Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yazmaq üçün xüsusi bir şəraitə ehtiyac duymuram
YAZMAQ ÜÇÜN XÜSUSİ BİR ŞƏRAİTƏ EHTİYAC DUYMURAM

     Uzun illər idi ki, Azərbaycandan, eləcə də, Orta Asiyadan söz düşəndə xiffətlə deyirdik: «Orada bir «kənd» var, gedib- gəlməsək də bizimdir...» Sovet İttifaqının dağılması, türk respublikalarının müstəqillik əldə etməsi ilə yollar açıldı və gedib gördük ki, «kənd» dediyimiz yerdə nəhəng şəhərlər, zəngin muzey və kitabxanalar, gözəl kinoteatrlar var.
     Gördük ki, «kənd» dediyimiz yerdə yaşayan türklərin ədəbiyyatı təkcə Ç.Aytmatovla (yaradıcılığına az-çox bələd olduğumuz!) məhdudlaşmır və zaman keçdikcə onların varlığını daha çox hiss edirik. Bir faktı deyim: Azərbaycanın xalq yazıçısı Elçinin son bir neçə il ərzində Türkiyədə 10-a qədər kitabı yüksək tirajla, həm də nəfis şəkildə nəşr olunmuşdur və onların hər biri geniş oxucu kütlələri tərəfindən rəğbətlə qarşılanmışdır. Güman edirəm ki, böyük yazıçıdan götürdüyüm bu müsahibə də türkiyəli ədəbiyyatsevərlərin böyük marağına səbəb olacaqdır.
     Mühsin ÖZTÜRK: Sizin üçün birinci yerdə nə gəlir: yazıçılıq, yoxsa dövlət məmuru olmaq?
     ELÇİN: Təbii ki, yazıçılıq.
     Mühsin ÖZTÜRK: Bəs yazmağa nə qədər vaxt ayırırsınız?
     ELÇİN: Bu mənim ən böyük problemimdir. Səhərlər yuxudan lap tez qalxıram. Çalışıram ki, işə gedənə kimi bir şey yazım. Bir də, yazı yazmaq üçün xüsusi bir şəraitə də ehtiyac duymuram. Harda olsa yaza bilərəm: təyyarədə, mehmanxanada və yaxud başqa bir yerdə...
     Mühsin ÖZTÜRK: Yəni, yazılarınız sirli-sehrli bir yerdə dünyaya gəlmir...
     ELÇİN: Əlbəttə, bir kənara çəkilib yazmaq ideal variantdır. Təəssüflər olsun ki, belə bir imkanım yoxdur. Amma onu deyim ki, bu cür imkanı olan yazıçını dünyanın ən bəxtəvər yazıçısı hesab edirəm.
     Mühsin ÖZTÜRK: Bir çox əsərlərinizdə məhəbbətlə tənhalığı bir-birinin paraleli kimi işlətmisiniz. Bunu necə başa düşmək olar?
     ELÇİN: Böyük, ciddi ədəbiyyat həmişə insanın mənəvi aləminə müraciət etmişdir. Burada biz son dərəcə əhəmiyyətli bir məqamla insanın tək qalmaq və yaxud tənha olmaq istəyi ilə üzləşirik. İnsan tənha olanda öz-özüylə baş-başa qalır, öz-özüylə dərdləşir, sevinir, kədərlənir, sərt və yaxud mülayim olur, bir sözlə, bütün xüsusiyyətləri üzə çıxır, həm də olduğu kimi. Bəlkə elə buna görə də, ən qüdrətli yazıçılar belə, kamil insan obrazı yaratmaq üçün tənhalıq mövzusuna dönə-dönə müraciət edirlər.
     Mühsin ÖZTÜRK: Belə çıxır ki, ədəbiyyatın başlıca vəzifəsi kamil insan yaratmaqdır...
     ELÇİN: Tamamilə doğrudur.
     Mühsin ÖZTÜRK: Nə vaxt və necə oldu ki, yazmağa başladınız?
     ELÇİN: Bu sualı mənə çox verirlər. İlk hekayəm 1959-cu ildə, 16 yaşımda çap olunub, «Azərbaycan gəncləri» qəzetində. Amma necə olub yazıçı olmaq istəmişəm, yazmağa başlamışam, doğrusu, bu mənim üçün də sirdir.
     Mühsin ÖZTÜRK: Çingiz Aytmatovun ədəbiyyata gətirdiyi bir ifadə var: manqurtlaşmaq. Siz buna necə baxırsınız?
     ELÇİN: Bu məsələnin kökü, bəlkə də insanın yarandığı və yaxud icma halında yaşadığı vaxtlara gedib çıxır. Fərqi yoxdur, istər kapitalizm olsun, istər sosializm, hər ikisində də manqurtlar var. Ümumiyyətlə, o yerdə ki, istismara söykənən ideologiya var, orada manqurtlaşmaq üçün istər-istəməz münbit şərait yaranacaq.
     Mühsin ÖZTÜRK: Siz görkəmli bir yazıçı olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış dövlət adamlarındansınız. Odur ki, istəyirəm sualın yönünü bir qədər dəyişəm: güclünün bir silahı da manqurtlaşdırmaq deyilmi?
     ELÇİN: Bilsəm ki, manqurtluq əleyhinə çoxlu fikir söyləməklə bu problemi həll edəcəyəm, çox məmnun olardım. Amma, təbii ki, bu mümkün deyil. Burada məsələ başqa cürdür: ideologiya var, cəmiyyət var. Lap sadə bir misal çəkim: manqurtlaşdırmaq Şərin işidir, elə deyilmi? Ədəbiyyat ilk nümunələrindən - laylalardan tutmuş ta bugünkü əsərlərə qədər həmişə Xeyirlə Şərin mübarizəsini təsvir etmiş və Xeyrin tərəfində olmuşdur. Bu baxımdan yanaşanda, gərək indiyə kimi yer üzündə şər adında bir şey qalmayaydı. Amma belə deyil. Çünki bu, cəmiyyətin təməlində olan bir məsələdir və yeri gəldikcə özünü göstərir.
     Mühsin ÖZTÜRK: Sovet İttifaqı dağıldıqdan sonra belə məlum oldu ki, sizdə fizika, riyaziyyat və digər fənlərlə yanaşı tibb elmi çox inkişaf edib, amma sosial elmlər geridə qalıb. Bu barədə nə deyə bilərsiniz?
     ELÇİN: Biz, doğrudan da, dünənə qədər sosialist iqtisadiyyatını öyrənirdik. Bu gün isə birdən-birə bazar iqtisadiyyatına keçmişik. Şübhəsiz ki, üç-beş günün içində böyük nailiyyət qazanmaq olmaz. Vaxt lazımdır. Amma deyim ki, bizim ədəbiyyatşünaslığımız, ədəbi tənqidimiz, dramaturgiyamız, nəsrimiz, eləcə də poeziyamız Avropa standartları səviyyəsindədir. Bizdə bir məsəl var, deyir, yüz dəfə imama ağlayanda, bir dəfə də Yezidə ağla. Biz Sovet hökumətini mütəmadi olaraq tənqid edirik, - haqlıyıq. Amma onun yaxşı cəhətləri də olub axı. Təsəvvür edin ki, klassik dünya ədəbiyyatı: az qala, küll halında Azərbaycan dilinə tərcümə olunub. Bu bir həqiqətdir. Bu gün Türkiyədə, eləcə də Azərbaycanda mənim kitablarım min tirajla nəşr olunur. Amma 15 il bundan əvvəl «Mahmud və Məryəm» romanım Bakıda 360 min tirajla çıxmışdı...
     Mühsin ÖZTÜRK: Bəs necə oldu ki, bu rəqəm birdən-birə 360 dəfə azaldı?
     ELÇİN: Məsələ bundadır ki, müstəqillik əldə edən kimi bir çox problemlərlə üzləşdik. Bu gün kitabların az satılmasının birinci səbəbi heç şübhəsiz ki, əhalinin iqtisadi vəziyyətinin nisbətən aşağı olmasıdır, ikinci səbəbi cəmiyyətin siyasiləşməsidir, üçüncü səbəbi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Hazırda Azərbaycanda 1 milyon qaçqın var, yəni, hər yeddi-səkkiz nəfərdən biri qaçqındır. Yuxarıda sadaladığım problemlər, doğrudan da, ədəbiyyata, ümumiyyətlə, sənətə güclü təsir göstərdi.
     Mühsin ÖZTÜRK: Belə bir fikir var ki, ingilis dilində çıxan bir kitab dünyanın bir çox ölkəsində asanlıqla satılır. Ərəb dilində çıxan kitab da bütün ərəb ölkələrində oxucu tapa bilir. Amma türk dünyasında belə deyil. Türkiyədə dərc olunan kitab Türkiyədə, Azərbaycanda dərc olunan kitab isə Azərbaycanda satılır. Bunun səbəbi nədir?
     ELÇİN: Deyə bilmərəm, nə dərəcədə doğrudur, amma belə bir fikir var: ərəb dilində çıxan bir kitabı suriyalı da, misirli də, iraqlı da alıb oxuya bilir, amma onlar danışanda bir-birlərini başa düşmürlər. Bunun səbəbi nədir? Quran! Quran ərəb ədəbi dilini formalaşdırdı və qorudu. Amma türkdilli xalqların ədəbi dillərini formalaşdıracaq belə bir ortaq abidə yox idi. Hər halda, ortaq abidəmiz olan «Kitabi-Dədə Qorqud» dastanı bu cür rol oynamayıb. Mənə elə gəlir ki, bu, türklərin köçəri həyat tərzi keçirmələrindən irəli gəlir. Bu zaman mənsub olduğun mədəniyyəti qoruyub saxlamaq mümkün deyil - zəbt etdiyin yerdə yaşayan xalqların mədəniyyətlərini nə qədər dəyişdirsən də, özün də onlardan nə isə götürməli olursan.
     Mühsin ÖZTÜRK: Azərbaycanda çox gözəl kino və teatr binaları var. Bu gün onların fəaliyyəti nə yerdədir?
     ELÇİN: Bu yaxınlarda yeni bir pyesim tamaşaya qoyuldu. Salon ağzına kimi dolu idi. Deyə bilərəm ki, artıq bu gün teatr özünə kifayət qədər tamaşaçı toplaya bilib.
     Mühsin ÖZTÜRK: Türkiyədə kitablarınız tez-tez nəşr olunur. Buna müvafiq olaraq, türkiyəli oxuculannızın da sayı gündən-günə artır. Bu sizdə nə kimi duyğular oyadır?
     ELÇİN: Əsərlərim bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. Əlbəttə, dünyaya açılmaq xoşdur, amma mənim üçün Azərbaycanda və məmləkətim hesab etdiyim Türkiyədə dərc olunan kitablar daha əzizdir.
2001.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 522 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more