Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti-2
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

     Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidini və ümumiyyətlə, ictimai fikrini tədqiq edərkən, elə bilirəm ki, həmin illərdə ortaya çıxmış «Səriyyə məsələsi» xüsusi əhəmiyyət kəsb edir və ən başlıcası isə, bir tərəfdən vulqarsosioloji təfəkkür tərzində, digər tərəfdən isə, yalançı xəlqilik konsepsiyasının süqutu üçün dönüş mərhələsi təşkil edir.
     «Körpüsalanlar» və bu povestin qəhrəmanı Səriyyə obrazı həm bədii-estetik cəhətdən, həm də mövzu baxımından Azərbaycan nəsrində tamam yeni bir hadisə idi və özü ilə keyfiyyət dəyişikliyi gətirdi, ədəbi mərhələyə çevrildi, eyni zamanda, ədəbi tənqiddə həmin dediyim dönüş mərhələsinin yaranmasına səbəb oldu. İlyas Əfəndiyev yaradıcılığının ən səriştəli tədqiqatçılarından biri, bizim gözəl tənqidçimiz Yaşar Qarayev yazırdı: «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963) – bu əsərlərdə ifadə olunan yenilik, hər şeydən əvvəl, müəllifin «müsbət qəhrəman» və «mənəvi gözəllik» anlayışını o illərin stereotip ölçü, qəlib və normalarından fərqləndirən cəhətlərdən idi. Belə ki, müəllif bilavasitə mövcud ədəbi ənənədən yox, həyatdan, ictimai və mənəvi-əxlaqi inkişafda yeni mərhələnin formalaşdırdığı nəslin üzərində müşahidələrdən çıxış edərək, müasir insan, məişət və əxlaq haqqında öz anlayışlarını irəli sürürdü.» («Xarı bülbülün nağılı», Bakı, 1995, səh. 19.)
     Mən «Körpüsalanlar»a qarşı həmin qaragüruh hücumunun təfərrüatına varmaq istəmirəm, onsuz da, aradan keçən bu qırx il hər şeyi yerbəyer etdi, bu gün oxucular ən müxtəlif dillərdə «Körpüsalanlar»ı oxuyurlar, onun haqqında o vaxt Azərbaycan mətbuatını dolduran o cahil və nadan mülahizələr isə, indi yalnız acı təbəssüm doğurur,– bundan artıq deyil.
     Maraqlananlar isə, o dövrün mətbuatına baxa bilərlər və mən özüm də vaxtilə ədəbiyyatımız üçün bu prinsipial məsələ ilə bağlı ətraflı yazmışam. (Ədəbi tənqid və xarakter məsələsi, ADU-nun elmi əsərləri, Dil və ədəbiyyat seriyası, 1968, 2; Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, 1981, səh. 174 – 189.)
     Yuxarıda dediyim ədəbi tənqiddəki həmin «dönüş mərhələsi»nin prinsipial xarakterini göstərən cəhətlərdən biri bu idi ki, Məmməd Arif (Keçən ilin nəsri haqqında qeydlər. «Ədəbiyyat və incəsənət» qəzeti, 25 mart 1961), Məmməd Cəfər (Həyatın romantikası. Bakı, 1968, səh.149) və başqaları kimi nüfuzlu qələm sahibləri «Körpüsalanlar»a qarşı nadan hücumlara tutarlı çavablar verdilər. Yalnız bir misal gətirmək istəyirəm: Cəfər Cəfərov Azərbaycan yazıçılarının IV qurultayında «Ədəbi tənqid haqqında» söylədiyi məruzəsində, bu tənqidçiyə xas olan bir açıqlıqla deyirdi: «Körpüsalanlar» povesti ilə əlaqədar olaraq özünü göstərən avamlıqlara yol verilməməli, vaxtilə Mustafa Quliyevin dediyi «müsəlman tənqidinin» qalıqları ilə mübarizə edilməlidir». (Əsərləri. Iki cilddə, 2-ci cild, Bakı, 1968, səh. 388-389.)
     Mən «Körpüsalanlar»a qarşı bu qaraguruh hücumunu ona görə xatırladım ki, İlyas Əfəndiyev belə gərgin bir vaxtda da o yazılara xüsusi əhəmiyyət vermirdi və onun üçün yenə də oxucuların məktubları qat-qat artıq dərəcədə maraqlı idi. Oxucular isə, «Körpüsalanlar»la bağlı ard-arası kəsilmədən məktublar yazırdı və qəribə bir ehtirasla Səriyyəni müdafiə edirdi.
     Əlbəttə, onlar «Azərbaycan qadını» jurnalının «təşkil etdiyi» oxucular deyildi...
     Bu sətirləri yazarkən, kiçik bir hadisə də yadıma düşdü.
     O zaman mən gənc idim, universitetin ilk kurslarında oxuyurdum və atamdan fərqli olaraq, o qaragüruh hücumu mənə çox təsir edirdi. «Azərbaycan qadını» jurnalında çap olunan və Səriyyə surətini «ifşa» edən məktublardan birinin müəllifinin müəllimə olduğu göstərilirdi. Mən soraqlaşıb o müəllimənin dərs dediyi məktəbə telefonla zəng etdim və məlum oldu ki, həmin məktəbdə o adda müəllimə işləmir. Bunu atama danışdım və dedim ki, bu məsələni açmaq lazımdı, qoy redaksiya cavab versin ki, bu müəlliməni haradan tapıb, niyə belə təxribatlarla məşğuldu?
     İlyas Əfəndiyev gülə-gülə:
     – Əşşi, sənin də işin qurtarıb də!..– dedi və bununla elə mən özüm də sakitləşdim (sonralar da onun məni beləcə «sakitləşdirmələri» çox olub...).
     O dövrün kontekstində mənim üçün çox maraqlı görünən və ədəbi tənqiddəki bayaq dediyim həmin «dönüş mərhələsi» baxımından əhəmiyyətli olan bir məsələni də qeyd etmək istəyirəm: «Körpüsalanlar»a qarşı Azərbaycan KP MK Bürosunun təzyiqi ilə «Kommunist» qəzetindəki dərcin dayandırılmasından sonra başlayan hücum kompaniyası ictimaiyyətdə elə bir ajiotaj yaratdı, elə bir çaxnaşma saldı, oxucuların, aparıcı tənqidçilərin bu əsəri müdafiəsi elə bir müstəviyə gəlib çıxdı ki, sözün əsl mənasında, ədəbi-ideoloji bumeranqa çevrildi və o «ifşa» məqalələri Azərbaycan KP MK-nın 29 avqust 1962-ci il tarixli plenumunda, eləcə də Yazıçılar Ittifaqı partiya təşkilatının yığıncağında çox ciddi tənqid olundu. (Bax: «Ədəbiyyat və Incəsənət» qəzeti, 1 sentyabr 1962-ci il; «Ədəbiyyat və Incəsənət» qəzeti, 15 sentyabr 1962.)
     İlyas Əfəndiyev üçün bu – oxucularının qələbəsi idi.
     Mənim üçün qiymətli cəhətlərdən biri odur ki, İlyas Əfəndiyevin vəfatından keçən bu beş ildə, onun haqqında sağlığında olduğundan daha artıq yazılıb. Yalnız elə onun xatirəsinə həsr edilmiş «Sən həmişə bizimləsən» kitabına (Bakı, «Gənclik», 1999.) ədəbiyyatımızın, mədəniyyətimizin ağbirçək və ağsaqqalları Mirvarid Dilbazidən, Tofiq Quliyevdən, Qılman İlkindən, Əzizə Cəfərzadədən, Leyla Bədirbəylidən, Əziz Mirəhmədovdan, Kamal Talıbzadədən, Süleyman Ələsgərovdan, Bəxtiyar Vahabzadədən, Tahir Salahovdan, Fərəməz Maqsudovdan, Nəbi Xəzridən, Hüseyn Abbaszadədən, Qabildən, Ələviyyə Babayevadan və başqalarından tutmuş, Yazıçılar Ittifaqının sürücüsü Kərbəlayi Əliyə qədər 70-dən çox müəllifin ən səmimi hisslərinin ifadəsi olan məqalələri, esseləri, şerləri, çıxışları toplanmışdır və mən bu sətirləri yazarkən də onların hamısına minnətdarlıq hissi yaşayıram, eləcə də fürsətdən istifadə edib o kitabı tərtib etmiş qələm dostlarım Dilsuzun və Abid Tahirlinin zəhmətini, İlyas Əfəndiyev şəxsiyyətinə və yaradıcılığına çox istiqanlı münasibətlərini xüsusi qeyd edirəm. İlyas Əfəndiyevin vəfatından sonra yazılmış o esselərdən, məqalələrdən, xatirələrdən bəzi kiçik fraqmentləri oxuculara təqdim etmək istəyirəm.
     «İlyas Əfəndiyevin dili başdan-başa musiqidir» – deyən və uzun illər boyu onunla, necə deyərlər, «az-az görüşən, tez-tez yada düşən» dost olan bəstəkar Tofiq Quliyev:
     «İlyas Əfəndiyev qüdrətli sənətkar idi.
     İlyas Əfəndiyev qayğıkeş ata idi.
     İlyas Əfəndiyev gözəl baba idi.
     İlyas Əfəndiyev yaxşı dost id\elə gəldi ki, İlyas müəllim gələcəkdən – iyirmi birinci, iyirmi beşinci, bəlkə də otuzuncu əsrdən gəlmiş bir insandır. Biz – yeni-yeni nəsillər onun öz əsrində (yəni bütün əsrlərdə!) onunla həmişə yenidən görüşəcəyik...».
     Polad Bülbüloğlu:
     «Nə İlyas müəllimin dəfnində, nə də teatrın açılışında mən böyük ağsaqqalımıza demək istədiyim sözləri deyə bilmədim. Kövrək hisslər məni bürüdü. Gözlərim doldu. Sözlər qırıq-qırıq oldu. Amma indi, elə həmin ovqatla demək istədiklərimi ağ vərəqələrə köçürə bilirəm:
     – Irəliyə baxın, əziz İlyas müəllim! Və inanın ki, nə qədər səhnəmiz var, o heç vaxt Nərminsiz, Kamransız, Nargiləsiz, Natəvansız – qəribə talelər yaşayan, mahnıları ulu dağlarda qalan insanlarsız olmayacaq. Xoşbəxt ruhunuz həmişə səhnəmizin divarları arasında, başımızın üstündə olacaq!
     Rahat yatın, ustad!
     Siz həmişə bizimlə olacaqsınız!».
     Həsənağa Turabov:
     «Azərbaycan milli teatr sənəti möhtəşəm bir binadır. Bu sənət sarayı
     «Axundov teatrı» təməli üzərində yüksəlirsə, onun özünəməxsus mərtəbələrini
     «Mirzə Cəlil teatrı», «Hüseyn Cavid teatrı», «Cəfər Cabbarlı teatrı» təşkil etməkdədir. Aydın məsələdir ki, milli dramaturgiyamızdakı imzalar çoxdur, amma müəllifin adı yalnız o zaman müstəqil teatr lövhəsinə yazılır ki, yazar öz taleyini məhz teatrla bağlasın, Belinskinin təbirincə desək, «teatrda doğulsun və teatrda da ölsün». Burada fiziki ölüm yeni – mənəvi, bədii, sənət həyatına keçid kimi anlaşılır və hər hansı sənətçidən ötrü bundan xoşbəxt tale yoxdur...
     İlyas Əfəndiyev ömrü boyu bu xoşbəxtliyə doğru getməkdəydi və sonuncu niyyəti onu arzuladığı mənzilə çatdırdı.
     Çünki Azərbaycan milli teatr sənətinin ulu binasının ən incə, lirik, həssas və qeyrətli mərtəbəsi artıq «İlyas Əfəndiyev teatrına» məxsusdur...».
     Vaqif Bayatlı Önər:
     «Əziz İlyas müəllim! Siz çiyinlərinizi, ürəyinizi, həyatınızı verib Azərbaycanı XXI yüzilliyin astanasına gətirib çıxardınız...».
     Bəlkə də sitatları həddən arıq gətirdim, amma buna məni o yazıların (həm də yalnız sitat gətirdiklərimin yox, hamısının!) səmimiliyi, orada ifadə olunan hissiyyatın saflığı sövq etdi, çünki o səmimilik də, o hissiyyat saflığı (və zənginliyi!) də İlyas Əfəndiyevin özünün təbiətinə çox xas olan bir cəhət idi və başqalarında da həmin səmimiyyəti, həmin hissiyyatı yüksək qiymətləndirirdi.
     Mən İlyas Əfəndiyev haqqındakı xatirələrdən, məqalələrdən bu kiçik parçaları ağ kağıza köçürürəm və qoca Abbas Tufarqanlının fikrimin dərinlərində həmişəlik ilişib qalmış iki misrasını eşidirəm:
     Bu dünya karvansaradı,
     Hər gələn qonar, əylənməz...
     O xatirələr, məqalələr, esselər müəlliflərinin də bir işıqlı qismi bu gün artıq haqq dünyasındadı...
     Vəfatından sonra İlyas Əfəndiyevdən bəhs edən böyük albom nəşr olundu (Bakı, «Işıq», 1996), Əmin Əfəndiyev «İlyas Əfəndiyevin yaradıcılığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və həmin dissertasiya əsasında yazılmış eyniadlı monoqrafiyası (Bakı, «Elm», 2000), eləcə də onun hazırladığı «İlyas Əfəndiyev. Biblioqrafik göstərici» kitabı (Bakı, «Çinar-Çap», 2002) çapdan çıxdı və yeri düşmüşkən, mən, İlyas Əfəndiyevin ədəbi irsinin öyrənilməsində və xüsusən də toplanmasında bu tədqiqatçının xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Səidə Şahbazovanın «İlyas Əfəndiyevin tarixi dramları» monoqrafiyası (Bakı, «Ağrıdağ», 2002.) nəşr olundu.
     Bu müddət ərzində İlyas Əfəndiyevin özünün əsərləri müxtəlif teatrlarda tamaşaya qoyuldu, ömrünün son illərində yazdığı əsərlərdən ibarət «Sən ey böyük Yaradan» adlı kitabı nəşr olundu (Bakı, «Şərq-Qərb», 1997), vaxtilə yazılmış, tamaşaya qoyulmuş bir sıra əsərləri ilk dəfə dərc edildi və o tamaşalar da, o kitab da, o əsərlər də mətbuatda geniş işıqlandırıldı, böyük uğur qazandı...
     Mühüm hadisələrdən biri də o oldu ki, İlyas Əfəndiyevin yeddi cilddən ibarət «Seçilmiş əsərlər»i latın qrafikası ilə nəşr edildi. Bu nəşri hazırlamaq üçün İlyas Əfəndiyev yaradıcılığına yaxından bələd olan, bu yaradıcılığı yüksək qiymətləndirən, İlyas Əfəndiyevin şəxsiyyətinə dərin hörmət bəsləyən Ağamusa Axundov, Anar, Vaqif Bayatlı Önər, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Dilsuz Mustafayev, Əmin Əfəndiyev, Əziz Mirəhmədov, Həsənağa Turabov, İlham Rəhimli, Kamal Talıbzadə, Timuçin Əfəndiyev, Vilayət Quliyev, Yaqub Ismayılov və Yaşar Qarayevdən ibarət Redaksiya heyəti yarandı, mən Baş redaktor oldum və çox gərgin hazırlıq işindən sonra, yeddi cildliyi nəşr etdik (Bakı, «Çinar-Çap», 2002).
     İlyas Əfəndiyevin sağlığında Azərbaycan dilində dörd dəfə «Seçilmiş əsərlər»i nəşr olunmuşdu: bir cildliyi (Bakı, «Azərnəşr», 1959), iki cildliyi (Bakı, «Azərnəşr», 1-ci cild – 1964, 2-ci cild – 1965), dörd cildliyi (Bakı, «Azərnəşr», 1-ci cild – 1969, 2-ci cild – 1970, 3-4-cü cildlər – 1973) və nəhayət, altı cildliyi (Bakı, «Yazıçı»,
     1984). Təxminən 250 çap vərəqi həcmində olan yeddi cildlikdə İlyas Əfəndiyevin əsas əsərləri, o cümlədən, indiyədək heç bir kitabına düşməyən hekayələri, pyesləri və başqa yazıları toplanmışdır və bu nəşrin ciddi uğurlarından biri də odur ki, İlyas Əfəndiyevin ədəbiyyat, sənət haqqında məqalələri ilk dəfə bir yerə toplanaraq 35 çap vərəqi həcmində ayrıca bir cild kimi (sonuncu – 7-ci cild) nəşr olundu. İlyas Əfəndiyev yalnız bir yazıçı kimi yox, eyni zamanda, dövrün vulqarsosioloji doqmalarına heç vəchlə yaxın durmayan və əsərin bədii-estetik cəhətlərini əsas götürən tənqidçi kimi də Azərbaycan ədəbi prosesində aktiv iştirak edirdi və onun yeddi cildlik «Seçilmiş əsərlər»i əyani şəkildə göstərdi ki, İlyas Əfəndiyev yalnız milli bədii ədəbiyyatın deyil, ictimai fikrimizin də inkişafında mühüm xidmətlərə malikdir.
     Yeddicildliyi oxucular (yeni bir epoxa oxucuları!), böyük maraqla qarşıladı, ədəbi tənqid bu nəşri yüksək qiymətləndirdi və bir daha məlum oldu ki, yaradıcılığının böyük əksəriyyəti sovet dövrünə düşən İlyas Əfəndiyev böyük sovet yazıçısı yox, böyük Azərbaycan yazıçısıdır, onun istisnasız olaraq, bütün hekayələri, romanları, povestləri və pyesləri, hətta məqalələri sistemə, ideologiyaya yox, ədəbiyyata məxsusdur.
     İlyas Əfəndiyev bədii əsərləri ilə ideologiyaya yox, ədəbiyyata xidmət etmişdir.
     Bu sözlərin həqiqət olduğunu, burada qətiyyən heç bir mübaliğəyə yol verilmədiyini, elə bilirəm ki, həmin yeddicildlik yaxşı təsdiq edir, İlyas Əfəndiyevin bəyəndiyi bədii surətlərdən birinin – Şərifin dediyi kimi, «subutalnı, dokumentalnı». Bir kitabı da ayrıca qeyd etmək istəyirəm: İlyas Əfəndiyev vəfat etdikdən sonra, mətbuatda onun haqqında çox yazılar çap olundu və mən hər gün sübh tezdən öz yazı-pozu işlərimi onunla başladım ki, İlyas Əfəndiyev haqqında mətbuatda dərc edilmiş həmin yazılardan səciyyəvi hesab etdiyim kiçik hissələri (bəzən yalnız bircə cümləni...) olduğu kimi kompüterə köçürdüm və beləliklə, İlyas Əfəndiyev haqqında, mənim düşüncəmə görə, maraqlı bir kitab yarandı.
     Salnamə səciyyəli bu kitab – «Sənətkarın ikinci ömrü. (İlyas Əfəndiyev. Beş ilin salnaməsi)» onun vəfatının beşinci ildönümündə nəşr olundu (Bakı, «ÇinarÇap », 2002).
     Həmin kitaba mən belə bir kiçicik ön söz yazmışdım:
     «1996-cı il.
     3 oktyabr. Cümə axşamı.
     Saat 13.45.
     İlyas Əfəndiyevin dünyasını dəyişdiyi il, gün, saat, dəqiqə...
     Bu tarixdən sonra İlyas Əfəndiyevin – yazıçının, mütəfəkkirin, vətəndaşın – ikinci ömrü (sənət ömrü! yaradıcılıq ömrü! əməllər ömrü!) başlanır...
     Bu ömrün – sənətkarın ikinci ömrünün – müddəti (davamlığı, uzunluğu) insan ömrünün çərçivəsi ilə müqayisəyə belə gəlmir və sənətkarın bu dünyada qoyub getdiyi Sözün əhəmiyyəti, əslində, o ikinci ömrün zaman vahidinə çevrilir...
     İlyas Əfəndiyev ömrü davam edir...
     İlyas Əfəndiyev haqq dünyasına köçdüyü bu beş ildə – 1996-cı ilin oktyabrından 2001-ci ilin oktyabrınacan – sənət adamları, yazıçılar, alimlər, jurnalistlər, adi oxucular mətbuat səhifələrində onun haqqında məxsusi qələmə alınmış bir çox xatirələrdən, məqalələrdən başqa, müxtəlif mövzulu yazılarında, müsahibələrində də tez-tez onu nisgil dolu bir səmimiyyətlə xatırlamış, İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında, bu yaradıcılığın XX əsr Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə ürəkdolusu bir hərarətlə söz demiş, onunla bağlı tarixi faktlara diqqət yetirmiş, müxtəlif məlumatlar vermişlər. Mətbuatdakı, nəşr olunan kitablardakı həmin yazıların, məlumatların hamısını izləmək praktiki cəhətdən mümkün deyil.
     Bu beş ildə İlyas Əfəndiyev yaradıcılığı haqqında nəşr olunmuş monoqrafiyaları, «Sən həmişə bizimləsən» adlı xatirələr kitabını, onun şəxsiyyətindən və yaradıcılığından bəhs edən məqalələri, xatirələri, deyilən fikirləri, mülahizələri, açıqlanan faktları bir yerə toplasan, neçə cilddən ibarət bir nəşr ola bilər.
     Mən, salnamə xarakterli bu kitabda, həmin yazılardan elə kiçicik hissələr seçib oxucuya təqdim etməyə çalışdım ki, mövzunun ehtiva dairəsi imkan daxilində əhatəli olsun, İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı, eləcə də, onun müasir Azərbaycan ictimai fikrindəki yeri barədə dəqiq təsəvvür yaratsın. Yazılardan seçdiyim nümunələrdə, mən, təbii ki, müəlliflərin üslubuna toxunmamışam. Həmin nümunələr mətbuatda necə getmişdirsə, bu kitabda da eləcə verilmişdir.
     1 noyabr 2001-ci il.
     Bu kitabı da oxucular hərarətlə qarşıladı.
     Bəli, bu müddət ərzində mətbuat İlyas Əfəndiyevdən çox yazdı... Onu xatırladılar, onu alqışladılar, ona məşhur pyesinin adına uyğun, «sən həmişə bizimləsən» dedilər...
     Və yeganə çatışmayan cəhət isə o oldu ki, daha onun özünə oxucu məktubları yazılmadı, onun iş kabinetində onun özünə ünvanlanmış telefon zəngləri daha səslənmədi...
4.


     Bu gün mənim üçün əlamətdar görünən bir cəhət də odur ki, İlyas Əfəndiyevin dostları da, eyni zamanda, onun oxucuları idi və onların həm İlyas Əfəndiyevin şəxsiyyətinə, həm də yaradıcılığına böyük hörmət və məhəbbətləri var idi. Əslində bu, eyni zamanda, ədəbiyyatla, sənətlə bağlı mövqelərin, zövqlərin, istəklərin birliyi idi.
     Onun dostları elə də çox deyildi (Molla Cumanın məşhur misrası, elə bilirəm ki, burada yerinə düşür: «Dərdi qanan ya bir ola, ya iki...»), amma düşməni isə, ümumiyyətlə, yox idi. Paxıllıq edən, ədəbi qısqanclıq hissini boğa bilməyən, gözü götürməyən, əlbəttə, var idi, amma – düşməni – yox idi və elə bilirəm ki, yazıçılar aləmindəki, – xüsusən, 40 – 50 – 60-cı illərdə – intriqalar burulğanını nəzərə alsaq və bura onu da əlavə etsək ki, dövrün, hakim ideologiyanın, sistemin yaratdığı abhava həmin «intriqalar burulğanının» daha da qızışması üçün gözəl münbit zəmin, əlverişli şərait yaradırdı, bu fakt, yəni İlyas Əfəndiyev «düşmənsizliyi» onun şəxsiyyəti haqqında az söz demir.
     Bununla əlaqədar orasını da xüsusi qeyd etmək istəyirəm ki, İlyas Əfəndiyev ötkəm adam idi, sözü şax üzə deyən və heç kimdən çəkinməyən, öz sərbəstliyini, ləyaqətini qiymətləndirməyi və qorumağı bacaran bir şəxsiyyət idi. Yenə Bəxtiyar Vahabzadədən bir sitat gətirmək istəyirəm, çünki İlyas Əfəndiyevlə bağlı bu da dəqiq bir müşahidədir: İlyas Əfəndiyev «hər adamla ünsiyyət bağlamaz, onun öz ətrafı, öz həmsöhbətləri olardı. O, istedadsız, sırtıq, mütaliəsiz, dayaz adamlardan qaçardı. Amma istedadlı, mütaliəli və ziyalı adamlarla... söhbətdən ləzzət alardı. Çünki özü daxilən ziyalı adam idi. Dərin mütaliəsi var idi. Mən cəsarətlə deyə bilərəm ki, yazıçılar içərisində Qərb və rus ədəbiyyatını onun qədər dərindən bilən qələm sahiblərini barmaqla saymaq olar». Mən, indi əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 60-cı illərin ikinci yarısında namizədlik dissertasiyası yazırdım və o zaman M.F.Axundov adına Dövlət kitabxanasında həmin 30-40-50-ci illərin bütün respublika mətbuatını səhifə-səhifə vərəqləmişdim: bir çox görkəmli yazıçı və şairlərimizdən fərqli olaraq, İlyas Əfəndiyevin kimisə «ifşa» etməsinə, sonralar peşmançılığını çəkəcəyi, cürbəcür bəraət bəhanələri gətirməyə məcbur olacağı hansısa bir «ifşa» məktubuna (o zamanın geniş yayılmış «ədəbi janrına»!) imza atmasına rast gəlməmişəm, çünki belə hadisə olmayıb.
     O dövrün ədəbi-ictimai həyatını öyrənənlər bu faktın nə demək olduğunu daha yaxşı qiymətləndirə bilərlər (və qiymətləndirirlər!). Amma onu «ifşa» edən yazılar var...
     İlyas Əfəndiyevin uşaqlıq dostlarından mən, ancaq heykəltəraş Cəlal Qaryağdını və tarixçi, professor Əhəd Bağırzadəni tanıyırdım və onlar sonralar da hərdənbir əlaqə saxlayırdılar, bəzən görüşürdülər, bəzən də uzun illər görüşmürdülər. Buna görə də İlyas Əfəndiyev vəfat edəndə və Cəlal Qaryağdı başsağlığı verməyə gələndə (Əhəd Bağırzadə isə daha əvvəl vəfat etmişdi), məni qucaqlayıb uşaq kimi ağlaması və:
     – İlyasın ölümü mənim belimi sındırdı,– deməsi, bu sözləri dedirdən kədərin təbiiliyi, doğrusu, mənim üçün bir az gözlənilməz oldu və hətta mən, nədənsə, elə bil ki, onun qarşısında özümü bir az günahkar hiss etdim.
     Beş ildən sonra, 2001-ci ildə Cəlal Qaryağdı da rəhmətə getdi və bu sözləri yazarkən bu uşaqlıq dostlarının haqq dünyasındakı ruhları qarşısında indi özümü bir balaca rahat hiss edirəm: Cəlal müəllim uzun illərdən bəri üzərində işlədiyi Cəfər Cabbarlı heykəlini bitirmişdi və o heykəl Xızıda ucaldılmalı idi, ancaq bunun üçün vəsait çatışmırdı. Mən BMT-nin Azərbaycandakı nümayəndəliyini bu işə cəlb edə bildim və o heykəlin açılış mərasimində onunla birlikdə iştirak etdim. Indi Cəlal Qaryağdının əsl sənətkarlıqla yaratdığı o heykəl Cəfərin ana yurdunda ucalmaqdadı.
     İlyas Əfəndiyevin daima xatırladığı ən yaxın uşaqlıq və yeniyetməlik dostu haqqında da yazmaq istəyirəm: Məhəmməd adlı o oğlanla Füzulidə bir məktəbdə oxuyublar, Məhəmməd iki sinif irəlidə imiş və təxminən 16-17 yaşları olanda – 30- 31-ci illərdə – yeni hakimiyyəti, yerli bolşeviklərin rəhbərliyini və əməllərini heç cürə qəbul etmədikləri üçün, İlyasla Məhəmməd qərar veriblər ki, Irana qaçıb, oradan Türkiyəyə gedib Azərbaycan uğrunda mübarizə aparacaqlar, həmfikirlərini başlarına toplayıb yenidən Azərbaycana qayıdacaqlar. Nəhayət, bir gün sözləşirlər ki, səhər tezdən görüşüb Arazı keçsinlər. Sübh tezdən sözləşdikləri yerdə görüşürlər. İlyas Əfəndiyev deyirdi: «Çayı keçməyə hazırlaşırdıq ki, birdən-birə anam, atam, balaca qardaşlarım, bacılarım yadıma düşdü. Fikirləşdim ki, bunları burda qoyub gedirəm, axırları necə olacaq? Bolşeviklər atama, anama, bütün ailəmizə zülm edirdilər, fikirləşdim ki, bu zülmə necə tab gətirəcəklər? Bunlar bu vəziyyətdə qalır burda, mən Türkiyədə necə rahat yaşaya bilərəm? Məhəmmədə dedim ki, yox, mən getmirəm. Nə qədər elədisə də, getmədim. Məhəmmədlə vidalaşdıq, onu ötürdüm, üzüb Arazı keçdi, mən geri qayıtdım».
     İlyas Əfəndiyev, dediyim kimi, Məhəmmədi tez-tez xatırlayırdı, onun çox ağıllı və bacarıqlı olduğunu deyirdi və şübhə etmirdi ki, əgər, salamat qalıbsa, hörmətli bir adam olub.
     Sonralar mən Türkiyə səfərlərim zamanı həmişə bu adamı axtarırdım, onun haqqında soraqlaşırdım və nəhayət 90-cı illərin əvvəllərində Türkiyədə yaşayan mühacirlərimizin köməkliyi ilə onun kimliyini müəyyənləşdirə bildim: mühacirətdəki Azərbaycan milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri – Məmməd Azər Aran.
     52-53 illik xəbərsizlikdən sonra gələn bu soraq İlyas Əfəndiyevi çox sevindirdi və ona çox da təsir etdi. Atam, Məmməd Azər Arana məktub yazdı və mən o məktubu ünvanına çatdıra bildim. Mənə deyilənə görə, Məmməd Azər Aran da bu məktuba çox sevinib, sovet rejimindən İlyas Əfəndiyevlə birlikdə qaçmaq istədiklərini təfərrüatı ilə xatırlayıb, ancaq çox da təəssüf ki, o zaman o, artıq ağır Parkenson xəstəliyinə tutulmuşdu və azacıq sonra da vəfat etdi.
     Mən onun vəfat etdiyini atama demədim və məktubuna cavabın gəlməməyinə belə bir bəhanə gətirdim ki, ağır xəstədir, deyir, belə bir vəziyyətdə mən İlyasa cavab yazmaq istəmirəm, sağalan kimi Bakıya gedib özüm İlyasla görüşəcəyəm.
     İlyas Əfəndiyev sidq-ürəkdən gələn bir pərişanlıqla:
     – Bəs həkimləri nə deyir?– soruşurdu.
     Mən də:
     – Deyirlər sağalacaq,– deyirdim.
     Sonra İlyas Əfəndiyev özü vəfat etdi...
     Türk Kültur Dərgisi «Azərbaycan» 1996-cı il oktyabr nömrəsində yazırdı: «Bakıdan aldığımız acı xəbər Azərbaycan Kültur Dərnəyi Yönetimi və mənsublarını acılara boğdu.
     Azərbaycan Cümhuriyyətinin olduğu qədər, Türk Dünyasının da ən böyük dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda Tanrının rəhmətinə qovuşdu.
     İlyas Əfəndiyev 72 illik kommunist rus işğalı dönəmində Kommunist partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyətlərdən biri idi. O, sovet ordusunun Azərbaycanı işğal etdiyini, Azərbaycan xalqının bir müstəmləkə həyatı yaşadığını gördükdən sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş Məmməd Azər Aranla birlikdə Türkiyəyə qaçmağa qərar vermişdir. Lakin son anda atası onun qaçmasına mane olmuşdur».
     Bu hadisənin əslində necə olduğunu mən yazdım. «Azərbaycan» dərgisi isə, İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş həmin yazıda Məmməd Azər Aran haqqında da məlumat verir: «Məmməd Azər Aran Irandan keçməklə Türkiyəyə gəlmiş, Hərbi tibb fakültəsinə daxil olmuş və buranı bitirdikən sonra türk ordusunda hərbi həkim kimi xidmət etmişdir. Əsəb xəstəlikləri üzrə mütəxəssis olan Məmməd Azər Aran polkovnik rütbəsinə kimi yüksəlmişdir. O, Türkiyəyə gəldikdən sonra, Müsavat Partiyası sıralarına üzv yazılmış və Məhəmməd Əmin Rəsulzadənin ən mötəbər silahdaşlarından biri olmuşdur. Məmməd Azər Aran, Kərim Odər rəhmətə getdikdən sonra Müsavat Partiyasına rəhbərlik etmişdir».
     Orası da yadıma gəlir ki, 60-cı illərin əvvəllərində Türkiyəyə getməyə hazırlaşan Mehdi Hüseyn bir axşam bizə gəlmişdi. O zaman Türkiyəyə getmək, az qala, aya uçmaq kimi bir şey idi, amma atam üçün də, Mehdi Hüseyn üçün də, aya uçmaqdan daha maraqlı və daha arzulanan bir səfər idi. Onda Mehdi Hüseyn zarafatla atama dedi:
     – Bəlkə orada sənin o Məhəmmədini də tapdım...
     İlyas Əfəndiyev:
     – Sən elə özün sağ-salamat qayıt gəl, bəsdi,– dedi.– O boyda Türkiyədə sən Məhəmmədi haradan tapacaqsan?
     Sən demə, «o boyda Türkiyədə» Məhəmmədi tapmaq mümkün imiş... Mən artıq yazdım ki, atamın Mehdi Hüseynlə xüsusi dostluğu var idi (mən ona «Mehdi əmi» deyirdim) və İlyas Əfəndiyev sonralar yazdığı xatirəsində 1939-cu ildə Yazıçılar Ittifaqında, elə indiki «Xaqani» 25-dəki binada onunla ilk görüşlərini xatırlayaraq belə yazırdı:
     «Mehdi o zaman tanınmış, məşhur yazıçı idi. Mən onun məqalələrini çox oxumuşdum və etiraf eləyim ki, onu (xüsusən, Cəfər Cabbarlı haqqındakı məlum məqalələrinə görə) quru, amansız bir adam kimi təsəvvür edirdim, hətta şəklini qəzetlərdə görəndə onun sərt ifadəli simasına baxıb fikirləşirdim ki, «görəsən bu adam heç gülümsəyirmi»?
     Indisə o, açıq, səmimi ifadə ilə gülümsəyən iri qara gözlərilə, şən zarafatıyla birdən-birə mənə başqa cür təsir bağışladı və onda heç bir xudbinlik, yekəxanalıq əlaməti hiss eləməməyim mənə xoş gəldi. Insanın istər müsbət və istərsə də mənfi hərəkətlərində elə anlar, elə çalarlar olur ki, onlar heç bir zaman unudulmur... Və sanki həmin adamın ruhi aləminə pəncərə açır.
     Mehdi Hüseynlə gələcəyin iyirmi beş illik dostluğuna çevriləcək ilk tanıqşlığımız belə oldu».
     İlyas Əfəndiyev həmin xatirəsini belə bitirirdi:
     «Heyf ki, ədəbiyyatımızın bu unudulmaz xadimi çox yaşamadı. O, bir anın içində qartal kimi uçub əbədiyyətə getdi.
     Rəyasət heyətinin iclasında idik. Yazıçılar qurultayına hazırlıq işlərini müzakirə edirdik. Mehdi sədr stolu arxasında ayaq üstə dayanaraq papiros çəkə-çəkə çıxış eləyən hansı yazıçını isə dinləyirdi. Birdən stula əyləşərək başını mizə əyib hərəkətsiz dayandı və Hüseyn Abbaszadə dəhşətlə səsləndi:
     – Mehdi getdi ki!
     Mən hər dəfə Mehdinin dəniz kənarındakı evinin qabağından keçəndə onun yazda-yayda əyləşib söhbət elədiyimiz balkonuna baxıram və o balkon mənə o qədər kədərli, o qədər kimsəsiz, o qədər yazıq görünür ki, elə bil Mehdi ilə orada keçirdiyimiz vaxtlardan yüz il keçir... Min il keçir...»
     İlyas Əfəndiyevin bu cümlələri yazdığı 1988-ci ildə «o vaxtdan» düz iyirmi üç il keçirdi...
     Onun üçün dost ayrılığının yüz ilə, min ilə bərabər cəmi iyirmi üç ili... İlyas Əfəndiyev hərdən söhbət əsnasında bir anlıq fikrə gedib, elə bil ki, özü özündən soruşurdu:
     – Mehdinin vəfatından neçə il keçib?
     – Beş il...– deyirdim.
     Sonra on il.. On beş il... Iyirmi il...
     Və hər dəfə də İlyas Əfəndiyev aradan keçən bu illərin sürətinə heyrət edirdi...
     ... İllər eyni sürətlə ötüb gedir...
     Və illərin bu ildırım sürətini mən indi Fəxri Xiyabana – İlyas Əfəndiyevin məzarını ziyarətə gedəndə, lap çox, hətta elə bil ki, cismimlə hiss edirəm.
     Nə tez gəlib keçdi bu bir il... Bu iki il... Üç il... Dörd il... Beş, altı, yeddi, səkkiz il...
     Və o Fəxri Xiyabanda İlyas Əfəndiyevlə Mehdi Hüseyn qonşudu. Onların arasında təkcə Abdulla Şaiqin məzarıdı və İlyas Əfəndiyev həyatda da Abdulla Şaiqlə qonşu yaşamışdı – «Hüsü Hacıyev» 19 saylı binada eyni blokda: Abdulla Şaiq ikinci mərtəbədə, İlyas Əfəndiyev üçüncü mərtəbədə və fikirləşirəm, nə yaxşı ki, İlyas Əfəndiyev də, Mehdi Hüseyn də Abdulla Şaiqə sidq-ürəkdən gələn bir ehtiram bəsləyirdilər.
     İlyas Əfəndiyev 1971-ci ildə Abdulla Şaiq haqqında «Unudulmaz yazıçı, böyük humanist» adlı bir esse yazmışdı (Bax: «Kommunist» qəzeti, 5 may 1971), bir ildən sonra yenə həmin essenin üzərinə qayıtdı (adətən, heç vaxt haçansa yazdığını təzədən işləməzdi, heç təzədən oxumazdı da), onu tamam yenidən işləyib, əlavələr edib çap etdirdi («Böyük humanist», «Azərbaycan» jurnalı, ¹3, 1972). O essedə İlyas Əfəndiyev yazırdı:
     «Vəfatından bir qədər əvvəl bir dəfə mən küçədə təsadüfən ona rast gəldim.
     Salamdan sonra:
     – Necəsiz, Şaiq müəllim?– deyə soruşdum.
     O özünəməxsus bir mülayimliklə gülümsəyərək:
     – Qocalıqla, xəstəliklərlə mübarizə aparıram,– dedi.
     Mən:
     – Həmişə qalib olun,– dedim,– görünüşünüz yaxşıdır.
     – Təki olsun,– deyə zarafatla cavab verib öz xatirələrini yazmaqda olduğunu söylədi.
     Mən onun arıq, nurlu çöhrəsinə baxaraq hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə, xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha geriyə qayıtmayacağı məni kədərləndirirdi.»
     Həmin «şərəfli insan», «ləyaqətli ömür» sahibi indi İlyas Əfəndiyevlə Mehdi Hüseynin arasında, onlarla eləcə kədərli bir qonşuluqdadı... Heç nə geriyə qayıtmayacaq...
     ...İlyas Əfəndiyevin yaxın dostlarından biri də Adil Isgəndərov idi. «Intizar»dan sonra İlyas Əfəndiyev ilk müstəqil pyesini – «Işıqlı yollar»ı yazmışdı və 1947-ci ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş bu tamaşanın quruluşçu rejissoru Adil Isgəndərov idi, bir il sonra, 1948-ci ildə Adil Isgəndərov həmin teatrda «Bahar suları»na quruluş verdi və ümumiyyətlə, İlyas Əfəndiyev həmişə deyirdi ki, məni teatra Adil gətirdi. İlyas Əfəndiyev yazırdı: «Mən neftçilərin həyatından yazacağım pyesin (söhbət «Işıqlı yollar»dan gedir.– E.) süjetini təxmini olaraq Adilə nağıl elədim. O diqqətlə qulaq asıb, öz qeydlərini, arzularını da dedi. Mən birinci dəfəydi ki, Adil Isgəndərovla müstəqil yaradıcılıq işinə başlayırdım. Mənim düşündüyüm, qısa ştrixlərlə təsvir elədiyim surətləri onun dərhal necə aydın duyduğunu, hətta bəzən onun necə vəcdə gəldiyini hiss edirdim. Və bu cəhət, yaradıcılıqda təbiətən vasvası olan məni ruhlandırdı. Mən onun necə gözəl tamaşalar verdiyini görmüşdüm. Buna görə də, indi fikirlərimin onu necə maraqlandırdığını hiss etməyim mənim dramaturgiya sahəsində özümə inamımı artırırdı».
     Görünür, onların gələcək dostluğunun da bünövrəsində bir-birilərini beləcə «dərhal» anlamaq dayanırdı və bu dostluq zamanın sınağından çıxmış bir dostluq idi.
     Iş belə gətirmişdi ki, Adil Isgəndərov «Bahar suları»ndan sonra İlyas Əfəndiyevin başqa bir əsərinə quruluş verməmişdi. 1948-ci ildən sonra «Atayevlər ailəsi» pyesini 1954-cü ildə Adil Isgəndərovun razılığı ilə o zaman yeni fəaliyyətə başlamış Tofiq Kazımov tamaşaya qoymuşdu, onillik fasilədən sonra «Sən həmişə mənimləsən» yazılanda isə, Adil Isgəndərov artıq çox haqsız bir surətdə teatrdan uzaqlaşdırılmışdı.
     Ancaq Adil Isgəndərov teatrda olanda da, olmayanda da, İlyas Əfəndiyevin Sona xanımın makinasından çıxmış yeni əsərlərinin əlyazmalarının ilk oxucularından biri olurdu. Və vacib deyildi ki, pyes olsun,– İlyas Əfəndiyev yeni hekayələrini, povest və romanlarını da hələ çapdan əvvəl oxuyub fikir deməsi üçün Adil Isgəndərova verirdi və Adil müəllim də o əlyazmalarını həmişə maraqla qarşılayırdı, onları çox ciddi oxuyurdu, axşam bizdə çay içə-içə fikrini deyirdi, qeydlərini bildirirdi və belə bir ənənə yaranmışdı ki, sonra da köhnə «Inturist»in restoranına gedirdilər. İlyas Əfəndiyev evdən çıxanda deyirdi:
     – Bax, Adil, bu dəfə hesabı mən verəcəyəm!
     Adil Isgəndərov:
     – Hələ bir gedək, qadam...– deyirdi.
     Mən də maraqlanırdım ki, görəsən, restoranda hesabı kim verəcək və gecə, ya səhəri gün atamdan soruşanda, gülümsəyə-gülümsəyə başını bulayırdı:
     – Adil...
     Adil Isgəndərov İlyas Əfəndiyevin 60-70-ci illərdə yazdığı yeni pyeslərini oxuyurdu, amma həmin əsərlərin tamaşalarına getmirdi, çünki uzun illər boyu, necə deyərlər, canını qoyduğu teatra daha ayaq basmırdı və onun teatrdan beləcə uzaqlaşdırılmasını, teatra getməməyini, xüsusən, ilk vaxtlarda, atam çox ürəyinə salırdı.
     Bir çox illərdən sonra İlyas Əfəndiyev «Sənətkarın taleyi» adlı essesində yazırdı:
     «Bir dəfə ona dedim:
     – Adil, bəlkə, bir neçə yazıçı, yuxarı təşkilatlardan xahiş eləyək, səni qaytarsınlar teatra?..
     Dərindən nəfəs alıb:
     – Yox,– dedi.– Işləyə bilmərəm, ürəyim sınıb... Mən də kədərlə hiss elədim ki, Adil haqlıdır... Işləyə bilməz.
     Taleyin qəribə işləri olur...
     Bəzən bizlərdən birimiz ürəyimizdən şikayət eləyəndə Adil zarafatyana deyərdi ki:
     – Qadam, ürək adamın harasında olur?..
     Özü isə heç gözlənilmədən ürəyindən öldü...». Mən indi bu sətirləri oxuyuram, bu sözlərin deyildiyi, bu ovqatın yaşandığı günlər, illər gözlərimin qabağına gəlir və elə bil, İlyas Əfəndiyevlə bir yerdə fikirləşirəm ki, əlbəttə, ürək neyləsin?..
     İlyas Əfəndiyevin Tofiq Kazımovla da hələ 50-ci illərin əvvəllərindən etibarən yaxın dostluqları var idi və bu dostluq da bir tərəfdən, təbii ki, şəxsi hisslərin ifadəsi idi, digər tərəfdən isə bədii-estetik əqidə, ədəbi məfkurə dostluğu idi. Tofiq Kazımov «Atayevlər ailəsi»nə verdiyi quruluşdan düz on il sonra, 1964- cü ildə «Sən həmişə mənimləsən» pyesini tamaşaya qoydu və o tamaşa Azərbaycan teatrının tarixində prinsipial əhəmiyyətli mühüm hadisəyə çevrildi.
     Bundan sonra Tofiq Kazımov 1968-ci ildə «Unuda bilmirəm»i, 1969-cu ildə «Məhv olmuş gündəliklər»i, 1975-ci ildə isə «Bağlardan gələn səs»i Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoydu.
     Bu tamaşalar haqqında, onların Azərbaycan teatr sənətinin inkişafındakı rolu barədə müxtəlif teatrşünaslar nəslinin Cəfər Cəfərov və Yaşar Qarayevdən tutmuş Məryəm Əlizadə və İlham Rəhimliyə qədər, demək olar ki, bütün səriştəli nümayəndələri çox yazıblar və indiki kontekstdə mənim üçün vacib cəhət odur ki, təkrar edirəm, İlyas Əfəndiyev ilə Tofiq Kazımovun dostluğu şəxsi dostluq ilə sənət dostluğunun birliyi idi.
     Sultan Hacıbəyovla dost idilər və bu dostluğun isə bünövrəsi uzaq keçmişlərə gedib çıxırdı: Sultan Hacıbəyovun anası Zəhra xanımla İlyas Əfəndiyevin anası Bilqeyis xanım gənclik rəfiqələri idi və mənim onların söhbətinə qulaq asmağa xüsusi azarım var idi: tez-tez xatırlayırdılar ki, yayda Şuşada Üzeyir Hacıbəyovun anası Şirin xanıma necə gedib baş çəkirdilər, Cıdır düzündə, Ərimgəldidə necə gəzməyə çıxırdılar, Şuşadan kəsə Molla Nəsrəddin yolu ilə faytonla Qaryaginə (indiki Füzuliyə) necə gedirdilər və o rəhmətliklər o söhbəti elə canlı aparırdılar, elə şövqlə danışırdılar ki, elə bil, o faytonda elə mən özüm də o kəsə Molla Nəsrəddin yolu ilə üzüaşağı Füzuliyə tərəf düşürdüm, mən özüm də onlarla bir yerdə gedib Üzeyir bəyin qoca anası Şirin xanımı yoluxurdum, Cıdır düzündə, Ərimgəldidə onlarla bir yerdə gəzirdim.
     Sonralar İlyas Əfəndiyev Şuşanın o səfalı və unudulmaz yerləri barədə yazırdı: «Yay zamanı aran Qarabağın – Yevlağın, Bərdənin, Tərtərin, Ağdamın, Ağcəbədinin, Füzulinin, Cəbrayılın, Beyləqanın camaatı Şuşaya yaylağa gedərdilər. Bu əhalinin Şuşada iki məşhur gəzmək yeri var idi. Biri cənub hündürlüyündəki məşhur Cıdır düzü, digəri Ağdama gedən yolun üstündəki Ərimgəldi idi. Axşamçağı camaatın yarısı Cıdır düzünə, yarısı da Ərimgəldiyə gəzintiyə çıxardı. Arvadlar Şuşadan Ağdama gedən yola baxıb, Arandan gələcək ərlərinin yolunu gözləyirdilər... Ərlər də cümə axşamları dal-dala düzülmüş faytonlarda, ucaboylu qaçağan Qarabağ atlarında dolayı yolla Şuşaya qalxardılar. Özləri ilə Arandan təzə dəymiş yemiş, qarpız, üzüm gətirərdilər. Cümə günü evlərdən qalxan kabab iyi şəhərə yayılardı. Axşam çağları Xanın (Xan Şuşinskinin– E.) dəstəsi Cıdır düzündə, Bahadurun, Qaçaybalanın dəstələri də Ərimgəldidə çalıb-oxuyurdular. Biz uşaqlar həmişə anamızla Cıdır düzünə gəzməyə çıxırdıq» .
     Sultan Hacıbəyovun əsərləri arasında İlyas Əfəndiyevin ən çox xoşuna gələni «Karvan» simfonik mənzərəsi idi, deyirdi:
     – Soltan (onu belə çağırırdı, «Sultan» yox), hər dəfə sənin «Karvan»ına qulaq asanda, mənə elə gəlir ki, ömrümdə görmədiyim səhraları görürəm, dəvə karvanlarını görürəm, o karvanla addımlayan, o dəvələrin üstündə oturan adamları görürəm... Hətta onların nə hiss elədiklərini hiss edirəm...
     1967-ci ildə səhnəyə qoyulmuş «Mənim günahım» tamaşasının da musiqisini İlyas Əfəndiyevin istəyi ilə Sultan Hacıbəyov yazmışdı: «– Bu pyesə sənin musiqin lazımdı!».
     Ümumiyyətlə, deməliyəm ki, İlyas Əfəndiyev musiqiyə çox həssas adam idi və «Tofiq Kazımovu xatırlayarkən...» adlı essesində yazırdı ki, «Pyeslərimin ilk işığı fikrimə həmişə hansı mahnıyla, muğamlasa daxil olmuşdur. «Sən həmişə mənimləsən»də «Qaragilə» mahnısı, «Mahnı dağlarda qaldı»da «Aman ovçu, vurma məni» mahnısı... və s. «Məhv olmuş gündəliklər» pyesi mənim fikrimə «Pəncərədən daş gəlir...» mahnısıyla daxil olmuşdu.
     Və yəqin bu da o səbəblərdən biri idi ki, İlyas Əfəndiyevin bir sıra bəstəkarlarla yaxın, məhrəmanə münasibəti var idi. Mən artıq Tofiq Quliyev haqqında dedim. Eləcə də Fikrət Əmirov, Səid Rüstəmov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov onun tez-tez görüşdüyü, zəngləşdiyi, hal-əhval tutduğu adamlar sırasında idi və bu bəstəkarlarla onu, eyni zamanda, birgə yaradıcılıq işi də birləşdirirdi.
     Fikrət Əmirov hələ 1947-ci ildə «Işıqlı yollar» tamaşasının musiqisini yazmışdı və çox-çox sonralar da cavanlıq dövrlərindəki həmin birgə yaradıcılıq işlərini xüsusi bir hərarətlə xatırlayırdı: « – İlyas, yadındadı də...». 40-cı illərin sonları, 50-ci illərin əvvəllərində İlyas Əfəndiyevlə Fikrət Əmirov yay aylarını bir yerdə Şuşaya, yazıçıların oradakı məşhur Yaradıcılıq Evinə gedirdilər və biz iyul, avqust aylarını orada qonşu olurduq.
     Fikrət Əmirovla birlikdə Isa bulağında, Daşaltında, Səkili bulaqda, Turşsuda keçirdiyimiz ailəvi məclislər, o məclislərdə Şuşa xanəndələrinin, yeniyetmələrin oxumaqları, «Qarabağ şikəstəsi», «Şuşanın dağları», «Qaçaq Nəbi», «Tel nazik, bel nazik», «Irəvanda xal qalmadı» mahnıları, o zaman müharibədən qayıtdıqdan sonra universiteti yenicə bitirmiş cavan bir tarixçi olan rəhmətlik Firudin Şuşinskinin də o şikəstəyə, o mahnılara qulaq asa-asa həvəsə gəlib tın-tın səsiylə pəsdən gözəl zümzümə eləməyi mənim heç vaxt yadımdan çıxmayacaq uşaqlıq xatirələrimdəndir. Yeri düşmüşkən deyim ki, Şuşadakı həmin Yaradıcılıq Evi yay aylarında həqiqi mənada bir ədəbiyyat, ümumiyyətlə, mədəniyyət ocağına çevrilirdi və oranın təkrarsız ab-havasını, orada Süleyman Rəhimovla, Fikrət Əmirovla, Bayram Bayramovla, Cəfər Xəndanla, Balaş Azəroğluyla, Qasım Qasımzadəylə, Cahanbaxışla, gənc Əliağa Kürçaylı və Məsud Əlioğluyla, o illərdə yüksək vəzifələrdə işləyən, sonralar isə Nazirlər Sovetinin, Respublika Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Məmməd Isgəndərovla gözəl qonşuluğumuzu, onlarla sözsöhbətini İlyas Əfəndiyev, xüsusən 90-cı illərdə – ömrünün son illərində tez-tez xatırlayırdı.
     «Işıqlı yollar»dan düz on yeddi il sonra, 1964-cü ildə «Sən həmişə mənimləsən»in də musiqisini İlyas Əfəndiyevin təklifi ilə Fikrət Əmirov bəstələmişdi.
     Əfrasiyab Bədəlbəyli 1944-cü ildə «Intizar» tamaşasının, Səid Rüstəmov 1948-ci ildə «Bahar suları»nın, Niyazi 1954-cü ildə «Atayevlər ailəsi»nin, Tofiq Quliyev «Sən həmişə mənimləsən»in Rus Dram Teatrındakı tamaşasına, Süleyman Ələsgərov 1971-ci ildə «Mahnı dağlarda qaldı»nın musiqisini bəstələmişdilər. Sonrakı nəsil nümayəndələrindən Arif Məlikov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Cavanşir Quliyev kimi bəstəkarlar da İlyas Əfəndiyevin tamaşaya qoyulmuş pyeslərinə musiqi yazmışdılar.
     Tofiq Quliyev İlyas Əfəndiyev haqqındakı həmin yazısında belə bir fikir söyləyirdi: «İlyas Əfəndiyevin əsərlərinin dili başdan-başa musiqidir və mən musiqiyə musiqi yazmağı heç cürə dərk edə bilmirdim...»
     Maestro Niyazi isə hər dəfə məni görəndə:
     – İlyasa de ki,– deyirdi,– heç Həcərin plovu da Bilqeyis xanımın plovuna çata bilmir!
     Qara Qarayevlə də ilıq münasibətləri var idi, həmişə bayramlarda, yeni əsərləri meydana çıxanda zəngləşirdilər və bu münasibətlərin əsasında, gənclik illərindən etibarən, hər ikisinin Imran Qasımovla dostluğu dururdu.
     1968-ci ildə, Qara Qarayevin 50 illik yubileyi zamanı İlyas Əfəndiyev yazırdı: «Bütün böyük sənətkarlar kimi, Qara Qarayev insan qəlbinin, insan ruhunun indiyə qədər nüfuz edilməyən dərinliklərinə gedir, bu vaxtadək duyulmayan sirlərini tərənnüm edir. Buna görə də, bəstəkarın əsərlərində fəlsəfi axtarışlarla, kəşflərlə müasirlik birləşib qüdrətli bir gözəlliklə səslənir. O, Heminquey kimi fikrinin yalnız müəyyən hissəsini açıq ifadə edir. Qalan böyük hissəsini duyub dərk etməyi dinləyicinin öhdəsinə buraxır. Böyük və dərin fikir sahibi olan sənətkarlarda həmişə belə olmuşdur. Bethovendə, Şekspirdə də belə olmuşdur...».
     Orası da heç yadımdan çıxmır ki, 1974-cü ilin küləkli-yağışlı bir noyabr gecəsinin yarısı tez-tez arası kəsilən uzun telefon zənglərindən və bizim də bu zənglə bağlı nigarançılığımızdan sonra, Qara Qarayev, səhv etmirəmsə, Vyanadan bizə telefon açıb İlyas Əfəndiyevi 60 illiyi münasibətilə təbrik etmişdi. (Atam ona, Imran Qasımovdan gələn gənclik illərinin deyim ənənəsi ilə, «Karik», o isə, atama elə həmin ənənə ilə «İlyuşa» deyirdi.)
     Iki böyük xanəndə də vardı ki, İlyas Əfəndiyev onların həm şəxsiyyətinə hörmət edirdi, həm də sənətlərini yüksək qiymətləndirirdi: Xan Şuşinski və Ağabala Abdullayev.
     Xan Şuşinskinin İlyas Əfəndiyevin atası ilə dostluğu var idi, Şuşadan Füzuliyə (Qaryaginə) enəndə ona çox qonaq olmuşdu, günlərlə evlərində qalmışdı və mən, hayıf ki, bu dostluğun tarixini bilmirəm, amma lap uşaq çağlarımdan həmişə bunun şahidi olmuşam ki, İlyas Əfəndiyev ilə Xan Şuşinski həmişə çox mehriban görüşüblər, məhrəm adamlar kimi hal-əhval tutublar.
     Orası da yaxşı yadımdadır ki, bir gözəl yaz günü, axşamçağı – universitetdə oxuduğum illər idi – «Hüsü Hacıyev» küçəsinə çıxan eyvanımızda oturub atamla söhbət edirdik və birdən gördük ki, Xan Şuşinski başında buxara papağı, əynində boz qabardin yaz paltosu qəlyanını tüstülədə-tüstülədə küçə ilə gedir. Atam elə üçüncü mərtəbənin eyvanından Xan Şuşinskini səslədi və onu evə dəvət etdi və İlyas Əfəndiyevin dəvəti o qədər sidq-ürəkdən idi ki, Xan əmi yolunu dəyişib həyətimizə gəldi, mən blokun ağzına çıxıb onu qarşıladım və evə gəldik.
     Bu hadisədən 43-44 il keçib, amma hər dəfə mən Xanın səsini eşidəndə, onu televizorda görəndə həmin yaz axşamı Xan əmi ilə birlikdə elə o eyvandaca oturub çay içməyimiz, Xan Şuşinski ilə atamın söhbətləri bütün təfərrüatlarına qədər yadıma düşür, hətta onun çəkdiyi qəlyanın gözəl tənbəki qoxusunu da, elə bil, yaxınlığımda hiss edirəm.
     «Hüsü Hacıyev» maşınların çox gəlib-getdiyi, səsli-küylü bir küçədir, amma qəribədir, elə o zaman da, üstündən bu qədər illər keçəndən sonra da, yaz axşamındakı o eyvan söhbəti, elə bil, başdan-başa bir Şuşa ab-havasına bürünmüşdü, elə bil, Şuşa dağlarının, Şuşa meşələrinin ətri-havası uçub gəlib bizim üçüncü mərtəbədəki o eyvanımıza qonmuşdu.
     İlyas Əfəndiyev Ağabala Abdullayevin də səsini, avazını, xüsusən, onun «Zabul»unu çox bəyənirdi və bir insan kimi də onu tez-tez xatırlayırdı. 80-ci illərin sonlarında, 90-cı illərdə İlyas Əfəndiyev bir silsilə esse-xatirələr yazdı və onun 15 dekabr 1991-ci il tarixi ilə yazdığı «Orfey quyudan çıxandan sonra nə gördü...» adlı essesində belə bir epizod var:
     «... «yeni iqtisadi siyasət» sayəsindəki yalançı azadlıqdan istifadə eləyən atam təsərrüfatını yoluna qoyaraq bağımızda dərin su quyusu qazdırırdı. Quyunun ağzı üçün mədəndən iri daş gətirib ortasını dəldirmişdi.
     Su quyusunu iki adam qazardı: biri düsərlə qazıb torpağı torbaya doldurar, yuxarıda – quyunun başında da duran adam onu çəkib kənara boşaldardı. Yaz vaxtı idi. Anamla atam ikinci mərtəbənin balkonunda əyləşib çay içirdilər. Onların yanında iri dibçəkdə gur çiçək açmış oliandr gülü var idi. O zaman bizim yerlərdə oliandr gülü olmazdı. Gülü atam hardansa gətirtmişdi, yəqin ona görə o gül indi də yaddaşımıda qalıb. Cavan, gözəl bir qadın olan anamın əynindəki mavi atlas paltarının rəngi ilə o oliandrın təravətli çəhrayı rəngi bir-birinə qəribə, zərif ahəng verirdi.
     Aşağıda – bağçada qazılmaqda olan quyunun başında orta yaşlı bir kişi dayanıb, qazılan torpağı çəkib kənara tökürdü.
     Birdən sanki qeybdən gələn səs kimi, bir muğam eşidildi. Kimsə gənc və olduqca şirin, həzin bir ahənglə oxuyurdu. Şerə, musiqiyə qarşı çox həssas bir qadın olan anam təəccüblə atama baxaraq soruşdu:
     – Harda oxuyurlar bunu?
     Atam xoş ifadə ilə:
     – Quyunun içində! – dedi və quyunun başında dayanıb torpaq çəkən kişiyə işarə ilə əlavə etdi: – O kankanın oğludur. Quyunu o qazır.
     Mən də anam kimi musiqiyə çox həssas uşaq olduğumdan o muğama heyranlıqla qulaq asırdım.
     Mən o on altı-on yeddi yaşında sağlam, qaraqaş, qaragöz oğlanı, o gənc kankanı hər gün gəlib quyuya girəndə görürdüm.
     Anam dedi:
     – Gözəl səsi var. Nə əcəb xanəndə olmaq istəmir?
     Atam:
     – Bunlar Cənubi Azərbaycandan gəliblər, – dedi. – Mən də kişidən soruşdum ki, oğlunun belə səsi var, nə əcəb ustad xanəndənin birinə qoşmursan? Kişi dedi ki, əvvəl öz sənətimi öyrədirəm, sonra özü bilər.
     O gecə uzun zaman gözümə yuxu getmədi. O yaz gecəsinin səssizliyi içində quyunun qaranlıq dibindən gələn o səsi sanki mən hey eşidirdim... Bəzən Arazın o tayından gələn və bu cür qəribə bir yanğı ilə oxuyan o gənc xəyalımda dönüb zülmət dünyasına düşmüş Məlikməmməd olurdu. Bəzən də anamın nağıl elədiyi «Yusif və Züleyxa» dastanının quyuya atılmış Yusifi olurdu. Qəribədir ki, mən onu oxuduğu muğam ilə birlikdə adi, yəni bu işıqlı dünyada təsəvvür eləyə bilmirdim... Elə bil ki, o məhz qaranlıq quyuda, o zülmət dünyasında hansı kədərli hekayəti isə oxumaq üçün yaranmışdı...
     – Çox təsirli səsi var... – deyən anam soruşdu: – Adı nədi o oğlanın?
     Atam dedi:
     – Deyəsən Ağabaladı...».
     İlyas Əfəndiyev Ağabalanı ilk dəfə belə görmüşdü. Son dəfə isə onu altmışıncı illərin axırında gördü. O zaman biz Füzulidəki Kürdmahmudlu kəndinə toya getmişdik və o toyu Ağabala Abdullayev aparırdı. Yadımdadı, atam musiqiçilərin ayrıca mizi arxasında oturmuş Ağabala Abdullayevə baxa-baxa qüssə ilə:
     – Ağabala qocalıb...– dedi.
     İlyas Əfəndiyevin yaxın dostlarından biri də fizika-riyaziyyat elmləri doktoru, professor Əmir Həbibzadə idi. Əmir müəllim başqa sahə ilə məşğul olsa da, daxili aləmi etibarilə sənət adamı idi, zəngin hissiyyatı, gözəl zövqü var idi, yaxşı geyinirdi və İlyas Əfəndiyev də səliqə və zövq ilə, həmişə yeni dəbdə geyinməyi xoşladığı üçün, kastyum atrezlərini Əmir müəllimlə birlikdə alardılar, Əmir müəllim yaxşı dərzilər tapardı və atam da Sadıqovdan xəlvət, bəzən kastyumlarını o dərzilərə tikdirərdi.
     Tağı Sadıqov Bakının məşhur dərzilərindən biri idi və yadıma gəlir, bütün Sovet Ittifaqında Lenin ordeni almış yeganə dərzi də o idi. İlyas Əfəndiyev uzun illər boyu kastyumlarını Sadıqova tikdirərdi, amma hərdən, Sadıqov inciməsin deyə, gizlincə, Əmir müəllimin tapıb təriflədiyi dərzilərə də sifariş verirdi. Bizim, Sultan Hacıbəyovun və Əmir müəllimin 50-ci illərin sonlarında, 60-cı illərdə, 70-ci illərin lap əvvəllərində yayda yığışıb ailəvi surətdə maşınla Kislovodska getməyimiz, orada bütün yay aylarını Iosif Samoyloviç Bass adlı çox koloritli və qılıqlı bir yəhudinin müdir olduğu pansionatda qalmağımız mənim ən unudulmaz yeniyetməlik və gənclik xatirələrimdən biridir.
     1960-ci illərin sonlarında mən «Beş qəpiklik motosikl» adlı bir hekayə yazmışdım və o hekayədə Kislovodskdakı həmin pansionatı təsvir etmişdim, hətta o hekayədə belə bir iki misra da var idi:
     Köhnə hamam, köhnə tas,
     Köhnə pansionat, köhnə Bass!..
     Bu hekayə məşhur rus tənqidçisi Iqor Zolotusskinin tərcüməsində 1971-ci ilin yayında «Drujba narodov» jurnalında çap olunmuşdu (bu, mənim Moskva mətbuatında çap edilən ilk yazım idi) və o vaxt Moskvada olan Anar jurnaldan bir nüsxə alıb Kislovodskda mənə gəndərmişdi.
     Yaxşı yadımdadı, bir tərəfdən, əlbəttə, İlyas Əfəndiyev üçün xoş idi ki, «Drujba narodov» kimi nüfuzlu bir jurnalda mənim hekayəm dərc edilib, amma o biri tərəfdən də bir az narahat oldu ki, Iosif oxuyar, pərt olar... O iki misranın rusca tərcüməsi belə idi:
     Tot je qolos, tot je bas,
     V pansionate tot je Bass...
     Amma Iosif Samoyloviç pərt olmadı, daha doğrusu, bilmədi ki, pərt olsun, ya olmasın. Əmir müəllimlə Sultan Hacıbəyov illərdən bəri ikisinin arasında bütün incəliklərinə qədər formalaşmış bir yumorla (və zahirən çox ciddi şəkildə!) həmin jurnalı təntənəli surətdə Iosif Samoyloviçə göstərib, adı tarixə düşdüyü üçün onu təbrik etdilər...
     İlyas Əfəndiyevin qardaşı, yazıçı Tofiq Əfəndiyev də, bacısı, həkim Nəzihə xanım həyat yoldaşı, həkim Üzeyir Məmmədovla və uşaqlarla birlikdə, bəstəkar Səid Rüstəmov da, Nazim Hacıyevin böyük qardaşı professor Ağa Hacıyev də, köhnə zadəgan nəsilli və çox da koloritli bir adam olan və İlyas Əfəndiyevin xətrini çox istəyən skripkaçı Davud Qədimov (atam ona «Dodik» deyirdi, mədəniyyət işçilərinin arasında isə «Davud Balayeviç» kimi məşhur idi), Qarabağ xanlarının nəslindən olan, dirijor Əli Cavanşir (ona da «Alik» deyirdilər) yayda ailələri ilə gəlib orada qalırdılar və Kislovodskdakı o pansionat ədəbi-mədəni klub kimi bir yerə çevrilmişdi. Qara Qarayev də, Imran Qasımov da, Nazim Hacıyev də hərdənbir o «kluba» baş çəkərdi, orada qalardı...
     Mənim üçün olduqca xoş bir hadisədir ki, yaşı 85-i keçmiş Əmir müəllim bu gün də sağ-salamatdır, Bakı Universitetində dərs deyir, eləcə səliqə-səhmanla, eləcə zövq ilə geyinir və mən sidq-ürəkdən arzu edirəm ki, Əmir müəllim 100-ü də beləcə keçsin, ondan o tərəflərə də getsin.
     Əmir müəllim 85 illiyi münasibətilə nəşr olunmuş kitabda yazır ki, «Azərbaycanda iki görkəmli şəxslə – sənət dahisi ilə dostluq etmişəm. Biri xalq yazıçısı İlyas Əfəndiyev, o biri isə bəstəkar Sultan Hacıbəyovdur. Bunların hər ikisi vasitəsilə mən digər sənət xadimləri ilə – bəstəkarlarla, rəssamlarla, yazıçılarla tanış olmuşam və onlarla tez-tez ünsiyyətdə olmuşam... Adam gözəl, klassik musiqi əsərlərinə qulaq asarkən çox yüksək mənəvi zövq alır və bu cür musiqiyə dəfələrlə qulaq asmaq istəyir. Lakin bu əsərlərin bəzi hissələrini nə zümzümə edə, nə də fortepianoda çala bilirsən. Mən, dostum İlyas Əfəndiyevin bir çox əsərlərini oxumaqla bərabər, dram əsərlərinə qulaq asmışam və sevmişəm. Lakin bu əsərlərə lazımi qiymət verməyə mənim gücüm çatmır...»

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.03.2014) | Müəllif: R.C E W
Baxış: 1027 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more