Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
YEDDİ BULAQ ƏFSANƏSİ
Bu dediyim əfsanəni Düşündükcə, yazdıqca mən Elə bil ki, yeddi bulaq Süzülürdü ürəyimdən. Üzərində dayandığım, Su içdiyim yeddi bulaq Deyirlər ki, yeddi qızın Göz yaşından yaranmış, ah. Nədən belə zümzüməli, Nədən belə durudur o. Bəlkə elə yeddi qızın Gözlərinin nurudur o? Bir əfsanə olsa da bu, Fikrim, qəmim coşub-daşır. Axı onu min illərcə El ürəyi yaşatmışdır. Düşündükcə düşündürür Min dumanlı sual məni; Öz günümdən ötən günə Çəkir səyyar xəyal məni... Gül-çiçəkli olsa da yer, Ürəklərin fəsli qışdır. Şahmar bəyin zülmü yenə Dağlara da dərd olmuşdur. Hökm eləyir o qara qurd: "Mənimdir yer, mənimdir yurd: Bir çobanın yeddi qızı Burda azad gəzir niyə? Yaylağımda çiçək üzüb Ürəyimi üzür niyə? Ölməmişdir, hələ Şahmar, Şahmar bəyin hüzuruna Bu saatca gəlsin onlar!” O əmr etdi qızlara: "Siz Bu gün dağa dönərsiniz. Qoparılan hər bir çiçək Öz yerində bitsin gərək. Mənim şərtim budur: əgər Bircə günə bitməsələr Çiçəklərim, o zaman siz Hüzuruma gələrsiniz... Hökmüm gözəl, qəlbim incə... Səadətdir yeddi gecə Yeddi gözəl olsa bəyin: Bundan gözəl qərar deyin! Bəy arzuya yetsin gərək, O sözündən dönməyəcək. Fərmanımdan dönən ancaq Saçlarından asılacaq! Dili olsa təbiətin, Duya bilsə həmin dərdi, - Yeddi çiçək solmamaqçün Milyon çiçək bitirərdi. Səhər bəlkə açılmazdı, Günəş yerə saçılmazdı Bürüyərdi duman yeri - Bilsəydilər yeddi pəri Qəlbi qara bir iblisə Bir gecəlik "yar” olacaq. Yeddi çiçək, yeddi könül, Yeddi sevgi xar olacaq. Yeddi gəncin taleyində Sönəcəkdir yeddi ulduz. Eşqi nakam qalacaqdır Yeddi oynaq, bakirə qız. Qızlar bildi ağır hökmü, Qızlar duydu acı dərdi. İnsan qəlbi dağ olsaydı Bu dərd ilə əriyərdi. Az qalırdı hökmə artıq, Sabah fərman bitməliydi, Sabah onlar Şahmar bəyin Hüzuruna getməliydi. Qızlar durub gecəyarı Dırmandılar dağa sarı. Bir zirvədə durdu onlar, Burda yalnız iki yol var; Qabaq ölüm: tikə-tikə! Geri dönsən olar ləkə. Gözlərini yumub bir an İndi onlar bu qayadan Özlərini salacaqlar, Yeddi qızın göz yaşından Yeddi bulaq qalacaqdır. Ətraf duman, həyat acı, Dağ üstündə yeddi bacı, Hey düşünür, hey ağlayır. Yer ağlayır, göy ağlayır. Yarıb qara buludları. Ay da göydən gecəyarı Nur səpdikcə pərdə-pərdə, Deyir bu qan qalmaz yerdə. Yerdə qalmır bu nahaq qan, Sabah qalxır el yuxudan... Bu nə tüğyan, bu nə səsdir: "Yaşamasın daha bəsdir - Bu namussuz, qəlbi qara, Çəkin onu, çəkin dara”, - Deyə coşur el nidası. Yaman olur birləşəndə - El qəlbinin səs-sədası. Elə bil ki, mən də vardım Axıb gedən el içində; Bu qaynayan sel içində. Bir sahilsiz selə döndüm, Bir qanadlı yelə döndüm, Ayaqlayıb min qaya-daş Bulaq üstə gəldim birbaş: "Qalxın, - dedim, - yeddi bacı, Şahmar bəyin taxtı-tacı Əbədilik tar-mar oldu, Daha ömür bahar oldu”... Bu vaxt gülüş səslərindən Xəyalımdan ayrıldım mən... Gördüm odur çəmən üstə Sevgililər dəstə-dəstə Məclis qurub mehriban, şad; Deyən azad, gülən azad... Əfsanəvi bir gözəl tək Bir sevgilim dayanıb tək: Bulaq üstə qalmışam mən, Əfsanəyə dalmışam mən. Sevgilimlə durub mən də Seyrə çıxdım göy çəməndə... Ürəyimdə dil açdıqca Onun eşqi, onun səsi, Xəyalımdan ayrılmırdı Yeddi bulaq əfsanəsi... 1956 | |
Baxış: 1152 | |
Bütün rəylər: 0 | |