DİLƏNÇİ VƏ XƏSİS
Qoca dilənçi tanımadığı bir kəndə gələrək böyük, qəşəng bir evin qapısını döydü. Bu evin yanında qapısından yekə qıfıl asılan hündür bir ahbar vardı. Bu evdə isə öz xəsisliyi ilə bütün mahalda yaxşı tanınan bir dövlətli yaşayırdı. O çox dövlətli olmağına baxmayaraq, heç vaxt heç kəsə əl tutmazdı.
-Sən mənə bir parça piy, ya bir az süd verə bilərsənmi?
-deyə dilənçi ona ağız açdı.
-Yox, verə bilmərəm! - deyə xəsis acıqlandı. - Rədd ol burdan!
-Bəlkə səndə bir ovuc buğdadan, paxladan tapıldı? - deyə acından rəhmsiz adamların qarşısında alçalmağa məcbur olan qoca sözünə davam etdi.
-Mənim heç nəyim yoxdur, - deyə xəsis cavab verdi.
-Onda mənə bir tikə çörək ver, sənə duaçı olaram, - deyə dilənçi ondan xahiş etdi.
-Get, mənim çörəyim yoxdur! - cavabını eşitdi.
-Onda, heç olmasa mənə bircə qurtum su ver. Susuzluqdan ciyərim yanır, - deyə qoca yalvardı.
-Mənim suyum yoxdur! - deyə xəsis cavab verdi.
Dilənçi dedi:
-Ay oğul, onda daha burada niyə oturmusan? Dur ayağa, düş qapılara, mərhəmətli adamlardan pay dilə! Sən ki, məndən də kasıbsan!
UZUNÇULUQ XƏSTƏLİYİ
İki nəfər həmyerli yad ölkələrə səfərə çıxmışdı. Onlardan biri yolda bərk xəstələndi, yoldaşı da evinə qayıtmalı idi. Xəstə ona bir məktub verdi ki, evinə çatdırsın və dilcavabı da xahiş etdi:
-Mənim ailəmə deyərsən: “Atanızın ağrıdan başı çatlayır. Dişi bərk sancır. Nəfəsi kəsilir. Qolları tutulub. Ayaqları şişib. Gözləri görmür. Dizləri əsir. Kürəyi ovulur. Sinəsi çatlayır. Dalağma soyuq dəyib. Beli sınır. Gözündən bir cür su axır. Ayaqları qıc olur. Dili tutulub. Ürəyi dayanıb”.
Onun yoldaşı bütün bunlara qulaq asıb dedi:
Mənim çox danışmaqla aram yoxdur. Elə bircə kəlmə deyərəm: “Ölüb” vəssalam.
ALİM VƏ DƏNİZÇİ
Alim gəmi ilə səyahətə çıxmışdı. O, dənizçilərin birindən soruşdu:
-Sən qrammatikanı bilirsənmi?
-Yox, bilmirəm, - deyə dənizçi ona cavab verdi.
Alim dedi:
-Sən ömrünün yarısını itirmisən.
Çox keçmədən fırtına qopdu, gəmi batmağa başladı. İndi dənizçi alimdən soruşdu:
-Sən üzə bilirsənmi?
-Yox, üzə bilmirəm, - deyə alim cavab verdi.
Dənizçi dedi:
Sən həyatını bütünlüklə itirdin.
QOYUN, KEÇİ VƏ DONUZ
Kəndli şəhərə bazara getməyə hazırlaşırdı. O, bazarda qoyunu, keçini, donuzu satmaq istəyirdi. Kəndli çətinlik çəkmədən qoyunun, sonra keçinin ayaqlarını sarıdı, ancaq donuzu heç cür tutub sarıya bilmirdi. Kəndlini donuz lap əldən saldı.
Nə olub? - deyə o, donuzdan soruşdu. - Nə üçün qoyun da, keçi də özlərini sakit aparır. Sən isə belə çırpınıb əlimdən çıxırsan?
-Onlar bilirlər ki, hər birimiz nəyə görə bəslənib saxlanmışıq, - deyə donuz cavab verdi. - Sən qoyunu ona görə saxlamısan ki, yununu götürəsən, keçini də südünü sağmaq üçün saxlamısan, məni isə ancaq kəsilmək üçün yemləmisən. Mən də bilirəm ki, sən bizi şəhərdə satan kimi, mən birbaş sallaqxanaya düşəcəyəm.
ƏMİR MÜAVİYƏ VƏ DƏYİRMANÇI
Günlərin bir günündə əmir Müaviyə gəlib dəyirmanın qapısı qabağında dayandı.
Qapıdan baxıb gördü ki, eşşək dövrə vuraraq dəyirman daşını dolandırır. Eşşəyin boynundan bir zınqırov asılmışdı.
Əmir dəyirmançıdan soruşdu:
-Eşşəyin boynundan zınqırov nə üçün asmısan?
Dəyirmançı dedi:
-Bilirsən, əgər məni yuxu tutub mürgüləsəm, eşşək dayanar, zınqırovun da səsi kəsilər. Onda mən bilərəm ki, eşşək dayanıb. Mən çığıraram, o yenə də dəyirman daşını dolandırmağa başlayar. Əmir ona dedi:
-Bəs eşşək dayanıb, başını bulasa necə? Onda sən zınqırovun səsini eşidəcəksən, ancaq eşşək dayanmış olacaq.
Ay ağa, axı, mən sənin kimi ağlı olan eşşəyi hardan tapım!-deyə dəyirmançı ona cavab verdi.
ŞİR, TÜLKÜ VƏ QURD
Şir, tülkü və qurd dost olmuşdular. Bir dəfə üçü birlikdə ova çıxıb eşşək, dovşan və dağ keçisi tutdular. Şir qurda dedi:
-Şikarımızı böl görək!
Yaxşı da, - deyə qurd cavab verdi, - aydın məsələdir, eşşək sənin, dovşan tülkünün, dağ keçisi də mənim.
Şir hirsləndi, bu cür bölgü onun xoşuna gəlmədi. O saat qurdu öldürüb başını üzdü. Sonra üzünü tülküyə tutub bağırdı:
İndi də sən böl görək!
Tülkü quyruğunu bulaya-bulaya dedi:
-Bundan asan nə ola bilər ki, eşşək sənin naharına, keçi axşam yeməyinə, dovşanı da naharla axşam yeməyinin arasında yeyərsən.
Tülkünün bu cür bölgüsü şirin döşünə yatdı, o, tülküyə dedi:
-Bir bax ha, gör sən nə ağıllı danışırsan! Bunu sənə kim öyrədib?
Tülkü dedi:
-Ay qoçaq şir! Mənə bu ağlı, qurdun başı bədənindən ayrılanda öyrətdi.
AXMAQ VƏ KEÇİ
Bəkil adlı bir ərəb bir dəfə on bir manata bir keçi alıb dalına atdı, keçinin ayaqlarından iki əlli tutub evinə yola düşdü.
Yolda Bəkil öz tanışına rast gəldi; o, Bəkildən soruşdu:
-Sən bu keçini neçəyə almısan?
Bəkil, keçinin qiymətin demək üçün: əllərinin ikisini də qabağa uzatdı, (“10” demək üçün) və dilini bayıra çıxartdı ki, hamısı birlikdə “11” eləsin.
Bu vaxtacan keçi qaçıb getmişdi. Heç izi-tozu da qalmamışdı.
Adamlar o vaxtdan bəri deyərlər ki, “Bəkil kimi axmaqdır”.
İNCİMİŞ PİŞİK
Günlərin birində Qoca, bir neçə dənə çolpa alıb evinə gətirdi və Qarısına tapşırdı ki, çığırtma bişirsin. Qarı da çolpaları bişirib, hamısını özü yedi. Kişi evə gələndə ona dedi ki, çığırtmanı guya Pişik yeyib. Pişik də bunu eşitdi, acıq eləyib çıxdı artırmaya. Artırma gördü ki, Pişik qaş-qabaqlı oturub, soruşdu:
-Pişik, sənə nə olub, burnunu niyə sallamısan?
-Qoca bir neçə çolpa almışdı, - deyə Pişik cavab verdi, - gətirib Qarısına verdi. Qarı da bişirib, hamısmı özü yedi, Qoca evə gələndə ona dedi ki, çığırtmanı guya Pişik yeyib. Bəs burnumu sallamayım nə eləyim?
Onda mən də uçulub dağılaram, - deyə Artırma cavab verdi.
Artırma uçulub dağıldı, qonşu Divar ondan soruşdu:
-Artırma, sən nə üçün uçub dağıldın?
-Qoca bir neçə çolpa almışdı, - deyə Artırma ona cavab verdi, - gətirib Qarısına verdi. Qarı da çolpaları bişirib, hamısını özü yedi, ancaq Pişiyin boynuna qoydu. Pişik oturub qaş- qabağını töküb, mən də onun üçün uçub dağıldım.
-Onda mən də üzümün suvağını tökəcəyəm, - deyə Divar səsləndi.
Divar suvağını tökdü. Divarın üstündə oturan Quş ondan soruşdu:
-Divar, sən nə üçün suvağını tökmüsən?
-Qoca bir neçə çolpa almışdı, - deyə Divar cavab verdi, - gətirib Qarısına verdi. Qarı da çolpaları bişirib, hamısını özü yedi, ancaq Pişiyin üstünə yıxdı. Pişik oturub qaş-qabağını töküb, Artırma uçub dağıldı, mən də suvağımı tökməyim, bəs nə edim?
Onda mən də bütün lələklərimi tutub yolacağam! - deyə Quş cavab verdi.
Quş bütün lələklərini yolub ağaca qondu.
Ağac ondan soruşdu:
Ay quş, sən nə üçün bütün lələklərini yolmusan?
Qoca bir neçə çolpa almışdı, - deyə Quş cavab verdi, - gə- tirib Qarısına verdi. Qarı da çolpaları bişirib özü yedi, ancaq Pişiyin üstünə yıxdı. Pişik oturub qaş-qabağmı töküb, Artırma uçub dağıldı, Divar üzünün suvağmı tökdü, mən də lələklərimi yolmayım, nə eləyim?
Onda mən də bütün yarpaqlarımı tökəcəyəm yerə. - deyə Ağac səsləndi.
Ağac bütün yarpaqlarını yerə tökdü. Onlar bulağa düşdü, Bu- laq, dostu Ağacdan soruşdu:
-Ay Ağac, sən nə üçün bütün yarpaqlarını yerə tökdün?
-Qoca bir neçə çolpa almışdı, - deyə Ağac cavab verdi, - gətirib Qarısına verdi. Qarı çolpaları bişirib hamısını özü yedi, ancaq Pişiyin boynuna yıxdı. Pişik də oturub qaş-qabağını töküb. Artırma uçub dağıldı, Divar suvağını tökdü, Quş lələklərini yoldu, mən də yarpaqlarımı tökməyim, nə edim?
-Onda mən də quruyacağam, - deyə Bulaq cavab verdi.
Qulluqçu su aparmaq üçün Bulaq üstə gəlib gördü ki, Bulaq tamam quruyub, Qulluqçu Bulaqdan soruşdu:
Bulaq, sən nə üçün qurumusan?
Qoca bir neçə çolpa almışdı, - deyə Bulaq ona cavab verdi, - gətirib Qarısına verdi. Qarı çolpaları bişirib özü yedi, Pişiyin boynuna yıxdı. Pişik oturub qaş-qabağmı töküb, Artırma uçub dağıldı, Divar suvağını tökdü, Quş lələklərini yoldu, Ağac yarpaqlarmı tökdü, mən də qurumayım, bəs nə edim?
Onda mən də dolçanı çırpıb sındırıram, - deyə Qulluqçu cavab verdi.
O, dolçanı götürüb yerə çırpdı. Xanımın yanına qayıdıb dedi:
-Qoca bir neçə çolpa alıb gətirmişdi. Qarısına verdi ki, bişirsin. Qarı da bişirib, hamısını özü yeyib, Pişiyin boynuna yıxıb. Pişik oturub hirsindən qaş-qabağını töküb, Artırma uçub dağılıb, Divar öz suvağını töküb, Quş lələklərini yolub, Ağac yarpaqlarını töküb, Bulaq quruyub, mən də dolçanı sındırmayım, nə edim?
-Onda mən də əynimdəki paltarı cıraram, - deyə Xanım səsləndi.
Əri evə gəldi, Arvadından soruşdu:
-Paltarın nə üçün cırılıb?
-Qoca bir neçə çolpa almışdı, - deyə Arvadı cavab verdi, - gətirib Qarısına verdi. Qarı da bişirib, özü yeyib, Pişiyin boynuna salıb. Pişik oturub acığından qaş-qabağını töküb, Artırma uçub dağılıb, Divar suvağını töküb, Quş lələklərini yolub, Ağac yar- paqlarını töküb, Bulaq quruyub, Qulluqçu dolçanı sındırıb - bəs mən, paltarımı cırmayım, nə edim?
-Onda mən də səni boşayacağam, - deyə Əri səsləndi.
O, hirsli-hirsli gedərkən küçədə Çörəkçiyə rast gəldi. Çörəkçi ondan soruşdu:
-Sən nə üçün belə hirslisən?
-Qoca bir neçə çolpa almışdı, - deyə kişi cavab verdi, - gətirib Qarısına verdi ki, bişirsin. Qarı da çolpaları bişirib özü yeyib, Pişiyin boynuna yıxıb. Pişik oturub qaş-qabağını töküb, Artırma uçub dağılıb, Divar suvağını töküb, Quş lələklərini yolub, Ağac yarpaqlarını töküb, Bulaq quruyub, Qulluqçu dolçanı çırpıb sındırıb, mənim Arvadım paltarını cırıb, - bəs mən onun kəbitalağmı verməyim, nə eləyim?
-Onda mən də özümü diri-diri yandıraram, - deyə Çörəkçi özünü təndirə atdı.
Biz də səninlə gedirdik, bir kisə mirvari tapdıq: iriləri mənim, xırdaları sənin.
NƏ CÜR ADAMLAR OLUR
Məşhur bir alim dedi:
-Adamlar dörd cür olur.
Elə adam var ki, hər şeyi bilir, və nə bildiyini də özü anlayır. Bu - alimdir, bundan ibrət götürmək lazımdır.
Elə adam da var ki, bilir, ancaq nə bildiyini özü bilmir. Bu, yatağan adamdır, bunu oyatmaq lazımdır.
Elə adam da var ki, bir şey bilmir, özü də bilir ki, heç nə bilmir. Bu adama kömək etmək lazımdır ki, öyrənsin.
Elə adam da var ki, heç nə bilmir və heç nə bilmədiyini özü də bilmir. Bu avamdır. Bu adam haqqında yaxşı bir söz deyə bilməzsən.
ÇANAQLIBAĞA - BABA FEKRAN
Bir dəfə Çanaqlıbağa - Baba Fekran dayının yolu paxla tarlasından düşmüşdü, o, bir qıça kəsib arvadı Qurbağa üçün apardı.
-Bilirsən nə var, ay Qur-qur xanım, - deyə arvadından xahiş elədi, - gəlsənə, axşama mənim üçün paxla bişirəsən.
-Sənin keçəl başın üçün, bilməmişdim! - deyə arvadı Qurbağa cavab verdi. - Hansı qurbağa paxla yeyir ki, mən də yeyim? Qıçanı da götür, hansı cəhənnəmə istəyirsən get!
Əlac nədir ki!? Çanaqlıbağa paxla qıçasmı götürüb baş aldı getdi. Utandığından bilmirdi ki, özünü hara salsın. Şəhərə gedən yolun qırağında əyləşib dərdə-qəmə batmışdı.
Yoldan bir eşşək keçirdi. O, Çanaqlıbağa dayını görüb soruşdu:
-Dayı, sənə nə olub qanın qaradır?
-Bu zəhrimara qalmış paxlanın üstündə oldu. Arvadım Qur-qurun yanına gəlib paxlanı mənim üçün bişirməsini ondan xahiş elədim. O da mənə belə cavab verdi: “Rədd ol, keçəlin biri keçəl!” Dost, bəlkə sən gedib onu yola gətirə biləsən!
Eşşək razı oldu. O, Qurqur xanımın evinə yaxın gəlib: “Bu-u mənnəm!” - deyə anqırmağa başladı. O, öz gəlişini ev yiyəsinə bildirmək istəyirdi.
-Sən məni səksəndirdin, qonşuları da qorxudursan, qulluqçunu da - odur ey, qabları yuyur! - deyə Qurqur onun üstünə düşdü. - Eşşək, canın sağ olsun, olmaya buraya bizim qabların suyunu iyləməyə gəlmisən?!
Eşşək onun çığır-bağırından qorxub, bir kəlmə söz də demədən çıxıb getdi.
Yoldan bir it keçirdi. O, Çanaqlıbağa dayını görüb soruşdu:
-Dayı, sənə nə olub, bikefsən?
-Paxla zəhrimarın üstündə oldu. Mən arvadım Qurqurun yanına gəlib paxlanı bişirməsini ondan xahiş elədim. O mənə belə cavab verdi: “Rədd ol, keçəlin biri keçəl!” Bəlkə sən danışıb, onu bir təhər yola gətirə biləsən!
İt razı oldu. O, Qurqur xanımın evinə yaxınlaşıb: “Hart-hart” hürməyə başladı ki, xanım bunun gəlməyindən xəbər tutsun.
-Sən məni səksəndirdin, qonşuları da qorxudursan, qulluqçunu da - odur ey, qabları yuyur! - deyə Qurqurun ağzı açıldı.
-Soruşmaq eyib olmasın, ay it, sən yoxsa bizim qabağımızdan qalan xörəkləri yeməyə gəlmisən!
İt qorxdu və bir kəlmə söz demədən çıxıb getdi.
Sonra yoldan pişik, meymun, at və Çanaqlıbağanm başqa dostları gəlib keçdi, onlar da Qurbağanı yola gətirmək istədilər. Ancaq Qurbağa onların hərəsini bir cür acı sözlə kandanından qovub yola saldı.
Hətta toyuq da acıqlı Qurqurun yanma gəlmişdi. Qurqur ona da demişdi:
-Ay toyuq, sən də tər-təmiz kəndli daxmasmda nə yumurtlayarsan!
Toyuq da ona belə demişdi:
-Qurqur xanım, mən gündə on yumurta yumurtlayıram! Mənim yumurtalarımı padşah özü, bir də cavan oğlanlar yeyirlər.
Ancaq Qurqur ona heç qulaq da asmadı.
Axırda yolda bir Şir göründü. O, Çanaqlıbağanı görüb soruşdu:
-Ay dayı, sənə nə olub belə bikefsən?
-Sözümüz paxlanın üstündə oldu! Mən arvadım Qurqurun yanma gəlib paxla bişirməsini ondan xahiş elədim. O, mənə belə cavab verdi: “Rədd ol, keçəlin biri keçəl!” Bəlkə siz, Şir zati-aliləri danışıb, onu yola gətirəsiniz!
Şir razı oldu. Qurbağanın evinə yaxın gəlib nərildəməyə başladı.
-A, Şir cənablarıdır ki! - deyə Qurqur səsləndi. - Zati-aliləri, necəsiniz? Nə buyurursunuz?
-Bu saat ərinin yanına get! - deyə Şir ona əmr etdi.
-Gedirəm, gedirəm! Bircə dəqiqədən sonra hazır olaram! - deyə Qurbağa cavab verdi.
Ancaq bir dəqiqə keçdi o, evdən çıxmadı, Şir təzədən nərə çəkdi.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa qışqırdı. - Qoy bir üzümü yuyum!
Qurbağa yenə də evdən çıxmadı, Şir təzədən nərə çəkdi.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa qışqırdı. - Qoy bir başımı darayım!
Qurbağa yenə də evdən çıxmadı, Şir bir də nərildədi.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa cavab verdi, - Qoy bir köynəyimi dəyişim!
Qurbağa yenə də evdən çıxmadı, Şir bu dəfə də nərildədi.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa cavab verdi. - Paltarımı geyib gəlirəm!
Qurbağa yenə də evdən çıxmadı, Şir təzədən nərildədi.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa qışqırdı. - Qoy sancağımı taxım!
Qurbağa yenə də evdən çıxmadı, Şir bağırdı.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa qışqırdı. - Qoy bir yanaqlarıma ənlik çəkim!
Qurbağa yenə də evdən çıxmadı, Şir təzədən nərildədi.
-Gəlirəm, gəlirəm! - deyə Qurbağa qışqırdı. - Ayaqqabılarımı geyim!
Axır ki, geyinib hazırlandı. Şir onu ərinin yanına apardı. Qur- qur xanımla Çanaqlıbağa dayı yol üstündəki qanovda oturub özləri üçün söhbət edirlər.
Biz də səninlə gedirdik, bir kisə mirvari tapdıq, irisi mənim, xırdası sənin.
|