Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello-6

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

BEŞİNCI PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Kipr, bir küçə. Yaqo ilə Rodriqo daxil olurlar.
Y a q o.
    Burda, bu sütunun arxasında dur,
    O gəlib keçəndə düz böyründən vur.
    Qılıncı əlində hazır saxla sən,
    Cəld tərpən, çəkinmə, qorxma heç nədən.
    Mən də dayanaram sənin yanında,
    Cəsarət lazımdır ancaq bu anda.
    Bizim ümidimiz bunadır artıq:
    Ya qalib gələrik, ya məhv olarıq.
    Qanın soyumasın damarlarında,
    Möhkəm dur, mətin ol öz qərarında.
R o d r i q o.
    Kömək lazım gələr, uzaqlaşma ha!
Y a q o.
    Burda yanındayam, vaxt çatıb daha.
    Əllərin əsməsin, olma ağciyər,
    Get, dayan yerində, qorxmaz igid ər.
    Bir azca kənara çəkilir.
R o d r i q o.
    Onu öldürməyə həvəsim yoxdur,
    Ancaq ölməlidir, səbəbi çoxdur.
    Yaqo inandırıb məni bərk, yaman,
    Nə eybi, bir adam köçər dünyadan.
    İrəli, qılıncım, qanı tökülsün,
    Qərarım belədir: o gərək ölsün.
    Sütunun arxasına keçir.
Y a q o.
    Yaranın közünü qoparıb qəsdən,
    Yaman cinlətmişəm bu kütbeyni mən.
    İndi Kassionu qılınclasa o,
    Ya da məhv eləsə onu Kassio,
    Ya da bir-birini öldürsə onlar,
    Tək mənim xeyrimə olacaq bunlar.
    Birdən sağ qalarsa Rodriqo əgər,
    Dolaşıq düşəcək onda düyünlər.
    Tələb edəcəkdir birbəbir geri
    Xanıma verdiyi hədiyyələri.
    Qarnıma axıbdır o inci-almaz,
    Heç cür belə işə yol vermək olmaz.
    Kassio bu tordan çıxsa salamat,
    Ona gözəl qıztək güləcək həyat,
    Mənimsə iyrənclik olacaq ömrüm,
    Necə çatacaqdır bu dərdə səbrim?
    Bundan əlavə də, sən dəhşətə bax,
    Mavr yalanımı ona açacaq.
    Təhlükə içində qalıram hər an,
    Yox, o ölməlidir. Hanı bir imkan?
    Yeganə yol budur, fürsətdir,
    Yaqo, Eşit, addım səsi, aha, gəlir o.
    Kassio daxil olur.
R o d r i q o.
    Onun yerişidir, odur bu gələn,
    Öl, əclaf, di rədd ol cəhənnəmə sən!
    Öz yerindən çıxıb, Kassionun üstünə atılır.
K a s s i o.
    Doğrudan ölmüşdüm, bəli, nə deyim,
    Əgər olmasaydı bu dəmir geyim.
    İndi möhkəm dayan, yoxlayım mən də,
    Zirehin sınmır ki, qılınc dəyəndə?
    Qılıncla Rodriqonu yaralayır.
R o d r i q o.
    Oh, məni öldürdü, vay səni, alçaq!
    Yaqo gizləndiyi yerdən çıxaraq,
    Kassionun arxadan qılçasına xəncərlə vurub qaçır
K a s s i o.
    Oldum ömrüm boyu mən şikəst, çolaq.
    Kömək edin, ey, ey, qətl, qətl var!
     (Yıxılır).
    Burda yolu-izi kəsib quldurlar.
    Otello uzaqdan görünür.
O t e l l o.
    Kassio qışqırır, təntiyib ofəl...
    Yaqo öz vədinə eyləyir omol.
R o d r i q o.
    Mənəm bu dünyada ən rəzil insan.
O t e 1 1 o.
    Elədir, bu odur, düz buyurursan.
K a s s i o.
    Ehey, kömək edin, bir əl yetirin,
    Tez işıq yandırın, həkim gətirin.
O t e l 1 o.
    Özüdür, əlbəttə, inildəyir o!
    İgid, alicənab, namuslu Yaqo
    Göstərdi mənə öz sədaqətini,
    Qorudu dostunun ləyaqətini.
    Namus keşikçisi, ədalətli kəs,
    Sənin bu hünərin mənə dərsdir, dərs.
    Sən mənə öyrətdin qisas almağı,
    İntiqam zamanı qəddar olmağı!..
    Sevgilin ölübdür, qəşəng nazənin,
    Az qalıb rüsvayçı ömrünə sənin.
    Ah, pozğun, gözlə bir, gəlirəm indi.
    Artıq növbə sənin, əcəl sənindi.
    Daha gözəlliyin əbəsdir, əbəs,
    Gözlərin könlümü məftun eyləməz.
    Müqəddəs yatağı ləkələdin, ax,
    Bu ləkə al qanla yuyular ancaq. (Gedir).
    Lodoviko və Qrasiano daxil olurlar.
K a s s i o.
    Of, of, öldürdülər, ay haya yetən, -
    Yoxmu bir keşikçi, bir yoldan ötən?
Q r a s i a n o.
    Görünür, burada bir fəlakət var,
    Necə də qorxuncdur bu çığırtılar!
    Yamanca pis yerdə axşamladıq biz.
K a s s i o.
    Gəlin, imdad edin!
L o d o v i k o.
    Eşidirsiniz?
R o d r i q o.
    Of, əclaf, yaramaz, oh, iyrənc, murdar!
L o d o v i k o.
    Ya iki, ya da üç nəfərdir onlar.
    Nə müdhiş gecədir, zülmətə baxın,
    Bir kömək olmadan getməyək yaxın.
    Heç nə qaranlıqda görünmür gözə,
    Bəlkə, bu tələdir, qurublar bizə.
    Qəsdən bağırırlar, gedək havara
    Beləliklə, bizi salsınlar tora.
R o d r i q o.
    Nədir, ətraf boşdur, yoxdur bir gələn?
    Məni qan aparır, ah, ölürəm mən.
L o d o v i k o.
    Eşidirsinizmi?
Q r a s i a n o.
    Odur, köynəkcək
    Yaraqlı-yasaqlı kimsə gəlir tək,
    Əlində məşəli.
    Yaqo məşəllə geri qayıdır.
Y a q o.
    Kimdir qışqıran?
    Kimi öldürüblər? Hanı ölüm, qan?
L o d o v i k o.
    Bilmirik.
Y a q o.
    Səs-küyü eşitmədiniz?
K a s s i o.
    Buraya, buraya! Tez, tez gəlin siz,
    Allah xatirinə, kömək eyləyin!
Y a q o.
    No var, nə haraydı, yaxşı, söyləyin.
Q r a s i a n o.
    Məncə, Otellonun yavəridir bu.
L o d o v i k o.
    Çox igid adamdır, odur, doğrusu.
Y a q o.
    Kədərlə, qüssəylə kimdir bağıran,
    Bir imdad istəyən, adam çağıran?
K a s s i o.
    Sənsənmi, of, Yaqo, mən oldum şikəst,
    Mənə o alçaqlar qəsd etdilər, qəsd.
    Ölürəm, bir əlac.
Y a q o.
    Vay, aman, Allah,
    Hansı alçaqlardır bunu edən, ah?!
K a s s i o.
    Deyəsən, burdadır onlardan biri,
    Durub əkilməyə qalmayıb giri.
Y a q o.
    Satqınlar, xainlər, tfu, alçaqlar!
     (Lodoviko və Qrasianoya)
    Ey, ey, siz kimsiniz, gəlin, qoçaqlar,
    Bir yardım göstərin.
R o d r i q o.
    Yetişin dada!
K a s s i o,
    Onlardan biridir o haramzada.
Y a q o.
    alçağı, yırtıcı, qəddar!
    Xəncərlə Rodriqonu vurur.
R o d r i q o.
    Səni lənətə gəl, Yaqo, of, murdar,
    İnsan sifətində qaniçən köpək!
Y a q o.
    Gecə, qaranlıqda adam öldürmək!
    Di sus əbədilik, qudurmuş, harın,
    Hanı özün kimi əclaf dostların?
    Necə də sakitdir, baxsan bu şəhər
    Sanki hamı batıb, yoxdur bir nəfər,
    Vay, vay, öldürüblər fağır bədbaxtı!
    Ey, ey, siz kimsiniz, nə var bır vaxtı?
    Yaxşımı, ya pismi, deyin, fıkriniz?
L o d o v i k o.
    Necə istəsəniz, qiymət verin siz.
Y a q o.
    Senyor Lodoviko?
L o d o v i k o.
    Özüdür, cənab.
Y a q o.
    Məni bağışlayın, karıxmışam lap.
    Quldurlar, görüm ki, xar olsunlar, xar,
    Burda Kassionu yaralayıblar.
Q r a s i a n o.
    Kassionu?
Y a q o.
    Aman, odlanır başım,
    Harana vurublar, mənim qardaşım?
K a s s i o.
    Qıçımı kəsiblər.
Y a q o.
    Kömək ol, ya rəbb!
    Tez, tez işıq verin, ah, sızlayır qəlb,
    Yaranı bağlayım köynəyimlə mən.
    Bianka daxil olur.
B i a n k a.
    Kim idi qışqıran? Nə olub, görən?
Y a q o.
    Yavərdi qışqıran!
B i a n k a.
    Aman, odur, o,
    Mənim mehribanım, əziz Kassio.
Y a q o.
    Hər yerdə tanınmış süleysin qəhbə!
    Leytenant, vardırmı bir güman, şübhə.
    Sizi belə qəfil kim vura bilər?
K a s s i o.
    Nə deyim, şübhəm yox heç zərrə qədər.
Q r a s i a n o.
    Sizi axtarırdım mən bu müddətdə,
    Təəssüf, gör, tapdım nə vəziyyətdə!
Y a q o.
    Mənə sarğı verin, tələsin bir az,
    Hə, belə, bax, belə, gecikmək olmaz.
    Onu aparmaqçün rahat, ehmalca,
    Tez olun, tez gedin xərək dalınca!
B i a n k a.
    Huşunu itirir, bayılır ki o,
    Kassio, Kassio, aman, Kassio!
Y a q o.
    Şübhəli görürəm mən bu zibili,
    Vardır cinayətdə onun da əli.
    Toxdayın, Kassio, dostum, azcana,
    Gəlin bir, işığı tutun bu yana.
    Görək bir burada ölən kimdir, kim?
    Vay, vay, mənim dostum, əziz həmyerlim
    Rodriqo? Yox... Bəli, odur, ağalar,
    İlahi, bu nədir, belə iş olar?!
Q r a s i a n o.
    Hansı, venesiyalı?
Y a q o.
    Özüdür, yazıq!
    Onu tanıyırsız?
Q r a s i a n o.
    Bəli, tanışıq.
Y a q o.
    Senyor Qrasiano? Huş qalıb yəni?!
    Bu qanlı hadisə sarsıdıb məni.
    Lütfən bağışlayın, ağlım çaşmada,
    Sizi görməmişəm bu çaxnaşmada.
Q r a s i a n o.
    Eybi yox.
Y a q o.
    Kassio, ayıldınız, hə?
    Xərəyi, xərəyi tapın tezcənə!
Q r a s i a n o.
    Düzü, Rodriqodur?
Y a q o.
    Özüdür, yəqin.
    Xərəyi gətirirlər.
    Bu da, bu da xərək, aha, gətirin.
    İstəkli dostlarım, siz bu saatca
    Evinə aparın onu rahatca,
    Həkimi gətirib gəlirəm mən də.
     (Biankaya)
    Xanım, zəhmət çəkmə boş yerə sən də.
    Kassio, buraya düşüb ölən kəs
    Əziz dostum idi, qəzəb, kin bilməz.
    Bir deyin, danışın, nəydi bu dəhşət.
    Nəydi aranızda olan ədavət?
K a s s i o.
    Heç nə, heç nə yoxdu əsla, qətiyyən,
    Axı, tanımıram bu adamı mən.
Y a q o (Biankaya).
    Bu nədir, qalmayıb bənizində qan? -
    Onun meyitini götürün burdan, -
    Kassionu və Rodriqonun meyitini aparırlar.
    Hörmətli cənablar, bir dayanın siz.
    - Xanım, rəngin qaçıb, deyil səbəbsiz
    -Onun gözündəki vahimə, qorxu
    İnsanda oyadır ən müdhiş duyğu.
    -Gözlərin beləcə bərəlsə əgər,
    Tezliklə çox sirri bizə öyrədər.
    -Rica eyləyirəm, bir gəlin yaxın,
    Onun gözlərinə diqqətlə baxın
    Görürsüz, cənablar, dil susur, fəqət
    Baxışda danışır günah, qəbahət.
    Emiliya daxil olur.
E m i 1 i y a.
    Nə olub, nə olub, nə haydı, kişi?
Y a q o.
    Tamam qarışdırıb Rodriqo işi:
    Qaranlıqda gəlib bir neçə nəfər
    Burda Kassioya hücum ediblər.
    Kassionu ağır yaralayıb o,
    Dostları qaçıbdır, ölüb Rodriqo.
E m i 1 i y a.
    Zavallı Rodriqo, yazıq Kassio!
Y a q o.
    Yalnız pozğunluğun bəhrəsidir bu.
    Emiliya, indi get, öyrən, bu axşam
    Yavər harda olub, harda edib şam?
     (Biankaya)
    Nədir, titrəyirsən bu sözdən, xanım,
    Deyəsən, düz olur mənim gümanım?
B i a n k a.
    Bizdə şam eləyib bu axşam yavər,
    Fəqət titrəmirəm mən zərrə qədər.
Y a q o.
    O səninlə olub? İşə bax, kimlə?
    Sənə əmr edirəm, gedək mənimlə!
E m i 1 i y a.
    Tfu, ayıb olsun, həyasız qəhbə!
B i a n k a.
    Mən qəhbə deyiləm, tövbə, min tövbə!
    Sənintək qadınam - ləkədən uzaq.
E m i 1 i y a.
    Mənimtək! Utanmaz, sırtıqlığa bax!
Y a q o.
    Möhtərəm cənablar, lütf eyləyiniz,
    Yazıq Kassionun yarasına biz
    Gedək birgə baxaq: kəsib ağrını,
    Necə dəyişəcək həkim sarğını? (Biankaya)
    Xanım, arxamca gəl, orda nəhayət,
    Bizə danışarsan başqa hekayət.
    Emiliya, qəsrə qaç, get sərdargilə,
    Sən bu müsibəti onlara söylə,
    Di yeri.
     (Kənara).
    Bu gecə ötüşməz hədər:
    Ya məni ucaldar, ya da məhv edər.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Qəsrdə yataq otağı. Dezdemona yatır, şam yanır.
    Otello daxil olur.
O t e l l o.
    Budur səbəb, səbəb tək budur yalnız,
    Ürəyim çırpınır necə qərarsız!
    Siz ey pak ulduzlar, bu səbəbin mən
    Adını çəkmərəm xəcalətimdən.
    Səbəb ancaq budur, lakin qanını
    Tökərək almaram onun canını.
    Bədəni mərmərdən, qardan da bəyaz.
    Ona toxunmağa ürəyim qıymaz.
    Ancaq ölməlidir, yoxsa o şeytan
    Çoxunu aldadıb çıxarar yoldan.
    Əvvəl söndürərəm mən bu işığı,
    Sonra bu işığı - bu yaraşığı.
    Ey nur xidmətçisi, ey müqəddəs şam,
    Mən səni söndürsəm, peşman olsam,
    Burda çətin nə var? Mən elə bu dəm
    Səni əzəlkitək yandıra billəm.
    Ah, səni, ah, səni söndürsəm fəqət.
    Sən, ey yer üzündə əvəzsiz xilqət,
    Ülvi gözəlliyin ilk nümunəsi,
    Təbiətin nadir, canlı şöləsi,
    Hanı bu dünyada Prometey, hanı?!
    Yenidən yandırsın sənin ziyanı?!
    Dərsəm qızılgülü öz budağından,
    Təzədən yerində bitməz heç zaman.
    O mütləq solacaq, nə dəhşətlidir!
    Çiçək budağında təravətlidir.
    İyləyim gülümü şaxında ikən.
     (Dezdemonanı öpür).
    Ürək rövnəq tapır yaz nəfəsindən.
    Elə bil, məlhəmdir bu saf təravət,
    Onun qarşısında susar ədalət.
    Bir daha, bir daha öpüm, nə xoş hal!
    Ölsən də, dəyişmə, beləcənə qal.
    Səni öldürəcəm, sevəcəm yenə,
    Eşqin təsəllidir həyatda mənə.
    Bir daha qoy öpüm, ah, bu son öpüş
    Nə qədər şirindir, nə qədər müdhiş.
    Mən həm ağlayıram, həm məhv edirəm,
    Ağır əzablarla doludur sinəm.
    Çəkirəm göylərin qəm-kədərini,
    Göylər də məhv edir sevdiklərini.
    Ah, oyandı.
D e z d e m o n a.
    Kimdir? Otello, sənsən?
O t e 11 o.
    Bəli, Dezdemona.
D e z d e m o n a.
    Yatmırsan nədən?
O t e l l o.
    Bu axşam, bir söylə, yatmış ülkərim,
    Dua etmisənmi?
D e z d e m o n a.
    Bəli, sərvərim.
O t e l l o.
    Günahın qalıbsa, bunun üçün də
    Allah qarşısında, tanrı önündə
    Dua et, tezliklə günahmı yu.
D e z d e m o n a.
    Sənin fıkrin nədir, nə deməkdir bu?
O t e l l o.
    Di başla, dua et, durma bir an da,
    Cəld ol, gözləyirəm səni bu yanda.
    Hazır deyilsənsə ölümə ruhən,
    Səni öldürmərəm əsla, qətiyyən.
    Allah eləməsin, eyləyəm bunu,
    Heç vaxt öldürmərəm sənin ruhunu.
D e z d e m o n a.
    Necə, danışırsan qətlimdən?
O t e l l o.
    Hə, mən...
D e z d e m o n a.
    Xudaya, hifz elə məni ölümdən!
O t e 11 o.
    Amin, amin deyir qəlbim, varlığım!
D e z d e m o n a.
    Belə deyirsənsə, öldürməzsən.
O t e 11 o.
    Hım!
D e z d e m o n a.
    Ancaq qorxudursan məni, əzizim,
    Nə üçün qorxuram, bilmirəm özüm.
    Baxırsan necə də çılğın, dəhşətlə,
    Gözlərin oynayır hirslə, hiddətlə.
    Ləkəsiz olsa da eşqim, ismətim,
    Qorxuram, baxmağa yoxdur taqətim.
O t e 11 o.
    Düşün günahmı nə varsa bir-bir.
D e z d e m o n a.
    Yeganə günahım səni sevməkdir.
O t e 11 o.
    Bəli, öləcəksən elə bununçün.
D e z d e m o n a.
    Bu ki təbiətə ziddir büsbütün.
    Cəzayla kəsilməz eşqin nəfəsi,
    Heç vaxt öldürməzlər sevən bir kəsi.
    Axı, ölüm hara, məhəbbət hara?!
    İnsan sevdiyiçün çəkilməz dara.
    Gözlərin andırır qan çanağını,
    Hirslə çeynəyirsən alt dodağını.
    Qəzəb dalğalan tutub çöhrəni,
    Dəhşətli fıkirlər titrədir səni.
    Bunlar xəbər verir gələn tufanı,
    Əminəm, mənə yox heç bir ziyanı.
O t e 11 o.
    Sus daha, danışma boş yerə, nahaq.
D e z d e m o n a.
    Susuram. Nə olub, bir söylə ancaq.
O t e l l o.
    Dünyada mənimçün əziz, yeganə
    Dəsmalı yadigar vermişdim sənə,
    Sənsə Kassioya vermisən onu.
D e z d e m o n a.
    Vallah, bu düz deyil! Tez Kassionu
    Çağırtdır, qoy gəlsin, soruş özündən.
O t e l l o.
    Füsunkar məleykə, həya eylə sen,
    Utan əməlindən, fıkirləş barı,
    Qırmısan, pozmusan əhdi, ilqarı.
    Sən artıq öz ölüm yatağındasan,
    Əcəlin amansız qucağındasan.
D e z d e m o n a.
    Məni öldürməzsən, yəqin ki, hələ.
O t e l l o.
    İndi öləcəksən, bitib məsələ,
    Odur ki, havayı uzatma bunu
    -Açıqca etiraf eylə suçunu.
    And içib suçunu atma boynundan,
    Bil ki, xəbərdaram hər oyunundan.
    Qərarım qətidir, çalışma əbəs,
    Heç nə qərarını dəyişə bilməz.
    Qəlbim fəryad edib, çəksə də nalə,
    Mütləq ölməlisən.
D e z d e m o n a.
    Allah, rəhm elə.
O t e 11 o.
    Mən amin deyirəm.
D e z d e m o n a.
    Rehm elə sən də,
    Mərhəmət oyansın mənə qəlbində.
    Təhqir etməmişəm səni qətiyyən,
    Heç vaxt sevməmişəm Kassionu mən.
    Tanrı buyruğuna əməl edərək,
    Mən onu sevmişəm yalnız insantək.
    Qorumuşam sənin könül varını,
    Ona verməmişəm yadigarını.
O t e l l o.
    Vallah, özüm gördüm, döndü iqbalım,
    Onun əlindəydi mənim dəsmalım.
    Oh, vəfasız qadın, tükənməz dərdim,
    Səni ədalətə qurban verərdim.
    Fəqət hiylələrin gəlməyir başa,
    Yalanın qəlbimi döndərdi daşa,
    Amansız qatilə çevirdi məni,
    Gərək qatil kimi öldürəm səni.
    Mən gördüm dəsmalı.
D e z d e m o n a.
    Yeqin, tapıb o.
    Çağırtdır, nə var ki, gəlsin Kassio.
    Dəsmal verməmişəm ona heç zaman,
    Sən soruş özündən, bir eşit, inan,
    Desin həqiqəti.
O t e 11 o.
    O deyib artıq.
D e z d e m o n a.
    Nə deyib, sərvərim?
O t e 11 o.
    Deyib yatmışıq.
D e z d e m o n a.
    Nə təhər, ah, qeyri-qanuni?
O t e l l o.
    Bəli.
D e z d e m o n a.
    Yox, yox, necə dönüb ağzında dili?!
    Təkrar edə bilməz o bunu heç cür.
O t e l l o.
    Bacarmaz, elədir, belə görünür.
    Əbədi bağlanıb ağzı, susur o,
    Çəkib zəhmətini namuslu Yaqo.
D e z d e m o n a.
    Demək, qorxmurammış mən nahaq yerə,
    Nə olub, nə olub? Ölüb biçarə?
O t e l l o.
    Canlanıb hər tükü olsaydı bir can,
    Yenə qurtarmazdı qisas odundan.
D e z d e m o n a.
    Fəlakət! İftira atıblar ona,
    O, qurban gedibdir şərə, böhtana.
    Aman! Mən məhv oldum.
O t e l l o.
    Qəhbə, bir utan.
    Hələ bir əclafa sən ağlayırsan?!
D e z d e m o n a.
    Sərvərim, mürvətin çatsın hoyuma,
    Qov məni, ancaq ki ömrümə qıyma.
O t e l l o.
    Öl, fahişə!
D e z d e m o n a.
    Sabah sən öldür məni,
    Möhlət ver, yaşayım tək bu gecəni.
O t e 11 o.
    Mənə qarşı durmaq?! Beləsə, heyhat...
D e z d e m o n a.
    İzn ver, yaşayım yarımca saat.
O t e 11 o.
    Yox, olmaz, dəyişməz heç nə qərarı.
D e z d e m o n a.
    Bircə dəfə dua eyləyim, barı.
O t e 11 o.
    Yox, olmaz, bu gecdir.
    Onu boğur.
E m i 1 i y a (Səhnə arxasından).
    Sərdar, ey sərdar,
    Tez açın qapını!
O t e l l o.
    Nədir hay-haray?
    Kimdir səs-küy salan, qışqıran belə?
    Ölməyib, deyəsən, canı var hələ?
    Vəhşiyəm, ürəyim yumşaqdır fəqət.
    Qoymaram çəkəsən artıq əziyyət,
    Belə, belə!
     (Xəncərlə vurur).
    Açın qapını, sərdar!
O t e 11 o.
    Kimdir?
E m i 1 i y a (Səhnə arxasından).
    Sərdar, sizə bircə sözüm var.
O t e l l o.
    Emiliyadır, yəqin gətirib xəbər.
    Demək, Kassionu məhv eyləyiblər, -
    Bu saat, bu saat, hə, öldü daha,
    Artıq qımıldanmır, terpəndi, aha,
    Yox, yox, yatıb qalıb, xəyanətsizdir,
    Məzartək sakitdir, hərəkətsizdir.
    Emiliyanı evə buraxım, ya yox?
    Hansı yaxşı olar? Bağırır nə çox.
    Mənə elə gəlir, yenə tərpəndi,
    Yox, yox, tərpənmədi. Nə edim indi?
    Emiliya içəri elə girəntək,
    Şübhəsiz, zövcəmə xitab edəcək.
    Zövcəm! Hanı zövcəm? Yadam bu ada,
    Artıq mənim zövcəm yoxdur dünyada.
    Necə dözülməzdir, ağırdır bu an,
    Elə bil, başlanıb müdhiş bir tufan.
    Tutulub Günəş də, Ay da, elə bil,
    Sanki, bu kainat əvvəlki deyil.
    Hər şey başdan-başa zülmət içində,
    Aləm lərzə gəlir dəhşət içində.
E m i 1 i y a (Səhnə arxasından).
    Xahiş eyləyirəm, möhtərəm sərdar!
    Tez açın qapını, təzə xəbər var.
O t e l l o.
    Emiliya, hə, gəl, unutdum səni.
    Sakit ol, bir dayan, çəkim pərdəni.
    Qapını açır. Emiliya daxil olur.
    Sənə nə olub, ey, nədir qalmaqal?
E m i 1 i y a.
    Adam öldürüblər, ah, ah, general,
    O yanda, küçədə.
O t e 11 o.
    Necə, bu saat?
E m i 1 i y a.
    Elə bu saatca.
O t e l l o.
    Dəyişib həyat,
    Ayın təsirindən baş verib bu iş,
    -Yəqin, yoldan çıxıb, qəbahət etmiş,
    Yerə həddən artıq yaxınlaşıbdır,
    Bundan dəli olub, hamı çaşıbdır.
E m i l i y a.
    Kassio öldürdü bir zavallını,
    Rodriqo adında venesiyalını.
O t e 11 o.
    Rodriqo da ölüb, Kassio da, hə?
E m i 1 i y a.
    Xeyr, Kassioya olmayıb heç nə.
O t e l l o.
    Kassio sağ qalıb, çaşqınlığa bax,
    Demək, qan tökülüb havayı, nahaq.
    İntiqam çevrilir fəlakətlərə.
D e z d e m o n a.
    Ölürəm, ölürəm günahsız yerə..
E m i 1 i y a.
    Nədir bu inilti?
O t e 11 o.
    Necə, hanı bəs?
E m i 1 i y a.
    Ay aman, xanımın səsidir bu səs!
    Kömək, kömək edin! Ah, mehribanım,
    Dillənin, danışın yenə də, xanım!
D e z d e m o n a.
    Günahsız ölürəm.
E m i 1 i y a.
    Xanım, əzizim,
    Kimdir qatiliniz!
D e z d e m o n a.
    Heç kəs, mən özüm.
    Əlvida, qoy bilsin ərim - sultanım,
    Təmizdir ismətim, pakdır vicdanım.
    Of, eyvah, əlvida!
    Ölür.
O t e l l o.
    Sən işə bax bir!
    Onu kim öldürdü?
E m i 1 i y a.
    Əfsus, kim bilir?
O t e l l o.
    Eşitdin, o dedi, mən özüm, heç kəs.
    Mən öldürməmişəm.
E m i 1 i y a.
    Söz ola bilməz.
    Xanım belə dedi öldüyü zaman,
    Gərək həqiqəti söyləsin insan.
O t e l l o.
    Getdi bu dünyadan bir yalançıtək,
    Cəhənnəm oduna o yansın gərək.
    Onu mən öldürdüm.
E m i 1 i y a.
    Beləsə, onda
    Lənətə layiqsən bütün cahanda.
    Sənsən iblislərin mənfuru, pisi,
    Xanım - mələklərin safı, munisi!
O t e l l o.
    Azmışdı yolunu, ağlı çaşmışdı,
    Qəhbəlik edirdi, pozğunlaşmışdı.
E m i 1 i y a.
    Yox, böhtançı iblis, o vəfadardı.
O t e 11 o.
    Lal axan su kimi, xəyanətkardı.
E m i 1 i y a.
    Alışan od kimi haqsızsan özün,
    Tamam əsassızdır, yalandır sözün.
    Eşqinə sadiqdi o gözəl mələk
    Müqəddəs göylərdə pak ilahətək.
O t e l l o.
    Kassio onunla başbir olubdur,
    Ləyaqət, sədaqət təhqir olubdur.
    Soruş öz ərindən bu rəzaləti,
    Danışsın necə var qoy həqiqəti.
    Olmasaydı möhkəm bir sübut əgər,
    Ona bu cəzanı verərdim məgər?
    Qoy düşüm, səbəbsiz toxunsam ona,
    Zülmət cəhənnəmdə dibsiz yarğana.
    Sonsuz iztirabdan, dərddən solum mən,
    Əbədi nifrətə düçar olum mən.
    O atdı, tapdadı əhdi, ilqarı,
    Ərin sübut edib bütün bunları.
E m i 1 i y a.
    Mənim ərim?
O t e 11 o.
    Sənin ərin.
E m i 1 i y a.
    Xanım, a,
    Xəyanət yoluna düşüb, əcaba?
O t e l l o.
    Bəli, Kassioyla. O saf qalsaydı,
    Eşqinə, andına doğru olsaydı,
    Tanrı yaratsaydı möcüzə-röya,
    -Saf-xalis zümrüddən yeni bir dünya,
    Menə versəydilər həmin dünyanı,
    Ona dəyişməzdim Dezdemonam.
E m i 1 i y a.
    Mənim ərim?!
O t e l l o.
    Bəli, açdı gözümü,
    Mənə o göstərdi mənim özümü.
    Yaqo - sədaqətli, namuslu adam,
    Çirkin əməllərə qənimdir müdam.
E m i 1 i y a.
    Mənim ərim?
O t e l l o.
    Niyə edirsən təkrar,
    Axı, bu təkrara nə ehtiyac var?
    Dedim sənin ərin.
E m i 1 i y a.
    Ah, yazıq xanım!
    Sənin təhqir olub əhdin, peymanm,
    Dözülməz alçaqlıq, amansız dəhşət,
    Eşqi ələ salıb mənfur rəzalət.
    Ərim dedi: xanım xəyanət edir?
O t e l l o.
    Bilmirsən bu sözün mənası nədir?
    Neçin çeynəyirsən onu bu qədər?
    Dedim sənin ərin, bildin müxtəsər?!
    Mənim həmdəmimdir, sənin ərin o,
    -Namuslu, namuslu, namuslu Yaqo.
E m i 1 i y a.
    O belə deyibsə, düşsün dərdlərə.
    Ürəyi doğransın qoy zərrə-zərrə.
    Əzablar içində o yavaş-yavaş
    Çürüsün, iylənsin əsrlərcə kaş.
    Gözün içinədək yalan söyləyib,
    Dünyada ən iyrənc böhtan söyləyib
    O səni sevirdi canından artıq.
O t e 11 o.
    Ha, ha, ha!
E m i 1 i y a.
    Acıla, gül, ver də acıq.
    Yenə də deyirəm mən həqiqəti,
    Göylər bağışlamaz bu cinayəti.
    Təmizdi, büllurdu o ülvi xilqət,
    Sən onun qədrini bilmədin fəqət.
O t e 11 o.
    Ondan qalmaz qəhbə, di mumla, bəsdir.
E m i 1 i y a.
    Sənin hədələrin daha əbəsdir.
    İstər dağla məni, ürəyimi yar,
    Ölmüşün ölümdən nə qorxusu var?!
    Ah, səfeh, ah, qanmaz! Duyğusuz kötük!
    Gör bir ucbatından nə günə düşdük?!
    Qoymaram bu işi mən gizli qala,
    Sənin qılıncından qorxmuram əsla.
    İyirmi dəfə də öldürsən məni,
    Rüsvay edəcəyəm aləmdə səni.
    Ay-haray, bir kömək! Qatil var, qatil!
    Xanımı öldürdü Mavr, o səfil.
    Montano, Qrasiano və Yaqo daxil olurlar.
M o n t a n o.
    Möhtərəm general, nə vardır belə?
E m i 1 iy a.
    Ah, Yaqo, vaxtında gəlmisən elə,
    Heç zaman, heç zaman yol vermə ona,
    Atsın cinayəti sənin boynuna.
Q r a s i a n o.
    Nə olub?
E m i 1 i y a.
    Əzizim, çəkinmə qəti,
    Əgər kişisənsə, de həqiqəti.
    İndi biabır et sən yalançını,
    Qoy hamı tanısın bu böhtançını.
    Söyləyir, guya ki, demisən: ona
    Xəyanət edirmiş pak Dezdemona.
    Bu ki iftiradır! Rəzalətə bax!
    Bilirəm, olmazsan sən belə alçaq.
    Partlayır ürəyim, bir danış, dillən.
Y a q o.
    Yalnız öz fikrimi söyləmişəm mən.
    Yoxdur bir əlavəm bir kəlmə hətta,
    Özü sübut edib bunu həyatda.
E m i 1 i y a.
    Ona demisənmi, o məsum xilqət
    Eşqinə, ərinə edib xəyanət?
Y a q o.
    Demişəm.
E m i 1 i y a.
    Bu mənfur, bu çirkin yalan,
    Axı, necə çıxıb sənin ağzından?
    Xanım Kassioyla atıb namusu?..
    Tamam uydurmadır, Allah haqqı, bu,
    Heç cür mümkün deyil, bu ola bilməz.
Y a q o.
    Bəli, Kassioyla. Sən dilini kəs!
E m i 1 i y a.
    İndi mən dil açım, danışım gərək.
    Bu vicdansız işə dözərmi ürək?!
    Xanım daha yoxdur, odur, baxın da,
    Onu öldürüblər öz yatağında.
    Montano, Qrasiano. İlahi, sən saxla!
E m i 1 i y a.
    Demək, onu sən
    Bu rəzil ölümə təhrik etmisən.
O t e 11 o.
    Təəccüb etməyin, ölüb, doğrudur.
Q r a s i a n o.
    Qorxunc həqiqətdir.
M o n t a n o.
    Müdhiş yuxudur.
E m i 1 i y a.
    Alçaqlıq, alçaqlıq, iyrənc alçaqlıq!
    İndi xatırladım, anladım artıq.
    Əvvəllər duymuşdum, hiss eləmişdim,
    Belə bir alçaqlıq olar demişdim.
    Həyat iztirabdır, o, göz yaşıdır,
    Bu cür müsibətdən ölüm yaxşıdır.
    Alçaqlıq, alçaqlıq!
Y a q o.
    Dəlisən, arvad?
    Evə get deyirəm sənə bu saat!
E m i 1 i y a.
    Lütf edin, danışım nəcib ağalar!
    Sizə deyiləsi mənim sözüm var.
    Vaxt vardı - ərimə tabe idim mən,
    Ona baş əymirəm artıq bu gündən.
    Yaqo, ola bilsin bir də buradan
    Evə qayıtmayım heç vaxt, heç zaman.
O t e 11 o.
    O! O! O! (Yatağa yıxılır).
E m i 1 i y a.
    Nalə çək, dağla sinəni,
    Məhv etdin ən təmiz, pak ilahəni.
O t e 11 o (Qalxaraq).
    Yox, o ləkəliydi! Burdasız, əmi?!
    Sizi tanımadım mən görən kimi.
    Qardaşınız qızı odur, yatır, bax,
    Ölüb, həqiqətən, bir azca qabaq.
    Onun nəfəsini kəsdi bu əllər.
    Bilirəm, dəhşətdir, ağırdır kədər.
Q r a s i a n o.
    Yazıq Dezdemona, talesiz insan!
    Deyirəm, nə yaxşı ölübdür atan.
    Qoşulub qaçaraq getməyin ərə
    Biçarə kişini saldı dərdlərə.
    Ömrü sapa dönüb qırıldı qəmdən,
    Qoca əzablarla köçdü aləmdən.
    İndi sağ olsaydı, nə halı vardı.
    O bu mənzərədən dəli olardı.
    Allahı, dinini təhqir edərdi
    Ölümün qocanı kafir edərdi.
O t e l l o.
    Ağır müsibətdir, heç dözməz bəşər.
    Ancaq Yaqo indi təsdiq eyləyər:
    Xanım Kassioyla başlamış kefə,
    Rüsvayçılıq etmiş azı min dəfə.
    Kassio etiraf eyləmiş bunu.
    Razı salmaq üçün xanım dostunu
    Ona bağışlamış mənim töhfəmi
    Eşqindən əbədi nişanə kimi.
    Yavərin əlində gördüm mən özüm,
    Ah, öz peşkəşimi, qalmadı sözüm.
    O, qəşəng dəsmaldı, çox xoşlamışdım,
    Toy günü xanıma bağışlamışdım.
    Atamın anama xatirəsiydi,
    Anamın da mənə hədiyyəsiydi.
E m i 1 i y a.
    Ah, göylər, ey uca, ali qüvvələr!
Y a q o.
    Bəsdir, eşidirsən? Di, sus, sus, yetər.
E m i 1 i y a.
    Susum?! Yox, həqiqət bilinsin gərək.
    Mən indi küləyəm, azad bir külək.
    Nə tanrı, nə insan, nə vəhşi, heç kəs,
    Heç nə, heç nə məni susdura bilməz.
Y a q o.
    Bir düşün, ağlını başına topla,
    Çəkil, get evinə.
E m i 1 i y a.
    Getmərəm əsla!
    Yaqo Emiliyanı qılıncla vurmaq istəyir.
Q r a s i a n o.
    Tfu, rüsvayçılıq, heç bu da ərmi?
    Kişi də arvada qılınc çəkərmi?
E m i 1 i y a.
    Oh, kütbeyin mavr! O dəsmalı mən
    Tapmışdım xeyli var lap təsadüfən.
    Gətirib ərimə verdim mən onu,
    Çünki minnətinin yox idi sonu,
    O məni həmişə tuturdu dilə,
    Dəsmalı gizlicə keçirim ələ.
    Zənn etdim, istəyir xoş niyyət üçün,
    Nə bilim istəyir fəlakət üçün.
Y a q o.
    Sus, həyasız qəhbə!
E m i 1 i y a.
    Düşündün də bir:
    Onu Kassioya xanım veribdir?
    Yox, yox, mən tapmışdım, onu mən özüm
    Vermişdim Yaqoya, budur düz sözüm.
Y a q o.
    Yalan demə, ləçər!
E m i 1 i y a.
    Vallah, cənablar,
    Mənim hər kəlməmdə bir həqiqət var.
    Ah, başıboş qatil, indi de mənə,
    Belə gözəl arvad layiqdi sənə?
    O bir ilahəydi, sən bir kor şeytan,
    Onun qiymətini biləydin hardan?!
O t e l l o.
    Neçin daşlar yağmır yerə göylərdən?!
    Neçin ildırımlar düşməyir birdən?!
    Göylərin qəzəbi tükənib yəni?!
    Oh, iyrənc yaramaz, oh, qəddar cani!
    Otello Yaqonu qılıncla vurmaq istəyir, lakin Montano onu tərksilah edir.
    Yaqo Emiliyanı qılıncla vurub qaçır.
Q r a s i a n o.
    Zavallı yıxıldı, kəsdi səsini,
    O, yəqin, öldürdü öz zövcəsini.
E m i 1 i y a.
    Bəli, mən ölürəm, lütf eyləyiniz,
    Xanımın yanına qoyun məni siz.
Q r a s i a n o.
    Arvadı öldürüb, çıxdı aradan.
M o n t a n o.
    Belə bir alçağı görməyib cahan.
    Mavrın qılıncıdır, bunu alınız,
    Qapıda, keşikdə gedib qalınız.
    Bayıra çıxmasın bu miskin xilqət,
    Öldürün, qaçmağa qoymayın fəqət.
    Mən isə gedirəm dalınca onun
    -O lənətə gəlmiş iyrənc məlunun.
    Otello və Emiliyadan başqa hamı gedir.
O t e l l o.
    Daha mən deyiləm o cəsur, qoçaq,
    İndi qılıncımı alar bir uşaq.
    Yoxdursa aləmdə düzlük, həqiqət,
    Yoxdursa bəşərdə vəfa, sədaqət,
    Neçin can atırıq şöhrətə, ada?
    Həyat da, ömür də puçdur dünyada.
E m i l i y a.
    Xanım, doğru çıxdı qu quşu nəğmən.
    Axı necə duydun ölümünü sən?!
    Eşidə bilirsən, eşit sən məni,
    Oxuyum son dəfə həmin nəğməni.
    Sussun qəlbim. (Oxuyur).
    Ay söyüdüm, söyüdüm...
    Zalım Mavr, mən tutulmuş göy idim.
    Ürəyimdə söz qalmadı gizlicə,
    Dedim həqiqəti, xoşbəxtəm necə!
    İnan mənə, xanım safdı çiçəkdən,
    O sevirdi səni sidqi-ürəkdən.
    Bax, beləydi, ah, ölürəm, ölürəm.
    Ölür.
O t e l l o.
    Burda bir silah var, yəqin bilirəm,
    -Qılıncdır, qayrılıb İspaniyada.
    Verilib tiyəsi buztək suya da.
    Aha, tapdım, budur...
    Əmi, burdan mən
    İndi çıxmalıyam bayıra hökmən.
Q r a s i a n o (Səhnə arxasından).
    Bihudə çalışma, bir yaxşı düşün.
    Baha başa gələr bu sənin üçün.
    Silahın ki yoxdur, eylə itaət,
    Dayan öz yerində, çək də əziyyət.
O t e l l o.
    Onda zəhmət çəkin, olun lütfkar,
    Buyurun içəri, sizə sözüm var.
    Silahsız olsam da, yoxsa bilin siz,
    Qarşımda heç cürə dura bilməzsiz.
    Qrasiano daxil olur.
Q r a s i a n o.
    Yaxşı, nə deyirsən?
O t e l l o.
    Siz gəlin yaxın,
    Mənim silahım var, görürsüz, baxın.
    Olmayıb beləsi heç vaxt heç yerdə,
    Onu taxmayıbdır heç bir əsgər də.
    Bir zaman vardı ki, başqaydı illər:
    Bu möhkəm qılıncla bu miskin əllər
    Sədləri yarardı bir an içində,
    Mənə yol açardı tufan içində.
    Qarşımı kəsmisiz, nədir bu hədlər?!
    Qat-qat qorxuluydu həmin o sədlər.
    Yoxdu bu aləmdə elə bir qənim.
    O davam gətirsin önümdə mənim.
    Heyhat, öyünürəm bihudə, nahaq!
    Taleyin əmrindən mümkünmü çıxmaq?!
    İndi bambaşqadır hökmü zamanın,
    Silahlı olsam da, sakit dayanın.
    Bu yerdə səfərim yetişib başa,
    Bu yerdə qılıncım toxunub daşa.
    Bura son məqsədim, axır məskənim,
    Çatıb sahilinə ömür yelkənim.
    Təşvişlə geriyə çəkilirsiniz?
    Bu qorxu hədərdir, heçdir, bilin siz.
    Çöplə de kəsərsiz qarşımı indi,
    Geriyə dönürəm, artıq yəqindi.
    Əzablar içində hey yana-yana
    Axı, mən zavallı gedim hayana?
     (Dezdemonanın yatağına yaxınlaşır).
    Ah, növrəstə gözəl, talesiz qadın!
    Necə rəngin soldu, necə ağardın!
    Aylı gecə oldu nurlu gündüzün,
    Kətan köynəyintək bəyazdır üzün.
    Qiyamət günündə biz görüşəndə,
    Məhşər ayağına gəlib düşəndə
    Bir məsum baxışın bəs eylər mənə:
    Çırpar göydən məni yerin təkinə,
    Cəhənnəm odunda yanar bədənim.
    Soyuyub, soyuyub günəşim mənim.
    Soyuyub saflıqtək onun gül üzü,
    Belə soyuq olur saflığın özü.
    Əlim necə qıydı bu qüdsiyyətə?
    Of, qatil, gələsən səni lənətə!
    Hardasız, hardasız, cinlər, şeytanlar?
    Gəlin, qamçılayın məni o ki var.
    Bakir ilahədən qovun kənara,
    Salın tufanlara, fırtınalara.
    Alışmış kükürddə saxlayın məni,
    Yanar vulkanlarda dağlayın məni.
    Aman! Daha yoxdur o pak səcdəgah.
    Öldü Dezdemona, Dezdemona, ah!
    Hönkür-hönkür ağlayır. Lodoviko, Montano və başqaları gəlirlər. Kassionu xərəkdə, Yaqonu isə dustaq edilmiş halda gətirirlər.
L o d o v i k o.
    Hardadır ən çılğın, ən bəxtsiz insan?
O t e l l o.
    O kəs ki Otello idi bir zaman
    Burdadır, o mənəm.
L o d o v i k o.
    Bəs gürzə hanı? Gətirin buraya əfı ilanı.
O t e l l o.
    Olur şeytanların qoşa dırnağı,
    Onun ayağında görmürəm, axı.
    Bu ki bir nağılmış, uydurma, əbəs,
    Əgər o şeytansa, qılınc öldürməz.
    Yaqonu yaralayır.

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 561 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more