Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
ARAZ AXIR... Sahildə nəfəs dərib Sahildə durdu qatar; Elə bil ürəyimi Araza tulladılar. Qışqırdım: ay, qoymayın Qəlbimi su apardı. Bu çay özündən böyük İstək, arzu apardı... Nəfəsim bərk təngidi Dartıb yaxamı açdım. Düşüb sahil boyunca Harasa qaçdım-qaçdım... Bu ara dalğalarda Batan bir qız göründü. Elə bil ki, səmadan Axan ulduz göründü. Dağ-daş əriyib axdı Qəlbimə damla-damla. Nicat umur, əl verin Adamlar, ay adamlar! Bu kimdir? Odur, odur Mənim Ayrıgülümdür! Yaralanmış ürəyim Paralanmış dilimdir. Çırpındı, qalxdı, batdı: Əlini sol sahilə Mənə sarı uzatdı. Bu zaman dimdiyi qan Bir qaraquş göründü. Qaraquş şığıyaraq O qızın üstə endi. Alaraq ürəyimi Öz əqrəb caynağına Uçdu, uçdu deyəsən Lap Dəmavənd dağına. Yer dolandı başıma Damarımda dondu qan. Üfüq şimşək yaratdı Gözlərimin odundan. Quşa bax, hara uçur... Mühəndisəm bil ki, mən. Lazım gəlsə, yüz belə Dağ qoparram yerindən. İndi baxma uçursan Qanadın qırılacaq. Qan soran dimdiyinə Mismarlar vurulacaq. Quşun dalınca qaçdım... Yenəmi ürəksizəm? Göy şapkalı bir əsgər Qarşımda durdi bu dəm... - Hara belə, ay adam? Bura sərhəddir, axı! - Məhəbbətə nə sərhəd? Mən sevirəm, buraxın! Bəşər yaranan gündən Məhəbbət yaranıbdır. Ancaq dünən, lap dünən Bu sərhəd yaranıbdır. Bəşər yenə olacaq Məhəbbət olacaqdır. Sərhədsə qalsa yalnız Lüğətdə qalacaqdır. - Hələ bir sənəd verin, Nəçisiniz görək siz! - Ev tikməyə gəlmişəm Mühəndisəm, mühəndis. Ev tikməyə gəlmişəm! Könlümdəndir bu səslər. Öz məhəbbət evimi Uçurublar, ay əsgər Gördünüzmü göylərdən Suya şığıyan quşu; Ürəyimi aparan O dimdiyi qan quşu? Əsgər duruxur bir az; - Canım, nə ürək, nə quş... Bu nə sayır-bayırdır? Bəlkə bu dəli olmuş? Bizim səmtə bir böcək Bir quşmu uça bilər? Bizim sərhəddi keçsə - Küləklər keçə bilər... - Yox, bu taya keçmədi Suya qanad çaldı o. Bu taya keçən qızı Caynağına aldı o. Odur hələ qaralır Buluda girir heyhat. Tüfəngini ver mənə Nişan alım bu saat. O bir qönçə gül idi Açmamış tapdalandı. Hələ zindan sözünün Mənasını bilməmiş Zindanlara salındı Bilirsən, o qız deyil Ürəyimdi, ay əsgər!.. - Bəs ürəksiz insan da Belə dil tökə bilər? - Sən qəribə adamsan Qəlbin daşdır, ya nədir? Mən sevirəm, sevənin Sümüyü də dillənir. Bir də ki, bu dillənən Yarısıdır qəlbimin Yarısı da deyildir Yarasıdır qəlbimin. Bəli, bəli, qəlbimin Yarısı o taydadır; Sevinci burdadırsa Bil, yası o taydadır. Saçlarıma dən düşüb Yenə sevirəm ancaq. Mən onu alacağam Oğlumuz da olacaq. Bir gün də deyəcəyəm: "Ayrıgulum, hazırlaş! Oğlum deyəcək: hara? Oğlum, Təbrizə birbaş. Gedək, görək babanı Yəqin darıxır qoca. Nənə də nəvəsini Bir oxşasın doyunca...” Əsgər qəhqəhə çəkir Yoxsa mən gülməliyəm? Əsgər elə bilir ki, Doğrudan da dəliyəm. Sonra tutulur əsgər, Fikrə gedir bir anlıq; Gülməli olmasam da Keçib, gülmüşdü artıq. Başı dikilir yerə Qızarır qıpqırmızı; Çəkməsində əks olur Şapqasının ulduzu. Toqqasını düzəldir Ciddi tövr alır yenə. Elə bil bir adicə Tapşırıq verir mənə: - Ağlını yığ başına, Dünyada qız qəhətdir?! Elə daşı sevsən də Məhəbbət məhəbbətdir! *** O haqlıdır, gərək mən Başqasını sevərdim Nə kədərim olardı Nə hicranım, nə dərdim... Yox, yox, hələ gəncdir o Sevməyibdir deyəsən. Məhəbbət paltar deyil Birini bəyənmədin Başqasını geyəsən... *** - Əsgər, üzümə düz bax Ürək satmaz varını. O özü - öz hökmüylə Verir öz qərarını. Hələ sev bir, könül ver Gör əl çəkmək olarmı? Əsgər, dalımca gəl bir Əsgər, ürəyin varmı? Əsgərlə döndük bu dəm Bir qanadlı yelə biz; Aşıb illəri çatdıq Qırx birinci ilə biz... Qırx birinci il dedim Nə tez dəyişir adam! İndi mənim özüm də Əsgər paltarındayam. Komandirin əmri var: Keçməliyik Arazı! Lazım gəlsə, bir anda İçməliyik Arazı. Sərhəddə təhlükə var, Od ol, sovet insanı! Gərək alman qoşunu Tərk eləsin İranı! Mənə silah ver deyir Ağbirçəkli qarı da. Sanki silaha dönür Sərhəddin daşları da!.. Biz keçirik Arazı Bu oyun deyil ancaq. Bu gediş bəzimizin Son gedişi olacaq... Vətən yaşasın, Vətən! Mən ölərəm də, qardaş! Bir-iki tel düşməklə Yerindən qopmaz ki, baş. Vətən əmr etsə, Araz Zəhər olsa içərik. Lap Böyük Səhranı da Biz piyada keçərik... Gülləmiz də qurtarsa Başımız güllə kimi Toplara qoyulacaq Fəqət gələck bizim Zəfər bizim olacaq. *** Düşmən geri çəkildi Yad torpaqdan yad kimi. Hanı baş apardığı Yüyənsiz bir at kimi? Gəmirçəyi kəsildi Burnu-başı ovuldu. O, sürətlə gəlmişdi, Sürətlə də qovuldu... Biz Qərbə dönməliyik Bitməmişdi dava-qan. Ovçu yaralı qurdun Gedər yuvasınacan... Qurdan son ulartısı Kəsiləndə əbədi Son güllənin səsiylə Sanki dağlar, dərələr Alqışlayar ovçunu Əks-səda nidasiylə! Biz Qərbə dönməliyik Əlvida, qoca Təbriz! Komandir dedi: "Beş gün Dincələcək hissəmiz”. Orda bağlandı, bəli İlk peymanım, ilk andım. Mən orada döyüşsüz Gülləsiz yaralandım... Bir geniş xiyabanda Qarşıma çıxdı o qız. Harasa tələsirdi Əlində bir top kağız Məni görüb duruxdu Ürkək bir maral kimi. Sonra soruşdu məndən: - Söylə, sən kommunistsənmi? - Bu nə söz, kommunistəm! Biletsiz kommunistəm! Göstərdi bir varağı: - Sizdən yazılıb baxın: "Həqiqət bizimkidir Yayın, hər yana yayın. Kommunistlər kafirdir Onlara inanmayın Gəlişləri bəladır Gülüşləri zəhərdir. Ayaqları dəyən yer Kommunizm göyərdir”. Xanımanlar uçuran Evlərdən qız qaçıran Faşistləri buradan Sizlər qovdunuz ancaq. Onların izini də Bir yük sanırdı torpaq. Kommunistlər adına Çox böhtanlar dedilər; Gedəndə də şüarla Yaşamaq istədilər. O böhtançı şüarlar Hər yerdən qoparılmış Kommunizmi gətirən Sizsinizsə, min alqış! - Biz deyilik, - dedim mən, - Kommunizmi gətirən; Kommunizm yağış deyil Yağıb gələ! Şimşək deyil çaxıb gələ! Kommunizm hər torpaqdan Göyərir bir çiçək kimi. Kommunizm sinələrdə Dil açır bir ürək kimi... *** Keçdi iki gün, üç gün; Sözdəki bağlı düyün Açıldı, çözələndi. Gözlərə nur ələndi... Ürəklər varaqlandı Biz yad deyildik artıq. Sanki bir-birimizi Yüz ildi tanıyırdıq. İndi başqa insanam Duyuram, sevmək nədir. Görünür ana vətən Bizə sevmək öyrədir Onunçün sevimlidir. Mən onun gözlərindən Qəm oxudum bir səhər. - Nahaq sevirsən məni Məni sənə verməzlər. Atamın bir ərbaba Neçə dinar borcu var; Borcu verə bilməsə Məni aparacaqlar. Danışmağa dili yox Satılmağa malı yox, - Belə əmr edir atam. Amerika şallağıyla İngilis caynağıyla Qoz kimi soyulubdur Min adam, milyon adam. Həyatın bu sirrini Anlaya bilmirəm mən: Niyə biri hökm edən Niyə biri qul olsun? Kaş, insanlar hamısı Birdəfəlik ya varlı Ya da ki, yoxsul olsun... Dedim: gülüm, qəm yemə, Göz yaşıyla gül ancaq. Zamanın öz hökmünü Öz hökmü dağıdacaq. Hər "mənəm” deyənləri Axır bu torpaq udur. Yaxşı düşünsə atan Ərbab sizə borcludur. Arzunun göylərində Söküləcək qızıl dan. Mən sənə söz verirəm Gələcəyin adından! Keçmişi, gələcəyi Unutduq da bəzən biz Dindi öz varlığımız Dindi öz aləmimiz.. Mən də duydum, eşitdim Qız dili, sevgi nazı. Bunları danışmıram Danışmıram nə lazım... Biz açıqca söz açıb Əhd-peyman bağladıq. Ayrılığın pəncəsi Məni dartırdı artıq.. Ayrılıq bir dağ olsa Vulkan olacaq sinəm. Salamat qal, sevgilim Salamat qal, gedirəm. Ölsəm - qara torpağın Qalsam - yalnız səninəm. Gəl görüşək, sevgilim Gəl görüşək, gedirəm... Göz yaşın gilə-gilə Hicran yazsa dalımca. Mən yığıb hər giləni Mərmi edərəm ancaq. Göz yaşı deyil indi. Bizə silah gərəkdir. Vətən dardadır, gülüm. Onu almaq gərəkdir. Əlini qoy sinəmə Yanar görərsən onu Qatım döyüş oduna İlk məhəbbət odunu... Avropaya qayıtdıq Olduq döyüşlər quşu Arazın palçığını Yudu Karpat yağışı... Mən onu unutmadım Qanlı döyüş çağında. Məktub da yazdım ona Tüfəngin qundağında. Elə hallar olurdu: Ölümə can verməyə Bir saniyə qalırdı; Özüm yaddan çıxırdım O çıxmırdı yadımdan. Ölüm ayağında da Sevə bilərmiş insan. Biz getdikcə irəli Ölüm həyat olurdu. Ən qocaman bir qitə Yenidən doğulurdu. *** Avropa, xəritəndə Bu rəng çay yoxdu, axı! Şırım-şırım sinəndən Nə qanlı çaylar axır! Yuxuma da girməzdin. Bohemya meşələri! İndi odlardan alır Səni sovet əsgəri... Petefi, torpağına Əsərmi yazır tanklar? Mürəkkəbi alovdur Qələmi çarpanaklar... Motsartın məzarını Qanlar yuyub apardı. Bethoven dursa, Hitlerə Ölüm marşı yazardı. Avropa, ayağa dur Nəfəs gətirdik sənə. Əbədi batmayacaq Bir səs gətirdik sənə. Sən yenidən dil açdın Sən yenidən boy atdın. Sən, Avropa, dünyaya Süngümüzlə qayıtdın! *** Sol, gözümün önündə Berlinli meşşan qadın Sol ki, sən Ukrayna gözəlinin Rəngiylə bəzənmisən. Yanağını qızardan Qan onunkidir. Səni insan göstərən Don onunkidir! Ver onları, ver bəri, Qal bir sümük, bir dəri! Düşmən diz çökdü, bəli! Salam, Doqquz may günü! Biz əsgər badəmizdə O gün içdik Berlini... *** Döyüşlərdən sağ çıxdım Bəxtim mənə yar oldu. Bəlkə məni sağ qoyan İki ürəkdən qopan Şirin arzular oldu... Necə baxım üzünə Oğlu dönməyən ana! Güllə mənə dəyəydi Dəyməyəydi oğluna. Yar soruşan, ay gəlin Gözlərimə baxma sən; Orda, yad eldə neçə Nakam ölən görərsən. Sevgilin qayıtmadı Vətən qayıtdı ancaq. Biz bəzən ölməklə də Gərək onu yaşadaq. Vətəndaş ulduz qədər Vətən birdir, Vətən bir; Onsuz bir an ömr edən Min can olsa - ölüdür! Nə deyim, müharibə Kef məclisi deyildi. Çox atalar ağladı Analar yas saxladı, - Bellər vaxtsız əyildi Torpaq da yaralandı Daşlar da şan-şan oldu; Gözlərimin önündə Bir saatda, bir gündə Neçə şəhər, neçə kənd Dağılıb heşan oldu. Nur çeşməli evləri Elə viran görəndə Neçə yetim uşağı Çöldə yatan görəndə Ürəyimlə qəm-kədər Gözümlə od yedim mən. Vətən çağırdı bizi. Vətən qurulsun deyə Qayıdaraq geriyə Tikinti mühəndisi Olacağam dedim mən... Salam, Vətən torpağı! Salam, təhsil illəri! Mən adi bir gənc gedib Əsgər qayıtdım geri. Davaya nifrət edən Sülh əsgəriyəm ancaq. Batmaz topların səsi Sülh əsgəri olmasaq... Yer min illik barını Bircə gündə yetirər Alim ayı, ulduzu Dartıb yerə gətirər, - Müharibə olmasa! Əridib silahları Biz marten sobasında Körpü yarada billik Yerlə Mars arasında, - Müharibə olmasa! General gözündə də Bu hissi duyur adam: "Tullayıb çinlərimi Bir kənddə sədr ollam, - Müharibə olmasa!” Bəşərin qapısından Vaxtsız ölüm gen düşər; İnsanın saçlarına Yüz yaşında dən düşər, - Müharibə olmasa! Sevənlər aləmində Nə qəm, nə həsrət olar. Bəşərin gülləsi söz Sözü məhəbbət olar, - Müharibə olmasa! *** Bu günü axtarırdım Hərbin alovlarında. Bu günə keşikçiyəm Tələbə paltarında... Deyirlər, qayğısızdır Tələbəlik illəri; Mən fikirsiz, xəyalsız Açmadım bir səhəri... Oxudum, qulağıma O gəldi səda kimi; Yazdım, sətrin sonunda O durdu nida kimi! Bir qız adı eşitcək Yadıma düşdü adı; Qızlara məhəbbəti Qəlbimdən oğurladı. Bir kəsi sevmə, - dedi. O ilk vədəm, ilk andım. Mən qızların yanında Bir "qara daş” tanındım. Bəzən söz atdılar da: "Nə qəlbi, nə hissi var. Bircə yaylığı çatmır Bizim birimiz olar...” Tənə də olsun, nə qəm İlk eşqin xatirinə; Ölümə ilk gedərəm İlk eşqin xatirinə! Xəyalım qanadlanıb Hey keçirdi Arazı. Kəsilmişdi o qızın Məktubunun arası... Məktub aldım bir səhər Könlüm güləcək dedim. Son məktub niyə gəldi Qırıldı son ümidim?! O yazırdı "Əlvida Unut məni bir təhər; Bu gün məni Təbrizdən Sürgün eləyəcəklər... Deyirlər ki, satqınam Getməliyəm Təbrizdən. "Şübhəli məktub gəlir Mənə bir kommunistdən” Deyirlər, mən satqınam Nəyi, kimi satıram? Varım ürəkdir, yoxsa Ürəyimi satıram! Bilmirəm Vətən hanı Olam Vətən satqını. Daşı-dağı sevirəm! Varı çoxdan satılıb! Bağça-bağı sevirəm Barı çoxdan satılıb. Bəs hanı, hanı vətən? Düşmən olub, satam mən?! Allahın çayından da Su götürsək əgər biz Gərəkdir rüsxət verə Amerikalı, ingilis. Bəs hanı vətən, hanı?.. Olam vətən satqını! Vətən dedim - ac, yoxsul Gah dilənçi, gah da qul. Çiynini gün yandıran Ürəyini ehtiyac Dağ və düyün yandıran Vətənsiz insanları - Vətən sanmaq olarsa Mən sevirəm onları! Sevmək! Mənim bəxtimə Xəzan yazılıb bu yaz! Bəlkə kasıb qızıyam Məni sevmək yaramaz? Neyləyim, ürəyimin Günahıdır bu bəlkə... Görəsən ana olmaq Düşmən olmaq deyil ki?.. Axı, bala uçurmaq Sevgisidir hər quşun. Əgər "sevmək” sözünü Eləyərək qurğuşun - Boğazıma töksələr O "sevməmək” sözündən Mənə artıq xoş gələr... Eh, asılı qoydular Hanada toy xalımı. Hər çeşnidə dil açan Nakam könül xalımı Aparıb yana-yana Yazaram dırnağımla Məhbəslər divarına...” O çox şeylər yazırdı Lap başımı itirdim... Məktubun son varağı Bu sözlərlə bitirdi: "Sən isə evlən artıq Puç etmə həyatını Qızın olarsa əgər İradə qoy adını. Sevəcəyəm bu adı Nə qədər ki, mən sağam. Mən dəyişib bir polad İradə olacağam... İndi o qız deyiləm Ağlım-gözüm başqadır. Bilirəm kim ayaqda Bilirəm kim başdadır... Zülmətlərin qoynundan Doğulmurdu hər sabah? Zindanlardan çəkinsək Zindanlar uçmayacaq”... *** Gözlərə tikan oldu "Kommunist eşqi” deyən! O bir insan sevirdi "Kommunist sevmə” deyən! Mən də sevirdim onun Bir insan olduğunu: Bəlkə düşmən qızı da Olsa sevərdim onu. Hicran taxta çıxıbdır Məhəbbət güllələnir. Böhtan taxta çıxıbdır Həqiqət güllələnir. Niyə bu cinayətə Müharibə deyilmir? Eşqi zindana salmaq Dava salmaq deyilmi? *** Sevib, zindana düşdü Gülüm, qoy olsun, nə qəm; Mən gözümün yağından Şam-çıraq düzlədərəm; Quşlarla göndərərəm Sənə bu hədiyyəmi. Mən sənin görüşünə Gələrəm işıq kimi. Görünür ki, hələlik Görüşə bilmərik biz; İnsan tək qucaqlaşıb Öpüşə bilmərik biz. Ondasa, bir əlac var: Sən ağac ol, mən külək! Küləyə sərhəd yoxdur Əsim, gəlim görüşək. Tufana dönsün bir an Ürəyim də, canım da Səni alım qaçırım Mən öz burulğanımda... Səsi dağlar titrədən Prometey olaram Sənə zülmət kəsənin Göylərindən əbədi Günəşi oğurlaram... *** Təhsili başa vürdüm Nə tez keçir vaxt-vədə. İllər istəklə gəlmir Dayanmaz istəklə də. Əlvida, tələbəlik! Əbədi ayrılırıq. İlk eşqim kimi sən də Uçdun əlimdən artıq. Yox, siz ayrılmadınız Sən əl oldun, o ürək, İndi qəlbim düşünüb Əllərim də tikəcək... *** Tikinti mühəndisi Salamlayır zəhməti. Mənə təsəlli verdi Taleyim bu sənəti. Eşqimi nəqş edirəm Hər daşda, hər divarda Gənclər vüsala yetir Mən tikən binalarda. Heç bir eşqin binası Uçub viran olmasın. On il yuxusuz qallam Evsiz qalan olmasın. Bəzən qonaq gedirəm Öz tikdiyim evlərə; Mən təklik düşməniyəm Tək gedirəm hər yerə. Görüsən ki, arabir Arvadlar piçıldadı: - Yazıq bunun arvadı! - Ər tapıbdır bəxtəvər! - Şorgöz kişi həmişə Qonaqlığa tək gedər... Qocalar sual verir: - Ay oğul, evlisənmi? Uşaqlar da dillənir: - Uşağın var, ay əmi? "Bəli, bəli” deyirəm! Belə də olmalıdır. Hamısı var, hamısı O qızın xəyalıdır... Xəyal bəzən insantək Kömək olur insana: Hava olur, su olur Çörək olur insana. Şöhrəti xəyal ilə Tapsa əgər hər adam Bəlkə də bu dünyada Birinci yer tutaram... Xəyal səyyar yaranıb Topa buludlar kimi. Onsuz qəlb, nəğməsizdir Yarpaqsız çinar kimi. Mən onunla, vaxt olub Dağ keçib, dağ aşmışam. Xəyal insana döndü Otağımda bu axşam, - Tanış gəldi o deyən Soruşdum: söylə, kimsən?! - Mən sənin gəncliyinəm Beş-on illik qonağam. İnsan kimi gəlmişəm Quş kimi uçacağam. Subaylığın daşını İstəyirəm atam mən. Dartırsan yüyənimi; Cilovlanmış atam mən. Fikirdən dərman olmaz Doxsan il də düşünsən. Cansız daş da üstündə Ot bitirir, düşün sən! Mən həyat istəyirəm Mən uşaq istəyirəm; Birisinə bağlanıb Yaşamaq istəyirəm... - Razıyam, bu şərtlə tək Onu unudam gərək Bu dəm döyüldü qapım Bu kimdir belə vaxtsız?! Yarı insan, yarı gül - İçəri girdi bir qız. Harda görmüşdüm onu? Qabardı, endi sinəm. Soruşdum ki, "sən kimsən?” - Mən sənin ilk eşqinəm! Eşitdim evlənirsən Gəldim deyəm: "Mübarək!” Bir ömrün tamlığıcün Ev gərək, uşaq gərək. Sənə olan eşqimi Bağışlaram o qıza Mən də bacı olaram Dost olaram o qıza. - Elədir... yox, nə dedim?! Sənsiz necə ömr edim? Sən bir qızsan, təbiət Qocalmaz yaradıbdır. Sən bir gülsən, təbiət Saralmaz yaradıbdır. Saralıb, qocalmasan Evlənməyim... Bu zaman Gəncliyim adlı oğlan O qızı qucaqladı: - Qal, gülüm, mənə həmdəm Səndən başqa heç kimə Könül verə bilmərəm. -Xeyr, qala bilmərəm Başqadır dövrüm mənim; Arazın o tayıdır Hələlik yerim mənim. Zindanlardan çıxmışam Bu gün xəyal tək ancaq. Bəlkə bu xəyal dönüb Mənim özüm olacaq... Bu ara pəncərəmi Titrədib açdı külək. Xəyal tək gəlmişdilər Onlar itdi xəyal tək... Bir mən qaldım, bir otaq; O varlıq yoxmu oldu? Yuxusuzluq bu gecə Sübhəcən yuxum oldu... Yollandım idarəyə Səhər açılan kimi. Ərizə yazıb, dedim: - Dəyişin iş yerimi! Daha dözə bilmirəm Araz yadıma düşüb. Hər teli min havalı - O saz yadıma düşüb... Vətən - hər yerdə vətən Hər yerdə də, daş, torpaq... Üstəlik Araz üstə Təsəllim də olacaq: Baxacağam Araza - O dağlar yaran çaya. Altdan birləşən yeri Üstən ayıran çaya. Gərəkdir sol sahildə Elə evlər tikəm mən; Ordan Aya, Marsa da Daş pillələr çəkəm mən. Ordan baxam o taya Ordan baxam Təbrizə. Baxam zindan küncündə Solan ayna bir üzə. Baxam lap dərinlərə Baxam lap uzaqlara; O yurdu satanlara O yurdu udanlara... Araz yadıma düşüb Araz çay deyil yalnız: Araz neçə milyonluq İnsanlardır, eldir o. Göy kişnədən gürşaddır Dağ yıxacaq seldir o O axır, qabağına Bənd də çəksən axacaq. O axır, dağlar yarıb Məcrasını tapacaq. *** Budur Araz qırağı Araz həmin Arazdır. Gülüm, indi qəlbimdə Sənin qəmin Arazdır. Qatar gedir sürətlə Dərə keçir, düz keçir. Dolayları qıvrılır, Tunelləri düz keçir. Bir vaxt getdim bu yolu - Yurduma od tökənin Yurduna od vurmağa. İndi gedirəm ancaq Ev tikib. ev qurmağa. Araz həmin Arazdır Neçə illər ötüşüb; Bircə mən dəyişmişəm Saçlarıma dən düşüb. Araz həmin Arazdır Sol sahillə gedirəm. Yoluma pərdə çəkir Sağ sahildən axan qəm. Qulağıma səs gəlir; Dinən torpaqmı, sumu? Yoxsa nakam bir qızın Bir gəncin arzusumu? Bir kiçik şəhərcikdə Dartınıb durdu qatar. Elə bil ürəyimi Araza tulladılar. Bax buradan keçmişdim Mən Arazı o zaman. Heç özüm də bilmədən Ağlım çıxır başımdan... On dəqiqə içində Dönürəm o günlərə. Xəyal olur önümdə O tay, bu tay, dağ-dərə. Qatar qopur yerindən Tutmayıram mən xəbər. Görürəm ətəyimdən Dartır sərhədçi əsgər: Yubanırsan, vətəndaş! Yatma, oyan, vətəndaş! 1959-1960 | |
Baxış: 1668 | |
Bütün rəylər: 0 | |