Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello
OTELLO

İngilis dilindən tərcümə edəni: Sabir Mustafa

İŞTİRAK EDƏNLƏR:


Venesiya hersoqu
Brabansio- senator
Başqa senatorlar
Qrasiano - Brabansionun qardaşı.
Lodaviko- Brabansionun qohumu
Otello- Venesiyada xidmət edən mavr, adlı-sanlı sərkərdə
Kassio - Otellonun yavəri (müavini)
Y a q o - Otellonun mülazimi (məsləhətçisi)
R o d r i q o - Venesiyalı sadəlövh zadəgan,
Montano- Kiprin Otellodan əvvəlki valisi
Təlxək
Dezdemona- Brabansionun qızı, Otellonun arvadı.
E m i 1 i y a - Yaqonun arvadı
B i a n k a - Kassionun məşuqəsi
    Dənizçilər, qasidlər, carçılar, məmurlar, zadəganlar, çalğıçılar xidmətçilər və keşikçilər.
    Birinci pərdə Venesiyada, qalanları isə Kiprdə vaqe olur.

BİRINCI PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Venesiyada bir küçə.
R o d r i q o.
    Of, Yaqo, danışma, yalan sözdür bu.
    Bir şey ürəyimi sıxır, doğrusu:
    Xəzinəmin açarı əlində ikən
    Bu işdən bir xəbər vermədin nədən?!
Y a q o.
    Əgər giribsə də yuxuma bu iş,
    Qoy məni bürüsün fəlakət, təşviş.
R o d r i q o.
    Deyirdin ki, ona nifrətin vardır.
Y a q o.
    Sözündən dönənlər yarımçıqlardır.
    Alışır, odlanır, qovrulur sinəm,
    Nifrətə layiqəm, nifrət etməsəm.
    Hörmətli, izzətli üç ali nəfər
    Söz verdilər: məni yavər seçsinlər.
    And olsun vicdana, hər yerdə hərdəm.
    Mən öz qiymətimi yaxşı bilirəm.
    Ah... Fəqət o məğrur, o çirkin ərəb
    Gətirdi ortaya başqa bir səbəb.
    Təklifı, təkidi tamam rədd etdi,
    Zəhmətim, əməyim havayı getdi.
    Dedi ki, seçmişəm öz yavərimi,
    İndi görməkdədir o, işlərimi.
    Gör seçdiyi kimdir?
    Böyük hesabdar,
    Maykl Kassio də, nə demək olar!
    Şeytantək çox sevir şux qadınları,
    Boş nəzəriyyədir dövləti, varı.
    Döyüş haqqında da, nə gizlədim mən,
    Artıq dərk etməyir qızdan, gəlindən.
    Nə təcrübəsi var, nə də tədbiri,
    Gör, hara seçildi sarsağın biri.
    Ancaq mən döyüşdə yaşa dolmuşam,
    Rodosda, Kiprdə azmı olmuşam?!
    Düşmənlər əlimdən batıbdır yasa,
    Yanmaram hesaba düzgün baxılsa.
    O özü yaxşıca görübdür bunu,
    Öyrənib Yaqonun kim olduğunu.
    Gəlib, yavər olur indi bir uşaq,
    Mən isə mülazim, sen işə bir bax.
R o d r i q o.
    Allaha and olsun, atıb bu adı,
    Olardım mən onun yalnız cəlladı.
Y a q o.
    Nə üçün bu dərdin yoxdur dermanı?
    Bu mənsəb bəlası tutub hər yanı.
    Çatır ada, sana bu gün hər axmaq,
    Bir adamın varsa, adamsan ancaq.
    Hərbdə yüksəliş başqaydı əzəl,
    Xidmət eyləmək də gözəldi, gözəl.
    Rütbə alınardı şücaət ilə,
    Daha verilməzdi məsləhət ilə.
    İndi özün düşün, bir əlac varmı?
    O qara ərəbi sevmək olarmı?
R o d r i q o.
    Xidmət eyləməzdim ona bir daha.
Yaqo.
    Bir az, səbirli ol, inan sabaha.
    Qədimdən belədir: tələsiyənlər
    Xeyirdən daha çox qazanar zərər.
    Bir də ki, hamıdan ağa olmayır,
    Hər nökər ağaya sadiq qalmayır.
    Sonra biləcəksən: vardır çoxları
    -Atır insanlığı, adı, vüqarı,
    Qul olur, işləyir zillət çəkərək,
    Qazancın nə olur? Bir qarın yemək.
    Qocalan kimi də işdən atılır,
    Yazıq nə almır, nə de satılır.
    Bəzisi də var ki, girir min dona,
    Etibar edirlər hər yerdə ona.
    Dolanır mülayim, gəzir səmimi
    Arzuya, niyyətə çatana kimi.
    İşləyir, çalışır, yaxşı ad alır,
    Ağanın gözündə qalxır, ucalır.
    Bir sözlə, möhkəmcə tutur özünü.
    Mən belə adamam, deyim düzünü.
    İnan adın kimi buna, Rodriqo,
    Qoy mən ərəb olum, olmayım Yaqo.
    Mən özümə xidmət edirəm, inan,
    Göylər hakimimdir mənim hər zaman.
    Qəlbimdə gizlənən niyyətim vardır,
    O mənə güc verən bir ilk bahardır.
    Nə məhəbbət üçün, nə də iş üçün
    Onun qulluğunda durmaram bir gün.
    Məqsədim aydındır, budur məsələ,
    Sən əsl Yaqonu görmürsən hələ.
R o d r i q o.
    Əgər dəvədodaq bar dərsə qızdan,
    Səadət gölündə üzəcək, inan.
Y a q o.
    Qocanı çağırıb tezcənə oyat,
    Şirin yuxusuna kəskin zəhər qat.
    Sən elə çağır ki, hamı eşitsin,
    Boğsun dostlarmı qəzəb, hiddət, kin.
    Çirkinin gözəlsə orda sabahı,
    Yeminə milçək sal, qaçsın iştahı.
    İyrənc, qotur sözlər qisməti olsun,
    Sevinci dağılsın, kefi pozulsun.
R o d r i q o.
    Qocanın evidir, görürsən, budur.
    Ucadan çağırın, necə doğrudur?
Y a q o.
    Çağır iniltiylə, acı fəryadla,
    Qulağı, ürəyi dağlayıb odla.
    Sən elə çağır ki, dəhşətli, çılğın,
    Elə bil, şəhəri bürüyüb yanğın.
R o d r i q o.
    Ey, ey, Brabansio, Brabansio u...
Y a q o.
    Ehey, Brabansio, oğru var, oğru.
    Oyanın, ayılın, baxın, hanı qız,
    Malınız, pulunuz, qızıllarmız...
    Brabansio yuxarıda pəncərədən görünür.
B r a b a n s i o.
    Nə olub, nə olub, bu hay-küy nədir?
R o d r i q o.
    Senyor, ailəniz - hamı evdədir?
Y a q o.
    Bağlıdırmı bütün qapılarınız?
B r a b a n s i o.
    Nədir məqsədiniz? Tez deyin yalnız.
Y a q o.
    Geyinin xalatı, hörmətli ata,
    Sizi talayıblar siz yata-yata.
    Qəlbinin parası gedib əlindən,
    İndicə, indicə, necə deyim mən,
    Bir qoca qara qoç alıb iyini,
    Aparıb, gizlədib ağ əmliyini.
    Tələsin, tələsin, elə bu saat
    Hay salın, yuxudan dursun camaat.
    Gedin qızınıza eyləyin kömək,
    Yoxsa şeytan sizi baba edəcək.
B r a b a n s i o.
    Bu nədir, deyəsən, dəli olubsuz?
    Kimsiniz, nəçisiz bura dolubsuz?
R o d r i q o.
    Səsimdən bilmədiz? Mənəm, oyam, o..
B r a b a n s i o.
    Söyləyin kimsiniz?
R o d r i q o.
     Adım Rodriqo.
B r a b a n s i o.
    Ah... Yaramaz, sənsən, rədd ol, görünmə,
    Gəlib bu yerlərdə bir də sürünmə.
    Sənə demədimmi boynunu az bur?!
    Sənə veriləsi məndə qız yoxdur.
    Başıboş, qarnıtox, yoxmuş səndə ar,
    İçibsən, keflisən, bir utan, qızar.
    Yelbeyin, unutdun inadlığımı,
    Gəlib yenə pozdun rahatlığımı.
R o d r i q o.
    Ah, senyor!
B r a b a n s i o.
    Düşün ha vəziyyətimi,
    İşimi, gücümü, xasiyyətimi.
    Sənə ağır olar bu haqq, bu hesab.
R o d r i q o.
    Dayanın, dinləyin, hörmətli cənab.
B r a b a n s i o.
    Oğurluq, quldurluq deyirsiz, hanı?
    Səhra zənn edirsiz yoxsa buranı?
    Bura Venesiyadır, görsün gözünüz,
    Yalandır, böhtandır hər bir sözünüz.
R o d r i q o.
    Əziz Brabansio, inanm buna -
    Bizim qəlbinızin saf olduğuna.
Y a q o.
    Siz elə tərssiniz, işdir, desək biz:
    Haqqa dua edin, etməyəcəksiz.
    Biz gəldik ki, sizə xidmət eyləyək,
    Dələduz sayıldıq amma, neyləyək.
     (Həyasızcasına)
    Ayğır qızınızı qucacaq sizin,
    Tez olun, tez onu axtarın, gəzin.
    İndidən, indidən tədbir görün siz,
    Yoxsa kişnəyəcək nəvələriniz.
    Ruhunuz əbədi alçalacaqdır,
    Nəsliniz daima at olacaqdır.
B r a b a n s i o.
    Nə namus, nə qeyrət yoxmuş ki səndə.
Y a q o.
    Bunu görənlərin biriyəm mən də.
    Mavr qızınızla, ah, deyim necə,
    Qızışıb heyvanlıq edir bu gecə.
B r a b a n s i o.
    Sus daha, sus dedim, əclaf, əxlaqsız.
Y a q o.
    Siz senatorsunuz.
B r a b a n s i o.
    Rodriqo, yalnız
    Bu işə sən cavab verməlisən, bil.
R o d r i q o.
    Həqiqət heç zaman çəkinən deyil.
    Lakin istəyirəm bunu biləm mən:
    Sizin arzunuzmu bu işlər, görən?
    Gözəllər gözəli o şux qızınız
    -Yeganə varınız, arzularınız
    Gecənin yarısı eyləyib cürət,
    Yanında bir nökər - qaçıbdır xəlvət.
    Atıbdır özünü, nə deyək buna,
    O kobud ərəbin çirkin qoynuna.
    Bəlkə də, nə deyim, sizindir qərar,
    Onda bağışlayın, bizik günahkar.
    Əgər olmayıbsa bir xəbəriniz,
    Onda yersiz sayın töhmətləri siz.
    İnanın, bir yalan yoxdur sözümdə,
    Hər vaxt böyüksünüz mənim gözümdə.
    Qızınız, yenə də deyirəm sizə,
    Əgər baxmayıbsa sözlərinizə,
    Sizin arzunuza qarşı çıxaraq
    Əslini, nəslini tapdalayıb, bax.
    Ağlı, gözəlliyi alçaldıb... Aman!
    Səfıl bir ərəbə eylədi qurban.
    Durmayın, axtarın, yandırın, yaxın,
    Yataq otağına, hər yana baxın.
    Əgər sözlərimdə varsa bir yalan,
    Qanun qarşısında hazıram hər an.
B r a b a n s i o.
    Tez olun, car çəkin, hamı oyansın,
    Menə şam gətirin, məşəllər yansın.
    Ürəyim partlayır, darıxıram, ah,
    Yuxum doğru çıxır, nəymiş bu günah?
    Gedir.
Y a q o.
    Artıq getməliyəm, hələlik, sağ ol,
    Həmişə düşün ki, budur doğru yol.
    Əsgərəm, hüququm, ixtiyarım az,
    Ona şahid durmaq mənə yaramaz.
    Taqsırı azaldar şərait özü,
    Ona ağır cəza verməzlər, düzü.
    İndi lazımlıdır Otello yaman,
    Kiprdə vuruş var, dizə çıxır qan.
    Döyüşdə onuntək ağıllı, rəhbər
    İkinci bir nəfər yoxdur deyirlər.
    Mən ona düşmənəm, söylədim bayaq,
    Vəziyyət dostuyam onunla ancaq.
    Orda onunlayam, yaxşı düşün bir,
    Qocanı götürüb oraya gətir.
    Brabansio gecə paltarında, nökərlər əllərində məşəl evdən çıxırlar.
B r a b a n s i o.
    Xəyanət, cinayət, biabırçılıq,
    Dözülməz müsibət: qız yoxdur artıq.
    İtdi, ləkələndi ata zəhmətim,
    Düşdü ayaqlara adım, hörmətim.
    Acı, zəhər oldu ömrümün sonu.
    Rodriqo, de, harda görübsən onu?
    Onunla - ərəblə bir yerdəydilər?
    Kim baba olacaq, nədir bu xəbər?
    Sən necə bildin ki, o həmin qızdır?
    Mənmi aldanmışam, əqlə sığmazdır?!
    O senə nə dedi, de, bilsin hamı.
    Get, get, tez ol, oyat qohumlarımı.
    Rodriqo, nə olub, ah, bir danış sen,
    Onlar evləndilər, necə bilirsən?
R o d r i q o.
    Bəli, həqiqətən, elədir ki, var.
B r a b a n s i o.
    Ya rəbb, ulu göylər, nəydi bu qərar?
    Atayam, yanıram, bir də, bir də, ax,
    Qız olan bəndəyə necə inanaq?..
    Qanım ürəyimə xəyanət etmiş,
    Yox, yox, bu düz deyil, o necə getmiş?!
    Qızlığı, gəncliyi təhqir eyləyən
    Bir cadu dolanır burda, deyəsən.
    Rodriqo, de görüm, bu iş asanmı?
    Buna bənzər bir şey oxuyubsanmı?
R o d r i q o.
    Bəli, oxumuşam lap köhnələrdən.
B r a b a n s i o.
    Çağır qardaşımı, dayanma, tərpən.
    Əzəldən işimi mən özüm əydim,
    Gərək, gərək onu sənə verəydim.
    Söylə, bilirsənmi, Rodriqo, barı,
    Gedib harda tapa billik onları?
R o d r i q o.
    Taparam, getsəniz mənimlə əgər,
    Həm də götürsəniz silahlı əsgər.
B r a b a n s i o.
    Yalvarıram, gedək, səfər uzaqdır,
    Getdikcə qüvvəmiz çoxalacaqdır.
    Götürək silah da, çoxlu əsgər də,
    Çağıraq, toplansın keşikçilər də.
    Tez gedək, Rodriqo, çəkək bir əncam,
    Hörmətinə qarşı borclu qalmaram.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Yenə Venesiya, başqa bir küçə. Otello, Yaqo və nökərlər əllərində məşəl daxil olurlar.
Y a q o.
    Davada gözlərim qanla dolsa da,
    Çoxları zərbəmə hədəf olsa da,
    Bir an unutmadım vicdanımı mən,
    Bir qətl, bir cəza etmədim qəsdən.
    Ədalət qoluma verdi güc-qüvvət.
    Səkkiz- doqquz dəfə düşsə də fürsət,
    Xəncərin ağzını eyləmədim qan,
    Keçirmədim onun qabırğasından,
    Böyrü, bağırsağı rahatlana bir.
O t e 11 o.
    Olmuş olacaqdan daha gözəldir.
Y a q o.
    Yox, canım, dayanıb səbir etmək olar,
    Əclaf, çirkin sözlər dedi o ki var.
    Sizdəki şöhrətə kəc baxdı gözü,
    Az qalmışdı onu öldürəm, düzü...
    Yaxşı, deyin görüm, bəxtiniz yarmı?
    Sizi hifz edəcək bir qüvvə varmı?
    Axı, qayınatanız çox inadkardır,
    Hersoqa bərabər hörməti vardır.
    Sözü sayılandır, mənsəbi yüksək,
    Qanun o deyəni təsdiq edəcək.
    Sizi qəm teştində qovuracaqdır,
    Bəxtini kül edib sovuracaqdır.
O t e l l o.
    Qoy nə edir etsin, fəqət qulaq as,
    Həqiqət heç zaman pərdədə qalmaz.
    Gördüyüm dəyərli, böyük xidmətlər
    Onun sözlərini eyləyər hədər.
    Bir də, lazım gəlsə, hər bir şeyi mən
    Senata söylərəm heç çəkinmədən.
    Deyərəm: işimlə gülür səhərim,
    Bu xoşbəxt taleyə çatır dəyərim.
    Sevirəm, duyuram Dezdemonanı,
    Bizi ayıracaq bir qüvvə hanı?
    Keçdim onun üçün azadlığımdan,
    Çərçivə içində yaşadım hər an.
    Yoxsa dövlət üçün, şan-şöhrət üçün,
    İnan, bu yerlərdə qalmazdım bir gün.
    Bir bax, işıq gəlir, görəsən nədir?
Y a q o.
    Qızın atasıdır, dəhşətə bax bir!
    Kin töküb üstünə qışın qarını,
    Toplayıb başına adamlarmı.
    O sizi axtarır, evə keçin siz,
    Lap yaxşı olar ki, görünməyəsiz.
O t e l l o.
    Yox, yox, mən heç yana getməməliyəm.
    Onlardı, çox yaxşı, gəlsinlər, nə qəm.
    Xidmətim, şöhrətim, təmiz vicdanım
    Məni qoruyacaq, gəlir gümanım.
    Gələn onlardımı?
Y a q o.
    Hər şey olub sirr,
    Yanusa and olsun, onlar deyildir.
    Kassio və bir neçə zabit əllərində məşəl daxil olurlar.
O t e l l o.
    Yavərim, zabitlər, xoş gördük, dostlar.
    Gecəniz uğurlu, söyləyin, nə var?
K a s s i o.
    Hersoq əmr verib: axtaraq sizi,
    Təcili istəyir gəlməyinizi.
O t e 11 o.
    Belə tez-tələsik, xeyirmi, görən?
K a s s i o.
    Nəsə Kiprdəndir, zənn edirəm mən.
    Gəmilər nə durur, nə də dincəlir,
    Birbəbir, dalbadal elçilər gəlir.
    Bütün senatorlar toplaşıbdılar,
    Sizi çağırmağa verdilər qərar.
    Evdə olmadınız, getdilər bir də,
    Tapa bilmədilər sizi heç yerdə.
    Senat əmr elədi gəzək hər yeri,
    Sizi tapmayınca dönməyək geri.
O t e l l o.
    Axır ki, tapdınız. Yaxşı, nə edək?
    Hara istəyirsiz, buyurun, gedək.
    Ancaq tələsməyin, bir evə dəyim,
    Bir kəlmə sözüm var, onu söyləyim.
    Gedir.
K a s s i o.
    Nədir bu yerlərdə saxlayan onu.
Y a q o.
    Yağlı bir tikədir bağlayan onu.
    Qanuni olarsa əgər bu şikar,
    Bütün ömrü boyu olar bəxtiyar.
K a s s i o.
    Heç nə anlamadım.
Y a q o.
    O evlənibdir.
K a s s i o.
    Kiminlə?
Y a q o.
    Kiminlə? Taleyə bax bir,
    Bir qız ki...
     (Otello qayıdır).
    Kapitan, gedəcəksiniz?
O t e 11 o.
    Sizinlə bir yerdə gərək gedək biz.
K a s s i o.
    Başqa bir dəstə də axtarır sizi.
Y a q o.
    Brabansiodur, general, düzü.
    Ehtiyatlı olun, niyyəti pisdir,
    Döyüşə, vuruşa yaman hərisdir.
    Brabansio, Rodriqo və məmurlar əllərində məşəl və silah tutmuş halda daxil olurlar.
O t e l l o.
    Dayanın!
R o d r i q o.
    O mavrdır.
B r a b a n s i o.
    Tutun oğrunu!
     (Hər iki tərəf qılınclarını siyirirlər).
Y a q o.
    Rodriqo, sənləyəm, unutma bunu.
O t e l l o.
    Çox da tələsməyin, səbir edin bir az,
    Hər zaman vuruşmaq faydalı olmaz.
    Parlaq qılıncları saxlayın, yoxsa
    Şehlənər, paslanar, batarıq yasa.
    Senyor, bir düşünün, yaşınızla siz
    Silahdan daha çox əmr edərsiniz.
B r a b a n s i o.
    Oğruların pisi, ən vicdansızı,
    Söylə, gizlətmisən harada qızı?
    Səni lənətə gəl, qurd kimi inlə,
    Məhv etdin balamı sehrlərinlə.
    Bu cür olmasaydı, inanmıram mən:
    Heç vaxt ər haqqında fikirləşməyən
    Mənim qəşəng qızım - o zərif çiçək
    Gözəl cavanları rədd eyləyərək,
    Əslini, nəslini tapdayıb belə,
    Atıb var - dövləti, düşməzdi çölə.
    Güldürməzdi mənə yaxını, yadı,
    Cadu zənciriylə bağlanmasaydı.
    Uymazdı sən kifrin alçaq oynuna.
    Atılmazdı qorxunc, hisli qoynuna.
    Ağlı zəiflədən əfsununla sən
    Gəncliyi, saflığı təhqir etmisən.
    Yalan deyirəmsə bircə kəlməni,
    Dünya mühakimə eyləsin məni.
    Ölkədə cadu var, yoxdur buna şekk,
    Senatda bu işə baxılsın gərək.
    Qanun belə işi etmiş qadağan,
    Odur ki, deyirəm qanun adından:
    Tutun, tutun onu, təslim olmasa,
    Yumşaldın, qan qussun hey kasa-kasa.
O t e l l o.
    Dayanın, cənablar, dayanın bir az,
    Kişilər hər yerdə qılınc oynatmaz.
    Qoy hamı bilsin ki, döyüş zamanı
    Mən yaxşı seçirəm dostu, düşmanı.
    Düzdür, günahkaram, bunun üçün siz
    Hara getməyimi istəyirsiniz?
B r a b a n s i o.
    Hara getməyini? Dustaqxanaya,
    Boylan həsrət-həsrət Günəşə, Aya.
    Qanun qarşısında çağrılanadək
    Öyrən öz yerini zillət çəkərək.
O t e l l o.
    Əgər qulaq assam, düzgün olarmı?
    Hersoq bu işlərdən razı qalarmı?
    Baxın qasidlərə, gözləyir məni,
    Sizə söyləyirəm onlar deyəni:
    Təcili, çox vacib dövlət işi var,
    Məni aparmağa gəlibdir onlar.
B i r i n c i z a b i t.
    Doğrudur, əmr var bizdə bu haqda,
    Müşavirədədir indi hersoq da,
    Hamı oradadır, budur vəziyyət.
    Adam göndəriblər sizə də, əlbət.
B r a b a n s i o.
    Necə? Nə dediniz?
    Hersoq, yığıncaq.. Gecənin bu vaxtı onu
    buraxmaq...
    Mənim bu işlərim gərəksiz deyil,
    Bütün senatorlar, hersoq özü, bil,
    Bu işə bir əlac etməsə əgər
    Ölkəni bürüyər belə təhqirlər.
    Payız yarpağıtək adımız solar,
    Qara qullar bizə hökmdar olar.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Senat şurasının iclas salonu.
    Hersoq və senatorlar stol ətrafında əyləşiblər.
     Burada məmurlar da var.
H e r s o q.
    Adadan dolaşıq xəbər almışıq,
    Ona görə belə çaş-baş qalmışıq.
B i r i n c i s e n a t o r.
    Elədir, ağıla batmayır bu iş:
    Deyirlər yüz yeddi gəmi düzəlmiş.
H e r s o q.
    Mənim məktubumda yüz qırx yazırlar.
İ k i n c i s e n a t o r.
    Məndə iki yüzdür, nədir bu miqdar?
    Hesab başqa-başqa, uyğunluq hanı?
    Qarmaqarışıqlıq tutub dünyanı.
    Belə hallarda da güman, düşüncə
    İnsanın beyninə verir işgəncə.
    Bircə şey dəqiqdir: türk orduları
    Durmadan yeriyir Kiprə sarı.
H e r s o q.
    Hələ ki, hesaba inanmaq olar,
    Bu kiçik səhvlərdə dəhşətli nə var?!
    Böyük səhvlərə verməyək imkan,
    Əsas məsələdir məni qorxudan.
Q a s i d.
    Ehey, təzə xəbər, səs verin mənə.
B i r i n c i m ə m u r.
    Qasiddir, adadan gəlibdir yenə.
    Qasid daxil olur.
H e r s o q.
    Danış, nə xəbər var?
Q a s i d.
    Düzülüb səf-səf,
    Türklər hazırlaşır
    Rodosa tərəf.
    Senyor Ancelo da əmr etdi ki, mən
    Sizə xəbər verim vaxt itirmədən.
H e r s o q.
    Səmti dəyişməyin mənası nədir?
B i r i n c i s e n a t o r.
    Fikri azdırmağa bir bəhanədir.
    Mənasız deyildir heç də bu qərar,
    Gözdən pərdə asır bununla onlar.
    Bu cür ola bilməz, düşünsək bir az,
    Səbəbsiz bir sınaq faydalı olmaz.
    Arada dolanır nəsə bir yalan.
    Kiprdən əl çəkməz türklər heç zaman.
    Hücuma qalanda Kipri almaq
    Rodosdan asandır, belədir ancaq.
    Rodosda vəziyyət başqadır indi,
    Vuruşmaq, döyüşmək orda çətindi.
    Təcrübəsiz deyil türklər bu qədər -
    Xeyirə göz yumub, qazansın zərər,
    Sakit həyatında tufan yaratsın,
    Özünü atəşə, alova atsın.
H e r s o q.
    Bəli, getməyirlər onlar Rodosa.
B i r i n c i m ə m u r.
    Başqa yeni xəbər- aydın və qısa.
    Qasid daxil olur.
Q a s i d.
    Hörmətli cənablar, əziz ağalar,
    Türklərə yol verdi coşqun dalğalar.
    Rodosa çataraq böyük bir səylə,
    Orda birləşdilər başqa qüvvəylə.
B i r i n c i s e n a t o r.
    Belə düşünürdüm mən də əzəldən,
    Hazırlıq necədir, bunu söylə sən?
Q a s i d.
    Otuz gəmi vardı, deyirəm qəti,
    Onlar dəyişiblər istiqaməti,
    Kiprə yollanıblar, deyəsən birbaş.
    Senyor Montano da qəlbində təlaş,
    Məni göndərdi ki, söyləyim dərhal
    Kipr düşmənlərdən çəkməsin zaval!
H e r s o q.
    Məsələ aydındır, düzdür xəbər də,
    Bəs Markus Lukikos yoxmu şəhərdə?
B i r i n c i s e n a t o r.
    Florensiyadadır.
H e r s o q.
    Yazın ki, gəlsin,
    Vaxtı qiymətlidir indi hər kəsin.
B i r i n c i s e n a t o r.
    Odur Brabansio və igid Mavr
    Gəlirlər buraya, görən nə vardır?
    Brabansio, Otello, Yaqo, Rodriqo və zabitlər daxil olurlar.
H e r s o q.
    General, qərara almışıq ki, biz,
    Türklərlə döyüşə siz gedəsiniz.
     (Brabansioya).
    Alicənab senyor, xoş gördük sizi,
    Dinləmək istərəm məsləhətinizi.
    Gəlin, siz fıkrimdə yandırım bir şam,
    Köməyiniz gərək bizə bu axşam.
B r a b a n s i o.
    Meni bağışlayın, tükənib sözüm,
    Ehtiyac içində qalmışam özüm.
    Nə yerim, nə işim, nə də vəzifəm
    Məni qaldırmayıb yuxudan bu dəm.
    Hökumət işləri olsa da əsas,
    Qəlbimi dağlayır intiqam, qisas
    Dərdim duman kimi tutub hər yanı,
    Zülmətdən gözlərim görmür dünyanı.
    Qüssəm qüssə deyil, bir ağır yükdür,
    Onun qarşısında hər şey sönükdür.
H e r s o q.
    Söyləyin, nə olub?!
B r a b a n s i o.
    Of, qızım, qızım!
H a m ı.
     Ölübdür?
B r a b a n s i o.
    Nə deyim, soldu murazın.
    Bəli, mənim üçün o yoxdur daha.
    Ləkə ucuz olub, ölümsə baha.
    Qızım ləkələnib, oğurlanıbdır,
    Cadugər əliylə oda yanıbdır.
    Yoxsa təbiətən ağıllı bir qız
    Evdən heç bayıra çıxarmı yalqız
    Huş alıb, qəlb satıb burda sehrbaz,
    Belədir, belədir, başqa cür olmaz.
H e r s o q.
    Bu mənfur hərəkət buzdan soyuqdur,
    Qoy kim olur olsun, bir fərqi yoxdur,
    Qızlıq zinətini tapdalayan kəs Cəzasız,
    əzabsız yaşaya bilməz.
    Qanun kitabını açıb oxu sən,
    Qəti sərəncam ver nə vaxt istəsən.
    İstər oğlum olsun, çəkinmə gerçək,
    Qanun öz hökmünü göstərsin gərək.
B r a b a n s i o.
    Ürəkdən təşəkkür edirəm sizə,
    Borcluyam əvəzsiz hörmətinizə.
    O adam mavrdır, özü də budur,
    Sizə nə demişəm - hamısı doğrudur.
    Görünür burada bambaşqadır iş,
    Sizin əmrinizlə buraya gəlmiş.
H a m ı.
    Nə qədər acıdır, bəddir bu xəbər!
H e r s o q (Otelloya).
    Otello bu işə nə deyə bilər?
B r a b a n s i o.
    Cidanı çuvalda gizlətmək olar?!
O t e l l o.
    Hörmətli, izzətli, şanlı ağalar,
    Möhtərəm senyorlar! Deyirlər ki,
    mən Qaçırmışam onun qızını dünən.
    Bəli, bu doğrudur. Evlənmişik biz,
    Bütün günahlarım budur, şübhəsiz.
    Məni bağışlayın həddi keçməkdə...
    Acizəm mən incə sözlər seçməkdə,
    Nitqim çox kobuddur, qabadır mənim.
    Hərbi düşərgələr olmuş məskənim.
    Ta yeddi yaşımdan bu günə qədər,
    Dilimə yad olmuş mehriban sözlər.
    Xoş söz de bilirəm sülh haqda bir az,
    Onu da hər yerdə danışmaq olmaz.
    Dünya haqqında da danışsam, ancaq
    Sözlərim yenə də hərbdən olacaq.
    Odur ki, istərəm icazənizlə,
    Sevgi tarixçəmi bir neçə sözlə
    Sizə nəql eyləyəm düzgün, boyasız.
    Biləsiniz nədir arzum, muradım,
    Necə yaradılıb sehrim, cadum,
    Hansı ovsunumla tilsimlənib qız?
B r a b a n s i o.
    Təbiətən belə cürətsiz, qorxaq,
    Sözünü deməyə aciz, utancaq
    Bir qız birdən atıb ləyaqətini,
    Hissini, qəlbini, lətafətini,
    Eybəcər bir divi sevə bilərmi?!
    Qorxduğu iblisdən sevgi dilərmi?!
    Belə düşünülsə, bu yanlış olar,
    Burda cəhənnəmin iblis möhrü var.
    Təbii qanunlar pozulur burda,
    Bundadır ən böyük dərd də, qüsur da.
    Ölkədə cadu var, cadu var gerçək,
    Həqiqət aranıb tapılsın gərək.
    Qızım sehrbaza olubdur dustaq,
    Mən zamin dururam, belədir ancaq.
H e r s o q.
    Hələ zamin durmaq olduqca azdır,
    Əsasın, dəlilin inanılmazdır.
    Bununçün əsaslı sübut gərəkdir,
    Biz nədən bilək ki, sözün gerçəkdir.
B i r i n c i s e n a t o r.
    Otello, de görək, doğrudanmı sən
    O qızın ruhunu zəhərləmisən?
    Eşqinə, hissinə qurubsan tələ,
    Sehrlə qəlbini almısan ələ?
    Yoxsa aranızda ünsiyyət olmuş,
    Danışıq, barışıq, məhəbbət olmuş.
O t e l l o.
    Xahiş eyləyirəm, bir nəfəs dərin,
    Qızın arxasınca adam göndərin.
    Gəlib özü desin hər şeyi sizə,
    Ləkəli görünsəm gözlərinizə,
    Rütbəmi, işimi almayın yalnız,
    Alın canımı da, vardır haqqınız.
H e r s o q.
    Gətirin buraya Dezdemonanı!
O t e l l o.
    Yaqo, özün göstər mehmanxananı.
     (Yaqo xidmətçilərlə çıxır).
    İndi qız gəlincə, sizə birbəbir
    Danışım günahım, təqsirim nədir.
    Necə olmuş - onu cəlb etmişəm mən,
    Necə olmuş - məni sevmiş o süsən?
    Bizi hansı qüvvə bağlamış belə?
H e r s o q.
    İndi söz sənindir, Otello, söylə.
O t e l l o.
    O qızın atası göstərib hörmət,
    Məni tez -tez evə edirdi dəvət.
    Onun istəyiylə danışırdım mən
    Ömrümün əzablı, nəhs illərindən,
    -Mühasirələrdən, vuruşmalardan,
    Çəkdiyim zillətdən, çarpışmalardan,
    Taleyin zülmündən, dönüklüyündən,
    Ölümlə döş-döşə gəldiyim gündən.
    Uşaqlıq vaxtından bu günə kimi
    Bir-bir nəql edirdim gördüklərimi:
    Qanlı, qırğınları, fəlakətləri,
    Quruda, dənizdə müsibətləri.
    Məni sındırmayıb nədən işgəncə,
    Kəfənimi yırtıb çıxmışam necə?
    Əsirtək zindana atılmağımı,
    Qul kimi bazarda satılmağımı,
    Azad olmağımı... Sayırdım bir-bir
    Davada başıma nələr gəlibdir.
    Deyirdim sehrli uzaq ellərdən,
    Zülmət zağalardan, odlu çöllərdən,
    Müdhiş dərələrdən, müdhiş bağlardan,
    Zirvəsi göylərə dəyən dağlardan,
    Çiyini başından yuxarı durmuş,
    Bədheybət, bədniyyət, azğın, qudurmuş,
    Adam parçalayan vəhşi insandan,
    Bir-birini yeyən hər bir heyvandan.
    Sözlərim cəlb etdi Dezdemonanı,
    Qəlbən dinləyirdi qorxunc dastanı.
    Ev işi çəksəydi qızı qırağa,
    Çalışırdı onu tez qurtarmağa.
    Qayıdıb yenidən qulaq asırdı,
    Mənim söhbətimə marağı vardı.
    Xeyli davam etdi bu qəmli söhbət,
    Bir gün xahiş etdi məndən o afət:
    Başıma gələni danışım bir də,
    Olmuşam harada, hansı yerlərdə?
    Əvvəldən axıra söyləyim tamam,
    Çünki eşitməyib hekayəmi tam.
    Sevinib bu işə, söylədim mən də.
    Dərdli gəncliyimdən söhbət edəndə
    Kədərli gözləri tez - tez yaşardı.
    Elə ki, hekayəm, bitdi, qurtardı,
    Dərindən ah çəkdi, and içdi hətta,
    Dedi: belə kədər olmaz həyatda.
    Bu cür həyat olar, buna dözər kim?
    Kaş ki, bunu heç vaxt eşitməyəydim!
    Kişi yaranaydım ya da sənintək.
    Halıma acıyıb yandı o mələk.
    Birdən söylədi ki, bir dostun varsa,
    Əgər mənə qəlbən aşiq olarsa,
    Sənin həyatım sənin dilinlə
    Danışıb fəth etsin qoy məni belə.
    O qızdan bunları eşidən kimi,
    Ona heyran olub açdım qəlbimi.
    O sevdi çəkdiyim məşəqqət üçün,
    Mən sevdim gördüyüm mərhəmət üçün
    Budur işlətdiyim yeganə əfzun,
    Qız gəldi, göy özü şahidim qlsun...
    Dezdemona Yaqo və xidmətçilərlə daxil olur.
H e r s o q.
     (Brabansioya)
    Əziz dost, dinləsə belə nağılı,
    Mənim qızımın da gedər ağılı.
    Çox da ürəyinə salma bu işi,
    Gərək bərk ayaqda səbr etsin kişi.
    Sınmış silahını atıb bir yana,
    Boş əllə girərmi insan meydana?
B r a b a n s i o.
    Xahiş eyləyirəm qızı dinləyək:
    Desə ki, zərrəcə sevibdir ürək,
    Başıma daş yağsın, taleyimə bax!
    Mavrı qınamışam, deməli, nahaq.
    Qızım, yaxına gəl, söylə, burda sən
    Kimə daha artıq hörmət edirsən?
D e z d e m o n a.
    Mənim əziz atam, aydındır suçum,
    Bu gün ikiləşib, bilirəm, borcum.
    Sən mənə vermisən həyat, tərbiyə,
    Mən sənə borcluyam qızınam deyə.
    Fəqət ərim vardır. Nə deyim buna,
    Öz ata borcunu ərin borcuna
    Dəyişdi anam da bir vaxt, bir zaman,
    Artıq hörmət etdi sənə hamıdan.
    Borcumu dəyişdim mən də anamtək,
    Mavra - öz ərimə tabeyəm demək.
B r a b a n s i o.
    Haqq sənə yar olsun. Sözüm bu qədər.
    Dövlət işlərinə, zati-alilər...
    Onun əvəzinə, kaş ki, əzəldən
    Özgə uşağını saxlayaydım mən.
    Ey Mavr, xoşbəxt ol, yaxma gəl bir,
    Apar sərvətimi, daha sənindir.
    Mən deyən olsaydı, yaxşı bil bunu,
    Sən onu görməzdin ömrün uzunu.
    Sənsə, ey daş-qaşım, qulaq as mənə,
    Şadam ki, olubdur qızım yeganə.
    Müstəbid edərdi məni qaçmağın,
    Bir bacın olsaydı, onun ayağın
    Qandala salardım, buxovlayardım.
    Artıq sözüm yoxdur, artıq qurtardım.
H e r s o q.
    Bir məsləhət deyim, izin verin siz,
    Bəlkə, cavanları əfv edəsiniz.
    Ox gedib, geriyə dönməyəcəkdir.
    Hər vaxt cavanlara qayğı gərəkdir.
    O şey ki, olubdur, unutmaq gərək,
    Əzabdan, bəladan qurtarsın ürək.
    Çarəsiz dərd ilə yansaq dünyada,
    Daha ağır dərdlə qurtarar o da.
    Keçmiş müsibətlə alışmaq, yanmaq
    Yeni müsibətlər törədər ancaq.
    Hər əlacsız dərdin bir əlacı var,
    Dərdi unutmaqla sağaltmaq olar.
B r a b a n s i o.
    Olan olub deyə, onda biz gərək
    Kiprdən əl çəkib, türklərə verək.
    Qəlbində kədəri, qəmi olmayan
    Belə hikmətlərə bağlayar güman.
    Mənimtək səbri tükənən kəslər
    Şirin təsəlliyə ümidmi bəslər?
    Sözlər həm şirindir, həm də ki acı,
    İkimənalıdır, yoxdur əlacı?
    Sözlərdən yaraya bir məlhəm olmaz,
    Ürəyin yarası sözlə sağalmaz.
    Xahiş eyləyirəm, odur ki, yalnız
    Dövlət işlərinə başlayasınız.
H e r s o q.
    Böyük qüvvə ilə türk orduları
    Hərəkət eyləyir Kiprə sarı.
O t e l l o
    Kiprlə tanışsan özün,
    Gərək ki, getməyə olmasın sözün.
    Qalaya başçıdır igid bir sərdar,
    Onun hörməti var, ləyaqəti var,
    Ancaq bu zəfəri həll etmir qəti,
    Sərdara gərəkdir döyüş şöhrəti.
    Məclis qərar verib, düşünmüşük biz,
    Qalaya başçılıq siz edəsiniz.
    Hazırlaş səfərə, hökm edir həyat,
    Təzə sevincinə yeni kədər qat.
O t e l l o.
    Cənablar, ağırdır vəhşi adətim,


    Dəyişib davada öz təbiətim.
    Daş kimi sərt olan döyüş yatağı
    Görünür yumşaq bir döşək sayağı.
    Ömrümü keçirib mən əziyyətdə,
    Bir sevinc tapıram hər məşəqqətdə.
    Xoşdur təklifıniz ona görə də,
    Hazıram türklərlə döyüşlərə də.
    Fəqət acizanə bir xahişim var,
    Bu ali məclisdə siz verin qərar:
    Bir mənzil versinlər arvadım üçün,
    Maaş da, kəniz də, nə olsa mümkün.
    Bir ləkə gəlməsin ləyaqətinə,
    Layiq olsun əsil-nəcabətinə.
H e r s o q.
    Qoy qalsın hələlik ata evində.
B r a b a n s i o.
    Mən razı deyiləm.
O t e 11 o.
    Mən də.
D e z d e m o n a.
    Ah, mən də.
    Atamın gözləri gördükcə məni
    Yadına salacaq olub-keçəni.
    Qanı qaralacaq, əzab çəkəcək.
    Ey möhtərəm hersoq, siz edin kömək,
    Mümkünsə, lütf edin, məni dinləyin!
H e r s o q.
    Söylə, Dezdemona, nədir diləyin?
D e z d e m o n a.
    Mən Mavrı sevdim ki, çəkib dərd, bəla.
    Hər zaman, hər yerdə qalım onunla.
    Bütün aləm bilir artıq bu işi,
    Məni oda atıb bəxtin gərdişi.
    Onun mərdliyinə məftun olmuşam,
    Onun eşqi ilə çırpınan quşam.
    Onun gözəlliyi öz mərdliyidir,
    Ağlı, kamalıdır, comərdliyidir,
    Bəxtimi bağladım onun bəxtinə,
    O cəbhəyə getsə, mən nə edim, nə?
    Necə evdə qalım güvətək rahat,
    Sevgisiz ürəyim heç olarmı şad?
    Hicrandan əzizdir mənə təhlükə,
    İzin verin, gedim onunla birgə.
O t e l l o.
    Şanlı senatorlar, budur tək ricam,
    Onun arzusuna eyləyin əncam.
    Göylər şahiddir ki, öz eşqim üçün
    Mən xahiş etmirəm, bu deyil mümkün.
    Deməyin ki, qıza bağlanar, qalar,
    Əyləncəyə uyar, şəhvətə dalar.
    Könlümü oxşamaz məstlik, xumarlıq,
    Cavanlıq hissləri keçibdir artıq.
    Allah eləməsin, şəhvətə uysam,
    Dövlət işlərini kənara qoysam,
    Mənim dəbilqəmi evdar qadınlar
    Qoy tava etsinlər, olum rüsvay, xar.
H e r s o q.
    Siz necə deyirsiz, elə də olsun,
    İstəyir qız getsin, istər qalsın.
    Fəqət hadisələr gözləmir bizi,
    Hökm edir təcili getməyinizi.
B i r i n c i s e n a t o r.
    Yola düşəsiniz gərək bu gecə.
O t e 11 o.
    Ürəkdən razıyam, elə indicə...
H e r s o q.
    Otello, siz gedin, uzaqdır səfər,
    Ancaq təyin edin, qalsın bir nəfər,
    Bizim əmrimizi çatdırsın sizə.
    Biz də ki, dağılaq evlərimzə.
    Sübh saat doqquzda gəlib yenidən
    Burda görüşərik.
O t e l l o.
    İnanıram mən,
    Yaqo əvəzsizdir, iş qanandır o,
    Namuslu, vəfalı bir insandır o.
    Arxamca gətirər Dezdemonanı,
    Həm də lazım olan əmri- fərmanı.
H e r s o q.
    Çox gözəl, çox gözəl, qoy belə olsun,
    Mən getdim, gecəniz xeyrə qalsın.
     (Brabansioya)
    Hə, möhtərəm dostum, deyim ki, sənin
    Ürəyi gözəldir qara yeznənin.
    Qəlbin gözəlliyi gərək insana,
    Hamı ləyaqətlə çatır ad-sana.
B i r i n c i s e n a t o r.
    Otello, qoruyun Dezdemonanı.
B r a b a n s i o.
    Mavr, sən ayıq ol, düşün bu anı:
    Doğma atasını aldadan bir qız
    Səni də aldadar, qalarsan yalqız.
    Hersoq, senatorlar və məmurlar gedirlər.
O t e l l o.
    Ona inamram varlığım kimi...
    Sənə tapşırıram mən sevgilimi,
    Sədaqətli Yaqo! Budur xahişim,
    Bilirsən, təxirə salınmaz işim.
    Ona zövcən baxsın, eyləsin hörmət,
    Gətir düşən kimi əlinə fürsət.
    Gedək, Dezdemona, gedək, əzizim,
    Bircə saat qalır vaxtımız bizim.
    Yola çıxmaq üçün hazırlıq görək,
    Vaxtın tələbinə baş əymək gərək.
    Otello və Dezdemona gedirlər.
R o d r i q o.
    Yaqo!
Y a q o.
    Nə deyirsən, mənim ürəyim?
R o d r i q o.
    Bilirsənmi, nədir indi istəyim?
Y a q o.
    Bilirəm, yatmalı, dincəlməlisən.
R o d r i q o.
    Özümü dənizə atmalıyam mən.
Y a q o.
    Onda... sonra heç vaxt sevmərəm səni,
    Bir de ki, ay axmaq, nə olub yəni?
R o d r i q o.
    Həyat gətirərsə əzab, işgəncə,
    Yalnız axmaqlıqdır yaşamaq, məncə.
    Ölüm insanlara verirsə şəfqət,
    Neçin dərd içində çəkək əziyyət?
Y a q o.
    Of, sarsaq, başıboş! Bu dünyada mən
    Xeyiri ziyandan seçdiyim gündən
    İyirmi səkkiz il keçir sərasər.
    Görmədim! Görmədim elə bir bəşər
    Özünü sevməyi bacarsın, düzü.
    Desəydim mən sənə əgər bu sözü:
    Bir qızın bəzəkli tumanı üçün
    Özümü dənizə atıram bu gün,
    İnan, dəyişərdi arzum, muradım,
    İnsanlığı atıb, meymun olardım.
R o d r i q o.
    Neyləyim? Dəlitək mən vurulmuşam,
    Bilirəm, aləmdə rüsvay olmuşam,
    Sevgidə elə bil iqtidarım yox.
Y a q o.
    İqtidar! Boş şeydir! Kədərlənmə çox.
    Hər şey asılıdır yalnız tək bizdən,
    Hər şey asılıdır iradəmizdən.
    Bil ki, bədən bağdır, iradə bağban,
    İstər orda gül ək, istər gicitkan,
    İstər dağ nanəsi, istərsə nərgiz
    Onlara baxan da, baxmayan da biz.
    Baxsaq, pərvazlanar fidan içində, tərəzi,
    Bir gözü ağıldır, hisisdir bir gözü.
    Ağlın əksilərsə miqdarı bir az,
    Qana alov salar qızğın ehtiras,
    İtirib həyanı süst-xar olarıq,
    Müdhiş bəlalara düçar olarıq.
    Fəqət bizdə gülür ağlın qüdrəti,
    Salır kəməndinə quduz şəhvəti.
    Odur ki, deyirəm ürəyimizdə
    Məhəbbət puçurdur, qoruyaq biz də.
R o d r i q o.
    Ola bilməz!
Y a q o.
    Ağlın azıbdır yəqin,
    Quduztək gəmirir səni şəhvətin.
    Kişi ol! Özünü boğan naşıdır,
    Pişiyi, küçüyü boğsan yaxşıdır.
    Dostunam, istərəm olasan xoşbəxt,
    Ancaq belə fürsət düşməyib heç vaxt.
    Gərək bu tezliklə güldürəm səni,
    Tələs, tələs, pulla doldur kisəni.
    Bizimlə birlikdə gedək cəbhəyə,
    Yaxınlar, tanışlar bilməsin deyə,
    Süni saqqal taxıb, gizlət çöhrəni,
    Deyirəm ha, pulla doldur kisəni.
    Heç ola bilməz ki, bir düşün sonu,
    Dezdemona sevsin həmişə onu.
    Ərəbin də ondan üzü dönəcək,
    Tez alışan sevgi tez də sönəcək,
    Gur ocaq isitməz heç bir kimsəni,
    Yaxşı-yaxşı doldur pulla kisəni.
    Əzəldən belədir mavr tayfası,
    Onların sevgidə yoxdur vəfası.
    O şey ki, dadlıdır indi bal qədər
    Bir azdan olacaq ən acı zəhər,
    İkrah bürüyəcək onda bədəni,
    Sən doldur, sən doldur pulla kisəni.
    O qız da ərəbdən bezib doyacaq,
    Səhvini dərk edib, aydın duyacaq.
    Bir gün eyləyəcək ona xəyanət,
    Gəzəcək gənclərlə gizlicə, xəlvət.
    Belədir, belədir, başa düş məni,
    Ona görə pulla doldur kisəni.
    Ölməyin vacibsə, boğulmaqdan keç,
    Özünə ağıllı-başlı üsul seç.
    Səfil yadelliylə bic venesyalı
    Əhd edib məkrli və müəmmalı.
    Heç vaxt ağlım kəsməz şad olduğuna,
    Cəhənnəm əhli də inanmaz buna.
    Qız sənin olacaq, gəl çoxlu pulla,
    Özünü boğmağı bir yana tulla.
    Qovuş məqsədinə, bir gün kefə bax,
    Sonra lap assınlar, boğulma nahaq.
R o d r i q o.
    Sənə bel bağlayıb, girişsəm işə,
    Kömək edərsənmi mənə həmişə?
Y a q o.
    Məndən arxayın ol, sən mənə inan,
    Get, yaxşı pul topla, yaxşı pul qazan.
    Sənə çox demişəm, deyirəm bir də:
    Mən nifrət edirəm Mavra hər yerdə.
    Çəkilir köksümə dağ üstündən dağ,
    Gəl, ondan qisası birlikdə alaq.
    Onu dəyyus etsən, gülərik, məncə,
    Sən ləzzət taparsan, mənsə əyləncə.
    Qoynunda, gör, nələr gizlədir sabah,
    Hamısı vaxtında olacaq agah.
    Di haydı, di yeri, pul gətir bol-bol,
    Sabah danışarıq, hələlik, sağ ol.
R o d r i q o.
    Yaxşı, səhər harda?
Y a q o.
    Gələrsən bizə.
R o d r i q o.
    Bir az tez gələrəm.
Y a q o.
    Doğru ol sözə,
    Eşitdinmi?
R o d r i q o.
    Nəyi?
Y a q o.
    Özünü bərk tut,
    Boğulmaq sözünü biryolluq unut.
R o d r i q o.
    Dəyişdi fikrimi taleyin hökmü,
    Gedirəm satmağa bütün mülkümü.
    Gedir.

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 1331 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more