Əsas » Məqalə » Azərbaycan tarixi

A. Bakıxanov-Gülüstani–İrəm-6
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>

    Bir azdan sonra Surxay və Hacı Davud əhvalatı Osmanlı dərbarına yazıb bildirərək o dövlətin himayəsi altına keçdilər. Sadir olan fərman mucibincə Hacı Davud bəy Şirvan hakimi təyin olundu. Sarı Mustafa paşa da bir dəstə qoşunla onun köməyinə göndərildi. Beləliklə, Surxay xanın bu işlərə müdaxilə etmək yolu bağlandı. Bu səbəbə onların arasına ziddiyyət və ayrılıq düşdü. Şəki ölkəsinin bir çox mahallarına sahib olan Surxay Gəncəni almağa yürüş etdisə də məqsədə çatmadan geri döndü. Ondan sonra Osmanlı dövlətinin fərmanı mucibincə Zaxurlu Əli Sultan paşa ləqəbi ilə Şəki məmləkətinin və ona əlavə edilən Zaxur sancağının bəylərbəyisi təyin edildi.
    Get-gedə İrəvan, Gəncə, Gürcüstan və Şirvanın bir çox yerləri Rum dövlətinin ixtiyarına keçdi. Əhməd xan üsmi, Hacı Davudun şərrini dəf etmək və osmanlılarla müharibə etmək bəhanəsilə Şirvana gəldi. Şah Təhmasib tərəfindən yazılan fərmanın məzmunundan anlaşıldığına görə o, özünü İran dövlətinə tərəfdar göstərirmiş, həqiqətdə isə, qarət fikrində idi. Bu zaman rus padişahı Pyotrun gəlməsindən xəbər tutub öz mülkünə qayıtdı. Qolikov1 Pyotrun fəaliyyətindən bəhs edən tarix əsərində yazır ki, İran dövlətində səltənət işlərinin qarışıqlığını, Şirvanda rus tacirlərinin qarət edilib öldürülməsini nəzərə alaraq rus padişahı Pyotr hicri 1134-cü (=1722) ildə həziran (iyun) ayının 15-də Hacı Tərxana gəldi, İran vilayətinə bu məzmunda bir müraciətnamə yazdı: "Ləzgilərin əmiri Davud bəy və Qaziqumuq əmiri Surxay öz padişahlarına yağı olub, hicri 1125-ci (=1713) ildə Şamaxı şəhərini yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda, Hacı Tərxan bəylərbəyisi onların yanına adam göndərmişdi, biz də şahın hüzuruna elçi göndərdik, lakin bu vaxta qədər bir təsiri olmadı. İran padişahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə biz özümüz onlara tənbeh etmək və intiqam almaq fikri ilə o tərəfə gəlirik. Hər kəs öz yerində rahat oturub asayişi pozmazsa bizim qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz; əksinə fəsad əhlinə kömək edənlər və ya qaçanlar padşahın qəhr və qəzəbinə düçar olacaqlar”.
    Bu zaman Əmir Mahmud Əfqan Sultan Hüseyni İsfahanda mühasirə etmişdi. Oğlu Təhmasib mirzə vəliəhd və nəibüssəltənə sifətilə Qəzvinə gəlmişdi. O, qoşun tədarük edərək atasını mühasirədən xilas etmək istəyirdi. Lakin süstlüyü və bacarıqsızlığı üzündən heç bir iş görə bilmirdi. Pyotr öz konsuluna, yəni Gilanda sakin olan vəkili Avraamova bir fərman yazdı ki, şah və dövlət başçılarından kim ilə mümkün olsa danışıq aparsın. İran hökumətinin himayə etmək və fəsad əhlini dəf etmək vədəsilə, sərhəd qoynundakı vilayətlərin rus dövlətinə verilməsi xüsusunda bir şərtnamə bağlasın. Bundan sonra 9.000 draqun, 20.000 qazaq, 30.000 tatar və 20.000 kalmıqdan ibarət olan 79.000 atlını qurudan yola saldı. Özü də təmuz (iyul) ayının 18-də içində 22.000 nizami piyada qoşun və 5.000 muzdur olan 271 gəmi və qayıqla dənizdən yola düşdü. İmperatora Çahartəpə adlı yerdən, Adil Gəray xan şamxalın itaətini və lazımi yardım göstərəcəyini bildirən ərizəsi yetişdi. Buna görə, həmin ayın 24-də Çeçen adasından poruçik Lopuxini 30 nəfər çaparla şamxalın yanına göndərdi ki, müraciətnamələri Şirvan və Dağıstan ölkələrinə yaysın. Sonra özü sahilə çıxıb, qoşun çıxarılacaq yeri təyin etdi. Əsgərlər də həmin ayın 28-də Aqraxan çayının ağzından sahilə çıxdılar. Sulaqdan üç mil uzaqda, ordugah təyin edilib, ətrafı səngərlərlə möhkəmləndirildi.
    Padişah özü baş əmirlərlə gecələr gəmidə olurdu, çünkü quru yol ilə gələn süvarilərin də atların çatmasını bir neçə gün burada gözləmək lazım idi. Bu süvari dəstəsinin gecikməsinə yolun çətinliyi, su və ələfin azlığı və İndiri kəndinin əhalisi ilə aparılan müharibə səbəb olmuşdu. Bu kəndi almaq üçün briqadir Veteraninin komandası altında 4 draqun polku göndərildi, onlara tapşırıldı ki, müqavimət göstərildi də kəndi alıb dağıtsınlar, şamxala tabe olmaqla, yoldan keçənlərə müqavimət göstərən və qonşu nahiyələri qarət edən o igid tayfanı başqalarına ibrət olmaq üçün cəzalandırsınlar.
    Kəndin yaxınlığında dar bir yerdə, yerli əhalidən beş min nəfər həmin ayın 23-də onların üzərinə töküldü. Draqunlardan 70 nəfərini öldürüb, bir qədərini də yaraladılar. Axırda polkovnik Naumov qoşunu bu dar yerdən çıxartdı, bir az döyüşdən sonra, kəndi alıb dağıtdı və ona od vurdu. Əhalidən 300 nəfər öldürüldü, sağ qalanlar da qaçdılar.
    Süvari qoşun və atlar əsas orduya gəlib çatandan sonra Pyotr 200 nəfər əskəri və 1000 nəfər kazağı xəstələrlə bərabər Aqraxan səngərindən, qayıqları da onun sahilində qoydu. Dərbənd üçün təyin edilmiş gəmiləri Soymonovun komandası altında yola salıb, köçdü. Avqust ayının 7-də çox çətinliklə Sulaqdan keçirdi. Orada Yaxsay əmiri Sultan Mahmud Şamxalın elçisi ilə birlikdə gəlib 850 baş qaramal və 5 baş cins at beşkəş kətirdilər, öz ixlas və itayətlərini bildirdilər. Beləliklə, o şanlı padişahdan çox iltifat görüb öz hüquqlarının təsdiqinə də nail oldular.
    Pyotr hər yerdə ordunun piştarları ilə qabaqda gedirdi. Şamxalın əmrilə yollar üzərində quyular qazılmasına baxmayaraq yenə bir para mənzillərdə su azlığından tənglik çəkirdilər. Avqustun 12-də şamxal Adil Gəray xan, Tarxunun bir ağaçlığında bir istiqbala gəldi; şəhər xaricində ordunun çadırları qurulmuşdu. Padişah qoşunların hamısının toplanmasını gözləyərək 3 gün orada qalacaq idi. Ertəsi gün şamxal padişahı qonaq çağırdı. Şəhəri və ətrafı nəzərdən keçirdikdən sonra süfrə başında cürbəcür söhbətlər danışıldı. Şamxal bu səfər də iştirak etmək üçün qoşun vermək arzusunda olduğunu bildirdi, o isə qəbul etmədi. Şah orduya qayıtdıqdan sonra Dərdbənd naibi qorçular yüzbaşısı İmamqulu bəyin vəkilləri hüzura gəldilər. İxlas göstərib padişahın onları himayə edəcəyinə qarşı razılıq etdilər.
    Polkovnik Naumov başqa bir əfsər və 12 kazakla padişah ordusunun gəlməsi üçün lazım olan işləri yoluna qoymaqdan ötrü Dərbəndə getdi. Naibin göstərişi ilə iki şimal dərvazasında, həmin gün gəmi ilə gəlmiş olan ruslardan qaravolçu qoydular. Dərbənd qalabəyisi Sultan bu hadisədən əvvəl İran padişahının dərbarına getmişdi. Məmləkətin naibi həmişə yerli əhalidən olub qalanın mühafizəsi də onun öhdəsində olardı.
    Rus padişahı avqustun 16-da Tarxudan hərəkət edib, 18-də Ötəmiş mülkünə gəldi. Bir əfsəri 3 nəfər kazakla Qaytaq üsmisinə tabe olan o yerin hakimi Sultan Mahmudun yanına göndərib tabe olmağı ona təklif etdi. Sultan Mahmud isə elçiləri öldürdü; özündən üsmi və sairlərindən topladığı on altı min qoşunla rus ordusunu üzərinə hücum etdi, nəticədə məğlub oldu. Rus süvariləri onları Ötəmiş şəhərinin üç milliyinə qədər təqib edərək, bir çoxlarını öldürdülər və beş yüz evdən ibarət olan bu şəhəri 6 başqa kəndlə bərabər qarət edib yandırdılar. 15 min qoyun və qaramal bunların əlinə keçdi. Əsir düşən bir neçə nəfər də padişahın əmrilə öldürüldü.
    Rus qoşunu avqustun 21-də Dərbəndə girdiyi gün istinin şiddətindən, suyun azlığından və tozanaqlı bərk küləkdən çox əziyyət çəkdi. Dərbənd şəhərinin xaricində naib İmamqulu bəy bir dəstə üləma və sair əsnaf ilə gümüş açarı bir məcməinin içərisinə qoyub, istiqbal mərasimi ilə təqdim edərək razılıq və təşəkkür izhar etdi. Pyotr nizami yürüş və əsgəri musiqi ilə qalaya daxil oldu, 203 top ələ keçdi. Piyada qoşun şəhərə yaxın olan dəniz sahilində, draqun, kazak və sairdən ibarət süvari qoşun da Mollakəndi çayı kənarında yerləşdi. Bəndər münasib olduğuna görə gəmilər də bu çayın ağzında dayandı. Dərbənd şəhərini hər iki tərəfdən müdafiə etmək üçün bir neçə gün ərzində təcili olaraq biri Mollakəndi çayı, digəri isə Orta Buqam çayı kənarında iki qala tikdirildi. Naib İmamqulu bəy, general-mayorluq rütbəsi və xanlıq ləqəbilə Dərbənd hökumətinə və yerli qoşun sərkərdəliyinə təyin edildi.
    Poruçik Lunin bir dəstə qoşunla dəniz yolu ilə Bakıya göndərildi ki, yeni müraciətnaməni çatdırmaqla oranın hakimlərini və əhalisini itaətə cəlb etsin. Bir neçə gün ərzində Yalama ilə Bəlbələ çayları arasında olan bütün Dərbənd və Müskür ətrafı rus əsghərlərinin əlinə keçdi. Müskürünün bütün kəndləri əhalinin iğtişaşı üzündən xaraba qalmışdı. Ancaq Dədəli kəndində Hacı Davudun daş hasarlı evi qalmışdı, qaravolçular burada sakin oldular.
    Lunin Bakıdan qayıdıb ərz etdi ki, Bakı əhalisi onu şəhərə buraxmadı... Pyotr qəzəblənib istədi ki, onları zorla tabe etsin, lakin qayıtmasına səbəb olan maniələrə görə o, bu işi gələn ilə qoydu. Dərbənd xaricdən dağdan dənizə doğru çəkilmiş iki hasarla əhatə edilmişdir. Daxildən isə dörd hissəyə bölünmüşdür. Bu hissələr bir-birindən divarlarla ayrılır. Birincisi hamıdan yüksək və daha kiçik olan Narınqaladır.
    Ruslar əvvəlcə buranı aldılar və əhalisini tamamilə çıxarıb kənara göndərdilər. Padişah özü burada sakin oldu. Ortadakı iki hissədə naib, tacirlər və xalq əsnafının evləri, karvansaralar və sair yerləşmişdi. Padişah burada olduğu zaman boş qalan və Dubaru adı ilə məşhur dördüncü hissədə iki qazarma, yəni saldatxana və bir də sursat ambarı tikildi. Gəmilərdən sursat çıxaran zaman şiddətli bir tufan qalxdı, gəmilər elə zədələndilər ki, onlara dolan suyu kəsmək mümkün olmadı.
    Axırda lövbərləri kəsdilər tufan gəmiləri sahilə atdı. Gəmilərdə olan ərzaq isə xarab oldu. Həmçinin, Hacı Tərxandan 30 gəmi ilə gətirilən sursat da Aqraxan bəndərində bu hala düşdü. Azuqə hər cəhətdən çox az qalmışdı. Bu ətrafda da iğtişaş olduğundan taxıl ələ gətirmək mümkün deyiddi. Buna görə qoşunun Rusiyaya qayıtması lazım görüldü. Rus padişahına bir nəticə əldə etmədən geri qayıtmaq çox ağır gəlirdi. O, xüsusilə Bakını alıb Kür çayı ağzında tiçarət üçün böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək, Gürcüstan məsələsini də yoluna qoymaq istəyirdi.
    Bunlardan başqa o, Astarabad vasitəsilə Hindistan ilə ticarət əlaqəsi yaratmaq fikrində idi. Xülasə, qoşunun bir hissəsini Dərbənd qalasının mühafizəsinə təyin edib eylulun (sentyabrın) əvvəllərində geri qayıtmağı qərara aldı. Heç bir hadisə üz vermədən Aqraxan səngərinə çatdı. Aqraxan çayının Sulaqdan ayrıddığı yerdə Səlib qalası adlı bir şəhər bina etdi. Bu yerin suyu, otu və meşəsi olduğundan dağıstanlıların təcavüzünün qarşısını almaq və Dərbənd yolunu qorumaq üçün böyük əhəmiyyəti vardı. Gəmilərin hərəkətini təmin etmək üçün Sulaq çayında iri sütunlar və ağaclardan böyük bir bənd bağladı ki, Aqraxan çayının suyu artsın. Bu ağacların bəzisi indi də suyun içərisində görünməkdədir.
    Don kazaklarının atamanı Krasnoşökov, 1000 nəfər kazak və yeni gəlmiş 40.000 qalmıq ilə Həmri mülkünə gedib, bir çox qətl və qarət edərək 350 nəfər əsir və 11.000 qaramal gətirdi. İmperator Gürcüstan valisinə və ermənilərin böyük xəlifəsinə də elçi və məktublar göndərdi. Nəvaziş izhar edib, özünün yenə oralara gələcəyi haqqında xatircəmlik verdi. Səlib qalasında mühafizlər təyin etdikdən sonra bütün süvari qoşunu quru yol ilə yola saldı. Özü də Aqraxan bəndərini çox möhkəmləndirib sentyabrın 26-da gəmi ilə təcili surətdə Hacı Tərxana getdi. Onun ardınca piyada qoşunu da general-admiral qraf Apraksin gəmilərlə yola saldı. Qoşun yolda tufana düşərək çox çətinliklər çəkdi.
    Pyotr təşrini-əvvəlin (oktyabrın) 4-də Hacı Tərxana gəlib çatmışdı. Gilan hakiminin himayə xahiş edən ərizəsi yetişdi. 5 gün içərisində gəmilər hazırlandı və səfər tədarükü görüldü. həmin ayın 10-da polkovnik Şipov və Soymonov iki batalyon saldatla Gilana getdilər. Pirəbazar bəndərinə çatdıqdan sonra Yazıkov ordunu aparmaq üçün arabadan ötrü Rəştə göndərildi. O zaman Təhmasib mirzə tərəfindən rus padişahı dərbarına vəziri-əzəmin mülazimi İsmayıl bəy elçi təyin edilmişdi. O, Talış dağlarından keçərkən dənizdə rus gəmilərini görüncə, Gilana qayıdıb Rəştə getdi. Buranın əhalisi Gilan vəzirinin evində məsləhətləşdikdən sonra cavab verdilər ki, İran padişahının icazəsi olmadan, rus qoşunlarını öz ölkələrinə buraxa bilməzlər. Buna görə də gəmidə qalmağı onlara təklif etdilər.
    Ruslar Pirəbazarı aldılar. Gilan vəziri polkovnik Şipov ilə Görüşdü. Onların rus padişahı əmrilə himayə üçün gəldiklərinə xatircəm olunca, polkovniki bir dəstə qoşunla Rəştə aparıb şəhərin kənarında bir karvansarada yerləşdirdi.
    Lakin sülh etmək meyli olmadığından elçini (İsmayıl bəyi) cürbəcür bəhanələrlə Rusiyaya getməyə qoymurdu. Hicri 1135-ci (=1722) ildə təşrini-axırın (noyabrın) 23-də Mir Mahmud İsfahanı aldıqdan sonra Şah Təhmasib Qəzvində taxta oturdu. Vəzir elçini göndərməmək xüsusda onun hüzuruna bir ərizə yazdı və cavabında müntəzir oldu.
    Ruslar bu əhvalatdan xəbər tutaraq cürbəcür vasitələrlə elçini gəmiyə aparıb saxladılar. Şah tərəfindən qasid gəldiyi zaman konsul Avraamov gizlicə onun istiqbalına çıxdı. hiylə və təməhsiləndirmək vasitəsilə fərmanın məzmununu bildi. Fərmanda elçinin göndərilməməsi əmr olunurdu. Beləliklə, qasidi o qədər yubatdı ki, ta Soymonov elçini kanuni-saninin (yanvarın) əvvəllərində "saat xoşdur” bəhanəsilə gecə yarısı, iki gəmi ilə yola saldı. Gilan vəziri fərmanı aldıqdan sonra elçinin göndərilməsindən xəbərdar olub qəmgin oldu. O, hakimlərin və yerli əhalinin məsləhəti ilə müharibə tədarükü görmək və qoşun toplamaqda idi. Polkovnik Şipov da tədriclə Pirəbazardan müharibə ləvazimatı və sursat gətirdib öz işini görürdü.
    Mart ayında Soymonov öz məmuriyyəti mucibincə şəhər üçün yer intixab etməkdən ötrü gəmilərdə bir dəstə qoşunla Kür çayı ağzına getmişdi. Bu zaman gilanlılar rus qoşununa geri qayıtmağı təklif etdilər. Polkovnik onlara belə cavab verdi: əvvələn getmək üçün gəmilərimiz yoxdur, ikincisi də bu təklifi bizə İran padişahı etməlidir. Axırda iş müharibə ilə nəticələndi. Gilanlılar əllərində olan dörd top ilə bütün günü karvansaranı topa tutdular. Polkovnik gündüz sakit durdu, gecə 1000 nəfər saldat göndərdi. İki tərəfdən şəhərin üstünə elə töküldülər ki, gilanlılar özlərini toplaya bilmədilər, bir çoxları öldürüldü, qalanları da qaçdılar. General-mayor Levaşovun komandası altında yeni qoşun gəldi, şəhəri aldılar və onun qərb tərəfində Qəzvin yolu üzərində bir qala bina etdilər. Şərq tərəfdən də karvansaranı qala kimi bərkitdikləri üçün şəhər arada qaldı.
    Həmin il təmuz (iyul) ayının 6-da general-mayor Matyuşkin 9 gəmi ilə Bakı bəndərində lövbər atdı. Bu gəmilərdə 4 polk qoşun var idi; polk o zaman 1000 nəfərə yaxın əsgərdən ibarət idi. Sonra İsmayıl bəyin Şah Təhmasib adından Bakı əhalisinə yazmış olduğu məktubu göndərdi. Məktubda qalanın təslimi təklif edilirdi. Sultan və Bakının əyanları elçiləri şəhərə buraxmadılar...
    Ayın 21-də general sahilə qoşun göndərdi. Şəhərdən də bir çox süvari bayıra çıxıb müharibəyə girişdilər və məğlub olaraq geri döndülər. Ruslar səngər düzəltməyə məşğul oldular, yeddi gəmi də yaxınlaşıb, qalanın toplarını susdurdular. Qumbaraların atəşindən şəhərə böyük yanğın düşdü, qalanın hasarı bir yerdən dağıldı. Ayın 26-na təyin edilmiş yürüş, şiddətli tufan nəticəsində mümkün olmadı və gəmilər pərakəndə düşdü. General yenə təslim haqqındakı danışığı təzələdi. Şəhər alındı 72 top, barıt, güllə və sair bir çox ləvazimat ələ keçdi. 700 nəfərdən ibarət olan qala mühafizləri, öz sərkərdələri Dərgahqulu bəylə Rusiya dövlətinin xidmətinə daxil oldular. Ölkənin hökuməti Dərgahqulu bəyə həvalə edildi. Şəhərin qalabəyisi - sultanı, Dərgahqulu bəyin təhrikilə, Davud bəyin dostudur deyə həbsə alınaraq Rusiyaya göndərildi. Dərgahqulu bəy axırda xəyanətdə müttəhim edilərək, işdən kənar edildi, rus komendantları hökumət işlərini öz əllərinə aldılar.
    Yazılı mənbələr və şifahi xəbərləri anlaşıldığı üzrə Dərkahqulu bəy ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəyin keçmiş babaları ... gilanlı Xan Əhməd hadisəsi zamanında, hicri 1000-ci (=1592) ildə Şirvana gəlib Bakıda mülk sahibi və yüzbaşı rəisi olmuşdular. Onların imarət və qalalarının xarabaları Ramana kəndində indi də mövcuddur. Xalq arasında belə bir rəvayət məşhurdur ki, Əmir Hican, Bülbülə və Ramana kəndləri xan kəndidir. Dərkahqulu bəy keçmiş zamanda Bakı sultanını öldürüb xan ləqəbilə hakimiyyətə keçmişdi. Cürbəcür tədbir, vəsilə və əhalinin ittifaqı ilə şahın dərbarı tərəfindən də təsdiq olunmuşdu. Buna görə yeni sultan ancaq qalanın komendatlığı vəzifəsilə kifayətlənirdi.
    Davud bəy və Surxay bəy Bakını almaq istəyirdilər. Lakin Dərkahqulu xan ləzgi qoşununu şəhərin yarım ağaclığında o zamandan bəri Qanlıtəpə adlanan bir təpə yaxınlığında pis bir surətdə məğlub etdi. Dərkahqulu xanın qardaşı Hüseyncan bəy də bu davada öldürüldü. Bundan sonra Şabran və Qabıstan mahallarında çapqınçılığa başlayıb, gündən-günə şöhrət tapdı. Ruslar gəldiyi zaman, şəhəri təslim edib əvvəlki vəzifəsinə təyin edildi, Dərgah xanın hökumət mərkəzi Məşqətə kəndi olub bağı, imarəti və ovdanları indi də buradadır. Onun qüvvəti və şücaəti xalq arasında məşhurdur. Dərgah xanın Abdulla bəy Hacı Səlim bəy oğlunu Bakı mahalına hakim təyin etməsi haqqındakı fərmanının tarixindən və sair maddələrdən anlaşıldığına görə onun hökmranlığı hicri 1143-cü (=1731) ildə də davam edirmiş. Lakin onun hansı ildə rus dövlətindən üz çevirib bir dəstə tərəfdarları ilə bir müddət Bakı və Şirvan ətrafını çalıb-çapdığı və sonra gedib İran qoşununun əmirləri sırasına keçməsi məlum deyildir. hicri 1151-ci (=1738) ildə Nadir şahın qardaşı İbrahim xan Carda öldürüldüyü zaman o da yaralanıb Zəncanda vəfat etmişdir.
    Həmin il eylul (sentyabr) ayının 12-də bir çox danışıqlardan sonra hökumət mərkəzi olan Peterburqda İsmayıl bəy Şah Təhmasib adından Rus dövləti başçıları ilə bir müahidə bağladı. Astarabaddan Dərbəndə qədər uzanan bütün sərhəd boyu Rus dövlətinin ixtiyarına keçdi. Rus padişahı da Şah Təhmasibə kömək etməyi öhdəsinə aldı.
    Osmanlı dövləti Şirvan və Azərbaycan ölkələrinə yiyələnmək fikrində idi. Müharibə elan etməklə, rus padişahının sərhəd boyundakı vilayətlərə sahib olmaqdan saxlamaq istəyirdi. Vəziri-əzəm İbrahim paşa isə, Rusiya dövləti ilə dostluq arzusunda olub, müharibəyə razı olmurdu. Buna görə, elçi göndərib Rusiya dövlətindən xahiş etdi ki, İran ölkəsini tutmaqdan çəkinib, Hacı Davud bəyi də Şirvan hakimi tanısın. İmperator dostcasına mülayim cavablarla elçini geri qaytardı. Lakin, Gilanın alınması xəbəri Osmanlı dövlətinə çatınca, vəziri-əzəm vasitəsilə təkrar elçi gəlib, bu hadisənin səbəbini soruşdu. O, yenə cavabında dedi: "Mən Rus dövləti ilə əhdnamə pozmaq fikrində deyiləm, qoşunu da İran ölkələrini ələ üçün deyil, bəlkə quldurlardan intiqam almaq və məzlum şahı himayə etmək üçün göndərmişəm”.
    Lakin, gizlicə olaraq, Malaros vilayətləri bəylərbəyisinə fərman yazdı ki, Rum və Krım sərhədlərində 70-80 min qoşun hazırlasın.
    Rumlular (türklər) də o tərəfdən Ermənistanı, Gürcüstanı və Şirvanın bir çox yerlərini tutdular. Axırda bu qərara gəldilər ki, hər iki dövlət, sahibsiz İrandan aldıqları torpağı öz əllərində saxlasınlar. Bu zaman, Osmanlı dərbarında olan rus dövləti səfiri Neplüyevin gözəl himməti Fransa dövləti səfiri Bonakın vasitəçiliyi və Rum dövləti vəziri-əzəmi İbrahim paşanın bacarığı sayəsində, Qostəntiniyyədə (İstambulda) hicri 1137-ci (=1725) ildə, həziran (iyun) ayının 27-də iki dövlət (Rusiya ilə Osmanlı dövlətləri) arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən Astarabad, Mazandaran, Gilan, Bakı, Səlyan və Dərbənd vilayətləri rus dövlətinə verildi, Şirvanın qalan hissəsi, Ermənistan və Gürcüstan da Osmanlı dövlətinə çatdı. Şamaxı ilə Bakı arasında sərhəd təyin edildi.
    Bonakın qardaşı oğlu, bu sülh xəbərini imperatorun dərbarına gətirdiyindən, padihaşın lütf və ənamına nail oldu. Rumyansev də üç dövlət arasındakı hüdudu təyin etməyə məmur oldu. Ona tapşırıldı ki, İran və Türkiyəyə gedib, gizli olaraq, Gürcüstan yolunu öyrənsin. Kür çayının vəziyyətini təyin etsin. Ermənistan və Gürcüstanın əsgəri qüvvəsini və məzkür yol üzərində azuqə və ot-əlaf əldə etmək imkanlarını aydınlaşdırsın. Gürcüstanın Kuban tərəfindən nə vəziyyətdə olduğunu və məsafəsini müəyyən etsin, erməniləri Gilanda müsəlmanların məskənlərində və yurdlarında vətən salmağa təşviq etsin.
    Bu əsnada Səlib qalası tamam oldu, Sulaq çayının suyu Aqraxan çayına axdı. İmperator general-mayor Kuropatova fərman yazdı ki, Terek şəhərini köçürüb oraya aparsın aə Aqraxan səngərini dağıtsın. Şamxal Səlib qalasının tikilməsindən qorxuya düşdü. həm də müahidə bağlayıb, ona vədlər verən osmanlıların təhrikilə 30 min qoşun götürüb gəldi və Səlib qalasını mühasirə etdi. Lakin o, məğlub olaraq geri qayıtdı. Kuropatov onun bütün məmləkətini və hökumət mərkəzini viran etdi. Bu hadisədən sonra imperator şamxallıq mənsəbini ləğv edərək, onun məmləkətinin ixtiyarını Şirvanda hökmran olan generala həvalə etdi. Rus ordusuna gələn Şamxal Adil Gəray xanın özünü də əsir edib Rusiyaya göndərdilər. Ömrü orada tamam olub öldü.
    Hicri 1138-ci (=1725) ildə təşrini-saninin (noyabrın) 9-da Rusiyaya getmiş olan bu yerlərin sərdarı generalleytenant Matyuşkin qayıdıb Bakıya gəldi və burada podpolkovnik Zimbulatovun hadisəsi ilə tanış oldu. Zimbulatov öz batalyonu ilə gedib Kür çayı sahilində, o yerin hakiməsi Səlyan sultanı Həsən bəyin hərəmi - Qəbuli xanımın sarayı qarşısında ordugah qurdu. Müəyyən bir şəhər salmaq üçün tədarükdə idi. Qəbuli xanım dostluq və ixlas göstərib bir gün onu bütün zabitlərilə bir yerdə qonaq çağırdı. Xörək yeyildiyi zaman otağa müsəlləh adamlar girib onların hamısını öldürdülər. Əsgərlər bu halı görüncə orda qalmış olan bir xəstə zabitlə öz gəmilərinə minib Bakıya qayıtdılar. Təəccüblü burasıdır ki, Pyotr qabaqcadan bu xüsusda general Matyuşkinə yazıb bildirmişdi ki, "Səlyanın hakiməsi xanın oğrularının böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin”.
    General Matyuşkin 300 nəfərlə Kür dəhnəsinə gedib, şəhərin yerini gözdən keçirdi və Gilana getdi. Generalmayor Levaşovun orada 6 batalyon saldatı, 500 nəfər draqunu, bir neçə dəstə erməni, gürcü və Don kazağı vardı. Kəsgər vəziri 20.000 qoşunla qarşıda müharibəyə hazır durmuşdu. General Matyuşkin bir nəfər Ərdəbilə, Şah Təhmasibin hüzuruna göndərib İsmayıl bəylə bağlanan əhdnaməyə əsasən tələb etdi ki, vəzirləri müharibə etməyə qoymasın. Lakin cavab alınmadı, çünki şahın dövlət başçıları bu sülhü qəbul etməyib İsmayıl bəyi xain hesab edirdilər. İsmayıl bəy də rus himayəsi sayəsində Gilanda qalmışdı. İranlılar karvansaranın üzərinə hücum etdilər. Bir batalyon saldat və üç dəstə draqun onları məğlub edib təqib etdilər və bir çoxlarını öldürdülər. Bundan sonra da Astara vəziri və başqaları bunların köməyinə gəldilər. İranlılar iki ay, neçə gündən bir müharibə etdilər. Lakin bu müharibələrin hamısında məğlub oldular. Axırda elə qorxdular ki, əsla müharibəyə gəlmədilər...
    Bu zamanlar ruslar Bakıdan gedib Səlyanı da ələ keçirdilər və orada kiçik bir qala tikdirdilər. Həsən bəy qaçıb Dağıstan və Şirvan quldurlarına qoşuldu. Bu zaman iqtidar və şövkətcə Hacı Davuddan yüksək və onun Şirvanda hökmranlıq sürməsindən narazı olan qaziqumuqlu Surxay bəy bir çox vəsilələrlə Osmanlı hökumətindən Şirvana hakim olmaq fərmanını öz adına aldı. Xanlıq ləqəbilə hökmranlıq bayrağını yüksəltdi. Sarı Mustafa paşa Gəncəyə təyin olundu. Hacı Davud bəyi Rum ölkəsinə çağırdılar, orada da vəfat etdi.
    Hicri 1138-ci (=1725) ildə təşrini-sani ayının 28-də böyük Pyotr 53 yaşında vəfat etdi. O, əzim sahibi və ağıllı, üsuli-idarə və fütuhat fənnlərində mahir bir padişah idi. Dəfələrlə Avropaya səyahət edərək, kamalat kəsb edib öz şəxsi istedadını artırırdı. O, mülki qanunları və əsgəri intizamı yeni üsul üzrə qurdu. Sülh və müharibə işlərinə fikir verməklə Rusiyanın qüdrət və şövkətini artırdı. Məşhur Şved kralı (12-ci Karlı) məğlub edərək... Peterburq şəhərini bina etdi.
    Böyük işlər banisi olduğundan "Böyük Pyotr” adı ilə məşhur oldu. Vəfatından iki il əvvəl indiki rus padişahlarına məxsus olan imperator ləqəbini aldı.
    Ustryalov1 öz tarix kitabında yazır: Pyotrun arvadı I Yekaterina ondan sonra Rusiya səltənət taxtına oturdu. O, hər xüsusda, o cümlədən İranın dörd vilayətinə aid işlərdə öz ərinin tədbir və qanunlarına əməl edirdi. Mülki işləri intizama salmaq üçün rusların böyük adamlarından ibarət 6 nəfərlik bir məclis düzəltmişdi. Rum və İran padişahları ilə yeni müahidələr bağladı. Adı çəkilən vilayətlərin bəzi nahiyələri də Rusiyanın ixtiyarına keçdi. Onun vəfatından sonra hicri 1140-cı (1727) ildə may ayının 6-da Böyük Pyotrun nəvəsi, Alekseyin oğlu II Pyotr 12 yaşında taxta oturdu. İşləri də həmin məclis idarə etməkdə idi. O da, hicri 1143-cü (=1730) ildə yanvar ayının 18-də vəfat edərək, yerində Böyük Pyotrun dul qardaşı qızı Anna İvanovna səltənətə oturdu. İran hüdudunda rus hakimiyyətini möhkəmləndirməkdən ötrü boş yerə məhv olan çoxlu qoşun və puldan başqa daha bir çox tədarük tələb olunurdu. Çünki bu zaman İranda adı əməlinə mütabiq olan Nadir adlı baçarıqlı və fateh bir əmir meydana çıxmışdı. O, Azərbaycan və Mazandaran ətrafında taxtsız və bəxtsiz, sərgərdan və avara dolanmaqda olan Şah Təhmasibin xidmətinə girdikdən sonra İran işləri başqa bir rövnəq tapdı. Qoşunun intizamı və ölkənin asayişi gündən-günə artıb yüksəldi. Osmanlıların Bağdad yaxınlığındakı külli əsgəri qüvvəsinə elə bir şikəstlik verdi ki, hətta İstanbulun özündə belə qarışıqlıq və inqilab əmələ gəldi: Sultan Əhməd xan taxt və tacından əl çəkdi, Sultan Mahmud xan taxta oturdu.
    Bu zaman İran hüdudundakı əhali həyəcana gəlib ümumi surətdə hücum edərək, Rusiya ilə müharibəyə başladılar. Ancaq general-mayor Levaşovun bacarığı nəticəsində Rusiya bu qorxulu hadisədən nicat tapdı. Həmin general öz dövlətindən çoxlu yardım istədi. Lakin imperatoriçə böyük əmirlərindən Baron Şafirovu sülh arzusu ilə İrana göndərdi. Rəştdə hicri 1145-ci (=1732) ildə, İran vəkilləri ilə olan danışıqdan sonra bu şəraitlə sülh bağlandı: rus qoşunu təxirsiz Gilan və Mazandaran vilayətlərini İran dövlətinə qaytarsın, şiddətli bir surətdə davam edən Rum və İran müharibəsi qurtardıqdan sonra Şirvan və Dağıstandan əl çəksin. Bu barışıqda Rus dövləti yalnız İran dövləti ilə dostluğu təzələməklə və Osmanlıların İrandan çıxarılması ilə kifayətləndi.
Nadirin əhvalatı haqqında


    Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən ofşarlarından Qırxlı tayfası Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan ceşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin hicri 1101-ci (=1689) ildə Nadirqulu adlı bir oğlu oldu. Bu adam, Kosa Əhmədli Babaəli bəyin iki qızını birbirinin ardınca aldıqdan sonra, tay-tuşları arasında yüksəlib tərəqqi etdi, Nadirqulu bəy adı ilə məşhur olaraq hünər və şücaətdə tanındı. Babaəli bəyin vəfatından sonra, sistanlı Məlik Mahmudun xidmətinə daxil oldu. Sonra ondan qaçıb, Əbivərdi ələ keçirdi. Bu iğtişaş dövründə, əfqanlar İran paytaxtını, İraq, Fars və Xorasanı, osmanlılar isə Azərbaycanın yarısını, Ermənistan və Gürcüstanı ələ keçirmişdilər; ruslar Kaspi sahilindəki vilayətləri tutmuşdular, ləzgilər də Şirvanda asayişi və yollarda əmin-amanlığı pozmuşdular...
    Bu zaman Nadirqulu bəy də, təqribən 400 ailədən ibarət Cəlayir elinin köməyilə hökmranlığa başladı. Tədriclə Əfşar tayfalarını, Əbivərd kürdlərini və elatını, Dərəcəz və Kəlat qalalarını və onların ətrafını ələ keçirdi, Məlik Mahmud və sair ilə müharibə edərək şöhrətləndi, Şah Təhmasibə yaxınlaşıb, Təhmasibqulu xan adı ilə əvvəl qorçubaşı və daha sonra bütün İranın ən iqtidarlı sərdarı və sahib ixtiyar vəkili oldu. Onun fütuhatına mane olan Şah Təhmasibi, hicri 1145- ci (=1732) ildə səltənətdən əzil edərək sikkəni və xütbəni onun südəmər oğlu olan III Şah Abbasın adına vurdurub oxutdu. Özü isə müstəqil olaraq hökmranlıq etməyə başladı. Rum qoşununu pis bir surətdə məğlub etdikdən sonra, Bağdad hakimi Əhməd paşa vasitəsilə Osmanlı dövləti ilə hicri 1146-cı (=1733) ildən sülh etdi. həmin dövlətin qanununa müvafiq olaraq, paşalara İran vilayətlərini boşaltmaq haqqında, sultanın mübarək imzasilə bəzənilmiş fərmanlar göndərildi.
    Nadirin ordusu Ərdəbilə gəldi. Şirvan hakimi Surxay xana yazılan fərmanı, Astara hakimi Musa xan öz adamı ilə Surxay xana göndərdi. O, fərman gətirən adamı öldürüb, Musa xana nalayiq sözlər yazdı: "Mən Şirvanı ləzgi şirlərinin qılıncı gücü ilə almışam, bağdadlı Əhmədin və başqalarının nə həddi vardır ki, bu cür sözlər danışsınlar”. Buna görə əlahəzrət Nadir bu məğrur adamı cəzalandırmağı lazım bildi. Şirvanı fəth etməyi başqa qalaların alınması üçün açar saydı. Lakin o, Kür çayının kənarına çatanda, Surxay xan Şamaxını buraxıb Dağıstana getdi. Nadir hicri 1147-ci (=1734) ildə, aqustos (avqust) ayının 17-də, Şamaxıya girib, Ərdəbil hakimi Məhəmmədqulu xan Səidlini Şirvana hakim təyin etdi.
    Bu zaman eşitdi ki, ləzgilərdən və quldurlardan ibarət bir dəstə Şamaxının üç ağaclığında olan çətin keçidli və Mici adlanan yerdə toplanıb, fəsad törətmək üçün firsət axtarırlar. Onları dağıtmaq üçün bir dəstə göndərildi, diri və ölü olaraq onlardan 500 nəfər ələ keçdi. Əsirlərin azad edilməsi haqqında hökm çıxdı. Şirvan bəylərbəyisi onların hamısını sahiblərinə yetirdi.
    Bu əsnada xəbər çatdı ki, Surxay xan ləzgilərdən və sairdən mürəkkəb böyük bir dəstə ilə Qəbələdə müharibə tədarükündədir. Nadir ordunun çadırlarını və yüklərini oğlu Rzaqulu mirzə ilə bərabər Şamaxı qalasında qoydu. Eylul (sentyabr) ayının 6-da, yüngül topxana və 12.000 süvari ilə Surxay xanın sığınağı və qərargahı olan Qaziqumuqu almaq üçün hərəkət etdi. Bu yer Dağıstanın içərilərində, Şamaxının on mənzilliyində idi. Fars sərdarı Təhmasibqulu xana da buyurdu ki, özündən üç gün sonra, 12.000 qoşunla Surxay xanı cəzalandırmaq üçün Qəbələyə getsin. Kürə ölkəsi mahalında olan Qəbiryekin bir mənzilliyində belə bir xəbər yetişdi ki, Car və Tala ləzgiləri, Mustafa paşa, Nur paşa və Fəth Gəray sultan səkkiz min rumlu (osmanlı) və tatarla Gəncə valisi Əli paşanın əmri ilə Qəbələdə olan Surxay xanın köməyinə gəlmişlər. Ümumiyyətlə, Surxay xanın başına 20.000 qoşun toplanmışdır.
    O, Təhmasibqulu xanın yetişməsindən daha əvvəl, Qəbələ ilə Şamaxı arasında, bir tərəfdən dağa, o biri tərəfdən də meşəyə bitişik olan Dəvəbatan adlı yerdə öz tüfəncilərini yol üzərində yerləşdirdi. Onların arxasını da başqa bir dəstə ilə qüvvətləndirdi. Sərdar qoşununun pişdarları bunların birinçi dəstəsilə toqquşdu. Meşə arası olduğundan düşmən qoşununun çoxluğundan xəbərdar deyildilər. İranlılar qarşıya çıxan adamı Surxay xanın qulamı Qarat zənn edib, cəsarətlə hücum edərək onları məğlub etdilər və onların arxasında olan dəstənin üzərinə töküldülər. Ləzgilər zənn etdilər ki, bunlar Nadirin qoşunudır ki, bu cəsarətlə onların üzərinə hücum edirlər. Onların səbri tükəndi, müqavimətdən üz çevirdilər. Bu dəstənin məğlubiyyətindən, Surxay xan və paşaların qoşununun mərkəzi çaxnaşdı və sıraları pozuldu. Onlardan bir çoxu öldürüldü, rumlular Gəncəyə tərəf qaçdılar, Surxay xan isə Qaziqumuq tərəfinə qaçdı. Bunların bütün ordu ləvazimatı və təchizatı Sərdar qoşununun əlinə keçdi. Bir dəstə də gedib Surxay xanın bina etdiyi çox abad olan Xaçmaz qalasını qarət etdi, od vurub külə döndərdi. Nadir bu xəbəri alınca, qaçanların üzərinə bir dəstə göndərdi. Amma Surxay xan onun bu yürüşündən xəbər tutdu, basıldığı üçün heç bir yerdə dayanmayıb, həmin gecə Xosrəkdən yuxarıda olan dağ keçidilə ötüb getdi. Göndərilən dəstə səhər çağı buraya gəlib çatdı. Qaçan ləzgi və tatarlara rast gəldilər, onlardan 300 nəfərə qədər öldürdülər və əsir etdilər. Yol üzərindəki dağlıq yerlərdə olan bütün ilxılar və qoyun sürüləri qoşunun əlinə keçdi.
    Xülasə, Nadir 10 gün içərisində ölkənin çətin gedilən uzaq guşələrini, bir çox yerdə piyada vasitəsilə çiyində daşınan toplarla keçib, Qaziqumuğun bir mənzilliyində olan Xosrək kəndinə gəldi. Ertəsi gün buradan hədəfə doğru hərəkət etdi. Yolda ikən Surxay xanın əfv və aman istədiyini bildirən ərizəsi alındı. Nadir onun sözünə etibar etməyib, Qaziqumuğun alınmasına çalışırdı. Surxay xan Dağıstan əhlindən çoxlu cəmiyyətlə şəhərin bir ağaclığında, çayın kənarında yerini bərkitdi. Yeganə keçid olan körpünü dağıdıb, müdafiə və müharibəyə başladı. Hər iki tərəfdən top və tüfəng atışması qızışdı. Bu zaman Əfqanın Abdallı tayfasının hakimi Qəni xan, öz dəstəsilə çaydan keçməyə məmur edildi. Çox çalışdıqdan sonra, son dərəcə çətin və dar bir yol tapıb, bir anda çaydan keçdilər. Bu halı görüncə, Surxay xan və ləzgilərin ixtiyarı əllərindən getdi, qaçmağa üz qoydular. Nadir ordusu da Abdallı dəstəsinin ardınca çayı keçdi.
    Qoşun yetişənə qədər ləzgilər özlərini dağa çatdırdılar. Onlardan bir qədəri qılıncdan keçirildi. Lakin Surxay xan bir neçə nəfərlə öz köç-külfətini götürüb Avar ölkəsinə qaçdı. Qaziqumuq şəhəri alındı, Surxay xanın və yerli əhalinin gizli və aşkarda olan xəzinə və dəfinələri ələ keçdi.
    Bu zaman, Dağıstanın böyüyü olan Xasfulad ibni-Adil Gəray xan ibni-Mürtəzaəli Şamxal, Nadirin hüzuruna gəlib, yüksək şamxallıq mənsəbinə nail oldu və faxir xələtlərlə təltif edildi. Qulluğa hazır olduğunu bildirib, ölkə əhalisinin taqsırından keçməyi xahiş etdi.
    Qış zamanı yaxınlaşdığı üçün Surxay xanın işini tezliklə bitirmək müşkül idi. Nadir bir həftədən sonra bu vadidə olan mallar toplanan kimi ləzgi əsirlərini, kişili-arvadlı, şamxala bağışlayıb geri qayıtdı. Axtıpara mənzilinə çatdıqda, məlum oldu ki, ora ləzgiləri qoşunun keçidi olan Samur çayı körpüsünü dağıtmışlar və dağ başındakı Şəhbani qalasını özlərinə sığınaq edib oturmuşlar. Nadir çayın o biri tərəfində düşdü, körpünü düzəltməyə fərman verdi. Gün batana qədər burada çox möhkəm bir körpü quruldu, axşam vaxtı bütün qoşun oradan keçərək dağın ətəyində mənzil etdilər. Bir dəstə dağa yürüş etməyə məmur edildi, dikər dəstə də dağın ətəyindən onların köç-külfətinin sığınan yerə yürüş etdi. Ləzgilər davam gətirə bilməyib qaçmağa üz qoydular. Nadir özü bir dəstə ilə qaçanları təqib etməyə başladı. Səhərdən axşama kimi o nahiyənin vadi və çöllərində onlardan bir çoxunu öldürdü və əsir aldı. Çadırları və yükləri Miskincə və Şah dağı yolu ilə Qələbəyə göndərdi... Özü də ertəsi gün Xaçmaz yolu ilə hərəkət etdi. Bu yol işlək deyildi, Surxay xan dağın belindəki bəzi yerləri daş, kərpic və qumla qarışıq əhəngdən düzəldib bir yol salmışdı. Bu yoldan piyadalar bir-bir çox qorxu və xətərlə keçirdi.
    Xülasə, həmin il təşrini-əvvəl (oktyabr) ayının 3-də, Qəbələ mahalının Qutqaşın kəndinə gəldi. 3 gündən sonra, çadırlar və yüklər şah dağı yolundan, böyük ordu da Şamaxıdan gəlib orada ordugaha yetişdilər. Həmin ayın 11-də, Ərəş qarşısındakı körpüdən keçib, Gəncəni almağa hərəkət etdi. Təşrini-əvvəlin (sentyabrın) 13-də, Gəncənin Kəlisa kəndi tərəfində ordugah saldı. Rumlular (osmanlılar) və tatarlar şəhəri boşaldaraq qalaya çəkildilər. Bu tərəfdən də qalanı almaq üçün tədarük görüb, sənkərlər və xəndəklər qazıdılar. Birdən-birə, qalanın altına 7 yerdən müxtəlif lağımlar çəkmişdilər. Rumlular bu lağımların birindən xəbər tutub dağıtdılar. İranlılar 3500 batman barıtla doldurulmuş qalan 6 lağıma, tədriclə od vurdular. Bu hadisə zamanı Gəncə hakimi Əli paşanın oğlu Ömər ilə mühafizlərdən 700 nəfər həlak oldu. Rumlular da səngərin yanına qədər iki lağım qazmışdılar. Mühasirə edənlər bunlardan birini ləğv etdilər. O biri lağımın yanması nəticəsində, cəzairçilərdən 40 nəfər tələf oldu. Bir neçə dəfə də iki tərəfin lağımları bir-birinə təsadüf etdi. Lağımçılar bir dar yerdə əlbəyaxa döyüşə başladılar.
    Bir gün rumlular əl qumbaraları ilə qaladan çıxıb, onları səngərdəkilərin üzərinə yağdıraraq qılınc və tüfəng ilə hücumə keçdilər. Səngərdəkiləri meydanın sonuna qədər qovdular. Mühasirə edənlər güc gətirərək, mühasirə olunanları səngərdən çıxarıb qalaya soxdular. Dörd aydan artıq, iş bu qayda üzrə davam etdisə də heç bir nəticə edilmədi.
    Sonra, möhkəm bir sədd bağlayıb, çayın suyunu qalaya tərəf çevirdilər. Şirhaci divarı və cənub-şərq tərəfdəki hasar və burclar uçuldu. Qalanın yarısını su basdı, bu halda suyun gücündən və rumluların top gülləsi zərbəsindən sədd bir yerindən zədələndi və su kənara axmağa başladı. Bunun yatağı şəhərin yarım ağac şimal tərəfində indi də bəllidir.
    Bu əsnada, Çar və Tala ləzgilərinin rəislərindən bir dəstə gəlib, söz verdilər ki, 20 günəcən Nadirin ordusuna xidmət etmək üçün bir dəstə adam göndərsinlər. Lakin vədələrini yerinə yetirmədilər, buna görə ordugahdan bir fovc ayıraraq, Ağdam hüdudundakı qoşun və xanlardan bir dəstə ilə o tayfanı cəzalandırmağa göndərdilər. Kaxetiya gürcüləri də İmamqulu xanın oğlu Əli mirzənin sərkərdəliyi ilə, o tərəfdən bu işə məmur edildilər. Öz məskənlərini boşaldıb, Əlbürz sıradağlarından uca bir dağın təpəsində sığınmış olan ləzgilər, qəflətən hücum edərək, göndərilən qoşunun bir hissəsini öldürdülər və özləri də bir qədər tələfat verdikdən sonra geri qayıtdılar. Bir bu hadisəyə görə, bir də ləzgilərin sığındıqları yer çox çətin və yolu ancaq möhkəm ağaclarla tutulmuş buzlu bir keçiddən ibarət olduğu üçün xanlar yürüşdən əl çəkdilər. O tayfadan tutduqları 150 nəfəri öldürməklə kifayətlənərək, ələ keçirən var-yoxlarını qarət edib geri qayıtdılar.
    Bu hadisələr əsnasında, Nadir keçmişdə aralarında bağlanan əhdnaməyə görə, Bakı və Dərbənd qalalarının boşaldılmasını, daimi surətdə hüzurunda olan rus elçisindən tələb etdi. hicri 1147-ci (=1735) ildə, Novruz günü, Rusiya ilə əhdnamə bağlandı. Səlyana, Bakıya və Dərbəndə hakimlər təyin edildi. Rusların əlində olan əsirlər geri alındı. Rus əsgərləri və onlar ilə əlaqədar adamların da zəhmət və əziyyətsiz iki tərəfin sərhəddi olan Sulaq çayına qədər göndərilməsi qərara alındı.
    Şamaxı şəhəri və qalası münasib bir yerdə olmayıb, düşmən hədəfi altında idi. hicri 1148-ci (=1735) ilən may ayında, buranın dörd ağaclığında, mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda hasarlar və burclar tikdirildi. Şəhərin qədim əhalisi bu yeni şəhərə köçürüldü, bura Şirvan hakimlərinin mərkəzi oldu.
    Gəncənin mühasirə müddəti uzandı: mühasirədə qalanlar sərəskər Abdulla paşaya bel bağlayaraq, qalanı müdafiə etməkdə mətanət göstərdilər. Bu işi bitirmək üçün əvvəlcə sərəskərlə məsələni ayırd etmək lazım idi. O isə Qarsdan hərəkət etmirdi. Buna görə, Nadir Gəncə mühasirəsini davam etdirmək üçün, bir dəstə qoşun saxlanıldı, bir dəstəni də Ağdaşda qoyub əmr etdi ki, əgər Car, Tala və ya Dağıstan ləzgiləri bir fəsad törətsələr Şirvan bəylərbəyisi və o nahiyənin hakimləri ilə onları cəzalandırsınlar. Özü də, 15.000 qoşun götürüb, sərəskər ilə müharibə etmək üçün Gürcüstanın Lori yolundan Qarsa hərəkət etdi.
    Sərəskər qarşı durmaqdan çəkinib, Qars şəhərinə çəkilmişdi. Nadir bir gecə, tələsik şəhərin kənarından köçüb İran tərəfinə qayıtdı. Sərəskər bu hadisədən cəsarətlənib, 100 minə yaxın qoşunla onu təqib etməyə başladı. İrəvan yaxınlığında böyük və şiddətli bir müharibə başlandı. Sərəskər məğlub olub, paşalardan və qoşundan bir çoxu öldürüldü.
    Bu parlaq qələbəsindən sonra Gəncə, Tiflis və İrəvan rumlulaları aman istədilər. Qalaları topxana və əsirlərlə bərabər təslim edərək çıxıb getdilər.
    Bu dövrün hadisələrindən biri də budur ki, Dağıstan ləzgilərindən bir dəstə, üsyan məqsədilə Quba camaatı ilə birləşib, buranın hakim Hüseynəli xan Sultan Əhməd xan oğlunu Xudat qalasında mühasirəyə aldılar. Şamxal Xasfulad xan və Dərbənd hakimi çoxlu bir cəmiyyətlə köməyə gəldilər, üsyançılardan 300 nəfərə qədər öldürüldü və əsir alındı, sağ qalanları qaçmağa üz qoydular. Şamxal gəlib Dərbənddə olduğu zaman, Avar üsmisi Əmmə xan onun ölkəsi üzərinə yürüdü. Pəravul kəndi yaxınlığında onun tərfdarları ilə müharibəyə girişdi. Üsmi özü bir dəstə ilə bərabər öldürüldü, sağ qalanlar nicatı qaçmaqda gördülər.
    Nadir hicri 1148-ci (=1735) ilin yay fəslində, İrəvan yaylağında olduğu zaman, Rusiya dövləti elçisinə geri qayıtmaga icazə verdi. Mirzə Kafi Nəsirini, Rusiya səfirliyinə təyin etdi, onunla bir fil və bəzi hədiyyələr də göndərdi. Özü isə Gürcüstan işlərini yoluna qoymaq üçün Tiflisə gəldi. Burada Krım valisinin gəlməsinin xəbərini aldı. Bu hadisənin təfsilatı belədir: Abdulla paşa sərəskərliyə təyin edildiyi zaman, Krım xanı adına da sultanın fərmanı sadir oldu. Onun Dərbənd yolundan münasib qüvvə ilə Şirvana getməsi qərara alındı. Nadir bu işdən xəbərdardı.
    Şirvan bəylərbəyisi Əliqulu xanı qabaqcadan başqa dəstələrlə Dərbəndə təyin etmişdi ki, əgər Krım xanı o tərəflərə gəlsə, üz-üzə müharibədən çəkinsin və yalnız özünü qorusun. Rum padişahı, sərəskər Abdulla paşa məğlub edilib öldürüləndən sonra, öz ölkəsinin hüdudunu mühafizə etmək fikrinə düşdü. Bu məqsədlə Gəncənin keçmiş valisi Əli paşanı vəkil təyin etdi, gedib yeni sərəskərin xəbərdarlığı ilə iki dövlət arasında əvvəlki hüdudu müəyyənləşdirsin.
    Bir fərman da Krım xanına yazıb, həmin xanın saraydakı qardaşı oğlu İslam Gəray sultan vasitəsilə sürətlə göndərdi ki, o, İran tərəfindən hərəkət etməsin həmin xanın Sulaq hüduduna gəlməsi xəbəri yetişdiyi zaman İslam Gəray sultan da varid oldu. Nadir həzrətləri İslam Gəray sultana getməyə icazə vermədi. Əbdülbaqi xan Zəngənəni Tiflisdə durmağa məmur etdi ki, barışıq üçün gəlməkdə olan Əli paşanı Gəncəyə aparıb, yeni fərman müntəzir olsun. Özü təşrini-əvvələn (oktyabrın) 23-də Dağıstana gedib, böyük ordusunu Qanıq çayı kənarında qoydu, Car və Tala camaatını cəzalandırmaq üçün bir dəstə ilə oraya hərəkət etdi. Onlar qabaqcadan, ucalığı və yolunun çətinliyi ilə məşhur olan bir dağın təpəsində sığınaq etmişdilər. Tüfəngçilər və cəzairçilər ətrafdan yürüşə başlayıb sığınağın bir tərəfini aldılar. Ləzgilər dağların təpələrinə və bucaqlarına dağıldılar, Avarıstanda avara düşdülər. Onlardan bir çoxu öldürüldü və əsir alındı. Mal-qaraları və mənzilləri qarət edilib yandırıldı.
    Nadir Şəki və Ərəş yolu ilə Şamaxıya gəldi. Burada ikən xəbər yetişdi ki, Krım xanı Dərbənd xaricinə gələndən sonra, Eldar Mürtəzaəli oğlu Şamxalı Dağıstan şamxallığına təyin etmiş, Şirvan əyalətini Surxay xana və Dərbənd hökumətini də üsmi Əhməd xana vermişdir. Öz tərəfdarlarına da 2.500 tümən nağd və bir para qiymətli şeylər bağışlamışdır. Surxay xan da öz oğlunu 500 ləzgi ilə həmin xanın hüzurunda qalmaq üçün təyin etdi. Bu əsnada, Krım xanı Nadirin hərəkət xəbərini eşidib, sürətlə Krıma qayıtdı.
    Nadir şiddətli qış vaxtında, dağ yolları və mənzillərini qar və buz tutmasına baxmayaraq, Dağıstan xalqını cəzalandırmaq fikrində idi. Bu məqsədlə Altıağac yolu ilə gedib, Dərəkəndi mənzilinə çatdığı zaman, Dağıstan sərdarına bir fərman yazdı. ondan tələb etdi ki, Dərbənddən Təbərsəranın Dərə mahalına gəlib ərzaq toplamaqla məşğul olsun.
    Yükləri və çadırları oğlu Rzaqulu mirzə ilə Şabran yolu ilə göndərdi, özü isə bir dəstə qoşunla Buduq və Xınalıq qaçaqlarını cəzalandırmağa getdi. Qoşundan 6.000 nəfərini Doqquzpara və Axtıpara tərəfinə göndərdi, bir dəstəni də, Qəbir tərəfindən qaçaqların yolunu kəsməyə təyin etdi. O, tayfanı qətl-qarət etdikdən sonra, qayıdıb Qubanın Gilyar adlı mənzilində öz ordusuna yetişdi.
    Təşrini-saninin (noyabrın) 11-də Dərbənd qalasının şimal tərəfində onun çadırları quruldu. Burada məlum oldu ki, yeni şamxal Eldar, üsmi və Surxay Qazanış adlı yerdə toplamış, Xasfulad xan Şamxalın üzərinə yürümək fikrindədirlər. Buna görə, gecəyə salıb, əvvəlcə Məcalisə yürüdü. Burada olan üsminin oğlu Xan Məhəmməd, ləzgilərlə bərabər Məcalis dərəsinin başını kəsib döyüşə başladı. Onların bir qismi öldürüldü, bir qismi əsir düşdü, qalanları da qaçıb qurtardılar. O mahalın hamısı paymal oldu, çoxlu qənimət və azuqə ələ keçdi.
    Nadir ertəsi gün oradan hərəkət edib, mənzil-bəmənzil qətl-qarət edərək, Xasfulad xan Şamxala mənsub Kübdən kəndinə gəlib çatdı. Surxay, üsmi və Eldar hər biri bir tərəfə qaçdı. Xasfulad xan isə, öz tərəfdarları ilə hüzura gəldi. Nadir buradan Surxay xanı cəzalandırmaq üçün Qaziqumuq tərəfə yola düşdü. O, kanuni-əvvəlin (dekabrın) 20-də Qaziqumuğun üç ağaclığında olan Şərrat adlı yerə çatdı. Surxay xan da, çoxlu cəmiyyət toplayıb, dağların təpələrini səngər edərək, qoşun geçə bilən bir dərəni tutmuşdu. Nadir dörd tərəfindən yürüş etməyə əmr verdi. Əvvəlcə Əfqan dağın təpəsini ələ keçirdi və müharibə alovu şiddətlənməyə başladı. O biri dəstələr də dağın ətəyindən yenicə hərəkət etməkdə idilər ki, ləzgilər qaçmağa başladılar. Onlardan bir çoxu diri olaraq ələ keçdi. Vaxt olmadığından Nadir həmin yerdə düşüb, cəzairçilər dəstəni dağların təpəsini mühafizə etməyə məmur etdi.
    Eldar, dağıstanlılar və avarlardan mürəkkəb bir dəstə ilə Surxayın köməyinə gəlirdi. O, cəzairçiləri Surxay xanın qoşunu zənn edərək, onların arasına gəldi, adamlarından bir hissəsi öldürüldü və əsir düşdü. İrəli getmək çətin idi. Nadir Qumuq əhalisindən bir neçə nəfərin aman istəmək üçün gəlməsilə kifayətləndi. Ertəsi gün oradan üsmini cəzalandırmaq məqsədilə Qüreyş qalasına tərəf hərəkət etdi.
    Nadir Qaziqumuğa yürüş etdiyi zaman, Aqquşa qazisi əhali ilə bərabər aman istəyərək təslim olmuşdu. Sonra isə, qazi bir dəstəni gizlicə olaraq Surxayın köməyinə göndərmişdi. Buna görə də onu cəzalandırmaq lazım idi. Nadir bir dəstəni bu işə məmur etdi. Qazi də öz adamları ilə döyüşə çıxaraq məğlub edildi. Onlardan bir çoxu qırıldı, qalanları da əsir alındı. Ertəsi gün, qazi etdiyi əməldən peşman olaraq, Nadirin dərbarına gəlib əfv istədi və onun tərəfindən bağışlandı. Aqquşa əsirləri də azad edildi.
    Nadir Qüreyş qalası ətrafına çatdıqda, üsmi öz qızını onun hərəmxanasına yola saldı, mötəbər adamlardan bir neçəsini də əfv diləməyə göndərdi və Nadir tərəfindən bağışlandı. Nadir bu qızı qubalı Hüseynəli xan Sultan Əhməd oğluna ərə verdi. Bir müddətdən sonra o, dəli olub Qubadan Başlıda olan Əmir Həmzə üsminin evinə getdi. Doqquzpara ətrafının ləzgiləri peşkəş olaraq 1000 baş at və mötəbər ailələrdən bəzi adamları girov tərzilə Nadirə təqdim etdilər. Təbərsəran kəndxudaları da tələb olunan ailələri vergi toplayanlarla (mühəssillərlə) birlikdə Dərbəndə göndərib, xidmət və itaətə hazır olduqlarını bildirdilər.
    Nadir Dağıstan işlərini bu surətlə bitirib, Xasfulad xanı və o ölkənin sair başçılarını ləyaqətli təltifata nail edərək, qayıtmalarına icazə verdi. Sonra, atının cilovunu Muğan səhrasına çevirdi. Qubanın "Həsənqala”sına gəldikdən sonra, bir neçə nəfər yaxın adamları ilə ordudan qabağa düşüb, çətin keçidli altı mənzillik bir yolu bir gücə-gündüzdə keçib, Ağsu qalasına yetişdi. Buradan da kanuni-saninin (yanvarın) 13-də, Muğan səhrasındakı ordugahına gəldi. Qabaqcadan ölkənin hər bucağına fərmanlar göndərilmişdi ki, hakimlər, əyan, üləma və hər vilayətin rəisi kanuni-əvvəlin 15-də Muğan səhrasında hazır olsun. Həmçinin hökm olunmuşdu ki, Kür ilə Araz çaylarının qovşağı olan Cavad keçidi yaxınlığında, ağac və qamışdan karvansara, məscid, hamam və ali imarətlərlə bərabər 12 min ev tikilsin.
    Vilayətlərdən gələnlərin sayı təqribən 100.000 nəfərə yaxın idi. Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri hicri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu. İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar çıxarıldı: bəzi məsələləri dəyişdirmək və şərəfli (dini) şəraiti sabitləşdirməklə, iki məzhəb - şiə və sünni məzhəbləri arasındakı ixtilafa nəhayət verilib islam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edildisə də qəbul olunmadı.
    Nadir şah mülkü işlərdə yeni təyinlər icra etdi, öz qardaşı İbrahim xanı, Qaplankuh hüdudundan başlayaraq Arpa çayına, Dağıstan və Gürcüstanın axırına qədər hökmran təyin etdi. Bu vilayətlərin bütün hakimlərini və əmirlərini onun ixtiyarına verdi. Zənburəkçi xorasanlı yüzbaşı Mehdi bəyi də, xanlıq və əmirülüməralıq ləqəbi ilə Şirvan əyalətinə təyin etdi.
    Bir il sonra, hicri 1149-cu (=1737) ildə, Şirvan bəylərbəyisi Mehdi xan, bir para işləri yerinə qoymaq üçün Dərbəndə getmişdi. Dərbənd hakimi Ustacallı Muradəli sultanın keçmişdə onunla ədavəti olduğundan, əhalini həyacana gətirib onu öldürtdü. Bu işdə iştirak edənlərdən bir parası gedib Əhməd xan üsmiyə pənah apardı, bəzisi də Dərbəndin Narınqalasına çəkildi. Dərbəndin bu işdə iştirak etməmiş qalan əhalisi isə, Narınqalaya çəkilən adamları, hücum edib, öldürdülər, Muradəli sultanı da həbsə alıb şahın dərbarına göndərdilər. O, dərbara gətirilən kimi cəzasına çatdı. Şah tərəfindən Sərdar bəy Qırxlı, xanlıq ləqəbilə Şirvan əyalətinə, Nəcəf sultan Qaraçorlu isə, Dərbənd hökumətinə təyin edildi və cəzairçilərdən bir dəstə ilə Dərbənd işlərini intizama salmaq üçün oraya getdi.
    Şah, üsmi Əhməd xana pənah aparmış olan Dərbənd qaçqınlarının həbsə alınıb Sərdar xana göndərilməsi haqqında bir fərman verdi. Üsmi, fərmana əməl edərək, o dəstənin hamısını sair bir neçə şərir adamlarla bərabər öldürdü. Sərdar xan dərbəndlilərdən bir qismini köçürüb yeni Ağsu şəhərin’ göndərdi. Sorsor tayfasını Şirvandan gətirib, Dərbənd qalasında onların yerində oturtdu.
    Hicri 1151-ci (=1739) ildə, Nadir şah Hindistan səfərində olduğu zaman, Car və Tala ləzgiləri yerlərinin möhkəmliyinə güvənərək üsyan etdilər. Zəhirüddövlə İbrahim xan onları cəzalandırmağa getdi. O, əvvəlcə qalib gəldi, lakin o tayfanın dağ başında səngərlərdə pusquda duran dəstəsi, ətrafdan hücuma keçdi. İbrahim xanın qoşununu məğlub etdilər və onlardan bir çoxunu öldürdülər. İbrahim xanın özü də, tüfəng gülləsi ilə öldürüldü. Bu xəbər Pişavərdə Nadirə yetişdi. O, Əmiraslan xan Qırxlını Azərbaycan əyalətinə və Gürcüstan sərdarı Səfi xan Bəqayirini də Azərbaycan sərdarlığına təyin etdi. Əmr verdi ki, özü gələnə qədər həmin tayfanı o tərəfin qoşunu ilə lazımınca cəzalandırıb, nahiyələri mühafizə etsinlər.
    Nadir şah Hindistanı fəth etdikdən sonra, Əfqanistana gəldi. Hicri 112-ci (=1740) ildə, Nadirabaddan Qəni xan Abdallını, öz tayfası ilə Türküstan səfərindən azad edib Şirvana göndərdi. Ona tapşırdı ki, qış zamanı Əlbürz dağlarının gediş-gəliş yolları bağlandığı bir zamanda, Car və Tala camaatını cəzalandırsın. Kosaəhmədli Fətəli xanı və Azərbaycanın yeni sərdarı Qırxlı Məhəmmədəli xanı bir dəstə hakim və 15 min Xorasan qoşunu ilə bu işə təyin etdi.
    Gürcüstan hakimlərini də bunlara qoşdu. Göndərilmiş olan bu qüvvə, hicri 1153-cü (=1741) ildə, şübat (fevral) ayının 23-də, Qanıq çayı kənarına yetişdi. Ləzgilər də Car, Gavıx və Ağzıbir adlı üç yeri möhkəmləndirdilər.
    Əvvəlcə döyüşə birici sənkər olan Carda başladılar. Burada müqavimət göstərə bilməyib, Gavıxa çəkiddilər. Bir neçə günlük şiddətli və arası kəsilməyən böyük müharibədən sonra ləzgilər üçüncü sənkərə çəkilib döyüşə başladılar. Bu yer ağaclıq, meşəlik və uca bir dağ üzərində olub ancaq bir yolu vardı. Abdallı igidləri könüllü olaraq, qoşunun ön dəstəsində gedirdilər. Səhərdən axşama qədər şiddətli döyüş davam etdi. Hər iki tərəfdən bir çox adam tələf oldu. Ləzgilər daş yumbaladıb, tüfəng atmaqla özlərini müdafiə edirdilər, ancaq bundan bir fayda hasil olmadı. Abdallılar gecə yarısına qədər, həmin dağa qalxıb, 100 nəfər tələfat verməklə, o sənkəri də tutdular. Şimal tərəfdən qaçmaq yolu ləzgilərin üzərinə bağlanmışdı. Onların bir hissəsi başlarını itirib, özlərini dağdan ataraq həlak oldular, qalanları da qılıncdan keçirildi və ya əsir edildi. Yalnız bir neçə nəfəri çıxıb qaça bildi.
    Onların bütün yurdları və məskənləri talan və təxrib edildi. Əhl və əyalları ilə dağın təpə və dərəsindən qaçmaqda olan camaat Samur çayının kənarındakı Kəsruxi adlı yerə qədər təqib edildi. Onların bir qismini öldürdülər, qalanlarını da köç-külfətlərilə əsir aldılar. Bu nahiyədə abadlıqdan bir əsir və nişanə qalmadı. Dağdan qayıtdıqda, şiddətli tufan nətiçəsində qoşundan iki yüz nəfəri məhv və tələf oldu.
    Hicri 1154-cü (=1742) ilin baharında, Nadirin qoşunu Buxara və Xarəzmi fəth etdikdon sonra, Dağıstana gəlirdi. Mazandaranın Səvadkuh adlı yerində, Övlad qalası yaxınlığında, bir ağac dalından ona tüfəng atıldı. Güllə əlinin baş barmağını yaraladı. Zübdətüttəvarix sahibi münşi Mirzə Əbdülkərimin yazdığına görə, təhqiqat nəticəsində məlum oldu ki, bu işdə onun böyük oğlu Rzaqulu mirzə taqsırkardır. Nadir Hindistan səfərinə getdiyi zaman, Rzaqulu mirzə İranda naib idi. O, şəxsi mülahizəsinə əsasən, Mirzə Məhəmmədhüseyn Qacarı göndərib, Səbzvarda yaşamaqda olan taxtdan salınmış Şah Təhmasibi öldürtdü. Buna görə, atası tərəfindən məzəmmət edilib, böyük işlərdən kənar edildi. Rzaqulu mirzə öz gəncliyinə qürrələnib, Tayəmnili Nikqədəm adlı qulamı bu işə (atasının öldürməyə) vadar etdi. Nadir şah atalıq şəfqətini tapdalayıb, şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə etmək işlərində məsləkini dəyişdi.
    Nadir şah, yazın əvvəlində Qaracadağ və Bərdə yolu ilə Qəbələyə gəldi, buradan da Şah dağı yolu ilə Qaziqumuğa getdi. Bu səfər əsnasında, o hüdudda yaşayan ləzgi tayfalarının bütün rəisləri və sərgərdələri hüzura gəldilər. Təslim və itaət məqsədilə qoşuna lazım olan şeyləri tədarük etməyə başladılar. Nadir təmuz (iyul) ayının 2-də, Qaziqumuğa gəldi və bir ay burada qaldı. Xasfulad xan, Surxay xan, Əhməd xan üsmi, Dağıstan əhalisi və başçılarından bir dəstə hüzura gəlib, qiymətli xələt, at və qızıl şeylərlə təltif edildilər.
    Nadir aqustos (avqust) ayının əvvəllərində, Avar üsyançılarını cəzalandırmağa getdi. Onların məskənləri Dağıstanın qurtaracağında, dağların ən çətin yerlərində idi. Əndələl nahiyəsində, Çux kəndi yaxınlığında, şiddətli döyüş vaqe oldu. Bir nətiçə hasil olmayıb, çox adam qırıldı. Payız vaxtı yetişmiş olduğundan, dağlarda gediş-gəliş də çətinləşmişdi. Buna görə, oradan Dərbəndə hərəkət etdi. Surxay xanı da, köç-külfətilə bərabər öz yanınca buraya gətirdi.
    Hərəkət etdiyi zaman, üsmi Əhməd xanı bir dəstə qoşunla Qaziqumuqdan Qaraqaytağa göndərdi ki, gedib Qaraqaytaq qulluqçularının mülazim və ailələrini Dərbəndə gətirsin. Çıraq ətrafında belə bir xəbər çatdı ki, Hapqay dərəsində, Başlıdan iki ağac yuxarıda, üsminin özünün təşviqilə, Qaytaq əhalisindən bir dəstə qoşun üzərinə tökülmüşdür. Bir çoxunu öldürərək, avadanlıq və heyvanlarını soymuşlar. Buna görə Nadir şah üsyançıları cəzalandırmağı və Dağıstan işlərini yoluna qoymağı qət etdi. Tiflis hüdudundan başlayaraq, ta Təbriz və Ərdəbil hüduduna qədər müxtəlif yerlərə adamlar təyin etdi ki, ordu üçün azuqə toplayıb göndərsinlər.
    Nadir şah təşrini-əvvələn (oktyabrın) 1-də Dərbəndə gəldi və ayın 9-da Qaraqaytaq mahalına hərəkət etdi. Dərbənddən başlayaraq Şamxal vilayəti sərhəddinə qədər hər yerdə bir-birindən 2-3 ağac aralı, möhkəm qalalar tikdirdi. Qaytaq ləzgilərini düzə buraxmamaq üçün qalalarda əsgəri qüvvələr qoydu. Təşrini-saninin (noyabrın) 4-də, Dərbəndin üç ağaçlığında, şimal tərəfdə qışlaq üçün sulu və ələfli bir yer seçdi. Hərəmxananı, yükləri və çadırları Dərbənddən bayıra köçürdülər. Burada ağaç və qamışdan evlər tikdirib sakin oldular. Bu yer o vaxtdan etibarən İrani-xərab deyə adlanır, çünki İran qoşunu burada çox çətinliklərə düçar olmuşdu. Ətrafdakı ləzgilər, xüsusilə qaraqaytaqlılar, ordunun xaricində və daxilində oğurluq və qarətlə məşğul olub, gediş-gəlişə və ləvazimat tədarükünə mane olurdular.
    Nadir şah bahar fəslində, mayis (may) ayının 17-də, əvvəlcə Təbərsəran əhalisini cəzalandırmağa başladı. Əlindən gəldiyi qədər, yurdlarını yandırıb qarət etdi və əkinlərini dağıtdı. Bundan sonra, Dağıstanın sair mahallarında sığınaq və məskənləri almaqla məşğul oldu. Nadirin qoşunları qurdun sürüyə və selin binalara tutduğu toyu onlara tutdu. Şamxal və Surxay xan çox vaxt Nadirin yanında idilər. Üsmi Qüreyş qalasında gizlənmişdi. Dağ başında olan bu qalanın ətrafı meşəlik və ağaclıq olub, keçilməz dar bir yolu var idi. Nadirin ordusu onun üzərinə yürüş etdi. Şiddətli hücumdan və üç gün davam edən qanlı müharibədən sonra, üsmi Avarıstana qaçdı. Qaladakılar və Qaraqaytaq əhalisi də təslim olub aman istədilər. Daş və kərpicdən tikilmiş bu möhkəm qala (Qüreyş qalası), yer ilə yeksan edildi.
    Məhəmmədəli xan Qırxlını Dərbənd hakimi təyin edib, qoşunun bir hissəsini də onun ixtiyarına verdi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (27.12.2013) | Müəllif: R.C E W
Baxış: 552 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more