Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Zireh
ZIREH


    Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib pəncərənin gözlüyünü açım.
    Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi yatmırdı.
    Şahin də yatırdı, elə rahat yatırdı ki, elə bil Şahin deyildi – guya ki, Şahin rahat yata bilməzdi, – hər şey belədir: böyük xoşbəxtlik kiçik müsibətin yanında heçə dönür, necə ki, böyük yaxşılıq kiçik pislikdən sonra unudulur; niyə belədir – bilmirəm, amma nə tez unutmuşam Şahinin mışıl-mışıl yatmağını... Əvvəlcədən bir az Cırtdandan danışardım, bir az Məlikməmməddən, sonra soruşardı ki, neçə canavar öldürmüşəm, neçə pələng vurmuşam, neçə ayını qaldırıb yerə çırpmışam, daha nə eləmişəm; mən də bir-bir deyərdim: bir gün beş canavar olardı, yeddi pələng olardı, səkkiz ayı olardı, başqa bir gün on canavar olardı, dörd pələng olardı, doqquz ayı olardı, – bu baxırdı mənim goplamaq həvəsimə – Şahin də bic-bic gülərdi, elə bil özü də yaxşıca bilirdi ki, hamısı gopdur.
    Solmaz gəlib dedi ki, mamam yerinə uzanan kimi yatdı. Mən də dedim ki, yaxşı oldu, yazıq arvad gör neçə gündür yatmır, qoy dincəlsin bir az. Sonra Solmaz lap mənə yaxınlaşdı, bu iyirmi gündə birinci dəfə qucaqladı; heç nə demədi: mən də heç nə demədim.
    Şahin bizim ilkimiz idi, həm də Şahindən başqa daha heç vaxt uşağımız olmayacaqdı, çünki Şahindən sonra Solmazın daha heç vaxt uşağı ola bilməzdi; Şahinin ilk qədəmi belə olmuşdu, amma Şahin var idi – kifayət idi. Sakit ol, dedim, arxayınçılıqdır daha, Solmaz dedi ki, sakitəm, lap sakitəm daha, görmürsən sakitəm? Lap sakit ol, dedim, lap, istəyirsən bir az ağla, ağla bir az, ürəyin boşalsın. Yox, dedi, ağlaya bilmirəm, ağlaya bilmirəm, çünki daha Şahin bizimlə qaldı. Elədir, dedim, ağlama, Şahin bizimlə qaldı, çünki belə olmalı idi, mən bilirdim ki, belə olacaq, lap əvvəldən bilirdim ki, Şahin bizimlə qalacaq, ağlama, dedim, ağlama, qurtardı daha, hər şey qurtardı. Ağlamıram, dedi, bu elə belədir, ağlamıram, fikir vermə.
    Şahin birdən xəstələndi; həyətdən gəlib bir az gopa basdı, bir az deyib güldü, sonra da xəstələndi – belə işləri var Şahinin. Gözləri parıldayırdı yaman, özü də pis parıldayırdı, özü də od tutub yanırdı. Solmaz dedi ki, deyəsən axı, qızdırması var uşağın. Mən də dedim ki, yenə özündən pəstaha çıxartma, başlama yenə; sonra ölçdük qızdırmasını, sonra gördük ki, qızdırması var, xəstələnib. Otuz doqquz idi qızdırması, axşam qırxı ötdü. Belə-belə işlər...
    Solmaza dedim ki, sakit ol, eşitdin, bayaq Kazımlı sənin yanında dedi ki, böhran ötdü, sənin yanında dedi ki, on-on beş gündən sonra duracaq ayağa, Kazımlı sözü havaya üfürən həkimlərdən deyil, özün məndən yaxşı bilirsən, sakit ol. Solmaz gülümsədi, elə bil onu heç gülümsəyən görməmişdim, elə bil həmişə deyib-gülən Solmaz deyildi, əslində, doğrudan da, həmişəki Solmaz deyildi, qocalmışdı bu iyirmi gündə. Sonra məndən soruşdu ki, Kazımlı çıxanda sənə nə isə dedi, nə dedi sənə? Heç nə demədi, dedi ki, xudahafiz. Solmaz dedi ki, yox, eşitdim axı, nəsə dedi sənə. Dedim, Kazımlı dedi ki, böhran keçib daha, yüz faiz xətircəm ola bilərsiniz. Yox, dedi, başqa nə isə dedi. Sonra Solmaz mənə elə baxdı ki, dedim Kazımlı nə dedi. Əslində elə bir şey də deməmişdi, demişdi ki, bu gecə də muğayat olun, işdişayətdi, bu gecə yenə böhran ola bilər, axırıncı böhran, qorxub-eləməyin, lap gecənin yarısı da olsa, gəlib məni durğuzun. Yenə dedim ki, Kazımlı dedi ki, qorxub-eləməyin, nə oldu sənə, nə oldu axı, deyirəm ki, Kazımlı dedi qorxmayın, o saat gəlib məni durğuzun, vəssalam. Dedim ki, bir bax Şahinə, gör necə rahat yatıb, heç görmüsən belə rahat yatmağını, görmürsən ki, daha heç nə olmayacaq, özü də Kazımlı dedi ki, işdi-şayətdi...
    Solmaz pəncərəyə yaxınlaşıb pərdəni qaldırdı: məhəllənin cailləri yenə dalanın ağzına yığışıb söhbətləşirdilər. Solmaz pərdəni aşağı saldı. Gözü pərdədə, pəncərənin qabağında dayandı.
    Gərək sənə deməyəydim, dedim, deməyəydim ki, Kazımlı nə dedi. Deməsəydin nə olacaqdı, dedi, bir şey dəyişəcəkdi bəyəm? Niyə həmişə pisindən yapışırsan, dedim, ən bədindən yapışırsan, niyə həmişə ürəyinə pis şey gəlir, Kazımlı dedi ki, işdi-şayətdi, yəni ki, heç nə olmayacaq, yəni ki, hər şey qurtardı getdi işinin dalınca, niyə ən bədindən yapışırsan? Dedi ki, nə edim bəs? Sonra dönüb mənə baxdı, mən də özümdən çıxdım, özümdən çıxdım ki, Solmaz birdəfəlik başa düşsün: bu gecə heç nə olmayacaq, çünki daha keçdi getdi hər şey, qurtardı daha.
    Gülü xala başıalovlu otağa girdi ki, nə olub? Solmaz dedi ki, heç nə, ay mama, nə olacaq ki, niyə qalxırsan o saat səs eşidən kimi, get yat, sən Allah. Gülü xala rahat-rahat nəfəs alan Şahinə baxıb doluxsundu yenə, elə onu de, nə ola bilər ki, olan oldu, keçən keçdi daha. Sonra Solmaz anasını o biri otağa apardı.
    Bu iyirmi gündə birinci dəfə hiss edirdim ki, otaq dərman iyiylə dolub ağzınacan. Sonra çəliyinin səsindən bildim ki, Məmmədbağır gəlir: tak-tuk. Solmaz gedib qapını açdı, dedi ki, keç içəri. Məmmədbağır dedi ki, dayan, çubuğu boşaldım, sonra girim içəri. Solmaz onu otaqda çubuq çəkməyə qoymurdu, deyirdi ki, otağın havası elə düz-əməllidir, sən də bir tərəfdən çubuğu fısqırd. Solmaz, Məmmədbağırın qolundan yapışıb gətirib mizin arxasında oturtdu. Maxorka iyi aləmi basdı. Məmmədbağır həmişəki kimi, yerini rahatlayandan sonra salamlaşdı: əssalam-əleykumə; sonra da soruşdu ki, salamatlıqdırmı, sonra da dedi ki, inşallah, salamatlıq olar.
    Bilmirəm niyə Məmmədbağır üçün deyiblər ki:
    Gəldi Məmmədbağır,
    Dur Allahı çağır?
    Bizim məhəllədə belə sözlər çoxdur, amma mənası yoxdur.
    Məmmədbağır kor idi, bizimlə üzbəüz köhnə hamamın yanındakı dar dalanda olurdu, kiçik bir daxması var idi – daha heç nəyi və heç kimi, hərçənd deyirdilər ki, bir sandıq qızılı var, haradasa basdırıb. Yaşı altmışı keçmişdi yəqin, amma böyükdən kiçiyə hamı onu adı ilə çağırırdı: Məmmədbağır. Əynində köhnə boz şinel, yay-qış, səhərdən-axşama kimi çəliyini taqqıldada-taqqıldada bütün məhəlləni dolaşırdı, səhər bir xəstəsi olanın evində çörəyini yeyərdi, günorta başqa bir xəstəsi olanın, gecə də bir başqa xəstəsi olanın – bu da, bir növ, «rüşvət» idi, camaat Məmmədbağıra «rüşvət» verirdi ki, xəstəsi tez sağalsın, həm də daha camaat adətkərdə idi. Deyirdilər ki, Məmmədbağır özü bir gözünü vurub kor eləyib ki, müharibəyə getməsin, sonra da o biri gözü kor olub. Gah da deyirdilər ki, bir gözü görür əməlli-başlı, özünü görməməzliyə vurur, guya hərdən küçədə adam olmayanda köhnə hamamın pəncərəsi ağzında durub içəridə çimən arvadlara baxır, day nə bilim nə eləyir. Yüz cür söz deyirdilər, çünki heç kim onu istəmirdi. Hərçənd heç kimə bir pislik eləməmişdi, bu evdən o evə söz gəzdirən də deyildi. Solmaz günortadan saxladığı bir kasa şorbanı gətirib Məmmədbağırın qabağına qoydu. Məmmədbağır da ya Allah deyib yeməyə başladı. Sonra yenə dedi ki, inşallah, salamatlıq olar– şorba xoşuna gəlmişdi deyəsən; dedi ki, Paşanın oğluna heç ümid yox idi, bu gün gedib görürəm ki, şıllaq atır ayaq üstə. Sonra dedi ki, xəbəriniz var, Ağagül Sibirdən qaçıb?
    Solmaz, Məmmədbağır üçün çay gətirdiyi stəkanı əlindən salıb sındırdı. Sonra yüzillik sükut çökdü. Sonra Solmaz qışqıra-qışqıra gəlib Məmmədbağırın qolundan dartdı ki, bu saat dur çıx bizim evdən, bir də buralara ayaq basma. Şahin qımıldandı yerində. Hövlnak yerindən qalxıb gəlmiş Gülü xala Şahinin çarpayısına tərəf qaçdı. Məmmədbağır yavaş-yavaş ayağa qalxdı, dedi ki, mən çay içməyib gedərəm, amma sizə baha başa gələr ha; sonra üzünü Şahin tərəfə tutdu. Solmaz o saat dedi ki, otur, otur, dedi, indi çay gətirirəm, iç sonra get.
    Məmmədbağır yerində oturdu.
    Yaman maxorka çəkirsən, dedim, azalt bir az, küçənin o başından gələndə bu başında maxorka iyindən dayanmaq olmur. Nə edim, dedi, deyirsən yanı maxorka da çəkməyim?
    Ya Sibirdən qaçıb, ya da bir başqa yerdən, axırı ki, qaçıb gəlib Ağagül. Nə olar, qaçıb, yenə tutub göndərərlər öz yerinə, bir az da artırarlar işini, çünki on il özözlüyündə az deyil, amma Ağagül üçün azdır, hərçənd Ağagül bu barədə ömründə fikirləşməyib yəqin – uşaqlıqdan bələdəm ona, bir məhəllənin uşaqlarıyıq; özü də ona görə fikirləşməz ki, istəmir fikirləşsin, ona görə ki, bacarmır fikirləşməyi; fikirləşmək üçün gərək adam olasan, Ağagül adam deyildi, şübhəsiz. Ağagülün atası Əzizağa keçən il camaatın yanında dedi mənə: «Alə, ay oğraş, girmədün yerə, satdun uşağı? Əybi yox...» Eybi yox, yəni ki, borclu borclunun sağlığını istər.
    Istəsin də, sağlığını istəmir, lap nəyini istəyir istəsin, bəsdir daha. Ağagül, Qasımı bizim dalanın qabağında bıçaqladı, günün günorta çağında, azı iyirmi-iyirmi beş nəfərin gözü baxa-baxa. Təkcə mən şahid durdum üzünə; özü də məndən xahiş eləyən-zad yox idi, Qasımdan da zəhləm gedirdi, çünki elə Qasım da Ağagülün tayı idi. Şahid durdum ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısı danırdı ki, bir şey görməyb; ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısından zəhləm gedirdi; ona görə ki, Ağagül adam deyildi. Ağagülü «satdım», çünki birinci dəfə idi məhəllənin qanunu pozulurdu, yaxşı da olurdu pozulurdu, çoxunun da canından idi bu, amma mən satqın idim.
    Məmmədbağır ayağa qalxdı, sonra dedi ki, Allah şəfa versin. Sonra getdi. Şahin yatmışdı. Gülü xala mətbəxdə idi, Məmmədbağırın şorba yediyi kasanı, qaşığı, çay içdiyi stəkanı qaynadırdı. Solmaz mizin arxasında oturub heç nə danışmırdı. Soruşdum ki, nə olub, yenə? Dedi ki, nə olub, heç nə, hər şey öz qaydasındadır. Bəsdir, dedim, heç nə olmayacaq, qorxma. Dedi ki, qorxub-eləmirəm, nə olacaq ki, əlbəttə, heç nə olmayacaq. Gedim bir az uzanım, dedim, saat on ikiyə işləyib, lap az qalıb, sabah səhər açılacaq, hər şey yenə əvvəlki kimi olacaq, iyirmi gün bundan qabaqkı kimi yenə əla olacaq hər şey; elə-belə uzanıram yerimdə, yatmıram; mən yanındayam, həmişə yanındayam, dedim, mənim üçün də qorxub-eləmə; Kazımlı dedi ki, hər şey yaxşı olacaq, böhran keçib gedib, işdi-şayətdi dedi...
    Sonra o biri otağa keçib çarpayımızda uzandım. Sonra qapı cəftəsinin səsini eşitdim, yəqin Solmaz bayır qapısını təzədən yoxlayırdı. Sonra Gülü xala ilə Solmazın səsi gəldi, nə danışdıqlarını eşitmirdim. Sonra xəstəxanaya girdim elə bil, hər tərəfdən dərman iyi gəlirdi. Sonra yavaş-yavaş külək əsməyə başladı... Ağagül başının üstündə çəkic fırladırdı; stadion ağzınacan dolu idi, hamısı da bizim məhəllənin adamları, çığır-bağır salmışdılar, Ağagülə ürək-dirək verirdilər. Ağagül uzun göy dizlik geymişdi, əynində rəngi saralmış tor köynək var idi, başına qara kepka qoymuşdu, damağında da papiros. Ağagül sısqa qolları ilə ağır çəkici başı üzərində fırladırdı ki, uzağa atsın. Sonra çəkic Ağagülün başı üzərindən qalxdı göyə. Sonra bütün stadion ayağa qalxdı.
    Ağagül bir əli belində, papirosdan qullab vurub tüstünü bir-bir stadiondakıların üzünə buraxırdı.
    Sonra göydə çəkici gördüm, gördüm ki, bu çəkic deyil, bu Şahindir. Ağagülün yaxasından yapışıb silkələyirdim.
    Sonra Məmmədbağırı gördüm, dedi ki, məni niyə silkələyirsən, sənə nə pisliyim keçib, burax məni, hamama tərəf gedirəm.
    Ağagül hanı, dedim, hanı Ağagül?..
    Gülü xala qışqırırdı ki, dur ay evi viranə qalmış, dur, uşaq gedir əldən, dur demirəm sənə, getdi uşaq...
    Hara getdi, dedim, hara getdi uşaq, nə ağzına gələni danışırsan, yekə arvadsan, ayıbdır səninçün, necə yanı getdi uşaq?! Şahinin sinəsi tavana dəyib qayıdırdı, yenə tavana qədər qalxıb qayıdırdı. Sonra yenə tavana dəyirdi.
    Solmaz qışqırdı ki, yox buraxmaram səni, buraxmaram səni, heç hara getməyəcəksən; sonra qolumdan yapışdı Solmaz, dedi ki, olmaz, qoymaram, getmə. Burax dedim, burax qolumu, Kazımlıgil yaxındır, dedim, özü demişdi ki, gəl durğuz o saat məni, qorxma, dedim, heç nədən qorxma, beş dəqiqəyə gəlirəm, beşcə dəqiqəyə gəlirəm. Sonra onu itələyib dalana çıxdım, sonra küçəyə çıxdım, sonra yüyürməyə başladım.
    Mənə elə gəldi ki, indi canavar görəcəyəm, iki gözü parlayacaq bu zülmətdə, sonra yadıma düşdü ki, haçansa qəzetdə oxumuşdum: bir çoban çomağı ilə dörd canavar öldürüb.
    Bir canavar çomağı ilə dörd canavar öldürüb, çünki bu canavarlar qoyuna girişirmişlər, çünki bu qoyunların arasında quzular da var idi, hərçənd canavarların da küçükləri var idi, yəqin ki, onlar da yetim qalacaqdılar, yəni bəraət eyni idi, amma bir çoban dörd canavar öldürdü.
    Bir çoban dörd canavar öldürüb.
    Tez.
    Tez.
    Tez.
    Məhəlləmizin aşağı başında iki tut ağacı var idi, «Qoşa tut» deyirdik, bu «Qoşa tut»un ətrafı məhəlləmizin cəngəlliyi idi; hamının yolu buradan keçib-gedirdi. Bax, Fazili burada vurmuşdular gecə, Ələkbəri də burada vurmuşdular, Ağarzanı burada vurmuşdular.
    Bıçaqla olsa bacararam.
    Tez.
    Tez.
    Tez.
    Heç olmasa elə vuraydı ki, gedib Kazımlını evə göndərə biləydim, gələydi uşağın üstünə. Gələydi uşağın üstünə.
    Yerimdə mıxlandım, sonra dedim ki, burax məni, burax məni, dedim, nə işin var, qalsın sonraya, indi burax məni. Soruşdu ki, buraxım? Dedim, hə, burax. Anaşadan saralmış sifəti ay işığında güldü, alə, dedi, nə gic-gic danışırsan, iki gecədir tutluqda titrəyə-titrəyə səni gözləyirəm, necə yəni burax məni? Alə, bütün mələnin papağını soxmusan yerə, adam satırsan, indi deyirsən məni burax? Alə, nə çaqqal uşaqsan sən?! Şahin xəstədir, dedim, Şahin ölür, dedim, həkim dalınca gedirəm, Şahini ki, tanıyırsan. Bəs, sən Orxanı tanımırsan dedi, tanımırsan Orxanı? Tanımırdın Orxanı bəyəm atasının üzünə durub tutduranda? Tanımırdın Orxanı məni tutduranda? Nə vaxt, hara desən gələrəm, dedim, indi burax məni. Burada yeddi güllə var, dedi, yeddisi də səninçündür. Gedək, dedim, bir yerdə gedək həkimi çağırım, sonra vur, sonra nə eləyirsən, elə. Məni nə hesab eləyirsən, dedi, kim hesab eləyirsən məni, neçə gündür çıxmışam aradan, neçə gündür ayaq üstəyəm, neçə gündür ac-susuzam, gözümü yummamışam, ölürəm, ancaq sən məndən tez öləcəksən, nöşün ki, kişi döyülsən, oğraşsan.
    Sonra güllə səsi eşitdim, qışqırmaq istədim: KA-ZIM-LI! Qışqırmaq istədim ki, KA-ZIM-LI! Amma vaxtım çatmadı – yenə güllə səsi eşitdim, sonra dəmir cingildədi, sonra Ağagülün zənlə baxan gözlərini gördüm, canavar gözlərini, sonra qışqırdı ki, alə, nə geymisən altdan, dəmir geymisən əyninə? Dəmir geymisən ki, güllə dəyməsin sənə? Bilmirsən ki, kəllənə boşaldaram gülləni? Yenə güllə açıldı, sonra yenə dəmir cingildədi, yenə bir güllə, yenə dəmir cingildədi.
    Sonra bütün ətrafa ölü sükut çökdü, tut yarpaqlarının xışıltısı da bütün bu aylı gecə kimi öldü. Udquna-udquna dedi ki, adə, nə eləmisən özünə, güllə nöşün başıva dəyib yerə düşür, neyləmisən, alə? Sonra qışqırdı ki, üstümə yerimə, üstümə yerimə, qışqırdı, vuraram, dayan, vuraram.
    Dalbadal iki güllə açıldı, iki dəfə də dəmir cingildədi. Bu dəfə mən alnıma dəyib yerə sıçrayan güllələrin zərbəsini hiss etdim və elə bil ki, bu zərbələr məni silkələyib özümə gətirdi: güllə məni tutmurdu, mənim bütün bədənim polad zirehə dönmüşdü.
    Ağagül əlindəki tapançanı yerə atıb qışqıra-qışqıra qaçdı – görünür görkəmim dəhşətli imiş.
    ...Indi də bu əhvalat barədə fikirləşəndə bəzən tərəddüd bürüyür məni: bu həqiqət idimi? Doğrudanmı, o gecə mən Ağagüllə görüşdüm və onun atdığı güllələr məni tutmadı, mənə dəyib yerə düşdü? Fəqət bu tərəddüd əbəs idi, çünki Ağagül əlindəki tapançanı atıb qaçmışdı, mən həmin tapançanı götürmüşdüm, bu, həqiqi tapança idi, içində qalmış güllə də həqiqi güllə idi; sonra həmin tapançanı hamamın yanındakı qanova atdım.
    Mənə elə gəlir ki, əslinə baxsan, burada qeyri-adi, fövqəladə heç bir şey yoxdur, hərçənd bu hadisəni heç kimə danışmamışam, heç Solmaza da. Bu axşam Şahinin çarpayısında oturub ona pələngləri necə öldürməyimdən danışırdım. Çəlik səsi gəldi: tak-tuk, tak-tuk. Solmaz gedib qapını açdı, dedi ki, gəl, gəl içəri, plov bişirmişəm, sənə də bir boşqab pay saxlamışam. Məmmədbağır dedi ki, Allah bərəkət versin, dedi ki, qoy çubuğu boşaldım gəlim. Sonra otağa girdi.
    Maxorka iyi evə doldu.
    Solmaz Məmmədbağırın qolundan yapışıb mizin arxasında oturtdu. Məmmədbağır yerini rahatlayıb salamlaşdı: əssalam-əleykümə. Şahin dedi ki, əleykəssalam. Solmaz bir boşqab plovu gətirib Məmmədbağırın qabağına qoydu. Məmmədbağır da:
    – «Ya Allah!» – deyib yeməyə başladı, sonra da yeyə-yeyə dedi ki, eşitmisiniz, Ağagül dəli olub, dünən tutublar, bulvarda barmağını uzadıb, guya ki, tapançadır, camaata bir-bir güllə atırmış? «–Bom! Bom! Bom!..»
May, 1969.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 780 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more