun miqdarına bölmək lazımdır. Bunu belə ifadə etmək olar:
 
MC = TC-nin dəyişməsi : Q-nin dəyişməsi
 
    Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çün­ki bu, firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi xərci, yaxud da istehsalın həcmi ixtisar edil­dikdə və buna görə də son məhsul vahidinin istehsalı dayandı­rıl­dıqda əldə edəcəyi «qənaəti» göstərir.
    Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qar­şılıqlı əlaqə vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiy­mətə satın alındığı fərz edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla əlaqədardır ki, son hədd  xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir, yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir. 
    Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir: 1) istifadə olunan texnologiya; 2) iqtisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi texnologiyadan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn, digər şərtlər sabit qalmaqla, istifadə olunan texnologiya və ona uyğun gələn texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifadə olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində 1manat əmək haqqı alır. Deməli, məmulat vahidinin hazırlanmasına çəkilən xərc 10 qəpiyə bərabərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc 10 qəpikdən 8 qəpiyə düşmüşdür. 
    Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti yüksəlir, bəzilərininki isə aşağı düşür. Bu,təbii olaraq onların bir-birini əvəz etməsinə gətirib çıxarır.
 
2. Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri.
 
    Istehsal prosesində istifadə olunan ehtiyatların həcminin də­yişməsinə müxtəlif miqdarda vaxt sərf olunur. Bununla əlaqədar ola­raq qısa və uzun müddətli dövrləri bir-birindən fərqləndirmək lazımdır. 
    Qısa müddətli dövr dedikdə, müəssisənin malik olduğu möv­cud güclərdən istifadənin intensivlik dərəcəsini dəyişdirmək üçün ki­fa­yət edən və özünün istehsal güclərini dəyişdirmək üçün lazım olan dövr nə­zərdə tutulur. Bu dövrdə firmaların istehsal gücləri dəyişməz qalsa da, çox və ya az miqdarda canlı əmək, xammal və başqa ehtiyatları tətbiq et­mək yolu ilə istehsalın həcmini dəyişdirmək olar. Və bu dövrdə möv­cud istehsal güclərindən az və ya çox intensiv istifadə edilir. 
    Uzun müddətli dövr dedikdə, istehsal gücləri də daxil olmaqla bütün iqtisadi ehtiyatların miqdarının dəyişdirilməsi üçün kifayət edən uzun bir dövr nəzərdə tutulur. Uzun müddətli dövrə həmçinin ayrı-ayrı sahələrin mənafeləri baxımından, bu və ya digər sahədə fəaliyyət gös­tərən firmaların ləğv edilməsi və onların bu sahələri tərk etmələri, yeni firmaların meydana gəlməsi və həmin sahələrdə qərarlaşmaları üçün zəruri olan vaxt da daxildir. Beləliklə, qısa müddətli dövr istehsal güclə­rinin dəyişmədiyi, uzun müddətli dövr isə onların dəyişdiyi dövrü səciy­yələndirir.
    Qısa və uzun müddətli dövrlər  bir-birindən yalnız müddətə gö­rə deyil, həm də ümumi təsəvvürlərə görə fərq­lənir. Belə ki, yüngül səna­ye müəssisələrində istehsal güclə­rini az qala bir gecədə dəyişdirmək  müm­­kündür. Lakin ağır sənayedə vəziyyət tamamilə başqadır. Məsə­lən, yeni bir neftayırma zavodu tikdirmək üçün bir neçə il lazım gəlir.
    Firmaların qısa müddətli dövrdə fəaliyyətlərini nəzərdən keçir­dikdə müəyyən miqdarda məhsul buraxılışını təşkil etmək məqsədilə yalnız bir istehsal amilinin dəyişdiyi fərz edilir. Uzunmüddətli dövrdə isə firma müəyyən miqdarda məhsul buraxmaq məsələsini tətbiq olu­nan bütün istehsal amillərini dəyişməklə həll edə bilər. Lakin bu cür qərarların qəbul edilməsi sahibkarın üzərinə böyük məsuliyyət qoyur. Ona görə ki, yol verilən hər hansı bir səhv məhsuldarlığı aşağı olan ava­danlıqların istehsalının təşkili, onların reallaşdırılmasında çətinlik­lərin meydana çıxmasına, bu isə öz növbəsində onun müflisləşməsinə sə­bəb ola bilər. Bundan başqa, uzunmüddətli dövr üzrə qərarlar qəbul olu­narkən gələcəkdə istehsal ehtiyatlarının qiymətlərinin dəyişib-də­yişmə­məsi, bazarın mümkün olan konyukturası, bütövlükdə sahənin vəziy­yə­ti nəzərə alınmalıdır.
    Firma daha çox mənfəət əldə etmək üçün istehsalı elə təşkil etməlidir ki, bu, buraxılan məhsul vahidinə düşən xərclərin azalmasına imkan versin. Qısa müddətli dövrdə firmanın fəaliyyətini nəzərdən keçi­rəndə olduğu kimi, burada da iqtisadi ehtiyatların qiymətlərinin dəyiş­diyi ehtimal edilir.
    Məlum olduğu kimi, əmək və kapitalın həcmi və onlar ara­sın­dakı nisbət müəyyən miqdarda məhsul buraxılmasına imkan verir. Baş­lıca vəzifə bu istehsal amillərinin birinin digəri ilə əvəz edilməsi nəti­cəsində məhsul vahidinə düşən xərclərin azaldılmasına imkan yarat­maqdır. Firma əməyi kapitalla, yaxud da əksinə, kapitalı əməklə o vax­ta qədər əvəz edəcəkdir ki, əmək amilinin bir manatına düşən son məhsul, kapitalın bir manatına düşən son məhsula bərabər olsun. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, ay əzində əmək vahidinin dəyəri 250 manat, kapital vahidinin dəyəri isə 100 manat təşkil edir. Indi de­yək ki, hər əlavə kapital vahidinin müqabilində məhsul buraxılışı 10 vahid artır, yəni kapitalın son məhsulu 10-dur, əməyin son məhsulu isə 5 vahidə bərabərdir. Deməli, əlavə əmək amili, əlavə kapital amili ilə əvəz olunmalıdır. Çünki əlavə  kapital amili daha çox səmərə verir. Bu 10/100>5/250  formulu ilə əlaqədardır.  
 
3. Miqyasın səmərəliliyi və ya isteh­salın miqyasının genişləndirilməsinin müsbət və mənfi cəhətləri.
 
    Təcrübə göstərir ki, istehsalın miqyasının genişləndirilməsi mü­əy­yən dövr ərzində məhsul vahidinə çəkilən xərclərin azalmasına, sonra isə artmasına səbəb olur. Bunlardan biri istehsalın miqyasının səmərəli, digəri isə sə­mə­rəsiz ol­ma­sıdır. Başqa sözlə, müəssisələrin həcmi genişləndikcə bəzi amil­lər or­ta istehsal xərclərinin aşağı düşməsinə, bəziləri isə əksinə art­masına sə­bəb olur. Birinci qrup amillərə başlıca olaraq əməyin, o cümlədən ida­rə­etmə əməyinin ixtisaslaşdırılmasını, kapitaldan səmərəli istifadə olun­masını, köməkçi məhsullar istehsalının təşkilini misal göstərmək olar. 
    Əməyin ixtisaslaşdırılması səviyyəsinin yüksəldil­mə­si isteh­salın miqyası genişləndikdə mümkündür. Əlavə muzdlu işçilərin işə qəbul edilməsi o deməkdir ki, tapşırıqlar onlar arasında daha konkret bölünə bilər. Başqa sözlə, əməyin ixtisaslaşdırılması dərinləşdikdə hər bir işçi istehsal prosesinin gedişində bir neçə əməliyyatı yerinə yetirmək əvəzi­nə, konkret olaraq bir əməliyyat üzrə tapşırıq alır. O, bütün iş gü­nü ərzində özünün ixtisasına uyğun gələn əməliyyatı yerinə yetirməklə məş­ğul olur. Kiçik müəssisələrdə isə ixtisaslı işçilər bəzi hallarda iş gününün yarıya qədərini heç bir ixtisas tələb etməyən işlərin yerinə yetirilməsinə sərf edir ki, bu da istehsal xərclərinin artmasına səbəb olur. 
    Istehsalın miqyasının geniş olması idarəetmə ilə məşğul olan iş­çilərin əməyindən səmərəli istifadə edilməsinə imkan verir. Məsələn, 30 nəfər işçinin əməyinə nəzarət etmək qabiliyyətinə malik olan rəhbər işçinin əməyi 10 nəfər işçisi olan kiçik müəssisədə az səmərəli olur. Bu isə o deməkdir ki, bu halda iri müəssisələrdə idarəetmə aparatı dəyiş­məz qalmaqla sənaye–istehsal heyəti işçilərinin sayının üçqat artırıl­ması imkanı var. Eyni zamanda qeyd etmək lazımdır ki, kiçik firmalar idarəetmə ilə məşğul olan mütəxəssislərin əməyindən öz təyinatlarına görə istifadə etmək imkanına malik deyildirlər. Kiçik firmalar əksəriyyət hallarda mütərəqqi texnologiyaya əsaslanan avadanlıqlardan istifadə edə bilmirlər. Çünki bir çox məhsul növlərinin istehsalı üçün istifadə edilən maşınları satın almağa onların gücü çatmır. Deməli, ən yaxşı avadanlıqları iri müəssisələr satın ala və istehsal prosesində istifadə edə bilirlər. Istehsalı iri miqyasda iəşkil edən müəssisələr kiçik müəssisələrə nisbətən əlavə məhsul istehsalını təşkil etmək imkanına malikdirlər.  Mə­sələn, ətin qablaşdırılması ilə məşğul olan iri müəssisələr, əmələ gələn tullantılardan yapışqan, gübrə, dərman preparatları və bir sıra digər məhsullar hazırlayırlar, halbuki kiçik müəssisələr üçün bunlar iqtisadi cəhətdən sərfəli deyildir. 
    Lakin istehsalın miqyasının həddindən artıq genişləndirilməsi mənfi iqtisadi nəticələrə və deməli, məhsul vahidinə düşən istehsal xərc­lə­rinin artmasına gətirib çıxara bilər. Miqyasın genişləndirilməsinin mən­fi cəhətləri idarəetmədə baş verən çətinliklərlə əlaqədardır. 
    Beləliklə, nəzərdən keçirilənlərə əsasən belə bir ümumi nəticə çıxarmaq olar ki, miqyasın səmərəsinin aydınlaşdırılmasına müsbət və mənfi cəhətdən yanaşmaq lazımdır. Istehsalın genişləndirilməsinin müs­bət cəhətləri aşağıdakılarla əlaqədardır: 
    – Müəssisələrin həcmi böyüdükcə istehsalda və idarəetmədə ix­tisaslaşdırmanın üstünlüklərindən istifadə olunması imkanları da artır;
    –Daha iri müəssisələrdə yüksək məhsuldarlıqlı və çox qiymətli avadanlıqlardan istifadə edilməsi  mümkün olur;
    – Əsas istehsalatların tullantıları əsasında məhsul buraxılışını təşkil etmək üçün fəaliyyətin diversifikasiyalaşdırıılması, köməkçi isteh­salatların yaradılması imkanı daha böyük olur; 
    Miqyasın mənfi cəhətləri həddən çox böyük firmalarda ida­rəet­mənin pozulması ilə əlaqədardır. Çünki: 
    – Müəssisələrin ayrı-ayrı bölmələri arasındakı qarşılıqlı əla­qə­lərin faydalılığı azalır, firma çevikliyini itirir;
    – Firmaların rəhbərliyi tərəfindən qəbul olunan qərarların hə­ya­­ta keçirilməsinə nəzarət çətinləşir; 
    – Firmaların ayrı-ayrı bölmələrində «yerli» maraqlarla ümumi maraq arasında ziddiyyət əmələ gəlir; 
    – Firmaların həcmi böyüdükcə qərarların qəbulu üçün lazım olan informasiyaların verilməsi və «işlənməsi» ilə əlaqədar olan xərclər artır;
    Miqyasın səmərəliliyi müxtəlif sahələrdə eyni deyildir. Elə sa­hə­lər var ki, bazarın tələbini ödəmək üçün kifayət edən çox böyük həcmdə məhsul buraxıldıqda da xərclər minimuma enir. Bunlara təbii inhi­sar­ların mövcud olduğu sahələri misal göstərmək olar. Xərclərə qənaət et­mək məqsədilə belə sahələrdə bir iri firmanın fəaliyyət göstərməsi məq­sədəuyğundur. Təbii inhisarlara iri şəhərlərin elektrik, qaz, su təc­hizatı müəssisələri misal ola bilər. Təbii inhisarların fəaliyyəti dövlət tərəfin­dən tənzimlənir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (19.11.2013) | Müəllif: R.C E W
Baxış: 832 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more