Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Vüsalın uzun yolu (Məqalə)
VÜSALIN UZUN YOLU...
(Süleyman Rüstəm və Cənub)


     Süleyman Rüstəm çox nikbin, güclü yumor hissinə malik bir şəxsiyyətdir və əlbəttə, onun nikbinliyi bir küll halında Süleyman Rüstəm poeziyasını da səciyyələndirir, bu poeziya gələcəyə səsləyən, insanı sevən və onu xoşbəxt görmək istəyən bir şairin poetik özünüifadəsidir.
     Lakin bir dəfə mən onun uzaqlara dikilmiş gözlərindən iki damla yaşın süzülüb axdığını gördüm...
     Biz - bir dəstə yazıçı, qatarla qədim və gözəl Naxçıvana gedirdik. Qatar sübh tezdən Araz sahilinə çatacaqdı, bir müddət sahillə gedəcəkdi və biz səhərin gözü açılmamış yerimizdən qalxıb, təntənəli bir mərasimə hazırlaşırmışıq kimi, səliqə ilə geyinib, təmiz yuyunub sürətlə gedən (və bizim hisslərimizdən xəbərsiz...) qatarın pəncərələrinin qabağına yığışdıq.
     Biz Arazın şimal sahili ilə gedirdik. Arazın cənub sahili isə... indi bizim gözümüzün qarşısında olan, indi bizim bu qədər yaxınlığımızda, eyni zamanda, bizdən uzaq - əlçatmaz, ünyetməz bir uzaqlıqda olan Cənubi Azərbaycan idi...
     Azərbaycanla bağlı Şimal və Cənub sözləri hər bir azərbaycanlının ürəyində nisgillə dolu ayrılıq qütbləridir...
     Qatar gedir, biz isə qatar pəncərələrinin soyuq şüşələrindən Cənuba baxırdıq.
     Üç-dörd dəqiqədən sonra biz bu yerlərdən uzaqlaşacaqdıq, Cənub isə eləcə sübh sükutu içində qalacaqdı və o dəm mənə elə gəlirdi ki, orada səhər heç zaman açılmayacaq, qarşımızdan ötüb gedən o kənd evləri, o bərəkətli torpaq, o ağaclar həmişə beləcə səhərin alatoranında qalacaq...
     Mənə elə gəlirdi ki, alatoranlıq içindəki o kənd evləri də, o ağaclar da, o qara torpaq da canlı bir varlıq kimi qüssə dolu gözləri ilə bizə baxır, bizim qatarımızı yola salır və o torpağın qara rəngi də, elə bil, bu dəm Cənubda qalmış otuz milyon xalqın taleyinin, qismətinin rəngidi...
     Əlimi qatar pəncərəsinin soyuq şüşəsinə dirədim və o soyuq mənim ürəyimi üşütdü...
     O vaxt Süleyman Rüstəmin Cənubun uzaq üfüqlərinə zillənib qalmış gözlərindən iki gilə göz yaşı süzüldü.
Vüsalın uzun yolu mənim canımdan keçir,
Ordubadımdan keçir, Naxçıvanımdan keçir.

     Bu misraları Süleyman Rüstəm 1966-cı ildə yazmışdır, lakin həmin dövrə qədər də, həmin dovrdən sonra da Cənub mövzusu həmişə Süleyman Rüstəm poeziyası ilə birgə olmuşdur, həmin «vüsalın uzun yolu» kimi, bu poeziyanın məhvərindən keçmişdir, ana xətlərindən biri olmuşdur. «Vüsalın uzun yolu» Süleyman Rüstəm kimi nikbin bir şairi belə:
Yaman dərin yarası var sinəmin,
Ağrımayan harası var sinəmin? -

deməyə məcbur etmişdir, nikbin insanı və nikbin şairi beləcə aş- kar ələm ağrısını bildirməkdən çəkindirməmişdir. Lakin qəribədir (və yəqin ki, əlamətdardır!), biz bəzən bu cür dərdli misraların özündə də həzin bir nikbinlik, dözüm duyuruq:
Hardasan, hardasan, ey vüsal günü!
oruldum demərəm ömrüm uzunu -
Cənub həsrətinin ağır yükünü
Daşısam əynimdə qoca fil kimi...

     Süleyman Rüstəmin Cənub şerlərində illərdən illərə adlayan, amma təravətini, necə deyərlər, akvarellə işlənmiş təbiətini itirməyən Təbriz gözəli obrazı var, lakin bu aşiqanə şerlərin ənənəvi məşuqə, yar, gözəl surəti deyil, lirik qəhrəmanın gözündə, hisslər aləmində, vətəndaş məhəbbətində Cənubi Azərbaycan torpağının və xalqının rəmzinə çevrilmiş bədii-estetik bir mücəssəmədir.
     Süleyman Rüstəm Cənubi Azərbaycan demokrat hərəkatının gücləndiyi və parlaq qələbə çaldığı qırxıncı illərdə orada vətəndaş fəaliyyəti göstərən Azərbaycan yazıçılarından biridir və hələ 1941-ci ildə Təbrizdə ikən bu qədim şəhərimizə müraciət edərək, xalqımızın qəhrəmanlıq simvolu Ərk qalasını şahid göstərərək yazırdı:
Qoy mənim sözümə şahid olsun Ərk,
Səni ölənədək mən etmərəm tərk.
Günəşin əlindən yapışıb bərk-bərk,
Qoynuna uğurlu bir səhər gəlir...

     O səhər gəldi, o uğurlu səhərin işığı Cənubi Azərbaycanda həsrətdən solmuş sifətlərə, şah istibdadından xilas olub azad, müstəqil yaşamaq, ana dilində oxumaq, ana dilində yazmaq istəyinə, ehtirasına, ümidsiz ürəklərə bir hərarət gətirdi, lakin o səhərin ömrü uzun olmadı, o səhər günorta günəşinin şəfəqləri ilə yanmadı, ayrılıq yenə də xan Arazın axar sularının üstündən sərhəd saldı, qardaşı qardaşdan, bacını bacıdan ayırdı və artıq 1974-cü il- də Süleyman Rüstəmin lirik qəhrəmanı Təbriz gözəlinə müraciət- lə deyirdi:
O zaman ki, sevib səni konül verdim, ey gözəl,
Dedim olmaz bu dünyada daha dərdim, ey gözəl,
Çox sürmədi sevincimiz ilk məhəbbət bağında,
Könlümdəki arzuların çiçəklənən çağında,
Bir ay kimi batdı birdən buludlarda camalın,
Sönməmişdir hələ mənim gözlərimdə xəyalın...

     Süleyman Rüstəmin Cənubla bağlı ilk şerlərinin yazıldığı vaxtdan, az qala, əlli il keçir, lakin bütün bu müddətdə həmin «xəyal» həmişə narahat şair qəlbinin iztirabları ilə birgə olmuşdur, o xəyalın doğurduğu qüssənin bədii-poetik ifadəsi oxucunun ürəyinə yol tapmışdrr, onu düşündürmüşdür.
     Təbriz gözəlinin məhəbbəti yaralı məhəbbətdir və illərdən bəridir ki, həmin yara ağrıyır, həmin yara lirik qəhrəmanın köksünü göynədir və bu zaman bizim klassik və müasir poeziyamızda al yanaqların gözəlliyindən, sağlamlığından xəbər verən lalə obrazı da ayrılıq yarasından damcılayan qırmızı qan rəngini alır:
Ayrılıqdan odlanan bağrımda laləm var mənim,
Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim...

     Biz Süleyman Rüstəmin Cənub şerlərində lirik qəhrəmanın Təbriz gözəlinə müraciətlə qəlbindəki yaradan söz açmasına tez- tez təsadüf edirik: «Yox, mümkün deyildir səni unutmaq, Eşqin ürəyimin yarasındadır!», «Təbriz gözəlindən sənə xatirə, Bağrında sızlayan yara deyilmi?!». Lakin müxtəlif şerlərdə söylənən bu misralar fikir təkrarı, artıq dəfələrlə çəkilmiş poetik mənzərənin yeni bir variasiyası deyil, əksinə, Süleyman Rüstəm poeziyasında Şimal-Cənub həsrəti o qədər böyük, dərunidir ki, şerdən şerə adlayan həmin «sızlayan yara» təbii və təsirli bir təkrirə çevrilir. Onun lirik qəhrəmanı nəinki tez-tez «sızlayan yara»dan deyir, hətta bəzən həmin yara ilə fəxr eləyir:
Qəlbində yaran varsa da fəxr eylə, Süleyman,
Bir xatirədir səndə bu Təbriz gözəlindən...

     Biz Bu lirik qəhrəmanın Təbriz gözəlinə məhəbbəti heç bir vaxt, zaman məhdudluğu tanımır, bu məhəbbət əbədidir, bu məhəbbət torpağıın altında da onun qəlbindən əskik olmayacaq:
Sakit olsun deyə torpaqların altında könül,
Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş!..

     Lakin könül sakit olacaqmı? O yara ki, o cür dərindir, torpağın altında da sızlayacaq və elə bil ki, lirik qəhrəman bunu hiss edirmiş kimi, Süleyman Rüstəmin vaxtilə yazdığı «Vəsiyyət kimi» şerində ürəkdən gələn bir yanğı ilə «bir ayaq saxlayın, yoldan ötənlər» - deyə insanlara müraciət edir:
Gül-çiçək səpməyin qəbrim üstünə,
Yanar dağ kimidir ürəyim yenə.
Su səpin, cavabsız qalmasın ricam,
Yanıram, yanıram, suya möhtacam.
Bir görün dillənib nə deyir yaram,
Torpaqlar altda da göynəyir yaram.
Qəlbimdən heç zaman qoparmaq olmaz,
Bu gözəl həsrəti, bu məhəbbəti.
Su səpin qəbrimə, dincəlim bir az,
Təzədən başlayım sonra söhbəti.
Sizdən bir ricam da, dostlar, budur, bu,
Kürdən yox, Arazdan gətirin suyu...

     Bu kövrək hiss də Süleyman Rüstəmin Cənub şerlərində inkişaf edən, özünün bədii-estetik təsdiqini tapan emosional motivlərdən biridir və biz lirik qəhrəmanın tam səmimiyyətinə inandığımız üçün, həmin motivlə bağlı misraların təsiri də güclü olur.
Gəl Bakıya, bağım, bağçam güləndə,
Bircə ovuc torpaq gətir gələndə,
Dostlar qatsın torpağıma öləndə,
Bəlkə onda kama çatam, Şəhriyar,
Son mənzildə rahat yatam, Şəhriyar!..

     Bütün bu qəmli-kədərli motivlərlə bərabər, o həsrətin böyüklüyü və dərinliyi ilə bərabər, Süleyman Rüstəmin Cənub şerlərində bir inam da var: xalqın qəhrəmanlığına, mətanətinə, qadirliyinə inam. Gələcəyə inam.
     Bu inamı, Cənubi Azərbaycan xalqının müstəmləkəçiliyə qarşı, şah istibdadına, milli hüquqsuzluğa, ana dilinin dustaqlığına qarşı ölüm-dirim mübarizələrilə zəngin tarixi yaradıb.
     Bu inamı, qəhrəman səttarxanların, xiyabanilərin işıqlı əməlləri, inqilabi-demokratik hərəkatın parlaq qələbələri əmələ gətirib.
     Süleyman Rüstəm Cənubi Azərbaycan xalqına müraciətlə:
Səttarxanın bayrağını qəlbindən asan,
Millətinin şöhrətini günəşə yazan,
Əliqanlı cəlladların qəbrini qazan,
Ağ günləri salamlayan sən deyilmidin?!
Alnıaçıq o qəhrəman sən deyilmidin?! -

sualını verir və bu sualın özündə də bir təsdiq var; eyni zamanda, bu suala cavab olaraq xalqın dilindən «dediyin o adam mənəm, hələ sağam mən» - deyə cavab verir:
Səhər erkən
Bilirsənmi üfüqlərdə qızaran nədir?
Mənim qanlı köynəyimdir, bayrağımdır o,
Haqq, ədalət vuruşunda yarağımdır o!

     O vuruş davam edir - bəzən mənəvi bir vuruş kimi, bəzən silahlı bir döyüş kimi.
     «Haqq, ədalət vuruşu» həmişə haqqın və ədalətin qələbəsilə qurtarır. Bu qələbə bəzən on il, bəzən yüz il tələb edir, minlərin, yüz minlərin, hətta milyonların qanı hesabına başa gəlir, lakin o «haqq, ədalət vuruşu»nun son nəticəsində dialektik bir qanunauyğunluq var.
     Xalqın oğullarının başını kəsmək, onları dar ağacından asmaq mümkündür, lakin bütün xalqın başını kəsmək, bütün xalqı dar agacından asmaq mümkün deyil!
     Xalqın oğullarına ömürlük həbs cəzası kəsmək olar, onları ömürlərinin axırınacan məhbəslərdə saxlamaq olar, lakin xalqı əbədi məhbəsdə saxlamaq olmaz!
Gəl qulaq as bir də mənə,
Ağlayıb öz taleyinə
Kəm demə, Təbriz gözəli,
Qəm yemə, Təbriz gözəli!
Mən bilirəm, gün gələcək,
Gül kimi baxtın güləcək.
Can sıxan hicran keçəcək,
Səslənəcək arzularım,
Hər gün Arazdan keçəcək
Odlu könül mahnılarım!..

     Mən yenə də xəyalən sürətlə Naxçıvana gedən həmin qatara qayıdıram, Araz qırağına qayıdıram və bu dəfə mən də hiss edirəm, inanıram ki, qarşımızdan ötüb keçən o Cənub torpağında yeni bir səhər açılacaq, günəşin şəfəqləri o torpağı qızdıracaq və o zaman o qatar pəncərələrinin buz soyuğuna da bir hərarət gələcək...

1986.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 624 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more