Əsas » Məqalə » Azərbaycan tarixi

Azərbaycan arxeologiyası I cild-9
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>


    Cəmiyyətdə meydana gələn bu dəyişikliklər, hər şeydən əvvəl arxeoloji abidələrin arxitekturası və topoqrafiyasında da özünü göstərmişdir. E.ə. II minilliyin sonu, I minilliyin əvvəli ilə tarixləndirilən siklop tikintilər, məhz belə abidələrdəndir. Yuxarıda qeyd olunduğu kimi, onların tədqiqi, bu abidələrdən üç məqsədlə-daimi yaşayış, mühafizə və heyvanların qorunması məqsədi ilə istifadə olunduğunu göstərir. Bu dövrdə tayfalarının ətrafı möhkəmləndirilmiş yaşayış yerlərində yaşamasına baxmayaraq, güclü basqınlar zamanı əlçatmaz dağlarda inşa edilən qalalara da ehtiyac duymuşlar. Bu qalalardan yalnız düşmən təhlükəsindən müdafiə üçün istifadə edilməmişdir. Onlardan düşmən hücumları zamanı mal-qaranı qorumaq üçün də istifadə edilmişdir. Ümumiyyətlə, qala tipli yaşayış yerlərinin araşdırılması sosial ziddiyyətlərin və düşmən təhlükəsinin xeyli artdığını göstərir.
    Azərbaycanda olan qala tipli yaşayış yerlərinin tədqiqi, onlardan yalnız birində-Qazançı qalasında Narınqalanın olduğunu göstərmişdir. Fikrimizcə, Qazançıqalada Narınqalanın inşası bir qədər sonraya, daha doğrusu, inkişaf etmiş Dəmir dövrünə aiddir.
    Tayfalar arasında sosial bərabərsizliyin gücləndiyini qəbir abidələri də təsdiq edir. Əgər qəbirlərin bir qrupu zəngin avadanlığı ilə seçilirsə, digər bir qrupu yoxsul avadanlığa malikdir. Bu dövrdə tayfa başçılarına aid zəngin qəbirlər ortaya çıxır. Xanlar rayonundakı 1 №-li kurqan, Qarabulaqdakı 5 №-li kurqan, Borsunluda tədqiq olunan kurqan və digərləri qəbilə başçısına aid edilmişdir. Bunlar arasında Borsunlu kurqanı diqqəti cəlb edir. Qəbrin təsviri yuxarıda verildiyindən, onun üzərində geniş dayanmayacağıq, Lakin qəbrin 256 kv.m sahəni əhatə etməsi, tayfa başçısının mühafizəçiləri ilə birlikdə yüksək dəbdəbə ilə basdırılması mövcud olan sosial bərabərsizlik haqqında təsəvvür yaradır.
    Qəbilə üzvləri arasında sosial bərabərsizliyin mövcud olduğunu qəbirlərdə oturdulmuş vəziyyətdə olan skeletlərə rast gəlinməsi də sübut edir. Oturdulmuş vəziyyətdə olan skeletlərə kurqanlarda və daş qutu tipli qəbirlərdə rast gəlinmişdir. Bəzi qəbirlər avadanlığının azlığı ilə seçilir.
    Tayfa başçısına aid edilən qəbirlərdən biri Kolanı nekropolundadır. Bu qəbir böyüklüyünə görə digərlərindən fərqlənir. Qəbir dağıdıldığından, dəfn adətini kifayyət qədər izləmək mümkün olmamışdır. İkikameralı qəbirin yan daşları üzərində çəkilmiş mifik şəkillər, onun tayfanın xüsusi adamına aid olduğunu göstərir. Qeyd edək ki, rəsmlərlə bəzənmiş qəbir kamerası olan qəbirlərə indiyədək az rast gəlinəmişdir.
    Gəncəçay vadisindəki 1 və 2 №-li yaşayış yerlərində aparılan tədqiqatlar, cüt nigaha əsaslanan tək ailələrin yaşadığı bir, bəzən isə ikiotaqlı evlərin sayca artdığını göstərir. Bu, artıq əvvəlki dövrlər üçün xarakterik olan patriarxal qəbilə münasibətləri qalıqlarının tamamilə dağıdıldığını, xüsusi mülkiyyətin inkişaf etdiyini göstərir.
    Bu dövrdə Azərbaycanda yaşayan tayfalar arasında birləşmə prosesinin getdiyini nəzərə alaraq, söyləmək olar ki, e.ə. II minilliyin sonunda, ola bilsin ki, Azərbaycanın böyük bir hissəsini əhatə edən tayfa birliyi olmuşdur. Onun ərazisi Xocalı-Gədəbəy mədəniyyətinin yayıldığı əraziyə uyğun olmuşdur. Lakin yazılı məlumatlar olmadığından, geniş nəticələr çıxarmaq mümkün deyildir.
    Son Tunc və Erkən Dəmir dövrünə aid abidələrin tədqiqi qədim insanların dünyagörüşü və inamları ilə bağlı qiymətli materiallar verilmişdir. Bu dövrə aid qəbir abidələri tək və kollektiv dəfnlərlə xarakterizə olunur. İnsanların yanına müxtəlif məişət əşyaları, silah qoyulması, ev heyvanlarının, o cümlədən at, dəvə, qoyun s. heyvanların ölən adamla birlikdə dəfn edilməsi, insanların o biri dünyaya inamı ilə bağlı olmuşdur. Ölən adamın atı, ev heyvanları və qulluqçuları ilə basdırılması bu inamı ifadə edir.
    Qəbirlərdə vəhşi heyvan sümüklərinə rast gəlinməsi, ehtimal ki, insanların məşğuliyyəti ilə bağlı müəyyən inancları əks etdirir. Belə ki, Sarıdərə nekropolunda aparılan qazıntılar zamanı, qəbirlərin içərisində dələ kəlləsinə rast gəlinmişdir. Şübhəsiz ki, vəhşi heyvan sümüklərinin qəbirlərdən tapılması, onların ritual xarakter daşıdığını göstərir.
    Xocalı-Gədəbəy mədəniyyətinin qəbir abidələrini araşdıran tədqiqatçılar bəzi qəbirlərdə skeletlərin parçalanmış vəziyyətdə dəfn edildiyini qeyd etmişlər. Onların bu fikrə gəlməsinə səbəb alt çənənin kəllədən ayrılması, kəllənin ayrı dəfn edilməsi, skeletlərin müəyyən sümüklərinin çatışmamasıdır. Qeyd edək ki, qəbirlərə sümüklərin qarışması, kollektiv dəfn adətləri ilə bağlı ola bilər. Arxeoloji abidələrin tədqiqi göstərir ki, kollektiv dəfnlər zamanı, əvvəlki dəfnlər qəbirin bir tərəfinə sıxışdırıldığından sümüklər bir-birinə qarışmışdır. Ola bilsin ki, skeletin kəlləsinə müəyyən hörmət edildiyindən, onlar qarışıq sümüklərin üzərində, bir-birinin yanına yığılmışdır. Belə bir faktı gözdən qaçırmaq olmaz ki, bu abidələrin böyük bir qismi qeyri-professional arxeoloqlar tərəfindən qazılmışdır.
    Abidələrin tədqiqi, bu dövrdə ölüyandırma adətinin də mövcud olduğunu göstərir. Qəbirlərin bəzisində ölülərin külü açıq, bəzi hallarda isə urnalarda dəfn edilmişdir.
    Gəncəçay rayonunun bir qrup abidəsində ağac konstruksiyaların mövcudluğu ehtimal ki, Orta Tunc dövrü ənənələrinin qalığıdır. Bu həm də praktiki məqsədlərlə də bağlı ola bilər. Belə ki, Borsunlu kurqanındakı nəhəng qəbrin üzəri yalnız ağac tirlərlə qapadıla bilərdi Onların bir neçə cərgə düzülmüsi isə dayanıqlıq və çürümənin qarşısını almaq məqsədi daşımışdır. Ağac konstruksiyalı qəbirlərin şimaldan gələn tayfalarla bağlı olması haqqında М.N.Poqrebovanın fikri əsassızdır. Belə ki, ağac tirlərlə örtülmüş qəbirlərə Cənubi Qafqazda Orta Tunc dövründə də rast gəlinmişdir.
    Kolanı nekropolundan aşkar olunan, qəbilə rəhbərinə aid qəbirdəki rəsmlər, bu dövrdə yaşayan insanların dini inancları ilə bağlı maraqlı məlumat əldə etməyə imkan verir. Qeyd etdiyimiz kimi, rəsmlər mifoloji xarakterdədir. Üzərində rəsm olan daşlar qəbirdə üz-üzə yerləşdirilmişdir. Rəsmlərin hər ikisi qazıma texnikası ilə çəkilmişdir. Rəsmlərdən biri, hündürlüyü 103 sm, eni 82 sm olan daş lövhə üzərindədir. Burada atın üzərində sxematik insan fiquru təsvir edilmişdir. Kareliyadan Sibirədək geniş bir ərazidə yayılmış qayaüstü təsvirlərlə aparılan qarşılaşdırmalar burada Günəş Tanrısının təsvir edildiyini deməyə imkan verir. Fantastik və mifoloji rəsmlər içərisində özünə bənzərlər tapmayan ikinci rəsm, qoruyucu ruh kimi izah edilmişdir. Fikrimizcə, bu rəsmlər dəfn edilən şəxsin o biri dünyadakı yaşayışının təminatçısı və qoruyucusu olmuşdur.
    Son Tunc dövrünə aid gil qablar üzərində rast gəlinən təsvirlər də insanların inancları ilə bağlı müəyyən fikirlər söyləməyə imkan verir. Tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi, gil qablar üzərindəki təsvirlər bəzən o qədər qarışmışdır ki, onların dekorativ xarakteri simvolik mənasını üstələmişdir. Bununla belə, müəyyən nəticələr çıxarmaq mümkündür. Bu baxımdan, gil qablar üzərində olan insan təsvirləri diqqəti çəkir. Bu təsvirlər olduqca sxematik, çox zaman üçbucaqların və digər həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. İnsan təsvirlərinin başı bir-birinin içərisində yerləşdirilmiş konsentrik dairələr, şüa ayrılan kiçik dairələr, bəzən isə svastika ilə verilmişdir. Bəzi hallarda insan təsvirlərinin başı həyat ağacının detallarını əks etdirən işarələrlə tamamlanır. Qayaüstü təsvirlərin və gil məmulatı üzərində rast gəlinən rəsmlərin araşdırılması göstərir ki, dairə, içərisində nöqtə olan dairə, svastika və bu qəbildən olan digər işarələr Günəşi simvolizə etmişdir.
    Gil qablar üzərindəki işarələrin təhlili, Son Tunc dövründə həyat ağacının kanonlaşdırılmış rəsmlərinin mövcud olduğunu göstərmişdir. Qeyd olunduğu kimi, həyat ağacı Günəşi simvolizə etmişdir. Araşdırmalar, bu dövrdə Günəşə sitayişin geniş yayıldığını göstərir. Ola bilsin ki, bu dövrdə təbiətin canlandırıcısı və bərəkətləndiricisi olan Günəş Allahı Xocalı-Gədəbəy tayfalarının panteonunda əsas yer tutmuşdur.
    Gil qablar üzərində rast gəlinən təsvirlər də tədqiqatçılar tərəfindən analiz edilmişdir. Tədqiqatlar göstərir ki, gil qablar üzərində olan həndəsi bəzəmələr dağları, səmanı, Günəşi, yağışı və təbiətin digər atributlarını simvolizə etmişdir. Bu rəsmlər məxsus olduqları xalqların kainat haqqında təsəvvürlərini əks etdirməklə, onların zəngin mənəvi aləmə malik olduğunu göstərir. Dövrünə görə yüksək inkişaf etmiş iqtisadiyyata və zəngin mənəvi aləmə malik olan bu xalqların formalaşmasında, şübhəsiz ki, qonşu ölkələrlə iqtisadi-mədəni əlaqələrin inkişafı müəyyən rol oynamışdır. Arxeoldoji tapıntılar bu əlaqələrin şərqdə Çinə, qərbdə Мisirə, cənubda Мesopotamiyaya, şimalda Qara dəniz sahillərinə qədər uzandığını göstərir. Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr, mühüm əhəmiyyət daşımışdır. Azərbaycanda Xocalıdan, II Kültəpədən və Yurdçu qəbirlərindən aşkar olunan şirli qablar Assuriya ilə iqtisadi-mədəni əlaqələrin olduğunu göstərir. Xocalıda 11 №-li kurqandan əldə edilən muncuğun üzərində Assur çarı Adadnirarinin adına rast gəlinməsi də bununla bağlıdır. Assuriya ilə olan əlaqələr nəticəsində, şübhəsiz ki, Azərbaycanın qalaya və nikelə olan tələbatı da ödənilmişdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi e.ə. I minillikdə qalay ticarətində assurlu tacirlər mühüm rol oynamış və qalayın Ön Asiya ölkələrinə Assuriya vasitəsilə yayıldığı tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
    Мetallurgiya və metalişləmənin coşğun inkişafı yalnız xammalın deyil, hazır metal əşyaların da mübadilə edilməsi ilə əlamətdar olmuşdur. Yaxın Şərq ölkələrindən Azərbaycana gətirilən Ön Asiya tipli xəncərlər buna misal ola bilər. Bu tip xəncərlər Qarabağ kurqanlarından, Xanlar kurqanlarından, Culfa nekropolundan, Talış abidələrindən aşkar edilmişdir. Bu xəncərlərin İran, Assuriya və Мisir mənşəli olduğu qeyd edilmişdir. Şübhəsiz ki, bu tip silahlar Azərbaycana Мesopotamiyadan, Urmiya hövzəsindən keçməklə yayılmışdır. Azərbaycanda yayılan Ön Asiya tipli xəncərlərin tarixi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Hazırda tədqiqatçılar bu tip silahları e.ə. II minilliyin ortası və ikinci yarısı ilə tarixləndirməkdədirlər.
    Xocalı-Gədəbəy tipli xəncərlərin Çində aşkar olunması mədəni əlaqələrin birtərəfli olmadığını göstərməkdədir. Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc kəmərlərə Ukrayna abidələrində rast gəlinməsi də, bununla bağlıdır. Bu dövrdə Azərbaycandan hazır metal məmulatı ilə bərabər, şübhəsiz ki, xammal da ixrac edilmişdir. Çünki Azərbaycan ərazisi mis, arsen, sürmə və polimetal yataqları ilə zəngin olmuşdur. Bu baxımdan, Naxçıvanda Qarabağlar kəndində tapılan bilərzik formalı mis külçələr diqqəti cəlb edir. Cızma xətlərlə naxışlanan bu əşyaların bəzisi hədsiz ağırdır. Əvvəldə qeyd etdiyimiz kimi, onların ağırlarından ola bilsin ki, mübadilə vasitəsi kimi istifadə olunmuşdur.
    Qədim Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin inkişaf etdiyini firuzəyi, mavi şirlə örtülən pasta muncuqlar da təsdiq edir. Bu tip muncuqların Мisir və Мesopotamiyada istehsal olunduğu qeyd edilmişdir. İqtisadi-mədəni əlaqələr nəticəsində bu tip muncuqlar butun Cənubi Qafqaza və Azərbaycana yayılmışdır.
    Azərbaycan tayfalarının Şərq ölkələri ilə əlaqələrini göstərən tapıntılardan biri Cyprea və Dentalium tipli balıqqulağından hazırlanmış muncuqlardır.Tədqiqatçılar Cyprea tipli balıqqulağının Hind okeanından, Dentalium tiplilərin isə Van hövzəsindən gətirildiyini qeyd etmişlər. Bu əşyalardan mübadilə vasitəsi kimi də istifadə olunduğu qeyd edilmişdir.
    Yuxarıda göstərildiyi kimi, Ön Asiya və Aralıq dənizi hövzəsi ilə iqtisadimədəni əlaqələr gil qabların bəzəmə texnikasına da müəyyən təsir göstərmişdir. Bütöv olaraq götürüldükdə, demək olar ki, Son Tunc dövründə Azərbaycanda formalaşan arxeoloji mədəniyyət qonşu ölkələrlə sıx iqtisadi-mədəni əlaqələr əsasında inkişaf etmişdir. Bu əlaqələrin mövcudluğu şəraitində Azərbaycan tayfalarının iqtisadi-mədəni inkişafı Şərq ölkələrinin əldə etdiyi nailiyyətləri mənimsəməklə zənginləşmiş və öz növbəsində onların da inkişafına müəyyən təsir göstərmişdir.

 
NƏTİCƏ
 
    Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanda aşkar olunan arxeoloji abidələr ən qədim dövrlərdən başlayaraq müasir dövrədək bu ərazidə baş verən sosial-iqtisadi dəyişiklikləri izləməyə imkan verir. Paleolit dövrünə aid abidələrdə, xüsusilə Azıx mağarasında aparılan araşdırmalar Azərbaycanın ilk insanların məskən saldığı əsas ərazilərdən biri olduğunu təsdiq edir. Qədim insanların Azərbaycanda məskən salmasını şərtləndirən əsas amillər bu regionun təbii mağaralarla zəngin olması və əlverişli təbii-coğrafi şəraitə malik olmasıdır.
    Azıx mağarasının X-VII təbəqələrində aşkar olunan əmək alətləri Quruçay mədəniyyətinin xüsusiyyətlərini və əmək alətlərinin işlənmə texnikasında meydana gələn dəyişikliyi ardıcıllıqla izləməyə imkan verir. Quruçay mədəniyyətinin yenilikləri Aşel dövründə inkişaf etdirilmiş, daşdan qoparılmış qəlpələrdən istifadə olunmaqla daha təkmil alətlər yaradılmışdır. Bu dövrdə insanlar odla tanış olmuş, tikinti vərdişlərinə yiyələnmişlər. Azıx mağarasında Aşel təbəqəsinə aid gizlin guşəsində aşkar olunan ayı kəllələri və onlar üzərindəki cizgilər dini inancların meydana çıxdığını təsdiq edir.
    Orta Paleolit dövründə daşın işlənmə texnikasında xeyli dəyişiklik olmuş, piramidal nukleuslardan, levallua itiuclularından və nazik bıçaqşəkilli lövhələrdən istifadə olunmuşdur. Tağlar mağarasında aparılan araşdırmalar Orta Paleolit dövrünün inkişaf mərhələlərini ardıcıllıqla izləməyə imkan vermişdir. Tağlar mağarasında əmək alətləri çaxmaqdaşından hazırlanmış, retuşdan istifadə olunmuşdur.
    Üst Paleolit dövründə daşın işlənmə texnikası daha da təkmilləşmiş, prizmatik nukleus və basma retuşdan istifadə olunmuşdur. Bu dövrdə əmək alətlərinin əksəriyyəti bıçaqşəkilli lövhələrdən hazırlanmışdır. İnsanlar mağaralarla yanaşı qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə etmişlər. Üst Paleolit dövründə ağıllı insan meydana çıxmış, cəmiyyətin social inkişafında xeyli dəyişiklik olmuş, qəbilə icması və tayfa formalaşmışdır.
    Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında əldə edilən nailiyyətlər Мezolit dövründə mikrolitlərin istehsalı üçün zəmin yaratmışdır. Мezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında öyrənilmişdir. Bu dövrün mühüm yenilikləri qoşma alətlərin, ox və kamanın tətbiqi idi. Bu dövrdə ovçuluq insanların əsas məşğuliyyəti olmuş, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur.
    E.ə. VII-VI minillikləri əhatə edən Neolit dövründə insanlar daşın deşilməsi və cilalanması texnikasına, istehsal təsərrüfatına yiyələnmişlər. İnsanların istehsal fəaliyyətinin əsas sahəsi əkinçilik və maldarlıq olmuşdur. Bu dövrdə insanlar həmçinin dulusçuluq və toxuculuq kimi mühüm istehsal sahələrinə də yiyələnmişlər.
    Azərbaycanda Eneolit mədəniyyəti Daş dövrünə nisbətən daha geniş öyrənilmişdir. Bu dövrdə mis emalı mənimsənilmişdir. Aparılan araşdırmalar Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. Azərbaycanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və Мesopotamiyanın qədim mədəniyyətləri ilə iqtisadi mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit dövrünə aid boyalı keramikanın Şimali Ubeydin local variantı olması, Urmiya hövzəsinin qədim əkinçilik mədəniyyətinin formalaşmasında Şimali Мesopotamiyadan gələn tayfaların müəyyən rol oynadığını təsdiq edir. Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılmışdır. Eneolit mədəniyyətinin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər Əliköməktəpə və İlanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və Göytəpədə rastlanmışdır. Keramika məmulatı və əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. Azərbaycanın Eneolit abidələri xarakterik xüsusiyyətlərinə görə başlıca olaraq üç böyük qrupa bölünür. Özünəməxsus təsərrüfat kompleksləri və keramika məmulatı ilə fərqlənən bu qruplar tədqiqatçılar tərəfindən Şomutəpə mədəniyyəti, Kültəpə mədəniyyəti və Dalmatəpə mədəniyyəti adlandırılmışdır.
    İlk Tunc dövrü abidələrinin öyrənilməsi göstərir ki, e.ə. IV-III minilliklərdə Kür-Araz mədəniyyəti Azərbaycanın böyük bir qismini əhatə etmişdir. Yaşayış binalarının arxitekturasında və gil məmulatında müəyyən local xüsusiyyətlərin olmasına baxmayaraq, qeyd etmək olar ki, Azərbaycanda məskunlaşan Kür-Araz tayfaları etnik baxımdan bir-birinə yaxın olmuşdur. Yazılı məlumatlar az olduğundan, Kür-Araz mədəniyyəti tayfalarının hansı etnik qruplara bağlandığını söyləmək çətindir. Bəzi tədqiqatçılar Kür-Araz mədəniyyətinin xurritlərə aid olduğunu qeyd etmişdir. Lakin məlum olduğu kimi e.ə. III minilliyin sonuna aid qaynaqların saxladığı məlumata görə e.ə. III-I minilliklərdə Cənubi Azərbaycanda yaşayan əhali lullubey və kutilərdən ibarət olmuşdur.
    Araşdırmalar Kür-Araz mədəniyyətini Azərbaycanın cənubunda yaşayan kuti və lullubeylərə aid olduğunu deməyə imkan verir. Arxeoloji araşdırmalar göstərir ki, Naxçıvan-Urmiya qrupunun abidələri vahid etnik-mədəni rayon təşkil etmişdir. Buna görə də bu dövrdə kuti və lulubey tayfalarının Azərbaycanın müəyyən hissəsində yayıldığını demək olar. Azərbaycan abidələrindən aşkar edilən Kür-Araz mədəniyyətinə aid arxeoloji materiallar, xüsusilə, nalşəkilli ocaq qurğuları, öküz başı formasında hazırlanmış sitayiş əşyaları, Kür-Araz mədəniyyəti tayfaları arasında müəyyən ideoloji birliyin olduğunu sübut edir.
    Araşdırmalar Kür-Araz mədəniyyəti tayfalarının inkişaf etmiş patriarxal münasibətlərlə xarakterizə edildiyini göstərir. Şübhəsiz ki, bu istehsal prosesinin genişlənməsi və çoxsahəli xarakter alması ilə bağlı olmuşdur. İlk Tunc dövründə iqtisadiyyatın inkişafı maldarlığın əkinçilikdən ayrılmasına və müstəqil istehsal sahəsinə çevrilməsinə gətirib çıxarmışdır. Bu dövrdə əkinçilikdə qoşqu qüvvəsinin tətbiqi, şumlama əkinçiliyinin meydana çıxması, köçmə yaylaq maldarlığının yaranması, iqtisadiyyatın coşğun inkişafına, cəmiyyətdə social bərabərsizliyin güclənməsinə səbəb olmuşdur. Bu dövrün yaşayış yerlərində müdafiə divarlarının meydana çıxması, şübhəsiz ki, social bərabərsizliyin artması və tayfalararası ziddiyətlərin kəskinləşməsi ilə bağlıdır. Yaşayış yerlərində ümumi ərzaq anbarlarının, ziyarətgahların, qəbilə toplantıları üçün ictimai binaların olması göstərir ki, istehsalın təşkili, mülkiyyətin qorunması üçün müəyyən ictimai təşkilatlara ehtiyac olmuşdur. Şübhəsiz ki, bu dövrdə cəmiyyəti idarə edən müəyyən təşkilatlar-dövlət qurumları mövcud olmuşdur. Ehtimal ki, bu dövlətin ilkin forması hərbi demokratiya olmuş, sonar isə daha da inkişaf etmiş idarə forması formalaşmışdır.
    İlk Tunc dövründə iqtisadiyyatın inkişafı sənətkarlığın da təkamülü üçün şərait yaratmışdır. Aşkar olunmuş arxeoloji materialların təhlili, bu dövrdə sənətkarlığın yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Kür-Araz mədəniyyətinin üçüncü mərhələsi dulusçuluğun yüksək inkişaf səviyyəsi ilə fərqlənir. Bu dövrdə yaxşı cilalanmış, keyfiyyətli bişirilmiş, bəzən isə qara rəngli boya ilə boyanmış gil qablar geniş yayılır. Bu dövrün qabları həm də yüksək sənətkarlıqla icra olunmuş həndəsi ornamentləri ilə fərqlənir. Мetallurgiya və metalişləmə sahəsində süni üfürmə tətbiq olunan metaləritmə kürələri və metalişləmə emalatxanaları yaranır. Sənətkarlığın inkişaf səviyyəsi, artıq onun müstəqil istehsal sahəsinə ayrılma ərəfəsində olduğunu göstərir.
    Orta Tunc dövründə, başlıca olaraq, Azərbaycanın cənub rayonlarını, qismən isə şimal rayonlarını əhatə edən, boyalı qablarla xarakterizə edilən arxeoloji mədəniyyət yaranır. Bəzi tədqiqatçıların fikrinə görə, boyalı qablar Kür- Araz mədəniyyəti əsasında inkişaf etmişdir. Bizim fikrimizcə, Kür-Araz keramikasından tamamilə fərqlənən boyalı qablar, yeni bir mədəniyyətin ortaya çıxdığını göstərir. Boyalı qabların Naxçıvan ərazisində digər rayonlara nisbətən daha çox-Erkən Dəmir dövrünədək davam etməsi və bir neçə mərhələdən keçməsi Orta Tunc dövrü boyalı qablarının Naxçıvan ərazisində meydana çıxdığını deməyə imkan verir. Fikrimizcə, boyalı qablar Urmiya hövzəsi, Naxçıvan və Şərqi Anadoluda məskunlaşan bir qismi oturaq, digər bir qismi isə yarımköçəri həyat sürən tayfalar tərəfindən yaradılmışdır.
    Belə hesab edirik ki, Boyalı qablar mədəniyyəti Orta Tunc dövründə Azərbaycanda məskunlaşan qədim tayfalardan birinin iqtisadi və siyasi baxımdan güclənməsi ilə bağlı olaraq meydana çıxmışdır. Eneolit dövründə də Yaxın Şərqdə boyalı keramikanın meydana çıxması məhz belə bir sosial-iqtisadi inkişafın nəticəsi olmuşdur.
    İqtisadiyyatın və mədəniyyətin inkişafı Orta Tunc dövründə Azərbaycanın cənub rayonlarında, xüsusilə Naxçıvanda şəhər dövlətlərin meydana çıxması ilə nəticələnmişdir. Şəhər dövlətlərin yaranması, iqtisadi mədəni əlaqələrin, o cümlədən Yaxın Şərq ölkələri ilə ticarət əlaqələrinin inkişafı, qalaylı tuncun meydana gəlməsinə, bədii metal məmulatı istehsalının artmasına, zərgərliyin ortaya çıxmasına səbəb olmuşdur. Qeyd olunduğu kimi, Orta Tunc dövründə Azərbaycanın bir hissəsində boyalı qablar yayıldığı halda, digər bir hissəsində, xüsusilə şimal rayonlarda Kür-Araz mədəniyyəti tayfaları yaşamaqda davam etmişdir. Azərbaycanın bu hissəsində yayılan arxeoloji komplekslər boz, ya da qara cilalı həndəsi bəzəməli keramika ilə xarakterizə olunur. Bəzəmələr bəzən cızma, bəzən isə basma texnikası ilə icra edilmişdir.
    Son Tunc və Erkən Dəmir dövründə ortaya çıxan və arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adlandırılan mədəniyyət, boz və qara rəngli cilalı keramika ilə xarakterizə edilir. Bu mədəniyyətə aid abidələrin bir qrupu, xüsusilə Gəncəçay abidələri ağ inkrustasiyalı qabların olması ilə fərqlənir. Bu texnika ilə bəzəmənin iqtisadi-mədəni əlaqələr nəticəsində Aralıq dənizi bölgəsində yerləşən ölkələrdən qaynaqlandığı, artıq yuxarıda qeyd edilmişdir. Qonşu ölkələrlə iqtisadi-mədəni əlaqələrin bu mədəniyyətin inkişafına müəyyən təsir etməsinə baxmayaraq, o, yerli zəmin əsasında inkişaf etmişdir. Tədqiqatçılar Xocalı- Gədəbəy arxeoloji mədəniyyətinin Kür-Araz mədəniyyəti ilə bağlı olduğunu qeyd etmişlər.
    Araşdırmalar Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın şimalında meydana çıxdığını və e.ə. II minilliyin sonlarına yaxın cənub rayonlara yayıldığını göstərir. Bu dövrdə Xocalı-Gədəbəy mədəniyyəti boyalı qabların xarakterik olduğu Naxçıvan ərazisində də yayılmış və onu təsiri altına almışdır.
    Tədqiqatçılar aparılan araşdırmalara söykənərək, Xocalı-Gədəbəy mədəniyyətində iki, bəzən isə üç tayfa ittifaqının mövcudluğunu qeyd etmişlər. Bu zaman ağ inkrustasiyalı keramika ilə seçilən komplekslər xurritlərə, ağac kunstrksiyalı qəbirlər, kremasiya və at dəfnləri ilə seçilən komplekslər isə irandillilərə aid edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu abidələrin irandillilərə aid edilməsi üçün heç bir əsas yoxdur. Çünki, at dəfnləri və atla bağlı inamlar yalnız hind-avropalılar və irandillilər üçün xarakterik olmamışdır. At dəfnləri türkdilli xalqlar arasında geniş yayılmış dəfn ritualıdır. Digər tərəfdən, ağac konstruksiyalı qəbirlərə Cənubi Qafqazda Orta Tunc dövründə rast gəlinməsi, bu tip qəbirlərin e.ə. II minilliyyin sonunda Volqa boyundan yayılması haqqında М.N.Poqrebovanın fikirlərini təkzib edir. Ağac konstruksiyalı qəbirlər, onların qəbilənin seçilmiş üzvlərinə aid olması və qəbilənin böyüklüyü ilə də bağlı ola bilər. Qeyd edək ki, ağac konstruksiyalı qəbirlər Sibirin türkdilli tayfaları arasında olduqca geniş yayılmışdır. Мəşhur Pazırıq kurqanları buna əyani misaldır. Odur ki, М.N.Poqrebovanın irəli sürdüyü fikirlər əsaslı deyildir. Araşdırmalar göstərir ki, Aralıq dənizi hövzəsindən Sibirədək yayılmış boz rəngli, bəzən isə ağ inkrustasiyalı keramika yalnız ümumi əlamətlərinə görə müqayisə edilə bilər. Bu geniş ərazidə yayılan arxeoloji mədəniyyətlər arasında heç bir genetik bağlılıq yoxdur. Keramika arxeoloji mədəniyyətin basilica ünsürü olsa da, onun ayrılıqda qarşılaşdırılması tamamilə yalnış ola bilər. Belə ki, Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc avadanlıq, xüsusilə konusvari başlığı olan xəncərlər və digər xarakterik əşyalar onu digər mədəniyyətlərdən fərqləndirir.
    Son Tunc dövründə Azərbaycan ərazisində meydana gələn siklop tikintilər cəmiyyətin iqtisadi və sosial həyatında böyük irəliləyiş olduğunu göstərir.
    Arxeoloji araşdırmalar bu dövrdə sosial ziddiyətlərin kəskinləşməsi ilə yanaşı, müxtəlif tayfalar arasında etnik və mədəni birləşmə prosesinin getdiyini göstərir.
    Bu prosesdə, ehtimal ki, Assuriya və Urartu kimi dövlətlərin Azərbaycana basqınlarına qarşı mübarizənin də müəyyən rolu olmuşdur. Azərbaycan tayfaları arasında gedən etnik-mədəni birləşmə prosesi, e.ə. I minilliyin başlanğıcında yeni dövlət birliklərinin yaranması ilə nəticələnmişdir.
 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (26.11.2013) | Müəllif: R.C E W
Baxış: 772 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more