Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-3
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Bir sıra səbəblər üzündən əmtəələr həmişə nəqd pula satılmır. Odur ki, əmtəələrin möhlətlə, pulu müəyyən müd-dətdən sonra ödənilməklə alınıb-satılması zəruriliyi meyda-na çıxır. Bu zaman pul vəzifəsini borc öhdəlikləri, məsələn, veksellər yerinə yetirirlər. Lakin ödəmə vaxtı çatdıqda alıcı (debitor) borc təəhhüdündə göstərilən məbləği satıcıya (kreditora) verməyə borcludur. Bu zaman pul tədiyə vasitəsi funksiyasını yerinə yetirir. Ssudaların qaytarılması, icarə haqqı və vergilər, göstərilən xidmətlərin dəyərinin ödənil-məsində də pul tədiyə vasitəsi rolunda çıxış edir.
    Pul yalnız ölkə daxilində deyil, həm də ölkələr arasın-dakı iqtisadi münasibətlərdə vasitəçilik edir. Deməli, pulun vəzifələrindən biri də onun dünya pulu olmasıdır. Pulun bu funksiyasının meydana gəlməsinin maddi ilkin şərti əmtəə istehsalının inkişafı və əmtəə mübadiləsinin milli sərhədləri aşması olmuşdur. Başqa sözlə, pul, dünya baza-rında milli libasını atır və külçə formasında çıxış edir. Keçmiş zamanlarda, bəzi ölkələrdə qızıl, bəzilərində isə gümüş, pul kimi işlədildikdə dünya bazarlarında iki dəyər ölçüsü – qızıl və gümüş – hökmranlıq etmişdir.
    Beləliklə, pul, nəzərdən keçirilən vəzifələri yerinə yetirməklə gəlirlərin və məhsulların dövranı prosesində, habelə dövlətlər arasındakı iqtisadi münasibətlərdə vasitəçilik edir. Dövriyyədə olan pulun miq-darı əmtəəlrin miqdarına uyğun gəldikdə milli iqtisadiyyat çərçivəsində makroiqtisadi tarazlıq üçün zəmin yaradılmış olur.

4.Pulun növləri. 



    Ilk dəfə bir sıra əmtəələr – xəz, mal-qara, balıq, duz, tütün və i.a. – pul kimi işlədilmişdir. Lakin zaman keçdikcə aydın olmuşdur ki, müxtəlif əmtəələr pul kimi istifadə olunsalar da, onların bir sıra çatışmazlıqları vardır. Başqa sözlə, pul kimi işlədilən əmtəələr (və ya pulun hazırlanması üçün istifadə olunan material) köhnəlməyən, yüngül, sabit, eynitipli, bölünə və tanına bilən olmalı və s. tələblərə cavab verməli idi. Məhz qiymətli metallar göstərilən tələblərə cavab verdiklərinə görə pul vəzifəsini yerinə yetirmişlər. Lakin qeyd etmək lazımdır ki, tədavül və yığım vasitəsi funksiyalarını yerinə yetirən pulların çəkisi ağır, nominal dəyəri yüksək, ticarət əməliyyatlarının həyata keçirilməsi üçün münasib deyildi. Ona görə də bütün bunlar nəzərə alınmaqla pulun hazırlanması üçün ən münasib material kimi kağızdan istifadə olunmasına üstünlük verilmişdir.


    Iqtisadi ədəbiyyatda kağız pulların XVII-XVIII əsrlərdə buraxılması haqqında fikir geniş yayılmışdır. Qeyd olunur ki, kağız pullar ilk dəfə 1690-cı ildə Şimali Ameri-kada Masaçusets ştatında, XVIII əsrin birinci yarısında isə digər ştatlarda buraxılmağa başlanmışdır. Uzun müddət davam etməsə də (1716-1720-ci illər) Avropada kağız pullar buraxılması təcrübəsinin Fransaya məxsus olduğu göstərilir. Lakin qeyd etmək lazımdır ki, tədqiqatçıların fikrincə, məcburi kağız pul nişanları 812-ci ildə Çində buraxılmışdır. Və tarixi mənbələrlə tanışlıq belə bir qənaətə gəlməyə imkan verir deyək ki, məcburi kağız pullar XIII əsrdə Azərbaycanda da buraxılmışdır.
    Kağız pullar tam qiymətli pulların nişanı, təmsilçisi olmaqla, dövlətin öhdəliyini ifadə edir və məcburi məzənnə ilə hazırlanır. Deməli, kağız pulların alıcılıq qabiliyyətinin aşağı düşməsi təkcə əmtəə və xidmətlərin qiymətlərinin bahalanması ilə deyil, həm də hakimiyyət dəyişikliyi, əhalinin dövlətə olan inamının azalması ilə əlaqədardır. Kağız pulların emissiyası əsas etibarilə dövlət xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsinin zəruriliyi ilə bağlıdır. Əlbət-tə, kağız pulların istənilən qədər kəsilməsi mümkündür. Lakin belə olduqda, o, qiymətdən düşür. Ona görə də kağız pullardan bir qayda olaraq yığım vasitəsi kimi istifadə olunmur.
    Kredit münasibətlərinin inkişaf etməsi ilə əlaqədar olaraq kredit pulları meydana gəlmiş və onun əsas növləri veksel, banknot və çekdir.
    Veksel, nəzərdə tutulmuş müddətdə müəyyən məbləğdə pulun qeyd-şərtsiz ödənilməsi üzrə öhdəlikdir. Bu, sahibinə müəyyən olunmuş müddət başa çatdıqda həmin məbləği tələb etmək hüququ verir. Digər borc öhdəlikləri ilə müqayisədə vekselin bir sıra xüsusiyyətləri vardır. Bunlar ondan ibarətdir ki, veksellər mücərrəddir, milli qanunvericiliklə rəsmiyyətə salınır, tədavüldə nəqd pul kimi istifadə oluna bilir, onun üzərində borc təəhhüdünün konkret səbəb-ləri göstərilmir və s. və i. a.
    Banknotların əsas əlamətləri aşağıdakılardır. Banknotlar: 1) Kommersiya veksellərinə dəyişdirilmək üçün mərkəzi banklar tərəfindən buraxılır; 2) Tələb olunduqda qızıla dəyişdirilir. Çünki klassik banknotlar ikili təminata, bir tərəfdən veksel (əmtəə), digər tərəfdən isə qızıl (mərkəzi bankın qızıl ehtiyatı) kimi istifadə olunmaq səlahiyyətinə malikdir.
    Kommersiya vekselləri banknotların əsasını təşkil etsə də, onların arasında aşağıdakı fərqlər də vardır: 
    1)Veksel üzrə borclu fəaliyyətdə olan sahibkar (tacir və ya sənayeçi) olduğu halda, banknot üzrə borclu mərkəzi bankdır; 
    2) Banknotlar kredit pulları olmaqla, xüsusi keyfiyyətə – ümumi tədavül vasitəsi olmaq qabiliyyətinə malikdir. Veksellər isə ümumi ödəmə vasitəsi deyildir; 
    3)Banknotlar müddətsiz öhdəlikdir. Vekselin tədavülü isə onun ödənilmə müddəti ilə məhdudlaşır. Çek–üzərində müəyyən məbləğin göstərildiyi və xü-susi forma-da olan pul sənədidir. Onun sahibi çeki başqasına verməklə, bir növ kredit təşkilatlarına öz hesabından onu təqdim edən şəxsin hesabına pul köçürülməsinə, yaxud da onun nəqd qaydada ödənilməsinə dair rəsmi əmr vermiş olur. Çek ilk dəfə pulun saxlanması müqabilində əmanətçi-dən müəyyən məbləğdə pul tutulması və buna dair qəbz ve-rilməsi formasında XIV əsrdə Böyük Britaniya və Hollandiyada meydana gəlmişdir.
    Lakin sonralar, çeklərlə aparılan əməliyyatlar bir sıra problemlərin meydana çıxmasına səbəb olmuşdur. Bu, birinci növbədə onların ödənilməsi və çek kitabçalarında çoxsaylı imzaların nəzərdə tutulması ilə əlaqədardır. Ona görə də çeklərin kredit vərəqələri ilə əvəz edilməsi lazım gəlmişdir. Kredit vərəqələri bank və ya ticarət firmaları tərəfindən buraxılan, bankda hesabı olan sahibkarın şəxsiyyətini təsdiq edən və ona pərakəndə ticarətdə nəqd pul ödəmədən əmtəə və xidmətləri satın almaq hüququ verən sənəddir. Bunun inkişafı gedişində təyinatlarına, funksional və texniki xarakteristikalarına görə fərqlənən plastik vərəqələrin müxtəlif növləri meydana gəlmişdir.
    Hesablaşmaların həyata keçirilməsi mexanizmindən asılı olaraq ikitərəfli və çoxtərəfli vərəqə sistemləri bir-birindən fərqləndirilir. Ikitərəfli hesablaşma iştirakçılar arasında razılaşma əsasında apa-rılır. Çoxtərəfli hesablaşma sistemində isə həmin vərəqələri ödəniş vasitəsi kimi təqdim etməklə tacirlərdən və xidmət təşkilatlarından əmtəələri möhlətlə satın almaq olur.
    Kredit vərəqələri ilk dəfə XX əsrin 50-ci illərində ABŞ-da meydana gəlmişdir. Bundan sonra isə minlərlə iştirakçı bankları birləşdirən iri assosiasiyalar formalaşmışdır. Hazırda ABŞ əhalisinin demək olar ki, hamısı, bir, əksəriyyəti isə bir neçə bank vərəqəsinin sahibidirlər. Bu qayda ilə hesablaşmalar dünyanın bir çox ölkələrində geniş yayılmış, beynəlxalq xarakter almışdır.
    Yuxarıda göstərilənlərlə yanaşı, əksəriyyət hallarda "demək olar ki, puldur" deyilən pul da mövcuddur. Bu, qəti müəyyən edilmiş dəyərə malik və satılması mümkün olan, asanlıqla nəqd pula, yaxud da çek qoyuluşlarına çevrilə bilən aktivlərdir. Doğrudur, onlardan bilavasitə tədavül vasitəsi kimi istifadə olunmur, lakin onlar pulun yerinə yetirdiyi dəyərin (sərvətin) qorunub saxlanması vəzifəsini müvəffəqiyyətlə yerinə yetirirlər. "Demək olar ki, puldur" adlandırılan pula çeksiz həyata keçirilən əmanət hesabları, müddətli əmanətlər və dövlətin qısa müddətli qiymətli kağızları aiddir.
Mövzu 5. Bazar iqtisadiyyatı və onun əsas cəhətləri.( 2 saat)
Plan



    1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.
    2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.
    3.Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.
    4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.
    5. Bazarın tənzimlənməsi metodları.

1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.



    Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrüfatdır. Bu təsərrüfatda hazırlanan məhsullar istehsalçının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənilməsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallarda istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir. Istehsalın natural forması əməyin məhdud mənada ictimai xarakter daşımasının nəticəsi kimi meydana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi tarixinin «istehsal» mərhələsini təşkil edir və minilliklər ərzində davam etsə də, zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir.
    Əmək bölgüsü və əməyin ixtisaslaşması–məhdud miqdarda ehtiyatların hər birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək məqsədilə, ayrı-ayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi üçün nisbi əlahiddələşmə deməkdir. Hansı miqyasda həyata keçirilməsindən asılı olmayaraq əmək bölgüsü əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Müxtəlif ixtisas və peşələrin bir-birindən ayrılması da məhz bu üstünlüklərlə əlaqədardır. Əmək bölgüsü şəraitində hər bir adamın tələbatının çox cüzi bir hissəsi onun özünün istehsal etdiyi məhsullar hesabına ödənilə bilər. Hər bir adam öz tələbatının çox böyük hissəsini özünün istehsal etdiyi məhsulları başqa adamların əmək məhsulları ilə mübadilə etməklə ödəyir. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın meydana gəlməsinin obyektiv şərtlərindən biridir.
    Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Bunlardan birincisi, heyvandarlığın əkinçilikdən ayrılması, ikincisi, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, üçüncüsü tacirlərin meydana gəlməsidir. Sonralar, sahələr «parçalanmış», ixtisaslaşdırma daha da dərinləşmişdir ki, bu da mübadilənin genişləndirilməsini zəruri etmişdir.
    Əmək bölgüsünün meydana gəlməsinin nəticəsidir ki, qədim maldarların əkinçilik məhsullarına, əkinçilərin isə maldarlıq məhsullarına ehtiyacı olmuşdur. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə əmək bölgüsü dərinləşir, bunun nəticəsində isə mübadilənin dairəsi genişlənirdi. Mübadilə əvvəlcə icmaların daxilində baş verdiyi halda, sonralar icmalararası əlaqələr meydana gəlmiş və o, ilk öncə primitiv xarakter daşımışdır.
    Mübadilənin inkişafı pulun meydana gəlməsinə səbəb olmuş və bu da öz növbəsində hər hansı bir məhsulu satmaq məqsədilə onun istehsalının genişləndirilməsini stimullaşdırmışdır. Əmtəə istehsalı yalnız bu zaman, yəni istehsalçının məhsulu özünün şəxsi tələbatının ödənilməsi üçün deyil, başqalarının tələbatının ödənilməsi üçün, bazar üçün istehsal etdiyi zaman meydana gələ bilərdi.
    Beləliklə, yuxarıda nəzərdən keçirilənləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, natural təsərrüfat strukturlarının artması içtimai əmək bölgüsünün meydana gəlməsinə səbəb olmuşdur. Ictimai əmək bölgüsü isə ikili məzmuna malikdir. O bir tərəfdən istehsalçıları bir-birindən ayırır, digər tərəfdən isə onları bir-birindən asılı vəziyyətə salmaqla, birləşdirir. Bunların nəticəsində isə istehsal «ayrılır», əvvəlcə «bölgü», sonra isə «yenidənbölgü» onların arasına «girir» və bununla da cəmiyyətin iqtisadi tarixinin «iqtisadiyyat» mərhələsi formalaşmış olur. «Istehsal» mərhələsindən fərqli olaraq «iqtisadiyyat» mərhələsində istehsalçılar arasındakı qarşılıqlı əlaqələr həm istehsal, həm də istehsaldankənar sahələri əhatə etmişdir. Bu isə əmək məhsullarının «əmtəəyə», mübadilənin özünün «bazara» çevrilməsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu, hələ bazar iqtisadiyyatı demək deyildi. Bəşəriyyət bazar iqtisadiyyatının formalaşmasına doğru uzun bir yol keçməli idi. Ona görə ki, cəmiyyətin iqtisadi tarixinin ikinci mərhələsində bazar hələ də istehsala tabe idi və qiymətləri alıcıya satıcı dikdə etdiyinə görə o, «satıcı bazarı» olaraq qalırdı.
    Bütün bunlara əsasən demək olar ki, bazar iqtisadiyyatına keçid bəşəriyyətin iqtisadi tarixində keyfiyətcə yeni-üçüncü mərhələdir. Bu mərhələdə istehsalçı öz üstünlüyünü itirmiş, istehlakçı ilə qarşılıqlı dialoqa girmiş və nəticədə «bazar iqtisadiyyatı» formalaşmışdır. Hazırda inkişaf etmiş ölkələrdə bazar münasibətləri ən yüksək səviyyəyə çatmışdır. Bu deyilənlərdən aydın olur ki, cəmiyyətin iqtisadi tarixi hələlik «istehsal», «iqtisadiyyat» və «bazar iqtisadiyyatı» mərhələlərini əhatə edir.
    Bazarın meydana gəlməsinin ikinci şərti istehsalçıların iqtisadi cəhətdən əlahiddələşməsidir. Əmtəə mübadiləsi hökmən ekvivalentliyə əməl olunmasını nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvivalent olan başqa bir əmtəə əldə etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahiddələşməsi əsasında mümkündür. Bu əlahidddələşmə tarixən xüsusi mülkiyyətin bazasında meydana çıxmışdır. Sonralar isə o, hər hansı bir yerli mənafe dairəsi ilə məhdudlaşmaqla, həm də kollektiv mülkiyyətə (kooperativlər, səhmdar cəmiyyətləri, dövlət müəssisələri, dövlətin iştirakilə qarışıq müəssisələr və i. a.) əsaslanmağa başlamışdır.
    Ölkələrin çoxunda icma iqtisadi münasibətlərinin təkamülü və klassik bazar sisteminin meydana gəlməsi torpaq üzərində xüsusi mülkiyyət ənənələri ilə əlaqədardır. Beləliklə, əmək bölgüsü və istehsalçıların iqtisadi cəhətdən əlahiddələşməsi – əmtəə istehsalının və deməli, bazar münasibətlərinin meydana gəlməsinin obyektiv şərtləridir.

2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.



    Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. Deməli, bazarın yalnız məhsulların və xidmətlərin istehlakçılara çatdırılması ilə «məşğul olan struktur» kimi səciyyələndirilməsi onun mənasının məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prosesinin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əlaqə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oynayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.
    Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplusudur; 2) Alıcı-larla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxilində və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağlayan mübadilə dairəsidir; 4) Əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.
    Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündəlik tələbat məhsullarının reallaşdırıldığı sadə formada meydana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş dərəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəələrinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyutaların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r. Bütün bunlara əsasən bazarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1) Işçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı); 3) Investisiya əmtəələri bazarı; 4) Istehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Texnologiya bazarı; 7) Intellektual mülkiyyət ünsünləri bazarı.
    Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi hadisələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (milli), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya hazır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft, pambıq, üzüm və i. a.), ölkələrarası və s. olduğunu demək olar. Bazarları, həmçinin bazar münasibətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqləndirmək mümkündür.
    Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. Onların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqalarına da təsir edir.
    Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrüfat həyatının bütün sahələrinə təsir edir və: 1) Informasiyavermə; 2) Vasitəçiliketmə; 3) Qiymətəmələgətirmə; 4) Tənzimləmə və 5) Sağlamlaşdırma vəzifələrini yerinə yetirir.
    Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.
    Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miqdarda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haqqında ümumi məlumat verən nəhəng kompüterə çevirir. Bu, hər bir müəssisəyə, özünün xüsusi istehsalını bazarda daim dəyişən şəraitlə müqayisə etməyə imkan verir.
    Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növbədə istehsala təsir göstərməsi ilə əlaqədardır. Bazar P. Samuelson tərəfindən müəyyən edilmiş: «Nə istehsal etməli?», «Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?» suallarına cavab verir. Həm də, bazarı rəqabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahədaxili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınma-sı, əmək məhsuldarlığının yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal quruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yaradır.
    Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mühüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşağı düşməsi isə ixtisar olunmasına işarədir.
    Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in köməyilə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» istifadə olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimləyici, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.
    Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bərabərsizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə ictimai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüskar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bunun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviyyəsi nəinki saxlanılır, hətta yüksəlir.
    P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz fəaliyyətini dayandırır. Kiçik biznesin orta ömür müddəti 6 ildən yuxarı həddi aşmır, hətta bəzi hallarda iri firmalar da rəqabət mübarizəsində məğlub olurlar. Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb olur.
    Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yetirir. Və bazar münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fasiləsiz olaraq əmtəələrlə doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.

3. Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.



    Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Pervisin fikrincə XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən səmərəli istifadə edilməsi, 40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində bazar münasibətləri çox böyük rol oynamışdır.
    Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas cəhətlərini, üstünlükləri və çatışmazlıqlarını nəzərdən keçirmək lazımdır. Yeni iqtisadi sistemin əsas cəhətləri isə aşağıdakılardır:
    – Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyindən çıxarılması və onun müxtəlif formalarından istifadə olunmaqla, onların arasında optimal nisbətin yaradılması;
    –Inzibatiamirlik idarəetmə metodlarından imtina edilməsi və idarəetmənin demokratikləşdirilməsi;
    – Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi;
    –Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;
    – Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;
    – Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair dəqiq sistem yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi əsasında işçi qüvvəsi bazarının formalaşması;
    – Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;
    – Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılmasında mühüm rol oynayan mütərəqqi vergi sisteminin yaradılması;
    – Müxtəlif səviyyələrdə büdcənin formalaşması və istifadə olunmasında yeni prinsiplərin tətbiq edilməsi;
    – Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzimlənən pul tədavülü və kredit siyasəti yeridilməsi;
    - Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləşdirilməsi və s.
    Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı ideal deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.
    Bazar:
    1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtəələrin istehsalına yönəltdiyi üçün onların səmərəli bölüşdürülməsinə təsir edir:
    2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məhsul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə imkan verir. Çünki məhsul istehsalında ehtiyatların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texnologiyasının işlənib hazırlanması və istehsalata tətbiqinə şərait yaradır;
    3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmərəli fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiymətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.
    4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti formalaşdırır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyıcılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapılması, ehtiyatlara qənaətedici texnologiyanın tətbiqi və enerji resurslarına qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;
    5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal istifadə olunmasına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfəət əldə etmək məqsədilə yeni əmtəələr yaradır, ən yeni texnologiyalardan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;
    6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının daha tez təshih edilməsi üçün şərait yaradır.
    Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yaxşı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıqları da vardır. Belə ki, bazar:
    1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanılmasını təmin edə bilmir;
    2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik deyildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik aktları məcbur edir;
    3) Bütün insanlara məxsus olan – məsələn, okeanların balıq sərvəti – ehtiyatlardan istifadə olunmasını tənzimləmək iqtidarında deyildir;
    4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nəzərə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi DDT pesdisidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində canlı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;
    5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiyyatı şəraitində işsizliyin «texnoloji», «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyişdirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fikrincə bazar sistemi qeyribərabərliyi təkrar istehsal edir.
    6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;
    7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəələrin istehsalına deyil, daha çox imkanı, pulu olanların tələbatının ödənilməsinə istiqamətləndirilmişdir.
    Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibətlərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə götürməli, meydana çıxan mənfi hallarızərərli texnologiyaların tətbiqini, əhalinin sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. qadağan etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara məhəl qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri səmərədən qat-qat çox olan məbləğdə cərimələnməlidir.
    Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər, azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.
    Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid energetika sistemləri, dövləti idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə onlara «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi (məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərə aiddir.
    Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hələlik onun bir sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi vəzifələrin həyata keçirilməsini öz üzərinə götürür.

4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.



    XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizi bərpa etdikdən sonra qurmağa başladığımız Azərbaycan cəmiyyətinin bazar iqtisadi sistemi daxilində təsərrüfat təşkilinin modeli tarixi təcrübəmiz, coğrafi-iqtisadi mövqe-yimiz və digər amillər nəzərə alınmaqla yaradılır. Bu məqsədlə tədriclə totalitar quruluşun strukturları aradan qaldırılır, dinamik bazar iqtisadiyyatı – xarici dünyanın üzünə açıq, çox böyük yanacaq və xammal ehtiyatlarına malik olan ölkəmizin nadir təbii potensialından istifadə etməyə imkan verən iqtisadiyyat yaradılır.
    Ölkəmiz dünya bazarında böyük tələbat olan məhsullar istehsal etmək imkanına malikdir və istehsal edir. Bunlar neft, qaz, neft məhsulları, kimya məmulatı, yod, kauçuk, dəmir filizi, alüminium, neft mədən avadanlıqları, elektrik cihazları, soyuducular, kondisionerlər və s.-dir.
    Respublikamızda pambıqçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, tütünçülük, barama istehsalı, zəfərançılıq və s. kənd təsərrüfatının ənənəvi sahələridir. Aqrar bölmənin xammal ehtiyatlarının emalı əsasında respublikada yeyinti sənayesi formalaşmışdır. Parça, trikotaj, paltar, ayaqqabı, xalça, saxsıçini qab-qacaq və başqa məmulat istehsal edən yüngül sənaye respublikada iri əmtəə istehsalçısıdır.
    Yeni iqtisadi sistemin yaradılması prosesi əhalinin sosial məsələlərinin həlli ilə bilavasitə əlaqədardır. Bu, onunla izah edilir ki, iqtisadi inkişafın hərəkətverici amili sosial inkişafdır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf sosial inkişafla qarşılıqlı əlaqə şəraitində həll edilməlidir.
    Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, demoqrafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyyatın tarazlı inkişafından danışmaq olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahəsində elmi cəhətdən əsaslandırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki, bu zaman ölkənin malik olduğu ehtiyat, istehsaltexnoloji imkanlar, əhalinin gəlirləri ilə yaşayış vasitələrinin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə alınır. Bu deyilənlərdən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə əlaqədar iqtisadi və sosial vəzifələr vəhdət halında yerinə yetirilir.
    Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiyyatının Azərbaycan modeli yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi, Vətənə bağlılığı, xeyriyyəçilik ənənələrinə sədaqətliliyi, ölkəmizin əlverişli coğrafiiqtisadi mövqeyi və zəngin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün sağlam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin müdafiəsi, kəskin əmlak bərabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə yenidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xırda və orta müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, milli mənlik şüurunun bərqərar olması, millətin mənafeyinin cəmiyyətin hər bir üzvünün mənafeyindən üstün tutulması, perspektivli sahələrin inkişaf etdirilməsi imkanları nəzərə alınır.
    Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənələrimizi, iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat təşkilinin Azər-baycan modelini aşağıdakı kimi səciyyələndirmək olar: "Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçid şəraitində formalaşmaqda olan milli təsərrüfat modeli sosiallaşdırma və demokratikləşdirmə tədbirləri əsasında sahibkarlığı stimullaşdırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabərsizilyinin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.

5. Bazarın tənzimlənməsi metodları.



    Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət metodları; 2) Qeyri-dövlət metodları.
    Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etməklə, müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyətin iqtisadi həyatına da aiddir. Çünki dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşkara çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamətlərini müəyyən edir.
    Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.
    Inkişaf etmiş kapitalist ölkələrində, dövlət, qanunvericilik, vergi və pul tədavülünü tənzimləmək, istehsal infrastrukturunu yaratmaq kimi vəzifələri yerinə yetirir. Onun müxtəlif siniflər və təbəqələr ara-sında ziddiyyətlərin «yumşaldılması» ilə əlaqədar yerinə yetirdiyi sosial vəzifəsini də xüsusi qeyd etmək lazımdır. Həmin ölkələrdə dövlət, həmçinin bu və ya digər səbəbdən xüsusi kapitalın tətbiq olunması sərfəli olmayan sahələrdə təsərrüfatçılığın həyata keçirilməsini öhdəsinə götürür. Bu, birinci növbədə sosial sahələri – təhsil, səhiyyə və s.əhatə edir. Bundan başqa, dövlət, böyük məbləğdə kapital qoyuluşu tələb edən işlərin yerinə yetirilməsində də fəal iştirak edir.
    Bütün bunların nəticəsində mülkiyyətin xüsusi forması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfatçılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P. Samuelson və V. Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi vəzifələri aşağıdakılardır: 1) Hüquqi və fiziki şəxslərin iqtisadi fəaliyyətlərinə dair hüquqi əsasların yaradılması; 2) Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; 3) Iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyatların yerləşdirilməsinə təsir göstərilməsi; 4) Gəlirlərin bölüşdürülməsinə təsiretmə proqramının işlənib hazırlanması.
    Iqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunvericilik aktları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət hakimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iqtisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır.
    Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabitləşdirilməsidir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsik-lini yumşaltmaq, işsizliyin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məqsədlə aşağıdakı metodlardan istifadə olunur: 1) Iqtisadiyyatın vergi-büdcə vasitəsilə tənzimlənməsi; 2) Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi. Bunlardan birincisinə fiskal siyasət, ikincisinə isə monetar metod deyilir.
    Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xüsusi rol oynayır. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavülünü tənzimləməkdən ibarətdir. Dövlət, bütövlükdə cəmiyyətin mənafeyini ifadə etməklə, həm də bazarda baş verən rəqabət nəticəsində istehsalçıların təbəqələşməsinə, bunun təhlükəli şəkil almasına yol vermir. Bazarda rəqabəti «yumşaltmağın» dünya təcrübəsində sınaqdan çıxmış və özünü doğrultmuş aşağıdakı metodlarını göstərmək olar: 1) Böyük məbləğdə əldə edilən gəlirdən mütərəqqi normalarla vergi tutulması; 2) Yaşayış minimumunu təmin edən məhsullara, xüsusilə də uşaqlar üçün müxtəlif çeşidli və digər əmtəələrə aşağı qiymətlər müəyyən olunması; 3) Təkmilləşdirilmiş əmək qanunvericiliyinin (kadrların hazırlanması və yenidən hazırlanması, yeni iş yerlərinin yaradılması, minimum əmək haqqı və pensiya təminatına zəmanət verilməsi, qiymətlərin səviyyəsi dəyişdikcə gəlirlərin indeksləşdirilməsi, müvəqqəti işləməyən şəxslərə müavinət verilməsi və s. və i. a.) olması.
    Monetar üsulun mahiyyəti isə ondan ibarətdir ki, dövlət dövriyyəyə əlavə pul buraxmaqla istehlakçıların alıcılıq qabiliyyyətini süni surətdə artırır. Əhalinin alıcılıq qabiliiyyəti yüksəldikdə əmtəələrə olan tələb də artdığına görə onlar bahalaşır. Bu isə istehsalın miqyasının genişləndirilməsi üçün stimul yaradır. Bununla yanaşı, inflyasiya da güclənir. Odur ki, burada başlıca məsələ inflyasiyanın dərinləşməsinə yol verməmək və onu müəyyən səviyyədə saxlamaqdan ibarətdir. Dövlətin ən mühüm vəzifələrindən biri də ehtiyatların sosial cəhətdən ədalətli bölüşdürülməsinə kömək etməkdir. Bu, dövlətin yeritdiyi siyasətin makroiqtisadi tərəfidir. Buraya sənaye, kənd təsərrüfatı və azad rəqabət sahəsində yeridilən siyasət, planlaşdırma və bəzi hallarda bölgü münasibətləri daxildir.
    Bazarın tənzimlənməsinə qeyri-dövlət metodları da təsir göstərir. Bu, satış bazarları və qiymətlər haqqında razılığa gələn müxtəlif assosiasiyalar, habelə, banklar, əmtəə və fond birjaları, yarmarkalar, topdansatış mərkəzləri, valyuta auksionları, məlumat sistemləri və s. təşkilatların mövcudluğu ilə əlaqədardır.
    Bütün bunlara əsasən demək olar ki, bazar, iqtisadiyyatın normal fəaliyyət göstərməsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun tənzimlənməsi metodları daim təkmilləşdirilir, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunur və konkret şəraitdən asılı olaraq tədbirlər görülür.

Mövzu 6. Tələb və təklif. Bazar tarazlığı.( 4 saat)
Plan



    1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.
    2. Təklifin mahiyyəti və ona ona təsir edən amillər. Təklif qanunu.
    3. Tələbin elastikliyi və ona təsir göstərən amillər.
    4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.

1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.


    Tələb tədiyə qabiliyyəti – alıcının özünə lazım olan şeyləri satın almaq üçün ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər hansı bir qiymətə satın alınacaq əmtəə və xid-mətlərin miqdarına deyilir. Deməli, qiyməti nəzərə almadan tələbin müəyyən edilməsinə cəhd göstərilməsi məntiqsizlik olardı. Çünki tələb hər şeydən əvvəl qiymətin dəyişməsi nəticəsində dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə eyni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər bahalaşdıqda isə əksinə, satıcı qazanır.
    Deməli, tələb qiymətlərin səviyyəsindən bilavasitə asılıdır. Bu, heç kimdə şübhə doğurmur. Digər tərəfdən tələbin qiymətdən asılı olması obyektiv iqtisadi qanundur. Qiymətlərin ucuzlaşması isə tələbin artmasına deyil, əksinə, onun aşağı düşməsinə gətirib çıxara bilər. Bu, onunla əlaqədardır ki, qiymətlər ucuzlaşdıqda, insanlar gələcəkdə onun bir qədər də aşağı düşəcəyinə ümid edirlər. Deməli, tələbə yenə də «gözlənilən qiymət» amili təsir edir. Sual olunur: istehlakçıların bu cür davranışı tələb qanunu ilə bir araya sığırmı? Əlbəttə, sığır! Çünki qiymətlər nə qədər aşağı olursa, tələb də bir o qədər yüksək olur. Lakin bu gün mövcud qiymətlərlə satın alıb çox xərcləməkdənsə, sabah aşağı qiymətlərlə satın alıb, ailə büdcəsinə qənaət etmək ideyası adamlara üstün gəlir.
    Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlərinin dəyişməsi; 2) Əhalinin tərkibində müəyyən dəyişikliklərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan əmtəələrin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişməsi; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5) Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin olması; 6) Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçıların zövqünün dəyişməsi.
    Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hətta əmtəələrin qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı azalır. Əhalinin qocalması, pensiyaçıların sayının artması onların tərkibində dəyişikliklərin baş verməsinə gətirib çıxarır ki, bunlar da öz növbəsində dərman preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur.
    «Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (məsələn, hava şəraiti, bayramqabağı və mövsümi şərait və s.) amillər daxildir. Satın alınan əmtəələrin qiymətlərindən bilavasitə asılı olmadan, göstərilən amillərin təsiri ilə satınalmaların miqdarı ya arta, ya da azala bilər.
    Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda qoyun, quş, donuz əti olmadıqda, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə, bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı bazarında bir-birini tamamlayan əmtəələrə, məsələn, çay və ya qəhvə içərkən istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.
    Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də təsir edir. Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur.
    Bu və ya digər məhsula olan tələbin artmasına televizi-ya və kütləvi informasiya vasitələrində gedən reklamlar da təsir edir.
    Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəl-mək olar ki, çox cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir. Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara, tələbatın ödənilməsi isə istehsalın artımını stimullaş-dıra və qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın «ürəyi» adlandırmaq olar.
    Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsulların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlirlərində müxtəlifliyə səbəb olur.
    Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məhdud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxslər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtəlif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.
    Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və deməli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı ol-duqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlirlərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) və bununla əlaqədar olaraq onların satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.
    Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət yarandıqda, qızıl, qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək və daha qiymətli əmtəələrə tələb artdıqda tələb qanunu fəaliyyət göstərmir. Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa sözlə, tələb marqarindən kərə yağa «keçib». Sual olunur: bu o deməkdirmi ki, satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox! Çünki kərə yağa olan tələbin artmasına digər qeyriqiymət amilləri də təsir edir. Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.

2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.



    Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.
    Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə satmaq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.
    Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymətlər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yaradırlar. Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artırmaq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növbədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tutulması da daxil olmaqla istehsal güclərinin genişləndirilməsi imkanları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, ehtiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində istehsal xərclə-rinin dəyişməsi; 2) Bazara yeni firmaların gəlməsi. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələrin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahədən çıxıb getmələrinə, bu isə öz növbəsində təkli-fin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, siyasi hərə-katların, iqtisadiyyatı dağıdan, ölkəni xarabazarlıqlara çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlir-lərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar təklifi azaldır.
    Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət tarazlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlərinin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymətlər tələb və təklifin bir-birinə bərabər olduğu səviyyəyə – kəsişmə nöqtəsinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.
    Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla tarazlıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.
    Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.
    Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət göstərir. Bu qanun, təkliflə qiymət arasında aşağıdakı funksional asılılığın olduğunu göstərir: qiymətlər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düzmütənasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla təkl-fin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.
    Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətlərinin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağıdakı nəticələri çıxarmağa imkan verir:
    1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət göstərir.
    2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tələbin dəyişməsi baş verirsə, onda:
    - Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»;
    - Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.
    3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar münasibətlərinə əsaslanan iqtisadi sistem inzibati-amirlik metodlarına əsaslanan iqtisadi sistemə nisbətən daha səmərəlidir və müəyyən üstünlüklərə malikdir.

3. Tələbin elastikliyi və ona təsir edən amillər.



    Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quruluşunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.
    Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymətlərlə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlərinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.
    Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiyyətinin öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.

<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (04.11.2013) | Müəllif: R.C E W
Baxış: 907 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more