Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-11
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>


    Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xid­mət­etmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alın­masına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müd­dəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəs­sisələr bir tərəfdən mənfəətin və bütün gəlirin azalmasına yol vermə­mək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artır­maq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəy­yən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət et­dikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əm­təələri öz dəyərlərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər. Ayrı-ayrı illərdə istehsal pro­sesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amor­tizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisa­diy­yatda yara­dılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amor­tizasiya ayırmaları nəzərə alınmalıdır. Amorti­zasiya ayırmaları ka­pitalın istehlak olunması ilə əlaqədar olan ayır­malardır. Bu ayır­ma­lar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.
    Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olma­yan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərc­lərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bun­lara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 ma­nata satmağı nəzərdə tut­muşdur. Lakin dövlət pərakəndə ticarətdə satı­lan bütün əmtəələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən et­miş­dir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiymətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Göründüyü kimi, ma­hiyyətcə bu vergi istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mən­bələrindən biridir. Dolayı vergilər formasında əldə edilən gəlirlər–qeyriəmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məh­sul onun üzə­ri­nə dolayı vergilər əlavə edildikdən sonra is­tehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəyyən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.
    Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfindən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir. 
    Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisa­diyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiyyət­çiləri mənim­səyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın mü­qabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində istehsalata birbaşa vəsait qoy­mur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.
    Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə, yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2) Korporasiyaların əldə etdikləri mənfəət.
    Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tu­tulur. 
    Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi isti­fadə olunur: onun bir hissəsi mənfəət vergisi şəklində dövlətə verilir, yer­də qalan məbləğin bir hissəsi səhmdarlar arasında dividend şəklində bölünür; vergi və dividend çıxıldıqdan sonra qalan məbləğ isə korpo­rasiyaların bölüşdürülməyən mənfəəti adlanır. Bölüşdürülməyən mən­fə­ə­tin bir hissəsi istehlak olunmuş kapitalın bərpa edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni zavodlar tikil­məsi və avadanlıqlar alınması üçün nəzərdə tutulur.
    Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqo­riyalarının köməyilə istehsalın illik bazar dəyəri, yəni ÜMM he­sablanır: 1) Istehlak olunmuş kapitalın dəyəri (amortizasiya məbləği); 2) Şirkətlərdən alınan dolayı vergilər; 3) Muzdlu işçilərin əmək haqqı; 4) Icarə haqqı; 5) Faiz; 6) Mülkiyyətə görə əldə edilən mənfəət; 7) Korporasiyaların əldə et­dikləri mənfəətdən alınan vergilər; 8) Dividendlər; 9) Korporasi­ya­ların bölüşdürülməyən mənfəəti.

 
3. Xalis milli məhsul və milli gəlir.
 
    ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, cari ildə istehsalın həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in tərkibində cari ildə istehsal prosesində istifadə olunan investisiya əmtəələrini yenilərilə əvəz etmək üçün zəruri olan vəsait də öz əksini tapır. Bunu aşığıdakı həqiqətdən aydın görmək olar. Məsələn, tutaq ki, 2006-cı il yanvar ayının 1-i vəziyyətinə iqtisadiyyatın bütün sahələrində 10 mlrd. manatlıq inves­tisiya əmtəələri vardır. Il ərzində 90 mlrd. manatlıq ÜMM istehsal olunmuş, 5 mlrd. manatlıq maşın və avadanlıq istehalk edilmişdir. Deməli, investisiya əmtəələrinin dəyərin­dən 5 mlrd. manatı ÜMM-ə daxil edildiyinə görə, 2006-cı il dekabr ayının 31-i vəziyyətinə 5 mlrd. manatlıq investisiya əmtəələri qalmışdır. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, 2006-cı ildə istehsal olunan 90 mlrd. manatlıq ÜMM cari ildə cəmiyyətin rifahının yaxşılaşdırılması üçün əlavə imkan­lar yaratmışdır? Əlbəttə, yox! Bu barədə daha düzgün nəticə çıxarmaq üçün ÜMM-dən həmin il istehsal prosesində istehlak olunmuş maşın və avadan­lıq­ların yerini doldurmaq məqsədilə istifadə olunacaq 5 mlrd. manatı çıxmaq lazımdır. Bu qaydada hesablama aparsaq 85 mlrd. ma­nat (90 mlrd. manat – 5 mlrd. manat) alarıq ki, bu da istehsalın xalis həcmini göstərir.
    Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) gös­tə­ricisi cari ildə istehsalın ümumi həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında daha düzgün təsəvvür verir. XMM ümummilli məhsuldan cari ildə istehsal prosesində istehlak olunmuş əsas kapitalın dəyərini (amortizasiya ayırmalarını) çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, 2006-cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş kapitalın dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2  mlrd. manat – 1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya ayırmalarının məbləği nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in köməyilə sonrakı il­lərdə istehsal imkanları pisləşmədən iqtisadiyyatın istehlakı təmin etmək iqtidarında olub-ol­ma­ması müəyyənləşdirilir.
    Cari ildə XMM-in yaradılmasında iştirak edən tor­paq, işçi qüvvəsi, kapital və sahibkarlıq qabiliyyəti müqabi­lində əldə edilən gə­lir­lərin formalaşması mənbələrinin, başqa sözlə, ehtiyatların istehlak olun­ması baxımından cari ildə xalis məhsulun cəmiyyətə neçəyə başa gəlməsinin müəyyən olunması da böyük əhəmiyyətə malikdir.
    Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin ödədikləri dolayı vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər iqtisadiyyatın ehtiyatlarla təmin olunmasında bi­lavasitə iştirak etməyən dövlətin sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-in istehsalı gedişində qazanılan əmək haqqı, renta tədiyə­ləri, faiz və mənfəətin ümumi məbləğini müəyyən etmək üçün XMM-dən biz­nesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə milli gəlir deyilir. Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir: 1)Muzdlu işçilərin əmək haqqı; 2) Icarə haqqı (renta tədiyələri);  3) Faiz; 4) Mülkiyyətə görə əldə edilən mənfəət; 5) Korporasiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergilər; 6) Dividendlər; 7) Kor­po­ra­­si­ya­ların bölüşdürülməyən mənfəəti.
    Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anla­yış­larını bir-birindən fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə qazanılmış gəlirin sosial sığorta haqqından, korporasiyaların mənfəətindən alınan vergilər­dən və onların bölüşdürülməyən mənfəə­tindən ibarət olan hissəsi əslində ev təsərrüfatlarının əlinə keçmir. Ev tə­sər­rüfatlarının əlinə keçən gəlirlərin bir hissəsini isə, məsələn, trans­fert ödənişlərini əməyin nəticəsi hesab etmək olmaz. Transfert ödəniş­lə­ri­nin aşağıdakı növləri vardır: 1) Qocalıq və bədbəxt hadisələrə görə sığor­ta ödə­nişləri, habelə sosial proqramlar əsasında verilən müavinətlər; 2) Mad­di yardım üzrə ödənclər; 3) Veteranlara verilən müxtəlif ödənc­lər, mə­sələn, təhsil almaq üçün subsidiyalar, əmək qabiliyyətini itirdik­də ve­­rilən yardım; 4) Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yar­dımlar; 5) Hökumət və istehlakçılar tərəfindən ödənilən faiz.
    Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növləri çıxılır, cari ildə əmək fəaliyyətinin nəticəsi olmayan və əldə edilmiş gəlir adlan­dırılan gəlir növləri onun üzərinə əlavə edilməklə şəxsi gəlir müəyyən olu­nur. Deməli, şəxsi gəlir fərdi vergilər çıxıldıqdan sonra qalan gəlir­dir. Fərdi vergilər isə gəlir vergisindən, şəxsi əmlak və vərəsəlik ver­gilə­rindən ibarətdir. Bunların içərisində əsas yeri gəlir vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə olunur.
 
4. Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı.
 
    ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə olunan başlıca göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur. Bəzi iqtisadçıların fikrincə, ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab etmək düzgün deyildir. Belə bir fikir də geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa sözlə, bu iqtisadçıların fikrincə isteh­salın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı həyat səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, ÜMM-in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması səbəblərinin istehsalın real həcminə necə təsir etməsinin, həmçinin istehsalın həcmi artdığı hallarda belə, onun, cəmiyyətin rifa­hının yüksəldilməsinə səbəb olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara çıxarılması olduqca vacibdir.
    Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçi­rilmir və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə va­sitəsi olan ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb olur. Lakin öz miq­yasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fer­merlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə alınır.
    Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş gününün uzunluğu, məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə olunmasıdır.
    Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qa­nunvericilik yolu ilə uzadılırdı, fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət qədər mütə­şək­kil olmadığına görə sahib­karlar iş gününün uzunluğunu hətta bəzi hallarda 14-16 saata çat­dırırdılar. La­kin sonralar işçilərin siyasi şüuru və mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə müəyyən hədd qoymağa məc­bur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn, ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında 40 saata endirildi. O vaxtdan etibarən iş həftəsinin uzun­luğu yenə də qis­mən azalmış və hazırda 35 saata bərabərdir. Bundan başqa, haqqı ödə­nilən və ödənilməyən məzuniyyətlər və bayram günləri illik iş günlərinin azalmasına təsir göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asu­də vaxtları artmış və deməli, cəmiyyətin rifahı yaxşılaşmışdır. 
    ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin yaxşılaş­dırılmasını əks etdirmir. Lakin aydındır ki, key­fiyyətin yaxşılaşması məhsulların reallaşdırılmasını asanlaşdırır, isteh­salın genişləndirilməsi üçün stimul yaradır. Doğrudur, keyfiyyətin yax­şılaşması ilə eyni vaxtda qiymətlər də yük­sələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq yüksəlməsi reallaşdırmada müəyyən çətin­liklər yarada bilər. La­kin qeyd etmək lazımdır ki, qiymətlərin yük­səlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə gedir, bu isə qiymətlərlə məhsul­ların keyfiyyəti arasındakı asılılıqda tarazlaş­maya gətirib çıxarır.
    Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi rifahına təsir göstərir. ÜMM yalnız istehsal olunan məh­sul­ların həcmini əks etdirir, hazırlanan əmtəələrin cəmiyyətin tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə təsəvvür yaratmır. Məsələn, ola bi­lər ki, müqayisə üçün əsas götürülən bütün şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır. Lakin deyək ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tə­ləbat olan məhsullar hesabına deyil, insanların tələbatla­rı­nın nisbətən yaxşı ödənildiyi məhsullar he­sa­bına olmuşdur. Bu isə ayrı-ayrı məhsullar üzrə tələblə təklif ara­sındakı nisbətin pozulması deməkdir. Bəzi iqtisadçılar belə hesab edirlər ki, istehsal olunan bütün məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifa­hı­nın yüksəlməsinə səbəb olmaqla yanaşı, gələcəkdə isteh­salın səmə­rəliliyinə əks təsir göstərə, onun artırılmasında adam­ların fəallığının azal­masına səbəb ola bilər. Bundan başqa, ÜMM-in artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin iqtisadi rifahına xa­rakteristika vermək üçün ÜMM həqiqi mənzə­rəni aşkara çıxarmağa imkan vermir. Odur ki, hər nəfərə görə məhsul istehsalı göstə­ricilərindən is­tifadə edilir. Bu göstəri­cilərə hər nəfərə düşən ümummili məhsul, milli gəlir, kon­kret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i. a.) istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əha­linin pul gəlirləri və banklardakı əmanətlərinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu, məzuniyyət günlərinin miqdarı, əhalinin məşğul­lu­ğu, asudə vaxt, ondan istifadə olunması və s. daxildir.
    "Ümummilli əlavə məhsul" kimi arzuolunmaz bir göstərici də vardır ki, istehsalın həcminin və deməli, ÜMM-in artmasına o da təsir edir. Bu, havanın və suyun çirklənməsinə qarşı görülən tədbirlərlə əla­qədar, habelə metal qırıntıları tullantılarından əmələ gələn zibil­liklərin təmizlənməsinə və s. sərf olunan xərclərdir. Ətraf mühitin çirk­lənməsi­nin qarşısını almaq üçün həyata keçirilən tədbirlərlə əlaqədar olan xərc­lər ÜMM-dən çıxılmadığına görə istehsalın həcminin şişir­dilməsinə səbəb olur və cəmiyyətin iqtisadi rifahının yüksəlməsi haq­qında yanlış təsəvvür verir. Deməli, buradan da belə bir fikir meydana çıxa bilər ki, istehsalın həcmi artdıqca, ətraf mühit daha çox çirklənir və ÜMM də bir o qədər təhrif olunur. Bunu bir iqtisadçının obrazlı ifadə ilə dediyi "iqtisadi həyatın son məhsulu zibildir" sözləri də təsdiq edir. Başqa bir nəticə isə ondan ibarətdir ki, ÜMM nə qədər çox olarsa zibil də bir o qədər çox olur və ətraf mühit də bir o qədər çox çirklənir. Əslində isə mühasibat üçotunun mövcud prinsiplərinə uyğun olaraq istehsalçı axar çayı çirkləndirdikdə, dövlət isə onun təmizlənməsi üçün vəsait sərf etdikdə, bununla əlaqədar olan xərclər ÜMM-ə əlavə edilir, çirklən­mə­nin özünün dəyəri isə onun üzərindən çıxılır.
 
5. Milli sərvət və onun artırılması yolları.
 
    Milli sərvət (xalq sərvəti) hər bir ölkənin iqtisadi qüdrətini və imkanlarını ifadə edən çox mühüm göstəricilərdən biridir. O, bütün in­san nəsillərinin əməyilə yaradılan və müəyyən dövrdə ölkənin əra­zi­sində olan nemətlərdən (investisiya əmtəələri və istehlak şeyləri) və təbii sər­vətlərdən ibarətdir. Buna uyğun olaraq milli sərvəti iki yerə bölmək olar: 1) Insanların əməyi ilə yaradılan sərvət; 2) Təbii sərvətlər (ehti­yatlar).
    Milli sərvətin tərkibində insanların əməyi ilə yaradılan sərvət həlledici əhəmiyyətə malikdir. Çünki yalnız yeni təbii ehtiyatların mə­nimsənilməsi imkanları deyil, həm də ətraf mühitin mühafizəsi, habelə təbii ehtiyatların gələcək nəsillər üçün qorunub saxlanması tələblərinə əməl etməklə onlardan səmərəli istifadə edilməsi məhz bu sərvətdən, onun vəziyyətindən asılıdır.
    Bu sərvətə əvvəllərdə insanların əməyi ilə yara­dılmış və ölkədə müəyyən dövrdə toplanmış əsas kapital ünsürləri və istehlak olunmamış dövriyyə kapitalı ünsürləri ehtiyat­la­rından ibarət olan maddi resurslar, habelə qeyri-istehsal sahələrində istifadə olunan maddi vəsaitlər (ya­şa­yış binaları, xəstəxana və poliklinikaların, idarəetmə müəssisələrinin avadanlıqları, əhalinin şəxsi əmlakı) daxildir.
    Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir. Insanlar yerin təkindən faydalı qazıntıları çıxar­maqla təbii ehtiyatların azalmasına və son nəticədə tamamilə tükən­mə­sinə səbəb olur və onları bərpa etmək imkanına malik deyil­dirlər. Doğ­rudur, insanlar təbii sərvətlərin süni əvəzedicilərini yarada, bəzi­lərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii yataqları kəşf edə bi­lərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada bilməzlər1.
    Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qədər xərc tələb edir və iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yük­səlməsi, süni meşəliklərin salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun nəticəsi olur, təbiətin insan­lara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əməyi ilə yaradılan sərvətin bir hissəsinə çevrilir. Və deməli, bir tərəfdən istehsalın məh­su­lu, digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri "məhsul-sərvət", digəri isə "sərvət-məhsul" xət­tidir.
    "Məhsul-sərvət" qarşılıqlı əlaqəsində sərvətin istehsalı və təkrar istehsalı fəal rol oynayır. Məhsuldan sərvətə doğru gedən hərəkət xət­tində nəinki sərvətin istehlak olunmuş hissəsi ödənilir, o həm də ar­tırılır.
    "Sərvət-məhsul" qarşılıqlı əlaqəsində isə sərvətin is­tehsal pro­sesinin maddi ilkin şərti, habelə istehsalda əməyin maddi - texniki baza­sı olması şərtinə əsaslanılır.
    Nemətlərdə maddiləşmiş milli sərvətlərlə yanaşı, cəmiyyət həm də mənəvi sərvətlərə – elmi, təhsil, mədəni potensiala - malikdir. 
    Milli sərvətin maddi əsasını istehlak dəyərləri təşkil edir. Bun­dan başqa, elə şeylər də vardır ki, əməyin nəticələri olsalar da maddi for­mada mövcud deyildirlər. Lakin bunlara baxmayaraq onları da millətin sərvəti adlandırmaq olar. Əhalinin məharət dərəcəsi, intellektual səviy­yəsi, is­tehsal təcrübəsi və s. buna misal ola bilər.
    Bu deyilənlərdən aydın olur ki, milli sərvət olduqca mürəkkəb iqtisadi quruluşa malikdir və müəyyən konkret tarixi şəraitdə onun kəmiyyətinin hesablanması çox vacibdir. Milli sərvətin tərkibi konkret olaraq aşağıdakı­lardan ibarətdir: iqtisadiyyatın bütün sahələrində olan əsas və dövriyyə kapi­talı, əmtəə kapitalı, pul kapitalı, dövlətin müxtəlif for­malar­da (maddi, sığorta, qızıl,ölkənin müdafiəsinin təşkili üçün nəzərdə tutulan) olan ehtiyatları, təbii ehtiyatlar (torpaq, meşələr, faydalı qa­zıntılar, su ehtiyyatları və i.a.). Milli sərvət adətən dəyər ifadəsində he­sab­lanır. La­kin insan əmə­yinin məhsulu olmayan şeylərin qiymətlən­dirilməsi bir qədər ixtiyari olsa da, hər halda mümkündür. Başqa sözlə, riya­ziyyatda müxtəlif kəmiyyətlər xəyali olduğu kimi, iqtisadi hesab­lamalarda da xəyali qiymətlərdən istifadə etmək olar.
    Milli sərvətin tərkibində ayrı-ayrı ünsürlərin xüsusi çəkisi (%-lə) onun quruluşunu ifadə edir. Milli sərvətin quruluşu mülkiyyət for­ma­larına görə də hesablana bilər. Lakin onun quruluşu sabit kəmiyyət deyildir. Müasir dövrdə bir sıra amillərin, xüsusilə də elmi-texniki inqilabın təsiri ilə milli sərvətin tərkibində dərin keyfiyyət dəyişiklikləri baş verir, əsas kapital ünsürləri sürətlə artır və təzələnir, təbii sərvətlər təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir. Milli sərvətin artması xal­qın həyat səviyyəsini yaxşılaşdırmaq və şəxsiyyətin hərtərəfli, azad inki­şafı üçün zəruri şərtdir. Milli sərvət digər amillərlə yanaşı istehsal pro­sesində yaradılan ÜMM hesabına artırılır.
 
Mövzu 17. Gəlirlərin formalaşması və bölgüsü.Əmək haqqı.(2 saat).
Plan
 
    1.Gəlirlərin formalaşmasının bazar mexanizmi.
    2. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.
    3. Gəlirlərin bərabərsizliyi. M. Lorens əyrisi və K. Cini əmsalı.
    4. Əmək haqqının mahiyyəti, formaları və sistemləri.
    5. Nominal və real əmək haqqı, onlara təsir edən amillər.
    6. Həyat səviyyəsi və yoxsulluq.
    7. Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi.
1. Gəlirlərin formalaşmasının bazar mexanizmi.
 
    Gəlir anlayışının mahiyyətini, gəlirlərin mənbələrini aşkar etməzdən əvvəl, bölgü münasibətlərinin məzmunu haqqında qısa da olsa şərh verilməsi tələb olunur. 
    Hər bir cəmiyyətdə və hər bir ölkədə istehsal olunmuş ümumi milli məhsul bölünür. Onun hər bir hissəsi ictimai tələbatların, digər hissəsi isə cəmiyyət üzvlərinin şəxsi istehlaklarının ödənilməsi üçün istifadə olunur. 
    Bölgü münasibətlərini geniş və dar mənada fərqləndirmək olar. Geniş mənada bölgü dedikdə, istehsal subyektləri arasında istehsal şərtlərinin və amillərinin bölgüsü nəzərdə tutulur. Dar mənada bölgü dedikdə, sadəcə olaraq, istehsalın nəticəsi olan məhsulların bölgüsü başa düşülür.
    Lakin belə bölgü formalarını, ümumi milli məhsulun istehsal amillərinə(əmək, kapital, torpaq, sahibkarlıq fəaliyyəti) görə və ya cəmiyyətin üzvləri arasında bölüşdürülməsindən fərqləndirmək lazımdır. Birinci halda söhbət gəlirlərin funksional bölgüsündən gedir. Gəlirlərin funksional bölgüsü nəticəsində ilkin gəlirlər -əmək haqqı, faiz, renta və mənfəət formalaşır. İkinci halda isə söhbət fərdi(şəxsi) bölgüdən gedir, bu zaman ayrı ayrı şəxslər, ailələr, ev təsərrüfatları arasında gəlirlərin səviyyəsinə uyğun bölgü nəzərdə tutulur. 
    Beləliklə bölgü cəmiyyətin bu və ya digər üzvünə və istehsal amilinə düşən məhsulun həcmini və payını müəyyən edir. 
    Gəlirlərin yenidən bölgüsünü və ilkin bölgüsünü bir birindən fərqləndirirlər. Gəlirlərin ilkin bölgüsü nəticəsində maddi istehsalın iştirakçılarının hər birinin istehsal olunmuş milli gəlirdə payı müəyyən edilir.Gəlirlərin yenidən bölgüsündə milli gəlirin bilavasitə istehsalı ilə məşğul olmayan cəmiyyətin digər üzvləri iştirak edirlər. Cəmiyyətin bir sıra sosial qrupları -müəllimlər, həkimlər, elm və incəsənət xadimləri, dövlət məmurları məhz bu bölgü nəticəsində müəyyən gəlirlərə malik olurlar. 
    Bölgü iqtisadi və sosial funksiyaları yerinə yetirir. Bölgünün iqtisadi funksiyası tələbatlar, maraqlar, həvəsləndirmə sistemi vasitəsilə milli iqtisadiyyata təsirində özünü göstərir. Bölgünün sosial funksiyası isə sosial tələbatların ödənilməsini və inkişafını təmin edir. Milli iqtisadiyyatın inkişafında bölgünün mühüm əhəmiyyəti vardır. 
    İqtisadi ədəbiyyatda gəlir anlayışı iki mənada nəzərdən keçilir. Birinci mənada, gəlirə istehsal olunmuş məhsulun dəyərinin onun istehsalın asərf olunan xərclərdən artıq olan hissəsi kimi baxılır. İkinci mənada isə gəlir istehsal olunmuş məhsulda bazar iqtisadiyyatının hər bir subyektinin payının müəyyən olunması kimi nəzərdən keçirilir. Bu bölmədə gəlir anlayışına ikinci mənada baxılacaqdır. 
    Gəlirlərin formalaşmasının bazar sistemi, inzibati amirlik sistemində formalaşan gəlirlərdən əsaslı dərəcədə fərqlənir. İnzibati amirlik sistemində hər bir vətəndaşın əmək sərfinə uyğun gəlməyən hər hansı bir gəlir yol verilməz hesab olunurdu. Bazar iqtisadiyyatında əmtəələr, xidmətlər, kapitallar və iş qüvvələri bazarlarında azad rəqabət nəticəsində əldə olunan hər bir gəlir normal və məqbul sayılır. Gəlirlərin bölgüsünün bazar mexanizmi cəmiyyət üzvlərinə nə bərabər gəlirlər, nə də eyni rifah halı zəmanəti vermir. Gəlirlərin formalaşmasının bazar mexanizmi öz özlüyündə sosial ədalət prinsipi ilə az əlaqədardır.
    Qərb iqtisadi nəzəriyyəsində gəlirlərin ədalətli bölgüsündə dörd nöqteyi nəzər mövcuddur: eqalitar, roulsian, utilitar, bazar. Eqalitar prinsipə görə cəmiyyətdə gəlirlərin gölgüsündə bərabərsizlik yoxdur. Roulsial prinsip gəlirlərin elə diferensiasiyasını ədalətlə sayır ki, nisbi iqtisadi bərəbərsizlik cəmiyyətin ən yoxsul üzvlərinin daha yüksək mütləq həyat səviyyəsinin təmin edilməsinə təsir göstərsin. Utilitar prinsipə görə gəlirlər onların ayrı -ayrı adamlar tərəfindən istifadəsinin faydalılığına proporsional şəkildə bölüşdürülməlidir. Bazar prinsipi istehsal amilləri mülkiyyətçilərinin gəlirlərinin həmin amillərdən alınan son hədd məhsullarına uyğun olaraq bölünməsinin nəzərdə tutur. Bu halda gəlirlərin bölgüsündə həddən artıq bərabərsizlik mövcud olur.
    Göstərdiyimiz kimi, gəlirlərin formalaşmasının bazar mexanizmigəlirlərin bölgüsündə bərabərsizliyə gətirib çıxarır. Bununla belə XX əsrin sonunda bazar iqtisadiyyatının sənayecə inkişaf etmiş ölkələrində hər bir insan, iqtisadi fəaliyyətin formasından və nəticələrindən asılı olmayaraq onun layiqli yaşayışını təmin edən  minimum rifah halının olması hüququna malikdir. Bu məqsədlə dövlət əhalinin müəyyən hissəsinin normal həyat tərzinin təmin edilməsi üçün aktiv sosial tədbirlər həyata keçirir. Dövlət gəlirlərin yenidən bölgüsündə fəal iştirak etməkləmbir biri ilə əlaqədar olan iki məsələni həll edir. Bir tərəfdə o, gəlirlərdə olan bərabərsizliyi zəiflətməyə çalışır, digər tərəfdən isə bu bərabərsizliyi aradan qaldıra bilmir və onun tam aradan qaldırılmasına da çalışmamalıdır. 
    Müasir şəraitdə inkişaf etmiş ölkələrdə dövlətin gəlirlərin yenidən bölgüsündə fəal iştirakı böyük əhəmiyyət kəsb edir. Belə ki, müharibədən sonrakı illərdə ABŞ -da transfert ödəmələrin( işsizliyə görə müavinətlər, sosial təminat ödəmələri, dövlət təqaüdləri və s.) federal büdcənin xərclərində payı 60 faiz və ÜMM -də 15 faiz təşkil etmişdir.
 
2. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.
 
    İqtisadi nəzəriyyədə əhali gəlirləri dedikdə , müəyyən vaxt ərzində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür. 
    Pul gəlirləri əhaliyə pul şəkilində çatan əmək haqqı, sahibkar gəliri, təqaüd, müavinət, divident, renta və mülkiyyətdən əldə edilən digər gəlirlər, həmçinin şəxsi yardımçı təsərrüfat məhsullarının satışından qazanılan gəlirlərin məbləğindən ibarətdir. 
    Natural gəlirlər şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi istehlakına natural şəkildə daxil olan vasitələrin dəyərini əks etdirir. 
     Əhali gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün nominal, sərəncamda qalan və real gəlirlər göstəricilərindən istifadə olunur. 
    Nominal gəlirlər- ayrı- ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr ərzində əldə etdiyi pul gəlirləridir.
    Sərəncamda qalan gəlir- əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf olunan gəlirlərdir. Onun həcmi nominal gəlirlərdən, vergilər və məcburi ödəmələrin miqdarı qədər az olur. 
    Real gəlirlər- əhalinin sərəncamında qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə edə biləcəyi maddi nemətlərin və xidmətlərin miqdarıdır. Real gəlirlər əhalinin alıcılıq qabiliyyətinin əks etdirir. Gəlirlərin əsas növlərindən biri nominal gəlirlərdir. Bu gəlir, əmək gəlirlərindən, kapitala görə gəlirlərdən və transfert ödəmələrdən, yəni ictimai fondlardan daxil olan müxtəlif gəlirlər əsasında formalaşır.Sonuncuya pensiya fondu, sosial sığorta və sosial müdafiə fondu, işsizliyə görə müavinətlər və başqa ödəmələr daxildir. 
    Bazar iqtisadiyyatı şəraitində gəlirlərin formalaşması və bölgüsü problemlərini araşdırarkən əmək ( zəhmətlə qazanılmış) gəlirləri və əməksiz ( zəhmətlə qazanılmamış) gəlirləri bir-birindən fərqləndirmək lazımdır.  Əməksiz gəlirləri, şərti olaraq leqal və qeyri- qanuni gəlirlərə bölmək olar.
    Leqal əməksiz gəlirlərə səhmlərdən alınan dividentlər, istiqraz vərəqləri və digər qiymətli kağızlardan əldə olunan faizlər, əmtəələrin topdan və pərakəndə satışı qiymətlərindəki fərqlərdən alınan mənfəət və s. daxildir. Bu gəlirlər bazar iqtisadiyyatı üçün qanunauyğun və obyektiv sayılır. 
    Qeyri qanuni əməksiz gəlirlərin iki əsas növü müvcuddur. 
    Ümumkriminal mənşəli( korrupsiya, reket,narkobiznes, qaçaqmalçılıq və s.) əməksiz gəlirlər. Bu növ gəlirlər, ümumiyyətlə desək, rəsmi iqtisadiyyatın quruluşundan asılı olmayaraq mövcuddur. Bu cür fəaliyyətlərin cinayət tərkibli olduğu v cəmiyyət üçün sosial təhlükə doğurduğu bütün dünya qəbul olunub və qanunla teqib olunur.
    Kriminal əməksiz gəlirlərin digər hissəsi məhz rəsmi iqtisadi quruluşun doğurduğu əməksiz gəlirlərdir. Məsələn, "gizli”  iqtisadiyatın tipik növü möhtəkirlidir, başqa sözlə, defisit məhsulların rəsmi dövlət qiymətindən qat qat yüksək qiymətə satıb varlanmaqdır.
    Kölgə iqtisadiyyatı və onunla əlaqədar olan əməksiz gəlirlər bütün dünyada geniş yayılmışdır. Lakin onun miqyası müxtəlif ölkələrdə eyni deyildir. Belə ki, ABŞ da kölgə iqtisadiyyatının ÜMM də payı 2,9 faizdən 8,2 faizə qədər, İngiltərədə 3,3 faizdən 8,1 faizə, Fransada 6,7 faizdən 8,7 faizə, Kanadada 8,6 faizdən 10,1 faizə, AFR də 3,7 faizdən 8,3 faizə qədərini təşkil edir.
    Dünyanın əksər ölkələrində əhali gəlirlərinin əsas mənbəyini əmək haqqı təşkil edir. Lakin xüsusi mülkiyyətə məhdudiyyət qoymayan, bazar və ya qarışıq iqtisadi sistemin bərqərar olduğu ölkələrdə əmək daqqı ilə yanaşı, ailələr mülkiyyətçi olduqları başqa istehsal amillərindən də gəlir əldə edirlər. Məsələn: 1994 cü ildə ABŞ da ailə gəlirlərinin quruluşu aşağıdakı kimi olmuşdur:
    1. Əmək haqqı, məvacib və muzdla işləyən fəhlələrin digər gəlirləri- 65 faiz.
    2. Firmaların fərdi sahibkarlarının gəlirləri-8 faiz.
    3. Renta-0,1 faiz.
    4. Divident-3 faiz.
    5. Faiz gəliri-12 faiz.
    6. Transfert ödəmələr-11,9 faiz.
    Əvvəllər bizim ölkəmizdə vəziyyət tamamilə fərqli idi. Burada sosialist i nqilabından sonra inzibati amirlik sistemi kapital və torpaq üzərində xüsusi mülkiyyəti ləğv etdi və cinayət kodeksinin müvafiq maddəsi ilə sahibkarlıq fəaliyyəti qadağan edildi. Əmək, insanların sahib olduğu və satıb gəlir əldə edə biləcəyi yeganə istehsal amili oldu. Lakin 90-cı illərdən başlayaraq iqtisadiyyatda və qanunvericilik sahəsində islahatların aparılması nəticəsində vətəndaşlara xüsusi mülkiyyət əsasında istehsal amillərinə sahiblik etməyə qanuni icazə verildi. İstehsal amilləri üzərində xüsusi mülkiyyətin yenidən bərpa olunması, ailə gəlirlərinin quruluşunda müəyyən dəyişiliklərə gətirib çıxartdı. Hal- hazırda Azərbaycan Respublikasında ailələrin pul gəlirlərinin quruluşu 1997-ci ilin statistik rəqəmlərinə görəaşağıdakı kimi olmuşdur:
1.     Əmək gəlirləri- 40 faiz.
2.     Kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlirlər- 13,2 faiz.
3.     Sosial transfertlər-7,7 faiz.
4.     Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən və s. daxil olan gəlirlər- 39,1 faiz.
 
3. Gəlirlərin bərabərsizliyi. M. Lorens əyrisi və K. Cini əmsalı.
 
    Bazar iqtisadiyyatında da "qazanılmış” və dövlət proqramları xətti ilə alınmış gəlirlər, əhalinin gəlirləri sahəsində bərabərsizliyi və deməli, əhalinin rifah halındakı fərqlərin yaranması şərtlərini saxlayır. Gəlirlərin bölgüsündə bərabərsizliyi yaradan amillər aşağıdakılardan ibarətdir:
    Adamların şəxsi qabiliyyətindəki fərqlər, ayrı ayrı insanların xüsusi istedada malik olması daha yüksək gəlir əldə etməyə imkan verir;
    Təhsilin səviyyəsi və işçilərin peşə hazırlğı daha yüksək gəlir qazanmağa şərait yaradır
    Mülkiyyətə sahib olmaq, vərəsəlik hüququ gəlrlər arasında olan fərqləri artırır; 
    Peşəkarlıq zövqü və riski, daha intensiv işləmək və risk etmək əldə edilən gəlirləri artırır;
    Bazarlarda hökmran mövqe tutmaq,süni şəkildə qiymətləri qaldırmaq gəlirlər arasında olan fərqlərə təsir edir;
    Psixoloji amillər, uğur qazanmaq, əlaqələr, bədbəxt hadisələr gəlirlər arasındakı bərabərsizliyə təsir göstərir.
    Gəlirlərin səviyyəsi toplanmış sərvətin həcmi ilə sıx əlaqədardır. Gəlirlər və toplanmış sərvət arasında düz(gəlirlərin səviyyəsi sərvətin ölçüsünü müəyyən edir) və tərs( sərvət çox olduqca ondan əldə edilən gəlirlər də çox olur) asılıq vardır. Gəlirlər və yığılmış sərvətdə bərabərsizlik böyük miqyas alarsa, bu, ölkədə siyasi və iqtisadi sabitliyə təhlükə yarada bilər. Buna görə də demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu bərabərsizliyi azaltmaq üçün daim tədbirlər həyata keçirirlər.
    İqtisadi nəzəriyyədə müxtəlif ölkələr və əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün Lorens əyrisindən istifadə edilir.OE xətti gəlirlərin bölgüsündə mütləq bərabərliyi əks etdirir. Lakin adamların qabiliyyəti müxtəlif olduğundan onların gəlirləri də müxtəlifdir. 
    Lorens əyrisinin forması gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini müəyyən edir. Əyrinin meylliliyi nə qədər çox olarsa, o, mütləq bərabərlik xəttindən daha çox uzaqlaşır, gəllirlərin bölgüsündə bərabərsizlik daha da artır və əksinə. 
    Əgər OE mütləq bərabərlik xətti ilə Lorens əyrisi arasındakı sahəni( qrafikdə ştrixlənmiş sahə) T hərfi ilə işarə edib, onu OEF üçbucağının sahəsinə nisbətən müəyyənləşdirsək, gəlirlərin bölgüsündəki bərabərsizliyin dərəcəsini əks etdirən göstəricini alarıq. İqtisadi nəzəriyyədə bu göstərici İtaliya iqtisadtıçı və statistiki Korrado Cininin adı ilə bağlı Cini əmsalı adlanır. 
    Aydındır ki, Lorens əyrisi nə qədər çox OE tənbölənindən uzaqlaşarsa, bir o qədər T fiqurunun sahəsi böyüyəcək və deməli, Cini əmsalı da 1- ə yaxınlaşacaq.
    Müxtəlif ölkələr üçün bu əmsalın təhlili göstərir ki, gəlirlərin bölgüsündəki bərabərsizlik həm inkişaf etmiş ölkələrdə, həm də bazar iqtisadiyyatına keçid ölkələrində mövcuddur.
    Beləliklə, Cini əmsalı nə qədər böyük olarsa Lorens əyrisi bir o qədər OF və EF xətlərinə yaxınlaşır, yəni gəlirlərin bölgüsündə bərabərsizlik güclənir. Göründüyü kimi, Cini əmsalının qiyməti 0 ilə 1 arasında dəyişə bilər. Əmsalın 0 qiyməti gəlirlərin bölgüsündə mütləq bərabərliyi göstərir. Əmsalın gəlirləri 1-ə yaxınlaşdıqda, cüzi gəlirləri olan mütləq əksəriyyətlə, çox böyük gəlirləri olan əhali azlığı arasında dərin uçurum əmələ gəlir. 
 
4. Əmək haqqının mahiyyəti, formaları və sistemləri.
 
    Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək kollektivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan münasibətlərdə göstərir.
    Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürək­kəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idman­çının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu halda, çamaşırxana və ya dəmir yol qul­luqçusunun illik əmək haqqı 10-15 min dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min dollar təşkil edir.
    Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdik­də əmək haqqı yüksəlir. Lakin məsələnin bu cür izah edilməsi onun bütün spesifikasını aşkara çıxarmağa imkan vermir. Bunun üçün müx­təlif əmək bazarlarında tələb və təklif nə ilə fərqlənir? sualına cavab vermək lazımdır. Bu məqsədlə hər hansı bir konkret əmək növünə olan tələb və təklifin əsasında duran amilləri nəzərdən keçirmək gərəkdir. Bunlar ondan ibarətdir ki, işçilərin hamısının qabiliyyəti eyni deyildir, ayrı-ayrı iş növləri bir-birindən özlərinin cəl­bedi­ciliyinə görə fərqlənir­, habelə əmək bazarlarında əməyin müxtəlif növləri üzrə tələb və təklif arasında kəskin fərqlər vardır. Deməli, iqtisadiyyatda əməyin və işin hər birinin bircə növü mövcud olsa idi, hamı üçün əmək haqqı da bərabər olardı. Beləliklə, əmək haqqında fərqin olması səbəbləri aşağı­dakılardır: 1) Fərdlər bir-birindən qabiliy­yətlərinə, hazırlıq səviyyələ­ri­nə görə fərqlənir və nəticədə bir-biri ilə rəqabət aparmayan peşə qruplarında olurlar; 2) Müxtəlif iş növləri bir-birindən cəlbedicili­yinə görə fərqlənir. Müxtəlif işlərin qeyri-pul aspektləri eyni deyildir. 3) Əmək bazarları adətən qeyri-mükəmməl rə­qa­bətlə səciyyələnir. 
    Əmək haqqı tarif sisteminin köməyilə müəyyən edilir. Tarif sis­teminə aşağıdakılar daxildir: 1) Tarif (maaş) dərəcəsi; 2) Tarif cəd­vəli; 3) Tarif – ixtisas məlumat kitabcası.
    Tarif dərəcəsində işçiyə bir saat və ya bir gündə verilən əmək haqqı məbləği nəzərdə tutulur, tarif cədvəlində peşələrdən asılı olaraq ikinci, üçüncü və sonrakı dərəcələrin və birinci dərəcənin maaşı qeyd edilir. Tarif cədvəlində dərəcələrin sayı, birinci və axırıncı, habelə yerdə qalan dərəcələr arasındakı nisbət (mütləq və nisbi kəmiyyətlə) göstərilir.
    Tarif – ixtisas məlumat kitabcasında işlərin məzmunu və mü­rək­kəbliyi nəzərə alınmaqla bütün peşələrə xarakteristika verilir.
    Əmək haqqının mürəkkəb əməyə stimul yaratmasını təmin et­mək üçün onun səviyyəsi ilə işçilərin ixtisası, yerinə yetirilən işlərin mü­rəkkəbliyi, məsuliyyət dərəcəsi arasında birbaşa əlaqə müəyyən olu­nur. Məsələn, ABŞ-da müasir mürəkkəb avadanlıqlara xidmət edən işçilərin – təmir işləri aparan mexaniklərin, sazlayıcıların, çilingər – me­xanik­lə­rin əmək haqqı konveyerdə işləyən işçilərin əmək haq­qından 2-3 dəfə yük­sək­dir. Burada statistikada öz əksini tapan 200 küt­ləvi peşə içəri­sin­də daha çox haqq verildiyi nəzərə alınmaqla ən "nü­fuzlusu" mühəndis­likdir. Bu siyahıda ikinci yerdə iqtisadçı ixtisası ge­dir. Sonrakı yerləri riyaziyatçı, kimyaçı və bioloq ixtisasları tutur. Ən az əmək haqqı verilən işçilərə uzunmüddətli hazırlıq tələb etməyən peşə sahibləri, sü­pürgəçilər, özünəxidmət mağazalarında məhsulları qab­laşdıranlar, pal­tar yuyan maşınların operatorları, kassirlər, yükləyicilər və s. aiddir.
    Inkişaf etmiş ölkələrin bir çoxunda tarif (maaş) dərəcələrində işçilərin xalis işgüzar keyfiyyətləri ilə yanaşı, onların xidmətlərinə görə qiymətləndirmə əsasında şəxsi keyfiyyətləri də nəzərə alınır. Həm də hər bir işçinin xüsusi "xidmətləri"ni müəyyən edərkən bir sıra göstə­rici­lərdən istifadə edilir. Bunlara istehsal edilmiş məhsulun miqdarı, əmə­yin keyfiyyəti, materiallara qənaət edilməsi, avadanlıqlara qayğı ilə ya­naşılması, iş vaxtından maksimum səmərəli istifadə edilməsi və s. da­xil­dir. "Ümumi etibarlılıq", "əməkdaşlığa cəhd göstərmək", "ümumi dav­ranış" kimi göstəricilər də bu qəbildəndir.
    Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağıdakı forma­ları vardır: 1) Vaxtamuzd əmək haqqı; 2) Işəmuzd əmək haqqı. Işlən­miş vaxtın – saat, gün, həftəkəmiyyətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı bir-birindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində işçi­lərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci növbədə konveyerin hərəkət sürətindən asılıdır. Bu, istehsal pro­sesinin daha çox avtomatlaşdırıldığı sahələrə aiddir. Son bir neçə onil­likdir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində əmək haqqının əsas for­ması kimi vaxtamuzd əmək haqqından istifadə edilir. Belə ki, ABŞ-ın və Fran­sanın hasilat sənayesində çalışanların təqribən 70%-i, Böyük Bri­taniya və Almaniyada isə sənaye işçilərinin 60%-ə qədəri əmək haq­qını vaxta­muzd formada alırlar. 
    Vaxtamuzd əmək haqqının ən geniş yayılmış sistemləri aşağı­da­kılardır: 1) Sadə vaxtamuzd əmək haqqı; 2) Mükafatlı vaxtamuzd əmək haqqı; 3) Gündəlik normanın ölçülməsi sistemi; 4) Iki və daha çox dərə­cəli əmək haqqı sistemi.
    Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan sahələrdə istifadə edilir. Mükafatlı vaxtamuzd əmək haqqı is­teh­sal normalarını müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına ma­lik olan, xammala, yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək key­fiyyətli məhsul hazırlayan işçilərə verilir.
    "Gündəlik normanın ölçülməsi" sistemində əmək haqqının kə­miyyəti bir saatlıq tarif maaşını işlənmiş saatların miqdarına vurmaq yolu ilə müəyyən edilir.
    Tarif maaşı işlərin analitik qiymətləndirilməsi və "xidmətlərə gö­rə" qiymətləndirmə metodlarının köməyilə müəyyən edilir. Bunlar işəmuzd əmək haqqı ünsürlərinin əsas tarif maaşına daxil edilməsinə imkan verir.
    "Işlərin analitik qiymətləndirilməsi"  tələb olunan zehni və fizi­ki şərtlərdən, ixtisasdan, məsuliyyətdən və mövcud əmək şəraitindən asılı olaraq bal sisteminin köməyilə müxtəlif işlərin müqayisəli qiymət­ləndirilməsi metodudur. "Xidmətlərə görə" qiymətləndirmə öz növ­bə­sində "istehsal amili" olan işçiyə, onun şəxsi xüsusiyyətlərinə bal siste­minin köməyilə tələb olunan keyfiyyət xarakteristikası verir,  işin fiziki səviyyəsini, onun keyfiyyətini materiallara qənaət olunması­nı, ava­dan­lıqların saz vəziyyətdə saxlanmasını nəzərə almaqla əmək haqqı hesab­lanır. 
    Bəzi hallarda cərimə sistemi adlandırılan iki və daha çox dərə­cəli sistemin mahiyyəti ondan ibarətdir ki, iki və daha çox tarif dərə­cəsindən istifadə olunur. Başqa sözlə, istehsal normalarını yerinə ye­tir­məyən işçilərin əmək haqqı aşağı, yerinə yetirən işçilərinki adi, artıqla­ma­sılə yerinə yetirənlərinki isə yüksək dərəcələrin qiymətləri ilə ödənilir. Deməli, istehsal normasını yerinə yetirməyən işçilər sözün əsl məna­sın­da cərimə olunurlar. Onun cərimə sistemi adlandırılması da bununla əlaqədardır. 
    Işəmuzd əmək haqqı əsas etibarilə əl əməyinin xüsusi çəkisinin yüksək olduğu və həvəsləndirmənin başlıca olaraq məhsul istehsalının artırılması yolu ilə təmin olunması zəruri olan müəssisələrdə tətbiq edi­lir. Müasir dövrdə götürə əmək haqqı məhsulun keyfiyyəti, avadan­lıqlardan istifadə əmsalı kimi amillərin nəzərə alınmasını zəruri edir. Bu isə onu vaxtamuzd əmək haqqına yaxınlaşdırır. Işəmuzd əmək haqqı is­tehsal norması və məhsul vahidinin tarif qiyməti ilə sıx əlaqədardır. Tarif qiymətlərini müəyyən edərkən işçinin: 1) Bir günlük əmək haq­qının və 2) Bir gündə istehsal etdiyi məhsulun miqdarını nəzərə almaq lazımdır. 
    Işəmuzd əmək haqqının ən geniş yayılmış sistemləri aşağıda­kılardır: 1) Məhsul vahidinə görə əmək haqqı; 2) "Vaxt norması" siste­mi; 3) Götürə – reqressiv1 əmək haqqı; 4) Götürə mükafatlı və çoxamilli əmək haqqı sistemi.
    Məhsul vahidinə görə əmək haqqı sistemi daha geniş yayıl­mışdır. Bu sistem çox sadədir və lazım gəldikdə istər istehsal normaları, istərsə də tarif qiymətləri  nəzərdən kçirilib dəyişdirilə bilər.
    "Vaxt norması" sistemində işçiyə əmək haqqı nə faktiki vaxtın, nə də istehsal etdiyi məhsulun miqdarına görə deyil, müəyyən edilmiş nor­ma və həmin işin yerinə yetirilməsi üçün tələb olunan vaxtın kəmiy­yəti nəzərə alınmaqla ödənilir. Məsələn, əgər işçi yerinə yetiril­məsi üçün 8 saat vaxt norması müəyyən edilmiş işi 7 saatda yerinə yeti­rərsə və bir saatın tarif qiyməti 2 dollar olarsa, onda o 16 dollar əmək haq­qı alır. Əksinə işçi yerinə yetirilməsi üçün 6 saat vaxt norması müəy­yən edilmiş işi 8 saatda görərsə, onda ona 12 dollar əmək haqqı verilir.
    Əmək haqqının götürə–reqressiv sistemində məhsul isteh­salı­nın artımına nisbətən əmək haqqı yavaş sürətlə artır.
    Əmək haqqının götürə–mükafatlı və çoxamilli sistemi onunla səciyyələnir ki, o nəinki istehsalın artırılması, həm də ayrı-ayrı "amillər" üzrə müəyyən iqtisadi göstəricilərə nail olunmasını nəzərdə tutur. Belə "amillərə" məhsulların keyfiyyətinin və avadanlıqlardan istifadə əmsa­lının yüksəldilməsi, xammala və enerjiyə qənaət olunması və s. daxildir.
    Bir sıra ölkələrdə qrup mükafatlı götürə sistem də geniş yayıl­mışdır. Bunun meydana gəlməsi, məsələn iri aqreqatlara xidmət gös­tərilməsində kollektiv əməyin zəruriliyi ilə əlaqədardır. Qrup mükafatlı - götürə əmək haqqı sisteminə bəzi hallarda "müəssisələrin mənfəətinin bölüşdürülməsində işçilərin iştirakı" sistemi də deyilir. "Iştirak”ın  for­ma­ları isə olduqca müxtəlifdir. Buna əmək haqqının üzərinə dividend hesablanmasını, müvafiq şirkətlərin öz işçilərinə mükafat olaraq səhm vermələrini misal göstərmək olar.
    Vaxtamuzd, yaxud da işəmuzd əmək haqqından hansına üs­tün­lük verilməsi konkret şəraitdən asılıdır. Müasir dövrdə vaxtamuzd əmək haqqı formasına üstünlük verilməsi meylləri müşahidə olunur. Bu, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, ETI-nin nailiyyətlərindən geniş istifadə edilməsi ilə əlaqədardır. 
    Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Istehsalın xarakterindən, ETI-nin əhatə dairəsindən və digər amillərdən asılı olaraq, onun yeni-yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib inkişaf edə bilər və bu təcrubədən istifadə etmək lazım­dır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğun gəlir, mü­əs­sisənin istehsal fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəs­kin­ləşən rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. Məsələn, inkişaf etmiş ölkələrdə yüksək keyfiyyətli məhsul istehsalı, xammal və material­lara qənaət edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq verilməsini nəzərdə tutan mükafatlan­dırma sistemi geniş yayılmışdır.
    Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrübələri də diqqətəlayiqdir. Başqa sözlə, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkə­lərin demək olar ki, hamısında tarif sistemindən müvəffəqiyyətlə isti­fa­də olunur. Bu təcrübənin qısa məzmunu belədir: 1) Tənzimlənmənin üç pilləli mexanizmi – əmək bazarı, dövlətin müdaxiləsi və kollektiv müqa­vilələr – fomalaşdırılır; 2) Elmi-texniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə ənənəvi ödəmə sistemindən, hər şeydən əvvəl götürə sistemdən imtina edilir; 3) Öz ixti­sasını yük­səl­dən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə yetirən işçi­lərdə maraq yaradılır; 4) Müəssisə və təşkilatların fəaliy­yət­lərinin nəticələrinə görə maddi stimullaşdırmanın kollektiv formaları geniş yayılır. 
 
5. Nominal və real əmək haqqı, onlara təsir edən amillər.
 
   Əmək haqqının kəmiyyətini müəyyən edərkən nominal və real əmək haqqını bir-birindən fərqləndirmək lazımdır. Nominal əmək haq­qı işçinin pul formasında aldığı saatlıq, gündəlik, həftəlik, aylıq, real əmək haqqı isə yaşayış vasitələri və xidmətlərdə öz əksini tapan əmək haq­qıdır. Real əmək haqqı nominal əmək haqqının alıcılıq qabiliyyə­tini, onun real istehlak məzmununu əks etdirir. Deməli, nominal əmək haqqı işçinin yaşayış səviyyəsi haqqında düzgün təsəvvür vermir. Bunu real əmək haqqı, qiymətlərin səviyyəsi və nominal əmək haqqı ara­sındakı qarşılıqlı əlaqə daha düzgün əks etdirir. Məsələn, real əmək haq­qının dəyişməsini (%-lə) müəyyən etmək üçün nominal əmək haq­qı­nın dəyişməsi faizindən qiymətlərin səviyyəsinin dəyişməsi faizini çıx­maq lazımdır. Tutaq ki, nominal əmək haqqı 8%, qiymətlərin səviy­yəsi 5% artmışdır. Bu, real əmək haqqının 3% artdığını göstərir. Buna əsa­sən demək olar ki, işçilərin əmək haqqının konkret məbləği və səviy­yəsi istehsalda, bazarda, habelə sosial münasibətlər sahəsində meydana çı­xan bir çox amillərdən asılıdır.
    Bu amillərdən başlıcası iş qüvvəsinin dəyəridir. Hər bir işçi qru­pu üçün iş qüvvəsi dəyərinin aşağı və yuxarı həddi vardır. Əmək haq­qının aşağı həddi işçinin sərf etdiyi enerjini və ya əgər belə demək müm­kündürsə, qabiliyyətini bərpa etməsi, müəyyən ixtisas alması və ailə üzv­­lərini saxlaması üçün zəruri olan yaşayış vasitələrinin dəyəridir. Ölkə­­lərin çoxunda yoxsulluğun həddini müəyyən edən ən aşağı ixtisasa malik olan işçilərin həyat fəaliyyətlərini davam etdirə bilmələri üçün yaşayış minimumu hesablanır.   Iş qüvvəsi dəyərinin yuxarı həddi müəy­yən olunarkən bunlarla yanaşı, onun ənənəvi sosial–mədəni tələbatı­nın ödənilməsi ilə əlaqədar olan xərclər də nəzərə alınır.
    Işçilərin əmək haqqına təsir edən amillərdən biri də onların ixti­sasıdır. Odur ki, ixtisaslı iş qüvvəsi .özünün təkrar istehsalı üçün daha yaxşı həyat şəraitinin olmasını tələb edir.
    Iri maşınlı istehsalın meydana gəldiyi ilk dövrlərdə sadə, ixti­sassız əmək üstünlük təşkil etdiyinə görə sahibkarlar işçilərin əmək haq­qını onun aşağı həddi səviyyəsində müəyyən edirdilər. Elmi - texniki in­qilab şəraitində isə vəziyyət dəyişir, işçilərin ixtisasının yüksəldilməsi obyektiv zərurətə çevrilir və buna görə də iş qüvvəsinin dəyəri və de­mə­li, əmək haqqının məbləği artır.
    Əmək haqqında milli fərqlər də vardır. Işçilərin gəlirləri xeyli də­rə­cədə ölkələrin iqtisadi inkişaf səviyyələrindən asılıdır. Məsələn, Bo­liviya, Nigeriya və bir sıra ölkələrdə bir günlük əmək haqqı inkişaf et­miş ölkələrdə hətta bir saatlıq əmək haqqından 2,5-3,0 dəfə aşağıdır.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (22.11.2013) | Müəllif: R.C E W
Baxış: 1185 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more