Əsas » Məqalə » Azərbaycan tarixi

A. Bakıxanov-Gülüstani–İrəm-2

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>

    Bu nəsildən fəqir və yoxsul olanlar da növbə ilə hökmranlığa çatırdılar. Eşitdim ki, bir cavan dükanda xırdavatçılıq edirdi, xalq deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin həmin şəxs müsəlman idi, xaqan isə yəhudi olmalı idi.
    Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır olub, xalqın işinə baxmalı idilər. Bunlar da, müsəlman, yəhudi, xaçpərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəlman və xaçpərəst, bir azı da yəhudidir.
    Bunların hörmətlisi müsəlmanlar və tacirlərdir. Çox yedikləri şey düyü və balıqdır. Şəhərin ətrafı on ağac məsafəyə qədər məhsuldar çöllərdən ibarətdir. Xarəzm malları ilə yüklü gəmilər, şəhərin ortasından axan çay ilə keçib gedir. Başqa gəmilər də Portas ölkəsi ətrafında qiymətli qara tülkü dərisi gətirir. Çöllü tayfaların padişahları, bu dəriləri kürk və papaq üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı, boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara "ərəbi” deyirlər. Bu dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana deyil, hətta Fransaya və İspaniyaya da aparılır.
    Bu şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə, çayın qərb tərəfində tikilmişdir. Xəzər ölkəsində gözəl bağları olan İsmid adlı bir şəhər vardır. Ehtimala görə, bu sözün əsli Səməndər, ya İsməndər olmuşdur. Ancaq yazarkən "y” hərfi ilə "n” hərfi qarışdırılmış və "r” hərfi də qələmdən düşmüşdür.
    Dərbənddən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir.
    3. Rusdur. Bu adam ... uzun zaman köçəri həyat sürdükdən sonra elçi göndərib, Xəzərdən oturaq yeri istədi. Xəzər o tərəflərdəki münbit torpaqlı və sağlam havalı adaların bəzisini ona verdi. Rus "yarğu”, yəni qovğa salmağa və ədalət tələb etməyə başladı. Ruslarda belə bir adət vardır ki, atadan qalan malın hamısını qıza verərlər, oğula isə qılıncdan başqa bir şey verməzlər: "Sənin hissən ancaq budur” - deyərlər. Karamzin və sair rus tarixçilərinin yazdıqlarına görə, hicri 247-ci (=862) ildə başsız və intizamsız olan şimali Slavyan tayfasının dəvəti ilə rus nəslindən üç qardaş - bunların əhvalatı hicri 235 (=850) ildə Avropa tarixinə də girmişdir - Baltik dənizinin o biri tərəfindən gəlib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü - Rurik əmirliyə başladı və rus dövləti o zamandan etibarən əsaslandı.
    Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox əfsanələrdə Rus tayfasının göstərdiyi hünərlər, təəcüblü işlər və Makidoniyalı İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur.
    Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə və Ərəmya peyğəmbərin kitabında 25-ci fəsildə şərq tayfaları sırasında Rus tayfasının da adı çəkilir, bu da onların qədim bir nəslə mənsub olduqlarını göstərir.
    4. Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə bərabər Bolqarıstan ətrafında yurd salmışdı. Onunla Türk arasında şiddətli müharibə baş verdi. Bu müharibədə Qərrənin oğlu Beyğur öldürüldü. Deyirlər ki, bunların nəsli arasında indi də çəkişmə davam edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix kitablarında miladdan yüz il əvvəl söylənməkdədir.
    5. Kamaridir. Buna Kamak da deyilir. Bu xoştəbiət və ovçuluğu sevən bir şəxs idi. 0 indi Bolqar adlanan yerə gəlib yurd saldı. Onun Bolqar və Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə sahibi oldular. Qumuq tayfası bu nəsildən ayrılmışdır və adları da, ehtimal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da bu tayfanı həmin yerlərdə Kam və Kamak adları ilə qeyd edir.
    6. Səqlabdır. Bununda böyük bir qəbiləsi var idi. Yer ələ keçirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu, anası vəfat etdiyi üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hücum edərdi. Atası öz qohumlarından ona bir qız aldı. Bundan Səqlab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox olduğu üçün onun tələbini rədd etdilər. İş müharibə ilə nəticələndi.
    Səqlab basılıb şimala doğru çəkiddi və 64 ərz dərəçəsində yurd saldı. Buralar çox soyuq olduğundan yeraltı evlər düzəltdilər.
    7. Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi, qumaş toxumaq, rəng düzültmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şeyləri guya bu içad etmişdir.
    8. Bariçdir. Frənk tayfası və rumlardan bəziləri ona mənsubdur.
    9. Məsəkdir. Moğol və Yəcuc nəsli ondandır. Yafəsin başqa övladı haqqında heç bir məlumat yoxdur.
    Musanın "Tövrat”ına görə də, Yafəsin Kamir, Makuk, Madi, Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz övladı vardı.
    Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari və Məsək ola bilər. Müəllif deyir: Cənub və şimal tayfalarından bir çoxunun dilində bəzi fellər və əsli isimlərin uyğunluğu onların bir nəsldən odduğuna dəlalət edir. İnsan nəsli hər halda ilk dövrlərdə vəhşi, çılpaq və cənub tərəflərində sakin olmuşdur. Aşkar məsələdir ki, münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflərində yaşaya bilməzdilər. Tədriclə yaşayış vəsaiti düzəldi, qəbilələrin çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara üçün geniş otlaqlara ehtiyac artdı. Bu zaman bunlar şimala doğru üz tutdular. Onların yolları da, əksəriyyətlə, Qafqaz ölkəsindən və xüsusilə, Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq tərəfdən də Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək mümkün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı çölləri, meyvə ağacları və meşələri olan isti dərələri vardır. Bu hal o dövrlərdə yaşayan vəhşi xasiyyətli tayfaların bu yerlərdən keçib getmələri və yurd salmaları üçün daha əlverişli idi.
    Tarixçilərin çoxunun qeydinə görə, çox qədim dövrlərdən bəri İran şahları və başqaları fəth və səyahət fikri, ya da düşməndən qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah gətirərdilər. Xüsusilə, Şirvan vilayəti cənub və şimal tayfalarının ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilməmişdir. Qədim Suriyanın və Babilistan dövlətlərinin tarixlərində Qafqaz haqqında açıq və aydın məlumat yoxdur. Lakin İran tarixlərində söylənir ki, Pişdadiyan sülaləsindən Fərrüx oğlu Fridun və Kəyan padişahlarının sülalə başçısı Keyqubad uşaqlıq zamanında düşmənlərindən gizlənib, Əlbürz - Qafqaz dağlarında və düzlərində yaşayırdılar. Fridunu Dəmirçi Kavə və Keyqubadı da zabilistanlı Rüstəm gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar.
    Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padişahı idi və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb tərəflərini Səlmə, şərq ölkələrini Turə və orta tərəflərini də vəliəhdi olan İrəcə (İrək sözünün ərəbcələşmişidir) verilmişdir. Bir qədər keçdikdən sonra, Səlm ilə Tur İrəçə paxıllıq edərək, onu məşvərət və görüş bəhanəsilə dəvət edib Qarabağın yaxınlığında öldürdülər. O zamandan sonra nəsli arasında ədavət düşmüşdü. Ölkənin şərq tərəfləri Turan və orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxınlığında indi də İrəc adlı bir yer vardır. Miladdan təqribən 700 il əvvəl, Qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahilində Tanais, Fanaqoriya, hirmonas və Dioskuriya şəhərlərini bina edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başlamışdılar.
    Miladdan təqribən 400 il əvvəl yaşamış yunan tarixçisi herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən qaçıb Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633 il əvvəl onları təqib edib iyirmi səkkiz illik istiladan sonra Avropaya qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər, ilk fəthləri və son istilaları da bu ölkədə olmuşdur. Bu cəhətdən Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından bir çoxunun nişanələri indi də mövcuddur.
    Herodotun yazdığına görə, Kəyan padişahlarından Keyxosrovun massaket skifləri və onların məlikəsi Tomirisə qarşı açdığı müharibə Albaniyada olmuşdur. O, (herodot) belə deyir: Kirus Arazdan keçib, ona qovuşan Kür çayına maniəsiz olaraq gəlib çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada dağ əhalisi onu məğlub edib, bütün qoşunu ilə məhv etdilər. Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dağa çəkilib qeyb olması haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd yaxınlığındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir.
    Xülasə, bəzilərinin zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüstana hərəkət etmək istəsəydi, o zaman iki çayın (Kür və Araz) qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Albaniyaya səfər etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsindən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məşhur olan "Sur dərəsi” ola bilsin ki, bu dərədir. Bunun belə adlanması da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki "sur” ərəbcə "hasar” deməkdir. Ola bilsin ki, bu dərə "Sul qapısı”nın və yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir yerdə, Nuşirəvanın bina etdirdiyi "Sul şəhəri”nin adı ilə adlanmış olsun. Zaman keçdikcə "l” dönüb "r” olmuşdur. Ola bilsin ki, Keyxosrov Sürhi mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa və Qaziqumuqun bir çox tayfaları tərəfindən öldürülmüşdür; çünki "Sur” adı "hi” sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarixçilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası yaxınlığında məğlub edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və hamar olub heç bir dar dərə yoxdur.
    Məhəmməd ibni-Xandşah (Mirxond) "Rövzətüssəfa” da, Xandəmir "Xülasətüləxbar” da və sair tarixçilər yazırlar ki, Güştasib Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində səltənət taxtına oturdu və İran paytaxtını Bəlxdən özü bina etdirdiyi İstəxr şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı və bir adam göndərib, türklərin hakimi Ərcasibi də bu dinə dəvət etdi. Buna görə, indiyə qədər bir dində olan iki tayfa arasında müxalifət və ziddiyyət törədi. Ərcasib hədsiz qoşunla İrana hərəkət etdi. Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğluboldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə Ermənistan və Azərbaycanı zəbt etməyə göndərdi. Ərcasib ikinçi dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail oldu. Güştasib ömrünün axırlarında hökmranlıqı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı, özü isə dünyadan əl çəkdi.
    Ölkələr fəth etmək, Qafqaz üzərinə qoşun yüyürtmək, Ruma səyahət, Zərdüşt dinini qəbul etmək və İstəxr şəhərinin binasını qoymaq kimi hadisələrə baxılarsa, Kirus adının Keyxosrovdan ziyadə Güştasibə verilməsi daha münasib olar; lakin xəbərlərin dolaşıq olması və mənbələrin azlığı üzündən onu ayırd etmək çox çətindir.
    Karamzinin yazdığına görə, İran padişahı Dara Ermənistanda, Azərbaycanda və bu ölkələr ətrafında qətl-qarətlə məşğul olan Skif tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla onların ucsuz-bucaqsız çöllərinə yeridi. Lakin o, heç bir iş görə bilmədi, hətta az qaldı ki, qoşunu da tamamilə məhv olsun.
    İskəndərnamə adı ilə məşhur və tarixi bir əfsanədən ibarət olan farsca qədim bir kitabda yazılmışdır: İskəndər, səfəri əsnasında Bakıya gəlir. O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan şəhəri bəzəyib və əhali ilə onu qarşılayır.
    İskəndəri şəhərə gətirib ona lazımi xidmət göstərir. Sədan İskəndər qoşununun yaxşı atlara ehtiyacı olduğunu bilib bu tərəflərdə Xəzranguh adlanan yerdə Firuz adlı bir qoçanın hədsiz ilxısı olduğuna ona xəbər verər. Bu ilxı keçmişdə Bəhmən şahın olmuşdur. İlxı Firuzun ixtiyarına keçdikdən sonra, hümay və Dara nə qədər istədilərsə də, o vermədi.
    İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi ki, Firuzun vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki, o dağın ətəklərində rəng-bərəng çadırlar qurulmuşdur. Bunların arasında çin atlazından bir çadır qurulmuş və bir qədər camaat onun ətrafına toplanmışdır. Çadırda, turanlı qırmızısaqqal bir qoca oturmuşdu ; onun əynində pələnk dərisindən bir qaftan, başında isə, dövrəsi qızıl zəncirdə tikili bəbr dərisindən bir papaq və qarşısındada böyük bir əsa vardır.
    Xülasə, ertəsi gün, Firuz topladığı qırx min qoşunla İskəndərlə müharibəyə çıxdı. O, İskəndərin şövkət və əzəmətindən xəbərdar olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda yazılmışdır ki, İskəndər böyük bir yunan şəhərinə çatdı. Əhali təslim olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab etmək istədi. Şəhər dəniz səthindən aşağıda idi, lakin orada dağdan bir hail var idi. Ərəstu hikmət üzrə 700 batman miqdarında bir cüt yağ düzəldi. Bu yağ, daşı əhəng kimi əritdi. Bu qayda ilə suyun yolunu açdılar və şəhəri batırdılar. Xilas olanların bəzisi Gilan şəhərinin binasını qoydu.
    Müəllif deyir: Bu kitabın sözünə inanmaq olmasa da, ola bilər ki, bir zaman belə bir hadisə başqa bir şəkildə üz vermiş olsun. İran əhalisi bir çox böyük və mühüm hadisələri İskəndərə isnad etdiklərindən, bunu da ona isnad verirlər.
    İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Səlyan arasında da, dəniz sahilində təxminən səkkiz çoğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır. Quba qəzasında olan Müskür mahalında, Samur çayından başlamış Şabran mahalına qədər, dəniz sahilindən təqribən iki ağac aralı, məşhur bir təpə uzanır. Xalqın dediyindən və dənizin əlamətlərindən aşkar körünür ki, bu yerlərdə bir zaman dəniz olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, şəhəri batırmaq üçün suyun buraxılması bu dənizin səthini aşağı salmış və onu Cürcan dənizi ilə birləşdirmişdir.
    Belə bir hal (yəni təpə silsiləsi), Qumuq ölkəsinin dəniz sahilindəki bəzi yerlərində də müşahidə olunur. Atil çayı qolları və axmazlarının çoxluğu da bu ehtimala qüvvət verir. Məsalikülməmalik1, Məcməülbüldan müəllifləri və sair tarixçilər yazırlar ki, quranda adı çəkilən Məcməülbəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyqəmbərlərin səxrəsi (qayası) də oradadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində1 ola bilər.
    Bakıdan türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox məşhurdur. Şərq sahillərində yaşayan əhali, at belində buraya (Bakıya) çapqına gələrmişlər. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən burclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın.
    Yadımdadır, qırx il bundan əvvəl Bakı qalasının divarı iki arşın qədər suyun içində idi; sonralar tədriclə, xüsusən bu dörd-beş ildə dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək və hər halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı tədqiqat və mülahizələrdən asılıdır.
    Şeyx Nizami öz mənzum İskəndərnaməsində deyir: İskəndər, fütuhatı əsnasında Ermənistana gəlir. Bu yerin əhalisi atəşpərəst imiş. İskəndər şikar edərək Bərdə mülkünə keçir. Bərdə şəhərinin xarabaları Qarabağ ölkəsində, Kür çayı sahili yaxınlığında, indi də mövcuddur. Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etmişdir. Nuşabə adlı bir qadın buranın hökmdarı imiş. Onun böyük şövkət və cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib lazım gələn hər bir şeyi tədarük edər, ardı kəsilmədən İskəndərin ordusuna göndərərmiş. İskəndər Nuşabənin camal və kəmalının tərifini çox eşitmiş olduğundan, libasını dəyişdirərək elçi sifətilə onun yanına gedir. Nuşabə işin təhərindən onu tanıyır, təzim və mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə barəsində ondan əhd-peyman alır.
    İskəndər öz ordukahına qayıtdıqdan sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır. İskəndərin Nuşabəyə olan məhəbbəti daha da möhkəmləşir. İskəndər oradan Əlbürz (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd keçidinə çatır. Burada hələ şəhər yox idi. Dağ üzərində möhkəm və dar bir yerdə çox varlı və dövlətli bir qala vardı. Bu qalada bir neçə nəfər yaşayırdı, bunlar yoldan keçənlərə mane olurdular. İskəndər təslim olmağı onlara dəfələrlə təklif etdi, onlar rədd etdilər. Buna görə, hücum edərək oranı dağıtmağı hökm etdi. Bu yer o qədər möhkəm idi ki, bütün qoşun qırx gün qırx gecə çalışdı, bir iş görə bilmədi. Ancaq axırda qalanın əhli təngə gəlib təslim oldu. İskəndər onlara başqa yer verib qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu.
    Bu zaman o dağlıq yerlərin yaxınlığında yaşayan əhali İskəndərə şikayətə gəlib dedilər: Qıpçağın vəhşi xasiyyətli əhalisi bu yerləri xərabəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində bir sədd çəkilsin. İskəndər çoxlu işçi toplayıb, bu gədikləri bərkitmək üçün, o darısğal dağda daşdan bir sədd çəkməyə əmr verdi.
    Qayıtdığı zaman birinci mənzildə ona dedilər ki, bu ətrafda Sərir adlı çox gözəl və mükəmməl bir qala vardır. Keyxosrovun taxtı, tacı və qəbri burada bir mağaranın içərisindədir. Onun nəslindən bir şahzadə bu yerin əmiridir. İskəndər Keyxosrovun taxtı olan qalaya getdi. Bu qalaya "dərvaza” da deyirlər. Səririn əmiri onu qarşıladı; İskəndər buradakı qızıl taxtı, mağaranı, dağları və bir çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə ovla məşğul oldu.
    Sonra Rudbar yolu ilə Xalxala, oradan Gilana və daha sonra Rey mülkünə getdi. Mavəraünnəhrdə şəhərləri bərpa etməkdə ikən, ona xəbər çatdı ki, Rus tayfası Qıpçaq əhalisilə bərabər, saysızhesabsız bir miqdarda, Dərbənd və onun ətrafına yol tapmışlar... Bərdə şəhərini alıb Nuşabəni də, bütün qızlar ilə bir yerdə, əsir aparmışlar. İskəndər oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə gəldi. Bu elkənin gözəl qadınları naməhrəmdən üzlərini örtmürdülər. İskəndər geniş bir çöldə, böyük bir su kənarında düşdü.
    Rus əmiri Kontal Rus, Aysu, Portas, Peçensq, Alan, İlaq və Xəzərdən ibarət yeddi tayfadan topladığı 900.000 artıq bir qoşunla İskəndəri qarşıladı. Bir neçə gün çox şiddətli müharibə getdi, nəticədə İskəndər qalib gəldi. Kontal on bir nəfərlə əsir düşüb sülh etdi. Nuşabəni və sair əsirləri çoxlu şeylə bərabər geri qaytardı. İskəndər xərac qoyduqdan sonra Kontalı sair əsirlərlə bərabər azad edib geri qayıtdı.
    Kvint Kurtsi, təqribən dörd yüz il İskəndərdən sonra yazdığı tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək başqa şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət yetirən və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu Atil və ya Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki qədim tarixçilər bütün şimal əhalisinin skif adlandırırdılar. Dərbənd qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır.
    Dərbəndnamə və sair kitablarda da İskəndərin Dərbənd səddini təmir etməsi haqqında izahat verilmişdir.
    Dərbənd, xalq arasında indi də "Səddi-İskəndər” adı ilə məşhurdur. Diqqətlə baxılsa Quranda da bu məsələ qeyd edilmişdir. Qurandakı ayələrin məzmunu belədir: "Zülqərneyn yola düşüb getdi, günəşin batdığı yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin doğduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü, onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac versək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?” İskəndər cavab verdi: allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında bir sədd çəkildi. Onlar ( Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa bilmədilər və onu deşməyi də bacarmadılar.
    Bir çox təfsirçilərin və məşhur tarixçilərin yazdıqlarına görə, Zülqərneyn Rum, İran və ya Məğrib və Məşriqin padişahı olan Makidoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmişdi. Deyirlər ki, onun tacında iki buynuz vardır, bu da iki cıqqaya işarə ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus dənizinə işarədir, Mədarisərətanə yaxın olduğundan burada hava isti və dənizin suyu axmaqdadır.
    Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğribzəmində ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək Yupiter məbədinə getməsi də bu mətləbi təsdiq edir. Qıpcağın çılpaq çöllərində yaşayan vəhşi əhalinin həqiqətən günəşdən qorunmaq üçün heç bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasında keçən ücüncü yol, şimala doğru getməlidir; çünki cənuba doğru gedərsə qarşıya okean çıxar. İki sədd - Ermənistan və Azərbaycanın iki sıra dağlarından və Xəzər ilə Qara dənizdən ibarətdir. Dil bilməyənlər isə Qafqazın cənub tərəflərində yaşayan xalqlardır. Dillərinin qəribəliyi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq mümkün deyil. Yəcuc və Məcuc Yafəs nəslindən olub, şimalda yaşayan vəhşi və qarətkar tayfalardan ibarətdir. Deyirlər ki, Yəcuc türklərdən, Məcuc isə dağlılardandır.
    Bu məsələni tövratın təfsiri də təsdiq edib deyir: Skif tayfası, Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir, bunlar Qafqaz dağının ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də var imiş, ona Yaropol da deyərlərmiş. Yəcuc İsrail övladından birinin adıdır; cadugərlər padişahının adı da Yəcuc idi.
    Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər dənizinin sahilləri yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda, şimalda yaşayırlarmış. hər iki tayfa skif hesab olunur. Sədd də Dərbəndin həmin hasarıdır, ona külli dəmir işlədilmişdir. İki müqabil olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da - Xəzər ilə Qara dənizdir...
    Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və cənubi Okyanus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila etməsi isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmişdə bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəribəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın vəhşi tayfaları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa tədbirlər görməsi təəcüblü və ağıldan uzaq bir məsələ deyildir. İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat... sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamətlər və Kvint Kurtsinin coğrafi cəhətdən rabitəsiz olsa da - İskəndərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qafqaza) gəlməsini və səddin onun əmrilə tikilməsini aydın bir surətdə göstərir.
    Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar dünyanın vəziyyətindən lazımi dərəcədə xəbərdar olmadıqları və öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə olmuşdur. Buna görə də, əxbar kitablarını və tarixi əsərləri qarışıq bir hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib Cələbi "Cahannüma” adlı əsərində deyir ki, aparılan tədqiqata görə, Makidoniyalı İskəndər Zülqərneyi deyildir. O, (Zülqərneyn) İbrahim (peyğəmbər) ilə müasir olub, Yəmən himyərilərindən bir padişah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və səddi dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə, şimal-şərq tərəfdə bəlli olmayan bir yerdədir. Dərbənd səddi haqqında da deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi Şirvan, Ermənistan və Azərbaycan vilayətlərində qətl və qarət ilə məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün bina etdirmişdi. Fars padişahları daimi onlarla müharibə edirdilər. Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi.
    Nüzhətülqülub müəllifi səddin bina edilməsini Güştasibin atası Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzələndiyini bildirir. Katib Cələbi kimi bir alimin fikrinə təəcüb etməlidir. O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi1, Qazi Beyzavi2 və başqaları Makidoniyalı İskəndərə Zülqərneyn və Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların fikrini doğru hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası Nuşirəvandan əvvəl İsfəndiyara nisbət verildiyi kimi, İskəndərə də nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş və sonra dağılmışdır. İskəndərin yenə onu təmir etməsi ağıldan uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən 2543 il əvvəl, İskəndərin taxta oturması isə hicrətdən 958 il əvvəl vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır. Yenə ehtimal ki, bu padişahlardan hər biri, vadilərdə və dağlarda binalar tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan isə indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.
    O (Katib Çələbi), fəsadçı, soyğunçu və vəhşi türk tayfalarını Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki bəzi tarixçilərin isnad etdikləri əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu yalnız kinayə yolu ilə söyləmişlər.
    Mövcud səddi burada qoyub, əsla olmayan bir mövhum səddi göstərir. Plutarx1 və Strabonun yazdıqlarına görə, Albaniyadan Pompeyə qarşı göndərilən qoşunun miqdarını nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya İsanın anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli bir devlət imiş. Pompey Pont padişahı Mitridadı məğlub və Ermənistan padişahı Tiqranı özünə tabe edən Roma sərdarlarından birincisidir. Pompey öz qoşunu ilə Qafqaz dağlarından keçərək Qara dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib etmək istəyir. O bu məqsədlə albanlardan və iveriyalılardan yol istədi, onlar da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan Pompey Kürün kənarında qışladı. Bu zaman albanlar qırx min nəfərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra, Pompey müharibəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhvalatdan sonra, Albaniya padişahı Orizi çarəsiz qalıb, barışıq istədi və buna da nail oldu.
    Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çatdıqda ona xəbər verdilər ki, albanlar birinci dəfə olaraq toplaşmışlar. O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayı arasındakı susuz çölləri və çətin yolları keçdikdən sonra, Abaza çayı kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya qoşununa rast gəldi.
    İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı olan Albaniya padişahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey albanları oradan üç günlük məsafədə olan dəniz sahilinə qədər təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan çoxlu zəhərli ilan onun yürüşünə mane oldu. O, buradan Kiçik Ermənistana qayıtdı. Qeysər ləqəbi daşıyan Roma imperatorlarının ilk hökmdarlıqları dövründə albanlar İveriya sultanlarilə müttəfiq idilər. Onlar Ermənistan vilayətləri uğrunda parfyanlarla - yəni Kürdüstan tayfası ilə - romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin2 yazdıqlarından ən məşhuru budur: Qeysər Tiberi öz səltənəti zamanında İveriyada səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə təyin etdi. Lakin Ermənistan səltənətinə göz tikmiş parfyan padişahı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitridada kömək edirdi. Dağıstan, Şirvan və indiki Gəncə mülkü adlanan Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun gətirdilər, bu iş yaxşı nətiçə verdi. İran vilayətlərindən bir çoxu Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da ermənilərin ixtiyarında və istilası altında idi.
    Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padişahı Artaşes Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında birləşmiş Alan, Dağıstan, Kuhistan iveriyalıların bəzisi ilə müharibəyə girişərək onlara qalib gəldi. Alan padişahının oğlu Saten əsir alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi. Alan padişahı sülh etmək istərdi. Onun qızı Satenek Kürün kənarına gəlib, çayın o biri kənarında olan Artaşes isə mütərcim vasitəsilə danışığa başladı və dedi: "Ey ağıllı və güclü padişah! Rəva deyildir ki, qardaşımın öldürülməsi üzündən iki şövkətli və əzəmətli padişah arasında daimi ədavət düşsün”. Artaşes (bunu eşidib) Kürdən keçdi, üz-üzə onunla danışığa başladı, onun kamal və camalına aşiq oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padişahının yanına elçiliyə göndərdi. Qohumluq baş tutdu, Saten azad edildi və hər iki padişah da öz hökumət mərkəzlərinə qayıtdılar.
    Bir zaman keçdikdən sonra, Alan padişahı vəfat etdi və onun sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb Artaşesə pənah apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Böyük bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü və bir çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsində Ağrı dağının ətrafında yerləşmişdilər. Saten öz atasının mülkündə müstəqil oldu. Qaziqumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi də Sumbat adı ilə məşhur olması bu mətləbi təsdiq edir.
    Ermənistan padişahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oqlu Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürüldü. Xosrovun vərəsələri də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü həzrət Corcisi Qeysəriyyəyə, kiçiyi Sureni də bibisinin - Haptaq padişahı Çavanşirin arvadının yanına gətirdilər. Sonra Suren 39 il Dərbənddə hökmranlıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində iğtişaş başlandı, Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun nəslini kəsməyə qalxışdı. Bu zaman Ermənistan əmirlərindən Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı.
    Tiridat çox qüvvətli və şücaətli idi, əskəri xidmətə girərək yüksək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya, Əğvan və Massagetini ələ keçirdi. Sumbat övladından Sumbat adlı birini göndərib, Alan padişahının qızı Əşkəni aldı. II Xosrov bundan olmuşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında çox şiddətli bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək, özü müharibəyə girişdi. Alanda doğulmuş Baslas padişahı cəsur Katarhun, Tiridata bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü.
    Xülasə, əğvanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-qarışma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan sonra, sasanilərdən hürmüzün oğlu Şapur ilə müharibəyə başladı. Azərbaycanı aldıqdan sonra, onunla barışdı...
    Vaqarşapat şəhərini Ermənistan padişahı Vaqarş miladi II əsrin axırında bina etmişdi. Tiridatın vəfatına qədər bura Ermənistanın paytaxtı olmuşdur; indiyə qədər də ermənilərin böyük xəlifəsinin (patriarxının) oturduğu yerdir. Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində Şamxal Çoban bəy Gəray xan oğlunun xahişinə görə, İndiri kəndində ixtisarla farscadan türkcəyə tərcümə etdiyi Dərbəndnamədə deyir: Türklərlə iranlılar arasında daimi müharibə getdiyindən Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təxribat yetişirdi. İran padişahı
    Qubad Firuz oğlu Sasani, paytaxtı Atil çayı kənarında olan Xəzər padişahı Xaqan ilə barışıb, onun qızını aldı. Xaqanın 400.000 nəfər qoşunu var idi. Moskva, Noqrad - ehtimal ki, Novqorod olsun - və büqün ruslar ona (Xaqana) xərac verirdilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin arasında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarixlərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər Zülqərneynin səddi olmuşdur. Deyirlər ki, bu səddin bir mil qədəri Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun altından çıxarıb təmir etsinlər. hasarı Təbərsəranın yuxarısına qədər çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı yeddi ildə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox quvvətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bilməyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının evinə qaytardı ki, nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın. Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu Yəzdicird də təmir etdirmişdir. Bu təmir Nuşirəvan dövründə tamam oldu. Qubad və Nuşirəvan - hər ikisi İran vilayətlərindən müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina etdirmişdir. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu ölkədə yaşamışdır.
    O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi də adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdirdiyi Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan adlı bir dərvaza saldırdı. Nuşirəvan özü də burada sakin oldu. Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina etdi. İran vilayətlərində bir çox əhalinin köçürüb buralarda sakin etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri yeddi vilayətə böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi:
    1. Gülbax. Burada, Qoysu çayının sağ kənarında, indiki Çilyurd yerində Əhran şəhərini; İndiri kəndinin aşağı tərəfində, Qızılyarda Sürxab qalasını; İndiri kəndinin yuxarı tərəfində, Çumlu adlanan yerdə Kiçi-Macarı; indi Minarət və daha əvvəllər Tatartop adlanan Ulu-Macarı bina etdirdi.
    2 Tumanşah mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər qalasını; bunun üç ağaclığında, dəniz kənarında İnci qalasını (xarabaları indi də qalır); Tarxu ilə İndiri kəndi arasında Keyvan qalasını; Əhran, yəni Qoysu çayı kənarında Bəlx şəhərini və qoşun iqamətgahı olan bu şəhərin qalasını çayın sol kənarında bina etdirdi. Şəhərin şimal tərəfində də bir neçə qala tikdirdi. Nuşirəvan, Tuman qəbiləsinə yerləşdirmiş olduğu bu yerləri, həmri hüduduna qədər, bu qəbilə əmirlərindən birinə tapşırdı. Ona Tumanşah adı verdi. İsfəndiyar Əhran şəhərində qızıl taxta oturduğundan, Əhranı bu ölkənin hamısı üçün mərkəz qəbul etdi. Terek çayı dəhnəsindəki gümüş və Əhrandakı mis mədənlərininƏhranın sərdarına verdi. Qoysunun sol kənarında, Çilyurdun üst tərəfində bir isti su vardır. İndi də ona Gülbax isti suyu deyirlər.
    3. Qaytaq. Nuşirəvan buraya əmir təyin edərək qalalarını təmir etdirdi. Gilan və Kaşandan bir çox əhalini buraya köçürdü və onu nizama saldı. İndi Köbəçi adlanan Zirihkəran da buruya daxildir.
    4. Qumuq dağlarında və onun ətrafında olan yerlər. İndi Qaziqumuq, Aqqaşa mahalları, Avar və sair hissələrdən ibarətdir. O buruya Filanşah ləqəbli bir əmir təyin etdi.
    5. Təbərsəran. Buranın əhalisi çərxçi və Dərbəndin ən yaxşı qoşunlarından olub, Təbəristan və İsfahandan gəlmədir. Bunların əmirinə hicranşah deyirdilər.
    6. Massaget. Bu yer Təbərsəran və Qumuq dağlarının aşağı tərəfindədir. Əhalisi alanlar olub, sayça başqalarından az idi. Əmirləri də Bütünşah adlanırdı.
    7. Şabran və Müskür. Bu yerlərdə Şabran, Bağdad, Gərgər şəhərlərini və axırıncı şəhərin bir ağaclığında Abad şəhərini; Müskürdə Kəsran şəhərini, Dərbəndin üç ağaclığında Sul və ya Sur şəhərini və bunlardan başqa sair şəhər və kəndləri bina etdirdi; Fars əhalisindən bir qədərini köçürüb Müskür, Kürə və Axtıda yerləşdirdi. Öz sülaləsindən onlara bir əmir təyin etdi. Nuşirəvan bu qayda ilə ölkə işlərini və sərhədlərin mühafizəsini möhkəm bir surətdə nizama salıb geri qayıtdı. Bu zaman Xaqan, Gülbax vilayətini ələ keçirib öz sərdarını Əhranda oturtdu. Deyirlər ki, Nuşirəvandan əvvəl İsfəndiyar da həmin qala və kəndləri təmir etdirib yeddi vilayətə bölmüşdü. Əhran ətrafındakı qalaların əhalisini Xorasandan köçürtmüşdü və onun sərdarı Əhranda otururdu. Axtınamədə deyilir ki, Sasanilər sülaləsindən Şah-Bani adlı bir əmir, Nuşirəvanın əmrilə fars əhlindən 60 ailə və 300 nəfər əskərlə gəlib, Axtı adlanan yerdə bir qala tikdirdi və orada sakin oldu. Bu qalanın asarı dağın başında indi də durur. O, 1500 əşrəfi sərf edərək Axtı isti suyunun üzərində bir hamam tikdirdi və ona xərac qoydu. 560-cı ildə, Nuşirəvan otuz illik səltənətdən sonra, Adil ləqəbi aldı. Bu münasibətlə ətrafın rəisləri hamamın qabağında toplaşıb məşvərət etdilər. Şah-Banidən xahiş etdilər ki, Nuşirəvan hamam xəracını onların üzərindən götürsün. Şah-Bani bu məqsədlə, oğlu Şah-Asanı o zaman Azərbaycanda olan Nuşirəvanın hüzurinə göndərdi və onun xahişi qəbul edildi.
    Bundan sonra Şah-Bani 15 il daha hökmranlıq edib vəfat etdi. Oğlu Şah-Asan onun yerinə keçib 12 il hökmranlıq etdi.
    Tarixi-güzidə sahibi hicri 730-cu (=1330) ildə yazır: Nuşirəvanın Dərbənd ətrafı əmirlərinə verdiyi ləqəblərin və təşrifatın bəziləri indi də söylənməkdədir: Filanşah və Şirvanşah kimi.
    Ömər ibni-Vərdi11 "Xəritətüləcaib” adlı ərəbcə qədim coğrafiya kitabında yazır: Babüləbvab İranın şimal tərəfində vaqedir. Çoxlu meyvə bağları olan bu şəhər, Nuşirəvan tərəfindən Xəzər dənizi kənarında bina edilmişdir. Bu Xəzər tayfası qarşısında bir haildir (səddir). Qapıları Qaytaq dağları keçidindəndir, məsələn, Babüssul, Babi-Alan, Babüssabran, Babi-Laziqə, Babüssəcəsi, Babi-Sahibüssərdir, Babi-Filanşah, Babi-Karmanşah, Babi-İranşah və Babi- Liyanşah. Dərbənd dərya kənarında, böyük yol üzərində vaqedir və buranın ən böyük qalalarından olduğuna görə, Babüləbvab adı ilə şöhrət tapmışdır. Dərbənd hasarının silsiləsi uca bir dağa doğru uzanıb gedir. Bu hasar bir tərəfdən o biri tərəfə keçməyə mane olur. Bu dağda çoxlu qala da vardır.
    Əbülhəsən Məsudi deyir: bu ölkədə 300 şəhər var və hər bir şəhərin də, bir-birinə oxşamayan, ayrı dili vardır. Hovqəli deyir: Mən bunu inkar edirdim, lakin özüm təhqiq edib bildim. Bu ölkənin çox nüfuslu və abad məmləkətlərindən biri də Şirvanşah vilayətidir. Bu vilayət vüsətli olub çoxlu nahiyələri, kəndləri və imarətləri vardır. Bu yerin əhalisi dikbaş olub heç kəsə itaət etməzlər. Şirvanşahlar səltənətini Nuşirəvan qurmuşdur.
    Rövzətüssəfa, Xülasətüləxbar müəllifləri və bir çox başqa tarixçilər yazırlar: xaqanın qızını Nuşirəvan almış və onu boşayıb atasının evinə geri qaytarmamışdı. Nuşirəvanın bundan Nuşizad və Hürmüz adlı iki oğlu oldu. Bu qadın Zərdüşt dinini qəbul etməmişdi. Onun böyük oğlu Nuşizad da, hədd büluğa çatdıqdan sonra, atəşə sitayiş etmədi. Buna görə o, atasının hökmilə həbsə alındı. Nuşirəvan Şam vilayətində fütuhat ilə məşğul ikən, onun şiddətli bir surətdə xəstələnməsi haqqında Nuşizad yalan bir xəbər aldı. O, həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. Atasının təyin etdiyi məmurları Farsdan, Ehvazdan qovdu və İraqı almaq məqsədilə o tərəfə hərəkət etdi. Nuşirəvan bu əhvalatdan xəbərdar olub, İran sərkərdələrindən Ranbərzinə bir hökm yazdı və onu oğlunun fitnəsini dəf etməyə təyin etdi. Ranbərzin şahzadəyə nə qədər nəsihət etdisə də fayda vermədi. Müharibə əsnasında Nuşizad bir oxla yaralanıb öldü.
    Nuşirəvan 48 il səltənətdən sonra, miladi 578-ci ildə və hicrətdən 44 il əvvəl vəfat etdi. Nuşirəvanın xəzər xaqanı qızından olan ikinci oğlu Hürmüz İran taxtına oturdu. Bu münasibətlə ona türkzad deyirdilər. Rövzətüssəfa sahibi deyir: Hürmüz dövründə Xəzər tayfası Dərbənddən keçib Ermənistan və Azərbaycan ölkələrini qarət etdilər. Bu çapqın hicri 4-cü (=626) ildə vaqe oldu. Rum qeysəri herakli onları bu ildə İranla müharibəyə təşviq edirdi.
    Tarixi-güzidə sahibi və sair tarixçilər deyirlər: Hürmüz zülm etməyə başlayınca, xalq ona qarşı üsyan qaldırıb sikkəni onun oğlu Xosrov Pərvizin adına vurdurdular. Buna görə Xosrov Pərviz atasından qorxub Azərbaycana gəldi.
    Muğan və Bacərvanda olduğu zaman, "Bərdə” hökmdarı Mihinbanu gəlib onu Bərdəyə apardı və ona mehmannəvazlıq etdi. Xosrov Mihinbanunun qardaşı qızı Şirini sevib axırda onu aldı. Şeyx Nizami bu əhvalatı məşhur "Xəmsə”sinin beş poemasından biri olan "Xosrov və Şirin” kitabında gözəl bir surətdə təsvir etmişdir.
    Nuşirəvandan sonra Şirvan vilayəti haqqında ayrıca bir məlumat yoxdur. Ancaq bu qədər məlumdur ki, xəzərlərin istilasi və İran səltənəti işlərinin qarışıqlığı nəticəsində Şirvan iğtişaş məhəlli olmuşdur. Bu hal ərəb qoşununun gəlib, ardı-arası kəsilməyən müharibələr ilə şimal tayfalarını məğlub və bu vilayəti ərəb ölkəsinə ilhaq edincəyə qədər davam etmişdir.
İKİNÇİ FƏSİL

ƏRƏB QOŞUNUNUN AZƏRBAYÇANA KƏLMƏSİNDƏN BAŞLAYARAQ MOĞOLLARIN İSTİLASINA QƏDƏR


    Tarixi-Təbəri, Tarixi-güzidə və Rövzülmitar kitablarında deyilir: Ömər ibni-Xəttab1 İran ölkəsini fəth etdiyi zaman, Süraqə ibni-Əmri Azərbaycanı almağa göndərdi. O, bu ölkəni fəth etdikdən sonra, hicri 22-ci (=644) ildə, Bəkr ibni-Əbdüllahı Şirvan səmtini mühifizə etməyə göndərdi. Sonra Əbdürrəhman ibni-Rəbiəni pişdar təyin edib, özü də onun ardınca o tərəfə hərəkət etdi. Əbdürrəhman Muğan, Bəkr isə Ermənistan tərəfindən hərəkətlə, bir çox yerləri aldılar.
    Bu yerlərin bəzisini hərb ilə, bəzisini də sülh ilə ələ keçirdilər. Araz üzərindəki Xudafərin körpüsünü Bəkr tikdirmişdir.
    O zaman ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə yaşamaqdadır. Bərdə şəhəri o zamandan xarabalığa üz qoydu. Xülasə, Bəkr və Əbdürrəhmən Şirvanın yaxınlığına çatınca, o yerin padişahları nəslindən olan vilayət hökmdarı Şəhriyar aman istədi və sülh etdi, bu şərtlə ki, xərac və cizyə verməsin və bu verkilər, türkləri və sair müxtəlif din sahiblərini dəf etmək üçün saxlanacaq qoşuna sərf edilsin. Onlar Şəhriyarın bu təklifini Süraqə ibni-Əmrə yazdılar, o da bunu Ömər ibni-Xəttabın hüzuruna göndərdi.
    Xəlifə də bunu qəbul etdi. Ərəblərlə şirvanşahlar arasında bu qayda həmişə saxlanırdı. Süraqə qoşun başçılarından hər birini, bir dəstə qoşunla, keçidlərə və dağlıq yerlərdəki şəhərlərə göndərdi. Alan və Xəzər keçidlərinin hamısını möhkəmləndirib, müsəlmanları bu yerlərdə sakin etdi.
    Süraqə vəfat edincə, Ömərin əmrilə Əbdürrəhman onun yerinə təyin edildi. O da götürüb 200 ağaclıq məsafəsi olan bir keçidə girdi. Bir çox şəhərin əhalisi müsəlman oldu, Gürcüstan əhalisi ilə də, cizyə vermək şərtilə, sülh bağlandı. Bəzi başqa xalqlar da müsəlman edib, yenə Dərbəndə gəldi. Osmanın2 xilafəti zamanında burada vəfat etdi...
    Həbibüssiyərdə deyilir: Osman ibni-Üffanın əmrilə, Həbib ibni-Səlmə ərəb qoşunu ilə Ermənistana, Azərbaycana, Muğana və Şirvana gəldi, başlıca üsyançıları sülh ilə yola gətirdi. Ondan sonra - Osmanın vəfatına qədər - Hüzeyfə ibni-Yəman, Müğeyrə ibni-Şəbə və Əşəs ibni-Qeys bu hüdudda hökmran idilər. Dərbəndnamə sahibi deyir:
    ... Hicri 41-ci (=662) ildə, səhabələrdən Səlman və Rəbiətülbahili, 4000 igid və döyüşkən qoşunla, xəzərlərin geri aldıqları Dərbəndə doğru hərəkət etdilər. İslam qoşunu gəlincə, Dərbənd Narınqalasının mühafizləri Həmri qalasına qaçdılar. Müsəlmanlar qalanı və Dərbənd şəhərini ələ keçirdilər. Xəzər padişahı Xaqan, külli qoşunla onları dəf etməyə gəldi. Müsəlmanlar da onu qarşıladılar. Dərvaq çayı kənarında hər iki tərəf üz-üzə gəldi. Ərəblərin şücaəti haqqında çox şeylər eşitmiş olan Xaqan, müharibə etmək istəmirdi, zənn edirdi ki, silah onların bədənlərinə kar etmir. Bu halda, xəzərlərdən bir nəfər dəniz sahilinə getdi, orada tək başına çimməkdə olan bir müsəlmanı öldürdü, başını kəsib, Xaqanın hüzuruna gətirdi. Bu əhvalatdan sonra, müharibəyə cəsarət etdilər. 5 gün səhərdən axşama qədər hərb meydanı qızışdı, hər iki tərəfdən bir çox camaat qırıldı. 6-cı gün Xaqan öz qoşununu çox məzəmmət edib dedi: bu gün hər kim müharibədən üz çevirsə, mükafat olaraq məndən əzab görəcəkdir. Bu tərəfdən də, müsəlmanlar cəhad şövqilə ruhlanmışdılar. Səlman və Rəbiə öz qoşun dəstələrinin qarşısında, 40 nəfər könüllü ilə düşmənə həmlə etdilər. Çox şiddətli bir müharibə oldu, Xaqanın qoşunundan neçə min nəfər öldürüldü. Səlman ilə Rəbiə də bu 40 nəfər ilə birlikdə öldürüldü. Buların qəbirləri, Dərbənd şəhərinin yanında, Qırxlar adı ilə ziyarətgahdır. İslamın qalan qoşunu məğlub oldu, yaralılar Dərbəndə və buradan da Şama qayıtdılar. Xaqan, Dərbənd şəhərini mühafizə etmək üçün 3000 nəfər əsgər təyin edib, öz paytaxtına qayıtdı.
    Əməvilərdən Vəlid ibni-Əbdülməlik3, hicri 86-cı (=705) ildə, xilafətə oturduğu zaman, öz qardaşı Müsliməni 40.000 igid əsgərlə Dərbəndi almağa göndərdi. Müslimə əvvəlcə Naxçıvan ölkəsində, Araz çayı kənarında - indi də xarabaları məlum olan - Cülah şəhərini aldı. Sonra Lahıcan şəhərini alıb viran etdi. Bundan sonra Şirvana gəldi.
    Müskürə qədər ələ keçirdiyi yerlərdə hakimlər təyin etdi. Buradan da Dərbənd üzərinə yürüş edərək oranı mühasirəyə aldı. Lakin qalanı almaqdan məyus olub, qayıtmaq fikrində idi. Bir gecə qalandan bir nəfər gəlib dedi; əgər onu dünya malından təmin etsələr, bildiyi gizli bir yol ilə qoşunu qalaya daxil edər.Müslimə bu işə könüllü bir nəfər istədi, kimsə cəsarət etmədi. Bu halda, Əbdüləziz Bahili iki oğlu və qəbiləsindən yüz nəfər igidlə bu işi yerinə yetirməyi öhdəsinə aldı, bu şərtlə ki, Beytülmala çatacaq xümsdən başqa, qənimətlərin hamısı ona çatsın. Sonra dağ tərəfindən 6000 nəfər də onların ardınca getdi. Bələdçinin göstərişilə lağım atıb, Dərvaq tərəfindən yer altındakı dərvazanı açdılar. Qalaya elə daxil oldular ki, qarovulçulardan kimsə bunu bilmədi. Gecə yarısı müharibə başlandı. Xəzərlər öz can və əhli-əyallarını müdafiə edirdilər. Müharibə sülh açılıncaya qədər davam etdi. Sülh zamanı, müsəlmanlar qalanın dərvazasını tutdular, İslam qoşununun hamısı içəri daxil oldu. Xüms çıxıldıqdan sonra, bütün qənimətləri Əbdüləzizə verdilər. O da bu qənimətləri qalanı almaqda iştirak edən 6000 nəfər əsgər arasında bölüşdürdü. Bələdçilik edən kişiyə də çoxlu mal verib bir qulluğa qoydular.
    Müslimə, özündən sonra xəzərlərin əlinə keçməsin deyə, qalanın dağıdılmasını məsləhət gördü. Qoşun sərkərdələri də onun rəyini təsdiq etdilər. Ancaq Əbdüləziz dedi: bu boş bir xəyaldır; çünki xəzər tayfası gəlib, onu əvvəlkindən də yaxşı təmir edər. Nə qədər Dərbənd onların əlində olsa, Ermənistan və Azərbaycan ölkələri salamat qala bilməz. Müslimə onun sözünü qəbul etməyib, qala divarının hər iki tərəfdən dağıdılmasına əmr verdi. Əbdüləzizi də Ermənistan və Azərbaycan hakimi təyin edib Şama qayıtdı. Xəzər tayfası yenə Dərbəndə gəldi, lakin onlar qalanı təmir etmədilər. hər il oradan keçib, Ermənistan və Azərbaycanı qətl və qarət edirdilər. Bu ölkə əhalisindən peydərpey gələn şikayətlərə görə, Müslimə ikinci dəfə 40000 qoşunla Dərbəndə gəldi. Qalanı təmir edərək, burada 5000 nəfər əsgər qoyub, Şama qayıtdı. Bundan bir neçə il keçdi. Dərbənd mühafizləri xəzərlərin qorxusundan qaladan bayıra çıxa bilmirdilər. Xəzərlər dərədən keçib Ermənistan və Azərbaycanı çapırdılar. Ermənistan və Şirvan hakimi Əbdüləziz Bahili, hərdənbir müdafiəyə qalxışırdısa da, onları dəf etməyə gücü çatmırdı...
    Hicri 103-cü (=722) ildə Əbdüləziz vəfat etdi. O əsrin xəlifəsi Yəzid ibni-Əbdülməlik1, Əbü Übeydeyi-Cərrahı 6000 nəfər əsgərlə Dərbənd mühafizlərinin köməyinə göndərdi. Xaqanın oğlu da öz qoşunu ilə Həmriyə gəldi. Əbu Übeydeyi-Cərrah Müskürə gəlib o ətrafın qalalarındakı qoşunları toplayaraq Rubas çayı kənarında dayandı. O, Təbərsəran və Qaytağın hələ də islam dinini qəbul etməmiş olan əmirləri ilə görüşüb dedi: "Mən Ərəbistandan xəzərlərin müharibəsinə gəlmişəm, sizin də bu xüsusda mənə kömək etmənizi arzu edərdim”. Ləzgi rəislərindən Artanış adlı bir nəfər, bu əhvalatı gizlicə Xaqanın oğluna bildirdi. Əbu Übeydeyi-Cərrah bundan xəbər tutub, üzdə dedi ki, guya o, burada ancaq 3 gün dayanacaqdır. Lakin gecə, məşəllərin işığı ilə Rubas çayından və Dərbənd şəhəri içərisindən keçdi.
    O, Avayın çeşməsi yanında, sağ cinah əmirini 2000 atlı ilə Qaytaq tərəfinə və sol cinah əmirini də 2000 nəfərlə Təbərsəran tərəfinə çapqına göndərdi. Tapşırdı ki, günəş doğunca ordugaha qayıtsınlar. Sağ cinah əmiri 12000 qaramal, qoyun və 700 əsirlə, sol cinah əmiri də 40000 qaramal, at, qoyun və 2000 əsirlə geri qayıtdı. Onlar bunlardan əlavə bir çox başqa qənimətlər də gətirdilər. Xümsünü çıxdıqdan sonra, bu qənimətlərin hamısını qoşun arasında bölüşdürdülər.
    Xəzər şahzadəsi bu xəbəri eşidəndən sonra, müharibə qəsdilə həmridən hərəkət etdi. Əbu Übeydə də qarşıya çıxdı. Dərvaq çayı kənarında iki qoşun bir-birilə üzləşdi... hər iki tərəfdən dava təbli vuruldu, bayraqlar ucaldı, çox şiddətli bir müharibə başlandı. İki tərəfdən də çox adam qırıldı. Axırda xəzər qoşunu müqavimət göstərə bilmədi, bütün təchizatını buraxaraq, qaçıb qurtardı. Müsəlmanlar onları təqib edib qətl və qarət edirdilər. O gün xəzərlərdən 7000 nəfər və müsəlmanlardan 2000 nəfər öldürülmüşdü. Xaqanın oğlu çox çətinliklə özünü İnci şəhərinə yetirib dedi: "Gördüyüm düşmən çox güclüdür, əgər sizə kömək gəlməzsə, ozünüzü qaçmaqla qurtarın”. Oradan Bəlxə gedib Bəlx, Ulu Macar, Kiçi Macar, Qızılyar və sairin hakimlərini Əhran hakiminə tapşırdı. Ölkənin mühafizəsi üçün lazım gələn əsgəri tədbirləri görüb, özü paytaxta qayıtdı.
    Əbu Übeydeyi-Cərrah Qayakənd yaxınlığında bir təpə üzərində vaqe olan həsin qalasını alıb, indi Tarxu adlanan Səməndər şəhərinə getdi. Buranın əhalisi təslim oldu. Buradan İnci qalası üzərinə gəldi. Bu qala bir tərəfdən dağ, o biri tərəfdən dəniz ilə yanaşı idi, dağ ilə dəniz arasında da bir hasar vardı. Buranın əhalisi, yerin möhkəmliyinə, su və azuqənin bolluğuna arxalanıb, qalanı müdafiə etməyi qərarə aldılar... Müsəlmanlar ətrafdan 12000 araba toplayıb, üzərlərinə taxta yığdılar. Qoşun da bunların ardınca gedərək şəhərə daxil oldu. İncinin əmiri ərkə sığındı və gecə bir neçə nəfər rəis və əsgərlə İnci ilə Bəlx arasında olan Keyvan qalasına çatdı. Sübh zamanı müsəlmanlar İnci əhalisini islama dəvət etdilər, qəbul etməyəni öldürdülər və ya əsir aldılır. İnci qalasını da dağıtdılar.
    Rövzətüssəfa və Güzidə kitablarında deyilir: Əbu Übeydeyi-Cərrah Xəzər mülkünü qətl və qarət edib, Azərbaycana qayıdandan sona, Xəzər Xaqanı türklərin müxtəlif qəbilələrindən kömək istəyib, 300 min qoşun topladı.
    Xaqanın oğlu Pəşənk, o cəmiyyətlə Dərbənddən keçərək, Kür və Araz çayları qovşağında düşdü. Qoşununu ətrafı çalıbçapmağa göndərdi. Bu zaman Əbu Übeydənin qoşunu dağınıq bir halda idi. Özü də atəşgədəni dağıtmaq üçün Ocan səhrasına getmişdi. Yanında olan azacıq qoşunla xəzərlərin qarşısına çıxdı. Şiddətli bir müharibə oldu, müsəlmanlar məğlub olub çoxlu tələfat verdilər. Əbu Übeydeyi-Cərrahın özü də öldürüldü və ailəsi əsir düşdü. İslam qoşunu ilə bərabər olan və Azərbaycanın böyük adamlarından sayılan Mərdanşah da öldürüldü. Türk qoşunları Azərbaycan və Ermənistan ölkələrində qətl və qarətə başladılar. Ermənistanda zərb olunan dirhəmlərdən məlum olur ki, bu vilayət həmin iğtişaş zamanı xəlifələrin əlindən çıxmamışdır. Xülasə, bu xəbər, o dövrün xəlifəsi Hişam ibni-Əbdülməlikə yetişdi. O, hicri 114-cü (=733) ildə Səid ibni-Əmri-Hərşini böyük bir qoşunla türklərin müharibəsinə göndərdi. O da, bir çox qələbələrdən sonra, Qarabağ Beyləqanına yetişdi. Eşitdi ki, Xaqanın oğlu müsəlman qalalarından birini mühasirəyə almışdır, az qalmışdır ki, qaladakılar təslim olsunlar. Bu zaman fars şahzadələrindən Xüdavəndi-əsbi-əbləğ adlı Xəzər dilini bilən bir nəfəri göndərdi ki, qaladakılara onun gəlməsini bildirsin. Şahzadə ertəsi gün oraya çatdı. Xəzərlər onu tutub soruşdular: - Sən kimsən və hara gedirsən? O dedi: - Ərəb sərkərdəsi məni göndərdi ki, qaladakılara onun gəlməsini xəbər verim. Xəzərlər ona dedilər: - Əgər qurtarmaq istəyirsən, qalanın yanına gedib de ki, ərəb qoşunu hələ çox uzaqdadır. Şahzadə dərvazaya yaxınlaşıb səsləndi: - Ey müsəlmanlar, tanıyırsınız? Sizə müjdə olsun!
    Səidi-Hərşi külli qoşunla Bəyləqandadır. İki üç gündən sonra, gəlib sizə çatar. Mərd və igid olun! Müsəlmanlar təkbir dedilər. Xəzərlər şahzadəni oradaca parça-parça etdilər və özləri də köçüb Ərdəbilə tərəf getdilər. Bu zaman ağ atlı və ağ paltarlı bir şəxs Səidin yanına gəlib dedi: - 2000 nəfər xəzər 5000 islam əsiri ilə fılan yerdədirlər. Əmir casus göndərib onun sözünü təhqiq etdi, söz doğru çıxdı. Əmir 40000 nəfər götürüb, səhərə yaxın qəflətən onların üzərinə töküldü. Bir çoxunu öldürdü və əsirləri geri aldı. Qılıncdan qurtaranlar Xaqan oğlunun ordusuna qaçdılar. Səid külli qənimətlə geri qayıtdı. Ağ atlı yenə gəldi, Səid ona dedi: - Ey xoşxəbər kişi, sən harada qaldın, sənin üçün yaxşı hissə və pay saxlamışam. O, cavabında dedi: - O pay əmirin yanında daha yaxşı qalar, mən indi sənə başqa qənimət haqqında məlumat verəcəyəm. Budur, xəzərlərdən bir dəstə filan yerdə külli mal və əsirlə öz vilayətlərinə gedirlər. Müsəlmanlardan bir dəstə oraya gedib təkbir deyərək, düşmənə hücum etdi. Türklərdən bir çoxunu öldürüb, əsirləri azad etdilər, qənimətləri də ələ keçirildi. Səid, Əbu Übeydeyi-Cərraha mənsub olan adamları əzizləyib, onlara çoxlu mal bağışladı. Bu əhvalatdan sonra, Xaqanın oğlu kədərli bir halda vuruşmaya başladı. Səid də Bəyləqan, Bərdə və hökmü altında olan başqa şəhər və qəsəbələrə qasidlər göndərib qoşun toplamağa əmr verdi. Ağ atlı yenə gəldi və salam verdi. Səid çox şaddıqla onun salamını alıb: "Sən çox mübarək nəfəsli (xoşxəbər) adamsan. Sənin sayəndə iki dəfə düşmənə qalib gəldim, sənə çox pay və hissə ayırmışam, niyə almırsan?” - dedi. O : - "Lazım olanda istərəm, siz indi dava tədarükü görməklə məşğul olun. Xaqanın oğlu 40000 nəfərlə üstünüzə gəlir” - deyə cavab verdi. Səid öz qoşununu düzəltdi. İkindi çağı, iki qoşun bir-birinə yetişdi. Müharibə başlandı. Günbatan çağı türk qoşunu basıldı və onlardan bir çoxu qılıncdan keçirildi. Səid də öz ordugahına qayıtdı. Sübh olunca, ağ atlı yenə gəlib dedi: - "Ey əmir! Xaqanın oğlu öz dağınıq qoşununu toplayıb, yenə müharibə etmək fikrindədir”. Səid (qənimət alınmış) yükləri və maları qeyd və mühafizə etmək üçün bir dəstə adam təyin edib, qalan qoşunla yola düşdü. İki qoşun bir-birilə üz-üzə gəldikdə o: - "Kim bilir, Xaqanın oğlu Pəşənk harada durur?” - deyə soruşdu. Onun cavabında: - "Baş sancılmış ağacın olduğu yerdədir” - deyə cavab verdilər. O yenə: - "O kimin başıdır” - deyə soruşunça: - "Əbu Übeydeyi-Cərrahın başıdır” - deyə cavab verdilər. Səid igidlərlə oraya hücum edərək, Xaqan oğlunun tacına bir zərbə endirib onu atan yerə saldı.
    Türklərdən bir dəstə, şahzadənin ətrafını alıb onu yenə ata mindirdilər. Müharibə atəşi şiddətli surətdə alovlandı. Axırda türklər döyüş meydanından üz çevirdilər. İslam əhlinin əlinə çoxlu qənimət keçdi. Səid bu qənimətin xümsünü Şama, Hişam ibni-Əbdülməlikə göndərdi, qalanını da 40000 əsgər arasında bölüşdürdü. hər bir nəfərə 1700 dinar düşdü. Daha sonra, hicri 115-ci (=734) ildə Hişam Ermənistan, Azərbaycan və Şirvan əyalətlərini öz qardaşı Əbu Müslimə verdi. Ona Şam və Cəzirə qoşunlarından 24 min nəfər verib Dağıstan işlərini nizama salmağa göndərdi.
    Müəllifə məlum olduğu vəchlə, Əbu Müslim haman Müslimə ibni-Əbdülməlikdir. Ehtimal ki, yazıda səhv olmuşdur və ərəb dilinin qanununa görə, Əbu Müslim onun günyəsi və Müslimə isə adı olub, hər ikisilə də şöhrət tapmışdır. hər halda, Əbu Müslim Dərbəndə gəlib onun hasar və burclarındakı xaraba yerləri təmir etdirmişdir. Narınqalada Nuşirəvan dövründən qalma Səhrinc adlı böyük bir imarəti sökdürüb yerində su, neft, sursat ambarları və cəbbəxana tikdirdi. Narınqalanı çox möhkəm bir hala saldı. Qeyd adlı imarəti təmir edib, divarını yüz arşından artıq dəniz içərisinə çəkdirdi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (26.12.2013) | Müəllif: R.C E W
Baxış: 793 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more