AYAQQABI
Dəli könül, nə divanə gəzirsən?..
Xəstə Qasım
Çilçırağın işığı güzgüyə düşüb adamın gözünü qamaşdırırdı, çəngəl-bıçağın,
qab-qacağın parıltısı da güzgüdən gülürdü, elə bil yayın cırhacır çağında gözünü
qıyıb günə baxırdın – güzgü az qala eləcə günəş olub yanırdı, amma indi nə yay idi,
nə də günəşin çıxan vaxtıydı və əslində Bəbirin gözünü qamaşdıran da, bir məlhəm
kimi içini güldürən də çilçırağın güzgüdə əks edən işığı deyildi və Bəbir özü də
bunu çox gözəl bilirdi; məsələ, şəstlə özünü güzgüdən Bəbirə göstərən bu təptəzə,
qapqara gözəl kostyumda idi, bu ağappaq, tərtəmiz köynəkdə idi, boynuna taxdığı
bu ağappaq, iri qanadlı kəpənəkcikdə («baboçka») idi və Bəbir açıq-aşkar görürdü
ki, SSRI xalq artisti Mürsəl Məhəmmədovun özü bu dəm bu qalın güzgüdən baxan
cavan oğlanın, yəni Bəbirin yanında yalan idi və sidq-ürəkdən özünə verdiyi bu
qiymət Bəbirin kefini daha da qaldırdı və Bəbir başa düşdü ki, bugünkü günü, daha
doğrusu, bugünkü gecəni yüngül keçirəcək, yorulmayacaq və bayırın küləyi də
nahaq yerə elə tüğyan eləyir, bu gün, bax, bu gecə Bəbiri məqsədinə bir addım da
yaxınlaşdıracaq: yataqxanada çarpayısının altındakı çamadanın içindəkilərin üstünə
bir az da pul gələcək, kooperativ evin hazır olmağı bir gün də yaxınlaşacaq və kim
bilir, daha nə olacaq, amma, hər halda, nə olsa da, yaxşı şey olacaq və bu yaxşının
zərifliyini, incəliyini, mülayimliyini elə bil ki, Bəbirin ürəyi əvvəlcədən hiss edirdi,
ürəyində sevincqabağı xoş bir nigarançılıq var idi və ümumiyyətlə, hər şey əla idi,
təkcə bir şey pis idi ki, çəkməsi bir ölçü kiçik idi və ayağını sıxırdı.
Bəbir gözünü güzgüdən çəkib üç gün bundan qabaq dükandan tanışlıqla aldığı
par-par parıldayan qara Yuqoslaviya çəkmələrinə baxdı və gülümsədi: təki elə
dünyanın bütün pislikləri bu cür gözəl Yuqoslaviya ayaqqabılarının adamın ayağını
bir balaca sıxmağı olsun; bir-iki gündən sonra açılacaq, genişlənəcək və sıxmayacaq.
Gecə növbəsi təzəcə işə başlamışdı və yavaş-yavaş restorana adamlar gəlirdi,
Ziba cidd-cəhdlə mizlərə düzdüyü boşqabları, çəngəl-bıçağı, külqabıları bir daha
səliqəyə salırdı, Poqosov sərrast gözləri ilə içəri girən müştərilərə baxırdı, həmin
müştərilərin ciblərinin tutumunu gözlərindən oxuyurdu, lazım bildiyi müştərini,
guya ki, təsadüfən özü qapıda qarşılayıb mizlərdən birində oturdurdu, Əbülfət,
həmişəki kimi, burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa boş mizlərin başına
fırlanırdı, metrdotel Pakizə xanım hələlik öz kiçik iş mizinin arxasında oturub
mizüstü lampanı yandırmışdı və çeşmək taxıb qarşısındakı kağız-kuğuza baxırdı,
Əlifağa estradaya qalxmışdı və klarnetini qururdu, Aşot çoxdan gəlib öz yerində
oturmuşdu və zərb alətlərini məxmərlə silib təmizləyirdi, bir azdan trubaçalan
Gülməmməd, tarzən Məlik, qaboyçalan Əlimuxtar, kontrabas çalmağı bacaran
Fətulla gələcəkdi, müğənni Nora gələcəkdi, Əlifağa ilə Əlimuxtar yavaş-yavaş və
gizlin-gizlin araq vurmağa başlayacaqdı və estradada ara qarışıb məzhəb itəcəkdi,
Nora Azərbaycan, hind, fransız, erməni mahnılarını oxumağa başlayacaqdı,
Əlimuxtarın qaboyunun müşayiəti ilə bir-iki muğamat deyəcəkdi, amma, həmişə
olduğu kimi, yenə də söylədiyi qəzəlin mənasını azərbaycanca, hind dilində,
fransızca oxuduğu mahnıların sözləri kimi heç kim başa düşməyəcəkdi, bir azdan
restoran tamam dolacaqdı. Ziba dolu məcməyiləri mizlərə daşıyacaqdı, yalandan
müştərilərin üzünə güləcəkdi, müştərilərə mənalı baxışlar atacaqdı, hərdənbir
ikibaşlı söz deyəcəkdi və əlbəttə, bütün bunlardan sonra müştərilər daha əliaçıq
olacaqdı, Poqosovun müştəriləri isə, həmişəki kimi, hamıdan çox olacaqdı və
sifarişləri də başqa sifarişlərdən sanballı olacaqdı, Əbülfətin də müştəriləri həmişəki
kimi ən ucuz sifarişçilər olacaqdı, əgər restoranda on beş yer qalacaqdısa, bunun
səkkizi, şübhəsiz ki, bəxtiqara Əbülfətin mizlərinin payına düşəcəkdi və Əbülfət
burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa, dodaqaltı öz bəxtinin qarasına deyinədeyinə
restoranın ən pulsuz müştərilərinə qulluq eləyəcəkdi, Pakizə xanım daha
oturmayacaqdı, çeşməyini də gizlədəcəkdi, bütün gecəni restoran bağlanana qədər
ayaq üstə keçirəcəkdi, gözündən heç nə yayınmayacaqdı, hətta Poqosovun özü də
Pakizə xanımdan ehtiyat edirdi, çünki hamı bilirdi ki, iti gözündən və sərt sözündən
başqa Pakizə xanımın restoranın müdirinin yanında, hətta, mehmanxananın müdiri
yoldaş Qardaşxanlının özünün yanında hörməti var və xörəkpaylayanlar haqqında
Pakizə xanımın çatdırdığı xəbərlərdən çox şey asılıdır.
Bütün bunlar belə idi, amma bütün bunlarin Bəbirə heç bir dəxli yox idi, çünki
Bəbir bilirdi, inanırdı, əmin idi ki, bura onun üçün müvəqqəti iş yeridir, Bəbir,
Poqosov kimi ömrünün qırx ilini ofisiantlıqda keçirməyəcəkdi, bu bədbəxt Əbülfət
kimi il on iki ay qayğıların içində itib-batmayacaqdı, bir il işləyəcəkdi burda, iki il
işləyəcəkdi, lap beş il işləyəcəkdi, amma sonra bir pillə də qalxacaqdı, heç olmasa,
metrdotel olacaqdı, mütləq olacaqdı və ofisiantlıq da onun həyatında arxada qalmış
bir pilləyə çevriləcəkdi, sonra həmin metrdotelliyin özü də arxada qalacaqdı
(deyirdilər ki, yoldaş Qardaşxanlı özü də metrdotellikdən başlayıb), sonra restoran
müdirliyi də arxada qalacaqdı və bir gün gələcəkdi ki, bir mehmanxananın direktoru,
kim bilir, bəlkə də lap böyük bir idarənin direktoru olacaqdı və o zaman saçına da
bir balaca dən düşmüş Bəbir yaxınlarına, əzizlərinə öz həyatından danışacaqdı, bax,
bu restoranı da xatırlayacaqdı və hamıya da deyəcəkdi ki, həyatda nail olduqlarına
görə, ancaq özünə borcludu, onun atası da, anası da, dayısı da, adamı da ancaq özü
olub, Poylu stansiyasında bir qarnı ac, bir qarnı tox yetimçiliklə böyüyüb Bakıya
gəlib və indi, on beş ildən sonra, yəni bütün bunları danışacağı vaxt yox, indinin
özündə, iyirmi doqquz yaşında, Bakının mədəni restoranlarından birində işləyir, pul
verib kooperativ mənzilə yazılıb, ayda da anasına iyirmi beş manat pul göndərir.
Əlbəttə, Bəbir istəsəydi daha artıq pul qazana bilərdi və o vaxt anasına da ayda
iyirmi beş manat yox, lap qırx manat göndərərdi (hərçənd anası öz xərcini özü
çıxarır), bu asan iş idi, Bakının kənarlarındakı, ya da Abşeron kəndlərindəki
kababxanalardan birində işləyirdi, indikindən on dəfə artıq pul qazanırdı, amma
məsələ burasında idi ki, bu mehmanxanadakı mədəniyyət oralarda olmayacaqdı,
Bəbir isə, mədəniyyəti sevirdi və əslində bütün çalışmaları da, manat-manat yığdığı
pul da mədəniyyət naminə idi, daha doğrusu, gələcəyin mədəni həyatı naminə; Bəbir
istəmirdi ki, sifətindən kababın yağı damsın, bədəninə kababın iyi hopsun, gecələr
köstəbək kimi burnunu sallayıb pul saysın – Bəbir o cür həyatın qeyri-mədəniliyini
və mənasızlığını başa düşürdü və o cür həyat Bəbirə lazım deyildi.
Bəbir bu mehmanxanada yük daşımaqdan başlamışdı, sonra yoldaş Qardaşxanlı
onu liftçi vəzifəsinə götürmüşdü, sonra restoranda aşpazın köməkçisi oldu, sonra
dördüncü mərtəbədə çayçı işlədi, işləyə-işləyə də ofisiantlıq kursunu qurtardı və
ikinci il idi ki, bu gözəl restoranda xörəkpaylayan idi, həm də Bəbiri təkcə restoranın
yox, bütün mehmanxananın yerli komitə sədrinin müavini seçmişdilər.
Bəbir məişət xidməti işçilərinin yataqxanasında qalırdı və o yataqxana ilə bu
restoranın arası əlli dəqiqəlik yol idi, yeddi dayanacaq trolleybusda, sonra da on
dayanacaq tramvayda, amma Bəbir istəsəydi, yaxın yerlərdən birində ev kirayə
eləyərdi, pulu var idi, manat-manat yığıb xeyli pul düzəltmişdi, amma Bəbir
fikirləşib gördü ki, yataqxananı bəyənməyib kirayədə yaşamaqdansa, həmin pulu
yığıb kooperativ mənzil tikdirmək lazımdı və belə də elədi, yoldaş Qardaşxanlı sağ
olsun, lazımi sənədlərə qol çəkdi, uzaqbaşı iki ilə ikiotaqlı mənzil hazır olacaqdı və
o zaman Bəbir evlənəcəkdi, subaylıq da yataqxana kimi Bəbirin həyatının keçilmiş
bir mərhələsi olacaqdı və Bəbir çalışacaqdı ki, arvadı Bakının mədəni ailələrindən
olsun, təhsilli olsun, heç olmasa, texnikum bitirmiş olsun; əlbəttə, bu çətin iş idi,
amma, hər halda, Bəbir əlindən gələni edəcəkdi və Bəbirin ürəyinin dərinində bir
inam vardı ki, elə belə də olacaq; Bəbir özü də oxumağa başlayacaqdı, bu il yayda
texnikuma girəcəkdi, lazım olan adamlarla danışmışdı, daha doğrusu, Poqosov
Bəbiri lazım olan adamlarla görüşdürmüşdü, texnikumdan sonra instituta girəcəkdi
və o zaman uşaqları da olacaqdı və Bəbir uşaqlarına atasıyla anasının adını
qoyacaqdı; düzdü, anası indi hələ sağ idi, amma yaşı yetmişi haqlamışdı və o vaxta
yəqin ki, qalmayacaqdı, öləcəkdi, atası isə, Allahın rəhmətinə getmişdi, onda
Bəbirin iki-üç yaşı var imiş və anası ağlayanda Bəbir atasını yamsılayıb deyirmiş: «
– Səni döyərəm!».
Nora üzünə o qədər qırmızı sürtmüşdü ki, adam həmin qırmızı ilə köynəyini
boyaya bilərdi və yekə mikrofonu ağzına dirəyib Azərbaycan xalq mahnısı
oxuyurdu, amma bu mahnının sözlərini, təbii ki, heç kim başa düşmürdü, çünki Nora
adicə azərbaycanca danışanda da adam başa düşmürdü ki, bu, boyu həddən artıq
uzun, özü də arıq qadın nə deyir, amma Əlifağanın rəhbərliyi ilə çalan bu orkestrin
ifaçıları hər biri öz alətində elə qiyamət eləyirdi ki, Noranın sözlərinin mənasını başa
düşməyə ehtiyac qalmırdı, sifarişlərlə birlikdə üçlük gəlirdi, beşlik gəlirdi, hətta
Poqosovun müştərilərindən onluq da gəlirdi və indi də pəncərə tərəfdə oturmuş üç
cavan oğlandan biri yerindən:
– Ay can! – qışqırdı və oxuyub qurtaran Noraya əl çaldı, sonra da gözləri ilə
Noranı göstərə-göstərə yanında dayanmış Zibanın qulağına nəsə dedi və Ziba da
gülümsəyə-gülümsəyə başını tərpədib oğlanın dediyini təsdiq etdi.
Külək daha da bərkimişdi və həmin mart gecəsi Bakı pəncərələrinin
əksəriyyətindən işıq gəlirdi və bu da o demək idi ki, camaat küləyin əlindən küçəyə
çıxa bilmir; çıxan da, imkanı varsa, özünü verir restorana.
Bu mehmanxana Bakının dağlıq hissəsində idi və bu yeri elə bil ki, Allah elə
mehmanxanadan ötrü, xüsusən də restorandan ötrü yaratmışdı və Bəbir də hərdən
macal eləyib restoranın pəncərəsindən Bakının işığı yanan pəncərələrinə baxmağı
xoşlayırdı – bu pəncərələrin işığı Bəbirin ürəyinə bir ilıqlıq gətirirdi, o işıqlarda bir
məhrəmlik var idi və Bəbirə elə gəlirdi ki, işığı yanan həmin pəncərə şüşələrinin
arxasında yaşayan bütün adamlar xoşbəxtlik içindədi; hərə öz xudmani guşəsində
oturub ömrünün gözəl günlərini yaşayır və hərdən Bəbir iki ildən sonra tikilib hazır
olacaq kooperativ mənzilinin də pəncərəsindən gələn işığı görürdü, hətta o pəncərə
şüşəsindən o tərəfdə özünü də görürdü və az qala, cismani surətdə hiss edirdi ki,
aşağıda, həmin kooperativ binanın qapısı ağzında indi yoldaş Qardaşxanlını gəzdirən
furqonlu «Moskviç» kimi bir maşın sürücü ilə birlikdə dayanıb onu gözləyir, yəni
Bəbiri gözləyir, hər gün Bəbiri işə aparır, işdən gətirir, bir sözlə, həmin maşın da,
sürücü də camaatın gözü qabağında həmişə əmrə müntəzirdir.
Yoldaş Qardaşxanlının Bəbirdən açıq-aşkar xoşu gəlirdi və istehsalat
müşavirələri çağıranda vaxt olub ki, o qədər camaatın arasında tərbiyədə, işə
məsuliyyətlə yanaşmaqda, sözə baxmaqda, məsləhətə qulaq asmaqda Bəbiri misal
gətirib və bu, əlbəttə, bir tərəfdən Bəbirin xidmətiydisə, o biri tərfdən də yoldaş
Qardaşxanlının qabiliyyətindən xəbər verirdi, çünki o biri mehmanxanaların
direktorları restoranlarındakı xörəkpaylayanları heç tanımırdılar da və Bəbir burasını
da dəqiq bilirdi ki, yoldaş Qardaşxanlı onu mütləq irəli çəkəcək, çünki indiyəcən
bircə dəfə də olmamışdı ki, Bəbir nəinki yoldaş Qardaşxanlının, heç metrdotelin də
bir sözünü iki eləsin, nə demişdilərsə, etmişdi və xımır-xımır da öz işini görmüşdü,
hər gün on beş-iyirmi manat qazancı olurdu – camaat mədəni xidməti xoşlayırdı və
Bəbir də əlindən gələni əsirgəmirdi, iki manat, üç manat, beş manat, hətta səkkiz
manat artıq verən olurdu, başqa xırda-xuruş gəlirləri də olurdu və Bəbir də bu pulları
gələcək üçün dəstəçin yığırdı və Bəbirin beləcə pul yığmağı, özünə qıymamağı
xəsislikdən deyildi, gözəl gələcək xətrinə idi; nə isə, hər şey yaxşı idi və hər şey
necə lazım idisə, eləcə də öz qaydası ilə gedirdi, təkcə bu ayaqqabı zəhrimar ayağını
sıxırdı.
Əlifağanın da kefi kök idi, amma Bəbirdən fərqli olaraq, Əlifağanın kefini araq
qaldırmışdı – hərdənbir estradadan enib mətbəxə tərəf gedirdi və hamı başa düşürdü
ki, Əlifağa niyə mətbəxə gedir, qayıdandan sonra Əlimuxtara göz eləyirdi və
Əlimuxtar da Noranın əlindən güclə imkan tapıb özünü verirdi mətbəxə və bu gün,
deyəsən, bu cür gediş-gəlişləri lap çox olmuşdu, Əlifağanın burnu, yanaqları
qıpqırmızı qızarmışdı – «Içki mənə düşür, o saat qızarıram!» – və bir də bu artıqlıq
ondan bilindi ki, Əlifağa həmişə belə vaxtlarda olduğu kimi, birdən yekə mikrofonu
Noradan aldı və rus dilində belə bir elan verdi:
– Pesnya iz kinofilma «Brodyaqa». Posvyaşayetsya Z. Solo na klarnete
ispolnyayet Alifaqa Ustadlı – Sonra klarnetin ağzını göyə qaldırıb bir çalmaq çaldı
ki, bütün restoran əhli birağızdan əhsən dedi.
Bu, Əlifağanın dəm vaxtlarında elədiyi zarafatlardan biri idi: Z. – yəni, Ziba;
məsələ burasında idi ki, Ziba uzun illərdi ki, Rac Kapura aşiq olmuşdu və bunu
restoranda bilməyən yox idi, çünki Ziba bu böyük məhəbbətini heç kimdən
gizlətmirdi də; haçansa ərə gedib boşanmışdı, hərdənbir fürsət düşürdü, amma Ziba
daha ərə getmək istəmirdi, çünki Ziba deyirdi ki, mənim həyatda öz idealım var,
mən öz qəhrəmanımı arzulayıram və Ziba sidq-ürəkdən öz idealını, qəhrəmanını
uzun-uzun illər idi ki, Rac Kapurun simasında sevirdi.
Bəbir bunların hamısını ona görə beləcə yaxşı bilirdi ki, üç-dörd dəfə Zibanı
evlərinə ötürməyə cəhd eləmişdi, bir dəfə, az qala, lap girmişdi də Zibanın evinə,
amma hər dəfə də Ziba öz idealı və qəhrəmanı barədəki söhbətlərlə Bəbiri korpeşman
geri qaytarmışdı.
Əlifağanın klarneti qan eləyirdi və Bəbir fürsət tapıb zarafatla Zibaya göz vurdu,
Ziba da narahatlıqla restoranın qapısına tərəf baxdı – bu gün gecə hansı iclasdansa
sonra mehmanxananın banket zalında qonaqlıq olacaqdı, deyirdilər, guya, yuxarıdan
da adam gələcəkdi və buna görə də yoldaş Qardaşxanlı şəxsən özü banket zalında
bəzənmiş mizə baxacaqdı, banket zalı isə restoranla üzbəüz idi və Ziba qorxurdu ki,
birdən yoldaş Qardaşxanlı girər içəri; Bəbir başını buladı, bu Ziba yazıq da, deyəsən,
lap çaşıb daha, içəri girər girər də, nə olsun? Görəcək ki, həmişəki Əlifağadı,
klarnetdə qan eləyir, nə biləcək ki, Əlifağa Zibaya sataşır? Bir də ki, nə qədər ki,
Brilyant Ağacəfər bu restoranın şef-aşpazı idi, heç kim Əlifağaya gözün üstə qaşın
var deməyəcəkdi, çünki Brilyant Ağacəfərlə Əlifağa haçansa bir sinifdə
oxumuşdular və Brilyant Ağacəfər hər dəfə Əlifağanı görəndə ürəyinin sarı simi dilə
gəlirdi, uşaqlıq çağlarını yadına salıb kövrəlirdi, həmişə dırnağının kənarları və içi
quruyub qaralmış ət qalığı ilə dolu olan əlini yavaşdan bir-iki dəfə Əlifağanın
kürəyinə vururdu və hamı da bilirdi ki, Əlifağa yaxşı çalsa da, pis çalsa da, tez-tez
mətbəxə baş çəksə də, çəkməsə də, Brilyant Ağacəfərin adamıdı və dərd burasında
idi ki, Əlifağanın özü də bunu yaxşı bilirdi və bunu yaxşı bildiyinə görə də kimdən
xoşu gəlirdi, kimə yazığı gəlirdi, nə çalmağından asılı olmayaraq, götürürdü
orkestrinə və ondan soruşanda ki, ay Əlifağa, ay sənin başına dönək, klarnetdən,
qaboydan, trubadan, tardan, zərb alətindən və kontrabasdan da bir yerdə orkestr
olar?; deyirdi ki, hərgah varsa, demək olar – bu bir, ikincisi də, mən musiqimdə
Şərqlə Qərbin əlaqəsini yaradıram, çünki musiqi bəşəri şeydir, Yer üzünün bütün
adamları üçündür, təkcə azərbaycanlının Məmmədi, ya da erməninin Vartanı üçün
deyil, buna görə də tar olan yerdə gərək truba da olsun və gərək əsl musiqi
adamların hamısının qəlbini oxşasın və ələlxüsus da restoranda, çünki əslində insan
musiqini elə yeyib-içməkçün kəşf eləyib, yəni müasir dildə desək, restoran üçün
kəşf eləyib.
Qaboyçalan Əlimuxtar həmişəki kimi Əlifağanın ağzından çıxan hər bir sözü
başının hərəkəti ilə təsdiq edirdi; qaboyçalan Əlimuxtar təqaüdçü idi və Əlifağanın
köhnə dostu idi, buna görə də orkestrdə pianoçu yeri boşalan kimi, Əlimuxtarı işə
götürdü – arada Brilyant Ağacəfərin adı var idi və pianino ilə qaboyun fərqindən
ötrü Əlifağanın sözünü yerə salmaq yaxşı deyildi.
Brilyant Ağacəfərin iki «QAZ-24»ü var idi, biri qayınanasının haradasa fəhlə
işləyən xalası oğlunun adına idi, o biri Ağacəfərin özünün bibisi nəvəsinin gülçülük
sovxozunda işləyən baldızının adına idi, biri həmişə mehmanxananın qabağında
dayanıb Ağacəfəri gözləyirdi, o birisini isə, oğlu sürərdi və çox zaman da
mehmanxananın həyətində, mətbəxin qapısı ağzında olardı; mətbəxin həmin qapısı
əvvəllər pəncərə idi, sonradan bu pəncərəni Brilyant Ağacəfər öz xərciylə sökdürüb
rahat qapı elətdirmişdi.
Nə isə, bütün bunların da Bəbirə dəxli yox idi, çünki Bəbirin heç kimlə işi yox
idi və Bəbirlə də heç kimin işi yox idi, çünki başıaşağı, üzüyola adam idi.
Nora indi də erməni dilində Sayat Novadan oxuyurdu və bilənlər deyirdi ki,
guya, Nora erməni dilində oxuyanda dediyi sözlərin mənasını başa düşmək olur; hər
halda bu, restoranda oturub başı yeməyə-içməyə qatışanlardan çox, yəqin Sayat
Novanın xoşbəxtliyi idi, bir də ki, hərdən kefi kök olanda Poqosova ləzzət verirdi,
çünki belini əyib müştərilərə xidmət edə-edə mizlərin arasıyla adicə addımlamırdı,
Noranın mahnısının ahəngi ilə gedirdi; bəxtiqara Əbülfət isə bir qoca kişi ilə qoca
arvadın yanında dayanıb burnunu çəkirdi və gözləyirdi ki, ikisi də – eynəyini taxıb
diqqətlə menyünü oxuyan bu müştərilər nə vaxt bir şey seçib sifariş verəcəklər; Ziba
yalandan gülümsəyirdi, hərdənbir müştərini aldadan baxışlarından atırdı, tez-tez də
bir küncə çəkilib və yaxalığının cibindən balaca sayğacını çıxarıb haqq-hesab edirdi,
qazandıqlarını sayırdı; danışıq, qədəh cingiltisi, boşqab, çəngəl-bıçaq səsi Əlifağanın
orkestri ilə birlikdə Noranı müşayiət edirdi və hərdənbir də Əlifağa insafa gələndə,
sakitlik çökəndə bayırın küləyinin səsi gəlirdi.
Külək isə get-gedə bərkiyirdi.
Və həmin küləkli mart gecəsinin də əsas əhvalatı bundan sonra başladı.
Restoranın qapısı açıldı və üç nəfər cavan kişi içəri girdi və Poqosovun sərrast
gözləri o saat bu oğlanların kimliyinin fotosunu çəkdi: rayondan gəlmişdilər, Bakıda
yaşayana oxşamırdılar, tələbə də deyildilər, ticarət işçilərinə də oxşamırdılar, amma,
hər halda, pulları var idi və belələri özlərini sındırmamaq üçün ciblərindəki qara
qəpiyəcən Bakı restoranlarında geninə-boluna xərcləyirdilər ki, ofisiant elə bilməsin
ki, restorandan başları çıxmır.
Təbii ki, Poqosov tez özünü bu oğlanların yanına verdi: düzdü, hələlik boş yeri
yoxdu, amma bir az gözləsinlər, ode, orkestrin yanındakı miz indicə boşalacaq, nə
hörmət lazımdısa eləyər onlar üçün, amma ortada dayanmış sarışın kişi ağzını
açanda Poqosov təəccüb etdi, çünki bu sarışın kişi Bəbiri xəbər aldı və doğrusu,
Bəbir özü də bu müştərilərin onu soruşduqlarını eşidib təəccübləndi, çünki Bəbir özü
üçün xüsusi müştəri yığmırdı, çünki Bəbir acgöz deyildi, çünki, onsuz da, Allah
Bəbirin gündəlik ruzisini yetirirdi və hər gecə yataqxanada çarpayının altındakı
çamadanda saxladığı pulların üstünə pul gəlirdi – on manat, on beş manat, iyirmi
manat, hər halda, ayda iki-üç ali təhsilli mühəndisin qazancı yığılırdı.
Bəbir sarışın kişini əvvəlcə tanımadı, amma sarışın kişi yeriyib camaatın içində
Bəbiri qucaqlayanda, Bəbirlə öpüşəndə başa düşdü ki, bu, Sarı Zakirdi, uşaq vaxtı
Poylu stansiyasında bir yerdə peyin eşirdilər və Bəbir əməlli-başlı dilxor oldu, çünki
bu uzun illər boyu Poylu stansiyası ilə bu restoran arasında elə bir məsafə əmələ
gəlmişdi ki, həmin məsafəyə daha nə qatarın gücü çatırdı, nə də maşının və Bəbir
gözünün ucuyla burasını da gördü ki, Sarı Zakirin onu restoranın ortasında beləcə
qucaqlayıb öpməyi Pakizə xanımın xoşuna gəlmədi və metrdotelin bir az qıyqacı
baxan göy gözləri məzəmmətlə Bəbiri süzüb, o biri restoran işçilərinə baxdı ki,
görsün onlar bu hadisəni necə qiymətləndirirlər.
Əlbəttə, Bəbir təxminən on-on iki il görmədiyi Sarı Zakiri restorandan qova
bilməzdi, restoran Bəbirin restoranı deyildi, hökumətin restoranı idi və Bəbir
qaşqabağını da nə qədər turşutsaydı, gönüqalın Sarı Zakir, onsuz da, heç nə başa
düşməyəcəkdi və buna görə də Bəbirin əl verib Sarı Zakirin dostları ilə də tanış
olmaqdan başqa əlacı qalmadı.
Sarı Zakirin dostları Bəbirlə xüsusi hörmətlə görüşdülər və burası da açıq-aşkar
hiss olunurdu ki, Sarı Zakir Bəbirlə tanışlığı ilə fəxr edir, Bakı kimi yerdə, bu cür
mədəni restoranda Bəbir kimi geyimli-kecimli uşaqlıq dostu olmaq, əlbəttə, zarafat
deyildi.
Sarı Zakir dedi:
– Sənin canın üçün, Bəbir, eşikdə bir külək var, götür başını bu dünyadan qaç.
Dedim, ə, bəri gəlin, Bəbir kimi əjdahamız var bu şəhərdə, haqq-say var aramızda!
Yox, nəmxuda, lap yaxşısan! Mən də sağlığına pis dolanmıram!..
Bəbir onları restoranın ortasında, öz mizlərindən birinin arxasında əyləşdirdi və
Sarı Zakirdən də soruşmadı ki, nə münasibətlə Bakıya gəliblər, nə bilib ki, Bəbir bu
restoranda işləyir. Poyluda nə var, nə yox? Əvvəla ona görə ki, üz vermək istəmirdi,
çünki çöl adamına ki, üz verdin, sonra dalında dayana bilməyəcəksən, ikincisi,
onsuz da Sarı Zakir ağzını yummurdu, özü sual verib, özü də cavab verirdi,
üçüncüsü də ona görə ki, bu saat Poylu stansiyasında nə varıydı, nə yoxuydu, bunun
Bəbirə dəxli yoxuydu, bir anasıydı Poyluda, ona da ayda iyirmi beş manat pul
göndərirdi, vəssalam, daha Poylu stansiyası ilə Bəbiri bağlayan başqa bir şey yox idi
və Bəbir burasını da yaxşı bilirdi ki, o zaman ki, Bəbir özünü əməlli-başlı tutacaqdı,
onda çox qohumu, çox ürəyi yananı peyda olacaqdı və bunların ayağını indidən
kəsmək lazım idi; Bəbir qələmlə sifariş dəftərçəsini əlində hazır tutub:
– Nə yeyəcəksiniz? – soruşdu.
– Nə lazım bilirsən, özün gətir. Belə əntiqə şey nə varsa, hamısından gətir, a
Bəbir. – Bunu da, təbii, Sarı Zakir dedi.
Bəbirin ürəyinə gəldi ki, Poylu stansiyasının camaatından nə desən çıxar, birdən
bunlar Bəbirin hesabına müftə yeməyə gəlmiş olarlar və ona görə də dedi:
– Qiymətləri cürbəcürdü axı. Ucuzu var, bahası var, lap bahası var...
– Lap bahasından da bahalısı var, a Bəbir? – Sarı Zakir güldü. – Bax, onnan
gətir. Pulumuz kefin istəyəndi! – Sonra Sarı Zakir yoldaşlarına baxdı ki, yəni necə
dedim? Əla dedim, yoxsa yox? Və yoldaşları da razılıqla gülümsəyib başlarını
tərpətdilər, yəni ki, lap yaxşı dedin.
Düzdü, Bəbir acgöz deyildi, amma, hər halda, o ofisiant deyildi ki, pullu müştəri
ürəyincən olmasın və Bəbir də bir balaca toxtadı, əvvəlki gözəl ovqatı yavaş-yavaş
özünə qayıtmağa başladı və mətbəxdə vəzndə ağır, çəkidə yüngül nə vardısa Sarı
Zakirin adından sifariş dəftərçəsinə yazmağa başladı.
Noranın fasiləsi qurtarmışdı, yenə də estradaya qalxmışdı və bu dəfə hind
dilində «Baycu Bavra» filmindən bir mahnı oxumağa başladı və Noranın həm
görünüşü, həm səsi, həm də hərəkətləri Zakirgilə o dərəcədə təsir etdi ki, bir müddət
susub bilmədilər ki, nə eləsinlər, Noranı və onun oxumağını tərif eləsinlər, tənqid
eləsinlər, ya da zarafata salsınlar, axırda Sarı Zakir təkcə elə bunu dedi:
– Bu nədi ə, a Bəbir?
Bəbir Sarı Zakirin heyrət dolu bu sualına heç bir cavab vermədi və mətbəxdən
daşıyıb gətirdiyini həmişəki qayda ilə mizə düzdü və Pakizə xanım da daha
məzəmmətlə Bəbirə tərəf baxmırdı, çünki Bəbir yenə də həmişəki Bəbir idi və pullu
müştərilərinə qulluq edirdi.
Zakirgil də daha Noraya fikir vermirdilər, çünki Bəbirin gətirib qabaqlarına
düzdüyü bu yeməklər onlara Noradan da artıq təsir etmişdi və Sarı Zakir əlini atıb
araq şüşəsinin ağzını açmaq istəyəndə Bəbir ona macal vermədi, özü araq şüşəsini
götürüb ağzını açdı, sonra da şüşəni ağ dəsmalla tutub Sarı Zakirin də, dostlarının da
qədəhini bir-bir doldurdu və Bəbirin bu hərəkəti Zakirgilə o qədər təsir etdi ki, Nora
da, mizin üstündəki bər-bəzəkli yeməklər də yalan oldu və Sarı Zakir boğazını
haqlamış qəhəri güclə boğub dedi:
– Mən ölüm, a Bəbir, tez-tez elə, özünə də süz görək.
Bu cür təklifləri çox eşitmiş Bəbir, təbii ki:
– Mənə olmaz, – dedi və Zakirgildən uzaqlaşıb o biri müştərilərinə baş
çəkməyə başladı.
O biri müştərilər yenə də üç kişidən (ikisi, deyəsən, Moskvadan gəlmişdi, biri də
azərbaycanlı idi, sifarişi də o verirdi, yeməkləri də tərifləyirdi və təbii ki, haqqhesabı
da o verəcəkdi), bir kişi ilə bir qadından (hiss olunurdu ki, ər-arvad deyillər
və hələ ki, aralarında bir şey olmayıb və kişinin bütün ümidi bu gecəyədir), iki cavan
oğlandan (bunlar atalarının hesabına vuranlardan idi və Bəbir belələrini yaxşı
tanıyırdı və ürəyində onlardan zəhləsi gedirdi, amma müştəri müştəri idi və
müştərinin kimin hesabına vurmasının ofisianta dəxli yox idi), üç cavan qadınla üç
cavan kişidən (bunlar bir-birinə yaxın adamlar idi, ya da bir yerdə işləyirdilər, ya da
qohum, yaxın dost idilər və Bəbirin belə xudmani məclislərdən xoşu gəlirdi, çünki
ev qadınları olduğu üçün belə məclislər, adətən, dedi-qodusuz, dava-dalaşsız,
mədəni keçirdi, kişilər də arvadlarının etirazına baxmayaraq yaxşıca içirdilər və
hesabı da yaxşıca, artıqlaması ilə ödəyirdilər) ibarət idi və Bəbir bu müştərilərə
xidmət etdikcə bayaqkı ovqatı tamam-kamal gəlib öz yerini tuturdu; hər şey öz
qaydası ilə gedirdi və hər şey yenə də gözəl idi.
Bu Sarı Zakirin səsi restoranı başına götürdü:
– Bəbir, a Bəbir! Bəbir, mən ölüm, bir bura gəl!
Tərs kimi, Əlifağanın orkestri də əldən düşüb susmuşdu və əlbəttə, Pakizə
xanımın qaşları çatıldı, məzəmmətlə dolu göy gözlərinin qıyqacı baxışı Bəbirin
alışıb-yanmağa başlayan sifətinə sancıldı.
– Bəbir, a Bəbir!
Bəbir iti və sərt addımlarla Zakirgilin mizinə yaxınlaşdı ki, Sarı Zakir dana kimi
böyürməyini kəssin və ümumiyyətlə, bir də Bəbirin adını çəkməsin, amma Sarı
Zakir də Sarı Zakir idi, Bəbirə ağzını açmağa macal vermədi:
– A Bəbir, sən Əbdülkərim müəllimin qəbri, yüz qram vur bizimlə, a qansız,
yüzcə qram, vəssalam!
Bəbirin ilk başa düşdüyü bu oldu ki, bircə anın içində halı xarablaşdı, ürəyi
ağrıdı, ya mədəsi ağrıdı, ya nə oldusa, halı tamam xarablaşdı, elə bil, həmin bircə
anda qulaqları kar oldu, niyə belə oldu? – özü də bilmədi, sonra narın bir tər gəldi
bədəninə və o narın tərin soyuğunu Bəbir kürəklərinin arasında hiss etdi, niyə axı
belə oldu? Yəni bu dərəcədə çox istəyirmiş Əbdülkərim müəllimi? Və hərgah
Əbdülkərim müəllimi beləcə çox istəyirmişsə, niyə, ancaq indi, bu zırrama Sarı
Zakir adını çəkəndə yadına düşdü? Amma di gəl ki, bu tər də əsl soyuq tər idi, bu
döyüntü də Bəbirin ürəyinin döyüntüsü idi, başqasının deyildi və Bəbir təkcə bunu
soruşdu:
– Əbdülkərim müəllim ölüb bəyəm?
– Bay... Əbdülkərim müəllim, Allah ona rəhmət eləsin, – və Sarı Zakir
Əbdülkərim müəllimin xatirəsindən daha çox mizin üstündə boşalmış araq
şüşələrinin təsirindən ağlamsındı. – Yeddi-səkkiz ildi ömrünü tapşırıb bizə, gedib, a
Bəbir!..
Bəbir daha heç bir şey deməyib Zakirgilin mizindən aralandı və gedib restoranın
pəncərəsinin qabağında dayandı: bu dəm Bakının bütün işıqlı pəncərələri gözünü
dikmişdi Bəbirin sifətinə və Bəbir fikirləşdi ki, o uzaq pəncərələrin arxasında nə
qədər müxtəlif talelər var, nə qədər qayğılar, iztirablar, faciələr var və Bəbir özözünə
təəccüb etdi ki, gecə vaxtı Bakının işıqlı pəncərələrinə baxıb ömründə birinci
dəfə belə şeylər fikirləşir.
Əbdülkərim müəllim məktəbdə Bəbirə dərs demişdi, fizikadan, ya da kimyadan?
Deyəsən, fizikadan və indi bir möcüzə baş versəydi və Bəbirlə Əbdülkərim müəllim
üzbəüz gəlsəydi, Bəbir bəlkə heç Əbdülkərim müəllimi tanımazdı da, Bəbirin
Əbdülkərim müəllimlə bağlı elə bir xüsusi xatirəsi də yox idi, başqa müəllimlər
necə, Əbdülkərim müəllim də o cür, amma olsun ki, Əbdülkərim müəllimin ürəyi bir
balaca daha yumşaq idi, bir az daha mehriban idi. Bəbirə qarşı, nədənsə, bir az daha
artıq istiqanlı idi və Bəbirin yaxşı yadına gəlirdi ki, o uzaq uşaqlıq çağlarında Poylu
stansiyasının aşağı başındakı arxın qırağı ilə qamışlığa tərəf gedəndə (stansiyanın
uşaqları və o cümlədən, bu Sarı Zakir də qamışlıq tərəfdə yığışıb oynayardı və o
uşaqların hamısının atası var idi) hərdən sir-sifətini yadında saxlamadığı atası barədə
fikirləşirdi və atasının sifətini Əbdülkərim müəllimin sifətində, atasının
təbəssümünü Əbdülkərim müəllimin təbəssümündə görərdi, atasını başqa simada
təsəvvür etmək istəyirdi, evlərində anasının saxladığı bir-iki şəkli gözlərinin
qabağına gətirirdi, amma atasını yenə də Əbdülkərim müəllimin sifətində görürdi;
Əbdülkərim müəllim barədə başqa nə edə bilərdi? Heç nə; iki-üç qızı var idi
deyəsən, onlar da böyük idi, ərə getmişdi, sonra nə? Bəbir daha başqa bir şey
fikirləşib tapa bilmədi, amma bu köpək oğlu Sarı Zakir yaman zərif yerdən
tutmuşdu, hardan ağlına gəlmişdi ki, Əbdülkərim müəllimin qəbrinə and versin?
Niyə belə təsir etdi bu and Bəbirə? Sehr idi bu, nə idi? Və burası tamam yəqin idi ki,
Sarı Zakir Bəbirin anası Əfiqə arvadın canına and versəydi, Bəbir heç bir vicdan
əzabı çəkmədən öz işi ilə məşğul olardı; Əfiqə arvad neçə illər idi ki, Poylu
stansiyasında siroplu su sata-sata özünü dolandırırdı və Bəbir də hər ay anasına
iyirmi beş manat pul göndərirdi. Bəbir pəncərənin qabağından çəkilə bilmirdi, gedib
öz işi ilə məşğul ola bilmirdi, Bəbirə nə olmuşdu? Nəyin əzabını çəkirdi? Yəqin ki,
bundan sonra bir də heç kim Əbdülkərim müəllimin qəbri naminə Bəbirdən heç nə
xahiş etməyəcəkdi və doğrusu, həmin küləkli mart gecəsi restoranın pəncərəsi
qabağında dayanmış Bəbir Əbdülkərim müəllimin qəbri naminə bu birinci və
axırıncı xahişi yerinə yetirmədiyi üçün əməlli-başlı iztirab çəkirdi və Bəbir Bakının
işıqlı pəncərələrinə baxa-baxa başa düşdü ki, indicə geriyə qayıdıb, Allahın bəlası
olan bu Sarı Zakirin oturduğu mizə yaxınlaşacaq və Əbdülkərim müəllimin qəbrinin
naminə onlarla bir qədəh araq vuracaq.
Sarı Zakir əlini şarappaşarap öz sinəsinə vururdu:
– Dedim də sizə, dedim, yoxsa demədim?! Ə, ürəyimin bir parçasıdı e, mənim
bu Bəbir! Dedim vuracaq bizlə, yoxsa demədim?! Ə, necə olsa, biz qonağıq ey
burda. Bəbir ev yiyəsidi. Nətər olar ə, bu bizi adam hesab eləməsin, bizimnən yüz
qram araq vurmasın? Dedim sizə, yoxsa, demədim? – Sonra Sarı Zakir qalxıb Bəbiri
öpmək istədi, amma bu lap ağ olardı və Bəbir bu dəfə sərt bir hərəkətlə Sarı Zakiri
yerində oturtdu.
Bəbir Əbdülkərim müəllimin qəbrinin naminə Zakirgilə yaxınlaşıb bir qədəh
arağı elə içdi ki, bunu nə Pakizə xanım, nə də restoranın başqa bir işçisi gördü,
təkcə, deyəsən, Poqosov gördü, amma bunun eybi yox idi, çünki altmış üç illik ömrü
ərzində dünyada Poqosovun görmədiyi çox az şey var idi.
Bəbir restoranda işlədiyi vaxtdan bəri birinci dəfə idi ki, iş vaxtı araq içirdi və
qəribə idi, bu araq da elə bil həmişəki araq deyildi, elə bil birdən-birə Bəbirin qanına
keçmişdi, Bəbiri almışdı və elə bil ki, Bəbirin ürəyində o qapıları açmağa başlamışdı
ki, o qapılardan heç Bəbirin özünün xəbəri yox idi: yox, Bəbir Əbdülkərim müəllim
barədə fikirləşirdi, amma birdən-birə uşaq vaxtı nədən ötrüsə için-için ağlamağı
yadına düşmüşdü və indi müştərilərin qulluğunda dura-dura hiss edirdi ki, az qalır
ağlasın, daha doğrusu, bütün bədəni, bütün varlığı ağlamaq istəyir; niyə belə
dolmuşdu? Niyə bu günə düşmüşdü? Yəni o bir qədəh araqda bu boyda qüvvə var
idi? Və Bəbir özü özünü, ürəyinin narahatlığını, hisslərinin nigarançılığını
qabaqlamaq üçün daha cəld işləməyə başladı, Pakizə xanımın yan-yörəsində
hərləndi ki, metrdotelin zabitəsindən bir az özünə gəlsin, özünü ələ alsın, amma ürək
başqa bir şey deyirdi, ürək deyirdi ki, çıx bu saat bu restoranın adamın bədəninə,
bütün vücuduna qızarmış yağ iyini, dağılmış çaxır, yanmış papiros iyini, Noranın
ətriyyatının iyini yapışdıran yapışqan havasından bayırın küləkli halvasına, ver
özünü küləyə, qoy külək götürüb aparsın səni, hara aparır aparsın, dünya geniş,
külək də güclü, qoy burda qalsın bu restoran, o yataqxanadakı çarpayının altındakı
çamadan da qoy elə orada qalsın, kooperativ mənzil də qoy başqasının olsun, qaç,
qaç, ver özünü küləyə, qaç, qoçağım, qaç...
Birdən-birə kooperativ mənzilin hazır olacağı iki il, yəni yeddi yüz iyirmi gün
Bəbirə heç vaxt sonu gəlib çıxmayacaq, heç vaxt bitib qurtarmayacaq bir əsr kimi
gəldi və bu yeddi yüz iyirmi günlük məsafənin qaranlığı, ümidsizliyi Bəbirin içinə
elə bir hönkürtü doldurdu ki, az qala, qaça-qaça Zakirgilin yanına gəldi və:
– Birini də tök! – dedi.
Doğrusu, Bəbirin bu hərəkətindən Sarı Zakir sidq-ürəkdən vəcdə gəldi və
qədəhə araq doldura-doldura:
– Bütün dünyanın araqları qurbandı sənə, a Bəbir! – dedi. – Mən ölüm, qoy bir
səni öpüm! Qoy ey, qoy, yoxsa dədəm Kələntərin göruna and olsun, ürəyim partdar!
– Və bu dəfə Sarı Zakir ayağa qalxıb camaatın gözü qabağında Bəbiri qucaqlayıb
öpdü.
Bəbir yaxşı bilirdi ki, bu dəm Pakizə xanımın göy gözləri ondadı, bu dəm o biri
ofisiantlar da yəqin dayanıb Bəbirə baxırdı, amma Bəbir əlindəki qədəhi yerə
qoymadı, əksinə Sarı Zakirin və dostlarının qədəhləri ilə toqquşdurub başına çəkdi,
çünki aşıq düz demişdi, dəli könül, məndən sənə əmanət, demə bu dünyada qalım
yaxşıdı və Sarı Zakir tələm-tələsik qədəhləri bir də doldurub Bəbirin sinəbir sağlıq
deməsini xahiş edəndə, elə bil ki, Bəbirin sinəsi bulaq kimi pıqqıldayıb aşığın
sözləriylə axdı, axdı və Sarı Zakiri də, dostlarını da həmin küləkli mart gecəsində,
Bakıdakı o restoranda, bir elə camaatın içində arvad kimi zır-zır ağlatdı: neçə
qəhrəmanlar gəldi dünyaya, köç vaxtı yetişdi, tez oldu, getdi; Rüstəmin zərbindən
titrədi dağlar, düşdü dastanlara söz oldu, getdi; hakimlik elədi çox uzun vaxtı, bütün
kainata Süleyman baxtı, tərsinə döndü şah Cəmşidin taxtı, Firudinin dərdi yüz oldu,
getdi; necə oldu Keykavus, hanı Keyqubad? Hansı bu dünyadan almışdı murad?
Allahlıq elədi Fironla Şəddad, Nəmrudun qalası düz oldu, getdi; Isgəndər Daranı
taxtından saldı, cahana şah gəldi, sonu nə oldu? yarı yolda öldü, Misirdə qaldı, Bəbir
kimi yandı, köz oldu, getdi və Bəbir də söylədiyi bu sözlərdən sonra, aşığın adını öz
adıyla əvəz eləyəndən sonra, özünü saxlaya bilmədi, Zakirgildən ayrılıb yenə
restoranın pəncərəsinin qabağına gəldi və yenə də adamın ürəyini sıxan ağır boz
pərdəni kənara eləyib şəhərin işıq gələn pəncərələrinə baxdı və bu pəncərə işıqları
bu dəm, elə bil, buz laylarının o biri tərəfindən gəlirdi, heç bir istisi, hərarəti yox idi,
elə bil ki, o pəncərə işıqlarının özü də donub buz bağlamışdı, kərpic-kərpic buz
işıqlar idi.
Bəbir bilirdi ki, indi hamı ona baxır – camaatın, xüsusən də Pakizə xanımın
qıyqacı baxışları kürəyini yandırırdı, amma bu baxışlar daha Bəbirə təsir etmirdi və
Bəbir başa düşürdü ki, bunun səbəbi təkcə araq deyil, amma Bəbir heç cürə ağlına
sığışdıra bilmirdi ki, nə vaxtdan beləcə dolubmuş və ümumiyyətlə, axı, nə istəyirdi
Bəbirin ürəyi? Niyə beləcə ağlayıb sızıldayırdı? Bu aşıq sözləri haradandı belə?
Necə olmuşdu yadında qalmışdı bunlar və aşığın adını niyə öz adıyla əvəz elədi?
Yəni, doğrudan, aşığın bu sözlərinin hamısı Bəbirin ürəyinin sözləri idi? Və hərgah
doğrudan da, beləydisə, onda niyə bu sözlər indiyə qədər üzə çıxmırdı?
Nora fransız mahnısı oxuyurdu və fransızca oxuyanda hər dəfə «R» hərfini elə
«r-r-r-r-r» deyib uzadırdı ki, qara qarğa qələt eləyərdi, amma Əlifağa hamıya deyirdi
ki, Nora düz oxuyur, çünki ən məşhur fransız oxuyanları «r»nı beləcə uzadırlar, bu
da, bir növ, fransız muğamıdır.
Bayırda külək elə bərkimişdi ki, hərdənbir qıy vurub Əlifağanın orkestrinin
gurultusu arasından da eşidilirdi və o səsi eşidəndə indi Bəbirə elə gəlirdi ki, bayırın
küləyi əslində Bəbirin adını çəkir, Bəbiri çağırır, amma daha Bəbiri qucağına alıb
aparmağa yox, Bəbiri döyməyə çağırır, ağzını-burnunu əməlli-başlı əzişdirməyə
çağırır və ən qəribəsi də bu idi ki, bu dəm Bəbirin bütün varlığı beləcə döyülməyin
həsrətində idi.
Bəbir çalışırdı ki, Pakizə xanımla, o biri ofisiantlarla göz-gözə gəlməsin və
tələm-tələsik o biri müştərilərinə qulluq edirdi, amma əlləri titrəyirdi, qılçı sözünə
baxmırdı və müştərilər də təəccüblə Bəbirin qızarmış nəm gözlərinə, titrəyən
əllərinə baxırdı.
Bəbir əvvəlcə hər şeyi atıb restorandan qaçmaq, bayırda bir taksiyə oturub
yataqxanaya getmək, üzü üstə çarpayıya düşüb doyunca ağlamaq, sonra da yatmaq
istədi və Bəbir bilirdi ki, indicə belə eləsə, bayıra qaçıb taksiyə minsə, sabah yenə də
hər şey qaydasına düşəcəkdi, bu gecə Zibayla Poqosov Pakizə xanımın rəhbərliyi ilə
birtəhər Bəbirin müştərilərinin haqq-hesabını çəkəcəkdilər, onları yola verəcəkdilər,
sonra iclasda Bəbiri bir az danlayacaqdılar, uzaqbaşı bir töhmət verəcəkdilər,
vəssalam. Bəbir də yalandan bir əhvalat uydurub danışacaqdı, nə bilim, anamdan pis
xəbər gətirmişdilər, yaxud restorana gələn o sarı pişik rəhmətlik bacımın sevdiyi
oğlan idi və s. Sonra da üzr istəyəcəkdi və hər şey də düzələcəkdi, amma bütün
bunların hamısını ağıl deyirdi, beyin deyirdi, görək ürək də bunu deyirdimi? Ürək
başqa söz deyirdi, ürəyin nə dediyi düzdü, tamam məlum deyildi, amma Bəbir hiss
edirdi ki, ürək başqa söz deyir, ürək başqa yerə çəkir, elə bir yerə ki, bol işığı olsun
və o bol işıq beləcə kərpic-kərpic buz bağlamasın.
Zakirgilin süfrəsi yarımçıq və tamam boşalmış araq, çaxır şüşələri ilə dolmuşdu
və Zakirgil Bəbirin aşığın sözüylə söylədiyi sağlıqdan sonra ağlayıb özlərinə
gəlmişdilər və Sarı Zakir ayağa qalxdı, yanından ötən Bəbirin qolundan tutub
saxladı, dostlarına:
– Tökün! – dedi. – Siz tökün, mənim sözüm var! Bunu qaldıraq, bax, bizim bu
Bəbirin sağlığına.» A Bəbir, a qadan alım sənin, sən ki, beləcə geyinib-kecinməyinə
baxmayaraq, belə bir hörmətli restoranın gözü olmağına baxmayaraq, bizi belə
ürəkdolusu qarşıladın, bizimlə oturub yüz qram araq içməyi özünə ayıb bilmədin,
sən ki, bizim ürəyimizdən söz deyib bizi... – Sarı Zakir yenə kövrəldi, – bizi... bizi
ağlatdın, səni min yaşa!
Zakirgil araq içdilər, amma Bəbir çaxır içdi, çünki, əslində, Bəbirin ürəyi içmək
istəmirdi, amma Bəbir baxıb gördü ki, Pakizə xanımın rəngi-rufu tamam ağarıb və
Pakizə xanım qəzəblə düz Bəbirin gözlərinin içinə baxır, onda Bəbir bircə anın
içində özündən çıxdı və bu ilan gözlü Pakizə xanımın acığına Zakirgilin yanındakı
boş kürsüdə oturub dedi:
– Birin də tök!
– Ə, tez eləyin, birin də süzün! – Sarı Zakir Bəbirin qabağına öz boşqabını,
çəngəl-bıçağını qoydu, elə bil ki, səhərdən bəri Bəbirin onlara qulluq eləməyinin
əvəzini çıxmaq istəyirdi.
– Qarğa köpək qızı, qarıldayıb qurtarmır! – Bəbir nifrətlə Noraya baxdı və
Noranın təbii ki, Bəbirin sözlərindən xəbəri yox idi, «r»ları uzada-uzada yenə də
fransız mahnısı oxuyurdu.
Sarı Zakir bilmədi ki, Bəbirin bu oxuyan arvadı söyməyinə nə desin, özü də
Bəbirə qoşulub söysün, ya neyləsin?
Pakizə xanım qəzəbdən alışıb-yanan gözləriylə, hirsdən-hikkədən ağappaq
ağarmış sifətiylə Bəbirə nəsə him-cim eləyirdi və Bəbir başa düşürdü ki, Pakizə
xanım him-cimiylə Bəbiri mizin arxasından qaldırmaq istəyir, amma bu him-cimlər
daha Bəbirin vecinə deyildi, çünki aşıq yaxşı demişdi, könül həris deyil dünya
malına... və bu dünyada ki, kərpic kimi buz işıqlar var idi və bu kərpic kimi buz
işıqlar ki, adamın ürəyini beləcə üşüdürdü, onda o çarpayının altındakı çamadana
adamın yazığı gəlirdi, o çamadan çamadanların ən havasızı idi, ən yöndəmsizi idi,
köməksizi idi və o çamadan sahibinə də adamın yazığı gəlirdi.
Sarı Zakirin dostlarından birinin başı pırpızaqlı, sifəti sızanaqlı idi, əyninə bir az
böyük olan göy kostyum və qırmızı neylon köynək geymişdi, boynuna da yaşıl
qalstuk bağlamışdı və Bəbirin gözü bu qalstuka sataşanda birdən-birə həmin
qalstukun yaşılı Bəbirin gözlərində əriyib yayılmağa başladı və bu yaşıl çoxdan
unudulub getmiş o dağın yaşılına çevrildi; onda Bəbir lap balaca uşaq idi və Bəbir
bilməzdi ki, indiyə qədər o yaşılı beynində saxlayıb, ürəyində saxlayıb; Poylu
stansiyası bomboz aran idi və bataqlıq qamışından başqa bir yaşıllığı yox idi, amma
o uzaq uşaqlıq çağında bir dəfə anası Bəbiri də maşına mindirib harasa apardı, xeyli
yol getdilər, maşın dolama yollarla dağa qalxdı və o dağda, o yolların kənarında, o
evlərin arasında Bəbirin heç vaxt görmədiyi və təsəvvürünə gətirmədiyi bir yaşıllıq
var idi və həmin yaşıl otlar, yaşıl ağaclar, yaşıl kollar, bu yaşıllıq içində adama
gülümsəyən qırmızı, bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi gül-çiçək o balaca Bəbiri
elə bir heyrət və sevinc aləminə salmışdı ki, Poylu stansiyasına qayıdandan sonra da
bir neçə ay o gözəl aləmdən çıxmadı, gecələr yuxuya getməzdən əvvəl gözlərini
yumub həmin yaşılı, həmin yaşıl içindəki qırmızını, bənövşəyini, narıncını, mavini,
ağı, qəhvəyini gördü və Bəbirin yetimliyi o görümün qabağından gedirdi.
Əriyib hər tərəfə yayılmış o yaşıl yenə qurudu, sıxıldı və qalstuk olub başı
pırpızaqlı, sifəti sızanaqlı bu oğlanın boynundan asıldı və Bəbir ürəyinin giziltisi ilə
fikirləşdi ki, uşaq vaxtındakı o səfərdən sonra heç vaxt elə yaşıllıq görməyib, yaşıl
içində gülən elə qırmızı, elə bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi görməyib və
ümumiyyətlə, Bəbir heç nə görməyib.
Bəbir:
– Yaxşı yeyin-için, – dedi. – Bu gün mənim qonağımsız!
Sarı Zakir tamam özündün çıxdı:
– Ə, gördünüz?! Gördünüz, yoxsa yox?! Demədim sizə ki, Bəbir qoymayacaq
əlimizi cibimizə salaq? Ə, mən sizə dedim bunu, yoxsa demədim?
Pakizə xanım isə him-cimində idi.
Sarı Zakirin başı pırpızaqlı dostu da Bəbirə him-cim eləyən Pakizə xanıma
baxırdı və birdən üzünü Bəbirə tutub udquna-udquna dedi:
– Onu...
– Nə?
– Onu də...
– Nə onu?
– Bişir də mənim üçün onu...
Bəbir pırpızaqlı oğlanın bu xahişinə cəmi bircə an təəccüb etdi, sonra Bəbiri
gülmək tutdu və Bəbir Pakizə xanıma baxa-baxa az qaldı gülüb özündən getsin.
Bəbir heç vaxt ağlına gətirməzdi ki, Pakizə xanıma da başqa gözlə baxmaq olar və
Bəbir indi Pakizə xanıma baxa-baxa onu çox biədəb vəziyyətlərdə təsəvvür etdi və
daha da bərkdən gülməyə başladı.
Əlbəttə, nə Sarı Zakir, nə dostları Bəbirin birdən-birə beləcə gülməyindən bir
mətləb anlamadılar və bu vaxt ətrafındakı mizlərin arxasındakı müştərilər Bəbirin
qarasına deyinməyə başladılar.
– Su noldu?
– Limon demişdik axı!
– Tabaka qızarmadı?
– Şampan hanı?
Pakizə xanım qəti addımlarla Bəbirə yaxınlaşdı və düz Bəbirin başının üstündə
dayanıb hirsindən dodaqları səyriyə-səyriyə:
– Yoldaş ofisiant! – dedi və bilmədi ki, sözünün dalını necə davam etdirsin,
belə bir vəziyyətində Bəbirə əmr eləsin ki, dur işinlə məşğul ol, yoxsa hələlik xahiş
eləsin, amma Pakizə xanımın çox götür-qoy eləməyə vaxtı qalmadı.
Bəbirin müştəriləri arasında iki cavan oğlandan biri ayağa qalxıb bərkdən
qışqırdı:
– Özün oturub orda kef eləyirsən, biz də səhərdən burda şampanski gözləyirik!..
Bəbir bığ yeri təzəcə tərləyən bu oğlana altdan-yuxarı baxdı və özü də bilmədi
ki, necə yerindən durdu, qolu ilə Pakizə xanımı necə özündən kənar elədi və necə
bağırdı:
– Gedin özünüz gətirin! Gedin! Hamınız gedin nə istəyirsiniz özünüz gətirin! O
siz, o sizin xosrəngi mətbəxiniz, o da julik Ağacəfər! Brilyant!
Elə bil ki, səhərdən bəri bütün bu əhvalatı lentə çəkirdilər və bu yerdə lenti
saxladılar, elə bil bir anlıq restoranda həyat dondu, sonra yenə lent çəkilməyə
başladı, Pakizə xanım alışıb-yanan qıpqırmızı qulaqlarına inanmadı, Poqosov təkcə
elə öz-özünə «–Vax!» – deməklə kifayətləndi, Ziba birdən-birə gizli məhəbbət
dolmuş gözlərilə Bəbirə baxdı, elə bil ki, əsl qəhrəmana baxırdı, Əbülfət burnunu
çəkə-çəkə, gözlərini qırpa-qırpa yerində bonub qaldı, Əlifağaya isə elə gəldi ki,
dünyanın axırıdı, az qaldı ayıla, çünki dünyanın axırı olmasaydı, Bəbir kimisinin biri
bu qədər camaatın içində o boyda kişi haqqında belə qələt eləməzdi və onsuz da,
ürəyi həmişə səksəkədə olan Əlifağa burasını da fikirləşdi ki, bəlkə, bu Bəbirdi-nədi,
bunun qulağına söz çatıb, Ağacəfərin başında bir iş var, amma sonra Ağacəfərin
təmiz qırxılmış, dolu və hamar sifəti, çal bığı, qızıl dişləri Əlifağanın gözlərinin
qabağına gəldi və Əlifağa bir az toxtadı, amma çalmağına daha çalmadılar və
gözlədi ki, bu mərəkənin axırı nə olacaq.
Sonra Bəbir Zakirgilə çönüb:
– Tökün! – dedi.
Doğrusu, Zakirgil bu mədəni restolranda belə bir əhvalat gözləmirdilər və çaşıb
qalmışdılar, təkcə başı pırpızaqlı oğlan elə eləcə az qalırdı Pakizə xanımı ac
gözlərinə təpib yesin.
Pakizə xanım iti addımlarla mətbəxə tərəf getdi, amma onun kimisə
çağırmasına, kiməsə şikayətlənməsinə ehtiyac qalmadı, çünki restoranın qapısı açıldı
və şəxsən yoldaş Qardaşxanlı özü içəri girdi.
Yoldaş Qardaşxanlı uzun illər idi ki restoranlarda, univermaqlarda,
mehmanxanalarda işləyirdi və bu işdə böyük səriştəsi var idi və indi də banket zalına
baş çəkdiyi vaxt restorana çökmüş sükutu və bu sükutdakı gizli həyəcanı sövq-təbii
hiss etdi, restoranın qapısını açdı.
Pakizə xanım həmişə böyük vəzifə sahiblərini görən kimi çeşməyini taxırdı və
indi də cəld çeşməyini gözünə taxıb birbaş yoldaş Qardaşxanlının üstünə getdi və
qəzəbdən işıldayan göy gözlərini Bəbirə zilləyib yoldaş Qardaşxanlının qulağına
pıçıldamağa başladı və yoldaş Qardaşxanlı da Zakirgillə bir mizin arxasında oturmuş
Bəbirə baxa-baxa bir-iki dəfə başını tərpətdi, yəni ki, məsələ aydındı, sonra da
yavaş-yavaş Bəbirə tərəf gəldi.
Əbülfət burnunu çəkə-çəkə başa düşdü ki, məsələ yoğunlayıb, Poqosov yenə də
təkcə elə öz-özünə « – Vax!» – deməklə kifayətləndi, Ziba daha açıq-aşkar
məhəbbətdən dəm vuran gözləriylə Bəbirə baxırdı, Əlifağa Əlimuxtarla yanaşı
dayanıb o biri çalğıçılarla bir yerdə bu işin axırını gözləyirdi, hətta Nora da arxasını
boş pianinoya söykəyib maraqla Bəbirgil tərəfə baxırdı və ən ağlasığmazı bu idi ki,
elə bil, restorana mikrofon qoymuşdular, Brilyant Ağacəfər mətbəxdə ola-ola
restorandakı əhvalatdan xəbərdar idi və gördüyü tədbir hələlik, ancaq bundan ibarət
oldu ki, təpiyi ilə mətbəxin həyət qapısını açdı və «QAZ-24»də mürgüləyən oğluna
dedi:
– Sən get. Bu gün day gəlməginən.
Sonra mətbəx bundan da xəbər tutdu ki, yoldaş Qardaşxanlı özü restorana gəlib
və Ağacəfərdən başqa hamı mətbəxin qapısı ağzına toplaşıb restorana boylandı.
Yoldaş Qardaşxanlı gəlib Bəbirin qabağında dayandı və Sarı Zakir də, dostları
da yerişindən, görünüşündən, özünü aparmağından başa düşdülər ki, bu gödək və
yoğun adam kim isə böyük adamdı, üçü də ayağa qalxdı, amma Bəbir yerindən
tərpənmədi.
Əlbəttə, yoldaş Qardaşxanlı Pakizə xanımın indicə pıçıldadıqlarının hamısına
inanırdı, amma Bəbirdən bu yekəlikdə qanacaqsızlıq gözləmirdi ki, onu, yoldaş
Qardaşxanlı boyda adamı bu cür oturduğu yerdə qarşılasın, yerindən heç
tərpənməsin də; yoldaş Qardaşxanlı həmişəki təmkinini pozmadı və asta-asta dedi:
– Yaxşı... Deməli belə... Neynək... Elə bu gecə bu məsələni həll edərik...
Bəbir başını qabağa verib düz yoldaş Qardaşxanlının gözlərinin içinə baxırdı və
yoldaş Qardaşxanlının daha nə deyəcəyini gözləmədi:
– Xa-xa! Xox! Qorxdum! Gözlə!
Sonra Bəbir səliqə ilə öz boynundakı ağ kəpənəkciyi açdı və bu ağappaq,
tərtəmiz, qanadları yekə ipək kəpənəkciyi mizin üstündəki qırmızı çaxır dolu
qədəhin içinə saldı və ağ ipək bir göz qırpımında qıpqırmızı qızardı və Bəbir damcıdamcı
qırmızı çaxır axan kəpənəkciyi qədəhin içindən çıxardıb, düz direktorun
burnunun qabağına tutdu.
Yoldaş Qardaşxanlının gözləri bərəldi və səriştəli, tədbirli, təcrübəli bu kişi indi
restoranın ortasında, camaatın içində, xüsusən də, işçilərinin yanında uşaq kimi
quruyub qaldı və bilmədi ki, nə eləsin və ümumiyyətlə, heç kimin cürəti çatmadı ki,
nəsə bir söz desin, nəsə bir şey eləsin; yoldaş Qardaşxanlının bərəlmiş gözləri
fırlanıb-fırlanıb gəlib Zibanın üstündə dayandı və Ziba əllərini yaxalığına silə-silə
Bəbirə yaxınlaşdı, Bəbirin qoluna girib yavaşdan və həqiqətən, mehriban bir səslə
dedi:
– Sakit ol. Gedək. Gəl... – sonra Bəbirin qulağına pıçıldadı: – Bizə gedək...
– Nə? – Bəbirin bağırtısı restoranı titrətdi. – Ode, onu apar evinə! – Bəbir
barmağını uzadıb az qaldı yoldaş Qardaşxanlının gözünün içinə soxsun. – Bunun
kabinetində minbir oyundan çıxırsınız! Tüpürüm sənin qəhrəmanına! Bu köstəbəydi
də sənin qəhrəmanın?!
Əlbəttə, restoranın bütün işçiləri yaxşı bilirdi ki, günorta Ağacəfərin xüsusi
bişirtdirdiyi naharı yoldaş Qardaşxanlı üçün Ziba aparır və bəzən yəqin ki, yır-yığış
elədiyi üçün kabinetdə ləngiyir...
Hər halda, təcrübə böyük şeydir, birinci özünə gələn yoldaş Qardaşxanlı oldu və
üzünü Əlifağaya tutub qışqırdı:
– Alə, nə dayanmısınız?! Çalın!
Bircə anın içində Əlifağanın klarneti, Aşotun zərb alətləri, Gülməmmədin
trubası, Məlikin tarı, Əlimuxtarın qaboyu, Fətullanın kontrabası və Noranın səsi birbirinə
qarışdı, klarnet zilə qalxdı, Aşot az qaldı zərb alətlərini dağıtsın, Gülməmməd
trubada elə bir nəfəs götürdü ki, gözləri kəlləsinə çıxdı, amma dayanmaq bilmədi və
Bəbir də elə bil ki, səsi batmış televizorda qışqırırdı, ağzı açılıb-örtülürdü, boğazının
damarları şişib az qalırdı partlasın, ürəyini boşaldırdı, amma nə dediyi məlum
olmurdu, çünki səsi eşidilmirdi; Ziba da, Poqosov da, Əbülfət də yenə öz işinə
başladı, yoldaş Qardaşxanlı restorandan çıxıb dördüncü mərtəbədəki kabinetinə
qalxdı, Pakizə xanım çeşməyini çıxarıb gizlətdi, Zakirgil isə işi şuluq görüb
bayaqdan əkilib getmişdilər, müştərilər və o cümlədən də, Bəbirin keçmiş
müştəriləri yavaş-yavaş sakitləşib yeyib-içməklərinə başladılar, mətbəxin işçiləri
başlarını bulaya-bulaya öz yerlərinə qayıtdılar və qanı qaralmış Ağacəfərin
qorxusundan cınqırlarını çəkmədilər, təkcə, elə Bəbir restoranın ortasında dayanıb
səssiz televizordakı kimi nəsə deyirdi, amma indi daha narahat Əlifağa da Bəbirə
fikir vermirdi, çünki bilirdi ki, qışqırıb, boğazını yorub, axırda çıxıb gedəcək.
...Həmin küləkli mart gecəsində Bəbir restorandan tramvay dayanacağına qədər
piyada gəldi və tramvaya minəndə gördü ki, tramvayın içi də o gecəki Bakı küçələri
kimi bomboşdu, bir özüdü, bir də tramvayın o başında oturmuş konduktor qız.
Bəbir tramvayın aşağı başında oturdu.
Tramvay tərpəndi.
Bəbir heç nə barədə fikirləşmirdi, yorğun idi və yatmaq istəyirdi, amma bu
yorğunluqda heç bir narahatlıq, nigarançılıq yox idi və ümumiyyətlə, hər şey öz
qaydasında idi, nə lazımıydısa, o da olmuşdu.
Təkcə ayaqqabısı Bəbirin ayağını sıxırdı, vəssalam.
Konduktor qız tramvayın yuxarı başından Bəbirə baxıb gülümsədi.
Bəbir fikirləşdi ki, yəqin məni Mürsəl Məhəmmədova oxşadır və bu dəfəki
bənzətməsindən xoşu gəldi və özü öz zarafatına güldü.
Təkcə kəpənəkciyi boğazında deyildi.
Konduktor qız tez-tez Bəbirə baxırdı və axırıncı dayanacaqda Bəbir yerindən
qalxıb yanından ötəndə qız dedi:
– Mən sizi tanıdım, xalam qızının toyu sizin restoranda idi.
Sonra bu cavan konduktor qız gülümsədi, elə bil, dünyanın bəxtəvəri idi.
Xoşbəxt olmaq üçün elə böyük bir şey lazım deyildi.
Bəbir tramvaydan düşüb bomboş parkın içi ilə yataqxanaya tərəf gedirdi.
Külək dayanırdı, sonra təzədən qıy vururdu və külək beləcə qıy vuranda az
qalırdı parkın ağaclarını dibindən qoparsın.
Bəbir də birdən dayandı, əyilib ayaqqabıları ayağından çıxartdı.
Bəbirə elə gəldi ki, təkcə ayaqları yox, bütün bədəni azadlığa çıxdı.
Sonra Bəbir var gücü ilə ayaqqabılarını bir-birinin ardınca o küləkli mart
gecəsində qaralan ağaclığa tərəf tolazladı.
Bəbirin bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və Bəbir corabla yataqxanaya
gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur.
Mart, 1983.
|