Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Xoşbəxt poeziya (Məqalə)
XOŞBƏXT POEZİYA
(Rəsul Rza poeziyası haqqında düşüncələr)


Qəlbim arzularla dolu,
gözüm günəşlə,
sinəm bu günün sözüylə.
Rəsul Rza


     1980-ci ilin may ayında Rəsul Rzanın 70 yaşı tamam olurdu və biz hamımız bu yubileyi ləyaqətlə qarşılamağa hazırlaşırdıq. Təntənəli yubiley gecəsi M.F.Axundov adına Opera və Balet Teatrında keçiriləcəkdi, mən məruzəçi idim və vaxt yaxınlaşdıqca həmin məruzənin məsuliyyətini daha artıq hiss edirdim, oxuduğum əsərləri yenidən oxuyurdum və hər dəfə də yeni bir rəng, yeni bir çalar tapırdım, duyurdum.
     Lakin o zaman mən bilmirdim ki, bu məruzə heç vaxt söylənməyəcək. Mən bilmirdim ki, indən belə Rəsul Rzanın məskəni yalnız xəstəxanalar olacaq, xəstəlik xəstəliyə qarışacaq və onun ömrünün 71-ci ili ömrünün sonuncu ili olacaq...
     ...1927-ci il idi. Vətəndaş müharibəsi, aclıq artıq dünənki gü- nün acı, qorxunc və soyuq əks-sədasına çevrilmişdi. Yeni bir dövlət, yeni bir həyat qurulurdu. Bu dövr sovet ədəbiyyatının qızğın ədəbi mübahisələr apardığı, ədəbi cəbhələri müəyyənləşdirdiyi, müxtəlif nəzəri-estetik konsepsiyaları bəzən ehtiyatla, bəzən his- sə qapılaraq araşdırdığı bir dövr idi, həmin dövrdə yeni həyatın quruculuğu şüurlarda, hiss-həyəcanlarda elə bir təbəddülat və təlatüm əmələ gətirmişdi ki, elə bir ehtiras yaratmışdı ki, bəzən bu təlatüm və bu ehtiras şer şəklində gündəlik qəzet və jurnallarda, almanax və vərəqələrdə, müxtəlif jurnal və qəzet əlavələrində çap olunurdu. Bu şerlərin bədii səviyyəsi, olsun ki, yüksək deyildi, onlar bədii təsərrüfatdan daha artıq, mənəvi yeniliyin və təmizliyin nəticəsində yaranmış gündəlik tələbat məhsulları idi.
     Belə bir vaxtda, Tiflisdə Azərbaycan dilində nəşr edilən «Qığılcım» almanaxının yeni nömrəsində də həmişəki kimi, çoxlu şerlər çap olunmuşdu. Bu şerlərdən biri «Bu gün» adlanırdı və qələmə alındığı günlərin təsirilə yazılmış həmin şer, müəllifin çap olunan ilk yazısı idi.
     Yəqin ki, o zaman çox adam bu şerə də fikir vermədi, onu da gəldi-gedər bir şey bildi. Yəqin o zaman heç kimin ağlına gəlmədi ki, həmin şerin çap olunduğu gün Azərbaycan sovet ədəbiyyatı tarixində qalacaqdır; o zaman heç kimin ağlına gəlmədi ki, illər, uzun-uzun illər keçəcək və «Qığılcım»da çap olunan o kiçik şerin müəllifi Rəsul Göyçaylı unudulmaz Rəsul Rza olacaq.
     ...Keçən ilin mart ayı idi. Rəsul müəllim Mərdəkan xəstəxanasında yatırdı və mən Anarla birlikdə Rəsul müəllimi yoluxmağa getmişdim. Rəsul müəllimin görkəmi sağlam idi, ovqatı nikbin idi, yeni şerlər yazmışdı, otağındakı kiçik mizin üstü əlyazmaları ilə, hələ yazılacaq ağ kağızlarla dolu idi və o zaman «Qığılcım» almanaxında çap olunan həmin şer barədə Rəsul müəllim özü danışdı. Mən R.Rzaya Rəsul Göyçaylı barədə suallar verdim və Rəsul müəllim xəyalən o uzaq illərə qayıdarkən, Rəsul Göyçaylıdan danışarkən onun həmişə flkirli, mavi gözlərində bir qürur hissi ilə yanaşı, əlli il bundan əvvəllərin əlçatmazlığından, ünyetməzliyindən doğan bir kədər də vardı. Rəsul müəllim Rəsul Göyçaylı haqqında elə danışırdı, sifətində elə bir təbəssüm vardı ki, insan yalnız öz balası haqqında belə danışa bilər...
     Rəsul Rza poeziyasının əldə etdiyi sənətkar müdrikliyi zirvəsindən həmin poeziyaya nəzər salarkən, vaxtilə - əsrin əvvəllərində Məhəmməd Hadinin bu şairə məxsus çılğınlıqla yazdığı sözlər yada düşür: «Ciddən şayani-mütaliə o kitabdır ki, yatmış hissləri, sönmüş vicdanları, qaralmış qəlbləri təsvir və təhrik etsin, ziyalandırsın».
     Yalnız pak və təmiz insanları deyil, həm də «yatmış hissləri, sönmüş vicdanları, qaralmış qəlbləri» belə, Məhəmməd Hadinin dediyi kimi işıqlandırıb hərəkətə gətirmək, ziyalandırmaq Rəsul Rza poeziyasının ən qiymətli və əlamətdar cəhətlərindən biridir. İnsanı mənəvi işığa doğru sövq və təhrik etmək xüsusiyyəti Rəsul Rza poeziyasının bədii-estetik mündəricəsini, onun mahiyyətini təşkil edən vətəndaşlıq kateqoriyası ilə üzvi surətdə bağlıdır.
     Hərgah Azərbaycan ədəbiyyatında Rəsul Rza yaradıcılığı faktını bir sözlə səciyyələndirməli olsaydıq, mən deyərdim, vətəndaş poeziya.
     Rəsul Rza poeziyasındakı vətəndaşlıq coğrafi sərhədlər və milli çərçivələr daxilindəki vətəndaşlıq deyil, bu vətəndaşlıq əsrin, zamanın vətəndaşlığıdır, xalqlann, ölkələrin «mənim-sənin» bilməyən sənətkar vətəndaşlığıdır. Rəsul Rza poeziyası «sağıcı Gülxaranın qaragöz kiçik qızına» da, zənci balası Villiyə də, koreyalı balaca partizan Si-Auya da eyni vətəndaş gözü ilə baxır: Asiya, Afrika, Avropa ölkələri xalqlarının azadlıq mübarizəsi də bu poeziya üçün Cənubi Azərbaycan xalqının milli-azadlıq mübarizəsi kimi, əziz və doğmadır; bu poeziya bir küll halında həmişə həyat mövqeyi fəal olmuş bir sənətkarın yaradıcılığıdır.
Şer yaza bilmirəm,
Nə ürəyim göynəyir,
Nə sözlər yandırır dodaqlarımı.
Ağrısız, göynəksiz Şer olarmı?

     Əlli neçə yaşlı Rəsul Rza poeziyası bu suala düşünülmüş, dəqiq və aydın cavab verirdi: yox, mümkün deyil! Və nə yaxşı ki, ağrısız, göynəksiz şerin mümkün olmadığını ah-uf edən, gözlərindən acı-acı yaşlar axıdan, dərmansız bir poeziya yox, nikbin və mübariz bir poeziya deyir.
     Bizim müasirimiz Rəsul Rza ömrünün yetmişinci ilində ötən çağlara nəzər salır və
     «Bioqrafik etiraf»ında deyirdi:
Bugünlü dünyamıza,
Böyük, real inamı,
Qəlbimdəki ümidi
Hər yanda, hər gün, hər an
İftixarla saxladım.
Yetmiş yaşı haqladım.

     «Hər yanda, hər gün və hər an» şairin qəlbində yaşayan bu «böyük və real inam» bir küll halında Rəsul Rza poeziyasında özünün yüksək səviyyəli bədii-estetik təcəssümünü tapmışdı və bu poeziyanı sabaha inanan poeziya, işığa inanan poeziya, nikbin poeziya etmişdi, göynəksiz poeziyanın mümkün olmadığını söyləyən və bizi bu sözlərin tam səmimiliyinə inandıran da həmin sabaha inanan, işığa inanan, insana inanan poeziya idi. Rəsul Rza poeziyasında ağrı və göynək ilə nikbinlik - ilk baxışda bəlkə də bir-birini inkar edən bu anlayışlar arasındakı belə bir əlaqə, bağlılıq həmişə dialektik inkişafda olmuşdur.
     Əlli il bundan əvvəl həmin poeziya öz məşhur misralarını söyləmişdi:
Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.

     Və nə yaxşı ki, əlli illik bir dövrdən sonra da cild-cild əsərlərin işığında bu gənclik ehtirası, həvəsi və əzmi ilə söylənmiş misralar bu gün də bir yaradıcılıq kredosu kimi, Rəsul Rza poeziyasının epiqrafına çevrilə bilir. Bir həqiqət Rəsul Rza poeziyasında bütün vüsətilə təcəssüm edir: bədii-estetik mübarizə hər gün davam etmişdir, Rəsul Rza poeziyası bu mübarizəni geriçiliyə, nadanlığa və cəhalətə qarşı aparmışdır, mənəvi kütlüyə və düşkünlüyə qarşı aparmışdır, insanı sıxan, ona əziyyət verən, onu dərdə salan hər bir cəhət bu poeziyada özünün bədii etirazını, bədii təkzib və qəzəbini tapmışdır; həmin ağrı və göynək də məhz bu zaman şerə çevrilmişdir.
     Belə bir mübarizlik əzmi və nikbinlik insanı mənəvi işığa ça- ğırış prosesində Rəsul Rza poeziyasında bədii-estetik vəhdət şəklində çıxış edir, bir-birini davam və inkişaf etdirir, bir-birini tamamlayırdı. Bu poeziyanın lirik qəhrəmanı:
Səssiz gedir ömür, adilik sızqovundan süzülə- süzülə.
Xırda-xırda, üzülə- üzülə - deyə bəzən günlərin adiliyini görür,
lakin bu adiliklə barışa, bu adiliyə uyuşa bilmirdi.
Belə günlər bənzəyərdi adi yasa; arxada dopdolu günlərim,
Qarşıda umudlu günlərim olmasa.

     Bu «dopdolu» keçən gün və bu «ümidli» gələcək gün təskinlik üçün yada salınmırdı; Rəsul Rza poeziyasında bu xatırlamanın mənası başqadır; bu poeziyanın qəhrəmanı adi günün özündə belə poetik qeyri-adilik görən və göstərə bilən bir qüdrət sahibidir; bu adi gün dünən «umidli» gələcək gün idi, sabah isə o, məhz hə- min ümidi doğrultduğuna görə «dopdolu» keçmiş gün olacaq. Rəsul Rza poeziyası yalnız ümidli poeziya deyil, bu poeziya öz bədii təcrübəsində həmin ümidi həqiqətə çevirən bir poeziyadır, arzunu həyata keçirən bir poeziyadır.
     Rəsul Rza poeziyasının qəhrəmanı şerlərdən birində «Mən nə istəyirəm?» - sualına «Böyük arzular səslənsin hər hüceyrəmizdə» - deyə cavab verir, başqa bir şerdə isə:
Gələcək o gün, insan arzusuyla imkan həmahəng olacaq - deyirdi və bizi də o gələcək günün reallığına inandırırdı, çünki belə bir həmahənglik, imkan ilə arzu arasındakı təzadsızlıq Rəsul Rza poeziyasının özündə real bədii-estetik faktdır.
     «Nəğmələrin həsrətini bir qırılmış teldən soruş» kimi incə, akvarellə işlənmiş obrazlara malik Rəsul Rza poeziyasının lirik qəhrəmanı bizim mürəkkəb, antaqonist dünyamızı şair kimi, sənətkar kimi görürdü:
Düşündükcə açılır əlvan səhifələri rənglərin,
canlanır gözümdə rəngi ömrün, mübarizənin,
qəlbin, nifrətin, gecənin, səhərin və insan taleyinin.

     Lakin bu lirik qəhrəmanın xəyalı, necə deyərlər, göylərdə deyil, o özü həyatın, varlığın bir parçasıdır, dünyanın ələmlərinə real vasitələrlə, real imkanlardan istifadə edərək sinə gərmək əzmindədir, o bu günü və gələcəyi real təsəvvür edir, şəri real bir dəqiqliklə görür və real bir dəqiqliklə də xeyrə çağırır, buna görə də həmin lirik qəhrəmanın təmsil etdiyi poeziya xəlqi poeziyadır.
     Azərbaycan poeziyası özünün qədim və zəngin tarixi boyu böyük ictimai-bəşəri problemlərin qaldırılmasında, insan mənəviyyatının ən dərin qatlarının bədii tədqiqində, mənəvi azadlığa və təmizliyə çağırışında bədii sözün qədrini bilmiş, ondan sənətkar seçməsi və dəqiqliyi ilə istifadə etmişdir. Hələ altı əsr bundan əvvəl Azərbaycan poeziyası böyük Nəsiminin şeri ilə deyirdi:
Aqil insan, sözünü müxtəsər et,
Ey Nəsimi, çü bikərandır söz.

     Nəsimi sözün hədsizliyindən danışırdı, insanı təsvir və tərənnüm etmək üçün bu hədsiz sözlərin ən qiymətlilərinə yiyələnməyə çağırırdı və Azərbaycan poeziyasının tarixi qadirliyidir ki, bu poeziya bu gün insani hiss və həyəcanları o qədər dərindən və hərtərəfli görür ki, bu hiss və həyəcanların təsvirində sözün azlığından şikayət edir:
Dünyanın söz ehtiyatı nə azdır, nə az!
Elə şeylər var ki, sözlə anlatmaq olmaz.
Gərək özün görəsən, duyasan.
Fikrinə toplayıb ürəyinin başına qoyasan isinsin, əl vuranda köklənmiş sim kimi dinsin.

     Əsrlər keçir, insan təfəkkürü dünyanın elmi dərkində səsdən iti sürətlə inkişaf edir, məsafələr işıq illəri ilə ölçülür, nüvə protona və neytrona parçalanır və nə yaxşı ki, belə bir zamanda, elmi-texniki inqilab dövründə Azərbaycan poeziyası, Rəsul Rzanın bu şerindəki kimi, sözlə - saysız-hesabsız sözlərlə ifadə olunmayanı belə duymaq və duydurmaq əzmindədir.
     Hərgah biz Rəsul Rza poeziyası haqqında yazılmış bir çox məqalələri, elmi əsərləri bir daha yenidən nəzərdən keçirsək, görərik ki, bir məfhum həmin məqalə və tədqiqatların səpkisindən və səviyyəsindən asılı olmayaraq səhifələrdən-səhifələrə adlayır: bunovator məfhumudur.
     Rəsul Rza yaradıcılığa başladığı dövrdən etibarən, ədəbi tənqid həmişə belə bir fikri ardıcıl surətdə inkişaf etdirib ki, Rəsul Rza novator şairdir. Nazim Hikmət Rəsul Rza yaradıcılığından bəhs edərkən yazırdı: «Poeziyada novatorluq nə ilə ölçülür? Bu sorğuya təxminən belə cavab vermək olar: poeziyanın zəngin forma və məzmunundakı yeni imkanlarla. Rəsul Rza da bu yeni imkanlara arxalanaraq yaradır».
     Əlbəttə, bütün bunlar həqiqətdir və əlliillik bir yaradıcılığın təcrübəsi bu gün bu fikri bir daha təsdiq edir. Lakin bu yerdə bir məsələyə xüsusi diqqət yetirmək lazımdır: «Poeziyanın zəngin forma və məzmunundakı yeni imkanlara arxalanmaq», yəni novatorluq klassik Azərbaycan poeziyasında ənənə təşkil edən bir xüsusiyyətdir. «Qəlbimdə yeni şerin həvəsini duyuram» deyən Rəsul Rza ən sıx tellərlə klassik Azərbaycan poeziyasına bağlı olan novator şair idi və bu mənada o, ədəbiyyatda ənənələrə sadiq qalmaq, həmin ənənələri novatorcasına inkişaf etdirməkdir - prinsipini əyani şəkildə həyata tətbiq edən şair idi.
     Dünyanı çox gəzmiş, həm də bir səyyah kimi yox, bir şair kimi gəzmiş, poetik mövzusunun coğrafi üfüqləri İndoneziyadan tutmuş Hindistanacan, Fransadan tutmuş ərəb ölkələrinəcən geniş olan Rəsul Rza milli şair idi və bu millilik onun poeziyasının təbiətindədir və məhz belə bir milli mahiyyətə malik olduğu üçün də Rəsul Rza poeziyası beynəlmiləl, bəşəri poeziyadır. Azərbaycan koloriti, Azərbaycan düşüncə və görmə tərzi, dənizə, meşəyə, torpağa azərbaycanlı bağlılığı, milli problematikanın vüsəti, milli bədii təfəkkür yönümü Rəsul Rza poeziyasının ən yaxşı nümunələri üçün səciyyəvi cəhətlərdir və buna görə də bu poeziya öz milli oxucusunu ələ ala və ona təsir edə bildiyi kimi, rus, eston və Litva, yaxud ərəb və Kanada oxucusunu da ələ alır, ona təsir edir və məhz buna görə də hələ 1937-ci ilin iyul ayında bu poeziyanın qəhrəmanı «İspaniyadan gələn xəbər, ürəyimi dələr yenə» - dedikdə biz ona inanırdıq və onun ürəyinin ağnsını duyurduq, həmin inam və həmin duyğu bu gün də bizimlədir.
     Rəsul Rza tez-tez ömür barədə düşünür, ömür barədə yazırdı. Bu motiv onun «Bir gün də insan ömrüdür», «Qızılgül olmayaydı...» kimi poemalarında, məşhur «Rənglər» silsiləsində, ayrı-ayrı şerlərində müxtəlif şəkildə özünün bədii inikasını tapmışdır. Rəsul Rza şerlərindən birində belə bir arzusunu söyləyirdi:
Bir... çinar ömrü olsun deyirəm ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki, xatirələrdə yanğısı, izi qalsın...

     Öz-özlüyündə bir az kövrək və bir az da riqqətlə, həyəcanla deyilmiş bu sözlər bir insan kimi Rəsul Rzadan ayrıldığımız bu yanıqlı günlərdə belə, fikrimizdə nikbin səslənir, çünki şairin ömrü onun şerlərinin ömrüdür. Yazıq o şairə ki, şerlərinin ömrü öz ömründən qısa olur. Səadət o şairindir ki, illər keçdikcə, şeri də eyni bədii təsir gücü ilə yaşayır, nəfəs alır. Hərgah biz bu gün- əlli il keçdikdən sonra da «Bolşevik yazı»nı yada salır və xatırladırıqsa, deməli, Rəsul Rza poeziyası yaşayan və yaşayacaq poeziyadır, xatirələrdə yanğısı, izi qalacaq bir ömrə malik poeziyadır.
     Rəsul Rza məqalələrindən birində yazırdı: «Sənətkarın iki doğulma tarixi olur. Biri anadan olduğu gün, o biri ilk sənət əsəri yaratdığı gün. Birinci tarix dəftərxana kitabında yazılır, o biri tarixi həyat, zaman müəyyən edir».
     Bəli, sənətkarın- əsl sənətkarın - iki doğulma tarixi olur, lakin sənətkarın ölüm tarixi olmur, çünki- tarix bunu bizə yaxşı sübut edibsənətkar ölmür; biz insan itiririk, sənətkar isə yaşayır və yaşayır.
     Biz əziz bir adamımızı, yaxınımızı- Rəsul müəllimi itirdik. Nə etmək olar, «hər gün yaxınlaşdırır axır mənzilə bizi», çünki:
Ömür bir küçədir ki,
Bir tərəfli hərəkət
Onun sərt qanunudur.

     Biz, «Heyran qaldı iki gözüm yarpaqlara, yarpaqlara» - deyən bir insanı itirdik, lakin biz bu misraları yazan sənətkarı itirməmişik.
     Qoca Tolstoy yazırdı: «Adamlar o vaxt bədbəxtdi ki, yalnız özləri üçün yaşayırlar».
     Sənətkarların ürəyi millətindən, yaxınlığından, uzaqlığından asılı olmayaraq hamı üçün döyünür.
     Sənətkarın ömrü ölümsüz və xoşbəxt ömürdür.
     Rəsul Rza ömrü kimi...

1981.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 656 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more