Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
Tərcümə-N.A.Nekrasov. Rus qadınları NƏNƏMİN DEDİKLƏRİ (1826-1827-ci illər) I FƏSİL Mənim dəcəl nəvələrim bayırdan
Ay nənəcan, darıxırıq biz yaman. Bizə nağıl danışardın maraqla Necə gözəl nağıllardı, nənəcan. Bir də, bir də o günləri varaqla... Danışmasan, əl çəkmərik yaxandan”. Əyləşdilər hərəsi bir tərəfdə, Dedim: "Hələ vaxtım yoxdu, sonralar Danışaram: nağıl qaçmır, qurtarmır... Təzə nağıl neçə-neçə cild olar. Siz hələlik anlamazsız onları... Vaxt gələr ki, anlayarsız həyatı, Eh, indidən qüssə-kədər duymayın, Hamınızın olsun nağıl qanadı, İsti gündür, qaçın çöldə oynayın!” Nəvələrin arzuları naminə Ötən gündən xatirələr yazıram. Özü qalxıb taleyindən söz açsın Mən şəklini çəkəcəyim hər adam. Mən onlara Muravyova bacının1 Gül-çiçəkli məzarını göstərim, O Çitanın şaxta, ayaz tacını, Göy meşəli baharını göstərim. Dəmir qolbağ bağışlayım onlara, Bir təbərrik sayılsın qoy bu qolbaq, Babam onu töhfə verib nənəmə Öz xüsusi qandalından yonaraq... Kiyevin lap yanındaydı kəndimiz, Mən o kənddə bu dünyaya gəlmişəm. Göz açmışam əziz-xələf qız kimi, Evimizi varlı-karlı görmüşəm. Atam2 özü ucaltmışdı bu adı Qəhrəmanlıq şöhrətiylə əzəldən Döyüşçütək rahatlığı olmadı Canından da əziz idi bu vətən. Hünəriylə o, on doqquz yaşında Bir alayın komandiri olmuşdu, Şan-şöhrəti hey yağırdı başından, Sinəsi də təltiflərlə dolmuşdu. İran, İsveç yürüşüylə dil açdı Onun hərbi şöhrətinin əzəli. On ikinci ildə böyük yol açdı- Hünərinə əbədiyyət gözədi. ___________ 1.Muravyova A.Q.- Dekabrist Nikita Muravyovun arvadı ərinin dalınca Sibirə gedib çıxıb. 1832-ci ildə orada vəfat etmişdir. 2.Rayevski N.N.-General. 1812-ci il Vətən müharibəsinin qəhrəmanı. Bu döyüşü biz də evdə yaşadıq. Ay bilmədi, gün bilmədi, döyüşdü, Əzabını biz də evdə daşıdıq. Smolensk igidi”- ad aldı belə, Ağır döyüşlərdə düşdü qabağa. Leypsiq1 altında köksündə güllə Dikəlib əl atdı yenə yarağa... Tarixə həkk edib onu həyatı: Rusiyanın sərkərdə oğullarının Adıyla yanaşı onun da adı, Yaşayıb duracaq, durduqca vətən. Neçə şairin də şerlərində Atamın şəninə təriflər yağıb, Onun hünərinə ölməz deyiblər. Ondan Jukovski söz açıb hətta2, Rusiyanın sərkərdə oğullarını Vəsf edib, atamın Daşkova altda Gedən döyüşlərdə alovdan, oddan, Keçən hünərləri çıxarmı yaddan?! Onu öz canından keçə bilən bir Vətəndaş kimi də vəsf eləyibdir. O hərbi istedad müharibənin Qələbə yolunu bilirdi yalnız. Düşmənə tək güclə qalib gəlməzdi, _______________ 1. 1913-cü ildə Leypsiq ətrafında gedən döyüşlərdə Napoleonun ordusu tam məğlubiyyətə uğradı. 2.”Nəğməkar rus döyüşçüsü” şerində V.A.Jukovski general Rayevskinin 1812-ci il döyüşündəki şücaətlərindən birini təsvir edir. Birləşdirə bilib sizin babanız. Hərbi qayğılarla yüklənmiş atam Evdə çox az şeylə maraqlanardı. Arabir fikirli, tutqun olsa da Anamız onu bir Allah sanardı. Anama bağlıydı ürəkdən o da, Sevirdik qəhrəman bir atanı biz. Keçirib ömrünü alovdan, oddan, İndi bir guşədə səssiz-səmirsiz Mülkündə rahatlıq tapmışdı qoca. Müəllim tutmuşdu, öz yanındaca Bizə dərs deyirdi ingilis qadın. Varlı bir mülkədar qızına gərək Nə varsa-oxudum, öyrənib aldım. Dərsimi öyrənib bağ-bağçada mən Gəzib şənlənirdim, nə qəmim vardı. Səsim də yaxşıydı. Deyirlər hərdən Atam çox maraqla qulaq asardı. Xatirə yazardı ötən illərdən, Dostuydu həmişə qəzet-jurnallar, Məclis də qurardı, qonaq gələrdi Elə öz yaşıdı çox generallar. Məclis-müzakirə çox idi o vaxt... Balı sevərdilər cavanlar ancaq. Düzünü deyimmi? Baxardı hamı Mənim rəqslərimə heyran olaraq. Ballar çariçası idim o zaman, Qara gözlərimdə mavi bir işıq... Qara saç qırmızı yanaqlarıma, Əsmər sifətimə ayrı yaraşıq! Boyum uca idi, gərdənim incə, Məğrur baxışımdan çox donardılar, Qusarlar, ulanlar məni görüncə Qarşımda farağat dayanardılar. Çox qulaq verməzdim atmacalara, Atam narahatdı taleyim üçün. Söz salıb açıqca dedi bir ara: -Ərə getməyəsən vaxtında neyçün? Ər də var! Leypsiq vuruşlarından Atamız çar özü sevib bu adı, General rütbəsi veribdir ona. Səndən yaşlısa da, hələ cavandı. Volkonski! Onu görmüsən ki, sən Çar ziyafətində. Bizdə də olub. Parkda gözlərini çəkmirdi səndən. -Tanıdım! General- o ucaboylu... -Elə odur ki, var!- Sevinir qoca. -Ata, o mənimlə çox az danışdı, Nə isə hiss etdim... Qızardım ancaq... -Sən xoşbəxt olarsan onunla, qızım!- Qəti qərarını söylədi atam. Etiraz eləyə bilmədim artıq... İki həftə sonra əklillər altda Volkonski ilə qoşa dayandıq... Onu az tanıdım nişanlı kimi, Onu ər kimi da az gördüm elə. Bir damın altında bircanlı kimi İsinə bilmədik nəfəsimizlə. Uzaq kənd-şəhər qışın qarında Onun briqadası tez-tez gedərdi, Sergey bu həsrətin daş yollarından Dönüncə üzülüb xəstələnərdim. Sonra həkimlərin məsləhətiylə Bir yay Odessada çimib dincəldim. Yaşadım bir fəslin həsrəti ilə, Qışda bir həftəlik yanıma gəldi... Bir gün qapımızı dərd açdı yenə, Mən gecə bir dərin yuxuda ikən Səksənib oyandım onun səsinə. -Dur!- dedi. "Nə olub bu gecə vaxtı?” -Dur!- dedi.- Tap görüm hardadır açar, Buxarını qala.- Qalxdım yerimdən, Gördüm təlaşlıdı, rəngi də qaçıb, Tələsik odladım buxarını mən. Yeşikdən bir topa kağızı ərim Çıxarıb tələsik tulladı oda. Bəzi varaqlarda gəzdi gözləri, Bəzi varaqlara heç baxmadı da. Mən də əsə-əsə kömək elədim, Verdik kağızları oda ikimiz. Saçımı yavaşca oxşayıb dedi: -Bu saat yığışıb getməliyik biz... Tələsik yır-yığış elədik səhər Çıxdıq...heç kimlə də vidalaşmadıq. Üç gündə yollara yüklü fikirlər... Üç gün meşə keçdik, təpələr aşdıq. Sergey fikirliydi, tələsirdi bərk, O dəmlər ötəri gülüşdü...getdi. Atamın mülkünə biz yetişən tək O saat mənimlə görüşdü getdi... II FƏSİL Nəydi bu əhvalat o gecə vaxtı? Baxtına yönələn qəfil tufanı Niyə arvadından gizlətdi axı! O getdi, o getdi! Tək qaldım yenə!” Diddi ürəyimi qara şübhələr, Narahat, yuxusuz qovruldum yenə... Təsəlli verdilər:- Qəm yemə, gələr... Atam söylədi ki, tələsib gedib Hansı bir işisə qoysun yoluna. Yəqin imperator özü göndərib, Məxfi bir tapşırıq veribdir ona. Ağlama! Bilirsən hərbi iş nədir, Bir vaxt sən mənimlə həmdərd olardın... Ərin tez gələcək, gələcək-dedi- İndi bir ürək də, bir can da vardır Sinənin altında. Bir həyat-bala! Hər şey düzələcək. Sönməz bu ocaq! Qızım öz ərini tək yola salıb, Dönəndə nəvəmlə qarşılayacaq!.. Əfsus! Nağıllarla elə sevindim... Bu həsrət ötəri həsrət olmadı. Oğlunu-ilkini doğma evində Atanın görməyi-qismət olmadı. Canımdan can aldı gözümün ilki, İki ay ağrıdan qıvrıldım, yandım. Ürəyi ağrılı, bədəni əzgin, Nəhayət, ilk dəfə dayə tanıdım. Ərimi soruşdu. -Ərim uzaqda... -Məktub yollayırmı? -Məktub hardadı! -Bəs atan hardadı? -Peterburqda! -Bəs qardaşı necə? -O da ordadı! -Ərimdən xəbər yox, məktubu gəlmir, Atam, qardaşım da gediblər ora.- Anama söylədim:- Dözə bilmirəm. Nə qədər gözümü dikim yollara? Mən də gedəcəyəm!- Çırpındı qarı, Məni dilə tutdu.- Yox!- dedim ona... Həmin son gecəki əhvalatları Bir daha gətirdim göz qabağına, Mən indi anladım həmin gecəni, Anladım ərimin iş var başında. Sandım sel ağzına atmışlar məni Bir qara daş kimi qaya qaşından. Mən ora yarıcan gedib yetişdim, Soruşdum atamdan:- Hardadır ərim? -Ərin Moldaviyada vuruşur,-dedi, Sonra da dikildi yerə gözləri... O çıxdı bayıra. Qardaşım pərtdi. Qulluqçu baxırdı ah çəkə-çəkə. Məni aldadıblar- anladım qəsdən: Qəlbi bu ağrıya dözmədi bəlkə...” Dedilər ki, mənə sakitlik gərək. Yanıma heç kəsi buraxmadılar. Hətta qoymadılar qəzet də görəm, Dost olduq- bir qadın, bir də dörd divar... Düşündüm: ərimin qohumu çoxdur, Yazıb yalvararam, bir xəbər allam! Həftələr ötüşür, bir səda yoxdur, Yenə də göz yaşı, üzüldüm, vallah! Çətindi daşımaq düyünlü dərdi, Birtəhər mən dilə tutdum atamı: -Gözüm də yaşarmaz, ağlamaq nədi... Gördüm ki, kövrəlib, susubdu hamı. Dərdimi azaltmaq dərdindən kişi Gizlədib, əzabım ikiqat artıb. Nəhayət, öyrənib bildim hər işi, Hökmlə tanış oldum: anladım artıq Sui-qəsdçi olub zavallı Sergey: Qoşun hazır imiş-əldə silahı- Hazırmış devirə hakimiyyəti. Onun da bu işdə varmış günahı, Çünki o...İtirdi huşum az qala... Özümə inana bilmədim əvvəl, Ağlıma sığmadı-bu necə olar?- Sergey və pis əməl! Şərəfsiz əməl! Hökmü varaqladım yüz yol diqqətlə, Hər sətrin mənası: keçilməz divar! Atamın yanına qaçdım: söhbəti Bir az sakit etdi məni, balalar! Elə bil qəlbimə daş dəydi mənim, Bir bunda acığım tutdu Sergeyə- Düşünüb, onu da bağışladım ki, O məndən sirrini gizlədib niyə? Ağzımdan qaçardı, mən cavan idim”. Axı biz görüşüb ayrılan zaman Arvadı canında can gəzdirirdi, Qıymayıb anaya, qorxub uşaqdan...” Bu necə əzabdı, bu necə dağdı... -Yox,- dedim-qəlbimdə güman yaşayır! Sibir dəhşətlidir, Sibir uzaqdır, Nə olar, orda da insan yaşayır! Başımda Sibirə getmək xəyalı, Gecə yarıyacan qovrulub yandım. Səhərə az qalmış yuxuya dalıb, Lakin oyananda gümrah oyandım. İndi düzəlirdi daha səhhətim, Tanış qadınları, görürdüm hərdən. Bacımla görüşdüm, könül möhnətim, Bir az da çoxaldı bu bəd xəbərdən: -Eh, yazıq adamlar! Sergey bütün gün Məhbəsdə saxlanır, heç kəslə görüş... Qohumdan, tanışdan görüşmək üçün- Bir atamla olar və bir də ki, sən Onun görüşünə gedə bilərsən. Verdilər onlara görüş hüququ Hökmü dünənləri oxuyan zaman. Dünən cırım-cındır paltar geydirib, Xaçı da açdılar boyunlarından! Demədim burada hər təfsilatı, Qaldı ürəyimdə çox xatirə-iz. Onsuz da əzabı boldur həyatın, Yaxşıdı: balalar, az eşidin siz... Ərimin yanına qalaya getdik, Bacımla yanaşdıq bir "generala”. Dinləyib o qoca general bizi, Apardı bir geniş, qaranlıq zala: -Gözləyin, xanımlar, bu saat!-dedi. Bizə baş əyərək ehtiram ilə, Getdi. Qapılara gözüm dikildi, Bu saat”- bir saat döndü bir ilə. Birdən eşidildi ayaq səsləri, Fikrimdə səs gələn səmtə yüyürdüm, Açar cınqıltısı paslı qapını Sanki cırmaqladı, açdı: nə gördüm: Dəmir pəncərəli dar kameradan Gözü işıldadı əzgin dustağın. - Arvadın gəlibdir... - Sanki bir adam Silkinib altından çıxdı bir dağın... - Arvadım? - dəhlizlə yüyürdü bəri, Elə bil bu sözü ilk dəfə deyir... General dilləndi: - Bu sənin ərin... Doğrudan qarşımda gördüm Sergeyi... Başından tufanlar keçməmiş nahaq... Alnına qırışlar yazılıb necə! Sifəti nə ölgün, bənizi nə ağ... Gözünün işığı azalıb necə! Artıb baxışının qəmi nə qədər, Əvvəlki o gizli, mənə tanış qəm, Məni görən kimi o dərd, o kədər, Necə sevinc oldu - deyə bilmirəm... Əyilib qəlbimə baxırdı sanki, Onun sinəsinə sıxdım özümü, Ağladım, gizlicə pıçıldadı ki: -Burda yad adam var... - Yığdım özümü. Sonra söylədi ki, gərəkdir ona Yaxşı söz eşitmək, xoş söz eşitmək, Dözür qazamatın əzablarına, İnsan çətinlikdə bərkisin gərək... Təskinlik, təsəlli... Nəzarətçi də Gəzirdi otaqda, çətindi belə Hər şeyi söyləmək: üstünü birdən Göstərdi: -Maşacan, bax, təbrik elə! Yavaşca dilləndi: "Əfv et, duy məni! Sonra gözlərində yaş gilələndi. Bu zaman xəfiyyə nəzərlərini Bizə yönəldərək astaca dindi... Ucadan söylədim: - heç gözləmirdim Belə bir libasda mən görən səni. Mən səni anladım, olsa da dərdim, Əvvəlkindən artıq sevirəm səni! Neynək! Bu sürgünü mən də yaşaram, (Həyat dərdlə məni doyura bilməz, Sən gümrah olduqca gümrahlaşaram, Yox bizi sürgün də ayıra bilməz!) -Qəribə aləmsən! -Dilləndi Sergey, Duydum bu nidada xoş əhvalını: Sonra o çıxardıb cib dəsmalını Qoydu pəncərəyə. Mən də çıxardıb Onun dəsmalının yanına qoydum: Beləcə dəyişdik dəsmalımızı, O məni apardı, mən onu sanki... Sorğular, suallar qaldı yarımçıq, Vaxt sona yetirdi: vaxt demə, an de! Orda başqaları növbə gözləyir: General ötürüb məni faytona, -Oturun, salamat gedin, -söyləyir. Necə bir sevincə bələndi qəlbim- Onun dəsmalına baxıb öpürkən, Dəsmalın küncündə bir neçə kəlmə Yazını oxudum əsə-əsə mən: Gülüm, sən azadsan! Məni sal yada! Mən qəlbən gümraham, səni də belə, Belə istəyirəm görəm... Əlvida! O körpə balama bax gözlərimlə...” Peterburqda çoxlu qohumu vardı, Dedim ki, onları axtarım barı, Üç gün əldən düşdüm: tapıb yalvardım: -Bir çarə axtarın, onu qurtarın... Atam söylədi ki, əlləşmə nahaq, Fərqi yox- çalışdım, əl atdın hara, Kimsə qohumlardan bir yol taparaq Yalvarıb-yaxardı imperatora. Heç nə kar etmədi onun qəlbinə... Vaxt alıb, ərimlə görüşdüm bir də. Özümlə tək qaldım, tək qaldım yenə, Onu apardılar. Onu Sibirdə Görməyə tələsdim, sinəmdə ürək Çırpındı: "Dayanma, yola düş!- dedi. Məni ata evi sıxdı məhbəstək, Ürəyim Sergeylə görüş istədi. Öz qələbə faciəmi, dostlarım, Qoy danışım indi yerli-yataqlı. Mən təkidlə - Gedəcəyəm - deyəndə Bütün ailəmiz ayağa qalxdı. Necə durdum inadımda-bilmirəm. Aman, Allah! Əsəblərim tarımda... Çağırdılar, anam gəldi Kiyevdən, Yığılıb gəldilər qardaşlarım da. Atam: -Buna ağıl verin!- söylədi. Eh, nə qədər inandırma, yalvarış... İradənin bir ilahi gücünü Söz-söhbətlə çətin qırmaq olarmış! Sonra durub cəmləndilər nahara, Süfrəmizdə yeməkdən çox kədər, qəm... Atam dindi bir yanakı nəzərlə: -Hə, nə oldu son qərarın? -Gedirəm! Atam susdu, susdu bütün ailə... Axşam düşdü...Fikrim tutqun, köçəri... Tək-tənhaca tərpədirəm beşiyi... Birdən gördüm: atam girdi içəri. Diksinirəm...Yəqin yenə qəzəbli... O, mehriban, həm də sakit, mükəddər: -Niyə bizi tapdayırsan, ay bala? Neyləyəcək bəs bu yetim-bixəbər? Taleyini düşün onun, axı bir, Gərək deyil qadın gücü orada. Sən bu böyük fədakarlıq haqqına Tapacaqsan qəbir küncü orada! Cavabını...baxışımdan anlayır, Gəlib məni qucaqlayıb öpərək Deyir: -Səni məhv elədim mən zalım, O addımı atmayaydım mən gərək. Harda idi ağlım, huşum, kor gözüm... Bütün ordu əhvalatdan halıymış... Ağ saçını yolub tökür, hönkürür. -Əfv et, Maşa! -Bu bir qoca ağlıymış, Getmə, qızım! - Yalvarmağa başladı: -Allah bilir necə yorğun, bihalam. Mən başımı sıxdım onun döşünə Dedim yavaş: - Gedəcəyəm, vəssalam! Birdən qoca dindi bərkdən-Baxarıq! Gözlər sanki alışırdı qəzəbdən: -Axmaq dilin elə bircə söz bilir: Gedəcəyəm!” Olmazmı ki, bir desən: Hara, niyə, fikirləş bir, düşün bir: Dediyini anlayırsan, qanırsan? Başına vur, işləyirmi gör hələ? Bəlkə elə bizi düşmən sanırsan? Ata, ana ağılsızdı yoxsa ki?.. Onlar deyir: Sən deyirsən-nə işdi? Ürəyinə bir də əyil, bir də bax, Bəlkə rəyin durulaşıb dəyişdi, Yaxşı düşün, sabah tezdən gələrəm... Deyib getdi, qəzəbi də, hirsi də Güllə kimi varlığıma sıxıldı. Durub getdim əsə-əsə, müqəddəs İkonanın qabağına yıxıldım. III FƏSİL "Yaxşı düşün!” Bütün gecə yatmadım. Harayladım o müqəddəs Məryəmi, Əl uzatdım, ha yalvardım Allaha. Mən düşünmək bacarmıram, düşünmək... Atam elə əmr eləyir: "Düşün bir!” O düşünüb bu həyatı qurmuşdu, İndi mənim taleyimi düşünmür? Mən çox yaxşı oxumuşdum, üç dildə Danışırdım, fərqlənirdim hər zaman Dəbdəbəli məclislərdə, ballarda Az olmazdı rəqslərimdən məst olan. Hərtərəfli dünyagörüş, baş-bilik... Çox gözəl də oxuyardım, çalardım. Hətta əla at çapardım. Düşünmək... Düşüncədən bəlkə də pis alardım. Mən ömrümün iyirminci ilində Anladım ki, həyat deyil oyuncaq. Uşaqlığın uşaq dəmi əlimdən Uçub getdi, oynamadım doyunca... Həyatımız firavandı: atam da Mənimlə sərt danışmazdı heç vədə. On səkkizdə başıma gül taxdılar, Düşünmədim, nə düşüncə, nə kədər... Son zamanlar başım yaman işləyir, Düşünürdü, fırlanırdı gümanlı. Əzəl məni əridirdi, üzürdü- Xəbərlər də çox dolaşıq, dumanlı... Fəlakəti düşünəndə, duyanda Sergey gəlib gözlərimdə dayandı: Üzü solğun, saçları da ağarmış... Onda bildim düşüncənin dadını, Onda duydum ürəkdə dərd olarmış... Çox şeylər öyrəndim: ağırdı duymaq İnsan təkliyini, gücsüzlüyünü. Göylərə əl açdım hər şeydən qabaq, İmdada çağırdım bu yer üzünü. Nahaqmış! Beynimi diddi qəzəblər, Qəlbimdə aramsız bir narahatlıq, Çırpındım, qarğıdım son günə qədər, Sakit düşünməyə vaxt yoxdu artıq. Düşünüb-daşınmaq vaxtıydı indi- Atam belə deyir,- qoy olsun belə. Mənim inadlarım iradəmindir,- Bunsuz düşüncələr yem olsun yelə. Atamın əmrini, əzizlərim, mən Dedim ki, yerinə yetirəcəyəm... Qoca deyirdi ki, - Bizi də düşün. Biz sənə yad-yağı deyilik axı. Atanı, ananı, körpə uşağı Atıb, dər-didərgin çöllərə düşdün Axı nəyə görə? De, nəyə görə?.. -Bu mənim vəzifəm, borcumdur, ata! -Nə üçün özünü salıb çöllərə, Əzaba dözəsən? -Əzabsız olacaq mənə orada! Burada fəlakət gözləyir məni. Sizin sözünüzə baxıb mən, əgər Qəlbimə fikrimdən gəlib keçəni Yükləsəm, qəlbimi qəm didə bilər. Gecəli-gündüzlü bir yetim ilə Ağlayıb sızlaram, aram bilmərəm. Mən hara tək getsəm adamlar gülər, İttiham eləyər dedi-qodular, Adıma quyruqlu böhtan qoşular. İndi məni çəkən gur ballar deyil, Fikirli səhralar, tufanlı yollar... Bir nəm bucaqda ki, ürək əriyir... Mən ora yollanım, ora xoş olar. Beynimə yüklənən ağır fikirlər Bir ora dartınır, bir ora sarı, Mən yalnız orada azad olaram, Sevinci bölmüşəm onunla birgə, Bölüm dərdini də...mən şad olaram. Yox, mən...Allaha da belə xoş gedər! Məni bağışlayın, ey əzizlərim! Könlümün qərarı qətidir daha. Bilirəm, ovutmaz sizi sözlərim. Fəqət, bu xoş olar böyük Allaha. İki yol kimidir indi qərarım, Biri doğma balam, biri ərimdi. Gedirəm zülmətdə olana sarı, Mən orda daha çox gərəyəm indi. Bu ata yuvası oğlumu saxlar... Sonra o çıxarar məni yadından. Baba nəvəsinin atası olar, Bacım doğma olar doğma anadan... O hələ körpədir! Böyüyən zaman Bu sirri dərk edib, alqışlar məni. Ana ürəyini anlayan, duyan Bir övlad ürəyi bağışlar məni. Ərimi tullayıb onunla qalsam, Bir gün həqiqəti öyrənsə əgər,- Niyə deməmisən hardadır atam?” Bəs onda cavabım nə ola bilər. Məzara qoyulum mən diri-diri Ərimin gözləri yolda qalınca. Qohum tənələri, yad tənələri... Tənəsiz gedirəm onun dalınca... Dilim var gəlməyir söyləyim bunu- Birinci ərimi unutsam artıq, Yeni ailənin yeni qanunu Deyəcək: öz doğma oğlunu atıb, Ögey ana ol sən! - Mənə ar olsun! Sən məni bağışla, zavallı dustaq, Səni unutmaqmı? Dünyalar olsun, Sən mənim könlümün ilkisən ancaq. O mənə əzizdir, əzizdir, ata! Heç çıxmaz yadımdan, hələ o zaman Polkun qabağında səyriyən ata Yaraşıq olardı...Doymazdım ondan. Onun həyatının döyüş yolundan Dostları deyərdi ürək dolusu, Dinlərdim həvəslə. Bir mərd qəhrəman Kimi də sevərdim onu, doğrusu. Sonra da oğlumun atası kimi Sevdim, sevgimizin üstündə əsdik. Ayrılıq bir düşmən qisası kimi Qəfil başımızın üstünü kəsdi. Bilirsən, harada görüşdük bir də, Taleyin bəxşişi bizə qəm oldu! Qəlbimin son andı ona türmədə Mənim bir sonuncu hədiyyəm oldu. Nahaq qaraladı böhtanlar onu, O ki, təmiz idi qarlı dağ kimi. Dustaq geyimində olsa da, yenə Mən onu sevirəm bir Allah kimi! Dustaq geyimində qarşımda durub, Elə bil gözündə yox əvvəlki nur. Onun duruşunda insan qüruru, Gözündə sozalan sevgi oxunur... Atacan! Dözmürəm onsuz mən indi! Qovurub yandırır məni öz ahım... Sən məqsəd yolunda candan keçəndin, Belə öyrətmişdin bizi də axı. Bir zaman öz doğma oğullarını Odlu döyüşlərə atan qəhrəman, Duyub öz qızının əzablarını, Döndərməz onu da öz qərarından. Mən fikir elədim bütün gecəni, O isə, atamla dil tapdım deyən... Yavaşca söylədi: - Ay dəli qızım!.. Və çıxdı, bilmirəm hirsdən, ya dərddən. Anam, qardaşlarım susub durmuşdu: Günlərim beləcə, günlərim ağır... Atam bulud kimi elə dolmuşdu... Qaşqabaq sallayıb hamı, qəm yağır, Kömək eləmirlər işlə, əməllə. Qəlbimin səsinə çox qulaq asdım... Axırda qələmdən yapışdı əlim, Oturub padşaha ərizə yazdım... (O zaman belə bir xəbər gəzirdi: Trubetskayaya icazə verib, Çar, sonra əmr edib qaytarıb geri...” Qorxdum, bu, mənim də başıma gələ. Amma yaman idi.) məktubu bacım- Katya Orlovanın özü apardı. Çardan cavab aldım. Xoş sözlü cavab. Nikolayın zərif ürəyi vardı. (Məktub fransızca yazılmışdı) O, Yazırdı: elə bir uzaq diyara Arzu etməzdi ki, gedəm...tuş olam Orda pis mühitə, pis adamlara... Onun eyhamını sonra anladım: Bu yaşda çox zərif, incə bir cavan O qədər əzabı, ağrını dadıb, Salamat dönər geriyə ordan... Sonra da özünə borc bilir: mənə Deyə ki: bəyənir qətiyyətimi. Ancaq ki, vəzifə, qanun naminə Ərimi əfv etmir bir cani kimi... Bu yüksək istəyin əksinə getmək İstəmir: özünə borc bilir deyə: Yaxşıdır, oğluna analıq etmək, Gedirsə, etiraz etmir getməyə... Ürəyim çırpındı: gedirəm demək! Belə sevinməmiş qəlbim heç zaman... Gedirəm - qərarlar qətidir demək, Ağladım: ilahi, keç günahımdan!.. Yır-yığış elədim üç günə tamam, Qiymətli nəyim var büküb qatladım. Yaxşı pal-paltarım, yaxşı da şubam, Nəyim var. Sadə bir fayton da aldım. Baxıb evdəkilər yığ-yığışıma, Duruxub qaldılar. Doğrudanmı mən... Bu ağıl haradan girdi başıma... Son gecəm oğlumla keçdi sübhəcən, Üzündən, gözündən öpüb, o günü Dedim: ürəyimi mən yara biləm, Onun süd qoxulu təbəssümünü Özümlə əbədi apara biləm... Oynayır, əlimdən məktubu qapır, Fəlakət məktubu...möhrünə baxır, Oynayır, sevinir, bilmir ki, sabah Durub görəcəkdir anası yoxdur. Ayıra bilmirəm gözümü ondan, Üzümə sürtürəm süd əllərini. Bağışla, zavallım! Bağışla, anan Atanın xətrinə tərk edir səni!” Uşaq-dəcəl uşaq yatmaq istəmir. Nazik zərfi elə çevirir, baxır. Nədənsə deyirəm, qırmızı möhür Onu əyləndirir...Səhərə yaxın Sakit bir yuxuda üzürdü körpə. Baxıram allanan yanaqlarına, Üzündən, gözündən hey öpə-öpə Beşiyi yanında dayanıb ona Dua eləyirəm səhərə qədər. Sonra da tələsik yığışıb, yenə: Balamın anası ol, yalvarıram, Bacı, yalvarıram...” And içir mənə... Faytonum getməyə hazırdı tamam... Qohum-əqrəbalar pərt idi o gün, Sözsüz bir ayrılıq, lal bir ayrılıq. Düşündüm: "Mən öldüm ailəm üçün”. Anam donmuş idi, sanki qalır tək, Qəlbində hələ də bu inam, bu səs: Bəlkə qərarını dəyişdirəcək... Atama baxırdı hamı suallı, O isə kənarda dayanıb, qəti Dinmirdi, başını aşağı salıb, Üzündə yox idi qan əlaməti. Yığdılar faytona son şeyləri də... Az qala taqətim itirdi tamam. Bu ağır anımda nə cür, bilmirəm, Atamı, bacımı qucaqlamışam. Görüm, tanrı sizə yar olsun” deyib Öpdüm, qucaqladım qardaşlarımı. Elə bil atamı təqlid eləyib Susmuşdu onlar da. O qaşlarını Çatmışdı. Sıxaraq dodaqlarını Tərpəndi yerindən, oyanıb qanı Qızartdı qəzəbli yanaqlarını. Mən isə ehmallı bir hərəkətlə Yeriyib önündə diz çökdüm: "Ata, Bağışla, gedirəm, məni əfv elə, Bircə söz de mənə, bircə söz, hətta!” Baxdı mənə sarı, nəhayət, qoca Əlini əsəbi silkələyərək, Dilləndi çox qəti bir ciddiyyətlə: Get, ancaq gələn il dönəsən gərək, Yoxsa, qarğıyaram!” Əsdi bədənim. Daha tab etmədi ürəyim mənim, Yıxıldım... IV FƏSİL Daha tərk edirəm ata mülkünü. Boranlı, şaxtalı günlərə sarı Tərpəndi faytonum dekabr günü. Çevirdim yolları üç gün aramsız, Bu sürət, bu uçuş xoş idi mənə, Təsəlli- həkimim bu idi yalnız. Gəldim Moskvaya qohum evinə - Cavan knyaginya Zinaidanı1 Hamı tanıyırdı: ağıllı, həlim. Necə oxuyardı! Necə çalardı! Sənət allahıydı, nəydi, nə bilim... Bir vaxt bir kitabı çox sevərdi o, Hər incə kəlməsi çökmüş ruhuna... Sevdiyi bir şair - Venevitinov Arabir parçalar deyərdi ona. Bir il yaşamışdı İtaliyada, Şair söyləmişkən: "Geri dönəndə Moskva gözəli cənub göyünün Rəngini gətirdi öz gözlərində.” Zina yad deyildi artistlərə də, Neçəsi evində qonaq olardı. Onu zarafatla bəziləri də. Şimal Korinnası2 adlandırardı. _______________ 1.Z.A.Volkonskaya M.N.Volkonskayanın ər tərəfindən qohumu. Müasirlərinin dediyinə görə çox savadlı və istedadlı bir qadın imiş. 2.Korinna - fransız qadın yazıçısı Stalın (1766-1817) eyni adlı əsərinin qəhrəmanı, çox istedadlı, ömrünü incəsənətə həsr etmiş bir qadın. Onu sevindirdi, kövrəltdi yaman: -Özünü ələ al! Bir şənlən barı, Yox, mənim əzizim, çox sınıxmısan! Ah, üstümüzdəki qara buludu Biz necə dağıdaq? Necə ayılaq? Hələ axşamacan bir dincəl, otur, Axşam bu sağlığa bir az şad olaq. Qorxma, ürəyincə olacaq hər şey, Sevdiyin nəğmələr, sevdiyin şer... Bir az da bu axşam artist olarıq. Mənim Moskvaya gəlmək xəbərim Yayıldı o axşam...Hamı bilmişdi... Paytaxt diqqətini, fikrini ərim Bir zaman özünə cəlb eləmişdi. Elə ki, oxudu hakim qərarı Adamlar dəhşətə gəldi o anda. Gəzdi Rastopçinin bir zarafatı O gündən Moskva salonlarında1. Avropada bir çəkməçi istəsə ki, ağa ola, Bu hamıya məlumdur ki, o vuruşur, edir qiyam. Bizdə isə inqilabdan, məlumdur ki, çəkməçi olur adam...” _____________ 1. O zamanın konservativ baxışlı görkəmli əyanlarından olan F.A.Rastopçinin zarafatları məşhur idi. Neçə şair də var, artist də vardı. Yığılıb gəlmişdi bütün dost-qohum, Həyətdə bəzəkli karetalardı... Atları fınxıran, dartınıb duran Boyalı qadınlar gəlin ədalı... Elə ömrü boyu başda oturan Nüfuzlu qocalar qayğıma qalır, Keyfimi soruşur xanım-qarılar. Məni qucaqlayıb təbəssüm ilə: Bu nə qəhrəmanlıq, nə gözəl gəlin!” Sonra da bir ağız təəssüf ilə... Bir sözlə, Moskva öz aləmində... Gördüm, bir gecəlik qonaq da olsam, Biri nəşəsində, biri dəmində- Zinanın evində kefdir bu axşam. Artislər hamıdan çoxdu deyəsən,- Çox məşhur italyan nəğməkarları... Atamın yanında qulluq eləyən Dostların o axşam artdı qubarı. Burda tanış oldum mən gedən yerə Gedən adamların qohumlarıyla. Burda tanış oldum o vaxtın məşhur Neçə şairiylə, sənətkarıyla. Burda Odoyevski, Vyazemski, O vaxt çox tanınan "ilhamlı şair1... _________________ 1. "İlhamlı şair” - Venevitinov D.V. (1805-1877) nəzərdə tutulub. Ölüm tez aparan - görkəmli şair... Puşkin də burdaydı, tanıdım onu. Yurzufda o bizə tez-tez gələrdi. Xatirə dostunu, gənclik dostunu Tanıdan - qəlbimdə xatirələrdi. O zaman... işvəli, qəmzəli çağlar... Onunla oynayıb, deyib gülmüşəm. Çiçəkli yamaclar, ətirli bağlar Onunla Krıma gəlib, bilmişəm. Bizim ailəmiz ora gedəndə Bəxtimdən Puşkin də tuş oldu bizə. Yol boyu məst oldum söz-söhbətindən, Bir baxdıq dağlara, Qara dənizə. O zaman on altı yaşım olardı, Yaşıma sığmayan boyum, qamətim. Qıvrımsaç şairlə qanad alardı Gəzmək, seyr eləmək şeriyyətim. Nə yaylıq, şlyapa...uzun hörüklər Az qala ütülüb yanardı gündən, Dalğa sevincimi dənizə yüklər... Doymazdım Krımın sahillərindən! Dənizi ilk dəfə görürmüş kimi Ətrafı həvəslə seyr eləyirdim. Saçıma gümüş saç hörürmüş kimi Çiynimə su qalxır, dalğa dəyərdi. Dəniz uşaq kimi oynadar, atar, Dəniz nənnisində saxlardı məni. İstəsəm çəkilən dalğanı tutam, Qabaran dalğalar haqlardı məni. Puşkin də baxardı, gülərdi, amma Yenə də çəkməylə suya girərdim. Ancaq deməyin ha, qubernatkama, Deməyin”... (Çəkməmi tez gizlədərdim.) Sonralar oxudum mən "Onegin”də Oxudum o gözəl sətirlərini. Ah, necə kövrəldim, necə sevindim, Eh, indi qarıyam. Ləpirlərimi Dartan xatirələr çıxmaz yadımdan. Bir dəfə mənimlə elə danışdı... Bir də doğrusunu desəm, o zaman Puşkin sevmədiyi qız qalmamışdı. Əslində sevmirdi heç kəsi, məncə, Şeriyyət adlanan pərisi bəsdi. O öz kədərini ürəyindəcə Qalayıb alışar, yandım deməzdi. Yursuf gözəl yerdir, hər yan bağça, bağ... Meşələr qoynunda itib dərələr. Ayağı dənizdir, başı Ayıdağ, Az qalır zirvələr göyləri dələ. Qayalar dibində tatar evləri, Saç kimi sarınıb üzüm bağları. Sanki fikrə gedib yüz ildən bəri Yaşıl qovaqları, göy qovaqları. Ev tutduq bir uca qayanın altda, Bizdən də ucada yer aldı şair, Gəzməyə gündüzlər çıxardı ancaq Həmişə tək-tənha hərlənərdi o. Gecələr dalardı dəniz seyrinə. İngilis dilini öyrənərdi o. Lenadan - bacımdan. Bayron o vaxtlar Onun ən sevimli sənətkarıydı. Bacım bu sirrini gizlicə saxlar- Arabir Bayrondan tərcümə elər, Mənə oxuyardı, cırıb tullardı. Bizim ailədən kimsə - bir nəfər Demişdi: Lenanın yazmağı vardır, Puşkin də alıb bu quramaları Oxuyub hamıya demişdi ancaq: -Bu soyuq tərcümə qaralamalar Lenanı azarkeş eləmiş artıq. İşlərdi, çəkilib öz otağına, İşini qurtarıb bizə enərdi. Yolun üstündəki sərv ağacına Şair "ən vəfalı dostum” deyərdi. Çox vaxt söykənərdi sübhəcən ona, Gedəndə ağacı öpdü, görüşdü. Hansı bir xalqınsa nağıllarına O gündən belə bir əfsanə düşdü: Şairin bağına bir bülbül qonar, Gecələr onunla ötər, ötərdi. Bütün təbiətin nəfəsi donar, Bütün insanların səsi itərdi. Şairdən sonra da - əfsanə deyir- Hər yay adətiylə gəlib bu bağa Oxuyur o bülbül, fəqan eləyir: Dostların gözləri yoruldu daha...” Susur o bülbül də şair öləndən, Gedir bir dəfəlik, sərv ağacıtək - Qalır yol üstündə, həsrətlə hərdən Boylanır dənizə: nə vaxt gələcək?..” Puşkin vəsf etdiyi sərvi hər zaman Ziyarət etməyə turistlər gəlir. Ağacın təbərrik qanadlarından Öpdükcə, ürəyə nə hisslər gəlir... Görüşüb qəmləndik, şair də, mən də, Üzünü, gözünü bir kədər aldı. O uzaq Yurfuzun sahillərində Keçən cavanlığı yadına saldı. Təbəssüm boyalı xatirələrin Kölgəsi gözündə yox oldu birdən. Qayğılı bir qəlbin səmimi, dərin Səsiylə o mənə uğurlar dedi. Elə ki, otaqda qaldıq ikimiz. Hər sözü qəlbimdə həkk oldu o dəm. Sözü yadımdadır olduğu kimi, O dediyi kimi deyə bilmərəm: Gedin! Gedin! Böyük ürəyiniz var, Bu, inad deyildir, bu cəsarətdir! Qoy çıxsın qarşına uğurlu yollar, Əzib tapdalayın hər məşəqqəti, İnan ki, sənin bu saf ürəyinə Bütün bu nifrətlər dünyası dəyməz! Yaşasın onun bu bərbəzəyinə Sevgi əzabanı dəyişdirən kəs! De, bu dünya nədir? İyrənc maskarad! Ağıl kütləşdirər, ürək çürüdər, Ölçülü, biçili buz donlu həyat Həqiqət odunu udub məhv edər. Bir zaman uçar bu yamanlıq dağı, Kəsməz qarşınızı nə səd, nə divar. Yenə də sevimli ata ocağı, Ata bağ-bağatı sizi qarşılar!.. Sevinər bu əzgin, bu yorğun anda, Doğma küləklərlə tumarlanarsız. Dönüb keçdiyiniz yola baxanda Yenə bir nəşədən xumarlanarsız. Bəli, inanıram! Bu qəm tez ötər, Çarın da qəzəbi əbədi olmaz. O buzlu çöllərdə ölsəniz əgər, Ürəklər, ağıllar sizi unutmaz. Deyərlər: bu ada layiqdir heykəl! Bir qadın anada bu qəhrəmanlıq! O qarlı səhralar qoynunda bəlkə Sizin qəbriniz də qazılıb artıq. Ölsəniz, bu cəsur hərəkətiniz Ürəkdən ürəyə köç edib yaşar. Nəvələr dilində hekayətiniz Elə nağıllaşar, hey nağıllaşar... Nağıllar şəklini gətirər yada, Səsini, sözünü duyar adamlar. Bir nənə ruhunun sağlığına da Camlar boşalacaq, çox dolu camlar. Mərmər qəbirlərin çoxları hanı? Adi qəbir itmir bəzən səhrada. Dünya unutmayıb Dolqorukayanı1 Bir onu bir adam salırmı yada! Nə deyim? Sağ gedin, salamat gedin! Bəlkə də görüşə bilərik orda. Puqaçdan yazmağı çar təklif edib, Puqaçov əl çəkmir yuxularımdan. Onun şöhrətiylə dil tapmalıyam, Bununçün Urala yollanım gərək. Yazda gedəcəyəm, nə tapsa ilham... Atüstü olsa da dolanım gərək. Mən sizə Uraldan əl eyləyərəm...” Şair "Puqaçovu” bitirdi amma, Gəlmədi, vədinə sadiq olmadı. Bəs niyə? Hələ də sığmır ağlıma... Musiqi çalınır. Ürək dolu qəm, Məlahət əridir qəlbimi sanki. Özüm oxumuram, özüm itmişəm. Ancaq adamlara yalvarıram ki: Siz Allah, susmayın, gedirəm sabah, Siz allah, oxuyun, çalın, oynayın. Bir də bu musiqi çalınmayacaq Mənim qulağımda budu son payım!..” _____________ 1. Dolqorukaya N.B. (1714-1771) İmperatriça Anna İvanovanın hakimiyyəti zamanı sürgün edilən ərinin dalınca Sibirə getmişdir. Vida nəğməsiylə qurtarır axşam. Üzündə, gözündə kədəri, ahı, Olmayan bir adam xatırlamıram. Hətta sir-sifəti donuq qarılar İtirdi soyuqluq əlamətini. Gözündə göz yaşı qurumuş olan Qocalar donuqluq əlamətini. Artistlər dəyişdi mahnılarını, Bu səslər əridər daşı, deyirəm. Onların yaxşı yol dualarını Mahnılar onlardan yaxşı deyirdi. Necə bir ilhamla çalarmış insan! Necə oxuyarmış gözləri yaşlı... Hamısı söylədi: "Get allahınan!..” Ağlaşa-ağlaşa biz vidalaşdıq... Bulud görünməyir göyün üzündə. Ayazdan yamçının bığı ütülüb, Qısılıb, titrəyir öz cübbəsində. Beli də, çiyni də, papağı da qar, Dillənir, atlara hey qaçmı çəkir. Dartılır, yüyürür, fınxırır atlar, Deyirsən nəfəsi kəsiləcəkdir... Baxırsan ətrafa: tanış mənzərə, Uzanır rus çölü - qar səhraları. Yol boyu nəğməkar sıx meşələrə Dəlisov küləklər sovurur qarı. Düzənlər elə bil bir almaz xalı, Kəndlər qar altında qalıbdır deyən. Arabir mülkədar xanimanları, Kilsə başlarıdır tək gözə dəyən... Tez-tez gördüyümüz arabalardır, Kom-kom ibadətə gedir qarılar. Dartır tacirləri poçt faytonları, Pərqu döşəkcədə buğlanır onlar. Dövlət furqonları! On at qoşulu: Furqon tüfənglərlə, çantayla dolu. Soldatlar! Gülərüz, bığsız cavanlar, Orduya ilk qədəm atırlar onlar. Atalar, analar oğullarını Bacılar qardaşı, gəlin sirdaşı... Ciyərparaları əsgər yollanır!” Duyulur ahları, axır göz yaşı. Yumruğu yamçının başının üstdə... Qovur atlarını bir feldyeger.1 Xəndəyin başında tullanır atdan Mülkədar sahibçün bir bığlı yeger.2 Vurduğu dovşanı saldırır itdən. Mülkədar kənarda dayanıb ağır, Fit çalıb, itləri geri çağırır. __________________ 1.Feldyeger - mühüm poçtlar aparan hərbi və ya dövlət xidmətçisi. 2.Yeger - ovçu. Söyüşən, didişən, itələşənlər... Uşaqlar həvəslə baxır kənardan: Toyuqlar cihləşir, onlar şənlənir. O yandı, dəmirçi qapısında at, Üz-başı qapqara dəmirçi çıxır, Əlində nal-çəkic, ətrafa baxır: Ay gədə, bu atın ayağını tut!” Birinci düşərgəm Qazanda oldu, Quru bir divanda yuxuya getdim. Qəfildən elə bil yuxum qovuldu, Musiqi eşitdim, nəğmə eşitdim. Bəli, bal gecəsi...yadıma düşdü: Qalır yeni il bir-iki saat. Hamı xoş taleli, hamı gülüşlü, Oynayıb gülürlər! Bir mən qüssəli: Dalına düşmüşəm dərdin, kədərin”. Uçdumu, getdimi, yetişməz əlim, Gənclik də gənclikdir, ay nəvələrim... Burda qorxuzdular məni yenidən, Guya qaytarıblar Trubetskayanı! Buradan geriyə dönüm yəni mən? Başıma sovurram bütün dünyanı! Tez qalxdım yerimdən, faytonçu baxdı: Saat on olubdu, xanım, səbr edək: Səhəri gözləyək, qasırğa qalxdı, Qar tutur yolları, haraya gedək?” Ax! Yenə səbr etmək! Yoruldum, vallah, Gedirəm! Tez olun, siz allah, durun!..” Zınqrov səslənir, görünmür yollar, Külək vıyıldayır, qar burum-burum. Tufan az qalır ki, faytonu deşə, Yamçının belini görmürəm hətta. Deyən faytonumuz daşlığa düşüb, Təpədən təpəyə dirənir atlar. Az qaldı çevrilə faytonun çarxı, Nəyəsə toxunub birdən dayandı. Yamçı qüssələndi: - Mən dedim axı, Gərək gözləyəydik, yollar yamandı! Söylədim yamçıya: "Bir düş, yola bax!” Çəkib örtüyünü, faytonu örtdüm. Düşündüm gecənin yarısı olar, Vaxt necə tez ötür, necə tez ötür, Buranda saatı gördüm: on iki. Zəng vurdu: on iki! Getdi köhnə il. Tufan elə dinir, elə dinir ki, Elə bil ömürlük kəsilən deyil. Onun qayğısı nə, onun dərdi nə? Yeni il qəm olub aşsın başımdan. Mən də biganəyəm sənin dərdinə, Sənin ah-vayına, ay qış, ay tufan. Mənim öz taleyim, öz fəlakətim, Onunla tək-tənha vuruşuram mən. Mən öz faytonçumu təbrik elədim Burda karvansara vardır - deyərkən,- Orda gecələrik, açılar səhər”. Biz döyüb qapını, girdik içəri, Tez qalxıb sobanı tüstülətdilər, Meşənin bu kasıb keşikçiləri. Dəhşətli nağıllar dedi meşəçi, Yaddan çıxarmışam söz-söhbətini. Çay içib isindik: qasırğa, gecə Çöldə kəsməmişdi hekayətini. Xaç çəkib çırağı söndürdü qoca, Oğlu Fedya ilə sonra birtəhər İki yekə daşı "ayılar üçün!” Qapının dalına itələdilər. Quru döşəməyə uzandı sonar, Bir azdan uyudu hamı daxmada. Soyuq bir gecədə çıxıb yollara, Bir həsir üstünə dönərmiş adam. Gəldi xəyalıma çox şirin anlar, Bayramlar...Başıma çiçək ələndi. Sağlıqlar, töhfələr, ballar, oyunlar Bir-bir gözlərimdə səhifələndi. Vədələr, tumarlar - hanı dünənki? O dəmlər, o çağlar dadlıydı yaman. Bəs Sergey hardadır?” Düşünən kimi Hamısı, hamısı çıxdı yadımdan. O saat sıçrayıb qalxdım yerimdən Elə ki, faytonçu: "Oyanın” dedi. Səhərdir. Ötürdü meşəçi bizi, Nə illah elədik, pul götürmədi. İstəməz, əzizim! Salamat gedin, Qorxulu yol çoxdur qabaqda hələ!..” Şaxta dediyini dedi, bərk dedi, Sonra da dil açdı çox dəhşət ilə. Hər yerdən faytonu örtdüm mən tamam, Gözümdə qaranlıq tufanlı dağdı. Neyləmək? Özümə şer oxuyuram, Bu əzab haçansa qurtaracaqdı. Qoy ürək hönkürsün, qoy coşsun külək, Yoluma buz töksün qasırğalar da. Beləcə irəli gedirəm demək, Beləcə üç həftə boranda, qarda... Diksindim qəfildən bir səs-küyə bərk, Çəkib faytonumda gözlüyü açdım. Gördüm ki, böyük bir kənddən keçirik, Baxanda o saat gözüm qamaşdı. Ocaqlar yanırdı yolumun üstə, Burada kəndlilər, kəndli qadınlar, Atlı soldatlar da dəstəbədəstə. -Bu stansiyadır, gümüş daşınır. Odur e, o çaydır, oradan axır... Sibir öz varını sovqat göndərir, Şadam bu görüşə...Deyirəm axı: Gümüş daşıyanlar bir şey bilərlər. Gözləyim, soruşum bizimkiləri. Birdən bax, bu zabit Nerçinskdən gələr,” Ona göz dikmişəm bayaqdan bəri, Girdi aşxanaya ağzında papiros. Baxdı təkəbbürlə o yan-bu yana, Mənə başı ilə salam verdi o, Qüssəli-qüssəli yanaşdım ona: -Bəlkə görəsiniz ya məlum ola... Həmin o dekabr qurbanlarına? Onlar hardadırlar? Varmı sağ qalan? Ərimi gəzirəm. Bəlkə də tanı... Ədayla boylandı o mənə sarı, Gördüm sifətində sərt bir qəzəb var. Ağzından necəsə bir halqavarı Tüstünü pülədi: -Salamatdılar, Ancaq tanımıram, heç tanımaq da... Mənə az tuş olub katorqaçılar!- Vicdansız! Nə deyim, daha bu haqda Danışa bilmirəm, əziz balalar! Nifrətli baxışa qaldı bir güman, Osa çıxıb getdi özündən razı. Sobanın yanında durub qızınan Bir əsgər dilləndi: -Sağdır hamısı! Gözdəki o nifrət, dildəki qarğış Əsgər ürəyini kövrəltdi bu dəm: -Blaqodatski mədən yatağı, Onları bilirsiz, orda görmüşəm!.. O lovğa qəhrəman döndü bu ara, Mən gedib tələsik mindim faytona. Sağ ol, a soldatım! Bu əzablara Nahaqdan dözmürəm, eşq olsun ona! Səhər boylanıram ağ düzənlərə, Birdən qulağıma zəng səsi gəlir. O kasıb kilsəyə mən də gedirəm O gün ibadətə gedənlərlə bir. Yanaşdım keşişə duadan sonra, Dedim ki, yenidən ibadət etsin. Adamlar dayandı birdən susaraq, Dedim ki, bir soruş, qoy allah desin: Nədir günahımız, nədir ki, belə Bu qədər əzabı göndərib bizə? Çaylar dərdimizlə dilə gəliblər, Neçə çay bağladın gözlərimizə. Deyəsən adamlar dərdimi duydu, Allahdan bir kömək umurdu bu səs. Sonsuz bir səhrada, miskin bir ocaq, Bura didərginlər pənahı idi. Burda sızıldamaq, burda ağlamaq Əzgin bir ürəyə ayıb deyildi. (İohann ata da beləydi bir vaxt: Qəlbən oxuyardı duasını o. Sonra qazamatda keşiş olandan Duyurdu hər qəlbin dünyasını o!) Enir dağ aşağı yollar dolayı, Faytonçu atları saxlaya bilmir... Mən bu gün aşıram uca Altayı, Fayton üzüaşağı baş alıb gedir. O vaxt Trubetskayanın başına gələn İrkutskda mənim başıma gəlir. Tamam tutulubdur yollar, keçidlər. Adamın göz yaşı gözündə donür, Burda mən ayrıldım öz faytonumdan, Biz yoldaş olmuşuq bu qədər yolu. Ağladım. Ayrıla bilmirdim ondan, Təsəllim fikirlər, fikirlər olur! İndi arabaya mindim mən, əvvəl Deyəsən çox sıxdı, çox silkələdi. Sonra araba da döndü bir evə, Bu yolda nə qədər aclıq da çəkdim, Buranın yeməyi şaxta-qar olur. Mənə bircə adam deməmişdi ki, Həmən bu yerlərdə buryatlar olur. Gündə qurudurlar malın ətini, Bərk çaydır onların içki nəşəsi. Sala nə gündədir. Yox, bu ləzzəti Qoy allah sizlərə qismət etməsin! Onu da deyim ki, İrkutskda Məni bir tacirin tutdu diqqəti. Gəlib Nerçinsk yaxınlığında Mənim şərəfimə məclis düzəltdi. Sağ olun! Məclis çox xoşuma gəldi. Düşbərə dadlıydı, otaq da isti... Bütün bazar günü yatıb dincəldim Qonaq otağında divanın üstə... Bilmirdim qarşıda nədir gözləyən, Atlar Nerçinsk tərəfə yortur. Gözümə inanım? Trubetskayadır gələn! -Mən sənə yetişdim, yetişdim, budur! -Onlar Blaqodatskda! -Canımda bir hey Qalmadı sevincdən. Öpdüm onu mən. On iki verstlikdə mənimlə Sergey... Katya da mənimlə, xoşbəxtəm deyən! Yoldaşı göz yaşı, tufan olubdur, Kim ki, səhralarda öz həmdəmini Gəzib, təsəllisi güman olubdur- Bizim dərdimizi o duya bilər. -Daha mən yoruldum, yoruldum, Maşa! -Ağlama, Katyacan, bu ülfət ilə Son arzu, son ümid toxunmaz daşa! Bir yola çıxardıb baxtımız bizi, Tale ikimizi bir aldadıbdır. Sənin xoşbəxtlığın batan dənizə Mənim xoşbaxtlığım çoxdan batıbdır. Bu çətin yollarda verək əl-ələ Bir zaman baharda gəzdiyimiztək. Birgə dalğalardan çıxaq sahilə, Bu andı borandan, qardan keçirək. Biz nə itirmişik? Düşün bir, bacım! Boş-boş əyləncələr - çox olsa, olsa! Xoşbaxtıq, qarşıda yolları açıb, İşıqlara doğru bir işıq salsaq! Taparıq alçalmış, dərdli ərləri, Onların da ümid çırağı yanar. Titrər bu gəlişdən cəllad əlləri, Bir vüqar dikəlib məğrur dayanar. Zindan işıqlanar nəfəsimizdən, Qan alıb döyünər xəstə ürəklər. Məhəbbət-köks adlı qəfəsimizdən Çıxıb, məhbəs adlı qəfəsi sökər. Əgər özümüzü fəda eləsək Onların yolunda, allah yolunda, Bütün uçurumları keçirik demək Bu çətin, bu ağır, bu haqq yolunda... Özüylə vuruşdan doydu təbiət, Hava aydınlaşdı: şaxtalı, durğun... Biz də Nerçinskə çatanda fəqət Qar yenə başladı, yol yenə tutqun... Rus yamçı söz açdı sürgünçülərdən, (Onların adını bilirdi hətta.) Elə bu araba, elə bu atlar... Rahat gəlmişdilər yolları deyən, Deyib gülmüşdülər çatana qədər... Yola götürdüyüm yağlı kökədən Təklif elədim mən, götürmədilər. Abbası verdilər, almadım mən də. -Götür, cavan oğlan, olar gəyərin... Danışa-danışa yetişdik kəndə. -Hə, xanım, harada dayanaq? Deyin! -Rəisin yanına, dustaqxanaya. -Ey, dostlar, bunları incitməyəsiz. Rəis tutqun idi, görkəmi sərtdi, Soruşdu: -Buyurun, nə xahişlə siz... -İrkutskda oxudular təlimat Nerçinskə göndəririk dedilər. -İlişib, ilişib xanım, bir qədər. -Budur, surətini veriblər bizə... -Nə surət? Surətə inanmaq olar? -Görürsüz, çar özü verib icazə!- Fransız dilini bilmir inadkar! Nə də ki, inanır, inanır bizə. -Çarın qoludurmu? -Nikolay? Görün! Beyninə batmayır, ona qol nədi! Ona Nerçinskdən kağızı verin! Mən dönüb oraya getmək istədim. Ancaq o dedi ki, özü gedəcək, Kağız gələcəkdir səhərə yaxın. -Doğrudanmı yəni?.. -Kağız yetəcək. O doğru danışır...Gedin arxayın! Getdik bir daxmaya gecələməyə, Səhər nə xəbərlə açılır görək. Başımız az qalır pərdiyə dəyə, Nazik divarı da aşıra külək. Budur evciyimiz, budur, qapısı Əlin toxunmamış yerindən qopur. Çox xırda şeylərdir bunlar hamısı, Bunlara gülməyə vaxtımız yoxdur. İndi bir yerdəyik! Çox asanca mən Bütün əzabları yaşaya billəm. Katya yoxdur! Mən də qalxıb yerimdən Kəndi seyr edirəm, kəndi gəzirəm. Daxmalar eləcə: bizimki kimi Yarğan kənarında- az qalır uça. Bəs o kərpic bina, o da evdimi? Qapıda tüfəngli qarovulçular. -Deyin, buradamı olur dustaqlar? -Burdaydı, gediblər...yəqin ki, işə... Göstərir oranı mənə uşaqlar, Ora qaranəfəs necə getmişəm, Söyləmək çətindi, demək çətindi. Sergey bu saatca qarşıma çıxar. -Onları görürsüz? -Görürük, bəli! Gözəl oxuyurlar,- deyir uşaqlar,- O qapı...görünür, ora baxın bir... Sağ olun, biz getdik.- Uşaqlar qaçır, Qapıda bir soldat gözümə dəyir. O dümdüz dayanıb, qolunun üstə Xəncər parıldayır, qamaşır gözüm. Qızıl təklif etdim: -Nə qədər istə... Kömək eləmədi qızıl da, düzü. Yenəmi danışım, açılsın sinəm, Danışsın, söyləsin sizə nəyi var. İndi mən qürurla alqış deyirəm, Nə yaxşı dünyada rus ürəyi var. Hər yerdə bu ürək sahibləridi! Sürgündə, qürbətdə, yollarda bu xalq!.. Xalqa bax! Onunla dərdim əridi, Məni əriməyə qoymadı ancaq. Az deyil özünün dünya kədəri, Özgə dərdlərinə o şərik çıxan. Mənim göz yaşlarım düşən bir yeri Onun göz yaşları yuyubdu çoxdan. Rus xalqı! Pənahsan bədbəxtlərə sən! Yoxsa doğmalaşdıq bu qəmlərlə biz! Mənə deyirdilər: sizi sürgündən Qanunlar qurtarmaz! Sən idin, şəksiz, Yaxşı adamları mənə tuş edən Uçurum başında durduğum anda... Tutdu dar ayaqda, tutdu əlimdən Məni tanıyan da, tanımayan da. Hər yerdə sevimli Katyamla məni Gülüş qarşıladı, insan gülüşü. Bizə məlakələr gəlib” deyənin Haqqına min sağ ol, təşəkkür düşür. Neçə yol ayağı kündəli dustaq Kartof uzatmışdı mənə xəlvəti: -Buyurun, ocaqdan indicə çıxıb.- Hələ damağımda qalır ləzzəti... Az qalır ürəyim çıxa sinəmdən İndi də yadıma salanda onu. İndi hamısına baş əyirəm mən, Bilirəm çoxunun yox olduğunu. Sağ olsun! Yaşasın sağ qalanları, Adi adamlardı hamısı, adi. Mənim ürəyimdən qəm alanların Xalq idi ünvanı, xalq idi adı. Gözətçi yumşaldı yalvarışımdan, Allaha and verdim, üzümə baxdı. Fanarı yandırıb, qapını açdı, Bir dar zirzəmiyə məni buraxdı. Bir xeyli aşağı düşdüm, sonra da Yeridim qaranlıq bir dəhlizə mən, Astaca dalımca gəlirdi o da, Baxdım divarlara, kif bağlayıb, nəm... Axan su görünür lap aydın, açıq. Sular orda-burda gölməçələnir. Divarlar tərpənir, az qala uçur, Getdikcə üstümə torpaq ələnir, Görürəm divarlar çat-çat. Elə bil uçrumlar daşları yarır Dəhşətə gəlirəm, dəhşət yerimi?.. Ayağım xəbərsiz məni aparır. Birdən bir qışqırıq eşitdim: -hara? Hara? Ölməyəmi tələsirsiniz? Qadına icazə verilmir ora, Qayıdın geriyə! Hara belə siz?.. Vay allah! Görünür növbətçidir bu. Gözətçi yamanca qorxurdu ondan, Elə qışqırır ki, hətta qəzəbi Duyulur əsəbi addımlarından. Nə etmək? Üfürdüm məşəli, söndü: Yüyürdüm irəli bilər-bilməzə. Elə bil baxtımdan işıq göründü, Qurtarır hər işdən, tanrı istəsə. Nə yaxşı başımı itirmədim mən, Deyib, əzilmədim, daşa, divara. Gərək hər düyündən, dardan, çətindən Adamı taleyi, baxtı çıxara. Birdən irəlidə göründü işıq, İşaran ulduzdu orada sanki. Sinəmdən çevincək qopdu hıçqırıq: İlk işıq görürdüm dünyada sanki. Tullayıb şubamı, qaçdım işığa, Qollarım çırpınan qanad kimiydi. Bataqlığa batıb, çırpınıb çıxan Sonra quru görən bir at kimiydim. Bəli, əzizlərim, işığa çıxdım. Göründü gözümə hündür təpəlik, Meydança kimi yer. Oraya baxdım: Çəkiclər, külünglər, bəs onlar necə, Məni görürlərmi? Kölgə çoxalır. İşıqlar güclənir yaxın getdikcə, Məni görəcəklər - indi az qalır... Kim isə, hamıdan uzaqda duran Qışqırdı: -Məlakə, ehey, Məlakə! Bir baxın, bir baxın! Allah cənnəti Bizim cəhənnəmə dəyişib bəlkə? -Çox lazımmış ona,- güldü birisi, Hamısı meydanın ucuna gəldi. Gedirdim onlara sarı tələsik, Baxışlar devikdi, bellər dikəldi... -Volkonskaya!- Trubetskoy qışqırdı birdən, (Tanıdım səsindən) Tez mənə sarı Pilləkən atdılar: tanıyıram mən: Sergey Trubetskoy, Artamon Murovyov, Borisovlar, Obolenski- knyaz. Sevinc daşqınları, tərifli sözlər Mənim hünərimə...hesaba sığmaz. Önümdə göz yaşı daşqını, seli... Bəs hanı Sergeyim? - İndicə gələr, Ürəyi dözərmi bu şad xəbərə! Dərsimiz belədir: üçcə pud filiz Hər gün Rusiyaya bəxş edir hərə. Görürsüz, zəhmətdən ölməmişik biz! Yaman şən idilər. Baxdım üzlərə, Bu şənlik, gümrahlıq arxasındakı Qəmli hekayələr aydın oxunur. (Qandallı ayaqlar, qandallı insan! Mən birinci dəfə görürdüm bunu...) Dedim Katya gəlib, sağ-salamatdı. Mən Trubetskoyu sakit elədim:- Məktublar məndəydi xoşbaxtlığından,- -Doğma diyardan da salam var, - dedim. Məktubları vermək istəyən anda Birdən aşağıdan zabit çağırır: Kim bura gətirib bu nərdivanı? Yoxsa nəzarətçi işdən çıxıbdır? Ay xanım! Sözümə qulaq asın bir, Düşüb əzilərsiz! Ehey, şeytanlar, Nirdivanı bəri!.. (heç kəs gətirmir). Görüm qırılasız! (Dinməyir onlar.) Xanım, qulaq asın! -Eşitmirik biz, Gedirik içəri. Hər yandan budur: Dustaqlar dəstəylə tökülüb gəlir, Elə bil qəribə bir iş olubdur. Kimi yol göstərir mənə qabaqda, Kimi təklif edir öz xörəyini, Qalanıb, yığılıb torpaq uzaqda, Yeraltı işlərin deyim nəyini... Qandal səsi altında insan işləyir, Nəğmələr qarışır qandal səsinə. Çəkiclər arabir qayıdıb dəyir Dustaq filizçinin öz sinəsinə. Gedir tir üstüylə şəlalə dustaq, Özümdən xəbərsiz qışqırdım:- Ehmal..! - Orda indi mina partladılacaq. Çürük ağacların üstən adamlar Qaçır ora-bura, zəhmətə bir bax! Cəsurluğa bir bax! Nə bərkmiş insan. Dişi-dırnağıyla qaya çaparaq Yaşaya bilməyi bacarmalısan. Birdən kimsə dinir: -Gəlir o! Gəlir!- Dikilib baxıram mən sağa, sola. Ayağım altına baxmadan gedib Qanova düşmüşdüm birdən az qala. -Ehmallı, ehmallı - deyir Trubetskoy- Min verstlik yol gəlib burada birdən Bizim dərdimizin dağılan çağı, Qanova düşərsən durduğun yerdə. Biz də məhv olarıq, qolumdan yapış! Yıxılan deyilsən sən ki! -deyirdi. Sergey tələsirdi. Ancaq çox yavaş... Deyən qıçlarını qandal yeyirdi. Qandal! Unutmayıb cəllad heç nəyi,- Əli qanlı qorxaq, rütbəli alçaq!- Onun ağrısını dartan ürəyin Qəzəbi səni də qandallayacaq! Arabir dustaqlar içində itir, Görünür, mən isə dönmüşəm daşa. Birdən məni görür: o məni görür! Açıb qollarını qışqırır: -Maşa!- Az qalır yıxıla, yeriyə bilmir, Qoluna giriblər dustaqlar onun. Solğun yanağının yaşı kəsilmir, Əlləri titrəyən yarpaqlar onun. Elə ki, eşitdim o doğma səsi Qəlbimə yeni bir ruh səpələdi. Bütün yol əzabı, ata tənəsi, Hardasa əriyib, itmişdi indi. Qışqırdım: -Gəlirəm! Gəlirəm, dayan!- Ensiz bir taxtanın üstdən adladım, Yüyürdüm qəlbimdən həsrəti yuyan O doğma çağrışı, o doğma adı... -Gəlirəm!.. Sən dayan! -Bu səsdə qayğı... Bu səslə ötəri keçmişi andım, Mən qaçdım, qəlbinin həsrət çırağı Gözündə işardı, üzündə yandı. Mən indi cəhənnəm görürdüm gerçək! Dəhşət buxovlarmı, Sibir qarımı? Ərimin qıçında qandallı görcək Anladım bayaqkı əzablarını. Çox əzab görmüşdü. Tablıydı ancaq. Yıxıldım mən onun ayaqlarına. Mən çaşıb ərimin özündən qabaq Qandalını sıxdım dodaqlarıma. Bir qəfil mələyi allah haradan Bu gün göndəribdir bu cəhənnəmə. İş susub, dil susub, elə bil zaman Azadlıq veribdir, dərdə, ələmə. Gözündən öz dərdi, özgə dərdini Axıdan sərt baxış, sərt üz nə deyir? Hamı səssiz-ünsüz dirəklərdimi, Qandal cingiltisi eşidilməyir... Qalxan çəkiclər də donub havada, Söz, nəğmə hardasa büzüşüb indi., Doğma adamıyla sanki hər adam Sevinci, qəmini bölüşür indi. Müqəddəs bir sükut! Sükut dənizi! İnsanın qəmi də uca olarmış! Fikir təntənsi qoynundan bizi - Qoparıb ayırır bir səsi batmış - Kimsə aşağıdan qışqırır bərkdən: -Harda batmısınız? -Budur, yavaşca Gəlir nəzarətçi: - Mən özüm qəsdən Gizlənmişdim belə! -söyləyir qoca. Gedin! Vaxtdır daha! Qovarlar yoxsa! Nəçənniklər yaman üzü boz olur. - Sanki cəhənnəmə atırlar məni, Cənnətim, balalar, belə sovrulur. Söydü rus dilində bir zabit məni, Baxıb aşağıdan, donmuşdu o da. Fransız dilində söylədi Sergey: -Maşa, görüşərik dustaqxanada. | |
Baxış: 662 | |
Bütün rəylər: 0 | |