İlyas Əfəndiyev:
– Sən də az yazmamısan...– dedi və bu, əlbəttə, yalnız Cəfər müəllimin
könlünü almaq üçün deyilən sözlər deyildi, həqiqət idi.
Amma o kədərin akvareli Qovuşaqdakı o payız axşamından tamam çəkilib yox
olmadı...
Cəfər Cəfərov bir müddət Mərkəzi Komitədə şöbə müdirinin müavini
vəzifəsində işləmişdi və güman ki, onun o payız axşamı səsindəki o kədər də, onun
üçün həmin illərdə itirilmiş günlərin yaratdığı daxili ab-havanın ifadəsi idi.
Sonradan iş belə gətirdi ki, həmin payız axşamından bir-iki il sonra, 1967-ci
ildə Cəfər Cəfərov yenidən Mərkəzi Komitəyə qayıdası oldu və bu dəfə ideoloji
katib vəzifəsinə...
Nə etmək olar, Cəfər müəllimin o payız axşamı dediyi kimi, həyatdı də...
Cəfər Cəfərov İlyas Əfəndiyevin dramaturgiyası barədə yüksək fikirdə idi.
Vaxtilə «Bahar suları» haqqında da, «Atayevlər ailəsi» barədə də yazmışdı, amma
1964-cü ildə onun «Sən həmişə mənimləsən»in tamaşası haqqında yazdığı «Təklik
faciədir» məqaləsi, ədəbi prosesdə həqiqi mənada səs saldı və mən deyə bilərəm ki,
o pyes dramaturgiyamızın, o tamaşa teatr sənətimizin inkişafında hansı rolu
oynamışdısa, o məqalə də Azərbaycan teatr tənqidinin inkişafında o rolu oynadı.
Unudulmaz Əli Vəliyev yadıma düşür...
İlyas Əfəndiyevin Əli Vəliyevlə xüsusi məhrəmanə münasibətləri var idi və
Əli müəllim rəhmətə gedəndən sonra, ən hərarətli hisslərlə tez-tez onu xatırlayırdı,
bu vicdanlı, təmiz adamın baməzə əhvalatlarını yadına salırdı, bizə də danışıb
ürəkdən gülürdü və deyirdi ki, yazmağı bacarasan, Əli özü gözəl bir əsərin, «Don
Kixot» səviyyəli bir əsərin qəhrəmanının prototipi ola bilər.
«Dostumuzu xatırlayarkən» adlı essesində İlyas Əfəndiyev 30-cu illərin
sonlarını, 40-cı illərin əvvəllərini xatırlayıb yazırdı:
«Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən,
yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə
güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza
qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi. Səməddə də,
Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi».
Mən bu yerdə Sabirabadda yaşayan və artıq adını çəkdiyim həkim-yazıçı Əli
Ağabəylini də xatırlamaq istəyirəm. Əli bəy Tibb Institutunda (indiki Tibb
Universitetində) Mehdi Hüseynin həyat yoldaşı Fatma xanımla bir yerdə oxumuşdu
və onu atamla Mehdi Hüseyn tanış etmişdi. O tanışlıqdan sonra Əli Ağabəyli
ömrünün sonuna kimi İlyas Əfəndiyevin və ümumiyyətlə, bizim evin, ailənin sadiq
və etibarlı bir dostuna çevrildi.
Əli Ağabəyli çox koloritli, mədəni və çox da mütaliəli bir adam, yaxşı
şahmatçı və böyük kitab həvəskarı idi. Moskvada yeni və maraqlı nə kitab çıxırdısa,
o saat xəbər tuturdu və o kitabı əldə edirdi. İlyas Əfəndiyev üçün isə mütaliə,
dediyim kimi, klassikləri oxumaq da, müasir dünya ədəbiyyatındakı maraqlı
hadisələrin içində olmaq da, gündəlik həyatının yemək kimi, içmək kimi
atributlarından biri idi.
Əli Ağabəyli, İlyas Əfəndiyevlə, onun ətrafı ilə elə qaynayıb-qarışmışdı ki, o
da Kislovodskdakı o pansionat-klubun daimi yay üzvlərindən birinə çevrilmişdi...
İlyas Əfəndiyev Mir Mehdi Seyidzadə ilə həm uzun müddət qonşu oldu, həm
də çox duzlu zarafatları var idi və İlyas Əfəndiyev hər dəfə «Hüsü Hacıyev»
küçəsindəki məşhur Yazıçılar Binasının balkonunda Ağanı (Mir Mehdiyə belə
deyirdilər) görəndə, onun öz sözləri ilə:
– Ey zalım, necəsən?– deyirdi.– Təzə qəzəl zühur eləyib, yoxsa, yox?
Və belə balkon görüşləri və zarafatları çox zaman ya Ağa əmigildə (mən də
ona belə müraciət edirdim), ya da bizdə gözəl ekspromt bir məclislə qurtarırdı, illah
da ki, Ağa əmi yeni bir qəzəl yazmışdısa, o məclislər lap aləm olurdu.
Ağa deyirdi:
– Ey zalım! Klassiklər yüz gözələ cəmi bir qəzəl yazırdı, mən isə, bir gözələ
yüz qəzəl yazıram!
İlyas Əfəndiyev 40-cı illərdə Kinostudiyada ssenari şöbəsinin müdiri işləmişdi
və elə o vaxtlardan da Lətif Səfərovla, Muxtar Dadaşovla yaxın münasibətləri var
idi. Lətif Səfərov hərdən-bir axşamlar bizə gələrdi («Körpüsalanlar»a film çəkmək
istəyirdi) və həmin axşamlardan birində, faciəli ölümündən – intiharından təxminən
bir həftə-on gün əvvəl, içi araqla dolu qədəhi başına çəkib İlyas Əfəndiyevə dediyi
sözlər heç vaxt mənim yadımdan çıxmır:
– Tofiqə gözəl mahnılar yazdırdım, Rəşidi də saxladım gələcək nəsillərə. Elə
bu – mənim bəsimdi!
Lətif Səfərov «Bəxtiyar» filminin quruluşçu rejissoru idi və söhbət Tofiq
Quliyevin o film üçün bəstələdiyi mahnılardan, Rəşid Behbudovun da baş rolda o
mahnıları ifa etməsindən gedirdi.
Indi – rəhmətlik Lətif Səfərovun dediyi həmin «gələcək nəsillər»in yetişdiyi,
bir-birini əvəz etdiyi bir vaxtda, mən hər dəfə Rəşidin ifasında o mahnıları eşidəndə,
televizorda o filmdən fraqmentləri görəndə, bizim evdəki o axşamı xatırlayıram...
Mən bu mövzunu qurtarmağa çətinlik çəkirəm, çünki hər dəfə son nöqtəni
qoymaq istəyəndə yeni bir işıqlı sima gözlərimin qarşısında canlanır və mən onun
barəsində, onunla İlyas Əfəndiyevin münasibətləri barədə, bu münasibətlərin də, öz
növbəsində, sənət aləminin, Azərbaycan ədəbi-mədəni mühitinin bir hissəsi, bir
parçası olması haqqında yazmaya bilmirəm, yazmasam, elə bil ki, onların ruhu
qarşısında, nəsə, bir günah işlədirəm...
Onların hamısı yazılmalıdı.
Sağlıq olsun...
5.
Artıq dediyim kimi, İlyas Əfəndiyev ədəbiyyata 1939-cu ildə «Kənddən
məktublar» kitabındakı hekayələrlə gəldi və vəfatından sonra nəşr olunmuş «Sən ey
böyük Yaradan» kitabındakı hekayə və kiçik povestlər isə onun son əsərləri oldu.
Bu 57 yaradıcılıq ili ərzində İlyas Əfəndiyev altı roman («Söyüdlü arx» –
1958; «Körpüsalanlar» – 1960; «Dağlar arxasında üç dost» – 1963; «Sarıköynəklə
Valehin nağılı» – 1976; «Geriyə baxma, qoca» – 1980; «Üçatılan» – 1981; bu
romanların bəzisi povest kimi də təqdim olunub), beş povest («Kənddən məktublar»
– 1939; «Aydınlıq gecələr» – 1941; «Torpağın sahibi» – 1952; «Qaçaq Süleymanın
ölümü» – 1993; «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklükiçikli
qırx yeddi hekayə, bir çox oçerklər və xatirələr yazmışdır və bu nəsr
yaradıcılığı onun yaradıcı fəaliyyətinin daimi tərkib hissəsi olmuşdur, İlyas
Əfəndiyev nəsri və İlyas Əfəndiyev dramaturgiyası daima bir-birini əvəz və davam
etdirmişdir.
Orası da maraqlıdır ki, İlyas Əfəndiyev heç bir nəsr əsərini
səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, «Pyes lap
başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır!» – deyirdi,
yazıçının öz romanını, povestini, hekayəsini səhnələşdirməsi barədə isə, yəqin bir az
da hissə qapılaraq: «Aşığın sözü qurtaranda, sazım, dınqıl-dınqıl deyər!»– deyirdi.
İlyas Əfəndiyevin hekayələri haqqında və bu hekayələrin Azərbaycan
hekayəçiliyinin və ümumiyyətlə, Azərbaycan nəsrinin, Azərbaycan bədii dilinin
inkişafında, janrın poetikası baxımından estetik rəngarəngliklərin əldə edilməsindəki
rolu barədə çox yazılıb və bu da çox maraqlı və yəqin ki, əlamətdar bir faktdır: onun
o ilk hekayələr kitabının – «Kənddən məktublar»ın düz 63 il (!) bundan əvvəlki
rezonansı bu gün də hələ unudulmayıb.
Oxucuların İlyas Əfəndiyevin hekayələrinə marağı ilə bağlı uzaq keçmişdə
qalmış bir epizodu xatırlayıram.
1954-cü ilin yayında – o zaman mən beşinci sinifə keçmişdim – biz Şuşadakı
Yaradıcılıq Evinə getmişdik və həmin yay İlyas Əfəndiyevin yeni yazdığı «Su
dəyirmanı» hekayəsi radio ilə verildi, hekayə böyük olduğu üçün, üç gün dalbadal
oxundu.
Şuşanın Bazar başı deyilən mərkəzində, taxta elektrik dirəyinin (şalbanın)
başında gur səsi aləmi bürüyən bir radio aparatı var idi və o hekayə oxunan həmin
üç gündə Bakıdan, ətraf rayonlardan Şuşaya istirahətə gələnlərin, Şuşa cavanlarının
necə geyinib-kecinib Bazar başına yığışaraq hansı bir maraqla o radioya qulaq
asmaları, Bazar başını bürümüş o gözəl hiss-həyəcan, Şuşadakı o «radio bayramı»
və mənim də o adamların arasında daxili bir qürur və çox ciddi bir görkəmlə
gözümü o radio aparatına zilləməyim tez-tez mənim yadıma düşür və elə bil, o
hissləri yenidən yaşayıram....
Mən «radio bayramı» dedim, bəlkə də Şuşadakı «hekayə bayramı» demək
daha düz olardı...
Və İlyas Əfəndiyev 1958-ci ildə ilk romanını – «Söyüdlü arx»ı yazanda, bu,
ədəbi ictimaiyyətdə, bir növ, «sürpriz» kimi bir şey oldu, çünki o, artıq 20 il idi bir
hekayəçi və dramaturq kimi tanınırdı, amma bu roman da ilk dəfə «Azərbaycan»
jurnalının həmin ildəki 10 və 11-ci saylarında dərc olunan kimi, həm ədəbi tənqiddə,
həm də oxucuların arasında böyük rezonans doğurdu.
Yadıma gəlir, jurnal romanın çapını təzəcə bitirmişdi ki, «Azərbaycan
gəncləri» qəzetində Xəlil Rzanın, bu şairə xas olan bir emosionallıqla yazdığı
«Söyüdlü arx» romanının qəhrəmanı Nuriyyəyə açıq məktub»u dərc olundu (11
yanvar 1959), sonra Süleyman Rəhimovun «Ədəbiyyat və incəsənət» qəzetində
«Söyüdlü arx» barəsində» adlı iki böyük məqaləsi çıxdı, bundan sonra məqalələr
bir-birini əvəz etdi və o dövrün mətbuatını nəzərdən keçirən olsa, bunun şahidi ola
bilər ki, «Söyüdlü arx» Azərbaycan ədəbi tənqidində, o vaxta qədər olmayan bir
bədii-estetik təlatüm yaratdı.
Bunu mən ona görə xüsusi qeyd edirəm ki, o vaxta qədər Azərbaycan ictimai
fikrindəki «ədəbi təlatümlər» ideoloji xarakter daşıyırdı, bədiiyyat, poetika, estetik
xüsusiyyətlər ədəbi tənqiddə ideoloji aktuallıqdan sonra gələn və haqqında ötəri
bəhs olunan (ya da heç bəhs olunmayan!) ikinci dərəcəli əhəmiyyətə malik cəhətlər
idi...
Çox keçmədi ki, «Söyüdlü arx» Tamara Kalyaginanın tərcüməsində
Moskvada, «Drujba narodov» jurnalında (1960, ¹ 12) dərc edildi, elə həmin 60-cı
illərin əvvəllərində çex, slovak, gürcü, erməni, qırğız, eston, Ukrayna, latış
dillərində nəşr olundu, sonra başqa dillərə çevrildi.
«Söyüdlü arx»ın oxucular tərəfindən, xüsusən, gənc qızlar, gəlinlər tərəfindən
necə qarşılanması ilə bağlı, yalnız bir faktı (belə faktlar isə, olduqca çox idi!) misal
gətirsəm, elə bilirəm ki, bu günün oxucusunda 50-ci illər oxucusunun «Söyüdlü
arx»la bağlı hiss-həyəcanlarının koloriti haqqında təsəvvür yarana bilər: Bakıdakı
190 saylı məktəbin tanınmış ədəbiyyat müəllimi Sürəyya Mirabdullayeva bu romanı
birinci cümləsindən tutmuş sonuncu cümləsinə qədər əzbər bilirdi (!).
«Körpüsalanlar»la bağlı mən artıq yazdım və İlyas Əfəndiyevin sonrakı
romanlarının da ədəbi taleyi beləcə uğurlu oldu, amma «uğurlu oldu» o demək
deyildi ki, hər şey hamar gedirdi, heç bir maneə yox idi və s.
Yox, belə deyildi.
Yenə bir hadisə yadıma düşür.
«Sarıköynəklə Valehin nağılı» romanının çapından sonra, oxucuların böyük
marağını, tənqidçilərin istəyini nəzərə alaraq, Yazıçılar Ittifaqı, bu romanın da, İlyas
Əfəndiyevin başqa romanları və ümumiyyətlə, başqa əsərləri kimi, sovet ideoloji
tələbləri baxımından ögeyliyinə baxmayaraq, Mərkəzi Komitədən də heç bir icazə
almadan, məşhur Natəvan adına klubda romanın geniş müzakirəsini keçirdi və
«Ədəbiyyat və Incəsənət» qəzeti bu müzakirəni geniş də işıqlandırdı (14 may 1977).
Və birdən-birə Mərkəzi Komitənin yüksək rütbəli çinovnikləri (xüsusən,
mədəniyyət şöbəsinin müdiri) böyük bir cidd-cəhd və kin-küdurətlə Yazıçılar
Ittifaqından izahat tələb etməyə başladı ki, kimdən icazə alıblar və nə üçün bu
romanın müzakirəsini keçiriblər, «Ədəbiyyat və Incəsənət» qəzetindən də başqa bir
izahat tələb etdilər ki, nə üçün bu müzakirənin materiallarını dərc edib?
O zaman mən Yazıçılar Ittifaqının katibi işləyirdim və o «MK tələbi»nin bütün
təfərrüatı mənim yaxşı yadımdadır. Imran Qasımovu tez-tez MK-ya çağırırdılar,
izahat tələb edirdilər, MK-nın ideoloji katibi, bilmirəm, romanı oxumuşdu, ya yox,
amma Imran Qasımova: «– Bu roman inkişaf etmiş sosializm cəmiyyətinə (o zaman
belə bir termin dəbdə idi– E.) yad bir əsərdir» – deyirdi, Imran Qasımov isə, heç bir
izahat verməyəcəklərini bildirir və romanı müdafiə edirdi.
Nəhayət, rəhmətlik Imran Qasımov, görəndə ki, Yazıçılar Ittifaqından da,
«Ədəbiyyat və Incəsənət» qəzetindən də əl çəkmirlər, təlimat almış peşəkar «keçi
suyu bulandırma mütəxəssisləri» artıq fəaliyyətə başlayıb və məsələ «Sarıköynəklə
Valehin nağılı»na qarşı əməlli-başlı bir ideoloji «ifşa» kompaniyası ərəfəsinə gəlib
çatıb, MK-nın o zamankı birinci katibi Heydər Əliyevin yanına getdi, məsələdən
onu agah etdi və Heydər Əliyevin də elə Imranın yanındaca selektorun düymələrini
basıb hadisəyə çox kəskin reaksiya verməsi ilə, həmin «izahat» tələbləri yox oldu...
Bununla bağlı bir maraqlı (və səciyyəvi!) epizod da yadıma düşür. Elə o
günlərdən birində mən nə üçünsə MK-ya getmişdim və arakəsmədə mədəniyyət
şöbəsinin müdiri ilə rastlaşdım. Məni sidq-ürəkdən qucaqlayıb rusca: «– Sağ olsun
Heydər Əliyeviç!– dedi.– Filankəsi (MK-nın ideoloji katibinin adını çəkdi) yaxşı
yerində oturtdu! İlyas müəllimə mənim təbrikimi çatdır!» Halbuki, həmin yoldaş
Filankəsin qulağını elə bu adamın özü doldurmuşdu və «Sarıköynəklə Valehin
nağılı» ətrafinda yaranmış o hay-küyün də səbəbkarı elə o özü idi. Bu adam 1968-ci
ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» pyesinin tamaşasını da «millətçilik» təbliğ
etdiyinə görə qadağan etmək istəyirdi və mən irəlidə bu barədə yazacağam.
Bu gün bütün bunları xoş bir əhvalla xatırlamaq da, eləcə bir əhvalla oxumaq
da mümkündür, çünki bu gün bunların hamısı artıq tarixin səhifələridir, o vaxt isə
həmin bu tarixin yarandığı günlər idi və əhvalı pozurdu, qanı qaraldırdı, əsəbləri
gərginləşdirirdi, bir sözlə, həyatı zəhərləyirdi...
Amma o vaxt da həyat davam edirdi...
Və İlyas Əfəndiyev həmişəki səliqə-səhmanıyla öz yazı mizinin arxasında idi.
«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» adlı povestini o, yuxarıda
göstərdiyim kimi, 1996-cı ilin 28 mayında bitirdi və bir gənclik həvəsi, şövqü ilə,
həmişə müəllifinə xas olmuş lirik-romantik üslubda qələmə alınmış bu kiçik
psixoloji povest İlyas Əfəndiyevin yazdığı sonuncu bədii əsərdir.
İlyas Əfəndiyev nəsrlə ədəbiyyata gəldi, nəsrlə də getdi...
O, 1983-cü ildə yazdığı «Duyğuların estafeti» adlı essedə uşaqlıq çağlarını
xatırlayır, nənəsinin ona danışdığı bir əhvalatı uşaqlıq dostu Əhəd Bağırzadəyə
danışmasını və həmin əhvalatın onlara necə təsir etməsini yazırdı:
«Mən bu əhvalatı qoca nənəmdən eşitmişdim. Nənəm Sadıqcanı (söhbət
Azərbaycan ifaçılıq sənətinin klassiki, məşhur tarzən Sadıqcandan gedir– E.)
görmüşdü. Deyirdi, olduqca gözəl, yaraşıqlı bir oğlan idi. Sadıqcan tar çalanda
güllüklərdə bülbüllər susub ona qulaq asarmışlar. Xanlıqdan gözəl, zərif bir qız
Sadıqcana aşiq olubmuş. Lakin Sadıqcan evli olduğu üçün onun sevgisinə cavab
verə bilməyib, aldatmaq da istəməyib. Qız isə, bu sevgidən dərdə düşüb, vərəm
olub. Biz bir tərəfdən qızın halına acıyır, bir tərəfdən də Sadıqcanın kişi hərəkətini,
arvadına, ailəsinə sədaqətini hiss edib mütəəssir olurduq. Sanki heç özümüz də hiss
etmədən insanların gözəl rəftarları, hissləri bizi ucaldırdı, bizə səbəbini, mahiyyətini
dərk etmədiyimiz şairanə bir ilham verirdi. Biz tanıyıb-tanımadığımız bütün yaxşı
insanları sevməyə, özümüz də onlar üçün fədakarlıqlar etmyə hazır idik. Indi bu
sətirləri yazarkən də mənə elə gəlir ki, bütün uşaqlar göz açıb ilk dəfə dünya ilə tanış
olmağa başlayanda, o hisslərlə yaşayırlar».
Və daha səkkiz ildən sonra, İlyas Əfəndiyev 70 il içində gəzdirdiyi o
«mütəəssirliyi», o hissləri kağıza köçürür... «Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı» povestini yazır. Bu povest İlyas Əfəndiyevin sonuncu bədii
əsəridir və onu 1996-cı il mayın 28-də bitirib. 82 yaşında yazdığı bu son povest
gənclik ehtirası, şövqü, hisslər aləminin zənginliyi, romantik duyğular baxımından
onun ən maraqlı yazılarından biridir.
Sadıqcanın nəvəsi Aybəniz xanım, o zaman Xarici işlər naziri vəzifəsində
işləyən Həsən Həsənovun həyat yoldaşıdır və mən «Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı»nı oxuyandan sonra, əlyazmanı Həsən Həsənova da verdim ki,
oxusunlar. Səhəri gün Həsən Həsənov mənə telefon açdı və:
– Heç vaxt inanmaq olmaz ki, bu hissləri 82 yaşlı bir yazıçı ifadə edib,– dedi.–
İlyas müəllimin adı olmasaydı, mən elə bilərdim ki, bu gözəl povesti 30 yaşlı bir
gənc yazıb.
«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» faktı mənim üçün ona görə
əlamətdardır ki, İlyas Əfəndiyevin ən kiçik uşaqlıq çağları ilə, ömrünün, hətta 80-ni
keçən sonrası arasında da bir harmoniya, hissiyyat dəyişməzliyi və zənginliyi var idi
və o bir uşaq kimi həyata hansı hissiyyatla gəlmişdisə, elə həmin hissiyyatlarla da
həyatdan köçdü.
6.
Teatr İlyas Əfəndiyev üçün gündəlik həyatının nəfəs almaq, su içmək, yemək
kimi tamam təbii, mübahisəsiz bir atributu idi və onun həyatının xüsusən son 32 ili
(«Sən həmişə mənimləsən»dən sonra) ən sıxı surətdə teatrla bağlı keçmişdir.
Bu yerdə «teatr» məfhumu yalnız İlyas Əfəndiyevin tamaşalarından ibarət
deyil, onun ehtiva dairəsi çox genişdir: bura Akademik Milli Dram Teatrının
qapıçısı ilə hal-əhval tutmaqdan, yaradıcı heyətin, bütün işçilərin dərdindən-sərindən
xəbərdar olmaqdan, onların ailə-məişət problemləri ilə bağlı xahişlərinə çarə
qılmaqdan tutmuş, teatrın bədii-estetik simasının müəyyənləşdirilməsinə, gənc
istedadların səhnəyə gətirilməsinə, yeni-yeni aktyor nəslinin yetişdirilməsinə qədər –
hər şey onunla bağlı o «teatr» məfhumunun içində idi.
Mən yuxarıda qeyd elədim ki, İlyas Əfəndiyev öz şəxsi arxivinə fikir verən
adam deyildi, bəzən özü haqqında yazılan məqalələri belə, axıracan oxumağa
hövsələsi çatmırdı, amma Akademik Milli Dram Teatrına bir əsər verdikdən sonra,
onun mizarxası oxunuşundan tutmuş, bütün məşqlərində iştirak edirdi, hətta 80-90-
cı illərdə hərdən nasaz olanda da məşqlərə gedirdi və biz buna etiraz etmirdik, çünki
o məşqlərdən sonra özünü daha yaxşı hiss edirdi, ovqatı dəyişirdi, bəlkə özü də
bunun fərqində deyildi, amma teatr ona açıq-aşkar müsbət emosiyalar verirdi və bu
müsbət emosiyaların yalnız gözəl mənəvi deyil, cismani təsiri də açıq-aşkar idi.
İlyas Əfəndiyev teatra necə bağlıydısa, teatr da eləcə ona bağlı idi.
Aktrisa Şəfiqə Məmmədova:
«Bu gün teatra onu yalnız və yalnız İlyas müəllim kimi sevə bilən, onu İlyas
müəllim kimi duya və qiymətləndirə bilən bir sənət bilicisi, sənət fədaisi gərəkdir.
İlyas müəllim səviyyəsində və masştabında bir sənətkarın teatrla birgə işi, sənət
ünsiyyəti böyük nəticələr verdi ki, bu, göz qabağındadır. Özünü bütünlüklə teatra
həsr edən bu böyük sənətkara mənim mənsub olduğum sənətkarlar nəsli də çox
borcludur».
Rejissor Mərahim Fərzəlibəyov:
«Onun nüfuzu, istedadı, qələminin qüdrəti qarşısında hamı baş əyirdi, bir
sözünü iki edən yox idi. O, bəyəndiyi rejissoru hər hansı incəsənət müəssəsindən
çağırıb tamaşasının səhnə təcəssümünü verdirə bilərdi... İlyas Əfəndiyev
dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev
dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə
olan günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu
zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən
onunla söhbətləşir, məsləhətləşir, əsərlərini müzakirə edirəm. İlyas Əfəndiyevin
nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss
edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı
İlyas Əfəndiyevlə bağlıdır.»
Artist Səyavuş Aslan:
«Mən bir sənətkar kimi teatr sənətində başqalaşmağımın, az-çox nəyəsə nail
olmağımın səbəbini o qüdrətli sənətkarın öyüd-nəsihətlərində görürəm».
Artist Əlabbas Qədirov:
«Şəxsən mən 30 ilə yaxın yaradıcılığımda az-çox nəyə nail ola bilmişəmsə,
bunun üçün İlyas Əfəndiyevə, böyük dramaturq və gözəl insana minnətdaram».
Artist Fuad Poladov:
«Əgər, teatrımızın yaşlı nəslinə mənsub olan aktyorlar söhbətlərində bir aktyor
kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun dramaturgiyasının böyük
rolundan fəxrlə danışırdılarsa, biz də, yəni altmışıncı illərdə səhnəyə gəlmiş gənclər,
cəsarətlə deyə bilərik ki, səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə
müasirimiz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəsna rolu
olmuşdur».
Aktrisa Bəsti Cəfərova:
«Onun teatr sənətinə ülvi, təmiz, yüksək məhəbbəti, sənətkarlara münasibəti,
tamaşa üzərində aktyorlarla işləmək bacarığı, tamaşa hazırlanıb istehsalata
buraxılandan sonra da tamaşanın qayğısını çəkməyi, tamaşa ilə bağlı hər bir məsələ
ilə maraqlanması, sənətdə heç bir kompromisə getməməsi bizə həmişə dərs idi».
Aktrisa Firəngiz Mütəllimova:
«Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdiyimə və bir də
Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək bir insana – unudulmaz İlyas
Əfəndiyevə borcluyam».
Aktrisa Kübra Əliyeva:
«Mənə hər dəfə sual verirlər: «– Kübra xanım, bu sənətə gəlməkdə sənə kim
kömək edib, müəllimin, rejissorun kim olub?
Hər yerdə, hər zaman və ömrümün sonuna qədər cavabım budur:
– İlyas Əfəndiyev! İlyas Əfəndiyev! İlyas Əfəndiyev!».
Mən bu mülahizələri oxuyuram və fikirləşirəm ki, İlyas Əfəndiyevin teatrla
belə bir qarşılıqlı bağlılığının, onun, hələ gənc yaşlarından etibarən, bir yazıçı kimi
daima dramaturgiyaya meyl etməsinin, «İlyas Əfəndiyev teatrı»nın Azərbaycan
mədəniyyətində yeni keyfiyyətli bədii-estetik bir hadisə kimi meydana çıxmasının,
görünür, lap uşaq çağlarından bir işıq kimi içinə dolmuş teatr təəssüratının rolu
böyük olmuşdur.
İlyas Əfəndiyev uşaq ikən, Füzulidə, onun özünün sözləri ilə desəm, «kiçik,
amma maraqlı, sevincli bir dram dərnəyi var idi» və bu dərnəyi yoxsullaşmış
zadəganlardan olan Şamxal bəy Vəzirov təşkil etmişdi. Balaca İlyas o dərnəyin
ifasında «Məşədi Ibad»a, «Arşın mal alan»a, «Laçın yuvası»na, «Dağılan tifaq»a,
«Zorən təbib»ə, «Müfəttiş»ə baxmışdı və bu tamaşalar, şübhəsiz ki, təbiətən çox
təəssüratlı bir uşaq olan İlyasa çox da təsir etmişdi.
O kiçik dərnəyin fəaliyyət göstərdiyi klub, az bir zaman içində, İlyas
Əfəndiyevin sonralar yazdığı kimi, «şəhər əhalisinin yeganə sevinc yeri oldu. Gənc
artistlərin hərəsinin parlaq bir yaradıcılıq xüsusiyyəti meydana çıxırdı: paxlavapeşmət
satan Mehdi kişinin oğlu Mürşüd Həşimli şəhərin məşhur tragiki olub, Oqtay
Eloğlu, Aydın, Əmiraslan bəy rollarını xüsusi məharətlə oynayırdı. Evlərdə
günəmuzd iş görən, xeyirdə-şərdə fəal iştirak edən Xeyransa xalanın oğlu Təhməz,
məsələn, «Hacı Qara»da Kərəməli, «Məşədi Ibad»da Hambal rollarını oynamaqla
şöhrət qazanmışdı. Aşpaz Məmmədəli əminin oğlu Səfər komik rollarda səhnəyə
çıxanda tamaşaçılar gülməkdən qəşş edirdilər. Truppanın rejissoru olan Cəmil
Vəzirov (Şamxal bəyin kiçik qardaşı– E.) özü Məcnun, Kərəm, Aşıq Qərib kimi
rolları məharətlə oynayırdı... Hamı yeni tamaşaların afişalarını böyük həvəslə
oxuyurdu, izləyirdi. Rəngli qələmlərlə çəkilmiş afişaların başında həmişə yazılardı:
«Həyat müvəqqəti, sənət daimidir».
İlyas Əfəndiyev bu həvəskar artistləri, onların göstərdiyi o tamaşaları ömrünün
sonuna kimi tez-tez yada salırdı və bu zaman açıq-aşkar hiss olunurdu ki, o, həmin
cavan artistlərin göstərdiyi tamaşaların əhvali-ruhiyyəsini yenidən yaşayır, yetmiş il
əvvəl olduğu kimi, yenə də həmin təəssüratın sirri-sehri və sevinci içindədir.
O da mənim yaxşı yadımdadır ki, 48-49-cu illərdə – onda mənim 5-6 yaşım
vardı – yayda, Füzulidə, İlyas Əfəndiyev hansı bir həvəslə məni o teatra aparırdı və
artıq tanınmış yazıçı olsa da, Akademik Milli Dram Teatrının səhnəsində böyük
aktyorların ifasında üç əsəri tamaşaya qoyulsa da, Füzuli klubunun binasında hansı
bir maraqla «Əsli və Kərəm»ə tamaşa edirdi.
İlyas Əfəndiyevin uşaqlıq dövründə gördüyü və dediyim kimi, sonralar tez-tez
xatırladığı həvəskar teatr fədailərinin böyük əksəriyyəti repressiyaların qurbanı
olmuş, güllələnmiş, Sibir çöllərinin gedib-qayıtmazlarında itib-batmışdı, salamat
qalanlar isə müharibədən qayıtmamışdı və həmin 48-49-cu illərdə o «köhnə
qvardiya»dan yanlız Mürşüd Haşımlı – artıq professional əməkdar artist 20-25 il
əvvəllərdə olduğu kimi, Qara Keşişi oynayırdı.
Əlbəttə, İlyas Əfəndiyevin teatrla bağlılığı öz başlanğıcını Füzulidəki o kiçik
dram dərnəyindən götürmüşdü, amma, eyni zamanda, mən düşünürəm ki, «İlyas
Əfəndiyev teatrı»nı yaradan bədii-estetik xüsusiyyətlərin də bünövrəsi elə o
dərnəyin sənət ehtirasında, daimi yenilik axtarışlarında, eksperimentlərdən
çəkinməməsində qoyulmuşdur.
«İlyas Əfəndiyev teatrı» uzun fasilədən sonra, Azərbaycan teatrına insani hisshəyəcanların
bədii ifadəsini gətirdi və yalnız gətirmədi, onları ön plana çəkdi, hər
cürə ideoloji şüarçılığı insan psixologiyasının lirik təqdimatı ilə əvəz etdi, sovet
dövründəki hakim ideologiyanın yaratdığı sosializm realizmi estetik təmayülünün
ziddinə olaraq yaxşıya şirə qatmadı və pisi də gizlətmədi, həyatı bünün
mürəkkəbliyi, ziddiyyəti ilə səhnəyə çıxartdı və parlaq istedada malik aktyor
nəsillərini yetişdirdi.
Azərbaycan teatrının 37-ci ilin cəhənnəmindən (İlyas Əfəndiyev bu «teatr
cəhənnəmini» «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsində təsvir edib) salamat
qurtarmış Azərbaycan səhnəsinin, demək olar ki, bütün böyük aktyorları, yaşlı
nəslin nümayəndələri İlyas Əfəndiyevin əsərlərində oynamışlar və yəqin ki,
oxucular üçün maraqlı olacağını düşünüb, mən, aşağıdakı siyahını tərtib etdim:
Mirzəağa Əliyev – Zeyniş («Intizar»), Babadayı («Işıqlı yollar»), Sidqi
Ruhulla – Alxasbəy («Intizar»), Ağasadıq Gəraybəyli – Alxasbəy («Intizar»),
Vasilyev («Işıqlı yollar»), Nəcəf («Bahar suları»), Qoca knyaz («Xurşid banu
Natəvan»), Əli Qurbanov – Fərrux Haşımzadə («Intizar»), Babadayı («Işıqlı
yollar»), Qalmağal Mədəd («Bahar suları»), Mustafa Mərdanov – Cəfər («Intizar»),
Kərim («Işıqlı yollar»), Sadıq Sadıqov («Atayevlər ailəsi»), Əjdər Sultanov – Tofiq
(«Intizar»), Zəfər («Bahar suları»), Xosrov Atayev («Atayevlər ailəsi»), Ismayıl
Osmanlı – Fərrux Haşımzadə («Intizar»), Kefli Bəşir («Bahar suları»), Səxavət
(«Mənim günahım»), Məmmədəli Vəlixanlı – Zeyniş («Intizar»), Hökumə
Qurbanova – Sürəyya («Intizar»), Gülara («Işıqlı yollar»), Şəfəq («Bahar suları»),
Lətifə («Atayevlər ailəsi»), Möhsün Sənani – Cəfərqulu («Işıqlı yollar»), Xan Murad
(«Bahar suları»), Q.Topuriya – Göhər xanım («Intizar»), Süleyman Tağızadə –
Qambay («Intizar»), Ismayıl Dağıstanlı – Qambay («Intizar»), Elmar («Işıqlı
yollar»), Tahir («Mənim günahım»), Böyük bəy («Mahnı dağlarda qaldı»), Ələsgər
Ələkbərov – Alxan («Bahar suları»), Sona Hacıyeva – Gülyaz («Intizar»), Səadət
(Bahar suları»), Əli Zeynalov – Səlim («Işıqlı yollar»), İldırım Atayev («Atayevlər
ailəsi»), Həsənzadə («Sən həmişə mənimləsən»), Sahib («Mənim günahım»), Leyla
Bədirbəyli – Lalə («Işıqlı yollar»), Mehriban («Atayevlər ailəsi»), Nurcahan
(«Mənim günahım»), Fəxrəndə xanım («Mahnı dağlarda qaldı»), Barat Şəkinskaya –
Turac («Bahar suları»), Dilşad («Atayevlər ailəsi»), Mirvari Novruzova – Gülyaz
(«Intizar»), Turac («Bahar suları»), Gözəl («Mənim günahım»), Yeva Olenskaya –
Narıngül («Bahar suları»), Əminə Sultanova – Göhər xala («Intizar), Ballı xala
(«Bahar suları»), Məlik Dadaşov – Ziya Şahsuvarov («Atayevlər ailəsi»), Həsənağa
Salayev – Laçın («Işıqlı yollar»), Ağahüseyn Cavadov – Usta Fayiz («Işıqlı yollar»),
Almurad («Mənim günahım»), Sofa Bəsirzadə – Reyhan («Atayevlər ailəsi»),
Səadət xanım («Unuda bilmirəm»), Cəvahir xanım («Büllur sarayda»), Məmmədrza
Şeyxzamanov – Mövsümzadə («Unuda bilmirəm»), Barsuq («Qəribə oğlan»),
Həsənalı («Mahnı dağlarda qaldı»), Əliağa Ağayev – Dadaş («Qəribə oğlan»),
Nəcibə Məlikova – Məlahət («Qəribə oğlan»), Qönçə («Büllur sarayda») və başqa
sənətkarlar.
Və aktyor oyunu baxımından belə bir zəngin təcrübəyə malik «İlyas
Əfəndiyev teatrı», yuxarıda yazdığım kimi, yeni sənətkarlar nəsli yetişdirdi.
Ədəbi tənqidin də, bu sənətkarların özlərinin də dəfələrlə yazdıqları, dedikləri
kimi, 60-cı illərdə və sonralar sənətə gəlmiş Həsənağa Turabov, Amalya Pənahova,
Şəfiqə Məmmədova, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Hamlet Xanızadə,
Səməndər Rzayev, Hamlet Qurbanov, Səyavuş Aslan, Mikayıl Mirzə, Səfurə
Ibrahimova, Vəfa Fətullayeva, Fuad Poladov, Yaşar Nuri, Bəsti Cəfərova, Rəfael
Dadaşov, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Ramiz Məlikov və başqa
istedadlı aktyorlarımızın yetişməsində, onların sənətinin formalaşmasında, eləcə də
Azərbaycan teatr rejissorluğunun, teatr tərtibatının, teatr musiqisinin inkişafında
«İlyas Əfəndiyev teatrı»nın böyük, bir çox məqamlarda isə həlledici rolu olmuşdur.
Və bu proses bu gün də davam edir.
Vaqif Yusifli 2002-ci ildə yazır: «Bu gün belə bir etiraf bəlkə daha ucadan
səslənməlidir: İlyas Əfəndiyev Cəfər Cabbarlıdan sonra Azərbaycan
dramaturgiyasına yeni bir üslub və nəfəs gətirdi, onun pyesləri uzun illər teatrımızın
repertuar siyasətində mühüm rol oynadı. «İlyas Əfəndiyev teatr məktəbi» öz
missiyasını indi də davam etdirir: lirik-psixoloji üslub tərzi, həyatın, gerçəkliyin
zərif, incə hisslərlə təqdimi, gözəlliyin, həyat poeziyasının bədii-estetik təsdiqi İlyas
Əfəndiyevdən sonra da davam edir. «İlyas Əfəndiyev teatr məktəbi» məkanında
formalaşan rejissorlar, onun pyeslərinin «qəhrəmanı» olan aktyorlar indi də o böyük
sənətkarı minnətdarlıqla xatırlayırlar».
Bu yerdə mən, bir unikal faktı xatırlamaq istəyirəm: İlyas Əfəndiyevin təkcə
bir teatrın – Akademik Milli Dram Teatrının səhnəsində 19 pyesi tamaşaya
qoyulmuşdur və bu, müasir dünya teatr tarixində analoqu olmayan bir hadisədir.
Həmin tamaşalar bunlardır:
«Intizar» (Mehdi Hüseynlə birlikdə yazılıb) – ilk tamaşası 26 dekabr 1944-cü
ildə oynanılıb. Quruluşçu rejissoru Səftər Turabov, quruluşçu rəssamı Nüsrət
Fətullayev, bəstəkarı Əfrasiyab Bədəlbəyli idi.
«Işıqlı yollar» – ilk tamaşası 19 iyul 1947-ci ildə oynanılıb. Quruluşçu
rejissoru Adil Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin
müəllifi Bədurə Əfqanlı, bəstəkarı Fikrət Əmirov idi.
«Bahar suları» – ilk tamaşası 11 dekabr 1948-ci ildə oynanılıb. Quruluşçu
rejissoru Adil Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin
müəllifi Bədurə Əfqanlı, bəstəkarı Səid Rüstəmov idi.
«Atayevlər ailəsi» – (ilk tamaşası 9 oktyabr 1954-cü ildə oynanılıb).
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sadıq Şərifzadə, bəstəkarı
Niyazi idi. (Həmin tamaşa yenidən bərpa olundu və 4 dekabr 1960-cı ildə ilk
tamaşası göstərildi.)
«Sən həmişə mənimləsən» – 14 noyabr 1964-cü ildə oynanıldı. Quruluşçu
rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Fikrət Əmirov
idi.
«Mənim günahım» – ilk tamaşası 5 may 1967-ci ildə oynanıldı. Quruluşçu
rejissoru Əşrəf Quliyev, quruluşçu rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Sultan
Hacıbəyov idi.
«Unuda bilmirəm» – ilk tamaşası 1 noyabr 1968-ci ildə oynanıldı. Quruluşçu
rejissoru – Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin
Sabitoğlu idi.
«Məhv olmuş gündəliklər» – ilk tamaşası 29 noyabr 1969-cu ildə oynanıldı.
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı
Emin Sabitoğlu idi.
«Mahnı dağlarda qaldı» – ilk tamaşası 12 fevral 1971-cti ildə oynanılıb.
Quruluşçu rejissoru Əliheydər Ələkbərov, quruluşçu rəssamı Nüsrət Fətullayev,
bəstəkarı Süleyman Ələsgərov idi.
«Qəribə oğlan» – ilk tamaşası 17 fevral 1973-cü ildə oynanılıb. Quruluşçu
rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Emin
Sabitoğlu idi.
«Bağlardan gələn səs» – ilk tamaşası 1 oktyabr 1975-ci ildə oynanılıb.
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva,
bəstəkarı Emin Sabitoğlu idi.
«Xurşid banu Natəvan» – ilk tamaşası 11 sentyabr 1981-ci ildə oynanılıb.
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Elçin Aslanov,
bəstəkarı Arif Məlikov idi.
«Büllur sarayda» – ilk tamaşası 17 sentyabr 1983-cü ildə oynanılıb. Quruluşçu
rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Oqtay
Kazımov idi.
«Şeyx Məhəmməd Xiyabani» – ilk tamaşası 20 dekabr 1986-cı ildə oynanılıb.
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz
Haqverdiyeva, musiqisi isə seçmə tərtibatlı idi.
«Bizim qəribə taleyimiz» – ilk tamaşası 9 aprel 1988-ci ildə oynanılıb.
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz
Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi.
«Sevgililərin cəhənnəmdə vüsalı» – ilk tamaşası 21 aprel 1989-cu ildə
oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rasim
Nəzirov, bəstəkarı Cavanşir Quliyev idi.
«Tənha iydə ağacı» – Akademik Milli Dram Teatrı təmirdə olduğu üçün, ilk
tamaşa 6 mart 1991-ci ildə Respublika Sarayında oynanılıb. Quruluşçu rejissoru
Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiz Ismayılov, bəstəkarı Cavanşir
Quliyev.
«Dəlilər və ağıllılar» – Akademik Milli Dram Teatrının təmiri uzandığı üçün,
ilk tamaşa 9 noyabr 1992-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində
oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiq
Abdullayev, bəstəkarı Vasif Adıgözəlov idi. Bu tamaşa İlyas Əfəndiyevin özünün
gördüyü sonuncu premyera idi.
«Hökmdar və qızı» – altı il çəkən təmirdən sonra Akademik Milli Dram Teatrı
1996-1997-ci il teatr mövsümünü ilk tamaşası 17 noyabr 1996-cı ildə oynanılan bu
əsərlə açdı. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Ismayıl
Məmmədov, musiqisinin tərtibatında isə Vasif Adıgözəlovun və Polad
Bülbüloğlunun əsərlərindən istifadə olunmuşdu.
Sonuncu tamaşa göstərilərkən, artıq İlyas Əfəndiyevin vəfatından 44 gün
keçmişdi...
Bu tamaşaların, demək olar ki, hamısı tamaşaçılar tərəfindən böyük maraq və
hərarətlə qarşılanıb və orasını da deyim ki, İlyas Əfəndiyevin tamaşaları, demək olar
ki, həmişə anşlaqla gedirdi.
Akademik Milli Dram Teatrının arxivində qorunub saxlanmış məlumatlar
əsasında İlyas Əfəndiyevin həmin teatrdakı tamaşalarının sayı barədə bəzi rəqəmləri
oxuculara təqdim etmək istəyirəm:
«Unuda bilmirəm» – 424 dəfə (müxtəlif bölgələrə qastrollarla birlikdə 500-dən
çox);
«Büllur sarayda» – 304 dəfə (qastrollarla bərabər 400-dən çox);
«Qəribə oğlan» – 285 dəfə (qastrollarla bərabər 300-dən çox);
«Sən həmişə mənimləsən» – 143 dəfə (qastrollarla birlikdə 250-dən çox);
«Xurşid banu Natəvan» – 106 dəfə (qastrollarla birlikdə 150-dən çox);
«Bizim qəribə taleyimiz» – 103 dəfə (qastrollarla birlikdə 140-dan çox);
«Dəlilər və ağıllılar» – 103 dəfə (qastrollarla birlikdə 130-dan çox)
Və s.
Bu tamaşaların səhnə ömrünə nəzər salaq:
«Unuda bilmirəm» – 1 noyabr 1968-ci ildə tamaşaya qoyulub, son tamaşası isə
4 iyul 1985-ci ildə göstərilib. 17 il fasiləsiz repertuarda olub.
«Qəribə oğlan» – 8 aprel 1973-cü ildə tamaşaya qoyulub, son tamaşası 8
yanvar 1988-ci ildə göstərilib. 15 il fasiləsiz repertuarda olub.
«Mahnı dağlarda qaldı» – 12 fevral 1972-ci ildə tamaşaya qoyulub, son
tamaşası isə 23 sentyabr 1983-cü ildə göstərilib. 13 il fasiləsiz repertuarda olub.
Və s., onun 3-4 ildən az repertuarda olan tamaşası, demək olar ki, yoxdur.
Bir neçə il bundan əvvəl, «İlyas Əfəndiyev teatrı»nın istedadlı
tədqiqatçılarından biri olan İlham Rəhimli yazırdı: «Azərbaycan teatrının 123 illik
tarixində ona xidmət edən yüzlərlə milli dramaturqlarımız olub. Ancaq onların
arasında öz teatrını yaradan, öz səhnə estetikasını müəyyənləşdirən, öz poetika
göstəricilərini müəyyənləşdirən dramaturqlar çox azdır: Mirzə Fətəli, Mirzə Cəlil,
Cəfər Cabbarlı, Əbdürrəhim bəy, Hüseyn Cavid... Bu siyahıda İlyas Əfəndiyevin adı
ən ləyaqətli yerlərdən birini tutur. «İlyas Əfəndiyev teatrı» son otuz ilin milli səhnə
fəaliyyətinin tənzimləyicisi, mənəvi-əxlaqi problemlərin bədii təcəssümçüsü, yeni
teatr poetikasının müəyyənləşdiricisi, təzə aktyor nəslinin formalaşdırıcısı olub.»
İlyas Əfəndiyev və teatr mövzusu ilə bağlı bu kiçik qeydləri bitirmək istərkən
bir epizod yadıma düşdü. Təxminən iki il bundan əvvəl, soyuq bir qış axşamı
Akademik Milli Dram Teatrının o zamankı direktoru və bədii rəhbəri Həsənağa
Turabovun iş kabinetində idim. Rəhmətlik Eldəniz Zeynalov kabinetə girdi və məni
görəndə özünü saxlaya bilməyib qucaqladı və dolmuş bir halda:
– İlyas müəllimdən sonra, teatr yetim qalıb!.. Hamımız yetim qalmışıq!..–
dedi.
Mən bu kiçik (amma heç vaxt mənim yadımdan çıxmayacaq!) epizodu ona
görə xatırladım ki, əgər səhv etmirəmsə, Eldəniz Zeynalov İlyas Əfəndiyevin yalnız
bir əsərinin – «Dəlilər və ağıllılar» – tamaşasında epizodik Ağadadaş Nəcəfov
rolunda Hacı Ismayılovun dublyoru olub və o da İlyas Əfəndiyevsiz teatrda özünü
yetim hiss edirdi...
Və nəhayət «İlyas Əfəndiyev və teatr» mövzusu ilə bağlı bir faktı da demək
istəyirəm, çünki bu fakt da İlyas Əfəndiyevin şəxsiyyəti, xasiyyəti, düşüncənin hansı
sferalarında yaşaması barədə az söz demir: o, Azərbaycan Teatr Xadimləri
Ittifaqının üzvü deyildi...
Və həmin Ittifaqa üzv olmaq üçün İlyas Əfəndiyevdən zəmanət almaq istəyən
cavan (və qeyri-cavan!) dramaturqlar, ümumiyyətlə, teatr sənəti ilə bağlı olan
adamlar bu faktı biləndə mat qalırdılar...
7.
Oxucuların yaxşı tanıdığı nasir İlyas Əfəndiyevlə, dramaturq İlyas
Əfəndiyevlə bərabər, uzun onilliklər boyu tənqidçi İlyas Əfəndiyev də daima Söz
demiş, Sözün təəssübünü çəkmişdir.
Doğrusunu deyim ki, İlyas Əfəndiyevin məqalələrini müxtəlif illərdə ayrıayrılıqda
oxusam da, onun «Seçilmiş əsərlər»inin yeni nəşrini çapa hazırlayarkən,
həmin məqalələri bir yerdə, bir toplu şəklində oxuduqda, mən maraqlı bir faktla
qarşılaşdım: söhbət ədəbiyyatın aktual problemləri ilə bağlı və ardıcıl surətdə
məqalələr yazan yazıçı İlyas Əfəndiyevdən yox, professional nasir, professional
dramaturq kimi, professional da tənqidçi İlyas Əfəndiyevdən gedir.
Bu məqalələrin elmi-nəzəri səviyyəsi, bədii-estetik maraqları güdmək ehtirası,
mövzu genişliyi, təhlil obyekti seçilən əsərlərin janr müxtəlifliyi bu fikri söyləməyə
əsas verir və bu mənada İlyas Əfəndiyev XX əsrdə bizim yazıçı-tənqidçi
müştərəkliyini qələmində üzvi şəkildə birləşdirən sənətkarlarımızdan biridir.
İlyas Əfəndiyevin məqalələrini xronoloji ardıcıllıqla oxuduqda,
professionallığa aparan elmi-nəzəri xəttin necə formalaşmasının, necə
sabitləşməsinin əyani şahidi oluruq.
Onun ilk məqaləsi – «Bataqlıq soldatları» adlı film haqqında Ə.Bəbirlə
birlikdə yazdığı resenziya «Yeni yol» qəzetinin 14 dekabr 1938-ci il sayında çap
olunub və həmin məqalə, ümumiyyətlə, İlyas Əfəndiyevin mətbuatda çıxmış ilk
yazısıdır.
Orası da, yəqin, maraqlı (və əlamətdar!) bir cəhətdir ki, bu ilk yazıdan sonra,
İlyas Əfəndiyevin «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş ilk müstəqil məqaləsi Milli
Dram Teatrımızın səhnəsində tamaşaya qoyulmuş «Müsibəti-Fəxrəddin» tamaşası
haqqında resenziyadır; bu mənada maraqlıdır ki, gənc yazıçı ilk müstəqil tənqidi
fikrini gələcək yaradıcılıq həyatının (və ümumiyyətlə, həyatının) 1944-cü ildə
«Intizar»ın tamaşasından sonrakı 52 ili ilə ən sıxı surətdə bağlı olacaq bir sənət
ocağı haqqında söyləmişdir.
Bu məqaləni mən 60-cı illərin ikinci yarısında mətbuatı araşdırarkən tapıb
oxumuşdum və 30 ildən sonra – vəfatından bir-iki il əvvəl mən, «Müsibəti
Fəxrəddin» tamaşası haqqında yazılmış bu ilk müstəqil məqaləsini İlyas
Əfəndiyevin yadına saldım və soruşdum ki, necə oldu, bu ilk məqalə o teatrdan bəhs
etdi?
İlyas Əfəndiyev:
– Yəqin təhtəlşüur olub... – dedi.
Və biz fikir versək, görərik ki, Akademik Milli Dram Teatrının, qismən də
başqa teatrların tamaşaları haqqında, daha geniş götürsək isə, ümumiyyətlə, teatr,
dramaturgiya və kino problematikası İlyas Əfəndiyevin ədəbi tənqidində çox
mühüm yer tutur.
Yəqin bu da təsadüfi deyil ki, Azərbaycan yazıçılarının II Qurultayına (1954)
və III Qurultayına (1958) dramaturgiya haqqında məruzələri İlyas Əfəndiyev
etmişdir və onun, həmin məruzələrin əsasında yazdığı «Müasir dramaturgiyamız»,
«Son illərdəki dramaturgiyamız haqqında», eləcə də «Cavan dramaturqlar» və s.
kimi sanballı məqalələri, «Yağışdan çıxdıq, yağmura düşdük»dən, yaxud «Kəndçi
qızı»ndan tutmuş, «Antoni və Kleopatra», yaxud «Fırtına»yacan bir çox tamaşalar
haqqında geniş və ciddi resenziyaları, teatr xadimləri barədə esseləri bir tərəfdən
Azərbaycan teatr sənətinin, digər tərəfdən isə Azərbaycan sənətşünaslığının
inkişafında, yüksək bədii-estetik meyarların formalaşmasında az rol oynamamışdır.
Ancaq eyni zamanda, Azərbaycan nəsri və poeziyası da, İlyas Əfəndiyev ədəbi
tənqidinin əsas mövzuları idi və bu yerdə söhbət yalnız həmin məqalələrin kəmiyyət
göstəricilərindən getmir – bu, öz yerində (onun 150-yə qədər məqaləsi və sırf
ədəbiyyat və sənət problemlərindən bəhs edən 40-a yaxın müsahibəsi çap
olunmuşdur), söhbət, bəlkə də, daha artıq dərəcədə ondan gedir ki, bütün bu janrlar
İlyas Əfəndiyev üçün ədəbiyyat haqqında, sənət haqqında, daha geniş götürsək,
mədəniyyət və mənəviyyat haqqında fikirlərini söyləmək üçün eyni dərəcədə münbit
zəmin yaradırdı.
Tənqidçi Şamil Salmanov yazır: «Hər bir böyük yazıçı kimi, İlyas Əfəndiyev
də öz dövrünün ədəbi prosesinə, ədəbi düşüncəsinə qüvvətli təsir göstərmiş
sənətkarlardandır.»
Bu fikrə yalnız onu əlavə etmək olar ki, həmin «qüvvətli təsir»də İlyas
Əfəndiyevin qələmi sırf tənqidçi qələmi kimi də ciddi rol oynamışdır.
İlyas Əfəndiyevin bədiiliyə münasibəti və bu münasibətdən doğan estetik
tələbatı hələ gənc yaşlarından etibarən dəqiq və aydın idi.
O, 1945-ci ildə, müharibənin yenicə bitdiyi günlərdə «Ədəbiyyat qəzeti»ndə
çap etdirdiyi «Yüksək sənət uğrunda» adlı məqaləsində dövrün (hakim və qorxunc
sovet – Stalin ideologiyasının!) ən çox təbliğ etdiyi və bir çox istedadsız «yazıpozuçuların
», sırf bədii-estetik tələblər qarşısında polad qalxanına, zirehli əbasına
çevrilmiş müqəvva «müsbət qəhrəman»la bağlı yazırdı:
«Həyatda tez-tez, bəlkə də, hər gün təsadüf etdiyimiz adamı biz, təəssüf ki,
hekayə və romanlarımızda ya heç görmürük və ya görsək də, sevə bilmirik. Çünki
müəllif onu hadisələrin təbii gedişində deyil, havadan asılı vəziyyətdə saxlamağa,
qəsdən «yaxşı» göstərməyə çalışır, başını tumarlayır, yerli-yersiz ona «həkimanə
sözlər» dedirtməyə cəhd edir. Bu «həkimanə sözlər» neçə yüz il bundan qabaq
dəfələrlə deyilmişdir. Müəllif insanın mürəkkəb daxili aləmini, onun saysız-hesabsız
ziddiyyətlərini unudaraq, qəhrəmanın hər bir hərəkətini «yaxşılıq», «əlalıq» kimi
qələmə verir. Yazıq adam, Balaşın ölü paltarı geymiş atasının vəziyyətinə düşür,
quruyub qalır, boynunu belə tərpədə bilmir. Sonra müəllif, metaldan qayrılmış
mexaniki adamı radio ilə idarə etdikləri kimi, öz qəhrəmanını başlayır hərəkət
etdirməyə: «Sağa dön! Filankəsə bax! Burada əxlaq barəsində nitq irad et!»
Nəticədə belə olur ki, oxucu müəllifin hamıya çoxdan məlum olan çeynənmiş
sözlərini «mexaniki qəhrəmanın» ağzından eşidərkən əsnəməyə başlayır və axırda
yadında heç nə qalmır.
O yerdə ki, oxucular qeyd etməyə başlayır ki, sən filan sözü qəhrəmanına
qəsdən dedirdirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü
itirməyə başlayır. Flober bu məsələ haqqında yazır: «Mən elə güman edirəm ki,
romançı heç bir münasibətlə öz fikrini açıqdan-açığa qeyd etməməlidir».
Bir daha yada salaq ki, ən qəti (və qatı!) surətdə sosializm realizmi ədəbi
prinsiplərinin əleyhinə deyilən, hakim ideologiyanın heç cürə qəbul etmədiyi və
buna görə də, əslində, yasaqda saxladığı «insanın mürəkkəb daxili aləmini, onun
saysız-hesabsız (!– E.) ziddiyyətlərini» bədii ədəbiyyatda görmək istəyən bu fikirlər,
1945-ci ildə, yəni «radio ilə idarə edilən» həmin «mexaniki adam»ın ədəbiyyatda
hegemonluq etdiyi, yüksək qiymətləndirildiyi, dərsliklərə salındığı, müəlliflərinin
mükafatlandırıldığı, «canlı klassik» elan edildiyi bir vaxtda söylənib...
Və bu xətt – ədəbiyyata, sənətə belə bir psixoloji-estetik meyarlarla yanaşmaq
– İlyas Əfəndiyev estetikasının əsas müddəalarından biri və bəlkə də, başlıcası idi və
illər ötdükcə bu xətt onun özünün bədii yaradıcılığında da, onun ədəbi tənqidində də
açıq-aşkar aparıcı magistrala çevrilmişdi.
Mən artıq yazmışam ki, mütaliə İlyas Əfəndiyevin gündəlik həyatının çox
mühüm və dəyişməz bir hissəsi idi və onun bədii-estetik zövqünün
formalaşmasında, şübhəsiz ki, mühüm də rol oynamışdı.
İlyas Əfəndiyevin mütaliəsi azad, sərbəst və eyni dərəcədə də özünəməxsus bir
mütaliə idi, yəni bu mənada ki, xoşuna gəlməyən əsəri, kim nə qədər tərifləyir,
tərifləsin, özünü məcbur edib axıra qədər oxumazdı, yaxud rus klassik ədəbiyyatını,
xüsusən, Lev Tolstoyu və Anton Çexovu mükəmməl bilirdi və yüksək
qiymətləndirirdi, amma müasir rus ədəbiyyatını izləmirdi, çünki ümumiyyətlə, sovet
ədəbiyyatı onun üçün maraqlı deyildi, hərçənd «Sakit Don»u və ümumiyyətlə,
Şoloxovu, Fadeyevin «Tar-mar»ını, Katayevin son povestlərini, Trifonovu, Belovu,
Rasputini yüksək qiymətləndirirdi, Aleksey Tolstoyu və Konstantin Fedini istedadlı
yazıçılar hesab edirdi.
Ən çox sevdiyi yazıçılardan biri, bəlkə də birincisi Stendal idi, Balzakı,
Floberi, Dikkensi, XX əsr yazıçılarından Stefan Sveyqi, Folkneri, Heminqueyi,
Remarkı, Apdaykı çox bəyənirdi. Şekspiri, Lope de Veqanı, Molyeri, Qaldonini,
Bomarşeni, Şilleri tez-tez xatırlayırdı, onların əsərlərindən misallar çəkirdi.
XX əsr dramaturgiyasında Pirandellonu, Şounu, O’Keysini, O’Nili, Artur
Milleri, Anuyu, Piter Ustinovu, Eduardo de Flipponu maraqla oxuyurdu. Rus
dramaturgiyasında Çexovun pyeslərini böyük hadisə hesab edirdi, Ostrovskinin,
Qorkinin isə dramaturgiyasını qəbul etmirdi. Lev Tolstoyu, dediyim kimi, çox
yüksək qiymətləndirirdi, amma «Canlı meyit»i tamamlanmamış, üzərində
işlənməmiş pyes hesab edirdi və Protasov xarakterindəki qeyri-dəqiqliyi Lev
Tolstoy qələminə layiq bilmirdi. Rus sovet dramaturqlarından yalnız Rozov onun
üçün maraqlı idi, bir də ki, son dövrlərdə Vampilovun pyeslərini həvəslə oxuyurdu
və deyirdi ki, bu dramaturq, Çexovdan sonrakı rus dramaturgiyasında maraqlı (və
faciəvi!) hadisədir.
Çox sevdiyi kitablar «Don Kixot» və «Robinzon Kruzo» idi və bu kitabları
yeniyetmə çağlarında oxuduğuna baxmayaraq, bütün epizodlar, təfərrüatlarına kimi,
yadında idi. Ümumiyyətlə, onun oxucu yaddaşı, həqiqi mənada, heyrətamiz bir şey
idi.
1988-ci ildə yazdığı bir essedə belə bir hadisəni xatırlayırdı:
«Bir dəfə Lev Tolstoy barədə söhbət edirdik. Mehdi (söhbət Mehdi Hüseyndən
gedir. – E.) Tolstoyun bir-iki ştrixlə obrazın portretini oxucunun gözü qarşısında
necə canlandırdığından danışırdı. Andrey Balkonskinin arvadı Lizanın təsvirindən
danışanda, onun üst dodağının alt dodağından bir qədər uzun olduğunu söylədikdə
mən dedim:
– Əksinə, üst dodağı alt dodağından qısa təsvir edilmişdir.
Mehdi dərhal hirslənib:
– Gəl, mərcləşək!– dedi.
Dedim:
– Mərcləşək!
– Bir «Inturist» qonaqlığından?!
Dedim:
– Oldu!
Mehdi «Hərb və sülh» romanının birinci cildini götürüb həmin yeri açdı və
məlum oldu ki, mən deyən kimidir. Mehdinin əməlli-başlı pərt olduğunu görüb
dedim:
– Yəqin sən çoxdan oxumusan, Mehdi, amma mən bu yaxınlarda oxumuşam.
Ona görə də yadımda qalıb.
Həqiqətdə isə, mən o romanı yalnız bir dəfə, özü də hələ yazıçı olmayanda –
Füzulidə oxumuşdum. Hafizəm çox yaxşı olduğundan, «Hərb və sülh»ü çox
sevdiyimdən detalların yadımda qalması təəccüblü deyildi.
Fatma xanım bərkdən gülüb:
– A kişi,– dedi,– uduzdun, apar uşaqların qonaqlığını ver».
40-50-ci illərdə, hətta 70-80-ci illərdə də ədəbi dairələrdə yalançı bir şüar
hökm sürürdü: «Həyatı öyrənmək lazımdır!» və bu zaman həmin «Həyat» məfhumu,
əslində, kolxozdan, sovxozdan, fabrikdən, zavoddan, bir sözlə, istehsalatdan ibarət
idi.
Bu şüarın əks qütbündə isə, bu gün nə qədər qəribə səslənsə də, kitab
dayanırdı, yəni, filankəs həyatı (yəni, neft, yaxud metal istehsalını, baramaçılığı,
camışçılığı, yaxud qaynaqçı peşəsini və s.) bilmir, kitabdan gəlir...
İlyas Əfəndiyev söhbətlərində tez-tez bu mövzuya toxunurdu:
– Həyat ilə kitabı qarşı-qarşıya qoymaqdan da əbləh bir şey tapmaq mümkün
deyil!– deyirdi.– Onda Qraf Tolstoy, ya lord Bayron gərək əllərinə qələm
almayaydılar... Özləri kitab oxumur, çünki kitaba yad adamlardı, ona görə də ortaya
belə şüarlar atırlar!..
Bir də İlyas Əfəndiyev deyirdi:
– Həyatı öyrənmək lazım deyil, həyatı hiss etmək lazımdı!
İlyas Əfəndiyev heç vaxt redaksiyaların sifarişi, yaxud kiminsə xahişi ilə
məqalə yazmırdı, o, ədəbi tənqiddə də tamam sərbəst, azad bir adam idi və onun
qələmə aldığı mövzunu, onun hissiyyatı, zövqü, sənət düşüncələri diqtə edirdi, o,
həvəsi olmasa, qələmini nəyi isə yazmağa məcbur edən adam deyildi.
Artıq çox uzaqlarda qalmış bir epizodu da xatırlamaqla bu barədə söhbətimi
yekunlaşdırmaq istəyirəm.
Mən 1969-cu ildə, 26 yaşımda namizədlik dissertasiyası müdafiə etdim və o
müdafiə çox uğurlu keçdi, rəhmətlik Abbas Zamanov, opponentim olan Mehdi
Məmmədov, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, başqaları təklif etdilər ki,
mənə birdən-birə doktorluq adı verilsin. O zamanın qaydasına görə dissertasiyanın
avtoreferatını, sənədləri təsdiq olunmaqdan ötrü Moskvaya, Ümumittifaq Attestasiya
Komissiyasına göndərdim. O materialların ardınca Moskvaya təcili anonim bir
məktub göndərmişdilər ki, Elçinin dissertasiyasını özü yox, atası İlyas Əfəndiyev
yazıb.
Bu hadisə İlyas Əfəndiyevi qəzəbləndirmək əvəinə, ona ləzzət eləmişdi və
gülə-gülə deyirdi:
– Əşşi, mənim dissertasiya yazmaq həvəsim olsaydı, indiyə qədər elə oturub
özüm üçün yazardım də!..
8.
Mən artıq qeyd etdim ki, İlyas Əfəndiyev ömrü boyu vəzifəni, iclasları,
bürokratik aparatı, sovet ədəbi-ictimai həyatının cürbəcür «seçkili» orqanlarını heç
vəchlə yaxına buraxmayan bir adam idi (yalnız cavan çağlarından etibarən, həmişə
Azərbaycan Yazıçılar Ittifaqı Rəyasət Heyətinin, bir də ki, Akademik Milli Dram
Teatrı Bədii Şurasının üzvü olmuşdu, vəssalam!), onda, bütün bunlara qarşı təbii bir
allergiya var idi, amma eyni zamanda o, (və bu, xüsusən, sovet gerçəklikləri
kontekstində qəribə görünürdü) dünəninə, bugününə və sabahına görə hər an
xalqının təəssübünü çəkməyə hazır olan (və çəkən!) bir ictimai xadim idi, oxucular
da, ictimai mühit də onu ictimai xadim kimi də qəbul edir və ona hörmət
bəsləyirdilər.
Unudulmaz maestro Tofiq Quliyev hələ İlyas Əfəndiyevin sağlığında ikən
yazırdı:
«Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun
müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsna xidmətləri
var, o ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir... Bir cəhəti də qeyd
etmək istəyirəm: İlyas Əfəndiyev canı ilə, qanı ilə ədəbiyyata, sənətə bağlılığı ilə
bərabər, həm də görkəmli ictimai xadimdir.»
Doğrudan, qəribədir, Sovet Ittifaqında yaşayasan, heç zaman deputat
seçilməyəsən, nəinki heç vaxt partiyanın rəhbər orqanlarında, ümumiyyətlə, heç
Kommunist Partiyasının sıravi üzvü də olmayasan və səni ictimai xadim kimi də
qəbul etsinlər – SSRI-də çətin analoqu tapılan bir hadisədir.
Şəxsən mənim üçün, burada bir sirri-xuda yoxdur: İlyas Əfəndiyevin ictimai
xadimliyi də onun qələminin bəhrəsi idi. Onun ictimai xadimliyini «yüksək»
tribunalarda boğazdan yuxarı bir səmimiyətlə söylənən «atəşin» çıxışlar yox,
təyinatlı deputat fəaliyyəti, icazəsi verilmiş təşəbbüskarlıq, tapşırılmış bəyanatlar,
çağırışlar yox, qələminin vətəndaş ehtirası müəyyən edirdi.
İlyas Əfəndiyev hələ Sovet Ittifaqı vaxtında həmin vətəndaş ehtirası ilə
yazırdı: «Axı, biz, tribunalarda «vicdan, vicdan!» deyə bağıraraq, Didrodan,
Aristoteldən sitatlar gətirən, əslində, pabmıqla baş kəsən, hər hökumət, partiya
başçısının vaxtında bir dona girən, bu gün təriflədiyi «rəhbəri» sabah bağıra-bağıra
pisləyən buqələmunları çox görmüşük».
Həmin buqələmun ictimai xadimlər həmişə həm yazıçı İlyas Əfəndiyevin, həm
də ictimai xadim İlyas Əfəndiyevin qələminin hədəfi idi.
1991-ci ilin yanvarında – hələ sovet imperiyasının şərəfsizcəsinə süqutundan
əvvəl, İlyas Əfəndiyev «Mənliyimiz və mədəniyyətimiz» adlı məqaləsində yazırdı:
«Son yetmiş ildə Stalin repressiyası insanlarda bütün müqədds ideyalara inamı
məhv etdi. Iş o dərəcəyə çatdı ki, hətta genlərin təsirinə, kibernetikaya inanmaq
qadağan edildi. Stalinin zorla yaratdığı kollektivləşmə, yalançı beynəlmiləlçilik,
kobud ateizm adamlarda paxıllıq, ikiüzlülük, közü öz qabağına eşmək, yaltaqlıq,
satqınlıq kimi keyfiyyətləri sürətlə artırdı. Qardaş qardaşa, ata oğula inanmadı.
Beləliklə, dəmir hasara alınmış sovet cəmiyyətində insanın daxili-ülvi mədəniyyətini
cəhənnəm adamının soyuq amansızlığı əvəz etdi. Cəmiyyətin insani müvazinəti
pozuldu.»
İlyas Əfəndiyevin ictimai xadimliyi, öz imkanları daxilində, amma ehtirasla
güddüyü həmin «insani müvazinəti pozulmuş cəmiyyətdə» doğma xalqının marağı
idi.
Mən heç vəchlə istəməzdim ki, oxucu, mənim nəyisə ideallaşdırmaq
meylimdən şübhələnsin (onsuz da belə bir «ideallaşdırmanın» heç bir perspektivi,
deməli, heç bir mənası yoxdur, İlyas Əfəndiyev demişkən, saf-çürüyü – tarix aparır
və tarixin işinə də qarışmaq lazım deyil, çünki mümkün deyil!).
Bəli, İlyas Əfəndiyevin də elə publisist yazılarına, ciddi məqalələrində elə
abzaslara rast gəlmək mümkündür ki, orada hakim ideologiyanın tələb etdiyi
tərənnümlər, xeyli dərəcədə az da olsa, təkrar olunur, ancaq bu, onun yaradıcılığının
və vətəndaş mövqeyinin fonunda, bəlkə də, çox birbaşa deyirəm, açıq-aşkar bir
komfulyaj rolu oynayır və bunu görmək üçün xüsusi cidd-cəhd də lazım deyil.
Sovet Ittifaqında yaşamayan, sovet gerçəkliyini gözü ilə görməyən və o
mühitdə yaradıcılıqla məşğul olmayan bir kəs bəlkə də, belə bir komfulyajı qəbul
edə bilməz, çünki bunu başa düşmək, hiss eləmək çətin məsələdir.
|