Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-XXI əsrdə görüşərik
XXI ƏSRDƏ GÖRÜŞƏRİK... (Üçüncü müsahibə)

     -Elçin müəllim, çox istərdim, siz mənsub olduğunuz ədəbi nəsil haqqında söz açasınız. Sizin ədəbi nəsli «altmışıncılar» adlandırırlar və dönə-dönə qeyd edirlər ki, (elə mən özüm də) bu ədəbi nəsil ədəbiyyata yeni bir ab-hava, nəfəs gətirdi. Onu da gizlətmək lazım deyil ki, bu fikir bəzilərinə xoş gəlmir...
     -Vaqif, sən doğru deyirsən, bizim ədəbi nəslin yaradıçılığından söz açanda bəziləri əsəbiləşir. İndi biz ədəbiyyata təzə bir hava, təzə bir nəfəs gətirmişik, ya gətirməmişik - bu, ayrı söhbətdir. 60-cı illər ədəbiyyatından söz düşəndə bəziləri elə zənn edir ki, söhbət 60-cı illər ədəbi nəslindən gedir. Ola bilsin, siz tənqidçilər vurğunu daha çox bizim ədəbi nəslin yaradıcılığı üzərinə salırsınız. Məncə, 60-cı illərdə yaranan əsərlərin içində 60-cı illər ədəbi nəslinə mənsub olmayanların da əsərləri çoxdur. 60-cı illərdə poeziyada yaşlı və orta nəsildən olan şairlər gözəl əsərlərini yaratdılar. İlyas Əfəndiyevin roman və povestləri, İsmayıl Şıxlının «Dəli Kür»ü, İsa Hüseynovun povestləri də altmışıncı illərin məhsulu idi. Deməli, «altmışıncı illərdə yaranan ədəbiyyat»la (burada artıq müxtəlif ədəbi nəsillərin fəaliyyəti nəzərdə tutulur), «altmışıncı illərdə ədəbiyyata gələn nəslin yaradıcılığı»nı bir-birinə qarışdırmaq olmaz.
     Ədəbiyyatın ümumi inkişafı ilə nəsil seçimini və fərqləndirilməsini bir-birinə qarşı qoymaq doğru deyil.
     İkinci bir hal. «Altmışıncılar»ın yaradıçılığından söz düşəndə nədənsə 4-5 müəllif xatırlanır - Anar, Elçin, Ə.Əylisli, İsi Məlikzadə, bir də İbrahimbəyov qardaşları. Ancaq «altmışıncılar» yalnız bu adlarla bitmir...
     -Elə isə belə bir sual: Sizin ədəbi nəsil ədəbiyyatda (söhbət, əlbəttə, nəsrdən gedir) hansı məxsusi xüsusiyyətləri ilə seçilə, fərqlənə bildilər?
     -Bu suala cavab vermək üçün bir az uzaqdan başlamaq istəyirəm. Götürək XIX və XX əsrlərdə yaşayan üç böyük sənətkarı - Mirzə Fətəli Axundovu, Üzeyir Hacıbəyovu və Cəlil Məmmədquluzadəni. Onların böyüklüyü nədən ibarət idi? Ondan ibarət idi ki, bir tərəfdən, bu böyük sənətkarlar bütün varlıqları ilə milli köklərə, qaynaqlara bağlı idilər, Azərbaycan folkloru, Azərbaycan mənəviyyatı, Azərbaycan güzəranı və Azərbaycan psixologiyası onların yaradıcılığından qızıl xətt kimi keçirdi. Digər tərəfdən isə, onlar Azərbaycan dünyasını Avropa səviyyəsində təqdim edirdilər. Məsələn, Mirzə Fətəli Azərbayçan ədəbiyyatının qətiyyən tanımadığı bir janrı-dramaturgiyanı yaratdı. Bu janrı Azərbaycan ədəbiyyatının milli faktoruna çevirdi. Axundovdan sonra gələnlər onun bu yolunu davam etdirdilər. İndi mən sual edirəm, niyə Məşədi İbad, ya ondan əvvəl Hacı Qara bir əsər qəhrəmanı olmaqdan çıxıb xalqın sevdiyi qəhrəmanlara çevrildilər?
     Üzeyir Hacıbəyov Avropa musiqisinin yüz illərlə keçdiyi bir mərhələni «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər olan bir dövrdə, 30 ilə keçmədimi? Bu, həmin o iki mədəniyyətin qovuşması, daha doğrusu, Azərbayçan mədəniyyətinin Avropa səviyyəsində (əlbəttə, öz milli xüsusiyyətlərini zərrə qədər itirmədən!) təqdimi deyildimi?
     İndi konkret, keçək bizim ədəbi nəslə. Əkrəm Əylisli - kənddə böyümüş bir adam - Azərbaycan mentalitetinə bələd bir yazıçı, Azərbaycan güzəranını qədərincə bilən bir nasir... O biri tərəfdən, dünya ədəbiyyatına vaqif olan bir şəxs. Və o yazını ki, başqası istedadla yazardı, amma primitiv yazardı, Əkrəm Əylisli o yazını istedadla yazdı və eyni zamanda, primitivcəsinə yazmadı - bunun özü dediyiniz suala cavab deyilmi? (Hərçənd ki, son illərdə Əkrəm Əylisli özünə çox vurğundur, bəzən bu vurğunluq o dərəcəyə çatır ki, özünü XX əsr Azərbaycan ədəbiyyatında ən böyük yazıçı hesab edir və mən müsahibələrimdə Əkrəmin bu ifrat özünəvurğunluğunu, özündən beləçə hədsiz razı olmağını, həmçinin başqa yanlış fikirlərini tənqid eləmişəm).
     Digər tərəfdən, 60-cı illərin özü maraqlı bir dövr idi, bu dövr yeni təfəkkürü, həyata, gerçəkliyə bu təfəkkürlə yanaşan, hakim ideologiyaya qarşı daxilən müxalifətdə olan insanlar yetişdirdi. Təbii ki, daha əvvəlki ənənəvi üsullarla yazmayan, əvvəlki stereotipə qarşı çıxan yazıçılar da yetişməliydi. Özü də bu proses təkcə Azərbaycan mühitinə yox, bütünlüklə keçmiş SSRİ məkanına aid idi.
     -Elçin müəllim, siz ədəbiyyatımızın sabahı olan neçə cavan şairə, nasirə, tənqidçiyə xeyir-dua vermiş, onların yaradıcılığı haqqında ilkin söz demisiniz. O cavanlar sizi minnətdarlıqla xatırlayır və sevirlər. Hətta siz Yazıçılar İttifaqanın katibi və «Vətən» Cəmiyyətinin sədri olanda o cavanların bəzilərinin ilk kitablarının nəşrinə də qayğınızı əsirgəməmisiniz. Amma indi Siz daha yüksək postdasınız - Baş nazirin müavinisiniz və çavanların bir çoxu sizdən çox şey umurlar: kimi evsizdir, ev istəyir, kimisinin kitabı çıxmır. İndi necə, qayğınızı hiss edirlərmi?
     Vaqif, qabaq belə idi ki, Azərbaycan Yazıçılar İttifaqı deyilən bir təşkilat vardı, o İttifaq, əslində, nazirlik kimi bir orqandı. O, hər il evi olmayanlara ev paylayırdı, maşın növbəsinə dayananları maşınla təmin edirdi, xəstələnmiş yazıçını, ya onun ailə üzvünü istənilən xəstəxanaya yerləşdirmək üçün Səhiyyə Nazirliyinə müraciət edirdi və bu işi müsbət həll edirdi, kitabı gec nəşr olunan yazıçının kitabının çapını sürətləndirirdi, istirahət etmək istəyən yazıçını İttifaqın müxtəlif yaradıcılıq evlərinə göndərirdi və s. və 1. a. Amma indi bütün bunlar mümkün deyil. Biz keçmişik bazar iqtisadiyyatına. Daha ev yoxdur və paylanmır. Olmayan şeyi necə alıb verəsən? Şübhəsiz, mən də bunun əzabını çəkirəm. İki ildir ki, evsiz-eşiksiz Adil Mirseyidə ev düzəltməyə çalışıram, hələ ki bir şey çıxmır... Yaxud, kitab məsələsi... Atamın - İlyas Əfəndiyevin son pyeslərindən ibarət bir kitabını nəşr etmək üçün bir sponsor tapa bilmirəm. Vaqif Mustafayevlə bir yerdə film çəkmək istəyirik. Maliyyə məsələsi həll olunmadığından qalıb belə. O ki qaldı cavanların yaradıcılığı haqqında söz deməyə... işim nə qədər çox olsa da, onların yaradıcılığını izləyirəm. Elə hesab edirəm ki, ədəbiyyata gələn hər bir istedadlı gəncin özündən yaxşı sənətkarın sözünə ehtiyacı var. Heç üzünü görmədiyim Rasim Qaraca adlı çavan bir şairin şerlərini oxumuşdum və bu şerlər öz orijinallığı ilə mənə çox qəribə təsir bağışlamışdı, oturub bu şerlər haqqında bir məqalə yazdım. Yəqin sənin bütün bunlardan xəbərin var ki, mən vaxtilə Vaqif Cəbrayılzadənin Moskvada çıxan kitabına ön söz yazmışam, Rafiq Tağının, Saday Budaqlının, Baba Vəziroğlunun hekayələri haqqında ayrıca məqalələr yazmışam, çox olub belə şeylər. Kamil Vəliyevin, Kamal Abdullanın, sənin özünün, Rəhim Əliyevin bir çox başqalarının ilk kitabları mənim ön sözüm, ya redaktəmlə nəşr olunub...
     -Sizi həm də kövrək, həssas bir yazıçı kimi tanıyıram. Çox olub ki, dostlarınızdan, yaxud dostunuz olmasa da, istedadlı qələm sahiblərindən kiminsə ölümü sizi sarsıdıb və bu kədəri dərhal bir yazıda ifadə etmisiniz. Elçin müəllim, bu ədəbi aləmdə ən çox kimin ölümünə təəssüflənmisiniz?
     -Həyatdan hansı yaşda getməyindən, o adamın (yəni söhbət yazıçılardan gedirsə) yaxşılığından, pisliyindən asılı olmayaraq həmişə təəssüf hissi keçirmişəm. Əlbəttə, ilk növbədə, atam yadıma düşür... Mən yaşlı ədəbi nəslin çoxu ilə səmimi münasibətdə olmuşam və əlbəttə Süleyman Rəhimovun, Əli Vəliyevin, Rəsul Rzanın, S.Rüstəmin, Mirzə İbrahımovun, İmran Qasımovun, İshaq İbrahımovun, Abbas Zamanovun, Qulam Məmmədlinin, Ənvər Məmmədxanlının, Əliağa Kürçaylının, Bayram Bayramovun, Qasım Qasımzadənin, nə bilim, nə acı ki, saymaqla qurtaran deyil, ölümünə təəssüflənirəm.
     Hələ o vaxtsız ölümləri demirəm... İlk növbədə, son dərəcə istedadlı şair - bənzərsiz şair Əli Kərimə təəssüflənirəm. Aramızda 12 il yaş fərqi olmasına baxmayaraq son dərəcə səmimi münasibətlərimiz vardı, 4 il eyni binada yaşamışıq, oturub yeyib-içməyimiz də olub, ədəbiyyat haqqında qızğın söhbətlərimiz də. Əli Kərimin yaradıcılığı ilə, onun istedadı ilə şəxsiyyəti üst-üstə düşürdü, bir-birini tamamlayırdı. Çox az danışırdı, amma yenə təkrar edirəm, çox səmimi bir adam idi.
     Mən çox təəssüflənirəm istedadlı bir nasir olan Sabir Süleymanovun həyatdan vaxtsız, çox qəfil getməyinə. Onunla da çox yaxın münasibətlərimiz vardı. Sonra Fərman Kərimzadənin vəfatı, sonra İsi Məlikzadənin ölümü, sonra iddiasız bir adam olan Sabir Almazovun ölümü. İsi Məlikzadə bilirsən ki, mühəndis idi, amma öz sənətinin ardınca getmədi, bəlkə də getsəydi, firavan həyat keçirərdi, amma mühəndisliyi atıb «Ulduz» jurnalında işə girdi. Cavan olmasına baxmayaraq, İsi Yazıçılar İttifaqanın Rəyasət Heyətinə üzv seçilmişdi və biz o illərdə sevinirdik ki, bizim ədəbi nəsildən bir nəfər rəyasət heyətinin üzvüdür. Sabir Almazov da birdən-birə öldü, ölümündən sonra götürüb şerlərini oxudum və gördüm ki, doğrudan da, bu, gözəl şair imiş. Heyif ondan!
     Daha bir qəfil, nakam ölümü xatırlayıram, çox da pərişan oluram. Fərid adında bir cavan var idi. Hekayələrini götürüb gəlmişdi yanıma, bu hekayələri oxudum və mənə maraqlı göründü, götürüb «Azərbaycan» jumalına təqdim etdim, bir balaça söz də yazdım. Amma jurnalda hekayələri çıxmamış eşitdim ki, Fərid özünü öldürüb...
     Sən bilirsən ki, mən Aydın Məmmədovla çox yaxın olmuşam, bir kursda oxumuşuq, sentyabrın 1-də tanış olduq, sentyabrın 2-də isə artıq dost idik. Onunla çox acılı-şirinli günlərimiz olub. Bu günün özündə də inana bilmirəm ki, Aydın Məmmədov dünyada yoxdur.
     Araz Dadaşzadənin də, Yusif Səmədoğlunun da, Çingiz Ələkbərzadənin də vəfatı mənə çox ağır zərbə oldu. Yusif az yazsa da, həqiqi mənada istedad sahibi idi. Mən onu bir yazıçı kimi «Foto-fantaziya» hekayəsindən bəyənmişəm. Adam necə inansın ki, Rəfiq Zəka kimi şux təbiətli, koloritli bir adam indi həyatda yoxdu?
     -Elçin müəllim, Allah bütün bu ölənlərə rəhmət eləsin, ruhları şad olsun, bircə təsəllimiz var ki, heç kim unudulmur, sizin adlarını çəkdiyiniz o istedadlı sənətkarları nə xalq, nə də tarix unudacaq.
     İstərdim ki, yaradıcılıq psixologiyası ilə bağlı bəzi məqamlara toxunaq. Əsərlərinizi necə yazırsınız?
     -Yaradıçılıq psixologiyası çox mürəkkəb bir aləmdir, mən deyərdim, son dərəcə fərdi bir prosesdir (hətta istəmişəm bu barədə bir kitab yazam).
     Təsəvvür elə ki, bir romanı yazmaq üçün bütün qeydlər hazırdır, sadəçə olaraq oturub onu yazmaq lazımdır, yəni oturub yazmaq üçün vaxt lazımdır, amma bu vaxtı tapa bilmirsən. 77-ci ildə mən xəyalımda dolandırdığım belə bir romanı yazmaq üçün xüsusi olaraq yaradıcılıq evinə «putyovka» götürdüm. Gəldim yaradıcılıq evinə və fikirləşdim ki, daha hər şey hazırdır, bircə yazmaq qalır, 20 günə bu romanı yaza bilərəm. Oturdum birinçi gün nə elədimsə, birinci çümləni yaza bilmədim. Məndə də belə bir xasiyyət var ki, birinci cümlə (yəni mənim istədiyim birinci çümlə) yazılandan sonra hər şey rəvan gedir və çox sürətlə yazıram... Nə isə.. ikinci gün də oturdum və yenə o birinci çümlə yazılmadı. Əkbər Ruhi adlı əslən azərbaycanlı bir türkmən yazıçısı var idi, dedi bir düşək bufetə, bir-iki qədəh vuraq, ondan sonra yazacaqsan. Hərçənd, mən içki içəndə yaza bilmirəm, amma bunu da sınaqdan keçirdim, yenə alınmadı. Birdən-birə Şuşa yadıma düşdü, oradakı məşhur istirahət evini xatırladım, Şuşanın özünəməxsus təbiəti yadıma düşdü və mən qətiyyən hazırlaşmadan «Şuşaya duman gəlib» hekayəsini yazmağa başladım. Ondan sonra həmin yaradıcılıq evində-Dubultıda «Toyuğun diri qalması»nı yazdım. Heç bu haqda da qətiyyən fikirləşməmişdim. Deməli, Dubultıda iki əsəri biməfəsə yazdım. Halbuki, mən ora roman yazmağa getmişdim, amma o romanı yaza bilmədim.
     O ki qaldı «Mahmud və Məryəm»ə...
     Bu roman fikrimdə hazır idi, tarixi səpkidə olduğu üçün Şərq fəlsəfəsi ilə bağlı xeyli kitab oxumuşdum, «Dədə Qorqud»dan «Koroğlu»ya qədər bütün dastanları oxumuş, «Əsli və Kərəm»in bütün nəşrləri ilə tanış olmuşdum, romanın planı da beynimdə hazır,.. amma, yenə də oturub yaza bilmirdim, həmin o birinci cümlə alınmırdı. Ən azı 50 birinci çümlə yazmışdım, amma mən arzuladığım birinci cümlə olmadığı üçün ardı gəlmirdi.
     Axşam oturmuşdum evdə, işıqlar da yanmırdı, birdən-birə yenə Şuşanın dağları, atamın danışdığı o xatirələr yadıma düşdü. Səhər durdum, gəldim İmran Qasımovun yanına. Dedim, mənə bir aylıq məzuniyyət ver (söhbət 81-ci ildən gedir). Birtəhər razı sala bildim. Musa Yaqub o zaman İsmayıllıda qəzet redaktoru idi, zəng elədim ona ki, gəlirəm İsmayıllıya. Amma xahiş elədim ki, mənə Talıstan kəndində bir ev kirayə elə, bir kənd evi olsun, oturacağam orda, özü də bundan heç kimin xəbəri olmasın, heç kimə də demirsən mən Talıstandayam. Özüm Füzuliyə, Şuşaya getmədim ki, qohum, dost-tanış çoxdu, gəlib arayıb-axtaracaqlar və beləliklə... Heç nə alınmayaçaq, İsmayıllıda Musa məni qarşıladı və əlbəttə, çox narazılıq elədi ki, mənim evim dura-dura niyə kirayə ev axtarırsan. Ancaq məni başa düşdü və dedi ki, bu kənddə bir traktorçunun evi var, onu bələdləmişəm. Gəldik o evə, çox qəşəng, gözəl həyəti vardı, ağacla dolu idi, bir alma ağaçı da var idi ki, üstündə almalarının sıxlığından budaqları yerə dəyirdi, lap çətirə oxşayırdı bu görkəmiylə. O ev sahibinin adı Əlləzi idi və biz tezliklə onunla dostlaşdıq, axırda elə oldu ki, məndən heç pul almadı. Bir stol qoydum ora, bir də makina. Gün çıxandan gün batana hər gün oturub «Mahmud və Məryəm»i yazmağa başladım. 18 günə, demək olar ki, birnəfəsə yazdım. Hətta elə olurdu yeməyə də getmirdim. Elə bil kimsə mənə diqtə edirdi və mən dayanmadan elə hey yazırdım. Ümumiyyətlə, mən bütün bədii əsərlərimi biməfəsə yazmışam - birçə «Ölüm hökmü»ndən başqa. Tənqidi yazıları isə biməfəsə yazmaq mümkün deyil, bunu özün bilirsən. Çox vaxt hər hansı bir əsərin süjetini heç fikirləşməmişəm. Məsələn, «Baladadaşın ilk məhəbbəti»ni yazanda onun süjeti mənə bəlli deyildi, təsəvvürümdə canlandırmamışdım, yalnız makinanın arxasında oturanda başladım yazmağa. Bəzi başqa hekayələrim də belə. Və hansı şəraitdə yazmağımın da mənim üçün bir elə fərqi yoxdur. Yazıçı var ki, onun məxsusi yazı stolu var, ondan başqa heç harda yaza bilmir. Yazıçı var ki, ideal sakitlik olanda yazır. Mənim üçün isə bütün bunların elə bir mənası yoxdur. Mən təyyarədə də yazmışam, adi bir stol arxasında da... bir sözlə, harda gəldi.
     -Siz Yazıçılar İttifaqının katibi və «Vətən» Cəmiyyətinin sədri işləmisiniz, indi də Baş nazirin müavini. Bunların hər biri məsul vəzifələrdir və bu məsul vəzifələr yazıçı Elçini, vaxt mənasında seytnota salmayıb ki?
     -Mən işləyən yazıçıyam və bu mənada hansı vəzifədə olur- olsun, bir yazıçı və tənqidçi kimi «işlək» olmuşam, heç bir vəzifə və bu vəzifənin mənim üçün məhdudlaşdırdığı vaxt mütləq bir təsiredici faktora çevrilməyib.
     -Söhbət ki, vəzifədən düşdü, bir sual da yerinə düşür: yazıçı var ki, keçir vəzifəyə, bu vəzifənin onun insani keyfiyyətlərinə hardasa mənfi təsiri də olur, əldə etdiyi kreslo və kabinetlə o qədər qürrələnir ki, hətta ən yaxın dostlarına belə üz çevirir, sanki həmin adam deyilmiş. Get-gedə karyerizm onun şairliyini, yazıçılığını da əlindən alır. Bu mənada Baş nazirin müavini Elçində bir dəyişiklik əmələ gəlibmi?
     -İnsani çəhətdən dəyişilib-dəyişilmədiyimi mənimlə ən yaxın ünsiyyətdə olan adamlardan biri kimi sən bilirsən. Güman edirəm ki, sən deyən mənada məndə heç bir dəyişiklik yoxdur. Bu vəzifəyə gəlməmişdən qabaq hansı Elçin idimsə, indi də həmin Elçinəm. Və bu vəzifədən gedəndən sonra da həmin Elçin olacağam.
     Özün bilirsən ki, Baş nazirin müavini çox ciddi vəzifədir, burada elə məsələlər meydana çıxır ki, o məsələlərin yazıçılığa heç bir dəxli yoxdur. Amma mən bu vəzifədə işlədiyim 5 il ərzində 6 komediya yazmışam, «Aşıq poeziyasında «Dünya» obrazı» monoqrafiyamı çap etdirmişəm, vaxtilə Ü.Hacıbəyov haqqında yazdığım monoqrafiyanı başa çatdırmışam, N.Nərimanov və M.Ə.Rəsulzadə haqqında kitabça yazmışam, dövrü mətbuatda neçə-neçə məqalə çap etdirmişəm...
     -Elçin müəllim, sizin hekayə və povestlərinizdə, eləçə də «Mahmud və Məryəm» romanında sevgini, bu ali insan hissini təsvir edən səhnələr çox təsirlidir, bunları, ancaq o sevgini yaşayan, duyan insan qələmə ala bilər. Sevgiyə münasibətiniz?
     -Mənim aləmimdə həyat məhəbbət deməkdnr, dünya, kainat eşq ilə yaşayır. Allahın çox adı var və mənə elə gəlir ki, o adlardan biri də böyük hərflə yazılan Məhəbbətdir. Sənin bu sualına ağlamalı cavab verə bilməyəçəyəm.
     -Böyük sevgi ilə yaşayanlar musiqini, muğamı çox sevirlər...
     -Rəhmətlik Məmməd Cəfər müəllimin bir sözü var idi. Deyirdi ki, evə gec gəlirsən, girirsən yerinə, uzanırsan, çevrilirsən o yan-bu yana, yuxuya gedə bilmirsən və sanki içində bir filosof boylanır, başlayır deməyə ki, ay Məmməd Cəfər, bayaq o nə idi elədin, o işi niyə elədin, nəyə görə, nə səbəbə. Deyir, deyir, səni atəşə tutur və sən də söz verirsən ki, daha eləməyəcəyəm, beləliklə, danışa-danışa yuxuya gedirsən. Səhər durursan və o filosof da yox olur, bir də axşam gəlir. İndi məndə də, içimdən o filosof boylananda, bir müğamat ovqatı yaranır mənim üçün: Hacıbaba Hüseynovun «Rast»ı, Rübabənin «Humayun»u, Sara Qədimovanın «Qatar»ı, Şövkətin «Segah»ı, Yavər Kələntərlinin «Simayi-Şəms»i, Fatmanın «Kəsmə şikəstəsi», Seyidin «Heyratı»sı, Zülfü, Həqiqət...
     -Bəs o aləmdə Alim Qasımovun yeri yoxdu?
     -Bilirsən, Vaqif, Alim çox gözəl sənətkardır, amma onun yolu məni açmır. Ola bilər, səhv edirəm. Baxışından görürəm ki, sən başqa fikirdəsən, mənimlə razılaşmırsan.
     -Elədir, Elçin müəllim.
     -Nə olar, demokratiyadır, Vaqif.
     -Söhbət ki, demokratiyadan düşdü, biz bu sözü çox işlədirik, amma sözün əksi olan antidemokratiya halları da baş alıb gedir.
     -Demokratiya elə bir şey deyil ki, onu küçədən tapıb cibinə qoyasan. Hər şey tədricən olmalıdır...
     -Elçin müəllim, söhbətə başlamamışdan əvvəl dediniz ki, bu gün nəvənizin ad günüdür. Təbrik edirəm. Yəqin ki, o ad günündə bütün ailə üzvləriniz iştirak edəcək.
     -Sual verməsən də hiss edirəm ki, bununla oxuculara ailəmiz haqqında informasiya vermək istəyirsən. Çox gözəl! Bu fani dünyada iki qardaşıq - mən, bir də qardaşım - İnçəsənət İnstitutunun rektoru, professor Timurçin Əfəndiyev. Onun iki oğlu, bir qızı var. Mənim həyat yoldaşım sənətşünasdır, müsiqiçidir, onun «Şekspir pyeslərinə Q.Qarayevin musiqisi» adlı monoqrafiyası çap olunub. 3 qızım var: Günay, Humay, Aysu. Humay dünyaya gələndə rəhmətlik Yusif Səmədoğlu zəng vurub təbrik elədi. Zarafatla dedim Yusifə ki, düşdüm sənin gününə. Dedi ki, evdə kişi bir nəfər olar! Yəqin bilirsən ki, Yusifin də 2 qızı var. Böyük qızım Günay Bülbül adına musiqi məktəbini qızıl medalla bitirib, sonra tibb universitetini qırmızı dipomla bitirdi. Hekayələr yazır. Ailəlidir. İkinçi qızım Humay da musiqi təhsili alıb. İki ali təhsili var, BDU-nun Beynəlxalq hüquq fakultəsini əyani bitirib, qiyabi isə Qərb Universitetinin Politologiya fakültəsini. Hər ikisini qırmızı diplomla. Bunların arasında 10-12 yaş fərqi var. Aysu isə orta məktəbdə oxuyur.
     -Elçin müəllim, bax bu saat biz XX əsrin son günlərindən birini yaşayırıq. Siz özünüzü XXI əsrdə necə görürsünüz?
     -Mən özümü XXI əsrdə XX əsrdən qalmış, XX əsrin adamı olan bir insan kimi görür və hiss edirəm. Həyat sürprizlərlə doludur, amma mən heç vaxt XXI əsrin adamı olmayacağam. Allah lazım bilsə, XXI əsrdə də yaşayacağam, amma XXI əsrdə yaşaya- yaşaya XX əsrin adamı olub qalacağam. Bax bu gün - 22 fevral 1999-cu ildə mənim nəvəm balaca Eldarın 2 yaşı tamam olur, XII əsrin adamı odur.
Müsahibəni Vaqif Yusifli apardı.
1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 583 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more