Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-MƏN DƏ İNSAN OLDUM
MƏN DƏ İNSAN OLDUM

Fəhlə, özünü sən də bir insanmı sanırsan?
nbsp;    Pulsuz kişi, insanlığı asanmı sanırsan?
M.Ə.Sabir

Bu sual çox dəydi qulaqlarına,
Fəqət eşitmədin cavabını sən.
Mən bu cavab üçün əl qaldıranda
Örtmüşdün öz ömür kitabını sən

Qoy bir də oxuyum o şeri, bir də,
Bir fəhlə özüylə üz-üzə dursun.
Mənim o günümü görən Sabir də
Qoy bu gün yanımda gəlib otursun.
Mən özüm özümə suallar verim:
- Fəhlə, danış görüm, fəhlə de görüm?
Nə zaman, nə zaman sən insan oldun?!
Yenidən doğuldu, səni doğan da!
Söylə, kim yağ oldu, kim ayran oldu
Zaman nehrə kimi çalxalananda?
- Millət çılpaq idi, millət ac idi,
Millətin çörəyi ehtiyac idi.
Əlimin qazancı tarac olurdu,
Belimin "qazancı” qırmanc olurdu...
Mənim dəvə kinim, mənim sel gücüm,
Mənim gurşad səsim, mənim el gücüm,
Mənim həyat eşqim, insan vüqarım,
Mənim bir ilk andım, bir son qərarım
Hamısı yığıldı biləklərimə;
Qolum ya kəsməli, ya kəsilməli!
Yox, mənim arzuma, diləklərimə
Ya nur səpilməli, ya yel əsməli! -
Bu idi məramım! Kənardan isə:
"Sən insan deyilsən, insan deyilsən” -
Üstümə gülürdü qarnıpiylilər,
Qəlbimi, bağrımı teyləyirdilər.
Lakin mən dururdum, mən dirçəlirdim,
Hərdən qulağıma səslər gəlirdi:
- Nə qədər vuracaq vuranlar səni,
Heyvan adlandırır heyvanlar səni.
Bir ayıl, ey başı bəlalı fəhlə,
Bir ayıl, sinəsi yaralı fəhlə!
Bir ayıl qəflətdən, taleyinə bax,
Özünü - özünlə döyür o ancaq!
Qamçısının dili, dilindir sənin,
Qamçısının sapı, qolundur sənin.
Üstünün yorğanı sənin dərindir,
Mizi, çarpayısı - sümüklərindir.
Gözünü evinə çıraq eləyib,
Dizini evinə dayaq eləyib.
Sənin pulsuzluğun puludur onun,
Sənin ləyaqətin quludur onun.
Bir ayıl qəflətdən, taleyinə bax,
Özünü - özünlə döyür o ancaq.
Ondan heç nə deyil, özünü al sən;
Yox olar - sən ondan özünü alsan...
Mən gözü tutulan bir bulaq idim,
İşığa çıxmağa yollar gəzirdim.
Elə bil kim isə əlini atdı.
Gözümə tıxanan daşı çıxartdı,
Axdım yer üstündə yollar açaraq,
Hər yana şaxəli qollar açaraq
Sızqa bulaqları özümə qatdım,
Cilovsuz çaylara qarışdım, artdım;
Qarşıma kol-koslar çıxdı - apardım;
Qara qayaları yıxdım - apardım...
Dedim, ey dənizlər, sizə dərinlik,
Dedim, ey səhralar, sizə sərinlik,
Ey şamsız daxmalar, sizə nuram mən!
Bir həyat çələngi toxuyuram mən

Əfsus ki, görmədin o günləri sən,
Yazmadın o günü fəhlə qanıyla.
Yox, səni eşitdik ön cərgəmizdən
Silahlı bir şair həyəcanıyla.
Mənim dəmirə də bənzərim vardı,
Dünyaya gəlmişdim quru yerdə mən.
Kiminsə əlləri yığıb apardı,
Əridim ən qızmar kürələrdə mən.
Sonradan kürədən çıxıb döyüldüm,
Neçə yol əyildim, yandım, əyildim,
Döyüldüm - soyuyub donana kimi,
Döyüldüm - bir çəkic olana kimi.
Neçə dul qadının, yetim uşağın
Gözü "həyat” deyə gözümə baxdı.
Dünyada yaşayıb yaşatmamağın
Elə özü də bir yaşamamaqdır

Çəkicdən yarandı çəkicli insan,
Gözündən bir kürə odu ələndi.
Qəzəblə yerimdən qalxdığım zaman
Ayağım altında yer silkələndi.
Qağayı gəzirdi Volqanı, Donu:
Bakı, - qalx! - söylədi bir səhər mənə,
Gedəcəyim yolun marşrutunu
Çəkib göndərirdi bir rəhbər mənə,
Yox, çörək davası deyildi davam.
Məramım, şərəfim tapdalanmasa,
İnsan ləyaqətim ayaqlanmasa,
Yüz il də yarımcan, çılpaq yaşaram.
Mənə ana dilli, millət gərəkdi,
Dövləti özümün - dövlət gərəkdi.
Üstündə öz adım - bayraq istədim,
Məhsulu özümün - torpaq istədim.
Tikilən binalar - tikənin olsun,
Əkilən çöllər də əkənin olsun.
Azad səs, azad söz, gülüş gərəkdi,
Bir sözlə, bir sözlə dönüş gərəkdi!..
Zaman dəyirmanlıq olurdu sanki,
Nə varsa, nə varsa yer üstündəki
Fəhlə çəkicilə xışlanmalıydı,
Kəndli ələyində ələnməliydi.
Neçə göl yaratdı sinəmin qanı,
Neçə yol sonuncu anımı saydım.
Sanki parçalayıb bir əjdahanı
Günəşi qarnından çıxarmalıydım!
İnsanın nə qədər canı olarmış,
İnsanın nə qədər qanı olarmış:
Dirildim bu yandan, öldüm o yandan,
Göyərdim bu yandan, soldum o yandan.
Tapıldım bu yandan, itdim o yandan,
Biçildim bu yandan, bitdim o yandan.
Kor oldum bu yandan, baxdım o yandan,
Yıxıldım bu yandan, qalxdım o yandan...
Qalxdım, qalxan oldum ağrıya, dərdə,
Ölüm zəncirindən min düyün açdım,
Sürünə-sürünə bu döyüşlərdə
Dizimlə nə qədər yer şumlamışdım...
İnsan sayılmayan insana bir bax,
Alıb - tərs üzünə çevirdim yeri.
Yaşamaq, yaşatmaq, sevmək, yaratmaq,
Danışmaq haqqımı qaytardım geri.
Qatlanan dizimi - döyüşdə,
Kor olan gözümü - döyüşdə,
Qırılan qolumu - döyüşdə,
Talanan malımı - döyüşdə,
Çəkmələr burnundan canımı,
Şişəyə tutulan qanımı,
Əriyən beynimi - döyüşdə,
Lüt, çılpaq əynimi - döyüşdə,
Səsimi, dilimi, sözümü - döyüşdə,
Bir sözlə özümü - döyüşdə,
Döyüşdə qaytardım geri mən.
Qığılcım elədim,
Qılıncım elədim
Hər yerdə qəlbindən
Qopan hər şeri mən!
Məni bağbana da bənzətmək olar,
Az tufan əsmədi saldığım bağa.
Çox gəldi üstümə qara buludlar -
Dolu yağdırmağa, qar yağdırmağa.
Yenə də qoynuma girmədi əlim,
Evlərdə şam oldu gözümün odu.
Ən böyük qələbə silahım mənim
Sabaha proletar inamım oldu.
Baxmadım ötəri bir ah çəkərək;
Önümdə ac-çılpaq dayananlara;
Təbəssümdən - geyim, vədədən - çörək,
Arzudan - ev-eşik verdim onlara.
"Ay fəhlə, ay kəndli, irəli yalnız!
Poladım, işığım, çörəyim gərək.
Beşillik planlar yaradırsınız,
Möhürü ürəyim, ürəyim gərək...”
Ayağım şəhərdə, əlim də kənddə,
İnsan səsi gələn hər bir həyətdə
Gərəkdir ən uca bir lövhə asam,
Qırmızı xətt ilə bir şüar yazam:
"Dur, vermə fürsəti badə, əkinçi!
Bu yer səninkidir, adə əkinçi!
Əlində torpaq var, əlində su var,
Dur ək, dur harayla, dur səp, dur suvar”!
Əlimlə abidə yaratdım sənə,
Üstündə gül-çiçək sərən mən oldum.
Vətənə keşikçi şerlərinə
Vətəndaş pasportu verən mən oldum.
Yüz illik yol getdim on-onbeş ildə,
Qoydum təməlini bir quruluşun.
Ancaq sən gərəkdin, Sabir, yenə də,
Gərəkdin qələmi, sözü qurğuşun

Gərəkdin, xəyalın dərindən dərin...
O sirli illərə uça biləydi.
Peyğəmbər donunda gizlənənlərin
İblis sifətini aça biləydin.
Döyüş meydanını, söz meydanını
Qələmli, silahlı verərdim sənə.
Neçə tribuna "qəhrəmanını”
Burunlu-qulaqlı verərdim sənə.
Görərdin: - qırmaclı bir nəzər salıb -
Fəhləyə o ağız büzənləri də;
Ani bir təbəssüm mükafat alıb,
Yüz dodaq gülüşü kəsənləri də.
Bir iblis əlinə balta keçirdi,
Sevdiyim bir ağac kəsildi bəzən.
Böhtan bir sifətdə yüz dona girdi,
Ancaq yayınmadı nəzərlərimdən

Çökdü gözlərimə qan buludları,
Qəzəb ki, fəhlənin ilk adətidir.
Hər düzün, əyrinin ilkin meyarı
Dedim ki, proletar həqiqətidir.
Onunla qurmuşuq öz baxtımızı,
Həqiqət sükanı bəs hara döndü? -
Onunla baxanda çox sükut buzu
Əriyib bir anda buxara döndü.
Ötəri qara yel, ötəri tufan
Torpağa bağlanan bir dağa neylər...
Bir əliəyri də daş atmağınan
Baharlı, gülşənli bir bağa neylər...
Deyəsən qanını qaraltdım, şair!
Yaranın üzünü qopartdım, şair!
Neynim, səni görəndə
Dərdlərim düşür yada.
İrəlini görmürəm,
Geriyə baxmayanda.
Nəyim vardı?
        Nəyim var?
Nəyim də olacaqdır?
Gəlişim nə gətirdi?
Bəs gedəndə dünyadan
Məndən nə qalacaqdır?
Yoxsa ömür oxunmaz
Sirli kitab deməkdir?
Yoxsa "doğulmaq” sual,
"Ölmək” cavab deməkdir?
Yox, belə deməmişəm,
Yenə deyə bilmərəm.
Səni hər oxuyanda
Düşünməyə bilmərəm.
Bir şair gördüm dünən
Şer yazırdı səndən:
Deyirdi: "Sabir sözü
"Səbr etmək” demək deyil,
Deyirdi Sabir sözü
Ağlamaq, gülmək deyil;
Ən uzaq uçuşlara
Sabir sürət deməkdir.
Ən çətin vuruşlara
Sabir cürət deməkdir.
Sabir müdrik atalardır,
Ağıl dolu, nağıl dolu
        kitablardır.
Sabirin hər misrasında
Yazılmamış kitab vardır.
Sabir köhnə dünyanın
Şamaxı zəlzələsi!
O, sənət aləmində
Xaqani fəlsəfəsi,
Nizami təfəkkürü,
Füzuli idrakının
Bir əldə yoğrulması
        deməkdir.
Onların da yenidən
Doğulması deməkdir.
Mən sənət dünyamızda
Yeni dünya gördüm onu,
"Şerimizin Magellanı,
Koperniki, Nyutonu
        gördüm onu”.
Bir balaca nəvəm var,
Hərdən şer oxuyar:
"Gəl, gəl, a yaz günləri,
İlin əziz günləri...”
Açılanda kitabın
Sanki açılır qapım.
Sən içəri girirsən...
Sən yenə fikirlisən.
Sən yaz səması kimi tutqun,
Payız günəşi kimi solğun.
Qış kimi əsəbisən.
Mənə elə gəlir ki,
Sən ildırım sürəti,
Sən gurşad qəzəbisən...
Hardasa çaxmalısan,
Harasa yağmalısan...
Aramla danışırsan:
Təmkinlə soruşursan:
- Ərzin havası necədir,
Kubadan nə xəbər?
- Kuba dəniz üstə çatılan
Bir ocağa bənzər.
Fırtına qudurur,
Üstünə cumur.
Tufanlar burulur -
Üstünə cumur.
Daha da alışır,
Yanır Kuba!
- Kuba yeni dünyanın
Azadlıq gəmisidir.
Kuba Xose Martinin
Dalğalardan qayıdan
Əks-səda səsidir.
Xose Marti! Oxudum,
Nə dərin söz dünyası var.
Hər beytində deyəsən
Silahlı Abdalası1 var.
- Kubanın Sabiridir,
Sabirim, o sənətkar.
Sən ora getməlisən,
Alıb hər odlu beytini,
Görsünlər uzaqvuran
Azəri raketini.
Səninlə bir yıxmışıq
İstibdad dünyasını biz.
Səninlə bir uduruq
Bu ərzin havasını biz.
Sən indi sağ olaydın!
Möcüz də sağ olaydı!
İranın bu gününü
Sizin tək yazmaq olaydı;
Eh, Sabirim, bu gün sən
Nə qədər də gərəksən.
Axı sən həmişə "bu gün” qələmli,
"Bu gün” silahlısan, bu gün səslisən,
Hər günün axşamı, səhəri kimi
Açırsan bu günün qapısını sən.
Ən ucqar yerindən səs gəlir Yerin,
Hər səda bir yeni tufanla gəlir.
Sanki qulağıma bu xəbərlərin
Hamısı bir sənin imzanla gəlir.
Hələ Afrikanın sinəsinə bax,
Yarası Nildən də dərin görünür.
Bir şair bu gündən şer oxucaq,
Deyirəm nə yaman yerin görünür

Atom sınaqları titrədir yeri,
Hitlerin kölgəsi zəncir gəmirir;
Deyirəm sağ olsa bu günkü şeri
Ən güclü bir silah əylərdi Sabir.
Bu gün, şairləri sevmirəm demə,
(Bu yerin daşı da şer göyərdir),
Onların təsiri mübarizəmə -
Bəlkə də bir yerdə sənin qədərdir.
Dünən şəhər saldım mavi dənizdə,
Əfsus, sıramızda yox idin, şair!
Yanıldım, deyəsən dalğalar üstdən
Sən bizə ilk şer oxudun, şair!
Mingəçevir nuru keçdi Ağdaşı,
Gəldim Şamaxıya işıq donunda.
Bir sevinc yaşına dönüb göz yaşın
İşıq tellərinə düzüldü onda.
Duyuram hər anın şeriyyətini,
Sabaha baxanda köhnəlir dünən.
Bakı şəhərinin sərhəd xəttini
Hələ çəkəcəyəm üfüqlərəcən

Yağışlı, qarlıyam təbiət kimi,
Sinəmdə bir canlı tarix səsi var.
İnsan taleyinin cəmiyyət kimi
Nə qədər inkişaf mərhələsi var...
Bir üzüm gündüzdür, bir üzüm gecə;
Mən belə yaranıb, belə doğuldum.
Bəli, bir suala cavab verincə
Nə qədər imtahan verməli oldum

Deyib-danışmaqla boşalmaz sinəm,
Əvvəli-sonu yox hekayətim var.
Şairim, bu yubiley komitəsindən
Sənə gileyim var, şikayətim var;
Çatır yubiley günün, gülür kənd-şəhər
Bilmirəm bu giley-güzarım haqmı? -
Deyirəm bu qədər səni sevənlər
Ən böyük bir zala sığışacaqmı?..
Niyə də gəlməsin hər kəs bu günə,
Niyə də umumuz, küsümüz olsun?
Deyirəm, yığılaq Muğan düzünə,
Deyirəm, Kəpəz də kürsümüz olsun..
Biz elə danışaq, bu səs, bu qanad
Yerdə sərhədləri, sədləri yarsın...
Bakının üstündən uçan kosmonavt
İlk sənin şerini aya aparsın.
Qoy bir nəğmə kimi oxuyaq səni;
Yumruqda, baxışda, dodaqda, gözdə -
Hər xalqın, hər elin şer sevəni
Oxusun Sabiri tərcüməsiz də...
Mənim bir məkansız xatiratım var,
Sabirə hesabsız hesabatım var...
Hələ deməmişəm deyəcəyimi,
Mənim öz əlimin qələmi kimi.
Bir bala şairdi bunları yazan:
Nöqsanı varsa da bağışla onu.
Sabirim, pənah ol, yapış qolundan
Yormasın qoy çətin yoxuşlar onu.
Bakı, mart, 1962
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.10.2013) | Müəllif: R.C E W
Baxış: 1124 | Reytinq: 3.5/4
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more