Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Xüsusi sifariş
XÜSUSİ SİFARİŞ


    Zaman – 1990 və 2005-ci illərin avqust ayı.
    Məkan– Bakı şəhəri.
    Otaq bomboşdur.
    Birinci kişi (qapını açıb, otağa girir). Olar? Heç kim yoxdu ki... Pəh! Pəh! Pəh! Bu nə qiyamətdi! Bu nə aləmdi, a kişi?! (Əlində portfel, otağın ortasında dayanıb heyran-heyran hər tərəfi nəzərdən keçirir.) Elə bil, qızıldan düzəldiblər buranın divarlarını!.. Mən hələ ömrümdə belə şey görməmişəm!.. Istəyəndə düzəldirlər də!.. Əcəb Qonaq Evidi!.. Mən axmaq da, həmişə Bakıya gələndə gedib səfeh mehmanxanalara düşürəm... Sağ olsun o süpürgəçi qarı! Yaşasın! Yaxşı göndərdi məni bura! Pulu da elə mehmanxana kimidi də, amma gör nə aləmdi!.. Maşallah!.. Televizora bax e!.. (Gəlib az qala divar boyu böyük ekranın qabağında dayanır.) Gör nə qədər düyməsi var!.. Yaponların işidi bu!.. Bəs qonşum hanı? Aşağıda dedilər axı, bir adam da var burda... (Qulaq asır.) Vannadadı deyəsən... (Yenə ətrafa nəzər salır.) Vay səni!.. Vallah, mən doğrudan belə şey görməmişəm! Elə bil, otaq deyil, təyyarəçinin kabinəsidi! Bunlar nədi belə? (Yaxınlaşıb diqqətlə divardakı cürbəcür düymələrə, işarələrə baxır.) Gör də!.. Səhərdən axşamacan hambal kimi işlə ki, işləyirəm, ona görə də dünyadan xəbərim yoxdu!.. Gör Bakıda necə Qonaq Evi var!.. Mən elə bilirdim Qonaq Evində təkcə sekanın işçiləri qalır... Vallah, deyəsən, doğrudan-doğruya demokratiya başlayır... Mən hara, belə Qonaq Evi hara? Özü də ki, ucuz!.. Bu nədi belə? Mizdi? Yəqin mizdi də... (Portfelini qaldırıb mizin üstünə qoyur.) Eh!.. Ömür keçir gedir, amma bir gün görmədik bu dünyada... Əşşi, mənimki heç... Təki bunların canı sağ olsun!.. Təki bunlar xoşbəxt olsun!.. Mənim payıma düşən bu dünyada, bunların payına düşməsin!.. (Portfelindən iki fotoşəkil çıxarır.) Bu Gülüş!.. Bu da Könül!.. Deyir ki, (yamsılayır) – «Papa, şəklimizi götürmüsən özünlə?» – Əlbəttə, götürmüşəm! Beş gün qalacam burda, bəs sizin, heç olmasa, şəklinizi görməyim? Ürəyim partlar ki!.. Əşşi, şeytanın biridi! Guya, bilmir bunları? Elə bildiyi üçün naz eləyir də, mamaşka, nazlanır. Gülüş də eləcə!.. Nə isə, xoşbəxt olsunlar! (Fotoşəkilləri mizin üstünə qoyur. Sonra portfelindən kağız bağlama çıxarır və açır.) Bu çörək, bu pamidor, bu yumurta, bu da pendir... Vəssalam də!.. Sənə day nə lazımdı, ay zalım? (Yenə otağı nəzərdən keçirir.) Düzdü, belə qiyamət yerdə bir yüz qram da vurmaq olardı ceyran südündən, amma eybi yox... Qalsın gələn dəfəyə. Gələn dəfə də gəlib bura düşəcəyəm. Gülüş deyir ki, (yamsılayır) – «Papa, neynirsən bunları götürürsən özünlə, Bakıda yoxdu bəyəm?» – Var, niyə yoxdu?.. Uşaq nə bilir ki, Bakıda girirsən restorana, bir tikə çörək yeyirsən, on beş manat! Bufet də onun tayı! Uşaqdılar da, day demirlər ki, papa gəlib burda hər dəfə yeyəndə on beş manat versə, onda bəs siz nə yeyəcəksiz?
    Ikinci kişi yan tərəfdəki qapıdan içəri girir və əlindəki ağ qubkayabənzər bir şeyi üzünə, başına toxunduratoxundura otaqdakı Birinci kişini görür və gizlədə bilmədiyi bir təəccüb, hətta, heyrətlə ona baxır.
    Birinci kişi. Salam.
    Ikinci kişi. Nə?
    Birinci kişi. Deyirəm, salam!
    Ikinci kişi. Hə? Hə... Salam...
    Birinci kişi (öz-özünə). Bu necə adamdı belə?.. (Bərkdən) Qonşu olacağıq sizinlə... (Get-gedə artan bir heyrətlə Birinci kişinin qəribə geyiminə, qəribə sifətinə baxır.)
    Ikinci kişi (heyrətlə). Bu nədi belə? Doğruçu saçınızdı?!.
    Birinci kişi (pərt). Doğruçu olmayanda, parik qoyacağam?
    Ikinci kişi (eyni heyrətlə). Ba-a-a!.. Özü də ağappaq!..
    Birinci kişi (acıqla). Sizin isə başınızda ömründə elə bil ki, heç tük olmayıb! (Birdən-birə dediklərindən peşman olub, yumşalır.) Bağışlayın, siz Allah...
    Ikinci kişi. Niyə? Nə olub ki, üzr istəyirsiz?
    Birinci kişi. Ağzımdan qaçdı... Sizi təhqir etdim də...
    Pauza.
    Ikinci kişi (təəccüblə). Nə vaxt?
    Birinci kişi. A kişi, necə nə vaxt? Qəribəsiz e, siz... Indicə üzünüzə vurmadım ki, başınız... (Ardını demir.)
    Ikinci kişi. Başıma nə olub ki? (Əlini başına sürtür.) Tərtəmizdi.
    Birinci kişi. Mən də onu deyirəm ki... Adamın eybini üzünə vurmazlar ki... Bağışlayın...
    Ikinci kişi. Nə olub axı? Hamının başı necə, mənimki də elə!
    Birinci kişi (öz-özünə). Vallah, bu, birtəhər adamdı... Danışığı da birtəhərdi... (Bərkdən) Deyirsiz indi hamının başı belədi?
    Ikinci kişi. Əlbəttə...
    Birinci kişi. Allah!..
    Ikinci kişi (diqqətlə mizin üstünə baxır). Bəs o nədi elə?
    Birinci kişi. Nə? Bu?
    Ikinci kişi. Hə.
    Birinci kişi. Çörəkdi də...
    Ikinci kişi. Çörək? Siz muzeydə işləyirsiz?
    Birinci kişi. Muzeydə niyə işləyirəm?
    Ikinci kişi. Bəs bu çörəyi neynirsiz?
    Pauza.
    Birinci kişi. Necə neynirsiz, ay əziz dostum? Yeyirəm də... (Çörəkdən bir tikə qoparıb ağzına qoyur və iştaha ilə yeyir.)
    Ikinci kişi (mat qalıb). Doğrudan yeyir e... Vay!... Birinci dəfədi belə adam görürəm... (Birinci kişini ayaqqabılarından ağ saçlarınacan diqqətlə nəzərdən keçirir.) Bu necə geyimdi? Bunun özü də, elə bil, muzeydən gəlib... Hardan gəlmisiz siz?
    Birinci kişi (get-gedə artan bir nigarançılıqla). Mən?
    Ikinci kişi. Qəribədi... Özünü də, elə bil, hardasa görmüşəm... Qəribədi...
    Birinci kişi. Nədi qəribə? Mən neynirəm ki, belə heyrət basıb sizi?
    Ikinci kişi. Daha bundan artıq neyləyəcəksiz? Əl vurmaq olar?
    Birinci kişi. Nəyə?
    Ikinci kişi. O çörək dediyinizə...
    Birinci kişi (sidq-ürəkdən). Pajalısta!.. Amma... Vallah, mən sizi başa düşə bilmirəm... Çörəkdi də... Görməmisiz?
    Ikinci kişi. Indi kim çörək yeyir? Iki həb tronsmorkormobonit atırsan, qurtardı də... Qəribədi!.. (Əlini ehtiyatla çörəyə vurur.) Yumşaqdı... Çox qəribədi... Mən sizi harda görmüşəm? Yadıma sala bilmirəm... Harda? Axı, harda? Yox... Formorqobon lazımdı...
    Birinci kişi (ehtiyatla). O nədi elə?
    Ikinci kişi. Çox qəribədi... Bu adam elementar şeyləri bilmir... Formorqobon yaddaşı oyadır də... Düzdü, yaxşısı budu ki, onu işlətməyəsən. Xoşum gəlmir ondan, səksəndirir adamı, bir az narahat edir, ancaq neyləyəsən, lazım gəlir... (Gülümsəyir, sonra otağın bir küncündə üzü gümüş kimi parıldayan çantasını götürüb içindən qayçıya bənzər bir alət çıxarır və gözlərini yumub o alətin hər iki ucunu gicgahlarına toxundurur. Həyəcanla) Aha! Deyirəm də!.. Mən sizin şəklinizi görmüşəm! Bax e!.. Qəribədi... Bu saat! Hər şeyi başa düşdüm! Deyirəm axı... Bu saat!.. Qoy əvvəlcə monfenalesə baxaq!.. (Aləti çantaya qoyur və oradan kiçik dəmir qutuya bənzər bir şey çıxarır.) Bu saat!
    Birinci kişi (aşkar bir şübhəylə). Bəs, o nədi elə?
    Ikinci kişi. Monfenalesdi... (Gülür.) Necə başa salım sizi? Mənim bütün fikirlərim, həyatım, yaddaşım, nəyim varsa, kim mənə nə deyibsə, indiyəcən nə görmüşəmsə, hamısı burda proqramlaşıb. Hamısı salınıb bura. Dayanın, bu saat. (Divardakı ekrana yaxınlaşır.) Monfenales yeri hardadı bunun? Aha, bude, burda. Bu saat. (Həmin kiçik dəmir qutunu ekranın altında xüsusi yerə salır, düymələrdən birini basır. Ekranda əvvəlcə cürbəcür sxemlər, sonra şəkillər bir-birini əvəz edir və birdən dayanır: Birinci kişinin şəkli.) Bude!.. Gördüz... Mən dedim ki, sizi hardasa görmüşəm!..
    Birinci kişi (heyrətlə ekranda öz şəklinə baxa-baxa). Amma mən sizi heç harda görməmişəm...
    Ikinci kişi (gülür). Əlbəttə! Siz məni necə görə bilərdiz? Sizin bu şəkliniz mənə, Allah bilir, kimdən qalıb... Siz xüsusi sifarişlə gəlmisiz... Ancaq qəribədi... Mən sizi sifariş etməmişəm... Düzü, heç ağlıma da gəlməzdi ki, sizi sifariş edim... Ömrümdə sizin barənizdə fikirləşməmişəm... Əvvəlcə ona görə heç nə başa düşmürdüm...
    Birinci kişi (əsəbi). Mən isə yenə bir şey başa düşmürəm!
    Ikinci kişi. Aydın məsələdir! Çünki siz bura xüsusi sifarişlə gəlmisiz.
    Birinci kişi. Necə yəni xüsusi sifarişlə bura gəlmişəm? Mənə heç bir sifariş-zad gəlməyib!..
    Mən sifarişə-zada baxan adam da deyiləm!.. Bildiz?! Mən Bakıya ezamiyyətə gəlmişəm!
    Ikinci kişi (gülür.) Sizə elə gəlir...
    Birinci kişi. Nə?
    Ikinci kişi. Indi neçənci ildi?
    Birinci kişi. Özünüz bilmirsiz? (Öz-özünə, hiddətlə) Vallah, mən bilsəydim ki, bu Qonaq Evində buna rast gələcəyəm, gözləyib elə o köhnə mehmanxanada yer alıb qalardım!.. Beş nəfərlə bir otaqda olardım, ayaqyolusu da dəhlizdə ümumi olardı, amma başım dinc qalardı!..
    Ikinci kişi (gülür). Bir halda ki, gəlib çıxmısız bura, onda xahiş edirəm sualıma cavab verəsiz: indi neçənci ildi?
    Birinci kişi. Ələ salmısan məni?
    Ikinci kişi. Yox. Sualıma cavab verin. Onda hər şey sizə aydın olacaq. Indi neçənci ildi?
    Birinci kişi (hirsindən qışqıra-qışqıra). Min doqquz yüz doxsanıncı ilin on altı avqustu!
    Ikinci kişi (şövqlə). Gördüz ki?!
    Birinci kişi. Nəyi gördüm?
    Ikinci kişi. Təkcə avqustun on altısını düz deyirsiz...
    Birinci kişi. Nə?
    Ikinci kişi. Bax, siz elə bilirsiz ki, min doqquz yüz doxsanıncı ilin avqustudu. Ancaq əslində indi (sözləri bir-bir xüsusi tələffüz edə-edə) iki min doxsanıncı il avqust ayının on altısıdır.
    Birinci kişi. Bu nə danışır, ə? Bu nə zibildi mən düşmüşəm? Yox!.. Burdan çıxıb getmək lazımdı. Başlarına dəysin belə Qonaq Evi! Mənə deyən lazımdı ki, sənin Qonaq Evində nə işin var, ay axmaq? Sekanın katibi-zadısan?
    Ikinci kişi. Qulaq asın. Indi, doğrudan da, sizdən yüz il sonralardır. Indi 2090-cı ildir!
    Birinci kişi. Allah!.. Məni qara basır, ya dəli olmuşam? Bəlkə siz dəlisiz?
    Ikinci kişi. Indi nə zamandı ki, mən dəli olum? (Gülür.) On doqquzuncu, ya iyirminci əsrdi? Indi adamlar elə proqramlaşdırılır ki, dəli yoxdu. (Səbrlə başa salmağa çalışır.) Kimin ki, genlərin quruluşuna görə anormallıq ehtimalı var, o yarana bilməz. Yəni dünyaya gələ bilməz. Heç bir laboratoriya buna imkan verməz ki, mayalanma baş tutsun.
    Pauza.
    Birinci kişi. Bilirsiz nə var? (Portfelini götürür.) Mən sizin bu cəfəngiyatlarınıza qulaq asmaq istəmirəm. Xudahafiz!
    Ikinci kişi. Bir dəqiqə dayanın. Indi təzə şirkətlər yaranıb. Bəzən çox yaşlı adamlar, o adamlar ki, hələ qohumlarını, valideynlərini yadlarında saxlayıblar, ölüb getmiş babalarını, nənələrini o şirkətlərə xüsusi sifariş verirlər. Orda kompyüterlər həmin adam haqqında bütün məlumatları toplayır: görkəmi necəydi, hansı rəngi xoşlayırdı, kimləri tanıyırdı, xasiyyəti necə idi və sairə. Sonra da kompyüterlər o adamın surətini yaradır və sifarişçi ilə görüşdürür. Başa düşdüz? Ancaq məsələ burasındadı ki, mən sizi sifariş etməmişəm... Heç ağlıma da gəlməzdi... Mənim nəyimə lazımsız ki, o qədər pul verib, sizi xüsusi sifariş edim?
    Birinci kişi (əvvəlcə mizin üstündəki çörəyi-pendiri də büküb götürmək istəyir, sonra fikrindən daşınıb əlini yelləyir və otaqdan çıxmaq istəyir). Xudahafiz!
    Ikinci kişi Inanmırsız, hə? (Ora-bura baxır ki, nə sübut gətirsin.) Bax, mənim başımı görürsüz?
    Birinci kişi (acıqla). Olmaz o başdan!
    Ikinci kişi. Hə! Indi laboratoriyalarda uşaqlar yaranan kimi, başları tüksüzləşdirilir. Çünki saç, tük insana əlavə qayğıdı.
    Birinci kişi. Indi hamının başı sizinki kimidi?
    Ikinci kişi. Əlbəttə!
    Birinci kişi. Arvadların da başı?
    Ikinci kişi. Bəs necə!
    Birinci kişi (səbrsiz). Bilirsən nə var, xala oğlu? Səninki səndə, mənimki də məndə! Xudahafiz!
    Ikinci kişi. Bu saat. (Ekranın altındakı düymələrdən birini basır. Ekranda cürbəcür rəmzlər, fiqurlar, yazılar bir-birini əvəz edir. Diqqətlə ekrana baxa-baxa) Sizin qızınızın adı Gülüş idi.
    Birinci kişi (qapını açıb otaqdan çıxmaq istərkən ayaq saxlayır və tələsik). Bəli! Gülüş mənim qızımdır!
    Ikinci kişi. Görürsüz ki?! Mənim nənəm həmin o Gülüşün qızıdı.
    Birinci kişi. Nə?
    Ikinci kişi. Deməli, mən o Gülüşün... Sizin qızınız oldu də, elə deyilmi? Bax, mən o Gülüşün nəvəsinin oğluyam, yəni necə deyirlər buna? Nəticəsiyəm...
    Birinci kişi (əsəbi bir rişxəndlə). Mən də sənin ulu baban, hə?
    Ikinci kişi (sakit). Əlbəttə!.. Belə çıxır də... (Ekranın altındakı düymələrdən birini basmaq istəyir.) Qoyun, bu saat baxım, deyim sizə ki, nə vaxt ölmüsüz?.. Nə oldu onun adı? Hə, Gülüş. Deyim ki, Gülüş nə vaxt ölüb...
    Birinci kişi (tələsik və gərgin). Yox!.. Lazım deyil!.. Onda... Onda bəs Könül hanı?
    Ikinci kişi. Hansı Könül?
    Birinci kişi. Necə yəni hansı Könül? Gülüşü tanıyırsan, Könülü yox? Gülüşün bacısı də! Sənin nənənin xalası... (Sarsılmış) Allah!.. Mən, deyəsən, doğrudan da, dəli oluram!.. Necə yəni bunun nənəsinin xalası?..
    Ikinci kişi. Yox, siz dəli olmamısız... Sizə belə gəlir...
    Pauza.
    Necə oldu onun adı?
    Birinci kişi. Kimin?
    Ikinci kişi. Onun də... O bacının...
    Birinci kişi. Könülü deyirsən?
    Ikinci kişi (başını tərpədir). Mən elə adam eşitməmişəm. Yox, eşitməmişəm...
    Birinci kişi. Bəs, deyirsən Gülüşün nəticəsisən? Sən necə Gülüşün nəticəsisən ki, Könüldən xəbərin yoxdu?
    Ikinci kişi. Axı, mənim nəyimə lazımdı ki, nənəmin mən nə bilim, kiminin kimi kimdi?.. (Gülür.) Qəribə psixologiyadı...
    Birinci kişi. Onda... Onda... Mon...Mon...
    Ikinci kişi. Monfenales?
    Birinci kişi. Hə, orda bax.
    Ikinci kişi (ekranın altındakı düymələrdən birini basır və ekranda görünən şəkillər yenə də sürətlə bir-birini əvəz edir). Yox!.. Yoxdu...
    Birinci kişi (bərkdən öz-özü ilə danışır). Allah, bu nə əhvalatdı belə mənim qabağıma çıxartmısan? Nə demək istəyirsən bununla? Mənə nəyi sübut eləmək istəyirsən, ay Allah?! Niyə məni seçmisən? Bu nə imtahandı? Bu nə oyundu belə açırsan mənim başıma?
    Ikinci kişi. Əslinə baxsaz, mən də təəccüb edirəm... Siz, deməli, mənim babamsız... Daha doğrusu, nənəmin babasısız... Axı, mən sizi sifariş verməmişəm...
    Birinci kişi. Yenə başladı sifariş... Siz nə danışırsız, hə? Səhər evdən çıxıb avtobusa minib gəlmişəm Bakıya. Mehmanxanada növbə idi, süpürgəçi qarı məni bura göndərdi ki, Qonaq Evində boş yer var... Səhər evdən çıxanda Gülüş də, Könül də dalımca su atıb!
    Ikinci kişi. Sizə elə gəlir də! Məsələ də bundadı!.. Bu barədə o şirkətlərin işinə söz yoxdu! Kompyüterlər sizin kodlarınızı dəqiq yığıb! Siz elə proqramlaşdırılmısız ki, hər şey təbii olsun, təbii görünsün. (Əli ilə mizin üstündəki çörəyi-filanı göstərir.) Bax, onları da kompyüterlər düzəldib. Çörəyi görürsüz, o cür təzədi. Əslində isə, o, çörək deyil, imitasiyadı. Gördüz, əvvəlcə mən də təəccüb elədim... Sonra başa düşdüm.
    Birinci kişi (dəhşətlə). Günün günortaçağı bu nə bəladı gəlib mənim başıma? Bu nə işdi belə, ay Allah?! Adam az qalır inansın bütün bu cəfəngiyata! Vicvicə düşür adamın ürəyinə... Qorxur adam...
    Ikinci kişi. Qorxmayın! Dedim axı, sizə elə gəlir! Bütün bunlar sizin üçün... necə deyim?.. Sizinçün yalançı hisslərdir. Sizə elə gəlir ki, qorxursuz, nigarançılıq keçirirsiz, hiddətlənirsiz... Əslində bunlar həqiqət deyil.
    Pauza.
    Onun adı hər dəfə yadımdan çıxır.
    Birinci kişi. O kimdi?
    Ikinci kişi. Demədiz ki, mənim nənəmin nənəsinin... Nənəsinin... Necə oldu? (Sözləri aramla tələffüz edə-edə) Deməli, mənim nənəmin anasının bacısı, hə?
    Birinci kişi (hiddətli bir əlacsızlıqla). Könülü deyir e, yenə!..
    Ikinci kişi. Hə, Könül! Bəlkə, onun adamları sifariş edib sizi? Ola bilsin... Kompyüterlərdə yenə virus epidemiyası başlayıb... Virus da elə şeydi ki, kompyüterə düşdü, belə səhvlər olur. Hə, şübhəsiz belədi! Sizin xüsusi sifarişiniz səhv düşüb. Kompyüterlər nəslinizi hesablayanda gəlib mənim üstümə çıxıblar, sizi xüsusi sifarişçinizlə yox, səhvən mənimlə görüşdürüblər! (Gülür.) Eybi yox, özləri başa düşəcəklər. Sizin proqramda dəyişiklik eləyib xüsusi sifarişçinizlə görüşdürəcəklər. Darıxmayın. Sizə elə gəlir ki, həqiqi adamsız. Mən dedim də!.. Siz elə bilirsiz ki, sizsiz!.. Adınız nədi sizin?
    Birinci kişi (tamam bədbin). Mənim adımı da bilmir!.. Gülüşün... a. Gülüşün uşaqları mənim adımı da bilmir!..
    Ikinci kişi. Hardan bilim? Ancaq şəkliniz varsa, yəni adınız da var. Bu saat baxım, deyim. (Ekranın altındakı düymələrdən birini basmaq istəyir.)
    Birinci kişi (tələsik). Yox, lazım deyil! (Əsəbi) Istəmirəm mənim adımı deyəsiniz! Istəmirəm!
    Ikinci kişi. Əsəbiləşməyin. (Gülümsəyir.) Hamısı keçib gedəcək...
    Birinci kişi. Bura bax... Lənət şeytana!.. Nənən... Nənən durur sənin?
    Ikinci kişi. Hə.
    Birinci kişi. Neçə yaşı var?
    Ikinci kişi. Allah bilir... Onun yaşını soruşmaq olar? Ayda bir dəfə plastik əməliyyata gedir...
    90-na yaxın olar... Bəlkə də, keçib...
    Birinci kişi. Doxsan? Mənim nəvəmin doxsan yaşı var? Onda onunla görüşmək lazımdı... O bilər... O bilər ki, Könül nə oldu, necə oldu?.. (Kövrəlir.) Gülüşün uşaqlarının Könüldən xəbəri yoxdu?.. Axı, onlar bir-birini nə qədər istəyirlər!.. Istəyirdilər... Səhərdən-axşamacan bir yerdədilər! Doğmadılar! Bir ananın qarnından çıxıblar! Bəs necə olur bu? Kimə lazımdı belə dünya? Əgər bütün bu oyun həqiqətdirsə, bunun dedikləri doğrudursa, yaşayışın nə mənası var? Özümüz öz başımızı aldadırıq, heç xəbərimiz də yoxdu? Bunun dedikləri doğrudursa, mən nə üçün yaşamışam?
    Ikinci kişi. Bəs sizin ulu babanız nə üçün yaşayıb? Sizin xəbəriniz var ulu babanızın başqa nəslindən? Siz də hansısa iki qardaşın, iki bacının törəməsisiz də...
    Birinci kişi. Mən qohumlarımı tanıyıram! Əlimdən gələni də həmişə eləmişəm onlarçun!
    Ikinci kişi. Yüz ilin, iki yüz ilin müqabilində sizin tanıdıqlarınız bir heçdi! Mən hələ min illəri demirəm!.. Tragediya eləmək lazım deyil. Bax, siz həmişə özünüzü beləcə aldatmısız! Özünüz özünüzü yalançı tragediyalara məruz qoymusuz! Heç nədən faciə düzəltmisiz! Özünüz özünüzü fəlakətə salmısız! Insan gərək özü üçün yaşasın! – siz bunu başa düşməmisiz. Başa düşmədiyinizə görə də, bunu eqoizm adlandırmısız... Siz balalarınız üçün yaşamısız, çünki primitiviydiz, çünki əslində insan ilə heyvanın fərqi yox idi!.. Instinktlə yaşayırdız, boğazınızdan kəsib uşaqlarınıza yedizdirirdiz. Öz həyatınız isə heç olurdu! Ömür insana bir dəfə verilir – bunu başa düşürdüz. Ancaq orasını başa düşmürdüz ki, o ömür insanın özü üçün verilir, başqası üçün yox! Gecə-gündüz işləyirdiz, ideologiyanız da deyirdi ki, gələcək üçün işləmək lazımdı. Gələcək isə gəlib çıxmırdı! Siz özünüz də ideologiyanıza nifrət edirdiz, o gələcəyin gəlib çıxmadığından şikayət edirdiz, ancaq əslində özünüz də elə həmin prinsiplə yaşayırdız. Deyirdiz ki, biz heç, uşaqlarımız xoşbəxt olsun! Çalışaq, özümüzü öldürək, uşaqlarımızı böyüdək! Başa düşmürdüz, dərk eləmirdiz ki, uşaqlarınızın gələcək o mücərrəd xoşbəxtliyindən sizə nə? Özünüzü qurban eləyirdiz uşaqların yolunda, sonra da ölüb çıxıb gedirdiz...
    Birinci kişi. Bəs indi uşaq böyütmürlər?
    Ikinci kişi. Bizim nəsil siz deyən mənada sonuncu nəsildi. Biz sonuncu nəsilik ki, anamızı, nənəmizi tanıyırıq... Axırıncı nəsilik ki, primitiv doğulmuşuq, yəni siz deyən kimi, anamızın qarnından çıxmışıq... Indi uşaqları laboratoriyalar istehsal edir. Həm demoqrafik tənzim var, həm də ki, a-zad-lıq! Ata-ana məfhumu qurtarıb daha, insan azad olub! Kompyüterlər donorları seçir, genləri yoxlayır, hesablamalar aparır, mayalanma üçün ən yaxşı proqnozlu toxumlar ayırır. Uşaqlar ümumi maliyyə fondlarının hesabına böyüyürlər. Sağlam, xoşbəxt insanlar olurlar. Hərə öz sahəsində işləyir və özü üçün işləyir, başa düşdüz? Insan öz xoşbəxtliyi üçün, öz firavanlığı üçün çalışır. Indi övlad nigarançılığı, ata-ana nigarançılığı yoxdu. Insan, nəhayət ki, dünyanı dərk edib!
    Pauza.
    Birinci kişi. Bütün dünya belədi?
    Ikinci kişi. Əlbəttə.
    Birinci kişi. Indi ana yoxdu dünyada?
    Ikinci kişi. Yox. (Gülümsəyir.) Nəsli mühafizə etmək problemi həll olunub. Kompyüterlərin seçib çağırış göndərdiyi donorlər təbiət qarşısındakı borclarını yerinə yetirirlər. Ancaq nəsli mühafizə etmək, qorumaq instinktləri daha yoxdu. Çünki o instinktlər əslində insanın öz şəxsi xoşbəxtliyinin, qayğısızlığının düşməni idi. Siz isə bunu başa düşmürdüz... Indi ana haqqında şerlər də yoxdu... Bütün o primitiv hisslərin hamısı sizin zəmanədə qaldı...
    Pauza.
    Birinci kişi (fikirli). Indi ata da yoxdu?
    Ikinci kişi. Yox.
    Birinci kişi. Qardaş?
    Ikinci kişi. Yox.
    Birinci kişi. Bacı?
    Ikinci kişi. Yox.
    Birinci kişi (qışqırır). Dəhşətdi!.. Dəhşətdi!..
    Ikinci kişi. Sakit olun...
    Birinci kişi (daha artıq bir çılğınlıqla). Kaş bütün bunlar hamısı yalan olaydı! Əlbəttə, yalandı!
    Yalandı bütün bunlar! Oyundu!
    Ikinci kişi. Qulaq asın! (Yenə gülümsəyib başını bulayır.) Siz primitiv təfəkkür sahibisiz, ona görə də reaksiyanız belə mənfidi. Frinztasmansyon! Bilirsiz bu nə deməkdi?
    Birinci kişi. Heç bilmək də istəmirəm!
    Ikinci kişi. Yox, bir halda ki, görüşmüşük, gərək hər şeyi biləsiz. Frinztasmansyon, yəni primitiv təfəkkür və əxlaq uydurması. Yəni insanı qayğılar içində məhv edən şüurlu, yaxud da şüursuz «özünüqurban» kompleksi, bildiz? Necə başa salım sizi?.. «Eybi yox, mənə nə olur-olsun, təki uşaqlarımçun yaxşı olsun, təki anam sağalsın, təki atamın başına bir iş gəlməsin!» – bax, primitiv təfəkkür və əxlaq uydurması budur. Insanın özünün özünü aldatması! Anan xərçəng olurdu, sən onun dərdini çəkirdin, oğlun qəzaya düşüb ölürdü, sən dəli olurdun, qızın, atan, qardaşın...
    Nəticədə də özün heç nə görmürdün, yaşamırdın!.. Primitiv təfəkkür bütün bunları qəbul edirdi. Hətta tələb edirdi. Primitiv əxlaq bütün bu doğmaların əsiri olurdu. Insanın primitiv təbiəti bütün bunlara dözürdü. Öz şəxsi xoşbəxtliyinin hesabına, bahasına dözürdü. Başa düşə bilirsiz məni? Təbiət, onsuz da, qəddardır. Təbiət insanın düşmənidir, çünki ölüm var. Düzdü, insan təbiətin qanunlarıyla yaranıb, ancaq indi insanın da heyvandan fərqi ondadır ki, həmin qanunları doğmaya çevirmir. Sizin vaxtınızda ideyalar doğmaya çevrilirdi, çünki özünüz təbiətin doğmasının əsiri idiz. Siz başa düşmürdüz ki, təbiətin bu qədər qəddarlığı müqabilində insan ancaq öz şəxsi xoşbəxtliyinin, azadlığının qayğısını çəkməlidi! Bu qayğı azdı bəyəm? (Gülümsəyir.) Elə bu qayğının özü kifayətdi...
    Birinci kişi (elə bil, öz-özüylə danışır). Bəs millət? Bəs məslək?
    Ikinci kişi (daha bərkdən gülümsəyərək başını bulayır). Görürsüz? Siz öz stereotipinizdən ayrıla bilmirsiz... Kompyüterlərə söz yoxdu!.. Görün sizin primitiv hissiyyatınızı nə qədər dəqiq hesablayıb quraşdırıb!.. Düzdü, məni kimləsə qarışdırıb, sizi bura göndərib, ancaq əslinə baxsaz, mən şikayət-zad eləməyəcəyəm... Doğrusunu deyim sizə ki, mənimçün də maraqlıdı bu görüş! Qulaq açın: iyirminci əsrin lap sonları, bizim əsrin əvvəllərindən başlayıb insan primitiv komplekslərindən yavaş-yavaş aralandı, azad oldu. Frinztasmansyon indi daha tarixin bir səhifəsinə çevrilib... Tarixin özü də indi heç kimə lazım deyil. Indi tarix ölü elmdi, necə ki, latın dili ölü dildi. Düzdü, bəzi eqzotik muzeylər var, ancaq onlar da əslində tarix yox, əyləncəli kompyüter oyunlarıdı. Tarix insana xoşbəxtlik gətirmir, onun qayğılarını artırır. Əğər bir şey ki, sənə maddi heç nə vermir, cismani bir həzz gətirmir, o sənin nəyinə gərəkdi?
    Birinci kişi (əvvəlki kimi, elə bil, öz-özü ilə danışır). Bəs, vətən?
    Ikinci kişi (gülür). Vətən indi bütün yer kürəsidi! Sizin vaxtınızda insan vətən uğrunda müharibə edirdi, ona görə ki, əslində vətənindən xəbərsiz idi. Sövq-təbii vətənini axtarırdı, ancaq tapa bilmirdi. Vətən əslində mücərrəd bir anlayış idi, insan isə bunu başa düşə bilmirdi, çünki adi bir həqiqətdən xəbərsizdi: vətən mücərrəd bir anlayış yox, konkret olaraq onun, yəni insanın özüdür. Insan vətən uğrunda vuruşurdu, çünki vətənin, yəni özünün sahibi deyildi. Siz bunu başa düşə bilməzsiz!..
    Birinci kişi (qışqırır). Mən bunu heç başa düşmək də istəmirəm! Yox! Yox!..
    Ikinci kişi. Sakit olun!
    Birinci kişi. Sakit olmuram! Mən istəyirəm sənin nənənlə görüşüm! Istəyirəm onunla danışım! O bilir!.. Yəqin bilir ki, Könül necə oldu?.. Gülüş necə oldu? O məni tanıyır! O bilir ki, mən Könülü, Gülüşü necə böyütmüşəm! O hər şeyi bilir! O sənin tayın deyil! Məni nənənlə görüşdür! Əğər bütün bu dediklərin doğrudursa, cəfəngiyat deyilsə, görüşdür məni nənənlə!
    Ikinci kişi. Necə görüşdürüm axı? Burda deyil.
    Birinci kişi. Bəs hardadı?
    Ikinci kişi. Keçən ay təzədən ərə getdi, uçdular Marsa. Gəzməyə getdilər.
    Pauza.
    Birinci kişi (öz-özünə). Heç nə yoxdu... Uşaq... Ana... Ata... Vətən...
    Ikinci kişi (gülümsəyir). Əlbəttə!.. Birinci kişi. Bəs... Bəs, Allah?! (Qışqırır.) Allah?!
    Ikinci kişi. Nə Allah?
    Birinci kişi bayaqdan yerə qoyduğu portfeli götürüb otaqdan qaçmaq istəyir.
    Ikinci kişi. Dayanın! Həyəcanlanmayın! Qorxmayın! Inanın mənə! Siz həqiqi adam deyilsiz, ancaq obrazsız! Bir azdan daha siz olmayacaqsız! Birinci kişi (qapının ağzında bir anlıq ayaq saxlayır). Bəlkə bir azdan sən olmayacaqsan? Bəlkə proqramlaşdırılan mən yox, sənsən? Bəlkə mən səni xüsusi sifariş vermişəm, amma heç özümün xəbərim yoxdu? Hə? Ola bilər.
Avqust 1990.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 863 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more