Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- «Əzizim, vətən yaxşı...»
«ƏZİZİM, VƏTƏN YAXŞI...»


     Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, yazıçı Elçinlə Azərinform müxbirinin söhbəti
     Bir çox illər ərzində Azərbaycan xalqının bir neçə nəslindən olan minlərlə adam xaricdə qohumlarının, onlarla əlaqələrin olub-olmaması barədə anket suallarına cavab verərkən nə edəcəyini bilmir, bəzən də əsl vahimə hissi keçirirdi.
     Əlbəttə, bir çox azərbaycanlı ailəsinin İranda və ya Türkiyədə, eləcə də başqa ölkələrdə qohumları vardı. Axı, xaricdə qohumlar necə də olmaya bilərdi ki, əgər keçən əsrdə bütöv bir xalq sanki bıçaqla iki qeyri-bərabər hissəyə bölünmüşdür, beləliklə də qardaş və bacı, ata və oğul, ana və qız hərəsi sərhədin bir tayında qalmışdır... Əsrimizin 20-ci illərində isə İran pasportu olan bir çox adamlar güclə xaricə göndərilmişdi. Buna görə də hər birimiz anket doldurarkən əvvəlcədən bilirdik: xaricdə qohumların olması qulluq işlərinə və ya şəxsi taleyə pis təsir göstərəcək. Buna görə də bəziləri anketlərin suallarına cavab verərkən özlərinin xariclə «qohumluğunu» gizlədirdilər. Amma buna qohumluq da demək düzgün olmazdı: axı, onlar bir-birinin görüşünə getmir, məktublaşmırdılar, hətta bəzən sərhəddin o tayında qalmış qohumlarının sağ olub-olmadıqlarını belə bilmirdilər.
     Ancaq nə edəsən, Azərbaycan mühacirəti reallıqdır. Uzun illər biz bu barədə susurduq, yeri gələndə isə bu mühacirətdən, əslində, bixəbər olduğumuz halda, onu Müsavat, antisovet mühacirəti adlandırırdıq. Yalnız indi yenidənqurma və aşkarlıq bu mühacirətlə əlaqə yaratmağımıza, taleyin və ya tarixin hökmü ilə qürbətə gedib düşənlər haqqında məlumat almağımıza imkan verib.
     -Elçin müəllim, deyə bilərsinizmi ki, Azərbaycan mühacirəti nə vaxt və necə yaranıb, indi xaricdə məskunlaşmış azərbaycanlıların sayı nə qədərdir və onlar hansı ölkələrdə yaşayırlar?
     -Azərbaycan mühacirəti çox spesifik anlayışdır. Onun ictimai-siyasi siması eyni deyildir. Mühacirətin təməlini ziyalı nümayəndələri hələ əsrin əvvəllərində qoyublar. Bunlardan çarizmin müstəmləkəçilik siyasətinə qarşı fəal mübarizə aparmış, xalqın istiqlaliyyəti və maariflənməsi yolunda yorulmadan çalışmış Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi görkəmli qələm sahiblərini göstərə bilərəm. 10-cu illərin əvvəllərində onlar Vətəni tərk etməyə məcbur olublar. Bu gün onların nəsilləri müxtəlif ölkələrdə yaşayırlar. Misal üçün, Ə.Hüseynzadənin oğlu Səlim Turan görkəmli rəssamdır, Parisdə çalışır, Ə.Ağayevin qızı Sürəyya xanım Ağaoğlu İstanbuldadır, Türkiyənin ilk qadın vəkillərindən biridir.
     -Bundan başqa, ötən 70 il ərzində Azərbaycan üç mühacirət mərhələsi keçib.
     -1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Məmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov və başqaları kimi görkəmli ictimai-siyasi xadimlər, ziyalılar, əhalinin müxtəlif təbəqələrinin nümayəndələri İrana, Türkiyəyə, Avropa ölkələrinə mühacirət etməyə məcbur olmuşlar. İndi onların nəsilləri xarici ölkələrdə yaşamaqdadırlar. Məsələn, məşhur neft sənayeçiləri Musa Nağıyev ilə Şəmsi Əsədullayevin nəvəsi Ümmulbanu yazıçıdır, Parisdə yaşayır. Onun fransız dilində yazdığı «Qafqaz günləri» adlı avtobioqrafik romanı əsrin əvvəlində Azərbaycan mühiti ilə bağlı faktlarla zəngindir. Üzeyir Hacıbəyovun kiçik qardaşı Ceyhun bəy Hacıbəylinin oğlu Timuçin Hacıbəyli Fransanın Nitsa şəhərində yaşayır və Azərbaycan ictimai fikir tarixində görkəmli yer tutan atasının zəngin arxivini öyrənməklə məşğuldur. Yeri gəlmişkən deyim ki, Şərqdə, o cümlədən bütün İslam aləmində ilk Azərbaycan Demokratik Respublikası ilə bağlı olan bu tipli arxivlər xalqımızın mənəvi sərvətidir və biz onlara biganə qala bilmərik. «Vətən» Cəmiyyəti Timuçinlə sıx əlaqə saxlayır. Maraqlıdır ki, Timuçinin oğlu Taiti adalarına köçüb və məşhur caz ifaçılarından biridir.
     -Mühacirlərin daha bir kateqoriyası Böyük Vətən müharibəsindən sonra əcnəbi ölkələrdə qalmağa məcbur olmuş azərbaycanlılardır. Aydındır ki, müharibədə insanı üç fəlakət gözləyir: həlak olmaq, yaralanmaq və əsir düşmək. Stalinizmin dəhşətli cinayətlərindən biri də o idi ki, müharibədə əsir düşənlərin hamısı bir qayda olaraq xalq düşməni elan edilirdi və Hitler əsarətindən Vətənə qayıdan minlərlə əsgər və zabit sonra həbs düşərgələrinə salınırdı. Bütün ürəkləri ilə Vətənə bağlı olsalar da, qayıda bilməyən keçmiş hərbi əsirlərin bir qismi qohumlarına zərər vurmaqdan ehtiyat edib doğma yurda qayıtmamış və qürbətdə qalmışdır.
     Cənubi Azərbaycandan olan 20 milyon azərbaycanlıya gəldikdə, onlar tarixin və müxtəlif ictimai quruluşların iki hissəyə böldüyü qədim Azərbaycan torpağında yaşayırlar, lakin İrandan bir çox ölkələrə baş götürüb getmiş həmvətənlərimiz də bizim üçün «Azərbaycan mühacirəti» anlayışına daxildir, üstəlik, onun əsas hissəsini təşkil edir.
     -Xarici ölkələrdəki azərbaycanlıların sayı barədə məlumatınız varmı?
     -Bəli var. Lakin bu rəqəmlər çox təxminidir, çünki xüsusi siyahıyaalma aparılmamışdır. Fikrimizcə, AFR-də 180 min, ABŞ- da 150 min, Fransada 70 min, Qərbi Berlində 10 min, Hindistanda və Pakistanda 30 min, İsveçdə 10 min, İsveçrədə, Norveçdə, Danimarkada və Hollandiyada 100 mindən artıq, Yaponiyada və Avstraliyada 3 min, Kanadada 8 min azərbaycanlı yaşayır. Azərbaycanlıların yaşadıqları coğrafi ərazi belədir. Bundan başqa, Türkiyədə 2 milyonadək, İraqda yarım milyon azərbaycanlı yaşayır.
     Bu gün xaricdə azərbaycanlıların 35 cəmiyyəti fəaliyyət göstərir. Bunların yalnız ikisi - Ankaradakı «Azərbaycan kültür dərnəyi» və İstanbuldakı «Azərbaycan-Türk Kültür Cəmiyyəti» istisna olmaqla, qalanları əsas etibarilə Cənubi Azərbaycandan olan həmvətənlərimizin yaratdıqları cəmiyyətlərdir.
     -«Vətən» Cəmiyyəti xaricdəki həmvətənlərimizlə necə əlaqə saxlayır, ilk il yarımlıq fəaliyyəti müddətində Cəmiyyətin hansı tədbirlərini xüsusilə qeyd etmək istərdiniz?
     -«Vətən» Cəmiyyəti siyasi təşkilat deyil, ictimai təşkilatdır, həmvətənlərimizlə mədəni əlaqələri qaydaya salmaqla məşğul olur. Azərbaycan mədəniyyətinin uğurları, tariximiz və və ümumən xalqımızın mənəvi sərvəti barədə ona məlumat verir. Məhz bu cəhətimizin bütün aparıcı xəttini təşkil edir.
     Biz xaricdə olan bütün Azərbaycan cəmiyyətləri ilə əlaqə yaratmışıq, onlarla məktublaşırıq, kitab, val mübadilələri edirik. Bir sıra ölkələrdə, o cümlədən, Avstriyada, İngiltərədə, Kanadada, Norveçdə, ABŞ-da, Türkiyədə, Fransada, AFR-də, İsveçdə və başqa ölkələrdə yaşayan həmvətənlərimiz bizim dəvətimizlə Azərbaycana qonaq gəlmişlər. Məsələn, M.F.Axundovun anadan olmasının 175-ci ildönümü münasibətilə təşkil olunmuş şənliklərdə azərbaycanlılar - müxtəlif ölkələrin görkəmli elm və mədəniyyət xadimləri iştirak etmişlər. «Vətən» Cəmiyyəti əcnəbi ölkələrdəki azərbaycanlılarla Vətən arasında mənəvi bir körpü olmalıdır. Özü də ikitərəfli hərəkətə malik olan bir körpü. Bu, onun başlıca məqsədidir.
     Bir tərəfdən, çalışmaq lazımdır ki, həmvətənlərimizin köməyi ilə Azərbaycan xalqını xaricdə layiqincə tanıdaq. Onda amerikalı da, fransız da, ingilis də, alman da görüb yəqin edər ki, Azərbaycan xalqı doğrudan da, yüksək mədəniyyətə, qədim və zəngin tarixə malik bir xalqdır. Bir sözlə, biz xalqımız barədə xaricdə dolğun, obyektiv təsəvvür yaranmasına kömək etməliyik.
     Digər tərəfdən isə həmvətənlərimizi Vətənə cəlb etmək də eyni dərəcədə mühüm vəzifədir. Bu mənada iyul ayında Qərbi Berlində keçirilmiş Azərbaycan mədəniyyəti günləri diqqətəlayiq hadisədir. Mədəniyyət günləri orada fəaliyyət göstərən Azərbaycan-Alman Mədəni Əlaqələr Cəmiyyətinin iştirakı ilə təşkil edilmişdi. Qərbi Berlin Avropanın iri mədəniyyət mərkəzlərindən biridir və orada Azərbaycan tarixinə, ədəbiyyatına, teatrına dair disputların, Azərbaycan ifaçılarının konsertlərinin, əlbəttə, çox böyük əhəmiyyəti olmuşdur. Yeri gəlmişkən, sevindirici haldır ki, Qərbi Berlində konsertlərdə bizim artistlərimizlə birlikdə cənubi azərbaycanlı ifaçılar da çıxış etmişlər.
     -Mətbuatda xəbər verildiyi kimi, Türkiyənin Ərzurum şəhərində beynəlxalq folklor festivalında Azərbaycan artistləri çox böyük müvəffəqiyyət qazanmışlar. Bu səfəri təşkil edən «Vətən» Cəmiyyəti Azərbaycan xalça sənəti sərgisinin keçirilməsinə də kömək göstərmişdir. Xalça sənətimiz bir çox mütəxəssisləri və sərginin tamaşaçılarını heyran qoymuşdur.
     -ABŞ-da, Danimarkada, İsveçdə keçirilmiş görüşlər və verilmiş konsertlər Azərbaycan mədəniyyətinin əsl bayramlarına çevrilmişdir. SSRİ xalq artisti Zeynəb Xanlarova «Vətən» Cəmiyyətinin xəttilə Birləşmiş Millətlər Təşkilatında xeyriyyə konserti vermişdir. Cəmiyyətin nümayəndələri - yazıçılar, bəstəkarlar, rəssamlar, alimlər, ifaçılar Avropanın bir sıra ölkələrinə ezam edilmişlər. Ankaranın «Azərbaycan kültür dərnəyi»nin dəvətilə xalq şairimiz Bəxtiyar Vahabzadə, tibb elmləri doktoru, professor Nurəddin Rzayev və mən Türkiyədə olmuşuq. Türkiyə hökumətinin üzvləri - mədəniyyət, turizm və səhiyyə nazirləri ilə görüşlər zamanı respublikalarımız arasında mədəni əlaqələri möhkəmlətmək problemlərinə dair maraqlı fikir mübadiləsi etmişik. Türkiyədə yaşayan azərbaycanlılarla mədəni və elmi əlaqələri möhkəmlətmək məsələləri müzakirə olunmuşdur.
     -Məlumdur ki, xaricdə Sovet İttifaqına, yenidənqurma siyasətinə çox böyük maraq var. Bəs, Sovet Azərbaycanına necə, respublikamıza da belə maraq göstərirlərmi?
     -Əlbəttə göstərilir. Belə marağa səbəblərdən biri də Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdir. Təəssüf ki, bu problemi xarici ölkələrdə kifayət qədər yaxşı bilmirlər. Burada ən əvvəl biz özümüz günahkarıq. Çünki xarici ictimaiyyəti tariximizlə, milli mədəniyyətimizlə lazımınca tanış etmirik. Nəticədə xaricdə bizim haqqımızda bəzən səhv təsəvvür yaranır. Bu isə, öz növbəsində, birtərəfli təəssübkeşliyə gətirib çıxarır. Aydındır ki, belə vəziyyəti kökündən dəyişdirmək lazımdır. Bunun üçün isə əl-ələ verib var qüvvə ilə, məqsədyönlü işləmək lazımdır ki, xaricdə xalqımız haqqında obyektiv təsəvvür yaransın. «Vətən» Cəmiyyəti hələ çox iş görməlidir.
     -«Vətən» Cəmiyyəti öz fəaliyyətində nə kimi çətinliklərlə qarşılaşır?
     -Ən əvvəl xaricdəki Azərbaycan cəmiyyətləri ilə əlaqələri qaydaya salmaq sarıdan çətinlik çəkirik. Bu cəmiyyətlərin bir- biri ilə əlaqəsi zəifdir, bir-birinin fəaliyyətindən xəbərsizdirlər. Əksəriyyəti bu yaxınlarda yaradılmışdır, iş təcrübələri yoxdur. Maddi sıxıntı da özünü göstərir. Bizdə bəziləri elə təsəvvür edir ki, guya xaricdəki azərbaycanlıların hamısı milyonçudur, ehtiyac nə olduğunu bilmir. Yox, qətiyyən belə deyildir. Onu da deməliyəm ki, xaricdəki həmvətənlərimizin hamısı böyük həvəslə işləyir, ictimaiyyəti Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış etməyə çalışır. Bu baxımdan xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri nümayəndələrinin birinci beynəlxalq görüşünü keçirmək çox yerinə düşərdi. Odur ki, qüvvəmizi əsirgəmədən belə bir görüşə hazırlaşırıq. Mənə elə gəlir ki, tərəflərin razılığı ilə Bakıya toplaşmaq olar.
     Bizim öz daxili çətinliklərimiz də vardır. Çətinliklər, hər şeydən əvvəl, onunla bağlıdır ki, hələlik valyutamız yoxdur. Bu da xaricdə böyük bədii-ictimai tədbirlər təşkil etməyə imkan vermir. Bunu həmvətənlərimiz bizdən dəfələrlə xahiş etmişlər. Azərbaycan dilinə, tarixinə, incəsənətinə və digər məsələlərə dair mühazirələr oxumaq üçün alimlərimizi xarici ölkələrə ezamiyyətə göndərməkdə imkanımız həmin səbəb üzündən məhduddur.
     Daha bir problem barəsində: həmvətənlərimiz xahiş edirlər ki, onlara konsertlər, tamaşalar, filmlər yazılmış videokasetlər göndərək. Əlbəttə, bu, xarici ölkələrin sakinlərini Azərbaycanla tanış etməkdə mühüm rol oynayardı. Təəssüf ki maddi-texniki bazamızın zəif olması bütün xahişlərə əməl etməyə imkan vermir.
     Nə gizlədim, bəzən biz mənəvi çətinliklərlə də qarşılaşırıq. Məsələn, bu yaxınlarda əcnəbi radiostansiyalardan biri «Vətən» Cəmiyyəti nümayəndə heyətinin ünvanına böhtanlar yağdırmışdı. Lakin bunlar elə ağ yalanlardır ki, bunların üzərində dayanmağımıza dəyməz.
     Başa düşürük ki, bunlar azərbaycanlıları gözü götürməyənlərin, onların bədxahlannın, fəaliyyətimizi məhdulaşdırmaq istəyənlərin çirkin əməlidir. Onu da başa düşürük ki, qarşımızda böyük, daha ülvi vəzifələr durur - qürbətdə yaşayan azərbaycanlılarla, öz həmvətənlərimizlə daim əlaqə saxlamalı, Vətən haqqında həqiqəti onlara çatdırmalıyıq.

Söhbəti A.Şərifov apardı.
12.avqust 1989.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 650 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more