Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Vətəndaşlıq - vətənin qeyrətini çəkməkdir (Məqalə)
VƏTƏNDAŞLIQ - VƏTƏNİN QEYRƏTİNİ ÇƏKMƏKDİR


     Bu gün, elmi-texniki inqilab dövründə, kütləvi informasiya vasitələri həddən artıq çoxalmış, müasir məişətin tərkib hissəsinə çevrimişdir və maraqlı burasıdır ki, görmək, öyrənmək, bilmək üçün minlərlə kilometr məsafələr saniyələr ərzində qət edilə bildiyi bir şəraitdə şəxsi, necə deyərlər, canlı görüşlərə, canlı mükalimələrə mənəvi ehtiyac qətiyyən azalmamış, əksinə, əsrin mürəkkəbliyini, ictimai formasiyaların müxtəlifliyini, zehnin misilsiz inkişafını və belə bir inkişafla əlaqədar mühüm fəlsəfi, ictimai- əxlaqi, nəhayət, güzəran problemlərinin meydana çıxmasını nəzərə alsaq, olsun ki, əvvəlki dövrlərə nisbətən daha da artmış, daha faydalı və səlahiyyətli olmuşdur.
     Bu ilin iyul ayında Sofiya şəhərində yazıçıların «Helsinki ruhu və sənətkarların vəzifələri» mövzusunda beynəlxalq görüş keçirilmişdi və həmin görüşün sənədləri ilə, oradakı çıxışlarla tanış olduqda məhz canlı üzbəsurət fikir mübadilələrinin, dialoqların yarada biləcəyi müsbət və əməli nəticələri əyani şəkildə görmək mümkündü.
     Sentyabrın sonlarında isə Moskvada sosialist ölkələri cavan yazıçılarının «Yazıçının ictimai mövqeyi» mövzusunda beynəlxalq simpoziumu keçirildi və bu ədəbi məclis də Sofiya görüşünün davamı, həm də nisbətən cavan sənətkarların müasir həyatın ən mühüm problemlərinə münasibətinin ifadəsi kimi əlamətdar və rəmzi idi.
     Moskva simpoziumunda Almaniya Demokratik Respublikasının, Bolqarıstanın, Vyetnamın, Kubanın, Macarıstanın, Monqolustanın, Polşanın, Rumıniyanın, SSRİ-nin və Çexoslovakiyanın nümayəndələri iştirak edirdi. SSRİ Yazıçılar İttifaqının katibi, şair Oleq Şestinskinin rəhbərlik etdiyi sovet nümayəndə heyətinə «Ədəbiyyat və İncəsənət» qəzeti baş redaktorunun müavini, şair İsa İsmayılzadə, Moskva yazıçılar təşkilatının katibi, «Smena» jurnalının baş redaktoru, yazıçı Albert Lixanov, A.M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun baş elmi işçisi, tənqidçi Georgi Andcaparidze, beynəlxalq jurnalist Andrey Koçetov, kimya elmləri doktoru, yazıçı Aleksandr Rusov, Dağıstan Dövlət Universitetinin dosenti, tənqidçi Kazbek Sultanov, qazax yazıçısı Oralxan Bokeyev, türkmən şairi Atamurad Atababayev və başqaları daxil idi; bu sətirlərin müəllifi də sovet nümayəndə heyətinin üzvü idi.
     Simpozium SSRİ Yazıçılar İttifaqının birinci katibi Georgi Markovun giriş sözü ilə açıldı, sonra Oleq Şestinskinin «Gələcəyə can atan sənət» mövzusunda məruzəsi dinlənildi. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, həmin məruzədə İsa İsmayılzadənin «Böyüdülmüş şəkillər» poeması yüksək qiymətləndirildi. Məruzəçi bu əsərin üzərində xüsusi dayandı və «poemanın fəlsəfi mahiyyətini» müharibədə həlak olmuş «döyüşçülərin mənəvi aləminin bu gün ilə bağlana bilməsi» ilə müəyyənləşdirdi.
     Məruzədə və sonrakı çıxışlarda dünya ədəbiyyatında beynəlmiləlçilik və xalqlar dostluğu mövzusunun işlənməsi, sosioloji baxımdan fəal şəxsiyyətin yetişməsində, müasirimizin mənəvi simasının formalaşmasında ədəbiyyatın rolu, ənənə və müasirlik, müasir ədəbiyyatda vətəndaşlıq kimi problemlər müxtəlif bucaqlar altında işıqlandırıldı və belə bir həqiqət də yekdil surətdə təsdiq edildi ki, ədəbiyyatda vətəndaşlıq mühüm ictimai və eyni zamanda da bədii-estetik şərtdir.
     Mən bu fikir mübadilələrinə qulaq asarkən, çox maraqlı, həm də mənalı bir təsadüfi, qəribə bir dil hadisəsini xatırladım: Azərbaycan dilində «vətəndaş» sözü «vətən» sözündən yaranmışdır («vətən» və qədim türk dilində həmrəylik, birgəlik mənasında işlədilən, indi isə, sözdüzəldici şəkilçi rolunu oynayan «daş»).
     «Vətən» sözü ilə «vətəndaş» sözü arasındakı bu qrammatik əlaqə ona görə mənalıdır ki, hər iki sözün ifadə etdiyi məfhumlar arasında da son dərəcə sıx bir əlaqə, rabitə vardır: vətəndaşlıq - vətənin qeyrətini çəkmək deməkdir.
     Azərbaycan dilindəki bu qrammatik hadisəni təsadüf adlandırdım, yəqin ki, bir çox başqa dillərdə belə bir qrammatik əlaqə yoxdur, lakin mühüm, əsas cəhət budur ki, hansı dildə olursa- olsun, «vətən» məfhumu ilə «vətəndaş» məfhumu arasındakı mənəvi əlaqə mütləqdir. Məhz buna görə də dilindən asılı olmayaraq, bütün xalqların Böyük ədəbiyyatı vətəndaş ədəbiyyatıdır.
     Vətənin qeyrətini çəkmək - xalqın qeyrətini çəkmək deməkdir.
     Mən simpoziumdakı çıxışımı əsas etibarilə bu məsələyə həsr etdim.
     Ədəbiyyat tarixində hansı xalqa mənsub olursa-olsun, elə böyük sənətkarlar tapmaq mümkündürmü ki, onun əsərləri xalq təəssübkeşliyinin ifadəsi olmasın? Əlbəttə, təəssübkeşlik məfhumunu geniş mənada işlədirəm: xalqın təəssübünü çəkmək, yəni xalqı sevmək, onun müqəddəratını düşünmək, onun güzəranının yaxşılaşması naminə sözlə mübarizə aparmaq, onun həyatı ilə yaşamaq və yaratmaq, onu qorumaq deməkdir.
     Mən ötən ilin sonlarında Yuqosloviyada, Zaqreb şəhərində keçirilən, uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş beynəlxalq simpoziumun iştirakçısı idim. Həmin ədəbi məclisdə, təbii ki, yalnız uşaq ədəbiyyatının deyil, ümumiyyətlə, müasir ədəbiyyatın bir sıra aktual problemləri ətrafında fikir mübadiləsi, mübahisələr gedirdi. O zaman mənə belə bir sual verdilər:
     -Siz ədəbiyyatda vətəndaşlıqdan çox danışırsınız. Deyirsiniz ki, yazıçı, hər şeydən əvvəl, vətəndaş olmalıdır. Bəs onda nə üçün Con Steynbek Vyetnamda vuruşan Amerika əsgərləri ilə həmrəy olanda siz onu tənqid etdiniz? Hətta Yevtuşenko ona şerlə çox kəskin açıq məktub dayazdı. Niyə? Axı, Steynbek də Amerika vətəndaşı idi və o, Amerikanın mənafeyini güdürdü.
     Əlbəttə, bu - zahirən effektli də olsa, əslində - sadəlövh sual idi, ədəbiyyatda, ümumiyyətlə, sənətdə vətəndaşlıq anlayışını başa düşməməyin və yaxud başa düşmək istəməməyin nəticəsi idi. Vətəndaşlıq yalnız hər hansı bir ölkənin pasportunu cibində gəzdirmək və kor-koranə bu pasportu verənlərin tərəfində olmaq deyil. Hərgah Amerika Vyetnam xalqının daxili işinə qarışırdısa, Vyetnam xalqını əzmək istəyirdisə, öz oğullannı öz torpağından minlərlə kilometr uzaqlara göndərib qan tökməyə və məhv olmağa məcbur edirdisə, əsl Amerika vətəndaşı Vyetnam vətəndaşı ilə həmrəy olmalı idi və həqiqətdə də belə idi, milyonlarla Amerika vətəndaşı Vyetnam vətəndaşı ilə həmrəy idi. Belə bir həmrəylik sərhədlər, milli fərqlər tanımır. Bu həqiqət müasir dövrdə Vyetnamın timsalında bir daha sübuta yetdi. Yaxşı ki, Steynbekin yadigar qoyub getdiyi əsərlər müəllifin bu faciəli səhvinin bədii inikası deyildi, yoxsa ki, onlar bu gün yaşamazdı, dillərdən-dillərə, o cümlədən, Azərbaycan dilinə tərcümə olunmazdı, çünki ədəbiyyatın tarixi sübut edir ki, xeyir ilə şərin mübarizəsində şeri tərənnüm edib qalıcı əsər yaratmaq mümkün deyil.
     Mənim (və yəqin ki, təkcə mənim yox!) çox xoşladığım XX əsr yazıçılarından biri Knut Hamsundur və hərgah bu böyük yazıçının da əsərləri müəllifin qoca yaşlarında seçdiyi şər qüvvələr platformasının bədii-estetik təcəssümü olsaydı, onlar yaşamazdı, dəyərsiz, lazımsız olardı. Boris Suçkov çox dəqiq yazırdı: «Zaman Hamsun irsində təsadüfi və yalançı nə vardısa da yuyub apardı; o bizim təsəvvürümüzdə gözəlliyi və məhəbbətin gücünü tərənnüm edən, çox dəruni sirayətlə insan həyatının mürəkkəbliyini və XX əsrin tarixə çevirdiyi yeni konfliktləri təsvir edən bir sənətkar kimi canlanır».
     Vətəndaşlıq beynəlmiləl təbiətə malikdir və eyni zamanda, qatı millətçilik, irqçilik kimi, kosmopolitçilik də ona düşməndir. Məhz belə bir keyfiyyətin nəticəsidir ki, Dostoyevski rus xalqının, Balzak fransız xalqının, M.F. Axundov Azərbaycan xalqının böyük vətəndaş yazıçısı olmaqla bərabər, eyni zamanda digər xalqların da vətəndaş ədibləridir.
     Əlbəttə, yazıçının ictimai simasını onun dünyagörüşünün zənginliyi, əqidəsi, həyat hadisələrini, ictimai-siyasi münasibətləri dərk etməsi müəyyənləşdirir və bütün bunlar isə vətəndaşlıq məfhumunun daxili hissələridir. Bütün bunlara görə də, istedad olan yerdə böyük vətəndaşlıq böyük də sənət nümunəsi yaradır. XX əsr Azərbaycan ədəbiyyatının alovlu vətəndaş-şairi Məhəmməd Hadi deyirdi:
Qoymuş miləl imzasını övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində!

     Bütöv bir millət haqqında bu cür cəsarətlə fəryad etmək üçün vətəndaş olmalısan. Belə bir fəryadın bədii-estetik səviyyəsi bu cür yüksək olmaqdan ötrü o, vətəndaş şairin sinəsindən qopmalıdır.
     Hərgah ədəbiyyat, Dobrolyubovun sözü ilə desək, «ictimai inkişaf elementidir»sə (və biz bilirik ki, bu belədir!), o zaman yazıçı çoxlarının görə bilmədiyini görməli və göstərməlidir. Yalnız bu zaman sənətkarın təqdiri və təkdiri, tərənnümü və inkarı, onun hiss və həyəcanları təsvir və tədqiq etməsi, portretlər qalereyası yaratması ictimai məzmun kəsb edə bilər, yəni Böyük ədəbiyyat nümunəsi yaranar. Həmişə belə olub, bütün Böyük sənətkarların iti qələmləri iti gözlərinin gördüklərini ağ vərəqə köçürüb. Engelsin məşhur sözləri yada düşür: «Hökumətin də, liberalların da görmədiklərini artıq 1833-cü ildə, ən azı, bir nəfər görürdü, düzdü, bu adamın adı Henrix Heyne idi». Çexov və Qorki də belə idi. Dikkens və Tekkerey də belə idi. C. Məmmədquluzadə və Sabir də belə idi.
     Məhz belə olduğu üçün də yazıçı öz dövründə baş verən fər- di faciələrin belə dərin köklərini araşdırıb üzə çıxarır, ona ictimai məna verir, quruluşun, şəraitin ədalətsizliyi kimi ümumiləşdirməyi də bacarır. Volter Kalasların, de Labbarın, Servenlərin, yaxud Zolya Dreyfusun, L.Tolstoy sıravi Şebuninin fərdi faciələrini, fərdi cinayət işlərini feodalizmə, əsarətə, irqi ayrıseçkiliyə, dini fanatizmə, ictimai bərabərsizliyə, istismara qarşı bir ictimai ittiham səviyyəsinə qaldırmışdı. Korolenko məşhur «Mulat işində» udmurtları müdafiəyə qalxaraq onların, əslində, çar müstəmləkəçiliyi siyasətinin qurbanı olduqlarını bütün aləmə bəyan etdi və belə misalların sayını istədiyimiz qədər artıra bilərik.
     Mən başqa tipli bir tarixi fakta da müraciət etmək istəyirəm. XIX əsr böyük Azərbaycan yazıçısı və filosofu, ictimai xadimi M.F. Axundov həmin əsrin ortalarında ömrünün böyük bir hissəsini yeni əlifbaya keçmək uğrunda mübarizəyə sərf etmişdi. M.F.Axundov altı ölməz komediyanın müəllifidir və əlbəttə, o əski əlifbanı çox gözəl bilirdi, yeni əlifba uğrunda həsr etdiyi enerji hesabına daha altı ölməz komediya da yaza bilərdi. Ancaq Azərbaycan mədəniyyəti bundan uduzubmu?
     Yox, bunun əksinədi. Yeni əlifba uğrunda mübarizə, ümumiyyətlə, yeni mədəniyyət, zamanın, ictimai-siyasi münasibətlərin, maarifçiliyn tələb etdiyi mədəniyyət uğrunda mübarizə idi və M.F.Axundovun bu ictimai fəaliyyəti XIX əsr Azərbaycan mədəniyyətinin, ictimai fikir tarixinin parlaq səhifələrindəndir.
     Bu gün, yuxarıda yazdığım kimi, informasiya vasitələrinin həddən artıq gücləndiyi bir şəraitdə, sürət və elmi-texniki inqilab əsrində yazıçı, olsun ki, bütün başqa dövrlərə nisbətən daha artıq dərəcədə kollektiv bir qüvvətdir. Bu gün yüksək ideallar uğrunda mübarizədə, sülh və əminamanlıq uğrunda mübarizədə, istismara, müstəmləkəçiliyə qarşı, cəhalət və nadanlığa qarşı mübarizədə yazıçı sözü, məhz kollektivin iradəsini ifadə etdiyi üçün real qüvvədir. Bu gün bu qüvvə ilə hesablaşmamaq mənəvi iflasa səbəb olur. Bu gün bu qüvvədən sərf-nəzər etmək, ona sui- qəsd hazırlamaq mənəvi məğlubiyyətlə nəticələnir. Bu gün bu kollektiv qüvvə özünün mübariz bir üzvünü, deyək ki, Pablo Nerudanı cismani surətdə itirirsə, bu itkinin özü də sərhədlər çərçivəsinə sığmayan mənəvi qələbəyə, mənəvi dayağa, mənəvi sığınacağa çevrilir.
     Vaxtilə orta əsrlərin böyük Azərbaycan mütəfəkkir şairi və filosofu Nəsiminin feodalizm və müstəbidlik aləminin zülmətindən işığa can atan əqidəsinə və əxlaqına görə diri-diri dərisini soydular. Bu faciəli ölüm Azərbaycan ədəbiyyatının, Azərbaycan tarixinin fəxr etdiyi vətəndaşlıq zirvələrindən birinə çevrildi. Bu vətəndaşlıq qeyrəti Azərbaycan ədəbiyyatında nəsillərdən-nəsillərə keçdi.
     Vətəndaşlıq Azərbaycan ədəbiyyatında və ümumiyyətlə, bütün böyük milli ədəbiyyatlarda ənənəvi bir keyfiyyətdir.
     Bu gün biz yazıçının xalqa yaxınlaşması, xalq həyatına fəal müdaxilə etməsi barədə çox yazırıq və bəzən lap ifrata da varırıq. Ancaq bir həqiqət var: xalqın mənafeyini güdmək üçün ona qaynayıb qarışmalısan. Dediyin sözün çəkisi və kəsəri olması üçün, bu söz xalqın iradəsini, xalqın hiss və düşüncəsini ifadə etməlidir. Əks təqdirdə sənin vətəndaşlığın Don Kixotun Dulsineyaya məhəbbətindən başqa bir şey deyil.

13 oktyabr 1977.
Moskva.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.06.2014) | Müəllif: R.C E W
Baxış: 515 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more