Əsas » Məqalə » Azərbaycan tarixi

A. Bakıxanov-Gülüstani–İrəm-7
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>


    Nadir hicri 1155-ci (=1743) ildə, kanuni-sani (yanvar) ayının 28-də Muğana tərəf yola düşdü. Bu zaman qar, yağışın və palçığın çoxluğundan və yük heyvanlarının azlığından qoşunun çətin vəziyyəti bir dərəcəyə çatmışdı ki, Dərbənddən Kür çayı kənarına qədər olan məsafə 40 mənzil olmuşdu. Nadir burada Heydər bəy Əfşarı xanlıq ləqəbilə Şirvana hakim təyin edib, özü Rum hüduduna getdi.
    Bu zaman, keçmişdə Azərbaycan hüdudunda özünü "Şah Sultan Hüseynin oğluyam” - deyə qələmə verən, əslnəsəbi naməlum Sam adlı bir nəfər ortaya çıxdı. Azərbaycanda hökmranlıq etməkdə olan İbrahim xan, onu tutaraq burnunu siyirib buraxdı. O da Dağıstana getdi. İtaətsizlik göstərərək, Avarıstana qaçmış olan Surxay xanın oğlu Məhəmməd burnukəsik Samı əldə bəhanə edərək, başına bir qədər cəmiyyət topladı. Təbərsəran və Dərbənd əhalisini təhrik edərək, Şirvan əhalisilə danışığa və məktublaşmağa başladı. Məhəmmədəli xan əhvalatı Nadirin dərbarına bildirincə, Heydər xan onun köməyinə göndərildi. Dağıstan və Dərbənd əhalisinin vəziyyəti şirvanlılara da təsir etmişdi.
    Heydər xanı Şabran ilə Şamaxı arasında tutub həbs və bir neçə gündən sonra oldürüb mallarını qarət etdilər. Onların dəvətinə görə, Surxay xanın oğlu Məhəmməd xan, Sam mirzə ilə gəlib, Şabran qalasını mühasirə etdi (bu qalanın hasarlarından bəzisi çayın sol kənarında indi də qalır). O, lağım vasitəsilə, bu gün də arası görünməkdə olan qala hasarının bir hissəsini dağıtdı. Beləliklə, qalanı alıb Ustacallı Abdal xanı tərəfdarları ilə bərabər öldürdü.
    Məhəmməd xan, Abdal xanın qızını aldı və ondan II Surxay xan doğuldu. Məhəmməd xan buradan gedib, Şirvanın mərkəzi olan Ağsu şəhərini aldı. Şabran və Təbərsəran əhalisi də, istər-istəməz ona təslim oldu. Bu zaman, Dərbənd nahiyəsindəki Qəbir qalasının mühafizəsinə təyin edilən muğanlı bir dəstə yoldaşları olan bir dəstə əfşarı öldürdülər və qalanı ləzgilərin ixtiyarına verib, özləri Məhəmməd və Sama qoşuldular. Məhəmmədəli xan bu hadisədən sonra, Dərbəndin rəis və şərirlərindən və onların muğanlı yoldaşlarından bəzisini öldürdü, digərlərini də kor edərək Muğana göndərdi, çünki o, muğanlıların fəsad salmasından şübhələnməkdə idi. Özü isə, Dərbəndin qala və burçlarını möhkəmləndirməklə məşğul oldu.
    İrəvanda olan Azərbaycan sərdarı Aşur xan Əfşar, bu xəbəri eşidincə başındakı cəmiyyətlə Şirvana yürüş etdi. O, Gəncə bəylərbəyisi Camışgəzək Hacı xanla bərabər Kür sahilində körpü saldırmaqda idi. Nadir şah tərəfindən Kərim xan Əfşar Muğana məmur edildi, bir dəstə qoşun da Aşur xanın köməyinə göndərildi. Onun ardınca, Şahzadə Nəsrulla mirzə və Fətəli xan Əfşar 15.000 qoşunla Şirvana yürüş etdilər. Əmr mucaibincə, Fətəli xanı qabaqca göndərdi ki, Aşur xana qoşulsun. hicri 1155-ci (=1743) ildə, kanuni-əvvəlin (dekabr) 24-də, Məhəmməd və Sam ləzgilər və şirvanlılardan mürəkkəb külli cəmiyyətlə, Şah bağı yuxarısındakı dağın təpəsindən aşağı enib, döyüşə hazırlandı. Fətəli xan və Aşur xan da buraya çatıb müharibəyə başladılar və qalib gəldilər. Bayraq və naqaraxanaları ilə bərabər 1000 nəfərdən artıq əsir ələ keçirildi. Bu müharibədə Surxay xanın oğlu Məhəmməd yaralandı və sağ qalanlarla bərabər Dağıstana qaçdı.
    Sam da, azacıq bir dəstə ilə Gürcüstana getdi. Xanlar Ağsu qalasını mühasirə edərək, bir neçə gündə qaldılar. Qalanı mühafizə etməyə təyin olunan ləzgilərin bir çoxunu əsir tutub şəhəri qarət etdilər. Bu hadisə indi də "Allahdad” adı ilə məşhurdur. Bundan bir az sonra, Nadir şah Rum hüdudundan qayıdıb, Bərdə ətrafında ələfli və sulu bir yer seçərək, Qışlaq yeri təyin etdi. Burada ağac və qamışdan neçə min ev və ali imarətlər saldırıb yerləşdi. Qışın şiddətli olmasına baxmayaraq, kanuni-saninin (yanvarın) 11-də, subay əsgərlərdən bir dəstə ilə Dağıstana hərəkət etdi. Cavad körpüsündən keçərək, hər yerdə iki mənzili bir etməklə, sürətlə irəlilədi. Kanuni-saninin (yanvarın) 24-də, Dərbənddən keçib, qoşunu 4 dəstəyə böldü. Buralarda tam xatircəmliklə sakin olan bütün tayfalar belə bir fəsildə onun buraya gəlib çıxmasını təsəvvür etmirdilər. Nadir şah bu tayfaların hamısını qarət edib, saysız-hesabsız qara mal və qoyun ələ keçirdi. 3-4 gün çalınıb-çapıldıqdan sonra Dağıstanın rəisləri və qoşun başçıları Nadir şahın hüzuruna gəlib, onun nəvaziş və əhsanına nail oldular. Nadir şah qurban bayramı günü Dərbəndə qayıdıb, buranın işlərini də nizama saldı. Sonra Təbərsəran yolu ilə şübatın (fevralın) 5-də, orduya varid oldu. 20 gün də burada qalıb, ot və ələf az olduğundan, Kürün şimal tərəfinə keçərək, Ərəş mahalında çadırlarını qurdurdu. hicri 1157-ci (=1744) ilin baharında, buradan Şəki yaylaqlarına getdi. Bir zaman orada qaldıqdan sonra, Qurban oğlu Hacı Çələbi ilə bərabər öz məliklərini öldürərək Gələsən-Görəsən qalasına çəkilmiş şəkililərin üzərinə yürüdü və onlarla müharibəyə başladı. Yerin keçilməz və çətinliyinə görə, heç bir nəticə əldə edilmədi. Cevzanın (mayın) axırında və həziranın (iyunun) əvvəlində Qarabağın Xaçın yolu və Miyankuh təriqilə İrəvanın Göycə yaylağına gəldi. Buradan da Rum qoşunlarına qarşı müharibəyə gedib qalibiyyətdən sonra onlarla barışdı.
    Həmin il Şirvanda şuluqluq oldu. Şərir və dələduz adamlar əlsiz-ayaqsızların malına və canına qəsd edirdilər. hakimlər bunların öhdəsindən gələ bilmirdilər. Bu zaman, ixtilal səbəblərindən və Nadirin əhvalında törəyən dəyişiklikdən əlavə, Rum Xandikarı da, məzhəb ixtilafını əldə bəhanə edərək, Dağıstan əhalisini İran hökumətinin əleyhinə təhrik edirdi. Verilən fərmanlar mucibincə o, Əhməd xan üsmiyə vəzirlik mənsəbi, onun oğlu Xan Məhəmmədə paşalıq ləqəbi, Cənqutay bəyi Əhməd xana silahşurluq, şamxallıq mənsəbi və 20 kisə nağd pul, Məsum və Qadı adlı Təbərsəran hakimlərinin hər birinə iki tuğ və 200 tümən nağd pul, zaxurlu Məhəmməd bəyə Zaxur sultanlığı ilə bərabər iki tuğ və bir qədər də nağd pul verərək, bu ölkənin işlərini qarışdırmaq və iğtişaş salmaq fikrində idi...
     (Nadir şah) Xarəzm səfərindən qayıtdıqdan sonra, onun beyninə xudbinlik və fatehlik qürurundan əlavə, bədgümanlıq fikri və cürbəcür vəsvəsələr yol tapmışdı. Tərəfdarları ilə gözəl rəftarı tərk edərək, zülm və şiddət gostərməyə başladı. Fədakar əmirlər, xanlar və sədaqətli məmurlar səbəbsiz çəkçevirə salınırdılar, amansız cəlladların qılıncı ilə oldürülürdülər, iqtidarlarından artıq tələbat nəticəsində vergi toplayanların (mühəssillərin ) çubuğu altında can verirdilər. Mülki işlər tamamilə nizamdan düşdü. Rəiyyətin əlsiz-ayaqsızları, zalımların təpikləri altında əzildi, bədəfkarların və düşmənlərin arzuladığı kimi, ölkənin hər bir tərəfində iğtişaş və hər bir işdə nizamsızlıq əmələ gəldi. Nadir şah abad etdiyi İran ölkəsi, özünün zülmündən viranəyə çevrildi.
    Nəhayət, hicri 1160-cı (=1747) ildə, mayis (may) ayının 9-cu gecəsi, Xorasanın Fəthabad adlı mənzilində, Xəbuşanın iki ağaclığında, onun qəhr və qəzəbinə düçar olmuş qardaşı oğlu Əliqulu xanın təhrikilə, əmirlərindən və yaxın adamlarından bir neçə nəfər Nadir şahı öldürdülər.
    Bu hadisədən sonra, İranın bütün vilayətlərinə iğtişaş düşdü. Şirvan ölkəsi hamısından artıq qarışıqlıq və şuluqluq mənbəi oldu. Buranın hər bir diyarı müstəqil olaraq bir əmirin hökumət mərkəzinə çevrildi.

BEŞİNCİ FƏSİL

NADİR ŞAHIN VƏFATINDAN "KÜLÜSTAN” ADLI YERDƏ RUSİYA VƏ İRAN DÖVLƏTLƏRİ ARASINDA BAĞLANAN SÜLH MÜAHİDƏSİNƏ QƏDƏR


    Nadir şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı. Əfqan və özbək tayfaları sonradan Əfqanıstan şahı olacaq Abdallı Əhməd xanın sərkərdəliyilə, Nadir şahın qatilləri əfşarlarla müharibəyə girişib qalib gəldilər. Ordunu qarət edərək öz yerlərinə getdilər.
    Nadir şahın qardaşı oğlu Əliqulu xan İbrahim xan oğlu Heratdan Məşhədi-müqəddəsə gəldi və Zöhrab adlı qulamını dünyanın qəribə asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı qəflətən alıb Rzaqulu mirzəni böyüklükiçikli on beş nəfər Nadir övladı ilə bərabər öldürdü. Nadir şahın oğlanları Nəsrulla mirzə və İmamqulu mirzəni, Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından olan oğlu Şahrux mirzə ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını öldürərək, 14 yaşlı Şahrux mirzəni də, gizlinçə həbs edib, öldürüldüyü xəbərini yaydı. Bu tədbirlə o, belə xəyal edirdi ki, əgər iranlılar onun səltənətinə razı olmasalar, iki tərəfli bu səltənətə layiq olan şahzadəni əldə saxlamış olsun. Özü də Əlişah adı ilə taxta oturdu. Cavahirat və sair qiymətli şeylərdən başqa, on beş kürurluq nağddan (2.500.000 manat) ibarət olan Nadirin xəzinələrini Kəlatdan Məşhədə gətirib israfla puç etməyə başladı.
    Bu zaman İsfahan hakimi olan qardaşı İbrahim xan üsyana başladı. 7 aydan artıq Mazandaranda olan Əlişah, qardaşını cəzalandırmaq üçün hərəkət etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə vaqe oldu. Bu müharibədə Əlişah məğlub olub Tehrana qaçdı. Qardaşının əmrilə tutulub gözləri çıxarıldı. İbrahim xan Şahrux mirzəni Nadirin xəzinələrilə bərabər ələ keçirmək xəyalilə, öz qardaşı Hüseyn bəyi əmirlərdən bir neçəsilə bərabər Xorasana göndərdi.
    Xəbər verdi ki, onun bu işdən məqsədi, Şahrux həzrətlərini ata-baba taxtına əyləşdirməkdir; yenə təklif etdi ki, şahzadə gəlib İraqda taxta otursun. Lakin, kürd xanları və Xorasan rəisləri şahzadənin getməsini lazım bilməyib, istəmədiyi halda, onu hicri 1161-ci (=1748) ildə, aqustos (avqust) ayının 17-də taxta oturtdular. "Sultani-əzəm” tərkibi (əbcəd hesabilə) onun taxta oturmaq tarixi oldu. İbrahim xan da həmin il təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə taxta oturdu.
    İbrahim xan hər bir ləyaqətsiz adamı işə cəlb edib ona xanlıq ləqəbi verirdi və bunu "təlifi qülub” (ürəkləri ələ almaq) deyə adlandırırdı. O, Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yükləri və çadırları, yanında məhbus saxladığı kor Əlişah ilə bərabər Qum şəhərinə göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşunu dağılmağa üz qoydu. Labüd qalın yanındakı əfqan tayfası ilə Quma getdi. Qumun mühafizləri darvazaları onun üzünə bağladılar. O, şəhəri güclə alıb qarət etdi. Qalapur qalasına çəkildi. Qala əhli əl-qolunu bağlayıb, hadisəni şahın dərbarına bildirdilər. Şahrux tərəfindən onun və Əlişahın Xorasana gətirilməsi haqqında hökm verildi. İbrahim xan yolda, Əlişah isə Məşhədmüqəddəsdə öldürüldü. Şahrux mirzə də bir neçə vaxtdan sonra dövlət başçılarının əlilə kor edilərək səltənətdən qovuldu.
    Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhəd-müqəddəs mütəvəllisi Mirzə Seyid Mühəmməd Sədri, II Şah Süleyman adı ilə taxta oturdu. Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib səltənətdən çıxardılar. Şahrux mirzəni yenidən taxta oturtdular.
    Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çapalayırdısa da, dövlət və hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhəsən xan Qacar İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə və xütbə sahibi olmuşdu. Bu zaman Əlimərdan xan Bəxtiyari Kərim xan Zənd ilə İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfəth xan qarşıya çıxdısa da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan sonra, əhdnamə bağlandı və hər üçünün ittifaqı ilə Şah Sultan Hüseynin qız nəvəsi Mirzə Əbutürab, III Şah İemayıl ləqəbilə taxta oturdu. Əlimərdan xan divan vəkalətinə (nazirliyinə), Əbülfəth xan İsfahan əyalətinə, Kərim xan da bütün ölkənin sərdarı təyin,edildi.
    Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan Əbülfəth xanı öldürdü. Öz adlı-sanlı, lakin ixtiyara malik olmayan padşahını götürüb, Şiraza hərəkət etdi və Fars vilayətini ələ keçirdi. Əbülfəth xanın öldürülməsindən qorxuya düşən Kərim xan, əvvəlcə Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib onu məğlub etdi, topxanasını və ordu ləvazimatını alıb Kürdüstana üz qoydu. Bu yerləri də fəth etdikdən sonra, İsfahanı almağa yürüş etdi.
    Əlimərdan xan Şirazdan müdafiyəyə çıxdı, lakin məğlub olub öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə) keçdi. Sonra gedib, Astarabad nahiyələrinin çoxunu aldısa da qacarlar tərəfindən məğlub edilərək İsfahana qayıtdı. Bu zamanlar Şah Təhmasibin oğluyam iddiası və II Şah Sultan Hüseyn adı ilə naməlum bir şəxs zühur edib, Mustafa xan Bekdilinin köməkliyilə İraqa yürüdü. Kərim xan ona qarşı çıxmaq məqsədilə Kirmanşaha gedib qalibiyyət qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldürüldü. Bundan sonra, Azad xan Urmudan İraqa hərəkət etdi. Kərim xan bu döyüşdə məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri qalasını mühasirə edib, sülh ilə aldı. Kərim xanın burada olan qohumlarını, anasını və qadınını min nəfər süvari ilə Urmuya göndərdi. Mənzillərin (düşərgələrin) birində, zənd qadınları öz ərlərinin buxov və zəncirlərini qırıb qaravulları dağıtdılar və Kərim xana qoşuldular.
    Azad xan qoşununun gəlməsilə Kərim xan İsfahandan Kazrana qaçdı, buradan da gedib Şirazı alaraq yenə İsfahana qayıtdı. Bu zaman Məhəmmədhəsən xan Qacar onun üzərinə yeridi, Kərim xan məğlub olub Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib, onu mühasirə etdi. Laikn əfqanların dönüklüyünə görə, Mazandarana qayıtmağa məcbur oldu və öz nökərlərinin əlində öldürüddü. Kərim xan yenə gəlib İsfahan, Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi.
    İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra, İran qoşunu bu ölkədən çıxıb getdi. hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Səlyan hakimi Hüseynəli Xan Sultan Əhməd xan oğlu, Xudad qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin özbaşına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu xanlıqa seçdilər.
    Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nəbi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları, Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Hacı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi. O, Nadir şah dövründə Şəkidən göndərilən həvaləcatın (vergilərin) yerinə çatdırılması xüsusunda camaatın vəkili idi. İşinin axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən qalasında gizlənmişdi.
    Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində keçinən Pənah bəy İbrahim Xəlil oğlu Cavanşir, ardıcıl davam edən müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq bayrağını yüksəltdi. Əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını bina etdi. Bu qalanın hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı yerində, Şah bulağı adlı çeşmənin yanında, indi də mövcuddur. Bir neçə vaxtdan sonra, erməni məliklərilə düşmənçilik edən Məlik Şahnəzər Vərəndəinin xahişinə görə, indiki Şuşanın yerində Pənahabad qalasını bina etdi. Erməniləri özünə tabe edərək, gündəngünə qüvvətləndi. Xudafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşat mahalına qədər yerləri ələ keçirdi.
    Bundan əlavə, Qaradağa aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu. O bəzən Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi. Şahverdi xan Ziyad oğlu, Gəncəni öz ixtiyarına almışdı. Qaziqumuqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri, hökuməti öz oğlu Məhəmməd xana tərk edərək, şəhərin (Qaziqumuğun) on ağaclığında olan Ketrux kəndində izlətə və ibadətə çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat etdi, şüçaət və mətanətilə məşhur olan nəvəsi Əmir Həmzə Xan Məhəmməd oğlu onun yerində üsmi oldu. Şamxal Xasfulad xan, öz hökmranlığında qaldı. Novsal xan Əmmə xan oğlu, Avar mülkünü müstəqil olaraq idarə edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi ki, onlar da bu qərar üzrə idi: Mehdi bəy Əhmədxan bəy oğlu Cenqutayi, Mehdili əmirliyində bərqərar idi. O, Avar şahları dudmanı şəcərəsindən və bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Hüseynxan bəy Zaxur və İlisu nahiyələrində əmir idi.
    Sultan Bud övladı İndiri və Yaxsayda hökmranlıq sürürdü. Terlavın vərəsələri isə, Mıçıqıçda mülkədar idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu məsumluqda və Mürtəzaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar idilər.
    Buynaq əmiri Mehdi Mürtəzaəli oğlu o zaman, Xasfulad xan ilə pis rəftar etdiyi və çəkişdiyi üçün Nadir şah tərəfindən Astarabada göndərilmişdi. Nadir şahın vəfatından sonra, Qıpçaq çölünə getdi. Oradan da kalmıq qoşunu ilə gəlib Qazanışın yaxınlığında, iki çay arasında şiddətli müharibə edərək qalib gəldi. Axırda Xasfulad xan ilə barışıb, qabaqki kimi Buynaq əmirliyinə keçdi.
    Hicri 1162-ci (=1749) ildə, Şahsevən Əhməd xan, Ali-Sərkarın oturağı olan qədim Şamaxı şəhəri üzərinə gəldi. Ağa Rəzi bəy Əsgərbəy oğlu üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı öldürdü. Əhməd xan özü intiqam almaq üçün meydana atıldısa da Ağa Rəzi bəy tərəfindən bərk yaralandı, məğlub olub geri qayıtdı və şəhərin yarım ağaclığında vəfat etdi.
    Bu zaman, Gürcüstan valisi İrakli xan, Hacı Çələbinin dəfi xüsusunda məşvərət və məsləhət bəhanəsilə, gəncəli Şahverdi xan, qarabağlı Pənah xan, qaradağlı Kazım xan, irəvanlı Hüseynəli xan və naxçıvanlı Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb, hamısını bir yerdə yaxaladı və əsir etdi, Hacı Çələbi bu xəbəri eşidən kimi şücaət və igidliyilə Sərkar xanədanının hökmranlığına vasitə olan Ağa Rəzi bəylə ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin yarım ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin xanları xilas etdi. Sonra valini təqib edib, Qazax və Borçalı mahallarını ələ keçirdi. Oğlu Ağakişi bəy, iki ilə yaxın bu hüdudda hökm sürüb, zülm etməklə məşğul oldu. Tiflis şəhərinin dörd ağaclığında, Paydar adlı yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur.
    Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairdən kömək alıb öz dəstəsini düzəldincə, Ağakişi bəy Şəkiyə qayıtdı. Bir zaman keçəndən sonra, İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüstandan aldığı Nikli tayfasını geri almaq üçün getdi. Hacı Çələbi, Car camaatının köməyinə gəlib, Qanıq çayının sol sahilində, çox şiddətli bir müharibəyə girişdi. Gürcüstan valisi əvvəlkindən daha ciddi məğlub olub geri qayıtdı.
    Hicri 1168-ci (=1755) ildə Hacı Çələbi külli qoşunla Şirvanı almaq məqsədilə gəlib, Ağsu şəhərini mühasirə etdi. Burada olan Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi. O da 3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik olan Əmir Həmzə üsmi ilə bərabər iki düşməni barışdırmaq üçün gəldi. Hacı Çələbi, Hacı Piri adlı bir nəfəri elçi göndərib, onu hədələdi və geri qayıtmağı ona təklif etdi. Beləliklə, iş müharibə ilə nəticələndi.
    Şəkinin külli qoşunu bu azacıq camaatın qarşısında məğlub olub, qarət edildi və çoxu öldürüldü. Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzinə qayıtdı və hicri 1169-cu (=1756) ildə oğlu Fətəli ağanı qoşunla göndərib, ata-baba mülkü olan Səlyan nahiyəsini, öz qohumu rudbarlı İbrahim xanın əlindən geri aldı. Hüseynəli xan hicri 1171-ci (=1758) ildə vəfat etdi. O, cəsarətli, ali himmətli bir əmir idi. həmişə ölkənin abadlığı və rəiyyətin asayişi fikrində idi. Şirvanlı Ağa Rəzi bəy Əsgər bəy oğlu dərhal Qubanın Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli xanın oğlu Fətəli xan qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilib öldürüldü. Fətəli xan, bir neçə aylıq mühasirədən sonra, qətlqarətdən əlavə öz elatının iki mislini götürüb geri qayıtdı.
    Dərbəndlilər, Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis rəftarından təngə gəlmişdilər. Fətəli xan onların təşviqilə, hicri 1172-ci (=1759) ildə, Dərbəndin üzərinə gedib azacıq mühasirədən sonra oranı da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə Bakıda yurd saldı.
    Əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mumtaz olan Hacı Çələbi, həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman sonra vəfat etdi. Onun çəsarətli və hünərli oğlu Ağakişi bəy hökumət başına keçdi. Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli Məlik Əlinin təhrikilə Ərəş mahalına gəlib, Ağakişi bəyi görüş və məşvərət bəhanəsilə yanına çağırdı və öldürdü. Beləliklə, Şəki ölkəsini ələ keçirdi. Ağakişi bəyin əyalı olan öz qızını ilisulu Alxas əyə verdi. Əhməd xan da bundan doğuldu.
    Məhəmməd xan Şəkidə 40 gün hökmranlıq etdi. Hacı Çələbinin bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi. Hacı Çələbinin nəvəsi Ağakişi bəy öldürüldükdən sonra Hüseyn ağa Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına getmişdi. Quba qoşununun köməkliyi və Şəki əyanının ittifaqilə, Məhəmməd xanı buradan çıxararaq öz mülkünə sahib oldu. Bu hadisədən üç il sonra hicri 1175-ci (=1762) ildə, Nadir şahın böyük əmirlərindən Fətəli xan Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası ilə Gəncə və Qarabağa hərəkət etdi. Pənah xan onunla itaət edər kimi sazişə girdi, oğlu İbrahim Xəlil ağanı ona girov verdi, ərəşli Məlik Əli də, Şəki hakimiyyəti təmənnasilə onun hüzuruna getdi. Lakin bu zaman Hüseyn ata, qutqaşınlı Kəlbəli sultan və sair tərəfdarları ilə Fətəli xanın yanına gəldi.
    Xanlıq ləqəbi alaraq qayıdıb Məlik Əlini öldürdü. Hicri 1176-cı (=1176) ildə, Şirvanda və xüsusilə Ağsu şəhərində şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf oldu. Bu zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsədilə gəldi. Qarabağlı Pənah xan öz oğlunu xilas etmək üçün ona qoşuldu və Urmu şəhərini almaqda, həmçinin Fətəli xanı öldürməkdə çox yardım göstərdi.
    Vəkil, Pənah xanın oğlu İbrahim Xəlil ağanı xanlıq ləqəbilə Qarabağa göndərdi, özünü isə həmişə yanında saxlayırdı. Pənah xan Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki, Pənah can cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur.
    Xülasə, Vəkil Kərim xan Azərbaycanı ələ keçirdikdən sonra, məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və Bəxtiyari tayfasının təşviq və təhriki ilə İsfahana gəlmişdir. Vəkil Kərim xan bütün əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan İsfahanın əyanlarını köçürüb Dəştə apardı. Nəzərəli xan Zənd, Vəkilin hökmü ilə gedib ona qalib gəldi və Luristanın son hüduduna qədər onu təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin töyləsinə pənah apardı və aman tapdı.
    Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan da Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi. Hicri 1178-ci (=1765) ildə, Əsgər bəyin oğlanları Məhəmməd Səid xan və Ağası xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb, Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı oldürdülər. Bu zaman, Fətəli xan Əmir Həmzə üsminin bacısı Tutu bikəni aldı. Üsmi də Fətəli xanın Hüseyn xan Rudibarının qızından olan bacısı Xədicə bikə üçün elçi göndərdi. Lakin Fətəli xan öz bacısını bakılı I Mirzə Məhəmməd xanın oğlu Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı atası öz sağlığından hökumət başına keçirmişdi.
    Xədicə bikənin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasına ədavət düşdü. Bir zaman keçdikdən sonra, Üsmi öz bacısını görmək bəhanəsilə Dərbəndə gəlib, Narınqalanı almaq fikrinə düşdü. Fətəli xan bundan xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə gəldi. Üsmi üç gün top və tüfənk ilə müdafiəyə qalxışdı. Axırda müqavimət göstərə bilməyib dayanmadan Carçı-qapıdan çıxıb öz mülkünə qayıqdı. Üsmi bu andan etibarən daima kin və ədavət saxlayıb, Fətəli xandan intiqam almaq pusqusunda idi.
    Bundan əlavə, öz əmisi qaziqumuqlu Məhəmməd xandan üz döndərmiş Eldar bəy, Fətəli xanın etimadını qazanıb Dərbənd naibi olmuşdu. O, yersiz və münasibətsiz danışıqları və hərəkətləri ilə Üsminin ədavətini qazanmışdı. Üsmi də, düşmənçilik vəsaitini hazırlayıb, öz bacısı oğlu olan Təbərsəran qadisi Rüstəm Mürtəzaəli oğlunu qüvvətləndirirdi. Bu zaman Mirzə oğlu Şeyx Əli bəy Məhəmməd məsumun oğlu Mürtəzaəli məsumu öldürüb, özü məsumluğa keçdi. Lakin onun işi baş tutmadı. Üsmi və qadinin təhrikilə xalq üsyan qaldırıb, onu çıxartdı. O da Fətəli xanın yanına gəldi. Bundan sonra yuxarıda adı çəkilən Mürtəzaəlinin oğlu Novruz bəy məsumluğa təyin edildi. Bu lal olduğu üçün anası Xanım kişi kimi hökmranlıq edirdi.O, məsumlar nəslindən Qaraxanın qızı idi.
    Hicri 1181-ci (=1767) ildə Fətəli xan Şəki xanı Hüseyn xanla birlikdə iki tərəfdən gəlib Məhəmməd Səid xan və Ağası xanını yenidən abad etdikləri qədim Şamaxı şəhərini mühasirə etdilər. Məhəmməd Səid xan çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan da Məhəmməd Səid xanı həbsə alıb Dərbəndə göndərdi, şəhəri də Ağsuya köçürdü. Hər iki tərəfdən iki naib təyin etdilər. Ölkəni iki hissəyə böldülər. Sədari və Qəsani mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə Fətəli xana çatdı.
    Bir neçə vaxt keçdikdən sonra Fətəli xan bütün Şirvan ölkəsini aldı və qədim şəhəri yenə abad etdi. Kür çayının kənarında Kotevan qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası xan, Hüseyn xana pənah apardı. Hüseyn xan, Avar xanzadələrindən Bulac və Məhəmməd Mirzənin sərkərdəliyilə Avardan qoşun götürüb Şirvana, Fətəli xanın üstünə gəldi. İki qonşu qarşılaşdığı zaman araya barışıq məsələsi düşdü. Gözlənilmədən hər iki tərəfdən bir neçə nəfərin birdən-birə çəkişməsi nəticəsində arada şiddətli döyüş və Vuruşma başladı. Bu müharibədə Bulac və Məhəmməd mirzə öldürüldü, Hüseyn xan məğlub olub Şəkiyə, Ağası xan da yenə Kotevana getdi.
    Hicri 1187 (=1773) ildə Şamxal Xasfulad xan vəfat edərkən oz bacısı oğlu Buynaq əmiri Mürtəzaəli Mehdi oğlunu öz yerinə təyin etdi. Xasfulad xan zabitəli, igid və səxavətli bir əmir idi. O öz qohum-əqrabasilə pis rəftar edirdi. Onun qardaşı oğlu və Qazanış əmiri ağıllı və cəsarətli Dişsiz Məhəmməd, Mürtəzaəli ilə çəkişməyə başladı. İndri əmirləri, avarlı Novsal xan Əmmə xan oğlu və Əmir Həmzə üsminin köməkliyilə gəlib Mürtəzaəlini Tarxu və Buynaqdan çıxarıb şamxallığa oturdu. Mürtəzaəli şamxal Qoysuboy və Aqquşa mahallarında yaşayan əhalinin köməyilə bir aydan sonra gəlib məmləkəti təsərrüfünə keçirdi. Bu mahalların əhalisi həmişə böyük işlərdə şamxala tabe olub, onun müavini hesab edilirdi. Yeni şamxal təyin edildiyi zamanda, onların iştirakı lazım idi. Dişsiz şamxal və ondan sonra oğlu Xasfulad, əvvəlki kimi Qazanış əmirliyinə qane oldular.
    Hicri 1188-ci (=1774) ildə Ağası xan, Fətəli xanın qan düşməni və Qarabağa gəlmiş olan avarlı Novsal xanı özünə müttəfiq edib, Şamaxı şəhərini aldı. Fətəli xan Quba və Dağıstandan külli qoşun toplayıb, bakılı Məlikməhəmməd xanla birlikdə onlara qarşı müharibəyə girdi və müharibədən qalib çıxdı. Ağası xan qaçdı, Novsal xan isə qədim şəhərin yuxarı hissəsində çıxılmaz və çətin bir sığınaqda gizləndi. Axırda Fətəli xan aman vədəsilə Novsal xanı öz yanına gətirtdi. Xanların hər üçü bir yerdə oturmuşdular. Bu zaman Aqquşa qoşunu toplayıb, Fətəli xandan yanlarına gəlməsini Novsal xan ilə keçmişdə ədavətləri olduğu üçün onun öldürülməsini xahiş etdilər. Fətəli xan çarəsiz qalıb əmr verdi ki, çadırın arxa tərəfini yarıb Məlikməhəmməd xanı bayıra çəksinlər. Novsal xanı isə öz tərəfdarları ilə birlikdə öldürdülər.
    Əmir Həmzə üsmi belə bir fürsəti qənimət saydı. Dişsiz Məhəmməd şamxal və damadı qaziqumuqlu Məhəmməd xan ilə əlbir olub Fətəli xana qarşı müharibəyə çıxdı. Fətəli xan bu hadisəyə görə Qubaya gəldi. Ağası xan onun ketməsindən istifadə edib Şirvanı tutdu.
    Gavduşan düzündə çox şiddətli bir müharibə oldu. Bir-birilə əhd bağlamış iki qoşun məğlub edilmək ərəfəsində ikən yuxarıda adı çəkilən üsminin oğlu Əli bəy bir dəstə ikidlə özünü qoşunun mərkəzinə yetirdi. Zəfər yenə də onun şücaət və mərdanəliyilə birləşdi. Dişsiz şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və Şeyx Əli məsum iki tərəfdən öldürüldülər. Məğlub olan Fətəli xan da Qubada qalmağı münasib görməyib Səlyana getdi. Üsmi şamxalın nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli xanın öldürülməsi xəbərini Tutu bikəyə göndərdi, qalanın təslimini tələb etdi. Tutu bikə ona inanmayıb özü gecə-gündüz burcların üzərində qalanı mühafizə etməyə məşğul oldu. Məhəmməd xan Qubanı aldı, Üsmü də Bakının üzərinə yürüdü. Qalanı almaq mümkün olmadığından Məlikməhəmməd xanın ilxısını və kəndlərin mallarını qarət edib geri qayıtdı.
    Fətəl xan himayə edilmək xahişilə dərbəndli Mirzə bəy Bəyatı elçi olaraq Rusiya imperatoriçəsi II Yekaterinanın dərbarinə göndərdi. Özü isə gizliçə Şabrandan və Müskürdən keçib Dərbəndə gəldi. Bir az keçincə, tərəfdarları onun ətrafına toplaşmağa başladılar. Bu zaman Məhəmməd xan Qubanı tərk edib, öz mülkünə qayıtmağa məcbur oldu.
    Bir il sonra hicri 1189-cu (=1775) ildə, general-mayor De-Medemin komandası altında olan bir dəstə rus qoşunu Fətəli xana köməyə gəldi. Eyni zamada o, keçən il məşhur rus səyyahı Qmelini həbsə aldırıb, öldürmüş Əmir Həmzə üsmini cəzalandırmağa məmur edilmişdi. Üsmi Başlının bir ağaclığında bütün qoşunu ilə ruslara hücum etdi. Lakin məğlub oldu, qoşunun çox hissəsi öldürüldü. Fətəli xanın qoşunu da tərəkəmə kəndlərini qarət edib yandıraraq, Dərbəndə qayıtdı. Bundan sonra Kürə nahiyəsində Məhəmməd xanın külli qoşununu məğlub etdi. Onları qarət etdikdən sonra Yuxarı Təbərsəranı tabe etmək üçün Qaluq adlı yerə yürüş etdi. Təbərsəranlılar da dağlara və meşələrə arxalanaraq döyüşə çıxdılar və məğlubiyyətdən sonra tabe oldular. həmin il Rusiya qoşunu Qızlara qayıtdı. Rusların bu köməyi Fətəli xanın şöhrətli iqtidarının daha da möhkəmlənməsinə səbəb oldu. Ali-Sərkar Fətəli xana xeyirxah və tərəfdar olduqlarını izhar edərək, onunla dost olmaq istədilər. Bunun nəticəsində 7 il-dən bəri Dərbənddə dustaq olan Məhəmməd Səid xan azad edildi. O, Ağsu şəhərində hakimliyə başladı, Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu. Bu zaman Əmir Həmzə üsmi 3000 igid qoşunla Dərbənd, Quba və Şirvan ölkələrindən keçib Ərdəbilə getdi. Buraları çalıb-çapdıqdan sonra, Qarabağdan keçib, Gəncəyə gəldi.
    Buranı da Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qənimətilə Şəki, Axtı və Kürədə keçib, öz mülkünə döndü. Adı çəkilən ölkələrin əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan bəzisi hədiyyə göndərmək vasitəsilə özünü onun şərrindən qurtarmaq istəyirdi. Fətəli xan, Xan Məhəmməd bəyi öz tərəfinə çəkdi. O, yuxarıda adı çəkilən üsminin qardaşı oğlu olub, ikilikdə şöhrət tapmışdı. Fətəli xan Qubadan 100 ev [162 - 163] köçürdüb, Dərbəndin üç ağaclıqında ona məxsus bir qala tikdirdi. Xan Məhəmməd bəy cürbəcür vasitələrlə üsminin işinə əngəl törədirdi. Bundan əlavə, mənfəət verdiyi və əlaqəyə girdiyi üçün, Dağıstan əmirləri, əyanları və əhalisi gündən-günə Fətəli xanın dövlətinə daha artıq meyl göstərirdilər. Üsmi artıq böyük işlərə qarışa bilmədiyindən, naçar qalıb, barışmağa məcbür oldu.
    Məhəmməd xanın oğlu Şah Mərdan bəy ögey anasından olan qardaşı Surxay ilə ədavətli idi. Buna görə atası Məhəmməd xandan inciyib Fətəli xana meyl göstərərək xidmət edirdi. Fətəli xan da Dərbənd üstündə sayılan Kürə nahiyəsinin aşağı hissəsini Qəbərək kəndinə qədər və Qubanın Güney mahalını ona verdi. Ayrıca bir camaat olan Qurah mahalını da Şah Mərdan bəy özü ələ keçirdi. Beləliklə, Məhəmməd xan da müxalifət iqqidarında olmayıb, müdara ilə Bu zaman Təbərsəran əmirəsi Xanım vəfat etdi. Mirzə nəvəsi Əliqulu Sail oğlu qulluq göstərmək bəhanəsilə lal məsumla dostlaşdı. Rüstəm qadinin köməyilə onu iki oğlu ilə öldürüb, məsumluğa keçdi. Fətəli xanın xidmətində Gavduşan döyüşündə öldürülmüş qardaşı Şeyx Əli məsumun oğlanları: Məhəmmədhüseyn bəy, Söhrab bəy, Şamxal bəy və Mustafa bəy Qubaya getdilər. Fətəli xan bir müdddətdən sonra Əliqulu məsumu Dərbəndə gətirib həbs edərək Səlyana göndərdi. Özü isə qoşunla gedib Məhəmmədhüseyn bəy Şeyx Əli oğlu məsumu keçmiş məsumların oturağı olan Çıraq kəndində məsumluğa oturtdu. Ondan sonra qardaşları: Söhrab məsum, Şamxal məsum və oğlu Qırxlarqulu məsum bir-birinin ardınca əmirlik etdilər.
    Şəki hökmranlığında müstəqil olan Hüseyn xan, aralığa düşən ədavətə görə əmisi Cəfər ağanı öldürüb, oz xanədanında ədavət toxumu əkdi. Hacı Çələbinin oğlu Hacı Əbdülqadir öz tərəfdarları ilə ondan üz çevirdi. İbrahim xanın koməyilə Kür çayı kənarında Dardoqqaz addı yerdə sakin oldu. Hüseyn xan bir neçə dəfə onun üzərinə gedib vuruşdusa da məqsədə nail olmadan geri qayıtdı. Bu müvəffəqiyyətsizlikdən sonra o, Hacı Əbdülqadirin tərəfdarları olan qutqaşınlı Kəlbəli sultanı, qışlaqlı Haçı Ağanı və Hacı Rəsul bəy Hacı Şeyx Əli oğlunu həbsə aldı. Bir az keçəndən sonar Hacı Rəsul qaçdı, o biri iki nəfər isə öldürüldü.
    Həmin hicri 1193-cü (=1778) ildə ədalətli və hünərli bir əmir olan Vəkil Kərim xan vəfat etdi. O, qoşunun intizamına və ölkəsinin asayişinə çalışıb, 30 ilə yaxın İranda hökmranlıq etdi. O, çox insaflı olub səltənətin qədr və qiymətini gözlədiyindən, ançaq Vəkil ləqəbilə kifayətlənmişdi. Zəndiyyə dövləti də əmirləri arasına düşən ixtilaf nəticəsində tez puç olub aradan çıxdı.
    Hicri 1194-cü (=1779) ildə, Hacı Əbdülqadir, Hacı Çələbinin əmisi oğlu Hacı Rəsul bəy Hacı Şeyx Əli oğlunun köməkliyi, Ərəş məlikzadələri və Şəki əyanının ittifaqilə qəflətən Nuxu qalasına soxuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyn xanı öldürüb, hökumət bayrağını qaldırdı. Hüseyn xan hünərli, şüçaətli, gözəl tədbirli və düzgün fikirli olmaqla bərabər, təbiətən rəhmsiz bir adam idi.
    Ağa Məhəmməd xan Qacar hüdud boyunu tutduğu zaman, Gilan hakimi hidayətulla xan məğlub olub, kömək tələbilə Bakıya, buradan da Qubaya gəldi. Fətəli xan Səlyan və Talış yolu ilə Mirzə bəy Bayatın komandası altında 9.00 qoşun göndərib onu Rəştdə əvvəlki yerində oturtdu.
    Hicri 1196-cı (=1781) ildə dindar, ədalətli bir əmir olan bakılı Hacı Məlikməhəmməd xan Hacı Mirzə Məhəmməd xan oğlu, 11 yaşlı oğlu II Mirzə Məhəmməd xanı dayısı Fətəli xanın himayəsi altında Bakı hakimi təyin etdi.
    Özü Ətəbatə (Kərbəla və Nəcəfə) ziyarətə gedib, Nəcəf-əşrəfdə vəfat etdi. Bu zaman Məhəmmədsəid xan Fətəli xanın bacısı Fatma xanımı öz oğlu Məhəmmədrza bəy üçün istədi. Fatma xanımı keçmişdə Vəkil Kərim xan da öz oğlu Əbülfəth xana namizəd etmişdi. Onun qardaşı Ağası xan Fətəli xanın Şirvan iddiasında olduğunu bilib, bu işdən narazı idi. Özü də Əlvənddə sakin idi. Füzulinin bu beytini yazıb ona göndərdi:
    Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,
    Gör nə cahildir yonar daşdan öziçün bir rəqib.
    Məhəmmədsəid xan da cavabında Füzulinin bu beytini yazıb göndərdi:
    Kuhkən künd eyləmiş bin tişəni bir dağ ilə,
    Bən qoparıb atmışam bin daqı bir dırnaq ilə.
    Xülasə, Fətəli xanın bacısını almaq səbəbinə, iki qardaşın arasına ayrılıq düşdü. hicri 1198-ci (=1784) ildə Fətəli xan Ağası xana kömək edən İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı və Qarabağın aşağı mahallarını talan etdi. Hacı Əbdülqadir xan da Şəki qoşunu ilə onunla yoldaş idi. Bu səbəbdən İbrahim xan atası öldürüldüyü zaman Qarabağa qaçıb məhbus olan Məhəmmədhəsən ağa Hüseyn xan oğlunu gizlicə azad edib, Cara göndərdi.
    Məhəmmədhəsən ağa Car ləzgilərinin köməkliyilə Şəkinin üzərinə yürüş etdi. Birinci dəfə məğlub oldu. İkinci dəfə isə qalib gəldi. Hacı Əbdülqadir xan da Əlvəndə Ağası xanın yanına qaçdı. Ağası xan onu tutub qoşunla onu təqib və tələb edən Məhəmmədhəsən xana verdi. Məhəmmədhəsən xan atasının intiqamı üçün onu yeddi oğlu ilə bərabər öldürdü.
    Deyirlər ki, o, (Hacı Əbülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstərərmiş. Fətəli xan hicri 1199-cu (=1785) ildə, Ağası xan və onun müttəfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu zaman qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəy Fətəli xanın yanında idi. Bir gecə Bakıdan Şirvana getdiyi zaman yolda Ağası xanın böyük oğlu Əhməd bəyə rast gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra İbrahim xan Fətəli xanla dostlaşmağa başladı. Ağası xana qarşı hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bərabər məhbus olaraq Qubaya göndərildi. Bundan sonra Fətəli xan Şəki üzərinə yürüş etdi. Bu müharibədə məğlub olan Məhəmmədhəsən xan öz bacısını Fətəli xana verib barışdı. Fətəli xan da ittifaqı möhkəmləndirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona verdi. Həmin il cəsarətli, xoş rəftar və eyni zamanda xasiyyətcə vüqarsız və kinli bir şəxs olan Mürtəzaəli şamxal vəfat etdi. Qardaşı Məhəmməd şamxallığa oturdu.
    Hicri 1201-ci (=1787) ildə Fətəli xan Məhəmməd şamxalın qızı Kiсi bikəni üsminin baсısından olan Əhməd ağa adlı oğlu üçün aldı, çoxlu cehiz və böyük bir dəbdəbə ilə Dərbəndə gətirdi. Əmir Həmzə üsmi də həmin il vəfat etdi və qardaşı Ustar xan onun yerinə təyin olundu.
    Öz qardaşının ələ keçməsindən qorxuya düşən Məhəmmədsəid xan, gizlicə keçmişdəki işlərin əvəzini almağa çalışırdı. Fətəli xan Ağası xanı Əhməd bəy və Məhəmməd bəy adlı iki böyük oğlanları ilə hakim təyin etmək bəhanəsilə Qubanın Qonaqkənd kəndinə gətirdi. Məhəmmədsəid xan Qəsaniyyə və buradan də Qəbələyə getdi. Fətəli xanın damadı Məhəmmədrza bəy onu qarşıladı. Fətəli xan Ağası xanı oğlanları ilə Bakıya göndərdi. Özü isə Ağsuya gələrək Məhəmmədrza xanı Şirvana hakim təyin etdi. Lakin həqiqətdə özü hökmranlıq edirdi.
    Bu zaman Fətəli xan bir nəfər göndərib Məhəmmədsəid xanı oğlanları ilə bərabər və Ağası xanın oğlu Mustafa bəyi Məhəmmədhəsən xandan istədi. Məhəmmədsəid xan işi arzusu xilafinə görüncə naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu - Mahmud bəy və İskəndər bəylə Səlyana və Məhəmmədrza xan da Qubaya göndərilərək, həbsə alındılar.
    Bu hadisə zamanı Məhəmmədsəid xanın oğlanları - Əsgər bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar. Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan Məhəmmədhəsən xanın əmrilə onları aldadaraq tutdu. Məhəmmədhəsən xan onların üçünü də buxovlayıb, Fətəli xanın elçisi Məhəmmədkərim bəy Hacı Səfərəli bəy oğlu və öz inanılmış adamı Hacı Seyid bəylə Şirvana göndərdi. Təsadüfi olaraq, Göyçay yolu kənarında, Şəki və Şirvan sərhəddində, Ali-Sərkar tərəfdarlarından bir nəfər, belə bir yalan şayiə buraxdı: guya Fətəli xan Şəki tacirlərini soyub həbsə almışdır, özü də müharibəyə hazırlaşır. Hacı Seyid bəy Şirvan xanzadələrini buraxıb, Məhəmmədkərim bəyi buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara, buradan da Avara getdilər. Novsal xanın qardaşı oğlu və damadı Əmmə xanı, əmilərinin qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır qoşunu olmayan Fətəli xanı, Ağsu şəhərində 9 ay mühasirəyə aldılar. Axırda Fətəli xan öz qızı Pəricahan xanımı və Səlyan nahiyəsini Əmmə xanın əmisinin qan bahasına namizəd edib barışdı. Əmmə xan Avara, Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı Axalkalakına getdilər.
    Bu zamanlar Mürtəzaqulu xan Qacar, öz qardaşı Ağa Məhəmməd xandan üz çevirib Bakıya və mühasirədən iki ay əvvəl Şirvana gəlmişdi. O, qalanı müdafiə etməkdə Fətəli xana böyük xidmət göstərdi. Mühasirə bitdikdən sonra da kömək istəmək üçün Rusiya imperatoriçəsinin dərbarına getdi. Hicri 1202-ci (=1788) ildə, Ali-Sərkarın məhbusları olan - saf qəlbli, dəyişkən məcazlı Məhəmmədsəid xan iki oğlu ilə Səlyanda, iş bacaran cəsarətli və eyni zamanda etimada layiq olmayan Ağası xan, iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü. Ağası xanın övladından iki-üç nəfəri də kor edildi.
    Məhəmmədhəsən xan Əmmə xanın hadisəsindən və şirvanlıların təhrikindən cəsarətləndi. Əli sultan bəy Mehdi bəy oğlu Cankutay ilə ittifaq edərək, qəfildən Ağsu şəhəri üzərinə gəldi. Müharibədə ondan qalibiyyət nişanələri zahir oldu və hətta qoşunundan bir hissəsi də şəhərə daxil olmuşdu. Bu zaman Fətəli xan Quba və Dərbənd dəstəsi ilə hücuma keçdi. Əvvəlcə zəiflik göstərən ləzgilər də Mehdi bəy Məhəmmədoğlu şamxalın komandası altında hücuma başladılar. Məhəmmədhəsən xan məğlub olub Şəkiyə qaçdı. Əli sultan bəy də Mehdi bəyin vasitəçiliyilə məğlub və qarət edilmiş qoşunu ilə Quba və Dərbənd yolundan vətəninə qayıtmağa izn aldı.
    Həmin il Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri ona tabe oldular. Muğanlı Həsən xan da ona səmimiyyət göstərməkdə idi. Əvvəl Qubada məhbus olan Mir Mustafa xan, Qara xan oğlu sonralar onun himayəsi altında Talışda, həmçinin hidayət xan da Gilanda hakimiyyət sürürdülər. Yalnız qarabağlı İbrahim xan olduğu yerin möhkəmliyinə görə düşmənlikdə davam edirdi. Lakin Qarabağın aşağı mahalları Fətəli xanın hücumundan rahat deyildilər. Şamxal, üsmi və Qaziqumuq xanı ona qarşı ixlas göstərirdilər. Avar xanı və Mehdili əmiri çarəsiz qalıb, onunla sülh ilə keçinirdilər. Təbərsəranın məsum və qadisi onun itaətkar xidmətçisi idilər. Dağıstanın azad xalqının əyan, qazi və əmirlərinin çoxu onun sədaqətli tərəfdarı idilər. O, özünə məxsus olan Quba, Dərbənd və Səlyan ölkələrindən başqa, Şirvan ölkəsini də tamamilə ələ keçirdi. Bakının kiçik yaşlı xanı da onun himayəsi altında idi. İran dövlətinin üsul-idarəsində olan qarışıqlıq səbəbilə Azərbaycan əmirlərindən bir çoxu, məsələn, Qaradağ, Təbriz və sair əmirləri Ağa Məhəmməd xan Qacarla düşmən olduqları üçün, himayə ediləcəkləri ümidilə ona səmimiyyət göstərməyə başladılar. Axırda bütün istiqlal və ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə də bütün İran işlərini intizama qoymaq xəyalilə, Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da öz dudmanlarından Sadıq bəy Yadikar oğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim gürcü valiləri nəslindən yadigar qalıb, doqquzuncu babası, İranın qüvvətli padişahları dövründə, müsəlman olmuşdu. Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Nuxuda xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu.
    Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan Fətəli xanın bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli xanın hüzuruna gəldi. Fətəli xan cah və calalla Nuxu şəhərinə getdi. Bir neçə gün qonaqlıq və şadlıqla keçirib Gəncəyə yola düşdü. Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün əyanı ilə bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın əlindən çıxmış Şəmsəddinli mahalını Gürcüstan valisindən alıb ona verdi.
    Xülasə, yüksək mərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər gördülər. Geri qayıtdığı zaman Fətəli xan şiddətli bir qızdırmaya tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə Şirvana, buradan da Bakıya bacısınını yanına getdi. Hicri 1203-cü (=1789) ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi.
    Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahirbir adam idi. O, könülləri ələ almaq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi. Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin ildə vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi.
    Fətəli xanın böyük oğlu Əhməd xan hökumət bayrağını yüksəltdi. Onun başında gənclik ehtirası və hökmranlıq şüruru var idi. O, ölkəni idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra Məhəmmədhəsən xan köhnə ədavətə görə onun əleyhinə olaraq şirvanlarla ittifaq bağladı. Osmanlı ölkəsindən Qarabağa gəlmiş Əsgər bəyi, Qasım bəyi və Mustafa bəyi öz yanına çağırdı. Hacı Məhəmmədəli xanın oğlu Manaf bəylə Şirvan üzərinə hərəkət etdi. Əhməd xan müqavimət göstərə bilməyib Qubaya getdi. Məhəmmədhəsən xan Ali-Sərkarı elat arasında, Manaf xanı isə Ağsu şəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlərdən və başqalarından çoxlu mal topladı və orada bir neçə gün qaldıqdan sonra Şəkiyə qayıtdı.
    Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgərxan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu. Hicri 1205-ci (=1791) ildə Əhməd xan ilə bakılı II Mirzə Məhəmməd xan arasına ədavət düşdü. Əhməd xan ona xəracgüzarlıq vədə verən I Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu ağanın təhrikilə, bir dəstə qoşunu Səlyana getmək bəhanəsilə Bakıya göndərdi. Məhəmmədqulu ağa da gizlicə Bakıya gəlib öz tərəfdalarının köməyilə, azacıq döyüşdən sonra şəhəri aldı. Mirzə Məhəmməd xanı Qubaya göndərdi. Məhəmmədqulu xan müstəqil olub Əhməd xana vergi vermədi. Əhməd Xan da öz gördüyü işdən peşman olub, Mirzə Məhəmməd xana kömək üçün Bakıya bir dəstə qoşun göndərdi. Məhəmməqulu xan naçar qalıb, Mirzə Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların talan edilməsi haqqında ölkə əhalisinə əmr verdi. Bu vəsilə ilə əhalinin çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu xana tərəfdar oldu. Mirzə Məhəmməd xan naçar qalıb bir sıra mühasirə və müharibədən sonra Qubaya döndü. Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsi münasibətilə Ali-Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir elçi göndərdi və Şirvanın alınmasında ona kömək edəcəyini vəd etdi. Əhməd xanla Məhəmmədhəsən xan öz qoşunları və Dağıstan ləzgilərilə gəlib Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər. Mühasirə xeyli uzandı, istilər də şiddətləndi. Əsgər xan Məhəmmədhəsən xanın ordusundakı ləzgilər üçün, gizli olaraq, nağd və mal ilə 5.000 tümən göndərdi. Beləliklə, qoşunun arasına ayrılıq düşdü.
    Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun Səlyanda naib olan 13 yaşlı qardaşı Şeyx Əli ağa hökmran olmaq üçün Qubaya gəldi. Yeddi yaşlı Həsən ağa adlı qardaşını naib adı ilə Səlyana göndərdi.
    Əsgər xanın hökmranlığından 6 ay keçmişdi. Təbiətindəki süstlüyə görə Şirvan əyanı ondan üz çevirib qardaşı Qasım bəyin hökumət başına keçməsində ittifaq etdilər. Əsgər xan bir müddət dustaq olub, sonra Şəkiyə qaçdı. Qasım xan Mustafa bəyin səngərinə hücum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı. O, əhəmiyyətsiz şeylərə çox fikir verirdi. Verdiyi hökmdə aşağı təbəqələr ilə yuxarı sinif arasında təfavüt qoymurdu. Bu cəhətdən, şirvanlılar ondan incimişdilər, o da Şirvan əhlini özünə bədxah sayırdı. Qasım xan hədiyyə və sovqat göndərərək, Məhəmməd şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdib, xalqa müsəllət etdi. O, bu hərəkətilə hökuməti əldə saxlamaq və ölkənin asayişini mühafizə etmək fikrində idi.
    Nəhayət, hicri 1206-cı (=1792) ildə Şirvan əyanının və xüsusilə Yüzbaşı bəy hövzi və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əlvənddən gəlib şəhərdə hökumət bayrağını yüksəltdi. Qasım xan isə öz tərəfdarlarından bir dəstə ilə Qəbələ yolundan Qubaya getdi.
    Həmin ildə Ustar xan üsmi vəfat etdi. Əli bəy Əmir Həmzə oğlu üsmi oldu. Səxavətli, lakin bərk ürəkli bir əmir olan bakılı Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa Hacı Əliqulu ağa oğlu, bir neçə bəyin - dayısı oğlu və damadı Qasım bəy Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət başına keçdi. Mirzə Məhəmməd xan, Quba qoşunu ilə yenə Bakı üzərinə gəldi. Hüseynqulu xan şəhərdə Mirzə Məhəmməd xan isə kəndlərdə gah müharibə, gah da sülh edib, ölkəni və mədənləri öz aralarında bölüşdürürdülər.
    Bu zaman, Mustafa xan Göycayın kənarına və Surxay xan da Xaçmaza gəlib, Qəbələnin üç mahalını üsyana qaldırdılar. Ərəşli Şəhabəddin sultan da qarabağlılardan bir dəstə gətirdib, Məhəmmədhəsən xanın əleyhinə qalxdı. Lakin Məhəmmədhəsən xan özünü igidcəsinə müdafiə edərək Surxay xanı, Mustafa xanı və qarabağlıları tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlərlə ölkəni aram etməklə məşğul oldu. Şəhabəddin sultan qalanın möhkəmliyinə və qonşu əmirlərin himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş və Ağdaş mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə dəfə onun üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda, Şəhabəddin sultan təslim olmaq və Məkkəyə getmək arzusu ilə Məhəmmədhəsən xanın yanına gəldi.

    Övlad və əqrabasından bir çoxu ilə bərabər öldürüldü. Hicri 1208-ci (=1794) ildə Məhəmmədhəsən xan və Şeyx Əli xan, Qasım xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir neçə aylıq mühasirədən sonra bir gün güclü yağış və şiddətli seldən çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Mühasirədəkilər Sədari Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib, mühasirə edənləri məğlub etdilər. Şeyx Əli xan və Məhəmmədhəsən xan öz mülklərinə qayıtdılar. Qasım xan da Quba ilə Şəki arasında olan Qaraburqa dağında özünə oturaq seçdi.
    Hicri 1209-cu (=1795) ildə cəsarətli və saf qəlbli üsmi Əli bəy vəfat etdi. Mamay ləqəbilə məşhur olan Rüstəm xan ibni-Sultan ibni-Xan Məhəmməd ibni-Əhməd xan üsmi əmirliyə oturdu. II Mirzə Məhəmməd xan, arif və dinclik sevən bir əmir olduğundan, çox vaxt mülki işlərlə məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə edərək bir gecə Şirvan qoşununun köməyilə gizlicə gəlib, neft mədəni olan Bəlxanı qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xanın hökumət mərkəhi idi. Keçmişdə buraya Əməlyan da deyərdilər. Mirzə Məhəmməd xan yenə Qubaya getdi.
    Cənubi Qafqaz ölkələri iğtişaş və inqilab məhəlli olmuşdu. Belə qarışıq bir zamanda, İran ölkəsinin hökmranlığı şövkətli Qacar sülaləsinə keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi...
    Əbdürrəzzaq bəy Məasiri-sultaniyyə1 adlı əsərində deyir: Abaqa xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər, Arqun xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda omirülüməra olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu onun nəslindəndir. Onlardan (qacarlardan) bir çoxu da zaman keçdikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan 50.000 ailəni gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar gündən-günə artıb, cah və calal sahibi oldular. Qacar əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı hökumət adamları olub, Ermənistan və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə və Qarabağ hakimləri də Ziyad oğlu ləqəbilə, Xudafərin körpüsündən başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər hökmranlıq edirdilər. Bunlar Muğanın böyük şurasında Nadir şahın səltənətinə razılıq verməyib, Səfəviyyə dövlətinin bərqərar olmasını tələb edirdilər. Buna görə Nadir şah İran səltənəti taxtına oturunca, onların əzəmət və iqtidarını qırmaq istəyərək, Qarabağ əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşat və Xəmsə məliklərini onların ixtiyarından çıxarıb, Azərbayçan sərdarına tapşırdı... Qazax və Bozçalı mahalı əhalisini Gürcüstan valisinin ixtiyarına verdi. Bu səbəblə həmin xanlar çox zəif düşüb, ancaq Gəncə ətrafının hökmranlığı ilə kifayətlənirdilər.
    Hicri 1218-ci (=1804) ildə Rusiya sərdarı knyaz Sisiyanov hücum ilə Gəncəni aldı... İrəvan, Gəncə və Qarabağ əhalisi və əmirlərinin çoxu qacar nəslindən olduğu üçün onlar çox vaxt Şirvan ölkəsində sakin və hökmran olmuşlar. Buna görə Dağıstan əhalisi bu hüdud sakinlərinə indi də qacar deyirlər.
    I Şah Abbas Səfəvi 30.000 qacar ailəsini buradan köçürdüb Xorasanın Mərv nahiyəsində və Astarabadın Mübarəkabad qalası ətrafında yerləşdirdi. İranda hökumət sürən indiki şahların sülaləsi Astarabad qaçarları nəslindəndir. Doğrudur, "Məasiri-sultaniyyə” müəllifi bu sülaləni Astarabadın qədim qacar sakinlərindən sayır, lakin bunların babalarının Gəncə Şəmkiri ətrafında olmaları xalq arasında məşhurdur. Şəmkir şəhəri xarabalarının aşağı tərəfində çayın sol sahilində onların yurdları, ev və səkilərinin yeri Mehdibəyli adı ilə indi də körünməkdədir.
    Bü sülalədən olan Fətəli xan Şah Təhmasibin yanında çox cah və calala, əzəmət və iqtidara malik idi. Nadir şah Şah Təhmasibə yaxınlaşınca şahın məzacını ondan çevirdi. hətta hicri 1139-cu (1726) ildə onun işini bitirdi. Onun iki oğlu qaldı. Biri Məhəmmədhəsən xan idi. Nadir şah dövründə Astarabad nahiyələrində üsyan qaldırıb məğlub oldu və türkmən çöllərində dolanmağa başladı. O, Nadir şah öldürüləndən sonra gəlib Təbəristan, İraq və Azərbaycanı aldı, sərdarlıq ləqəbilə sikkə və xütbə sahibi oldu, Azad xan və Kərim xan Vəkil ilə müharibə etdi. Axırda hicri 1178-ci (=1759) ildə öz nökərlərinin əlində öldürüldü. Kiçik qardaşı Məhəmmədhüseyn xandan iki oğlan qalmışdı: biri Ağa Məhəmməd xan, o biri Hüseynqulu xan. Kərim xan Vəkil girov adı ilə bunların həmişə öz yanında saxlayırdı. Bu böyük əmirin vəfatından sonra, Ağa Məhəmməd xan Astarabada gedib, gündən-günə cah-calalını və səltənət büsatını artırdı.
    Zəndiyyəyə qalib gəlib, tədricən İraq, Təbəristan, Gilan və Azərbaycan ölkələrini fəth etdi. Hicri 1209-cu (=1795) ildə Qarabağı fəth etmək məqsədilə Xudafərin körpüsünü təmir edib, Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim xan İran qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu körpünü xarab etmişdi. Ağa Məhəməmməd xan Topxana mənzilində yerləşib, qalanı mühasirə etməyə başladı. Təqribən bir aydan sonra Gürcüstana hərəkət etdi. Qətl və qarətdən və Tiflis şəhərini xarab etdikdən sonra, qayıdıb Muğanın Çehilnam adlı yerində qışladı. Şirvan, Bakı, Şəki, Quba və Dərbənd hakimləri ərizə və hədiyyələr göndərib sədaqət izhar etdilər. Şəki hakimi Məhəmmədhəsən xan Hüseyn xan oğlu, Ağası xanın oğlu Mustafa xanın əleyhinə təbliğat aparmaq üçün öz inanılmış adamı Hacı Seyid bəy adlı bir nəfəri, Ağa Məhəmməd xanın hüzuruna göndərdi. Lakin o, Məhəmmədhəsən xanın özündən şeytanlıq etdi. Sərdar olan Qacar Mustafa xan Dəvəli, Mustafa xanı cəzalandırmaq üçün təyin olundu. Məhəmmədhəsən xan da Şəki qoşunu ilə zahirdə onun köməyinə təyin edildi. Şirvanlı Mustafa xan, Xançobanı tayfasını toplayıb, Ağsu şəhərini Fit dağına köçürməyə əmr verdi. Yaşayış vəsaitinin azlığından və soyuğun şiddətindən əhalinin bir çoxu fəlakət və zillətə məruz qaldı, bir çoxu da Qubaya və Dərbəndə dağıldı. Sərdar gəlib şəhərdə qalan malları qarət etdi. Bundan sonra o, Ağdaş mahalına, buradan da Xaçmaz mahalına gəlib Tərkəş kəndində dayandı. Məhəmmədhüseyn xanın qardaşı Səlim ağa bu hadisədən 8 ay qabaq Cara qaçmışdı. O, Car və Avar qoşunu ilə Əliskəndər Hüzzatinin sərkərdəliyi ilə Şəkini almağa hərəkət etdi. Məhəmmədhəsən xanı məğlub edib, şəhəri Gələsən-Görəsən adlanan yerə köçürdü. Məhəmmədhəsən xanın yeddi oğlunu öldürtdü.
    Bunlardan biri qubalı Fətəli xanın bacısı oğlu idi. Öz bacısını qarabağlı İbrahim xana verib, onun qızını da özü üçün aldı. Məhəmmədhəsən xan yardım almaq ümidilə, sərdarın yanına gəldi. Sərdar, əksinə olaraq, Məhəmmədhəsən xanın gözlərini çıxardıb, dustaq olaraq Təbrizə göndərdi, çünki qabaqcadan Ağa Məhəmməd xan Şəki əhalisinin şikayətinə və Hacı Seyid bəyin bohtan və iftirasına görə, Məhəmmədhəsən xanı kor etmək xüsusunda ona fərman göndərmişdi. Bu hadisədən xəbər tutmaq üçün Ağa Məhəmməd xan onu öz yanına çağırdı. O da, 200 və ya 300 nəfərlə orduya gedərkən, bir dəstə şirvanlıya rast gəldi. Sərdar döyüşdə öldürüldü.
    Bu zaman, rus qoşununun gəlməsi xəbəri alındı. Quba, Səlyan və Dərbənd hakimi Şeyx Əli xan, dərbəndli Xızır bəy Hacı bəy oğlu Qorçunu göndərib, Ağa Məhəmməd xandan kömək istədi. Lakin onun qoşunu azuqə azlığı, heyvanların qırılması və qışın şiddətindən çox pərişan bir halda idi. həm də, ola bilsin ki, bəzi mülahizələrə görə ruslarla müharibə etmək istəmirdi. Buna görə o, Xorasanı almaq məqsədilə Tehrana hərəkət etdi. Rus qoşunu da Şirvana daxil oldu.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (27.12.2013) | Müəllif: R.C E W
Baxış: 815 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more