Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tarixin və ədəbiyyatın səhifələri (Məqalə)
TARİXİN VƏ ƏDƏBİYYATIN SƏHİFƏLƏRİ


     Vaxtilə böyük Cəlil Məmmədquluzadə yazırdı: «İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən həmin səhvi eləmə».
     Bu gün Cəlil Məmmədquluzadənin özünün yaradıcılığı və şəxsiyyəti tariximizin ən işıqlı səhifələrinə çevrilib və biz bu səhifələri vərəqlədikcə, onları dönə-dönə oxuduqca, öyrəndikcə böyük istedadla bərabər (bəlkə də elə bu istedada görə!), böyük də vətəndaşlıq əzminin, qeyrətinin və fəaliyyətinin şahidi oluruq. «Ölülər»dən, «Danabaş kəndinin əhvalatları»ndan, «Dəli yığıncağı»ndan, hekayələrindən, felyetonlarından tutmuş, «Molla Nəsrəddin»dəki ən kiçicik elanlara kimi Cəlil Məmmədquluzadənin qələmindən çıxmış elə bir yazıya rast gəlmək mümkün deyil ki, burada dediyimiz böyük istedadla böyük vətəndaşlıq ayrılmaz birlikdə, vəhdətdə bizim bütün fikrimizə, hisslərimizə hakim kəsilməsin. Görkəmli alimimiz Əziz Mirəhmədov C.Məmmədquluzadənin jurnalistlik fəaliyyətinə həsr olunmuş «Azərbaycan Molla Nəsrəddini» adlı qiymətli monoqrafiyasının sonunda yazır ki, «Dövrünün oğlu olmaq etibarilə Məmmədquluzadə bəzi tarixən məşrut məhdudluqdan xilas ola bilməmiş, yaradıcılığında burjua-demokratik inqilabın qüvvətli tərəfləri ilə bərabər, zəif tərəfləri də inikasını tapmışdır.»
     Biz mübahisə etmək istəmirik. Bəlkə də belədir. Lakin bir həqiqət bizim üçün şübhəsizdir: həmin «tarixən məşrut məhdudluğun», «burjua-demokratik inqilabın zəif tərəflərinin» özü də ehtiraslı, yanan Böyük vətəndaş axtarışlarının nəticəsi idi.
     Məhz belə bir Böyük istedad və Böyük vətəndaşlıq birliyinin sayəsindədir ki, Cəlil Məmmədquluzadə yaradıcılığı və fəaliyyəti Azərbaycan ədəbiyyatşünaslıq elminin və ümumiyyətlə, Azərbaycan ictimai fikrinin daimi mərkəzində olan elmi-tədqiqat obyektlərindən biridir; Cəlil Məmmədquluzadə haqqında çox yazılmışdır, lakin... eyni zamanda, Cəlil Məmmədquluzadə haqqında az yazılmışdır.
     Biz nə üçün bu fikirdəyik? Axı, biblioqrafik göstəricilərə baxsaq, böyük ədib və vətəndaş, yaradıcılığı və fəaliyyəti barədə bəlkə də ən çox yazılmış ədəbi simamızdır...
     İki səbəbə görə.
     Birincisi, ona görə ki, söhbət son dərəcə zəngin və çoxsahəli bir yaradıcılıqdan və fəaliyyətdən gedir və belə bir zənginliyin, çoxsahəliliyin elmi-nəzəri ehtivası üçün təxminən qırx beş il çox az bir dövrdür. İkincisi isə, ona görə ki, Cəlil Məmmədquluzadə haqda yazılanların hamısı tədqiq, təhlil və təsnif obyektlərinin tələb etdiyi, yəni özünə müvafiq elmi-nəzəri səviyyədə deyil. Biz, təəssüf, bunun az şahidi olmamışıq ki, Cəlil Məmmədquluzadə haqqında yazılmış əsərin əsas hədəfi onun yaradıcılığı və fəaliyyəti yox, dissertasiya müdafiə etməkdir, dissertasiya müdafiə etmək xətrinə çap olunan məqalələrdir, mövzunun aktuallığı və hamı tərəfindən qəbul olunduğu üçün belə bir rahatlıq sayəsində bəzən səviyyəsini itirən ədəbi meyarların nəticəsidir...
     Bu mənada, elə bilirik ki, oxucu, Firidun Hüseynovun kitabını maraqla qarşılayacaq və maraqla oxuyacaqdır. Burada toplanmış məqalələr Cəlil Məmmədquluzadənin öz yaradıcılığı və fəaliyyətindən, eləcə də «Yüz illərlə can çəkişdirib axırda yenə də ixtiyarsız qul olmaqdansa, məhv və nabud olmaq, can verib getmək, lakin hürriyyət və bərabərlik yolu kimi şanlı, müqəddəs bir yolda ölmək, şəhid olmaq, əlbəttə, dahaməsləhətdir!.. Yahürr yaşamalı, ya hürriyyət yolunda getməli!.. Yoxsa bu yaşayış, yaşayış deyildir!» - deyən Nəriman Nərimanov («Nəriman Nərimano- vun bədii nəsri haqqında»),
«Oxuyax, anlıyax, qardaş, cahil qalmıyax,
Cahil qalax, biz yenə vətəndən kam almıyax,
Fərzəndane Şəbüstər, vətən bizdən elm istər» -

yazan xalq şairi Mirzə Əli Möcüz («Möcüz gülüşü»), «Millətin halı bu gün xeyli yamandır» - deyə yanan Əliqulu Qəmküsar («El dərdinə yanan şair»), «And olsun bizim kəndimizdə olan cinda məşədi Şarabanı xalanın tasınaki, sənə («MollaNəsrəddin»ə ) hər nə ki, yazıram, biri də yalan deyil» - deyə gülə-gülə ağlayan Əli Nəzmi («Həqiqi «Molla Nəsrəddin» şairi», («Güldürən, düşündürən şair») kimi Cəlil Məmmədquluzadə məktəbinin yetişdirməsi və bu məktəbə yaxın olan ədiblərimizin yaradıcılığından bəhs edir.
     Bu kitab birinci səhifəsindən axırıncı səhifəsinə kimi Cəlil Məmmədquluzadənin yaradıcılığına və fəaliyyətinə, ümumiyyətlə, XX əsr Azərbaycan ədəbiyyatına, bu ədəbiyyatın zəngin mündəricəli ənənələrinə məhəbbətlə yazılmışdır.
     Lakin nə qədər qiymətli olsa da, yalnız bu cəhətlə, yəni yalnız məhəbbətlə müasir oxucunun elmi-estetik tələbatını qane etmək mümkün deyil və Firidun Hüseynovun kitabının yaxşı cəhəti də orasındadır ki, ədəbi irsimizə məhəbbət həmin irsə bələdliklə, əksərən ciddi elmi təhlil və tədqiqlə bir-birini tamamlayır.
     Firudin Hüseynov Cəlil Məmmədquluzadənin ayrı-ayrı hekayələrini - «Quzu» və «Zırrama»nı geniş tədqiq obyektinə çevirir və bu hekayələrə xüsusi tədqiqi məqalələr («Aydınlığa doğru», «Yaddan çıxmır») həsr edərək yalnız adicə olaraq həmin hekayələrin təhlili ilə kifayətlənmir, araşdırmalarını, eyni zamanda, onların mövcud elmi təhlil və tədqiqi kontekstində aparır, elmi mübahisələr, fikir mübadilələri edir. Müəllif bir sıra çox işlənmiş mövzulara belə, deyək ki, «Cəlil Məmmədquluzadə və rus ədəbiyyatı» mövzusuna toxunur və öz məxsusi sözünü deməyi bacarır.
     Kitabın bir yaxşı cəhəti də orasındadır ki, ayrı-ayrı konkret əsərlərdən bəhs edərkən, müəllif bir küll halında, Cəlil Məmmədquluzadənin sənətkarlığı haqqında dəqiq müşahidələr aparır, ümumiləşdirilmiş fikirlər söyləyir. Misal üçün, «Düşündürən hekayələr» məqaləsində Firudin Hüseynov «Ucuzluq» hekayəsindəki texnikum müdiri surətini nəzərdə tutaraq yazır: «Cəlil Məmmədquluzadə həmişə olduğu kimi, bu qəribə tip barəsində də mənfi, ya müsbət rəy, xarakteristika vermir» - Yaxud «Zırrama» hekayəsindən bəhs edərkən yazır: «Cəlil Məmmədquluzadə digər portret hekayələrində olduğu kimi, burada da müstəqim təsvirdən, birbaşa və açıq tendensiyaçılıqdan uzaqdır» («Yaddan çıxmır»).
     Doğrudan da heç vaxt «mənfı, ya müsbət rəy, xarakteristika» verməyərək, xarakter yaratmaq, həmişə «müstəqim təsvirdən, birbaşa və açıq tendensiyadan» uzaq olub, ən çox deyilən sözün özü ilə yox, onun arxasındakı məna ilə bədii nailiyyətlər qazanmaq Cəlil Məmmədquluzadənin yaradıcılığının ümdə estetik xüsusiyyətlərindəndir.
     Kitabda Cəlil Məmmədquluzadənin və onun əməl dostlarının yaradıcılığındakı milli mündəricə, bu yaradıcılığın milli mənsubiyyəti də öz elmi ifadəsini tapmışdır.
     Cəlil Məmmədquluzadə «Zırrama» hekayəsində yazır:
      «Dedim:
     -Zırrama nəyə deyirsən?
     Dedi:
     -Zırrama həmin adama deyirəm ki, onun adı Qurbanqulu bəydir, özü də Novruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir».
     Cəlil Məmmədquluzadənin bu sözlərinin, özünün özünə bu cür gülməsinin və rişxənd etməsinin arxasında sonsuz milli təəccüb hissi, sonsuz Vətən və xalq məhəbbəti dayanır və təbii ki, hə- min acı gülüşü də bu sonsuz təəccüb və məhəbbət doğurur, Firidun Hüseynov bu mühüm cəhəti duyur və bundan tədqiqlərini şərtləndirən bir stimul kimi istifadə edir.
     Cəlil Məmmədquluzadə yaradıcılığının və məktəbinin ədəbi ənənələri bu gün nəinki yaşayır, onlar bu gün də doyüşür, mübarizə edir. Bu mənada, Əli Nəzminin 1978-ci ildə Təbrizdə «Dədə Qorqud» nəşriyyatında çap olunmuş «Sijimqulu» kitabı haqqında məqalə («Təbrizdən gələn kitab») maraqla oxunur və çox şey deyir.
     Burasını da qeyd etmək istərdik ki, Firidun Hüseynovun elmi dili oxunaqlı və aydındır, bizə elə gəlir ki, müəllif oxucu ilə maraqlı həmsöhbətə çevrilə bilir.
     Əlbəttə, kitaba toplanmış məqalələrdə, bizim fikrimizcə, mübahisəli fikirlər və iddialar da var, lakin biz bu kiçik qeydlərdə onların üzərində dayanmırıq. Belə məlum bir cəhət var: öz müəlliflərinin əqidəsinə görə əsaslandırılmış müxtəlif fikirlər nə qədər çox olsa, nəticədə, elmi həqiqət də bir o qədər dəqiq müəyyənləşdirilir.
     Kitabda bizim rastlaşdığımız, qəbul etmədiyimiz fikirlər də var, lakin bunların özü də opponent fikri kimi maraqlıdır.
     Doğrusu, belə bir təsnifat bizə süni və əsaslandırılmış görünür, çünki bizə məlum deyil, nə üçün «Poçt qutusu», «göz yaşı doğuran» əsərdir (və doğrudan da belədir!), amma, deyək ki, «Zırrama» «göz yaşından təmizlənmiş» hekayədir? Məgər, yuxarıda yazdığımız kimi, «Zırrama»dakı gülüşün arxasında dərd durmurmu?
     Lakin hərdən qarşıya çıxan bu kimi suallarla bərabər, Firidun Hüseynovun yeni kitabı çətin və şərəfli bir mövzunu layiqincə işıqlandırmağa çalışan ciddi əməyin, axtarışların bəhrəsidir.
     Böyük Mirzə Cəlil yazırdı: «...doğrudan bu bir hünərdir ki, adam bir şeyi bilməyə-bilməyə və eşitməyə-eşitməyə o şeydən xəbər verir. Bu özü də bir cür elmdir, bəlkə Allah vergisidir». Firidun Hüseynovun kitabı belə bir «Allah vergisindən» azaddır. Bu kitab «bilməyin» nəticəsində yazılıb.

1982.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 633 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more