Əsas » Məqalə » Məcəllələr

Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə
Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 12 iyun 2001-ci il.
№ 141-IIQ.


«Azərbaycan» qəzetində dərc edilmişdir (24 iyul 2001-ci il, № 165) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, № 7, maddə 443) («VneshExpertService» LLC).


23 may 2006-cı il tarixli, 116-IIIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 178-IIIQD nömrəli; 22 dekabr 2006-ci il tarixli, 211-IIIQD nömrəli; 1 may 2007-ci il tarixli, 323-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 538-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 581-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli; 11 may 2010-cu il tarixli, 1010-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).
Azərbaycan Respublikasının
12 iyun 2001-ci il tarixli
141-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir
 
Dövlət vergi orqanlarında xidmət haqqında
Əsasnamə
Bu Əsasnamə Azərbaycan Respublikasının Dövlət vergi orqanlarında (bundan sonra «vergi orqanları» adlanacaq) xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.


I fəsil. Ümumi müddəalar

1. Vergi orqanlarında xidmət—Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

3. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

5. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları müəyyən edilir.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı geyim formasının və fərqlənmə nişanlarının nümunəsini, onların təchizat normasını və istifadə müddətlərini müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

6. Vergi orqanlarının vəzifəli şəxslərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunə əsasında xidməti vəsiqələr verilir.


II fəsil. Vergi orqanlarında xidmətə qəbul

7. İrqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dini mənsubiyyətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının vergi orqanlarında xidmət etmək hüququ vardır.

8. Vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır.

Bir qayda olaraq, vergi orqanlarında xidmətə ali təhsili olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilirlər.

9. Vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

1) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

2) üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.


Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

10. Vergi orqanlarının vəzifəli şəxslərinin:

1) vergi məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

2) vergi işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə ilə yerinə yetirməyə;

3) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə;

4) tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

5) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

11. Vergi orqanlarına xidmətə qəbul edilən şəxslər üçün, onların peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

12. Sınaq müddəti vergi orqanının vəzifəli şəxslərinin vergi orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

13. Vergi orqanlarında xidmətə qəbul zamanı baş rəis heyəti vəzifələrinə və ondan yuxarı vəzifələrə təyin olunanlara, habelə elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

14. Vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, habelə vergi orqanları üçün mütəxəssislərin hazırlanması müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində, habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilə bilər.


III fəsil. Vergi orqanları vəzifəli şəxslərinin xüsusi rütbələri və onların verilmə qaydaları

15. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.

Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr ilkin və növbəti rütbələrə bölünürlər.

16. Vergi orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və vergi orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən xüsusi rütbələr verilir (bundan sonra «xüsusi rütbə» adlanacaq):

1) 3-cü dərəcəli müfəttiş;

2) 2-ci dərəcəli müfəttiş;

3) 1-ci dərəcəli müfəttiş;

4) kiçik vergi xidməti müşaviri;

5) vergi xidməti müşaviri;

6) baş vergi xidməti müşaviri;

7) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri;

8) 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri;

9) 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri;

10) Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarının vəzifəli şəxslərinə 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri, baş vergi xidməti müşaviri və 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbələri əvəzinə müvafiq olaraq 3-cü dərəcəli hüquqşünas, 2-ci dərəcəli hüquqşünas, 1-ci dərəcəli hüquqşünas, kiçik ədliyyə müşaviri, ədliyyə müşaviri, baş ədliyyə müşaviri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbələri verilir.

17. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr Azərbaycan Respublikası məhkəmə və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarına qanunvericiliklə verilən xüsusi rütbələrə və ixtisas dərəcələrinə bərabər tutulur.

18. Vergi orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:

1) kiçik rəis heyəti: 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş;

2) baş rəis heyəti: kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri və baş vergi xidməti müşaviri;

3) ali rəis heyəti: 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri və Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri.

19. Ali rəis heyətinə rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Vergi orqanlarının kiçik və baş rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

20. Vergi orqanlarında bu Əsasnamənin qüvvəyə mindiyi günə kimi xidmət edən vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Vergi orqanlarının vəzifəli şəxsinə növbəti xüsusi rütbə o, ştat üzrə tutduğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.

22. Vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:
  • 3-cü dərəcəli müfəttiş—2 il;
  • 2-ci dərəcəli müfəttiş—2 il;
  • 1-ci dərəcəli müfəttiş—3 il;
  • kiçik vergi xidməti müşaviri—3 il;
  • vergi xidməti müşaviri—4 il.

Baş vergi xidməti müşaviri və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir.

23. Xüsusi şəxsi xidmətlərinə görə vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə ona verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, lakin tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.

Növbəti xüsusi rütbənin vaxtından əvvəl və vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifə üçün nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı verilməsinə vergi orqanlarında xidmət müddətində yalnız 2 dəfə yol verilə bilər.

24. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır.

25. 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş və 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri və baş vergi xidməti müşaviri xüsusi rütbələri olan vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri, onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə aşağı salına bilər.

26. Vergi orqanlarının vəzifəli şəxslərinin bu Əsasnamənin 46-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.

27. Xüsusi rütbəsi aşağı salınmış vergi orqanının vəzifəli şəxsinin attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tutduğu vəzifədən asılı olmayaraq öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.

28. İntizam tənbehi tətbiq edilmiş vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

29. Vergi orqanlarının vəzifəli şəxsləri, habelə istefada olan şəxslər ancaq məhkəmənin qərarı ilə xüsusi rütbədən məhrum edilə bilərlər.

30. Vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

31. Vergi orqanlarının kiçik və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.


IV fəsil. Vergi orqanları vəzifəli şəxslərinin hüquqları və vəzifələri

32. Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.

33. Vergi orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:
  • vergi orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmaq;
  • müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədlər almaq;
  • xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etmək və ya onların hazırlanmasında iştirak etmək;
  • xidmət illərinə görə, xidmətin nəticələri və ixtisasının səviyyəsi nəzərə alınmaqla, əmək haqqının artırılmasına və vergi orqanlarında xidməti yüksəlişə;
  • şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda özü haqqında olan dəyişikliklərlə bağlı şəxsi işinə əlavələr etmək;
  • maddi həvəsləndirmə və inkişaf fondunun vəsaitləri hesabına öz ixtisasını artırmaq və təkmilləşdirmək;
  • xidmət illəri nəzərə alınmaqla pensiya təminatına;
  • şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti araşdırmaların aparılmasını tələb etmək;
  • həmkarlar ittifaqlarında birləşmək;
  • vergi orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etmək;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatların siyahısını müəyyən edir.

Vergi orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları da vardır.

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:
  • Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək;
  • fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;
  • vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək;
  • xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq;
  • vergi orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;
  • dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

35. Vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir.

36. Vergi orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar. Qanunla səlahiyyət verilmiş müvafiq orqanlar və vəzifəli şəxslər istisna olmaqla, onların fəaliyyətinə heç kəsin müdaxilə etmək hüququ yoxdur.

37. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə təyin olunması zamanı onların öz əsas ixtisası, yaxud ona yaxın olan ixtisas sahəsi üzrə yenidən hazırlığı aparıla bilər.

38. Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir.

39. Vergi orqanının vəzifəli şəxsinin həmin vergi orqanında və ya digər yerə xidmətə keçirilməsinə vergi orqanının vəzifəli şəxsinin razılığı ilə yol verilir.

40. Vergi orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər:
  • vəzifəli şəxsin yüksək vəzifəyə keçirilməsi;
  • vəzifəli şəxsdən daha məqsədyönlü istifadə edilməsi ilə;
  • vəzifəli şəxsin sağlamlığı və ya yaş həddi nəzərə alınmaqla digər vəzifəyə keçirilməsi.

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.

42. Vergi orqanlarının vəzifəli şəxsləri digər hüquq-mühafizə orqanlarına xidmətə keçirilərkən onların vergi orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir.

Digər hüquq-mühafizə orqanlarından vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri vergi orqanlarında xidmət illərinə daxil edilir.


V fəsil. Xidməti intizam və həvəsləndirmə

43. Vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər.

44. Vergi orqanlarının nümunəvi daxili intizam qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

45. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə görə vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı həvəsləndirmə tədbirləri görülür:

1) təşəkkür elan edilməsi;

2) fərdi qaydada mükafatlandırılması;

3) müvafiq icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilməsi;

4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;

5) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;

6) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl ləğv edilməsi.

45-1. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən bir tətbiq edilə bilər:

1) töhmət;

2) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə;

4) xüsusi rütbəni bir pillə aşağı salma;

5) vergi orqanlarında xidmətinə xitam verilmə.

46-1. Vergi orqanının vəzifəli şəxsi «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

47. İntizam tənbehinin qüvvədə olduğu müddətdə vergi orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 45-ci maddəsində nəzərdə tutulan (6-cı bənd istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.

Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

51. Vergi orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər 6 ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.

52. İntizam tənbehi tətbiq edilmiş vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

53. Həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq etmək hüquqları olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Vergi orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gələrsə, bu zaman müvafiq icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır.

54. Vergi orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


VI fəsil. Vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi

55. Kadrların peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarmaq məqsədilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir.

Vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

56. Yalnız müvafiq vəzifədə azı 1 il xidmət edən və 3 ildə bir dəfədən çox olmayaraq vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər.

57. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarında vergi orqanlarının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə tövsiyə verə bilər.


VII fəsil. Vergi orqanlarında xidmətin şərtləri

58. Vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

59. Xidmət şəraitindən asılı olaraq vergi orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

60. Müstəsna hallarda vergi orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər.

Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

61. Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada əsas vəzifələri ilə yanaşı digər vəzifələri müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

62. Vergi orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir:

1) hər il verilən əsas məzuniyyət;

2) əlavə məzuniyyətlər;

3) sosial məzuniyyətlər;

4) təhsili davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

5) ödənişsiz məzuniyyət.

Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

63. Vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.

64. Xidmətin birinci ili üçün vergi orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətindən sonra yaranır.

Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər.

65. Vergi orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.

66. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan vergi orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir.

67. Vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda vergi orqanlarında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir:

1) 5 ildən 10 ilədək xidmət illərinə görə—3 təqvim günü;

2) 10 ildən 15 ilədək xidmət illərinə görə—5 təqvim günü;

3) 15 ildən 20 ilədək xidmət illərinə görə—10 təqvim günü;

4) 20 il və daha çox xidmət illərinə görə—15 təqvim günü.

68. Vergi orqanlarının vəzifəli şəxslərinin əlavə məzuniyyəti onların arzusu ilə növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.

69. Əsas məzuniyyətdən istifadə etməmiş vergi orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi halları istisna olmaqla məzuniyyətin pulla əvəz edilməsinə yol verilmir.

70. Vergi orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilməsi qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

71. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vergi orqanlarının vəzifəli şəxslərinə növbəti olaraq verilən geyim formasının əvəzinə, onların dəyəri məbləğində pul kompensasiyasının ödənilməsinə yol verilir.

72. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir;
  • Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri— 60 manat miqdarında;
  • 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri—54 manat miqdarında;
  • 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri— 51 manat miqdarında;
  • 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri)— 48 manat miqdarında;
  • baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri)— 45 manat miqdarında;
  • vergi xidməti müşaviri (ədliyyə müşaviri)— 42 manat miqdarında;
  • kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri)— 39 manat miqdarında;
  • 1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas)— 36 manat miqdarında;
  • 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas)— 33 manat miqdarında;
  • 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas)— 30 manat miqdarında;

73. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:
  • 1 ildən 5 ilədək— 21 manat miqdarında;
  • 5 ildən 10 ilədək— 24 manat miqdarında;
  • 10 ildən 15 ilədək— 27 manat miqdarında;
  • 15 ildən 20 ilədək— 30 manat miqdarında;
  • 20 ildən 25 ilədək— 39 manat miqdarında;
  • 25 ildən 30 ilədək— 45 manat miqdarında;
  • 30 ildən yuxarı— 60 manat miqdarında.

74. Vergi orqanlarının vəzifəli şəxslərinin dövlət tərəfindən icbari şəxsi sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.


VIII fəsil. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar və pensiya təminatı

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:

1) öz təşəbbüsü ilə;

2) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə;

3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;

4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qərarı olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda;

5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirmədikdə;

6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda;

8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Bu maddənin 3—7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.

76. Vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

77. Vergi orqanlarında xidmətə vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, 1 ay qabaqcadan birbaşa tabe olduğu rəisini bu barədə yazılı surətdə xəbərdar etməlidir.

78. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayadada həyata keçirilir. Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.


IX fəsil. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətə və vəzifəyə bərpa edilməsi

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır.

80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.

Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir.


X fəsil. Yekun müddəalar

82. Vergi orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və bu orqanların büdcədənkənar fondu və müvafiq icra hakimiyyəti orqanının maddi həvəsləndirmə və inkişaf fondu hesabına həyata keçirilir.

83. Vergi orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Bölmə: Məcəllələr | Əlavə edildi: azerhero (07.03.2014) | Müəllif: R.C E W
Baxış: 2183 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more