Əsas » Məqalə » Məcəllələr

Vergi işçisinin etik davranış Kodeksi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Vergi işçisinin etik davranış Kodeksi
 
Fəsil 1. Giriş
 
          Vergi işçisinin etik davranış Kodeksi vergi işçisinin və Vergilər Nazirliyinin ölkəmizin inkişafında böyük rolu olduğu nəzərə alınmaqla hazırlanmışdır.
         Vergi orqanları əməkdaşlarının ictimaiyyətin etimadını qazanması nazirliyin əsas məqsədlərindən biridir. Nazirliyin hər bir əməkdaşı ictimaiyyət tərəfindən göstərilən etimadı doğrultmalıdır. Bu isə işçi tərəfindən ona tapşırılmış işi səmərəli, effektiv və etik normalar çərçivəsində yerinə yetirdikdə mümkündür.
         Vergi işçisi cəmiyyətdə yüksək mövqeyə malik olduğuna və vergi ödəyicisinin  vəziyyətinə ciddi təsir göstərmək iqtidarında olduğuna görə öz fəaliyyətini yüksək səviyyədə həyata keçirməlidir. Vergi işçisinin ictimaiyyətlə əlaqədə atdığı hər bir addım özündə peşəkarlıq, nəzakət və ədaləti əks etdirməlidir.
         Kodekslə həm vergi işçisinin davranış normaları, həm də bu normaların  pozulmasına görə  Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə və «Dövlət vergi  orqanlarında xidmət haqqında Əsasnamə»yə  uyğun məsuliyyət müəyyən edilir.  Kodeksdə yolverilməzliyi  göstərilməmiş, lakin vergi işçisinin və ya nazirliyin nüfuzuna xələl gətirə bilən hərəkətə yol vermiş işçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
         Vergi işçisinin etik davranış  Kodeksinin müddəaları mahiyyət etibarilə əxlaqi və intizam xarakteri daşıyır.
         Kodeksin hər hansı bir hissəsi başa düşülmədikdə onun aydınlaşdırılması işçinin, hər hansı müddəa ilə əlaqədar  yaranmış çaşqınlığı aradan qaldırmaq və işçiyə Kodeksin müddəaları çərçivəsində davranmaqda kömək etmək etik davranış məsələləri üzrə səlahiyyətli şəxsin və işçinin rəisinin vəzifəsidir.
 
Fəsil 2. Vəzifənin icrası
 
2.1. İşçilər öz vəzifələrini vaxtında və keyfiyyətlə yerinə yetirməlidirlər.

2.2. İşçilər öz vəzifələrini yerinə yetirərkən peşəkarlıq və nəzakətlilik nümayiş etdirməli, vergi ödəyiciləri ilə, habelə işlədiyi kollektivin üzvləri və təmasda olduğu digər şəxslərlə hörmətlə davranmalıdırlar.

2.3. İşçilər iş yerində təfriqəyə, ixtilafa, yersiz mübahisələrə, iş yerində və ya iş yerindən kənarda qeyri-etik, nalayiq və ümumbəşəri dəyərlərə xələl gətirə biləcək digər hərəkətlərə yol verməməlidirlər.

2.4. İşçilər öz vəzifələrini vergi qanunvericiliyinə, onlara verilmiş təlimatlara, cari vergi siyasətinə və təcrübəyə uyğun tərzdə yerinə yetirməlidirlər.

2.5. İşçilər hər bir vəzifə və tapşırığı yerinə yetirərkən düzgün mühakimə yürütməlidirlər. Qərarlar qəbul edərkən qərəzsiz olmalı, vəzifə borcunu yerinə yetirərkən əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə görə hər hansı şəxsin üstünlüyünə yol verməməlidir.

2.6. Vergi işçisi özünün birbaşa rəhbəri və tabeliyində olan şəxslərə, bütün vergi ödəyicilərinə münasibətdə nəzakətli, diqqətli olmalıdır.

2.7. Vergi orqanının vəzifəli şəxsləri xidmət intizamını pozmamalı, subordinasiyaya riayət etməli, özündən vəzifə və rütbəcə böyük olan vəzifəli şəxslərə birinci salam verməlidir.

2.8. İşçilər xidməti fəaliyyəti və davranışı barədə rəhbərlik və ya araşdırma aparmaq səlahiyyəti olan şəxslər tərəfindən verilmiş suallara səmimi cavab verməyə borcludurlar.

2.9. İşçilər dövlətə və cəmiyyətə ziyan verə biləcək və ya mənfi reputasiyaya malik insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrinə görə vergi orqanının adına və nüfuzuna və ya özlərinə xələl gətirə biləcək hər bir hərəkətə görə məsuliyyət daşıyırlar.
 
Fəsil 3. İş vaxtına əməl etmə
 
3.1. İşçilər onlar üçün müəyyən olunmuş iş vaxtına əməl etməlidirlər.

3.2. İşçilər müəyyən olunmuş iş vaxtı ərzində yemək fasiləsindən və ya hər hansı digər fasilədən vaxtında qayıtmalıdırlar.

3.3. İşçilər  iş gününün sonunadək iş yerində olmalı və üzürlü səbəblər istisna olmaqla  rəhbərliyin icazəsi olmadan (işçiyə və ən yaxın adamına bədbəxt hadisə baş verdikdə və rəhbərlikdən icazə alınması mümkün olmadığı hallar istisna olmaqla) vaxtından əvvəl işdən çıxmamalıdırlar.

3.4. Rəis işçini onun xidməti vəzifələrindən başqa digər işləri yerinə yetirməyə məcbur edə bilməz.
 
Fəsil 4. Silah gəzdirmə
 
4.1. İşçilər yalnız tutduğu vəzifəyə əsasən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət təqibi sahəsində xidməti vəzifələrini yerinə yetirərkən üzərilərində xidməti silah gəzdirə bilərlər.
 
Fəsil 5. Xidməti şərəfin və peşə nüfuzunun qorunması
 
5.1. İşçi xidməti vəzifələrini icra edərkən təmasda olduğu vergi ödəyiciləri ilə  vergi qanunvericiliyinin və peşə etikasının tələblərinə uyğun davranmalı, onların hər hansı xidmətlərindən etiket qaydasında edilən təkliflər istisna olmaqla (etiket normaları həddini aşmamaq şərtilə) şəxsi məqsədləri üçün istifadə etməməlidir.
         Kodeksin tələblərinə zidd olmamaq şərti ilə iş zamanı işçiyə edilmiş nəzakət xarakterli təkliflərin qəbul edilməsinə yol verilir.

5.2. İşçi xidməti vəzifələrini icra edərkən bütün hallarda dövlət maraqlarını və ictimai marağı öz şəxsi maraqlarından üstün tutmalıdır.
        Vergi orqanlarının nüfuzunun, vergi işçisinin adının yüksəldilməsinə, vergi ödəyicilərinin vergi orqanlarına olan inamlarının artırılmasına çalışmalıdır.

5.3. İşçilər xidməti vəzifələrini icra edərkən və ya işdən kənar vaxtında peşə xidmətinin adını uca tutmalı, iş yerində, asudə vaxtlarında, ictimaiyyət arasında və ailə-məişət daxilində vergi orqanının nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməlidir.

5.4. İşçi öz fəaliyyətini işə götürülərkən bağlamış olduğu əmək müqaviləsi, mövcud vergi siyasəti və vergi qanunvericiliyi əsasında qurmalı, bu fəaliyyətə xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidir. Onun iş fəaliyyəti ilə əlaqədar almış olduğu tapşırıqlar ailə üzvlərinin, yaxın qohumlarının və digər ona yaxın şəxslərin iş fəaliyyətini əhatə etmiş olduğu halda, xidməti fəaliyyətini dayandırır və təxirə salmadan bu barədə ona tapşırıq verən şəxsə məlumat verməlidir.

5.5. İşçinin Kodeksin tələblərini pozmasını hər hansı bir müddəanı başa düşməməsi ilə əlaqələndirilməsi onu məsuliyyətdən azad etmir.
5.6. Əməkdaşların xarici görünüşü ətrafdakıların onlara münasibətinə və vəzifələrinin yerinə yetirilməsinə təsir etdiyi üçün geyim forması onların vəzifəsinə, müəyyən edilmiş standartlara uyğun,  təmiz və səliqəli olmalıdır.
 
Fəsil 6. Hədiyyələr və digər imtiyazlar
 
6.1. Əgər işçiyə təqdim olunan hədiyyələr birbaşa və ya dolayısı ilə onun xidməti vəzifəsinə təsir göstərmək üçün nəzərdə tutulmuşdursa, o bu hədiyyələri qəbul etməməlidir.

6.2. Heç bir rəis tabeliyində olan işçidən şəxsi istifadəsi üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istəməməlidir.

6.3. Heç bir işçi xidməti vəzifəsinin icrasının müqabilində vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxsdən qiymətli şey ala bilməz.
      İşçi tərəfindən alınmış borclar borc verən şəxs tərəfindən müəyyən edilmiş müddətdə qaytarılmalıdır.

6.4. Heç bir işçi, müstəsna hallar istisna olmaqla, özündən yüksək vəzifədə olan  şəxsə qiymətli əşya (hədiyyə) verə bilməz.

6.5. Müstəsna hallarda, yəni birbaşa rəisin və ya işçinin ad günü, evlənmə günü, uşağı olması, xəstələnməsi, daha yüksək vəzifəyə təyin olunması və s. ilə əlaqədar ona işçi və ya digər şəxs tərəfindən verilən əşyanın (hədiyyənin) dəyəri əlli beş manatdan artıq olmamalıdır.

6.6. Vəzifəli şəxs xidməti vəzifələrinin ıcrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi vergi orqanına məxsus hesab edilir.

6.7. Tutduğu mövqeyi nəzərə alaraq işçi ona təklif oluna biləcək rüşvətlər və ya göstərilə biləcək təzyiqlərə qarşı  ayıq-sayıq olmalıdır.

6.8. İşçi xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli hədiyyə, hər hansı imtiyaz, yaxud üstünlüklər  təklif olunarsa işçi bu barədə  öz rəisinə yazılı məlumat verməli, məlumat rəis tərəfindən dərhal Daxili təhlükəsizlik  idarəsinin rəisinə çatdırılmalıdır.

6.9. Vergi orqanının rəhbəri tərəfindən səlahiyyətləndirildiyi hallardan başqa digər hallarda işçilərə nazirliyə məxsus olan avadanlıqlardan istifadə olunması qadağandır.

6.10. Vergi orqanının əməkdaşının ailə üzvləri və ya yaxın qohumları ilə Vergilər Nazirliyi üçün hər hansı bir işin görülməsinə dair qanunvericiliyin tələblərinə zidd olan müqavilənin bağlanması yolverilməzdir.

6.11. Vergi orqanlarının vəzifəli şəxslərinə xidməti fəaliyyəti ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmayan hər hansı imtiyazların və güzəştlərin əldə edilməsi qadağan olunur.
 
Fəsil 7. Kompüterdən istifadə və məlumat təhlükəsizliyi
 
7.1. İşçilər qeyri-qanuni məlumat əldə olunmasının qarşısını almaq məqsədilə istifadəsində olan, nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə həmin vergi işçisi tərəfindən vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar.

7.2. İşçilər istər elektron versiyada, istərsə də digər formada saxlanılma formasından asılı olmayaraq vergi ödəyicilərinə dair məlumatları, o cümlədən kommersiya sirrini qorumalıdırlar.

7.3. İşçilər onlara məxsus parolun məxfiliyini qorumalı, parolu digər şəxslərə verməməli və digər işçilərin parolundan istifadə etməməlidirlər.

7.4. Nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatlardan xidməti istifadə ilə bağlı verilmiş  parolların məxfiliyi bu və ya digər səbəblərdən pozulduqda işçi bu barədə rəisinə yazılı məlumat verməli və həmin paroldan istifadə kodu bağlanmalıdır.

7.5. Elektron formatda bəyannamələrin təqdim edilməsi ilə bağlı vergi ödəyicilərinə xüsusi alqoritm vasitəsilə verilən kod, parol və şifrələrin verilməsi ilə bağlı prosedur qaydalara əməl olunmalı və məxfilik qorunmalıdır.
 
Fəsil 8. Digər sahələrdə çalışma
 
8.1. Vergi işçisi qanunvericiliklə icazə verilən sahələrdən başqa heç bir sahədə sahibkarlıq fəaliyyətilə məşğul ola bilməz.

8.2. İşçi kənar sahədə işləmək üçün rəhbərliyə bu Kodeksə əlavə olunmuş formalı ərizə ilə müraciət etməlidir.

8.3. Kənar sahədə çalışmaya dair ərizə hər il yenilənməlidir. Əgər yenilənmək üçün heç bir  ərizə təqdim olunmayıbsa, kənar sahədə çalışma Kodeksin tələblərinin pozulması kimi qiymətləndirilir.

8.4. Kənar sahədə işə qəbul olunmanın müddəti ərizədə öz əksini tapmalıdır. Ərizədə göstərilmiş müddəti keçən hər hansı bir məşğuliyyətə görə yeni təsdiq olunma lazımdır. Əgər məşğulluğun müddətinin uzadılması məlumdursa, yeni təsdiq olunma ilə bağlı təqdim olunmuş ərizə əvvəlki təsdiq olunmuş müddət başa çatmamışdan əvvəl təqdim olunmalıdır. Əgər müddətin uzadılması üçün səbəb əvvəlki müddətin sonuna qədər məlum deyilsə, yeni ərizə təqdim edilməli və fəaliyyət təqdim olunmuş yeni ərizə təsdiq olunanadək davam etdirilməlidir.

8.5. Kənar sahədə işləmə müddətinin artırılması barədə xahiş qəbul olunmadıqda işçi ona bu barədə yazılı münasibət bildirilməsi ilə əlaqədar əvvəlki təsdiq olunmuş müddət başa çatdığı gündən sonrakı gün həmin işdən çıxmalı və kənar sahədə məşğulluğu dayandırmalıdır.

8.6. İşçilər vergi orqanlarındakı fəaliyyətlərinə və iş qabiliyyətlərinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidirlər.
 
Fəsil 9. İctimaiyyətlə qarşılıqlı əlaqə
 
9.1. İşçilər nazirliyin işi və siyasəti haqqında kütləvi-informasiya vasitələrinə nazirlik tərəfindən müəyyən edilmiş qaydada məlumat verə bilərlər.
 
Fəsil 10. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə
 
10.1. İşçilər xidməti vəzifələri və yaxud sair məsələlər barəsində təhqiqat və istintaq orqanlarına və ya məhkəməyə ifadə vermək üçün dəvət edildikləri halda bu barədə dərhal öz birbaşa rəislərinə məlumat verməlidirlər. Onlar da öz növbəsində daha yuxarı vəzifəli rəisləri məlumatlandırmalıdırlar.

10.2. Rəislər işçiləri tərəfindən xidməti fəaliyyətlə və xidməti vəzifəsi ilə bağlı ifadə vermək və ya sənəd təqdim  etməyə dair icazə istənildikdə işçiyə icazə verməzdən əvvəl özlərindən  vəzifəcə yüksək vəzifəli şəxsdən məsləhət almalıdırlar.
 
Fəsil 11. Xidməti vəsiqədən və vizit kartından istifadə etmə
 
11.1. İşçi xidməti vəsiqədən və Vergilər Nazirliyi sistemində fəaliyyətini, vəzifəsini, xidməti telefon nömrələrini və digər xidməti məlumatlarını əks etdirən vizit kartından yalnız rəsmi məqsədlər üçün istifadə edə bilər.

11.2. İşçinin xidməti vəsiqəsindən birbaşa və ya dolayısı ilə hər hansı bir şəxsə təsir göstərmək, özünün və ailə üzvlərinin, habelə başqalarının mənfəət əldə etməsi üçün  istifadə oluna bilməz.
 
Fəsil 12. Vergi orqanı əməkdaşlarının nalayiq hərəkətləri barədə məlumatın verilməsi
 
12.1. İşçilər rəhbərliyə öz iş yoldaşları və ya tabelikdə olan işçilər barəsində  bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar (onların vəziyyətini yaxşılaşdıran və ya pisləşdirən) verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlarından istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidirlər.

12.2. İşçi bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı üzündən digər işçinin vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
 
Fəsil 13.   Nazirliyin etik davranış məsələləri üzrə səlahiyyətli şəxsi
 
13.1. Nazirlikdə Kadr siyasəti və hazırlığı idarəsinin rəisi etik davranış məsələləri üzrə səlahiyyətli şəxs sayılır və onun səlahiyyətli şəxs təyin olunması əmrlə  təsdiq edilir.

13.2. Etik davranış məsələləri üzrə  səlahiyyətli şəxsin funksiyası nazirliyin hər hansı bir əməkdaşının Kodeksin  konkret halda tətbiqi ilə əlaqədar, həmçinin nalayiq hərəkətə yol vermiş işçi ilə  bağlı qərar çıxarmalı olan rəhbər işçilərə  məsləhət verməkdir.

13.3. Etik davranış  məsələləri üzrə səlahiyyətli şəxs Kodeksin tələblərinə riayət etməyən işçilərə intizam tənbehi verilməsi, habelə bu tələbləri yerinə yetirən işçilər barəsində həvəsləndirmə  tədbirləri görülməsi barədə təqdimat hazırlayır və nazirliyin rəhbərliyinə təqdim edir.
13.4. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs:

- Kodeksin tələblərini pozmuş işçilərdən və digər işçilərin nalayiq hərəkətləri barədə məlumat vermiş şəxslərdən izahatlar alır;
- onlara lazımi suallar verir;
- yol verilmiş və ya yol verilə biləcək pozuntunun səbəblərini araşdırır, pozuntunun xarakterini və işçiyə verilməli olan  intizam tənbehinin növünü müəyyən edir;
- Kodeksin tələblərini pozmuş işçilərin nalayiq hərəkətləri barədə daxil olmuş məlumatları və ya sənədləri araşdırma  aparılması üçün nazirliyin aidiyyəti struktur  vahidinə və ya bölməsinə göndərir, araşdırmanın nəticələrindən asılı olaraq  nazirliyin rəhbərliyinə təkliflər verir.
 
Fəsil 14. Kodeksin tələblərinə əməl etməklə bağlı işçinin üzərinə düşən öhdəliklər
 
14.1. Hər bir işçi Kodeksin bütün müddəaları ilə tanış olmalı, onların konkret halda necə tətbiq olunduğunu bilməlidir.

14.2. Hər bir işçi Kodeksi aldıqdan sonrakı 10 gün ərzində sənədlə tanış olmalı və zərurət yarandıqda və ya Kodeksin  hər hansı bir hissəsini başa düşmədikdə özünün birbaşa rəisinə və ya nazirliyin  etik davranış məsələləri üzrə səlahiyyətli şəxsinə bununla bağlı yazılı və ya şifahi formada müraciət etməlidir.

14.3. İşçi Kodeksin orijinal nüsxəsini aldıqdan 10 gün sonra onun alınmasına və Kodeksin bütün bəndlərini başa düşməsinə dair bu sənədə əlavə olunmuş formalı qəbzi  imzalayaraq Kodeksi aldığı tarixi qeyd  etməli və onu özünün birbaşa rəisinə təqdim etməlidir.

14.4. Hər bir rəis tabeliyində olan  işçilərdən aldığı qəbzin surətini çıxarmalı və 10 gün ərzində orijinal nüsxələri etik  davranış məsələləri üzrə səlahiyyətli şəxsə təhvil verməlidir. Qəbzlərin surəti rəisdə qalmalı və növbəti yeniləşməyə qədər saxlanılmalıdır. Etik davranış məsələləri  üzrə səlahiyyətli şəxs orijinal nüsxəni işçinin şəxsi qovluğunda saxlamalıdır.

14.5. Hər bir işçi ildə bir dəfə qəbzi yeniləməli və yenilənmiş, bu sənədə əlavə olunmuş formalı qəbzi yeni il başlayandan sonrakı 10 gün ərzində öz rəisinə təqdim etməlidir.
 
Fəsil 15.  Kodeksin tələblərinin pozulmasına görə məsuliyyət
 
15.1. Vergi orqanları əməkdaşları bu Kodeksin müddəalarına müvafiq şəkildə hərəkət etməlidirlər. Kodeksin tələblərinin pozulmasına görə vəzifəsindən asılı olmayaraq işçilərə qanunvericilikdə nəzərdə tutulmuş  intizam tənbehi verilir.

15.2. Kodeksin hər hansı müddəasının pozulmasına görə intizam tənbehi verilərkən aşağıdakılar nəzərə alınır:
 - müddəanın pozulmasının dərəcəsi;
 - müddəanın pozulmasının nazirliyin işinin effektivliyinə təsir göstərməsi;
 - işçinin əmək stajı və ailə vəziyyəti;
 - işçi və ya üçüncü tərəfdən təqdim olunmuş izahat;
 - araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici faktor;
- işçinin birbaşa  rəisinin verdiyi xasiyyətnamə.
Bölmə: Məcəllələr | Əlavə edildi: azerhero (07.03.2014) | Müəllif: R.C E W
Baxış: 1183 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more